Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 


ANARIN 1500 İLLİK OĞUZ ŞEİRİNƏ MÜNASİBƏTİ


Anarın ən böyük xidmətlərindən biri də böyük zəhmətlə tərtib etdiyi «Min beş yüz ilin Oğuz şeiri» kitabıdır. Kitabın ön sözü və son sözü Anarın özünündür. Kitabda toplanan mətnlərin, şeirlərin müəllifləri, əsərləri haqqında məlumatların da müəllifi Anardır. İki cildlik antologiyaya Orxon-Yenisey abidələrəindən üzü bəri Oğuz şeirin nümunələrindən seçmə parçalar daxil edilmişdir.
Kitab ulu öndərimiz Heydər Əliyevin tarixi bir kəlamı ilə başlanır: «Biz artıq böyük türk dünyası, türk xalqları və türkdilli xalqların ümumi kökləri, müştərək mədəniyyəti haqqında danışırıq. Bunları böyük tarixi şəxsiyyətlərin yaradıcılığı əsasında edirik».
Birinci kitabın ilk səhifələrində Orxon –Yenisey yazılarına müraciət olunmuşdur. rus alimləri S. Malovun, İ. Steblevanın, türk alimlərindən N. H. Orkunun, R. R. Aratın, M. Erkinin, T. Tekinin, Azərbaycan alimlərindən F. Zeynalovun, Ə. Rəcəbovun, Y. Məmmədovun nəşrləri, türk-azəri tərcümələrinə müraciət edən yazıçı antologiyaya daxil edilən mətnlərin cümlə quruluşunu, leksik tərkibini gözləməklə yanaşı, onu fonetik cəhətdən dilimizə uyğunlaşdıraraq çap etdirmişdir. Kitaba daxil edilən türkün əsas qolu olan türk tayfalarından birinin sərkərdəsi İltəris Xaqanını oğlu, Bilgə kağanın kiçik qardaşı, döyüşlərdən birində qəhrəmanlıqla həlak olmuş Gültiginin qəbirdaşında yazılmış mətni və burada bu günümüz üçün arxaikləşmiş, çətin anlaşılan sözlərin də izahlı lüğətini verir.
Dünyanın bir çox türkoloqları, eləcə də milliyyətcə türk olan tədqiqatçı türkoloqlar da apardıqları hərtərəfli tədqiqatlar nəticəsində Yenisey yazılaırının Orxon yazılarından daha qədim olduğunu söyləmiş, bu abidələri bəzən Yenisey-Orxon, bəzən də Orxon-Yenisey adları altında tədqiq etmiş və həmişə də gəldikləri ümümi nəticəyə görə bunları türk yazı mədəniyyətinin ilkin nümunələri kimi yüksək qiymətləndirmişlər. Bu mətnlərdəki şeiriyyət, poetika, türkoloqlarımız kimi Anarın da diqqətindən yayınmır. Onun kitaba saldığı «Yenisey məzar yazıları»ndan bir nümunə bir fakt olaraq onu sübut edir ki, ilk gündən türk balası şeir üstündə gözlərini dünyaya açıb,
Mətnin məzmunu qüssə, kədər, ağı motivli olsa da oradakı şeiriyyət, poetika, fikir düzümü, ifadə sadəliyi diqqəti cəlb edir.
Sarayda xanımıma, sizə yazıq, cəsur oğlum,
sizdən ayrıldım.
Yüz ər qardaşım güclü olduğu üçün, yüz ərən əlli
Öküzü təpdiyi üçün ayrıldım.
Göy tanrıdan günü, ayı azdım, yerimə yazıq,
sizdən ayrıldım.
Xanıma, elimə yazıq.
Qara budunum, möhkəmlənin
El törəsin itirmiş nə yazıq.
Elim uğrunda qoşun olan ərlərim, bəxtim yox.
Kədər mənə batmış. Öldüm nə yazıq.
Qardaşıma, kəmərimə, atıma yazıq. Qara budunumdan
ayrıldım, yazıq mən.
«Yenisey məzar yazıları» o dövrün şer, nəzm nümunələri kimi maraqlıdır. Bu şeir nümunələrinin dil üslub-xüsusiyyətlərinə görə «Dədə-Qorqud» mətninə yaxın olduğunu söyləməkdə də Anar haqlıdır.
Oğuz şeiri dedikdə «Oğuzların varisləri Azəri və Türkiyə türklərinin, türkmənlərin və qaqauzların şeir sərvəti»ni əsas götürən yazıçı buraya daxil etdiyi mətnlərin ilkin nümunələrini min beş yüz il əvvələ aid olduğunda bir tədqiqatçı kimi israrlıdır və bu fikirlərində də haqlıdır.
Yazıçı «Orxon- Yenisey» və «Dədə Qorqud» haqqında bilgilərini, türkologiya elmi üçün, həm də geniş oxucu kütləsi üçün maraqlı olan məlumatlarını da kitabdakı qeydlərində verir. «Kitabi-Dədə Qorqud»un çox qədim dövrlərin mədəniyyət abidəsi olduğunu elm aləminə məlum iki nüsxə əsasında söyləyir və bildirir ki, «Əlimizdə olan nüsxələrdə İslam dininin təsiri açıq duyulsa da, İslamdan öncəki inancların, məişət, adət-ənənələrin izləri, mətnin dərin qatlarında gizlənən çox uzaq zamanların əks sədası, ərəb-fars dillərinin sonrakı ədəbiyyatımızda tutuduğu yeri burada hələ tutmaması, dastan qəhrəmanlarının türk adlarını daşıması, nəhayət, X1 əsrdə Qaşqarlı Mahmudun lüğətində türk şeirinin heca vəznini və qafiyə sistemini mənimsəməsini göstərən dəqiq örnəklər olduğu halda Dədə Qorqud şeirlərinin-söyləməəlrinin-daha arxaik sərbəst biçimləri bu ölməz əsərin əlimizdəki mətnlərinin daha qədim qaynaqdlara əsaslandığını təsdiq edir».
Kitabda Anarın ən böyük xidmətlərindən biri deyərdim ki, «Kitabi-Dədə Qorqud» dastanlarının yaşyıla bağlı alimlərimizin fikirləri ilə yaxın olan məsələlərdir. Onun da bir böyük alim, tədqiqatçı kimi öz mülahizələrində dastanın 1300 ildən çox yaşı olduğuna inamıdır, bir çox Azərbaycan türkoloqlarının, dilçilərinin fikirlərinə şərik çıxmasıdır. Dədə Qorqudun qədimliyinə, tarixiliyinə münasibətini bildirərkən Dastanda bir məqamı oxucunun sanki yadına salır ki, bu da Dədə Qorqudun Əleyhissalamın zamanına yaxın bir dövrdə yaşadığı haqqında kitabda olan aşağıdakı nümunəni antologiyaya daxil etməsidir: «Rəsul Əleyhissalam zamanına yaxın
Boyat boyından, Qorqud ata derlər, bir ər qopdı.
Oğuzun ol kişi tamam bilicisiydi-nə desə olurdu.
Qaibdən dürlü xəbər söylərdi.
Haqq təala onun könlünə ilham edərdi….»
Bu mətn bir çox tədqiqatçılar kimi, oxucu kütlələrini də dərindən düşünməyə vadar edər ki, Dədə Qorqud Məhəmməd peyğəmbərin dövründə yaşamışsa, onda onun tarixi 1300 deyil, 1500 ildir.
Burada oxucular üçün çox maraqlı məsələlərdən biri kitaba dastandakı söyləmələrlə yanaşı Dədə Qorqudla, Qazan xanla bağlı başqa əsərlərdən götürülmüş mətnlərin daxil edilməsidir ki, bunların içərisində Yazıçı oğlu Əlinin «Oğuznamə»si, alman tədqiqatçısı Dədə Qorqudun tapıntısı Ditsin nəşr etdiyi mətnlər, XU111 əsr türkmən tarixçisi Əbülqazi xanın «Şəcəreyi-tərakimə» əsərində Qazan xana aid şeir, bir də M.F. Axundovun arxivindən tapılmış Dədə Qorqudla bağlı dördlük (Gəliən ayran demədi ol Dədə Qorqud, Ayrana doyran demədi ol Dədə Qorqud, iynəyə tikən demədi ol Dədə Qorqud, Tikənə sökən demədi ol Dədə Qorqud) özünün dediyi kimi «dastandakı personajların, adların, motivlərin Anadoluda, Azərbaycanda, Türkmənistanda XU111-X1X əsrlərə qədər hafizələrdə yaşadığını, eyni zamanda milli şeir biçimlərinin inkişaf və təkamül prosesini göstərir».
Anar dünya türklərinin birliyi ideyalarının daşıyıcısıdır. Onun üçün bir anatürk-protatürk mövcuddur və bir də onun bu günə qədər gəlib çıxan övladları, nəsilləri…. Ona görə də o türk dünyasının şah əsərlərindən biri kimi «Manas» dastanına da Dədə Qorqud abidəsi kimi hörmətlə yanaşır.. onu «dünya folklorunun ən böyük əsəri», «Türk dünyasının şah əsəri» kimi kitaba daxil edir. «Manas» dastanı möhtəşəm sənət abidəsidir»-deyən Anar bu dastana da ortaq türk xalqlarının mədəniyyəti kimi yanaşmaqda haqlıdır.
Türkoloqlar dünyanın bütün nöqtələrinə səpələnmiş türk dilli xalqların inkişaf mərhələlərini, tayfa və tayfa birliklərinin mövcud olduğu illərdə əldə etdikləri dili ümumi fonetik, leksik-qrammatik əlamətlərinə görə təsnif etmişlər. Bunlar Oğuz qrupu dilləri (Azərbaycan, türkmən, türk, qaqauz, Krım-tatar dilləri), qıpçaq qrupu dilləri (qazax, Qaraqalpak, qırğız, Altay, noqay dilləri), bulqar qrupu dilləri ( tatar, başqırd, Qaraçay-balkar, qumuq, karaim dilləri), karluq-uyğur qrupu dilləri (özbək, yeni uyğur, sarı uyğur, salar dilləri), uyğur- oğuz qrupu dilləri ( tuva, karaqas, xakas, kamasin, şor, kuyerik, tobol, barabin dilləri), çuvaş dili və yakut dilidir. Bununla belə alimlərimiz xüsusilə bir fikri əsas tutmuşlar ki, «Bütün bu dil ailələrinə eyni dərəcədə aid olan hun, tukyu, Orxon-Yenisey və Talas abidələrinin dilini ən qədim dillər kimi səciyyələndirmək, hər bir dil qrupunun formalaşmasında həlledici rol oynayan qədim dilləri də göstərmək zəruridir. Məsələn, qədim oğuz dili, qədim qıpçaq dili, qədim uyğur dili, qədim cığatay dili və s.» Əlbəttə, bu dillərin yaradıcısı türk xalqlarıdır. Oğuzlar da, digər türk xalqları, eləcə də qırğızlar (N. A. Baskakov qırğız sözünün «qırmızı oğuzlar» sözündən yarandığını və «cənubda yaşayan oğuzlar» mənasında işləndiyini söyləyirdi).
Orxon-Yenisey yazıları türk tayfalarının ortaq mədəniyyəti idi və bu yazılar qırğız, oğuz dilləri ilə ümumicəhətlərə malik idilər. Anarın diqqətindən yayına bilməyəcək bu ortaqlıq, müştərəklik idi ki, o, şair Adil Cəmilin poetik bir dillə tərcümə etdiyi «Manas» dastanından bir parçanaı kitaba daxil etmişdir ki, bu da ortaq türkdilli xalqların mədəniyyəti barəsində geniş oxucu kütləsini məlumatlandırmaq üçün misilsiz əhəmiyyətə madlikdir. Ona görə misilsiz deyirəm ki, dünyanın bugünkü dürümünda türk xalqlarının ortaq bir ittifaq, müştərək bir mədəniyyət yaratması üçün əvəvlki mədəniyyətindən xəbərdar olması vacibdir. «Ot kök üstündə bitər» deyib babalarımız. Hər bir türk övladı haradan gəldiyini, hansı köklərə bağlı olduğunu, dilini, milliliyini dərindən bilməlidir. Bu gün belə kitablara ehtiyacı var hər bir türk balasının. Onsuz da iki yüz ildən bəri parçalana-parçalana torpağı gedən bir millətin rus, fars… ideologiyasının təsiri ilə başını itirməməsi üçün bunları bilməsi vacibdir. «Manası»ın kökləri qədim olsa da, onun X əsrə aid edilməsi də təbiidir. Necə ki, «Kitabi-Dədə Qorqud» dastanlarımız 1500 illik yaşını təsdiq etməyib, «Manas» dastanı da öz qədimliyini qorusa da yaşındakı əsr fərqləri onun mənəvi dəyərini aşağı sala bilməz. Çünki zaman gələcək hər bir sənət əsərinin öz xronoji yaşı da onun pasportunda qeyd ediləcək. Əsas məsələ odur ki, dünyaynın harasında yaşamasından, coğrafi iqlim şəraitini, məkanın dəyişməsinə baxmayaraq türk yaşadığı dünyada öz izini qoyur. Bu gün Fransanın Qlozel vilayətindən, Sibirdən, Çindən, Monqolustandan, Mərkəzi Asiyadan, Orta Asiyadan, Zaqafqaziyanın hər nöqtəsindən, Avropadan… yer kürəsinin adını çəkmədiyim hər qitəsindən türkün səsi gəlir və o, izini qoyub bü dünyanın həm mədəni, həm də tarixi səhifələrində.
Düşmənlərimizin ərazi bötövlüyümüzə, türk torpaqlarına uzanan əllərinin kəsilməsi, əsil tarixin üzə çıxarılması üçün hər bir türk, o cümlədən bəşəriyyət bilməlidir ki, «Orxon-Yenisey», «Dədə Qorqud», «Manas», «Mete», «Bilqamıs», «Avesta» ümumtürk mədəniyyət nümunələridir.
Anar Birinci kitaba mənbələrə istinadən bu türkçülüyü qorumaq şərtilə, diqqətlə, heç bir yazılı sənət abidələrinin yanından ötmədən fikirlərini şərh etməklə, nümunələri verir.
Dünya dilçilərinə, türkoloqlarına Mahmud Qaşqarlı çox gözəl tanışdır. Yazıçı onunla oxucu kütləsini daha yaxından tanış etmək üçün böyük əmək sərf edib. Türk övladı, dövrünün ən böyük dilçi alimi Qaşqarlının «Divani-lüğat-it-türk» əsəri haqqında məlumat verir. Bu əsəri « müxtəlif türk ləhcələri haqqında ensiklopedik biliklər toplusu olan türkcə-ərəbcə lüğət» kimi yüksək qiymətləndirir və yazır: «Divan» ikidilli eyni zamanda izahlı lüğətdir, təxminən 9000 sözdən və onların izahından ibarətdir. Gətirdiyi sözləri izah etmək üçün müxtəlif atalar sözü və məsəllərdən, dastanlardan şeir və mahnılardan nümunələr gətirir. Beləliklə, «Divan» türk sözlərinin ərəbcə mənasını verən lüğət olmaqdan başqa qədim türk ədəbiyyatının və o sıradan qədim türk şeirinin örnəklərini bizə çatdıran nadir məxəzdir. Əsərdə adı çəkilən türkdilli şeirlərin müəllifi Cücü ortaq türk ədəbiyyatının bizə adı bəlli ilk şairidir.»
Eyni zamanda Anar onun oğuz dilində yaranan şeir nümunələrini də toplayıb bugünkü nəsillərə çatdırmasını yüksək dəyərləndirir və onu «türk dilinin ilk təəssübkeşlərindən olan böyük alim» adlandırır və bu əsəri yazan alimin məqsədini onun öz sözləri ilə oxucuya çatdırır. Qaşqarlı yazır: «Ən açıq və doqru dil, ancaq bir dil bilib, farslarla qarışmayan və yabançı ölkələrə gedib-gəlməyənlərin dilidir».
Anar burada «Divan»ın Türkiyədə Bəsim Atalayın nəşrindən götürdüyü şeir nümunələrini Azəri türkcəsinə tərcümə etməklə «bahar şeirləri», «ağı», «Alp Ər Tonqa sağusu (ağısı)», «eşq», «dedim-dedi», «öldürüş» başlıqları altında kitaba daxil etmişdir.
Kitabda ən maraqlı mövzulardan biri Yusif Balasaqunlu, onun «Qutadqu bilik» və Əhməd Yasəvi və onun «Divani-hikmət» əsərləri və onlar haqqında Anarın verdliyi dəyərli məlumatlardır.
Anar Mahmud Qaşqarlının müasiri olan, onunla birlikdlə Doqu Türküstanında dünyaya gələn, sonra Qaşqar şəhərinə köçən Yusif Balasaqunlunun «Qutadqu-bilik» əsərini on səkkiz ay ərzində yazdığı, Qaraxanlılar dövlətinin-Məşriqin və Çinin hökmdarı Tabqaç Buqra xana hədiyyə etdiyi haqqında məlumat verir. Türk dilində yazılmış və Anarın öz sözləri ilə desək «həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poema» olduğunu bildirir və yazır: «Ərəb və tacik (fars) dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə «Qutadqu biliy»in ilk örnək olduğunu qeyd edən müəllif əsərinin dilini xaqaniyyə adlandırırdı. Mütəxəssislərin fikrincə «Qutadqu biliy»in dili türk dillərinin cənub qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunur. «Qutadqu biliy»in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Poemanın Azəri türkcəsinə poetik tərcüməsini etmiş unudulmaz şairmiz Xəlil Rza Ulutürk belə hesab edir ki, «Qutadqu bilik»dən həm onbirlik hecaya, həm də əruza uyar bol-bol misallar gətirmək olar». Antologiyaya poemanın nəsrlə yazılmış giriş hissəsi və poemanın beytlərindən sətri, poetik tərcümələr daxil edidlmişdir. Poemanın müqəddiməsini- Kamil Vəli Nərimanoğlu və Ramiz Əsgərin tərcüməsini də daxil etmişdir ki, bu da oxucu üçün çox maraqlı, əhəmiyyətli məsələdir.
Əhməd Yəsəvini ortaq türk ədəbiyyatının yaradıcılarından biri kimi dəyərləndirən Anar onun «Divani Hikmət» əsərinin Yəsəvi dərvıişləri tərəfindən çox-çox əsrlər sonra tərtib edildiyindən bildirir ki, «odur ki, divanın əlimizdə olan mətnlərinin dili də X1 əsrin deyil, sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə uyğundur. «Divani-hikmət» qafiyə sistemi və vəzni baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir». Anar 1983-cü ildə Ankarada Kemal Eraslanın hazırladığı «Divani-hikmətdən seçmələr» kitabından bəzi nümunələri antologiyaya daxil edərkən «mətni yalnız fonetik baxımdan cağdaş azəri türkcəsinə uyğunlaşdırmışıq»-deyir. Kitaba daxil edilən «Hikmətlər», «Dördlüklər» maraqlı nümunələrdir:
Otuz altı yaşda oldum sahib-kamal,
Haq Mustafa görsətdilər mənə camal,
Ol səbəbdən gözüm yaşlı, qamətim lal,
Eşq xəncəri ürək bağrım dəldi, dostlar.

Və yaxud «hikmətlər»inə diqqət yetirək:

Bişək bilin bu dünya varca eldən ötəri,
İnanmagil malına bir gün qoldan gedəri.
Ata, ana, qarındaş, kaya getdi fikir qıl,
Dörd ayaqlı çubin at bir gün sənə yetəri,
Dünya üçün qəm yemə, haqdan özgəni demə,
Kişi malını yemə, Sirat üzrə tutarı.
Əhli-xəyal, qarındaş, heç kim olmadı yoldaş,
Mərdanə ol qərib baş ömrün yel tək ötəri.
Qul Xacə Əhməd taət qıl, ömrün bilməm neçə il,
Əslin bilsən-abü-gil yenə gilə gedəri.
Anar antologiyaya fars dilində yazan türk şairləri Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Cəlaləddin Ruminin şeirlərindən Ə. Vahidin, C. Xəndanın, N. Rəfibəylinin, M. Dilbazinin, M. Soltanın etdiyi tərcümələri də daxil etmişdir. Fars dilində yazmağa məcbur olan şairlərimizin, böyük sənət dühalarımızın yaradıcılıqlarındakı türkçülük ruhu, hansı dildə yazmasından asılı olmayaraq milli-mənəvi dəyərlərə istinad millətimiz üçün əzizdir.
Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı-YUNESKO bu il mart ayının əvvəlində Şərq ədəbiyyatının məşhur Sufi şairi və mövləviliyin banisi Mövlanə Cəlaləddin Ruminin 800 illiyini qeyd etmək üçün xüsusi qərar qəbul etmişdir. 2007-ci il «Mövlanə Rumi ili» adlandırılmışdır. Anarın antologiyaya onun rübailərini, şeirlərini daxil etməsi, Şərqin böyük sənətkarının həyat və yaradıcılığı haqqında oxucularına məlumat verməklə yanaşı, bu böyük nadir təfəkkür sahibinin türkcə şeirlərini və farsca yazdığı əsərlərdən bəzi nümunələri- Türkiyə şair və tədqiqatçılarından A. Qədirin, H. Rifatın, M. N. Gəncosmanın, F. Xalıçının, M. Öndərin çevirmələrini antologyiyaya daxil etməsi bir növ Azərbaycan mədəniyyətinin, ədəbiyyatının böyük sənətəkarın yaradıcılığına verdiyi qiymətin ifadəsidir.
Anar Oğuz şeirinin incilərinə çox diqqətlə yanaşır. Onun Qul Əlinin «Qisseyi-Yusif»indən, «Dastani-Əhməd Hərami»dən, Mövlanə Cəlaləddin Ruminin oğlu Sultan Vələdin, İzzəddin Həsənoğlunun əsərlərindən də nümunələr, parçalar salmaqla geniş oxucu kütləsinin marağına səbəb ola biləcək dəyərli, qiymətli mənbələrə müraciət etməklə antologiyanı məzmunca zənginləşdirmişdir.
Türk dünyasının böyük sənətkarı, «zaman etibarilə Oğuz dillilərin ilk böyük şairi» Yunis İmrə sənətinə, həyat və yaradıcılığına Azərbaycan ədəbiyyatında da həmişə hörmətlə yanaşıldığını, onun yaradıcılığı, həyatı haqqında qiymətli fikirlər söylənildiyini qeyd edir. Yunis İmrə «türk ədəbiyyatında ilk mütəsəvvüflərdən biridir. Sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şeirimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatına güclü təsir göstərmişdir»-deyir.
Yunis İmrənin Azərbaycanın bir çox şair və aşıqlarının dilində adının dolaşmasını, onun bu yerlərdə doqquz əfsanəvi məzarından birinin Qax rayonunda mövcud olduğu barədə araşıdırıcıların fikirlərini gözəl şeir nümunələrilə birlikdə kitaba daxil etmişdir.
Anar oğuz sənətkarlarının yaradıcılığından nümunələri antologiyaya daxil edərkən ayrı-seçkiliyə yol vermir. Onun üçün bir türk dünyası var. Aşiq Paşa Anadoluda doğulub və orada vəfat etmiş, bütün əsərlərini türk dilində yazmış, XIII əsr türk-oğuz şeirinin ən gözəl nümunələrinin yaradıcısı kimi antologiyaya daxil edilmiş və onun «təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı «Qəribnamə»si» haqqında məlumat verilmiş və on iki min beytdən ibarət əruz vəznində yazılmış bu əsərinin «didaktik mahiyyət» daşıdığını, bu əsərində şairin «türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulama»sını, Yunis İmrəinin təsiri altında heca və bəzən də «əruzla ilahilər və qəzəllər yazmış» olduğunu oxuculara çatdırır. Kitaba daxil edilmiş «Qəribnamə» dən bir parça, qəzəllər, heca vəznində yazdığı şeirlər öz sənətkarlıq imkanlarına görə qüdrətli şeir nümunələridir. Onun aşağıdakı qəzəli Yunis İmrə ruhundadır. Yunis İmrə ruhu, ilahi məhəbbət, saflıq, bəşərilik, həyati, fəlsəfi düşüncələrlə zəngin bu sətirlər Yunis İmrənin şeirlərini xatırladır:
Nazənin bir ömrümüz bir göz yumub açmış kimi
Gəldi keçdi duyamadıq bir quş qonub uçmuş kimi.
Necə gəldi biləmədik bu ruzigar öndən sona
Eylə tut ki, indi bizə bu yel əsib keçmiş kimi.
Neçələr gəldi bu mülkə getdivü köçdü giru
Oylə kim bir qəriban bir dəm qonub köçmüş kimi.
İşbu dünyaya gələnlər bircə dəm əylənmədilər
Xanimanın tökdü getdi yağılardan qaçmış kimi.
Sinlərə var kim, biləsən bu xəlayiq netdiyini
Sanasan kim bir əkindir Əzrayıl biçmiş kimi.
Bəxtlidir ol kişi kim dünyada adı qala
Ölmədi, diridürür abi-həyat içmiş kimi.
Bu ömür sərmayəsin olmaz yerə xərac eylədin,
Şoylə kim, bir key dəli nəqdin suya saçmış kimi.
Ey Aşiq, sən ömrünü haqq eşqinə sərf eylədin
Ta irərsən həsrətə bir göz yumub açmış kimi.
Bu şeir nümunələrinin diqqətlə seçilməsi insandan böyük əmək, zəhmət tələb edir. Antologiyanın ərsəyə gəlməsi Anarın bir sənətkar, həm də Azərbaycan Yazıçılar Birliyinin uzun illər rəhbəri kimi ictimai fəaliyyətinin ən müvəffəqiyyətli sahəsi kimi də diqqətəlayiqdir.
Antologiyanın birinci kitabında «XIII-XIV əsrlər Azərbaycan və Anadolu şairləri» bölməsinə Qazi Bürhanəddin, Dehqani, Əhməd Dai, Fəzlullah Nəimi, Hacı Bayram Vəli, Şah Qasım Ənvar, İmadəddin Nəsimi, Əbdülqadir Marağainin yaradıcılığından seçmələrlə bərabər, müəyyən qədər bu sənətkarların həyatı və ədəbi fəaliyyəti haqqında qısa da olsa məlumatların verilməsi əsərin ədəbiyyatşünaslıq baxımından da dəyərini artırır.
Kitabda «XIV-XVI əsrlər Cağatay şairləri» bölməsində bu ədəbiyyatın qüdrətli nümayəndələrindən Lütfi, Səkkaki, Hüseyn Bayqara, Əlişir Nəvai, Babur Şahın əsərlərindən seçmələri daxil etmişdir.
Bildiyimiz kimi, türk dilləri genaloji və tipoloji cəhətdən bir-birinə çox yaxın dillər qrupudur. Onların qrammatik quruluşları, leksikası demək olar ki eynidir. Onlar çox-çox qədimlərdən, eramızdan da xeyli əvvəl bir kökdən-anatürkdən yaranıb, inkişaf edib, tayfa, tayfa birliklərinin müştərək dili olub. İnkişaflar ayrılmalar, biləşmələr və «yenə də ayrılmalar nəticəsində böyük, bir-biri ilə qohum dil ailələrini, sonra isə müasir türk dillərinin əmələ gəlməsini, inkişafını və ədəbi dillər kimi formalaşmasını şərtləndirmişdir».(F.Zeynalov).
Türk dillərinin ən qədim nümunələri kimi Orxon-Yenisey abidələrinin mətnlərini, «Kitabi-Dədə Qorqud» dastanlarını, «Manas» dastanını, Qaşqarlı Mahmudun «Divanı»nı, Yusif Balasaqunlunun «Qutadqu bilik»əsərini, Ə. Yəsəvinin «Hikmətlər»ini turk dillərinin ortaq yazılı və şifahi ədəbiyyatı kimi götürməkdə Anar haqlıdır. Cağatay şairlərinin də ayrılıqda nümunələrindən kitaba daxil edilməsinin özü də qanunauyğun bir hadisədir. Çünki hun imperiyasının süqutundan sonra V əsrin sonu, VI əsrin əvvəllərində şimal və şərq istiqamətində yayılan türk xalqları, onların inkişafı, qüvvətli bir dövlət yaratmaları (Tukyu imperiyası) haqqında Orxon abidələrində müəyyən qədər məlumatlar var. «Tukyu dövlətinin mahiyyəti haqqında az-çox məlumatı Gül tiqin, Bilgə xaqan və Tonikukun şərəfinə yazılmış abidələrdə tapa bilirik» (F.Zeynalov). Tukyu dövlətinin tərkibinə daxil olan uyğur, qırğız, bulqar, xəzər və digər türkdilli tayfalar birlikdə öz mədəniyyətlərini, dillərini zənginləşdirmişlər. Türk xalqlarının inkişafının sonrakı dövrlərində ayrı-ayrı tayfa ittifaqlarından «müasir türk dilləri ayrılaraq formalaşmağa başlayır. Çox böyk bir əraziyə səpələnmiş türk xalqları X-XIII əsrlərdə bir neçə türk dövləti yaradırlar ki, bunlardan biri Qaraxanlı və Səlcuq dövlətləri idi. Qaraxanlılar dövləti Kaşğarın mərkəzində idi. Bu dövlətin ilk hökmdarı Əbdülkərim Satuk Buğra qara ləqəbini qəbul etdiyindən və ondan sonra gələn xanların da bu ənənəni davam etdirməsinin nəticəsində dövlətin adı Qaraxanlılar adlanırdı. Qaraxanlılar dövləti ilekxanlar, Əl-Xəqaniyyə adı daşıdığından Xaqaniyyə türkcəsi də bununla bağlıdır. Artıq bu dövrdə Orta Asiyada Xaqaniyyə türkcəsi-Cağatay dili formalaşmağa başlayır. Fərhad Zeynalov türk araşdırıcısı M. Erginin fikirlərinə şərik olaraq bildirir ki, «bu vaxt oğuz və qıpçaq tayfa birlikləri bu təmərküzləşmədən ayrı düşdükləri üçün Orta Asiya Xaqaniyyə türkcəsindən yavaş-yavaş fərqlənməyə başlamışdı. Əksər türkoloqlar orta türk dövründə türk dillərinin cənub-qərb (oğuz), şimal-qərb (qıpçaq) və şərq (Qaraxanlılar) qrupu dilləri olmaq etibarilə üç qrupa ayırırlar». Elə bu dil birliklərindən bu gün bizim tanıdığımız türk dilləri formalaşmışdır. Oğuz, qıpçaq, karluq-uyğur, bulqar, uyğur-oğuz tayfa birlikləri bir-birilə qaynayıb qarışmışdır. «Oğuz tayfaları qədim səlcuq, qədim türkmən və qədim bulqar tayfaları əsasında bir neçə qədim və müasir dilin yaranması ilə şərtlənir: qədim Azərbaycan, qədim osmanlı, qədim türkmən, Azərbaycan, türk, türkmən və qaqauz dilləri. Cağatay, Xaqaniyyə türkcəsi əsasında karluq və uyğur tayfa birliklərindən özbək və yeni uyğur dilləri…ortaya çıxır». (F. Zeynalov). XIV əsrin sonu-XV əsrdə qədim özbək-cağatay dili təşəkkül tapdı, dünyəvi ədəbiyyat inkişaf etdi, aşiqanə lirik ədəbiyyat genişləndi, Nizami ənənələri özbək ədəbiyyatında, Cağatay ədəbiyyatında doğma idi. Nizaminin eyni adlı əsərləri əsasında Xarəzmi «Sirlər Xəzinəsi», Qütb «Xosrov və Şirin» poemasını, Durbək «Yusif və Züleyxa», Lütfi «Gül və Novruz», poemalarını yaratdılar. Bu dövrdə Seyfi Sərahi, Ətai, Səkkaki gözəl əsərləri ilə bədii dili daha da inkişaf etdirdilər. Türk dilli xalqların ədəbiyyatına Nizami kimi böyük təsir göstərən Əlişir Nəvai yaradıcılığı xüsusilə qeyd edilməlidir. Hindistanda böyük türk imperatorluğu yaratmış böyük bir sülalənin banisi, yazıçı, şair, Teymurilər nəslindən olan Babur dünya ədəbiyyatına öz qiymətli incisini «Baburnamə»sini bəxş etmişdir. Onun rübailərindən və qəzəllərindən ibarət Divanı da vardır. Cağatay dilində yazdığı bu əsər avtobioqrafik əsərdir və burada səfərlərini, Orta Asiyanın, Hindlistanın və digər hakimiyyəti altında olan torpaqların gözəl təbii mənzərələrini, dövrünün adət-ənənələrini təsvir etmişdir.
Anar Cağatay şairlərindən Lütfinin, Səkkakinin «Uluğbəyin mədhi» əsərindən bir hissəni vermişdir. Eyni zamanda Anar bunlar haqqında müfəssəl məlumat da verir. O, Əmir Teymur nəslindən olan Hüseyn Bayqara, onun istedadlı şair kimi Nəvai tərəfindən yüksək qiymətləndirildiyini söyləyir və bildirir ki, «Bütün türk dünyasının dahisi olan Əlişir Nəvaidən başqa onun sələfləri və müasirlərindən Lütfinin, Səkkakinin və Bayqaranın əsərlərindən verməklə oxucumuza orta əsrlərin Cağatay-özbək şairlərinin bu dövrün Türkiyə və Azərbaycan şairlərinə nə qədər yaxın olduqlarını bir daha göstərmək istəyirik».
XV-XVI əsrlər Azərbaycan şairlərindən Cahanşah Həqiqi, Hamidi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətayi, Dirili Qurban, Füzuli, Fəzli, Ruhi Bağdadi, Məhəmməd Əmani yaradıcılığına müraciət edən kitabın tərtibatçısı yeri gəldikcə bir tədqiqatçı alim kimi də fikirlərini bizimlə bölüşür. Cahanşahın Qaraqoyunlu hökmdarı, bu dövlətin banisi Qara Yusifin üçüncü oğlunun «Həqiqi» təxəllüsü ilə türk və fars dilində qəzəllər, məsnəvi və rübailər yazdığını, Hamidinin Azərbaycanda doğulub, «öz vətənində mükəmməl mədrəsə təhsili aldıqdan sonra» Türkiyəyə köçüb getdiyini, fars və Azərbaycan dilində yazdığı şeirləri ilə şöhrət tapdığını, Göyçayın Bərgüşad kəndində anadan olan, öz hazırcavablığı ilə Ağqoyunlu hökmdarı Sultan Yəqubun sarayına, oradan da Səfəvilər sarayına dəvət alan Həbibinin şairlik istedadını və sarayda «Məlik-üş-şüəra» rütbəsinə qədər yüksəldiyini qeyd edir. Anarın Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli haqqında söylədiyi fikirlər də maraqlıdır. Xətai haqqında «Əruz vəznində yaratdığı qəzəllərlə, qəsidələrlə, rübailərlə yanaşı, xalq şeiri üslubunda, heca vəznində yazdığı qoşmalar, nəfəslər, bayatılar, varsaqılar, poeziya tariximizdə önəmli yer tutur….Nəsimi ilə Füzuli arasında şeirimizin mühüm mərhələsi kimi xüsusi əhəmiüyyətə malikdir,.. türkcə «Divan»ına daxil olan istər dini, istər siyasi məzmunlu şeirlər, istərsə də zərif məhəbbət lirikası Şərq ədəbiyyatına böyük təsir göstərib, Füzuli gənc yaşlarında yazdığı «Bəngü-Badə» əsərini Şah İsmayıla ithaf edib, Anadoluda yaşayan, özəlliklə qızılbaşlara yaxın olan şairlərə də Xətainin həm şair, həm hökmdar, həm də təriqət mürşidi kimi təsiri böyük olub»-deyir. Və yaxud, Füzuli haqqında danışarkən bildirir ki, «Füzulinin ən müxtəlif janrlarda, üç dildə yaratdığı ölməz əsərləri Azərbaycanın, Türkiyənin, İraq türkmənlərinin milli sərvəti, ümumiyyətlə, Türk dünyasının və Şərq xalqlarının dünyanın mədəniyyət xəzinəsinə qiymətli töhfəsidir. Haqlı olaraq iddia olunur ki, heç bir şair Azərbaycan və Türkiyə ədəbiyyatına Füzuli qədər təsir göstərməyib». Xətayinin qəzəllərindən, qoşmalarından, gəraylılarından, varsağı və bayatılarından seçmələr, Füzulinin qəzəlləri, «Leyli və Məcnun» poemasından parçalar, oğlu Fəzlinin qəzəl, müstəzad və qoşması, Ruhi Bağdadinin qəzəlləri, Məhəmməd Əmaninin bayatı, gəraylı və rübailəri antologiyanı məzmun cəhətdən xeyli zənginləşdirir.
Anarın XV-XVI əsr Türkiyə şairlərindən Mehri Xatun, Qayğısız Abdal, Əşrəfoğlu, Dədə Ömər Rövşəni, İbrahim Tənnuri, Baxşı, Nizamoğlu Seyid Seyfullah, Qul Nəsimi, Pir Sultan Abdal, Qul Hüseyn, Əzmi Baba, Təslim Abdal, Baqi və o dövrün digər türk şairlərindən seçmələri də oxucu üçün töhfədir.
Antologiyaya «Koroğlu» dastanından parçalar salınmışdır. Türk xalqlarının müştərək abidəsi kimi qəbul edilən «Koroğlu» dastanı «azərilərin, Türkiyə türklərinin və türkmənlərinin yaratdıqlarıdır» fikrində Anar haqlıdır.
Anar XVII əsrdə yaşamış, yazıb yaratmış Türkiyə şairlərindən Nəfi, Tamaşvarlı Qazi Aşıq Həsən, Qul Məhməd, Qayıqçı Qul Mustafa, Qul Hümmət, Uuloğlu, Aşiq, Katibi, Aşıq Ömər, Qaracaoğlan, Qazaq Abdal, Gədayi, Yusif Nabi sənəti ilə də oxucuları tanış edir. Onların yaradıcılığından antologiyaya daxil etdiyi nümunələr mövzu, ideyaca zəngin, eyni xalqın istək və arzularını, fikir və düşüncələrini özündə əks etdirən nümunələrdir və xalq şeirimiz ruhundadır.
Anar tarixi xronoloji ardıcıllığı gözləməklə XVII-XVIII əsr Azərbaycan, Türkiyə şairləri ilə yanaşı türkmən şairləri haqqında da məlumat verir. Türkmən ədəbiyyatının nümayəndəsi, əsərləri ilə türk dünyasında, eləcə də Şərq ədəbiyyatında şöhrət tapmış Məxtumqulu Fəraqinin həyat və yaradıcılığı, onun türk ellərini birliyə səsləyən əsərləri yada salınır də bildirilir ki, «Türkmən ədəbiyyatına, dilinə etdiyi böyük xidmətlərin müqabilində Məxtimqulu özünü türkmənlərin «söylər dili» adlandırmaqda tamamilə haqlı idi. Molla Pənah Vaqif və Molla Vəli Vidadi, Qaracaoğlan və Telimxan kimi Məxtumqulu Fəraqi də Türk Oğuz şerinin sadə ana dilində yüksəlməsi, cilalanması, ən dərin fikirləri anlaşıqlı bir şəkildə ifadə edə bilməsi üçün əvəzsiz tarixi xidmət göstərmişdir». Şairin «Türkmənin», «Atamın», «Neyləyim», «Sel qalmaz», Armanım qaldı», «Nələr görünür» və digər şeirləri bütün türk dilinin, türk təfəkkürünün nadir inciləri kimi oxucular üçün sevimlidir. Əndəlib, Abdulla Şabəndə, Məxtimqulunun atası Azadi, Şeydayi, Mİəğruri və Qurdoğludan seçmələr də türkmən ədəbiyyatı, şeiri, oğuz şeirinin nümunələri kimi antologiyanın bəzəyidir. XIX əsrin türkmən şairlərinin əsərləri, yaradıcılığı haqqında məlumat verərkən onları iki hissəyə ayırır. «XIX əsrin birinci yarısı türkmən şairləri» bölməsində türkmən xalqının lirik və satirik şairi, əsil adı Məmmədvəli olan Kəminənin «Təkə boyunun Toxtamış əşirətinin Vəkil sülaləsindən» olduğunu, yazdığı ictimai mövzulu şeirləri ilə özündən sonra gələn türkmən şairlərinin yaradıcılığına güclü təsirini qeyd edir, onun şeirlərindən nümunələr verir, digər türkmən şairlərindən Seyidnəzər Seydi, Qayibnəzər Uayibi, Murad Nalibi, Seydulla Seydi, Zəlili, Zinhari yaradıcılığından seçmələri daxil etmiş, «XIX əsrin ikinci yarısında türkmən şairləri» bölməsində Mollanəfəs, Aşiqi, Katibi, Dostməmməd, Annaqılıc Meteci, Miskinqılınc, Dövlətməhəmməd Balqızıl yaradıcılığına müraciət etmiş, onların şeirlərini antologiyaya daxil etmişdir.
Əsrlərlə bir tərkibdə, bir dildə yazıb yaratmış istər türk, istər azəri, istər türkmən, istərsə də müəyyən tarixi şəraitlə bağlı olaraq Kərkükdə yaşamış-yaratmış şairlərin yaradıcılığı, həyatı haqqında antologiyada özünə yer tutan şeir nümunələri həm məzmun, poetik axımlığı, rəngarəngliyi, doğmalığı, oxşarlığı ilə, həm də müəyyən tarixi hadisələrə aydınlıq gətirilməsi baxımından qiymətlidir. «Kərkük şairləri» bölməsində İraqın şimalında, «Kərkük, Ərbil, Mosul dolaylarında yaşayan özlərini türkman adlandıran» bu insanların «dilləri cağdaş türkməncəylə deyil, azəricəylə eyni olan yarım milyonluq bir xalqın zəngin ədəbiyyatı» kimi dəyərləndirməkdə tədqiqatçı haqlıdır. Özünün sözləri ilə desək, «Füzulinin, Ruhi Baqdadinin, türk dilində yazan bir sıra şairlərimizin də bu mühitdə yaşadıqlarını, Azərbaycanda, Türkiyədə olduqları kimi İraqda da məskunlaşan Bayat qəbiləsinə mənsub olduqlarını nəzərə alsaq, bu ədəbiyatın çox əsrlik ənənələrindən danışmaq mümükündür». Kərkük xoyratları bizə çox yaxşı tanışdır. Hələ ötən yüzilliyimizdə Rəsul Rza Kərkük xoyratları haqqında «Uzaq ölkələrin yaxın töhfələri» adlı geniş məqaləsində ətraflı məlumat vermişdir. Rəsul Rza burada yaşayan insanlarla tanışlığını söylərkən çox maraqlı məqamlara toxunur. Kərkükdə olarkən tanış olduqları Həsən İzzət, Məhəmməd Xurşidlə dərdləşmələrindəki doğmalığı duyan R. Rza bir şair yanıqlığıyla «əsrlərdir Kərkük, Ərbil, Mosul dolaylarında yaşayan, dili, adət və ənənəsi ilə hakim ərəb xalqına heç bir bənzəyişi olmayan, deyilənə görə, sayı yarım milyona yaxın bir xalq tarixini, milli xüsusiyyətini, möhnət və sevincini, arzularını, ümidlərini şeirin sehrkar dili ilə ölümsüz xoyrat-bayatı və manilərində ifadə etmişdir»- deyir və onların müxtəlif zaman və şəraitdə yaranmış xoyrat və manilərini, onların cənub bayatılarımızla oxşarlığını:
Əyil yaylığın götür
Mən götürsəm söz olur (Kərkük),
Qız dəsmalın qovza,
Mən qovzasam söz olu (Cənubi Azərbaycan)
misralarında görür və qətiyyətlə bildirir ki, «Bu sətirlərin eyni hiss və ilham mənbəyindən su içdiyi aydındır». Rəsul Rza bu xoyratların bədii təhlilinin içində onların hansı xalqa mənsub olduğu məsələlərinə də aydınlıq gətirir. Xoyrat və mahnılardakı yaxınlığı görür və yazır: «Bu yaxınlıq bir çox hallarda eyniyyət təşkil edir. Xoyrat və manilərdə əks olunmuş bu yaxınlıq, ya eyniyyət yalnız bütün sətirləri, söz ehtiyatı və ifadə forması ilə bizim bayatıların düzümündəki tez-tez rast gəldiyimiz eyniyyət və oxşarlıqla bitməyir, həm də əks etdirdiyi obyektiv varlığın həyat və məişət tərzinin, hətta bəzi hadisələrin qüvvətli oxşarlığı ilə təsdiq edir».
İraq türklərinin–Kərkük xoyrat və manilərin toplayıcısı Ata Tərzibaşının «Bizim xoyrat və manilərlə ilgisi ən yaxın olanı, mühəqqəq azəri olanlarıdır» fikrini də bir iqtibas kimi gətirir. Anar bu məqalədəki fikirlər barəsində ötəri məlumat verir və sonrakı dövrlərdə Qəzənfər Paşayevin İraq-Kərkük xalq şeiri nümunələrini nəşr etdiyini qeyd edir. Və sonra bildirir ki, «Biz antologiyamızın azəri bayatılarından, türkmən lələrindən, xüvdülərindən, Türkiyə və qaqauz manilərindən və digər folklor örnəklərindən ibarət olan «Xalq yaradıcılığı» bölməsinə «Arzı-Qəmbər» dastanının Kərkük vavriantından şeirləri, Kərkük xoyratlarını da daxil etmişik».
XIX-XX əsrdə yazıb yaratmış Kərkük şairlərindən Hicri Dədənin yaradıcılığı haqqında məlumat verən tərtibçi bildirir ki, «əsas əsərlərini azəricəylə eyni bir dildə yazan Hicri Dədənin farsca şeirləri də var. Baqdadda bir neçə kitabı nəşr olunmuşdur». Onun Kərkükün 20 kilometrliyindəki Baba Gur-gur müqəddəs ocağı haqqında yazdığı şeirini oxuculara təqdim etmişdir. Xıdır Lütfi, Haşım Nahid Erbil, Məhməd Sadiq, Məhməd Raseh Öztürkmən, Rəşid Akif Hürmüzlü, Əsəd Naib şeirlərindən nümunələr verir. Anar böyük bir sayğıyla Azərbaycan poeziyasının- kökü, rişəsi bir olan Oğuz şeirinin ən qiymətli incilərini bir araya toplamaqla Oğuz-Türk dünyasına, ədəbiyyatına, sənətinə bir aydınlıq gətirmişdir, kökü bir türk dünyasının ən çox bir-birinə yaxın olan poetik düşüncələrinin, fikir və arzularının, yaşantılarının, doğma hisslərin əks olunduğu bir kitabın müəllifinin azərbaycanlı olması ilə elə xalqımız fəxr edə bilər. Mübaliğəsiz demək olar ki, Anar ərsəyə gətirdiyi «Min beş yüz illik Oğuz şeiri» antologiyasının tərtibatçısı kimi də türk xalqlarına, türk mədəniyyətinə əvəzsiz xidmət göstərmişdir.
Onun oğuz-türk xalq yaradıcılığına xüsusi diqqət ayırması antologiyanın «Xalq yaradıcılığı» aydın görünür. Türkiyə türkcəsində mövcud olan Anadolu, Rumeli, balkan, Kıprıs türklərinin maniləri, türkülərindən seçmələr oğuz şeirinin ən gözəl nümunələri kimi antologiyanın qiymətli inciləri sırasına daxil edilmişdir.
Burada «Ramazan davulçuları» və davulçu manilərindən nümunələr verərkən onların yaranması, kimlər tərəfindən yaranması haqqında məlumatlar oxucular üçün də çox maraqlıdır. «Bundan yarım əsr əvvəllərə qədər İstanbulda ekzotik bir tip təşkil edən «məhəllə bəkçiləri» (Məhəllə Gözətçiləri») vardı. Onlar əsasən Doğu Anadoluldan gəlmiş insanlar idi, ya bir məscidin, ya bir camenin yanında yaşar, keçinib dolanardılar. Ramazan gəlincə davul çalar, ramazanın gəldiyini elan edərlərdi. Davulçuların yanında bir fənər tutan və mani söyləyənlər də vardı. Bayramda bu manilərlə bəxşiş dilənər və alınardı.
Davulçu maniləri İstanbul şəhər folklorunun maraqlı formalarındandır. Bundan başqa mani (bayatı) biçimində yaranmış bir «Bəkçi dastanı» da var. Türk şəhər folklorunun bu örnəyilə oxucuları tanış etmək məqsədilə antologiyaya bir neçə davulçu manisini də «Bəkçi dastanı»ndan paşa fəslini» kitaba dlaxil edərək bu sətirlərdəki «xoş bir zarafat ovqatı»nı, «bayram ruhu»nu, «yumor çalarları»nı gözdən qaçmadığını söyləyir.
«Türkmən xalq törədiciliyi örnəkləri»ndən ən incə poetik ruhlu misralar kitaba daxil edilmişdir.
«Qaqauz folklorundan örnəklər»i verərkən tərtibçi qaquzlar haqqında da oxucularına ətraflı məlumatlar verməyi unutmur. Qaqauzların türk xalqlarının oğuz dil qrupuna daxil olduğunu, Moldaviyada, az bir hissəsinin Bolqarıstanda, Rumıniyada, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda yaşadığını, onların mənşəyinin araşdırıcılarının qaraqalpaklarla, bəziləri qumanlarla, bəziləri isə XIII əsrdə İzzəddin Keykavusun ardınca Rumelinə köçmüş səlcuq türkləriylə bağladıqların qeyd edir və axırıncı fitkirləri dəstəkləyir və onlar «XIX əsrin əvvəllərində Balıq bəyin rəhbərliyi altında bir dövlət qurmuş və bugünkü Bolqarıstan sərhədləri içindəki Balıqçı (Karvuna) şəhərini paytaxt etmişlər. 1417-ci ildə bu kiçik dövlət Osmanlı İmperatorluğuna qatılmışdır» deyir. Onların xristian dininə xidmət etsələr də öz adət-ənənələrində türkçülüklərini qoruyub saxladıqlarını bildirir və «bugünkü ədəbi qaqauz dilində Türkiyə türkcəsinin təsiri daha çox hiss olun»sa da bildirir ki, xalq danışıq dili, xüsusilə xalq şeirlərinin dili azəri türkcəsinə daha yaxındır». Onu da qeyd edir ki, «Qaquzların mani adlandırdıqları şeir dördlükləri heyrətamiz dərəcədə Azərbaycan bayatılarıyla yaxın, bəzən əkizdirlər». Qaqauz folklorunda türk xalqları üçün ənənəvi süjetlərlə yanaşı, onların yaşadıqları tarixi, coğrafi «taleləri» ilə bağlı digər türk xalqlarında olmayan folklor nümunələri olduğunu açıqlayır və onlardan «Sevastopol türküsü»nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanı, 1828-ci il Varna müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan «Yəmən türküləri»ni göstərmək olar»-deyir.
Anar qaqauzların dilinin özəllikləri haqqında oxuculara maraqlı məlumatlar verir ki, bunlar dilçilik baxımından da dəyərlidir. Qaqauz türkcəsində sözün əvvəlində «H» səsinin düşümü (hava-ava, haçan-açan, hər-ər, həm-əm), əksinə, bəzən ilk səs kimi artırılmasını (anbar-hanbar, aylaq-haylaq), sözün əvvəlində «r» əvəzinə «l» işlənməsini (rüzgar-lüzgar), «ğ» səsini işlətməmələrini açıqlayır. Azəri türkcəsində olduğu kimi qaqauzlarda da –lar/-lər şəkilçilərinin yerinə –nar/-nər işlənməsini nümunələrlə izah edir. Antologiyaya daxil edilmiş qaqauz xalq şeiri nümunələrini, manilərinin «bir kəlməsini dəyişmədən, yalnız fonetik cəhətdən azəri türkcəsinə uyğunlaşdıraraq» daxil etmişdir.
«Kərkük xalq şeirindən seçmələr»ə «Arzı-Qəmbər» dastanından şeirlər, xoyratlar daxil edilmişdir.
Anar bu bölmədə «Axısqa (Məshəti) türklərinin xalq yaradıcılığı üzərində xüsusilə dayanır və oxucularına maraqlı məlumatlar verir. Anar haqlı olaraq «Adıkün türkləri», «Çıldır türkləri», «məshəti türkləri», «türk mesxetlər» adlanan axısqa türklərini «faciəvi taleli xalq» adlandırır. Onların başı çəkən müsibətlər dünyaya məlumdur. Onların ata-baba yurdu olan «Axısqa mahalı Çıldır yörəsindən Mesxet-Cavaxet» dağ silsiləsi boyunca Borçalıya qədər uzanır, qərbdə Acarıstanla həmsərhəddir»-deyən Anar tarixi-coğrafi faktlara istinad edir.
Axısqa türklərinin folklorunu toplayan, onların həyat şəraiti, adət-ənənələrini araşdıran Asif Hacılının söylədiyi bu fikirləri oxuculavra çatdırır ki «Axısqa türkləri Türkiyə və Azərbaycan türkləri arasında keçid mövqeyində duran özünəməxsus etnoqrafik qrupdur. Şərti olaraq desək, əgər Borcalının qarapapaq elatı tarix meydanına osmanlılara meylli azəri türkləri kimi çıxmışlarsa, Axısqa-azərbaycanlılığa meylli osmanlı türkləri hesab oluna bilər».
Anar bu xalqın böyük övladlarından Ömər Faiq Nemanzadəni, Əhməd bəy Pepinovu xatırlayır və onların «Azərbaycan mədəniyyətinin, mətbuatının, ədəbiyyatının inkişafında»kı böyük xidmətlərini, Azərbaycanın və Gürcüstanın ictimai-siyasi həyatında rolunu xüsusilə qeyd edir.
XX əsrin son onilliklərində-1989-cu ildə Özbəkistanın Fərqanə vadisində onlara qarşı törədilmiş cinayətlərin üstündən ötməyən tərtibçi onların yaşadıqları bu faciələrin folklorunda, şair və yazıçılarının yaradıcılığında əsas mövzulardan olduğunu bildirir. Bu bölmədə onlardan nümunələr verilir.
«Taxtaçı türkmənlərin folklorun»dan danışarkən onların «Aqaç əri» türkmənlərinin nəslindən olduğunu, taxta işləri ilə məşğul olduqlarından belə adlandıqlarını, Alp Arslandən qabaq Anadoluda məskunlaşdıqlarını, əsillərinin Türküstan, Azərbaycan, Xorasandan olduğunu, indi də özlərini «türkmən» adlandırdıqlarını bildirir və «onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şeir biçimlərindədir»-deyir, antologiyada taxtaçıların folklorundan nümunələr verilir.
Stavropol türkmənlərinin folklor nümunələri də oxucular üçün maraqlıdır.
«Qaşqay türklərinin xalq yaradıcılığı»nda Qaşqay türklərinin İranın cənubunda, fars vilayətində məskunlaşdığını, köçəri həyat sürdüklərini, «azəri türkcəsinin dialekti adlana biləcək bir dildə danış»dıqların söyləyən tərtibatçı rus şərqşünası A. A Romaskeviçin 1914-cü ildə qaşqaylardan toplayıb nəşr etdiyi «Pesni kaşkaysev» adlı kitab haqqında məlumat verir və «onların xalq yaradıcılığından orijinalda və rus dilinə tərcümədə örnəklər verir"»deyir. Buraya daxil edilmiş nümunələrdən bəzilərinin müəllifsiz, bəzilərinin isə Məhzun, Nemətulla, Faqır kimi el şairlərin şeirlərinin və oğuz xalqları üçün müştərək olan «Aşıq Qərib», «Əsli-Kərəm» kimi dastanlardan şeir parçaları daxil» olduğunu bildirir. Qaşqay türklərinin folklor nümunələrindən antologiyaya daxil ediləen parçalar oğuz şeirin ən poetik, bədii cəhətdən dolğun nümunələridir. Məsələn:
Ay ağalar, bu qürbətdə
Dünya mənə dar göründü.
Çıxdım Mələsqan dağına
Köksündə Hezab göründü.

Musam, ömrün oldu baqi,
Budur sərhəddin torpağı,
Şikarıl Mirvari dağı
Vətən Bəhmənzar göründü.
Bu bölmədə Azərbaycan xalq şeirindən nümunələr də kitabın məzmunun zənginliyini artırır.
Kitabda XVII, XVIII, XIX, XX əsr Azərbaycan, Türkiyə şairləri, «Füyuzat şairləri», «Molla Nəsrəddin şairləri» haqqında, onların əsərlərindən nümunələrə xeyli yer verilmişdir.
Türkçülük, Turançılıq ideyalarının banilərindən biri olan Əli bəy Hüseynzadə, onun «Füyuzat» jurnalı, bu jurnalın müəlliflərindən olan Əli bəy Hüseynzadənin, A. Səhhətin, M. Hadinin, Abdulla Şaiqin, Hüseyn Cavidin əsərlərindən nümuənələr daxil edilmişdir.
«Molla Nəsrəddin şairləri»ndən Əlabbas Müznib, Salman Mümtaz, Əli Razi Şəmçizadə, Səməd Mənsur, Əliqulu Qəmküsar, Əli Nəzmi, M. S. Ordubadi, Mirzə Əli Möcüz Şəbüstəri yaradıcılığına müraciət edən Anar onlar haqqında, onların Azərbaycan mədəniyyətinə, mətbuatına, ədəbiyyatına misilsiz xidmətlərini də qeyd edir.
Antologiyanın ikinci kitabı bütövlükdə XX əsrin onilliklərində yazıb-yaratmış Türkiyə, Quzey, Güney və mühacir Azərbaycan şairləri, Türkmənistan, Kərkük, Türkiyədən kənarda –Bolqarıstanda, Quzey Kipr Türk Cümhuriyyəti, Yunanıstan, Rumıniya, Makedoniya, Yuqoslaviya, qaqauz, Çağdaş Axısqa şairləri haqqında məlumatlar, onların əsərlərindən nümunələr daxil edilmişdir. «Türk dünyasının iyirmi şairi» bölməsində Anar oğuz dil qrupuna daxil olmayan digər türk xalqlarının şairlərinin əsərlərindən nümunələr daxil etmişdir ki, bu da oğuz qrupuna daxil olmayan, amma mənşəyimizcə, kökümüzcə bir olan türk qardaşlarımıza, onların ədəbiyyatına, mədəniyyətinə, şəxsiyyətinə, milliyətinə olan məhəbbət və hörmət deməkdir. Bu şairlərin əsərlərindən nümunələr azərbaycancaya çevrilərək antologiyaya daxil edilmişdir. Qazax xalqının böyük şairi Abay, Qaraqalpaq şairi Bərdah, tatar şairi Abdulla Tukay, Hasan Tufan, Musa Cəlil, saka-yakut şairi Alampa, özbək şairi Həmzə Həkimzadə Niyazi, Çolpan, Qafur Qulam, krım-tatar şairi Bəkir Çobanzadə, uyğur şairi Əbdülxalıq Uyğur, çuvaş şairi Peder Xuzanqay və digər türk dilli şairlərin yaradıcılığından nümunələr daxil edilən min beş yüz illik oğuz şeiri ilə yanaşı türk şeirinin qüdrət və hikmətini özündə birləşdirən antologiya təkcə Azərbaycan oxucusu üçün deyil, bütün türk dünyası üçün qiymətli məxəzdir.
Kitabın işıq üzü görməsində hörmətli həmkarımız Nazim İbrahimovun da xidmətləri böyükdür. Nəşrin ümumi redaktəsi, layihəsi, dizaynı və çapı üçün məsuliyyət daşıyan Nazim İbrahimovun fəaliyyəti diqqətəlayiqdir.
Kitabda şeir mətnlərinin seçilməsi, müəlliflər və əsərlər haqqında məlumatlar, buradakı lüğətin tərtibçisi, ön və son sözlərin müəllifi kimi Anar və kitabın redaktoru, onun çapına məsul Nazim İbrahimov qarşısına qoyduğu vəzifənin öhdəsindən ləyaqətlə gəlmişlər.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah