Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Anarın "Ağ qoç, qara qoç" əsəri

Qədim yunan filosofu Aristotel (e.ə. 384-322) ədəbiyyatı təqlidi sənət, yəni həyatı və insanları yamsılama sənəti adlandırmışdır. Yazıçı, şair qələmə aldığı dövrün, zamanın, mühitin ruhunu qorumaqla bədii obraz, hadisələr yarada bilmək imkanına malikdir. Bu bədii obrazın, hadisələrin sənətkarlıq baxımından qüvvətli və ya zəif olması yazıçı təfəkkürünün, təxəyyülünün potensial qüvvəsindən asılıdır.
Böyük sənətkarlarımız əsərlərinin mövzusunu həyatdan götürsələr də onları tarixdə olduğu kimi yox, öz yaradıcılıq metodlarına uyğun, istədkləri şəkildə işləmişlər. Yazıçının, şairin istəyində bəşərilik, millilik güclü olduqda yaratdığı əsər uzunömürlü olur.
Yazıçının, sənətkarın yaradıcılığında onun təxəyyülü, sənətkarlıq imkanları, arzu və ideyaları əsas rol oynayır. O, öz əsərlərində hər cür yaxşı-heç kimdən asılı olmayan, azad, ədalətli cəmiyyət arzulaya bilər və onu yarada da bilər. Qüdrətli yazıçı, sənətkar öz zəmanəsində millətinin oğlu olmaqla yanaşı, mütəffəkkir bir sənətkar kimi gələcəyin də övladı ola bilər. Hər hansı bir əsərinin süjetini arzularının fövqündə də qura bilər. Məsələn, böyük sənətkarımız Nizaminin əsərlərində təsvir etdiyi azad cəmiyyət onun yaşadığı feodalizm dünyasında ömründə mövcud ola bilməzdi. "Feodal quruluşunda hökm sürən qeyri-bərabərlik, ictimai münasibətlər, çəkişmələr və didişmələr böyük humanist şairi narazı salır, o mövcud quruluşla razılaşmır, özünün fikir və düşüncələrinə, istək və arzularına romantik don geyindirərək ifadə edirdi".
Anarın "Ağ qoç, qara qoç" əsəri də belə əsərlərdəndir. Real həyat hadisələrindən narazı yazıçı romantik dünyasına, nağıllar aləminə qapılaraq xalqının, millətinin görmək istədiyi xoşbəxt gələcəyini, görmək istəmədiyi bədbəxtçiliklərindən narahatlığını bu gün ona sığışmadığı cəmiyyətində təsvir edir. Onun yaşadığı cəmiyyətdə də qeri-bərabərlik, çəkişmələr, didişmələr vardır və bunun mənsub olduğu xalqını hansı yollara aparıb çıxaracağından narahatdır.
Yazıçı, şair, sənətkar ətrafında baş verən hadisələrin sadəcə təsvirçisi deyildir. O, eyni zamanda onların mahiyyətini, məğzini anlamağa çalışan, buna can atan təfəkkür sahibidir.
Anar milli mənsubluğunu unutmayan, xalqına, millətinə, onun milli-adət-ənənələrinə bağlı olan, onları yaşatmağa çalışanlardan biridir.
Anar bu əsəri ilə dünyanın özündən, bu günün pəncərəsindən sonrakı illərə baxır. Arzuladığı Azərbaycanın gələcəyini bu günün prizmasından nəzərdən keçirir. Bütöv Azərbaycanının gələcəyini, səadətini dünya Azərbaycanlılarının milli birliyində görən yazıçı arzu və istəklərini, görmək istədiyini ağ qoç - işıqlı, xoşbəxt dünyasında tapa biləcəyini güman edir. Burada utopik və antiutopik nağıllar arzuedilənləri və arzuolunmayanları birləşdirir. Həyat hadisələrinin gerçəkliklərini sənətkar görə biləcəyi və görmək istəmədiyi hadisələrin fonunda təsvir edir.
Anar arzularına uyğun qurduğu "Birinci nağılında iqtisadiyyatı, mədəniyyəti, sosial şəraiti çox inkişaf etmiş bir ölkənin vətəndaşıdır. Onun ölkəsi tarixin minilliklərindən əvvəl mövcud olan "Böyük ipək yolu"nun üstündədir. Bu yol lap əvvəllərdə olduğu kimi indi də bütün türk dünyasını birləşdirir.
Bu əsərdə milli-mənəvi dəyərlərə hörmət, kökə qayıtma, ondan yararlanma, milliliyi qoruyub saxlama prinsipləri əsasdır. Bu gün utopiya olan gözəlliklər, onlara canatma, Azərbaycanın belə bir gözəl həm iqtisadi, həm mədəni, həm milli-mənəvi dəyərlərə hörmət üzərində qurulan zəngin dövlət qurumu arzulama özü gerçəkliklərə aparan yoldur. İnsan nə qurub yaradıbsa, öz arzu və istəklərini əsas götürüb. Demək, Anarın görmək istədiyi Azərbaycan arzuların həqiqətə çevrilməsinə yaxın olan Azərbaycandır. Elmin, texnikanın, insan əqlinin, zəkasının ən yüksək inkişaf mərhələsinə çatdığı bir zamanda ulularımızın Ağ qoç, Qara qoç deyilən ikili dünyasının, təsəvvürünün, arzularının reallaşması üçün hər cür imkan vardır.
Ağ qoç xoşbəxt həyatın, işıqlı, firavan dünyanın rəmzidir. İnsan xoşbəxtliyi, səadəti üçün bu dünyanın imkanları üzlərə açıqdır. Məlikməmməd Ağ qoçun üstünə minib işıqlı dünyaya çıxmaq istəsə də həyat, qismət onu imtahana çəkərək işıqlı dünyasının şirinliyinin qədrini bilmək üçün qara qoçun üzərinə atır. Məlikməmməd o qaranlıq dünyadan çıxmaq üçün çalışır, çarpışır, ölümlərlə üz-üzə gəlir, ruhdan düşmür, nəhayət arzuladığı işıqlı dünyaya qovuşur. Anarın Məlikməmmədlisi də məhz o qaranlıq, çətin keçmişləri arxada qoyub işıqlı, firavan dünyanı öz mübarizəsi ilə əldə etmiş insandır. O, vuruşa-vuruşa, döyüşə-döyüşə belə bir səadətə qovuşmuşdur. Bu səadəti əldə etmiş insan onu qorumalıdır. Qorumasa o qaranlıq dünyanın əzabları içərisində özünü məhv edə bilər. Deməli, insan arzularını "Ağ qoç, qara qoç" əsərində olduğu kimi "Birinci nağılda"da olduğu kimi utopik görünsə də, onu sabahı üçün reallaşdıra bilər.
Anar bir növ əsərinin qəhrəmanı Məlikmmədin özüdür desək, yanılmarıq. Anarın əsərində Azərbaycan onun arzularına uyğun təsvir edilir. Yazıçının utopiyası reallıqlarla daha çox köklənir. Əsərin birinci hissəsində Azərbaycan bütövdür; Cənublu, Şərqli, Qərbli, Şimallı Azərbaycan sivil bir dövlətdir. Bu dövləti quran Azərbaycan öz milli-mənəvi dəyərləri üzərində köklənib.
Anar "Ağ qoç, qara qoç" əsərində milli birliyə nail olmaqla yanaşı, Azərbaycan dövlətinin ərazisində XX əsrin ən böyük qalmaqalı olan Qarabağ hadisələrini, fitvaçıların əlilə sürükləndiyimiz Erməni-Azərbaycan müharibəsinin qarşısının alınmasını, ziddiyyətli məsələlərin bir-birinin sərhədlərinə, ərazi bütövlüyünə, dilinə, dininə hörmət prinsipləri çərçivəsində həll edilməsini istəyir. Ermənistandan qovulmuş azərilərin ata-baba torpaqlarına qayıtmasını, Qarabağda yaşayan Azərbaycan-Erməni xalqlarının hüquqlarının təmin olunmasını, Zaqafqaziyada, Qafqazda xalqların sülh, əmin-amanlıq içərisində yaşamasını arzulayır.
Yeni Azərbaycanın dilbər, səfalı guşələri, dünya səyahətçilərinin üzünə açıqdır. Şuşa, Qarabağ, Şəki, Təbriz, Həmadan, Ərdəbil-o taylı-bu taylı Azərbaycanın qara, dərdli keçmişi, ayrılıq, həsrət, qan qoxuyan Qarabağı, Təbrizi yoxdur. Anarın əsərinin başlanğıcında təsvir etdiyi təntənəli şəkildə keçirilən Novruz bayramı milli -mənəvi dəyərlər üzərində kök atmış, şaxələnmiş, boy vermiş, illəri, qərinələri özündə yaşatmış, cilalanmış milli xalq bayramıdır. Yazıçının qəhrəmanına Türkiyədən, İrandan, Rusiyadan, Gürcüstandan, Avropadan bu bayram münasibəti ilə göndərilən təbrik teleqramları da də milli birlikdən xəbər verir.
Anarın qəhrəmanı xalqın arzu və istəklərinin ifaçısıdır. O, bu gün işğal altında inləyən qədim ata-baba torpaqlarımız olan Şuşada "Cıdır düzündən Topxana meşəsinə çəkilən finukulyor"u görmək istəyir. Müharibənin dağıtdığı, fəlakətə düçar elədiyi yerlərin abad, gözəl olmasını arzulayır. Bu gün bu yerlər terror mərkəzlərinə dönübsə, erməni faşistləri bu yerlərin flora və faunasına öldürücü zərbələr endirirsə və bunu gözləri ilə görən, bu gün bu reallıqları yaşayan qələm sahibinin o yerlərin gələcəyini başqa şəkildə, təsvir etdiyi kimi görmək istəyirsə, bu, bir xalq sənətkarının vətəndaşlıq hisslərindən irəli gəlir.
Yazıçı bu yerlərin səfalı iqliminin, bulaqlarının, tarixi abidələrinin, alpinistlər üçün ən yaxşı turist mərkəzi ola biləcəyinə inandığından və real imkanlar gördüyündən utopik və antiutopik adlandırdığı "Ağ qoç, qara qoç" əsərində bunu gerçəklik kimi verir. Qarabağın hər guşəsi gözəldir, heyranedicidir. Yazıçı görmək istədiyi gözəllikləri burda axtarır. Şuşa turist mərkəzi, Laçın, Xankəndi, Ağdərə, Ağdam, Xocalı abad, gözəl, yaraşıqlı sağlamlıq mərkəzi kimi arzu edilir. Bu arzuların həqiqətə çevrilməsi üçün, yazıçının bu gün utopiya olan xəyallarının gerçəkləşməsi üçün hər cür şərait vardır. Qarabağın Cıdır düzündə lap qədimlərdən xalqımızın keçirdiyi milli bayramlar, cıdır yarışları, çovkan oyunları gələn turistləri doğrudan da heyran qoya bilər. Ürəkləri riqqətə gətirən Qarabağ bülbülləri üçün musiqi festivalı keçirilə bilər. Keçirilən musiqi festivallarından biri Qarabağda dünyaya göz açmış Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun şərəfinə "Üzeyir Hacıbəyov festivalı" adlana bilər. Nəvvab muğam konservatoriyası fəaliyyət göstərə bilər. Zəngin Azərbaycan musiqisinin öyrənilməsi, tədqiq edilməsi, yayılması üçün bir yox, bir neçə konservatoriyanın fəaliyyət göstərməsi qeri-adi deyildir. Bütün bunların mövcud olması utopik xəyalların real həqiqətlərə çevrilməsi üçün imkan vardır. Anarın özünün dediyi kimi "Qobustanda üç ildən bir Dədə Qorqud törənləri, Muğanda iki ildən bir Koroğlu idman oyunları, Gəncədə Nizami günləri, Naxçıvanda Əshabi-Kəf din mərkəzində "Qafqazda islam" mövzusunda beynəlxalq elmi məşvərət, Dərbənddə Narın qala açıq səma teatrında tarixi tamaşalar festivalı, Şamaxıda Sabir günləri, Qazaxda Molla Pənah Vaqif və Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan, Cabbar Qaryağdı şer məclisləri, Qəbələdə Yunis İmrə şöləni, Şəkidə gülüş şənlikləri, Lənkəranda rəqs yarışı, Təbrizdə Şəhriyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada Muğam gecələri, Tovuzda, Salyanda Tufarqanda aşıq deyişmələri" keçirmək utopiyadan çox reallığa yaxındır. Çünki bu "utopiyalar"ın çoxunu yaşamışıq, görmüşük. Görə bilmədiyimiz, həsrətini çəkdiyimiz, görmək istədiyimiz bəzi "antiutopik" həqiqətlər də milli-mənəvi birlik nəticəsində əldə oluna biləcəklərdir. Anarın bu günündə o günləri görmək üçün real şəraitlər vardır. O günləri görmək üçün ancaq milli birlik lazımdır. Bir çox çətin sədləri aşmış, öz dövlətçiliyini bərpa eləmiş, geniş quruculuq işlərinə başlamış Azərbacanın siyasi cəhətdən birliyi də olsa (bu ki bizim öz əlimizdədir) o günlər həqiqət olacaq. Partiyalara, bölgələrə bölünmüş Azərbacan xalqının şüurunda milli birlik, bərabərlik yerindən, yurdundan, kəndindən, siyasi əqidəsindən, hansı nəslə mənsub olmasından asılı olmayaraq vahid bir birlik yaradılsa, bu ideyaların gerçəkləşəcəyi gün labüddür. Azərbaycan belə bir birliyi əldə edə bilər. Bunu o tarixən sübut etdi; 200 ildən çox əsarəti altında olduğu rus şovinizmini sarsıtdı. Yetmiş ildən çox qardaşlıq, dostluq, bərabərlik şüarları altında istismarçı ideyaların hökmranlığını təmin etmiş imperialist dövlətinin dizini yerə qoydu. Milli azadlıq yolunda bütün qüvvələrini birləşdirib, vahid bir bayraq altında müstəqil Azərbaycan Demokratik Respublikasını qurdu və bu birliyi edə bilmək qüdrətini sübut etdi. Bu milli birlik Azərbaycan ərazisində irili-xırdalı onlarla kiçik xalqların hamısını özündə birləşdirdi. Bu xalqlar əsrlər boyu bir məkanda yaşamış vahid Azərbaycanın əsasında duran xalqlardır. Onlar üçün Şəkidə keçirilən "Talış mədəniyyəti günləri", Naxçıvanda açılmış ləzgi-avar xalq sənəti sərgisi" adi həyati günlərdir. Çünki onlar həmişə bir-birinin xeyrində-şərində birgə olublar. XXI əsrin ilk günlərini, illərini yaşayan Anar gözünü açandan belə görüb.
Yazıçı burada modernist baxışlarını reallıqlar içərisində əridir. Onun bu utopik və antiutopik nağıllarında bütün Dünya Azərbaycanlılarının arzuladığı, həyata keçməsi üçün çalışdığı, çarpışdığı bir həqiqət var; Birliyə doğru getmək zərurəti. Bu gün dünyaya öz milli azadlıq hərəkatı ilə səs salan Güney Azərbaycanımızın istəkləri torpağının bir hissəsi- erməni işğalçılarının tutduğu Qarabağı azad edib işğal olunmuş torpağında sülhü bərqərar etmək, dədə-baba torpaqlarından qovulmuş Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarmaq uğrunda mübarizə aparan Şimali Azərbaycan dövlətinin arzu və istəkləri ilə birləşir.
Yazıçını indi narahat edən, düşündürən problemlərdən biri olduqca təhlükəli olan siyasi partiyalar, şəxslər arasındakı didişmələr və bunların müstəqillik yolunda inkişaf etməkdə olan Azərbaycanın gələcəyi üçün törətdikləri əngəllərdir. Anarın həyatının və yaradıcılığının bir hissəsi Müstəqil Azərbaycan Respublikasının yaradılması uğrunda gedən mübarizə illərinə düşür. XX əsrin son onilliklərində Azərbaycanda milli azadlıq, müstəqillik uğrunda mübarizə, xalq hərəkatı verdiyi itkilər və əzmkarlığı müqabilində qələbə çaldı. Azərbaycanın müstəqilliyi özünə qaytarıldı. Bu yolda xalq çox çətinliklərlə üzləşdi, şəhidlər verdi, sarsıldı, lakin öz yolundan dönməyib mübarizəsini axıra qədər davam etdirib istəyinə nail oldu.
Milli müstəqillik bərqərar olandan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu və yenə də siyasi didişmələr meydanına çevrildi. Dəfələrlə dövlət çevrilişi təhlükəsi başımızın üstündə dolaşsa da müəyyən qədər xalq bu çətinlikləri dəf etdi. Bu gün də o mübarizə bu və başqa formada davam edir. Minlərlə ziyalı kimi Anarı da narahat edən, düşündürən, işıqlı, xoşbəxt gələcəyə ümidlərinin işığına kölgə salan dönüklük, biganəlik, şəxsi mənafelərin milli mənafelərdən üstün tutulması və bunun Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də ideoloji aləmində törətdiyi əngəllərdir. Anar bu əngəllərin nə kimi təhlükəli nəticələr verə biləcəyini nəzərdən qaçırmır. Bu gün öz yazıçı "tribunasından çıxış edir". Əsərində yaratdığı xoşbəxt Azərbaycanın vətəndaşı olmaq arzusu onun üçün hər şeydən üstündür. Bugünkü Azərbaycanın Anarı ona sığışmır, o günə nağıllarının qoynunda çatıb oradan bu gününə baxır: "Neçə il bundan əvvəl siyasi qarşıdurmaların qanlı toqquşmalar, vətəndaş müharibəsi həddinə çatdığı günlərdə, daxili separatçı həmlələrin və xarici təcavüzün təhlükələri reallaşdıqda hadisələr tamam başqa axarda gedə bilərdi…Xoşbəxtlikdən bütün bunların qarşısı alındı. Xalqın, millətin əzəli özünüqoruma instinkti hər növ hakimiyyət hərisliyinə qalib gəldi və o günlərdən başlayan əvvəl-əvvəl tədrici, get-gedə daha iti, yeyin inkişaf surəti gətirib bugünkü arxayın duruma çatdı". Anar bu "durumu" istəyir. Mübarizələrin baş alıb getdiyi, yaşadığı Azərbaycanda bu gün o yaxşı duruma çatmaq üçün Anar içində sıxıldığı zamanı qoyub irəliyə "qaç"mağa məcburdur. Oradan bu gün keçmiş saydığı reallıqların içərisindəki çatışmazlıqları göstərir. O günü qoruyub saxlamaq, ona yetişmək üçün bu gün "gəmidə oturub gəmiçiylə dava edir". Onu dəniz qoynunda çırpınmamağa, xırda gərəksiz ideyalarla yaşamamağa, okeanların qucağına atılmağa, daha yüksək xoşbəxtliyə aparıb çıxaracaq rahatlıqlara qovuşmağa səsləyir. O rahatlıqlara, xoşbəxtliklərə çıxa biləcək yolu göstərir və bu gün onun üçün "ölkəsinin, dövlətinin taleyi sarıdan" keçirdiyi narahatçılıq bədbəxt millətin, xalqın övladı olmaqdır:"Xalq, Millət bədbəxt olanda onun bütün övladları da bədbəxtdir"
Anar bu istəyin, arzunun işığında, onun narahatlıqları, həyəcanları içərisində Yeni Azərbaycanın iki obrazını yaradır. Onun birinci nağılında arzusunda olduğu, görmək istədiyi Azərbaycanında "Dərbənddən Həmədanacan, Qazaxdan Qəzvinəcən milyonlarla insan eyni şərəf və qurur hissiylə" Azərbaycanın dövlət himnini "dinləyir". Ölkədə birlik, bərabərlik vardır. Siyasi partiyalar artıq milli mənafeyə xidmət edir. Azərbaycanın tarixi ərazi bütövlüyü bərpa olunandan bəri ölkənin demək olar ki, bütün sosial, iqtisadi və ideoloji problemləri, əsasən həllini tapandan sonra siyasətçilik Anarın qəhrəmanının dediyi kimi öz fəaliyyətini başa vurub idmana, digər oyunlara oxşayan məşğuliyyətə çevrilmişdir.və buna görə də Anar "Ağ qoç, qara qoç"unda gələcək Azərbaycanın həm ideoloji, həm siyasi, həm iqtisadi-mədəni xəritəsini yaratmışdır. Bu xəritə bəlkə də özündən sonra gələcək nəsillərin, dövlətin siyasi - mədəni fəaliyyətinin proqramıdır: o, Azərbaycaın milli və türkçülük dəyərlərini əsas tutur; ölkədə xalqı parçalayan yüzlərlə partiya deyil, "iki sağyönlü, iki sol yönlü və bir Mərkəzçi partiya" mövcuddur. Burada barışdırıcı mövqedə dayanan mötədil Mərkəzçi partiyadır. Hakimiyyətdə olan da elə Mərkəzçi partiyayla, "bitərəf, müstəqil millət vəkillərinin ortaq koalisiya höküməti"dir. Bakı- Ceyhan neft kəmərinin və digər neft-qaz yataqlarının istifadəyə verilməsilə milli gəlir xeyli artmış, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Yeni Azərbaycan əhalisi yaxşı yaşayış səviyyəsinə görə Şərq ölkələrini üstələmiş, sivil Avropa ölkələrinə çatmışdı. Bir zamanlar ölkədə hökm sürən iqtisadi durum, Qarabağ hadisələri "xatirələr aləmində qalmışdı."
Anar bütün türk dünyasının işıqlı gələcəyini birlikdə görür. Onun "birinci nağıl"ında Yeni Azərbaycanının səsi Mahmud Qaşğarlı universitetindən, Kərkükdə Füzuli universitetindən, Nəvvab muğam konservatoriyasından gəlir. Burada türk dünyası ilə birlik daha sarsılmazdır. Milli özünəqayıdış, kökədönmə daha güclüdür. Yeni Azərbaycanda bütün türk dünyasının təmsil olunması-kökə qayıtma, ona can atma Anar "nağılı"nın bəzəyidir. Burada Hunlar, Manas, Orxon meydanları var. "Burada Orxon kitabəsinin-Böyük, Kiçik Gültəkin, Tonüquq yazılarının on dəfə böyüdülmüş daş kopiyaları qoyulmuşdu"; türk xalqlarının mifoloji dünyasının bəzəyi olan Boz qurd heykəli ucaldılmışdır. Yeni Azərbaycan dünyanın bütün guşələrində yaşayan türk xalqları ilə həm mədəni, həm iqtisadi, həm elmi əlaqələri o qədər genişləndirmişdir ki, bütöv türk dünyasının, Azərbaycan dövlətinin işıqlı gələcəyi şəksizdir.
"Birinct nağıl"da Yeni Azərbaycan haqqında yazıçının arzuları "baş alıb gedir". Bayramlar, festivallar bir-birini əvəz edir. Azərbaycan mədəniyyəti bu dünyaya açılan qapılardan keçib gedir. Anarın qəhrəmanı bu utopiyaların reallıqlarını yaşayır. Onun Məlikməmmədlisi artıq qara qoçun belindən düşüb, qaranlıq dünyanın çətinliklərini dəf edib işıqlı dünyasını yaşayır və bu xoşbəxt günlərə çıxdığı üçün allahına duaçıdır: "İlahi, bu günümüz üçün sənə min şükür. Bu xoşbəxtliyi xalqıma, dostlarıma, ailəmə çox görmə… Tarix boyu çox əzablara, məşəqqətlərə tuş olduq, ağır günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. Axır ki, iradəmizlə, ağlımızla, halal zəhmətimizlə ağ günə çıxdıq, bu günümüzü qazandıq. Bu günümüz sonsuza qədər davam etsin. Uca Tanrım. Amin".
Öz gücü, milli birliyi ilə xoşbəxt Azərbaycanının vətəndaşı olan Məlikməmmədli milyonlarla azərbaycanlının arzu və istəklərini yaşayan, onların görmək istədiyini görən bəxtəvər qəhrəmandır. Bu gün bizim üçün nağıl obrazı olan bu qəhrəman bir zamanlar real həqiqətləri öz gücüylə, ağlıyla əldə edəcək milyonların real, həyati obrazıdır. Anarın "Məlikməmməd nağılı"nın motivləri, obrazları üzərində qurduğu "Ağ qoç, qara qoç" əsəri realist "nağıldır". "Məlikməmməd nağılı"nı yaradan xalq onu öz arzularına çatdırmaq üçün Zümrüd quşunu, Ağ qoç, Qara qoçu yetirirsə, Anar öz qəhrəmanı Məlikməmmədlini öz gücüylə, ağlıyla, ağrılı-acılı tarixin sınaqlarına dözdürməklə, bu çətinliklərin içərisində "bişirib" möhkəmləndirməklə, dövlət, xalq mənafeyi üzərində kökləməklə ağ günləri ona bəxş edir. Onun qəhrəmanı dövlət, xalq mənafeyini öz şəxsi mənafeyi bilir. Onun müqəddəs borcu xalqının şərəfini, ləyaqətini qorumaqdır. Çağdaş TV-nın məsul işçisi hər gün öz ölkəsi haqqında yeni-yeni xəbərləri dünyaya, türk dünyasına, başqa xalqlara daha tez çatdırmağı vəzifə borcu bilir. Ölkənin ən peşəkar telerejissoru, jurnalisti öz xalqını, millətini dünya mədəniyyətiylə, ədəbi sənət əsərləri ilə tanış etməyi sevir.
"Məlikməmməd nağılı"nın qəhrəmanı Məlikməmməd xeyrin şər üzərində qələbəsinin təminatçısı, Anarın "Ağ qoç, qara qoç" əsərinin qəhrəmanı Məlikməmmədli də ölkəsində haqqı-ədaləti bərqərar edənlərdən biri, özündən sonra gələn azərbaycanlı övladının taleyini öz taleyi bilən, millətinin gələcəyinə xidmət edən ziyalısıdır. O Azərbaycan övladının ki, artıq o, Azərbaycanının bəyliklərə, xanlıqlara, bölgələrə bölündüyünü görməyəcək, o, Xocalı, Qarabağ faciəsini ancaq kitablarda oxuyacaq, əsrlərlə İran əsarətində qalan Cənubi Azərbaycanının yaşadığı ayrılıq, həsrət acısını kitablarda oxuyacaq, kinolarda görəcək. O, bu gün hamımıza yabançı olan, ağrılı yerimiz olan Papanin küçəsini, onlarla, yüzlərlə belə əcnəbi adlarının daşıdığı küçələri, 8, 1, 3, 7, 6, 9- mikrorayon adlı yer adları tanımır. Bunlar Məlikməmmədli üçün elə nağıllardan bildiyimiz qara qoçun aparıb çıxardığı qaranlıq dünyadır. İndi o "dünyadan" Anarın qəhrəmanının yaşadığı Azərbaycanda əsər-əlamət qalmayıb. Azərbaycanın hər yeri, hər küçəsi, qəsəbəsi milli köklərlə bağlı adları daşıyır. Əfşar, Qacar, Qaşqay, Şahsevən, Kəngər, Bayandır, Borçalı, Zəngəzur, İqdir, Bayat, Oğuz, Manas, Hunlar və s.
Anarın yaşadığı zamandan xeyli sonra onun yaşadığı ərazilərin oğuz-qəbilə –tayfa birliklərinin, ən qədim türk adlarını daşıması elə sənətkarın utopik adlandırdığı, lakin real görmək istədiyi, görmək imkanı olduğu həqiqətdir. Anar o həqiqətlərə çatmaq üçün nə Ağ qoç, nə Qara qoç, nə Zümrüd quşundan kömək umur. O, bunun mümkünlüyünü milli birlikdə görür. Xalqından, özü kimi bu torpaqda yaşayan, onun suyu, havası, çörəyi ilə boya başa çatan ziyalısından kömək umur. İnsanların siyasi ideyalarının milli birlik üstündə köklənməsini istəyir. Onlara bu birlik vasitəsi ilə çata biləcəyimiz gözəl bir dövranın, aləmin qapısını göstərir, yeni Azərbaycan dünyasının xəritəsini cızır.
Anar əsərində milli psixologiyamızı ümummili dəyərlər üzərində kökləməyə çalışır. Onun küçələri, xiyabanları, parkları, bulvarlarının adları Azərbaycanın milli azadlığı uğrunda mübarizə aparan, bu yolda canını qurban verən Şeyx Məhəmməd Xiyabaninin, Azərbaycanın ərazi birliyini, dövlətçiliyini istəyən, bu yolda vuruşan, döyüşən, dövlətçilik prinsiplərini yaşatmağa çalışan Qaraqoyunlu dövlətinin, böyük sənətkarımız Füzulinin, əzəli, əbədi Azərbaycan torpağının bir hissəsi olan Qarabağın, Xəzərin, Arazın, Azərbaycan dövlətinin, Azərbaycan dilinin qoruyucusu Xətainin, xalqın könül sirdaşı, xeyir-şər məclislərinin yaraşığı Aşıqların adlarını daşıyır. Onun məmləkətində möhtəşəm abidələr bir zamanlar dostluq, qardaşlıq, bərabərlik şüarları altında dilimizə, dinimizə qarşı gizlin pərdə altında mübarizə aparan, Azərbaycan xalqının dilinin, mənəviyyatının qəsdinə duran, ondan çirkin siyasətlərini həyata keçirmək üçün istifadə edən şaumyanlar, kirovlar, çaparidzelər deyil, türk dünyasının bütövlüyünü, əbədiliyini istəyən Kamal Atatürkün, üç böyük Səlcuq hökmdarları- Sultan Toğrulun, Alp Arslanın, Məlik şahın, Aranşah Cavanşirin, Şəkili Hacı Çələbi xanın, Gəncəli Cavad xanın, Aşıq Ələsgərin və digər Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparan, döyüşən oğulların heykəlləri ucaldılıb. Anar sanki oxucunun yatmış yaddaşını oyadır, onu dönüb keçmişinə baxmağa, gələcəyini şərəfli keçmişi üzərində qurmağa, o keçmişin Azərbaycanın bu günü uğrunda apardığı mübarizələrə nəzər salmağa, ondan yararlanmağa, faydalanmağa səsləyir. "Ot kök üstə bitər" atalar məsəlindəki hikməti duymağa, kökə, soya bağlılığa çağırır. Çünki millət, xalq üçün iş görən, milli kökü üstündə pərvəriş tapan, xalqını, vətənini sevən, onun azadlığı, müstəqilliyi uğrunda vuruşan, canını, həyatını bu yolda qurban verən, öz biliyini, qüvvəsini Azərbaycanın təhlükəsizliyinə sərf edən Əliağa Şıxlı, Hacı Çələbi xan, Əbülfəz Elçibəy, Cavad xan və digər şəxsiyyətlər Azərbaycan xalqının ərazi bütövlüyünü, müstəqilliyini tarixin səhifələrinə həkk edib. Şərəfli tarixi olan millət öz şərəfini, ləyaqətini hansı dövrdə, zamanda yaşamasından asılı olmayaraq uca tutmalıdır.
Anarın "Ağ qoç, qara qoç" əsərində həm tarixə, həm sənətkara, həm sərkərdəyə, həm qüdrətli dövlət başçısına səmimi münasibət -Anar dünyası, psixologiyası yaşayır.
Bir zamanlar Anar Dədə Qorqudun obrazını ekrana gətirdi, onu nağıllardan, dastanlardan çəkib çıxartdı, reallığa qovuşdurdu. Nağıl-dastan-mifik dünyamızdan götürüb real dünyamızın qəhrəmanı etdi. Anar Dədə-Qorqudun ölməz obrazını yaratmaqla yanaşı, Dədə-Qorqud dünyasının qəhrəmanlarını da onunla birlikdə yazılı ədəbiyyatımıza, efirimizə, ekranımıza çıxardı. Oğuz türk qəbilə, tayfa birliklərinin min illər öncədən qurub yaratdığı türk-oğuz dövlətçiliyinin qorunub saxlanması üçün bugünkü Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, türk dünyasının birliyinin vacibliyini zamanın əsas məsələləri kimi gündəmə gətirdi. Anar Burla xatun, Tural, Beyrək, digər oğuz-türk adlarını millətimizin yaddaşına qaytarmağa çalışdı. Bu gün Dədə-Qorqud qəhrəmanlarının adlarını xalq özündə yaşadır. Hər evdə, ailədə, nəsildə Dədə-Qorqud qəhrəmanlarının adaşları böyüyür.
Anar əsli-nəcabəti ilə öyünməyi şərəf bildiyi oğuz tayfalarının adlarını özündən çox-çox sonralar da məmləkətində görmək istəyir. Onun yaratdığı məmləkətdə-yeni Azərbaycanda bu heç də çətin deyil. Çünki onun qəhrəmanları bu mənəvi köklərə çox bağlanmış, milli dəyərlərlə köklənmişdir. Onun yaratdığı cəmiyyətdə harada, hansı ölkədə, hansı qitədə yaşamasından asılı olmayaraq türk dünyası birdir. Novruz bayramı təkcə Azərbaycanda deyil, bütün türk dünyasında bayram edilir. Uluslararası festivallar, "ədəbiyyat, şer, mədəniyyət, həftələri, musiqi konkursları" teatr görüşləri keçirilir. Türk dünyası bir-birinə bu sahədə elə qaynayıb-qarışmışdır ki, bu milli-mənəvi birlik elə bir yüksəkliklərə qalxmışdır ki, insanlar ancaq sevinc, şadlıq içərisində yaşayır. Orada Qara qoçun qaranlıq dünyasındakı vətən həsrətli, Göyçə dərdli, Xocalı yaralısı, Qarabağ həsrətlisi, Vedi, Zəngəzur, Kəlbəcər yanğılısı yoxdur. Orada yurdlarda bayquş ulamır. Dünyadan köçüb gedən bir ovuc torpağı dərdinə dərman gəzmir, dünyadan köçən qərib torpağa amanat qoyulmasını diləmir. Orada çadırlarda çürüyən qoca, uşaq, cavan yoxdur. Aclıq, səfalət, yoxsulluq içərisində məhv olan Azərbaycan övladı yoxdur. Odur ki, belə günləri görən, onun ağrı-acısını bir Azərbaycanlı ziyalısı kimi yaşayan, duyan, vətəninin belə fəlakətlərdən uzaq görmək istəyən, bu yolda mübarizədən çəkinməyən Anar "Məlikməmməd" nağılındakı Ağ və Qara qoçun apara biləcəyi dünyalardan daha yaxşısını seçməyi millətinə məsləhət bilir: "ağ qoçu qara qoçdan seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə minəndə, elə möhkəm oturmalısan ki, səni qara qoçun belinə ata bilməsin". Gözü baxa-baxa ikinci fəsildə təsvir etdiyi, Azərbaycan üçün qaranlıq dünya bildiyi Zonalara bölünmüş, paralanmış, parçalanmış bir cəmiyyətə-məhvə doğru getməməsi üçün bütün ziyalılarını bu gün Məlikməmmədli kimi düşünməyə çağırır. Xalqını şərə qarşı mübarizəyə, "Məlikməmməd nağılı"ndakı Məlikməmməd kimi mübarizə aparmağa çağırır. O, bu obrazda bütün xalqını birləşdirir, yaxşı və yaxud bədbəxt günləri öz əlində olan millətini, düzgün yol tutmağa, səhvə yol verməməyə səsləyir. Xalqının qarşısında duran iki yolu bu günün reallıqları çərçivəsində qurur; milli birliyə yiyələnməklə bu gün utopiya bildiyimiz, lakin bu utopiyanı milli birliklə çox asanlıqla həqiqətə çevirə biləcəyimiz ağ gün-ağ yol- ağ qoç olmaq, ya da müxtəlif çox partiyalı ideologiyalara xidmət etməklə, xarici arxadaşlarından kömək almaqla, onların yalançı vədlərinə uymaqla ümummilli mənafeləri unudub, şəxsi mənafeyini güdüb hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaqla, milli dəyərləri istə-istəməz kölgədə qoymaq və bununla ayrı-seçkiliyə gedib çıxmaq, milləti içindən dağıtmaqla onun dövlətçiliyini dağıtmaq, bir dövləti zonalara bölünməsinə-düşmənlərimizin istədiyi qara qoçun apardığı qaranlıq, fəlakətli bir cəmiyyətdə yaşamağa sürükləmək və bununla da Azərbaycanın yeni taleyinə qara günlər yazmaq-qara qoç rolunu oynamaq Azərbaycan ziyalısını bu gün düşünməyə vadar etməlidir. Anar bu əsərində bu məqsədi qarşısına qoyub.
Nağıllarımız həmişə özündə zülmə, haqsızlığa qarşı çıxmaq, haqqı nahaqdan ayırmaq, xeyri qorumaq, şəri pisləmək, əsil insani keyfiyyətlər sahibi olmaq kimi xüsusiyyətləri insanda tərbiyə edir. Bir zamanlar ata-babalarımız dünyanı şər ağzına alıb aparanda, insanları bir-birinə qarşı qoyanda, dəhşət, ölüm, fəlakət tüğyan edəndə öz hikmətamiz, ağıllı məsləhətləri ilə insanlığı, şərəf və ləyaqətini qorumaq üçün "Məlikməmməd" nağılını yaratdı. Min illər nəsillərimiz xeyrin şər üzərində qələbəsinin işığında hərəkət etdi. Haqsızlıqlar, ədalətsizliklər içərisində bişdi, möhkəmləndi və xeyirin həmişə şər üzərində qələbəsinin təntənəsinə inandı. Anarın "Ağ qoç, qara qoç" əsəri də "Məlikmməməd"dən min illər sonra yaranmasına ehtiyac duyulan XX1 əsrin nağılıdır. Anar elə "Məlikməmməd nağılı"nın işığında öz nağılını yazır. Ağlı-qaralı, enişli-yoxuşlu dünyamızın yollarında necə hərəkət etməyi və öz hərəkəti ilə haraya gedib çıxa biləcəyini "Məlikməmməd nağılı"ndan gətirdiyi bu sözlərlə göstərir: " O vaxt döyüşə-döyüşə iki qoç gələcək. Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. (Deməli, ağ günlər öz əlimizdədir, daha güclüdür və biz onu əldən verməməliyik, müəl.). Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, (deməli, qara qoça minməyin öz xislətindən irəli gəlir, minməyə də bilərsən, minirsənsə bilə-bilə, özün-özünü qara, pis günlərə aparırsan) qaranlıq dünyaya düşəcəksən".
Anar qəhrəmanını ağ günlərə hazırlayır. Ağ günlərin şirinliyini nağılının birinci fəslində ona dadızdırır. "Birinci nağıl" adlanan hissəsində işıqlı dünya - təkcə başının üstündə günəş, ay, ulduz olan dünya mənasında deyil, bəxtiyar, xoşbəxt, firavan Azərbaycan mənasındadır. Anarın qəhrəmanı ilk öncə utopiya adlandırdığı bu Azərbaycanın vətəndaşı kimi oxucuya təqdim edilir. Məlikməmmədlinin özü kimi, milləti də, ailəsi, uşaqları da bu bütöv, qüdrətli Azərbaycanın vətəndaşlarıdır. Onun xalqı döyüşə-döyüə gələn iki qoçun - zamanın içərisində öz ağlı, təfəkkürü, insani, hümanist, bəşəri duyğuları ilə xeyirli, ağ günlərin müjdəsi olan ağ qoçu seçib. Bu yolda zaman onu qara qoçun üstünə atmaq istəsə də mübarizədən qorxmayıb, əzmkarlıq göstərib, istəyinə nail olub. Qarşıya çıxan iki yoldan birinin daha doğru yol, millətini ağ, xoşbəxt günlərə aparan yol olduğunu anlayıb, qüvvələrin, millətinin birləşdiyi səmtə gedib, birliyə nail olmaqla ağ günlər əldə ediblər. Ata-oğul - övlad - ana - vətəndaş öz ideyalarında milli birliyi qoruduğundan qüvvələr nisbəti ağ qoçun- ağ günün xeyrinə həll olunub. Bununla da Yeni Azərbaycan ağ qoç üstündə öz işini quraraq dünyanın ən sivil dövlətlərinə çevrilib. Anar bu gün öz məmləkətində qoyulmuş belə bir dövlətin təməlinin qorunub saxlanmasını, onun ağ qoç üzərində inkişafının istəyicisidir. Çünki Azərbaycan ağır sınaqlardan çıxdı. 20 Yanvar deyilən qanlı, lakin şərəfli bir tarixi öz səhifəsinə yazaraq, Azərbaycan Demokratik Respublikasını yenidən bərqərar etdi. Dünya onun müstəqilliyini tanıdı. Azərbaycan sürükləndiyi müharibədən öz dövlətçiliyini qoruyub saxlamaqla çıxa bildi. Atəşkəslik əldə olundu. Bu müddətdə Azərbaycan öz Milli Ordusunu yaratdı. Bu gün torpaqlarımızın sülh yolu ilə qaytarılması uğrunda ardıcıl mübarizə aparılır. Dünya Azərbaycanlılarının həmrəyliyinə nail olmuşuq. Anarın "Ağ qoç, qara qoç" əsərindəki qüdrətli Azərbaycanın iqtisadi, siyasi, mədəni cəhətdən inkişafının, Bakı-Ceyhan və digər neft qaz kəmərlərinin qurulmasının təməli onun bu gün reallıqlarını yaşadığı bu dövrdə qoyulub. Deməli onun arzuladığı cəmiyyətin əsası qoyulub, iki qoçun mübarizəsi, döyüşü onun zamanında başlayıb, ağıllı sərkərdə, əsgər olmalısan ki, döyüşdən qalib çıxmaq üçün ehtiyatı əldən verməyəsən. Bu mübarizə yolunda əsas olaraq birlik durur. Bu günkü milli birlik bizim Anarın "Birinci nağıl"ında əvvəlcədən böyük uzaqgörənliklə göstərdiyi xoşbəxt, ağ günlərə çıxa bilməyimiz üçün real şəraitdir. Bu reallıq onun əsərini nağıllardan uzaqlaşdırır.
Anar nağıllara, dastanlara real aspektdən yanaşmaqda, onlara yeni ruh verməkdə ustadır. Əsil sənətkar üçün günün müasir tələblərinə cavab verən, özündən sonra illər keçsə də bu gün üçün də aktual olan əsər yaratmaq çətin deyildir. Hər bir yeni yaradılan əsər o zaman daha çox qüvvətli, qüdrətli olur ki, o, xalqının milli maraqlarına uyğun gəlsin, onu düşündürsün. Onu sevə bilməsi, qiymətləndirə bilməsi üçün mövzu aktuallığı, ideya zənginliyi olsun.
Bir çox alimlərin, rəssamların, yazıçı və şairlərin yaratdığı əsərlər, məncə, onların özləri üçün utopiya deyildir. Öz ağlının, zəkasının qüdrətini duyan kəs görmək istədiyini yaradır. Onun nəzərində görmək istədiyinə gücünlə, qabiliyyətinlə çata bilərsən. Anar bu gücü, qabiliyyəti xalqında görür və sabahının, gələcəyinin real həyat planını bu gün üçün utopiya, nağıl adlandırdığı düşüncələrində verir. Ağ qoç, qara qoç mifik dünyamızın özü üçün qəbul etdiyi inamıdır. İnsan ağlının, təfəkkürünün yaratdığı bu mif, inam Ağ qoç, qara qoç kultunu yaratdı. Əsrlərlə xalq bu inama söykəndi. Ağ-qara günlərin, həyatın rəmzi kimi onların gücünü, çevikliyini özünün həyat yolu seçdi. Anar da bu xalqın övladıdır. Həyat ağ-qara, olum-ölüm mübarizə meydanı olduğu üçün narahatdır. Bu narahatçılıq onun "Ağ qoç, qara qoç" əsərində güclüdür. O, Azərbaycan xalqının milli bərabərliyə nail olmasa başına gələ biləcək fəlakətləri indidən görür. Özü də böyük uzaqgörənliklə görür və bu fəlakətlərin xalq, dövlət, millət üçün nələrə gətirib çıxaracağının real mənzərəsini yaradır.
Əsəd Cahangir Anarın "Ağ qoç, qara qoç" əsərində qoyulan problemlərin çox yaxşı təhlilini verir. O, üç zonaya böldüyü Bakı haqqında yazır ki, "əslində yazıçının təsvir etdiyi üç antiutopik zaman tariximizin bir-birini ardıcıl olaraq əvəz edən üç dövrüdür. Behişti- Badi -Kubə inqilabaqədərki, Bakı Kommunası sovet dövrü, Bakı Siti isə müstəqil Azərbaycanın simvolik kodlarıdır. Utopik Bakı isə yazıçının gələcəyə dair arzularının təcəssümüdür". Müəyyən qədər o da tədqiqində haqlıdır. Bizim fikrimizcə, yazıçının yaratdığı hər iki "nağıl"dakı Azərbaycan ("Bakı" deyəndə yazıçı bütöv Azərbaycanı nəzərdə tutur) obrazı gələcək üçün arzuolunan və arzuolunmayan Azərbaycandır. Əgər yazıçı deyirsə ki, "ikinci nağılda cərəyan edən hadisələr, xronoloji zaman etibarı ilə birinci nağılın davamı deyil. Bunlar iki bir-birinə alternativ olaraq eyni vaxt kəsiyində təsəvvür edilir", onda biz onu hörmətli tənqidçimizin dediyi kimi "zaman tariximizin bir-birini əvəz edən üç dövrü" kimi götürməkdənsə elə Anarın özünün təsvirini verdiyi reallıqlar-nağıllar zamanında, o tarixi zaman içərisində təhlilini aparsaq pis olmaz. Hər halda Anar yeni, Azərbaycanın gələcəyi üçün narahat bir sənətkardırsa, mütləq biz özümüzü bu gün və gələcəkdə də qarşıda gözləyə biləcək "Bəlkə də qaytardılar" (C. Məmmədquluzadə) xülyası ilə yaşayan, bunun üçün çalışan qüvvələrin istəklərinin hələ reallaşma ehtimalı olduğunu, bu təhlükələrin hələ sovuşmadığı qənaətində bulunmalı və bu ikinci nağıldakı dövrü "simvolik kodlar" kimi qəbul etməməliyik. Behişti-Badi-Kubə Azərbaycanın islamaqədərki dövrü kimi yox, elə Anarın utopik, xoşbəxt, bütöv Azərbaycanında qapıları, sərhədləri açıq Cənub Azərbaycanımızın o taylı-bu taylı ərazisi kimi götürülməlidir. "Birinci nağıl"da Təbriz, Ərdəbil, Bakı arasında heç bir sədd yoxdur. Məlikin həyat yoldaşı Aypəri bir rəssam kimi Təbrizdə Əbdülqədir Marağayi teatrında "Koroğlu" operasının yeni quruluşda tamaşaya qoyulmasında iştirak edir. Eynal-Zeynal dağında, Ərkin təpəsində Bakıda, Şuşada, Gəncədə, Şəkidə olduğu kimi Novruz bayramı münasibəti ilə tonqallar, məşəllər yandırılır və yazıçının özünün dediyi kimi Məlik də keçən il bu bayram günlərini elə orada keçirmişdir.
"İkinci nağıl"da Bakının müəyyən hissəsinin o zonaya düşməsi də elə əsrlərlə Bakıda gözü qalan işğalçı qüvvələrin bir növ həyata keçirə bildiyi "arzusudur". Əsərdə hadisələrin sonrakı dövrlərdə baş verdiyini Məliklə kömrükçü arasında gedən söhbətdən də aydın olur:
"Kömrükçü kasetçaları və kasetləri əlində fırladıb:- Bunlar nədi?-dedi.
Məlik: -Musiqidir, -dedi -Azərbaycan bəstəkarlarının mahnıları Türkiyədə anonim Azeri şarkıları adıyla çıxıb.
Kömrükçü:
-Türkiyədə? -dedi, -bura pantürkist kasetləri gətirmək olmaz.
Məlik "ürəyində": Ya bəxt-deyib əlli dolların ucunu kömrükçüyə göstərdi:
-Keçən əsrdə yaşamış sovet bəstəkarlarının mahnılarıdır" (Anar. "Ağ qoç, qara qoç" səh.53).
Zaman- məkan Anarın təsvir etdiyi hadisələrdə öz əksini tapıb. Yazıçının bəlkə də düşündüyü kimi yox, tarixi, zamanı göstərdiyi, təsvir etdiyi kimi hadisələrə yanaşmaq daha məqsədəuyğun olar.
Anar "döyüşə-döyüşə" gələn qoçların önünə Azərbaycanımızın gələcəyini çıxarır. Azərbaycan bu gün o ağ-qara qoçların döyüş meydanıdır. Xalqın, millətin görən gözü, düşünən beyni bu gün hansı yolu tutacaqsa, Azərbaycanı o nağıllardakı talelərdən biri gözləyir : Ya ağ qoç-ağ gün- təməli bu gün qoyulmuş azad, müstəqil, xoşbəxt, işıqlı Azərbaycan! Ya da qara qoç-qara gün- sonu məhvə doğru gedən qaranlıq, parçalanmış, zonalara bölünmüş dili, əxlaqı, keçmişi ayaqlar altında qalan Azərbaycan! Anar bu zamanda-bu gün gələcək məkana-gələcək Azərbaycana baxıb narahatlıq keçirir.
Yazıçı bu gün oturub ətrafında baş verən ictimai-siyasi gərginlik fonunda o günləri gözünün qarşısına gətirir və ağ qoç -qara qoç timsalında Azərbacanın gələcək həyatını "Birinci nağıl"a və "İkinci" nağıla bölərək təsvir edir. "Birinci nağıl" nə qədər şirindirsə, "İkinci nağıl" o qədər acı, dəhşətlidir.
Yazıçının "İkinci nağıl"ında baş verə biləcək hadisələr daha realdır. Burada Anarın qəhrəmanı Məlikməmmdli birliyin olmaması ucbatından hər şeyini itirmiş bir Azərbaycanın vətənindən uzaqlara qovulmuş ziyalısıdır. Azərbaycan deyilən bir dövlət indi üç Zonaya bölünmüş, parçalanmış, istəyinə çatmış imperialist qüvvələrin əlində oyuncağa çevrilmiş talanan, çapılan əyalətlərdir. Ərazi bütövlüyü pozulmuş, qəsb edilmiş Azərbaycan istismarçı, imperialist xarici kapitalist maraqları əsasında idarə edildiyindən dövlətçiliyini itirdiyi kimi dilini, milli dəyərlərini də itirməkdədir.
Azərbaycandan qovulmuş Məlikməmmədlinin arvadı islam adətlərinə görə mollalıq edir, oğlu rus çinovniklərinin istədiklərini yerinə yetirir, Beyrək adını itirib Borya çağırılır; qızı Burla artıq Bura kimi çağırılır, köbək rəqsləri ilə kef məclislərində "məşhurlaşıb". Bir-birinin üzünə həsrət qalmağa məcbur edilən ailə mənsub olduqları məmləkətin digər üzvləri kimi zamanın faciəsini yaşayır.
Anar əsərin elə bu hissəsində bu gün üçün "baltanı ağacın lap kökündən vurur", onun gələcək faciəsinin səbəbkarlarının tutulmuş gözlərini açmağa çalışır.
Xalqın qanı bahasına qurulmuş Azərbaycan dövlətinin ərazi bütövlüyünə, dövlətçiliyinə birinci növbədə baltanı çalan onun bəzi siyasətçisi, alimi, ziyalısıdır. Nə qədər ki, milləti təmsil edən qüvvələr öz qüvvələrini xalq, dövlət, millət naminə birləşdirməyib, şəxsi mənafeyini hər şeydən üstün tutub, bilərəkdən-bilməyərəkdən, fərqi yoxdur, mütləq bu dövlətin parçalanmasının səbəbkarı olacaqdır. Özü də elə bir dövlət ki, əsrlərlə öz xammalı, nefti, pambığı, bir sözlə, təbii sərvətləri ilə istismarçı dövlətlərin, imperialist qüvvələrin diqqət mərkəzindədir. Onu parçalamaq, dağıtmaq üçün məqam gözlənilir. Belə bir zamanda şəxsi mənafeyi bir yana qoyub, milli maraqları daha üstün tutmayan siyasi partiyaların fəaliyyəti xalq üçün, vətən üçün təhlükədir. Xaricdən özünə himayədar gəzən hər bir qüvvə bilməlidir ki, öz işində, əməlində xalqa arxalanmayan, öz xalqından dəstək almayan öz millətini də, özünü də uçuruma aparır.
Azərbaycan xalqının başına bu günə kimi nə kimi bədbəxtçiliklər haradan gəlibsə xalq bunu yaxşı bilir. Bunlardan ibrət dərsi götürməyən millət, vətən xainləri öz şəxsi mənafeləri naminə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirərsə, Anarın əsərində təsvir olunan üç zonaya- məhvə məhkum olunmuş zonalara bölünmüş Azərbaycan real həqiqətlərə daha çox yaxındır. Bu parçalanma Anar kimi ziyalıları qorxudur. Xalq, vətən naminə qorxmaq, onun gələcəyi üçün narahat olmaq vətən övladının vətəndaşlıq borcudur. Hələ müstəqillik yolunda addımlarını yenicə atmaqda olan Azərbaycanın başı üzərindən təhlükə sovuşmamışdır. Azərbaycan öz iqtisadi, mədəni, siyasi həyatında çox əngəllərlə rastlaşır. İstəsə də, istəməsə də bu reallıqlar var və bunu heç kim nəzərdən qaçırmamalıdır. Hər bir partiya, hər bir siyasət adamı dövlətsiz, xalqsız, müstəqilliksiz heç nədir.
Anar bu təhlükəni görüb narahat olur. Görmək istədiyi öz azad, xoşbəxt Azərbaycanını birinci fəsildə necə yaratmışdırsa, başına gələ biləcək müsibətlərdən qorxduğu Azərbaycanını da ikinci nağılda elə qorxunc, dəhşətli bir şəkildə yaratmışdır.
Anar əsərin ikinci hissəsində elə öz qəhrəmanı Məlikməmmədlini xatırladır. Burada o, gördüklərinin, eşitdiklərinin ağrısını, əzabını çəkir: Oğul üzünə qayıdır, baş vermiş hadisələrdə, bugünkü Azərbaycanın qara günlərinin səbəbkarı kimi onu, onun yaşıdlarını təqsirləndirir. Azərbaycan xalqının bu günə düşməsində, zonalara bölünməsində, paralanıb, parçalanmasında, öz övladlarının, xalqının həm əxlaqında, həm dünyagörüşündə, həm acınacaqlı, qorxunc, dəhşət, istismar, təqib altında yaşamasına məruz qalmasında məhz onların günahkar olduğunu bildirir. Bir millətinin ziyalılarının bir-birinə qənim kəsilməsində, bir-birinin qanını tökməsində atası Məlik kimi minlərlə ziyalını təqsirləndirir. Beyrəkdən Boryaya çevrilməsində, bacısının oyuncağına çevrilməsində, anasının molllalıq edib başını bir təhər saxlamasında, millətin səfil, dilənçi kökünə düşməsində böyük günahları oldluğunu söyləyir. Cəmiyyətdə gedən ziddiyyətlər, ölkədaxili çəkişmələrin ailələrə, qardaş, ata, oğul arasına nifaq salmasında- axırda toqquşmalara, vətəndaş müharibəsinə gedib çıxmasında ölkənin nüfuzlu ziyalılarını təqsirləndirir:
"Sən ölkənin tanınmış ziyalısı idin. Görmürdün ki, hadisələr hansı məcrada gedir? Qəzetlərin yazdığını oxumurdun, televizorda, radioda nə səsləndiyini eşitmirdin? Demirdin ki, bir-birinə ədavət, kin-küdurət, bütün bu yazılar, çıxışlar, bu qan-qada deyən adamlar cəmiyyətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst olacaq. Oldu da. Qurunun oduna yaş da yandı.
-Partlayış mən gedəndən sonra, cəmisi on-on beş günün içində oldu.
-Amma sən burda olanda qarşısını ala bilmədin…
-Qarşısını necə alaydım?
-Niyə, ölkənin nüfuzlu ziyalısıydın. Adamları ağıllarını başına yığmağa çağıraydın, deyəydin ki, qardaşlar, bunun axırı fəlakətdir, qandır, ölümdür, bir-birinizə qənim kəsilməyin, qardaş qanı tökməyin.
-Yəqin unutmusan, Beyrək. Mən çox dedim, lap çox, eşitmədilər. Danışdıq, qulaq asmadılar, yazdıq, oxuyan olmadı. Gözlərini qan tutmuşdu, heç nə görmürdülər. Çığır-bağırdan qulaqları batmışdı, heç nə eşitmirdilər. Eşitmək istəmirdilər. Öz səslərindən başqa heç nə eşitmək istəmirdilər-deyə təkrar etdi."
Anar burada sabahı qabaqlamış bir yazıçı, millət vəkilidir. Gələcəkdə vətən, xalq, ailə qarşısına bu həyəcan təbili ilə çıxmağa alnı açıq, üzü ağdır. Sözdə və işdə birlik ideyasının tərəfdarıdır. İstər bu əsri ilə, istərsə də digər əsərlərində, əməli fəaliyyətində barışdırıcı rol oynayan, qüvvələrin birliyi üçün çalışan vətəndaşdır.
O, gələcəkdə baş verə biləcək dəhşətlərin qarşısını almaq üçün bu gün üçün zamanın tələblərinə cavab verən "Ağ qoç, qara qoç" əsərini yazmışdır. Vaxtında, zamanında yazılmış əsərdir. Bu əsəri ilə o, bir zamanlar Azərbaycanın müstəqilliyi, dilinin saflığı uğrunda mübarizə aparan fədakar Cəlil Məmmədquluzadəni xatırladır. Anarın əsərində Mirzə Cəlil ruhu duyulur. Onun "Anamın kitabı" əsərini, "Azərbaycan" məqaləsini göz önünə gətirək. Azərbaycanın müstəqilliyi və dilinin saflığı məsələsini XX əsrin əvvəllərində Mircə Cəlil necə qoymuşdursa, XX1 əsrin əvvəlllərində də Anar bu məsələni beləcə qarşıya qoyur. O zamanlar rus dilini yaxşı bilməyən azəri ziyalıları bu "dilbilməzliyin" ağrılarını necə çəkiblərsə, bu gün də çəkməkdədirlər. Amma bir qədər fərqli şəkildə. Elə də olsa, belə də olsa ağrısını millət çəkir. Son onilliklərdə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi, dilimiz dövlət dili elan edildi, latın əlifbasına qayıtdıq. Dövlət dil sahəsində xeyli yeniliklər etdi. Lakin bu gün Azərbaycan vətəndaşı öz dilindən sosial şəraitini yaxşılaşdırmaq üçün istədiyi kimi yararlana bilmir. Azərbaycanın iqtisadiyyatına xarici dövlətlərin kapital gətirməsi, yeni iş yerlərinin açması, açılan iş yerlərində ingilis dilini bilməyən qabiliyyətli mütəxəssislərin işlə təmin oluna bilməməsi və nəhayət, yenidən bir əcnəbi dilinin oduna atılmağımız hər bir ziyalını düşündürməlidir. Azərbaycan sahibkarlarına son illərdə yaradılmış imkanlar genişləndirilməlidir. Əgər Azərbaycan öz iqtisadiyyatını müstəqil şəkildə inkişaf etdirib, öz sahibkarlıq qabiliyyətini yüksəklərə qaldıra bilməsə, onun dilini Bakı Sitisindəki dil faciəsi, mənəvi-əxlaqi böhran gözləyir. Anarın "Ağ qoç, qara qoç" əsərində qoyduğu problemlərdən biri də budur:
Bura -mer, Bura -mer
Vuraya səs ver, səs ver.
Görmüsünüzmü triller.
Varmı burda killer?
Lazım deyildir bizə
Marazmatik plebeylər,
Xarizmatik pleyboylar
Biz gəlmişik buraya
Səs verməyə Buraya.
Məlik ayağa durdu. Bəsiydi, bundan artığına dözməyə taqəti qalmamışdı. Yaşılbaş məxluq:
-hara father, hələ Bura özü çıxacaq.
Məlik masaların arasıyla çıxışa tərəf getdi. Yerlərdən ona söz atırdılar:
-Father hara? Hələ strip-tiz olacaq, lap sənin malındır.
Məlik bir təhər salondan çıxdı…az qala qaça-qaça bu küçədən uzaqlaşdı. Bir neçə küçə ötdü, deyəsən azmışdı. Heç kəs də yoxdu ki, xəbər ala."
Burada Cəlil Məmmədquluzadənin "Ay yazıq Vətən!" " Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan!" "Bəs sən hardasan, ay biçarə Vətən! Gəlin, gəlin mənə bir yol göstərin!" deyə dərd içində iniltilərini eşidirik.
Bu gün təhsil mərkəzlərinə başçılıq edənlərin öz dilinə sözdə bir cür, işdə başqa cür yanaşmasından, biganəliyindən təhsilimiz xarici dil yönümündə inkişaf edirsə, bu günün balaca uşağı dilimiz haqqında belə düşünürsə, sabah Anarın əsərindəki Cəh-Cəh Canlar, Fillər kimi yarı əcnəbi, yarı Azərbaycan dilində danışanlarımız, dilimizin saflığına əngəl törədənlərimiz az olmayacaqdır. Anar məhz dilini, millətini sevən kəslər kimi cəh-cəh canlar, fillərə, boryalara, buralara onların gələcək nəslə ötürəcəyi Azərbaycan dilinə görə narahatdır. Bugünkü demokratik adlandırdığımız Azərbaycanda bu problem həll olunmasa gələcək Bakı sitisi-Azərbaycan real olacaq. Anar bu nöqsanlarda da özümüzün günahkar olduğumuzu gizlətmir.
Anar "Ağ qoç, qara qoç" əsərində bu günün didişmələrinin gələcəkdə nə kimi nəticələr verə biləcəyindən xalqını, ziyalısını agah etməklə, ziyanın yarısından qayıtmağın, baş verə biləcək fəlakətlərin qarşısını bu gün almağın vacib olduğunu göstərir. Azərbaycanın gələcəyini birinci fəsildə verdiyi məcraya yönəltmək, onun gələcəyinin bugünkü ziyalının, siyasətçinin əlində olduğunu bütünlüklə kiçik bir əsərdə, lakin qalaq-qalaq kitablardpan da qiymətli olan bu əsərdə əsas məsələ kimi ortalığa qoymaq fədakarlıqdır.
Anar kimi ziyalılar tarix boyu oxuduğu kitablardan, gördüyü hadisələrdən böyük dövlətlərin marağını öz torpağının üzərində hiss edib. Tarix boyu burada sabitliyin bərqərar olmasına yol verməyən, hər vəhclə bunu pozmağa çalışan qüvvələr Azərbaycanda çoxsaylı kiçik xalqların yaşamasından öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etmişdir. Milli azlıqlar arasına millətçilik toxumu səpib, onların birləşməsinə, öz müqəddaratlarını özlərinin həll etməsinə imkan verməyib, aralarına milli ədavət toxumu səpib, onların vahid bir Zaqafqaziya ailəsində birləşib möhkəmlənməsinə imkan vermədiklərindən bu gün də Zaqafqaziya ərazisi közərən ocağa bənzəyir. Bu isə bu ərazidə yaşayan xalqların faciəsidir. Bunu başa düşmək, qüvvələr nisbətini milli mənafeyin qorunmasına, dövlətçiliyin inkişaf etdirilməsinə yönəltmək Azərbaycanın ən böyük, təxirəsalınmaz vəzifəsidir. Bu günün azərbaycanlı ziyalısını bu barədə dərindən düşünməyə çağıran Anar öz şəxsi istəklərinə qapılmış xalqının ziyalılarının da gələcəkdə Məlikməmmədli taleyini yaşaya biləcəklərini unutmamağa çağırır. Bir ovuc vəzifə sahiblərinin, kreslo, kürsü dəlilərinin sadə xalqın başına nə kimi faciələr gətirə biləcəyini bütün çılpaqlığıyla ortalığa qoyur.
Əgər bu gün bu birlik olmasa, Anarın birinci nağılında böyük bir məhəbbətlə təsvir etdiyi Azərbaycan olmayacaq, əvəzində dərdli-dərdli təsvir etdiyi adını belə itirib Zonalara çevrilmiş əyalət qalacaq: Ceyhan boru kəməri, Ermənistan Atom stansiyası qara qüvvələrin əli ilə partladılacaq, Qarabağ deyilən bir cənnət diyar ölüm yuvasına çevriləcək; şər qüvvələr bu işi Türkiyənin üstünə yıxacaq, qardaş Türkiyəni bu məsələdə suçlandırılmaqla, onu beynəlxalq aləmdən təcrid olunmasına, iqtisadi blokadaya salınmasına gətirib çıxaracaq, erməni və ermənipərəst qüvvələrin "XX əsrdə bir soyqırım olub, bu da ikinci genosid" damğasıyla yenidən damğalanacaq. Azərbaycanın mədəniyyəti, təbiəti məhv ediləcək. Mingəçevir bəndinin dağıdılması XX1 əsrin ən böyük fəlakəti, "ən nəhəng ekoloji və humanitar müsibəti" olacaq, su altında qalan Aran rayonları dağlara dağılacaq, Azərbaycanın iqtisadiyyatı məhv ediləcək və nəhayət, ölkədə hökm sürən dərəbəylik, anarxiya Azərbaycanı BMT-nin qərarı ilə 3 zonaya parçalayacaq. Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi ayaqlar altında qalacaq, dünya ondan istədiyi kimi faydalanacaq. "Bəli, BMT qərar çıxardı. Burada tam bir anarxiyanın qarşısını almaq üçün 3 dövlətə mandat verildi. Axı burda neft var. Böyük dövlətlər onu əldən verərdi heç. İndi hər üç zonada guya ki, üç müstəqil hakimiyyət yaradıblar".
Anar dünyanın yalan və güclə idarə olunduğunu unutmamağa, dumanlanmış beyinləri, gözləri bu gün açmağa çağırır .
"Parçala və hökm sür" siyasəti Azərbaycanın varlığını beləcə heç edəcək. Anarı narahat edən budur. Azərbaycanın qurub yaratdığı, yolunda minlərlə şəhid verdiyi müstəqillik qorunmalıdır, əks təqdirdə onun qismətinə parçalanma, özgələrin qabağına atılan tikələrə çevrilmək düşəcək. Dəhşətdir, bir zamanlar vahid bir bayraq altında birləşib Azərbaycanı azadlığa, müstəqilliyə çıxaran bu millətin alimi, ziyalısı, fəhləsi, kəndlisi deyildimi? Milyonların bir kürsüsü olmalı deyilmi? Hər kəsin qəlbindən hakimiyyətə hərislik keçsə, Azərbaycanın Anarın əsərində təsvir etdiyi kimi qara günə qalması labüddür. Anar kimi ziyalılar bundan qorxur.
Bu əsər təkcə Anarın milli düşüncələrini deyil, Anar kimi milyonların düşüncəsini ifadə edir. Anar Vətən üçün, millət, dövlət üçün qəlbləri göynəyənlərin, onun taleyini düşünüb gecə-gündüz rahatlıq tapmayanların narahatlıqlarını ümumiləşdirib. Nə qədər ağır, acı olsa da Anar Azərbaycanın qarşısına çıxa biləcək belə fəlakətlərin də ola biləcəyinə diqqəti cəlb edir. Yarım əsrdən qabağı, bəlkə də azı görən Anarın utopik, antiutopik fikirləri bir ideyada yekunlaşır; milli birliklə, çəkişmələrə, didişmələrə son qoymaqla Azərbaycanın gələcəyi naminə əl-ələ verməklə, onu belə fəsadlardan qorumaq!
Azərbaycan dövləti böyük amalları özündə yaşadan dövlətdir. Belə bir dövlətin taleyinə millətin ziyalısı biganə qala bilməz. Bu əsərdə xalqının gələcək dözülməz həyatında bu gün baş verən siyasi didişmələrin rolunun daha böyük olacağından qorxu var. Anarın bu əsəri o qorxulu nağıllardandır. Bu qorxu vətəndaş qorxusudur. Millətini, xalqını sevən ziyalının qorxusudur. Anar çox gözəl bilir ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə çalışan, ömrünü, biliyini onun iqtisadiyyatının, mədəniyyətinin inkişaf etdirilməsinə həsr edən insanlar çoxdur. Lakin onlar da, elə Anarın özü də bu didişmələrin Məlik kimi qurbanı ola bilər. Bu gün o görünən dəhşətlərin qabağı alınmasa, sabah gec ola bilər və belə insanların yeri Azərbaycan parçalanandan sonra Beyrəyin-Boryanın dediyi kimi Xəzərin dibi- Nargin adasıdır. Anar bu gün o məzarıstanın xəritəsini yaradır, həyəcan təbilini öz "nağıl"larında çalır.
Anar "Ağ qoç, qara qoç" əsərində "İkinci nağıl"da bir sıra məslələrə də toxunur. Onun qorxduğu ərazi bütövlüyünü, dövlətçiliyini itirməklə yanaşı, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, milli-əxlaqi keyfiyyətlərinrinin də itirilməsi qorxusudur. Bu gün də bu qorxu yaranır. Azərbaycan demokratik bir yolla inkişaf edir. Avropaya və digər ölkələrə çıxmaqdadır. Bu istər iqtisadi, siyasi, istərsə də mədəni sahədə özünü göstərməkdədir. Anar bu gün sanki gələcəyi görür. Azərbaycan dövlətinin, dövlətçiliyimizin, milli dəyərlərimizin saflığını istəyir. Çünki bu gün bir-iki kəlmə əcnəbi dili bilən, az- maz musiqidən başı çıxan öz dilində mahnı oxumaqdansa xarici mahnıları öz ifasında səsləndirməyə üstünlük verir. Sənəti bayağılaşdıran, ədəbiyyatı modernist, postmodernist baxışlarla zəhərləyən, bu cərəyanlara dərindən bələd olmayan, onlardan özləri bildikləri kimi istifadə etməklə milli ədəbiyyatımızın, sənətimizin "aşına zəhər qatan", gəncliyin beynini mənasız söz yığınıyla dolduran, onları əsil sənət əsərlərindən, milli dəyərlərdən, ədəbiyyatdan uzaqlaşdıran, belələrinə qarşı çıxan ziyalıları mətbuatda müxtəlif adlar altında ləkələməyə çalışanları xəbərdar edir.
Anarın qəhrəmanı gördüyü belə eybəcərliklərdən cana doyub az qalır özünə qəsd eləsin. Azərbaycan xalqının gələcəyi olan Cəh-Cəh Canlar, Fillər bu gün də aramızda vardır. Bu gün onların qarşısını az da olsa ala biləcək ziyalı qüvvələr var. Anarın təsvir etdiyi "Bakı Siti"sində ədəbiyyata, şerə, sənətə, musiqiyə münasibətin bu gün kökləri belə şəkildə də qoyulmaqdadır. Dilimizə yabançı, əcnəbi sözləri, terminləri gətirməklə dilimizə, azərbaycançılıq məsələlərinə kölgə salmaq dəhşətdir. Azərbaycan dili elə dildir ki, onun gözəlliklərindən yararlanmağı bacarmaq lazımdır. Su kimi axar, büllur kimi təmiz, zəngin dilimizə istər elmi sahələrdə, istərsə də məişətdə o sözlərin gətirilməsinə ehtiyac varmı? Bir halda ki, öz dilimizdə o sözləri əvəz edən istənilən qədər zəngin material var, bu nəyə lazımdır? Alim alim kimi, şair şair kimi, tənqidçi tənqidçi kimi, musiqiçi musiqiçi kimi, hansı sahədə olur olsun ziyalı bu məsələlərdə diqqətli olmalıdır, azərbaycançılıq maraqlarını qorumalıdır.
Anar bu sahədə bir sıra problemləri ortalığa qoyur. Onun qəhrəmanı Məlik bu məsələlərdə gördüyü dəhşətlərdən qorxur. Dünyanı heyrətdə qoyan zəngin Azərbaycan musiqisi məhv edilmiş, əvəzində sərxoş, tüfeyli, əxlaqi pozğun insanların vaxtını özləri istədikləri kimi şən keçirmək üçün mənasız səs - söz yığınına çevrilmişdir. Onların səhnədə çıxartdıqları hərəkətlər, Cəh-Cəh Canın milli Novruz bayramımızı gülünc şəkildə öz bacarığına, qabiliyyətinə uyğun şəkildə təqdim etməsi Məlikdə ikrah doğurur. Ədəbiyyatın, şerin, sənətin "Novruz, Novruz, nyu-ryus, ryus, ryus, ryus. Rus, rus, rus, Ruz, ruz, ruz, Duz, duz, duz, Buz, buz, buz, Qafiyə-mafiya, mafiya-qafiyə. Biz, biz, biz. Qız, qız, qız, Vız, vız, vız. Cız, cız, cız, Bız, bız, bız
Cız-bız, cız-bız,
Cız-bız, cız-bız
-şəklində özü bildiyi kimi, öz "istedadına" uyğun formada, "brik-brak" adlandırdığı bu mənasız söz yığnağının salonda özü kimi tamaşaçıları tərəfindən alqışlanması- yazıçının dediyi kimi "təbii ki, alqışlar, fit, ulama"ları Məliyin bütün səbrini əlindən alır və düşünəndə ki, doğma balası belə minlərlə mənəviyyatı boş insanları əyləndirənlərdən biridir, bu qarışıq, səviyyəsiz, əxlaqsız məclisdən baş götürüb qaçmağa məcbur olur.
Əsərdə təsvir olunan ən böyük dəhşətlərdən biri tarixi, memarlıq abidələrimizin yarasız hala salınması, kazinolara, kef məclislərinə çevrilməsi hadisəsidir.
Eyş-işrət mərkəzinə çevrilən Şirvanşahlar sarayının belə bir vəziyyətə düşməsi onu sarsıdır. Milli dəyərlərini unutmuş insanlar üçün belə vəziyyət də təbii idi. Çünki dövlətçilik, milli-mənəvi dəyərlər, maraqlar ölüb getmiş bir zonada gənc nəsil varlı vətənsizlərin maşınlarını yuyur, şüşələrini təmizləyir, oxumuşları öz dillərini, milli varlığını itirərək xarici dildə danışır, varlıları düşkün həyat sürür, qızları, qadınları yaşamaq, var-dövlət naminə əxlaqı itirib çirkin cəmiyyətin axarına düşüb.
Əsərdə hər addımbaşı rast gəldiyi Kazino -Las- Veqas, Kazino- Monte- Karlo, Seks-Şor, erotik şou, Porno -film kimi millilikdən uzaq adlar, reklamlar, orada gördükləri Məliyi bu doğma yerlərdən baş götürüb qaçmağa məcbur edir. Bütün bunları milli faciə kimi qəbul edən Məlik özü üçün yaşamağı da artıq mənasız bilir. "Əyin-başları cır-cındır olan kişilərin, qadınların restoran mətbəxinin yan-yana düzülmüş sarı zibil qablarında eşələn"məsi, nə isə tapıb ya tələsik ağızlarına, ya da torbalarına" atması, "bir dəri, bir sümük" millətinin belə dilənçi vəziyyətə düşməsi onun üçün ölümdən də dəhşət idi. "Yalın ayaqlarına nimdaş qaloş keçirmiş, yamaq-yamaq paltosuna bürünmüş, ordu-orduna yapışmış, üzünü saqqal basmış" bir kişinin onu görərkən nədənsə çəkinərək əlini zibil qutusundan çəkməsi, Məliyin onunla söhbəti zamanı bu şəxsin millətinin ziyalısı olduğunu bildikdə nələr çəkməsini Anar bütün çılpaqlığıyla verir. Onun qəhrəmanı buradan qaçmağa yer gəzir. Eynəkli o dilənçi "dənizin altını bölüblər, içini, üstünü bölüblər" deyir və onu kirli, kanalizasiyalar açılan bir sahilə gətirir, bu millətə ancaq buranın qaldığını göstərməklə, məhvə məhkum edilmiş xalqının faciəsinə xaricdə yaşamağa məcbur edilən ziyalısının da diqqətini cəlb edir. Onsuz da hər üç zonada gördüklərindən hələ şok vəziyyətdə qalan Məlik başa düşür ki, "Hər şey bitmişdir, nə yeri, yurdu qalmışdı, nə xalqı, nə vətəni, nə ailəsi. Keçmiş yoxdu. Darmadağın edilmiş, yandırılmış, tarmar edilmişdi.
İndi bax beləydi.
Gələcək? Gələcək də yoxdu!"
Gördüyü mənzərələr Anarın ölkəsindən uzaq düşmüş ziyalısının innən belə yaşamaq ümidlərini öldürür. Gördüyü, eşitdiyi, hadisələr artıq onun qardaş Türkiyəyə qayıdıb yaşaya biləcək inamını da məhv edir. Millətinin, xalqının, torpağının belə dəhşətli, acınacaqlı günlərini öz gözləri ilə gəlib görən Məliyin özünün dediyiyi kimi "bundan sonra yaşamağın nə mənası vardı". "Ölümü çarəsizliyin çarəsi" sanan Məliyin fikirlərini də yazıçı alt-üst edir. Ölüm çarə deyildir! Millətin gələcəyi naminə yenidən mübarizəyə atılmalısan, əqlini, zəkanı bu zülümdən, fəlakətdən qurtuluşa yönəltməlisən. Anarın torpağının, millətinin belə dəhşətlərini vətənindən kənarda qalmış ziyalısına gətirib göstərməsi bir çağırışdır, mübarizəyə səsləmədir. Bu çağırış ona otuz ildən sonra Azərbaycana gəlməsinə kömək edən Ərxan vasitəsilə çatdırılır. Ərxan bir növ bu millətin hələ məhv olmamış, babalarımızın dediyi "papaq altda kişilər var" məsələsinə yaxın olan vətənpərvər insanlarının simvoludur. O, yenidən bu millətin dünyanın hər yerinə səpələnmiş ziyalılarını bir yerə yığmağa çalışır, "işıqlı dünyaya yalnız öz gücümüzlə çıxa bilərik" ideyasını ən aktual məsələ kimi qarşıya qoyur.
Məlik öz aləmində gördüyü bu dəhşətlərdən qurtulmaq üçün yollar da axtarır. Belə bir məqamda onun Zümrüd quşuna ehtiyacı var. Anar elə bu məqamda onu nağıllar aləmindən götürüb acı həqiqətin, reallığın içərisinə atır. Ərxan vasitəsilə onu işıqlı dünyaya çıxmaq üçün nağıllardan eşitdiyi tilsimli, sehrkar qüvvələrə deyil, öz qüvvəsinə arxalanmasının gərək olduğunu bildirir. Hamının birləşib əsil həqiqətləri başa düşüb, birlik yaratmağını, o birliklə qara qoçdan-qaranlıq dünyadan bir qüvvəylə birləşərək çıxıb, ağ qoçun- işıqlı dünyanın sahibi olmaq yolunu göstərir. İşıqlı dünyaya çıxmaq, müstəqil Azərbaycan dövlətini yenidən bərqərar etmək, onun müstəqilliyini özünə qaytarmaq, ərazi bütövlüyünü təmin etmək imkanı "hamımızın" birliyində, gücündə olduğunu bildirir.
Ərxan dağılmış, parçalanmış Azərbaycanın taleyini düşünən, dünyanın hər yerinə səpələnmiş qəlbində millət, xalq, vətən məhəbbəti olanları, onu əziz tutanları bir yerə yığmaqla qara qoçun aparıb çıxardığı qaranlıq dünyada çabalayan Azərbaycanını işıqlı dünyaya qaytarmaq istəyən qüvvələrin, millətini sevən ziyalıların zümrəsidir. Bir zamanlar xalqını, millətini milli birliyə səsləyən Məliyin ölkədən uzaqlarda qalmasını eşidib, onu da Azərbaycana -doğma elinə gətirib hər şeyi öz gözləri ilə görməsinə şərait yaratmaqla yenidən Məlik kimilərin milli qeyrət hissini oyandıran, onların gücüylə qara qoçun üzərinə minməyə məcbur edilib qaranlıq dünyaya düşən xalqını yenidən azadlığa çıxarmağa çalışan "gizli təşkilatın nümayəndəsidir". Axı Məlik özü də bunu sezir. Deməli, bu millət həmişə mübarizədədir. İtirir, tapır, əldə edir, yenidən qara qüvvələr öz işini görür, və yenidən, yenidən… Və bu gün də bu millət dardadır. Məlik bir zaman Ərxanın xəstə övladlarını dünyaya qaytarıb, onu xoşbəxt edib. Bu gün də bolşevik, demokrat pərdəsi altında məhvə məhkum olan Məliyin Beyrəyi-Boryası, Burlası-Burası elə "ölüm ayağındadır". Onları bu ölümün, sonu olmayan faciənin içərisindən qurtarmaq üçün Məlik kimi ziyalıları ölkəsinə gətirməklə boryalar, buralar kimi milyonlarla azəri balasını qurtarmağa səsləyir.
Gördüklərindən dəhşətə gələn Məliyi ümidsizliyə qapılmamağa, vuruşa, mübarizəyə çağırır. Ailəsinin, vətəninin, torpağının, xalqının artıq məhv olduğunu düşünən, bir də işıqlı gələcəyinin olacağına inanmayan Məliyin diqqətini Ərxan "Sizin hələ bir şansınız da var" deyə döyüşən qoçlara-mübarizə yoluna tərəf yönəldir. Həyat mübarizə meydanıdır, döyüş meydanıdır. Məlikməmmədlinin babası ağ-qara qoç mübarizəsində ağ qoça minsə də qara qoçun üstünə atdırılır. Məlikməmməd ruhdan düşmür, qaranlıq dünyanın çətinliklərinə sinə gərir, onun əjdahalarını öldürür, pislik, yamanlıq istəyən qüvvələrini məhv edir, nəhayət, haqq-ədalət carçısı Zümrüd quşu onun apardığı ədalətli mübarizə naminə işıqlı dünyaya çıxarır. Deməli, qaranlıq dünyadan çıxmaq üçün Anarın dediyi kimi "Əvvəla, ağ qoçu qara qoçdan seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə minəndə elə möhkəm oturmalısan ki, səni qara qoçun belinə ata bilməsin". Əldə etdiyin xoşbəxtliyi də qoruyub saxlamaq üçün deməli, mübarizə aparmalısan.
Və yaxud, bu xoşbəxtliyi əlindən vermiş olan hər kəs yenə də ruhdan düşməməlidir. "Göydən hələ üç alma düşməyib", yəni hələ dünyanın sonu deyildir, bu həyat nağılı davam edir, insan yaşayır, yaşayırsa, həyatda mübarizə aparmalı, xoşbəxt həyatını təmin etməlidir. Bu xoşbəxtliyə mane olan qüvvələrə qarşı bu mübarizə meydanında divlərə də qalib gəlmək olar. Unutmayın ki, "divlərin canı bir şüşədədir". Deməli, Məlik ümidini üzməməlidir. Ona verilən ağlın, zəkanın qüvvəsindən istifadə etməklə bu günkü Məlikməmmədli "ağ qoçun belinə sıçrayıb işıqlı dünyaya" çıxa bilmək üçün şanslıdır.
Ərxan obrazı burada nağıllarımızdan tanıdığımız Zümrüd quşuyla qarşılaşdırılır. Ərxan adının özündə bir məna var. O bir növ çətinə düşən bir xalqın, istəyinə qovuşmaq istəyən bir həsrətlinin, çətin uzaq yollarını yaxın edən, dara düşənin köməyinə çatan Xızır Nəbini də xatırladır. Otuz il övlad, ailə həsrətində olan Məliyin doğma vətəninə gəlmək üçün yollarını asanlaşdıran, övladlarının sağ olduğunu eşitmək, onları öz gözləri ilə görmək səadətini ona nəsib edən Ərxan onu çətin məqamda ölümün pəncəsindən qurtaran, ümidsizliyə qapılmağa qoymayan, mübarizə dolu həyat yolunu göstərən, yaşamaq, yaratmaq, həyat simvolu olan Xızır Nəbidir.
Anar "Məlikməmməd nağılı"ndan götürdüyü bir sitata "sədaqətli" qalaraq Ərxanı Zümrüd quşuna bənzədir. Eyni zamanda "Məlikməmməd nağılı"ndakı xeyirlə şər, ağ qoçla qara qoç arsındakı mübarizədə Məlikməmmədin yardımçısı Zümrüd quşu onu qanadları üstünə götürüb azad işıqlı dünyaya çıxarırsa, burada Anar Məlikməmmədlini belə asan "səadətdən" məhrum edir: "sən yalnız öz gücünlə işıqlı dünyaya çıxa bilərsən" fikri üzərində kökləyir.
Ərxan özünü Zümrüd quşuna bənzədərkən Məlik "Sən də Zümrüd quşusansa, çıxar məni işıqlı dünyaya, qa deyəndə ət, qu deyəndə su verərəm"-deyirsə, Ərxan özünü də bu qaranlıq dünyanın sakini bilir və özünün də, Məlikməmmdlinin də, xalqının da, vətəninin də işıqlı dünyaya ancaq öz gücüylə, mübarizəsiylə çıxmasının mümkün olduğunu göstərir. Ərxan Məliyin fikirlərini nağıllardan insanların aldığı gücə, qüvvəyə yönəldir. Məlik bu qumlu sahildə, ömrünün son anının yetdiyini, bundan sonra yaşamağın mümkünsüzlüyünü qəbul edəndə Ərxan onu nağıllar aləminə aparır. "Göydən üç alma düşdü" nağıl motivindən yararlanmaqla insanda həyat, mübarizə eşqini artırmaq üçün "Göydən üç alma hələ düşməyib" ideyasını ortalığa atır. Məliyi artıq "o almalar çürümüşdür" kimi ümidsizliyin əlindən qoparır, həyatın mübarizə meydanına atır. "Göydən üç alma düşməyib", hələ nağılın tamamlanmadığını söyləyir və vətənini göydən düşən üç almaya bənzədir. Elə almalara ki, onların hərəsi bir zonaya düşüb. İnamsızlıq, ümidsizlik içərisində çabalayan Məliyi qüvvə, yaşamaq, mübarizə aparmaq, dirçəlmək şansını əldən verməməyə çağıran Ərxan: "mən birinci gün çiçək açan, ikinci gün çiçəyini tökən, üçüncü gün bar verən almaları" deyirəm fikrinə yönəldir. "padşahın həsrət qaldığı almaları" kəlməsində bu gün xalqının həsrət qaldığı bütövlük, firavanlıq haqqında düşünməyə çağırır. Gerçək, acı həyat hadisələri Məlikməmmədlini "nağılbazlıq"dan uzaqlaşmağa aparırsa, "amma nağıl həyatdan daha gerçəkdir" fikri haqqında düşünməyə də sövq edir və bu inamın işığında Məlik irəliyə doğru- Ərxanın göstərdiyi iki qoçun ağla-qara qoçun mübarizə apardığı səmtə aparır. O səmtə ki, öz gücüylə xalqının arxasında durub, özü kimi minlərlə ziyalını da bu işıqlı dünyaya qovuşmaq üçün mübarizəyə səsləsin.
Anar dünya ədəbiyyatıyla və xalq ədəbiyyatıyla bağlı sənətkardır. Onun əsərlərindəki bu bağlılıq yaratdığı bədii əsərlərin koloritini, təsir qüvvəsini artırır.
Anarın "Ağ qoç, qara qoç" əsəri ədalətin haqsızlıq, xeyrin şər üzərində qələbəsinə inam hissləri üzərində köklənib. Onun əsərində ulularımızdan bizə miras qalan məişət, əxlaq, adət-ənənə, milli psixologiya müdafiə edilir. Yaşadığı cəmiyyətdə hadisələrə azərbaycançılıq baxışı, milli incəliklərimizin qorunub saxlanması ideyaları əsasdır.
Anarın bu əsəri bu günümüz üçün nağıldırsa, sabahımız üçün çalınan həyəcan təbilidir. "Ağ qoç, qara qoç" əsəri bu güngkü nəsildən gələcək nəsillərə keçən, nağıl kimi özündə azadlıq ideyalarına rəğbət, məhəbbət yaşadan mühüm tərbiyəvi əsərdir. Onun nağılında həyat həqiqətləri özünə məxsus real, bədii boyalarla, priyomlarla təsvir edilir. V. Y. Propp göstərir ki, "nağıllar yarandığı dövrü göstərir, ancaq bu göstərmə o dövrdə baş vermiş real hadisələri bir başa köçürmək deyil. Öz xüsusi qanunları ilə əks etdirmədir." Anarın utopik və antiutopik nağılları olan "Ağ qoç, qara qoç" da bu gün cəmiyyətimizdə, məmləkətimizdə mövcud olan və bizi bu işıqlı, azad cəmiyyətdən qaranlıq cəmiyyətə apara biləcək real hadisələr çoxdur. O real hadisələrin də Anar öz yaradıcılıq prizmasından təhlilini verir, gələcəkdə nə kimi hadisələr baş verə biləyəcindən oxucunu duyuq salır.
Nağıllarımızın əsasında duran ideyalar Anarın nağıl motivləri üzərində köklənmiş bu əsərində də əsasdır. Nağıllarda olduğu kimi "Ağ qoç, qara qoç" əsərində də əsas ideya xalqımızın xoşbəxt gələcək uğrunda, ədalətsizliyə, haqsızlığa qarşı mübarizəsidir. Anarın nağılı acılı-şirinlidir. Vətənini, millətini firavan, xoşbəxt, qayğısız görmək istəyi hər bir dövrdə, hər bir zamanda uluarımızın arzusu olmuşdur. Anarın əsərinin birinci fəsli (mən belə adlandırardım) sanki həyata keçmiş həmin arzuların ən əsrarəngizidir. Xalq elə bir cəmiyyət arzulayır ki, bu arzu, istək Anarın nağılında həqiqət donunu geyinib. Eyni zamanda bu əsərdə millət öz istəyinə çatmaq, Anarın əsərində yaratdığı cəmiyyəti yaratmaq üçün də hazırdır. Ayıqlıq, sərvaxtlıq olsa Anarın arzuları da bir çox utopiklərin həyata keçmş arzuları kimi çin olacaq və bu cəmiyyəti də quracağıq.
Nağıllarda olduğu kimi, Anarın əsərində də bütün hadisələr bir obrazın, məsələn, Məlikməmmdlinin ətrafında cərəyan edir. Buradakı "Məlikməmməd nağılı" ilə bağlı motivlər onun əsərini xalq ədəbiyyatıyla bağlayır. Nağılda Məlikməmməd atasının bağındakı meyvəni yeyən divin arxasınca gedir, qaranlıq dünyaya düşür, mübarizə meydanına atılır, özünə qarşı edilən qəsdlərin, haqsızlıqların intiqamını alır, gücsüzlərə kömək edir, lazım gələndə sehrli qüvvələr də bu haqq yolunda ona kömək edir. Anarın Məlikməmmədlisi əsərin birinci hissəsində gördüyümüz kimi yetkin bir ziyalıdır. Azərbaycanın Çağdaş TV-də çalışır. Məqsədi bütün dünya həqiqətləri haqqında, ölkəsindəki yeniliklər barəsində dünyanı, eləcə də həmvətənlərini xəbərdar etməkdir. Onun övladlarının səsi dünyanın ən böyük elm ocaqlarından gəlir. Dövləti, milləti dünyada ən çox inkişaf etmiş bir dövlətdir və o da bu dövlətin vətəndaşıdır. Onun da Məlikməmməd kimi taleyinə haqsızlıqlarla qarşılaşmaq, Zümrüd quşunun köməyinə ehtiyac duymaq, ölümlə üz-üzə dayanmaq düşür. Anarın qəhrəmanı real qəhrəman, nağılı da real nağıldır. Dolğun və orijinal nağıl yaratmaq özü böyük istedad tələb edir. Anarın nağılı kimi. Hadisələr burada elə reallıqlarla verilir ki, gerçəkliyinə, həqiqiliyinə şübhə yoxdur. Bu inamın əsasında əsərin milli-mənəvi dəyərlər üzərində qurulması, real həyatımızla bağlı şəkildə verilməsi, bu nağılın süjetinin real ola biləcək hadisələr üzərində qurulmasıdır. Adətən, nağıllar həmişə gerçəklik kimi təqdim edilsə də ona inam az olur. Amma biz bu günün prizmasından baxsaq, Anarın nağılında həyat həqiqətləri çoxdur. Biz real həyat həqiqətlərinin yaxşı məcraya çevrilməsini, birinci nağılda verilən bir cəmiyyətə doğru getməyimizi istərdik və bu, xalqın bəlkə də ən böyük arzusudur. Anar öz nağılında milyonların istəyini ümumiləşdirib. Amma bu da həqiqətdir ki, biz bir çox şeylərə bu gün göz yumsaq, bu gün biz ölkə daxilində siyasi partiyaların birliyinə nail olmasaq, həmişə ətrafımızda dolaşan, öz məqsədlərini həyata keçirmək üçün girəvə gəzən qara qüvvələr bizim gələcəyimizi "ikinci nağıl"da göstərilən məcraya da yönəldə bilər və bu qorxu, dəhşət xalqın ziyalı təbəqəsini ayıltmalıdır. Anar maratlardan, qaraxanovlardan xalqını qorumağa çalışır. Anar utopik, antiutopik nağıllarının qayəsini həyatımızdan, bu günümüzdən götürdüyündən nağıllardan aldığımız tərbiyəvi əhəmiyyətli ideyaları bu əsərdən də ala bilərik. Bu əsil həyat nağılıdır, bizim günümüzlə səsləşən həyat nağılıdır.
Hər bir dövrdə böyük sənətkarlarımız nağıl motivlərindən istifadə etməklə yüksək bədii tərbiyəvi əhəmiyyəti olan əsərlər yaradıblar. Nizami əsərlərində nə qədər xalq nağıllarını ( elə götürək "Sirlər xəzinəsi" əsərini) nəzmə çəkərək, yaşadığı dövrün hökmdarlarını, insanlarını bunlardan ibrət dərsi götürməyə çağırıb. Füzuli, Sabir, A.Şaiq, S.S.Axundov və başqaları nağıl motivlərindən yararlanmaqla milli xüsusiyyətləri, adət-ənənələri, xalqımızın gələcək haqqında arzularını, yadellilərə, müstəqilliyimizə əks çıxanlara qarşı mübarizəsini, gələcəyə inamlarını təbliğ etmişlər. Anarın "Ağ qoç, qara qoç" əsərində yararlandığı rəvayət motivləri də əsərinin bədii tərbiyəvi əhəmiyyətinə xidmət edir. Yazıçının yaratdığı Bakı Kommunasının rəhbəri Marat obrazı İsgəndər Zülqərneyni xatırladır. Onun zülümkarlığı haqqında xalq ədəbiyyatında mövzular çoxdur. Bunlardan birində deyilir ki, İsgəndərin anadangəlmə buynuzları olduğundan o, bunu insanlardan gizlin saxlamaq üçün hər dəfə onun başını qırxmağa gətirtdiyi dəlləyi öldürtdürür. İş elə gətirir ki, məmləkətdə dəllək qalmır. Axırda çox çətinliklə bir dəllək tapılır, o da İsgəndərin buynuzunun olduğunu gördüyündən başı qırxılandan sonra qətlinə fərman verilir. Belə olduqda dəllək onun ayaqlarına yıxılır, aman istəyir və and içir ki, bunu heç zaman heç kimə söyləməyəcək. İsgəndər eldə dəlləklərin qalmadığını və dəlləyin ona gərək olacağını başa düşüb dəlləyi öldürmür…
Bir zamanlar Bakıda dəlləklik etmiş, indi isə Bakı Kommunasının rəhbəri olan Marat obrazı bu rəvayətlərin motivlərindən yararlanmaqla yaradılmış qəddar, zalım insan obrazıdır. Onda İsgəndər Zülqərneynə məxsus keyfiyyətlər çoxdur: Bir zaman dəlləklik edən, indi də baş kəsən Maratın tökdüyü qanlar, eyiblərini gizlətmək üçün "bütün başını qırxdığı köhnə müştərilərini bir-bir qırdır" ması bu motivlər üzərində daha təsirli, qüvvətli verilir. Dəhşətli faciələrin səbəbkarı insanların üzünə dik baxa bilmədiyindən eynək taxır, onun şəklinə baxanın nəzərində gözlərində qan görünür. Eyiblərini gizlətmək istəyən dünyanın sahibi olmaq üçün qanlar tökən buynuzlu, qorxunc İsgəndər Zülqərneyn və dəlləklə bağlı motivlər Marat obrazının mükəmməl, müstəbid, qorxunc bir obraz kimi yaradılmasında yazıçının karına gəlir.
Yazıçının "İkinci nağıl"ında Bakı Kommunasının başında duran milliyyətcə azərbaycanlı kimi göstərilən, maratlar, qaraxanovlar peşəsi dəlləklik, çəkməçilik olan yaltaq, özünü hamıdan yüksək bilən, öz qabiliyyətsizliyini yetərincə görə bilməyənlərin və görmək istəməyənlərin, hakimiyyətə can atanların, şəxsi mənafeyini milli mənafeyindən üstün tutanların, xalqı uçuruma aparanların ümumiləşdirilmiş tipik obrazlarıdır. Anarın əsərində nağıl motivləriylə yanaşı, dastan motivləri də güclüdür. Burada "Koroğlu", "Dədə-Qorqud" kimi qəhrəmanlıq dastanlarının obraz və motvlərindən yararlanmaqla yazıçı əsərinin bədii dəyərini, estetik duyumunu artırır. Beyrək, Burla "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmlarınının adlarıdır. Məlikməmmədlinin oğlunun adı Beyrək, qızının adı Burladır. Utopik sandığı Azərbaycanının ziyalı övladlarıdır. Onlar üçün lap qədimdə, minilliklərdən əvvəlki dövrlərdə olduğu kimi oğuz-türk tayfalarının məskunlaşdığı bütün ərazi vətəndir. Bu ən'ənə Anar yaradıcılığı üçün əbədidir. O, daima öz keçmişinin, şərəfli keçmişinin ən'ənələrindən yararlanıb, sənətini o kökün üstündə qurub, yaxşılıqlardan yararlanıb,
"Koroğlu" dastanındakı Qırat, Dürat qəhrəmanın yaxın dostu, çətin yolunu asan edən at obrazlarıdırsa, Anarın "Ağ qoç, qara qoç" əsərində sürət, zaman və hərəkət motivləridir və bu, əsərin bədiiliyini artırır. Anarın əsərindəki adlar milli dəyərləri özündə yaşadır. Onun "Ağ qoç, qara qoç"unda "Qır-at, Dür-at marşurut avtobusları-Bakı-Təbriz marşurutları ilə hərəkət edən avtobusların" adlarıdır. Onun utopik Azərbaycanı sırf milli adlarımızı özündə yaşadır.
Anar da nağıl motivlərindən yararlanmaqla, öz yaradıcılıq təxəyyülünə uyğun şəkildə istifadə etməklə bitkin, bədii, emosional cəhətdən təsirli sözlərdən, ifadə vasitələrindən istifadə etməklə sanballı bir əsər yaratmışdır. Anarın əsərini bizə sevdirən əsərdəki Vətənə, dövlətçiliyin qorunub saxlanmasına, xalqa bağlılıqdır. Milli düşüncə, milli özünüdərk, milli mənəvi dəyərlərə hörmət hava və su kimi bizə lazım olan milli birlik ideyaları Anarın "Ağ qoç, qara qoç" əsərinin uzunömürlü olması üçün təminatdır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah