Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 


«KİTABİ-DƏDƏ QORQUD» DASTANLARI və ANARIN «DƏDƏ QORQUD» POVESTİ

Anarın yaradıcılığı xalq ədəbiyyatı, folklor obraz, süjet və motivləri ilə zəngindir. O, bu folklor nümunələrindən əsərlərinin mövzu-ideya zənginliyi üçün, həm də yaratdığı əsərin bədii keyfiyyətlərini artırmaq üçün istifadə etmişdir desək, bəlkə də bu doğru olmaz. Xalq ədəbiyyatına bağlılıq onun yaratdığı əsərlərin canındadır.
Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan, görkəmli siyasi xadim Heydər Əliyev deyirdi: «Kitabi–Dədə Qorqud»un elmi nöqteyi-nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Eyni zamanda «Kitabi-Dədə Qorqud» Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır. Mən bu baxımdan Anarın xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Mənə elə gəlir ki, biz bu gün, müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da yüksək qiymət verməliyik. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm.
Bildiyimiz kimi, keçən əsrin 70-80-ci illərində Anarın «Dədə Qorqud» kinopovesti əsasında Azərbaycan kino yaradığıcılığı üçün gözlənilməz olan eyni adlı film çəkildi. Azərbaycanın tarixi şəxsiyyəti Heydər Əliyev «Dədə Qorqud»un yubileyi ilə bağlı keçirilən iclasların birində qeyd edirdi ki, «Tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır. Məsələn, «Dədə Qorqud»un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir. Nə üçün? Çünki, gəlin açıq danışaq, elə özümüzün içərisindən də çoxları «Dədə Qorqud»u yaxşı bilmirlər. O əsəri oxumaq-onun dili də çox adam üçün çətindir-onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gəlib baxırsan, hər şey aydın olur… Anarın bu barədə təşəbbüsü olmasaydı və o, «Dədə Qorqud» filmini yaratmasaydı, «Kitabi-Dədə Qorqud» dastanı haqqında xalqımız üçün bu qədər geniş məlumat yox idi».
Anarın qələmə aldığı, kino ekranlarına çıxardığı «Dədə Qorqud» xalqımızın keçmişinin şanlı səhifələrini özündə yaşadan qəhrəmanlıq dastanıdır. Türk-azəri təfəkkürünün ən nadir incisi kimi qəbul etdiyiymiz bu dastandakı incə məqamları kino sənətinə gətirmək, əsərin bədii ruhuna toxunmadan onun əsasında yeni bir səpgidə orijinal bir sənət əsəri yaratmaq Anar istedadının qüdrətini üzə çıxardı.
Görkəmli ədəbiyyatşünas alim Həmid Araslı kitab haqqında öz fikirlərini belə açıqlayır: «Kitabi-Dədə Qorqud» X-X1 əsrlərdə baş verən tarixi hadisələrlə səsləşən ölməz abidədir. Bu əsərdə vətənpərvərlik, xalqa məhəbbət, cəsarət, mərdlik və dəyanət, dostluq, ata-anaya və qadına hörmət sadə, bu gün belə öz bədii qüvvətini saxlayan bir dil ilə ifadə olunmuşdur. Dədə Qorqud dastanlarında xalqın yenilməzliyi, yüksək mənəvi keyfiyyətləri öz ifadəsini tapmış, qədim tariximizin mühüm məsələləri əks edilmişdir».
Anar öz «Dədə Qoqud» povestində bu ideyalara sadiq qalmışdır. Onun qələmə aldığı «Dədə Qorqud» povestində rast gəldiyimiz obrazların çoxu «Kitabi-Dədə Qorqud» dastanlarından bizə məlum olan obrazlardır. Anarın əsəri ilə «Dədə Qorqud» boylarını müqayisə edərkən hiss edirik ki, yeni bir şəkildə qələmə alınmış bu povestdə də xalq ruhu hakimdir. Orada da hadisələri Dədə Qorqud danışırdı, burada da hadisələrin söyləyicisi Dədəmiz ozandır. Belə bir məsuliyyətli işə qol qoymaq sənətkardan böyük cəsarət tələb etsə də, öz daxili yaradıcılıq imkanlarına, potensial gücünə arxalanan, inanan yazıçı əsərin müvəffəqiyyətli alınmasına nail olmuşdur. Anar Dədə Qorqud obrazını ekrana gətirirdi.
Yaratmaq istədiyi obrazın Dədə Qorqud dastanlarında olduğu kimi sevilməsi, hörmətlə, izzətlə xatırlanması üçün Anar povest yazarkən az əziyyət çəkməmişdir. Hər kəlməsinə, hər ifadəsinə dastana uyğun yanaşma tərzi Anarın öz üzərində işləməsi üçün az məsuliyyət qoymamışdır onun boynuna. Həmid Araslı əsərlə bağlı bu barədə fikirlərində haqlıdır ki, Anar «dünya şərqşünaslarının, ədəbiyyatşünasların, folkloristlərin, tarixçilərin, etnoqrafların, dilçilərin və s. mütəxəssislərin əsərlərini mükəmməl öyrənmiş, əsərin müxtəlif nəşrlərini yaxşı oxumuş, onun fəlsəfi mənasını dərindən dərk etmişdir».
«Dədə Qorqud» dastanları bizə dədə-babadan mirasdır. Yer üzündə nadir, barmaqla sayılan dastanlardan biridir. Xalqına hörmət gətirən, onun kökünü, əsil-nəcabətini özündə əks etdirən dədə-babanamədir. Oğuz ellərinin yadigarıdır. Dədə Qorqud Oğuz ellərinin birliyinin istəyicisidir. Oğuz elində yığcam şəkildə yaşayan oğuzlar türk ellərinin şərəf və ləyaqətinin daşıyıcısıdırlar. Onun oğuz dünyası düşmən qarşısında əyilməzlərdir, düşmənə diri can verməzlərdir, ulusunu, əcdadını uca tutanlardır, igidlikdə seçilənlərdir, onlar ad-sanı, əsil-nəcabətı, namusu, qeyrəti, vicdanı candan uca tutanlardır. Burada oğuz igidi elinə, torpağına, yurduna sədaqətli, oğuz qadını abırlı, ismətli, həyalı, ailəyə sədaqətli, əhdə vəfalıdır. Onların eldən uzaq düşəni, düşmən hiyləsinə tuş olanı düşmən qabağında əyilməz, ruhdan düşməz, düşmənə diz qatlamazdır. Onlar igidlik, yenilməzlik, dözüm, səbir yiyəsidirlər. Qadasız, qurbansız, dərdsiz, bəlasız deyildir oğuz elləri, amma ruhdan düşüb dərdə-qəmə alçalan da deyil oğuz elləri. Anar bütün bu milli-mənəvi dəyərləri özünün yaratdığı əsərində qoruyub saxlayır…
Anarın əsəri «köksü yaşıl uca dağlar» arasında bir «vuruş»la başlayır ki, «ulu dağlar belə vuruş görməmişdi, dibi dərin dar dərələr belə döyüş bilməmişdi. Savaş nə savaş idi, meydan dolu baş idi». Doğrudanmı oğuz elləri qansız, qadasvız ömür sürmüşdü, qanlı döyüş meydanları görməmişdi? Görmüşdü, amma düşmənlə üz-üzə çarpışmışdı, mərd- namərdini tanımışdı. Amma indi oğuz elinin elə ağır günləri təsvir olunur, elə döyüşlər qələm alınır ki, bu döyşlər digərlərinə bənzəmir, ona görə bənzəmir ki, bu gün «oğuz oğulları özləri bir-birinə qarşı qalxmışdı. Dost-dostla, qohum-qohumla cəng edirdi, qardaş qardaşdan, ata oğuldan ayrılmışdı».
Anar boylardan birinin motivləri üzərində bu əsərin süjetini qurur. Onun «Dədə Qorqud» əsəri orijinal keyfiyyətlərə malikdir. Buradakı hadisələr, motivlər, obrazlar eyni olsa da, hadisələrin təhkiyəsi, süjetin quruluşu bizə tamamilə yeni bir əsər təsiri bağışlayır. Xalıq Koroğlu yazır: «Kitabi-Dəd Qorqud» motivləri əsasında Azərbaycan yazıçısı Anar «Dədə Qorqud» adlı povest yazmışdır. Povestini elə qurmuşdur ki, burada qədim abidənin demək olar ki, bütün süjetləri, süjet xətləri, epizodları və hətta ayrı-ayrı motivləri işıqlandırılmışdır. Bununla bərabər, povest tamamilə orijinal əsərdir. İlk mənbədəki müxtəlif süjetli dastanlardan bitkin kompozisiyalı əsər yaradarkən Anar böyük məharət göstərmişdir. Faktiki olaraq o, oğuzların epik tarixini ümumiləşdirmiş, onların başına gələnləri, nə sayaq və hansı ideallarla yaşadıqlarını bədii şəkildə mənalandırmışdır».
Bayandır xan ömrünün son anlarında eldə sayseçmə, igid, cəsur, tədbirli, səbirli Qazanı oğuz ellərinin başçısı təyin edir. Bayandır nəslindən olan Arzuzun sinəsində qalan nisgil sonralar bir kinə, ədavətə çevrilir və oğuz elinə bədbəxtçiliklər gətirir. Onun tədbiri nəticəsində Bamsı Beyrək hiyləylə qətlə yetirilir, əvəzində Qazan elin igidinin intiqamını öz əziz adamında belə qoymur. Aruz öz əməllərinin cəzasını alır. Ömrünün çox hissəsini folkorumuzun toplanmasına, tədqiqnə və tədrisinə həsr edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyev yazır: «Kitabi-Dədə Qorqud»da daxili çəkişmələrin fövqünə yüksələn daxili düşmən də vardır. İç oğuzun başlıca daxili düşmənləri Qazanın dayısı Aruz qocanın ətrafında birləşmişdir. Aruz qoca da şöhrətli sərkərdədir. Uzun müddət tayfa dövlətinin çiçəklənməsinə çalışıb, qanlı döyüşlərdə Qazanın yaxın köməkçisi olmuşdur. Bir gün Qazan öz evinin varidatını taladarkən Aruz qocanı bu şənliyə dəvət etmir. Əslində bununla Qazan Aruz qocaya etimadsızlıq göstərir. Aruz qoca da tayfa dövləti daxilindəki çəkişmələri kəskinləşdirmək, Qazana təzyiq göstərmək üçün bundan istifadə edir. Aruz qocanın hakmiyyət ehtirası qızışır».
Anar dastanın canında yatan daxili çəkişmələri açır, qabardır, başqa çarəsi yoxdur, o daxili çəkişmələrdir ki, bu gün də davam edir və birlik olmadığından Azərbaycan parça-parça olub, ürəklərdə dağ var, yara var və bu yaranın göynərtisini vətənini, torpağını, millətini sevən ziyalıları duyur.
Anar heç də hadisələri sadəcə olduğu kimi qələmə almaq, onların bədii donunu bir qədər də zənginləşdirmək məqsədi güdmürdü. Burada qoyulan əsas problemlərdən biri bəlkə də sovet ideologyasının hakim mövqe tutduğu bir zamanda özünü çətiniklərin, təhlükələrin qucağına atmış Anar cəsarəti idi ki, imperiyanın hakim hegemon siyasətinin əleyhinə çıxırdı, türk ellərini birliyə çağırırdı. Anar bu mövzunu, ideyanı ədəbiyyata gətirmək üçün bəlkə də xalq ədəbiyyatına müraciətdən sərfəli bir yol görmürdü. O dövrdə Anarın ssenarisi əsasında çəkilmiş «Dədə Qorqud» filmi türk dünyasının özünü də silkələdi. Niyazi Yıldırım Gəncosmanoğlu yazırdı: «Türk Kultur tarixinin ən böyük və dəyərli əsəri olan «Dədəm Qorqud»un filmə alınıb televiziyada göstərilməsi böyük bir sənət və kultur hadisəsiydi. Bu əsərin Azərbaycanda yaradılmasının maddi tərəfdən əhəmiyyəti olacağı kimi, mənəvi yöndən də ayrıca bir əhəmiyyəti vardı. Azərbaycan dəmir pərdə arxasındakı bir türk yurdu olmasına baxmayaraq, orada milli kulturə bizdən daha artıq və ciddi ölçülərlə xidmət edildiyi gözdən qaçmamalıdır. Bu əsərin filmə alınması, ekrana gətirilməsi azərbaycanlı qardaşlarımız üçün İstiqlal dərəcəsində mənəvi həzz verəcək bir hadisəydi».
Anar xalqımızın qüdrətli söz abidəsi «Kitabi-Dədə Qorqud» dastanlarını ekranlaşdırmadı, əksinə, əvvəlcə onu realist bir qələmlə povest materialına çevirdi, əsərdə qoyulan, mövzu-ideyalara toxunmadan dastana yeni çalarlar gətirdi, on iki boyu bir süjetin daxilində həm mövzu cəhətdən, həm də ideyaca ümumiləşdirdi və bütün boylarda qoyulan mərdlik, qəhrəmanlıq, vətənpərvərlik, azadlıq, bərabərlik, milli birlik ideyalarını qorumaq şərtilə türk dünyasının əzəli, əbədi birlik haqqında düşüncələrini, istək və arzularını yenidən reallaşdırmağa səsləmiş oldu.
Onsuz da xalqın yaratdığı bu dastan hamıya doğma idi, orada öz əksini tapan hadisələrə yenidən müraciət etmək də haradasa bu doğmalığa xidmət edirdi. Anarın da bu mövzuda yazdığı yeni bədii dəyərlərlə zəngin əsəri bir xalqın, millətin varlığını özündə əks etdirən əsərdir. Bu mövzuya yenidən müraciət də müəyyən məqsədlərə xidmət edird. Keçən əsrin rus imperiayasının yeritdiyi ruslaşdırma siyasəti hamımızın yadındadır, rus dili bilməyən ən savadlı azərbaycanlı balası işdən kənarda qalırdı, məcburiyyət qarşısında qalan azəri balası rus dilini öyrənirdi, evində, işində rusca danışmaq dilimizin taleyini təhlükə altında qoymuşdu. Oğullarımız Rusiyanın digər şəhərlərinə ali təhsil almaq, işləmək üçün gedirdi. Ən yaxşı istedadlı ziyalı azəri oğulları qeyri millətlərlə ailə qururdu və bu gün barmaqla göstərilən nə qədər ziyalılarımız dediklərimizə nümunədir ki, onlar ölkədən kənardadırlar… Azərbaycana dönənlərdən özüylə rus, belarus və. s. qızı gətirənlər də az deyildi, Azərbaycanın ucqar kəndlərində qarımış qızlarımızın taleyindən çoxlarımız xəbərdar idik. Türkün dilinin, əxlaqının, mənəviyyatının taleyi təhlükə altında idi. Belə bir zamanda Dədə Qorqudlar, Nəsimlər, Babəklər xalqın düşünən kəslərinin gecəsini kar, gündüzünü kor qoymamalıydı. Düşünən beyinlər vardı. Türk türkçülüyünü unutmaqda idi. Dədə Qorqud harayına, nəsihətinə ehtiyac duyulurdu. Bax, belə bir zamanda Dədə Qorqud motivlərinə üz tutdu Anar, «Dədə Qorqud» povesti yarandı. Bu, Anar üçün hələ az idi, ekranlaşdırmaq, milləti keçmişindən agah etmək istəyi məqsədi ön planda idi. «Dədə Qorqud» dastanları olduğu kimi kinoya çəkilə bilməzdi, çəkməzdilər də. Oğuz elini birliyiə səsləyən bir dastan nə verə bilərdi öz ideyaları ilə hegemon imperiyaya? Başa düşmək, arif olmaq lazım idi ki, işin içindən çıxa biləsən, demək istəydiyini deyə biləsən, dedi də Anar. Dastanda az dəyişikliklər etdi, Anar oğuz ellərinin qəhrəmanlarını köçəri kimi verdi, amma üstüörtülü bağçılıqdan, şərabçılıqdan danışdı, islamiyyəitin içində Azərbaycan qadının yaşmağına çadra da qoşdu, adlara dəyişiklər edildi. Amma verilən adlar da sırf türk adları oldu. Uruz Tural oldu. Türk elinin alisi, ucası, Günel Güney Azərbaycan adının simvolu kimi. Ömrü Qazlıq dağının ətəklərində Qafqaz ellərində keçən, bu yerlərdə böyüyüb boya-başa çatan oğuz balası dağına, qayasına, suyuna, qocasına, dədəsinə, ozanına necə müqəddəs hissələrlə yanaşmışsa, hansı ruhda köklənmişsə, Anar da qəhrəmanlarını o ruhda köklədi.
Anar Dədə Qorqud dastanlarını bir povestin içində toplamağa nail olmasa da, onların istək və arzularını, duyğu və düşüncələrini, əsrlərlə özlərindən əvvəlki adət-ənənələrə, milli-mənəvi dəyərlərə müqəddəs yanaşmalarını, inam və etiqadlara hörmətini obrazların amallarında, hərəkətlərində qoruyur.

Əsrlərlə xalq saza, sözə müqəddəs bir varlıq kimi baxmışdır. Türk dünyası üçün saz başqa aləmdir. Onu düşərli, uğurlu bildiklərindən həmişə türk oğlanları döyüşə gedərkən qopuzu da özləri ilə aprarmışlar, uğur qazanacaqlarına inanmışlar, dəfələrlə bunu sınaqdan keçirmişlər, saza, onu çalana, səsinə uyğun söz düzüb qoşana özlərindən uca bir varlıq kimi, allaha yaxın bir qüvvə kimi baxmışlar. Dədə-Qorqud dastanlarını düzüb qoşan ozanlar ozanı Qorquddur, Ata Qorqud, Dədə Qorquddur. Qədim türk dünyasında belə idi ki, saz-söz sahibləri ozan adlanırdı. Türk dədə qorqudşünaslarından Ahmet Kabaklı «Türk edebiyatı»nda yazır: «Qorqud Ata islamiyyətdən öncə türklər arasında yaşamış və hər türk boyunda başqa adla xatırlanmış şairlərə bənzəməkdədir. Tunquzların Şaman, altay türklərinin Kam, yaqutların oyun, qırğızların Baksı, oğuzların ozan dedikləri bu qədim şairlər həm hatif, həm rahib, həm də kahin olmaqla yanaşı, sehrbazlıq, bəstəkarlıq, şairlik kimi hünərlərə də sahib idilər». Anarın əsərində də bu motivlər saxlanılır. Bunlardan biri sazla, onun müqəddəsliyi ilə bağlı motivdir. Oğuz igidlərinin bir-birini məhv etməsindən dəhşətə gələn, daşa dönmüş oğuz igidlərinin daş heykəlləri arasında vurnuxan qoca ozan nə bir səs, nə bir soraq eşitmədiyindən daşların arasında «acı-acı ağladı, yanıq ciyərini dağladı, ayqırının cilovunu çəkib» yola düzəlir. Onun üçün qazılan gördan qaçır, dünyanı dolaşır, haraya yan alırsa ölümlə rastlaşır. Əcəldən qaçmağın mümkünsüzlüyünü duyan qoca onun üçün qazılan qəbrin yanında dayanıb köksünü ötürür. Oğuz ellərinin dərdi sinəsini yırtır. Olub keçənləri gözünün önünə gətirir. Artıq ölümünün sona yetdiyini duyan «Dədə Qorqud dərdli-dərdli o yan-bu yana baxdı, başını aşağı tutub hərəkətsiz dayanmış təpəl qaşqa ayğırına baxdı. Ayağa durdu, qopuzu köynəyindən çıxardı, sinəsinə basdı, bir müddət çalmadı, olub keçənlər gözünün qabağından keçdi. İgidlər, döyüşlər, daş heykəllər, sonra da qalaq-qalaq qayalar, yönsüz-yöndəmsiz daş yığımları. İlan sürünüb Dədə Qorquda yaxınlaşmışdı, bu an olmasa o biri an çalacaqdı. Birdən Dədə Qorqud barmaqlarını qopuzun simlərinə çəkdi, telləri dilləndirdi, çalğısının sədaları altında sözünü dedi:
-Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı!
Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!
Qoca Qorqud ölür öldün, onu bil! Karvan getdi, sən gecikdin, onu bil? Əl-aqibət uzun yaşın ucu ölüm, axırı ayrılıqdır.
Dədə Qorqud qopuz çalırdı. Onu vurmaq istəyən ala ilan birdən dayandı, qopuzun sədaları altında qıvrılıb geri çəkildi, sürünüb getdi».
Burada qocanı vurmaq istəyən ilan sazın səsindən çəkilib gedir. Bu da qopuz səsinə müqəddəs baxışların nəticəsi kimi götürülür. Yazıçı bu inamları əsərində qoruyub saxlayır.
Saz, ozan tarix boyu müxtəlif adlar altında Azərbaycan –türk mədəniyyətinin aşıqlıq sənətinin yaşadıcıları olmuşlar. Qədim ozanlarımız Dədə Kərəm, Dədə Əmrah, Dədə Qasım, Dədə Qərib, Dədə Yediyarların ozanıdır Dədə Qorqud.
Tariximizin müxtəlif mərhələlərində olub bu ozanlar; varsaqlar, aşıqlar, saz, söz, müsiqi üçlüyünün yaşadlıcıları, inkişaf etdiriciləri olub bunlar, amma zaman-zaman adlar dəyişib, həyatımızın keşməkeşli anları, insan istək və arzuları, duyğuları ilə zənginləşib bu saz sənətinin mövzu dairəsi. Adlar dəyişsə də, aşıq sənətinin incəlikləri nəsildən-nəslə ötürülüb, hər ötürülmədə bir türk-azəri təfəkkürünün nadir inciləri də bu incilərin sapına düzülüb, heyran edib müasirini, özündən sonra gələn neçə –neçə sənət adamlarını, xalqını.
Dədə Qorqud ilk ozanımız kimi bu gün var olsa da, onun sənətindəki incəliklər, ona inam ondan da əvvəlki minilliklərdən xəbər verir, hansı ki, biz onların ilkin nişanələrinin inaclarımızda yaşadığını görürük.
Mirəli Seyidov yazır: «Ozan/uzan» sənətini və onunla bağlı bu sözü əski türkdilli insanla, deyəsən, əski oğuzların ulu babaları, kökləri ilə təbiət arasında gedən mübarizə, təbiəti tədriclə dərketmə prosesi yaratmışdır. Əski türkdilli insan təbiətlə təmasda onun qorxulu, dəhşətli hadisələrindən özünü qorumaq, təbiətin insan həyatında mühüm rol oynayan bu və başqa hadisələri-yazın gəlişi, bitkilərin göyərməsi, günəşin çıxması, qışın xoş keçməsi üçün təbiətə təsir etməyə çalışmışdır».
İlk oğuz övladının hisslərini Anar təsvir edərkən sanki sübut etməyə çalışır ki, «insan öz yaratdığı yaradıcının gücünə inanmışdır. Belə bir şüurla yaşayan insanlar, o sıradan türkdilli qəbilə birləşmələri silsilələri (o cümlədən Oğuz türkləri-M), xalqlar öz doğma sənətlərini, sənətkarlarını yaratmışlar. Onlardan bir sırası sənətkarlarına varsaq, yanşaq, baxşı, oğuzlar və oğuzların soykökündə duranlar isə deyəsən «ozan/uzan» demişlər» (M. Seyidov).
Anarın əsərində də Dədə Qorqud oğuzların ozanıdır. Onun səsində, sazında bir ilahilik, mifik duyum var. Anar bu hissləri povestində daha təsirli şəkildə oxucuya çatdırmağa çalışır. Elə bu hisslərin təsirinin nəticəsidir ki, ölümdən qaçan, dünyanı dolaşan Dədə Qorqud sazının səsinə ölü torpaq dirilir. Onun çaldığı qopuzun səsindən ölmüş təbiət, zərif varlıqlar cana gəlir «Yerdən bir dəstə quş pırlayıb budaqlara qondu, civilldəşdilər. Ağaclar çiçək açır, qalın budaqlar yarpaqlanır, yamaclarda otlar, çiçəklər baş qaldırırdı, qurumuş çeşmələrin gözü soyuq-soyuq sularla dolurdu. Məzar kənarındakı təpəciyin torpağı da axıb qəbri doldururdu. Dədə Qorqud qopuz çalırdı-həyat yenidən oyanırdı».
Ozan sənəti-saz-söz qoşalığı türkün ilk sənətidir. Bir çox qədim qaynaqlarda hələ U əsrdə Atillanın ordusunda şeir qoşan musiqiçilər olmuşsa, onun qəhrəmanlığını vəsf edən mahnılar qoşulmuşsa, bunun daha qədim köklərindən danışmaq olar.
Dədə Qorqud boylarında xalqın içində olan, onun xeyir-şərinin yaraşığı olan «ozan» adlanmışdır. Tədqiqatçılarımız dəfələrlə öz əsərlərində bu fikirlərin təsdiqini verməyə çalışır. M. H. Təhmasib yazır: «Dədə-aşıqlar sözün həqiqi və geniş mənasında sənətin, hələlik öz müstəqil sahələrinə bölünməmiş vahid vəziyyətinin, yaxud mərhələsinin əsas xüsuiyyətlərini özlərində yaşatmışlar. Yəni onlar həm şair, həm dastançı, həm bəstəkar, həm də öz yaratdıqlarını ifa etməyi bacaran məharətli sənətkarlar olmuşlar…belə dədələrdən ən görkəmlisi, ən əzəmətlisi, ən məşhuru, şübhəsiz, Dədə Qorquddur». Dədə Qorqudu «adi ozan» deyil, bolyların əsil «həqiqi yaradıcısı» kimi qəbul edən tədqiqatçının fikrincə, «Qorqud müdrik bir başbilən, ən ağır dəqiqələrdə elin köməyinə gələn, şadlıqları ilə gülüb, kədərləri ilə ağlayan, toylarını, yaslarını yola salan, məsləhətlər verib tədbirlər tökən bir köməkçidir". Deməli, ozanın sözünə inam güclüdür, onun hörməti böyükdür, xalqın sağ əlidir. Elə Dastanın müqəddiməsində də ozan sənəti haqqında fikirlər var:
Qolca qopuz götürüb eldən-elə, boydan-boya ozan gəzər,
Ər comərdin, ər nakəsin ozan bilər».
Anarın Dədə Qorqudu da əlindən qopuzunu yerə qoymur. Bir-birinə asi düşüb, bir-birinin qanını tökən oğuz ellərinin sevincini, şadlığını vəsf etdiyim kimi nisgilini, kədərini, faciəsini də dilə gətirmək «Ozan dədənin müqəddəs borcudur. Sazının, sözünün gücünə inamdır ki, o yenidən saz götürüb keçən keçmişi xatırlayır, oğuz ellərinin cah –cəlalını yada salır və sazın-sözün səsindəki qüdrətin –ecazkar qüvvənin sehrində ölən quşlar, ölən təbiət dirilir. Bu dirilmə yeni həyat, yeni yaşantı, yenidən özünə, gücünə inanma- oğuz türkünün qüvvəsinə inamın tərənnümüdür. Anar əsərinin ilk səhifələrində türk-oğuz ellərinin bir-birinə qarşı çıxmasının acı nəticələrini təsvir edir. Artıq ölümün haqlamaqda olduğu Dədə Qorqudun ölümdən qaçmasında, bu ölümdən qaçmanın arxasında türk ellərinin sabahı üçün narahatlıq, onun əbədiliyi məsələsi durur və ona görə də Anar Dədə Qorqudun –xalqının ulusunun məsləhətinə, nəsihətinə olan ehtiyacı duyur, türkün şöhrətini dünyaya bəyan eyləyən sazını dilləndirir və zaman-zaman türk övladlarının ayrılığının gətirdiyi faciələrə də diqqəti yönəldir və nəticədə Dədə Qorqud öydüyü bəy ərənlərin, «dünya mənimdir deyənlər»in gücünü, qüdrətini bəyan etməklə yanaşı, səhvlərinin də acı nəticələrini gizlətmir; bu dünyanın tutub durmayacaqlarını, zəhmətlə, igidliklə əldə etdikləri, qoruyub saxladıqları torpağın qədir-qiymətini bilməyə, yad əllərdən qorumağa, əkib –becərməyə, güllü-gülüstana çevirməyə çağırır. Bu həyata, işıqlı sabaha ümidlə baxmağa çağırışdır.
Anarın sənətkarlıqla vəsf etdiyi, insanı həyata bağlayan sazın-sözün sehrində Dədə Qorqud dünyasının böyüklüyü, şərəfli, şanlı keçmişi, türk dünyasının məğlubedilməzliyi, əbədiliyi məsələsi durur. «Dədə Qorqud» dastanlarında Dədə Qorqud türk-oğuz boylarının bilicisi, ağsaqqalı, dədəsi kimi onun tarixini danışır və Anar da öz əsərində o dövrün tarixini dastançı Dədə Qorqudun diliylə özünəməxsus bir səpgidə xalqına-bu günkü nəslə ötürür. Şanlı keçmişi üçün narahat qəlbin səsi eşidilir. O da öz əsrinin Dədəsidir. Yazarıdır, Söyləyicisidir, Deyicisidir.
M. H. Təhmasib yazır: «Məlumdur ki, varsaq da, ozan da, yanşaq da ümumi ad, titullardır. Yəni keçmişdə də, indi də həm yaradanlar, həm də yaradılmışları ifa edib yaşadanlar belə adammışlar. İstər ozan, istər yanşaq, istərsə də aşıqların yaratmaq qabiliyyətinə malik olanları keçmişdə də, indli də dədə adı daşımışlar».
Anarın Dədə Qorqudu dastanda açılmamış keyfiyyətlər sahibidir. Burada Anar bu obrazı köklü bir ağaca bənzədir, şaxələrə, qol-budaqlara ayırır, mifikləşdirir, Anarın əsərində Dədə Qorqud sazının səsindəki həyat eşqi «əcəl dövranı»nı, «əzrayıl meydanı»nı geridə qoyur, Dədə özü bu çaldığı qopuzun səsində duyur ki, «həyat yenidən oyanır» və bu hisslə də o, ona qazılan məzarı da unudur, ölümü də unudur və o, «indi qopuzun tellərindən doğan gözəl bir dünyada yaşayırdı, ötüb keçənlərin, igidlərin, comərdlərin dünyasında». Bu dünya Dədə Qorqudun o dünaysıdır ki, oğuz boyları –İç Oğuz-Daş Oğuzun xeyri-şəri bir idi, Dədə Qorqud elin seçmə ağsaqqalı idi, böyüyə-kiçiyə hörmət vardı, oğuz igidərinin qorxusundan düşmən onun yurduna ayaq basammırdı. Anarın oğuz–Dədə Qorqud dünyasında Qobustanın «Qaval daşı» döyəclənirdi, yaşıl çəmənlərinə «rəngarəng ipək xalçalar döşənmişdi», «yamyaşıl bir düzəngahda al-əlvan çadırlar, alaçıqlar, köşklər, çətirlər qurulmuşdu». Elin xeyri şərindən seçilməz. Hər ikisində oğuz elləri bir olar.
Anar burada Oğuz igidlərini «azmandır, iridir, doxsan dəridən kürk topuğuna çatmaz, doxsan dəridən papaq qulağın örtməz» kimi təqdim edir. Oğuzların «azmanlı»ğını Anar «Dədə Qorqud dünyası» elmi araşdırmasında daha ətraflı, əhatəli tədqiqini, təhlilini verib. Burada əsərin özündə bədii boyalarla oğuzların görkəminin təsviri yadıma «Maday Qara»nı salır.
Burada Dədə Qorqudun diliylə deyilən misralar birinci və ikinci boylarda olduğu kimi povestə gətirilir. Oğuz yurdunun, ellərinin keçmişinə, tarixinə bələd olan Dədə Qorqud onun igidlərinə, oğuz ellərinin başçılarına, bahadırlarına yaxın olmaqla, onların keçmişini, bu gününü yaxşı tanıyan, müdrik el ağsaqqalıdır. Burada da Dədə Qorqudu həmişə dastanların sonunda məclisə gətirirlər. Öyülən, təriflənən oğuz igidlərinin şərəfinə söz söyləmək, alqış eşitmək istəyən el Dədə Qorqud dilindəki alqışlarla öyülür. Anar burada bir qədər «ənənəni» pozur. O, əsərin əvvəlində Dədə Qorqudun əlinə sazı verir. Biz Dədə Qorqudu düzüb-qoşduğu boylarda keçmişləri öydüyünü, hər boyu bir qəhrəmana həsr etdiyini görmüşdük. Burada Dədə Qorqud daxili çəkişmələrin acı nəticələrindən sarsılmış halda oğuz ellərinin şanlı keçmişini həsrətlə xatırlayır. Çünki Dədə Qorqud həmişə deyirdi: «Qanı dediyim bəy ərənlər?» Və yaxud «İndi qanı dediyim bəy ərənlər?» Anarın əsərində belə demir. Oğuz elindən, onun keçmişindən, Bayandır xanın dövründən danışır. Oğuz ellərinin birliyindən, xeyirindən, toyundan, şənliyindən, dəm-dəstgahından danışır. Sazının ecazkar sədaları altında onun keçmişini ürəkdən tərənnüm edir.
Anar da Oğuz ellərinin «Dədə Qorqud» dastanqlarında öz əksini tapan adət-ənənələrini oxucusuna dastana layiq şəkildə çatdırmağa çalışır.:
«Oğuz elinin adəti vardı. Oğuz igidlərini, xatınlarını şənliyə, toya çağıranda Uca dağın başında bir tonqal qalanardı. Başqa dağlardan bu alovu görüb orda da tonqal qalayardılar, bütün el-oba bilərdi, geyinib, bəzənib şənliyə gələrdilər. İki tonqal qalayanda bilərdilər ki, elin başında qəza var, təhlükə var, düşmən basqını gözlənir, onda da igidlər yaraqlanıb, yasaqlanıb yığılardı».
Povestdə Xanlar xanı Bayandır xanın ildə bir dəfə şənlik edib oğuz igidlərini toplaması, onları öz varislərinə görə ağ, qara, qızıl çadırda oturtması, Qara çadırlara övladı olmayanların ötürülməsi və digər adət-ənənələr povestdə də Dədə Qorqudun diliylə real səpkilərlə verilir.
Dastanda on iki boydan hər birindən müəyyən bir hadisə, bir epizod, obraz dastana gətirilir və hadisələrin daxilində elə yerləşdirilir ki, povestin süjetinə qətiyyən xələl gəlmir, əksinə, hadisələrin real səpkidə dastan halından çıxıb realist bir əsərin mövzusuna çevrilməsinə, hadisələrin zənginliyinə xidmət edir. Məsələn, Selcan Xatun «Qazlıq qoca oğlu Qanturalının boyu»ndakı Selcan obrazıdır, Qanturalın onun arxasınca getməsi, oküzü, pələngi öldürməsi hadisələrini, «Qazan xanın oğlu Uruzun dustaq olduğu boy»dan, «Salur Qazanın evinin yağmalanması boy»undan və digər boylardan götürülmüş hadisələr əsərin bədii dəyərinin artırılmasına xidmət edir. Oğuz ellərinin firavan yaşayışı, igidlərə hörmət, böyüyə, kiçiyə məhəbbət, torpağa sədaqət, İmranın sərhədlərə qayğısı, bütün bunlar ayrı-ayrı boyların mövzusu kimi deyil, vahid bir oğuz elinin hadisələri kimi təsvir edilir. Burada oğuz tayfaları deyil, bir oğuz eli var. Anar bu oğuz ellərinin başına gələn müsibətləri, onların keçdiyi həyat yolunu bir az bizim tərəfə çəkmiş olur. Artıq burada 24 oğuz qəbiləsi görünmür, burda vahid türk eli var, oğuz övladlarıdır Burla xatun, Qazan xan nəslinin davamçısı Tural, Günel, Qaraca Çoban və Beyrəyin oğlu Azər. Oğuznamədir bu.
Zaman-zaman döyüşlərə, ölüm-itimlərə məruz qalan el-obalarımızın başı çəkən müsibətlər xatırlansa da əsərin sonluğunda bir nikbinlik var. Qardaş-qardaşa əl qaldıran bu daşlı qayalı düzlərdə Dədə Qorqud Qaraca Çobanın Beyrəyin on dörd yaşlı oğlu ilə torpağı daşdan kəsəkdən təmizləməsini görüb sevinir və «torpağı təmizləyirəm, istəyirəm şumlayaq, əkək, biçək, yeyək, dolanaq»- deyən Qaraca Çobana Dədə Qorqud:
«Çoban, sözün haqdır, -dedi, -yurdumuzun başına çox qəzalar gəldi, ərlərimiz, igidlərimiz çox qırıldı, amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, hələ olacayıq, qalacayıq»-deyir, ümidlə sabaha baxır.
Anar öz əsərində Beyrəyin nişanəsinə də ad qoymağı unutmur. Anar Dədə Qorqudun məclisin sonunda söylədiyi alqışlar, dualardan yararlanır, amma öz istəyinə uyğun olaraq. Adətən Dədə Qorqud ad qoyanda hər kəsə öz əməlinə, hünərinə görə ad qoyur, Beyrəyin oğluna ad qoyarkən oğuz ellərinin başına gələn müsibətləri, igidlərin səhvlərini bir növ yada salır və elə bil nəsihət verir : «Dədə bu oğlana ad qoyasınca varmıdır?»-deyə soruşan Qaraca Çobana Dədə Qorqud belə cavab verir: «Bəli, -dedi,-ad almağa layiqdir. Bu torpaqda çox ər qırıldı, az ər qaldı. Onun adını Azər qoyuram. Qoy az ərlər çox olsun, qoy Azərlər çoxalsın».
Anar burada incə, amma çox mübahisəli, təhlilini, tədqiqini bu gün də gözləyən Azərbaycan xalqının dədə-baba adının, məkanının adının düz, dürüst adının özünə qaytarılmasında alimlərin ortaq bir fikrə gəlməsinə duyulan ehtiyaca göz yuma bilmir. Neçə illərdir ki, Azərbaycan sözünün haradan gəldiyi haqqında elmi mübahisələr davam edir, hər bir alim o sözün kökünü, mənşəyini açmağa çalışıb, çalışır.
Dədə Qorqud öz nəsihətində Azərə torpağın yurd, vətən olması üçün şərtlərini sadalayır, bu torpağı əkib becərməyi, onu yağılardan qorumağı tapşırır və bildirir ki, «o torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz. O torprağı ki, əkib-becərmədin, onu qorumağa dəyməz».
Burada Dədə Qorqud dastanlarında olan alqış və qarğışlardan yararlanma da Anarın əsərinin bədii keyfiyyətlərini artırmışdır. Bu motiv də xalq ədəbiyyatından gəlmədir. İnsan ömrü xeyirlə-şər, yaxşıyla-pis, sevinclə qəm arasında keçir. İnsan isə təbii ki, həmişə xeyirli, sakit, firavan, xoş ömrün vurğunudur. Əlçatmaz arzulara qovuşmaq, şərdən, pislikdən uzaq olmaq üçün insan həmişə yaxşı arzularla köklənməyə çalışar. Harada xoşbəxtlik, sevinc, toy-büsat görər, onu bəyənər, onu arzulayar, onun üçün allahına dua edər, onu istəyər. İnsan həmişə yaxşını alqışlayar, pisi lənətləyər. Kökümüzdən, bineyi-əzəldən insan bu arzu-istəyi öz karvannıda daşıyır. Buna görə də özündən sonra qoyub getdiyi söz xəzinəsinin içində bolluq təşkil edir bu alqışlar. Bunlar ən böyük sənət abidələrimiz olan dastanlarda, xüsusilə «Kitabi-Dədə Qorqud» dastanlarında, xalqın danışıq vasitəsilə, digər kiçik janrların daxilində bu günümüzə qədər yaşayır və insan alqışlarsız yaşaya bilməz. Bunlar onların məişətinə, şənlik mərasimlərinə hopmuşdur. Hörmətli alim Azad Nəbiyev «alqış» sözünün mənasının aşağıdakı şəkildə izahını verir: «Təsəvvürlərdə xeyir və şər qütbləri yarandıqdan sonra insan xeyri bəyənmiş, onu alqışlamış, şəri isə pisləmişdir. Arzulamaq, bəyənmək mənasında başa düşülən «alqış»ın mənası alqışlama-xoş söz, qırmızı söz ilə bağlı olmuşdur. İnsanlar müşahidə etdiyi hadisələri qarşılaşdırma yolu ilə həqiqətlərə yiyələnmişlər. Hətta ziddiyyətləri qarşılaşdırma dərketmənin əsasını təşkil etmişdir. Xeyrin əksi şərdir. Xeyri alqışlayan insan onun əksi olan şəri pisləməklə qarğış yaratmışdır. Sözün tərkibindən göründüyü kimi hər iki ifadədə «qış»(ğış») saxlanmışdır.
«Dastan»dakı alqışlara nəzər salaq:
Qarlı qara dağların yıxılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Çaparkən ağ-boz atın büdrəməsün!
Çalışanda qara polat üz qılıcın gedilməsün! Və s.
«Kitabi-Dədə Qorqud» dastanlarındakı alqışlar kimi mənalı, gözəldir bu alqışlar da: «İşimiz avand, torpağımız bərəkətli olsun. Kölgəli ağacımız kəsilməsin! Çağlayıb axan sularımız qurumasın! Namərdə möhtac olmayaq! Ümidimiz üzülməsin! Qanadımız qırılmasın! Uca dağın ocaqları həmişə yanar dursun!»
Dastanda da belə alqışlarımız çoxdur və Anarın bu alqışları öz əsərinə daxil etməsi, oxucularının hafizəsinə həkk etmək istəyində bir məqsəd vardır ki, əsil vətəndaş, ziyalı, millətinin, xalqının, ulusunun, onun keçmişinin, bu gününün təəssübkeşi kimi Anar onu xalqına çatdırmaq istəyir ki, «Ağız ədəbiyyatının bu kiçik janrlarının hər birinin arxasında müəyyən tarixi və mifoloji, dini təsəvvür dayanır. Hər bir paremik vahidin açıqlanması isə erkən dövrlərdə yaşayan əcdadlarımızın estetik dəyərlərini, mənəvi-əxlaqi görüşlərini, sağlamlığını, gigiyenik əxlaqını öyrənməyə bizi yaxınlaşdırır» (Azad Nəbiyev)
Anar öz əsərində «Dədə Qorqud» kitabında öz bədii əksini tapan U1-U11 əsrlərin hadisə və əhvalatlarının, oradakı igidlik, mərdlik, vətənə, elə məhəbbət hisslərinin qədim köklərinə hörmətlə yanaşaraq hadisələri verir. Azərbaycanın-Oğuz ellərinin islamdan əvvəlki dövrlərini müəyyən qədər özündə əks etdirən hadisələrin xronologiyası burada gözlənilir. Anar əsərin ekranlaşdırılması məsələlərini də elə bil diqqətindən qaçırmadığından bir çox hadisələrin təsvirində dastandakı reallıqları gözləməklə, həm əsərinin dastana qırılmaz tellərlə bağlılığını qorumuş, həm də müəyyən qədər ona müasirlik verməklə oğuz-türk psixologiyasına hörmət prinsipindən hadisələri bir süjet daxilində düzüb-qoşmuşdur ki, bu da xalq ədəbiyyatına, Dədə Qorqud tarixinə, oradakı məsələlərə dərin hörmətin nəticəsi kimi qiymətləndirilməlidir.
Dastanda əfsanəvi obraz olan Təpəgöz povestdə real boyalarla verilir. O, bir quldur kimi təsvir edilir. Burada onu Basat deyil, Bəyburanın oğlu Beyrək öldürür. Əslində bu da bir priyomdur, oğuz igidlərinin cəsurluqda, igidlikdə bir-birindən geri qalmadığını, şücaətdə bir-birinə oxşadığını, onların hünərvər, cəsur, qorxmaz olduqlarını vermək üçün yazıçı əsərini reallıqlarla daha çox kökləmişdir.
Dastanın səkkizinci boyunda deyilir ki, «bir dəfə düşmən oğuza hücum edir. El köçür. Qarmaqarışıqlıqda Aruz qocanın körpəsi düşüb qalır. Uşağı aslan götürür və bəsləyir. Bir müddətdən sonra el yenidən öz yurduna qayıdır və bir ilxıçı qamışlıqda peyda olan bir «məxluq» haqqında camaata xəbər verir. Aruz bunun köç zamanı itirdiyi oğlu oğlu olduğunu deyir və onu evinə gətirir. Lakin uşaq tez-tez aslan yuvasına gedir və nəhayət, Dədə Qorqud ona insan övladı olduğunu nəsihət edir və onu igid kimi böyüməyə, at çapmağa çağırır və ona Basat adını qoyur. Dastanda şir südü əmən Basat öz gücü, qabiliyyəti ilə, yenilməzliyi ilə seçilir.
Oğuzların digər bir köçü zamanı isə oğuz elinin çobanlarından biri çeşmə başında gördüyü mələklərdən birini tutur, onunla yaxınlığından «oğuzların başına zaval» gətirən Təpəgöz doğulur.
O elə körpəlikdən oğuz elinə bəla olur. Bir dağda məskən salıb oğuz elinə tez–tez hücum edir. Onun öhdəsindən oğuz bəyləri gələ bilmir. Dədə Qorqudu onunla danışığa göndərirlər. O isə, yeməyə 60 adam, aşbaz tələb edir. Oğuzlar belə qərara gəlirlər ki, gündə ona iki adam və beş yüz qoyun versinlər və yeməyini bişirəcək aşbazla təmin etsinlər. Oğuzlar növbə ilə öz əzizlərini ona göndərməyə məcbur olurlar. Qoca bir qarının iki oğlundan birini ona verirlər. İkinciyə növbə çatanda ana yalvarır ki, onu tək qoymasınlar. Belə məsləhət bilinir ki, ana Basata müraciət etsin. Basat Təpəgözlə təkbətək döyüşə gedir, burada onun mağarasına girir və aşbazlar vasitəsilə öyrənir ki, onun canı tək gözündədir.
Basat şişi qızdırıb onun gözünü kor edir. Qəzəbindən kükrəyən Təpəgöz düşmənindən qisasını almaq üçün mağaranın ağzını kəsdirir, qoyunları əliylə yoxlayıb buraxır. Basat də tez bir qoyun kəsib dərisinə girib mağaradan çıxa bilir.
Təpəgöz öz sehrli qüvvələri ilə düşmənini məğlub etməyə çalışsa da xeyri olmur. Basat onu özünün sehrli qılıncı ilə öldürür və oğuz ellərini bu fəlakətdən qurtarır.
Anar isə öz əsərində Təpəgöz boyundan bir epizodu əsərinin məzmununa daxil edir və burda Bəyburanın oğlu Beyrək Təpəgözlə döyüşə gedir və bu döyüş zamanı Təpəgöz öldürülür. Amma burada Bəyburanın Təpəgözü məhv etməsi səhnəsində müəyyən qədər reallıqlar gözlənilir: «Təpəgöz qılıncını sıyırdı, oğlan da qılınc çəkdi, qılınclaşdılar, bir-birini ala bilmədilər. Süngülərlə vuruşdular, buğa kimi çarpışdılar, qurşaq tutub güləşdilər, süngülər sındı, torpaq ayrıldı, bir-birini alammadılar. Təpəgöz oxu yaya qoydu, nişan aldı, atdı oğlanın çiynindən yaraladı, alca qanın şorlatdı. Təpəgöz qılıncını qaldırıb oğlanın başını kəsmək istədi, oğlan qıvrılıb kənara sıçradı, kəməndini iri bir ağacın budağına keçirdi, ipdən yapışıb özünü yellədi, çayın o biri tərəfinə tullandı. Təpəgöz başıın çevirib tək gözüylə ona baxmaq istəyəndə oğlan ipi yelləyib təzədən o biri yana atıldı. Oğlan kəmənddən yapışıb o taya, bu taya atılırdı. Təpəgöz isə tək gözüylə onu izləyə bilmirdi. Oğlan bu dəfə lap hündürə tullandı, havadaykən nişan alıb oxla Təpəgözü düz gözündən vurdu. Təpəgöz gözündən yapışıb fəryad qopardı:
Aman gözüm, vay gözüm!
Yalqız gözüm, ay gözüm!».
Deməli, burada Beyrək öz fəndi, bacarığı ilə Təpəgözü kor eləyir.
Kor olmuş Təpəgözün mağarasından tacirlərin malını çıxarmaq istəyən Beyrək buradan qoyun dərisinə girərək qurtulmur. «daş rəflərə düzülmüş insan kəllələrindən birini götürüb Təpəgözün əlinə» toxundurur, o da bunu oğlanın kəlləsi bilib «bərk-bərk» yapışır və «oğlan sivişib mağaranın ağzından» çıxır. Təpəgöz hirsindən «mağaranın nəhəng sütunlarının birindən yapışıb silkələdi. Mağarının divarları titrəməyə başladı. Oğlan, tacirlər, karvan artıq dərənin dibində idilər. Birdən sanki dəhşətli bir zələzələ qopdu. Təpəgöz silkələyib mağarasını öz başına uçurtmuşdu. Gurultulu bir yarğan qopdu, dağın yarısı uçub dağıldı. Təpəgöz daşın-torpağın altında qaldı, həlak oldu».
Burada sənətkar təxəyyülü öz işini görür. Dastanda səfərdən qayıdan tacirlərə, onların karvanlarına, türk ellərinə qənim kəsilən Təpəgöz qarşısına dastan yaradıcıları uşaqlıqda köç zamanı itən, şir südü ilə bəslənən Basatı çıxarır. Anar isə həqiqətlərə söykənərək Təpəgözün qarşısına onun kimiləri məhv edəcək azman oğuzların gücünü-qüvvəsini, cəsarətini qoyur. Əsərdə dastandan fərqli olaraq mifik düşüncələrdən çox real dlüşüncələr əsasdır. Anarın yaratdığı Təpəgöz obrazı adi insan övladıdır, burda qeyri-real qüvvələr iştirak etmir. Bununla belə əsərin zəngin, bədii cəhətdən qüvvətli məzmunu oxucu zövqünü oxşayandır. Azman Təpəgözün qarşısına çıxan da elə «azman» oğuzlardır və gücdə, təpərdə ondan geri qalmırlar. Oğuzların görünüşü, azmanlığı barədə qarşıda Anarın fikirlərinə də münasibtimizi bildirəcəyik.
Povestdə dastanda gözlənilən bir çox tarixi məqamlar da var. Bayandır xan, Qazan xan, Dədə Qorqud.
Dədə Qorqudun tarixi şəxsiyyət olması haqqında tədqiqatçıların fikirlərindən xəbərdarıq. V. V. Bartold onun tarixi şəxsiyyət olduğunu bildirmişdi. Bartold 1636-cı ildə səyahətçi Oliarinin Dərbənd yaxınlığında qəbrini gördüyünü, onun «Qassan padşah üçün cəng mahnıları» oxuyan bir şəxs olduğu haqqında da deyilənləri əsas götürərək onun tarixi şəxsiyyət olduğunu söyləmişdir.
Elməddin Əlibəyzadə yazır ki, «Dədə Qorqud kitabı»nda deyilir ki, onun müəllifi hamının sevimlisi, bütünlükdə –«Oğuzun bilicisi», başbiləni, ilhamlı söz, sənət kahini idi. U1 əsrin sonları və U11 əsrin əvvəllərində artıq Oğuzun «məşhuru» olmuşdu, yəni ədəbi şəxsiyyət kimi onun şöhrəti «Boyat» boyu çərçivəsindən çıxıb Oğuz ellərinə yayılmışdı. Təsadüfi deyil ki, İslamın banisi Məhəmməd məhz böyük nüfuz sahibi olan Dədə Qorqudu Oğuz şeyxi təyin etmişdi».
E. Əlibəyzadə İbn Əsəm əl Kufinin yazdıqları tarixi həqiqətlərə, bir sıra mənbələrə əsaslanaraq onun Məhəmməd Peyğəmbərin müasiri, oğuz elinin başbiləni olduğu kimi «mühüm xarici işlərinin də icraçısı vəzifəsini» daşıdığında, onun əfsanəvi deyil, tarixi şəxsiyyət olduğunda israrlıdır.
Anar bu reallıqlara əsaslanaraq hadisələri real səpkidə təsvir edir. Onun Dədə Qorqudu dürlü-dürlü xəbərlər verən deyil, onun sehri, gücü əlindəki sazın səsindədəir. O, Anarın əsərində el ağsaqqalıdır. Anar Dədə Qorqudun real bir obraz olduğunu yaratdığı əsərdə qorumağa çalışmışdır. Bu reallıqları doğma xalqıyla bağlı şəkildə daha çox gözləyir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah