Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ANARIN YARADICILIĞINDA FOLKLOR

Anarın yaradıcılığında folklorla zəngin «Qarvəlli» komediyası mühüm yer tutur. Kukla teatrı üçün yazılmış bu komediyanın adının özü qədim folklor mənbələri ilə bağlıdır.
Azərbaycan şifahi xalq ədəbiyyatında novellavarı nağıl canrının bir növü olan qaravəllinin mövzusu demək olar ki, yumoristik və satirik məişət səhnələrindən, qədim xalq mərasimlərindən götürülür. Lap qədimlərdən aşıq məclislərində dinləyicilərin diqqətini özündə saxlamaq, onların yorulmasına imkan verməmək üçün qaravəllidən istifadə edilərdi.
Qaravəlli eyni zamanda Azərbaycanda qədimdən yayılan xalq meydan teatrı formalarından biridir. Dram əsərlərinin ilk ünsürləridir, üslubudur. Azad Nəbiyev yazır:
«Ağız ədəbiyyatda dramatik üslubun özünəməxsus törəmə qanunauyğunluqları fəaliyyətdədir. Müxtəlif nitq vərdişlərinə yiyələnən etnoslar eyni zaman və məkan daxilində bir – birindən fərqli üslublar yaratdığı kimi, sözlə hərəkəti də vəhdətdə götürmüş, çox erkən dövrlərdən başlayaraq bu vəhdətdən doğan bir üslub yaratmışlar. Bu, lirik və epik üslubda müvazinət yaradıb yanaşı yaşayan qəbilə, tayfa, ailə və ailə daxili həyat üçün qədim tarixi köklərə malik, bəzən nitqdən əvvəlki ünsiyyətin müxtəlif əlamətlərini özündə davam etdirən dramatik üslubdur».
Dramatik üslubun şifahi yaradıcılıqda müxtəlif nümunələri var. Şifahi xalq ədəbiyyatında dramatik üslubun ilkin nümunələri meydan tamaşaları kimi yaddaşlarda qalıb.
Meydan tamaşaları, xalq dramları, xalqın müxtəlif münasibətlərlə bağlı təşkil etdikləri mərasimlərdən yaranıb inkişaf etmişdir.
Folklorun hər bir janrında özünü göstərən dram ünsürləri mövcuddur. Danışılan, söylənilən nağıllarda, aşıqların danışdıqları dastanlarda, uşaqlara nənələrinin söylədikləri nağıllarda dram ünsürləri çoxdur.
Qorki uşaqlığında eşitdiyi folklor nümunələri haqqında yazır. O, danışılan, söylənilən nəğmələrdən bir çoxunun yaddaşında möhkəm qalmasının səbəbini onda görürdü ki, « nənəm onu oxuduqda gülünc bir surətdə qulağını yerə döyər, tağalaqları məharətlə taqqıldadardı». (Qorki, Ədəbiyyat haqqında. Bakı.1950.səh.14).
Həyatımızın müxtəlif sahələrində olduğu kimi, folklorumuz da zənginləşmiş, milli mədəniyyətimizin inkişafına təkan vermiş, teatr tamaşaları bədii –estetik zövqün formalaşmasına xidmət etmişdir.
Qədim dövrlərdə teatr binaları onların qurulması üçün imkan olmadığından xalq tamaşaları açıq meydanlarda əhalinin sıx yaşadığı ərazilərdə göstərilirdi. Müxtəlif oyunlar çıxaran ilk oyunbazlar xalq kütləsinin diqqətini özünə cəlb edə biləcək məharət, xüsusi istedad sahibləri olurdu. Onların ifa etdikləri əyləncələr, oyunlar xalq tərəfindən sevilirdi, qiymətləndirilirdi.
Bu dram sənətinin ilkin, qədim köklərinin şərqlə bağlılığı inkaredilməzdir. Tamaşalar əsatirlər, miflər əsasında formalaşmışdır. Dram sənətinin Yunanıstanla bağlanması ilə əlaqəli elm aləmində ziddiyyətli, mübahisə doğuran fikirlər var. Dram sənətinin yaranması tarixini araşdıran Jüzeppe Metsini yunan mifologiyasının da bütünlüklə Şərq mənşəli olduğunu söyləmişdir. Teatrın inkişafında xalqların bir – birinə təsiri olsa da, hər xalqın özünəməxsus yaradıcılıq ənənəsinin olduğu inkaredilməzdir. O, «Şəbi oyunu» adlı teatra oxşayan, camaat arasında göstərilən tamaşanın qısa məzmununu əsərlərində verir. Tamaşanın qısa məzmunu belədir:
«Tamaşada iştirak edənlər tənbəl Şəbi və onun atasından ibarət idi. Şəbi işləmək istəmir, atası onu danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib zəhmətə qatlansın. Şəbi isə evdə oturmaq üçün min cür bəhanə gətirir. Onun hər bir bəhanəsi şiddətli gülüş doğurur. Bu tamaşa çox qısadır, cəmisi 10-15 dəqiqə çəkir. Nəsihət etməkdən cana gələn ata oğlunu küçə sözləri ilə söyərək döyməyə başlayır. Şəbi bağıra – bağıra yıxılaraq bir çox ədəbsiz hərəkətlər edir, camaat heyran qalır, tamaşa qurtarır».
Bu tamaşa xalqımızın yaratdığı «Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş» tamaşasına oxşayır. Burada Anarın «Qaravəlli»sinin ideya – məzmunu ilə səsləşən motivlər çoxdur. Bu tamaşada əməyə, zəhmətə insanı alışdırmaq meyli güclüdür. Baxmayaraq ki, burada məzhəkə və gülüş üstünlük təşkil edir.
Anarın kukla teatrı üçün yazdığı bu tamaşa da folklor nümunələrinə uyğun bir şəkildə verilir. Proloqda göstərilir ki, personajlar «müəyyən dərəcədə Azərbaycan xalq teatrı – «»Qaravəlli» tamaşalarındakı Kosanı və Keçəli xatırladırlar».
Yazıçı Yaxşı kişinin Kosaya, Pis kişinin Keçələ yaxın olduğunu, onların zahiri görkəmlərində və geyimlərində də «Bu yaxınlığın öz əksini tapdığını» bildirir. «Yaxşı kişi Kosa kimi başına kəlləqənd kağızından ucu uzun şiş təskülah qoyub. Boynundan kiçik zınqırovlar və bamabaq asılıb, əynində tərsinə kürk, qurşağında boş torba, belində çömçə, əlində ələngə sümüyü və it kəlləsi var. Ələngə onun qələmi, kəllə isə saatdır. Xalq tamaşalarında Kosa soyuğun, barsızlığın, qışın, ətalətin rəmzidir. Yaxşı kişi də altdan–üstdən bərk – bərk geyinməklə bərabər balaca bir yorğana da bürünüb, qurşağının altına kiçik yastıqlar da salıb. Amma yenə üşüyür. Elə hey əsir titrəyir, tez–tez «vay dədə, dondum, öldüm, soyuqdur» - deyir. Pis kişi isə baharı oyanışı, yeniliyi təmsil edir. O yüngül geyinsmş və Yaxşı kişi yorğan, kürk altında tir–tir titrəyəndə, Pis kişi başını, yaxasını açır, üzünü yelləyir, arabir «püf, öldük, qırıldıq istidən» – deyir.
Pis kişi qısa qollu, yaşıl rəngli paltardadır. Həsir papağını qaşının üstünə qədər basıb, keçəli bilinmir, heç qulaqları da görünmür. Pis kişinin papağı yaşıl yarpaqlarla, otlarla bəzədilib».
Yazıçı Kosanın və Keçəlin bu ənənəvi qiyafəsinə müasirlik əlamətləri də artırır. «Yaxşı kişi başına iri bir çətir tutub, əlində termos var. Pis kişinin isə çiynindən fotoaparat asılıb».
Yazıçının Pis kişi və Yaxşı kişinin simasına Kosa və Keçəlin əlamətlərini artırması, qədimlərdə tamaşaya qoyulan «Kosa –Kosa»nın süjetinə bənzər süjet qurması onun «Qaravəlli»sinin folklor motivlərindən və obrazlarından ilə bəhrələndiyindən xəbər verir. Yazıçı əsərdə sırf qədim oyun tamaşaların obrazlarının həm görkəmini, qiyafəsini qorumağa çalışır, həm də bu günümüzlə bağlı bir sıra məsələləri ön plana çəkir.
Qədim «Kosa – Kosa» tamaşasında Kosa, onun köməkçisi olan ikinci bir Kosa və Keçi iştirak edir. Tamaşanın əvvəlində «köməkçi Kosanın əvəzinə yalançı pəhləvan çıxır. Yalançı pəhləvan sirklərdə gördüyümüz təlxəyi – klounu xatırladır. Kosa geyinib tamaşaya hazırlaşır: üzünə maska taxır, başına şiş papaq qoyur, uzun ləbbadənin altına yoğun qurşaq sarıyır, zınqırovlar asır, çömçə götürür. Üzünə taxdığı maskada isə kosalıq əlamətləri aydınca özünü göstərir.
Köməkçi kosa:
A kosa, kosa gəlsənə,
Gəlib salam versənə, -
-deyə baş kosanı meydana – səhnəyə dəvət edir. Sonra isə əlavə edir:
Boşqabı doldursana,
Kosanı yola salsana.
Kosa çıxan kimi camaat onun xarici görünüşünə, zınqırovlarının səsinə gülür. Kosa üst – başını göstərir, qarnına əl vuraraq deyir:
Yediyim yarma aşı, yarısı sudu.
Geydiyim yeddi qat paltar, təzəsi budu.
Sonra o, dövrə vurmuş camaata müraciətlə kömək istəyir. Ancaq heç kim ona heç nə vermir, kənarda dayanmış gənclər dəstəsi oxuyur:
Kosam bir oyun eylər,
Qurddan qoyun eylər.
Yığar şabran düyüsün,
Mahmudun toyun eylər.
Kosa əvvəlki hərəkətlərini davam etdirir, camaata əl uzadaraq hərlənir. Xor isə yenə oxuyur:
Ay uyruğu, uyruğu
Əritməmiş quyruğu.
Saqqalı it quyruğu
Bığları yovşan Kosa.
Camaat yenə kosanı ələ salır, ona gülür, istehza edir. Kosa da öz məzəli hərəkətləri ilə camaatı güldürür, əyləndirir. Bu işdə köməkçi Kosa, yaxud yalançı pəhləvan da ona köməklik göstərir. Kosa öz hərəkətləri ilə hamını başa salmağa çalışır ki, o həm pulsuz, həm də acdır. Bütün bunlara baxmayaraq, heç kəsin Kosaya yazığı gəlmir. Ona kömək etmək istəmirlər. Belə olduqda Kosa deyir ki, bu ölkədən çıxıb uzaq bir ölkəyə getməlidir. Burada güzaranı pis keçir, o, hönkür – hönkür ağlayır. Onun bütün hərəkətləri gülüş doğurur. Yalançı pəhləvan da öz oyunları, hərəkətləri ilə camaatı güldürür. O, Kosaya deyir ki, bu ağır vəziyyətdən çıxış üçün Keçiyə müraciət etmək lazımdır. Bir çobanı keçi dərisinə salıb səhnəyə buraxırlar. Keçinin çox uzun saqqalı var. Kosa saqqalından tutub keçidən soruşur ki, mən gələndə sənin saqqalın yox idi, bu haradan oldu? Keçi çox gülünc hərəkətlərlə cavab verir ki, həccə getmişdim, orada uzatmışam. Kosa dərdini keçiyə açır, o da ağzında bir ağac camaata tərəf üz tutur və pul istəyir, pul yığılır. Kosa isə pulun çox hissəsini özünə götürür, az hissəsini Yalançı pəhləvana verir, keçiyə isə bir şey çatmır. Keçi başına döyür, ağlayır, ac balalarını səhnəyə çağırır, balaları kosaya yalvarır Kosa isə onlara məhəl qoymur. Keçi yenə camaatdan pul yığır, bunu da Kosa onun əlindən alır. Keçini və balalarını da səhnədən qovur, özü isə yorğunluğunu almaq üçün yıxılıb yatır. Keçi yavaş –yavaş səhnəyə daxil olur. Yuxulayan Kosanı vurub öldürür. Yalançı pəhləvanın isə bundan xəbəri olmur. O Kosanın yanına gəlib min cür oyun çıxarır, camaatı güldürür, nəhayət, aydın olur ki, Kosa ölüb. Yalançı pəhləvan bundan sonra da öz gülməli hərəkətlərini davam etdirir, mahnılar oxuyur:
Arşın uzun, bel qısa,
Kəfənsiz öldü, Kosa.
Camaat sevinir, keçi də balaları il səhnəyə daxil olub şənliyə qoşulur, hamı oxuyur.
Yazıçı bu «Kosa–Kosa» oyununun süjetindən, oradakı obraz və motivlərdən məharətlə öz «Qaravəlli»sində yararlanır.
Anarın «Qaravəlli»sinin ilk səhnəsi «Kosa–Kosa»nın ilk səhnəsini xatırladır. Amma olduğu kimi yox, yazıçı təxəyyülünün nəticəsi kimi. Demək istədiyi sözü, çatdırmaq istədiyi fikri bu iki obrazın dilində verir və gələcək hadisələrin təsviri üçün zəmin hazırlayır.
Burada: «Pis kişi səhnənin qabağına çıxır, tamaşa salonuna ötəri bir nəzər salır, sanki tamaşaçıları heç görmür, harayasa boylanır, uzaqdan kimisə tanıyıb əl eləyir.
Pis Kişi – A…a… Kosadır ki, vay evinəcən (çağırır). Kosa, a Kosa, bura gəl. (daha bərkdən qışqırır). A Kosa, Kosa, bura gəl. (daha bərkdən qışqırır). A Kosa, Kosa, gəlsənə! Adə bir gəlib salam versənə!
Yaxşı Kişi – Adə, kimdir, adə?! (Səhnəyə çıxır, yapışdırılmış saqqalını yelləyir, kişini tanıyır). A, sənsən, keçəl qardaş, əssalam – əleyküm.
Pis Kişi – Salam, salam, xoş, beş, on beş, nə var, nə yox?
Yaxşı Kişi – Əşi, bəs sağlığın, salamatlığın, flan.
Pis Kişi – Belə de, belə de. Çox yaxşı, filan, peşməkan, çox əcəb, çox gözəl, çox pakizə. Axıracan olsun, Allah bundan da artıq eləsin.
Yaxşı Kişi - Özün necəsən, e, Keçəl qardaş?
Pis Kişi – Bura bax, nə «keçəl –keçəl» salmısan? Kimdi bu papağın altında mənim keçəlimi bilən?
Yaxşı Kişi – Sənə nə olub, dostum? Sən ki, papaq altında qalan oğlanlardan deyildin?
Pis Kişi – A, Kosa, saqqal qoymusan, mübarək! Saqqalın çox mübarək! Amma, balam, sən hara saqqal hara?
Yaxşı Kişi – Neynim, gördüm saqqalım yoxdur, sözüm keçmir (pıçıltı ilə) Mən də birini aldım, yapışdırdım. Amma, bax, ta söz öz aramızda qalsın ha.
Pis Kişi – Bəs necə? Amma alırdın qarasını alaydın, cavanlaşaydın da, ağın niyə aldın ki?
Yaxşı Kişi – Sən də durdun söz danışdın! Ağın almasaydım ağsaqqal olmazdım ki. İndi mən də ağsaqqalam, beş kişinin biriyəm, bir sözümü iki eləyən yoxdur. Hörmətim, izzətim, ləzzətim, səhhətim.
Pis kişi – (kənara) Vay o gündən ki, Kosa ağsaqqal ola…
Yaxşı kişi- Nə deyirsən, keçəl qardaş?
Pis kişi – Heç, əşi, deyirəm. (oxuyur)
Kosam mənim qanlıdır,
Qolları mərcanlıdır.
Kosaya əl vurmayın
Kosam iki canlıdır.
Yaxşı kişi – Ay səni! (oxuyur)
Keçəl, keçəl, daz, keçəl.
Balası pərvaz keçəl.
Keçəlin hindi başı,
Qoduğa mindi başı.
O tayda döyüş oldu,
Bu tayda sındı başı.
Zarafatla dümsükləşirlər. Yaxşı kişini itələyir, Yaxşı kişi yıxılır, saqqalı qopub düşür.
Burada saqalla bağlı motivlər də Kosa – Kosadan gəlmədir. Kosanın keçinin saqqalından tutması, onun «mən gələndə sənin saqqalın yox idi, bu haradan oldu?» – deyə sorması, keçinin onun həcdə uzandığını söyləməsi Kosa – Kosada olduğu kimi deyil, burada o saqqal motivindən sənətkarlıqla yararlanır. Məsələn:
«Pis kişi – A kosa, saqqal qoymusan, mübarək! Saqqalın çox mübarək. Amma balam, sən hara, saqqal hara?
Yaxşı kişi – Neylim, gördüm saqqalım yoxdur, sözüm keçmir. (pıçıltı ilə) mən də birini aldım, yapışdırdım. Amma, bax, ta söz öz aramızda qalsın ha!
Pis kişi- Bəs necə? Amma alırdın qarasını alaydın, cavanlaşaydın da, ağın niyə aldın ki?
Yaxşı Kişi – Sən də durdun söz danışdın! Ağın almasaydım ağsaqqal olmazdım ki. İndi mən də ağsaqqalam, beş kişinin biriyəm, bir sözümü iki eləyən yoxdur. Hörmətim, izzətim, ləzzətim, səhhətim.
Pis kişi – Vay o gündən ki, Kosa ağsaqqal ola…»
Anarın Kosa- Keçəl timsalında yaratdığı Pis kişi və Yaxşı kişi obrazlarının adları arxasında müəyyən keyfiyyətlər durur. Müxtəlif yollarla özünə yaxşı ad qazanan Yaxşı kişidən «sözün düzünü deyib pis olan» Pis kişi daha yüksək keyfiyyətlərə malikdir. Onlar öz nitqlərində məxsus olduqları xarakterləri açırlar. «Həmişə xoş danışıb, hər gün, hər vaxt» Yaxşı kişi kimi tanınan tipdən fərqli olaraq Pis kişi deyir:
Əyri işlə aram yox, düz tutaram hər işi,
Yalanın dili varsa, doğrunun da var dişi.
Sözün düzün deyəcəm. Bir para adamlarçün,
Qoy mən olum pis kişi.
Burada yazıçı baş verən hadisələri verməzdən əvvəl keçmişdə qaravəllilərin göstərilməsi üçün «dekor»ların olmadığını yada salır və bildirir ki, özünün «Qaravəlli»sində də dekorların olmadığı qaravəlli tamaşalarının səhnə tərtibatı gözlənilir. Baş verən hadisələrin yeri haqqında tamaşaçıda təəssüratı da hadisələri danışan Pis və Yaxşı kişi oyadır.
Yazıçı qədim qaravəllilərin göstərilmə imkanlarını oxucunun yadına salır. Qədimlərdə yazıçının özü dediyi kimi «qaravəlli tamaşaları üçün dekor hazırlanmırdı. Olsa-olsa qamış, ya çubuqdan hörülmüş arakəsmələrdən istifadə olunurdu. Çox vaxt meydançada cızılmış bir dairə məkan haqqında təsəvvür yaradırdı. Adi bir detal, kiçik bir ünsür tamaşaçının xəyalında müəyyən təsəvvür canlandırırdı».
Yazıçının bu prinsipə əməl olunan qaravəllisində də pis kişi nağıllarda olduğu kimi hadisələri «Biri vardı, biri yoxdu, Əvəz Əvəzov adında bir kişi vardı. Yaxşı oğlanlardan biri idi, başı aşağı, saçı yuxarı» şəklində söyləyir və onun bir gün küçə ilə gedərkən yadına düşən bu oldu və bilmək istədi ki, «ayə görəsən bu gün hansı il, hansı aydır, hansı gündür və saat neçədir». Yazıçı hadisələrin müxtləlif yerlərdə, müxtəlif formada təsvirini verə bilir və səhnələri asanlıqla dəyişə bilir, məkanları –küçədə, evdə, tində yerindən asılı olmayaraq çox asanlıqla oxucu gözünün qarşısında canlandırır. Qaravəllinin səhnə formasından istifadə etməklə yazıçı Pis kişi və Yaxşı kişi vasitəsilə cəmiyyətdə olan qorxaqları, yaltaqları, rüşvətxorları, yerlibazları, mənsəbpərəstləri, riyakarları, saxtakarları, fitnəkarları, cahilləri, nadanları ifşa edir. Və əsərin epiloqunda Pis kişi cəmiyyəti belə tör-töküntülərdən qurtarmaq üçün bütün yaxşı, mərd, qoçaq adamların əlbir olmasının, birgə mübarizə aparmasının lazım olduğunu, belə əyintilərin bir də təkrar olunmamasının özlərindən asılı olduğunu bildirir:
«Pis kişi- O bizdən asılıdır.
Yaxşı kişi-Bizdən, yəni kimdən? Səndən və məndən?
Pis kişi- Bəli, səndən, məndən (Tamaşa salonunu göstərir) Bax onlardan, hamımızdan, bütün yaxşı, mərd, qoçaq adamlardan. Həmişə ayıq olsaq, həmişə sayıq olsaq, həmişə sözün düzünü desək, alçaqlara, axmaqlara, yaltaqlara, oğrulara qan uddurarıq, bütün yaramazların kökünü kəsərik.
Yaxşı kişi- Onu düz deyirsən, e, Keçəl qardaş, e…»
Yazıçının folklor motivləri üzərində qurulmuş bu tamaşa-«Qaravəlli» gənc nəslin tərbiyəsində mühüm rol oynayan əsərdir. Folklorla bəzənmiş bu əsərin ideya-məzmun keyfiyyətləri göz önündədir. Yazıçı ifşa etdiyi cəmiyyətin yaramazlıqlarını elə bir dillə söyləyir ki, hadisələrin təsviri də könül oxşayır. Dili sadə, aydın olan bu «qaravəlli» keçmiş qaravəlli şəklində qurulmuş müasir ideyaları özündə əks etdirən gözəl sənət əsəridir. Folklor bir dəryadır və biz görürük ki, Anar bu dəryadan yetərincə ustalıqla bəhrələnib.
Anarın xalq ədəbiyyatı motivlərindən, obraz və süjetlərindən bəhrələnmə imkanları müxtəlifdir, eyni zamanda orijinaldır. Bu da təbiidir. Hər sənətkarın fərdi duyma, yaşama imkanları var. Məsələn, bir sıra sənətkarların yaradıcılığının folklorla bağlı məqamlarını tədqiq etmiş bir şəxs kimi, onlarda görə bildiyim bir çox keyfiyyətləri Anarın əsərlərində də görmüşəm və bunlar diqqəti cəlb edir. Onlar kimi Anar da orijinal xalq ədəbiyyatına yanaşma keyfiyyətinə malikdir. Təkrarsız, bənzərsizdir onun yaradıcılığında folklordan yararlanma tərzi.
Onun «Çağırılmamış bayatılar»ını mövzu cəhətdən bir neçə hissəyə bölmək olar. Bayatı, bildiyimiz kimi, bineyi-əzəldən özündə forma və məzmun zənginliyi ilə seçilib, sevilib. Xalqımız bayatılarda Vətən, övlad, yurd, torpaq sevgisini, dostluğu, mərdliyi, qəhrəmanlığı, eşqi, ayrılıqdan doğan həsrət və intizarı, qəriblik acılarını, zülm və əzablardan, fələkdən şikayətini, ağıllı nəsihətləri, öyüdləri, ailə- məişət incəliklərini, baş verən tarixi hadisələrə münasibətini əks etdirmişdir. Şifahi xalq ədəbiyyatının ən ilkin, mühüm növüdür. Ən çox yayılmış bayatılarda dərin fəlsəfi, əxlaqi, ictimai fikirlər ifadə olunur. Dörd misralı yığcam, qısa bir bayatıda qalaq –qalaq əsərlərə bərabər məzmun, ideya yatır. Deməli, bu bayatılarda insan ağlı, zəkası, düşünjəsi, təfəkkürü mühüm rol oynayır. Bayatıların xeyli hissəsi toplanıb nəşr edilmiş, onlardakı sənətkarlıq məsələləri elmi – ədəbi – bədii təhlilini almışdır. Onların yaranma tarixi məlum deyil. Bayatılar öz məzmun zənginliyi ilə ağılardan, oxşamalardan, sayaçı sözlərdən, mahnılardan fərqlənsə də, çox zaman onlardan, onların mətnlərindən xalq mahnılarının yaranmasında istifadə olunmuşdur. Bir çox bayatılarda ağı məzmunu da var. lirik xalq yaradıcılığı insan duyğularının istək və arzularını, xalq həyatının bütün sahələrini özündə ümumiləşdirdiyindən bayatılara münasibətimdə onların bənzəri olan digər nümunələr arasına sədd çəkilməsinin əleyhinəyəm. Bayatıların məzmunundakı tarixilik, onların müxtəlif dövrlərdə, müxtəlif zamanlarda yarandığını göstərir. Bayatıları yaradan insanlar xalq içərisindən çıxmışdır. Zaman keçdikjə onun adı yaddan çıxmış, dildən – dilə, nəsildən – nəsilə ötürüldükcə müəyyən dəyişikliklərə uğramış, xalq təfəkkürünün zəngin çalarları ilə cilalanmış, variantları yaranmış, xalqımıza bu günümüz gəlib çatana kimi böyük bir yol keçmiş, bu irəliləmə prosesində çoxu yaddan çıxmış, unudulmuş, az bir hissəsi əlimizdədir. Fərdi folla yaranan bayatılar bu gün də var. Şah İsmayıl Xətainin, Sarı Aşığın və digər sənətkarların yaratdığı bayatı nümunələri ən qiymətli bayatılarımızdır. Hər dövrdə sənətkarlarımızın yaratdığı bayatılar (müəllifli bayatılar ) da xalq ədəbiyyatı ruhunda köklənmiş bayatılardır. Anarın da «Çağırılmamış bayatılar»nın özünəməxsus mövzu və ideyaları var.

Ey dünya, gidi dünya
Üzün ikidi, dünya.
Namərdi əzizlədin
Yıxdın igidi, dünya.
Bu bayatıda yazıçının müraciət etdiyi obyekt dünyadı. O dünya ki, yazıçı onun ağlı–qaralı, acılı–şirinli, pis–yaxşı, mərd–namərd keyfiyyətini ortalığa qoyur. Üzü «iki» dünyadan incik yazıçı onu mərdə «düşmən» namərdə dost kimi təsvir edir. Yazıçı ictimai-siyasi ədalətsizlikləri görür, bu «zalım dünya»nın, «gidi dünya»nın ikili sifətinə bir zərbə endirir, onun namərdi əzizləməsinə, mərdi yıxmasına dözmür, dörd misralıq bir bayatı içində təməli ədalətsiz qurulmuş dünyasından şikayətlənən müəllif gördüklərinin, yaşadıqlarının şahidi olduğu hadisələrin əsasında belə bir qənaətə gəlib. Zalım, zülmkar dünyanın bir haqsız işi də odur ki, yaxşısını – pisini görmür, görəndə də yenə nəsə susur, bu susqunluq yandırır, kösöv edir haqqın, ədalətin pozulduğunu görən düz adamı.
Onun bayatılarında dünyada baş verən ədalətsizliklər də, özbaşınalıq da pislənir.
Yazıçının
Əziziyəm, Gədəbəy
Gözəl yerdir Gədəbəy
Qiyamət onda qopar,
Saysa özün gədə – bəy.
-birinci, ikinci misralarda Gədəbəyə, onun səfalı təbiətinə, gözəl, mənzərələrinə, füsünkar gözəlliklərinə heyranlıq, məhəbbət tərənnüm olunursa, üçüncü, dördüncü misralarında tamamilə başqa bir mövzu, ideya əsasdır. Burada yazıçı bəy ləyaqətini, ucalığını, böyüklüyünü, gədalıq keyfiyyətini açır, tökür. Onlar arasındakı «uçurumu» görən şairin nəzərində qiyamət onda qopar ki, gəda özünü bəy sanar, nadan, gəda başda oturar, özündən müştəbehlər bəy titulu altında nə kimi fəlakətlər törədər, nələrə gətirib çıxarar gədaların bəylik eşqi, arzusu. Onda bu bəylik eşqinə düşüb yaraşdı, yaraşmadı adına bir bəy adı da artırıb bəylərin sayını artıran yaxşısı, pisi, düzü, əyrisi, abırlısı, abırsızı, nadanı, adili seçilməyən bir ölkədə «dərəbəylik» hökm sürər. Dərəbəylik hökm sürən eldən, Vətənin, xoşbəxt, işıqlı gələcəyindən danışmaq da gülünc olar. Yazıçı bilir bu «bəy» titulunun arxasında nələr var:
Bənd bəylik, bərə bəylik,
Dolub hər yerə bəylik.
Hər yetən bəy olanda
Olacaq dərəbəylik.
Son illərdə bəzi üzdəniraq «bəylər»in artması, onların ölkənin başına gətirilən müsibətlərdəki qəsdli-qəsdsiz iştirakı yazıçının gözləri önündədir. O bilir ki, belə bəyliklər ağıllı, ziyalı kəsləri çox narahat edir. Çoxları bu «bəy» adı altında şəxsi imtiyazlara sahib olmaq üçün dəridən-qabıqdan çıxır, bildirçinin bəyliyi kimi bəylikləri darı çöldən biçilənə qədər olur.
Əsrlər boyu «bəy» adı altında əsli, nəcabəti, adı, əcdadı, varı, imkanı, qeyrəti, mərdliyi, böyüklüyü görən sadə xalq kütlələri yalançı bəylərə gülmüşlər.
Yazıçının «Çağrırmamış bayatıları»nda namərd, onun qeyri-insani keyfiyyətləri açılıb tökülür. Namərdlərin dərdi olmaz, namərdlərin etibarı da heçdi, gəldi-gedərdi. Mərdin mərdlik keyfiyyətlərinin əksini özündə yaşadan namərd insanlarda etibar, vəfa, sədaqət görməyən dədə – babalarımız kimi, Anar da bayatılarında onlardan gileylidir. Gəda – namərd insanlardan nə bəy, nə mərd insan olub, ola da bilməz. Yazıçı bayatılarında bu mövzuda qələmə aldığı yazılarında namərdi, etibarsızı, gədanı pisləyir, yaxşı, xeyirxah, mərd insanlara olan səmimi münasibətini ifadə edir.
Yazıçının bayatılarında bu günümüz, ölkəmizdə, torpağımızda gedən mübarizələr, başıbəlalı Qarabağ faciəsi, əldən getmiş torpaqların həsrəti, Vətən, yurd yanğısı, ayrılığın törətdiyi fəlakətin ağrısı, torpağa bağlılıq, Qarabağ, Şuşa harayı, Laçın dərdi, Qərbi Azərbaycan yarası, Ana torpağın sinəsində çalın – çarpaz dağlar çəkən sərhədlər, bağlı qapıları, yolları açmaq istəyi, Vətənə gedən qanqal basmış cığırların, yolların həsrəti, əzabı qalaq-qalaqdır. Bu bayatılarda mübarizəyə çağırış, döyüş ruhu var:

Torpağımız yaddadır,
Burda sular yad dadır.
Ya yıxıl yat, oyanma,
Silah götür ya da dur.

Yazıçı dözmür bu oturaqlığa, ətalətə, gözləmə mövqeyi tutmağa bəzən. Çünki bunlar belə getsə, torpaq yadda qalacaq. Məgər bizim istəyimiz budur? Yazıçı bir bədii sualla əldən getmiş Şuşa dağına dözməyənlərin elə bil yarasının közünü qoparır, onu iynələyir.
Qoy bunlar yadda qalsın.
Şuşamız yada qalsın?
Qarabağ azad olsun
Beləmi ya da qalsın?
Bu misraların canında bir qəzəb, düşmənə nifrət, döyüşə çağırış hissi var. Yatmışları, batmışları, qulaqları kar, gözləri kor olmuşları, unutqanları silkələyir bu misralar. Qarabağ azad olsun, yoxsa belə əsarət altında qalsın, inləsin düşmən tapdağı altında? Qarabağlı Qarabağına qovuşsun, yoxsa qərib ellərdə çadırlarda çürüsün, ölüsü torpaqlara tapşırılsın, yoxsa elim –günüm var, elsiz –günsüz qalmışam deyənlərin, son ucu ölümlü bu dünyada yurd torpağından bir qarışı qisməti olmayan həmvətənlərinin gözlərindəki həsrəti, qubarı görməməzliyə vursun? Mümkünmü bunlar? Nə qədər qərib torpaqlara əmanət qoyulmalıdır. Bu əmanət qoyulmuşların istəyinə nə vaxt əməl ediləcək. Bu dərd, bu yara nə vaxt kəsilib atılacaq, sağalacaq, yurd-yurda, el –elə qovuşacaq?
Buna cərrah yarayar.
Bıçaq götür yara yar.
Şəki, Şirvan, Qarabağ –
Kaş qovuşsun yara yar.
Yazıçı üçün Şəki, Şirvan, Qarabağ bir eldir, bir qəlbdir, bunların dərdi səri birdir. Bu dərd-sərləri aradan götürmək, sinəsi dağlı Vətən düzlərini, dağlarını, ellərini qovuşdurmaq üçün «buna cərrah yarayar». O cərrah özümüzün, Vətən övladlarıdır. Torpağı bölgələrə bölməyin əleyhinə olan, vahid Azərbaycan ideyası ilə köklənib döyüşə atılan Azərbaycan vətəndaşıdır. Çünki o, Qarabağ uğrunda şəhid olan Azərbaycanın hər küncündən, bucağından olan Azərbaycan övladlarıdır. O şəhidlər bütün xalqın qəlbində dağdır. O şəhidin nə Gəncəsi, Bakısı, Şəkisi, Qarabağı, Zəngəzuru var. Onun gözündə bir Azərbaycan var. O Azərbaycan sevgisidir onu el yolunda şəhid edən, yurdun azad olmasına səsləyən, bu gün onun dərdi – o şəhid dərdi hamımızın köksündə yaradır.
Analar deyər ağı,
«Bizə kim qıydı axı?»
Görün necə dağ çəkib
Xalqa şəhidlər dağı.
Anaların ağısından, harayından, «bulaqlar çaya döndü», «dağ çökdü, qaya döndü».
Amma yazıçı sabaha inamsız da deyil. Ümidlə, nikbinliklə baxır gələcəyə.
Bu nə qismət, bu nə qədər,
Yoldaş olub bizə kədər.
İnan buna bir gün səhər,
Gələr sevinc, kədər gedər.
Yazıçıda bu inamı, nikbinliyi yaradan qəlblərdəki Vətənə sönməz məhəbbətdir. O bu məhəbbətin istisində isinib, o bu Vətənin qucağında böyüyüb, inanır ki, hər bir Azərbaycan övladı bu gün onun kimi qəlbini torpağa, Vətənə bağlayıb, onun yolunda canından da keçməyə hazırdır. Çünki o bu ülvi məhəbbətin, müqəddəs hisslərin əsiridir:
Ömrümün bu çağında
Öləydim qucağında,
Basdıraydın qəlbinin
Ən uzaq bucağında.

Varım, yoxum sənindi,
Şirin yuxum sənindi,
Könlümün hər güşəsi
Yuvandı məskənindi.

Yazıçı bilir ki,
Həsrətə dözmək olar,
Qürbət – həsrət olanda.
Həsrətə dözmək olmur,
Vətən – qürbət olanda.
Yazıçının bayatılarında dünyaya, həyata məhəbbət əsasdır. İnsan övladı nə qədər zülm, əzab çəksə də, bu haqsız, ədalətsiz dünyanın əməllərindən incisə də, küssə də yenə ondan doymur. Yaşamaq eşqi güclü olan insan üçün bu dünyanın əzabları da şirindir.
Bəlkə bir iz qoymadım.
Ürəyimi soymadım.
Dünya məndən doysa da
Mən dünyadan doymadım.
Bu «gəldi-gedər» dünyada ömrü boyu «əlləşib, vuruşub» can qoyan insan bilir ki, bunlar da hədərdi, dünya istədiyi vaxt, məqam çatanda onda verdiyi canı alır, özü də sormadan, izn almadan. İnsan övladı sevir bu dünyanı, bu sevgi ötəri sevgi deyil, əbədi həyat, yaşamaq eşqidir ki, onu insan övladı əlindən vermək istəyində deyil. Bu həyat eşqi, yaşamaq eşqidir, insanı bu vəfasız dünyaya bağlayan.
Anarın bayatılarında bəzən bir mövzu bir neçə bayatının canında birləşir. Onlardakı lirika birləşdirir bu misraları, bəndləri lirik bir şeirə çevirir,
Ömrümün çətiri tək
Şerimin sətiri tək,
Yada düşdün yaz günü,
İydənin ətiri tək.

Amma Anar onsuz da bilir ki, insan oğlu gəldi-gedərdi, bilir ki, «əvvəl axır insanı yer alandı», bilir ki, bu dünyanın varı, qaşı, daşı çox olsa da, « daş qaşlılar» çox olsa da «tək birdir qəbir daşı». Bu da Anar fəlsəfəsinin real görüntüləridir. Bu görüntüləri lirik bir dillə vermək imkanı da onun daxili bədii imkanının nəticəsidir. «Dərk etməkçün həyatı» ədəbiyyatı seçən, «qalın kitablar» yazan yazıçı «bir də beş-on bayatı» yazdı və bu bayatılarda verdi ən gözəl düşüncələrini, fikir və duyğularını. Az lirik əsərlər yazan Anar az lirikasıyla da yadda qalacaq. Çünki bu misralarda bəşəri duyğular əsasdır, insanı o sarı simiylə titrədə bilir. Bu titrətmə insana imkan verir ki, o bədii–lirik estetik – fəlsəfi misralardan ruhuna uyğun olanı seçsin, qavrasın, köçürsün yaddaşına, zaman – zaman yazılan deyilən, çağırılan bayatılara onun «çağrılmamış bayatılar»ı da qoşulsun, onlar da dildən – dilə düşsün, bullur bulaq kimi axıb getsin, «içənin»ürəyini sərinlətsin. Müəllifli bayatılar içərisində Anar bayatıları da Sarı Aşıq, Xətai bayatıları kimi öz dəsti –xətti, orijinallığı ilə seçilsin, yaşasın, yaradanına, düzüb – qoşanına oxucu məhəbbəti qazandırsın.
Anar yaradıcılığında bu təbiidir. Onun xalq ədəbiyyatına, aşıq sənətinə, Azərbaycan şerinə vurğunluğu yaratdığı digər lirik şer növlərində də özünü göstərir. Yunis İmrənin yaradıcılığına dərindən bələd olduğu bir şerinə iqtibas etdiyi poetik parça yüksək bədii sənət nümunəsi kimi diqqəti cəlb edir.
Yunis İmrə yazır:
Gəldi keçdi ömrüm mənim
Ol yel əsib keçmiş kimi.
Hələ mənə böylə gəldi,
Bir göz yumub açmış kimi.
Yunis İmrənin bu misraları üzərində şair Anar aşağıdakı misraları kökləyir:

Ötüb getdi ömrüm mənim
Yellər əsib keçmiş kimi.
Ömrün sonu qaçılmazdır,
Fələk kəfən biçmiş kimi.

İstədim dəryada üzəm,
Qartaltək göylərdə süzəm.
Elə bildim ölümsüzəm,
Abı – həyat içmiş kimi.

Heç bilmirəm hara gedim.
Dünyanı hardan seyr edim.
Sözümü göydənmi dedim,
Qanad açıb uçmuş kimi.

İllər keçdi bir an kimi,
Cəllad yoxdu zaman kimi,
Həyat bir yuxuymuş, demə,
Bizə gəlir olmuş kimi.

Yazıçının bu misralarında Yunus İmrə ruhu var. İlahi eşqin, məhəbbətin tərənnümçüsüydü Yunus İmrə. İnsan ağlının, zəkasının, Tanrı qüdrətinin tərənnümçüsüydü Yunus İmrə. Dünya, kainat, onun gəldi gedərliyi, həyat fəlsəfəsi yaşayır Yunus İmrə şeirlərində.
Anarın bu şeirində də həyati – fəlsəfi baxışlar əsasdır. Şair ötüb keçən ömrümdən gedən illəri, əsib keçmiş küləklərə bənzədir. Bu ömrün sonunun qaçılmazlığı – olum–ölüm fəlsəfəsinin dərki əsasdır bu iki misrada ki, «ömrün sonu qaçılmazdır, fələk kəfən biçmiş kimi». İnsan gəlir, yaşayır, yaradır, qoyub gedir.
Gəncliyində quş qanadlı, dəryalara baş vuran, sağlam həyat eşqi canında olarkən dünyanı «ölümsüz» bilən insan övladının yaşamaq eşqi, gənclik ehtirası ön plana çəkilir. Xalq ədəbiyyatından gəlmədir bu ifadə; «Abı-həyat», «Dirilik suyu» adı altında xalq ədəbiyyatında, əfsanələrdə rast gəldiyimiz bu motivlər insan övladının əlçatmaz arzusudur.
Anarın «Vətən marşı» şeirində Azerbaycana vurğun bir qəlbin çırpıntıları duyulur. Onun nəzərində Ana torpaq «məhəbbətdən, cəsarətdən
Ürəklərdə sədaqətdən
Diləklərdə hürriyyətdən,
Şüurlarda həqiqətdən,
Əməllərdə ədalətdən,
İztirabdan, əziyyətdən,
Göz yaşından, əsarətdən,
Qovuşmağa, birləşməyə,
Ümidsiz dəli həsrətdən,
Yer altında hərarətdən,
Yer üstündə bərəkətdən
-doğulub. Şerin sonrakı misralarını şair xalq ədəbiyyatı üstündə kökləyir. Yanıq Kərəm xalq dastanlarının gözü olan «Əsli və Kərəm» məhəbbət dastanının qəhrəmanıdır. Kərəm el ədəbiyyatında məhəbbət, sədaqət, əhdə vəfa simvoludur. Yazıçı Ana Vətənin atəşində Yanıq Kərəmi də görür.
Yazıçı bu xalqın kökündə, soyunda hikmətli, qüdrətli oğullarımızı, qorqudlarımızı görür. Onun nəzərində:
Dədə Qorqud kitabında,
Nəsiminin xitabında,
Xətainin gur səsində,
Füzulinin naləsində,
Vaqifin şux qoşmasında,
Vidadi ağlaşmasında,
Mirzə Fətəli dərdində,
Zərdabinin qeyrətində,
Natəvanın ismətində,
Ələsgərin qismətində,
Acı Sabir fəryadında,
Mirzə Cəlil ah – dadında,
Hadinin qəmli günündə
Cavidlərin sürgünündə,
Dözümdən və mətanətdən
Doğulmusan, Ana Vətən.
Yazıçı «"Dədə Qorqud" kitabından dedikdə «Kitabi "Dədə Qorqud"» dastanlarına işarə edir. Bu dastanlardakı vətənə, torpağa, yurda məhəbbət, ataya hörmət, anaya müqəddəs münasibət, dostluğa sədaqəti, düşmənə nifrəti, qəhrəmanlıq keyfiyyətini yüksək tutmaq, elin ağsaqqalına, qocasına, qarısına hörmət və izzəti əsas tutur.
Yazıçı bu şeirdə xalqımızın milli – mənəvi dəyərlərinə üz tutur. Azərbaycan xalqının ən qədim, dəyərli bayramı olan Novruz bayramını-yeni ilin baharın gəlişiylə bağlı keçirilən xalq mərasimlərini, insan şüurunun, zəkasının məhsulu olan folklor incilərinin bu xalqa məxsusluğunu əsas tutur.
Yazıçının qələmə aldığı şeirlərdə ana torpaq, vətənə bağlılıq, onun möhtəşəmliyi, qədimliyi, ululuğu, qəhrəmanlıq tarixi, xalqımızın yaratdığı zəngin mənəvi – mədəniyyət xəzinəsi, onun yetişdirdiyi dahi şəxsiyyətlər, onların qoyub getdiyi ədəbi – bədii irs, uğrunda mübarizə apardıqları bəşəri ideyalar, tarixdə, ədəbiyyatda, mədəniyyətdə tutduqları mövqe, Azərbaycanın dünyanın sivil dövlətləri ilə yanaşı olması üçün apardıqları işlər, ona olan sevgisi tərənnüm olunur, vəsf edilir.
Aşıq yaradıcılığına ürəkdən bağlı olan Anar çox sevdiyi aşıq sənətkarlardan Aşıq Alının
Yar yanında günahkaram, doğru sözüm yalan oldu.
…keçən sözü çəkmə üzə, keçən keçdi, olan oldu.-misralarını şeirində iqtibas kimi götürüb aşıq şerinin ən gözəl nümunələrindən birini yaratmışdır. Şeirin ölçü-biçimi, lirik-bədii tutumu, məna və ideya çəkisi oxucu gözündən qaça bilməz. Azərbaycan övladı aşıq şeirinin, musiqisinin sədaları altında böyüyür. Böyük maarifçi Həsən bəy Zərdabi yazır: «Bir baxın, bizim aşıqlar toylarda oxuduqda onlara qulaq asanlara. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, beistilahi-türk, ətini kəssən də xəbəri olmaz». Anarın aşıq şeiri ruhunda yazdığı sənətkarlıq cəhətdən gözəl şeiri də sənətkarlıq imkanlarının genişliyindən xəbər vermiş olur. Anar sözünü başqa cür də deyə bilərdi. Xalq yaradıcılığının bu gözəl ənənələrindən faydalanma onun aşıq musiqisinə, sazına, sözünə vurğunluğundan irəli gəlir. O da bu gözəl şeirin gözəl nümunəsini yaratmışdır.
Nə söylədim, nə dedimsə,
Doğru sözüm yalan oldu.
Ürəyimi boşaltmağım
Mənə bir tək qalan oldu.

Yola çıxdı qəm karvanı,
Kimdi karvanın sarvanı.
Qəlbimdə xoş hisslər hanı?
Qəlbim dərdlə dolan oldu.

Yuxuma girməz yatanda,
Aşıma zəhər qatan da.
Bostanıma daş atan da,
Filan oğlu filan oldu.

Şüurlara fikir əkdim,
Çox vaxt bu meydanda təkdim,
Çəkən bilər nələr çəkdim,
Keçən keçdi, olan oldu.
Aşıq Ələsgərin bir misrasından şair Anar öz fikrini daha qüvvətli vermək, demək istədiyi fikri ümumiləşdirmək üçün elə məharətlə yararlanır ki, bu da onun istedadının imkanlarıdır. Hərcayıların, nadanların, cahillərin zərbələrini az yeməməişdi Aşıq Ələsgər. Sənətə, sənətkara gəc baxanların qəlbini, düşüncələrini ifşa etmək üçün ən gözəl ictimai-siyasi məzmunlu aşıq şeiri nümunələri yaradan Aşıq Ələsgər yaradıcılığına yaxından bələd olması imkan verir ki, Anar da öz dərdlərini, aldığı zərbələri, qarşısına çıxan cahillərin əməllərini ifşa etmək üçün sözünü desin. Burada şairin misraları, onların biçimi, və çətin qafiyələri məharətlə yarada bilməsi qabiliyyəti daha qabarıq nəzərə çarpır. Burada sənətkarın çəkdiyi mənəvi əzablar qəlb ağrıdır. Oxucu bu böhtanların, yalanların sahiblərinə nifrət edir:
Hara qaçaq bu qapqara böhtandan.
Necə can qurtaraq hərzə-hədyandan.
Kəmfürsətdən, kəmsavaddan, nadandan
«Nə söz qaldı sənətkara dəyməmiş?»
Şeirin ikinci bəndi, burada aşıq şeirin incəlikləri, aşıq yaradıcılığına məxsus sənətkarlıq imkanları diqqətəlayiqdir:
Nədən belə qara gəldi, qara yaz.
Al qələmi ağ kağıza qara yaz.
Görməmişdim mən heç belə qara yaz,
Gözümə bu qədər qara dəyməmiş.
Anar xalq mahnılarından da məharətlə yararlanır. Onun “Qaragilə” əsəri bu cəhətdən seçilir. Bir sıra əsərlərində “Sarı gəlin”, “Ay bəri bax, bəri bax” xalq mahnıları qəhrəmanın keçirdiyi hissləri, onun daxili-əhval ruhiyyəsini açmaq üçün sənətkarın müraciət etdiyi mahnılardır. “Qaragilə” əsərinin başlığı da elə xalq mahnısı “Qaragilə”nin adından götürülmüşdür. Əsər ictimai-siyasi məzmunu, dərin bədii təsiri ilə diqqəti xüsusilə cəlb edir.
“Qaragilə” əsəri xalq mahnılarımızın gözəl ifaçısı əslən Cənubi Azərbaycanlı mərhum xanəndə Rubabə Muradovanın xatirəsinə həsr edilmişdir. Burada yazıçı həmişə həsrətini çəkdiyi, əzablarını şəxsi əzabları bildiyi ikiyə bölünmüş Azərbaycanın həsrətli övladlarının faciəsini, ümumiyyətlə, tale yüklü məsələləri qələmə alır. Xalq mahnısı “Qaragilə”nin özündə yaşatdığı ayrılıq, həsrət, hicran, sevgi dolu notlar ona imkan verir ki, Cənubi Azərbaycanlı qardaşı Kazımın- məsləki yolunda doğmalarını itirən, ömrünün ən gözəl illərini daş zindanlarda, dəmir barmaqlıqlar arasında keçirməyə vadar edilən bir insanın, məhbusluq həyatını bitirəndən sonra da mənən məhbus ömrü yaşayan bir insanın həsrətini, göynərtilərini verə bilsin. Dilimizin, xalqımızın varlığının müdafiəçisi olduğu üçün illərlə həbsdə çürüyən Kazımın günahı nə idi: “ O, düşünən ziyalı, savadlı bir Azəri idi-deməli şahənşah səltənətinin düşməniydi. Onun təqsiri–mübariz dostları idi. Onun günahı–arvadı Mihin idi. Səsini təbəssümünü, istedadını inqilabın sərəncamına vermiş müğənni Mihin”. Azərbaycanda yaşayan, dili, milləti təhqir olunan, İranda yalnız fars dili və fars milləti var deyənlərin arzularına qılınc çəkən Mihin kimilərin acınacaqlı taleyi əsərdə öz təsvirini tapır. Daima fədailər qarşısında öz inqilabi mahınları ilə çıxış edən Mihinlər öz dilinin, millətinin varlığı uğrundla çarpışanlar idi və İran şovinistəlri onların ağzına daş basmaq üçün zindanlarda çürüdürdü, onların çoxlarının mühacir həyatı yaşamasının səbəbkarları idi və yazıçı xalqının, millətinin Arazın o tayında yaşayanlarının acınacaqlı taleyini verir. Öz dilini, torpağını, millətini sevənlərin ümumiləşdirilmiş obrazlarıdır Mihin də, onun dostları da, əri Kazım da. Xalq mahnısı “Qaragilə”nin sədaları altında Kazım kimilərin qəlbində yaşayan o tay-bu tay Azərbaycan həsrəti, sevgilisi, anası, bacısı, qardaşı bir tayda, özü o tayda qalan minlərlə, milyonlarla azırbaycanlının dərdli taleyi, həsrəti, qəmi, qübarı verilir burada. Bütöv Azərbaycan həsrəti ilə yaşayan, reallıqları görüb qəlbi Şərqi, Qərbi, Cənubi, Şimali Azərbaycan kimi dörd yerə parçalanan bir torpağın faciəsini yaşayan ziyalıların dərdi burada qövr edir. Bir-birindən ayrı düşən Vətən övladlarının- Azərbaycan millətinin, xalqının, başı bəlalı Vətən torpağının göyür-göyür göynəyən, gözü Arazın o tayına dikilib bu tayında can verən sənətkarının- şairinin, yazıçısınının, müğənnisnin, aliminin, fəhləsinin, kəndlisinin sinəsini didən acı fəryadlarını “Qaragilə” xalq mahnısından gətirilən misralar daha təsirli, emosional bir hisslə təsvir etməyə kömək edir.
Bu da yenə sənətkarın- sənətə, şeirə, musiqiyə, folkloruna bağlı sənətkarın düşüncələridir ki, bu qədər təsirli bir dillə yüksək ustalıqla öz bədii təsvirini tapmışdır.
Əsərdəki lirizm oxucunun qəlbinə hakim olur: “Kişi radio ilə əlləşirdi. Qarışıq səslər gəlirdi-ərəbcə, türkcə, ingiliscə, firəngcə-hər millətin öz səsi vardı.
Birdən… çayxanaya iydə ağacının ətri doldu.
Birdən çayxana yox oldu, adamlar yox oldu, ətrafa uzaq Təbriz axşamı çökdü. Yağış yağdı. Ortada tək bir ağac qaldı. Ağacdan şırıl-şırıl su damcıları tökülməyə başladı. Bu damcılar ağacın altında dayanmış qaragözlü qızın saçlarına gildir-gildir axırdı. Kazım qızdırmalı kimi yerindən sıçradı, radioya tərəf cumdu. O, sanki radiodan gələn səsi qurtum-qurtum içmək, udmaq istəyirdi. Radiodan mahnı eşidilirdi:
Təbrizin yolları dolanbadolan, Qaragilə dolanbadolan.
Məni ki, sevmirsən, get ayrı dolan, Qaragilə, get ayrı dolan.
Nə sənə qız qəhətdir, nə mənə oğlan, Qaragilə, nə mənə oğlan.
Qızılgül əsdi, səbrimi kəsdi. Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi.
Kazım üzünü radiocihazın üstünə qoydu.
Çayxana əvvəlki çayxana idi. Cayxana sahibi oturduğu yerdə qovrulurdu. Xidmətçi elə hey udqunurdu. Adamlar musiqi dinləyib feyziyab olurdular. Kazım sayıqlayırdı. Odur..odur… Mihin.
Çayxana sahibi xidmətçiyə tərəf döndü.
-Dəlidir?
-Mən də elə güman edirəm, ağa. Bircə fincan çay içib. Dörd saatdır oturub gözlərini zilləyib bir nöqtəyə.
Çayxanadakılar təəccüblə ona baxırdılar. Hərə bir söz deyirdi. Radiodan isə nakam bir eşqin yanıqlı nəğməsi çağlayıb axırdı:
Göz yaşımla sularam Tehran yolunu, Qaragilə, Tehran yolunu.
Bir ildir görməmişəm yarın boyunu, Qaragilə, yarın boyunu.
-Bir il? On dörd il, Mihin, düz on dörd il,-Kazım radioya pıçıldayırdı,-Sən sağsanmış, Mihin, sən yenə oxuyursan. Öz nəğmələrini oxuyursan, bizim nəğmələri. Oxuya bilirsən, oxumağa ixtiyarın var. Sən məni də unutmamısan, Mihin, həmi?
Gəlmişəm otağına, oyadam səni, Qaragilə, oyadam səni.
Nə gözəl xəlq eləyib yaradan səni, Qaragilə, yaradan səni.
Bu sözləri belə yanıqlı deyən dodaqlar onu–Kazımı, ilk eşqin yarasını unuda bilməzdi. O, bu mahnını da Kazım üçün oxuyurdu. Bəlkə də düz on dörd il idi ki, hər gün oxuyurdu. Kazım sağdırsa, eşidəcək ümidiylə oxuyurdu.
Qızılgül əsdi,
Səbrimi kəsdi.
Bu on döod ildə onun səbri kəsilməmişdi, o hər gün oxuyurdu, oxuyurdu
…Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi…
….Bu səs sanki qanad açıb çayxanadan çıxır, pərdə-pərdə, dalğa-dalğa həsrətli bir diyara yayılırdı.…
Yazıçının qəhrəmanı-ölümdən ayrı bir çarə bilməyən insan bu xalq mahnısının sədaları altında yaşamaq üçün ayrı yol seçir. Bir xalq mahnısında bir millətin, xalqın faciələri, ayrılıq, hicran, həsrət, ümid dolu misralarla daha təsirli, yüksək bədiiliklə verilir və oxucu qəlbini riqqətə gətirir. Həm xalqa, həm onun musiqi dünyasına sonsuz məhəbbət aşılayır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah