Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ANARIN «DƏDƏ-QORQUD DÜNYASI»

Anar yaradıcılığında «Dədə Qorqud dünyası» elmi-ədəbi əsəri də mühüm yer tutur. Bu əsəri Anar ulu türkün ən qədim yazılı kitabələrindən biri olan «Orxon-Yenisey yazıları» adı altında toplanan «Gültəkin abidəsi»ndən götürülmüş sözlə başlayır: «Öz eli olan xalq idim, elim indi hanı? Öz xalqım olan xalq idim, xaqanım hanı?» bu misralar türk zəkasının, düşüncəsinin, şanlı tarixi keçmişinin anımıdır, təəssüf, kədər dolu bu misralarda da Anar arzu-istəyi hakimdir: əzəli, əbədi türk dünyasının əzəli, əbədi olması istəyi burada əsasdır.
Anar burada «Dədə Qorqud» dastanlarıyla bağlı elmi fikirlərini xalqla bölüşür. Bunlar Dədə Qorqud haqqında deyilən qiymətli fikirlərdəndir. Dədə Qorqud kitabəsinin Ana kitab kimi dəyərlərini açır. «Belə kitab xalqın mənliyini, mənşəyini və məskənini təsdiq edir, keçmişini və gələcəyini müəyyənləşdirir, özlüyünü, bənzərsizliyini, fəlsəfi və əxlaqi baxışlarını, dünyagörüşünü və dünya duyumunu, etik və estetik dəyərlərini göstərir, xasiyyətinin, məcazının, davranışının ən incə psixoloji çalarların açır, torpağının ətrini və rənglərini, dağlarının əzəmətini, meşələrinin, çaylarının, bulaqlarının sərinliyini, çöllərinin, düzlərinin genişliyini canlandırır».
Kitabın bu şəkildə tədqiqini, ana kitabdakı doğmalığın ən incə detallarının əsərin ruhuna uyğun şəkildə təhlilini verən Anar Dədə Qorqud dünyasının genişliyini, möhtəşəmliyini bir alim, ziyalı, tədqiqatçı kimi gözəl görür. Bu əsərdə digər xalqların ana kitabələrində olduğu kimi xalq ruhu, milli ruh necə hakimdirsə, «Dədə Qorqud»da da milli ruh belə hakimdir. Anar qədim yunanların «İliada», «Odisseya», hindlilərin «Mahabharata», «Ramayyana», iranlıların «Şahnamə», rusların «İqor polku haqqında dastan», qırğızların «Manas», gürcülərin «Pələng dərisi geyinmiş pəhləvan», ispanların «Don Kixot» əsərlərinin adını çəkir və onlarda «xalqın həyat tərzi, güzəranı, ədəb-ərkan qaydaları, adət-ənənələri, milli xarakterin ruhu və dərin mahiyyəti belə əsərlərdə tam şəkildə ifadə olunur»-deyir.
«Azərbaycan xalqının şah əsəri, Ana kitabı»ı haqqında danışmazdan əvvəl tədqiqatçı adlarını çəkdiyi bu əsərlərin böyük tarixi əhəmiyyətini qeyd edir, onların «müəyyən bir xalqın tarixi, mənəvi və estetik varlığını ifadə» etdiyini söyləyir və bidldirir ki, «bu mənəvi sərvətlərsiz onların sahibi olan xalqlar da və bəşəriyyətin küll halında özü də tamam başqa cür görünərdi. Nizami və Nəvai, Li Bo və Basö, Tolstoy və Dostoyevski, Rable və Höte, Ömər Xəyyam və Cəlaləddin Rumi-dünyamız bu adlarsız təsəvvür edilmir».
«Azərbaycan ədəbiyyatının, xalqımızın yaradıcı dühasının ən böyük və ilkin» ifadəsi» kimi qiymətləndirdiyi «Kitabi –Dədə Qorqud» Anar üçün möhtəşəm bir dünyadır. Anar burada xalqının, ulusunun, əcdadının keçmişini, həyatının ən erkən dövrlərini özündə əks etdirən, «bütöv bir dövrün heyranedici zənginliyə malik ensiklopediyası» kimi Dədə Qorqudu bir «dünya» adlanıdırır və bildirir ki, «ən çılğın ehtirasların və incə hisslərin, ən zərif duyğuların, ziddiyyətli insan münasibətlərinin və zərif təbiət təsvirlərinin, igidliyin və comərdliyin, xəyanətin və satqınlığın, məhəbbətin və ölümün, qəzəbin və gülüşün, şadlığın və ələmin qaynayıb-qarışdığı bir dünyadır Dədə Qorqud dünyası».
Anar bu Dədə Qorqud dünyasına on iki məlum boydan əlavə «oğuz eposunun hazırda qalıqlar, qəlpələr şəklində hifz olunmuş parçaları»nı, ümumən oğuzlardan bəhs edən türk dilli və başqa dilli «oğuznamə»ləri, «Azərbaycanın ucqar guşələrinə səpələnmiş azman qəbirlərinin, kənd məzarlarındakı qoç və at heykəllərinin, ilk növbədə Şamaxı tərəfdə tapılmış, alimlərin oğuz abidələri saydıqları və eramızın ilk əsrlərinə aid etdikləri çox ifadəli daş kişi heykəllərini», daxil edir və bildirir ki, «bu dünyada bizə bəldçilik edən Mahmud Kaşğarının (X1 əsr) «Divani-lüğət-üt-türk», Rəşidəddinin (X1U əsr) «Came-ət-təvarix», Əbülqazi xanın (XU11) «Şəcəreyi-tərakəmə» əsərləri, ərəb diplomatı ibn Fədlanın (X əsr), Osmanlı və Avropa səyyahlarının səfər yazılarıdır».
Burada bəzi məsələləri oxucu üçün aydınlaşdırmaq daha məqsədəuyğun olardı. Bildiyimiz kimi, oğuzlar çox qədim bir tarixə malik olub, mürəkkəb bir inkişaf yolu keçmişlər. Oğuzlar haqqında ilk məlumata hələ göytürk dövründə rast gəlirik ki, bu da göstərir ki, türk yaranışından oğuz türkləri mövcuddur. Göytürk imperatorluğu dövründə buraya daxil olan türkdilli qruplardan biri elə doqquz tayfadan ibarət olan oğuzlar olmuşdur. Orta Asiyada ən qüdrətli bir dövlət olan Göytürk imperatorluğunun ən qədim mədəniyyət abidələri olan, tarixə Orxon-Yenisey, bəzən də Yenisey Orxon adıyla daxil olan U1, U111 əsr, bəzi mülahizələrə görə ondan da əvvəlki dövrlərin tarixini özündə yaşadan bu məzar mədəniyyəti oğuzlar haqqında da bir sıra bilgiləri, məlumatları özündə qoruyub saxlayır. Əvvəllər altı, sonralar doqquz boya çatdırılan oğuzların məskunlaşdığı ərazilərdən, ən qədim ərazilərdən deyərdim ki, biri elə Azərbaycan toraqlarıdır, hansı ki, onun böyük bir hissəsi Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Şimali Azərbaycan torpaqlarıdır.
Etnik qruplar kimi əski türk yazılarında xatırlanan oğuzlar Azərbaycan ərazisində ən qədim dövrlərdən məskunlaşmış türkdilli etnoslardandır. Oğuz elləri, onun mərkəzi haqqında tədqiqatçılarımızın bir-birinə zidd mövqeləri olsa da fikirlərində bu məsələyə aydınlıq gətirmələrinin tarixi-elmi əhəmiyyəti danılmazdır. Oğuz boyları, hər tayfanın spesifik əlamətləri haqqında Rəşidəddin məlumat vermiş və oğuz boylarını Boz-ok, Üç-ok kimi iki qrupa ayırmışdır. Rəşidəddin və Yazıçıoğlu Əli də oğuzların 24 boydan ibarət olduğunu söyləmişlər.
Əbülqazii xan xivəli oğuzların 24 tayfadan ibarət olduğunu iddia edərkən «Şəcəreyi –tərakəmə» əsərində qeyd etdiyi belə bir rəvayətə əsaslanır ki, Oğuz xanın altı oğlu olmuş və onların da hər birinin dörd oğlu olduğundan boyların sayı 24 göstərilir.
Rəşidəddin isə oğuzlar haqqında məlumat verərkən bildirir ki, «İndiyə qədər heç kim onların tayfalara bölünməsini və dəqiq adlarını yazıya almamışdır. Onlar haqda məlum olanların hamısı söyləyicilərdən və bu tayfaların ağsaqqallarından, həmçinin onların ayrı-ayrı kitablarından toplanmışdır».
Oğuz tayfa adlarına hələ indi də Azərbaycanda, Türkmənistanda, İran və Türkiyə ərazisində rast gəlinir ki, bunlar da ən əqdim oğuzların bu ərazilərdə məskunlaşdığı barədə verilən məlumatların zənginliyindən xəbər verir.
Azərbaycan ərazisində türklərin-oğuz türklərinin nə zaman məskunlaşdığı məlum olmasa da Bartold Xəzər dənizinin cənub-şərq sahillərində türklərin daha erkən məskunlaşdığını söyləyir və öz tədqiqatlarına əsaslanaraq bildirir ki, «Belə hesab etmək olar ki, Xəzər dənizindən şərqdə yerləşən çölləri türklər hələ U1 əsrdə tutmuşdular, çünki o vaxtlara türklərin sasani farsları ilə toqquşmaları düşür, ərəb coğrafiyaçılarının quzlar adlandırdığı oğuzlar həmin türklərin nəsilləri idi».
Azərbaycan ərazisində ilk dövrlərdə yaşayan oğuzlar qədim oğuzlardır və onlar bu ərazidə yaşayan digər türkdilli tayfalarla, yerli etnoslarla qaynayıb qarışmış, vahid Azərbaycan xalqı formalaşmışdır. Oğuzların qədim bir sənət abidəsi olan «Dədə Qorqud»da qədim oğuzların, ilkin oğuzların ailə, əxlaq münasibətləri, azərbaycanlı olduqları söylənilərkən məhz onların çox-çox qədimdən burada yaşadıqlarına, bu yerlərin əzəli türk torpaqları olduğuna, əcdadımız olan qədim oğuzların azərbaycançılığın inkişafında oynadığı mühüm rolu göstərməklə yanaşı, İsmayıl Şıxlı Oğuz qəhrəmanlıq eposu «Kitabi-Dədə Qolrqud»da oğuz varislərinin-türkmən, azərbaycan və türklərin epik janrı kimi inkişaf yerini, rolunu göstərmiş, bu xalqların etnik birliyini özündə yaşadan «Kitabi -Dədə Qorqud» dastanlarnıa nisbətən Anarın «Dədə Qorqud»unda azərbaycanlı keyfiyyətlərinin üstünlüklərinə daha çox yer verdiyini qeyd etmək istəmişdir.
Oğuzlar müxtəlif ölkələrə böyük qəbilələr halında X əsrdən köç etməyə başlamışlar. Bir qismi isə indiki Türkmənistan ərazisində qalır. X əsrdən başlayaraq onlar Azərbaycana da axışıb gəlir, yerli qədim oğuzlarla və digər türkdilli tayfalarla qaynayıb qarışırlar. Onlar Xəzər dənizi sahilində Dəşti Oğuzan adlanan ərazidə böyük dövlət yaradan oğuzlar artıq həmişəlik buralarda məskunlaşırlar. Dədə Qorqud dastanlarındakı Qaracuq dağı o vaxt oğuzların məskunlaşdığı yerdir. İslam dini qəbul edildikdən sonra oğuzlar şəhərlər salırlar. Manqışlaq, Fərab, Yenikənd və s. buna misal ola bilər. Oğuzların bir qismi Qara dəniz sahillərinə köç edir ki, qaqauzlar onlardandır. Hakimiyyət başında olan səlcuqlar dövründə Kiçik Asiyaya, Azərbaycana onların kütləvi gəlişi başlayır. Oğuz-səlcuq yürüşü nəticəsində oğuzların dövlətçilik qabiliyyətləri Səlcuq hökmranlığına şərait yaradır. Beləliklə, Həmədan, İsfahan Oğuzların əlinə keçir və Səlcuq hökmranlığı qurulur.
Monqol qırğınları dövründə ərəb ölkələrində, Mavərünnəhrdə, İranda, Azərbaycanda yaşayan oğuz səlcuqları Anadoluya köçürlər, bir qismi sonralar Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilərin hökmranlıqları dövründə öz yerlərinə qayıdırlar. «Beləliklə, oğuz tayfaları və tayfa birləşmələri X1-X111 əsrlər ərzində zaman-zaman ayrılmalar, birləşmələr və yenidən ayrılma-birləşmə nəticəsində formalaşmağa başladı». Oğuz dil qrupunun formalaşmasında qıpçaq-karluq, bulqar türk dilləri qrupları da mühüm rol oynamışdır. Bu oğuz-qəbilə ittifaqları əsasında yaranan müasir Azərbaycan, türk, qaqauz, türkmən dilləri bu gün də yaşayır. Onların kökündə «oğuz qrupunun qədim oğuz, qədim Səlcuq, qədim Türkmən, qədim Azərbaycan, Qədim türk-osmanlı dillərinin də varlığı» əsasdır. Oğuz qrupu dillərini səciyyələndirən oğuznamələrdən biri, ən möhtəşəmi olan «Kitabi-Dədə Qorqud» dastanları təkcə oğuz türklərinin abidəsi deyil, eləcə də bütün türk dünyasının faktik dil materallarına uyğunluğu baxımından digər türk xalqlarının da az-çox payı var. Oğuz türkləri ortaq türkdilli xalqlardandır və onların dilinin leksik tərkibi ilə eynidir, tarixi inkişaf nöqteyi-nəzərindən bu şərti bir bölgüdür. Azərbaycan dili oğuz qrupu dilinə aid olsa da o təkcə oğuz qrupu dilləri əsasında formalaşa bilməzdi və bunu bu gün də dilimizdə mövcud olan qıpçaq, uyğur ünsürləri təsdiq edir.
Tədqiqatçılar yeni eradan əvvəl burada məskən salan türklərin –oğuz, qıpçaq, bulqar tayfalarının olması fikrində haqlıdırlar. «Əlbəttə, bu qrupların Azərbaycan ərazisində zaman-zaman miqdarca dəyişkənliyi şəksizdir. Oğuzların Azərbaycana gəlişi U11-U111 əsrlərdən (bəlkə də lap erkən-müəllif) başlamış, X-X1 əsrlərdə bu gəliş kütləvi şəkil almış, X1 əsrin ! yarısında (1035-45) isə səlcuqların güclü axını ilə özünün ən parlaq zirvəsinə çatmışdır».
Anar burada alman alimi Ditsin əsərlə bağlı tədqiqat işlərini yadımıza salır, «Atalar sözü» adıyla nəşr etdirdiyi əsərində Dədə Qorqud dastanlarındakı zərb-məsllərin, müdrik kəlamların bu gün də dilimizdə, folklorumiuzda olduğu kimi yaşamasını, bu dastanla bağlı motivlərin, rəvayət və nağılların Dədə Qorqud dünyasına məxsus olduğunu söyləyir.
Dastan haqqında V. Jirmunskinin və A. Kononovun fikirlərini, burada türk, Azərbaycan və türkmənlərin «tarixi keçmişlərinin bədii əksi» kimi qiymətləndirdiklərini, dastanda əks olunan bir çox motivlərin, qəhrəmanların özbək, qazax, qaraqalpak, tatar, altay xalqlarının dastanlarında da əks olunduğunu açıqlayır. Dədə Qorqudla bağıl rəvayətlərin bu türk xalqları arasında da yayıldığını nəzərə alan alim digər tədqiqatçıların «Dədə Qorqud» abidələrini ortaq türk abidəsi kimi qəbul etmələri fikrinə şərik çıxır.
Azərbaycan ədəbiyyatının tarixi qaynaqlarını araşdırarkən Anar digər ərazilərdə olan oğuz dil abidələrinə və mətnlərinə də toxunur, S. Malovun Orxon abidələrinin dilini oğuz dili olduğu fikrini söyləməsini, N. A. Baskakovun «X-X1 əsr oğuzlarının şifahi dilinin abidəsi Mahmud Kaşğarinin məşhur lüğətidir» fikrini, Yusif Balasaqunlunun «Kutadqu-bilik»-qədim uyğur dilinin abidəsi sayılan əsərinin «müasir uyğurcadan daha çox qədim oğuz dilinə yaxın bir dildə yazılmış» olduğunu fikrini, Fərhad Zeynalovun Orxon kitabələri haqqında söylədiyi fikirləri nəzərə alır və Böyük Sovet Ensiklopediyasında söylənilərn bir fikri- əski oğuz dilindən müasir türkmən, Azərbaycan və türk və qaqauz dillərinin törəndiyini fikirlərini əsas tutur və bildirir ki, «deməli, oğuz dilinin ən qədim ortaq abidələrini Azərbaycan dili tarixinin öyrənilməsi işinə cəlb etmək elmi cəhətdən labüddür».
Anar burada oğuzlarla bağlı rəvayətlərə üz tutur, qədim oğuzların «bədəncə çox iri, azman adamlar» olmasını, bununla bağlı rəvayətləri, eyni zamanda X əsrdə Fədlanın, Əbülqazi xanın, Adam Olearinin və Övliya Çələbiyə qədər oğuzlar haqqında yazanların hamısı «oğuzların adi insan ölçülərindən çox iri, yekə, azman olmasını qeyd» etdiklərini, «Dədə Qorqud» dastanlarında Qaraca Çobanın Ş. Cəmşidovun topladığı rəvayətlərdə «son dərəcədə nəhəng adam kimi» söylənildiyini bildirir. «Kitabi-Dədə Qorqud» mətnlərində Anar bildirir ki, bunlar dönə-dönə, həm də çox parlaq, ifadəli epitetlərlə verilmişdir. Çoban o qədər nəhəngdir ki, bütöv bir ağacı köklü-köməcli yerindən qopara bilir. Sapandı da özünə münasibdir. Sapandla daş atanda «atdığı daş yerə düşməz idi, yerə dəxi düşsə toz kimi sovrulardı, ocaq kimi oyulardı, üç ilədək daşı düşdüyü yerin otu bitməzdi».
Anar diqqətimizi Rəşid bəy Əfəndiyevin Qəbələ yaxınlığında bir qəbirstanldıq haqqında verdiyi məlumata cəlb edir. Rəşid bəy Əfəndiyev yazır: «Su və vaxt işini görüblər: yuyulub açılmış qəbirlərin içində çox vaxt iri skeletlərin çürüyən sümükləri var. Maraqlıdır ki, camaat bu sümükləri azmanlara aid edir və onlara «uğuz olüsü» deyir» Anar onun həmin qəbirstanlıqda Salar-salur pirinin olduğunu söyləməsinə diqqətimizi cəlb edir. Salyan yaxınlığında Qırx çıraq deyilən yerdə də iri qəbirlərin olduğunu, qədim yunan tarixçisi Strabonun albanların çox hündürboylu olması, ovçuluqla məşğul olması, 26 dildə danışdıqları haqqında fikirlərini, Adam Olearinin Dərbənd yaxınlığında gördüyü «Dədə Qorqud qəbri» deyə nişan verilən məzarın da səyyahı böyüklüyü ilə «heyrətləndirdiyi»ni, Urmiyada «Boyu uca Burla Xatun»un qəbri kimi nişan verilən məzarın da çox iri-«qırx pilləkan» ölçüsü olduğunu nəql etdiyini də qeyd edir və oğuzların atlarının da iri olmasıyla bağlı, Gültəkinin atının adının Azman olmasıyla bağlı fikirləri də yada salan Anar bu fikirdədir ki. «Dədə Qorqudun və ümumən oğuzlarını boy-buxunlu, azman olmasına inana bilsək də, hər halda onların rəvayətlərdə gətirilən qeyri-insani ölçüləri, əlbəttə əfsanədir. Amma hər əfsanənin bir gerçəklik mayası var. Bəlkə də iri qəbirlərdə basdırılmaq müəyyən etiqadla, ayinlə, adətlə bağlı imiş və oğuzların özləri də uzaq xatirələrə çevrildikləri çağlarda məhz bu qəbirlərin ölçülərinə görə onlar olduqlarından qat-qat böyük, uca, azman təsəvvür edilmişlər».
Bu baxımdan «Kitabi-Dədə Qorqud» mətnində israrla təkrar olunan «oğuz zamanında», «ol azmanlar» və başqa formullar oğuzların dastan boylarını yaranmasından çox qabaqlar yaşadıqlarına və əsər yaranan dövrdə artıq çoxdan əfsanələşdirildiklərinə tutarlı sübutdur. Bartold «oğuz zamanı»nı islamiyyətin birinci əsrinə aid edir.
Anarın burada azmanların-Oğuzların görkəmi, bunun rəvayətlərdə, yazılı mənbələrdə, Orxon-Yenisey abidələrində də müəyyən şəkildə öz əksini tapmasını, bu fikirlərin Dədə Qorqud mətnlərində də olduğunu bir məsələylə bağlayır ki, dünyanın bir çox yerlərinə səpələnmiş qədim oğuz türklərinin müasirləri türk, türkmən, qaqauz və azəri xalqlarıdır. Dədə Qorqud və digər abidələrdə qədim oğuz düşüncəsi, təfəkkürü çox gözəl işıqlandırılmışdır.
Burada Anarın Dədə Qorqud abidələrinə yanaşma aspekti də dəyərlidir. Adətən, çox tədqiqatçılarımız öz fikirlərində qədim türk xalqları, onların qoyub getdikləri yazılı abidələr, türk dilləri, onun qədim kökləri və s. məsələlərə yetərincə öz tədqiqatlarında yer veririlər. Anarın oğuzların görkəmi, onların qəbirləri, abidələrdə atlarının, silahlarının və s. məişət əşyalarının haqqında söylənilən fikirlərə diqqət yetirməsi təqdirəlayiqdir. Sirr deyil ki, bu gün də Azərbaycan xalqının içində elə oğullar vardır ki, öz görkəmi, boyu, buxunu ilə diqqəti cəlb edir. Mən Kəlbcərdə olarkən orda Yusif adında bir 55-60 yaşlarında kişi görmüşdüm. Onun görkəmini demirəm, təkcə əllərinin böyüklüyü indi gözlərimin önündən getmir. Bəlkə də Yusif kişinin əllərinin çəkisi 4-5 kiloqram olardı. Onun səsinin gurultusu indi də qulaqlarımdadır. Kəlbəcərdə bir elin içində mən elə böyük, enlikürək, hündürboy nəslin nümayəndələrini öz gözlərimlə görmüşəm. Savad nənənin yeddi qardaşı o zaman cəbhəyə gedib qayıtmamışdı. Qarının əlləri indi də gözümün önündədir. İri, kişi əllərinə bənzəyən kobud, qadın əllərindən çox daş, qaya çapan bir kişi əlinə bənzəyirdi və deyirdi ki, eh, bu əll nədir ki, sən mənim qardaşlarımın əllərini, görəydin, boyunu, buxununu, enli kürəklərini görəydin. Hamısı pəhləvana oxşayırdı. Getdilər, qayıtmadılar. İndinin özündə də türk övladları içində belə «azman»lar var və baxmayaraq ki, əfsanələrimizdə bunlar əsanələşdirilmişdi, Anarın dediyi kimi mifikləşdirilmişdi, yenə də özünün dediyi kimi «hər əfsanənin bir gerçəklik mayası var». Zaman-zaman əfsanələrimizdə, rəvayətlərimizdə olduğu kimi bu reallıqları ölkəmizdə səyahətdə olanların dilindən eşitmək, xatirlərində oxumaq da bir daha sübut edir ki, türkün dili, xalları, dövlətçilik qüdrəti kimi onların görkəmi də diqqətdən yayınacaq məsələlərdən deyildir.
Anarın toxunduğı məsələlərdən biri də dastandakı cümlə quruluşları, deyim şəkli, təfəkkür tərzidir. Bu ifadələrin bu gün də dildə sabit qalmasıdır. Dastandakı «taraqqa çatlatmaq», «Sormaq ayıb olmasın», «Nə siz qalın, nə Beyrək qalsın, bir əsgi qaftan verdiniz, başım beynim aldınız», «Oğul, hünər gərək, hünər», «Hünəri oğul atadanmı görür öyrənir, yoxsa atalar oğuldanmı öyrənir, mən səndən nə gördüm, nə öyrəndim», «A bəylər, oğlan qancarı (hancarı) getdi ola?», «Başıma qaxınc, üzümə toxunc olmasın», «bu yağının bir ucu mənə, o biri ucu sənə», «Tfü üzünüzə, altmış kişi bir oğlanı tutamadınız», «Gen dünya başıma dar oldu», «Əminə adam sal gəlsin», kimi ifadələrə diqqətimizi cəlb edən Anar bildirir ki, «dastandan bircə sözünü belə dəyişmədən gətirdiyimiz bu ifadələr», idiomalar «bizim bu gün də danışdığımız dildir». Dilimizdə, dialekt və şivələrimizdə yaşayan belə ifadələrin zənginliyi və bunların dastanın dilində çoxluq təşkil etməsi, az-maz dəyişikliyə uğrayaraq bu gün də dilimizdə yaşaması Anarın fikrincə, «Kitabi –Dədə Qorqud»un Azərbaycan təfəkkürünə, dilimizin ifadə tərzinə qanla, sümüklə bağlı olması müxtəlif elmi dəlillərlə bir sırada ən adi sözlər, cümlələr, ifadələrlə də sübuta yetir. Beyrək üçün elçi gedən Dədə Qorqud qayıdarkən onu «Dədə, oğlanmısan, qızmısan?»- sualıyla qarşılayırlar. Dədə –Oğlanam-deyir.
Bu gün də həmin məqsədlə gedib-qayıdan adamı Azərbaycanda məhz həmin bu sualla qarşılayırlar».
Anarın dastandakı personajlarla, motivlərlə uyğun gələn müxtəlif yer adları diqqətindən yayınmır. Burada müxtəlif kənd adlarının dastanla bağlı şəkildə tədqiqatını aparır: «Dədə Günəş (Şamaxı rayonunda), Dədəli (Ağsu, Füzuli, Xaçmaz), Bayandurlu (Tərtər), Dondar Azaplı, Dondar Quşçu (Tovuz), Dondarlı (Quba, Tovuz), Saler, (Salor?) (Şəmkir), Qamqam («Qam xan oğlu Bayandır), Qazanbulaq, Qazançı (Goranboy, Zəngilan, Ağdərə, Culfa), Bilici Qorqan (Bilici Qorqud?) (Dəvəçi), Xatın bulaq (Füzuli), Xatıncalı (Tovuz), Xatınbəyli (Ağdərə), Qıpçax (Qax), Quzanlı (Ağdam- «Okçı Quzan»).
Tədqiqatçı Göygölün yaxınlığındakı Qazandurmaz dağının adını xalq etimologiyası ilə bağlı şəkildə izahının tərəfdarı olmaqla bərabər, başqa bir etimologiyanın da ola biləcəyini istisna etmir: «Qazanın (Salur Qazan) dayanmadan ötüb keçdiyi dağ. İsmayıllı rayonunda Bədöy bulağı var («Kitab»da bədöy atlar)
Belə bir ifadə var: «Bu-bədöy yoludur, burda yabılar quyruğun bular».
Anar sonra Əbubəkr Tehraninin (XU! əsr) «Kitabi-Diyarbəkriyyə» əsərində Ağqoyunlu hökmdarı Uzun Həsənin «əcdadı və ənsabı haqqında verdiyi şəcərədə Bayandur xanın Uzun Həsənin 53-cü babası kimi göstəril»diyini, bu yarı real, yarı əfsanəvi şəcərənin «60 –cı nəsildə gedib Nuh peyğəmbərə» çatdığını açıqlayır: «Nuhun oğlu, nəvəsi və nəsli aşağıdakı sırada gəlir: Yafəs, Əbülcə xan, Dib yabuq, Qara xan, Oğuz, Günxan, Bayandur xan. Deməli bu şəcərəyə görə Bayandur xan Günxanın oğlu, Oğuzun nəvəsidir. Bayandurdan Uzun Həsənə qədər keçən nəsillər arasında Bəkdüz xan, Bayat xan, Salur xan, Biləkən (Beyləkan) və bəzi başqa adlar maraq doğurur». «Kitabi-Diyarbəkriyyə»dən götürülən məlumata görə, yazıçının fikrincə, «69 addan ibarət bu şəcərədə müəyyən adamların real tarixi şəxsiyyət olmaları qəti təsdiq edilə bilər. Məsələn, Uzun Həsənin 16-cı babası Şəktur xan Xəlifə Məmun və Əmin dövründə (U111-1X əsrlər) yaşamışdır. 17-ci babası Qıpçaq xan U111 əsrdə Əlincə qalasında döyüşmüş, 24-cü babası Sunqur bəy U1-U11 əsrlərdə (islamdan qabaq) Alagöz və Göyçə dənizə gəlib «kəffarla» vuruşmuşdur. Anar burada əsərdən bir sitatı gətirir: «Padşah Bayandur xan (Kitabi-Dəd Qorqud»da da Bayandur xanı padşah adlandırırlar-A) İran, Turan, Rum, Şam, Misir, İfrənc, Xəta, Dəşti, qıpçağı istila etdi; Qarabağ qışlağı və Göycə dəniz yaylaqlarında böyük qurultay çağırdı». Həmin mənbə haqqında məlumat verən X. Koroğlunun Göycə dənizi ilə Kəpəzin ətəyindəki Göygöllə dəyişik saldığını bildirən Anar məsələyə aydınlıq gətirir: «Halbuki Göycə məlum olduğu kimi Sevandır». Anar belə «coğrafi anlaşılmazlıqlara»a da toxunur. Xəzərin müxtəlif adları içində «Saray dənizi» adı olduğunu və bunun Qızıl Ordanın paytaxtı Saray şəhəriylə əlaqələndirilməsinə qarşı çıxır və bildirir ki, «Dənizlə heç bir əlaqəsi olmayan Qızıl Orda paytaxtının Xəzərə nə dəxli var? Abşeronda, Xəzərin sahilində Saray kəndi indi də durur. Bəlkə belə bir dəbdəbəli ad daşıyan kənd vaxtilə doğrudan da mühüm məskən olmuş və öz adını sahilində yerləşdiyi dənizə də vermişdir». Anar bu məsələylə bağlı Şəkinin Daşüz kəndinin Daş (Taş) oğuzlarla əlaqədə ola biləcəyini ehtimal edir və bildirir ki, «daş sözüylə bağlı yer adları yalnız tikinti materialı deyil-çöl, bayır, eşik, dışarı mənasıyla da əlaqədə götürülə bilər».
Anarın fikirlərindəki həqiqətə müəyyən qədər aydınlıq gətirmək istərdim. Oğuz bölgəsində apardığım tədqiqat işləri ilə bağlı bir çox toponimlərin də açılmasına çalışdım.
Oğuz türkləri türk dünyasının çox böyük hissəsini təşkil edir. Onların tarixi çox qədimdir. Oğuz tayfaları, onların adlarıyla bağlı yer adları, toponimlər üstündən min illər keçsə də bu gün də yaşamaqdadır.
Qədim tarixə, böyük mədəniyyətə malik olan 111-1U əsrlərdə Albaniyanın ən böyük vilayətləri olan Şəki-Qəbələ arasındakı ərazidə yerləşən Oğuz rayonu tarixin keşməkeşli dövrlərini yaşamışdır.
Görkəmli tarixçimiz, həmyerlimiz İsrafil İsmayılov yazır ki, " Eramızdan əvvəl 1 əsrdə yaşamış, 17 kitabdan ibarət "Coğrafiya" əsərinin müəlifi, yunan tarixçisi Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar vermiş və göstərmişdir ki, indiki Şəki-Zaqatala zonası (Oğuz da bu bölgəyə daxildir, müəllifdən.) 20-25 əsr ondan əvvəl (deməli, 4500 il bundan əvvəl) abad və əhalisi sıx olan yaşayış yerləri olmuşdur (1-4).
Qədim tayfa və birliklərin adları bu yerlərdə indi də qalmaqdadır. Hələ X1 əsrdə Mahmud Kaşğarlı yazdığı "Divani-lüğəti-t-türk" əsərində Oğuz türklərinin gücündən, qüdrətindən bəhs edir və onların daha güclü boy olduğunu bildirirdi. Bu boyların hər birinin öz adı vardır və bu da göstərir ki, oğuz türkləri uzun əsrlər boyu öz tayfa adlarını qoruyub saxlamışlar. "İç ok" (İç Oğuz) və "Boz ok" (Taş Oğuz) deyilən iki qola ayrılaraq onların bir hissəsi dağətəyi, dağlıq ərazilərdə məskunlaşmışlar. Türklərin ən çox məskunlaşdığı Böyük Qafqaz dağlarının ətəklərində bir çox yer adları, yaşayış məskənləri bu yerlərdə ilk öncədən məskunlaşmış tayfa və birliklərin adlarını indi də özündə yaşadır. Belə ki, Oğuz rayonunun ərazisində Daş üz adıyla tanınan yerdə 1953-1956-cı illərdə arxeoloji qazıntılar aparılmış, bir zamanlar buraların böyük bir yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Əraziyə yaxın yerlərdəki Qazan xan qalası, Vardan türbəsi və digər qala və qəsrlərin adları bir çox tarixi həqiqətlərin yenidən araşdırılması üçün gərəkli, dəyərli, elmi axtarışların, araşdırılmaların dərindən aparılmasınının vaxtının çatdığından xəbər verir. Təsadüfi deyil ki, əslən elə Oğuzda dünyaya göz açmış, bu yerlərin tarixinə dərindən bələd olan çox görkəmli arxeoloq-tarixçi alim Saleh Qazıyevin başçılığı altındakı ekspedisiya burada apardığı qazıntı işləri zamanı Daşüz və ona yaxın ərazidə apardığı tədqiqat işləri ilə, əldə etdiyi nəticələrə görə alimlərə-dilçilərə, tarixçilərə, etnoqraflara dəyərli, elmi yeniliklər bəxş etmişdir. Tədqiqatlar zamanı əldə edilmiş maraqlı, zəngin məlumatlar yer altından çıxan müxtəlif bəzək əşyaları, qab-qacaqlar, əmək alətləri, burada iki kənd- Kərimli (keçmiş adı Vardanlı) və Qarabaldır arasındakı qəbirstanlıqda aparılan tədqiqat işləri bir çox qaranlıq qalmış məsələlərin aşkarlanmasına, aydınlaşdırılmasına imkan yaradır. minillərdən öncə buraya gəlib məskən salmış saklar, skiflər, udilər, utilər və digər tayfaların soykökündə türkdilli tayfaların durduğu, burada lap qədimdən məskən saldığı məlum olur.
Çox hörmətli alimimiz, tədqiqatçımız, türk dillərinin, türk xalqlarının tarixinin araşdırıcısı, ömrünün altmış ilindən bəlkə də çoxunu türk milli mənənvi mədəniyyətinin tədqiqəinə həsr edən yorulmaz alim, bir-birindən dəyərli elmi-tədqiqat, araşdırmalar aparan, əslən Oğuzun Muxas//Muğas kəndindən olan gözəl alim, türkoloq, dilçi Elməddin Əlibəyzadənin sözlərindəki bu tarixi həqiqəti unutmamalıyıq. Bu tarixi həqiqət alimin öz soykökü, milli mənsubluğu haqqında söylədiyi fikirlərdə yatır. Bu sözlər böyük elmi araşdırmaların yekunu olaraq tədqiqatçının gəldiyi nəticədir. Özü də reallığa bağlı əsl həqiqətdir. Alimin ən böyük elmi nailiyyəti olan "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)" kitabında təxminən 8-10 min illik bir dövr tədqiq olunur, burada mənəviyyat tariximizin ilkin qaynaqları açıqlanır. Kitabda tarixi həqiqətlərin təsdiqi naminə 22 şəkil, kitabə, xəritə, sxem və yazı nümunələri verilir, «Mən Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətdli, oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm!!!»
Təlqiqatçının bu sözlərindəki həqiqəti gizlətmək ən azı cinayət ola bilər.
Lap qədimlərdə alimin adlarını çəkdiyi bu tayfalar, bu yerlərdə məskunlaşmış, qaynayıb-qarışmış, çarpazlaşmış Azərbaycan xalqının, millətinin formalaşmasında həlledici rol oynamışdır. Sonralar bu yerlərə axışıb gəlmiş türk tayfaları yerli türk tayfalar ilə qaynayıb-qarışmışlar. Azərbaycan xalqının soykökündə duran bu tayfaların adlarıyla bağlı yer adları bu gün də Oğuz rayonunun ərazisində qalmaqdadır.
Mahmud Kaşğarlının öz əsərində adlarını çəkdiyi "Qınıq"lar, "Qaığ"lar, "Bayandur"lar, "İvfa"lar və ya "Yelfa"lar, "Salğur"lar, "Əfşar"lar, "Bəğti"lər, "Bəkdüz"lər, Bayat"lar, "Eymür"lər, "Qarabölük"lər, "Alqabölük"lər, "İkdir"lər, "Ürəgir"lər, "Tuturca"lar, "Tükər"lər, "Beçenek"lər, "Çuvaldar"lar, "Çəpki"lər, "Çarluq"lar Oğuz tayfalarıdır, boylarıdır. Bu boylar ən qədim və ən cəngavər türk tayfaları əsasında formalaşmışlar. Oğuz rayonunun ərazisində məskunlaşmış Bayat, alpout, Quqarlar, xələc və digər tayfaların oğuz tayfaları olduğunu bildirən tarixçimiz fikirlərində haqlıdır. Bu boylarla bağlı buradakı yer adları türk cəngavərlərinin, qəhrəmanlarının adlarını daşıyır. Məsələn, Vardanlı kəndinin adı tarixdə adı məşhur olan, soykökümüzün əsasında duran tayfa və qəbilələrin ilk dövləti olan Albaniya dövlətinin tarixi şəxsiyyətlərindən birinin adı ilə adlandığı şübhə doğurmur. Musa Kalankatuklunun "Albaniya tarixi" əsərinə əl gəzdirib "özününküləşdirmək" siyasəti yeridən ermənilərin fırıldaqçı tarixçilərinin, din xadimlərinin yalançı yazılarına baxmayaraq bu kitabda bir çox tarixi həqiqətlər yaşamış və bu günümüzə gəlib çatmışdır. Erməni sərkərdəsi kimi qələmə verilən Vardan Cəsur Vardan olub, bir zaman Alban dövlətinin möhkəmlənməsində mühüm rol oynayan, əski türk tayfalarına yaxın olan hunlarla əlaqələr yaradan, onların alban dövlətinin ərazisinə gəlməsində, buradakı yerli türk tayfalar ilə qaynayıb-qarışmasında mühüm rol oynayan əski soykökümüzə mənsub bir şəxsiyyət kimi qiymətləndirilməsi həqiqətdir. Kəndin ərazisində indi də qalmaqda olan "Vardan türbəsi" adlanan abidələrdən biri bu adla bağlı bəzi məsələlərə aydınlıq gətirmək baxımından qiymətlidir. Döyüşkənlik, cəsurluq, yenilməzlik Cəsur Vardana-bir türk oğluna məxsus keyfiyyətlərdir. "Albaniya tarixi" kitabında öz döyüşkənliyi, cəsarəti ilə tanınan "Vardanı hunlar ölkəsinə səfir göndərdilər və ona hunlarla danışıqlar aparmaq və sarsılmaz ittifaq bağlamaq haqda tapşırıq verildi. Bütün baş verən hadisələr barəsində xəbərləri eşidən hunlar hər şeyi öz gözləri ilə görmək üçün oraya nümayəndə göndərdilər və görəndən sonra səmalardan endirilmiş qanunlara əsasən and içdilər, xaçpərəstlərin möhkəm ittifaqı haqda anlayışlarını qəbul etdilər. Beləliklə, bütün arzularına nail oldular" (Ziya Bünyadov).
Soydaşlarına yaxşılıq edib hunlar sülh şəraitində Qafqaza gəlmişdilər. Böyük Hun imperiyası yaratmış, tarixdə ad almış həmişə gözəl təbiəti, iqlimi sevən türklər-hunlar bu yerlərdə məskən salmış, yerli türk tayfalarının razılığı ilə bu yerlərə səfər etmiş və sonralar burada da məskunlaşmışlar. Vardan da onların layiqli elçisidir.
Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində Varaz Qriqorun babası Cavanşirin ulu babası Cəsur Vardan Mehranilər sülaləsindən olub, ilk dəfə olaraq xristianlığı qəbul etmişdir. O, Alban hökmdar sülaləsinin - Arranşahların 60 nümayəndəsini zəhərləyib və hakimiyyətin tamamilə Mehranilərin əlinə keçməsinə nail olmuşdur. Movses Kaqankatvatsi öz əsərində İgid Vardanı Aqyen dini yığıncağının iştirakçısı "Girdmanın hakimi" adlandırırdı.
Görkəmli tarixçi yazırdı ki, "Mehranın nəvəsi İgid Vardan Arranın Arranşahların sülaləsindən olan keçmiş hakimlərinin son 60 nümayəndəsinə yemək vaxtı "zəhərli çörək" verib məhv etdi və bundan sonra bütün Arran qəti olaraq yeni sülaləsinin əlinə keçdi. İgid Vardanın nəvəsi Vara Qriqorun (628-636) hökmranlığında Mehranilər xristianlığı qəbul etmiş, hətta iki dəfə xaçaçuran edilmişdir. Birinci dəfə imperator İrakli, ikinci dəfə isə Katalikos Viro tərəfindən xaç suyuna salınmışdı. Mehranilər sülaləsinin görkəmli nümayəndəsi Varaz Qriqorun ikinci oğlu knyaz Cavanşir idi (638/7-680). Onun hökmranlığı dövründə ərəblər aranı istila etməyə başladılar.(Ziya Bünyadov).
Söhbət heç də xristianlığın və ya islam dininin qəbul edildiyi tarixdən deyil, Vardan kəndinin adı etimologiyası ilə bağlı aparılan işdən gedir.
Türk tayfalarında yer adlarının türk xalqlarının igid, cəsur oğullarının adıyla adlandırılması bizə məlumdur. Çünki bu xalqlar öz qəhrəmanlarını, onların sücaətini, adını əbədiləşdirmək ənənəsinə lap qədimdən malikdirlər və Vardan kəndinin adı da bu qəbildəndir.
Oğuz-türk tayfalarından birinin adı "Bayandur"lardır. Mahmud Kaşğarlı "Divan"ında "Bayandur"lar haqqında məlumat verir. Oğuz rayonunun "Bayan" kəndinin adı bu tayfa, boyun adıyla ilişgəlidir. "Kitabi -Dədə Qorqud" dastanında Oğuz elinin xaqanı xanlar xanı Bayandır xandır. Oğuz rayonunda Oğuz qalası, Qazan xan qalası və digər qədim qala və abidələrin adları nəyi sübut etmir? "Bayan" kəndinin adı da Bayandurlar qəbiləsinə, oğuz-türk tayfasına aiddir. Bu adla bağlı yer adları respublikamızın digər ərazilərində də vardır. Şəmkirdə, Şamaxıda Bayan dağı, Türkiyədə Bayandur şəhəri, Bərdədə Bayandurlu kəndi, Laçında Bayandurlar çayı, Oğuzun Qumlaq-Bayan şosse yolunun kənarındakı Bayandır talası adlanan yer adları oğuzların "Bayandur"lar adlanan böyük tayfasının adıyla bağlı yer adları olduğuna şübhə edilmir.
Oğuz rayonunun ən qədim yaşayış məskənlərindən olan Daşağıl kəndinin adı da türkdillidir. "Daş" (dış) və "Oğuz" kimi eləcə də dışarı (kənar) kimi izah edənlərin fikriylə yanaşı, bunu da nəzərə çatdırırıq ki, bu kənddə böyük ağıllar-qoyunçuluq üçün yararlı yerlər çoxdur. Hətta xalq arasında belə bir rəvayət də vardır ki, ölkənin hökmdarı təsərrüfatı, mal-qaranı yadellilərin işğalından qorumaq üçün Xalxalda, Daşağılda böyük ağıllar tikdirmişdilər. Bu ağılların qalıqları indi də qalmaqdadır. Daşağılda Qazanın ağlı deyilən ərazidə daşdan-çay daşlarından tikilmiş tikililərin qalıqları özünün tarixi araşdırmalarını gözləyir. "Daşağıl" sözü həm çoxlu daş yığınının mövcud olduğu ərazi, həm də qoyunlar saxlanan ağılın ( daş hasara alınmış ərazi) daşdan hörüldüyünə işarədir. Bu kənd coşqun dağ sellərinin yığıb gətirdiyi daşlarla zəngindir. Və bu kənddə evlərin əksəriyyəti çaylaq daşlarından tikilmişdir. Ərazidə mal-qara örüşü üçün əlverişli şərait vardır.
Oğuzun Qarabulaq, Qarabaldır kənd adları bir zaman yüksəklik, ucalıq rəmzi kimi götürülən dual təsəvvürlərdən əvvəl yaranmış "Qarabölük"dür. Bu kəndlərin adları da tayfa adlarıyla bağlı ola bilər. "Kitabi-Dədə Qorqud" dastanlarının qəhrəmanları Qarabudaq, Qaragünə kimi Qarabaldır, Qarabulaq kənd adları da türk mənşəli olub qədimdir.
Söylənilən bu məsəllərin sayını artırmaq da olar.
Anar öz fikirlərinidə müəyyən tarixiçilərin söylədiklərini də əsas götürərək gəldiyi nəticəni söyləyir. Ziya Bünyadovun və Hüsaməddin Məməmdəovun 1728-ci ildə tərtib edilmiş bir vergi «Dəftərinə» əsasən 1985-ci ilin 21 iyun tarixli «Ədəbiyyat və incəsənət» qəzetində dərc olunmuş yazılarından aşağıdakı sitatı gətirir: «XVIII əsrdə Qazax tərəflərdə Alpout, Baysunqar, Qutkənd kimi yer adlarının, habelə Qorqud, Bayandur, Öküz, Uyğur, Turxan kimi şəxs adlarının mövcud olduğu göstərilir» və adların söylədiyi fikirlərin təsdiqinə yönəldiyini bildirir. Bütün bunlarda müəyyən həqiqətlər var.
Anar «Kitabi-Dədə qorqud» dastanlarının əhəmiyyətini təkcə onun ədəbi abidə olmasında görmür, həm də bunu əsas göürür ki, «Kitabi-Dədə Qorqud» tariximizin təməl məsələsi-Azərbaycan xalqının mənşəyi və məskəni məsələysiylə barbaşa bağlıdır, daha doğrusu, bu məsələlərin tam dəqiqliklə açılması üçün ən etibarlı mənbə və məxəzdir».
O, Drezden nüsxəsində kitabın tam adının «Kitabi-Dədəm Qorqud ala lisani taifen oğuzan» şəklində olduğunu bildirir və bu addan və kitabın məzmunundan çıxış edərək «Dədə Qorqud oğuzlarından danışmaq olar»-deyir.
Anar öz fikirlərində «oğuz» anlayışı üzərində düşünərkən bildirir ki, «bəzən ümumi oğuz anlayışı «Kitabi-Dədə Qorqud»da haqqında bəhs edilən oğuzlarla tam eyniyyət təşkil etmir. O digər mətnlərlə müqayisəli şəkildə bu fikirlərini söyləyir ki, «runik daş abidələrdə öz həyatlarını əks etdirmiş «Orxon oğuzlarıyla» nəğmələri, zərb-məsəlləri, rəvayətləri «Divani-lüğət-üt-türk»də toplanmış oğuzlarla, X əsrin ərəb diplomatı ibn Fədlanın Volqa boyunda rastlaşdığı məişətlərini, adətlərini müfəssəl və müəyyən ifratla, ikrahla təsvir etdiyi oğuzlarla, hətta Xivəli Əbülqazi xanın «Şəcəreyi-tərakimə»sində tarixləri qələmə alınmış oğuzlarla «Dədə Qorqud oğuzlarını» bir sıra ümumi cəhətlər yaxınlaşdırsa da bunlar başqa-başqadır. Məişət, inam, tarixi rəvayətlər və hətta dil (ən yaxın ortaqlıqları dildir) baxımından bir-birindən çox fərqli xalqlardır.
Anar burada fikrilərini sübuta yetirmək üçün Fədlanın gördüyü oğuzların adətləri ilə Dədə Qorqud adətləri arasında fərqi göstərir. Dədə Qorqud oğuzlarında ər öləndə onun arvadını, atını, qul-qaravaşının da öldürmək adəti yoxdur. Əksinə, Bamsı Beyrəyin ölüm qabağı vəsiyyətini, Səkrəyin döyüşə gedərkən arvadına söylədikləri vəsiyəytləri, onların ər öldükdən sonra azad, istədikləri kəslə ailə qura bilmək imkanlarını açıqlayır.
Dədə Qorqud oğuzları ilə digər oğuzların adətləri arasındakı fərqlərin yalnız dini səbəblərlə izah edilməsinə də Anar şübhə ilə yanaşır və əsaslandırmağa çalışır. Fədlanın təsvir etdiyi oğuzlar hələ müsəlmanlığı qəbul etməyiblər, Kitabdakı oğuzlar isə müsəlmandırlar, Dədə Qorqud oğuzları eyni zamanda islamaqədərki adət-ənənələrini qoruyub saxlayırlar.
Anar «Kitabi-Dədə Qorqud» dastanlarının yarandığı yer kimi sırf Azərbaycanı, eləcə də onun Ermənistan, Gürcüstan ərazisinə qatılmış azərbaycanlıların yaşadıqları əraziləri əsas götürür və bu ərazilərdə yarandığı məsələsində qəti israrlıdır. O, dünyanın bir çox tədqiqatçılarının bu fikirlərini əsas götütür. Məsələn, V. V. Bartold bu dastanların «Qafqaz mühitində yarandığını», A. Y. Yakubovski Drezden nüsxəsinin Azərbaycanda «yazıya alındığını», K. İnostrantsev, V. Jirmuniski, A. Kononov kimi məşhur türkoloqların «Dədə Qorqud»un «Azərbaycan xalqının əcdadları tərəfindən yaradıldığını» təsdiq etdiklərini əsas götürür. Bunula bağlı Anar ən məşhur türk alimlərindən olan M. F. Köprülünün, Əflatun Cəm Güneyin, Suad Hisarçının, Orxan Şaiq Gökyayın və Mühərrəm Erkinin də dastanın ən çox azəri türkləri ilə bağlılığı fikirlərinin də dediklərinə əyani sübut olduğunu göstərir. O, Erkinin aşağıdakı fikrini verir: «Kitabi-Dədə Qorqud bütünlüklə Azərbaycanın törəməsidir. Bu barədə yalnız şəxs adları və kitabın toponimiyası çox şey deyir. Yalnız bu deyil, əsərin dilində də Azərbaycanın damğası var. Kitabın məzmunuyla tanış olan kimi bu ölkəyə düşürsən. Leksika, frazeologiya, morfologiya, sintaksis hər sətirdə bizi Azərbaycan türk diliylə qarşılaşdırır».
Qədim oğuz, türkmən və Azərbaycan folkloruna dair qiymətli əsərlərin müəllifi Xalıq Koroğlunun Dədə Qorqud oğuzlarının məskəni haqqında söylədiyi bir fikri-«onlar Azərbaycanın demək olar ki, bütün müasir ərazisində və Ermənistan, Gürcüstan ərazisinin müəyyən hissələrində yaşayırdılar. Bu–müasir azərbaycanlıların indi yaşadığı yerlərlə tam uyğun gəlir» də.
Anar Həmid Araslının, Ə, Dəmirçizadənin, Ə. Sultanlının, M. Rəfilinin, Təhmasibin fikirlərinə də şərik çıxır və Dədə Qorqud oğuzları haqqında bu qənaətə gəlir ki, bir halda ki, sovet və dünya elmi Dədə Qorqudun Azərbaycan xalqına mənsub olduğunu təsdiq edir, onun tarixi əhəmiyyəti də göz önündədir «Deməli, «Kitabi-Dədə Qorqud» Azərbaycan oğuzlarının əsəridir və Dədə Qorqud oğuzları Azərbaycan ərazisində məskun olan azərbaycanlılardır».
«Kitabi-Dəd Qorqud»un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir.
«Kitab»ın ikinci xidməti isə ondan ibarətdir ki, Dədə Qorqud oğuzlarının, yəni Azərbaycan ərazisində yaşayan oğuzların qədimliyi, başqa sözlə desək, «Kitabi-Dədə Qorqud»un qədimliyi-bu torpaqda yaşayan azərbaycanlıların bu torpaqda yaşamalarının ən çox uzaq tarixinə tutarlı dəlildir».
Anar bu məsələlərin Azərbaycan tarixi üçün vacib məsələlər olduğunu əsas tutaraq bunların üzərində daha ətraflı dayanır. Niyə vacib sayır? Bildirir ki, «ona görə vacibdir ki, həmin məsələnin şərhində düyünlü, bəzən də tam məntiqsiz məqamlar var. Əgər biz «Kitabi-Dədə Qorqud»u qəti şəkildə Azərbaycan ədəbiyyatı nümunəsi hesab ediriksə, əgər «Kitab»da söhbətin oğuzlardan (Azərbaycan oğuzlarından-A) getdiyinə şəkk-şübhəmiz yoxdursa və deməli qədim Azərbaycan oğuzları bizim əcdadlarımız, dədə-babalarımızdırsa, o zaman niyə bəzi tarix kitablarımızda oğuzlardan basqınçı, işğalçı, həm də gəlmə kimi danışılır? Bu «ikibaşlı münasibət», «elmi riyakarlıq» birdəfəlik aydınlaşdırılmalıdır. Nə üçün bugünkü dilimizlə, bugünkü yer adlarımızla-toponim və hidronimlərimizlə heç bir əlaqəsi olmayan, adətlərini, məişətini, inam və əqidələrini, fəlsəfi və əxlaqi baxışlarını bilmədiyimiz cürbəcür qəbilələri-onların bəzilərinin adlarını belə dilimizdə nalayiq səsləndiyinə görə bura gətirməyi rəva bilmiriəm-qeydsiz şərtsiz Azərbaycan xalqının etnogenezinə daxil edirlər, xalqımızın soykökünün əsasını, özülünü təşkil edən Dədə Qorqud oğuzları haqqında isə həqarətlə, nifrətlə, qəzəblə danışırlar?»
Anarı narahat edən ən vacib məsələlərdən biri də ana dilimizə, kökümüz üzərində qurulmuş dilimizə «gəlmələrin, basqınçıların, işğalçıların dili» kimi baxılmasıdır və burada da Anar sərtliklə danışır: «Ana dilimizin köçəri tayfalar tərəfindən dəyişdirilmiş dil olması fikri təhqiramizliyə bərabər, elmi cəhətdən də əsassız və məntiqsizdir.
Əgər əcdadlarımız bu gün bizim danışdığımız dildən tamamilə fərqlənən başqa sistemli bir dildə danışıblarsa nə üçün dilimizin sintaksisində, morfologiyasında bu güman edilən dilin əsər-əlaməti yoxdur. Dilimiz başqa sistemli daha qədim lay üstündə qurulsaydı, ya bu layla calansaydı, budansaydı belə bir çarpazlaşmanın əlamətləri mütləq aşkar görünməliydi. Halbuki Azərbaycan dilinin quruluşu da onun öz köklərinə, təməlinə və inkişaf qanunauyğunluqlarına bağlıdır. Ən qədim və dolğun dil abidəmiz «Kitabi-Dədə Qorqud» ən saf, ən təmiz, ən az yabançı təsirlərə məruz qalmış bir dilin örnəyidir».
Anar fikirlərində çox haqlıdır ki, əsrlər boyu islamın çox güclü təzyiqi altında dilmiz dəyişib «ərəbləşə bilmədiyi halda, zəngin İran ədəbiyyatının yüz illər ərzində qüvvətli bədii, estetik, mənəvi təsiri dilimizi dəyişdirib farslaşdıra bilmədiyi halda, köçəri gəlmələrin qısa müddətə (X-X! əsrlər) bütün bir xalqın dilini yerli-dibli dəyişdirməsinə necə inanmaq olar?»
Anarın dasitandakı hadisələrin reallıqlarını üzə çıxarmaq üçün söylədiyi fikirlər oğuz tarixinin qatı açılmamış sirlərinə tam olmasa da olsa aydınlıq gətirmək, dastandakı hadisələrin reallıqlara söykəndiyini, bu dastanda bir çox tarizxi məqamların da yaşadığını üzə çıxarmaqdırsa, bunun üçün onun həm yazıçı, həm də bir alim-tədqiqatçı kimi də əməyi yüksək dəyərləndirilməlidir.
Anar bəzən əsərində bu məsələylə bağlı emosiyalara qapılanda tez də ağılıl, düşüncəli şəkildə hisslərini cilovlayaraq tarixi məntiqə söykənməyi əsas tutaraq mənsub olduğu xalqa, onun tarixi keçmişinə həqarətli baxışlara qarşı çıxır.
Anarın dastandakı dini münasibətlər zəminində söylədiyi fikirlər də maraqlı və həqiqətdir. Burada baş verən hadisələrə dini don geyindirilməsi əsassızdır. Dastanda bəzən obrazların düşmənləri «kafir» adlandırması da xristianlıqla bağlı deyildir. Anar doğru deyir ki, «Burada onlar heç bir konkret xalqı təcəssüm etməyən mücərrəd dastanvari epik yağılardır». Burada «Kafirlər» adlanıdırlanların xaçpərəstlərə uyğun gəlmədiyini Anar dastandakı detallarla izah edir və bildirir ki, «Dastanın təsvirlərində çoxallahlılıq, ölülərə yemək payı vermək adəti də vardır ki, bunların heç biri xristian dininə xas deyil. Boylardakı düşmənlər daha çox mifoloji düşmənlərdir və ona görə də onların adam əti yeməklərinə və yedirtməklərinə işarələr var. Dustaq Uruzun ətindən qovurma bişirib anasına yedirtmək istəyirlər. Şübhəsiz, bu əsatiri hiperbolaların real «kafirlərə» heç bir dəxli yoxdur. Oğuzların düşmənlərinin bəzi keyfiyyətləri, «adamcıllıqları» onları daha çox əfsanəvi Təpəgözə yaxınlaşdırır. O da maraqlıdır ki, Təpəgöz özü də dar ayaqda «Qadir Tanrını» çağırır.
Bu xırda detallardan belə aydın olur ki, dastaınn epik döyüşləri mahiyyət etiabarı ilə dini müharibələr, müsəlman-xristian davaları deyil».
Anar dastanda İç Oğuzla Daş Oğuzun bir-birinə qarşı bəslədiyi incikliklərin, savaşların mənbəyini dini müharibələrdə axtarmır və bunları «dini müharibələr deyil, qəbilə arası döyüşlər» kimi mənalandırmaqda da haqlıdır, elə onun öz sözləri ilə desək «Kitab»ın əlimizdəki mətni də belə bir döyüşlə-İç Oğuzla Daş Oğuzun bir-birinə asi, düşmən olmasıyla bitmirmi?» Anar fikirlərini sübuta yetirmək üçün qazax xalqının soykökünün əsasında duran Qıpçaqlarla Qazan arasındakı davanı təsvir edən «Koblandı Batır» dastanını yada salır, burada Qazan xanın «qızılbaşların xanı» kimi təqdim olunduğunu, bu terminin Səfəvi sülaləsindən sonra ortaya atılan termin olduğunu və bunun da «Koblandı Batır» dastanını «Dədə Qorqud» dövrünün hadisələrindən çox-çox sonralara aid olduğunu söyləyir və bildirir ki, «Burada bu müqayisəni gətirməyimizin səbəbi başqadır, ayrı-ayrı qəbilələr arasında gedən döyüşlərin dastanlarda bədii əksi zidd qütblərdən olur, bir xalq üçün adil qəhrəman sayılan igid o biri xalq üçün qəsbkardır və əksinə. Buna görə də Dədə Qorqud Oğuzlarının tarixdə real mövqelərini müəyyənləşdirəndə yalnız oğuzları pisləyən mənbələr deyil, «Kitabi-Dədə Qorqud»da təsvir olunmuş hadisələrə də diqqətlə yanaşmalıyıq».
Anar burada oğuzların digər xalqlarla səmimi münasibətlərinə, kafir qızlarıyla evlənməsinə, qızlarını da verməsinə, oğuzların rum hökmdarlarının qızlarıyla evlənməsinə və s. məsələlərə də toxunur və oğuzların saf mənəvi duyğulara, bəşəri hisslər malik olmasını, zəngin mənəvi aləmi olduqlarını açıqlayır və gətirdiyi detallarla, faktlarla Dədə Qorqud oğuzlarının vəhşi, işğalçı kimi təhlilini verməyə çalışanların qarşısına onların əsil-nəcabətlərini, hərəkətlərini, etik keyfiyyətlərini qoyur.
Anar əsil tədqiqatçı, alim kimi «Kitabi-Dədə Qorqud» dastanlarının islamdan əvvəl yarandığını göstərən faktları açır, burada təkallahlıq, tanrı-göy inamı, onların müsəlman olduqdan sonra da «allaha, peyğəmbərə, imamlara yox, tanrıya, antropomorfik və zoomorfik kultlara tapınması»nı, «öz qılınclarına and içmə»lərini, «qədim onqonlarını-müqəddəs quşlarını unutmadıqların»ı, «suyla xəbərləşdikləri»ni, «qurd üzü mübarəkdir»-demələrini oğuzların milli adət ənənələrini, inam və etiqadlarını açır.
Anar «Kitab»da öz əksini tapan Oğuzların məişəti, məşğuliyyəti ilə bağlı da dəyərli fikirlərini söyləyir. Burada oğuzların həm köçəri, həm də oturaq həyat sürdüklərini özündə yaşadan faktları açır. Onların qul-qaravaşlarının, tacirlərinin olduğunu, əkin, biçin, bağçılıqla məşğul olduqlarını sübut edən «Dəli Domrul» boyunu götürür və orada öz əksini tapan «Tökməsi böyük bizim dağlarımız olur. Ol dağlarda bağlarımız olur. Ol bağların qara salxımlı üzümü olur. Ol üzümü sıxarlar al şərab olur» və s. kimi faktlar onların oturaq həyat sürdüyünü subut edən real faktlar kimi haqlı olaraq tədqiqatçı tərəfindən əsaslandırılır. Onların bəzən yerdəyişmələrini, öz obalarını tərk etməyə məcbur olmalarını, yenidən məqam düşəndə öz yurdlarına qayıtmalarını da Anar yadelli işğalçıların qəfil hücumları ilə bağlayır ki, bunun də haqlı olaraq «Basat-Təpəgöz» boyundan gətirdiyi real faktlarla açıqlamasını verir.
Anar dastanda öz əksini tapan «türkmən» «türkman» məsələlərinə də bir tədqiqatçı kimi həqiqi, real faktlarla aydınlıq gətirir. Oğuzları türkmənlərlə tamamilə eyniləşdirməyin əleyhinədir. «Bir çox məxəzlərdə türkmənlərin yalnız Türkmənistanın indiki ərazisində deyil, eləcə də Qafqaz, Cənubi Azərbaycan, Kiçik Asiya və müasir İraq ərazisində yaşadıqlarını və onların oturaq azərbaycanlılardan fərqləndiyini qeyd edirlər. Bundan belə nəticə çıxarmaq olar ki, türkmənlər qədim oğuzların daha çox köçəri həyat sürən hissəsinə deyilir və bunun izləri müasir Azərbaycan dilində «tərakəmə» kəlməsində («tərakəmə» ərəbcə «türkmən» sözünün cəm halıdır) qalır».
Anar bu fikirlərin boylarda təsdiqləndiyini göstərdiyini, öz əksini tapdığını bildirir. «Qanturalı boyu»nda bununla bağlı məsələlərə aydınlıq gətirir: «Qanturalı boyu»nda sonralar kafiq qızı Selcan xatunu almış Qanturalını atası Qanlı Qoca… evləndirmək istəyəndə Qanturalı deyir: «Pəs varasan, bir cici-bacı türkman qızını alasan…». Burada türkmənlərin oğuzlardan bir qədər fərqli olduqları və türkmən qızlarının nərmə-nazik olmaları fikri var, çünki Qanturalı «vuran –tutan» bahadır bir qızla evlənmək istəyir. Dastanın başqa bir boyunda artıq zərbi-məsəl kimi ağızlarda dolaşan bir atalar sözü gətirilir: «Oğuzun arsızı, türkmanın dəlisinə bənzər». Buradan da eyni mətləb, yəni oğuzların özləriylə türkmənləri ayırmaları məsələsi hasil olur».
Burada Xalıq Koroğlunun söylədiyi aşağıdakı iki fikri ilə razılaşır: 1. «Qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Azərbaycan xalqının etnik qrupuna daxil idilər və Azərbaycan xalqının… mühüm hissəsini təşkil edirlər».
2. «Azərbaycan türkmənləri Şərqdə, Orta Asiyadakı həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənirdilər».
Anar respublikamızda Bərdə və Göyçay rayonlarında «Türkmən» adında kəndin olduğunu bildirir. V. A. Qordlevskinin türkmən dilinin bəzi xüsusiyyətlərinə görə Azərbaycan dilinə yaxın olduğunu söylədiyini, və digər faktların nəticəsi kimi bildirir ki, Azərbaycan və türkmən xalqları dil, tarix, məişət cəhətdən oxşar və fərqli xalqlardır. Orta Asiya və Azərbaycan türkmənlərinin bir-birindən fərqlənməsinin səbəbi kimi Şərqi türkmənlərin tamamilə müstəqil bir xalq, qərbi türkmənlərin «Azərbaycan xalqının tərkib hissəsi, onun köçəri (tərəkəmə) qismi» olmasında görür. V. V. Bartoldun da «Qafqaz türkmənləri» sözünü işlətməsinin bu mənada olduğunu bildirir. Anar fikirlərini belə ümumiləşdirir: «Beləliklə, Dədə Qorqud oğuzları və «Kitab»da adları çəkilən türkmənlər eyni bir xalqın- Azərbaycan xalqının əsasən oturaq və əsasən köçəri hissələrinin daşıdıqları adlardır. «Əsasən» sözünü boş yerə işlətmirik, çünki həm «Kitab»ın mətnində, həm də real gerçəklikdə köçəri və oturaq həyat tərzləri o qədər qaynayıb qarışmışlar ki, onların bir-birindən ayrılması müəyyən dərəcədə şərtidir. Qərbi türkmənlərin diliylə azərbaycanlıların dili tamamilə eyni bir dildir. Fərq yalnız müasir Azərbaycan dilinin tərəkəmə ləhcələriylə, şivələriylə olan fərqi qədərdir. İraqda Mosul, Kərkük və Ərbil dolaylarında yaşayan və özlərini türkmən adlandıran xalqın dilinin müasir türkmən dilinə yox, Azərbaycan dilinə yaxın olması da məhz bu tarixi faktla izah olunur». Və məhz buna görə də İraqda ömür sürmüş «Füzuli dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalqının əhatəsində yaşamışdır»- deyən Rəsul Rzanın qəlbindən qopub gələn sətirlərlə də fikrini bitirir.
«Kitabi-Dədə Qorqud» dastanlarının yaşı məsələsi ən mübahisəli məsələlərdən biri kimi qorqudşünasların diqqət mərkəzindədir. Anar da öz fikirlərində Dədə Qorqudun yaşıyla bağlı məsələni təkcə ədəbiyyat tariximiz- ədəbiyyatşınaslıq üçün yox, həm də «oğuzların nə zamandan bəri bu torpaqları vətən saymaları məsləsi» kimi də ciddi bir problem kimi qəbul edir. O, dastanda bir kəlmə də olsun oğuzların buraya «gəlmə» olması haqqında hər hansı bir faktın, detalın olduğunu görmür, əksinə, döyüşlərdə zəfər çalandan sonra da oğuzların öz yurdlarına qayıtmasının həqiqət olduğunu çox doğru olaraq əsaslandırır: «Deməli, oğuzlar, hər halda dastanın yarandığı dövrlərdə özlərinin bu yerlərin əzəli, binədən gəlmə sakinləri kimi dərk edirlər». Doğrudan da, əgər dastanda bu yerləri sevən, düşmənə qarşı vuruşan, sərhədlərini müəyyənləşdirən, onu qoruyan Səkrək oğlu İmran kimi igidlərin düşmənə qarış vuruşu, torpağı qoruması bir daha öz faktlarıyla sübut edir ki, dastan yaranana qədər və ondan da çox-çox əsrlər əvvəl ilk olaraq bu yerlərdə binə salmış oğuzlar üçün burada gəlmə sözündən danışmaq gülünc olar. Anar tədqiqatçıların X1 əsrdə bu yerlərə gələn türk tayfalarının yerli türk dilli «əhaliylə qarşılaşdı»ğını, «Azərbaycanın yerli əhalisi olmuş türklərlə etnik yaxınlıqları»nın bir çox faktlarla təsdiqləndiyini (X. Koroğlu) əsas götürür: «X. Koroğlunun bu mühüm fikrini belə başa düşmək lazımdır ki, «gəlmə» istilahını o yalnız X-X1 əsrlərdə Azərbaycana gəlmiş oğuzlara şamil edir. Bu oğuzların Azərbaycanda rastlaşdıqları, mənşəyi göstərilib adı göstərilməyən xalq isə məhz elə bayaqdan bəri haqlarında danışdığımız Dədə Qorqud oğuzlarıdır».
X. Koroğlu «Oğuz qəhrəmanlıq eposu» əsərində yazır: «Oğuzlar Qafqazda və Şərqi Anadoluda səlcuqlardan bir neçə əsr qabaq meydana çıxmışlar. Bu barədə, məsələn, ərəb tarixçisi Məhəmməd Vahidi məlumat verir».
Anar bu fikirlərin həqiqət olduğunu sübuta yetirmək üçün tutarlı faktlar gətirir, ən görkəmli, qiymətli məxəzlərə üz tutur, X1 əsr şairi Ənvərinin türkcə yazdığı «Dəsturnamə» poemasında Ön Asiyada yaşayan oğuzların müəyyən tarixi dövrlə əlaqələri haqqında məlumat verən məlumatı göstərir. U1 əsrin sonu-U11 əsrin birinci yarısında- Xəlifə ibn əl Xəttabın hakimiyyəti zamanında ərəb Sərkərdəsi Səd Vəqqas döyüşlərdən birində qələb çalıb qayıdarkən oğuzlarla rastlaşır:
Sədü Vəqqas edib ol fəthi dönər
Yolda bir dağ var, kənarında qonar,
Səd ol dağa tamaşaya çıxar
Bir ulu şəhrə doğru baxar.
Anda qonmuşdu oğuzlar biədəd,
Obalar başdan-başa, yox ana hədd.
Qara evlərilə yüz bin artıq ev.
Bu cahan köhnə sarayı sanma nev.»
Tədqiqatçı poemada dastanda olan Bəkdüz Əmənin adının çəkildiyini, tarixi sima olan ərəb sərkərdəsi İyaz ibn Qulamdan danışıldığını, oğuzların xanının qızını ona ərə verdiyini və bu rəvayətlərin və tarixi şəxsiyyətlərin bir-birilərinə calandığı poemadan hasil olan real məlumat hər halda budur ki, islamın ilk əsrində Qafqazda və Ön Asiyada oğuzlar «mindən artıq evələrə», «başdan-başa hədsiz obalara» malik, biədəd-saysız-hesabsız bir əhali idi. Anar araşdırdığı, əldə etdiyi məlumatlardan bu qənaətdədir ki, «Kitabi–Dədə Qorqud»un yaşı Dədə Qorqud oğuzlarının dövrünü, Dədə Qorqud oğuzlarının Azərbaycandakı ən əski izləri isə dastanın yaşını müəyyənləşdirir».
Anar faktlar əsasında fikirlərinin həqiqət olduğunu sübuta yetirir. Azərbaycan ərazisində skiflər, kimmerlər, xəzərlər və digər azsaylı xalqlarla yanaşı burada ən qədim zamanlarda məskunlaşan Dədə Qorqud oğuzlarının da olması danılmazdır. O, Qafqaza türklərin gəlməsini X, Koroğlunun eramızın birinci əsrinə bağladığını, bu qəbilələri «Pomponi Melanın və İlininin «tyrcae” adlandırdığını, Parfiyalıların türk olmaları haqqnıda fikirləri, fin alimi Donner Parfiya sikkələriylə Orxon-Yenisey əlifbasının hərfləri arasında uyğunluq olduğunu söylədiyini bildirir. Anar bəzi məslələrdə başqa faktlara istinad edir. Z. Yampolskinin, S. E. Takayşvilinin, L. M. Melikset-bekin fikirlərini sitat gətirir. Eramızdan əvvəlki minilliklərdə Yaxın Şərqin mixi yazılarında «turuk» və «turux», qədim misirlilərdə «turşa» şəklində adları qalmış xalqların türk lekseminə toxunur, bunu «yalnız fərziyyələr aləmi» hesab edir. Anar burada bir qədər fərziyyələrin içində yatan reallıqlara toxunur. Anar bu mövzuda araşdırmalar aparan tədqiqatçıları narahat edən məsələlərə hələ 80-ci illərdə münasibətini bildirmişdi.
O, bir sıra tədqiqatçılar kimi əlimizdə türk yazı mədəniyyətiylə bağlı zəngin faktların olduğunu, dilimizin və yazımızın çox qədim tağlara söykəndiyini açıqlayır.
Bir çox alimlər (V.Tomsen, O. Donner və b) Orxon- Yenisey kitabələrinin dili, yazısı üzərində müəyyən fərziyyələr irəli sürərkən R. M. Melioranski bu əlifbanın mənşəyinin dürüst müəyyənləşdirilməsi üçün «Qərbi Türküstanda, habelə bəlkə də Yeddisuda yeni bir yazı» tapılacağına, onda bu məsələnin aydınlıq tapacağına ümid edirdi. Belə bir yazılı gümüş cam «bir gənc yeddisulunun qəbri»ndən tapıldı və «məsələ xeyli aydınlaşdı. Məlum oldu ki, hələ miladdan öncə U-U1 əsrlərdə bu yazı mövcud imiş, onunla epitafiyalar yazılırmış.
Alim E. Əlibəyzadə yazır ki, «İssık» yazısı faktik olaraq sübut etdi ki, «Orxon-Yenisey» əlifbası m. o. Birinci minilliyin ortalarında, indiyədək güman edildiyindən min il də qabaq mövcud idi. Bu əlifbanın yaranma tarixi m. ö. minilliklə də məhdudlaşıb qalmır. Bu tarix çox-çox qədimdir. Buna görə türk yazısını «run yazıları» adlandırıb onu runlara bağlamaq, Skandinaviya germanlarının yazılarına oxşatmaq qeyri-elmidir. Çünki türk yazısının tarixi ondan qədimdir; onun təsir dairəsi də güclü olmuşdur. Məhz qədim türk əlifbası run yazılarına yox, bəlkə də run yazıları ona oxşadıla, bənzədilə bilər».
Daha çox XX əsrin 30-cu illərində türk alimi Ahmet Cavatın dünya əlifbalarının bir kökdən-qədim türk əlifbasından nəşət etdiyi fikrini təqdir edir. Əhmət Cavat yazır: «İndi artıq ən qədim türk yazısı deyildikdə azı 7000 il bundan əvvəl başlayan və beş min ilə qədər (zəmanəmizə ən yaxın Assuri kitabələrinin tarixi m. ö. Birinci əsrə təsadüf edir) bütün Ön Asiya zəminində yetişib inkişaf edən və sönən mədəniyyətlərin yazısı olan mixi (kineiform yazı) və bunun qaynağı sayılan daha qədim türk yazısı başa düşülür. Şumer türklərinin dühasından yaranan mixi yazı Mesopotamiyadan Qafqaza, İrandan və Hindistanın şimalından Egey dənizinə və Misirədək iyirmidən artıq adda anılan millət və məmləkətlərə yayılıb, onların mədəniyyətlərinin ifadə vasitəsi olmuşdur; bundan da qalmayaraq kənani, qədim sami və ya Finikiya adı xatırlanan yazıların da qaynağı olmuşdur; bu yazıdan şərqdə ibrani, hind, uyğur və dünənki mədəniyyətin yazısı olan ərəb əlifbası, Qərbdə isə yunan, etrusk, nəhayət, bugünkü mədəniyyətin yazısı olan latın əlifbası yaranmışdır».
E. Əlibəyzadə dünya elmi fikrinin gəldiyi nəticəni «şumerlər müasir türk xalqlarınnı əcdadlarıdır» fikrini əsas götürərək bildirir ki, islamdən əvvəl də islamdan sonra da «Azərbaycan xalqı və ərazisi Türk dünyasının tən ortasında yerləşib, onun ayrılmaz hissəsi olub, Azərbaycan xalqının mədəniyyət tarixini hər mənada dünyadan ayrı, təcrid edilmiş halda düşünmək olmaz. Bu fikir yazı mədəniyyətinə də aid edilə bilər» fikri tamamilə həqiqətdir.
N. S. Kramer «Tarix şumerdan başlanır» fundamental əsərində bildirir ki, «Tarixdə ilk olaraq Şumerdə insana öz işlərini, fikirlərini və ümidlərini, mühakimə və inanclarını ətraflı və etibarlı əks etdirmək imkanı verən yazı inkişaf etdi (yaş gil üzərində qamış çiling ilə yazırdılar)…Şumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində təzahür etdi. Mixi yazının kəşfi və onun təkmilləşdirilməsi isə Şumerin bəşər tarixinə ən önəmli töhfəsi oldu. İlk yazılı abidələr qədim Şumer şəhəri Urukun («Bibliyada» Erex) xarabalıqları arasında aşkar olundu. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox gil lövhəcik tapıldı. Onlar əsasən təsərrüfat və inzibatçılıq yazılarından ibarət idi. Amma onların arasında bir neçə tədris mətnini də olduğu müəyyən edildi (əzbərlənmək üçün sözlərin siyahısı). Bu onu sübut etdi ki, Şumer mirzələri artıq miladdan ən azı 3000 il öncə təlim məsələləri ilə məşğul olurdular».
Elməddin Əlibəyzadənin apardığı çox illik tədqiqat işlərini, gəldiyi nəticəni və tarixi faktları nəzərə alaraq söylədiyi aşağıdakı fikirləri: oğuz-türk xalqları, dili, mədəniyyəti, onların azəri xalqının soykökünün əsasını təşkil etdiyini, şumerlərin onların da əcdadlları olduqları qənaətini kölgədə qoymaq ən azı böyük haqsızlıq olar. Elməddin Əlibəyzadənin əsil tarixçi, tədqiqatçı kimi söylədiyi aşağıdakı fikirlərini elmin ən böyük nailiyyəti kimi qiymətləndirilməlidir. O yazır: Beş min il öncə «Bilqamıs» dastanının Uruk Dövlət şəhəri divarlarına gil lövhələrə köçürüldüyü mixi (buna «oxşəkilli» yazılar da deyilir) yazılarla Fransa ərazisində tapılan «Qlozel» yazıları arasında 1000-1500 il, «İssıq yazısı» arasında təxminən 3000-3500 il, «İssıq yazısı» ilə «Orxon-Yenisey» yazıları arasında 800-1000 il məsafə vardır. «mixi» yazıların inkişafı «Qlozel» yazılarına və «İssıq» yazısına və başqa yazılara), ondan da «Orxon-Yenisey»ə gəlib çıxınca 7-8 min ilə yaxın və bəlkə də daha artıq bir yol keçilmişdir. Türk xalqlarının şumerlərdən başlanan ədəbiyyatı, dili, dini görüşləri, incəsənəti, maddi mədəniyyəti ailə –məişət tərzi, adət-ənənələri və ümumən mənəvi aləmi ilə yanaşı yazı-əlifba mədəniyyəti də bir-birini beləcə qarşılıqlı şəkildə tamamlamış, inkişaf yolu keçib kamil şəkil almış və buna görə də tarixdə silinməz izlər buraxmışdır.
Belə olduğu halda niyə Dədə Qorqud türk-oğuzlarının yazısı, dili harasa, kimlərəsə bağlanmalıdır?
Dilimiz, mədəniyyətimiz, onun keçmişi, bu günü dilini torpağını, millətini sevən hər bir ziyalı, alim kimi Anarı da düşündürür.
Onun bir alim-vətəndaş kimi xidmətlərindən ən böyüyü budur ki, o bir yazıçı, dramaturq, kinossenraist olmaqla yanaşı, xalqının dilinin, tarixinin, əlifbasının, mədəniyyətinin keçmişi ilə dərindən maraqlanır, oxuduğu, əldə etdiyi məlumatların Azərbaycan-türk mədəniyyətinə verə biləcyi xeyri başa düşmüş, qələmini bu sahədə də itiləmiş, araşdırmalar aparmış, müqayiəslər aparmış, təhlil, tədqiq sahəsində dilimiz, xalqımız, oğuz türkləri, onların ortaq türk mədəniyyəti ilə sıx əlaqələrini, tədqiqini verməyə çalışmış, bu sahədə uğurlu nəticələr əldə etmişdir. O, ərəblərin işğalı zamanı bu ərazilərdə türk qəbilələri ilə rastlaşdığını özündə yaşadan tarixi faktlara üz tutur. 1126-cı ildə farsca tərtib olunmuş naməlum müəllifin əsərində deyilir ki, «Azərbaycan qədimlərdən türklərin əlində olan bir ölkədir» (Ziya Bünyadov).
Anarın Oğuz adıyla bağlı araşdırmaları da diqqətəlayiqdir. Burada əhəmiyyətli odur ki, o da öz bilgilərini qorqudşünaslığa xidmətə yönəldir. O təkcə Dədə Qorqudu, onun qəhrəmanlarını, orada adı «oğuzlar» kimi çəkilən türkdilli xalqının genezisini, oradakı mifikləşdirlmiş tarixi şəxsiyyətlərin üzə çıxarılmasına deyil, bir növ tariximiz üçün qiymətli mənbələrin Dədə Qorqud səhtfələrində yaşadığını sübuta yetirilməsinə çalışır, tarixsçilərə kömək etmiş olur, dəyərli mənbələrin aşkarlanmasına çalışır. Rəşidəddinin «Came-ət-təvarix» əsərinin qədim «Oğuznamələr» əsasında tərtib etdiyini, burada Oğuz xandan geniş danışıldığını, onun «Xəzər və Dərbənd üzərinə köç» etdiyini, o tərəflərdə olan bütün ölkələri ələ keçirdiyini, onun bu yerlərdə yaratdığı «təpə»ni Azərbaycan adlandırmalarını, Rəşidəddinin burada verdiyi maraqlı bir qeydini (Rəşidəddin yazır: «Azər türkcə yüksək deməkdir, «baynan» da zənginlərin, uluların yeri anlamındadır. Bu ölkə bu şəkildə məşhur oldu. Bu gün də Azərbaycan adlanmasının səbəbi budur») də oxucunun diqqətinə çatdırır. Burada Oğuz xanın süni təpə yaratmaq məsələsinə toxunur və «Dədə Qorqud» dastannıda «Tökməsi böyük bizim dağlarımz olur» cümləsini yadımıza salır, əski türklərin dağa, təpəyə inamlarına qayıdır, bunun mifoloji təfəkkürlə əlaqədar olduğunu, «Oğuz kurqanı», «Oğuz təpəsi» kimi təpə –qəbirlərin yaradılmasının türkudilli xalqların «əcdad kimi qəbul etmələri» haqqında Mirəli Seyidovun fikirlərini verir və Oğuz xanla bağlı mifik, əsatiri, əfsanəvi mövzularla yanaşı onun real tarixi şəxsiyyət olması haqqında faktların olduğunu, N. Y, Biçurinin onu Çin mənbələrindən məlum olan Mete ilə eyniləşdirməsini göstərir və bildirir ki, «bütün bu yarıməfsanəvi, yarıgerçək məxəzlərdən hasil olan nəticə budur ki, Oğuz sonralar əsatirləşdirilmiş, daha sonra islamlaşdırılmış real tarixi şəxsiyyət-bir xalqın eponimidir. İslamiyyətdən və hətta eramızdan bir neçə əsr qabaq yaşamışdır və Ön Asiyayla, Qafqazla, konkret olaraq Azərbaycanla bağlıdır. Özü və xalqı buralarda çox qədimdən məskən salmışlar.
Anarın burada toxunduğu məsələlərdən biri də oğuz-türkmən qəbilə bölgüsü məsələsidir. Dastan əsasında danışan tədqiqatçı Mahmud Kaşğarı, Rəşidəddin və Əbulqazinin 24-26 oğuz qəbiləsinin adını çəksə də «Dastan»da belə qəbilə bölgüsünün olmadığını bildirir. Burda yalnız «24 sancaq bəylərindən söhbət getdiyinə» işarə olunur. Tədqiqatçı qeyd edir ki, Bartold qəbilə bölgüsünün oğuzlarda çox sonralar yarandığını, V. Jirmunskinin dastanda belə "«qəbilə bölgüsünün olmamasını dastanın çox qədimliyinə daha bir sübut say»dığını açıqlayır və «Dastan»dakı bölgü sisteminin müqayisəli açıqlamasını verir. Burada Dədə Qorqud oğuzlarının iki böyük qismə-İç Oğuz və Daş Oğuza bölündüyünü, «iki qismlə bərabər sağ və sol bəylərə bölünmək sisteminin» də olduğunu, kökləri Atillaya gedib çıxan bu sağ-sol məsələsinin oğuz təfəkküründə böyük əhəmiyyətini qeyd edir. Ən qədim abidələrinə nəzər salır. Orxon abidələrində («Kiçik Gültəkin» abidəsində) sağda və solda oturan bəylər, başqa rütbəli şəxslər haqqında verilən bilgiləri, Yazıçıoğlunun 24 oğuz qəbiləsinin on ikisinini sağa, on ikisini sola ayırdığını, «Kitabi-Dədə Qorqud»da da bu sağ sol məsələsinə riayət olunduğunu göstərir və bunun bu gün də adət-ənənələrimizdə yaşadığını, bəyin toy zamanı sağ və sol tərəfində sağdış və soldışların oturduğunu yada salan Anar bunu şərti bir təbəqələşmə kimi götürür və bildirir ki, «daha vacibi odur ki, Azərbaycan oğuzları başqa oğuzlardan fərqli olaraq qəbilə bölgüsünə bir o qədər də əhəmiyyət vermirdilər. Əksinə. «Kitabi-Dədə Qorqud» bütün qövmləri bir xalq kimi –Qalın Oğuz kimi görmək istəyən və İç Oğuzla Daş Oğuzun ədavətinə acıyan bir təfəkkürün bəhrəsidir».
Burada tədqiqatçının gördüyü məsələlərdən biri də özünün qeyd etdiyi kimi hadisələrdə o qədər də fəal olmasa da dastanda hakimiyyətin başında Bayandır xanın durmasıdır. Bu da göstərir ki, burada dövlətçilik prinsipləri gözlənilir və bu da dastanda əsas ideyalardan biridir-deyən Anar fikirlərində haqlıdır ki, «Qalın Oğuz elini pərakəndə qəbilələrdən ibarət tayfalar yığnağı kimi deyil, vahid və monolit dövlət kimi görmək arzusundan doğmuşdur. Məhz elə bu baxımdan Bayandır xan belə bir dövlətin səlahiyyətli hökmdarı, Qocam Qorqud isə müdrik salnaməçisiddir».
Anarın Dədə Qorqud şəxsiyyəti, onun dastanda mövqeyi ilə bağlı çox maraqlı, müqayisəli təhlili də elmi cəhətdən dəyərlidir. Burada istinad edilən əfsanə və rəvayətlərdə Dədə Qorqud, onunla bağlı digər türk xalqlarının əfsanələri, bu əfsanələrin «Kitab»da «durul»ması, «aydınlaş»ması, onun müdrikliyinə, qaibdən dürlü xəbərlər söyləməsinə baxmayaraq dastanın hər yerində realist boyalarla əks etdirlməsinə xüsusi diqqət yetirilir. Anarın bu əfsanələrin motivlərindən on iki dizi filmində yararlanması, onun Qorqudla bağlı əfsanə və rəvayətlərin bədii təsir gücündən yararlanması həm yaratdığı əsərin bədii estetik duyumunu artırmağa xidmət edirsə, digər tərəfdən də bu movzuların bədii əsərlərin süjetinə daxil edilməsi onların uzunömürlülüyünün təmin edilməsinə xidmət edir. Zaman-zaman xalq içində yayılan əfsanə və rəvayətlərin söyləyiciləri aramızdan getdikcə çox milli-mənəvi dəyərlərimiz itə-bağa düşmüşdür. Anar bir növ əsərlərinin daxilində bu mövzu və süjetlərin qoruyucusudur. Elə bil bu əfsanə və rəvayətləri bir növ paçportlaşıdırır. Bütün «Oğuznamə»lərin mövzu və ideyalarında əsas motivləri qoruyub saxlamağa çalışır. O motivləri ki, orda oğuz-türk təfəkkürünün zəngin nadir incilərini görürük. Türk mənəviyyatı, türk təfəkkürü, türk yaradıcılığı bəşəri duyğularla zəngindir, çox zəngindir və bu zənginlik dünyanın diqqətini «Dədə Qorqud»a yönəltmişdir, dünya qorqudşünasları bu gün də onu araşdıranda içində daha incə məqamlaır görür, sezir və Anarın istər bu əsərə bir bədii əsər kimi, istərsə elmi nöqteyi-nəzərdən yanaşması təbiidir. Bu əsər üzərində belə geniş diapazonda tədqiqat işi aparan yazıçı, ssenarist, alim mütləq orada gördüyü gözəlləikləri, ümumtürk mənəviyyatının nadir incilərini üzə çıxarmağa çalışacaqdır. Anar belə də edir. Amma Anar Dədə Qoquda həm dil, əxlaq, tarix, tarixi obrazlar baxımından deyil, mifik, əsatiri səpkidən də yanaşır və hər ikisində həm real, həm də əsatiri mövzularda yüksək ideyaların yaşadığını görüb təqdir edir. Burada Dədə Qorqudun ölümdən qaçmaqla bağlı rəvayətlərində, digər xalq içində yayılmış nağıllarda ölümlə bağlı məslələrin islamdan qabaq türk təfəkküründə yaşadığını, türk təfəkkürünün məhsulu olduğunu bildirir. Digər türk xalqlarında –«türkmənlərdə «Qorquda gor qazma» ifadəsi var. Dədə Qorqudun ölümdən qaçması, guya ki, 295 il yaşaması ölümlə qəliz münasibətləri folklor nümunələrində də əks olunur: «ölü desəm, ölü deyil, diri desəm diri deyil, ata qorqud övliya» (V. Radlov. Obrazsı narodnoy literaturı tyurkskix plemen, t. 111. 1870. Str.47)».
«Dədə Qorqud» dastanlarındakı ölümlə bağlı yüksək bədii təsir gücünə malik parçalardan nümunələr gətirən tədqiqatçı («Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu, köçdü. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya! Son ucu ölümlü dünya!») bildirir ki, bu fəlsəfi kədər islama qədərki abidələrdə, xüsusilə Orxon yazılarında ifadə olunmuşdur və Anar Gültəkin abidəsindən sitat gətirir : «Öd tanrı yazar, kişi oğlu kop ölgəli törümüş», «Vaxtı tanrı yazır (bölər) insanların hamısı ölümlü doğulmuşlar».
«Dədə Qorqud» dastanlarında öz əksini tapan bu ölüm-olum məsələləri türk-oğuz fəlsəfi düşüncələrinin məhsuludur.
Anar burada Dədə Qrqudun yaşı məsələsinə, onun tarixi şəxsiyyət olması məsələlərinə də aydınlıq gətirməyə çalışır. Dədə Qorqudun Məhəmməd Peyğəmbərin müasiri olması, onunla yaxın əlaqələr qurması, qəbrinin Dərbənd yaxınlığında olmasıyla bağlı tədqiqatçıların, səyyahların-Olearinin, Övliya Çələbinin, Xalıq Koroğlunun, Yazıçıoğlunun, Gökyayın maralıq fikirlərinə münasibətini bildirir, oradakı reallıqların və Dədə Qorqud şəxsiyyətinin də bu reallıqların içərisində təsdliqini görür. «Qorqud» adıyla bağlı rəvayətləri araşdırır. Oğuz, Qorqud, Xorxut, Xormust adlarının Dədə Qorqudla bağlı tərəflərini tədqiq edir, onun yaşıyla bağlı «xalq yaddaşının və bədii yaradıcılığının solmaz obrazı kimi» ən azı min yç yüz yaşı olduğu qənaətindədir.
Dastanın yaranma tarixi ilə bağlı mübahisəli məsələlərə də tədqiqatçı diqqətimizi yönəldir. Dastanın Drezden və Vatikan əlyazmalarını, bunların nə vaxt yazıya alındığı tarixin olmadığını, Drezden nüsxəsinin kənarında Osman paşanın ölüm ilini bildirən tarixin (993 (1544) , Vatikan nüsxəsində «kitabın sahibini (Seyid Əhməd bin Seyid Həsən) və 1000/1591-ci ili göstərən yazı»nı, əlyazmalardakı bəzi yer adlarını araşdıran tədqiqatçı dastanın digər alimlər kimi, XU, XU1 əsrlərdə qələmə alındığına şübhə etmir, lakin bu dastanların «İqor polku haqqında dastan», «Manas», «Kalevala», «Koroğlu» kimi qələmə alındığı dövrdə deyil, ondan çox-çox əvvəllər mövcud olduğuna inanır. O, dastanın XU1 əsrdə formalaşmasını iddia edənlərə qarşı çıxır: «Kitabi-Dədə Qorqud»u XU1 əsrdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin, Bayandır qəbiləsinin qüvvətlənməsinə bağlamaq kökündən səhvdir. Qədim oğuz dastanına, parlaq bədii, tarixi səhnələrlə zəngin olan «Kitab»a məhz bu dövrdə marağın artması təbii və inandırıcıdır, amma dastanın nəinki bu dövrdə yaranması, kitab halında tərtib olunması haqqında mülahizə də məqbul sayıla bilməz. Elementar metodoloji prinsiplərə görə hər hansı dastanın bizə çatmış nüsxəsinini tarixinə görə onun yaşını, yaranma dövrünü müəyyənləşdirmək düz deyil. «Dastan»ın U11əsrdən əvvəlki dövrlərdə yaranması haqqında ədəbiyyatşünasların və dilçilərin (S. Əliyarov, M. Seyidov, Ş. Cəmşidov, T. Hacıyev, E. Əlibəyzadə, K. Vəliyev) fikirlərini təsdiqləyir və bildirir ki, «dastanın yaranma və formalaşma tarixi haqqında bu fikir məntiqidir».
Dastanın mətnində tutarlı dəillərin olmasını, bu dəlillərin dilinə, məzmununa və formasına görə əsaslandığını söyləyən Anar «Dastan»ın dilinin qədimliyini -U1-U11 əsrin Azərbaycan dili olduğunu irəli sürən Elməddin Əlibəyzadənin, Tofiq Hacıyevin, Kamil Vəliyevin irəli sürdüyü faktlara toxunur. Dastanda ən qədim, artıq arxaikləşmiş sözlərin olması, ərəb-fars tərkiblərinin azlığı, əski sözlərin olması dastanın dilinin qədimliyinə sübutdur. O bildirir ki, « Ərəb və fars kəlmələrinin dilimizə islam təsirilə keçdiyini nəzərə alsaq, «Kitab»ın islamdan qabaq, ya ən azı islamiyyətlə yaşıd olması aydınlaşar. Elməddin Əlibəyzadənin Orxon kitabələrinin və «Kitabi-Dədə Qorqud» dilini müqayisə etməsi bu baxımdan faydalıdır».
Tofiq Hacıyevin, Kamil Vəliyevin, Həmid Araslının apardığı elmi-tədqiqat işlərində də dastanın dilinin qədim olması faktlarının sübut olunduğunu göstərən məlumatları da Anar təqdir edir. Anar burada alimlərin mübahisə doğuran fikirlərinə münasibətini bildirir. Dastanın yaranma tarixini U1-U11 əsrlərə, lakin onun yazıya alınmasını 1X-X1 əsrlərə aid edən bu alimlərin bir-birinə zidd fikirləri ilə razılaşmır: «Halbuki bütün başqa dəlillər (o sıradan bu tədqiqatçıların özlərinin gətirdikləri tutarlı dəlillər oğuz eposunun güman edilən ilk nüsxəsinin daha qabaq yazıya alınmasını nişan verir. Oğuz eposunun Sasanilər dövründə, Ənuşirəvan (521-571) zamanında orta fars dilinə, Harun ər Rəşid (763-809) dövründə ərəb dilinə tərcümə edilmiş fraqmentləri (yaxud bütün tam şəkli) olmuşsa, U1-U111 əsrlərdə Dədə Qorqud əfsanələrinin ayrı-ayrı süjetləri, obrazları (Oğuz xan, Təpəgöz, Basat) ərəb və fars mənbələrində xatırlanırsa-əsərin öz ana dilindəki orijinalı tərcümələrindən sonramı yazıya alına bilərdi?»
Anar fikirlərini tutarlı faktlarla sübuta yetirməyə çalışır. X1U əsrin oğuz tarixçisi Əbu Bəkir Abdullah bən Aybək əd Dəvadarinin «Dürəri- tican» əsərindən «daha qədim yazılı mənbə olan «Ulu xan Ata bitikçi» əsərində Təpəgözlə Basatın vuruşmasından bəhs olunduğunu söyləməsini, onun bu kitabın «Oğuznamə» olduğunu və oğuzlar arasında məşhur olduğunu, «həmin kitabda oğuzların erkən həyatlarından və ilk hökmdarlarından danışıl»dığını burada Təpəgöz əhvalatı və onun «pəri qızından doğulması, oğuzlara qan uddurması və Aruz oğlu Basat tərəfindən öldürülməsi hadisələrinin eynilə «Dastan»da da əks olunmasını göstərir və bildirir ki, «Dəvadarinin nişan verdiyi «Oğuznamə»nin-U1 əsr abidəsi «Ulu xan Ata bitikçi»nin «Kitabi-Dədə Qorqud»la bağlı, ya ən azı onun boylarıyla eyni əsər olmasına əsaslı gümandır». Bu barədə daha əiraflı məlumat verən X. Koroğlunun da fikirlərini dəstəkləyir.
Burada Anar dastanın yunan mifologiyasıyla bağlı süjet uyğunluğunu, «cürbəcür bədii detallar, ayrıntılarla da heyrətamiz dərəcədə yaxınlığı»nı göstərir və Esxilin «Zəncirlənmiş Prometey» əsərində Prometeyin inəyə çevrilmiş biçarə qızı İoyanın dediklərini sitat gətirir:
Əvvala sən bu yerdən sürülməmiş çöllərlə
Şərqə doğru gedəcək, hey gedəcəksən hələ.
Orda rast gələcəksən köçəri skiflərə.
Onların məskənidir geniş düzlər, dağ, dərə…
Xeyli getdikdən sonra o dağların sultanı
Qafqaza yetişərsən, yamyaşıldır hər yanı…
Suları qızıl kimi Pluton nəhri yanında
Təkgözlü Arimaspların saysız orduları var.
Daim at belində səfər edirlər onlar.
Yaxın düşmə onlara…
Anar diqqətimizi elmdə oturaq və köçəri skiflərin olduğuna, «köçəri skiflərin türkdilli qəbilələrdən ibarət olması» ehtimalına yönəldir və bildirir ki, «odur ki, Təpəgöz əhvalatının məhz bu qəbilələrdən qədim yunanlara köçməsi tamamilə mümkündür».
Anar kitabı dünyaya tanıdan Ditsin fikirlərin əhörmətlə yanaşmağı məqsədəuyğun sayır və onun aşağıdakı fikrini bu cəhətdən doğru hesab edir. Dits 1812-ci ildə yazırdı: «Buradakı Təpəgöz başqa sikloplara, hələ Hömerin siklopuna bütün cəhətlərilə bənzəyir. Ancaq oğuz siklopu yunanlardan alınma deyil. Yunanlarınkı bunun təqlididir. Yunanlarınkı köhnə deyilsə, oğuzlarınkı yeni deyildir». Buna görə də dastanın ilk nüsxəsinin qələmə alınmasının 1X-X1 əsrlərə aid edilməsiylə razılaşmayan Anar yazır: «Qədim yunan əsatiriylə bağlı əlaqəni bir qırağa qoysaq belə, hələ U1-U111 əsrlərdə xalqların diqqətini cəlb etmiş, haqqında müxtəlif mənbələrdə bəhs olunmuş və bütünlüklə yaxud ayrı-ayrı parçalarla ərəb, fars dillərinə çevrilmiş oğuz dastanının əsli, orijinalı 1X-X1 əsrlərlə yox, daha qabaq yazıya alınmış sayıla bilər».
Anar tədqiqatlarını davam etdirir, Firdövsinin «Şahnamə»sində mövcud olan süjet və motivlərin «Oğuznamə»lərlə səsləşəməsini də alimlərin diqqətindən yayınmadığını bildirir, onun İran–Turan münasibətlərinin təsvirində «Oğuznamələrdən» istifadə etməsi, burada Əfrasiyabın dördüncü oğlu, Oğuzun atası Qara xan, onun atlıları «oğuznamə»lərdən gələn motivlərdir, «Firdövsinin oğuzları tanıması və oğuz eposuna bələdliyi təəccüblü deyil»dir -deyən Anar bildirir ki, «şübhə yoxdur ki, X əsrin şairi Firdövsiyə müəyyən təsir göstərməkçün «Kitabi-Dədə Qorqud» kimi yüksək bədii dəyərlərə malik «Oğuznamə»lər olmalıydı».
Bu gün əlimizə «qırıq-qırıq parçalar şəklində çatan «Oğuznamə» lərin ən bitkin və dolğun nümunəsi kimi qəbul etdiyi «Kitabi-Dədə Qorqud»un on iki boyunu, Ditsin «Atalar sözləri»ni, Yazıçı oğlunun «Oğuznamə»sində «ayrı-ayrı qəhrəmanlar haqqında söylənmiş sifətlər, «epik kataloqlar» onların adlarıyla bağlı müstəqil və çox maraqlı dramatik süjetlərə malik olan «Oğuznamə»lərin-boyların da mövcudluğundan xəbər verir. Bizə gəlib çatmamış, amma vaxtilə, şübhəsiz, böyük epik bir sikl təşkil edən bu oğuznamələrin toplusu, ümumi həcmi, bəlkə də ucsuz-bucaqsız bir dastan imiş, məsələn, «Manas» qədər böyük ölçülü bir eposa bərabərmiş. Hər halda X əsrdə yaranmış «Şahnamə»yə müəyyən motivlər verən oğuz dastanı aydındır ki, daha qabaqkı əsrlərdə yaranmalı və yayılmalı idi».
Dastanın 1X-X1 əsrlərdə deyil, ondan da qabaq yarandığını göstərən ikinci dəlillərin dastanın məzmunuyla bağlı olduğunu bildirən Anar yazır: «1X-X! əsrlərdə islamiyyətin, onun təfəkkür və əxlaq normalarının müsəlman xalqlarının həyat və məişətinə dərin müdaxilə etdiyini nəzərə alsaq, «Kitab»ın məzmunu, ruhu heyrətləndirəcək dərəcədə dindən uzaqdır.
«Kitabi-Dədə Qorqud» xalqımızın islamdan qabaqkı həyat tərzini və təfəkkürünü əks etdirən əsərdir».
Anar əldə olan nüsxələrlə dastanın yaranması arasında minillik zaman məsafəsini görürür, burada “Allah-Tanrı” qoşalılığı görür, türk tanrısının tam müsəlman allahıyla əvəz olunmadığını duyur, Dədə Qorqudu mənşəyi etiabarı ilə mifik görür, amma dini görmür, “heç yerdə onun soyu, kökü ilk islam xəlifələrinin ya “müqəddəs” ərəb qəbilələrinin kökünə bağlanmır”, dastanın mətnində “totemizmin, şamanizmin, çoxallahlığın xeyli açıq, ya gizli əlaməti, zoomorfik və antropomorfik miflərlə bağlı məqamlar var” (Salur Qazan “Tulu quşun yavrusu, ümmət soyunun arslanı, Qaracağun qaplanı”-deyə tərif olunur. Qazan özü isə:-Ağ qayanın qaplanı erkəyində, Ağ sazın aslanında, Azvay qurd əniyi erkəyində, Ağ sunqur quşu erkəyində bir köküm var-deyir”), Dədə Qorqud dünyasında “çoxarvadlılıq” görmür, burada çadralara bürünmüş “müti müsəlman övrətləri deyil, ərlərinə, atalarına, oğullarına arxa olan, at belində onlarla çiyin-çiyinə qılınc çalan, ox atan qorxmazlardır”.
Anar ingilis qorqudşünası Cofrey Lüisin söylədiyi aşağıdakı fikri-“dastanların tarixi çox qədimdir. İslam tarixindən xeyli əvvəl yaranmış bu dastanlar köçəri oğuzların həyat tərzi ilə islam mədəniyyətini birləşdirir” fikrinə bir az haqlı olaraq “düzəliş” verir və bildirir ki, “Kitab”da söhbət köçəri oğuzların həyat tərzi ilə islam mədəniyyətinin birləşməsindən getmir. “Kitabi-Dədə Qorqud” köçəri və oturaq oğuzların islamdan əvvəl yaratdıqları və sonrakı əsrlərdə yazıya köçürülərkən katiblər tərəfindən azacıq “müsəlmanlaşdırılmış” çox qədim bir abidədir. Yazını köçürən katiblərin əski oğuz bahadırına geyindirdikləri nazik və şəffaf islam paltarının altında Dədə Qorqud oğuzlarının qəlbi vurur, ruhu yaşayır”.
Dastanda onun çox qədim olmasını sübut edən üçüncü fakt Anarın dediyi kimi “onun forması, daha dəqiq desək “şeirləridir”. Anar bununla bağlı olaraq onu düşündürən suallara cavab gəzir: “Dədə Qorqud şeiri düyünlər düyünüdür. Bəlkə də bu düyün “Kitab”ı gah XU1 əsrə, gah X-X1 əsrlərə aid etməklə salınıb. X1U əsr bir yana dursun, “Kitab” hətta X-X1 əsrlər aiddirsə, oradakı şeirlərin belə arxaik forması necə izah oluna bilər? Axı ən geci X1 əsrdə (şübhəsiz daha da qabaq) türkdilli şeirin heca və əruz vəznlərində yazılmış örnəkləri var. Bu çox mühüm məsələdən qorqudşünaslıqda ya heç danışılmır, ya da ötəri şəkildə bəhs olunur. Dastanla ilk tanışlığımdan bəri illər boyu bu məsələni anlamağa çalışmışam. H. Araslı, O. Ş. Gökyay, R. N. Boratav kimi mötəbər qorqudşünaslarla söhbətlərim zamanı onlara da bu sualı vermişəm”.
Anar burada hələ də onun üçün “tam açılmamış bu müşküldən daha ətraflı danışmaq istəyir. Mahmud Kaşğarinin “Divani-lüğəti-it-türk”ündə topladığı, ağızlardan yığdığı, kitabda verilmiş şeir parçalarının heca sayı və qafiyə sisteminə nəzər salır və bu “sistemin – beş, yeddi, səkkiz hecalı şeirlərin Azərbaycan şeirinin qoşma, gəraylı, bayatı kimi janrlarına uyğun gəl”diyini bildirir və buradan götürdüyü
Qorxluq tonuğ özünə
Tatlı aşığ azina
Tutğıl qonuq ağırlıq
Yazsın yavın buzuna
Bu şeir “bayatı adlanmasa da hecalarının sayı (yeddi) və qafiyə sistemi (a, a, b, a) baxımından tipik bayatıdır. Bəs onda Dədə Qorqud Bayat elindən ola-ola, bayatların yaratdığı nadir poetik incini-bayatı formasını niyə bilmir, tanımır? Bu bilməcənin izahı nədir? Yeganə izah Dədə Qorqud nəzminin türkdilli şeirin daha arxaik, daha qədim, ilkin şəkli olmasıdır.
Deməli, Dədə Qorqud şeiri türkdilli nəzmin hələ əruz vəznini mənimsəmədiyi, heca vəznində dəqiq, qəliblənmiş heca və qafiyə sisteminə malik olan qoşmalar, gəraylılar, bayatılar yaratmadığı daha əski dövrlərin, çox-çox qədimlərin yadigarıdır”.
Anar Dədə Qorqud şeirlərinin “hecadan, əruzdan qabaqkı “Kitabi-Dədə Qorqud” mətninin olmasına, bu mətnin X əsrdən xeyli qabaq yaranmasına danılmaz sübut” olduğunu göstərmək üçün bu şeirlərə səbirlə, qayğıyla yanaşır, “kitab”ın özünün, şeirlərinin yaşını daha dəqiqləşdirmək üçün X1-X11 əsrlərin “Qisseyi-Məlik Danışmənd” abidəsinə üz tutur, maraqlı, tutarlı müqayisələr aparır. Bunların bir-birindən fərqli olduqlarını açır, “Qisseyi Məlik Danışmənd”in əruz vəznində yazılmış :
Nüshəsi dört yüzdən artıq yıl imiş,
Yazmış anı türkcə nəsr eyləmiş,
Dört yüz əlli illik əxbarə, ey can
Yatur imiş ol bucaqda yavan
-misralarıyla “Dədə Qorqud”un:
Bəri gəlgil başım baxtı, evim taxtı,
Evdən çıxıb yürüyəndə sərv boylum,
Topuğunda sarmaşanda qara saçlım
Qurulu yaya bənzər çatma qaşlım.
Qoşa badam sığmayan dar ağızlım.
Güz almasına bənzər al yanaqlım
Qadınım, dirəyim, döləyim
- misrasyla tutuşdlurur və bildirir ki, “Dədə Qorqud dünyasının incilərindən olan bu şeir nə qədər zərif, nə qədər qədim, erkəndir. O nə qədər arxaik və nə qədər müasir səslənir”.
Buradakı şeirlərin sərbəst şeirlə çox yaxın olduğunu (almancaya çevirən İohan Heyn), həm ruhən, həm də formaca müasir Azərbaycan şeirinə doğma, yaxın olması qənaətində olan Anar Dədə Qorqud şeirinin “nə əruz, nə də heca vəzninə uyğun” gəlmədiyini bildirir və onu da bildirir ki, “Dədə Qorqud şeiri türkdilli mətnlərin Orxon-Yenisey kitabələrində hifz olunmuş ən əqdim forma və üslub xüsusiyyətlərinə yaxındır”. Steblevanın onlar arasındakı yaxınlığa dair fikirlərinə şərik çıxan Anar bəzi məqamların bir-birinə uyğun gəldiyini, kitabələrdə və “kitab”dakı bir-birinə oxşarlıqların olduğunu, Orxon yazılarında “kəngərəs” sözüylə Azərbaycanda çox qədimdən mövcud olan Kəngərli qəbiləsiylə bağlılığıa dair bəzi tədqiqatçıların fikirlərəinə də müraciət etməklə, dastanla Orxon abidələrinin tədqiqatçılarının müqayisəli şəkildə tarixi araşdırmalar aparmasının tərəfdarı olduğunu, bunun məqsədəuyğun olduğunu söyləyir. Dastanla Orxon abidələrinin dilinin yaxınlığı, cüzi fonetik dəyişmələrlə bu gün müasir Azərbaycan dilində də qalması məsələlərinə aydınlıq gətirən Anar çox maraqlı ifadələrin müqayisəli təhlilini, tədqiqini verir. Həm Dədə Qorqud, həm də Orxon abidələrindəki bir sıra ifadələrin dilçi kimi tədqiqini aparan Anarın bu uyğunluğu türkoloq alim A. Xeyitmetovun sözləriylə bitirməsi fikirlərinə şərik olması deməkdir. O yazır: “Tamamilə aşkardır ki, türkdilli xalqların orta əsr poeziyası (özbək, uyğur, Azərbaycan, türk, türkmən poeziyası) kökü etibarilə qədim türkdilli poeziya ilə bağlıdır, onun ən yaxşı ənənələrini və ideallarını inkişaf etdirir”. Özünün də bu fikirlərini əlavə edir ki, “Hər iki abidə xalqın hafizəsidir, daşlarda (“Orxon yazıları”) və yaddaşlarda (“Kitabi- Dədə Qorqud”) həkk olunmuş ömür salnaməsidir”.
Anar alimlərin tədqiqatlarına, söylənilən faktlara, elmi mülahizələrə və özünün də həqiqəti özündə yaşadan fikirlərinə əsaslanaraq belə bir nəticəyə gəlir ki, “Kitabi-Dədə Qorqud” əcdadımız, ulu babalarımız tərəfindən Azərbaycan torpağında, Qafqaz şəraitində yaradılmış, dilimizin ən qədim möhtəşəm abidəsi, xalqımızın tarixdə zəngin, parlaq və əsgi sorağıdır. Dastan neçə əsrlər və bəlkə də minilliklər ərzində biçimlənmiş, bitkinləşmiş müxtəlif dövrlərin nişanələriylə bəzədilmiş, amma ilk mahiyyətini-ruhunu, dilini, məzmununu və formasını, o cümlədən şeirlərinin formasını saxlamışdır”.
Anar türk dünyası üçün doğma bildiyi Dədə Qorqud dünyasını- Dədə Qorqud ensiklopediyasını görmək istəyir. O yazır: “Kitabi-Dədə Qorqud” da Azərbaycan xalqına mənsub olmaqla bərabər bütün başqa türkdilli xalqların iftixar etdiyi və ədəbi qaynaqlarını əlaqələndirdiyi ucsuz-bucaqsız bir dünyadır. Moskva, Sankt-Peterburq Orta Asiya mütəxəssislərini cəlb etməklə və respublikamızın elm ocaqlarında çalışan qorqudşünasları toplamaqla Bakıda sanballı bir “Dədə Qorqud ensiklopediyası” yaratmaq hünər olardı. “Kiabi-Dədə Qorqud” və əlaqədar mətnlərin əsasında yaranan kəlmələri, yer, şəxs adlarını, məişət, ov, döyüş, musiqi, sənət, ailə, təbiət terminlərini, tədqiqatları və nəşrləri, tarixi sənədləri və bədii əsərləri, folklor örnəklərini və mifik təsəvvürləri əhatə və izah edə biləcək “Dədə Qorqud ensiklopediyası” tarix, ədəbiyyat, musiqi, dil tarixi, coğrafiya, etnoqrafiya və folklorun dərindən öyrənilməsi, açılması, mənimsənilməsi üçün əvəzsiz məxəz olardı. Dünya qorqudşünaslığının bu sahədə təşəbbüsünü gözləmədən ilk addım bizim alimlərimiz tərəfindən atılmalıdır. Dədə Qorqud ensiklopediyası-“Kitabi-Dədə Qorqud”un vətənində –Azərbaycanda yaranmalıdır”. Anar bu arzuları gerçəkləşdirdi, belə bir ensiklopediya dünyada ilk dəfə yarandı və Dədə Qorqud yubileyinə gələn qlnaqlara təqdim edildi. O yubiley gecəsindəki bədii hissənin ssenarisi də Anarın idi.
Anar dastanın yaranmasından əlimizdə olan nüsxələrinə qədər «keçdiyi dövrləri» beş mərhələyə bölür. Bu mərhələlərdən üçünü şifahi, ikisini yazılı mərhəllə kimi xarakterizə edir. Şifahi mərhələləri Dastan dövrü, yazılı mərhələləri isə Kitab dövrü adlandırır.
Dastanının ilk dövrününün «ilk mərhələsi Dədə Qorquddan qabaqkı dövr, tarixin dərinliklərində itən yüzillikləridir ki, bu zamanlar eposun ən arxaik motivləri, süjetləri (məsələn, Təpəgöz-Basat mövzusu) təşəkkül tapmışdır»-deyir.
İkinci mərhələsi kimi U11 əsri götürür. Bu mərhələdə Dədə Qorqud adlı ozanın keçmişdə baş verən və şahidi olduğu hadisələrin, «müasiri olduğu qəhrəmanların sərgüzəştlərini» bədiiləşdirib «Oğuznamələr» şəklində yaratdığını bildirir və bunu da əlavə edir ki, «Həm də oğuznamələrin sayı indi əlimizdə olan boyların sayıyla yəqin düz gəlmir. Süjetlərinə, hadisələrinə müəyyən işarələr qalmış «Oğuznamə»lər bu gün bizə məlum deyil və bizə məlum olan boyların bəziləri daha sonralar da təşəkkül tapa bilərdi. Dədə Qorqud özü qoşduğu, düzdüyü «Oğuznamə»lərin ondan sonra gələn ozanlar tərəfindən söylənəcəyinə ümid edirdi».
«İfa dövrü» adlandırdığı Üçüncü mərhələdə Anar artıq Qorquda «Dədə» deyib, onun yaratdığı boyları çalıb oxuyan ozanların «ol zamanları»-artıq tarix olmuş vaxtları» xatırladığını, bu «Oğuznamə»lərin həm iştirakçısı, həm ifaçısı, həm də yaradıcısı kimi Qorqudu başa düşdüklərini bildirir və «məhz bu dövrdə dastan «Kitab»a çevrilir, yəni yazıya alınır»-deyir.
Kitab dövrünü, yəni yazılı dövrü də iki mərhələyə ayıran Anar bildirir ki, Birinci mərhələdə «kitab şəklində, yüngül bir islam donu geyindirilərək yazıya alınır. Həm də bu mütləq elə bir dövrdür ki, ozanlar heca vəznini mənimsəməmişlər, bu vəznə xas olan sabit heca bölgüsünü, dəqiq qafiyə sistemini icad eləməmişlər. Bu dövrdə yazıya alınan mətnlər «Kitabi-Dədə Qorqud»un güman ki, ilk və ən qədim nüsxəsiydi və bizə məlum on iki boydan əlavə başqa boylar da bu epik silsiləyə daxil idilər. Bunların izləri, qəlpələri Ditsin nəşr etdiyi «Atalar sözləri»ndə, Yazıçıoğlunun «Oğuznamə»sində hifz olunmuşlar. Güman ki, X əsrdə «Şahnamə»də, X1U əsrdə Rəşidəddinin tarixində qədim «Oğuznamə»lərin məhz bu ilk nüsxəsi, ya nüsxələri istifadə olunub. Beləliklə, bu ilk nüsxənin yazıya alınmasını təxminən U11-U111 əsrlərə-Orxon yazılarıyla eyni vaxta aid edə bilərik. Müəyyən boylar-«Oğuznamə»lər daha qabaqlar-U1 əsrdə yazıya alına bilərdi. Buna sübut «Ulu xan Ata bitikçi» adlı əsərin olmasıdır».
Sonrakı əsrlərdə əsərin üzünün köçürülməsi haqqında əldə məlumatların olmadığından Anar ilk və ya sonrakı nüsxələrdən köçürülmüş XU-Xu1 əsrlərin yadigarları kimi Drezden və Vatikan nüsxələrini götürür və bildirir ki, «Bu dövr «Kitabi-Dədə Qorqud»un yaranma prosesinin Azərbaycanda son-beşinci mərhələsidir». Bu mərhələdə dastanın öz ruhunu, məzmununu, şeir formasını saxlamaqla bərabər, «mətndə sonrakı dövrlərin müəyyən əlavələri» olduğunu, «əsaslı şəkildə redaktə» edildiyini, «islamlaşdırıldığını» söyləyir. Buradan da gəldiyi haqlı nəticə budur ki, Dədə Qorqud oğuznamələri min illrdən çox bir dövrdə yaranmış, ifa edilmiş, təkmilləşmiş, yazıya alınmış, üzü köçürülərkən müəyyən təsirlərə məruz qalmış, amma ruhunu, məzmununu, formasının sabitliyini, ardıcıllığını qoruyub saxlamışdır və «bu sabitlik, ardıcıllıq, dəyişərək dəyişməz qalmaq-həm də xalqımızını öz doğma torpağında keçdiyi-çox qədimlərdən başlamış və min illər boyu davam edən tarixi yoluna da xas olan başlıca xüsusiyyətdir».
«Dastan»dakı şeirlərin ölçü-biçimi, poetikası, «oynaq və qıvraq» dili, ritmləri, intonasiyaları, təkrirləri, poetik təşbehlərin əlvanlığı, ahəngdarlığı tədqiqatçının diqqətindən yayınmır, ən incə detallarına üz tutur, onların təhlilini, tədqiqini verir, Dədə Qorqud dilinin möcüzəsindən mənəvi qida alır, dilçi, ədbiyyatşünas, etnoqraf, tarixçi kimi müəyyən tarixi, dəqiq fakt və materialların da nəzərə alınmasını diqqətədən yayaındırmamaqla ən dəqiq mülahizələrini irəli sürür, qorqudşünaslığın Qorqud nəslinin son davamçısı kimi zəngin oğuz təfəkkürünün işığında daha qaranlıq qatlarına aydınlıq gətirməyə çalışır.
Anarın «Dastan»da mövcud olan «sənət tapıntıları»nın dünya klassikasının əzəmətli obrazlarıyla səsləşməsi haqqında yürütdüyü mülahizələr də, «kinematoqrafik» görmə tərzi, «Şekspirin obrazlarını andıran məqamlar»ı yeni fikirlərdir və qorqudşünaslıq üçün maraqlı tapıntılardır.
Dastan yaradıcılarının «çox iti müşahidə qabiliyyətinə malik olması», «təsvir etdiklərini dəqiq təfərrüatla, ifadəli detallarla verə» bilməsi, dastanda «adi, dəqiq, prozaik detalların bolluğu», «dastan mətnindəki şirin, yapışıqlı yumoru» və bütün bunların «onun diriliyinin, sağlamlığının, yaşarılığının əlaməti» kimi təqdir edilməsi, açılması, dastandan gətirilən yerli-yerində faktlar əsasında fikirlərin tam biçimliliyi, elmiliyi də Anar təfəkkürünün zəngjin elmi-bədii potensial gücününün nəticəsidir.
Anar dastanın bütün boylarında «təhkiyənin, üslubun uyğunluğu», «Ruh, məzmun, forma vəhdəti» olduğunu, hadisələrin «ümumi süjeti»nin də dəqiq və müəyyən olmasıyla yanaşı, bir məsləni də diqqətə çatdırır ki, «on iki boyun hər biri nəinki tamamilə müstəqil, başqa boylardan asılı olmayaraq anlaşıla bilən, bitkin «Oğuznamə»ləridir, həm də bu «Oğuznamə»lər müxtəlif janrlara aiddir. «Basat və Təpəgöz» boyu yarıfantastik nağıldır. «Domrul boyu» fəlsəfi poemadır. Qazanla əlaqədar boylar və «Beyrək boyu» çoxşaxəli roman formasına yaxındır. Buğaca, İmrana, Yeynəyə, Seyrəyə aid boylar hekayə, novellalardır. Son boy əsl faciədir». Anar bu «bölgünü» şərti sayır və bildirir ki, «tutalım «Basat-Təpəgöz» boyu əsasən yarımfantastik nağıl stilində yaranıbsa da, burda bir sıra sırf realistik detallar, qəribə psixoloji məqamlar var. İstər Basatın aslan tərəfindən bəslənməsi, istər Təpəgöz kimi mifik surət-nağıl poetikasından xəbər verir. Sehrli üzük, öz-özünə qalxıb enən, çalıb kəsən yalın qılınc və başqa bu kimi detallar şübhəsiz, xalis nağıl ünsürləridir. Amma vəhşi, qaniçən, adam əti yeyən Təpəgöz yeganə gözünü itirəndən sonra elə təsirli, acı sözlərlə özü öz halına ağlayır ki, bu dəqiq psixoloji hal son dərəcə inandırıcıdır və tanış insani hisslərin ifadəsidir». Təpəgözün çox cinayətlər törətməsini dərk etməsi, günahlarının etirafı artıq Anarın dediyi kimi «nağıl poetikası deyil, bu sənətin daha yüksək mərtəbəsidir, psixoloji incəlikləri, mürəkkəb duyğular aləmini əks etdirən bir məqamdır». Anarın özünün dediyi kimi «Doğrudan da «Kitabi-Dədə Qorqud» sirləri açılmaz, hər oxunuşunda qarşımızda yeni-yeni müəmmalar çıxaran bir əsərdir».
Dastanda ən incə bir məqam da tədqiqatçının gözündən yayaınmır. Bu da Qorqud dünyasının nəcib keyfiyyətlərindəndir. «İnsanlar arasında həssaslıq, bir-birinin halını düşünmək, bir-birinin qeydinə qalmaq dastanda qızıl xətt kimi keçir»-deyən Anar bunun «oğuzların ölüm-itim məsələsinə münasibətlərində aşkar görün»düyünü söyləyir.
Dastanda bir keyfiyyət də açılır ki, bu tragizmdir. İç Oğuz və Daş Oğuz igidləri həmişə döyüşlərdə bir-birinə arxa, dayaq olmuşlar. Aruzun təhrikiylə Beyrəyi öldürməli olan Əmən, Alp Rüstəm Qurana əl basıb and içsələr də Beyrəyi öldürmək məqamında ona qıymırlar, «Aruz təkbaşına qılınclayır. Bu səhnə dəhşəti əyani şəkildə, xalis vasitələrlə verilir. Aruz Beyrəyi yaralayarkən o biri bəylər səssiz-səmirsiz, donub qalıblar. Beyrəyin aradan qaldırılması Aruzun fikrincə Qazanın yenilməyi deməkdir. Amma içi Aruz qarışıq Daş Oğuz ərənlərinin heç biri qələbə sevincini duymurlar». Anar dastan qəhrəmanları üçün bundan böyük faciə görmür ki, «Dədə Qorqud dünyasının ən böyük faciəsi-oğuzların öz içlərində bir-birlərinə düşmən kəsilmələri və asi olmalarıdır». Düşmənin yenildə bilmədiyi oğuzların öz daxili kiçik umu-küsülərinin, incikliklərinin oğuz-Dədə Qorqud dünyasına gətirdiyi faciə bu günkü oğuz nəslinin davamçılarına bir ibrət dərsi olmalıdır. Düşmənin bizə gücü çatmaz, əgər öz aramızda ümü-küsüləri, bəzi cılız hisslərimizi boğmağı bacarsaq.
Anar «Kitabi-Dədə Qorqud» dünyasında mənəvi, tarixi, amillərin təhlil və tədqiqi sahəsində əldə edilən yeni faktları zənginləşdirməklə yanaşı bütün «Dədə Qorqud» dünyasının həm elmi, həm bədii, həm də ədəbi epopeyasını elə təkbaşına özü yaratmışdır. O dastanda gördüyü kinematoqrafik görüntülərin üstündən adlayıb keçməyib onu ekranlaşdırdı: ən gözəl milli-mənəvi dəyərlərin ruhunda gənc nəslin tərbiyəsi üçün dizii filmlərini yaratdı, dastanda gördüyü hekayə, povest tutumları əsasında «Dədə Qorqud» povestini yazdı, «Oğuznamə»lərin irili-xırdalı, böyüklü-kiçikli, qəlpəli-parçalı görüntülərini bir araya topladı, bütün «Oğuznamə»lərin bir kökdən-ana kökdən gəldiyinə diqqətimizi daha çox yönəltdi və bu dünyanın həm tarixi-coğrafi-etnoqrafik tərəflərini, həm də bədii-poetik düşüncələrinin hərtərfli elmi-ədəbi təhlilini verdi. Qorqudşünaslığa bir sənətkar, alim, ziyalı oğuz övladı kimi əlindən gələn köməyi etməyə çalışdı ki, zaman-zaman türk dünyasının möhtəşəm abidəsinin həmişəyaşarlığıının təmin olunması üçün hər bir oğuz-türk aliminin, ədəbiyyatşünasının, tarixçisinin, etnoqrafının dastanda gizlənmiş sirrləri açılmasmış məqamlarına diqqət yönəltməli olduğunu yadına salsın, hər kəsin bu yolda payına düşən məsuliyyətini unutmasın. Dünyanın tarixi şumerlərdən-türklərin əcdalından başlayırsa, bu türkün möhtəşəm qolundan biri də oğuzlardırsa, onların sivil bir xalq kimi öz keçmişiylə, layiqli keçmişiylə fəxr etməyə haqqı olduğunu dünyaya bəyan etmək lazımdır, eləcə də bu gün bir zamanlar qoltuğumuza sığınıb bizdən imdad istəyən nankor ermənilərə də oğuzların kimi olduğunu sübut etmək asan olacaqdır və olur da.
İsmayıl Şıxlı onun Dədə Qorqud dünyasına müraciətini, belə bir «elmi, ssenarist, publisisit» əsərini yüksək qiymətləndirir, burada qoyulan problemlərin, milli kökə bağlılılq, azırbaycançılıq məsələlərinin kökününün dərinliklərə gedib çıxdığını qeyd edən sənətkar yazırdı: «Mənə elə gəlir ki «Dədə Qorqud dünyası» indiyə qədərə «Dədə Qorqud» haqqında yazılan bütün elmi araşdırmalara istinad edilərək, onların əsarət zəncirindən uzaqlaşaraq, müstəqil mühakimələr əsasında yaradılmış emosional, emosional olduğu qədər də elmi bir əsərdir.». İsmayıl Şıxlı bu əsərdə iki «cəhəti» xüsusilə diqqəti cəlb etdiyini bildirir. Və o yazır ki, bu cəhətlərdən «birincisi Anar «Dədə Qorqud» oğuzlarının başqa oğuzlardan fərqli olduğunu, öz adət, psixologiya, əxlaq, ailə münasibətləri, məhəbbət və sədaqət anlayışları ilə azərbaycanlı olduqlarını və bunların bizim torpaqda ta qədimdən yaşadığnın, bir sözlə bizim özümüz və kökümüz olduğunu sübut edir. İkinci cəhəti odur ki, Anar «Dədə Qorqud» dili ilə, «Dədə Qorqud» əxlaqi, psixoloji, etnik xüsusiyyəti ilə, indiki azərbaycanlıları müqayisə edərək oxşar cəhətlər, daha dəqiq desək, indinin özündə də yaşadılan cəhətləri axtarıb tapır. Heç şübhəsiz, bu əsər qorqudşünaslığı zənginləşdirəcəkdir».

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah