Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

FİKRƏT QOCANIN YURD YANĞISI

Fikrət Qoca bütün varlığıyla mənsub olduğu xalqına bağlıdır. O, Azəri övladı olmasıyla fəxr edir. Onun qəlbində keçmişinə, şərəfli tarixinə bir məhəbbət var. Bu məhəbbət onun od saçan baxışlarında, başı qarlı dağlara bənzəyən vüqarında, düşmənləri yandıran, dostları üçün yanan cismində, döyüşlərdə, alovlarda şimşək kimi parlayan misri qılıncında, torpağında, suyunda olan oddadır.
O, təmiz məslək, əqidə sahibi olmaq üçün ana laylasının işığında köklənmiş, saflığın mayasını bu layladan götürmüş, ömrü boyu bu saflığın, təmizliyin keşiyində durmağa çalışan şəxsiyyətdir:
Mən ayaq açıb anamın yanından
məzarına kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına
qarovulçuyam.
Vətəndaş şair misralarını bu ideyalar üzərində kökləmişdir. Onun nəzərində şair ölməzdir, çünki o, özü üçün yaşamır, xalq üçün, dünya üçün, insanlar üçün, keçmiş, gələcək üçün yaşayır:
Hər misra yazanda, o bir yaş artdı.
Düşündü hamını-tanışı, yadı.
Neçə qəhrəmanı yazdı, yaratdı,
Özü yaşamağa vaxtı qalmadı.
Fikrəq Qoca əsərlərində torpaq, ana, övlad, xalq sevgisini uca tutur. Vicdan saflığı şairin nəzərində şərəfli ömrün mənasıdır. "Vicdan-həya deməkdir"-deyən şair vicdan saflığının, həqiqətin, düzlüyün, azadlığın, xoşbəxtliyin tərənnümçüsüdür.
Fikrət Qoca zamanın şairidir və xalqına xidmət etməyən qüvvəni tanımaq istəmir. F. Qoca üçün doğma millətin, xalqın dərdi dərdlərdən də ağırdır. Bu gün Qarabağ ətrafında gedən faciəli hadisələrin faciəli anlarını yaşayan qız-gəlinlərimizin -erməni murdarlarının əsir, girov götürdüyü günahsız məxluqatların düşmən pəncəsində inləməsi balaca dərd deyildir. Fikrət Qoca xalqının sənətkar oğlu kimi bu dərdləri yaşayır və şeirlərində, əsərlərində bu dərdləri qələmə alır.. Əsir düşən bir qızın faciəsinə dözə bilmir:
Erməni əlində əsirdir çiçək.
İgid oğulsansa, gəl bu dərdi çək.
Daha mən nə əksəm, dərd göyərəcək.
Bu dərdlə yaşamaq ağırdır, ağır
-deyən şair:
Əli silah tutan bir oğul varsa,
Əsir düşə bilməz millətin qızı.
Boğmaqla susmayır vicdanın səsi.
Heç nəylə getməyir namus ləkəsi.
Düşmən qanı ilə yuyulsun gərək.
-deyir. Vicdanı çarmıxa çəkir şairi, bu dərdlə yaşamaq ağır olduğu kimi «bu dərdlə ölmək də ağırdır, ağır»-deyir. Namus, qeyrət hissi, düşmənə nifrət, «yaddaşı göynədən yaxın keçmiş» şair üçün «olub keçən deyil, yanıb keçəndi».
«Buxara papaq» şeirində şair təəssüf içində çırpınır. Duz-çörəyi müqəddəs tutan Azərbaycan övladı kimi dostunu-düşmənini vaxtında tanımadıqları üçün özümüzü qınayır. Arxayınlıqdan «indi üstümüzə dörd bir yandan dolu kimi» yağan «şər», özümüzün hördüyümüz sədlərin «indi özümüzə keçilməz hasar» olmasını da bir Qarabağı Yuxarı, Aşağı Qarabağlara bölməyimizin, respublikanın içində «muxtar» adıyla yaratdığımız Qarabağın sabahını düşünməyib əcdadımızdan bizə qalan Qarabağın tacı Yuxarı Qarabağ taleyinə biganə yanaşmağımızın, arxayınçılığımızın axırının gətirib hansı acı nəticələrə çıxardığını həm təəssüf, həm kədər, həm qüssəylə xatıladır. Babalardan qalan «Buxara papağın» xatırlanmasında da bir məna var. O papağa arxayınçılıqdan «bit düşər»-deyəndə şair nəyi nəzərdə tutur? Gördüyümüz, yaşadığımız bu günkü Qarabağ reallıqları, «Qarabağ»- deyib ayırdığımız ərazilər, bütövlükdə Azərbaycan torpağına vurulan ağır zərbələr nədən xəbər vermir? Bütövlükdə bu şeirin canında, qanında nə yatır, oxucu gözəl başa düşür.
Şair azadlığın nə olduğunu gözəl bilir. Ona görə də «Atəşkəs baharı» şeirində «iki cəbhə arasında» qalan minalanmış torpağın sinəsindəki baharın gəlişində bir vahimə görür. Bu bahar çağında minalanmış sahəyə düşən heyvanlar minaların qurbanı olur.
Partlayan
Minanın səsindən diksinir.
Torpaq, hava, bahar, əsgər.
Bu səsin vahiməsindən
Quşlar uçar, yarpaq əsər.
Burada Ermənistan-Azərbaycan arasındakı atəşkəsin məkanı seçilən torpağın halına yanmaqla bərabər, öz azadlığını, müstəqilliyini əldə etmiş olan xalqın ərazi bütövlüyünü təmin etmək arzusu var; öz azadlığını əldə etmək istəyinə mane olan qüvvələr vardır və onların murdar niyyətlərini, yeritdikləri çirkin siyasətlərinə, Azərbaycan xalqına, dövlətinə zərbə vurmaq niyyətlərinə nifrət var. Amma şair arxayındır ki, Azərbaycan xalqı bu azadlıq, müstəqillik, ərazi bytövlüyü uğrunda mübarizədə nə qədər qurban vermişdir və əldə etdiklərini qoruyacaq.
Şair doğma yerlərdən keçəndə o doğma yerlər üçün necə darıxdığını, «burnunun ucu göynədiyi”ni, içindən keçən arzuları, kövrək duyğuları qələmə alır. «Qar əvəzinə şoranı ağaran-aran» onun ana vətəni, doğma yurdudur, onun «yovşanı»nı, «yulğunu»unu, «şax tikanı»nı görəndə keçirdiyi hisslər şeirə çevrilir, özünü şaxtikana bənzədir.
O, bu şoranlı torpağa olan məhəbbətini uca tutur. Onun acı tikanını, gözəl çiçəyini, «şəlalə hörükləri»ni, dağını, dərəsini, buluddan şimşək tutan budaqları olan çinarlarını, bulaqları «bayatı» deyən yamaclarını, gözünü açıb gördüyü «yulğunu»nu vəsf edir, özünü boyda, dözümdə yulğuna bənzədir və böyük bir ürəklə könül xoşluğuyla deyir ki: «Bil ki, səni də sevən var bu yer üzündə».
Tanrıya yalvarışlarında da F.Qocanın misraları orijinaldır. Üz tutduğu Tanrısından istəyi nədir şairin? Misralara diqqət yetirək. «Bu ağır zamanda, bu bərk ayaqda, Yarəbb, xalqımıza özün kömək ol!» — deyən şair Azərbaycan dövlətinin, xalqının başı üzərində dolaşan qara buludları nəzərdə tutur. Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdi nəzərdə tutur. O, Azərbaycan ki, bir hissəsini İran, bir hissəsini Ermənistan zəbt edib. O, Azərbaycan ki, zamanın ədalətsiz qanunları onun Şərqi Azərbaycanına da öz dağını çəkib. Azərbaycan torpaqlarının Gürcüstan ərazisinə düşən hissələri o yerlərin qədim, ulu sakinləri Azərbaycan övladlarına verilmir, qan tökülür, tökülən haqsız qanlar batır, xalq illərlə, aylarla bəzi qüvvələrlə üz-üzə durmalı olur. Bu gün Azərbaycanın ən ağrılı yeri olan Qarabağdan bir milyona qədər qaçqın, didərginimiz var, soyuq çadırlarda, dəmir vaqonlarda çürüyür . F.Qoca onların dərdi-sərini öz dərdi-səri kimi ürəkdən duyur, göynəyir. «İnsanlıq gözlədik, insan itirdik», - deyən şair murdar, xəbis qəlbli ermənilərə etdiyimiz yaxşılığın, insanlığın müqabilində qanı tökülən övladlarımızı yada salır, düşməndən kömək ummur, ondan mərhəmət gözləmir, insanlıqdan kənar bu murdar məxluqlara, onların bəd əməllərinə qarşı qəlbimizdəki vətən sevgisini, bu yolda şəhid olan oğullarımızın qeyrətini, mərdlik və ləyaqətini qoruyur. Ulu Tanrıdan tökdüyü qanlara görə düşmənə insaf, özünə səbr diləyir.
Beşikdir, məzardı bu yer.
Şərəfli övladdır bizim barımız.
Düşmənə insaf ver, bizə səbr ver,
Qəddar böyüməsin balalarımız.
Ana torpağı beşikdən məzara gedən yol bilir şair, bu torpaq uğrunda, düşmənə nifrət ruhunda böyüyən oğul və qızlarımızın, qəlbində şair gül açan arzuları, sabaha inam, yaşamaq, yaratmaq eşqini görmək istəyir, qəddarlıq, kin, nifrət istəmir onların qəlbində olsun.
Bu gün elə bir azərbaycanlı tapılmaz ki, Qarabağ taleyinə laqeyd yanaşsın, onun sabahı üçün narahatlıq keçirməsin. Fikrət Qoca «Cənnətdən qovulanlar» əsərində bu narahatlıqları yaşayan sənətkardır.
Qarabağ Azərbaycanın sinəsində bir yaradır, təbibini, loğmanını gəzir. İnsan övladının əzablarıyla yanaşı, böyüklük ehtirası, köksünə sığmayan istəkləri nəfis hərisliyinə aparıb çıxaranda faciə olur. Fikrət Qoca belə halda üz tutur Allaha, onunla dərdləşir:
Ol-dedin
kainat oldu,
kainatda həyat oldu.
Sözündən çıxdı,
Adəmlə Həvva
cənnətdən qovuldu,
atıldı yer üzünə.
Elə o vaxtdan
insan özü burda
cənnət yaratmaq istəyir özünə.
Şair insanın cənnət yaratmaq eşqinin «allahlığa başla»mağa aparıb çıxarmasından narahatdır. Nə olar? İnsan böyük dühadır. Yaratmaq, qurmaq onun amalı olmalıdır. Cənnətdən qovulan insan xoşbəxt, firavan yaşamaq üçün, öz nəfsinin ucbatından itirdiyi «cənnəti» aramaqda heç də günahkar deyil. Başı daşa dəyən insan yenə də işinin çəmini bilmir; bəs bu cənnətqurma aparıb ora çıxarmamalıdır ki, Allahlıq da keçsin ürəyindən. Milyardlarla insan nə üçün bir ovuc qəlbindən allahlıq keçirənlərin əməllərinin qurbanı olmalıdır? Bəs onların həyat eşqi? Yaşamaq eşqi? Onların istədikləri ilə razılaşmayan insanların, millətlərin taleyi? Hara aparıb çıxarıb hər dəfə könlündən allahlıq keçirənlərin əmlləri bu dünyanı? Şair bu haqsızlıqlara, özbaşnalıqlara göz yuma bilmir. Çünki o milyonlardan biridir ki, insan kimi yaşamaq istəyir. Xalqını, mllətini, övladını azad, xoşbəxt, Allahın ona qismət etdiyi cənnətməkan sandığı Azərbaycanında azad, müstəqil görmək istəyir. Görəndə ki, haqqı pozulur millətinin, dövlətinin, xalqının. Üz tutmur imperialist, qolu güclü cənnət ovçularına. Üz tutur haqq-ədalət qoruyucusu Tək Allahına; insan kimi dərdlərdən cana doyduğundan, yer üzünün fəlakətini yaşayan bir saf ürək sahibi kimi, torpağına, millətinə dərd əzab gətirən cənnət həvəskarlarının əməllərindən şikayətlənir. Şikayətində haqlıdır şair. Humanist hisslərini itirənləri məhşər ayağına çəkir; Yerin-Göyün sahibi Allah onun üçün bu dünyanı ol-deyib yaradıbdırsa, özü də Adəm-Həvva övladıdırsa, unudur axı, «görən var», göydən baxan var».ona görə deyir ki, «Sənin də bir yaxan var, yaxandan yapışan olar», törətdiyin əməllərə görə səni məhşər ayağına çəkən olacaq…
Şair insanı uşağa-«ağlı körpə» uşağa, «odla oynayan» uşağa bənzədir. İçində cəhənnəm odu qaynayan, «göz yaşları gölündə» çimənlər «unudurlar bu dünya hamı üçündü». «Unudurlar bu dünya hamı üçündü» –deyən şair dünyanı hamı üçün vətən bilir, o, bu «hamı»nı türkə, urusa, ingilisə, almana, ərəbə, zənciyə bölmür. Bölümünü də faciə bilir. «Bu Adəm-Həvva övladlarına» biçilən «bu fərqlər», «bölgülər» nə üçündü? - sualını verən şair özü bu suallar içində çabalayır, insanları düşünməyə səsləyir. Düşünür dünyanın nə qədər canlıları var. Nə iti, nə atı, nə donuzu seçilməyən bu dünyada niyə bəs insan türkə, ingilisiə, almana nə bilim daha kimlərə bölünür? Bu seçimlər, bu fərqlər millətlərin, xalqların da bir-birinə həqarətlə baxmasına aparıb çıxarırsa, bu insanlar hardan oldu Allahın bəndələri, Adəm-Həvva balaları? Nə vaxtdan böyük qardaşlar cisminə, çəkisinə görə özünü öyməli, özündən kiçiklərə əzab verməli, qeyrisinin əlindəki tikəsinə göz dikməlidir? Ulularının uyuduğu Vətəninin Qarabağ deyilən hissəsini kəsib o biri Adəm-Həvva övladına ötürmək üçün insan bu qədərmi ifritə donuna bürünməlidir? Şair nələr görməyib. Hansı dövlət böyükdür, «gücü var, kiçikləri dağıdır, böyük xalqlar balaca xalqları qırır». Bu qırımda Adəm-Həvva unudulur, bəşər övladı yolunu azdığından şeytanxislətlilərdən «yaxşılıq» görənlər xeyirxah Adəm övladlarının qanınıa susayır, böyüklər də buna göz yumur. Bir dünyanın sakinləri arasındakı bu fərqlər, bu fərqlərin yaratdığı faciələr şairi açmır. Şair bu əksliklər dünyasında öz taleyinə düşən qəmlə barışa bilmir. Çünki onun xalqı azadlıqsevər, dünyasını sülh-əmin-amanlıq içində görmək istəyən bir xalqdır. Onun da xarakterində böyüklərin haqsız əməllərinə qarşı çıxım var. Bu haqsızlıqla barışmaq mümkün deyil. Heç vaxt şairin lirik qəhrəmanı Allah qismətinə yazan cənnət diyarını kimsəyə verməz. Belələri varsa, şair onları qamçılamağa bacarır. Rusa, farsa yııxılıanlarını danlayır. Bu amansız zamanada şair də amansızcasına belələrinə qarşı çıxır. Onları qeyrət qınağına çıkir. Başına papaq qoyub, papağına «yaxşı» deyənlərin arasında «bir Azərbaycan olaq deyən» axtarır. Azlığından sərtləşir. Qəlbinin dərinliyində işıldayan bir istininin işığına qısılır:
Yaxşı ki, bu millətin
gözünün işığı
Azadlıq aşiqi
Pələng, Şir balaları var.
Döyüşən balaları var.
Şair bu millətin bu Şir, Pələng balalarının qüdrətinə, cəsarətinə bələddir, bineyi-əzəldən Azərbaycan deyilən məmələkətin bu gün var olmasının təməl daşını qoyanların övladlarıdır bunlar. Bilir ki, onlar olmasaydı, bu günün Azadlıq aşiqləri də olmazdı
…..bu millət yaşıya bilməzdi.
Rusiya kimi bir ölüm mələyini boşuya bilməzdi.
Şair 200 ilə yaxın rus imperiyasının işğalı altında əzilən, təhqir olunan, dözməyib qalxan, qalxanda qanına bələnən, talanan, daşınan Azərbaycan övladlarının məğlubedilməzliyini, gücünü, təpərini gördüyündən bu gün rahatlıqla rusiya imperiyasını «ölüm mələyi» adlandırmaqda da haqlıdır. Azərbaycanı rus caynağından qoparan bu millətin düşünən ziyalısı kimi hələ bir az səksəkəlidir. Çünki Qarabağ deyilən yaranın gözünü qaşıyıb qanadan, sağalmasına imkan verməyən barmaqların haradan uzandığını bilir şair. Bir zaman- «yaxın qonşu» uzaq qohumdan üstün tütülan vaxtlarda başımızı əllərə verdik. Bu gün o «yaxın qonşu» digər özü kimi «yaxın qonşu»su ilə- ermənisinin əli ilə öz siyasətini davam etdirir. Ona görə də şair deyir:
Belə də bir məsəl var:
Qonşu işığına umud olan
qaranlıqda qalar.
Qonşun olsun, özünün də başın olsun.
Vətən oğluna «gördüyün xəyanətləri unutma, yaddaşın olsun», –deyən şair ehtiyatı əldən verməməyə, azadlığını qoruyub saxlamağa, özü öz çörəyini qazanmağa, əkib-becərməyə, torpağın hər qarışının qədrini bilməyə çağırır və sərtliklə hümanitar yardımı «dilənçi payı» adlandırır və yenə sərtliklə «kişi yardımla böyütməz övladını», -deyir. Ayağının altında torpağı, başının üstündə Allahını unutmayan insana «daha nə lazımdı? Çalışsana, yaşasana»,-deyir şair.
Gözünü özgə əllərdən çəkməyə çağırdığı millətinə tövsiyəsi var şairin. Millət sözünün içindəki «illət» sözünə də diqqətini cəlb etdiyi xalqına bildirir ki, «Yaxşıları çox olanda millət olur, Millət olanda dövlət olur». Dövləti olan xalqın hər vətəndaşını «vətən daşı deyil, vətən sərhəddi» bilən şair –millətini, Vətəninin Qarabağ deyilən müsibətini unutmamağa çağırır. O müsibəti ki, İmam Hüseyn müsibətinə bənzədir. İmam Hüseyn müsibətində günahkar insandır. O insan ki, öz günahını bildiyindən min ildən çoxdur ki, tökdüyü günahsız qanlara görə bağışlanması üçün başına gözünə döyür, özü öz qanın tökür, özünü didir, parçalayır. Şair bu günkü Qarabağda tökülən günahsız qanlara –insan əməlinin törətdiyi faciələrə baxmağa səsləyir Adəm-Həvva övladlarını. O günə göz yaşı tökənlərə üz tutur, sual edir:
Bəs Qarabağdan didərgin düşən
gəlinlərə, körpələrə kim ağlayacaq?
Bəs erməni əlində əsir qalan qızlara
Bəs bu çöllərə səpilmiş
körpələrə, yurdsuzlara
kim ağlayacaq?
Erməni tapdağında qalan müqəddəs
yerlərə kim ağlayacaq?
Yandırılmış məktəblərə, məscidlərə
pirlərə kim ağlayacaq?
Ocağı söndürülən obalara
kim ağlayacaq?
Millətlər ağlasın gərək bizim bu dərdə.
Şair burada «millətlər ağlasın gərək bizim bu dərdə»,-dedikdə Adəm-Həvva törəmələrinə üz tutur. Qardaş qanı tökənləri ittiham edir. İttihamdır! Dəhşətli olsa da, yerində edilən ittihamdır. Şair haqlı olaraq deyir ki,
Fatmeyi-Zəhra bu günümüzü görsəydi
balalarını unudub
dərdimizə şahsey deyərdi.
«Türklər gözünüzdə yaş qalıbsa
öz halınıza ağlayın»-deyərdi.
Şair bütün türk dünyasını qəflət yuxusundan oyanmağa səsləyir. Dil, din qardaşlarını-Adəm-Həvva müsibətinə səbəb olan şeytanqəlblilərin əlindən qurtulmaq, Allah yoluna dönmək üçün, bu yolda haqq naminə bir olmağa səsləyir. İlahi cənnətdən qovduğu insanların hər birinə bu dünyanın bir güşəsində ömür sürmək nəsib edib. Azərbaycan övladının baxtına dünyanın cənnət guşəsi düşüb. Bu cənnət güşəyə göz dikənlərin çox olduğunu da görən şair bunun ucbatından başımız çəkənlərə diqqətimizi yönəldir. Amma bu işdə öz günahlarımızı, bağışlanmaz səhv bilir. Üz tutur kökümüzə, əslimizə, soyumuza, onların vətənə, torpağa olan müəqəddəs hisslərinə. Fikrimizi çəkib aparır uzaqlara, yaxın keçmişimizə. Bir zamanlar bərkə düşən babalarımızıın öz yurdunun «dağlarını, meşələrini, zirvələrini» özünə məskən seçdiyini, düşməninin canına lərzə saldığını, «bulaq kimi» torpağına hopduğunu, «ağac kimi qayalara əkildiyi»ni, düşmən hara ayaq bassa orda onların əlində məhv edildiyini xatırladır və bu günkü «qaçaq»larımızın utana-utana, təəssüflə məskənini qələmə alır, onların qoyub gəldikləri yurda laqeydliyinə dözmür:
İndikilərin bəzisi
Bakıda yeddinci mərtəbədə qaçaqdı.
Yeri rahatdı, damağı çağdı.
Özü də gözləyir ki,
Erməni onun namusunu
təmizləyib qaytarasıdı.
Şairin dediklərindəki bu həqiqəti ört-basdır etmək mümkün deyil. Şair həqiqəti deyir, baltanı kökündən vurur, yatmış vicdanları oyatmaq istəyir, bir zaman hər insan qəlbində bir şir yatır, pələng yatır dediyi ürəkləri itiləyir. Yanan içinə bir az sərin su səpmək istəyir bu danlaqla ki, hər dəfə yadına düşəndə ki gəlin, qız balalarımıız düşmən əlində girovdur, düşmən əlində olsa da gizlin açdığı radioda millətinin hansısa boğazdan yuxarı qəhrəmanın dediyi «biz qırx milyonluq» xalqıq sözünü eşidir, utanır, düşmən eşitməsin deyə radionu susdurur. Qızı, gəlini düşmən əlində inləyən kişi hansı milyondan danışır ki, burnunun qabağında öz ata yurdunun həsrətindən ölür, anası, bacısı, qohumu, əzizi düşmən əlindədir, hələ yatır… Şair yırtır yaxasını, tökür içini, vurur baltanın dostun da, tanışın da elə qəlbinə ki, oyatsın onu, sözlə yaralayır onu, yaralı şir daha qəzəbli olur. Düşmənində də qisasını qoymur. Şair bilir ki, xalqını, millətini sevənləri daha çoxdur. Bu gün gah rusa, gah farsa yıxılan həmvətənlərinin içində cibini, başını güdənlər, kürsü, vəzifə üstündə dədəsini də satan var, arvad-uşağını kirayələrə töküb millət vəkili kürsüsünü satın alanlar var… amma şair bu millətin fəhləsinə, müəlliminə, kasıb aliminə bələddir, onların «mənim cəfakeş obam, elim var» deyənlərinə, «ac qarına da olsa vətən qeyrəti, azadlıq qeyrəti» çəkənlərinə bələddir:
Lazım olanda döyüşən də onlardı.
Əlil olan, şəhid olan da onlardı.
Fikrət Qocanın «Cənnətdən qovulanlar» əsərində toxunduğu məsələlər çoxdur. Bu əsər bir həyat fəlsəfəsi, insan fəlsəfəsi, vətən, millət fəlsəfəsi, hümanizm fəlsəfəsidir. Bu əsərdə bütöv Azərbaycan eşqi var, o tayda-Güneyimizdə gedən milli azadlıq hərəkatına rəğbət var, bu azadlıq hərəkatının verə biləcəyi səadətə xoşbəxtliyə inam var:
Orda böyük Azərbaycan tarixi yazılır.
Qanla yazılır.
Tariximdən qara ləkələri yuyur qan.
Farsın hökmranlığından,
mənim əsarətimdən gedir zaman.
Lap yaxındadır o gözəl gələcək….
Özünü dağa, daşa, oda, suya vuran şair o taylı, bu taylı, qarabağlı, zəngəzurlu, İrəvanlı, göyçəli bir Azərbaycanını «cənnət» adlandırır və özünü, millətini cənnətdən qovdu Allah «Azərbaycan kimi bir cənnətə doğru» –deyir və bu vətənin qədrini bilməyə çağırır millətini, torpağını sevənləri-Azərbaycan vətəndaşını!

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah