ANAR VƏ MOLLA NƏSRƏDDİN-86

«Molla Nəsrəddin -86»sında iyirmi ildən sonra da Anar hələ də cəmiyyətdə yaramazlıqların kökünün kəsilmədiyini görüb bu mövzuya qayıdır, üz tutur 80 yaşlı Molla Nəsrəddinə, onunla yenidən «dərdləşir». Onun «Sizi deyib gəlmişəm» deyərək gəldiyini, gülməliyə güldüyünü, «ağlamalıya» da güldüyünü yada salır, onu da yada salır ki, «dediyini dedin, damğaladığını damğaladın, nadürüstlər nadürüstlüyündən, kəmfürsətlər kəmfürsətliyindən, yaltaqlar yaltaqlığından, axmaqlar axmaqlığından yorulmadılarsa, sən də onları ifşa etməkdən, hamısına öz payını verməkdən yorulmadın».
Yazıçı onun güldüyü, çirkin əməllərini ifşa etdiyi sultan, dərviş, milyonçu, qoçu olmasa da amma, «kisə-kisə kağız pulu çamadana, sandığa yığıb yerin altında basdıranlar»ın, «orda-burda yüz-yüz əlli araq vurub, üstündən də nəşə çəkib bulvarda covlan eliyən, qız-gəlinə sataşanların, cəyillərin, xuliqanlar»ın kökünün kəsilmədiyini, rüşvətxorlar, yerlibazlar, nadanların hələ də cəmiyyətdə mövcud olduğunu görür, onların kökünün kəsilməsi üçün Molla Nəsrəddin kimi qələmi gülüşdən olan, amma öldürücü, ifşaedici, islahedici gülüş olan bu gülüşə ehtiyac olduğundan dinc oturmur.
Molla Nəsrəddinin güldüyü, ifşa etdiyi əyər-əskiklərin bu gün də mövcud olduğunu, intəhası bir qədər adının dəyişdiyini, eyni məsələləri özündə qoruyub saxladığını Anar gizlətmir.
Bir zamanlar rüşvətin kökünü kəsməyə çalışan Molla Nəsrəddinə üz tutur o: «Mehriban Molla babam! Rüşvətə acı-acı gülmüsən, amma vallah, rüşvət də hələ meydandan çıxmayıb, intəhası adı dəyişilib: indi rüşvət demirlər, hörmət deyirlər.»Nə hörmət eləyim səninçün?»-yəni ki, aşna, düzünü de görüm, könlündən nə keçir, pul deyirsən pul, daş-qaş deyirsən daş-qaş, dublyonka, nəbilim layka-lama o da göz üstə, maşın, vəzifə-sən bir him elə, düzələr. Ən ölüsü bədə-bəddə bir əntiqə qonaqlıq».
Əsrin sonlarına yaxın da yerlibazlığın mövcud olduğu, onun xalqa vurduğu mənəvi zərbələr tənqid edilir. Bir zamanlar Molla Nəsrəddinin də «yerlibazlıqdan zənd zəhlə»si getdiyini, ona qarşı mübarizəsini yada salan üçüncü Molla Nəsrəddin təəssüf hissilə «elə bilirsən indi yoxdur?… var, əziz babam, elə var, elə var, heç bəlkəm sənin ağlıva da bu cürəsi gəlməmişdi»-deyir, yerlibazlığı «kamal əhlinə» qarşı cinayəti kimi götürür. Bir rayonda, bölgədə «dünyaya gələnlərin hamısı ucdantutma kamal əhlidir» deyərkən kimləri ifşa etmir Anar, kimlərə nifrətini bildirmir.
Anar bunları görür, Anar bunlardan da dəhşətlisini görür, Molla Nəsrəddini əli çıraqlı gəzir: «avamın, nadanın əlindən dad-bidad edirdin, babam, elə bilirsən, avamın, cahilin, nadanın day izi-tozu qalmayıb… yox babam, yox, vallah yox, billah yox, cağbəcağ sağ-salamatdırlar, bili-bitdan kimi, kefləri kök, damaqları çağ-hərəsi də özünə bir yaxşı peşə tapıb-başqalarının başına ağıl qoymaq peşəsi….birisi var, adın soruşursan, deyir ki, qoy bir əvvəlcə əlaqədar yoldaşlarla razılaşdırım, sonra cavab verim. Başqa birisi var küçədə gedəndə divara qısıla-qısıla gedir ki, kölgəsi düşməsin-öz kölgəsindən qorxur… başqa birisi də var- böyüyü şəhərin bu başında asqıranda şəhərin o biri başından zəng vurub afiyət olsun-deyir… biri var tarix yazır, sübut eləmək istəyir ki, bu xalq səhvən öz dilində danışır, gərək ta qədimlərdən bəri tamam başqa bir dildə danışaydı… biri də var, gah Amerika yazıçısı Gen Boldan, gah çin alimi Ay Haydan, gah ingilis diplomatı lord Sətəlcəmdən, gah da ayatolla Fisincanidən sitatlar gətirir, amma özünün də dediyini bir allah bəndəsi başa düşmür…
Hamısının gözləri yol çəkir, Molla baba, hamısı sənə həsrətdilər, sənin qələminə… nə olaydı gələydin, görəydin, güləydin, yazaydın…».
Səksən yaşlı «Molla Nəsrəddin»ə 80 illik yubileyi münasibəti ilə təbriklərini çatdıran Anar sağlam cəmiyyət, dövlət, mədəniyyət, ləyaqət naminə hər bir kəsi Molla Nəsrəddinə üz tutmağa çağırır. Ondan çox şey öyrənməli olduğumuzu unutmamağa səsləyir. Onun kimi yaşamaq, mübarizə aparmaq üçün «büdrəsək qolumuzdan yapış, çəkilsək ürək-dirək ver, mürgü döysək, dümsüklə, oyat bizi…»-deyir, istədiyi də budur ki, «Qoyma haqq sözü gizlədib nahaq söz danışaq, halala haram qataq, iş vaxtı yataq, tərif içində bataq və nəhayət mənanın daşını ataq, qafiyəni qafiyəyə çataq….»
Nə qədər ki yaşadığı cəmiyyətdəki əyrilikləri görür, dözmür, millətinin işıqlı gələcəyini istəyən, xoşbəxt, firavan yaşamasını arzulayan, onun saflığını, mərdanəliyini istəyən Molla Nəsrəddin kimi kişiləri arzulayır həmişə öz ətrafında. Yolunu azanları düz yöla yönəltsin gərək millət, xalq, dövlət mənafeyini üstün tutan ziyalı hər kəs…
«Molla Nəsrəddin-86»da olan «Yaxşı padşahın nağılı» «Qədim Molla Nəsrəddinin nağılları»nı xatırladır. Bu nağıllar məzmunca qısa nağıllardır. Bu nağılları da «qarelərin» xahişi kimi Molla Nəsrəddinin «camaat içində şöhrət tapan nağıllarından»dır: «Bir gün Molla Nəsrəddinin övrəti ərinə iki abbası və iki qəpik verdi ki, molla ona üç arşın flan çitdən alsın. Bir gün keçdi-çit gəlmədi, bir həftə keçdi-gəlmədi, bir ay keçdi-gəlmədi. Bir gün övrət Molla Nəsrəddinə dedi: Ay Molla, bu pullar necə oldu? Molla Nəsrəddin cavab verdi ki, pulları saldım cibimə. Övrəti acıqlanıb dedi ki, əmanət pulu məgər cibə salmaq yaxşı işdi? Molla Nəsrəddin bunun cavabında söylədi ki, əgər yaxşı iş deyil bə niyə İrəvan millətpərstləri fəqir camaatdan millət adına cəm etdikləri pulları salırlar cibinə?»
Anarın «nağılı» həcmcə böyükdür. Burada qoyulan mətləblər də əhatəlidir. «Yaxşı padşahın nağılı» əsərində padşah «çox adil padşah», «heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməz», kimsənin boynunu vurdurmaz, asmayan, kəsməyən «yaxşı padşah» kimi təqdim edilir, əslində ən nadan, cahil bir padşahdır. Anar onun simasında ölkəsini idarə edə bilməyən, buna qabiliyyəti çatmayan, öz şəxsi hisslərinin əsiri olan, xalqın sakit, firavan yaşamaq arzusunu içində boğub öz iradəsinə tabe etdirmək istəyən «pambıqla baş kəsən», özü kimi nadan vəzirlərin məsləhətlərinə də rəvac verən, meşələrə qaçmış sözü düz deyən əsl dövlət xadimi vəzifəsinə layiq şairi öz dediklərini təkrar etmədiyi üçün həbsxanalarda çürüdən, onun özünü qayadan atmasına bais olan, özü yatmayanda xalqını da öz iradəsinə tabe etdirmək istəyən müstəbeh-mürtəce bir şahdır. Burada toxunulan məsələlər, qoyulan problemlər daha böyükdür. Əslində öz çirkin simasını güzgüdə görərkən özü haqqında dediyi sözlər açır: «Əşi, bunun küt sifətini görmürsən, görmürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir. Özünü xeyirxah göstərir, amma hamıya kin bəsləyir. Kin bəsləyir, ona görə ki, bədbəxtdir. Bədbəxtdir, ona görə də hamını bədbəxt etmək etmək istəyir, əşi bunun hayı-huyu gedib, vay-vayı qalıb. Bu gün-sabah gorbagor olacaq. Belə bir gorbagorun üstündə qanını qaraltmağa dəyərmi?»
Anar burada həm folklor janrlarından istifadə etməklə Molla Nəsrəddin kimi cəmiyyətin eybəcərliklərini, onu idarə edən kütbeyin, eqoist, qəddar hakimlərin çirkin mənviyyatını açır, ifşa edir, həm də nağılın daxilində bir sıra nağıl, əfsanə süjetlərindən yararlanmaqla demək istədiyi fikri daha təsirli və bədii cəhətdən qüvvətli verməyə nail olur. Məslən, güzgüylə bağlı əfsanə və rəvayətlərin motivlərindən yararlanmaqla yazıçı həm padşah kimi nadanın, həm də onun özü kimi özünü sevən, eqoist, xudbin vəzir-vəkilləriniin simasını, daxili kasadlığını vermiş olur. Əslində burada vəzirin xanımının şəhər kənarından babasının qəsrindən şüşə qırığı tapıb gətirməsi, orada özünü görməsi, onu əkiz bacısına oxşatması, «əziz bacım, gözümün ağı-qarası», «axır ki, səni gördüm, elə bildim mənə dünyanı bağışladın. Bu sehrli şüşədən görürəm ki, sağ salamatsan»-deməsi, vəzirin o otaqdan çıxan kimi güzgünü götürüb orada gördüyü öz əksini tanımaması, arvadını xəyanətdə suçlaması epizodik hadisələrdir. Anarın məqsədi o güzgünü padşahın əlində görüb, vəzirləri kimi cahil olduğunu sübuta yetirmək və nağıl boyu o cahil, nadan əmrlər, fərmanlar verən- padşahın öz dili ilə öz daxilini açıb göstərmək idi. Yaxşı padşahın daxili onun öz sözləri ilə ümumiləşdirilib oxucuya çatdırılır ki, bu da bir növ Anarın həm də məharətlə istifadə etdiyi üsuldur. Həyat həqiqətlərində gördüyü eybəcərlikləri ifşa etmək formasıdır.
Anar yazıçıdır, amma sırf satirik deyildir. O cəmiyyətdə gördüyü elə həyat hadisələrini, reallıqları ədəbiyyata gətirib oxucu məhəbbəti qazanmışdır ki, bu gün nəsr aləmində Anarın özünəməxsus yeri var. Onun yaratdığı bir-birindən maraqlı, dolğun obrazlar ədəbiyyat sferasından çıxıb ekran sferalarına daxil olub, bir-birindən maraqlı ssenarilərdə efir-ekran həyatını tapıb.
«Molla Nəsrəddin-66, 86» onun yaradıcılığında ayrıca bir mövzudur. Sələflərinə, onların ideyalarına, bədii düşüncələrinə hörmət üzərində qurulmuş bu mövzularda Anarın şirin, yumoristik duyğuları da düşündürücüdür. Onun qələmə aldığı xəbərlər, müsahibələr, elanlar, nağıllar bizi XX əsrin əvvəllərinə qaytarır. Ruha yaxın, doğma Molla Nəsrəddin necə sevilirdisə, XX əsrin «Molla Nəsrəddin» i necə qiymətliydisə ziyalı üçün, sahibi Mirzə Cəlil Məmmədquluzadəyə necə şöhrət gətirmişdisə, «Molla Nəsrəddin- 66»da-Üçüncü Molla Nəsrəddin də o qədər sevimlidir. Onun düşmənləri bəlkə də XX əsrin Mirzə Cəlili qədər çoxdur. Çünki Mirzə Cəlilin dövründə də cəmiyyətin tör-töküntülərinə qarşı çıxan hər kəsi belə yazılar sevindirə bilməzdi. Oarda öz sifətlərini, öz əməllərini görən hər kəs mütləq daxilini, iç sifətini göstərməlidir. Xalq isə onun dərldini deyənləri sevir. Xalq-Mirzə Cəlil-Anar düşüncələrində, bədii təfəkküründə bir-birinə yaxınlıq, bağlılıq var, məzmun ideya biçimliyi, zənginliyi, hər üçündə mən demək olar ki, eyni səviyyədədir.
Bu mübarizə həmişə sonrakı dövrlərdə də getmişdir. «Kirpi» «Mozalan» jurnallarının xalq kütlələri içərisində öz nüfuzu var və onları da ərsəyə gətirən Azərbaycanını sevən, onun xoşbəxt gələcəyini görmək istəyənvətəndaşıdır. Üçüncü «Molla Nəsrəddin –66, 86» bu gün fəxrlə üz tutduğu mollanəsrəddinçilərin sırasındadır və onlar «yaxşı bilirdilər ki, onların jurnalı, onların sözü bütün maneələri qıraraq Yaxın və Orta Şərq ölkələrinə yayılır, şüurlara qüvvətli təsir göstərir.» Buna görə də çox haqlı olaraq bildirilir ki, «dini mövhumat və xurafat, oruc-namaz, qadın əsarəti, çadra, çoxarvadlılıq kimi köhnəlik qalıqları əleyhinə mübarizə aparmaqla mollanəsrəddinçilər ölkədəki mədəni inqilab prosesində yaxından, fəal iştirak edirdilər». Onlar bildirirdilər ki, «özümüzü boş-boşuna mədh və təhsinlə yox, özümüzü quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla maarif işini abad edə bilərik. Qeyri yol yoxdur».
«Acı həqiqətləri meydana qoymaq» əzmi «Molla Nəsrəddin» jurnalında olduğu kimi «Molla Nəsrəddin- 66, 86» da var. Burada Anarın qələmə aldığı, toxunduğu məsələlər, «acı həqiqəti meydana qoymaq əzmi «Molla Nəsrəddin» jurnalının, mollanəsrəddinçilər ənənəsinin davamı kimi xarakterizə edilməlidir. Onun bu əsərlərində milli azadlıq duyğularından tutmuş «ideologiyanın bütün formaları kimi» bizim ədəbiyyata, publisistikaya da qüvvətli inqilabiləşdirici təsiri görməmək mümkün deyildir. Anarın «Molla Nəsrəddin-66» yazısını oxuduqda, bir mənalı şəkildə «Molla Nəsrəddin» jurnalı haqqında deyilmiş aşağıdakı fikirləri ona da şamil etmək olar: «Molla Nəsrəddin»in sözündə və səsində tez-tez hiss olunan dərin pərişanlığı, kədəri, əsəbiliyi artıq yeni dövrə xas olan coşqun ruh yüksəkliyi ilə, işgüzarlıqla, gələcəyə, qələbəyə ümid və inamla əvəz etmişdi».

Anarın Molla Nəsrəddin ruhunda qələmə alınmış əsərlərinin mövzusunda, ideyasında, məzmunundadır bu yaxınlıq, oxşarlıq. Bu sənətkarları bir-birindən zaman ayırsa da, qaldırılan problemlər də həllini gözləyir.
«Son poçt və yaxud replika» yazısına diqqət yetirsək bunlar Molla Nəsrəddinin «Poçt qutusu»nda toxunduğə ən aktual məsələlərə yaxındır. «Molla Nəsrəddin»in 29-cu nömrəsində belə bir yazı var: «Poçt qutusu. Bakıda Quşuçurdan imzalı məktub sahibinə. Hakim ünvanlı məqaləniz nəzərdən düşüb və yaddan çıxıb. Əgər mümkün isə bir də yazıb göndəriniz, amma allah xatirinə müxtəsər yazınız: yerimiz azdır»
və yaxud: «Bakıda şəhər məktəbinin bir nəfər şagirdinə:
-yazırsan ki, hesab çıxartdığın yerdə müəllim gəldi, baxdı dəftərinə və dedi ki, hesabı düz çıxartmayıbsan və axırda boynundan bir yumruq ilişdirdi, elə bərk ilişdirdi ki, boynun indi də ağrıyır.
Qardaşım, əgər bir belə iş özgə şəhərdə baş vermiş olsa, söz yox ki, müəllimi müqqəsir tutmaq olar, amma Bakıda belə işlərə şükür etmək lazımdır. Ondan ötrü ki, Bakı adı çəkiləndə adamın yadına qəmə, xəncər, revolver düşür. Yumruq səlamət bir şeydir. Yumruqdan heç kəs ölməyib və inşallah sən də ölməzsən».
Və yaxud:
«Poçt qutusu:
Cəbrayılda X. V. zadəyə: it ayaqlamış soğan kərdisi.
Bakıda «Dəmdəməki»yə: bu nömrə sənə çatan kimi dövlətli adamların barəsində bir yaxşı şer yaz və onları yaxşı təriflə və şeri tez göndər çap eləyək.
Karsda «Bulanı çəkişmə»: bir şey başa düşmədik. Yazırsan ki, «Gəncə ruhani məktəbinə yığılan pullar Kars klubunda arağa və şəraba verildi». Bir şey başa düşmədik.
İrəvanda «Arif»ə: pristav üçün iki yüz manat rüşvət bir pul deyil. Bakının Suraxanı kəndində pristav üç yüz manatdan əskiyə razı olmaz.
Salyanda «Pərişan»a: Hiyleyi-şəri məsələsini Hasıllı kəndinin mollasından yazıb soruşa bilərsiniz.
Bakıda «Qızılbaş»a: qorxuram ki, axırda sizin ittihad və ittifaqınız Ramana kəndinin müsəlmanlarının ittihad və ittifaqı kimi ola.
Şamaxıda «Durbin»ə: Şamaxıdan hər gün uşkolların rəisinə iki teleqram gəlir: birini camaat göndərir ki, Leontiyev pis adamdı, biri də qazi Hacı Məcid əfəndidən gəlir ki Leontiyev yaxşı adamdı.
Nuxuda «mirzə»yə: mən məsləhət görürəm ki, naxoşu aparasan Salyana «Qulaqçərtmə» ocağına» və s.
Anarın «bir qrup oxucu adından», «bir nöqsanlı yazı haqqında qeydlər»i redaksiyaya məktub şəklində qələmə alınıb və «Molla Nəsrəddin» jurnalında rəngarəng mövzularda satirik bir şəkildə öz əksini tapan «məktublar» kimi həm bədii cəhətdən, həm də məzmunca diqqəti cəlb edir. Məktub «Qəmbərqulu» imzasıyla verilib. Məktubda Hərc Mərcovun «Dırnaq» poeması «krossvorda» oxşadılır. Burada şeirdə qoyulan tələbləri görməyən şəxs bir qrup oxucu adından gileylənir: «Hörmətli redaksiya! Mən özüm miyaskombinatın işçisiyəm. Kolbasa şöbəsinin təlimatçısıyam. Amma özüm ədəbiyyat həvəskarıyam. Bekar vaxtlarımda özüm də hərdən-birdən yazıram. Mətbuatı daima izləyirəm, çıxan kitabları sevə –sevə oxuyuram. Bu yaxınlarda gənc şair Hərc Mərcovun «Təpə» jurnalında çap olunmuş «Dırnaq» poemasını da maraqla oxumağa başladım. Poemanı oxuyub qurtardım, dönüb bir daha oxudum, amma təəssüf ki, yenə də bir şey başa düşə bilmədim. Bu yazı poemadan çox tapmacaya oxşayır, daha doğrusu krossvordu xatırladırdı».
Oxucu Qəmbərqulu və onun dostlarının çoxmilyonluq oxucu kütləsi adından yazdığı «məktub» da gülüş doğurur: «Gənc şair Hərc Mərcovun «Təpə» jurnalında çap olunmuş «Dırnaq» «poeması» «zahirən» çox «sadədir». Amma müəllifin fikrincə, yəqin ki, həm də çox «mürəkkəbdir». «Poema» «orijinal» bir «formada» yazılmışdır. Məzmunu «yenidir», «maraqlıdır», poemada «formayla» məzmun arasında «üzvi» bir «vəhdət» var. Müəllif «novatorluq» etmiş, «təzə» «obrazlar» «işlətmişdir». «Poemanın» «dili» «bədiidir», «gözəldir». «Qafiyələr» «müqəyyəd», «vəzn» «dürüstdür».
«Təpə» jurnalı belə bir «poemanı» oxuculara «təqdim» etməklə onları «çox» «sevindirmişdir». Onlara «layiqli» «hədiyyə» vermişdir. Arzu edirik ki, «Təpə» jurnalı «tez-tez» belə «yüksək» «sənət» «nümunələrini» «çap» «eləsin».
Mən məktubu bir az da uzada bilərdim. Ancaq yoldaşlarım məsləhət gördü ki, burda saxlayım. Dedilər ki, sonra məktubu çap eləmək üçün mətbəədə bu qədər «dırnaq» tapa bilməzlər».
Zəif, məzmunu, mahiyyəti anlaşılmayan, quru sözçülük, sənətkarlıqdan tamamilə uzaq, bədii dəyərlərə cavab verməyən, insan qəlbini, duyğularını ələ ala bilməyən cızma-qaralara bənzəyən yazılar, onların müəllifləri, bu yazıları nəşr edən mətbu orqanlar tənqid hədəfləridir. Anar öz sənətinin incəliklərini qorumağa çalışan bir tənqidçiyə, ədəbiyyatşünasa bənzəyir belə yazılarında. Bu da ədəbiyyat, sənət haqqında deyimin bir formasıdır, orijinaldır. Anar həm əsərlərin məzmun-ideya saflığı, təmsizliyi, düzlüyü uğrunda mübarizə aparmış, həm də nəşrə gedən əsərlərdə ən incə məsələlərə, korrektura məsələlərinə də diqqətli olduğundan «Molla Nəsrəddin-66» da «Düzəliş» başlığı altında verdiyi xəbərlərdə sərrast gülüş doğuran məsələlər çoxdur. Bu incə tənqidi məqamlarda da sərtlik, görünür, duyulur: « Korrekturanın xətası üzrə bir neçə səhv getmişdir. «Hər şey zəhləmgetmişlərindir» əvəzinə «hər şey zəhmətkeşlərindir» oxunmalıdır.
«Tartan Partanov ən səfeh alimlərdəndir» əvəzinə «Tartan Partanov ən vəsih alimlərdəndir» oxunmalıdır.
«Cavanlarımız gözəl kifirlərlə yaşayır» əvəzinə «Cavanlarımız gözəl fikirlərlə yaşayır» oxunmalıdır».
Yazıçı cəmiyyətin inkişafında elmin əvəzsiz rolunu diqqətə çatdırır. Elmin, texnikanın bu qədər sürətlə inkişafında alimlərin misilsiz əməyi vardır. Lakin alimlik dərəcəsi almaq, yüksək postlar tutmaq üçün özgələrə elmi işlər yazdırıb doktorluq dərəcəsinə qədər yüksələnlər də aramızda var, hansı ki, dərindən araşdırılsa, onların elmə, mədəniyyətə, ədəbiyyata nə verdiyini, hansı yeniliklər gətirdiyi, nə kimi xidmətlərə malik olduğunu görərik. Anar millətinə, xalqına, bəşəriyyətə xeyir gətirən alimlərin əməyi qarşısında baş əyirsə, belə üzdəniraq «alim»ləri ifşa etməkdə haqlıdır. Onun «Elan»larından birində deyilir: «Bu gün saat 00.00 dəqiqədə Qır Saqqızov nadanşünaslıq elmləri namizədi adını almaq üçün «hırnanzırın fərqi» mövzusunda dissertasiya müdafiə edəcəkdir.
Anar eləcə də sənətə, musiqiyə, ədəbiyyata, mədəniyyətə istedadla deyil, müxtəlif üsulllarla yol tapmağa çalışanları da ifşa edir:
Bu gün saat 00.00 dəqiqədə örtülü bazarda dostluq gecəsi keçiriləcəkdir.
Bu gün saat 00.00 dəqiqədə Filarmoniyada konsert başlanacaqdır. Məşhur ifaçımız Güngörməzov Bayramalı toydan qayıtdıqdan sonra nağara çalacaqdır.
Bu gün saat 00.00 dəqiqədə Umu Küsiyevin anadan olmasının 50, deyinməyə başlanmasının 48 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçiriləcəkdir. Ön söz, məruzə, çıııxışlar, təbriklər və son söz yubilyarın özünündür».
Bu «elanlar»ın hər birində toxunulan məsələlər xırda məsələlər deyildir. Hər kəs öz işinə tələbkarlıqla yanaşmalıdır. Bu gün ədəiyyata, mətbuata sızan mənəviyyatsız yazılar, böhtan, təhqir dolu yazılar, bunların bədii əsər adı altında ədəbiyyata «ötürülmələr» Nizami, Füzuli kimi söz sərraflarını yetirən ədəbiyyatımıza ləkədən savayı bir şey deyildir. Qeyrəti, mənəviyyatı olan ziyalı, anasının, atasının, bacısının, qızının, qardaşının qədrini bilən kəs şəxsi hisslərini cilovlamalı, öz mübarizəsini elə bir yolla aparmalıdır ki, oxucunun nifrətini qazanmasın. Ən yaxşı qələm sahibi də nalayiq yazılar qələmə alsa, gözdən düşür. Nə yazdığının, nə çap etdirdiyinin dəyəri olur, nə də tərbiyəli bir ailə sahibi, əxlaq sahibi kimi özünə , ailəsinə, nəslinə hörmət etmiş olur.
Hər bir qələm sahibi, birinci növbədə tənqidi, kinayəli fikirlərini mətbuata çıxaranda qoy mollannəsrəddinçilərdən öyüd götürsün: «Mollanəsrəddinçi müəllifin həyat həqiqətinə, fakta münasibəti «pis» yaxud «yaxşı» hökmü verən müstəqim qiymətləndirmə şəklində deyildir: tənqid obyektinə adətən, kinayə, istehza, ya ikibaşlı söz, eyham, ya da kiçicik bir ifadə ilə qiymət verilir ki, yazıçının ideya-estetik mövqeyi və idealını təyin etmək üçün, məsələn, oxucunun həmin kinayə, istehza və eyham arxasındakı pozitiv nöqteyi-nəzəri sezməsi, görüb başa düşməsi, zahirən zarafatyana deyilmiş sözlərdəki daxili ciddiyyəti seçə bilməsi, əks mənalı ifadələri tam tərsinə qavraması lazım gəlir»
Anar «Molla Nəsrəddin- 66», 86 da bu meyarlara sadiqdir. Onun da tənqidi satirik yazılarında «ikibaşlı söz, eyham»ı oxucuya çatdıra bilmək imkanları, ustalığı, istedadı, qabiliyyəti göz önündədir.
«Yaxşı padşahın nağılı» satirik yazısında yazıçı üstüörtülü şəkildə eqoist, xudbin, qəddar, cahil padşahın taxt-tacdan əl çəkmək istəməməsinin səbəblərini açıqlayır: «Sözün düzü, padşahın öz padşahlığı üçün də çox gözü atmırdı. Padşah olmaqdan lap bezmişdi. Ondan olsaydı çoxdan taxt-tacdan əl çəkərdi. Amma əl çəkmirdi. Çünki əl çəksəydi taxta vəziri çıxacaqdı. İşdi şayət vəzir şah olsaydı, o, nəinki məmləkətdəki bütün birələri, taxtabitiləri, milçəkləri və qarğaları qırıb öldürəcəkdi. Vəzir həm də o biri vəzirləri, vəkilləri, kim bilir bəlkə də elə padşahın özünü də cənnətə nazil edəcəkdi».
Burada əslində birələr, taxtabitilər, milçəklər, qarğalar padşahın özü kimi həndəvərində dolaşan, başına yığdığı özü kimi xalqın qanını soranlar, onların günlərini göy əskiyə bürüyən əsabələri idi, amma yazıçı üstüörtülü şəkildə bunları deyir, cəhənnəmi «cənnət» kimi təqdim etməkdə, bədbəxt padşahın halına yanmaqdan çox, ona «yazığı» gələ-gələ oxucu gözündən onu salır, qəlbində ona nifrət yaradır, əlbəttə ki, bu şəkildə «yaxşı padşahın» ifşası da gülüş doğurur, bu şəkildə deyim tərzi əsəri oxunaqlı edir. Bu da əsərin ideya, məzmun zənginliyini, həm də bədii –estetik gücünü artırmış olur.
Anarın bu yumoristik əsərləri qələmə alındığı illərdə oxucuların arasında geniş yaylımış, artıq onların rəğbətini qazanmışdı. Əbülfəz Elçibəyin «Mənim yadımdadır «Molla Nəsrəddin-66» –Anarın yazıları, hamı oxuyurdu. Bütün cavanlar bir-birindən soruşurdu ki, oxumusan? Onun müzakirəsini keçirirdilər, danışırdılar cavanlar. Yəni, bu Sabir ruhunun qayıtması idi. Bu, XX əsrin birinci yarısında qaynayan ziyalı təfəkkürünü təzədən qaytarıb gətirmək, təzədən ona qayıtmaq və onun üstündə yenidən qurub getmək idi. İndi necə ki, biz Azərbaycan Demokratik Cümhuriyyətini bərpa etməyə çalışırıq, o zaman da bunlar həmin o məfkurəni bərpa eləyənlər idi və elədilər də. Çox şeylər elədilər».-fikri dediklərimizə sübutdur.
Anar dövrünün, zəmanəsinin sənətkarıdır. Nizami Cəfərovun dediyi kimi «Anar müasir Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixinə hər şeydən əvvəl novator bir sənətkar, ictimai fikir tarixinə novator bir mütəfəkkir kimi daxil olmuşdur-onun sənətkarlığı ilə mütəfəkkirliyi arasında elə bir əlaqə var ki, sənətkarlığını mütəfəkkirliyi, mütəfəkkirliyini isə sənətkarlığı tamamlayır».
Anarın Azərbaycan folklorunun bəzəyi xalq sənətkarı Molla Nəsrəddinə olan sonsuz məhəbbətini «Molla Nəsrəddin» jurnalının yaradıcısı Cəlil Məmmədquluzadəyə, onun silahdaşı Sabirə də münasibətini görürük. Anar yaratdığı sonrakı əsərlərdə Cəlil Məmmədquluzadəyə, Sabirə dərin məhəbbətini əks etdirmişdir. Bu böyük sənətkarlara olan məhəbbətinin nəticəsidir ki, onların obrazlarıın yaratmış, Azərbaycan mədəninyyətinin, maarifinin inkişafına misilsiz xidmət edən böyük şəxsiyyətləri öz əsərlərində əbədiləşdirmişdtir. «Sizi deyib gəlmişəm» onun yaratdığı sənət əsəridir. Burada böyük sənətkarların həyatı ilə yanaşı keçdiyi ədəbi yol işıqlandırılır. Əziz Mirəhmədov yazır ki, əsərin müəllifi Anardır. O tamaşaçıya «qeyri-adi quruluşu olan ədəbi montaj təqdim edir. Aktyorlar Azərbaycan ədəbiyyatının müxtəlif əsərlərindən parçaları ifa edir, onları yaradan yazıçsılar isə pyesin qəhrəmanlarıdır. Çeşidli epizodları və süjet xətlərini maraqlı yaradıcılıq axtarışları yoluyla üzvi surətdə əlaqələndirmək uğurlu nəticələr vermişdir».
Digər sənətkarlarmız əsərin bədii dəyərini yüksək qiymətdləndirir. Buradakı mükalimələrin C. Məmmədquluzadənin, onun həyat yoldaşı Həmidə Xanım Cavanşirin «Xatirələri»ndən, Sabirin «Hophopnamə»sindən götürüldüyünü qeyd etməklə yanaşı «Bəs yazıçı Anar buraya nə əlavə edib ki?! Elə məsələ də bundadır. Anar Fərhad kimi külüng çalıb, o, nəhəng simaların mühakimələrini, şeirlərini, əsərlərindən parçaları, səhnələşdirilmələri bir mövzu, vahid bir ana xətt ətrafında birləşdirə bilib». Anar bu böyük sənətkarların həyatından yetərincə qiymətli bir əsər də yaza bilərdi. Amma onların Azərbaycan xalqına etdikləri böyük, misilsiz xidmətləri əyani şəkildə öz dilləri, öz yaratdıqları sənət abidələri ilə çatdırmağıı daha məqsədəuyğun bilib. Bu gün bəzi ağzıgöyçəklərin Sabir, C. Məmmədquluzadə fəaliyyətinə, əsərlərinə qarşı yönlədilən qərəzli yazılarına bu əsər elə bir tutarlı cavabdır ki, ədalətli oxucu, Azərbaycan ziyalısı biləcək ki, keçən əsrin ən çətin dövrlərində bu böyük sənətkarlar öz millətlərinin inkişafı naminə nə kimi böyük igidliklər göstərmişlər. İgidlik təkcə o demək deyil ki, əllinə silah alıb düşmən qabağından qaçmayasan. Onların qələmi də bir silahdır və bu silahın kəsəri də güclüdür, onu hər bir ziyalı dərindən başa düşür və bilir ki, Sabir, C. Məməmdquluzadə bu gün Azərbaycan xalqına igid əsgər kimi xidmət etmişlər. Anarın gərgin əməyini, özündən əvvləki ustadlarına oğul sədaqətini, aldığı tərbiyəni, Allahın bəxş etdiyi ziya, nur göz önündədir. O bilir ki, keçən əsrin bu iki böyük siması nələr etmişdir millət, xalq üçün, onların işıqlı gələcəyi naminə: «Gözümüz önündə o zamankı xalqı qaldıran iki qanad canlaınr: bu qanadların biri «Molla Nəsrəddin», o biri «Hophopnamə»dir. Səhnədə iki surət xalq üçün yanır: Mirzə Cəlil, Sabir. İki əsil insan zülmətə, cəhalətə, qara buludlara qarşı çarpışır: Mirzə Cəlil, Sabir!»
Böyük ziyalılarımız Anarın zəhmətini yüksək qiymətləndirməkdə haqlıdırdlar. O, təkcə cəmiyyətdə gördüklərini, həyat hadisələrini qələmə almayıb, eyni zamanda bu ədəbiyyatın inkişafında öz dəsti-xətti olan, bu yolda canını qoyan səntkarlara, ədiblərə bəslədiyi hörmət və məhəbbətini də ifadə etmişdir. Bunu görənlər isə yazırlar: «Anar ömrünün, enerjisinin, ilhamının və zəkasının baharını yaşayır. O, sinəsi sözlə dolu, istedadlı yazıçımız, ayıq və açıqgözlü ziyalımızdır. Mən bu qənaətimi- Anarın «Azərbaycan» və «Novıy mir» jurnallarında böyük Cəlil Məmmədquluzadə haqqında çap etdirdiyi «Anlamaq dərdi» adlı portret məqaləsini oxuyandan sonra bir daha təsdiq etdim. «Sizi deyib gəlmişəm» pyesi ilə sübut etdi ki, fikrimdə yanılmamışam» (Qabil. «Azərbaycan gəncləri», 19 iyun, 1982-ci il).
Anar bütün varlığı ilə ədəbiyyatımızın, mədəniyyətimizin təəssübkeşi olub. Bunu yaratdığı bədii, dramatik, publisist yazıları ilə sübut edib. Bunu hansısa sənətkara qarşı yazılmış çiy bir yazı görəndə cavab olaraq yazdığı sərt yazısıyla sübut edib. Elə bil bir növ Anar ədəbiyyatımızın başı üzərində dolaşan qara buludları görüb, ayıq olub, anlayıb ki, bu gün Nizamisinə, Füzulisinə, Sabirinə, Cəlilinə və onlarca qüdrətli sənətkarının -Azərbaycan ədəbiyyatının inkişafı naminə daşının üstünə daş qoyanların, bu məbədin özülünü qoyanların əleyhinə çıxan cahillər olacaq və bir müddət ədəbiyyatımızın ağ rənginə qara rəng qatanların «dəyirmanı» işləyəcək, ayağa qalxıb, kəsməyə çalışıb bu «dəyirmanın» suyunu, sinəsini qabağa verib, özü də təhqir edilib, dədəsinə, nənəsinə də bu qara rənglərdən çilənib, amma geri çəkilməyib, çünki yaxşı bilir ki, heç vaxt bar verməyən ağaca salva atılmır. Əgər o ağac barlıdırsa, onun qol-budağı qırılacaq. O heç zaman gözləmə mövqeyi tutmayıb, sənətkarları qaralamağa çalışan naxələfləri yerlərinə oturdub. Oxucu bilir ki, onun xalqı üçün C. Məməmdquluzadə, Sabir, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və adınıi çəkmədiyimi yüzlərlə sənətkar kimdir? Və bu gün onların vəkilinə çevrilmiş Anar kimdir? «Yazıçı, kinematoqrafçı Anarın bizim mədəniyyətin ən gözəl simalarından olduğunu bildirməklə, necə deyərlər, Amerika kəşf etmirəm. Onun canlı ensiklopediya, parlaq erudit, həqiqi orqanik ziyalı kimi bizim mənəviyyatımızın, dilimizin və tariximizin mühafizəçisi olduğunu bildirməklə də eləcə. .. O, öz torpağının, öz xalqının oğludur. O, vətəndaşdır. Elə bir hal xatırlamıram ki, Anar öz qayğıları qeydinə qalaraq dostlarının, ictimaiyyətin, milli ədəbiyyatın, teatrın, kinonun, yetişməkdə olan nəslin, tələbələrin taleyini, bütövlükdə maarifin qayğılarını unutmuş olsun. Mən bu tükənməz insanın hansı potensiala malik olduğunu görürəm»(Oqtay Mirqasımov).
Anarın «Molla Nəsrəddin-66» silsilə yazısı o dövrdə keçmiş SSRİ ərazisində demək olar ki, geniş ədəbi mühitə məlum idi. 70-ci illərdə Nikita Boqoslovskiy yazırdı: «Gülmək istəyirsiniz? Bizim yazıçı Anarın «Molla Nəsrəddin-66» hekayələrini oxuyun.
Təəssüf ki, mən Anarı yaxından tanımırdım, yumoristik yazıçı kimi isə heç təsəvvür etmirdim. Məsələn, sonralar kinematoqrafın qəddarcasına korladığı, çox gözəl epik hekayə «Mən, sən, o və telefon» Anara məxsusdur. Ona görə də onun şən hekayəsi mənim üçün əsil xoşbəxt tapıntı idi.
Anarın hekayəsində nə isə çox ciddiyyət, daha doğrusu, ciddi zarafat var. Yazıçı həqiqətən çox vacib və ciddi şeylərdən danışır, lakin o məsələlərdən zarafatla danışır, çünki əmindir ki, gülüş və satira, yumor və zarafat da silahdır və o haqlıdır.
Anar ağıllı və maraqlı müsahibdir. Hiss olunur ki, o biliklidir, çox şeylər görüb, çox şeyləri saf-çürük edir. O, xalqını, torpağını, doğma tarixini sevir. O zəhməti və zəhmətkeşləri sevir.
Həyatımız üçün yumor vacibdir. Şadam ki, şən və istedadlı bir insanla tanış olmuşam».

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
   
 
 Şairə, ədəbiyyatşünas Gülxani Pənah. 2010.