Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ANARIN «DƏDƏ-QORQUD» SSENARİSİ

Anar «Kitabi-Dədə Qorqud» dastanları əsasında «Dədə Qorqud» povestini yazdı. Sonra da bu böyük sənət abidəsini ekrana gətirdi. «Dədə Qorqud» filminin ssenarisini yazdı. Kino sənəti tarixində də Dədə Qorqud dastanları öz yerini tutdu.
Əslində dünyada yaşayan türklər, türk-oğuz elləri üçün də Anarın «Dədə Qorqud» əsəri yeni idi, Doğrudur, formaca yeni idi, Anarın böyük xidməti onu üzə çıxarması, onun yarandığı dövrün dilinin imkanlarını bu günümüz üçün genişləndirib bizə çatdırmasıydı. Anarın əsərində Oğuz türklərinin milli duyğuları, saflığı, mərdliyi, ləyaqəti daha ön plana çəkilmişdi. Burada ortaq türk dünyasının mənəvi dəyərləri əsas götürülür. Onun əsəri Türk xalqları, xüsusilə oğuz türkləri üçün harada, hansı məkanda yaşamasından asılı olmayaraq türk təfəkkürünün dünyaya meydan oxuya biləcək qədər zəngin dayaqlara söykəndiyini üzə çıxarmaq üçün əvəzsiz sənət əsəridir. Oğuz saflığı, düzlüyü, dürüstülüyü burada əsasdır. Qəlbi saf türk övladının keşməkeşli taleyi də burada elə o düzlüyün, saflığın içində elə öz əksini tapır ki, bu şəkildə deyim də Dədə Qorqud dünyasının bir cür bəzəyidir. Bu cür də qiymətlidir, könül oxşayandır, qəlb sevindirəndir. Bu mövzuda filmin yaradılması, sərhədləri aşması bütün türk ziyalıları üçün sevindirici idi. Ona görə də Əhməd Kabaklı deyirdi ki, « 21 iyun televiziyada «Dədə Qorqud»u Azərbaycanda yaradılmış film kimi seyr etdik. Hər şeydən öncə bu filmi yaradan qardaşlarımıza təşəkkürüm var. Nədən? Ən azı bizim görəcəyimiz işi gördükləri üçün və bizə "Dədə Qorqud" kimi bir dastanımızın var olduğunu xatırlatmaları üçün. Soyumuzun fəzilətlərini, igidliklərini, məraisimlərini, allaha və dövlətə hörmətlərini, yalana nifrətlərini, cihadlarını, təmiz eşqlərini bir müqəddəs əfsanə atmosferi içində bizə anlatdırdıqları üçün».
Anar türk əsil-nəcabətinin mənəvi siması olan Dədə Qorqud mövzusunda bu əsəri yazdı, onun kinoya çəkilməsində yorulmadan çalışdı, onda əldə etdiyi müvəffəqiyyətlərin, bu əsərin qazandığı uğurların bütün türk dünyası üçün belə bir heyrət doğuracağından bəlkə də xəbərsiz idi. Bu, təkcə Azərbaycan xalqını deyil, bütün türk aləmini titrətdi. Türk ziyalıları cavan bir azəri sənətçisinin təkbaşına xidmətlərini yüksək qiymətləndirirdilər.
Anarın «Dədə Qorqud» filminin kino sənəti tarixində ən dəyərli bir əsər kimi qiymətləndirilməsi, bu əsərdə milli-mənəvi dəyərlər, böyük əxlaqi dəyərlərin yaşadılması dünyanın bir çox böyük şəxsiyyətlərinin diqqətindən yayaınmırdı. Keçən əsrin 80-ci illərində Erkün Gözə bu filmi «Spartak» filmi ilə müqayisə edir və «Dədə Qorqud» filminin əxlaqi dəyərlərinin, qəhrəmanlıq keyfiyyətlərinin ondan da üstün olduğunu söyləyir: «Neçə il qabaq İstanbul sinemalarında bir film göstərilmiş, böyük marağa səbəb olmuşdur: «Spartak» filmi. Televizyonda Azərbaycanda çəkilmiş «Dədə Qorqud»a baxdığımda eyni səhnə, daha böyük əxlaqi dəyərlər, hüdudsuz bir fədakarlıq gördüm.
Azərbaycanda çəkilmiş bu filmi seyr edərkən bunu düşündüm: mən ki Dədə Qorqudu neçə dəfə oxuyub, ondan neçə dəfə bəhs etmişəm, mən belə min il öncə yazılmış bu kitabda oxuduğum bu səhnələri «Spartak» qədər dəyərləndirə bilməmişəm. Deməmişəm ki, «bunu mənim Dədəm Qorquddan almışlar. Bəli, «Dədə Qorqud» filmi göstərdi ki, bizim nağıl dediyimiz və ya elə deməyə məcbur edildiyimiz «Dədə Qorqud»da 16 dövlət qurmuş bir millətin mənəvi zənginliklərinin hamısı var. Elə əxlaqi bir mühtəva var ki, insanlığın hamısına yetər və artıq da qalar. Haramzada olmayan türk milləti əslini heç zaman inkar etməz və bir gün görərik ki, Azərbaycanla Türkiyənin babası eyniymiş: Dədəm Qorqudumuz…».
Milli mədəni-mənəvi dəyərlərimizlə bağlı sənət əsərlərinin ekranlara çıxarılması, xalqımızın qəhrəmanlıq dolu keçmişiylə xalıqımızın yeni nəsillərinin tanış edilməsi, keçmişinə, ulusuna, əcdadına hörmət prinsipləri əsasında yaranan əsərlərin qədim köklərə söykənməsi, hər bir yazıçı, şair və digər sənət adamlarının əsərlərindəki yurda, torpağa bağlılılq hisslərini təsvir və tərənnümü bunu deməyə əsas verir ki, zaman-zman incəsənətimiz nəcib, yüksək əxlaqi keyfiyəytlərə malik şəxsiyyətlərin qələmində özümüzə qaytarılmışdır. Bunlara təkrar demək olmaz. Bu, millətin, xalqın keçmişinə hörmət və müqəddəs borcunun nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan kinosu sosialiszmin müvəffəqiyyətlərindən bəhs edən, rus tarixini, onun keçmişini özündə əks etdirən filmlər nümayiş etdirməklə yanaşı, bizim tarixi filmlərimizi «Nəsimi»ni, «Babək»i də yaratdı, ortalığa çıxardı. Bəlkə da uzun zamanlar Anarın «Dədə Qorqud» filmi olmasaydı ədəbiyyatçılardan, bir ovuc mütaliəcilərdən başqa xalq kütlələrinin böyük bir hissəsi, bəlkə də bu günkü kimi hamısı bu böyük sənət abidəsindən xəbərsiz qala bilərdi.
Anarın ən böyük xidmətlərindən biri onun bir növ türk dünyasına mənsub olan, böyük oğuz ellərinin tarixi anlarını özündə yaşadan, bu gün dastan şəklində ədəbiyyatımızın qızıl fonduna daxil olan «Dədə Qorqud» boylarını-12 boyu bir boyun içərisində birləşdirib vahid türk milləti, xalqı missiyasına xidmət etməsidir. Türk dünyasının birliyi, bütövlüyü məsələsi, ayrı-seçkiliyə yol verilməməsi burada da görünür. Necə ki, bir zamanlar türk xalqlarının vahid bir «Kitabiyyatı» yaranmışdı. Oğuz qəhərəmanlıq naməsi kimi «Kitabi-Dədəm Qorqud ala lisani taifeyi oğuzan» əsrlərin dərinliklərində itib batmamış, bu günümüzə qədər gəlib çatmış, türk dünyasına məlum olan oğuz eposunun yeganə yazılı abidəsi kimi Anarın «Dədə Qorqud» kinopovesti də, filmi də qiymətli bir oğuznamə kimi dəyərlidir.
«Kitabi –Dədə Qorqud» dastanları yüksək bədiiliklə qələmə alınmış bir sənət abidəsi kimi dünya tədqiqatçılarının diqqətini özünə cəlb etmişdir. Dits, V. V. Bartold X1X əsrin İran epos mütəxəssisi «İran eposu» əsərinin müəllifi alman şərqşünası Teodor Nöldeke, K. A. İnostrantsev, A. N. Samoyloviç, A. A. Meyer, Kilisli Rifət, M. Cevdət, Fuad Köprülü, Əbdülqadir İnan, Zəki Vəlidi Toğan, Orxan Şaiq Gökyay, H. Araslı, Ə. Sultanlı, M. H. Təhmasib, Mühərrəm Erkin, İtaliya şərqşünası Ettore Rossi bu böyük oğuz abidəsinin tədqiqi, tərcüməsi, nəşri sahəsində böyük işlər görmüşlər. Anar onların hamısından məlumatlı olmuşdur. Görünür, əsəri yazmazdan əvvəl onun haqqında geniş, hərtərəfli biliklərə yiyələnmişdir.
Anar Həmid Araslının dediyi kimi «Dədə Qorqud abidəsində irəli sürülən əsas ideyanı düzgün dərk etmiş, Dədə Qorqud adı ilə bağlı tədqiqatlara yaxından bələd olmuş bir yazıçı olduğundan öz ssenarisində bu çətin vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələ bilmişdir».
Anarın yaratdığı Dədə Qorqud obrazı kökünə bağlıdır və Anar onunla bağlı bütün məlumatları obrazı yaradarkən nəzərə almışdır. Adi ozan olmayan, onun yaradıcılarından, bilicilərindən olan Dədə Qorqud «sənətkar mənasında dədə olmaqdan başqa həm başbilən, sahir, təbib, övliya, imam, Məhəmməd peyğəmbərin yaxın dostu, ondan dərs alan və üç yüz il ondan sonraya qədər yaşayan səhabə, şirvanlıların təqdis etdikləri sultan, həm də Məhəmməd tərəfindən Dəmirqapı Dərbəndə göndərilmiş Səlmani-farsinin təyin etdiyi Şeyx və sairədir»(M. H. Təhmasib).
Anarın Dədə Qorqudunun ölümdən qaçması ilə bağlı rəvayətlərdən bacarıqla istifadə etməsi kino povestin bədii cəhətdən dəyərli çıxmasına imkan vermişdir. Burda ölümdən qorxmaqdan çox ölümə qarşı çıxma var. Onda yaşatmaq, yaşamaq hissi güclüdür, həyat eşqi güclüdür. Burada qədim türk dünyasının epos düşüncələri saxlanılır.
Türk xalqları arasında yayılmış bəzi əfsanələrdə Dədə Qorqudun ölümdən qaçması mövzusunda müxtəlif variantlar var. Deyilənə görə, Dədə Qorqud ölümdən qaçıb su üzərindəki xalçanın üzərində oturub bir həftə gecə-gündüz qopuzunu çalıb oxumuş, gözünü belə yummamışdır. Yuxusuzluğa tab gətirməyən ozan yatan kimi ölüm onu haqlayır. Burada ölüm ilan şəklində təsvir edilir və o, sazın və sözün susmasından istifadə edib xalçanın üzərinə çıxır və ozanın canını alır.
Başqa bir əfsanəyə görə, Dədə Qorqud yuxuda bir neçə qəbir qazan görür: «- Bu qəbri kimin üçün qazırsınız?-deyə verdiyi suala –Dədə Qorqud üçün qazırıq-deyə cavab alır. Dədə ölümdən qorxaraq gecə yerini dəyişir, dünyanın o biri ucuna qaçır. Lakin həmin yuxunu orada da görür. Belə-belə Dədə dünyanın dörd ucqarına qaçırsa da, hər birində eyni yuxunu görüb suyun üzündə yaşamaq qərarına gəlir. 100 il orada yaşayır. Nəhayət, yorğun qocanı yuxu tutur. Ölüm ilan cildinə girib üzür. Yorğanın üstünə çıxıb onu çalır, öldürür». (M. Təhmasib. səh.34)
Anarın əsərində bir-birini qanına qaltan eyləyən oğuz igidlərinin törətdiyi faciəni görən Dədə Qorqud fəryad edir, oğuz igidlərinə üz tutur «bu qanlı qardaş qırğınını saxlamağa» çalışır, gözləri qızmış igidlər onu eşitmir, günahsız tökülən qanlar yerdə qalmır, ölən də, öldürən də daşa dönür, «bu daş heykəllərin arasından ağır-ağır, dərdli-dərdli bir qoca» gedir ki, bu Dədə Qorquddur. Köksünü ötürən, «acı-acı» ağlayan, «yanıq ciyərini» dağlayan Dədə gördüyü mənzərədən dəhşətə gəlib «ayğırının cilovunu» çəkib yola düşür, «dağ» aşır və bir meşənin kənarında «gor» qazan gənci görür, bu gorun özü üçün qazıldığını bilən, ətrafında «ağac başında civildəşən quşların» daş kimi «budaqlardlan yerə tökül»məsinə, yaşıl yarpaqların saralıb solmasına dözmür, həyat axtarır, qaçır buradan, «qışı-yazı buzu əriməyən Qazlıq dağını» aşır, hər yerdə həyat və ölümlə rastlaşır, dünyanın sanki elə rəvayətlərdə olduğu kimi dörd qütbünü gəzir və hər yerdə də görür ki, «dövran əcəl dövranı, meydan əzrayıl» meydanıdı.
Son ucu ölümlü dünyada bir-birinin qanını tökən, özü öz əliylə baharını xəzana çevirən insan övladının əməllərindən dərdlənən ozan, haqq aşığı, qopuzunu əlinə götürür, gözünün önünə elini –obasını, onun toylu-düyünly günlərini və bir də döyüşlərini, daşa dönmüş heykəllərini gətirir, axırı ölüm olan bu dünyada insanı insan kimi yaşamağa, yaratmağa səsləyən qopuzunu çalır, bu fani dünyanın kimsəyə qalmadığını bəyan edir, igidlər, comərdlər dünyasını vəsf edir. Olub keçənləri xatırlayır. Qopuzun sədalarından ölüm də çəkilib gedir.
Anar burada folklorda olduğu kimi saza bağlı mifik görüşləri qoruyub saxlayır. Çalmaq, oxumaq, söz demək məharəti «vergi olduğuna etiqad» burada da yaşadılır.
Anarın əsərə gətirdiyi bir sıra keyfiyyətlər gözdən qaçılmazdır. Bildiyimiz kimi, boyların bir çoxunda övladı olmayan oğuz bəylərinin məclislərdə müxtəlif rəngli çadırlarda oturması, onların övladı olmaları üçün nəzir-niyaz vermələri, evlərini yağmalatlmaları, düşmən qüvvələrlə dəfələrlə uz-üzə durmalı olmaları, Aruzun onlara qarşı qəlbində saxladığı kin-küdurət və s. kimi məsələlər müxtəlif boylarda təkrar olunur. Anar bu boylardakı motivləri birləşdirir, təkrarçılığa əsərində yol vermir. Oğuz igidlərinin mərdliyini, şücaətini, ana-ataya məhəbbətini, namus, qeyrət məsələlərini bir süjetin içində verir. Və elə edlir ki, bu Dədə Qorqud dastanlarının bədii keyfiyyətinə xələl də gətirmir. Deməli, 24 oğuz elində eyni adət-ənənələr, eyni əməllər, eyni təfəkkür, düşüncə hökm sürür. Böyüyünə hörmət, torpağını yağıdan qorumaq, namus, şərəf və ləyaqətin toxunulmazlığı, ölümə, zülmə, əsarətə boyun əyməmək, ana məhəbbəti, övlad sevgisi, sözə, əhdə sədaqət… Anar dastanda qoyulan bu məsələləri əsərində də gözləyir. Ümumoğuz mənəviyyatını bir əsər daxilində ümumiləşdirir.
Anarın boyların hər birinin motivlərindən yaradıcı şəkildə istifadə etmə bacarığıdır ki, əsərdən ümumilikdə «Dədə Qorqud» dastanlarının ruhu duyulur və deyərdim ki, qarşımızda elə bil o dövrün oğuz tayfalarından biri durur. Birinci boyda Dirsə xanın oğlunun başına gətirilən müsibətlər Salur Qazanın oğlu Uruzun-Turalın da başına gələ bilərdi. Dastanda Dirsə xanın arvadı Buğacın anası oğlunu çöldə yaralı vəziyyətdə tapırsa, burada Qazanın arvadı Burla Xatun oğlu Turalı yaralı vəziyyətdə tapır. Anar bir qədər reallığa gedlir. Burda anaya müqəddəs bir qüvvə-yarımmifik Xızır deyil, dili yüyrək, ağzı dualı dünya görmüş Dədə Qorqud ana südü ilə Dağ çiçəyinin Turalın yarasına məlhəm olduğunu bildirir. Və Tural sağalır. Burada bir motiv əsasdır. Dirsə xan da oğlunu onu gözü götürməyən dostların bohtanına uyub ov zamanı yaralayıb çöldə qoyub gəlir. Burda da Anar həmin doğmaların səhvini- bağışlanmaz səhvini özündə əks etdirən motivi əsas götürür. Aruz öz ambisiyalarını həyata keçirməkdə maraqlıdır. Bayandır xanın onu Xanlar xanı seçməməsindən narazı olduğu üçün, özü taxt-taca sahib olmaq istədiyindən öz eqoist hisslərinə oğuzun Beyrək kimi igidlərini güdaza verir. Onu da öz qohumu Dirsə xan düşüncəli Aruz və onun ətrafına topladığı öz qohumları ağır yaralayır. Burada qardaşın qardaşa, doğmalarının bir-birinə qarşı bəslədiyi kin, ədavət hissi nifrətlə qarşılanır. Burada türk-oğuz birliyi ideyası əsasdır. Birlik olan yerdə düşmən heç vaxt oğuz tayfalarına basqın edə bilmirdi. Oğuzun ən məşhur igidləri də elə Aruz kimi eqoist insanların hazırladığı plan əsasında dustaq olur, Salur Qazanın evi də belə yağmalanır, arvadı, anası, eli, elatı əsir göturülür. Yenə də türk oğullarının birliyi sayəsində qələbə qazaınlır. Çobanından tutmuş bəyinə qədər hər bir türk oğuz vətəni üçün birləşib düşmən üzərində qələbəni təmin edir.
Zaman-zaman türkün türkdən incikliyi türkün qanı bahasına başa gəlmişdir. Anar sanki bütün türk dünyasını hələ 70-ci illərdə dilini, mədəniyyətini, tarixini itirməmək üçün birliyə səsləyirdisə, bu gün də bu məsələ o qədər aktualdır. Bu gün türk dünyasının bir çox qövmləri artıq milli müstəqillik qazanmış olsa da, türk, türkmən, oğuz və adını çəkmədiyim türk ellərinin birliyinə nail olmuruq. Bu da Qarabağ, Mesxet, Krım, Kipr talelərini türk dünyasına yaşamağa məcbur edir. Bunun yeganə həllini isə düşünən türk ziyalısı türk dünyasının birliyində görür. Anar ortalığa atdığı bu problemlərin kök üstündə həllini istəyir. Neçə-neçə əsrlərin içində itib batmayıb əlimizə çatmış bu əsərdəki birliyin, vəhdətin, eləcə də daxili çəkişmələrin, didişmələrin türk dünyasına nələr vermiş olduğunu unutmaq bu gün türkün parçalanmasının əsas tələbidir. Anar elə bil on üçüncü boyu yazıb. Anarın bu əsəri, ona yazdığı ssenari cılız insani-iblisani keyfiyyətlərin türk dünyasının başına sonrakı dövrlərdə nə kimi bəlalar açdığını göstərmək üçün işlənilmiş bir əsərdir.
Salur Qazanın oğlunun Uruz deyil Tural adlandırılması da əsərin bədii keyfiyyətini artırmış olur. Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Tural, Günel adları olmasın. Bu da xalqın düşüncəsində, duyumunda, özünə qayıdış missiyasında təkanverici faktlardır. Anar sanki təkcə azəri türklərinin deyil, qırğız, qazax, başqırd, qaraqalpak və digər türk xalqları arasında Dədə Qorqudla bağıl yayılmış əfsanə və rəvayələri bir anatürk kontekstində verir və hadisələrin təsvirində reallıqlar, tarixi aspektlər gözlənilir, yazıçı təfəkkürünün geniş imkanları gözdən qaçmır.
Anar türk oğlunda Beyrək qəlbi, əqidəsi, dəyanəti görmək istəyir. Türk ellərinin birliyini istəyir. Bu istəkdir ki, o, əsərində Aruz kimilərin fikirlərinə qarşı Beyrək kimi oğulların sədaqətini, vəfasını qoyur:
-And içirəm ki, mən heç vaxt Qazana düşmən olmaram. Mən Qazanın nemətindən çox yemişəm, bilməsəm gözümü tutsun. Qazılıq atını çox minmişəm, bilməsəm mənə tabut olsun. Yaxşı qaftanlarını çox geymişəm, bilməzsəm kəfənim olsun. Qazanın evini evim, ocağını ocağım bilmişəm, ağlayanda ağlamışam, güləndə gülmüşəm. Mən Qazandan dönmərəm, bunu bilin».
Anar Dədə Qorqud mövzusunu yaradıcı şəkildə yenidən ədəbiyyata gətirməklə, realist bir əsərin mövzusuna çevirməklə, nəinki təkcə türk ziyalılarının, eyni zamanda Azərbaycan ziyalılarının, ədəbiyyatşünaslarının, eləcə də şair və yazıçılarının da diqqətini cəlb edir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah