Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Ədalət Əsgəroğlunun "Sabahını itirməyən adamlar" kitabı haqqında

Hər hansı bir şair, nasir, dramaturq haqqında söz demək, onun fikirlərinə, ideyalarına bədii dillə müdaxilə etmək bir qədər çətin olsa da deyilməlidir. Hər bir qələm sahibi yalnız görüb duyduqlarını qələmə alır. Ədalət Əsgəroğlunun "Sabahını itirməyən adamlar" kitabı uğurlu yaradıcılıq imkanlarının məhsuludur.
Kitabda şairin son illərdə yazdığı şerlər toplanmışdır. Buradakı şerlərin mövzusu xalq yaradıcılığı ruhunda yazılmış vətən, torpaq sevgisinə dünyanın əşrəfi olan insan, onun qarşılaşdığı problemlərə, səadətinə, xoşbəxtliyinə, dünyanın qayğılarına həsr olunmuşdur.
"Ulu çinar, Dədə çinar, xan çinar" şerində şair doğma yurdunun ilhamverici baharını, sevimli sənətkarımız Rəsul Rza sənətinə bəslədiyi hörməti bu baharın gətirdiyi gözəlliklərlə bağlı şəkildə tərənnüm edir. Göyçayın ecazkar təbiəti, ruhu oxşayan gözəl mənzərələri, "hərəsi bir nəğməkar"ı xatırladan məğrur çinarların duruşundan aldığı duyğular romantik bir şəkildə təsvir edilir. Çinarların baş -başa verməsini, ana yurdun hər qarış gözəlliyi, doğulduğu torpağın qayğısı kövrək bir dillə verilir. "Xan çinarlar"a, onların görkəminə poetik don geyindirən şair ən incə mətləbləri lirik bir şəkildə oxucuya çatdırır. O, əyilməz, məğrur,"sanki əmrə müntəzir «Azadlıq Ordusu"nun əsgərlərini andıran "sıra-sıra, boy-boy" çinarların duruşunda gözəlliklə yanaşı vətənə, torpağa dərin köklərlə, böyük bir məhəbbətlə bağlılıq görür. Ana vətənini ürəkdən sevən insan onun xeyrinə-şərinə yarımaq istəyir. Bunun üçün burnunun ucu göynəyir, "anama məktub yazıb dedim ki, gələsiyəm bir səhər üzü" misralarında könlündən keçən arzuları açıb tökür. Keçirdiyi hissləri, duyğuları çözələyən şairin qayğıları yaşayan bu misralarda lirizm güclüdür.
Onun əsərlərində insan arzu-istəkləri, dünya, kainat haqqında şəxsi poetik duyğular cəmləşmişdir və bunlar qayğılı, narahat bir ömrün könül çırpıntılarıdır. Bu şerlərdə şairin insan taleyi, onların yer üzündə mövcudluğunun qanunauyğunluqları, dünya, insan xoşbəxtliyi haqqında fəlsəfi düşüncələri poetik imkanları çərçivəsində həllini axtarır.
Dünya-insan mövzusuna müraciət etməyən az sənətkar, qələm sahibi tapılar. Bu mövzuda yazılan əsərlərin palitrası, çəkisi, məzmun zənginliyi də müxtəlifdir. Yaşadığı reallıqları gələcək nəsillərə çatdırmaq istəyən Ədalət Əsgəroğlu şeirlərində bu dünyadan çox şey gözləyir."Üzünə üz qoyduğu" dünya "bir cüt göz açıb" baxdığı dünya
Doydura bilməyəcək,
bu həsrətli gözləri.
Gizlədə bilməyəcək
Üzü xoşbəxt günlərimi-deyir.
Ədalət şerlərində təbiətə, dünyaya, real həyat hadisələrinə müraciət edir, bədii ümumiləşdirmələr yolu ilə insan düşüncələrini verir. İnsanların yaşayışını, qayğılarını, narahat dünyasını lirik lövhələrlə işıqlandırır. Dövrün ümumbəşəri qayğıları Əsgəroğlunun şerlərindədir. Hər şey onun misralarında insana xidmət etməlidir. Çünki yaşadığı dünyanın vurğunu insandır. O insan ki, şairin öz timsalında "Bir könüldən min könülə" aşiq olduğu dünyada gözəl günlər yaşayacağına, sətiraltı mənada arzularına çatacağına ümidini itirmir. "dərddən ağır qapılar"ın üzünə açılacığını, illərin fəsillərin üzünə güləcəyinə, yazdığı nəğmələrin sərhədləri aşıb "gündoğana sarı" daşınacağına inanır, nikbinliklə sabaha baxır, ümidini itirməyən isanların, işıqlı sabahın sahiblərinə səs verir. Çünki özü də sabahını itirməyən insanlardan biridir və əsərdəki həyat eşqi, arzuların, ümidlərin işıqlı gələcəyinə inamdan doğur, poetikləşir, əlvanlaşır şair qələmində bədiiliyini tapır."Ağ günlərin təşnəsidir ürəyim" misrasında şairin dünya dolu xoşbəxt həyata qovuşmaq arzusu ümumiləşir.
Əsgəroğlunun şerlərində vüsalına çatmadığı arzular yaşayır. Bu arzular ümidlərin işığına yığışıb. O ümid ki, şair onları gözlərinin üstündə göyərdir. O ümidlərdə əldən gedən torpaqlara qovuşmaq, çatmadığı arzulara çatmaq, dünyanı azad, xoşbəxt, firavan, qayğısız, dərdsiz görmək ümidləri kök salıb. Şerlərində övladlarının, ailənin sevincindən çox onlara vermək istəmədiyi kədəri, qüssəni, qayğını yaşadığı kimi, bu böyük cahanın qayğılarını da, diləkləri kimi para-para olmuş vətənin dərdlərini də gəzdirir. Vətənpərvər şair kürəyini söykədiyi çinar kimi bu torpağa bağlıdır. Kökü torpaqda olan şair sərv boylu "torpaqdan sıyrılıb göydələn olan" çinara həsədlə baxır və:
Özüm də tellənib tel-tel göyərsəm,
Qarışsa köklərim ana torpağa,
ölmərəm, ölmərəm o günü görsəm.
-deyir.
Ədalət Əsgəroğlunun şerlərindəki Qarabağ, Şuşa, Laçın həsrəti özünün dediyi kimi "sinəsində qızılgüllər açılan döyüşçü ola bilmə"yən, "taleyin dərddən ağır qapılarına çırpıl"an, "ağ günlər şairi ola bilmə"yən bir vətəndaş şairin acılarındadır:
Ay haray, qaçın gəlir,
Yolları açın gəlir.
Şuşa dağımın üstə
Dağ boyda Laçın gəlir.
"Qarabağlı partizan qız" şerində əsir düşmüş vətənpərvər azərbaycanlı qızının mərdliyini, qətiyyətini, qeyrətini, ölümdən qorxmadığını:
Həbsxanada da
hamıdan xoşbəxt yaşamaq olar
bir gün azad olacaqsa Vətən.-dediyi misralarda ümumiləşdirir.
"Kədərli nəğmə" şerində isə elindən-obasından qaçqın düşən bir ananın iztirablarını, vətən nisgilini, narahatçılığını verir və sanki "Öləcəyik, ilahi, çox qocayıq" dediyi başqa bir şerində bu narahatçılığı o qadın kimi özü də yaşayır. Çünki o qadın da çiyinlərdə müqəddəs bir haqqın qaldığından, həlli gecikdirildiyindən narahatdır və bu şairin özünün dediyi kimi əldən gedən "torpaq haqqı"dır. "Nə tez tapdı bizi qocalıq" misralarının arxasında "torpaq həsrətli köbələk kimi qırış-qırış üz"lərin hələ vətən borcunu ödəmədikləri üçün:
Bu dərdlə, kədərlə
götürmə bizi qoynuna
götürmə, torpaq ana!-deyən şair sanki boynunda haqqı qalan vətənindən müqəddəs oğulluq borcunu yerinə yetirmək üçün möhlət istəyir. Bu misralarda vətən həsrəti, torpaq töhməti düşündürücüdür, təsiredicidir. Gördüyü haqsızlıqlar, ədalətsizliklər şairin haqq-ədalət pozulan dünyaya, Allaha qarşı qəlbinin giley-güzarıını əks etdirən şerlərində daha təsirli bir şəkildə verilir:
Mənə babalardan dərd miras qalıb,
Üzümdə qəm tutub qocalıb günah.
Mənim dincliyimi bir zalım alıb,
Səndən Allahlığı kim alıb, Allah!
Çünki haqsızlar, Allah-Tanrı bilməyənlər, min bir günah sahibləri şairin gözləri qarşısında göylərə qaldırılır:
Fələk sən yazan yazılar,
Bilməm necə yazı olur?
Sənə asi düşən kəslər,
Sultan olur, qazı olur.
Əsgəroğlu mənalı ömrünün ağrılı-acılı günlərini ağır güzəran içində yaşadığından dövrün, zamanın eybəcərliklərinə göz yuma bilmir:
Fələk qəmi qoşa-qoşa göndərir,
Mən qaragünlünü daş bilib, nədir?
Mumu mat eyləyib, daşa döndərir,
Ağzımda duanı ah bilib, nədir?
Və yaxud:
Əsgəroğlu, insaf umdum fələkdən,
Qələm çaldı, düyün vurdu biləkdən.
Ömrüm yükü qara günmüş bələkdən,
Qara günə endirib baş ağladım.
Nikbin şairin şerlərindəki belə təzadlı anlar təbiidir. Qüssəni duymayan insan sevinci qiymətləndirə bilməz. Belə olmasaydı "Yaz ilə gələn sevda" şair qələmində belə bir poetik forma ala bilməzdi. Yazın gəlişi ilə üst-üstə düşən sevgi duyğularını şair lirik boyalarla tərənnüm edir. Bahar da həyatdır, yaşatmaq, yaşamaq eşqi ilə insanları sabaha ümidlə aparır. Şair də onu yaşadanın ümid olduğunu gizlətmir. "Ümiddir məni yaşadan"- deyən şair dünyasının vurğunudur. "Mən sənə aşiqə, dünya" misrasıyla bu məhəbbəti ümumiləşdirir. Vurğunu olduğu dünyasında insan ömrünü "bir salxım üzümə", ömürdən keçən günləri isə bu salxım üzümün gilələrinə bənzətmə güclü bədii cəhətdən qüvvətlidir. Çünki onun da
Bir giləsi çürük,
Bir giləsi dəyməmiş, acı
Bir giləsi bal dadı verir.
Lakin ömrün belə enişli-yoxuşlu günləri şairi narahat eləmir. Yaşamağın dadını keçirdiyi acılı-şirinli günlərdə geyil, "yeyilən çörəyin halallığında görür. Ömrün hamıya bərabər paylanmadığını-kiminin bu dünyadan qocalıb əldən düşmüş, kiminin ömrünün yarımçıq kəsildiyini təsvir və tərənnüm etməklə bərabər yaşamağın dadınınn "halal çörək"də olduğunu, "haram çörəyin bərəkət" vermədiyini bildirir. Ömürə düşən günlərin də həmişə şən keçmədiyini, qayğılı, qüssəli, bəzən bal kimi şirin olmasına təbii baxır. Bir salxım üzüm kimi bir insan ömrünün də acısına, turşuna, şirininə baxmayaraq birinə "cecəyinə qədər", digərinə yarımçıq qismət olduğunu lirik boyalarla tərənnüm edir Burada həyat-insan-ölüm haqqında şairin fəlsəfi duyğuları süjetlərə bölünür. İnsan taleyinə, insan ömrünə, ömürlərə yazılan günlərə, baxta, taleyə olan şair münasibətinin içində incə bir hiss də odur ki, şair bir-birinə bənzəməyən bu günləri belə daha yüksək qiymətləndirir. Çünki ömrün bütün günləri bir-birinə bənzəsə yaşamaq da mənasız olar, insanlıq da. Çünki:
Bu günün bətnindən doğulan sabah,

. Dönüb bu gün olsa necə olacaq?
Bu günə bənzəsə bütün sabahlar
Məni kimi itirib, kim axtaracaq?
Əsgəroğlu gül gülü, çiçək çiçəyi çağıran baharda, dünyanın sevincində, bir-birinə bənzəməyən günlərində, qəmində, yağan yağışında bir şeriyyət, bir poetika tapır:
Çiçəyi çırtladı bu gələn yazın,
Gülü gülümsündü, gerçəyi dindi.
Pəncərə önündə dayanan qızın
Gül kimi qızaran çağıdı indi.
Fikirlərini, könül duyğularını poetik dillə söyləməyə çalışan şairin sərbəst vəznində yazdığı şerlər kimi heca vəznində də yazdığı şerlər bədii cəhətdən qüvvətlidir. Bu şerlərlə ritm, ahəng, obrazlılıq azad düşüncəni, deyim tərzini tamamlayır:
Əsgəroğlu, dağlar kimin?
Dağlar yıxan ahlar kimi?
Dayanma günahkar kimi,
Yazı yazan belə yazmış.
Və yaxud:
Zalımın çoxdu qovğası,
Boynumda qanlı sovkası.
Əsgəroğlu sirr boxçası
Saxla, bir gün lazım olur.
Bu şeirlərdəki məzmun zənginliyi formaları tənzimləyir.Poetik ifadələr, fikir bitkinliyi, intonasiya baxımından bir-birini tamamlayan misralar könül oxşayır. "Gümanımın üzü soyuq", " qırılmış simlərdə divanə könüllər oxunmur, balalarım", " hayı getdi, vayı qaldı ömrümün" kimi deyim tərzləri əsərlərin bədiiliyini, məna dolğunluğunu artırır. Onun bəzi şeirlərinin quruluşu-hər bəndin sonuncu misrasının növbəti bəndin birinci misrasında işlədilməsi şerin bədiiliyiniə, lirik duyumuna əlvan çalarlar gətirir:
Kökdən düşən qapısını yel döyür,
Dil deyirəm, məndən betər dil deyir.
Düşdüyüm yer heç ölməli yer deyil,
Qan-qan deyir ağ qoyduğum varaqlar.

Qan-qan deyir ağ qoyduğum varaqlar,
İtkin düşüb haqdan gələn soraqlar.
Siz də deyin and içdiyim sabahlar,
Qərib quşlar məni necə ağlasın?
Bu şerlərdəki mənalı ahəng onun ömürdən keçən günlərlə bağlı hadisələrin poetik təsvirində də qüvvətlidir. Bu şerlərdə yaşadığı dünyanın reallıqları əks olunur."Əl içi boyda dar bir otaqda böyüyən", illər keçib yaşa dolandan sonra yenə dar bir hücrədə ailəsini başına yığıb, onların qarşısında günahkar görünə biləcəyindən narahat, bu gen dünyada genişlik, rahatlıq tapmayan lirik qəhrəman "qara yerə girəndə məzarımı gen qazdırın"-deyir. Bu deyimdə bir qəzəb, inciklik, küskünlük var. "Ağ günlər şairi olmaq arzusu " içində boğulan şairin gen dünyaya, azadlığa, ucu-bucağı bilinməyən genişliyə canatımlığı var. Quş qəfəs sevməz, o ki insan ola. Əsgəroğlunun özünəməxsus həyat fəlsəfəsi var. Onun qələmə aldığı vətənə, doğulduğu el-obaya bağlılıq, dünyaya sevgi, saflıq, atalıq borcu, övladlıq borcu və s. mövzular lirik boyalarla verilir:
Ümiddən ev tikdim-bir ağ yalannan,
Öldüm öləniynən, qaldım qalannan.
Qıymadım dərd bölüm bir cüt balamnan,
Bəlanı çox gördüm, azını yazdım.
Əsgəroğlu folklor motivlərindən yararlanmaqla fikirlərini daha təsirli, bədii cəhətdən daha qüvvətli verməyə nail olur:
Tanrı ruzisini təpəgöz yedi.
Yaman söz fırlatdı, yaman bic dedi.
Bir dəli şeytan da candan keç dedi.
Doldu səbir kasam, ləbələb oldu.
Şairin poetik ifadələri obrazlı düşüncənin bədii nəticələridir. "Sevinc -bir qoşun dərdin önündə bəzəkli gəlin"ə bənzədilir."Dağ döşündə bitən qırmızı lalələrin içindən boylanan kədər", "qan-qan deyir ağ qoyduğum varaqlar", "qəzəb dişə meydan verib, əzabın dil-dodaq çəkir","dərdin düyün düşən o şux ilməsi, yoxsa yazılanı ağ bilib nədi", "ümiddən ev tikdim-bir ağ yalannan" kimi ifadələr fikrin bədii təsir quvvəsini artırır, dilinin danışıq dilinə söykənməsi hadisələrin təbiiliyini artırır. Onun əsərlərində bədii formaların işlənməsi də orijinal xarakter daşıyır, fərdi qələm sahibinin bədii ifadələridir:
Qonağı var gözlə qaşın,
Allahı gör, bəddən daşın.
Ağılsız düşünən başın,
Ağrısını ayaq çəkər
-misralarında sətiraltı məna dolğunluğu özü bir poetikadır. "Ölüm gözlə qaş arasındadır" məsəli burada şairin fikirlərini daha mənalı şəkildə verməyə kömək edir. İnsanı pis işlərdən uzaq olmağa, ağılla, düşüncəylə hərəkət etməyə çağıran şair düzlüyü, saflığı tərənnüm edir. Yaşadığı dünyanın əyriliklərinə, ədalətsizliklərinə dözməyərək dünyanı sorğu -suala çəkir, yaratdığı insanlara qarşı qayğıkeş olmağa çağırır. Dünyanın dərdlərini çəkə-çəkə yaşayan insan onunla "haqq-hesab" çəkməkdə, dünyanı ittiham etməkdə haqlıdır:
Zalım zülm eyləyib şahanə gəzir.
Bir deyil, yüz edib, daha nə gəzir?
Yoxsa can almağa bəhanə gəzir,
Niyə bixəbərsən, dünya, a dünya?!
Ümumiyyətlə, Əsgəroğlunun yaradıcılığına diqqət yetirdikdə burada demək olar ki, əksər şeirlərdə bitkin, poetik fikirlər çoxdur və bunlar onun şeirlərindəki bəzi səthi səhvləri kölgədə qoyur. Azad düşüncə, azad fikir imkan verir ki, yazıçı, şair öz fikirlərini müxtəlif formada versin və belə məsələlərdə hər kəs azaddır və müəlliflə mənim fikirlərim üst-üstə düşməyə bilər və buna görə də səthi səhv bildiyimiz məsələlər onun fikirlərində əsassız ola bilər. Əsas məsələ budur ki, Ədalət sözün əsl mənasında ədəbiyyat aləmində öz sözünü deyir.
Kitabda redaktə səhvləri vardır. Lakin bu texniki qüsurlar kitabın bədii dəyərinə təsir etmir. Ədalət Əsgəroğlu özündən əvvəlki sənətkarlarımızın, eləcə də xalq yaradıcılığının gözəl ənənələrini əsərlərində yaşadır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah