Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ƏSRİN BÖYÜK SƏADƏTİ... XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ƏDƏBİYYAT

(1918 1920)

XX əsr Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında elə bir əsrdir ki, onda daha böyük oyanış var, bu əsr milli azadlıq hisslərinin güclənməsi, dövlətçilik, azadlıq və tərəqqipərvər hisslərlə zəngindir. Bu milli-azadlığın şirinliyini XX əsrin ilk onilliyində daddıq, sonra itirdik və əsrin son iki onilliyində yenidən əldə etdik. Qanımız-canımız bahasına əldə etdik...
Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. Xalqımızın milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizə apardığı və arzularına nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddətdə milli ideya mübarizəsində, o cümlədən, romantizm və realizm yaradıcılıq axınında birləşir. Və bu dövrdə fəaliyyətə başlayan parlament Azərbaycan dilini dövlət dili elan edir. XX əsrin əvvəlindən Azərbaycan ədib və şairləri müəyyən məktəblər, üslublar üzrə qruplaşmaqda idi. «Həmin birliklər ədəbiyyatın get-gedə daha çox ideoloci məzmun kəsb etdiyini, zamanın siyasi konyukturasına tabe olduğunu göstərirdi. Bu və ya digər siyasi-ideoloci mərama mənsubluq ilk yaradıcılıq təşkilatlarının, yaxud cəmiyyətlərinin fəaliyyəti ilə yanaşı, adında da özünü göstərirdi: «Yaşıl qələm», «Qırmızı qələm» və s. Ədəbiyyatın bu cür «rənglənməsi» sənət baxımından o qədər təbii olmasa da, bədii təfəkkürün cəmiyyət həyatına yaxınlığından irəli gəlirdi. «Yaşıl» rəng türkçülüyün, müsəlmançılığın, «qırmızı» isə inqilabi müasirliyin ifadəsi idi».
XX əsrin ilk iki onilliyində Azərbaycan çox mürəkkəb, ictimai – siyasi cəhətdən ən ağır dövrünü yaşadı. Rusiya-Yaponiya müharibəsi, rus imperiyasının məğlubiyyəti, ictimai – siyasi proseslər, Azərbaycanda güclənən milli – azadlıq hərəkatı ədəbi prosesə də öz təsirini göstərdi. Ölkədə maarifçilik hərəkatının güclənməsi, maarifçi ədəbiyyatın inkişafına kömək etdi. Milli problemlərin həlli yollarını axtarmaqda ziyalılar bir araya gəlməkdə idilər. «Şərqi–rus», «Hümbət», «Molla Nəsrəddin», «Füyüzat», «İrşad», «İqbal», «Tərəqqi», «Təkamül», «Yoldaş», «Məktəb», «Dirilik» kimi mətbu orqanlar fəaliyyətə başladı, ana dilimizdə yaranan bu mətbu orqanlar xalqımızın ədəbiyyatının inkişafına kömək etmiş olurdu. Bunlarda ictimai-siyasi və milli-mənəvi problemlər öz əksini tapırdı.
Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün ədəbi proseslərini özündə əks etdirirdi. «Molla Nəsrəddin», «Fyüzat» curnalları ətrafında toplanan maarifçi ziyalılar realist və romantizmin ideya-estetik düşüncələrini ifadə edirdilər.
Cəlil Məmmədquluzadənin nəşrə hazırladığı «Molla Nəsrəddin» curnalı realist şair və yazıçıları öz ətrafında birləşdirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın danışıq dilinin bazası əsasında yaratmağı düşünür. Əli bəy Hüseynzadənin başçılıq etdiyi «Fyüzat» curnalı romantiklərin ideya və düşüncələrini müdafiə edir və fyüzatçılar kimi tanınan ziyalılar isə «orta türk dilinin formalaşdırılması ideyası»nı əsas bilir və «bu məsələdə Türkiyə türkcəsinin əsas götürməyi düşünürdülər».
Rusiyada 1905 ci il inqilabı məğlubiyyətə uğradı və bu azadfikirli, maarifçi Azərbaycan ziyalılarının işini ağırlaşdırırdı. 1908 1910 cu illərdə Məmməd Əmin Rəsulzadə, Əli bəy Nüsrətzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar Azərbaycanı tərk etməyə məcbur olmuş, təqib olunduqlarından İranda (Məmməd Əmin Rəsulzadə), Türkiyədə (Əli bəy Nüsrətzadə, Əhməd bəy Ağaoğlu) fəaliyyətlərini davam etdirməli olmuşlar 1905 1901 ci illərdə Səttarxan hərəkatı bütün İrana, eləcə də Şərqə, məşrutə hərəkatının qələbəsi ictimai- siyasi hərəkata, eləcə də ədəbi prosesə ciddi təsir göstərir. Bu hadisələri Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə silsilə məqalələrlə dərindən izləyir. «Məşrutə hərəkatını yaxından izləyən M.Ə. Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbuatda ictimai tendensiyanın, vətəndaşlıq amalının güclənməsinə təkan vermişdir. Əli bəy Hüseynzadə isə «Siyasəti-fürusət» adlı fəlsəfi-publisistik traktatında şərti-simvolik üslubun imkanlarından bəhrələnərək diqqəti Azərbaycanın Güneyində cərəyan edən siyasi hadisələrə yönəldir, hər bir millət üçün azadlığın qaçılmaz olduğu zərurətini vurğulayırdı».
«Səfa», «Niğam», «Nəşri-maarif», «Cəmiyyəti-xeyriyyə» kimi ədəbi mədəni mühitə təsir edən cəmiyyətlərin rolu, xüsusilə qeyd edilməlidir. Onların köməyi ilə keçirilən yubiley tədbirləri, nəşr olunan kitablar, səhnələşdirilən dram əsərləri ədəbi-prosesin inkişafına göstərilən dəyərli köməklər idi. M.Ə.Rəsulzadə «Açıq söz» qəzetinin nəşrinə başlamaqla Azərbaycan mətbuatı tarixində yeni bir yol açır. Bu qəzet «milli ideologiyanın formalaşdırılmasında müstəsna rol oynadı. Onun səhifələrində dərc olunan yazılar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına böyük təkan idi.
Ölkədə (1918 1920) baş verən ictimai-siyasi hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında misilsiz rol oynadı. Qısa bir müddət yaşasa da, Azərbaycandakı müstəqil milli dövlət böyük çətinliklərlə qurulan bir dövlət idi və bu yolda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ziyalılarının xüsusi fəallığı nəticəsində 1918 1920-ci illər «millətimizin həyatında xüsusi bir mərhələ olmuş və onun gələcək inkişafına ciddi təsir göstərmişdir. Bu dövrdə xalqımızın yüz ildən artıq sürən köləlik zəncirindən xilas olması, müstəqil həyata qədəm qoyması, yalnız ictimai-siyasi sferalarda deyil, ədəbi-mədəni sahələrdə də köklü dəyişikliklərin gerçəkləşdirilməsi üçün zəmin yaratmışdır. Türk dilinin dövlət dili elan olunması, milli mətbuatın nəşr imkanlarının genişlənməsi ictimai ideallarla zəngin bir ədəbiyyatın yaranmasına təkan vermişdir».
Azərbaycanda 1919–cu ildə Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Bununla belə, «Azərbaycan Dövlət Teatrı», «Teatr xadimləri cəmiyyəti», «Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti», «Yaşıl qələm» ədəbi birliyi yarandı, fəaliyyətə başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı: Belə ki, bu dövrdə «Azərbaycan» (rusca, türkcə), «Azərbaycan hökumətinin əxbarı», «İstiqlal», «Al bayraq», «Bəsirət», «İttihad», «Gələcək», «Şeypur», «Doğru yol», «El», «Əfkari-nəfisə», «Xalq sözü», «Hürriyyət», «Zəhmət sədası», «Məşəl» və s. qəzet və dərgilər çap olunmuşdur. Ümumiyyətlə, 1919-cu ildə Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunmuşdur ki, həmin qırx ikisi türkcə, qırx dördü rusca, altısı isə digər dillərdə yayınlanmışdır».
1918 1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar. Məhəmməd Hadi «Əsgərlərimizə, könüllülərimizə», «Məfxureyi-aliyəmiz», «Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf» kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləyir.
«Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf» şeirlərində 1918 ci ildə erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən, tökülən günahsız qanlardan sarsılmış şair bu yolda şəhid olanlarımızı ağlayır:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir.
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti-cahani fəna.
Sizinlə buldu bu millət həyati -püriqbal.
Sizinlə buldu bu millət şərəfli istiqlal.
«Əsgərlərimizə, könüllülərimizə» şeirində müstəqillik uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırır.
M. Hadinin bu sətirlərində M.Ə.Rəsulzadənin «Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün... nə qədər töhmətlərə məruz qaldıq...» kəlmələrində yaşayan bir ruh, amal, ideya var. M.Hadi bolşeviklərin hakimiyyətə gəlməsinə, Xalq Cümhuriyyətinin süqutuna dözməyərək Gəncə üsyanında yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuşdur.
Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və ehtiram əsasdır. «Yeni Ay doğarkən», «Marş», «Vətənin yanıq səsi», «Arazdan Turana» şeirlərində vətəndaş şairin qəlbinin səsi duyulur. Bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq Cümhuriyyətinə sevgi yaşayır. Milləti, xalqı haqsızlığı yıxmağa, «Turanda gün doğunca» zülmətlə çarpışmağa, irəlidə mübarizə yolu ilə qazanılacaq qələbələrə, orada doğacaq Günəşə-yeni dövlətə, dövlətin qurduğu gözəl, xoşbəxt, firavan, cənnət kimi həyata səsləmə var.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca, çarpışalım.
Arş iləri, iləridə cənnət kimi çəmən var.
Günəş orda hər doğar, səadət orda parlar.

Türk firqəsi Müsavat,
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat.
Milli ədəbiyyat tarixində «istiqlal şairi» kimi tanınan Əhməd Cavadın «Türk ordusuna», «Şəhidlərə», «Azərbaycan bayrağına», «Elin bayrağı», «İngilis», «İstanbul», «Bakı deyir ki» və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Bu şeirlərdə «Bir kərə yüksələn» və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə «müvəqqəti məğlubiyyət», beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu həyatı, qanı canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğular yaşayır, bu gün də şairin «Azərbaycan bayrağına» şeri, buradakı milli qürur, milli dövlətçiliyimiz atributlarından biri kimi öyülən bayraq, şeirdəki hər vaxt, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi – qan bahasına əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan yoğrulmuş misralar yada düşür:
Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!
Əhməd Cavad yaradıcılığında ölkəni yenidən işğal edən rus imperiyasına nifrət hissi var. «Göygöl» şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli–istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur.
Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə «Trablis müharibəsi» və «Ədirnə fəthi» pyeslərini yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini əks etdirirdi.
Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C. Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini tərənnüm edir. İlk şeirlərində-«Azərbaycan bayrağına», «Sevdiyim», «Sevimli ölkəm», «Salam» və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, türkçülük, turançılıq məfkurəsi ön planda verilir. Şairin «Azərbaycan bayrağına» şeiri şairin «azadlıq və istiqlal» sevgisini oricinal formada əks etdirən əsərlərdən» biri kimi yüksək qiymətləndirilir.
«Azərbaycan bayrağına» o, şeirində üçrəngi-Azərbaycan bayrağının rəmzlərini bədii şəkildə verir:
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya İslamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı!
Səkkiz uclu şu yıldız da səkkiz hərfi od yurdu,
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi
Səhərlərə uçmuşdur.
«Sevdiyim» şeirində də şair üçrəngli bayrağa, vətənə müqəddəs hisslərlə yanaşır, bu bayraqda türkçülük, turançılıq ideyalarını ümumiləşdirir.
Ölkədə milli hökumətin süqut etməsiylə, Xalq Cümhuriyyətinin qurucuları, ədəbiyyata gələn gənc istedadlı qələm sahibləri mənəvi cəhətdən yaralanmışdılar. Bu zərbənin ağrılarını çəkirdilər. Və C. Cabbarlı da onlardan biri idi. «Aydın», «Oqtay Eloğlu» kimi əsərlərində milli kədərin motivləri vardı. Qorxmaz, mübariz C. Cabbarlı 1920-ci il aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşamı bu milli hərəkatın bir çox cavan fəalları ilə Məmməd Əmin Rəsulzadənin evinə yığışırlar. «Gənc müsavatçılar» hərəkatı yaranır. Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığıncaqları Cəfər Cabbarlının bağında keçirilir, bolşevizmə qarşı mübarizə aparan özəklər yaradılır. «İstiqlal» qəzeti dərc edilirdi. 1923-cü ildə təşkilatın üzvləri, o cümlədən C. Cabbarlı da bolşevik hökuməti tərəfindən həbs edilsə də, avqustun ortalarında müxtəlif şərtlər əsasında azadlığa buraxıldığı bildirilir. Onun yaradıcılığını ətraflı tədqiq edən alimlər bu qənaətdədirlər ki, «Cəfər Cabbarlı heç bir zaman bolşevik ideyalarını qəbul etməmiş və sovet quruculuğunun kor-koranə təbliğatçısı olmamışdır. Onun bu recimlə birbaşa həmfikirliyini göstərən heç bir yazısı yoxdur. Lakin müəyyən mənada aydın və oqtayların prototipi olan C. Cabbarlının bir xüsusiyyəti vardı: doğma xalqa bağlı olan ədib üçün idealsız, qayəsiz, Azərbaycanın sabahına inamsız yaşamaq qeyri-mümkün idi. Belə qayələri Cəfər Cabbarlı qismən 20-ci illərdə bolşeviklərin xüsusi ardıcıllıqla həyata keçirdikləri mədəni inqilabda tapdı. Bu inqilab Azərbaycan xalqını Avropa mədəniyyəti yoluna yönəldirdi və məhz bu cəhət Cəfər Cabbarlının xalqımızın gələcəyi barədə arzularına uyğun idi. Ona görə də bu prossesdə iştirak edən C. Cabbarlını mənəvi iflasdan və əzablardan xilas etdi».
Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını üzərində hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan, elmə, biliyə yiyələnən Əli Yusifin «Azərbaycanlıya», «Bayraq», «İdeal», «Bir türk yanqısı deyir ki», «Qarabağ xainlərinə» və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır. «Əli Yusifin şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhval-ruhiyyəsinin məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü büruzə verirsə, qarşı tərəfdən onun yazılarının Cümhuriyyət idealları ilə bağlılığından mayalanır».
Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin «Əsgər anasına», «Çəkil, dəf ol», «Bir mayıs günündə», «Yolunu bəklərdim» şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn, onu düşmən caynağından qurtarmağa çalışan Türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğması, dili bir, qanı bir Azərbaycan xalqının, türklərinin hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır.
Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Cavid, Əli Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər.
Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı («Konsulun arvadı» «Xanın təsbehi», «Qəssab») problemlərinə toxunur. «Zırrama» hekayəsində mənfi əxlaqi keyfiyyətlər tənqid olunur. Ə.Haqverdiyevin «Mirzə Səfər», Seyid Hüseynin «Həzin bir xatirə», «İsmailliyə» hekayələri diqqəti cəlb edir. «İsmailliyə» hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin «bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirildiyini, «əslində İsmailliyənin simasında yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər.
Abdulla Şaiqin «Əsrimizin qəhrəmanları» romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinci dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir.
Ağababa Yusifzadənin «Sınan qanad» romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir.
Bu dövrdə Cəfər Cabbarlının «Ədirnə fəthi», «Trablis müharibəsi», yaxud «Ulduz», «Aydın», Hüseyn Cavidin «İblis», Cəlil Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» əsərləri Cümhuriyyət dövrünün dramaturci əsərləri kimi bədii cəhətdən yüksək qiymətləndirilir. Cəfər Cabbarlının dram əsərlərində Türkiyə mövzusunun daha qabarıq şəkildə verildiyi və bu cəhətdən kamil əsərlər kimi səciyyələndirildiyi məlumdur.
Tədqiqatçılar Hüseyn Cavidin «İblis» faciəsinin «bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan»dığını bildirir: «Dramaturq I Dünya savaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin fitvası ilə törədilmiş Mart faciəsinin onun şüurunda və dünyagörüşündə yaratdığı güclü təəssüratın təsiri ilə belə bir əsərin yaradılmasını vacib hesab etmişdir».
Dramaturqun «İblis» faciəsinə ziddiyyətli münasibət olsa da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: «Cavidin «İblis» faciəsini ideoloci cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm. Cavid Bakıda Nikolayevski küçəsində yerləşən «Təbriz» otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi.... Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan «İblis» faciəsini bu acı təsirlər altında yazmışdı».
Milli birlik, mənəvi bütövlük ideyaları üzərində qurulan dövlətin tərəfdarı olan Cəlil Məmmədquluzadənin «Anamın kitabı» pyesinin ədəbi tənqiddə dərin təhlili verilmişdir: «Böyük mütəffəkkirin fikrincə, birliyi və bütövlüyü olmayan millətin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix səhnəsində uzun müddət duruş gətirməsi mümkün deyildir. Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid timsalında köləlik və əsarətin millətin xarakterində qoymuş olduğu acı nişanələrə diqqəti yönəldə bilmişdir. Eyni zamanda, müəllif millətin ruhuna hopdurulmuş yabançı xislətləri diqqət mərkəzinə çəkməklə kifayətlənməmiş, bu bəlalardan xilas olmağın yollarını göstərmişdir».
Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. «Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür».
Məmməd Əmin Rəsulzadə milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın rolunu belə dəyərləndirir: «Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur» və «Qurtuluş günü» məqaləsində yazır: «Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz».
Cümhuriyyət dövründə Seyid Hüseyn «Yaşıl qələm» ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. «Cəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyə və sadələşməyə sövq etmək» idi. Onlar müxtəlif yığıncaqlar keçirir və bu yığıncaqlarda qələm sahiblərinin yaradıcılığı müzakirə edilir, əsərlərin nəsri (məsələn Sabirin «Hop Hopnamə»sinin nəşri) məsələsi müzakirə edilir, ədəbiyyatımızın tarixinin öyrənilməsi, araşdırılması məsələləri ilə yanaşı ədəbi-tənqidin inkişafına da diqqət göstərirdi.
Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına dəyərli əsərlər vermişdir. «Azərbaycan ədəbiyyatına bir nəzər» monoqrafik tədqiqat əsəri 1919 cu ildə İstanbulda nəşr edilmiş öz elmi-nəzəri əhəmiyyəti ilə seçilir. Firidun Köçərli Tiflisdə «Azərbaycan teatrının ədəbiyyatı» əsərini rus dilində nəşr etdirir.
F. Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdır ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir. Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi. Azərbaycanda dramaturgiya, nəsr, nəzm, realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və curnallar dilimizdə nəşr edilir. Azərbaycan ədəbiyyatı tarixinin sistemli şəkildə öyrənilməyə meyl artırdı. Firidun Köçərli silsilə məqalələrini, «Azərbaycan türklərinin ədəbiyyatı» əsərini, «Azərbaycan ədəbiyyatı» əsərlərini yazır. Onun ən böyük xidməti «çox əsrlik Azərbaycan ədəbiyyatı irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini «Azərbaycan ədəbiyyatı» əsərində xalqın istifadəsinə verməsi»dir.
Yusif Vəzir Çəmənzəminli əsərlərində Nəsimi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabir və başqa şairlər, sənətkarlar haqqında, onların yaradıcılığı haqqında nəzəri fikirlərini söyləmişdir, Mirzə Fətəli Axundov irsinə xüsusilə yüksək qiymət verilmişdir: «Milliyyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və intibahın dəlili olan kritisizm də Mirzə Fətəlinin əsərlərilə başlayır».
Yusif Vəzir Çəmənzəminli «Milli-mədəni işlərimiz» silsilə məqalələrində kitab nəşrinin vacibliyini qeyd edir. O yazır: «Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünki bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır».
Firudin Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir: «Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumən tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda yigirmi ildən bəri çalışmasilə və ədəbiyyatımızı nizama salmasilə məşhur Firidun bəy Köçərlidir. Firidun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi...».
Tədqiqatçılarımız Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın «Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat» (1919) əsərinin «milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından» dəyərli bilirlər. A. Ziyadxan Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etdiyini bildirirlər: «tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı olduqları ədəbi-kulturoloci və ictimai-siyasi mühit kontekstində təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının üzə çıxarılmasına imkan vermişdir».
Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b. Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məqsədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıcılığı ilə bağlı müxtəlif məqalələr yazılmış, bu məqalələrdə «ədəbi-estetik fikrin milli məfkurəyə üstünlük» verdiyi, «bədii əsərləri bu yöndə dəyərləndirmək meyli» diqqəti çəkir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah