Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

«Atadan oğula əmanət-Vətən» kitabı haqqında

Sima Şirvanlı keçən əsrin sonlarından Azərbaycan mətbuatında lirik şeirləri ilə tanınmağa başlamışdır. Müntəzəm olaraq mətbuatda lirik şeriləri ilə çıxış edir. «Mənim nakam məhəbbətim», «Ağrılı-acılı bir sevdam olub», «Yar itkisi, bala dağı, el dərdi», «Heç bahar yaşamadım» kitablarında toplanmış şeirlərində ömrünün ən ağır, üzüntülü anlarını, başına gələn faciələri, verdiyi itkilərdən doğan dərdi, qüssəni misralara çevirib, bunları həyəcansız, üzüntüsüz, qəmsiz, qüssəsiz oxumaq mümkün deyil. Əsil istedad sahibi şəxsi, ictimai qəmi, kədəri, sevinci poetik dillə ifadə etməyi bacarandır.
Sima Şirvanlının şeirlərində qəlbindən süzülüb gələn könül sevdalarıyla yanaşı saflığı, təmizliyi də yaşayır.
Şeirlərindən üz tutduğu dərgahdan aldığı yaralara görə acı-acı şikayət deyil, qədər qismətə boyun əyib, qəlbində inciksiz yaşayan bir saf qəlbin, körpə uşaq qəlbinin səmimiyyətini duyuruq:
Yaradan sən, yaranan mən,
Bəxt taleyi qaralan mən,
Vuran fələk, vurulan mən,
Xilqətinə qurban olum…
Sima Şirvanlı şeirlərində ruhuyla, qəlbiylə Tanrısına bağlı, ilahi eşqin tərənnümçüsü Yunis İmrə ideyalarını davam etdirir.
Bu fani, bu puç dünyanı,
Heç kəs tutub duran deyil,
«Əcəl» alır hər insanı,
Bu doğrudur, yalan deyi.
Sima Şirvanlının şəxsi faciələrini özündə əks etdirən misralarında ictimai motivlər də çox güclüdür. Şair, sənətkar üçün bündan böyük dərd ola bilməz ki, yar, övlad itkisinə, el dağı da çöküb. Yurd-yuva, el-oba faciəsinin içində əridilir övlad sevgisi, hicran, həsrət göynərtiləri….
Bir zaman qələminin, istedadının üzünə qapılar bağlansa da, fitri istedad o qapıları qırıb, qəfəsləri dağıdıb, işıq üzü gördü. İlk şeirlərində aldığı zərbələr, incikliklər qəlbini didib-dağıtdığından şəxsi qəm-qüssəsi, sevinci, fərəhi şeirlərinin əsas mövzusu olsa da, sonradan ictimai həyata atılması, gördüyü, yaşadığı tarix əsərlərini məzmun və forma, ideya cəhətdən zənginləşdirir. Millət, xalq, vətən sevgisi şəxsi sevgisi ilə qaynayıb-qarışıb, bəzən onu üstələyir.
«Atadan oğula əmanət-vətən» kitabında toplanan şeirləri, poemaları bü cəhətdən xarakterikdir. Vətənə, onun ictimai-siyasi odlar içində bişib yetişmiş cəsur, tədbirli övladlarına məhəbbət üzərində qurulan misraları başdan-başa səmimi hisslərin etirafı, tərənnümü, təsviridir.
Dünya şöhrətli ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinə, fəaliyyətinə həsir olunmuş bu şeirlərin ruhunda el, vətən, vətən sevgisi, Azərbaycanın sabahı üçün narahatlıq, güvəndiyi dağlara ümid dolu baxışlar, işıqlı sabaha canatma güclüdür. Tariximizə nəzər salan şairə gözümüz onündə canlandırır Azərbaycanın mətin, igid, cəsur tarixi şəxsiyyətlərini. Azərbaycanın başı üzərini qara buludlar alanda bilmişik ki, zaman-zaman vətən, torpaq oğullar yetişdirib, xalqına, millətinə dayaq olub. Onun başı üzərində qara buludlar dolaşanda, duman-çən çuğlayanda bu oğullar çatıb xalqın köməyinə, xalq inanıb, gedib onun arxasınca və inamında yanılmayıb, öz vüqarını, mərdliyini, varlığını, onun ağıllı, tədbirli siyasəti nəticəsində qoruyub saxlaya bilib. Şairə ona görə fikrində haqlıdır ki, o oğullardan həqiqətən elə ən qüdrətlilərindən biridir Heydər Ata:
Tarix az yetirib, sən tək ər kişi,
Atatürk qeyrətli, cəsur, nər kişi.
Bu meydana atılmazdı hər kişi,
Bu sənə yaraşır, ay Heydər ata!
Onu elinə arxa, dayaq bilir, ümid, inam dolu misralarında. Heydər Əiyev qüvvəsinə, qüdrətinə inamını vəsf edib:
Sən elinsən, arxanda bir el durur,
Haqq-ədalət adlı uzun yol durur.
Dərya kükrəyəndə, dəniz, göl durur,
Dəryasan ağılda, ay Heydər ata!
Bütün elləri «qardaşlığa» səsələyən qüdrətli şəxsiyyəti «azadlıq carçısı», ömrümüzə doğan «günəş, gün» bilir və ondan təmənnası budur ki
Yurdu, eli laləzara döndərib,
Kəs düşmən ayağın, ay Heydər ata!
Arxasında «xalq durur» dediyi sərkərdəmizin gücünə, qüdrətinə heyran olduğu Azərbaycan oğluna «sən dayaq ol, bu yıxılan millətə, dursun ayağa»-deyə müraciət edir. Millətin sərkərdəsinə üz tutan şairin haqqı var ondan kömək ummaqda. Onu narahat edən məsələlər var, qanı, canı bahasına qazandığımız müstəqillik, azadlıq üçün, onun sabahı üçün nigarançılıq var bu misraların canında:
Kəsdi ömrümüzü yatan qayçısı,
Sən ol haqqın, ədalətin carçısı,
Alınmasa haqsızlığın qarşısı,
Gedər müstəqillik, ay Heydər ata!
Ən çətin məqamlarda özünü yetirən, xalqına, dövlətinə köməyə gələn, hər cür təhqirləri, bohtanları sinəsinə sıxıb, onu boğaraq gələcəyə, sabaha ümidlə baxan, qaranlıq məqamlara aydınlıq gətiriləcəyinə inanan, bulanıqların durulacağına ümid bəsləyən liderin həqiqətən də «yurda sülh, azadlıq» gətirdiyini söyləyir, onun «hər şeyə qadir» olduğunu müdrik siyasətinin nəticəsi kimi qiymətləndirir. Dünyada adıyla, yeritdiyi ağıllı, müdrik siyasətilə şöhrət qazanan dövlət başçısının xalqa, millətə inamını, bu inama söykənərək apardığı siyasəti, xalqa, Azərbaycan dövlətinə, onun inkişafına, iqtisadi, mədəni, siyasi sahədə apardığı məqsədyönlü fəaliyyətinə bir azərbaycanlı şairənin verdiyi qiymət xalqın yurdsevərlərinə ləyaqətli töhfədir.
Bütöv bir xalq eyləyir adınla,
Bir milləti isidirsən odunla.
Gedəcəyik biz sənin haqq yolunla,
Şərəf bu yoldadır, ay Heydər ata!
Xalqına, elinə hələ çox gərək olacağını söyləyir. Millətin «döyünən ürəyi» bildiyi dövlət başçısına uzun ömür arzulayır, əməliylə, fəaliyyətiylə tarixlərdə əbədi qalacağına inanır:
Dahilər atası sənsən, sən özün,
Əbədi qalacaq tarixdə izin.
Gəz, dolan xlş əməlinlə yer üzün,
Xoş sabah eşqinə, ay Heydər ata!
«Azərbaycan xalqının qəhrəman oğlu» kimi onu «Bu vətənin köksündə ürək», «millət dərdi, el dərdi» çəkən oğul kimi keçdiyi şərəfli, çətin, məsuliyyətli yolu və alnı açıq bu yolu qət etməsini tərənnüm edir:
Nələr çəkdin bu millətin yolunda,
Hər bir qırış bir əzabdır alnında,
Sən deyəni deyir qızın, oğlun da,
Cənnət yurdun vəsfini el-el yayır,
İndi bütün bir dünya «Heydər» deyir.
Azərbaycan xalqının vətəndaş müharibəsi burulğanından çıxaran, əli silahlı qoçuların kökünü kəsən, Azərbaycanda sülh, əmin-amanlıq yaradan, çaşqın xalqın imdadına çatan, zəhmiylə düşmənin nəfəsini kəsən, Azərbaycan ölkəsini dünyada tanıdan bir tarixi şəxsiyyətin keçdiyi tarixi mərhələləri misralara çevirir. «Bu gün Azərbaycanda toy-düyün» görən «qiyaməti, məhşəri» xeyirxah əliylə boğan siyasət adamını, dövlət rəhbərini xalqla bağlı, onun arzu və istəklərinin icraçısı kimi vəsf edir.
«Vətənin harayına çağırış» adlandırdığı «Yeni bir dünya qur» şeirində Azərbaycanın ağır günlərində xalqın keçirdiyi iztirabları, erməni faşistlərinin Qarabağda, ona bitişik bölgələrimizdə törətdiyi qanlı qırğınları qələmə alır. «Qaniçən cəlladların» xalqımızın qəsdinə durmasını, qəlblərdə olan həyəcanı, bu bəlalardan qurtulmaq üçün qüdrətli bir sərkərdəyə olan ehtiyacımızı böyük narahatlıqla qələmə alsa da, bu narahatçılığın içində ümidinə çilənən nur kimi millətini, xalqını sevən qüvvəni görüb ona üz tutur, ona inamla söyləyir ürəyindən keçənləri. Mətin iradəli «millətin oğlusan»- deyə muraciət etdiyi insanı «qranit qaya», «nəhəng dağ» bilir, güvənc yeri kimi baxır ona. İçinin qəmini, qübarını ümumiləşdirir. «Yeni bir dünya qur ədalət üstə»- dedikdə doğma vətənində əmin-amanlıq içində yaşamaq istəyini ifadə edir:
Şairə «puç taledən», dəryası dərd-qəmlə dolu ömürdən şikayətlənir. Bu şikayətdə ictimai-siyasi motivlər şəxsi qəm kədəri üstələyir:
Bala dağı, yar itkisi, el dərdi,
Qaçqın dərdi, köçkün dərdi, yurd dərdi,
Sözümlə yüz öldürsəm də namərdi,
«Dəli bir ağlamaq keçir könlümdən».
«Dəli bir ağlamaq keçir könlümdən» az qala aforistik misraya çevrilib, mərhum şairimiz Nüsrət Kəsəmənli deyib, Alı Mustafayev insan kədərinin heykəlinə çevirib bu misranı, şairəni bu misraya qayıtmağa məcbur edən, insan oğlunun çəkdiyi əzabların yaratdığı göz yaşlarıdır, dərd-qəm heykəlidir, göz önündə canlandırılır…
Ümidlərini doğruldan böyük tarixi şəxsiyyətin Azərbaycanın iqtisadi həyatının inkişaf etdirilməsində misilsiz xaliqələr yaratdığını, ümidlərinin get-gedə doğrulduğunu görən şairə dünyanı mat qoyan «bu gerçək röyaya» böyük bir fərəhlə qoşulur. Üzümüzə açılan nurlu sabahlar, ölkəmizlə başqa ölkələr arasında yaradılan «dostluq körpüsü», Azərbaycan neftinin dünyaya yayılan şöhrəti-şanı, analoqu olmayan Bakı–Ceyhan-Tibilisi neft kəmərinin tikintisi, bu işlərin müvəffəqiyyətlə başa çatması üçün layiqli sələfi İlham Əliyevin məqsədyönlü fəaliyyəti, ölkədə gedən mədəni, iqtisadi quruculuq işləri şairənin gözündən yayınmır. «Əsrin nəhəng tikintisi» şerində Bakı-Ceyhan-Tbilisi tikintisi, «tükənməyən neft yatağı» bu tikintinin layihəsini irəli sürən Heydər Əliyev ideyaları, «bol sərvətli neft ölkəsi» Azərbaycan, bu böyük neft səltənəti Azəri xalqının sərvəti olduğu qürur hissi ilə tərənnüm edilir. Əfsanə, xəyal bilidiyimiz hadisənin gerçəkləşməsi, həyata keçməsində H.Əliyev bacarığını, əməyini, qüdrətini xüsusilə vurğulayır. Xalqın istək və arzularını həyata keçirən sərkərdənin fəaliyyətini yüksək qiymətləndirir. Üç dövlətin- türk, gürcü, Azərbaycan dövlətlərinin birgə fəaliyyətlərini, xalqlarımız arasındakı tarixi bağlılığı, dostluq və qardaşlığı da özündə təmsil edən bu böyük, nəhəng tikintini «zamanın tələbi», xalqın qələbəsi, «üç qardaş xalq»ın birliyi, səmimiyyəti kimi qəbul edir, dostların sevindiyini, düşmənlərimizin təşvişini görüb ürəkdən şadlanır və bunu böyük qələbə sayır:
Xalq imza atdı bu işə,
Düşmənlər düşdü təşvişə,
Allah bizimlə həmişə,
Bu ən böyük qələbədir.
Burada şairənin doğma Azərbaycanı, onun igid, mərd, ziyalı tarixi şəxsiyyətləri ilə fəxr etməsi təbii boyalarla verilir. Şah İsmayıl Xətayisi, Səttarxanı, Koroğlusu, Babəki, Qaçaq Nəbisi, Füzuli, Nizami kimi qüdrətli söz ustadları olan bir vətənin ağlamağ yox, sevinməyə haqqı olduğunu bildirən şairə neçə-neçə şairinin, sənətkarının, qəhrəmanının, tarixçisinin, bəstəkarınını fəaliyyəti ilə fəxr etdiyini gizlətmir.
Şair bəzən öz aramızdan çıxan bədxahlara da sözünü deyir. Bir zamanlar ölkədə aparılan məqsədyönlu siyasətə qarşı çıxanların qəzet və jurnalların səhifələrində dərc etdirdikləri qərəzli yazılarına qarşı
Səni allah sevirsə
Düşmənlər neylər sənə?
Namərd üz çevirsə də
Bir xalqın bəsdir sənə
- deyir. Xalqın onu dəstəklədiyini, millətin onu sevdiyini, onun əməyini, fəaliyyətini yüksək qiymətləndirdiyini bildirir.
Şairə ulu öndərimizin itkisindən doğan hüzn və kədərini ifadə edən misralarında da təbii və səmimidir. Onun dünyasını dəyişməsinin doğurduğu qəm qüssə dolu misralarında ulu sərkərdəyə bəslədiyi sonsuz məhəbbət əsasdır. Onu «zamanın yaddaşı», «xalqın dostu, sirdaşı», «Atatürkün qardaşı», «hünərvər insan kimi» vəsf edir, itkisinin doğurduğu ümumxalq hüzn və kədərini ümumiləşdirir, onu həmişəyaşar Azəybaycan adlandırır:
Cahan nədir sən özün bir cahansan,
Sən sevənlərin canında bir cansan,
Sən həmişəyaşar Azərbaycansan,
Bütün millət əziz tutur yerini,
Sevdik dövrümüzün Peyğəmbərini.
Dahiləri ölməz, fövqəlbəşər bilən şairə onun haqq yolunu davam etdirən İlham Əliyevə, onun fəaliyyətinə münasibətini ifadə edir, ümid dolu baxışlarla Azərbaycanın bundan sonra da qazanacağı müvəffəqiyyətlərə üz tutur. Ona ana nəsihəti ilə müraciət edir :
Keç tufandan, adla seldən,
Əhsən, alqış al bu eldən,
Qoy düşməsin adın dildən,
Qazan eldən alqış, oğul!
«Qarabağ dərdi» poemasında Qarabağ faciəsi əsasdır. Xocalı faciəsi, Qarabağda törədilən cinayətlər köksünü göynədir. Başımız çəkən müsibətləri:
Bütün yer üzünə yayaq,
Çəkdiyimiz bu fəryadı.
Yurd-yuvanı yandırdılar,
Körpələri öldürdülər,
İnsanları diri-diri
Torpaqlara basdırdılar.
Unutqanlığın böyük faciə olduğunu bilən şairə tövsiyyə edir ki,
Unutmayaq bu dərdləri,
Düşmənləri oturtmaqçün
Səsləyirəm ərənləri.
Ordusuna, igid sərkərdəsinə, qəhəmanına, ər oğullarına inam üstündə köklənib bu misralar:
Siz ey igid, nər kişilər,
Qəhrəman, mərd, ər kişilər,
Alın cənnət Qarabağı!
Siz, ey hünərvər kişilər,
Böyük dərd Qarabağ dərdi
Düşündürməlidir mərdi.
Xocalıların başına gətirilən müsibətlərin təsviri ürək parçalayıcıdır. «Ay Xocalılar oyanın»- deyir. Xocalıda ermənilərin törətdiyi fəlakətləri, əsir gedən qız-gəlinləri, girov düşən nər oğulları, çöllərə, düzlərə tökülən əliyalın, silahsız Xocalı sakinlərinin acı fəryadlarını göz önündə canlandırır. Xocalı vəhşiliyini bu millətə, xalqa qarşı «soyqırım» kimi qəbul edir. «Qudurmuş, azğın ermənilərə» fürsət verməməyə, bir qarış torpağı düşmən caynağında qoymamağa, düşmənini tanımağa, ounun vəhşi əməllərini unutmamağa səsləyir:
Soyqırımı törədən o,
Torpaqları zəbt edən o,
Səs salıb düzü dünyaya
Şər, böhtan, yalan yayan o.
Onun döyüşə səsləyən misraları döyüş marşlarını xatırladır:
Haydı igidlərim gəlin,
Qarabağımızı alın
Gör nə qədər didərgin var
Küçələrdə ayaqyalın…
Erməni faşistlərinə ünvanlanmış «Kimdir görən?» şeirində iki xalqın arasına qırğın salan erməni daşnaklarını nifrətlə qamçılayır, türkün qanına susamış murdarların iç üzünü açıb tökür, düşmən dəyirmanına su tökənləri, «arın, namusun atanlar»ı qan tökənlərin kor gözlərini açır və bildirir ki, «torpaq ocaq, torpaq pirdir», «Yurd, vətən sağ əlimizdir, qızılımız, ləlimizdir, Azərbaycan elimizdir». Şairə üçün
Torpaq canlıdır canı var,
Onda şəhidlər qanı var.
Bunu günün havası, suyu kimi qəbul edən şairə torpaqlarımızın tezliklə geri qaytarılmasının nə qədər vacib olduğunu sübuta yetirmək üçün çöllərə tökülən nə qədər didərginlərimizin olduğunu xatırladır. Süfrəmizdə duz-çörək kəsib yediyi duz-çörəyi unudan murdar erməni qonşularımızın xain, hiyləgər, canavar xislətini açır, tökür. Tariximizi mənimsəmək, torpaqlarımıza sahib durmaq üçün yeritdiyi çirkin siyasəti, mədəni abidələrimizə, milli mənəvi dəyərlərimizə tamah salan erməni faşistlərini «azğın, quduz ac itlər», «mənfur, pis məxluqlar» adlandırır. Yer üzününün artıq onların murdar sifətlərini tanıdığını bildirir. Onlara «insan demək çox günahdır» deyir. Onların vəhşiliklərinin bitməz tükənməz olduğunu sübut edən faktları qoyur qarşımıza.
Bağlayıb qız gəlin qolun
Diri-diri yandırdılar.
Təcavüzə məruz qalan
Qız gəlini öldürdülər
Yurdu yandırıb yaxdılar.
Anaların göz önündə
Körpələri öldürdülər,
Təhqir edib ölüləri
Bu vəhşilər gülürdülər…
Bütün bu dəhşətləri yaşamış, başı müsibətlər çəkmiş, millətini, vətənini «oyan»mağa səsləyir, düşmənə qarşı kini, qəzəbi tüğyan edən xalqını mubarizəyə çağırır:
Oyan, ay millətim, oyan!
Yatmaz bu zilləti duyan….
Ay millətim, qalx ayağa!
And iç üçrəngli bayrağa…
Xalqının qadir qüvvəsinə inanan, onun ordusuna güvənməyə, torpağa, yurda sahib çıxmağa, düşməndə Xocalı, Qarabağ, Qərbi Azərbaycan qisasını qoymamağa çağırır və bu ordunun, xalqın azadlığın yolunu seçən bir igid sərkərdəsi olduğu inamında da haqlıdır:
Qisas almaqçün onlardan
Sükan etibarlı əldə
Bilir bunu Vətən, el də…
Dövlətinin başında duran şəxsiyyətlərin, dövlət başçılarının siyasətini dəstəkləyən şairə inamında güclüdür. Gələcək nəsillərin xöşbəxt və firavan yaşamaları üçün onların əllərindən gələcəyini edəcəyinə inanır.
Sima Şirvanlının özünəməxsus yaradıcılıq üslübü var. «Atadan oğula əmanət» kitabında, toplanan bütün şerlərində poema adlandırdığı (mən bunların bəzilərinə poema deməzdim) fərqi yoxdur istər iri həcmli şerləri olasun, istər sə də dörd-beş bəndli şerləri bunların hamısının mövzusunda Heydər Əliyev, onun siyasəti, içtimai dövlət xadimi kimi fəaliyyəti, onun layiqli davamçısı bildiyi hörmətli prezidentimizin fəaliyyəti tərənnüm olunur, yurduna, xalqına, onun layiqli övladlarına, xalqın, dövlətin çətin günündə ona arxa-dayaq olub, məhvin pəncəsindən xalqını, dövlətini çıxardan qüdrətli şəxsiyyət, böyük siyasi xadim, dünya siyasətçilərini heyrətdə qoyan H.Əliyev foneminə, onun əməlinə məhəbbət, sevgi əsasdır. Eyni zamanda Azərbaycan qadının xalqına-başı müsibətlər çəkən xalqına, onun dərdinə, qayğısına biganə qalmaması, Qarabağ, Şuşu, Laçın faciələrinin bir azərbaycanlı qızı kimi qəlbinə vurduğu yaraların törətdiyi göynərtilər də şerlərin misralarına çevrilib. Özünü «qəm şairi» adlandıran Sima Şirvanlının misralarında, şerlərində yaşamağa, yaratmağa, həyata, isnanlara sevgisi, insan kimi ən ülvi arzularla köklənməsi bir daha bunu sübut edir ki, Sima Şirvanlı qəm şairi adlandırılmaqdansa, qəlb şairi, məhəbbət şairi, xalqına, yurduna, igid həmvətənlərinə, ulusuna, öndərinə hörmət və ehtiram göstərən xalq şairi adlandırılsa daha yaxşı olar. İnsan dərdindən, qəmdən yazmaq onsuzda şairin boynuna biçilib.
Azərbaycan ədəbiyyatında H.Əliyev mövzusunda, onun həyat və fəaliyyətini işıqlandıran çoxlu sayda bədii əsərlər var. Bu əsərlər içərisində Sima Şirvanlının yazdığı əsərlər mövzu, ideya, dil, üslub baxımından ən dəyfərlilərindən biridir. Kitabda bir sıra qüsurlar olsa da yüksək bədii keyfiyyətlər onları elə üstələyir ki, artıq o qüsurlardan tənqidçi, ədəbiyyatşünas danışmağı rüzumsuz sayır. İş olan yerdə səhv də, nöqsan da ola bilər. Əsas məsələ odur ki, Sima Şirvanlı hər əsərinə keçdikçə özü öz üzərində işləməklə çalışır ki, təkrarçılığa yol verməsin, fikrini, düşüncəsini ifadə edən misraların bitkinliyinə, bədii cəhətdən dolğun olmasına çalışsın. Yazıçı o zaman əsl sənətkar, yazıçı olur ki, hər zaman öz üzərində işləyir, mövzu rəngarənglyinə üstünlük verir. Vətəni, milləti, xalqı, onun cəsur igidlərini, tarixi şəxsiyyətlərini vəsf edən, ona bəslənən xalq məhəbbətini bir şerdədə, beş şeirdə də, on kitabda da ifadə edə bilmək qüdrəti də qələm sahibinin istedada və bacarığından asılıdır. Sima Şirvanlının bu kitabı həqiqətən oxucunu yormur. Mənalı, məzmunlu və oxunaqlıdır.
Sima Şirvanlı ədəbiyyatımızın inkişafına xidmət edən qələm sahibidir. Onun yaratdığı əsərlədə ana dili, onun incəlikləri qorunub saxlanılır. O şeirlərində həmişə öz dilini «coşqun dəniz, gur sel» adlandırıb. Ana dilini bilməyən kəsləri çağırıb ki
Danış ananın dilində,
Danış nənənin dilində.
Baş əy Vətənin önündə.
Torpaq tək dil də bölünməz.
Şairə bu fikirdədir ki, «öz dilini bilməyən kəs, xalqın da qədrini bilməz». Nəsihəti budur ki,
Unutma dədə-babanı,
Millətini, el-obanı.
Çalış danışma yabanı,
Bir «Ana dilim» var ölməz.
Yurduna, vətəninə bağlı şairə var dövlət hərisi deyil, onun üçün «torpaq qızıl, ləldir». Bircə ovuc «ana-torpaq» sinəsini yandıran oda- közə məlhəmdir. Qoynunda yuva qurduğu torpaq onun üçün misilsiz bir varlıqdır, ona görə də «sözlə keşiyində durdum, qələmimlə gecə-gündüz»-deyir və sözlərində haqlıdır. Əsil vətənpərvər şairədir, yurd, vətən, qaçqın, köçkün, torpaq yanğısı ilə köklənib misraları. Şeirlərində abır, həya, ədəb, ərkan var. Bəzi üzdən iraq qadın yazarlarımız kimi intim hissləri ədəbiyyata gətirdiyi üçün mətbuat səhifələrini başına götürmür. Milli-dəyərlərə hörmət biçimindən çıxış edir, bəzən qəlbini titrədən könül sevdalarını qələmə alanda da, bir paklıq, məsumluq, zəriflik, bir pərdə var bu şeirlərdə, gənc yazar qadınlara məsləhətimiz budur ki, əlinə qələm götürüb nəsə yazanda bir çevrilsin dünəninə də baxsın, ənənələrə hörmət etsin, əli qələm tutan qadın yazarlarımızı xəcalətli qoymasınlar başqalarının qarşısında. Ədəbiyyat özü ədəb sözündəndir. Ədəb gözlənilməyən yerdə ədəbiyyatdan, sənətdan danışmaq özü gülüncdür…. Sevgi, ülvi hisslər məhəbbət mövzulu şeirlərin, əsərləri baş tacıdır:
Sən mənim ömrümün tər çiçəyisən,
Gözlərimin giləsində bitmisən.
Sən mənim saf arzum, xoş diləyimsən,
Mən səni bəyənib, səni seçmişəm…
Bəxtdən, taledən şikayət ruhlu şeirlərində Natavan ruhu duyulur. «Bəxt ulduzu» şeirində hərənin bir bəxt ulduzu olduğunu bildirən şairə bu fikirdədir ki, kimin bu bəxt ulduzu kimində «sönmüş, kimində parlar». İnsan dərdini, taleyini ümumiləşdirdiyi aşağıdakı misraların poetik gücü göz önündədir:
Mənim də ulduzum bir dəfə yandı,
Birdən şölələndi, birdən dayandı.
Çox illər, fəsillər keçdi o vaxtdan,
Elə o vaxtdan da sönük qalandı.
Hansı mövzuda yazmasından asılı olmayaraq Sima xanım istədiyinə nail olub. Siyasi, fəlsəfi, dini, məhəbbət mövzulu bütün əsərlərində zərif bir insan qəlbi, zəngin poetik təfəkkür göz önündədir. Xalq şairimiz Hüseyn Arifin onun ilk şeirlərini oxuyarkən gözündən qaçmayan həqiqəti demişdir: «Qızım, sən coşqun dənizsən, gur çeşməsən, piltəsindən yanan çıraqsan, dağ selisən. Vallah bir gün gələcək sən dövrümüzün «Natəvanı» olacaqsan».
Gedin o yara deyin, həsrətindən kül olmuşam.
Gülüm, yenə xar ilə, qəm çəkən bülbül olmuşam.
Nə müddətdir çəkirəm, həsrətin «Alagözlünün»,
Qırılıb könül sazım həsrətdən tel-tel olmuşam.
Sima Şirvanlı təkcə Natavan taleli, Natavan qəlbli şair deyil, onun bu gün yaradıcılığını diqqətlə nəzərdən keçirdikdə görürük ki, Sima Şirvanlı həm də mübariz, nikbin şairədir, nəğməkar şairədir.
Mən anayam birinin yox,
Milyonların anasıyam.
İstəyim ümman, arzum çox.
Hər övladçün yanasıyam.

Müqəddəsdir ana səsi,
Sülh deyirəm haqq səsimlə.
Müharibə deyən kəsi,
Qurudaram nəfəsimlə.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah