Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

BİR ŞAİR ÖMRÜNÜN MİSRALARA DÖNMÜŞ ANLARI

Fikrət Qoca həm nəsr, həm də poeziya aləmində tanınmış görkəmli qələm sahiblərindən biridir. Mənalı yaşamaq, həyatın gözəlliyi, dünyanı olduğu kimi qəbul etmə, insan ləyaqıtinə, şəxsiyyətinə hörmət, müxtəlif zaman və yaş bölümlərində öz saflığı, təmizliyi ilə insana həyat verən sevgi, sevgi sınaqlarından üzüağ çıxmaq, insan, həyat, şərəfli ölüm şeirlərin əsas mövzusu, qayəsidir. "Ömürdən anlar" kitabında da şairin qələmə aldığı mövzular insanı düşündürən mövzulardır.
Fikrət Qocanın-özünün dediyi kimi "çox enişli-yoxuşlu, kədərli-sevincli, gərgin, amma olduqca zəngin bir ömür yaşamış" şairin lirik duyğuları müasir oxucu zövqünü oxşayan duyğulardır. Bu misralarda ömürlərə oxşar ömürlər, sevinc, kədər, qüssə vardır. Bunlar şəxsi kədər, sevinc, qüssə deyildir, bəşəri hisslərdir ki, şairin misralarında yaşayır. Onun humanist duyğularını hər misrasında, hər şerində hiss edirik. Bununla belə milli -mənəvi dəyərlərimizə söykənərək yaradılan hər bir sənət əsəri xalqın estetik zövqünü oxşayır, ona doğma olur, onu yaradan sənətkarı xalqa sevdirir.
Fikrət Qoca bütün varlığıyla mənsub olduğu xalqına bağlıdır. O, Azəri övladı olmasıyla fəxr edir. Onun qəlbində keçmişinə, şərəfli tarixinə bir məhəbbət var. Bu məhəbbət onun od saçan baxışlarında, başı qarlı dağlara bənzəyən vüqarında, düşmənləri yandıran, dostları üçün yanan cismində, döyüşlərdə, alovlarda şimşək kimi parlayan misri qılıncında, torpağında, suyunda olan oddadır.
O, təmiz məslək, əqidə sahibi olmaq üçün ana laylasının işığında köklənmiş, saflığın mayasını bu layladan götürmüş, ömrü boyu bu saflığın, təmizliyin keşiyində durmağa çalışan şəxsiyyətdir:
Mən ayaq açıb anamın yanından
məzarına kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına
qarovulçuyam.
Vətəndaş şair miralarını bu ideyalar üzərində kökləmişdir. Onun nəzərində şair ölməzdir, çünki o, özü üçün yaşamır, xalq üçün, dünya üçün, insanlar üçün, keçmiş, gələcək üçün yaşayır:
Hər misra yazanda, o bir yaş artdı.
Düşündü hamını-tanışı, yadı.
Neçə qəhrəmanı yazdı, yaratdı,
Özü yaşamağa vaxtı qalmadı.
Fikrəq Qoca əsərlərində torpaq, ana, övlad, xalq sevgisini uca tutur. Vicdan saflığı şairin nəzərində şərəfli ömrün mənasıdır. "Vicdan-həya deməkdir"-deyən şair vicdan saflığının, həqiqətin, düzlüyün, azadlığın, xoşbəxtliyin tərənnümçüsüdür.
İnsana, həyat hadisələrinə münasibət cəhətdən poeziyamızın qarşısında duran vəzifələrin öhdəsindən məharətlə gələn Fikrət Qocanın şerlərində müasirlik güclüdür. Onun insan, təbiət gözəlliyini tərənnüm edən lirik şerləri ilə yanaşı, həyat həqiqətlərini, insan, həyat, olum, ölüm, ömür yükü, ehtiyac üzüntülərinin zərif insan qəlbində yaratdığı qüssə, kədər motivli şerləri yaşadığı bir ömrün anlarındandır. Bu da sənətkarın hümanist duyğular sahibi olmasından irəli gəlir. Onun poeziyası məhz buna görə bizə xoş təsir bağışlayır ki, qələmə aldığı hadisələr bizim gündəlik rastlaşdığımız. gördüyümüz reallıqlardır. "Ömründən anlar" insanları bir-birinə bağlayan duyğuların şair qəlbində poetik ifadəsidir. Ömrün enişli-yoxuşlu yollarında şairin gözləri qarşısında şöhrət dənizində üzənlər də var, ehtiyac içərsində yaşayıb, gündə yüz yol üzü danlanan , sıxıntılar içərisində göynəyən qəlblər də var, hər cür çətinliklər qarşısında dağ vüqarını ayaqlar altına atmayan, şəxsiyyətini, ləyaqətini dünya varından uca tutan da var, yaltaqlıq edib öz şəxsi mənafeyi naminə ayaqlar altında öz mənliyini əzənlər də var, övlad yolunda, onun xoşbəxt, sağlam böyüməsi naminə yolunda şam kimi əriyən valideyn də var, torpağı yolunda canından keçən əsl vətəndaş, əksinə onu satan vətən xaini də var. Və bütün bu reallıqları biz insanlar yaşayırıq, görürük. Fikrət Qoca qələmində bu reallıqlar poetikləşərək bizə qaytarılır, insanı öz əməlləri qarşısında düşünmüyə, təmizlənməyə, özünütərbiyəyə, əməllərini yenidən götür-qoy etməyə, gələcək nəsillərə örnək olmaq üçün özünüdərkə çağırır. O, insanları düşünməyə, bir-birinin qədrini bilməyə, vətənpərvərliyə, saflığa, səmimiyyətə, bütünlüklə bəşəri duyğularla, nəcib əməllərlə köklənməyə səsləyir
F. Qocanın lirikasında həyat, cəmiyyət, əxlaq haqqında fəlsəfi fikirlər yaşayır. O, məhəbbət mövzusunda yazdığı şerlərində vəfa, sədaqət və fədakarlığı yüksək qiymətləndirdiyi kimi qadın üçün zahiri gözəlliklə bərabər ağlı, mərifəti, nəcibliyi, könül toxluğunu da vacib sayır. Ailə-məişət munasibətlərində qadını daha təmkinli, gözütox olmağa, illərlə qazanılmış ülvi hissləri qorumağa çağırır:
Qadına bağışlanmaz
vüqarsız olmaq,
arsız olmaq.
Qadına yaraşmaz yalan,
çətin kişi olar
yalançı qadından olan.
Şair rəngarəng şer formalarında həyat həqiqətini, kədəri, sevinci yüksək poetik səviyyədə təsvir etməkdə mahirdir.
"Mənimdir" şerində şair var-dövlət hərislərinin gözlərini açmağa, onlara ibrət dərsi verməyə çalışır. Atadan qalan vara-dövlətə şirnikən oğul-varis ayağının altındakı torpağı da öz şəxsi malı bilir, lakin bu dünyaya gələn hər bir canlının axırda üstündə gəzdiyi torpağa tapşırıldığını unutmamağa çağırır:
Öldü varlı ata,
qaldı varisi.
Dedi ki, mənimdir
torpaq, xaniman.
Bu vaxt eşidildi
torpağın səsi:
-Görək kim kimindir,
ey cavan oğlan.
İnsanların bir-birinə gərək olduğunu anladır, buna görə də dara düşəndə, çətinliklə qarşılaşında bir-birinə dayaq olmağa çağırır. İnsan belə keyfiyyətlərdən uzaqdırsa, şair onu insan hesab etmir. Çünki insan olan kəs heç nədə yaxasını kənara çəkməməlidir.
"Balalara" şerində şair övlad-valideyn sevgisini yeni bir məzmunda tərənnüm edir. Ata-ana dözümü, övlad şıltaqlıqlarını açıq ürəklə qarşılama, övladın böyüyüb boya-başa çatanadək valideynin göstərməli olduğu qayğı, övlada bəslədiyi məhəbbət lirik boyalarla verilir. Öz valideynlik borcunu başa düşən insan övladının çörəyini qazanmağa, "ayaqlarının altında körpə kimi uzan"mağa, gözünün bəbəyində ona yer saxlamağa hazırdır və bu sevgini:
Bizi bağlayan məhəbbətə alqış!
-deyərək yüksəkliklərə qaldırır, övladına bəslədiyi məhəbbətinin, sevginin əvəzində ondan heç nə ummur. Təmannasız sevgisində hamını "insanların balası" adlandıran şair də "övlad üçün " özünü "oda-suya" atan, onu "gözünün nuru" bilən atadır.
Fikrət Qoca əməyə, zəhmətə bağlı sənətkardır. O, Adəm övladı olmasıyla fəxr edir. Bu şerdə şairin öz fəlsəfi duyğuları şerə çevrilir. Şairin fikrincə, o "çörək dərdi", "məhəbbət acısı" çəkməsə, zəhmət çəkib alın təri töküb bir şey qazanmasa, öz qazancı ilə yaşamasa, rahat, qayğısız bir aləmdə yaşasa "rahatlıqdan ölərəm"-deyir.
İşsizlikdən çürüyüb tökülərəm"-
-deyən şair Prometey odu, insan ocağı, əkib-becərmək üçün torpağa sevgi arzulayır. O, öz zəhmətinin bəhrəsinin gül açmasını, sünbülləşməsini istəyir. Bu insan cənnət, rahatlıq arzulamır və:
Mən Adəməm,
Cənnət adlı konslagerdən
qov məni.
Yoxsa özüm qaçaram-söyləyir.
Şair "mən Adəməm" deyərkən insanı hər cür varlıqdan üstün tutduğunu bildirir. Onun nəzərində insanı heç şeytan belə aldadıb yolundan çıxara bilməz, o hər şeydə, hətta dünyanın ən böyük fitnələrini törətməkdə insanı daha qüvvətli bilir. Sevinclə qəmi qoşa yaşayan onu üzdə iki göz, gecə-gündüz timsalı bilən şair insan oğlunun gücünə, qüvvəsinə bələddir, "daş içində", "dərya dibində" fitnə-fəsad törədib aləmi elə qarışdırar ki "allahın şeytanı baş götürüb qaçar"- deyərkən sətiraltı insan oğlunu insanlıq ləyaqətini daha üstün tutmağa, insanlıq naminə öz qüvvəsini sərf etməyə səsləyir. Bir halda ki Adəm övladı belə bir qüdrətə malikdir, demək o yer üzündəki hər cür fəlakətləri də yox etməyə qadirdir.
O, insanları düzlüyə, hünərə, dostluğa çağıran humanist ruhlu şerlərinin daxilində insanların özlərinin öz əməllərindən başları çəkən faciələrin kökündə yenə də insanların özlərinin durduğunu etiraf etməli olur. İnsan əməllərinin insanlığa vurduğu yaraları ("İnsanam" şerində) bir bənddə bütünlüklə qarşımızda canlandırır. İnsanlıq pərdəsi arxasında gizlənən dəhşətləri, insan əməllərinin törətdiyi müsibətləri, öz əliylə öz başına daş salan insan məxluqatının özünəqəsd prinsiplər üzərində kökləndiyini ürək yanğısıyla poetik bir dillə tərənnüm edir. O, özü də bu insanlardan biridir və bu faciələri yaşayan, insanlıq məsuliyyətini duyan yaradıcı insandır:
Ömrümün sonuna doğrudur atdığım hər
addım.
Hələ üstəlik,
Atom bombası, böhtan, nüvə silahı, tənə,
Bunları da özümü öldürmək üçün yaratdım.
Ona görə də əzab çəkir. İnsan xoşbəxtliyi, dünyanın əşrəfi insanın işıqlı gələcəyi naminə yaradan, yeni-yeni kəşflər edən ağıl, zəka sahiblərini hər attdığı addımı düşünməyə, bəşəriyyət qarşısında məsuliyyət daşıdığını, insanlığa borclu olduğunu anlamağa çağırır.
Fikrət Qoca şerlərində bəzən həyatda rastlaşdığı haqsızlıqları, ədalətsizlikləri sakit qarşılaya bilmir. Çətinə düşəndə özünə qapanıb tək özünün deyil, bu dünyanın, xalqının qayğısını çəkir, qəzəblənib özündən çıxanda dözüm, səbr arzulayır. Haqsız söz eşidəndə, nadanlarla üzləşəndə, gözüylə gördüklərinin cavabını tapa bilməyəndə susmağa çalışan şair daxili sarsıntılarını, keçirdiyi hissləri misralara çevirir:
Sağım, solum nadan, yağı.
Qaldım çırpına-çırpına.
Qopdu ürəyimin tağı.
Soldum çırpına-çırpına.
Gördüyüm hamısı göz dağı.
Öldüm çırpına-çırpına.
Allah bizə dözüm ver.
Bu misralarda Allahdan dözüm diləməkdən çox bir insan qəlbinin qəzəbi, hayqırtısı daha çoxdur.
Fikrət Qoca şeirlərində əslinə, soyuna, onların mifik dünyasına, mifik inamlarına söykənir. Od-atəş, Zərdüşt odu şairin daxilindədir ("Qalıb" şerində) və onda oda, atəşə meyl atəşpərəstlikdən qalmışdır. İnsan sevgisi, həyat eşqi, yüksək amallara doğru canatımlıq həyatın odudur. Şair əsl həyatının, yaşamaq zövqünün dünyanın gözəlliklərindən aldığı təəssüratı oxucuyla poetik bir dillə bölüşür. Onun nəzərində atəşpərəstlikdən ona miras qalan odda əsl həyat eşqi, məhəbbət odu var. Bu məhəbbət odu vətənə, torpağa, ailəyə, övlada, sevdiyi insana paylanılır. Şair qoxladığı güldə, gözündən ələdiyi nurda, dodağının rəngində alov rəngi, istisi görür. İçində coşub qaynamağını, hərdən odla oynamağını, hətta doğulub boya-başa çatdığı torpağından od çıxmasını atəşpərəstliklə bağlayır. "Eşq oduna yandım" demək sözündə də Zərdüşt fəlsəfəsi tapır. Zərdüşt odu, onun istisi insanın daxilindədir, bu insanla birgə doğulur, bu məhəbbət odudur. Bu od insanların təmiz, pak insani duyğularında, mənəvi saflığındadır. Eşq oduna yanmaqda əsl həyat vardır. Xətai, Füzuli kimi böyük sənətkarlarımız da həyatın mənasının eşq oduna yanmaqda görürdü. Xalqımızdan miras qalan ən qədim nadir xalq incilərindən olan bayatılada və digər folklor nümunələrində eşq odu mənəvi nemətdir. Bunun kökü, özülü var və Fikrət Qoca bu kök üstündə pərvəriş tapıb, onun istisində böyüyüb və bu od onun damarından axan qanında, nemətindən qidalandığı torpağındadır.
Şairn keçirdiyi hissləri, gördüyü gözlərdəki nuru, işığı, odu, güllərin rəngində, şimşəyin işığında atəşpərəstlik görməsi "od övladı", "odlar yurdu" adlanan Azərbaycanınnı əzəli Zərdüşt dinimizlə, inamımızla, oda, suya, torpağa pərəstişimizlə bağlıdır. Kainatın dörd ünsürdən yarandığını, insan oğlunun bu dörd ünsürlə bağlılığının kökləri atəşpərəstlikdədir. Şairn nəzərində insan atəşpərstlikdən qalan bu odda, alovda, eşq-məhəbbət odunda saflaşır. Oda tapınmanın özündə insanlığa olan sevgi, həyata olan sevgi yaşayır və babalardan qalan bu saf duyğularla köklənən şair odun atəşində, işığın rəngində bir ululuq, müqəddəslik görür və bu, onun içdiyi südün mayasındadır.
Əslində insanın daxilindəki atəş, qoxladığı gülün rəngindəki od rəngi,, üstündə gəzdiyi torpağın altından çıxan odda fəlsəfi bir rəmz vardır. Ulularımız oda, atəşə pərəstişlikdə yüksək mənəvi saflıq, təmizlik, kamillik axtarmışlar. Bu atəşpərstlikdə Hörmüzün yaxın köməkçisi Arta od, işıq ruhu, ən yaxşı qayda-qanın yaradıcısı, həqiqət rəmzi kimi vəsf olunur. Od, alov, Günəş insanların qəlbini isidir, saflaşdırır, onu doğru yola çəkir, kamil bir insan kimi yetişdirir. Atəşpərstlik insanlığa xidmət edir, bəşəri duyğuları özündə yaşadır.
Yüksək bəşəri duyğuları hifz edib qorumağa çalışan şair-azəri övladı insanlığa xidmət edən ideyalarla kökləndiyindən, bu ruhda tərbiyə aldığından öz kökü üstündə pərvəriş tapmaqda olan yeni nəslin də bu ideyalarla köklənməsini istəyir. Qocaman şairin özündən sonra gələnlərə nəsihəti kimi səslənir, onları bu odun işığında xalqa, vətənə, insanlığa layiq olmağa hazırlayır.
Adi insanlıq adını qorumağın belə çətin olduğunu duyan lirik qəhrəman "diplomat", yüksək bir vəzifə sahibi olmasa da, "adi insan olmağın" böyüklüyünü duyur:
Adi insan olmaq özü
Böyüklükdür, qardaşım.
Bu adı daşımaq özü
bir insan ömrü üçün
böyük yükdür, qardaşım.
Bu adi insanın öz ailəsi, öz uşağı, öz nəsli, ocağı, öz adı, öz həyatı, dostu, düşməni var. Bu adi insanın dost üzünə həmişə açıq qapısı, açıq ürəyi, duz-çörəkli süfrəsi var. Qarşısındakı çətin vəzifəni başa düşən, adi insan adını ömrünün axırınacan qoruyub saxlamağı "böyük" iş bilən lirik qəhrəman fikirlərində haqlıdır. Çünki insan öləndən sonra da təmiz adına ləkə gətirməmək üçün sağlığında bu adı, şərəf və ləyaqətini, saflığını qoruyub saxlamalıdır.
"Yaşa həyat" şerində həyat, yer kürəsi, onun qanunauyğunluqları folklor motivlərindən yararlanmaqla daha poetik, daha təsirli, bədii cəhətdən qüvvətli tərənnüm olunur. Yer kürəsi fırlanmasaydı nə həyat olardı, nə də insan övladı doğulardı. Adəm və Həvvayla bağlı əfsanələrin mövzusu şairə insan, kainat, həyat haqqında fəlsəfi fikirlərini, poetik ümumiləşdirmələrini zənginləşdirməyə kömək edir. "Ömürdən anlar" kitabında şairin həyat-ölüm-insan-ömür haqqında fəlsəfi duyğuları poetik dillə qələmə alınır. Şirin bir dillə tərənnüm olunan gəncliyin ötüb keçməsi, ömrün illəri bir-bir yola salması, "payızın soyuq hökmü"nün başlanması artıq şairin qələmində qəm donunu geyinib. Nazim Hikmətdən gətirdiyi "başladı nəslimizin yarpaq tökümü" kəlamıyla şairin keçirdiyi hisslər, qəm, qüssə ümimiləşdirilmiş olur. Hər dəfə bir dostunun, tanışının, ən əziz insanının dünyaya əlvida deməsi, "adına rəhmət oxunan" insanın itkisinə dözümsüzlük duyulur. "Öyrəşmişik, adamın bərkiyir üzü" -deyən şair eyni zamanda ölümə qarşı çıxır; "nə yaxşı ki, dünyada çox doğulur körpələr" sözündəki həqiqətə sığınaraq təsəlli tapır, nikbinləşir.
Gəncliyinin, uşaqlığının şirin çağlarının şahidi tut ağacı ("Tut ağacı" şerində) şairin qələmində obrazlı bir dillə vəsf edilir. Bu tut ağacında bir dünya şirin xatirələr yaşayır. Uşaqlığında tut ağacını budaq-budaq gəzən şair:
Ətəyini tut…
silkələyim tut ağacın
tökülsün tut.
Tökülsün başımıza
ötən aylar, illər,
ağlar, gülər
uşaqlıq çağlarımız.-
-deyən artıq yaşlaşmış, ömrünün ahıl çağlarını yaşayan nazik qəlbli bir insandır. Ömürdən gedən illərin şirin xatirələrini yada salan lirik qəhrəman bir tərəfdən tut ağacını silkələyib ötən illərin xoş çağlarını yenidən yaşamaq istəyirsə, digər tərəfdən "Silkələmə budaqları" deyərək narahatlıq keçirir. Çünki indi bu tut ağacının budaqlarında onun ən sevimli övladları Fikrət, Vaqif gəzir. Şair əmindir ki, tut dəyibsə özü kimi indi bu ağacda onun davamçıları var.
Fikrət Qoca yaradıcılığında sənətkar taleyi, sənətkar ömrü, sənətkar faciəsi onun toxunduğu yaralı yerlərimizdən biridir. Şairin "Ömürdən anlar" kitabında Füzuli dərdi, Hüseyn Cavid faciəsi, həsrəti, vaxtsız aramızdan gedən Əli Kərim yarası, Rəsul Rza dünyası özünəməxsus lirik boyalarla verilir.
Uzaq Şərqin üfüqlərində Cavid xatırlanır, Cavid taleyi, faciəsi anılır, şairin qəlbi od tutub yanır:
Cavid, göy üfüqlərdə çiməndə
Səni andım.
Yandım, yenə yandım.
Həsrətli baxışlarını allam bu səmadan.
Bəlkə baxışdan qalan izdir qızaran dan.
Bir zamanlar günahsız yerə, öz əqidəsinə, məsləkinə sadiq qalan H. Cavidin Sibirə sürgün olunması, şairin bu yerlərdə keçirdiyi ağır, üzücü, dərdli həyatı, bu qarlı Sibir-Tayqa çöllərində vətən həsrətiylə gözlərini əbədi yumması bir şair faciəsi digər şair qəlbini göynədir. H. Cavid faciəsinə bir əlac edə bilməmək acizliyindən doğan qəzəb, kədər, hüzn lirik bir dillə tərənnüm olunur. Karvan-karvan gedən buludlarda H. Cavid ahını, arzusunu gəzən şair onun nəğmələrini qu nəğməsinə bənzədir. Belə sənətkarlar şairin gözündə öz dəyanəti, dözümü, məsləkinə, əqidəsinə sadiqliyinə görə ölməzdir. Məsləkinə, əqidəsinə, amalına hörmət edən şair acizliyi, ayaqlar altına düşməyi namərdik bilir. Onun:
Namərdəm məsləksiz gözlərim gülsə.
Düşmənəm acizin fəryad səsinə.
Məsləkim uğrunda bina tikilsə,
Qoy məni hörsünlər bünövrəsinə.-
-misralarında sağlam əqidəyə, ləyaqətə, şəxsiyyətinə hörmət, insan adını uca tutmaq kimi yüksək keyfiyyətlər təbliğ olunur və belə keyfiyyətlərə malik H. Cavid, M. Müşfiq, R. Rza və onlarca digər sənətkarlarımızın həyatı əsl həyat məktəbidir və F. Qoca onlardan görüb götürmüşdur.
İllər keçdikdən, haqq yerini tapdıqdan sonra H. Cavidin nəşinin Ana vətəninə gətirilməsi xəbərini eşidən şair elinə, obasına gözaydınlığı verir:
Torpaq, gözün aydın,
Onu al bağrına, torpaq!
İtkin düşən oğlun gəlir.
Yoldan gəlir, yorğun gəlir.
Cavid gəlib, aç qoynunu, bas bağrına torpaq.
Onu kövrəlt, onu qızdır.
O qədər həsrət olub ki,
Ona yurdun qışı yazdır.
Şairin könlündən keçən duyğular, bu gəlişdən doğan sevinc, göz yaşları misraların canındadır.
Əli Kərim ayrılığının doğurduğu kədəri ("Bir Əli vardı" şerində) şair bəzən yaşadığı dünyanın haqsızlıqlarına qarşı qoyur. Ölümə nifrətlə baxır, Əli Kərim kimi bir dostunu əlindən aldığı üçün:
Ölüm oynatmasın atını,
çəkib doluyaram qoluma
torpağın üst qatını
üstüaçıq qoyaram
o dünyanın həyatını- deyir.
Ürəyi alışıb yanan şair dərdinin acısını, Əli Kərim yoxluğunu :
Yaşadığım bu dünya
dostumun yazmadığı mövzulardı
Əlidən qalıb-
deyərək onun yoxluğundan, vaxtsız dünyadan getməsindən doğan daxili sarsıntılarını verir. Yaxşı insanların dünyadan getməsi, yarımçıq arzular şairin misralarında tamamlanır.
Dünya modeli hər şairin qəlbində bir cür öz əksini tapır. Kimi dünyanın ədalətsizliyindən göynəyir, yaşadığı dünyanın eybəcərliklərinə dözmür, kimi umduğu dünyadan umacağını arzulayır və s. Fikrət Qoca yaradıcılığında dünya mövzusu özünəməxsus keyfiyyətlərə malikdir. Bu dünya bərli-bəzəkli deyil, sadəcə gözəldir. Bu dünya, kainat, aləm gözəldir və şairin qəlbində qüssə varsa da, şair bu dünyaya qüssəli gözlərlə baxmamağa çalışır. Nikbin şair kədərli baxışlarla bu dünyanı qəmə boyayacağından qorxur. Dünya fəlsəfəsinə öz baxışlarından yanaşır; Xəzəllər saralıb məhv olanda ona görə gözəl olur ki, qarşıdan gələn yeni baharı gözəl qarşılasın. Dan yeri də, qürub çağı da gözəldir. Bu dünyanın gedişi də, gəlişi də ürəkaçıcı olmalıdır. İnsan dünyaya gəlib insan kimi yaşaya bilsə bir ömür bəs edər ona dünyadan kam almaq üçün:
İnsantək yaşasaq dünyada əgər.
Bir ömür insanın gen-bol bəsidir.
Böyüklər dünyaya "gözəlsən" deyər,
Kədər acizlərin bəhanəsidir.
Dünyanın gedişatında şair ömrünü ötürür. Fırlanan ("Yaşa Həyat") yer kürəsində bir həyat vardır. Şairin nəzərində yer fırlanmasa ulduzların səsinə qulaq asa bilmərik, sular axmasa dənizlər dalğasız qalar, insan nəfəssiz olar, insanın arzusu urəklərdə qalar. Dünya Adəm-Həvva sevgisindən, bir buğdada olan sehrdən, qüdrətdən xəbərsiz yaşaya bilməzdi, mövcud ola bilməzdi. Dünyada insan varsa, sular axırsa, yağış yağırsa dünya yaşayacaq, dünya yaşayacaqsa həyat olacaq. Həyat insanlığa lazımdır. Ona görə də yer kürəsi fırlanır: "məhəbbətin gücündən Adəmin başına dolanır yer kürəsi". Şair də bu Adəmin övladıdır. Məhəbbət yaşayacaq, dünyaya insanlar gələcək, yaxşı-yaxşı günlərə doğru can atan insan "dünənki günündən qaç"acaq və bunlar həyatın olması üçün labüddür. Bu bir həyat fəlsəfəsidir və Fikrət Qoca bu fəlsəfəylə qoşadır, ilhamını ondan alır. İnsan övladı poetik düşüncələrini, yeniliyə, irəliyə canatımlığını, onun bəhrəsini yer kürəsinin fırlanmasında axtarır."Yaşa, həyat" deyən şair həyatı hərəkətdən kənarda təsəvvür edə bilmir, budur onun həyat fəlsəfəsi və bu duyğular üzərində sənətini kökləyir.
Fikrət Qocanın qələmində hər fəsil öz biçimində tərənnüm olunur. "Payız" şerində durnası köçən, yarpaqları saralan, bağçalarda gülü "üşüy"ən, soyuq-soyuq yağışlardan" tənha qalıb isinməyən təbiətin payız dəmi lirik boyalarla vəsf edilir. İnsan qəmi-qüssəsi, daxili kədəri, payız fəsliylə qarşılaşdırılaraq verilir və burada fikirlər daha təsirli, bədii cəhətdən daha qüvvətli deyilmiş olur.
Şairin "Ömürdən anlar" kitabında bu günümüzlə səsləşən aktual mövzular çoxdur. Cəmiyyəti içindən yeyib tökən, dövlətin iqtisadi, siyasi, mədəni cəhətdən inkişafına əngəlliklər törədən rüşvətxorluq, ikiüzlülük, yaltaqlıq, səriştəsiz insanların rəhbər kürsülər uğrunda apardığı mənasız mübarizələr, pislənilir. İnsanlar arasına nifaq salanlar qamçılanır. Hər cür inkişafa zərbə vuran rüşvətxorluğun qara ləkə olduğunu, rüşvət alanın da, rüşvət verənin də namərd olduğunu, onların ucbatından dünyada çox haqsızlıqlar törədildiyini, günahsız qanlar töküldüyünü bildirir:
Hardasa iki namərd
oturub üz-üzə indi;
Biri rüşvət alandı,
biri rüşvət verəndi.
İlan kimi qıvrılıb
xəyanət yatır
pullar altında.
Onlar qeyrət satıb,
Vətən satıb
pullar altında.
Fikrət Qocanın yaradıcılığı mənalı, dolğun mövzu və ideyalarla zəngindir. Müasir həyat, müxtəlif həyat məsələləri şairin şerlərinin əsas mövzusudur. "Ömründən anlar" kitabında dünyanı narahat edən problemlər, xalqımızın həyatında baş verən hadisələr, özünün dediyi kimi ömrünün "çox illərindən, bütün fəsillərindən anlar var".

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah