Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ALLAH SƏNƏ RƏHMƏT ELƏSIN, CƏLIL BABA

Allah sənə rəhmət eləsin, Cəlil baba. Bu gecə gəlib girmisən yuxuma. Xoş gəlmisən, səfa gətirmisən. İncimirəm bu vaxtsız gəlişindən. Gəlişinin səbəbi də mənə gün kimi aydındır. Amma…
Sən mətləbə başlamamışdan öncə məni dinləsən pis olmaz. Biz cavanlar bir az darqursağıq, səbrimiz çatmır böyükləri dinləməyə. Daha doğrusu, yadırğamışıq böyük-kiçiyə hörməti. Demokratiyadır da. Deyirəm ki, siz kişilər olmasaydınız (dilim-ağzım qurusun), biz bu gün belə batdağa batıb qalmazdıq. A kişi, bir dünya aləmi açdınız gözümüzün qabağına, dediniz oxuyun, savadlanın, əcnəbilər göydə balonlarnan gəzir, siz heç avtomobilin üzünü də görməmisiniz, minməyiniz qalsın bir yana və s. və ilaxır. Maşallah, indi avtomobil də minirik, iki aydan bir təzəliyirik də, samolyota nəinki minirik, Cəlil baba, sürürük də, kosmonavtların maşınının vintini də özümüz vurub yola salırıq. Sən bilmirsən nələr eləmirik. Hələ riyaziyyat fizika kimya sahəsində demirəm nələr öyrənməmişik, nələr kəşf eləməmişik. Bunu bir göydə Allah bilir, amma mən bilən onların işi yaxşı gedir. Amma bizim…
İncimə, Cəlil baba, biz yazanlar ki, var ha, işimiz yaman çətinləşib. Bir halda ki, yuxuma girmisən, səndən bir şey soruşum. Sirr deyilsə mənə de görüm, sən Xudayar bəyi ədəbi səhifələrə gətirəndə demişdin ki, onun bir çomağı var. Mən bilən gücü də o çomağındadır. Sən atanın goru, o çomaqdan sizə dəyməyib? İkimizin arasında qalacaq ey, deyirəm, bəlkə də, kişi görüb öz sifətini, qılıncdan yoğun çomağını çəkib üstünə, azmı belə şey olur?!
O Novruzəli ki, var ha, o yazığı sən dartıb çıxartdın da zülmət dünyasından. Dedin ki, adam ol, avam olma, a bədbəxt Novruzəli, nə işin var özünü xana nökər eləyirsən ki, gedib bu yaşında da qəzəmətə düşəsən... O saqqalı uşağı demirəm... O döyə-döyə dostunun arvadını evinə gətirib mal-dövlətinə sahib duran (adını çəkmərəm) kişini demirəm… Səninlə aləmi bir-birinə qatan Sabirin qohum-əqrabasını, dost-tanışını demirəm. İndi sizdən gileyim bilirsən nədir? Baba, gərək belə eləməyəydiniz. Sizi yaman təhlükə gözləyir biz tərəfdən. Sümüyün duyub, ona görə də yuxuma girmisən. Günah sahibisiniz. "Oxuyun, gözünüzü açın, aləmə yaxşı baxın, savadlanın, elmi-marifi gücləndirin" deyə qəzet və curnallarda aləmi bir-birinə qatışdıranda bu tərəfini fikirləşmədinizmi, bir gün sizdən öyrənib yazar qabiliyyətimiz bu qədər artacaq. Və bir gün o qədər qıcqırıb qabından aşıb aləmi korlayacağıq ki, səsi-ünü sizə də gəlib çatacaq? Hələ bir yanınızdan tolkat eyləyib keçəcəyik ki, bu kimdir ayağımıza dolaşır. Bəs nə, bundan artıq ola da bilməz, baba. Sən axı niyə inciyib, küsürsən ki, səndən öncə yazarlar bizim qələmimizin zərbinə dözə bilir, siz bilmirsiniz? Biz deyilikmi Füzulinin məhəbbət dünyasına bir qaşıq rəng atıb, onu bulandıran, kişini "şarlatan" adlandıran? Deyirəm, ay Cəlil baba, o Füzüli, Nizami eşqi daha yüksəklərə qaldırıb ilahi varlığa bərabər tutanda utanmırdılar? Onların qələminin gücü az olub ey. Onlar sözün qüdrətindən istifadə edə bilməyiblər. Yoxsa dahi Nizami, Füzuli dediyimiz kişilər ki, var bu gün söz məclisində bizimlə yarışa girə bilsələr ə. Girə bilsəydilər bu gün bir-iki cızma qara ilə səhnəmizi, radiomuzu, musiqi söz dünyamızı kruqovat eləyən müğənni-şair-bəstəkar dostlarımızın müvəfəqiyyətinə onlar da nail ola bilərdilər? A kişi, indi Nizami, Füzuli, elə sən də dəbdən düşmüsünüz. Dəbdən düşmək o yana, belə istəmirik sizin kimi ədiblərimizin olduğunu deyək. Biz o qədər inkişaf etmişik ki, daha sizi bəyənmirik. Eyib gəzirik sizdə. Sizdə də ki, eyib batmanla. Çəkib çəkindirmək də olmur. Bax, sənə kim demişdir ki, qəzeti, curnalı yaradasan hə? İndi o qəzetlər, curnallar onların curnalistləri Cəlil baba, o qədər inkişaf edib ki, özgə sahələri də qucaqlayıb basıb bağrına, bir-bir onları həzm bariz eyləyir. Hansını uda bilir, tərifləyir qaldırır göyə, hansını uda bilmir, dədəsini yandırır. Bəs necə?
Sən Molla Nəsrəddini gətirib çıxartdın ortalığa ki, eyiblərimizi görək, düzəldək özümüzü. Bu gün isə o Molla Nəsrəddinə heç gözucu da baxmırıq, kişi. Mən bu gün də başa düşə bilmirəm sən bu millətin nəyinə gülürdün, hə, kasıbına, avamına? Kasıb, avam olanda nə olar, kimin bostanına daş atırdı, onlar? Sakitcə bu fani dünyada özlərinə gün ağlayırdılar, 5-10 günlük ömrün sonunu gözləyirdilər də, nəyi pisiydi ki, bunun?
Heç bilirsən indi nələr olur, kişi? Sən əlinə qələm götürüb yazanda sosializm deyilən bir şeydən xəbərdarıydın? Ay tövbə. Mən bilirəm bu yazıq millətin milli-mə'nəvi yüksəlişini arzulayırdın, ömrünü-gününü boş yerə çürüdürdün. "Yatmışları razı deyiləm kimsə oyatsın, tək-tək ayılan varsa da, haqq dadıma çatsın,- deyib dərd çəkən sabirləri də yığmışdın başına, nədən qorxduğunu, hürkdüyünü bilmirdin, ay yazıq. Bəlkə elə bu çomağın salvaya çevriləcəyi günü falçılar sənə çatdırmışdı? Bilirsən min dörd yüz il bundan qabaq qurbanı oldüğüm Əleyhissalam Allahdan soruşur ki, bu dünyanın qiyamət gününün çatacağı günü biz insanlara necə xəbər verəcəksiniz. Allah da qayıdıb deyir: - Çomağın salvaya çevriləcəyi gün. O da qayıdıb soruşur ki, qurbanı olduğum, o çomağı salvaya kim çevirəcək?
Deyir:
-Sizdən törəyənlər.
Allaha qurban olum. Deyirəm yəqin sən bunu bildiyindən narahatlıq keçirmisən ki, bunları oxudub savadlandırarıq, sonra qələmlərini çevirərlər qılınca, başlayarlar bizi qılınclamağa. Bizi bizdən siz yaxşı tanıyırsınız axı. Kim nə diyər bizdə olan qiryətə?
Cəlil baba, belə deyiləsi, qələmə alınası elə şeylər var ki, onu yazanları min Kirpi lələ, Molla Nəsrəddin, Mozalan gələ, öz əqidələrindən döndərə bilməz. Sən mənim yuxuma nahaq girmisən. Guya mən onlardan nədənsə seçilirəm. Boğulan saman çöpündən yapışar. Səni qınamıram. Sən mənə üz tutmusan. Amma bilmirsən mən yazıq üç-beş belə sənət aşiqini bir yerdə görəndə dabanıma tüpürüb ordan qaçıram. Qorxuram? Ya nə üçün?
Bilirəm, bəzi yazılar ki, mətbuata ayaq açıb, etika çərçivəsini aşıb səni də dərdə salıb, yatdığın yerdə rahat yatmağa qoymur.
Bəzi redaktorlarımızı qınayırıq ki, belə yazıları niyə mətbuata çıxardırlar. Onlar da deyirlər ki, biz ədəbi səviyyələrinə görə onları xalqın, oxucunun öhdəsinə buraxırıq. İkimizin arasında qalsın, ağ yalan deyirlər. Onlar bizim çörəyimizi yeyirlər. Bəlkə innən belə bir az işləri yüngülləşə. Axı prezident babamız kredit buraxdırır qəzetlərə ki, hamını yaxşı yıxıb-sürüsünlər, bə nəə? Mətbuat azadlığı şirin şeydir, babamız da ondan çox "dadıb". Amma gör o dağ boyda kişinin heç vecinədirmi? O gün də televizorda deyir ki, yazın nə qədər istəyirsinizsə. O heç bizim yuxumuza girmir. Amma sən yazıq narahatsan. Döz də. Böyük ürək sahibləri həmişə belə şeylərə dözüb, baba, bax, sən də ibrət götür, səbirli ol.
Dözmürsənsə, get Bəxtiyarların, Anarların, Fikrətlərin, Zəlimxanların yuxusuna gir, belələrinə onların bəlkə gücü çata. Səsinin gücünə salıb məclislərə çağrıldı- çağırılmadı harda aş, orda baş olanlara sözlərini desinlər. Mən yazıq yazdığımı oxumağa qorxuram. "Uzaq görənlərimiz" xəbər verib ki, Anarı, Bəxtiyarı, Elçini və neçə - neçə Azərbaycanın bu gün başına and içdikləri yazarlarımızı… Qərb oxumayacaq. Bu məni də qorxuzur. Bu təpik mənə də dəyəcək. Axı mən milli hərəkatımızı, əlimizdən gedən torpaqlarımızın həsrətini, şəhid olmuş oğullarımızın qəhrəmanlığını, xalqımızın başına gətirilən fəlakətləri yazıram. Nə olsun. Belə getsə Qərbin nə vecinə mənim misralarımda yaşatdığım vətən dərdi, vətən göynərtilərim? Elə bunların çoxunun baisi Qərb deyilmi? Öz yazıları ilə Qərbə xidmət edənlər bizdən uzağa getməyiblərmi? Onlardan necə qorxmayaq? Aramızda öz yazıları ilə xalqına deyil, qərbə xidmət edən yazılar yazmaq daha münasib deyilmi? Sən necə bilirsən, gəlmişkən bir məsləhətini də ver mənə. Düzünü bilmək istəsən mən bu adamlardan qorxuram, heç onların gözünə görünmək istəmirəm. Elədiyim qəbahəti bilirəm : -El üçün ağlayan iki gözdən olar. O qərb sevərlərin çoxunu mən yaxşı tanıyıram. Atdığı bir damla böhtan tufana dönüb özümüzdən əvvəlkiləri də süpürləyir.
Hə Cəlil baba, gecə qara, cücə qara, kim nə bilir bu saat mən səninlə nə danışıram? Dərdlərimizi deməyə bir adam gəzirdik, bir paramız dərd içindəyiksə də, onlara qibtə də edirik. Adımı sənə qoyum, səni yana-yana qoyum deyib babalar, nənələr. Bəzən kövrəlirəm, şıltaqlar kövrək də olur, özün bilirsən.
Gəl bir bu günümüzə bax, gör biz nə fəğan eyləyirik. O qədər özümüzdən yazıb yorulmuşuq ki, əl atmışıq əsil-nəcabətimizə. Bəs nə? Bəs nə bilmişdin? Bəyəm sizin günahınız az olub? Atalar deyib sənin düşmənin kimdir, deyər mənə çorək …, əstəğfürullah, əlimə qələm verən.
Qabağımıza keçən tapılmır, Cəlil baba. Kimi istəyirik yıxıb sürüyüyrük. Bax, uzağa getmə, Füzuliyə şarlatan dedik, səsiniz çıxmadı. Heç o ulu babamız Füzuli özü bir namə yazıb da göndərmədi ki, ay düdəmələr, siz Füzuli olasısınız? Oğlu da olmadı ki, yazığın çıxa ortalığa, lazım gələndə dədəsinin haqqını tapdayanlara kişi kimi sözünü deyə. Bəlkə elə yalan deyirlər, kişi barəsində. Biz də bilərdik, qələmimizi mürəkkəbə batırmazdıq da. Oğlu yoxuydu, qələmdarlar arasında da bir dəsti-xətti ilə tanınanlar da dinmədi, niyə? Hanı o oğullar, var? Varsa gəlsin də qabağa. Yoxdu, baba. Bu qələm meydanında elə təklənmisiniz ki, arabir baxanda sizə yazığım gəlir, hər halda siz də mənimkisiniz.
Nizamini orda-burda suya salıb o qədər yaxaladılar ki, kişi pis -yaxşı quru çıxdı. Sabir babamızı gündə yüz dəfə göy əskiyə bürüyüb çıxarırıq ki, "harda müsəlman görürəm, qorxuram" deməsəydi bu gün ermənilər bunu şüar edib, aforistik bir kəlam kimi bayraqlarının başından iri hərflərlə yazmazdılar.
Mən hansını deyim, Cəlil baba. Vallah, hamsını desəm cin atına minərsən, hələ özünə atdığımız daşlardan demirəm, yaxşı ki, ucundan, qulağından eşitmisən.
Yuxulu olmağımdan irəli gəlir; Birini qoyum, birinə gedim, de görüm bu günkü qalmaqallarla necəsən ey, döşünə yatır? Səhv eləmirəmsə sizin dövrünüzdə də belə olub, hə bilirəm siz bu sayaq əndazədən çıxmırdınız. Düzdür. Bilirsən bu nədən belə olur? Çünki siz təzə-təzə yetişirdiniz, çoxunuzun universitet diplomunuz da yoxuydu bizim kimi ki, çətinə düşəndə mal dili boyda kağızı ataydınız ortalığa ki, kişi universitet qurtarıb, ali təhsillidir, onun kəlləsi səninkindən pis işləməz, əgər bu boyda kamal atestatı varsa. İndi biz kamal atestatını uşaq-muşağa veririk, əsil diplomu isə hansı yolla olursa-olsun, alıb döş cibimizdə də gəzdiririk, Mayakovskinin gəzdirdiyi sovet pasportu kimi: "-Alın a, yanan-yana qalın a" deyib bir yanıq da veririk. Xoşuna gəlmirik? Gəlməyə də bilmərik axı. Almışıq əlimizə qələmimizi, belə importnusunu, bir dəfədə yeddi rənglə yazan qələmi (sizin kimi quş lələyi ilə yazmırıq ey) yeddi min rəng vururuq, ötənlərimizə, keçənlərimizə. Rəngləri doğru-yalan bir-birinə elə qarışdırırıq ki, fələk oğlu fələk də əyrini-düzdən ayıra bilməz. Ayıra bilər ey, amma, gec. Ona kimi ya inək ölə, ya sərnic sına…
Boş da dura bilmirik ey, Cəlil baba. Özümüzdəki eyiblərimizi açıb-tökməmiş, qanrıldıq baxdıq arxaya, sələflərimiz gözümüzə birtəhər dəydi, özümüzü unutduq, onlara şübhəylə baxdıq.
İstəyimiz nədir deyirsən? Kim istədiyini, könlündən keçəni söz meydanında izhar eləyir? Sən məndən soruş ki, sələflərimizdən niyə yazırıq? Vallah, Cəlil baba, bəbalı danışanların boynuna, belə… Onlardan yazırıq ki, hərəsi bir dənə də olsa bu millətin işıqlı gələcəyi naminə özündən sonraya birini də olsa yetişdirib qoyub gedib. Belə onları bəyənmirik, atırıq salvanı ondan əvvələ. Keçi subulandırması eləyirik. Niyə? Çünki onu elə yetişdirib ki, şahlıq quşu uçurulanda gedib qonub onun başına, Bizim kimisinin başına niyə qonmurdu, bu şahlıq quşu? Bizi də yandıran odur da. Hə, indi onlar oturub kresloda, əlləri çatır lap iqtidarın kreslosuna da, Onlar da sən deyən hər şey üçün ağaya əyilən oğullardan deyillər. Boğaza yığılanda bir para şeylər xahiş edirlər, iqtidar da varını verən utanmaz deyiblər, bir-iki köməyini uzadır, o da o qocaların problemlərini ödəməyə belə cüzi yarayır. O da dəyir bizim xətrimizə. Baba bəs biz neyləyək, hə? Bizim də yazdıqlarımız üzə çıxsa, xalq oxusa görər də biz də nəyə qadirik, analar necə oğullar doğub. Bəs nə. Sizi sovet hökuməti almışdı qoltuğuna, can yandırırdı, bizə can yandıran yoxdu, hirslənirik, əl atırıq kresloda oturub səsi külli-varlıqlara çatanlara, arabir daşımız gəlir sizin tərəflərə də, lap elə Füzuliyə də dəyir. Nə olar? Niyə inciyirsiniz, olur da, səhvdir düşür də, baba şıltaq nəvəsindən inciməz. Biz onsuz da babaların çəliyinin ağrısını çox çəkmişik. Böyüklər bizi eşitməyəndə neyləməliyik, hə, atırıq onların bostanına daşı, o kreslolarda oturanlar da... Bax, baba, kreslo dedim yadıma düşdü. Bu kreslonu icad edəni söydürərsən məni. Bardaş qurub yerdə oturmaq bəyəm pisiydi? Onlar da kresloda oturmasaydılar bu gün də bu kreslo bu qədər bizə şirin olmazdı. hamı da can atıb o kresloya dırmaşmaq istəməzdi.
A baba, belə aləm qarışıb ey, biz yazanlar yaxşıyıq, sən öl, bu dəqiqə bu məmləkətdə bir kreslo müharibəsi başlayıb ki, pəpə deyəndən məmə deyənə kimi hamı onun eşqiylə yaşayır, elə içi qarışıq mən də, onlardan mənim nəyim əskikdir.
Hə, mətləbdən uzaqlaşmayaq, indi o kreslo ki var, öz tilsimiylə adamı özünə necə çəkirsə onun içində Qurandan don geyinib oturan olmuş olsa belə bizim qarayaxalarımızdan canını qurtara bilməz. İstəyimiz onu ordan çəkib salmaqdı. Gücümüz çatmayanda özün bilirsən neynirik? Ey, bizə də şeytana papuş tikən yazarlar deyərlər, başlayırıq o kresloda oturub bizim dərdlərimizi yuxarıda oturanlara hücumcasına açıq-saçıq deməyənin cəddini qurdalamağa: kim olub, nəçi olub? Nələr-nələr yazıb? Belə yaxşı-yaxşı öyrənməmiş, (kimdir qızıldan qızıl vaxtını elə şeylərə sərf edən) əlimizə bir balaca ki, kirəvə düşdü, bəs eləyir. İndi hansı qəzet düz şey yazır? Yazırsa niyə gündə həmşəri yetimi kimi yaxası məhkəmələrin əlindədir? Onlara neyləyiblər ki, bizə də neyləyələr? Bizim də öz sahəmiz var… Götür elə bizim Rəsul dayımızı, Baba. Mən ona dayı deməsəm dilim quruyar. Kişi bir vaxtlar bu millətin doğrudan da dayısı olub. Moskvada bu millətin ensiklopediyası yazılarkən necə vuruşubsa (dədəm danışırdı), erməni qohumlarımız az qalıb onu da çərçivədə oturda. Amma kişi onların tutarlı cavabını verib. Camaat öz dərdinə ağlayanda o, bu mübarizə meydanına girib. Dünyalar qədər sevdiyi Nigarı can üstündə olanda başı necə qarışıbsa millətin qayğılarına, vaxt tapıb baş da çəkə bilmirmiş… (Bunu bilməyənin gözünə ağ gələr). O kişini başqa əzablar da gözləyirdi, dözmədi bu dərdlərə… Hə o da bu millət üçün kitablar yazıb,qoyub gedib, allah başımızın üstündədir, elə onun "Qızıl gül olmayaydı" əsəri bəsimizdir. Amma bu kişi "Lenin" poemasını da yazıb. Niyə yazırdı, kişini niyə tərifləyirdi, hə? Səhv eləyib. Nə olsun sənətkarlıq baxımından doğrudan da, əla əsərdir. Biz öz fikirlərimizi sübut etmək üçün elə yapışıb Leninin cılız vücudundan, deyirik bu kişi bir şey yazmayıb. Oxucu nə bilir çox zaman, əsil həqiqətdə doğrudan da nələr baş verir? Biz öz məqsədimiz üçün yaşayırıq. Biz bəzi yazarlar bu ədəbiyyata müxalif qüvvələrik. İqtidar hakimiyyəti yıxılan kimi biz gəlib oturacayıq o kresloda. Sonra da o Yazıçılar Birliyi ki, var ha yaxşı -pis onları saf çürük edəcəyik, özümüz bilirik necə.
Bunun nəyi pisdir Cəlil baba, hirslənirsən. Sən özün də bir vaxtlar o boyda curnalın baş redaktoru olmusan. Mənim yuxuma girənəcən get onların bu yazılarını dərc eyləyən baş redaktorların kollegiyalarının (üzdəniraq) yuxusuna gir də. Qəzet və curnallar dədəsi-babası yerində, xalqın dilindən-ağzından düşməyən ədiblərimiz, yazıçılarımız haqqında yazdığımız o yazıları elə gözəl çap edirlər. Bir tərəfdən də etdirməsinlər, baxsınlar günlərinə. Babamız bizə söz azadlığı verib. Cəlil baba, mən əski əlifbanı oxuya bilmədiyimdən sizin dövrlərdə gedən yazılardan xəbərsizəm. Sizin dövrdə də belə olmuşdu? Siz də özünüzdən əvvəlki sənət dühalarını belə təpikləmisiniz? Hayıf, əski əlifbanı oxuya bilmirəm. Eşitdiklərim mənə azlıq eləyir. İstəyirəm öz gözümlə görüm, oxuyum, uveryat olum.
Ədəbi müsahibə, polemika demirəm, belə şeylər hər vaxt olub. Bu başqa şeydir. Bu yazdıqları yazılarla etika normalarını aşmaq deyil, sırf sağlam düşüncə tərzidir. Bu bizə əl vermir ey. Bilirsən, incimə ey, bəzən xoşumuza gəlməyənin başını "xaş"a da oxşadırıq. Bilirsən hələ bu sahədə püxtələşməmişik. Bir az tənqidin yolunu bilmirik. Bizim yazdıqlarımız elə asanlıqla mətbuata yol tapır ki, özümüzə də qəribə gəlir. Nə qədər ki, öz ideyalarımızı həyata keçirməmişik, nə qədər ki polad sütunlardan özülü olan Azərbaycan ədəbiyyatının, mətbuatının bel sümüyünü qırıb öz istədiyimiz qəlibə salmamışıq belə şeylər çox olacaq. Camaat düşməninə can demir ki. Bizim belə bir ideyamız var: "Bizim fikirlərimizi dəstəkləməyənlər bizim tənqid hədəflərimizdir!" Gör nə yaxşı çıxır ey, Cəlil baba. Əsil qəzet malıdır. Sən bilən ay Cəlil baba, bu tayfun deyilmi, hə? Susursan.
İncimə, Cəlil baba, mən sən deyən o qədər də insafsız qələm sahibi deyiləm. Sənin ağarmış rənginə baxıram, ürəyim ağrayır. Bilirsən biz elə millətik ki, daş atılanda demirik ki, bu gedib kimisə yaralıyar, deyirik görək mənə dəymir ki. Ona görə başımız çəkir. Hər bir sənətkar xalqın övladıdır, kimin dədəsi olmasından asılı olmayaraq. Bax, Cəlil baba sən neçə-neçə alimlərimizin, şairlərimizin, publisistlərimizin müəllimi olmusan. Özün də ədəbiyyat aləmində dəsti-xətti olan adamsan. Sən niyə mənim yuxuma girirsən, incimə, düz sözümdür. Mənim kimi bir gecə də get gir tanınmış sənətkarlarımızın, sənət aşiqlərinin yuxusuna. Başa salsın da bu məmləkətin cavan balalarını. Bəlkə bu təzə yazanlar öz aralarında nəsə götür-qoy etməlidirlər. Biz nə yazırıq dinmirlər, lap elə dədələrini də söyürük yenə dinmirlər. Oxucudan kömək gözləyirlər. Bu ədəbiyyat aləmini bir qüsl eyləmək lazımdır, ya yox? Tək-tək adamların yuxusuna girməyin nə xeyri var, ay canım-ciyərim baba.
Yoxsa biri dədə-babadan qalma bir sözü özü üçün təxəllüs seçir, amma yazanda az qalırsan o məsələ…Biri söz dəryasında boğulur və qışqırır ki, məni yazan olmağa qoymayın, sizi batırıb bulayaram, biri bir balaca səsi var sa ha, salır yoğun yerinə (bağışla, baba, ifadəmə görə) varsa da, yoxsa da bu sənət aləmində mənəm, mən. Biri dünya ədəbiyyatından bir-iki əsər gözdən keçirib onun əsrinə çevrilib, elə bir ideyalarla köklənib ki, az qalıb millətini dana (biz eləyik də, kimdə nə görürük, pis-yaxşı deyirik məndə də olsun). Ağzını açıb bir kəlmə səhvimizi deyəndə tənqidçinin də ağzından elə vururuq ki, o yazıq da abrına qısılıb elə susub oturur ki, fələk oğlu fələk də gəlsə bilirik barəmizdə yazmayacaq. Sizin zəmanəyə baxma ey, Cəlil baba. Kiminsə səhvi olanda üstüörtülü deyərdiniz, arif də işarədən qanardı. İndi o zəmanə deyil. Bacılarımızın bəziləri səhnə şöhrəti qazanmaq üçün lütdənib necə ekranlarımızı ələ alıblarsa, yazarlarımızın da bəziləri bütün çılpaqlığıyla öz sözlərini deyirlər, heç bir sözlərinə sərhəd qoymadan. Nə olar, indi bütün sərhədlər açıqdır, kim hara istəyir gedir gəlir. Biz elə bir hərəkatıq ki, içimizdə sizin kimilər çoxdur, ancaq onlar müstəqil Azərbaycanımızın ideyalarını yaxşı mənada tanıtmaq üçün müəyyən dövrü gözləməlidirlər. Onlar taleyüklü məsələləri əsərlərində yaşadırlar. Biz səbirsiz adamlarıq. Belə şeyləri gözləyə bilmərik. Sabir sizin başınıza "səbr eylə"- deyə-deyə o qədər bəlalar gətirib ki. Biz buna dözmürük.
Biz yazırıq. Oxuyan oxusun, oxumayan… Mən filan şairi sevmirəm, öldürəsisən məni? Sevmirəm də. Mən onun ədəbiyyat aləmində mövqeyini görmürəm. Bu mənim düşüncəmdir. Düzdür səhvimiz var, çoxdur. Çünki bilirəm ki, o adam özündən əvvəlki sənətkar haqqında tənqidi bir söz deyə bilər ki, özü nəsə eləmiş olsun. Neyləyək belə şeylər də olur. Gərək açıb-ağartmayasan. Elə yazarların səviyyəsinə enməyəsən. Düzdür milli qürur, şəxsiyyətin saflığı, qeyrət hisssi adamı susmağa qoymur. Hər halda bilmək lazımdır ki, xırda çaylar həmişə axıb böyük dənizlərə tökülür. Onların çoxu bulanıq da olur. Amma dənizlər onu qəbul edir. Axı onun dəniz böyüklüyü var. Qoy o dənizlər böyük ürək sahibi olsun. El gözü tərəzidir, xalq kimin kim olduğunu çox gözəl bilir. Sözlərim sərt oldu, baba? Qəlbinə dəydim? A kişi, mənim də ürəyim, qəlbim var…
Belə-belə işlər var, baba, birini qoyum birinə gedim. Görürsən bir-birimizi mətbuatda ittiham edirik. Mən bəzi dərdlərin dərin köklərini görürəm. Nə qədər ki. bütün yazarlar öz sosial-məişət qayğılarını yaşayır, ondan asılıdır, yaxşı-pis sənətkarın tanınması çətin olacaq. Bax bu yazarlar hər biri milllətin düşünən beyni, intellekti, onun mədəniyyət səviyyəsinin qarantıdır. Onların sosial məişəti yaxşılaşarsa, vallah, onda Füzuli dahi Füzuli, Vurğun, Rəsul və b. ölməz sənətkar, Anar, Bəxtiyar, Fikrət Qoca, Fikrət Sadıq, Söhrab Tahir, Abbas Abdulla, Nizamİ Cəfərov, Tofiq Hacıyev, Bəkir Nəbiyev neçə-neçə istedadlı qələm sahibi Azərbaycan ədəbiyyatının aynası olaraq qalacaqdır. Onların üzərinə atılan böhtanlar da hər kəsin öz şəxsi fikirləridir. Əgər bu gün bəzi yazarlarımız deyirsə ki, mən yazıram oxuyan oxusun, oxumayan oxumasın, belə şəxslər üçün bəzi Azərbaycan mütəfəkkirlərinin müəyyən qiyməti ola bilərmi?
Bütün gecəni səninlə dərdləşdim, Cəlil baba. Mən bilirəm sən niyə gəlib mənim yuxuma girmisən. O rəfdəki "Molla Nəsrəddin"ə baxanda gözlərim kəlləmə çıxır ki, mən onu oxumağım bir yana, hələ bir başımın üstündə rəfə də qoymuşam. Allah eləməmiş gündə bir zəlzələ olur, o düşsə bir baş gəlib mənim başıma düşməzmi? Bu bir zarafatdır eləyirəm, sənin könlünü almaq üçün, ay baba. Sizlər dünyanın ən müqəddəs, pak ülviyyət sahiblərisiniz. Özüm çəkdiyim əzablar özümə bəsdir. Mən göz yaşları içərsində gülənəm. Mənə yazığın gəlsin. Dərdi dərd üstündən yükləməzlər. Bu laqeyd yazarlar içərsinə atıldığım azdırmı, sən də bir yandan yuxuma girib boynuma babal, minnət qoyursan. Onlar eşitsələr ki, mən qaralarınca bir söz demişəm, qoyacaqlar qənşərlərinə qələmləriylə kağızlarını, çernillərini. Məni ümidsiz, yazıq bir insan kimi tənqid edəcəklər. Öz dərdim özümə bəsdir, Cəlil baba. Get sən allah, incimə məndən. "Səni deyib gəlmişəm" …deyib gəldin, yazdın, yaratdın, bizi ayıltdın. İndi "səni deyib gəlmişəm"- demə. Denən, ey mənim yazar qardaş və bacılarımın nəvə və nəticələri, adam nankor olmaz!

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah