Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

DÜNYAYA AÇILAN QAPILAR

XX əsrin son onillikləri Azərbaycanda hər bir sahədə olduğu kimi ədəbiyyat sahəsində də gərgin, ziddiyyətli onilliklərdir. 60- cılar kimi 70-80-ci illərdə Azərbaycan ədəbiyyatına gələn yaradıcı qüvvələr də bu illərin qatı burulğanında yazıb yaratmış, ədəbi prosesdə öz dəsti-xətlərini qoymuşlar. Onların yaradıcılığında bu dövrün ən ağır, ən çətin, eyni zamanda ən şərəfli illəri əksini tapıb.
Azərbaycan ədəbiyyatında 60-lar kimi, 70-80-cilər də öz istedadına, yaradıcılıq imkanlarına məxsus nasirləri, şairləri, tənqidçiləri, ədəbiyyatşünasları özündə birləşdirir. Çox maraqlıdır ki, bu dövrün yaradıcıları 60-cılarla 90-cılar arasında gedən gərgin mübarizələri sanki görmürlər və görürlərsə də nədənsə susurlar.
Belə qənaətə gəlmişəm ki, 70-80-cilər bir zamanlar yaradıcılıqlarının çiçəkləndiyi bir dövrdə Qərbi Azərbaycanda gedən prosesləri, Sumqayıt hadisələrini, milli azadlıq uğrunda gedən mübarizələri, İyirmi yanvar faciəsini, Qarabağ dərdlərini, Kəlbəcər, Şuşa, Şuşa, Zəngilan, Qubadlı, Ağdam, Cəbrayıl ağrılarını yaşamış, Azərbaycanın tam, müstəqil bir dövlət kimi bu gün mövcud olması üçün keçdiyi kəşməkeşli, lakin şərəfli yolu öz gözləri ilə görmüş, aylarla Azadlıq meydanlarında xalqla birgə olmuşlar və çətin və sıxıntılı günlər onların qələmə aldığı həyat həqiqətlərinin çoxunun bu və ya digər məlum səbəblər üzündən tez işıq üzü görməsinə imkan verməmişdir. Buna görə də bu gün onların yaradıcılığında Avropa və dünya ədəbiyyatına sağlam münasibət olsa da, modernist, postmodernist ideyalara dərindən yiyələnməmiş onları «kürüyüb» Azərbaycan ədəbiyyatına gətirmək və bununla ədəbiyyat aləmində «yer tutmaq» istəyi yoxdur. Onların modernist, postmodernist baxışları sənətinin içindədir, dillərində deyil, danışmaqdansa gözəl sənət əsərləri yaratmağı daha üstün tuturlar. Yaratdıqdarı əsərlərdə dünya ədəbiyyatına ölməz sənətkarlar bəxş etmiş Azərbaycan ədəbiyyatını dovğa qazanına çevirib oxucu kütləsinə çaşdırmaq, kürsü, vəzifə tutmaq istəklərindən çox gördükləri həyat həqiqətlərini bədiiləşdirib xalqa çatdırmaq istəkləri, maraqları, xalq mənafeyini üstün tutmaq ideyaları daha çoxdur.
70-80-cilər nəslindəndir Maarif Soltan. Onun qələmə aldığı mövzular iri həcmli deyil. Bəzən adama elə gəlir ki, bir nəfəsə yazıb bir şeiri. Amma oxucu yüz dəfə oxuyur, hər dəfə nəsə görür, səbrlə bir də qayıdır bu misralardakı mənaları tutmağa…
Ətirli güllərə dair,
Bitməyən sevincə,
ümidsiz kədərə,
solmayan güllərə dair,
sönməyən oda dair,
əbədiyyətə dair,
aclığa dair,
bir şeir böyüyr ürəyimdə.
Böyüyür, böyüyür…
Böyüyür, ancaq…
Heç vaxt yazılmayıb, yazılmayacaq.
Bu misralar onun «Dünyama açılan qapı» kitabındandır.
Bu qəlbin özünəməxsus istəkləri var. Bu istəklərdə dünyanın sirrinə vaqif olma, sabahını anım, bu günü ilə sabahı arasına sədd çəkilmiş qapının o özündə gizlədib saxladığı mıqamlara can atmaq var. Hansı ki, o məqamlarda insanın işıqlı, gözəl xoşbəxt həyat arzusu ilə yanaşı, qəm-qüssəsindən, ağrı-acısından qorxu da var. Ona görə elə ilkin misralarında üzünə örtülən “qapı”nın açılmasını, “bir işıqlı günə”, “bir xoşbəxt sabaha” dikilən ümidlərinin həyata keçməsinə sonsuz istək, arzu yaşayır. Sıxıcı həyatın çətinliklərindən bezən insan qəlbinin yaxşı yönümdə yaşamaq ehtirası var bu misralarda:
Üzümə örtülən qapı,
Haçandı döyürəm səni.
Vururam, təpikləyirəm,
Çırpıram, söyürəm səni.
Misralarda duyulur bu istək, bu arzu. Bu arzu, istək üçün mübarizə də var bu misraların canında. Həyatın enişli-yoxuşlu yollarında istəyinə can atan, əli çatmayanda qəzəbindən kükrəyən, daşan, insan gücündən, qüdrətindən asılı olmayan Tanrı yazısına, tale-qismətə bəzən boyun əymək istəməyən, elə bil bu alın yazısından incik, narazı insan qəlbinin səsidir bu misralar:
Üzümə örtülən qapı,
Halımı görən ağladı.
Kimdədi sənin açarın,
Səni kim belə bağladı?
İnsan həyatın acısından, şirinindən ayrı deyil. Üzünə qapısı bağlı düyanın «ağrı-acı”sı» ondan keçir, sevinci ondan uzaq düşür.
Lirik qəhrəman bu «qapının» o üzündəki gələcək reallıqlara can atır. Bu üzü «qəm dənizi”» olan dünyanın zülmündən cana gələn, əl-qolunu “həsrət” bağlayan» insan var, ömrü var, ağrı-acısı var, çətinlikləri var. Amma lirik qəhrəman o yarımçıq qala biləcək, ömrü yarı yolda kəsilə biləcək insanın bütün varlığıyla can atdığı “səadət payı”na» diqqəti daha çox cəlb edir.
Üzümə örtülən qapı,
Səndən o tərəfdə, səndən o üzdə
Bəlkə məzarımı qazıblar elə,
Bəlkə başdaşımı yazıblar elə?
Burax məni məzarımın yanına!
Oturum böyründə o boş qəbrimin
Atadan, anadan, bacıdan əvvəl
Ağlayım özümü elə bu başdan.
Üzümə örtülən qapı,
Bəlkə elə durub məni gözləyir
Səndən o tərəfdə səadət payım.
Bax o «səadət payının» içində şəxsi istəklə yanaşı, milli mənafe də əsas götürülür. İkiyə bölünmüş bir xalqın, millətin faciəsi ürəyində yaşayan qəlbin sədaları üzə çıxır. O “qapı” iki milləti bir-birindən ayıran dəmir məftillərə də bənzəyir. Təbriz dərdi var o misralarda. Əlli milyonluq Azərbaycan xalqının otuz beş milyona qədəri Arazın o tayında qalıb, fars şovinist əzabları altında əzilir, döyülür, dili, mədəniyyəti təhqir olunur. Hələ də bu əsarətə, buxova boyun əyməyib mübarizə aparan, zindanlarda çürüdülən, dar ağaclarından asılanlar var və amalı Vahid Azərbaycandır, bu qələbəyə çatmaq arzusu, bu diləyə yetmək istəyidir.
Burax məni, burax məni o üzə,
Bir aylı gecəyə,
Nurlu gündüzə,
Lalə dolu, ilxı dolu bir düzə!
Bəlkə o üzündə rüşvət, xəyanət,
Oğurluq, paxıllıq yoxdu kim bilir.
Bəlkə o tərəfin təmizdi elə,
Bəlkə o tərəfin Təbrizdi elə?!
Üzümə örtülən qapı,
Açıl daha, açıl daha!
Açıl bir işıqlı günə,
Açıl bir xöşbəxt sabaha!
Bu millətin, xalqın keçmişi, ululuğu üçün də narahatdır vətəndaş şair. Lay-layı susmuş, « bu torpaq kaha ağızlarıyla, qobustan diliylə, Azıx diliylə, Gəmiqaya diliylə çəpər-çəpər bölünüb». Ayrılıqların «at çapdığı», «həsrətlərin qanad çaldığı» bu torpağın «daş səbri» «damsız» qalan «divarları», «başsız» qalan bədənləri, susub dərdi içində göyərtməsi sarsıdır onu. Elə sarsıdır ki, onu «lay-lay gedən bu torpaq»a «pay-pay gedən bu torpağa», kaha ağızlarıyla «lay-lay susan bu torpağ»a layla deməyi gəlir. Bu layladan daha çox ağıya bənzəyir.
Laylay, laylay, a layla…
Əsr-əsr susubdu,
Susub milyon iliylə.
Susub min-min diliylə,
Susub mənim dilimlə,
Susub sənin dilinlə,
Susub onun diliylə.
Daha kimin diliylə?!
Daha kimin diliylə?!
Bu ağı «lay-lay» mübarizəyə çağırışdır. Yüz illərlə susan millətin – xalqın mübarizəyə çağırışı var bu misralarda, müti, kölə şəklində yaşamağa etiraz var. Dili, mədəniyyəti milyon illərlə öncədən mövcud olan, böyük bir təkamül yolu keçən, tarixin şanlı səlnamələrinə adı yazılan, insan tarixinin ilk səhifələrinə həkk olunan böyük bir xalqın bu gün yaşadığı Təbriz, Qarabağ, Kərkük, Göyçə dərdi haçalanır bu misraların canında.
Göyündə
Günəşiynən,
buluduynan,
Ayıynan,
Allahıynan,
xırdaca quşlarıynan,
ulduzlarıynan,
Yerində qızlarıynan,
bığıburmalarıynan,
çayları, dağlarıynan,
bəriynən, bəhəriynən,
və yerində, göyündə
gözümün düşmənləriynən
fəxr edən bu lirik qəhrəman, vətəndaş şair, vətən uğrunda yaşayan bir insandır. «İki oğlumu böyüdürəm sənin üğrunda», -deyən şair bu vətən uğrunda minnət də götürür, «acı söz» də eşidir, daşı «başına dəyir», başı «daşına» dəyir. Çəkdiyi əzab-əziyyətlərə, ağrılarına «ümidlərini» məlhəm edir. Bu vətən torpağının sinəsi üstündəki «apar-apar»ı, «qopar-qopar»ı gördükcə «bəzən partlayıram, bəzən dözürəm sənin uğrunda, vətən»,- deyən şair sonrakı misralarında da varlığına səcdə etdiyi, sevgisinə işıq tutuduğu, öyündüyü, güvənc yeri bildiyi, onunla nəfəs aldığı, yaşadığı torpağına sevgisini ümumiləşdirir.
Sevinməyim, gülməyim,
Yıxılıb ölməməyim,
Hamısı sənin uğrunda,
Əlimdən başqa nə gəlir…
Məni qınama, Vətən.
Yaşamaq- sənin uğrunda
Böyük bir işdir bu da!
Bu misralarda başıbəlalı yurdun sabahı üçün narahatlıq yatır. Haqq səsi içində boğulan, zaman-zaman öz milli azadlığı uğrunda apardığı mübarizədə öz qanına bələnən, haqqı əlindən alınan bir millətin dərdi, səri, canını zəli kimi soran imperialist dövlətlərə, onların yeritdiyi siyasətə nifrət, qəzəb güclüdür.
Maarif Soltanın şeirlərində hay-küy yoxdur, özünəməxsus bir incəlik var. Səcdə etdiyi vətən var, torpaq var, xalq var, onun dili var, mədəniyyəti, tarixi, şərəfli keçmişi var, varına göz dikən düşməninə nifrət var.
«Səsimiz haqqında monoloq»da 20 yanvar faciəsinin dəhşətləri, qan içində boğulan millətin azadlıq eşqi ilə yanaşı, bu azadlığı beşiyindəcə boğub səsini kəsmək istəyən imperializmə nifrət var. Azadlıq meydanında, Bakının küçələrində azadlığı, suverenliyi, milli istiqlaliyyəti uğrunda mübarizə aparan xalqın üzərinə yeridilən qoşuna kin-nifrət var. Tanklar altında əzilən, qanı küçələrə tökülən xalqın başına gətirilən faciələrdən sarsılan, içi göynəyən şair Kremlin divarlarına qədər gedib çatan haqq səsimizi alqışlayır. Bu səsdən qorxuya düşən imperiyanın yeritdiyi tanklar, səsimiz gələn səmtə tuşlanan topların törətdiyi qanlı faciələr, bu tankları üstümüzə göndərən imperiyanın amansızlığı, qaniçənliyi, faşist qəlbi nifrətlənir.
Əkin yerinə döndü
səsimiz gələn tərəf-
Tanklarla şumladılar,
Güllə-toxum səpdilər səsimiz gələn səmtə,
Başladı yaz yağışı-
Göz yaşları çilədik,
Göz yaşıyla suvardıq qurğuşun toxumları.
Qan-qırmızı
ŞƏHİD MƏZARLARI bitdi
Səsimiz gələn səmtdə!
Maarif Soltanın insan haqqında düşüncələri də maraqlıdır. O, insan haqqında silsilə şeirlər yazmır. Elə bir şeirində «qardaş»- deyib müraciət etdiyi insanı, onun daxili aləmini, insanlıq keyfiyyətlərini «saf-çürük» edir, insan xarakterini açır. İkili dünyanın ikili keyfiyyətini özündə yaşadan şüurlu varlığın yaxşı, humanist keyfiyyətlərini daha üstün tutduğunu, insanlığı uca tutduğunu misraların canında duyuruq.
Güclü, qüdrətli, ağıllı olduğu qədər kinli, nifrətli, qəzəbli, coşqun, arsız, qəddar, mülayim, sevməyi bacardığı qədər, nifrət etməyi də bacaran insan oğlunu özü ilə baş-başa olmağa səsləyir. İşinə, əməlinə, hərəkətinə ağılla, başla özü də soyuq başla diqqət etməyə çağırır:
Dərk elə özünü, dərk elə, qardaş,-
Özünü bircə yol tərk elə, qardaş,
Ömründə bircə yol baş vur içinə,
İçində gizlənən özünə baş çək.
İçində gizlənən özünü tanı,
Üstünü kül örtmüş közünü tanı.
Dünyaya nə üçün gəldiyini, kim, nəçi olduğunu bilməyə çağırdığı insanın keçmişinə, bu gününə də baxmağa, gəldiyi dünyanın yolları ilə deyil, reallıqları ilə köklənməyə, özünü tərbiyə etməyə, həyatın gözəlliklərindən faydalanmağa, bu beşgünlük dünyada özündən sonraya ancaq yaxşı əməlləri qoyub getməyə çağırır. Xudbin, özündənrazı, yekəxana insanların qarşısına sadə, mehriban, təvazökar insanların nəcib əməllərini çıxarır. İnsanı əməllərinə cavabdeh olmağa, hər bir hərəkəti ölçüb-biçməyə, özünü tərbiyə etməyi bacarmağa səsləyir. Özünə «ərk edən», özünü «dərk edən» insan olmasan ,bir vaxt gələndə
Tanımaq istəsən özünü bir gün,
Bəlkə də tanıya bilməyəcəksən,
Bir də görəcəksən-bu, sən deyilsən,
Bunun boy-buxunu başqadır tamam,
Bunun ağzı-burnu səninki deyil,
Sənin içindəki sənə oxşamır.
Bununla belə yenə insana məsləhəti odur ki,
Özünü görəndə qorxma özündən,
Bil ki, içindəki o, sənsən elə,
O, bir az uşaqdı, yumşaqdı bəlkə.
Kim bilir, bəlkə də mələkdi elə?
Bir yol cahad elə özü-özünə,
Sən özün-üzünə ağ ol bir kərə
Tərk elə özünü, tərk elə, qardaş,
Bircə yol özünə ərk elə, qardaş,
Dərk elə özünü, dərk elə, qardaş.
R. Rzanın «Dərdimi kimə deyim, dünya dolu adamdır?!» -misralarını şeirinə epiqraf kimi götürən M. Soltan ustadının fikirlərinə şərik bir dillə öz daxili duyğularını qələmə alır. Dörd tərəfi adamla dolu olan bu dünyada hər birinin «öz xasiyyəti», «öz niyyəti» olduğunu görən lirik qəhrəman bilmir bu dünyada çətinə düşəndə «kimə ağız açsın», «kimə söykənsin». Lazım gələndə «kimə dayaq» olsun. Çünki dörd bir yanı tutmuş bu «adam»ların maraqları müxtəlifdir:
Dörd yanım adamdı mənim,
Hamının ağzı, qulağı,
Hamının yüz umacağı,
Hərənin öz kömək əli,
Hərənin öz badalağı.
Biri mənə əl qaldırır,
Bilirəm ki, vuran deyil.
Biri dilə tutur məni,
Avazı xoşdur, amma gəl
Oxuduğu Quran deyil.
Maarif Soltan yarıməsirlik ömründə çox insanlar görüb, təmasda olub, xarakterlərinə bələd olub, pisini, yaxşısını, durusunu, yalanını görüb, amma deyəsən, bir yaxşılığını gördüyü insanın «qoyduğu minnəti» daşıya bilməyib.
Yaxşılıq etmişdin, minnət də qoydun,
Minnətin təpəydi, dağ idi, nəydi?
Hələ yaxşılığın bir iş görməmiş,
Minnətin yük olub başımı əydi.
Minnətli yaxşılıq elə ağır qəm,
Bilmirəm hayana aparım atım.
Mən bu yaxşılığı qaytara billəm,
Axı minnətini necə qaytarım?
İsa İsmayılzadə Maarif Soltana «ovqat şairi» deyib. Yanılmayıb. «Darıxıram» şeirində Maarif Soltan ovqat şairidir.
Darıxıram…
Belə pis darıxıram.
Baharın ən şirəli,
Ən ətirli çağında,
Yağmurlu havalarda,
Arılar pətəyində,
Necə vurnuxurlarsa,
Necə darıxırlarsa,
Eləcəyəm bu saat.
Yaman pis darıxıram,
Öləcəyəm bu saat.
Bu ovqat şeirlərdə bir lirizm, həzinlik var. Çoxumuzun yaşadığı, ötürdüyü anları M.Soltan əsl poetikaya çevirib. Başqaları üçün adi olan hadisələr, anlar M.Soltan üçün poeziya mövzusudur. Oxuduqca ilmələrini öz ürəyində duyursan. Hörülmüş həyat xalısının bir ucu da sənin içindədir. Axı sən də insansan. İnsan yaşadığı, onun üçün əvəzedilməz anların əsiri ola bilir. Sakit bir küncə çəkilib tək qalmaq, öz duyğuları, hissləri ilə baş-başa qalmaq poetik bir qəlbin istəyi ola bilər.
Yummuşam gözlərimi…
Məni rahat buraxın, dostlar.
Qapını asta örtərək,
Rahat buraxın məni.
Yummuşam gözlərimi-
Yaşıllıqlar içindəyəm.
Çaylar sərinliyiylə ürəyimə axmada,
Ay başım üstündə mənə baxmada…
Şair üçün hansısa bir mövzunu şeir mövzusuna çevirə bilmək istedaddan xəbər verir. Maarif Soltan özü kimi qələm dostlarının duyğularına, poetik hisslərinə bələddir, onlara hörmətlə yanaşandır.
Hamımız eyni dərdliyik, qardaş.
Eyni sevincliyik, eyni dərdliyik,
Salıb zarafata şeir yazırıq,
Günəş işığına, ay işığına,
Köntöy baxışlara, çaxan şimşəyə,
Yarpaq işığına şeir yazırıq.
Salıb zarafata gülməyimiz var.
Yıxılmağımız var, ölməyimiz var
Dünyanın ən böyük şairləriylə
Eyni sevincliyik, eyni dərdliyik.
M.Soltan yaşadığı elə-obaya, ana vətənə, onun baharına, yazına, payızına bağlı insandır. Hər fəslin öz gözəlliyi, öz həzinliyi, öz heyranedici, eləcə də pərişanedici anları var. M.Soltanın «Durnalar köçəndə» şeiri elə bu anların yaşantısıdır. Hər payız kəndin üstündən qatar-qatar uçub gedən durnaların gedişinin yaratdığı qüssə bu şeirin canına çöküb. Çal-çağır səsləri kəsilməmiş, gəlin köçənlərin qulaqlarından «vağzalı» havası hələ getməmiş durnaların qərib ellərə üz tutması şair kimi onun doğmalarını da qüssələndirir.
Göz yaşı anamın bəbəklərində
Əriyər qar kimi, donar qar kimi.
Bir qatar durnanın həsrəti qalar,
Kəndimiz üstündə yadigar kimi.
Doqqazın ağzında qəlyan çəkənlər,
Durub yorğun-arğın göyə boylanar,
Sonra köks ötürüb evə yollanar,
Durnalar köçəndə kəndimiz üstdən.
Sabaha, gələcəyə bağlı insan ümidlərini, bir də nə vaxtsa qayıdacaq durna qatarını görə bilmək arzusunu, nigaran-nigaran durnaların arxasınca baxan qocaların peşimançılıq duyğularını çox həzin, lirik bir dillə ifadə etmişdir….
Durna qatarlı, bağlı-bağatlı, ayazlı, şaxtalı, güllü-çiçəkli, aranlı-dağlı, yaylı-yaylaqlı ana yurdunun vurğunu olan şairə görə kim İsmayıllıya getsə, o gözəlliklər onu «dəli eyləyə bilər». Çünki onu özünə «dağlar çəkəcək», «ağacların altı çəkəcək», «otların üstündə keflənmiş» kimi «sərilib» qalacaq. O gözəl diyarın axşamçağı sərinliyi, buz bulaqları, enişli-yoxuşlu yolları, dağları, düzləri tərənnüm edilir.
Dağların üstündən qartalsayağı
Birdən qanadlanıb uçmağın gəlir.
Bir az özünü gözlə, ehtiyatlı ol bir az.
Büdrəsə ayağın
Bir yamacın döşündən
Gözlərini açınca
Bir də görəcəksən,
Dərənin dibindəsən.
Dərənin dibində dumana düşsən,
Düş dərə boyunca üzüaşağı.
Maarif Soltan üçün İsmayıllının mənzərəsində «şair olmaq müsibəti», «şeir yazmaq qorxusu» da var, onun gözəlliklərinə ürəkdən vurulma var.
Şair bir yay kəndinə baş çəkmədiyi üçün heyfslənir. Bir yay otlarını biçmədiyi, atlarını çapmadığı, sularını içmədiyi, yollarından keçmədiyi, toylarında qol açıb oynamadığı kəndinə sözünü deyir. Girdmanın sularına «özünü» vurmadığı üçün heyfslənir, oturmadığı bir təpə üçün darıxır, o təpənin üstündə daldığı ağlagəlməz, qəribə şirin xəyalların həsrətini çəkir və bu yay şair üçün səfalı diyarının görüşünə gəlməmək var olmamaq deməkdir.
Ötən yay
Sənin badamı gözlü, bir balacaboy Balan
Bu dünyada olmayıb.
Bu dünyada bəlkə də
Ötən yay da olmayıb.
Olmayıb, kəndim, olmayıb...
Maarif Soltanın müharibə mövzusundə şeirləri çox deyil. Amma bununla belə, «Mahbacının hekayəti» şeiri müharibə mövzusunda yazılmış qalın kitablara bərabərdir. Bir insan taleyi, müharibənin qəlblərə vurduğu sağalmaz yaralar, insan faciəsi, vəfa, etibar, əhdə sədaqət motivləri ilə köklənmiş misraların ideya, məzmun zənginliyi şairin yaradıcılıq imkanlarının zənginliyindən xəbər verir. Böyük Vətən müharibəsinin qəlblərə vurduğu yaranın acıları, müharibəyə nifrət, kin üstündə köklənib bu misralar. Cəbhəyə yola saldığı ən əziz insanını ömrünün sonuna kimi gözləyən Mahbacının ağır, dərdli taleyi müharibənin ağrı-acısını, faciəsini yaşamış bütün insanların ümumi taleyidir. 23 milyona qədər insanını itirmiş Yer kürəsinin, bəşəriyyətin ən böyük faciəsi idi. Üstündən on illiklər keçsə də yaddan çıxmır. Çünki o dərdlər o müharibənin qurbanlarının, insanların dərdləridir. Maarif Soltanın bəlkə də gözünün qabağında keçib Mahbacının həyatı.
Gözlədi, gözlədi Mahbacı arvad,
Ancaq gözlədiyi gəlib çıxmadı.
Gözlədi, gözlədi Mahbacı arvad,
Əllini haqladı, altmışa keçdi.
Altmışı haqladı…
Yenə gözlədiyi gəlib çıxmadı,
Gözlədi, gözlədi Mahbacı arvad…
Ömrü boyu «toyda-düyündə» qab-qacaq yuyan, «qız-gəlin içində» olan, yazı-yayı «otda, biçində» olan Mahbacı «nədənsə yaslara getməzdi heç vaxt». Varı-yoxu «iki keçisi, üç-dörd toyuğu» olan bu arvadın «di gəl ki, gözü toxuydu». Lirik qəhrəmanın gözündən o da qaçmazdı ki,
Bayram axşamları Mahbacı arvad
Birdən havalanıb dəli olardı.
Oturub həyətində didərdi üz-gözünü,
Saçlarını yolardı,
Kimisə qarğıyardı,
Kimisə çağırardı.
Bayram axşamları uşaqlar üçün
Gülməli olardı Mahbacı arvad.

Mahbacının alqışları ilə böyüyən, əsgər gedib dönən oğullar, gəlin köçən qızlar, ona hədiyyə gətirən el adamları Mahbacının gözünün işığıydısa, onun
Bu boyda yer üzündə
Gözlərinin düşməni
Cəmi iki şey idi:
Bir qıraq kəndlərin
Oğru itləriydi
Bir də özü demişkən,
İt oğlu İtleriydi.
Şair bu qənaətdədir ki, «Allahını sevən» bir təmiz, saf allah bəndəsi olan bu insanı nədənsə «allahı sevmədi». Ömrü boyu gözü yollarda qalan, bezəndə arabir «bilsəydim gəlməyəcək ölərdim, gözləməzdim»- deyən əllini, altmışı, yetmişi haqlayan, amma yenə gözlərini yollardan üzməyən, ümidinə şam tutan Mahbacının faciəsi insanlığın faciəsi idi və yer üzündə müharibə törədənlərə, müharibələrə nifrətlə yüklənib bu misralar...
Bilsəydi, gəlməyəcək
Ölərdi, gözləməzdi.
Di gəl, yenə gözlədi.
Bilsəydi, ölməyəcək
Min il də gözləyərdi!
Əhdinə-ilqarına düz olan Mahbacının faciəsi-öləndə də ümidini kəsməyən, yollardan gözü yığılmayan bir qəlbin həsrəti, nisgili köz kimi yandırır insanı:
Di gəl, onu da bir gün
Tapşırdılar torpağa…
…evinin açarını
Elə özü veribmiş
Qonşu Tağı kişiyə.
Deyibmiş:- Muğayat ol,
Gəlib eləyən olsa…
Maarif Soltan da ömrünün müəyyən anında müharibənin tüstüsünü udub. Qarabağ və ona bitişik rayonlarda gedən döyüşlər qanlı-qadalı illər, Xocalı faciəsi, Şuşa əsarəti, girov gedən, şəhid olan on minlərlə Azərbaycan əsgəri, oğlu, qızı M.Soltanın yurdunun faciəsidir.
«Gözündə nə günəş, nə də bahar» olan, ancaq «müharibə» olanların arasında böyüyən, kəndini-igidlərlə dolu kəndinin «davada oğlu ölən» qocalarını görən, onların əzablarını yaddaşına həkk edən sonralar onların hər biri əsərinin mövzusu olan M.Soltan kimi vətəndaş şairlər üçün dünya özü vətəndir. İrqindən, dinindən, dilindən asılı olmayaraq bu dünyanın bütün insanlarının dərdi, faciəsi şair üçün dərddir, onu göynədir. Ona görə «Dünya haqqında şeir»ində şair dünya-vətən cütlüyünə səcdə edir.
Mən də deyə bilərdim,
Dünya yaman gözəldi-
Gözlərim görməsəydi.
Mən də deyə bilərdim-
Yaşamalı dünyadı.
Dünyanın üzərində
Kölgələr olmasaydı.
Çörək əvəzinə hələ qəm yeyən
Körpələr olmasaydı.
Dünya xəritəsində ləkələr olmasaydı.
Mən də deyə bilərdim
Dünya gözəl dünyadı-
Dünyanın adı «VƏTƏN» olsaydı.
Vətən dediyi dünyanın ağuşunda fələstinlinin, iraqlının... dərdinə acıyır, Mahbacının, Təbrizlinin, səsi tarixin ən dərin qatlarından gələn millətinin taleyinə acıyır.
Bu gün iclasda idim
Moskvada Dostluq sarayında
Sovet və İran dostluq cəmiyyətinin iclasında.
Tribunadan sözlər yağış kimi yağırdı.
Salondakılar islanmış kimi oturmuşdular.
Natiqlər deyəsən deyirdilər ki,
İranda neçə min əhali qırılıb
qadınlı, uşaqlı.
Amerikanlar hələ də
əl çəkmək istəmirlər
İran sərvətlərindən.
Sonra
bizimkilərin köməyindən
danışdılar, deyəsən.
Maarif Soltan tənbəl şairdir. Belə istedadlı şairin

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah