Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

İ.ƏFƏNDİYEVİN YARADICILIĞINDA ƏFSANƏ, RƏVAYƏT, NAĞIL, DASTAN SÜCETİ VƏ MOTİVLƏRİNDƏN İSTİFADƏ

Xalq yaradıcılığı insanın həyata baxışının, təfəkkürünün, estetik zövqünün formalaşmasında misilsiz rol oynayır.
Bəşər tarixində insanların həyat şəraiti, dünya haqqında təsəvvürləri xalq yaradıcılığında bütünlüklə öz əksini tapmışdır. İstedadlı sənətkar, qüdrətli sənət ustası öz zəngin folkloruna söykənməklə, eləcə də dünya xalqlarının yaratdığı ədəbiyyatı, sənəti bilməklə samballı əsərlər yarada bilər.
Xalqımızın gözəl sənətkarları daima xalqın yaratdığı bədii sənət əsərlərinə məhəbbətlə yanaşmışlar. Mirzə İbrahimov yazırdı: "Azərbaycan xalq yaradıcılığı və klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs hisslər xəzinəsidir. Bu xəzinədə biz həm insanın hərarətli vətənpərvərlik duyğularının, azadlıq yolunda mübarizələrinin, həm də təbiətin sirlərini açmaq, yerləri, göyləri dərk etmək ehtirasının və fəlsəfi idrakının parlaq bədii ifadəsini görürük" (1, s.VII).
İlyas Əfəndiyev qələmə aldığı hər hansı folklor nümunəsinə yeni ədəbi keyfiyyət verir, mifik görüşlərimizdən, motiv və obrazlardan bəhrələnməklə, əsərlərini folklor nümunələri formasında qurmaqla tam oricinal sənət əsəri yaradırdı, qüdrətli xalq sənətindən istifadə etməklə əsərlərinin ideya-bədii keyfiyyətini, dil üslubunun təbiiliyinin və xəlqiliyinin yüksəldilməsinə çalışırdı və buna nail olurdu.
Yazıçı-dramaturq zəngin xalq yaradıcılığından istifadə etməklə bitkin sücetlər qurmuş, obrazlar yaratmış, bədii dil və üslub formalaşdırmışdır. Onun yaradıcılığının xalq sənətiylə əlaqəli şəkildə tədqiqatını aparmaq bir tərəfdən xalq təfəkküründən və onun zəngin mə'nəvi irsindən istifadə etmək bacarığını, folklorumuzdakı kamilliyi, ustalığı qiymətləndirmək qabiliyyətini, digər tərəfdən sənətkarın yaradıcılıq keyfiyyətlərini, dünyagörüşünü, yaşadığı cəmiyyətin dünəninə, bu gününə münasibətini öyrənmək baxımından dəyərlidir. Bütün sadaladığımız bu məsələlər onun həm nəsr əsərlərində, həm də dramaturgiyasında özünü göstərir.
Görkəmli alimimiz Yaşar Qarayev yazır: “İ.Əfəndiyev əfsanə, mahnı və nağıl kimi qələmə aldığı ilk hekayələrində nəsrə gəlmişdir. Özü də nağıl, əfsanə sözlərini müəllif zahirən də gizlətmir, onu hətta başlıca sərlövhəyə çıxarır. "Sarıköynəklə Valehin nağılı"nda belə səciyyəvi “nağıl ifadələri”, təhkiyə və kompozisiya əlamətləri də vardır. “-aldı Valeh, aldı Sarıköynək” və s. sanki aşıq dastan danışır" (2-.5).
Xalqımızın minillik tarixini özündə yaşadan əfsanələrimizə xalqımızın bütün qüdrətli sənətkarları ülvi hisslərlə yanaşmışlar. S.Vurğun yazırdı ki, “Hansı bir əfsanə olursa olsun biz onda həqiqət şəfqətləri görməliyik, çünki onu insan yarat-mışdır. Biz bu əfsanələr və nağıllar aləmində işıqla qaranlığın, xeyirlə şərin, doğma ilə yadın, düzlüklə əyriliyin mübarizələrini duyuruq” (3-.26).
İlyas Əfəndiyev “Apardı sellər Saranı”, “Qarı dağı” və digər əfsanələrin sücet və obrazlarına öz yaradıcılıq təxəyyülünün prizmasından yanaşır, qəhrəmanının uşaqlıq dövründən yadında qalan həyat hadisələrini təsvir edərkən folklordan bəhrələnməklə keçmişimizdə və bu günümüzdə öz əksini tapan müştərək hadisələrə öz təfəkkürü, təxəyyülü dairəsində yeni bədii don geyindirir. Burada xalqımızın tarixi keçmişini, milli adət-ən'ənələrini, namusu, qeyrəti, vicdanı, doğruluğu, düzlüyü, sədaqəti təbliğ etmişdir və bu günümüzün aktual məsələləri fonunda xalq ədəbiyyatının bu nadir incilərindən yaradıcı surətdə bəhrələnmişdir.
Görkəmli sənətkarlarımız olan Nizami, Füzuli, Nəsimi, Ə.Haqverdiyev, S. Rəhimov, S.Vurğun və digər söz ustaları yaradıcılıqlarında əfsanələrdən bəhrələnməklə bədii cəhətdən qüvvətli əsərlərin yaratmağın mümkünlüyünü dəyərli əsərləri ilə sübut etmişlər.
Nizaminin yaratdığı “Xəmsə”də onlarla, yüzlərlə əfsanələr var-dır və Nizami bu əfsanələrin sücetini, obrazlarını poetik qələ-mindən keçirərək onlardan bəhrələnməklə, öz arzu və ideyalarını ifadə edən yüksək sənətkarlıq nümunələri yaratmaqla həm öz sənət dühasına, həm də o əfsanələrə əbədi həyat, ölməzlik bəxş etmişdir.
İ.Əfəndiyev də bu ənənələri davam etdirmiş, baba-nənələrimizin yaratdığı bu zəngin xəzinədən yararlanmış və istəyinə nail olmuşdur.
Haqq-ədalət, azadlıq və səadət uğrunda mübarizə, milli-mənəvi dəyərlərə hörmət yazıçının qələmə aldığı "Apardı sellər Saranı" əsərinin mövzu və ideyasında əsasdır. O, xalq içərsində geniş yayılmış bu əfsanənin sücetindən istifadə etməklə, əfsanə obraz və motivlərindən bəhrələnməklə yüksək bədii təsir qüvvəsinə malik olan yeni bir sənət nümunəsi yaratmışdır. İ. Əfəndiyevin də yaratdığı bu əsərdə dövründən, zamanından asılı olmayaraq insan azadlığı, insan şəxsiyyəti, ləyaqəti, arzu və istəkləri müdafiə edilir. Süceti xalq ədəbiyyatından götürülmüş bu əsərdə əsas ideya bəşəri ideyadır; məhəbbət, vəfa, sədaqət, etibar. Bu isə xalqımızın milli - mənəvi dəyərlərinin tərkib hissəsidir. Sara "Apardı sellər Saranı" əfsanəsinin qəhrəmanı olub, yazıçının lirik boyalarla üzərində yaradıcı surətdə işlədiyi yeni obrazdır.
Xalq ədəbiyyatında biz Sara ilə yanaşı, Pəri xanım, Sərvinaz, Fatma obrazlarını tanıyırıq. Sara “Göyçək Fatma” nağılındakı yetim Fatma obrazıyla yaxınlıq təşkil edir. Bizim əksər nağıllarımızın qəhrəmanları eləcə də Fatma, Pəri kimi Sara da körpəlikdən anasını itirib yetimliklə böyüyüb boya-başa çatmış obrazlardır. Bu əfsanədə şifahi yaradıcılığımızda tez–tez rast gəldiyimiz sücetlərdən olan ailə–əxlaq görüşləri, insan taleyi ilə bağlı motivlər, milli adət- ən ənələrə hörmət ön plana çəkilir. Əsərdə əfsanədə olduğu kimi bir-birini dərin məhəbbətlə sevən Sara ilə Xançoban əhd-peyman bağlayırlar. Yenə nağıllarımızdan tanıdığımız amansız, qəddar, azğın nəfsli şahlar, xaqanlar onların sədaqətinə qılınc çalır. Öz nəfsinin qurbanı olan murdar şahın təkliflərini qəbul etməyən ata qızının Xançobana nişanlı olduğunu, ona könül verdiyini söyləyir. Şah öz inadından dönməyərək bu Muğan gözəlini ələ keçirmək üçün təklif etdiyi dünya malından, var-dövlətdən imtina edən atanın-balanın arzularının əksinə gedərək zorla onu aparmaq istəyir. Xalq yaradıcılığında əsas yer tutan namus, qeyrət, əhdə vəfa, sədaqət prinsipləri bu əsərin sücetində əsasdır. Bu yüksək insani keyfiyyətləri hər şeydən üstün tutan ata-bala zalım qüvvələrin əlində aciz, kimsəsiz qaldıqda qədim mifologiyamızdan bizə tanış olan müqəddəs, paklıq, ülvilik rəmzi olan dağların, suların, odun, göylərin qüdrəti onların arxasında durur."Apardı sellər Saranı" əsərinin qəhrəmanı Sara köməksiz qalanda ürəklərə od salan bir nalə çəkir:
"- Ata!..
Bu zaman göylər qeyzlə guruldadı. İldırım çaxaraq qoca dağın şiş təpəsini parçaladı. Sular qayalara çarparaq hiddətlə səsləndi. Dərələr uğuldadı. Muğan titrədi. Onun gözəli gedirdi…
…Təbiətin qüdrətli səsi ataya qalibiyyət yolunu göstərdi. O, əlini qaldıraraq:
-Dayanın, -dedi, -şaha bir sözüm var.
Hamı bir an dayandı.
O zaman ata, balasını qolları arasına alaraq çaya tulladı. Sular öz həmdəmini bağrına basıb, sür’ətlə axdı. Ata şaha baxaraq, müdhiş bir təbəssümlə:
-Sözüm bu idi, ey şah! - dedi” (49, s.143,145).
Bu əfsanəni yazıçı özü arzuladığı şəkildə poetik boyalarla təsvir edir, vətən torpağının igidi, Xançobanın sevgilisi ellər gözəli Saranı yadelli xana təslim etməyərək onu coşqun sellərin qoynuna atan atanı e tibar, sədaqət mücəssəməsi kimi oxucuya təqdim edir. Milli əxlaqi dəyərlərimizə bağlılığımızı özündə əks etdirən bu əfsanənin süceti üzərində yenidən işləməklə yazıçı öz bədii təxəyyülünün imkanları əsasında yeni, mükəmməl bir bədii əsər yaratmışdır.
Şifahi xalq ədəbiyyatının incilərindən yararlanan sənətkar “Apardı sellər Saranı” əfsanəsiylə yanaşı, digər xalq ədəbiyyatının qaynaqlarından istifadə etməklə qiymətli sənət nümunələri yaratmışdır. "Qarı dağı", “Vəzir Allahverdi xan və Bəhlul Danəndə”, “Yusif və Esfir”, “İsa-Musa”, “Abidin yuxusu” və s. buna misal ola bilər.
Yazıçı bu rəvayətlərin, nağılların sücet və obrazlarından yararlanarkən ona real həyat donu geyindirir və oxucu qarşısına yeni səpgidə, yeni sənət əsəri çıxarır. Onun qələmə aldığı “İsa-Musa” əsərinə diqqət yetirdikdə görürük ki, İlyas Əfəndiyev bu mövzuya yeni bir ruh, təravət gətirmişdir. Əsərin əfsanədə olduğu kimi süceti qorunub saxlanılır, lakin hadisələr, qəhrəmanlar milli ruhumuza məkan və zamanca daha çox yaxın şəkildə verilir. İsa və Musa bir vətənin oğlu olub ikiyə parçalanmış Azərbaycan övladlarıdır. Yazıçının yaratdığı İsa və Musa özünün dediyi kimi “Qaçaq Nəbinin, Qaçaq Süleymanın at oynatdıqları Üçtəpə dağlarından o tərəfə Salvartı yaylağında”, qışda və yazda isə haramıda sürülərini bəsləyir, var-dövlətlərini artırır, sevdikləri gözəllərə qovuşmaq, gözəl həyat qurmaq arzusu ilə yaşayırdılar. Onların tütəyinin, sazının səsində bir hikmət yatırdı, dinləyənləri heyran qoyurdu. İsanın nişanlısı Güney Azərbaycanlı Xan Kərəmin qızı, Musanın nişanlısı isə Avşar Hacıqulunun nəvəsidir. Hər ikisi yazıçının dediyi kimi “saf nəsildən” olub, elin – obanın sayseçmə igidlərindəndir.
İsayla Musa “Çoban bayatısı”nın sədaları altında xəyalən öz istək və arzularına qovuşmağa can atdığı zaman göyün üzünü bürüyən qara buludun gətirdiyi tufanın dağları, daşları lərzəyə salan amansız uğultusu bu iki qardaşın bütün ömrü boyu nökərçiliklə, alın zəhmətiylə əldə etdiyi sürünü çöllərə tökür və yazıçı amansız təbiə-tin qardaşların başına açdığı müsibətləri əfsanəvi sonluqla bitirir: “Axtardılar, Alabaşı səslədilər, sürünü tapmadılar, yemədilər, içmədilər, yorulub əldən düşdülər, tapmadılar…
O zaman Allah onları bir cüt quş elədi ki, axtarışları asan olsun.
İndi o vaxtdan bəri İsa-Musa quşu hey sürünü axtarıb bir-birindən soruşur:
-İsa tapdın?
-Musa tapdın?” (48, s.68).
Gözümüz qarşısında aydın gecələrdə bir-birini intizar dolu səslə çağıran İsa-Musa quşu canlanır və yazıçı İsa-Musa quşu haqqında yayılmış bu əfsanəni yazılı ədəbiyyatımızda bədii boya-larla, real həyat səhnələriylə zənginləşdirməklə yanaşı bu xalq əfsanəsindən istifadə etməklə öz hümanist ideyalarına sadiq qala-raq insanlara xoşbəxtlik, səadət arzulayır, sanki İsa-Musa quşu haqqında yaranmış rəvayətlərdən, eləcə də özünün yaratdığı bu gözəl sənət əsərindən doğan ideyanı ümumiləşdirir: “-Ey böyük Yaradan!-deyirdi, -insanların …bütün insanların öz xoşbəxtliklərini tapmaq-larına kömək elə! Onların qəlbini yiyəsiz, köməksiz qoyma! Taleyin onları təkləyib naümid, pərişan etmələrini qoyma! Biz insanların bütün ciddi-cəhdinə baxmayaraq, ürəklər birləşib məhəbbətin əbədi ülviyyətini tapa bilmir. Dünya yaranandan bəri axtardığımız səadət nə üçün daima bir ilğım, bir əfsanə olub! Onu tapmaqda, ona qovuşmaqda bizə özün kömək ol, böyük Yaradan!” (48, s.73).
Yazıçının digər bir əsərində yeganə övladını cəbhəyə yola salan atanın narahatçılığı, çəkdiyi əzabların ağrısı, onun həlak olması haqqında aldığı xəbərdən sarsılması təsvir edilir və bu zaman yazıçının müdhiş gecənin qaranlığını yaran “İsa-Musa” quşunun səsinə oxucunun diqqətini yönəltməsi, nağıl və əfsanələrdən eşitdiyimiz İsa-Musa əfsanəsini bizə xatırlatması və folklorun bu nadir incilərindən istifadə etməklə, ondan bəhrələnməklə, hansı zəmanədə yaşamasından asılı olmayaraq əzizlərini itirmiş insanların faciəsini ümumiləşdirməsi sənətkarın yaradıcılığının yüksək ideyalara xidmət etməsini göstərir. İsa-Musa quşunun intizar dolu səsindən, onlar haqqında xalq içərsində dolaşan əfsanələrdən yararlanmaqla, yazıçı yaratdığı obrazın- övladını itirmiş, bala dağının göynərtilərini yaşayan atanın zəngin daxili aləmini yüksək bədiiliklə, daha təsirli şəkildə, emosionallıqla təsvir etməyə nail olmuşdur.
Yazıçının qələmə aldığı əsərin süceti və obrazları ilə Yusif-Nəsib, İsa-Musa əfsanələrinin sücetlərində, obrazlarında oxşarlıq vardır və bu da onu göstərir ki, müxtəlif variantlı, lakin eyni sücetli xalq təfəkkürünün məhsulu olan bu əfsanələrə yazıçı yaradıcı surətdə yanaşmaqla müasir dövrlə səsləşən yeni bir sənət əsəri yaratmışdır.
İ.Əfəndiyev real aləmdə gördüyü insanları, onların sevgisini, kədərini qələmə alarkən xalqının əfsanələrdə yaşayan keçmişinə nəzər salır, oxşar izlər tapır, onlara bir yaradıcı sənətkar kimi yanaşır, bədii təfəkkürünün süzgəcindən keçirir, yeni bir bədii don geyindirir, yeniləşdirir, müasirləşdirir, zamanın tələblərini özündə əks etdirən yeni bir əsərə çevirir.
“Qarı dağı” əsərinin süceti də rəvayətlərdən götürülmüşdür. Torpaq sevgisi, vətən məhəbbəti, işğalçılara nifrət şifahi xalq ədəbiyyatının sücetlərində əsas yer tutur. Şəhəri ələ keçirmək istəyən hökmdar xalqın müqavimətini qırmaq üçün uzun müddət onu mühasirədə saxlayır. Ələ keçirdikdən sonra şəhər camaatını qılıncdan keçirir, elin-obanın sinəsinə dağ çəkir. Xalqın ah-naləsi üzərində öz qalibiyyət şənliyini quran hökmdarın sevinci uzun çəkmir, ona xəbər çatır ki, oğlu Məliktac ağır xəstədir. Şah öz adamlarını şəhərə tökür, sağ qalmış insanlar arasında oğluna təbib axtarır. Onun adamları məhv olmuş şəhərin xarabalıqları arasında bir qarı yaşadığını, xəstəni öz hüzuruna çağırdığını şaha bildirirlər. Başqa vaxt olsaydı, şah o qarını qətlə yetirərədi, lakin əlacsız qaldığından şahzadəni qarının daxmasına aparmalı olur. Ağrılar içində çabalayan cavan şahzadənin imdad dolu baxışlarına ananın ürəyi tab gətirmir. Dağlardan toplayıb gətirdiyi gül-çiçəkdən məlhəm düzəldib onu həyata qaytarır, şəhərin camaatı bu qoca qarıdan üz döndərir. Oğlunun sağaldığını görən şah öz zəfər bayramını yenidən davam etdirmək üçün məclis qurulmasını tələb etdikdə ana dağılmış, virana qoyulmuş, əzizləri öldürülmüş torpağının, xalqının intiqamını bu şahdan almaq hissini boğa bilmir. Ana öz əllərilə hazırladığı cam dolu zəhəri şərbət kimi şaha təqdim edir və şah ilə oğlu bu içkidən yerindəcə ölürlər. Onların ölümündən sonra şahın adamları qarını daxmada qoyub, qapını onun üzünə bağlayıb, komanın üstünə o qədər daş-torpaq tökürlər ki, uzaqdan bu daxma dağa bənzəyir və bu yer “Qarı dağı” adıyla tanınır.
Yazıçı xalq ədəbiyyatının tarında kökləmiş bu əfsanəyə yeni, bədii don geyindirir. Yadelli işğalçılar tərəfindən dağıdılan, yurdu talanan xalqın yağılara olan sonsuz nifrətini qabarıq şəkildə verməklə yanaşı, bu günkü gəncliyin də qəlbində elə murdar işğalçılara qarşı nifrət hissi tərbiyə edir, xalqını, vətənini, elini sevməyə çağırır. Bu əfsanədə vətənə, elə məhəbbət, düşmənə nifrət hissi güclüdür.
"Qarı dağı" əfsanəsinə oxşar yerlə bağlı çoxlu əfsanələr var-dır ki, bunlar da xalqın zəngin təxəyyülünün məhsulu olub bu günə qədər yaşamaqdadır. “Gəlin qayası”, "Qarı sərinci", “Baba dağı”, “Sol-tanbud təpəsi" və s. yer adları ilə bağlı əfsanələr xalq içərisində geniş yayılmışdır.
İ.Əfəndiyev öz əsərlərində hadisələrin əsasında duran qəhrə-manların daxili aləmini açmaq, əsərlərinə daxil etdiyi mövzuların ideya-məzmun cəhətdən zəngin olması üçün nağılların, rəvayətlərin, əfsanələrin mövzu, sücet və obrazlarına bir yazıçı kimi yaradıcı yanaşır. Onun "Allahverdi xan və Bəhlul Danəndə" hekayəsi şərq xalqları içərisində ağıllı, müdrik kəlamları ilə şöhrət tapmış Bəhlul Danəndə ilə bağlı bir rəvayətdən götürülmüşdür.
Bəhlul Danəndə dünya folklorunda ağıllı sözləri ilə dəli kimi tanınmış şərq prototipidir. Lətifələrdə biz onu ədalətsiz hökmdarlara, yalançı ruhanilərə, zalım, qəddar varlılara qarşı kəskin satirik eyhamları ilə qılınc çalan hazırcavab, tədbirli müdrik bir komik obraz kimi tanıyırıq. Xalq arasında məcazi mə’nada Divanə Bəhlul kimi tanınan Bəhlul Danəndəylə bağlı lətifələr T.Fərzəliyev tərəfindən toplanmış və nəşr edilmişdir. Yazıçı “Vəzir Allahverdi xan və Bəhlul Danəndə” əsərini bu lətifələrdən birinin süceti əsasında yazmışdır. Dərin məzmunlu, realist əsərin qəhrəmanı xalq ədəbiyyatından bizə mə'lum olan vəzir və Bəhlul Danəndədir.
Yazıçının “Vəzir Allahverdi xan və Bəhlul Danəndə” hekayəsin-də əsərin qəhrəmanı da Bəhlul Danəndənin üç sözündən şübhəyə düşüb onun sözlərindəki həqiqəti yoxlamaq qərarına gəlir. Üç kül təpəciyini Bəhlul Danəndədən alan ağıllı vəzir burada nə isə bir mə'na oldu-ğunu anlayır. Üç qızıl verib kül təpəciklərin mə'nasını soruşur: “Bəhlul Danəndə birinci təpəciyi göstərib dedi:
-Bu kül təpəsi o adamın başına ki, padşaha inanır.
İkincisini göstərib dedi:
-Bu o adamın başına ki, arvadına inanır.
Üçüncünü göstərib dedi:
-Bu da o adamın başına ki, dostlarına inanır” (48, s.52).
Əsərdə Bəhlul Danəndənin sözlərindəki həqiqətə inam hissi əsas götürülür. Onun sözlərindəki mə'nanı aşkara çıxarandan sonra vəzir hökmdara deyir: ”Bəhlul Danəndə o üç kül təpəsilə bizi fənalı-ğa qarşı sayıq olmağa çağırır. Əlahəzrət, mən yenə də bu əqidəyə gəl-mişəm ki, hər halda biz hökm edənlərin borcu daha doğrusu, çarəsi yaxşı insanlara inanmaq və bu inama istinad edərək cəmiyyəti ədalət-lə idarə etməyə çalışmaqdır” (48, s.56).
Əsərdən çıxan nəticə, ideya bu sözlərdə öz əksini tapır: Ağıllı nəsihətlərdən yararlanmaqla, ağıllı şəxsiyyətlərin müdrik ideyala-rından bəhrələnməklə hakimiyyəti idarə edən şəxsin hakimiyyəti də uzun ömürlü olar, bu nəsihətləri unutmayan dövlət başçısı da xal-qın rəğbətini qazana bilər. Çünki ağıllı nəsihətlərdən yararlanmaq-la əldə edilən müvəfəqiyyətlər daha uzun ömürlü, xeyirli, faydalı ola bilər və ondan istifadə edən hər kəsə ancaq xeyri dəyə bilər. Nağıl, rəvayət canrından bəhrələnməklə yazılan əsərlərində tə’sirililik, səmimilik ön plana çəkilir. O, nağıl motivlərindən təkcə bəhrələnmir, eyni zamanda özü də hadisələrin, nağıl qəhramanlarının xarakterinə münasibətini bildirməklə yaratdığı əsərin ideya və məzmun oricinallığını, əsərinin bədii dəyərini, emosional tə’sir gücünü artırmağa çalışır.
İ.Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatından gəlmə sücet-lərdən və obrazlardan biri çobandır. Onun Çoban Ərşadında və digər yaratdığı çoban obrazlarında xalq ədəbiyyatındakı çoban obrazları ilə oxşarlıq çoxdur. Onlar bizə " Kitabi- Dədə Qorqud" dastanındakı Qaraçuq Çobanı, nağıllarımızdakı ("Cıntaq", "Bəxtiyar" və s. nağıllarda olduğu kimi ) saf qəlbli, qayğıkeş çobanları xatırladır.
İndiki türk xalqlarının, eləcə də Azərbaycan xalqının ulu babaları hesab olunan şumer kitabələrində, “Bilqamıs” dastanında (Hər şeyi bilən adamın dastanı) çobanlar haqqında, ovçu çobanların fəaliyyətindən, yenilməz gücə malik olmalarından bəhs olunur. Çobanların, xüsusən bacarığı, ağlı, zəkası ilə vəhşi heyvanlar arasından çıxan, insanlar kimi yaşamağa başlayan qəhrəman "Enkudu həqiqətən həyatın dibindən çıxıb, əsl zəhmət adamlarının nümayəndəsidir, xalq adamıdır, həyatın acısını dadmış, dağların, meşələrin, düzlərin yolunu, izini bilən, bərkdən-boşdan çıxmış, cismən də güclü-qüdrətli insandır. O…"cüyürlərə qoşulub, çöllərdə ot yeyib, vəhşilərlə birlikdə o da su üstə gəlib, su içib şənlənib".
Dastanda Şamxat onu "Qalx torpaqdan ayağa, dur çoban yatağından" -deyə qaldırıb" (4-101) Bilqamısın şöhrətə, ada çatdığı məskənə gətirir və onlar insanların sakit həyatını, yaşayışını tə’min etmək üçün vəhşi heyvanlara qarşı mübarizədən çəkinmir. Buradan belə aydın olur ki, ovçu-çobanlar, onların bacarığına inamlar ən qədim çağlardan xalq içərisində formalaşmışdır.
Çobanlar haqqında əfsanələr, rəvayətlər yaranmış, onların arzu və istəkləri, nəcib əməlləri şifahi şəkildə yaranan ədəbiyyatımızın mövzusu olmuşdur. Minilliklər boyu xalq onların zəkasının, ağlının mövzusunu müqəddəsləşdirmiş, bir çox sənətkar-larımız əsərlərində onları bacarıqlı, müdrik obrazlar kimi yazı-lı ədəbiyyatımıza gətirmişlər.
Musa peyğəmbərin çobanlıq fəaliyyəti ilə əlaqədar yaranan sayaçı sözlər ən qədim dövrlərin məhsulu olub müəyyən bir inkişaf dövrü keçmişdir:
Xalq ədəbiyyatından tanıdığımız çoban obrazlarının xarakterində olan yüksək insani keyfiyyətlərdən bəhrələnməklə, yazıçı çobanlarda olan qəlb açıqlığını, saflığı, qonaqpərvərliyi, düzlüyü, qeyrəti və digər müsbət keyfiyyətləri yaratdığı çoban obrazının simasında ümumiləşdirməklə, şifahi xalq ədəbiyyatında olduğu kimi yazılı ədəbiyyata da çoban obrazını gətirməklə özündən əvvəlki sənətkarların yaradıcılıq ən ənələrini davam etdirmiş, xalq yaradıcılığından yararlanmaqla bitkin bir çoban obrazı yarada bilmişdir və bu da əsərinin bədii dəyərini artırmışdır. Folklor nümuələrinə dərindən bələd olan yazıçı qəhrəmanlarının daxili əhval-ruhiyyəsini, istək və arzularını oxucuya çatdırmaq, qəhrəmanını sevdirmək üçün ona xalq ədəbiyyatından istifadə etməklə min bir bəzək vurur, onu geyimində, xarakterində, həyat şəraitində nağıl, dastan, əfsanə qəhrəmanlarına bənzər bir şəkildə üzə çıxarır.
İ.Əfəndiyevin yaradıcılığında özünəməxsus yer tutan dastançılıq onun bir çox əsərlərində vardır. Onun "Valehlə Sarıköynəyin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" romanlarındakı dastançılıq süceti xalq eposlardan-dastanlarından gəlmədir. Eposlar dastan şəklinə düşənə qədər xalqın bədii təfəkkürünün süzgəcindən keçir, təkmilləşir, cilalanır və qiymətli bir sənət nümunəsinə çevrilir. İ.Əfəndiyevin yaratdığı əsərlərdə də bir sıra epos qəhrəmanlarına oxşar obrazlar vardır ki, bunlar da bir növ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmaqda olan milli qəhrəmanlıq dastanlarımızın ən'ənərini özündə yaşadan obrazlardır.
İlk eposumuzda olduğu kimi İ.Əfəndiyevin bu realist nəsr əsər-lərində də həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarına məxsus xüsusiyyətlər var. Qəhrəmanlıq və məhəbbət dastanlarımızın əksəriy-yətində sevən aşiq çox zaman varlı qızına vurulur, onun yolunda başı müsibətlər çəkir, axırda isə sevgilisinə qovuşur, öz arzu və ideya-larına çatır.
Çoban Ərşad da belə dastan qəhrəmanlarımızı xatırladır. O, Dədə Qorqud eposundan çox ”Koroğlu”, “Qaçaq Nəbi” qəhrəmanlarına bən-zəyir. Bununla belə onun özünəməxsus oricinal xüsusiyyətləri vardır. Ərşad dəliqanlıdır, çılğındır, mərddir. Xalqımızın qanına-canına hopmuş haqq-ədalət, mərd-namərd missiyasına bəslənən münasibətlərin kökləri dərindir. Çoban Ərşad da öz sələfləri kimi basdığı kəsən igidlərdən deyildir. Sarıqaçaqla görüşdükdən sonra onun Sovet hökumətindən məcbur olub qaçıb İran tərəfə keçən tərəkəmə çamaatından – Nurunun qardaşı Fərhad olduğunu gördükdə onu öldürmür, buraxır. Qarşısındakı igidin də ölümün üzünə dik baxdığını görüb, mənsub olduğu Tərəkəmə - Kürdoba camaatının yanına üzüqara qayıtmaq istəmir.
Dövlətin qanununun nə qədər ciddi olduğunu başa düşsə də, el-obasının qarşısında daha çox məsuliyyət daşıdığını duyur. Basdığı qəhrəmanları və yaxud düşmənləri öldürməmək Azərbaycan igidlərinə məxsus keyfiyyətdir. Tarixən ulu babalarımızdan bizə miras qalan dastanlarımızda bu xüsusiyyətlər geniş əksini tapmışdır. İstər “Koroğlu”, istər “Qaçaq Nəbi”, istərsə də ən qədim dastanımız “ Kitabi – Dədə Qorqud”da belə qəhrəmanlar çoxdur.
Beyrəyin ölüm xəbərini çatdırıb onun nişanlısı Banıçiçəyə sahib olmaq üçün yalan danışan Yalıncığı da Beyrək qılıncının altından keçirir, öldürmür. “ Yalançıq oğlu Yalıncuq bunı eşitdi. Beyrəgin qorqusından qaçdı, özini Tana sazına saldı. Beyrək ardına düşdi, qoa-qoa saza düşirdi. Beyrək aydır: - Mərə, od gətürin”. Gətürdilər. Sazı oda uradılar. Yalınçıq gördi kim, yanar, sazdan çıqdı Beyrəgin ayağına düşdi. Qılıcı altından keçdi. Beyrək dəxi suçından keçdi”. [66]
Çoban Ərşad həm də sevən aşiqdir.
Məhəbbət və qəhrəmanlıq motivlərini özündə əks etdirən dastanlar ilk növbədə xalq içərsində şifahi şəkildə yayılmışdı və yazıçının qəhrəmanları da dastanlara yaxından bələd idi. Ərşad da sələfləri Məcnun kimi, Kərəm kimi təmiz məhəbbətlə sevən aşiq idi, yazıçı Ərşadın ağzından çıxan alovu Ziyadxan oğlu Kərəmin ağzından çıxan alova bənzədirdi. Çünki bu alov təmiz məhəbbətlə sevən, eşq atəşi canına düşən aşiqlərə məxsus idi və yazıçı xalq ədəbiyyatından gələn bu motivdən yararlanmaqla igid, qorxmaz bir insan olmaqla bərabər, həm də sevgisinə böyük hisslərlə yanaşan qəhrəmanını daxili hisslərini, incə duyğularını daha qabarıq, daha qüvvətli verir. Hər axşam Sərvinazın eşqilə obaya qayıdan Ərşad məhəbbəti yolunda hər cür əzablara sinə gərir. Bütün varlığıyla öz sevgisinə qovuşmaq üçün mübarizə aparır.
“Çoban Ərşad göz-gözü görməyən qış gecəsində qar basmış çölbi-yabanla ulduzları tuş tutub, Kürdobaya tərəf payi-piyada addımlayır-dı. Yaman soyuq idi, amma çoban Ərşadın ağzından Ziyadxan oğlu aşıq Kərəm kimi alov çıxırdı. Kərəm Əslinin eşqinə yanırdı, çoban Ərşad da Sərvinazın eşqinə yanırdı…” (54, s.14).
Azərbaycan dastanları içərisində “Leyli və Məcnun”da Leylinin, “Əsli və Kərəm”də Kərəmin ağzından od çıxması haqqında mövzular bizə mə'lumdur. "Əsli və Kərəm" dastanında Kərəmin çəkdiyi ah oda dönüb onu yandırır:
“...Bir də baxdılar ki, dan ulduzu doğub Kərəm dərindən ah çəkdi. Onun ağzından bir od qalxıb, öz canına düşdü. Kərəm yanmağa başla-dı. Əsli bunu görən kimi özünü itirdi, dad-fəğan eləyib ağlamağa başladı” (47, s.72).
və yaxud
"Leyli və Məcnun" dastanında da Leylini böyük bir məhəbbətlə sevən Məcnun anasının suallarına cavab verməkdə aciz qaldıqda "içindən elə bir ah çək"ir ki, ağzından od çıxır. Atası Məcnunu evə salıb qapını bağlamaq istəyəndə də, Zeyd onu çay kənarında tapanda da bu məhəbbət aşiqinin ağzından od çıxdığını görür: "Zeyd bir müddət yol gedib, bir çayın kənarına çatdı. Gördü ki, burada bir şey od tutub yanır. Tez özünü yetirib gördü burda yatan binəva Məcnundu, hər ah çəkdikcə ağzından od çıxır." (səh.343.)
Yazıçı qəhrəmanının daxili əhval-ruhiyyəsini açmaq üçün folklora müraciət edir və bununla da hadisələrin daha maraqlı, bədii cəhətdən daha qüvvətli çıxmasına nail olur.
Kərəm Qara keşişin, Məcnun Leylinin atasının ucbatından öz məhəbbətlərinə qovuşa bilmir. İ.Əfəndiyevin qəhrəmanı onların başına gələn müsibətlərin baisi kimi Qara Keşişi lə’nətləyir. Sərvinazla qovuşmağına bais olan dayısı Eyvazı da lə’nətləyir. Məhəbbət yolunda oda düşüb yanmaqda onu günahlandırır. Kərəmin halına acımaqla yanaşı eyni zamanda özünün çəkdiyi daxili iztirab-ları, sarsıntıları da açmış olur: “Səni cəhənnəm oduna yanasan, Qara keşiş!”, “Sənin bağrın od tutub yansın, Eyvaz dayı!” (54, s.14). Ərşad Sərvinazı Hacı kimi bir dövlətlinin oğlu Nuruya nişanladığı və onu hicran odunda yandırdığı üçün dayısı Eyvazı günahkar bilir və onun tamahı ucbatından başı bəlalar çəkdiyi üçün Əslini Kərəmə qovuşmağa imkan verməyən Qara keşişə oxşadır və onu lənətləyir. Yazıçı bu priyomdan istifadə etməklə sevən aşiq Ərşadın fikirlərini, istək və arzularını çox ustalıqla qələmə ala bilir və yaddaqalan obraz yaratmağa nail olur. Aşiqlər həmişə öz sevgisinə qovuşmaq uğrunda mübarizə apararkən mürtəce qüvvələrlə rastlaşır. Bir zamanlar övlad həsrətiylə alışıb yanan Qara keşiş Ziyadxanla bağladığı əhd-peymanı uşaqları dünyaya gələndən, böyüyüb boya-başa çatandan sonra unudur. Qəflətən Kərəmin Əslini görüb ona vurulduğunu eşitdikdə verdiyi sözü yerinə yetirmək əvəzinə, qızını götürüb eldən qaçır. Diyarbadiyar məmləkətləri gəzib Əslini soraq-layan Kərəm axırda Əsliyə qovuşmaq anı çatdığı zaman yenə də Qara kişinin törətdiyi cinayətin qurbanı olur, arzusuna çata bilmir. Əsliylə Kərəmin birləşməsinə mane olan Qara keşişi xatırlatmaqla, dastanlarımızdan gələn ənənələrdən bəhrələnməklə insanların xoşbəxtliyinə mane olan qüvvələri lə’nətləməklə, onun iki gəncin faciəsinə səbəb olan dastan obrazlarını da bizə xatırlatmaqla sənətkarlıq baxımından samballı bir əsər ortalığa çıxaran yazıçı var-dövlətə, şöhrətə həris insanların hər bir zaman, hər bir cəmiyyətdə olduğu fikrini də təsdiqləmiş olur. Hacı Tanrıverdi köklü nəsildən olduğundan, var-dövləti ilə tanındığından və oğlu Nuru da Bakıda böyük məktəbdə oxuduğundan qızı Sərvinazı "Ərşad kimi ömrü boyu dağda-daşda əynində keçə cürcənə qoyunun dalında hərlən"ən bacısı oğluna- çobana vermək istəmir. "Keçə cürcənə" libaslı Ərşadın daxili aləminə diqqəti artırmaq, onun arzu və istəklərinin saflığını üzə çıxarmaq üçün İ.Əfəndiyev folklor motivlərinə üz tutur.
İ. Əfəndiyev məhəbbət dastanlarından gələn motivlərdən istifadə etməklə yaratdığı obrazın zəngin daxili aləmə malik olduğunu, boyük arzularla yaşadığını, özündən əvvəlki dövrlərdə yaranan folklora məhəbbətini daha real boyalarla vermək üçün bu priyomlardan istifadə etmişdir.
İ.Əfəndiyev yaradıcılığı təpədən-dırnağa folklorla, onun qəhrəmanlarının əməl və ideyaları ilə silahlanmışdı. Şifahi dildə əsrlər boyu yaşamış bir xalq xəzinəsindən bəhrələnmiş, varlanmışdır. Bu mə’nəvi varlanmaq İ.Əfəndiyev qələminin gücünü, sehrini üzə çıxaran folklorun qələbəsidir.
Xalqının yaratdığı milli mə’nəvi dəyərlərə üz tutan, onu dərindən öyrənən, ondan bəhrələnən sənətkarın yaratdığı əsər uzunömürlü olar. Çünki mənbəyini xalq yaradıcılığından götürmüş yeni sənət əsəri keçmişimizlə bu günümüz arasında əlaqə yaradırsa, onları doğmalaşdırarsa, bu vəzifəni yerinə yetirən hər bir sənətkar qələmi xalqa xidmət edirsə belə əsərlər oxucu üçün, kütlə üçün ən qiymətli mə’xəzə çevrilmiş olur. İ.Əfəndiyevin yaratdığı hər bir obrazın daxilində, hissində folklor arayır, onun işığında, şö’ləsində yeriyir və yeridikcə ilhamını bu nurdan alır, xalqının mə nəvi - estetik bulağında yuyunaraq saflaşır.

İLYAS ƏFƏNDİYEV YARADICILIĞINDA BAYATI, AŞIQ YARADICILIĞI
VƏ XALQ MAHNILARINDAN BƏHRƏLƏNMƏ

Bayatı İ.Əfəndiyev yaradıcılığında da özünəməxsus yer tutur.
İ. Əfəndiyevin əsərlərində milli koloriti artırmaq üçün bir bədii priyom kimi istifadə etdiyi xalqımızın yaratdığı qiymətli söz abidələrindən olan bayatılarda əsrlərin, qərinələrin qucağında uyuyan bir millətin, xalqın kədəri, sevinci, qəmi, arzusu, istəyi, cövrü-cəfası öz əksinin tapmışdır. Bunlar yaranandan, insan təfəkkürü inkişaf edəndən, öz ürəyindən keçənləri dili ilə izhar etməyə başlayandan bayatılar onların sinəsində qaynamış, öz məcrasından çıxıb elin fikir və duyğularının ifadəsinə çevrilmişdir. Çünki bəşər övladının hansı sinifdə, hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, onların demək olar ki, bütün dövrlərdə ürək çırpıntıları, istək-arzuları eynilik təşkil etmişdir-xoşbəxtliyə qovuşmaq səadətə yetişmək, ağrılı-acılı ömürdən uzaq olmaq hissiylə yaşamış yaratmışlar.
Əzizim, ağlamazdım,
Gülərdim ağlamazdım,
Bilseydim vəfan budur,
Sənə bel bağlamazdım (22, s.285).
Eşq dərdindən çöllərə düşən Məcnunlar, pərvanə tək eşq odunda yanan Leylilər, Şahsənəm dərdindən qərib ellər gəzən, yurdundan-yuvasından cəlayi-vətən olan Qəriblər, Əsli dərdindən yanıb kül olan Kərəmlər, onların hiss-həyəcanları yazıçının qəhrəmanlarının hiss-həyəcanları ilə yaxındır və onların yaddaşına həkk olunmuş bu bayatılar onların ürəyindən xəbər verən duyğuları özündə birləşdirir. Hər hansı bir qəhrəmanın diliylə verilən bir bayatı vasitəsilə yazıçı bütöv bir insanın daxili aləmini açmış olur. Dərin məzmunlu, hər biri qalaq-qalaq qiymətli sənət əsərlərinə bərabər, zəngin ideyaları özündə yaşadan, xalq hikmətinin xəzinəsindən olan bayatılardan bəhrələnməklə yazıçı real qəhrəmanını nə kimi arzu və ideyalarla, istəklərlə yaşadığını gözümüz önündə canlandırır.
Eləmi dərdə sərəm,
Bağlanıb dərdə Kərəm.
Qoşaram qəm kotanın
Sürərəm, dərd əkərəm. (47)
Qəhrəmanın diliylə verilən bu bayatıya qəriblik, vətən həsrəti, sevgi, vüsal, intizar, insanın kədəri, qəmi hopmuşdur. O, bəşəri ideyaları, arzu və istəkləri özündə yaşatdığı üçün, yaranmasından əsrlər keçməsinə baxmayaraq bu gün də yaşayan insanların fikir və duyğuları ilə üst-üstə düşdüyündən yazıçı qəhrəmanının daxili aləmini oxşayan, onun zəngin aləmini, hiss-həyəcanlarını, könül çırpıntılarını daha təsirli, bədii cəhətdən qüvvətli olması üçün ümumxalq malına çevrilmiş bu qaynaqlardan istifadə etmişdir:
Dağlar marala qaldı,
Otu sarala qaldı
Soyuq bulaq, göy çəmən,
O da marala qaldı (4-53).
Yazıçının qəhrəmanı “qanrılıb boş qalmış yurda baxıb dağlarda əks olunan” dərdli-qəmli səslə bu bayatını çağırır. Yurdundan ayrılmaq istəməyən kürdobalıların ürəyindən keçən hissləri onların gözlərindən oxuyur, el köçüb yurdu qalan pərişan camaatın ağrı-acılarını qoca ağsaqqal öz ürəyində yaşadır və söylədiyi bu misralarda ən səmimi, ən dərin insani hisslər ümumiləşdirilir. Yuxarıda deyilən bu bayatını yazıçının qəhrəmanı öz daxili qəminin nəticəsi kimi söyləyir. Eldən gələn bu dörd misra qəhrəmanın daxili aləmini açmaq, onun zəngin mənəvi əxlaqi keyfiyyətlərə malik olduğunu, öz milli mənəvi dəyərləri üzərində kökləndiyini oxucuya çatdırmaq üçün qiymətli mənbədir. Vətəninə, yaşadığı məkana bəslənən sonsuz məhəbbəti hər şeydən üstün tutan yazıçı bu kiçik, lakin dərin məzmunlu bayatıdan yararlanmaqla qəhrəmanının qəlbindəki ayrılıqdan doğan səmimi hissləri daha obrazlı şəkildə verir.
Yazıçı qəhrəmanlarının dilində bayatılardan istifadə etməklə yaratdığı əsərin bədii-estetik dəyərini artırmışdır. İ.Əfəndiyev şəxsində bu el ədəbiyyatına qırılmaz tellərlə bağlılıq görürük. Bu, onun Qarabağ elində bayatı xalq şe’rinə olan mehr-məhəbbətdən irəli gəldiyini görürük. Böyük sənətkarımız Vaqif, Vidadi Qarabağda yaranan bayatıların kamil söz sənətimizin əvəzsiz nümunələri olduğunu, “külli-Qarabağın abı-həyatı, nərmə-nazik bayatıdır-bayatı” misrasıyla bayatıların beşiyi olan Qarabağda onun geniş yayıldığını söyləməklə və İ.Əfəndiyev də öz əsərlərində qədim bu sənət nümunələrinə öz yaradıcılığında müraciət etməklə yaradıcılıq imkanlarını genişləndirmiş olur. Ən geniş yayılmış folklorumuzun qiymətli inciləri olan bayatılar haqqında M.Hüseyn yazırdı: “Bayatılar xalq şüurunun dərinliyini, xalq hissinin zənginliyini ən aydın və ən səmimi bir şəkildə ifadə edən şe’r formasıdır”
Xalq içərisində geniş yayılmış folklorumuzun qiymətli inciləri olan bayatılar xalq şüurunun qüdrətini, zənginliyini ən aydın və ən səmimi bir şəkildə ifadə edir. Hansı dövrdə yazıb -yaratmasından asılı olmayaraq böyük sənətkarlarımız bu sənət nümunələrinə məhəbbətlə yanaşmış, onun zəngin məna dərinliyindən əsərlərinin zəngin bir sənət əsəri kimi ərsəyə gəlməsi üçün bədii bir vasitə kimi istifadə etmişdir. İ.Əfəndiyev də öz müasirləri kimi, eləcə də özündən əvvəlki dövrlərdə yazıb-yaradan klassiklərimiz kimi bayatılara məhəbbətlə yanaşırdı. Obrazın daxili aləmini açmaq, onların qəlbindən keçən arzu və istəklərini əks etdirmək, psixoloci duyumları zənginləşdirmək üçün bayatılar onun karına gəlirdi:
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
Ayrılıqdan doğan dərdi, qəmi əks etdirən bu bayatı vasitəsilə yazıçı obrazların qəlbində yaşatdığı ayrılıqdan doğan ağrı-acını ümumiləşdirir. Yığcam, qısa, konkret bir şəkildə həsrət, ayrılıq dərdinin yaratdığı əzabları ümumiləşdirən bu bayatı qəhrəmanın daxili aləminə nüfuz etməkdə oxucuya kömək edir. Ən yaxın adamların ayrılığından doğan kədər oxucu qəlbinə yol tapır. Bayatıdan yaradıcılığında istifadə priyomu özü də İ.Əfəndiyev sənətində göydəndüşmə deyil. Onun ömrünün ən gözəl çağları olan uşaqlıq illəri bu bayatıların həzin zəngulələri üstündə köklənib və ömrünün o kiçik çağlarından eşitdiyi bu sənət nümunələri onun yaddaşına həkk olu-nub, “köç hündür dağın döşündən sallanmış el yolu ilə getdikcə mənə elə gəlirdi ki, ulduzlu göyün bir parçası, dəvənin yırğalana-yırğalana getməsi... mənə yuxu gətirirdi. Hardan gəlirik? Hara gedirik?... bilinmirdi. Birdən köçün qabağıncan nərin üstündə gedən Səkinə nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin üstündə uca səslə bayatı çağırdı:
Aşıq gecələr gələr,
Yatıb dincələr, gələr.
İllər mübah keçəndə
Karvan gecələr gələr" (346)
Səkinə nənə ilə yaşıd olan Mustafaoğlu da köçün arxa tərəfindən başqa bir bayatı çağırır.
Bu bayatılardakı mə’na tutumu, axıcılıq, ürəyə yatımlılıq güclüdür. Yazıçı qəhrəmanın daxili aləmini bu misralar üzərində kökləyir. Hadisələri danışan qəhrəman bu bayatılarda şahidi olduğu hadisələrdə qəhrəmanlarının daxili aləmindən xəbər verən bir məna yaxınlığı gəzir. Onların başına gələn faciələrin köklərini eşitdiyi qəmli misralarda tapır: “Sükut içində zınqrov səsləri sanki asta – asta Cahargah muğamına çevrilərək mənim xəyalımı çəkib dərk eləmədiyim, ancaq əsrarlı şirinliyini hiss etdiyim uzaqlara aparırdı və bu namə’lum uzaqlarda eynilə belə aylı – ulduzlu qaranlıqda çöllərdə gedən Qızyetəri, gah qızıl taxtda əyləşən, özü də mənim anam kimi gözəl olan pərilər padşahını və onun qabağında rəqs eyləyən qızları görürdüm.”
İ.Əfəndiyev yaradıcılığı bu gözəl sənət nümunələrini yaradan xalq təfəkkürünün zəngin xəzinəsi üstündə pərvəriş tapıb. Kamil sənət nümunələri olan bu folklor nümunələrinin hər biri bir qiymətli sənət abidəsidir.
İ.Əfəndiyevin öz əsərlərində müraciət etdiyi bayatılar da onun yaratdığı obrazın fikir və arzularını ifadə edir. Qızyetər çoban Mahmudu sevir, lakin onun sevgisi el içində yaxşı qarşılanmır. Ərsiz, dul, üç övlad anası Qızyetərin sadə xalq içində kinayəylə qarşılanan məhəbbəti ona ancaq tə’nə gətirir. Elin eyham və tə’nələrindən, kinayəli baxışlarından uzaq olmaq üçün Qızyetər yanıqlı-yanıqlı çobandan xahiş edir:
Şamamanın gülü sarı,
Üzməmişəm, gülü sarı.
Apar məni, canım çoban,
Gün çıxmamış aran sarı. (s.153)
Yazıçı eldən gələn bu misralarla qəhrəmanının daxili aləmini açır.
Aşıq sənəti Azərbaycan xalqının ən çox sevdiyi, hörmət bəslədiyi, sevə-sevə yaşatdığı sənətdir. Əsrlər boyu xalq bu sənəti yaşatmış və bu gün də yaşatmaqdadır. Aşıqlıq sənətinin kökləri dərinliklərə gedib çıxır. Qam-şaman qaynaqlarına nəzər saldıqda aşıq sözünə, qüdrətinə, musiqisinə hörmətin tarixi köklərinin araşdır-mış olarıq. Türk xalqları ümumiyyətlə musiqiyə, sözə yüksək qiymət vermiş, onun gücünə, qüdrətinə inamlarını yaşatmışlar. Türk xalqları içərsində aşıq sənətinə, onun qopuzuna, sözünün qüdrətinə inam güclü olmuşdur. Onlar Mirəli Seyidovun qeyd etdiyi kimi "inanırmışlar ki, yamanı, pisi də onların yardımı ilə qovmaq olar. Söz-musiqi sənətinin yardım etməsi inamına və onlara ehtiramın əlaməti olaraq azərbaycanlıların ulu babalarından Oğuzlar savaş-müharibə meydanına qopuz apararmışlar. Xaqanlar rəsmi qəbullarında yanlarında ya özləri silah, qopuz saxlarmışlar, ya da silahlı döyüşçü və qopuzçu olarmış. Axı Dədə Qorqud və onun qopuzu Günəşlə ilişgəli olduqlarından bəlanı qovurmuşlar" ( s.59).
İ.Əfəndiyev bütün əsərlərində demək olar ki, aşıq sənətinə çox meyl göstərdiyini açıq hiss etdirir. Ən iri həcmli əsərlərindən olan “Sarıgöynəklə Valehin nağılı” əsəri aşıq yaradıcılığı fonunda inkişaf edir. Əsərin nağıl adlandırılması, on beş nağıla - hissəyə bölünməsi və burada iştirak edən obrazların söylədiyi hadisələrin aşıq yaradıcılığı stilində verməklə dastanlara məxsus keyfiyyətlərin də əsərə gətirilməsi, “aldı Sarıköynək”, “aldı Valeh” şəklində qurulması xalq yaradıcılığımızın-folklorumuzun bir çox nümunələrini özündə birləşdirməsi əsərin bədii keyfiyyətini artırılmasına, məna gözəlliyinə xidmət edir.
İ.Əfəndiyevin hafizəsinə həkk olunan bu aşıq şe’ri onun öz yaradıcılıq sənəti ilə birləşərək yazıçı təxəyyülünün süzgəcindən keçərək, kamil sənət əsərlərinin meydana çıxmasına şərait yarat-mışdır.
Aşıq yaradıcılığı İ.Əfəndiyevin milli-mə'nəvi həyatında mühüm rol oynamışdır. M.N.Təhmasib yazırdı ki, “Aşıqlar əməkçi xalqın arzu və istəklərini, fərəh və sevinclərini, kədər və iztirablarını, mübarizələrini tərənnüm etmişlər. Aşığı xalqdan ayrı təsəvvür etmək mümkün deyildir. O, həmişə xalqla, ellə, yaşadığı kəndlə bir yatmış, bir oyanmış, birgə sevinmiş, birgə kədərlənmişdir. Buna görə də Azərbaycanda aşığa, “aşıq elin arxasıdır”, “aşıq haqqın aşığıdır”…və s. onlarca belə ifadə aşığın xalqa nə qədər bağlı olduğunu aydın göstərir” (130, s.55).
Görkəmli sənətkarımız aşıq şe’rindən bəhrələnməklə yaratdığı obrazın daxili, mə’nəvi psixologiyasını açır, bədii cəhətdən qüvvətli arzu və istəklərinə qovuşmaq həsrətilə yaşayan surətlər yaradır. Yazıçının nəsr əsərlərində məhəbbət dastanlarında olduğu kimi iki sevən aşiqin məhəbbəti təsvir edilir və yazıçı insanın daxili ələmini, mərdliyini, qəm-qüssəsini, şirin duyğularını aşıq sənətində olduğu kimi əlvan boyalarla verir. Aşıq şe’rindən yararlanmaqla, aşıqlıq sənəti üzərində köklənməklə qəhrəmanının daxili aləmini daha qabarıq, daha emosional, təsirli verə bilir.
Dağların üstündə qar nişanası,
Gül üstə görünür xar nişanası,
Ölürəm, qəlbimdə yar nişanası
Gözüm yolda, intizara yetmədim (s.152).
Qoşma üstündə verilmiş bu misralarda saf məhəbbəti, lirik qəhrəmanın istək və arzularını, sevən gəncin qəlbindəki eşqin ilahiliyini görürük. Romanda diqqəti cəlb edən hadisələrdən biri Qızyetərin (“Geriyə baxma, qoca” əsərində) həyatı ilə bağlı hadisələrin nağıl-dastan yolu ilə verilməsidir. “Allah Qızyetərə bir gözəllik vermişdi: böyüyüb ərkən yaşına çatanda aya deyirdi sən çıxma, mən çıxaram, günə deyirdi sən çıxma, mən çıxaram” (53, s.150).
Qızyetər nişanlanandan sonra el yaylağa köçür, yaylağa köçəndən sonra əmisi oğlunun ona - nişanlısına baş çəkməməsi qızın qəlbinə dəyir. Yazıçı Qızyetərin ona göndərdiyi məktubu dastanlarımızda gördüyümüz formada təsvir edir: “Güllər, çiçəklər arasında Qızyetər hey gözlədi, əmisi oğlu gəlmədi. O vaxt qız bir namə yazıb göndərdi nişanlısına; aşıqlar da o naməyə hava qoşub oxudular:
Əmim oğlu məndən heç utanmadın?
Üç ay keçdi, bir yaylağa gəlmədin!
Yüz min cəfa ilə köks ötürdüm mən,
Ordan yendin Ağbulağa gəlmədin!

Mən səni istədim hamıdan əziz,
Neyləyim yanında oldum bir kəniz.
Ətir can bəslədim güllərdən təmiz,
Namərd oğlu bir yayalağa gəlmədin” ( s.151).
Qızyetər əmisi oğlunun xəyanətindən sonra Kərbalayı İbixanın nəvəsi Alməmmədə qoşulub qaçır. Əmisi oğlu Alməmmədi öldürdükdən sonra gözəl Qızyetərə bir çoban vurulur. Çobana biganə qalmayan Qızyetərlə çoban Mahmudun görüşlərini yazıçı elə bir tərzdə qələmə alır ki, sanki “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli-Kərəm” kimi hansısa bir dastanı oxuyursan. Yazıçının qəhrəmanı çoban Mahmudun adı da xalq ədəbiyyatından gəlmədir. Kərəmin ilkin adı da Mahmuddur. Əsliylə görüş səhnəsindən sonra Mahmud onun əsl adı Məryəmi Əsli adıyla əvəz etdikdən sonra öz adını da dəyişdirib Kərəm qoyur. Atasından icazə alıb ova çıxmış Mahmud tərlanını axtararkən Əslini görür:
“Mahmud ona yaxınlaşıb dedi:
-Qız, mənim tərlanım elə sənsən. Mən Ziyadxanın oğluyam. Gəl əhd-peyman eləyək.
Qız dedi:
-Oğlan Kərəm eylə, çıx get burdan, keşiş babam gəlib bizi görməsin.
Mahmud dedi:
-Məryəm, görürəm, “Kərəm” sözü xoşuna gəlir, qoy bu gündən mənim adım Kərəm olsun, sənin adın Əsli.
Kərəm barmağındakı üzüyü qıza, qız da ipək əl dəsmalını Kərəmə verdi. Ordaca əhd-peyman eləyəndən sonra ayrıldılar” (47, s.10).
Folklor nümunələrindəki bir sıra obrazların adlarının yazıçının ədəbiyyata gətirməsi özü də maraqlı cəhətlərdən biridir. Onun qəhrəmanı Ovçu Pirim, Mahmud, Sara, Xan çoban, Pəri, Xızır, Kor Şeytan, Ana div, Valeh obrazları xalq ədəbiyyatı qaynaqlarından süzülüb gələrək yazıçının qələmindən yeni səpgidə, xalq ədəbiyyatından gələn incilərlə bəzədilmiş şəkildə təqdim olunur. Ovçu Pirim folklorumuzda olduğu kimi yarımmifik obraz olub sehrli qüdrətə malik olan bir surət deyil, yazıçının əsərində şəhərdən gəlmiş xeyirxah bir qonağın onun üçün qoyub getdiyi hədiyyəni qəbul edən sadə bir insandır. Heç bir qüdrətə malik olmasa da bu sadə ovçu obrazını bizə sevdirən onun xalq ədəbiyyatından gələn motivlərlə ilişgəli şəkildə verilməsidir. Ovçu Pirim də, Mahmud obrazı da nağıl, dastan obrazları kimi xalq içərsində tanınır və yazıçı da bu obrazlardan bəhrələnməklə mükəmməl obraz yaratmışdır. Bu xəlqilik yazıçının yaradıcılığında mühüm yer tutur. Onun bir sıra əsərlərini oxuyarkən xalq ədəbiyyatı ənənələrini yaşatdığının şahidi oluruq.
Mahmud Qızılboğaz yaylağında Qızyetəri görüb "bir könüldən min könülə" ona aşiq olur "Qızyetər "Eşşək bulağı"ndan səhəngini doldurub çıxanda gördü ki, çoban Mahmud qayanın üstündə durub ona baxır…:
“-Ay gəlin, -dedi, -bilirəm, dulsan, amma aşiqəm sana, mana gələrsənmi?
-Buy, başıma xeyir, oğlanın yalanına bax…
Çoban dedi:
-Yalanı yoxdu, düz sözümdü.
Qızyetər dedi:
-Sən belə cavan, gözəl oğlansan, üç uşağın anasına necə aşiq ola bilərsən?
Çoban dedi:
-Lap doqquz uşağın da olsa, keçmiyəcəm səndən.
Hə ... aşıq da burda vəcdə gəlib dedi:
Gözəl, səndə nə qaydadır,
Gedəni yoldan eylərsən?” (53, 152)
və yaxud,
Səhəri gün Dəvəuçan dağının pünhan yerində Qızyetər sevgilisinə baxıb yanıqlı-yanıqlı dedi:
Dağların üstündə qar nişanası,
Gül üstə görünür xar nişanası,
Ölürəm, qəlbimdə yar nişanası,
Gözüm yolda, intizara yetmədi.
Çoban Mahmud gördü ki, nəysə Qızyetərin dərdi tərpənib, dedi:
-Nə olub? Niyə yaralı danışırsan?
Qızyetər dedi:
-Fələk bizi bir-birimizdən ayıracaq!
…Çoban dedi:
-Yaxşı, hara aparım səni?"
"Əsli və Kərəm" dastanında Kərəm də Əslini gördükdən və ona vurulduqdan sonra çəkdiyi əzabları Sofi lələyə belə izhar edir:
Gedibdi başımdan kamalım, huşum,
Əlimdən uçubdu bir tərlan quşum,
Çox xoş ikən, nəsə dönübdü işim,
Fələk işlərimi daşa salıbdı.
Və yaxud, Əslinin dərdindən dərdə düşən Kərəm qarıya düşdüyü sevdanı belə söyləyir:
Sinəm üstə düyün dağlar,
Görənlər hərcayı çağlar,
Kərəm Əsli deyib ağlar,
Yar məni sevdaya saldı! (s.78)
Qəhrəmanların sonrakı taleyində də bir oxşarlıq var. Əsliylə Kərəm, Qızyetərlə Mahmud xoşbəxtliyi tapa bilmirlər. Əsliylə Kərəmin xoşbəxtliyinə mane olan xəbis qüvvələr Qızyetərlə Mahmudun da faciəli şəkildə məhvinə bais olurlar. Çoban Mahmud kimi namərd sevgilisindən intiqam alan Qızyetərin müəmmalı yoxluğu, onun Möhnət qocanın söylədiyi nağılların qəhrəmanları arasında əriyib getməsi bir ideyaya xidmət edirdi ki, bu da nakam məhəbbətin faciəsinin insan taleyində oynadığı rol idi. Qızyetərin çoban Mahmudla arasında olan sevgi münasibətlərinə həqarətlə baxan, azad sevgi münasibətlərinə qarşı çıxan xalq içərsində bu münasibətlərə baxışlar eyni deyildi. Əvvəldən sevgidə baxtı gətirməyən Qızyetərin faciəsi təkcə onun özünün deyil, bir zaman atadan, sonra isə anadan yetim qalan Qaracanın da faciəsi idi. Real həyat həqiqətlərinə nağıl donunu geyindirərək Möhnət qocanın diliylə verən yazıçı insan taleyinin, kədərinin, nisgilinin istər bu gün, istərsə də min illər, milyon illər bundan qabaq da eyni olduğunu ümumiləşdirir: arzusu, istəyi puça çıxmış hər bir insanın nisgilli həyatı dastanlara, nağıllara, musiqiyə, bayatılara hopub. Belə epizodik səhnələr dastanlarımızda olduğu kimi İ.Əfəndiyev yaradıcılığında da çoxdur. Onun əsərlərində folklor motivləri güclüdür. Elə bilirsən hansısa realist bir romanı deyil, dillərdən-dillərə, ağızlardan-ağızlara keçib bu günümüzə gəlib çatan bir xalq dastanını oxuyursan və hadisələr getdikcə özündə nağıl dolu dünyamızı da birləşdirir. Bir zamanlar dastan-nağıl sücetləri bir-birinə yaxın olduğundan xalq onlar arasında fərq qoymamış, gah dastan, gah nağıl ifadələrini işlətmişdir ki, bunun da köklərindəki bağlılıqdan irəli gəldiyini bilirik. Təhmasib yazırdı ki, "Mə'lumdur ki, epik əsərlərin növləri, canrları içərsində bir-birinə yaxın olan dastanlarla nağıllardır. Daha dəqiq deyilsə dastan əsatirdən, əfsanədən, rəvayət, təmsil, lətifə və sairdən daha çox nağıla yaxındır. Dastanlar çox zaman hətta birbaşa nağıllardan istifadə yolu ilə yaradılır" (130, s.59). Yazıçı da dastanla nağıl xalq sənətini eyniləşdirir. Lap qədimlərdə olduğu kimi söylənilən hadisələri gah nağıl, gah dastan adlandırır.
Yazıçının əsərlərində xalqdangəlmə bu ən'ənələr yaşayır. Onun qocası, ozanı qəhrəmanlarının başına gələn hadisələri gah nağıl yolu ilə, gah da dastan yolu ilə söyləyir. Yazıçının qəhrəmanı gah dastanlarda olduğu kimi öz hiss həyəcanlarını şerlə, gah da nağıl-larda olduğu kimi təhkiyə yolu ilə verir. Xalq ədəbiyyatı ənənələrini sənətinə gətirən ondan bəhrələnməklə sevən aşiqlərin mükəmməl obrazını yaradan, qəhrəmanını xalqına sevdirən yazıçı öz qələmini xalq ədəbiyyatı üstündə kökləməklə yaddaqalan zəngin obrazlar silsiləsi yaratmışdır. Yazıçı Qızyetərin başına gələn fəlakətləri izləyə-izləyə nağıllarımızda olduğu kimi qorxunc röyalar qoynunda uyuda-uyuda aparıb onun hisslərini xəyanətin qoynuna atır “sevgilisini əğyarla qol-boyun” olduğu səhnəyə çıxarır. Sanki nağıllarda, dastanlarda olduğu kimi, Qızyetər öz məhəbbətinin intiqamını alaraq yoxa çıxır. Sonrakı hadisələr Möhnət qocanın-el aşığının, şamanının, ozanının diliylə əfsanə, nağıl dolu bir hekayətlə başa çatır.
Qızyetərin başına gələn hadisələr bundan sonra dastan məcra-sından çıxıb nağıl məcrasına girir. Söz, musiqi sənətini özündə birləşdirən aşıq, xalq musiqisinin tərkib hissəsi kimi İ.Əfəndiyevin qəhrəmanlarının qanındadır, canındadır.
Xalqımızın ən qiymətli folklor nümunələrindən biri də yaddaşlardan süzülüb gələrək bu günümüzə qədər gəlib çatmış, xalqımızın qızıl fonduna daxil olmuş xalq musiqisidir. Azərbaycan musiqi beşiyidirsə, Qarabağ onun anasıdır. Uşaqlığından yazıçı Qarabağda eşitdiyi xalq musiqisindən bəhs edir: “Qarabağ xanəndələr, sazəndələr yurdudur. Yayda Şuşa qalasının hər gəzməli yerində bir dəstə sazəndə oxuyub-çalırdı. Onda görərdin ki, Xəzinə qayasının ən uca zirvəsi olan “Üçmıx”dan kimsə zil səslə bir qatar oxudu. Buna cavab olaraq “Ərimgəldi”dən kimsə bir şikəstə çağırdı. Qulaq asardın, deyərdin bəs bu səslər dünyanın o tayından, yə’ni bizə mə’lum olmayan ayrı bir dünyadan gəlir. Özü də nə qədər möhkəm adam olsaydı, ürəyini yumşaldıb muma döndərərdi. …"Topxana meşəsi" ndə, “Ərimgəldi”yə gələn aran yollarında o səslər hələ də durur... Bəli… bəli, durur! Mən o səsləri zaman-zaman eşidirəm”( s.17).
Yazıçı dediyi kimi bu qiymətli xalq ədəbiyyatının sehrində dünyaya gəlmişdi və əzəli-əbədi bir gözəlliyin, mə’nəvi el sərvətinin abı-havasında böyümüşdü. Ona görə də yaradıcılığında da, xalq musiqisinə dərin köklərlə bağlı idi. Onun yaratdığı surətlər nağıl dünyasının eşitdiyi möcüzə dolu əfsanə və əsatirlərinin içində yaşayırdı. Bu xalq musiqisində sevinc də, qəm də, səadət də, fəlakət də vardı və yazıçının qəhrəmanları da bu hissləri yaşayırdı, baba-nənələri yaşayan kimi onu yaradan xalq özünün zəngin mə’nəvi sərvətini, ömründə gördüyü əzabları zəngulələrinə ötürmüşdü:
“Ay doğdu pərli-pərli,
Qapılar qoşa nərli...
Xalqımızın musiqisindəki qeyri-adilik, daş qəlbləri belə muma döndərən sehrli qüvvənin nədə olduğunu hələlik uşaq qəlbində duya bilməyən İ.Əfəndiyevin qəhrəmanı, Murad özü də bilmədən bu sehrin “cadusunda əriyirdi və anlamağa çalışırdı ki, “…bizim muğamlarda, dahi bəstəkarların əsərlərindəki o anlaşılmaz, əbədi kədər hardandı? Nə üçün atam Qur’an oxuyanda üzü o qədər həlim, dərdli ifadə alır? Axı o, təbiətən çox sərt bir adamdır! Necə olur ki, atın qızğın qaçarığında bir gülləyə iki ceyran vuran Bayram babam Həbibin astadan oxuduğu həzin muğama qulaq asanda o cür dərdli görünür” (53, s.194-195).
Əlbəttə, İ.Əfəndiyev bilirdi ki, xalqımızın kəşməkeşli tarixini, yadellilərə qarşı apardığı mübarizələrdə çəkdiyi əzabları, başı müsibətlər çəkmiş ikiyə bölünmüş Azərbaycanın qəmli taleyini, qərinələr ötdükcə çox zəngin təxəyyülə, təfəkkürə, mə’nəvi qabiliyyətə, fitri iste’dada malik olan bir xalqın dərdi-səri onun musiqisinin, bayatısının, ağısının mövzusu olmalı idi. Səbəbsiz nəticə yoxdur. Hər şeyin nəticəsi səbəbdən doğur. İ.Əfəndiyev də musiqimizdə - “Segah”ımızda, “Rast”ımızda “Cahargah”ımızda yaşayan o qəmin, kədərin həzin naləsini duyurdu və qəhrəmanlarının daxili aləmini o musiqidən yararlanmaqla daha qabarıq şəkildə oxucusu qarşısına çıxarırdı. Yaratdığı obrazın mənəvi saflığını, zəngin daxili aləmini rəssam kimi gözümüz önündə canlanmasına, oxucunun hafizəsində dərin izlər qoyub getməsinə çalışırdı. Xalq musiqisinə dərindən bağlı olan sənətkar onları - “Segah”ı, “Rast”ı, “Cahargah”ı bir musiqişünas kimi bir-birindən seçməyi, fərqləndirməyi də bacarırdı, çünki o “dumanlı dağlarda” gözəl səsli xanəndələrin, bu mahnıların ifaçılarının səsini eşidə-eşidə böyümüşdü.
Bu dərənin uzunu,
Çoban qaytar quzunu.
Get dədəmə qurban ol,
Bəlkə verə qızını.
misraları üstə köklənmiş qədim xalq mahnısından;
Dəryada gəmim qaldı,
Sona bülbüllər!
Biçmədim zəmim qaldı,
Saçı sünbüllər!
misralı “Sona bülbüllər” xalq mahnısından qəhrəmanlarının bitkin obrazlarını yaratmaq, təsvir etdiyi hadisələri canlı, ürəyəyatımlı bir şəkildə oxucuya çatdırmaq üçün əsərlərinə daxil etmişdir. Onun əsərlərində müraciət etdiyi xalq musiqisi nəsr əsərlərinin, dramatik səhnə əsərlərinin zəri-libası, tacıdır:
Aç xurcunu, kəs almanı,
Ver yara dilim-dilim, dilim-dilim.
misraları ilə başlayan el mahnısı da, xorla oxunan qədim bir Azərbacan mahnısı:
Mənim adım sarı laçın,
Gəl səni götürüm qaçım…
Üç telli, dörd telli,
Beş telli, durna...
Ovçu əlindən yaralı durna,
Yaralı… yaralı… yaralı durna,
Ovçu əlindən yaralı durna...( s.333)
misraları ilə gönülləri oxşayan, insan qəlbinə su kimi axan xalq mahnılarını hansı mövzuda yazmağından asılı olmayaraq qələmə aldığı əsərə daxil edib, yaratdığı surətlərin daxili aləmini açmaqda onlardan istifadə edən sənətkarın xalq sənətinə, mədə-niyyətinə, onun qüdrətinə heyran olduğunu göstərir. Musiqi xalqın ən qədim folklorudur. Hələ insanların dil açıb danışa bilmədiyi bir zamanda çıxardığı müxtəlif səslərin ən zərifi, ən incəsi, ən füsunkarı, ən e’cazkarı idi və o sözlə birləşdikdə İ.Əfəndiyev düşündüyü kimi xalqın bədii və estetik təfəkkürünün xəzinəsi olub, bizə doğmadır. Belə olmasaydı o özü də xalqının yaratdığı bu gözəl musiqilərdəki həzin ritmi tuta bilməzdi. O, hər dəfə əsərlərində musiqidən söz salanda elə bil ürəyinin tellərinə toxunulur və ona bəsləydiyi sonsuz məhəbbətin qüvvəsiylə öz bədii əsərlərini bu tellərin zilində, bəmində bəzəyirdi. Aşıq musiqisinə necə məhəbbətlə yanaşırdısa, xalqın musiqisinə də o məhəbbətlə yanaşan İ.Əfəndiyev Azərbaycan xalqının psixoloci nəsr əsərlərinin qam-şamanı idi.

Gülxani Şükürova

N. HƏSƏNZADƏNİN "ZÜMRÜD QUŞU" ƏSƏRİNDƏ FOLKLORİZM
Nəriman Həsənzadə əsərlərində xalqımızın milli-mənəvi keyfiyyətlərini özündə əks etdirən sənətkarlarımızdan biridir. Onun əsrlərinə nəzər saldıqda burada sənətkarlıq məsələlərində diqqət yetirdikdə şairin həm lirik-emosional bədii ifadə vasitələrindən istifadə etməklə əsərlərinin psixoloci duyumunu artırdığını görürük, həm bütün dövrlərdə yaşayıb-yaratmış və özündən sonra zəngin sənət əsərləri qoyub getmiş böyük sənət dühalarının ənənəvi yaradıcılıq metodlarına dərindən bələd olmaqla onların yaradıcılıq üslubundan öyrənməklə xalqımızın şifahi şəkildə bu günə qədər böyük bir məhəbbətlə qoruyub saxladığı xalq yaradıcılığından gələn obraz, motiv və sücetlərindən istifadə etməklə yaratdığı əsərlərin bədii təsir gücünü duyuruq.
Hər bir sənətkar hansı dövrdə, hansı cəmiyyətdə yaşayıb-yaratmasından asılı olmayaraq öz milli-mə-nəvi kökləri üzərində pərvəriş tapdıqda daha dərin, daha mənalı məzmunlu, yüksək ideyaları özündə cəmləşdirən sənət əsərləri yarada bilər və və bu əsərlər də xalqın mədəni həyatının təfəkkür tərzini, ideoloci duyumunu, bəşəri hisslərini özündə daha yaxşı təcəssüm etdirdiyindən həm mənsub olduğu xalq-millət tərəfindən, həm də yüksək ideyalara, insani keyfiyyətlərə hörmətlə yanaşan dünya xalqları tərəfindən də sevilə bilər.
Bu gün dünyada elə sivilizasiyalı ölkə tapılmaz ki, Nizamini, Füzulini, Sədini, Puşkini və digər sənətkarları, onların yaratdıqları sənət əsərlərini sevməsinlər. Dünyada humanist ideyaları əsas tutaraq yaratdığı əsərlərdə bəşəriyyətin xoşbəxt həyatını, yaşamaq-yaratmaq eşqini əsas tutan bu sənətkarların əsərlərindəki ideya -məzmun zənginliyi xalqdan gəlmə motivlərlə qaynayıb qarışmışdır. Bu sənətkarlar əsərlərində folklor süceti, obraz və motivlərindən yararlanmaqla qiymətli sənət əsərləri yaratmağa müvəffəq olmuşlar.
Əsl sənətkar xalq yaradıcılığına, həmişə özündən əvvəl və eləcə də müasirləri olan qüdrətli qələm sahiblərinin yaradıcılığına, sənətinə dərindən bələd olaraq yaratdığı yeni əsərlərin nə qədər güclü bədii dəyərə malik olduğunu başa düşür və özü üzərində çalışır, yaradır.
Bu gün dünyanın bütün ölkələrində xalqlar öz milli dəyərlərinə hörmətlə yanaşır və ondan yararlanır və ata-babadan qalan milli-mənəvi xəzinələrinin müxtəlif yollarla yaşatmağa çalışırlar. Və bu zaman hər bir sənətkarın ərsəyə gətirdiyi sənət əsəri də qiymətli bir məxəzə çevrilir.
Əsl sənətkar o zaman xalq tərəfindən daha çox sevilir, oxunur ki, onun əsərlərində milli ruh, xəlqilik güclüdür. N.Həsənzadə belə sənətkarlardandır. Ədəbiyyatşünaslar, ədəbi-tənqidçilər onun əsərlərinin dərin təhlilini verməli, əsərlərinin sənətkarlıq baxımından keyfiyyətlərini araşdırmalıdırlar. N.Həsənzadənin yaradıcılığını, onun özünəməxsus yaradıcılıq yolunun bədii keyfiyyətlərini tədqiq etsələr dediklərimin həqiqətinə inana bilərlər. İstər iri həcmli, istərsə də kiçik şerlərində Nəriman Həsənzadənin xalqının yaratdığı folklora dərin məhəbbətini görürik. Lap uşaqlıqdan eşitdiyi ana laylalarından tutmuş ən iri həcmli dastan motivləri, obrazları, sücetləri N.Həsənzadə yaradıcılığına rövnəq verir.
Onun "Zümrüd quşu" əsəri bu cəhətdən diqqəti xüsusi ilə cəlb edir. Əsərinin qəhrəmanı Zümrüd quşudur. Azərbaycan qadınlarının ən yüksək milli keyfiyyətlərini özündə əks etdirən Zümrüd quşu əsərin simvolik adıdır. Bu ad xalq ədəbiyyatından gəlmədir. Şair folklorumuzda ən yüksək nəcib keyfiyyətlərə malik bir obraz kimi tanıdığımız Zümrüd quşu obrazından yararlanmaqla yüksək bədii təsir gücünə malik, sənətkarlıq baxımından qiymətli bir sənət əsəri yaratmağa nail olmuşdur. Dünya xalqlarının mifologiyasında quşlarla bağlı əfsanə və rəvayətlər mühüm yer tutur. Quşlar Azərbaycan mifologiyasını da bəzəyir. Zümrüd quşu, Səməndər quşu, Ağ quş, Göyərçin, Sağsağan və digər quşlar xalqımızın ilk mifik bədii təfəkkürünün məhsulları olan əsatirlərdə, əfsanələrdə yaşayır. Bu əsatirlərdə öz arzularının gerçəkliyə çevrilməsini istəyən ilk qəbilə-tayfa dövründə yaşayan soykökümüzün əsasında duran türk xalqlarının - ulu babamız olan Oğuzların yaratdığı əsatirlərdə quşlar sehirli gücə, qeyri-adi bir qüvvəyə malik olan, insanları arzu və istəklərinə yetirməyə çalışan, çətinliyə düşəndə onları dardan qurtaran, ağzından od-alov püskürən divlərin, əcdahaların pəncəsindən onları xilas edən, qaranlıq dünyadan onları işıqlı dünyaya çıxaran, lazım gələndə ən uzaq məsafələri qısa zamanda qət edən, ədalətli, haqqın tərəfdarı olan olan qəhrəmanların sədaqətli dostu olan, sehirli qüvvəsi ilə hamını heyrətdə qoyan müsbət keyfiyyətlərə malik obrazlardır. Onlar da yaşatmağı sevirlər. Onlar özlərindən gücsüzlər məhv edənlərə qarşı amansızdırlar. İnsanlar arasında yaxşılığı təbliğ edənlər dara düşdükdə öz gücləri ilə onlara kömək etməyə hazır olan qüvvələrdir. "Məlikməmməd" nağılında biz Zümrüd quşunun bütün müsbət keyfiyyətlərinin şahidi oluruq. Qardaşları kəndirini kəsdikdən sonra qaranlıq dünyada qalan Məlikməmməd yorulub bir ağacın dibində oturur. Həmin ağacda Zümrüd quşunun yuvası olduğunu bilən Əcdaha onun ətcə balalarını yemək istəyəndə Məlikməmməd onu qılıncla iki yerə bölür və Zümrüd quşunun balalarını xilas edir. Zümrüd quşu bu yaxşılığın əvəzində Məlikməmməddən nə istədiyini, bu yaxşılığın əvəzini ona necə qaytara biləcəyini soruşur. Zümrüd quşu Məlikməmmədə ona görə yaxşılığının əvəzini qaytarmaq istəyir ki, onda xeyirxah əməllərin olduğunun şahididir. O, öz gücündən istifadə etməklə Zümrüd quşunun balalarını ölümdən xilas etmişdir. Zümrüd quşu Məlikməmmədin başına gələn hadisələri bildikdən sonra onun da köməyə ehtiyacı olduğu üçün qayğısına qalır və ona bir sıra məsləhətlər verir. Məlikməmməd onun dediklərinə əməl edərək Zümrüd quşunun qanadları üzərində oturaraq qaranlıq dünyadan işıqlı dünyaya çıxır. O, Məlikməmmədi yerə qoyandan sonra onun axsamağının səbəbini soruşur və bunu bildirəndə şirin bilib balaları üçün saxladığı baldırının ətini geri qaytarıb yerinə qoyub, tüpürcəyi ilə tez bir zamanda onu sağaldır. Zümrüd quşu yenə də xeyirxah köməyini ondan əsirgəmir.Qardaşları tərəfindən kəndir kəsilib quyuya salınmış Məlikməmmədi bütün təhlükələrdən qorumaq üçün öz tükündən çıxarıb ehtiyat üçün ona verir və çətinə düşəndə onu yandırıb köməyə çağırmasını təklif edir. Məlikməmməd məhz Zümrüd quşunun köməkliyi ilə xoşbəxtliyə nail olur.
"Simnarın nağılı"da da Simurğ insanların köməyinə çatan xeyirxah bir onqondur. Bu da göstərir ki, dünya xalqları bu mifik obrazların müsbət keyfiyyətlərindən yararlanmaqla insanlığı, hümanizmi təbliğ etmiş və bəşəri duyğuları yaşatmağa çalışmışdır.
Səməndər-Zümrüd-Sümurğ quşuyla bağlı bütün əsatirlərdə biz insanların xoşbəxtliyi, səadəti uğrunda çalışan bir mifik obrazı görürük. Öz sehrli qüvvəsindən insanların səadətə qovuşması naminə istifadə edir. O, sanki tanrıdır, yaratdığı insanların əzab çəkməsinə, zülm, əsarət içərisində məhv olmasına, ədalətsizliyin qurbanına çevrilməsinə qarşı çıxır və o, haqqın qoruyucusudur. O, haqq-ədalət tərəfdarı olan, haqq yolunu tutanların tərəfində durur, çətinə düşəndə də sehirli gücünün köməyi ilə insana yardım edir.
Onunla bağlı əfsanələrdən birində də deyilir ki, o Qaf dağında tilsimlənmişdir. İnsanların başına gələn fəlakətləri, faciələri görəndə od içində yanır, qovrulur. İnsanlar öz mifik təfəkküründə yaşatdığı Zümrüd quşunun bir zaman tilsimdən azad olaraq insanların köməyinə gələcəyini, dünyanı bürüyən haqsızlıqları yox edəçəyini, sülh, əmin-amanlıq gətirəcəyini gözləyir. Heç yadımdan çıxmaz, mən balaca olarkən nənəmə bu nağılı oxuyurdum. O ayaqları yel xəstəliyindən tutulduğundan çox əzab çəkirdi və yataqda idi. O, Zümrüd quşunun tüklərini yandırıb onun vasitəsi ilə qardaşları üzərində Məlikməmmədin qalib gəldiyini, ölümdən qurtulub şahlıq taxtına oturduğunu dillədikcə başını tərpədirdi və mənə bir qəribə nağıl da o danışdı. Nənəm danışırdı ki, onun nənəsi danışmışdı ki, qədimlərdə meşədə bir quş yaşayırdı. O, qanadlarını bir-birinə çırpıb havaya qalxanda qığılcım qalxarmış və hətta o qığılcım qalxanda meşələrdə azan adamların köməyinə yetərmiş. O, danışardı ki, lap qədimdən nənəm və babam meşəyə zoğal yığmağa gedirlər və meşədə azırlar. Qalın, sıx meşənin içərisində hər iki qoca zoğal çuvallarını atıb canlarını qurtarmağa çalışırlar. Nə qədər gəzirlər yol-cığır tapmırlar ki, tutub getsinlər və qaranlıq meşədən çıxsınlar .Əlləri hər yerdən üzülmüş nənəmlə-babam əllərini göyə qaldırıb meşə tanrısından yol istəyirlər. Deyir, onda nənəm görür ki, başının üstündə ağacın budağında bir quş oturub, qanadları bir-birinə dəydikcə od yaranır, işıq düşür, gecənin qaranlığının yaratdığı qorxudan, vahimədən onları xilas edir. Nənəm and içirdi ki, babanı da, məni də o quş meşədən çıxartdı. Quş qanadlanıb beş-altı metr uçduqca yola işıq salırdı. Babamla-nənəm o quşun dalınca gedirdi. Gedib-gedib bir də baxıblar ki, çıxdılar bir tarlaya. Quş elə o tarladaca qanadlarını açıb göyə qalxdı və dağlara tərəf uçdu. Hardasa babam-nənəm deyir ki, o quş haqqında onlar öz nənələrindən eşidiblər ki, bu quş hardasa dağda yaşayır. Ən yüksək zirvədə onun yeri var. Hər səhər günəş onu salamlayır. Özünün tilsimindən, işığından ona pay verir. O da çətinliyə düşən insanların köməyinə çatır. Nənəm deyirdi ki, o, həmin quşdur və Məlikməmmədi də qaranlıqdan o çıxarıb.
Zümrüd quşunda müxtəlif keyfiyyətlər vardır. O, çox güclü, polad kimi möhkəm qanadlara malikdir. Nağıllarda, əfsanəlrdə insanları qaranlıqdan işığa çıxarır. O, işıqla, Günəşlə ilişkilidir. Eyni zamanda odla da ilişkəlidir. Çünki onun tüklərini oda tutan kimi bir göz qırpımında Məlikməmmədin qarşısında hazır olur. Od, alov milli mifologiyamızda yaşayır. Od, alov həm də müqəddəs varlıqlarla bağlıdır.
Lap qədim mifologiyamızdan bizə məlumdur ki, ən müqəddəs hesab etdiyimiz yerlərdə insanların gö-zünə ocaq, alov görünür. Məsələn, bizim kəndimizdə böyük bir ziyarətkah var. Hər tərəfdən meşələrlə, ağac-larla əhatə olunmuş bu müqəddəs yerdə gecələr keçib yanından gedən insanlar ocaq, alov çıxdığını öz gözləri ilə görmüşlər və bu hadisələr indinin özündə də təkrar olunur və heç kəs bu möcüzələrin sirrini aça bilmir.
Meşə kultu mifologiyamızda çox qədimdən mövcuddur və o meşədə ocaqların, alovların görünməsi lap qədimlərdən həmin ərazilərin müqəddəsləşdirilməsinə, təmiz saxlanılmasına, inam, etiqad yerinə çevrilməsinə gətirib çıxarır. Hal-hazırda Şəki-Zaqatala-Qəbələ zonasında belə müqəddəs pir-ocaqlar, meşə sahələri vardır və insanlar onların möcüzələrinə, qüvvəsinə inanır, ona tapınır.
Zümrüd quşunun qaranlıq yerlərdə meşələrdə olması maraq doğurur və bu əfsanənin bəzi məqamlarına diqqət yetirək. Məlikməmməd qaranlıq dünyada oturduğu ağacın oyuğunda bala bəsləyən Zümrüd quşundan söhbət açdı. Əcdaha onun balalarını bu ağacdan hər il yumurta qoyub, balasını çıxaran kimi gəlib yeyir. Qaranlıq dünyada həyat ola bilməz. Zümrüd quşu qaranlıq dünyada deyil, məhz həmin qatı zülmətə bürünmüş, hündür, gövdəli, başı buludlara dəyən ağacların yaratdığı qaranlıq meşədə bala çıxarır. Onun məskəni bu meşələr, bu cür sıx meşələrlə örtülmüş qalın, sıx meşəlikli dağlardır. Onda elə nənələrimizdən eşitdiyimiz, qanadları bir-birinə dəydikdə od, alov, işıq saçan Zümrüd quşunun məskəni qalın, sıx meşələrlə örtülmüş ormanlar deyilmi? Çətin zamanlarda ovçuluqla, yığımçılıqla məşğul olan insanların yaşadığı iqlim qurşağı Azərbaycan ərazisində eyni deyildir. Bəzi yerlər ucsuz-bucaqsız düzlər, bəzi yerlər qayalıq, dağlıq, gah çınqıllıq, bəzi yerlər qalın sıx meşəlikdir.Bu yerlərdə ilk qəbilə, tayfalar ovçuluqla, yığınçılıqla bağlı olaraq həyat tərzi keçirmişdilər. Onlar bu yerlərdə ömür sürmüş, çətinliklərlə qarşılaşmış, vəhşi heyvanları ovlamışlar və çox vaxt özləri də bu heyvanların ovlarına çevrilmişlər. Qorxu, həyat eşqi, insanların arzu və diləklərinə yol tapmışdır və bunun da nəticəsidir ki, əlçatmaz ümidlərinin, arzularının həyata keçməsinə kömək edən qüvvələrə ehtiyac hiss edən insanlar bu mifik obrazları öz mifik təfəkküründə yaradır, yaşadırdı və özündən sonra gələn nəsillərə də qoyub gedirdi.
İnsanlar hansısa bir möcüzənin köməyi ilə ən dəhşətli təhlükələrdən qurtardıqda onu nə iləsə bağ-layırdılar və bu insanlarda belə bir inam yaradırdı ki, onları qoruyan qüvvələr var. Bu qüvvələr ən çətin, ağır anlarda onların köməyinə çatır. Ona görə də heç nədən qorxmaq lazım deyil. Cəsarətli, dözümlü, səbirli olmaq lazımdır. Bunlar olarsa insan hər şeyə nail olar. Çünki bunları insana verən qüvvələr var. Bu qüvvələr insanların həyatını, yaşayışını təmin edən qüvvələrdir. Onlar insan şəklində deyil quş şəklində, od, alov, atəş və başqa varlıq kimi mövcuddur. O, insanların köməyinə çatır, hətta onları çox zaman özləri belə gözləmədiyi səadətə, xoşbəxtliyə qovuşdura bilər. Buna inam hissi insanların qəlbinə, ruhuna, təfəkkürünə daxil olur, yaşayır, insan onu yaşadır, bu inam xalqın yaratdığı əsatirlərin, əfsanələrin ideya-məzmununa hopur. Xalq bu mifik inamlara hörmətlə yanaşır. Onu müqəddəsləşdirib, bu inamlara həqiqət prizmasından, real baxışlarla yanaşır və yaşadır. İnsan yaddaşı, insan təfəkkürü insanlığa xidmət edən hər cür xeyirxah prinsipləri qoruyub saxlamağa çalışır. Bu prinsiplərə xəyanət edərək ona qarşı pis niyyətlə, pis ürəklə yanaşanlar məhvə məhkum edilir, onların-pislərin pis əməlləri rədd edilir. Dünyada əcdaha, divlər nə qədər qorxuncdurlarsa, məhvə də məhkumdurlar. Onlar pis əməllərin carçılarıdırlar, hərislik Şeytan, Div, İblis əcdaha simasında həmişə lənətlənir.
Yaşatmaq, yaratmaq, insanlara kömək etmək istəyən, əlindən ancaq yaxşılıq gələn zərif, nəcib qüvvələr isə insanların yaratdıqları əsatirlərdə yaxşı keyfiyyətlərinə görə yaddaqalandır. Ona görə də xalq Zümrüd quşunu, Səməndəri sevir, onları bədii təfəkkürünün məhsulu olan nağıllarda yaşadır. Bu onqonlar insanlar arsında da var. Bütün ömrünü şama çevirən, xalqının gələcəyini düşünən, nurunu, zəkasını, biliyini insanların səadətinə, xoşbəxt gələcəyi naminə damla-damla əridən insanlar da Zümrüd quşundan geri qalmırlar. Nəriman Həsənzadə Zümrüd quşu obrazından- xalq ədəbiyyatından gələn bu obraz motivlərindən bəhrələnməklə emosional gücə, bədii koloritə, zəngin ideyaya malik qiymətli bir əsər yaratmışdır. Onun yaratığı bu əsərdə milli kolorit, xəlqilik güclüdür. O, xalq sənətinə, mədəniyyətinə, yaradıcılığına dərin tellərlə bağlı olduğundan bu obrazdakı yanımçılığı duyur. O, özü də Zümrüd quşu kimi öz xalqını xoşbəxtliyə aparmağa, ona qovuşdurmağa can atan, özündə Zümrüd quşunun sehrini arzulayan xalqını sevən sənət sahibidir. O, hər misrasında, hər kəlməsində ancaq xeyirxahlığı, səmimiyyəti, mehribançılığı haqqı- ədaləti əzizləyir, qiymətləndirir və bu mənəvi xəzinədən istifadə etməklə insanları öz mənəviyyatını qorumağa, saflaşdırmağa çağırır. Qəlbi təmiz, hissi müqəddəs, duyğuları saf insanlar xalqını sevir, onun yolunda çəkdiyi əzab-əziyyətləri özünün həyatının mənası sayır. Yanmırsa insan yaşamır. İnsan öz gücünü, alovunu, odunu, istisini, insanlara, xalqına verməlidir. Zümrüd quşu Qaf dağında tilsimdə fəryad edir. O, çəkdiyi əzablara, zülmlərə görə fəryad etmir. Ömrü puça getdiyi üçün, insanların, canlıların səadəti üçün əlində imkanları olduğu halda onu xalqına sərf etmək imkanından məhrum edildiyinə görə fəryad edir, od içində qovrulur, bədəninin atəş, alov deyil, yer üzündə yaşayan insanların ərşə qalxan ahının alovunda əriyir.
Sülh, əmin-amanlıq ehtirası onu oda salıb yandırır. Tilsimə salınmış Zümrüd quşu qaranlığa qərq olmuş çox yolları öz işığıyla, nuruyla işıqlandıra bilər. Çöx köməyə möhtac insanlara yardım edə bilər, lakin bunlardan məhrum edilmişdir.
Bəlkə elə Zümrüd quşunu yer üzünə qan, talan, tufan, ölüm fəlakət səpələyən pislik tilsimləyib? Çünki insanların qəlbinə mənəm-mənəmlik, var-dövlət sevgisi düşəndə dünya qan içində çalxalanır, kainatı qanlı müharibələrə, ölümə sürükləyən insanlar indi dünyanın axırına çıxmaq təhlükəsini hər an özündə yaşadan Atom, hidrogen nüvə bombalarını icad etməkdən çəkinmirlər. Onun köməyi ilə min cür çirkin siyasət pərdəsi altında dünyanı qan içində boğan elə o pisliklərdir ki, Zümrüd quşunu tilsimə salınıb orda əriməsinə hökm vermişdir. Bu pisliklər hər dövrdə, hər zamanda olmuşdur və bu insanların içərsində yaşayır, ondan qurtulmaq üçün isə insanların Zümrüd quşu kimi xeyirxah qüvvələrə ehtiyacı vardır .
Zümrüd-Sümurğ-Səməndər quşu bir çox Şərq xalqlarının mifologiyasında da xeyirxahlıq, yaxşılıq hamisi kimi yaşayır. Orta Asiya, İran, Ərəb və digər xalqlarda onların bədii təfəkürünün, mifik dünyasının zoomorfik surəti kimi müxtəlif adlarla xalqların mifologiyasında yaşayır. Səməndər-Zümrüd-Sümurğ quşlarının hər biri əfsanələrdə müxtəlif hadisələri öz ətrafında birləşdirsə də, bir ideyaya xidmət edir- yaşamaq, yaratmaq, insanlara kömək etmək, onların səadəti, xoşbəxtliyi naminə çalışmaq. Firdövsinin "Şahnamə"sində Elbrus dağı, Azərbaycan və Ərəb folklorunda Qaf dağı hesab olunur. Uzaq məsafələri bir anda qət edən bu quşun sehri güclüdür. Qədim "Avesta"ya görə Zümrüd quşunun yuvası dənizin ortasında bitmiş bir ağacın başındadır. Hər bir əfsanədə Zümrüd quşu ucalıq, yüksəklik rəmzi kimi dağların başında, ən uca zirvədə məskən salan, göylərin qatına yaxın olan -Tanrıya yaxın olan, Tanrı xislətli, Tanrı yaxşı istəkli bir qüvvə kimi tanınır. Onda heç bir canlının gücü çatmayan bir güc vardır və bu güc ancaq İlahi qüvvələrdə olur.
Burada diqqəti cəlb edən budur ki, Zümrüd quşunda istilik, Günəş Allahı Raya məxsus xüsusiyyətlər var. O, odla, Günəşlə ilişgəlidir. Zümrüd quşuyla bağlı əfsanələrin demək olar ki, çoxunda onun tükləri qovdur, işığa, Günəşə, oda həssasdır, həər an od tuta bilər. Çünki onun caynaqları çaxmaq daşı, tükləri qov hesab olunursa, demək od onun özündədir. Çünki onun həyatının mənası odda-alovda yaşamaqdadır. Çünki yaşamasına baxmayaraq o, oddan-alovdan qorxmur, odur ki, külün atəşində yenidən dirilib çıxır, ölməzlik simvoluna çevrilir. Bu ölməzlikdə bəşəri bir keyfiyyət vardır. Zümrüd quşundakı bu keyfiyyətlər bir daha belə bir fikrə gəlməyə bizə əsas verir ki, Zümrüd quşu mifik təfəkkürün məhsulu olub insanların İlahi qüvvələrin varlığına inamının və atəşpərəstliklə bu inamın yaşamasının nəticəsidir. Bəlkə də Zümrüd quşu daha çox insanların atəşpərəstliklə bağlı inamlarının bədii məhsuludur. Sümurğ quşuyla bağlı əfsanələrin birində deyilir ki, o Qaf dağında yaşayır. 500 ildən bir uçub Misirə gedir, Günəş allahı Ranın məbədinə gəlirdi. Lakin Sümurğ məbədə çatan kimi onu tutub yandırırdılar. Oddan alovdan qorxmayan Sümurğ quşu yenə külün içərsindən çıxır. Qırx gün Misirdə qalandan sonra Hindistana uçub gedirdi. Sümurğ quşu odla ilişgəli olduğundan belə bir fikir də yürütmək olar ki, bu, insanların od əldə etməsi ilə bağlı bir mifik obrazdır. Alov özü də bir növ qanadlıdır. O da yandığı zaman havaya bülənd olur. Yavaş-yavaş yandıqca şöləsi azalır, közə çevrilir. O da yavaş-yavaş söndükcə külə çevrilir və kül də öz istiliyini saxlayır. Bir zamanlar qədim insanlar əldə etdikləri odu uzun müddət müxtəlif vasitələrlə əldə saxlamağa çalışmışlar. Tarixdən bildiyimiz kimi ilk od məhz çaxmaq daşından alınmışdır. Bir-birinə sürtməklə alınan alovda bir quş qanadı vardır. Bu alovun kökü çaxmaq daşında qalır, uçan isə onun şöləsidir. Ona görə də qədim insanlar o alovun şöləsini Zümrüd quşuna, caynaqlarını isə çaxmaq daşına bənzədir. Məsələn, əfsanələrdən birində Səməndər quşu balalarını sevən, onların məhəbbətiylə yaşayan, onları böyüdüb pərvazlandıran, onların qanadlanıb uçmasından sevinib hər şeyi unudaraq dimdiyini caynaqlarına vurub bundan yaranan atəşdə yanıb kül olan və yenə də o külün içərsində yenidən canlanan, ölməyən və ancaq yaşatmaq, böyütmək eşqi ilə şölənən bir od simvoludur. Buradakı əfsanədə də Səməndər quşu odla ilişgəlidir. Çünki həyat üçün, yaşayış üçün ən əsas meyarlardan biri olan od insan həyatının, yaşayışının mənasıdır və bu əfsanədə də od insanlara xidmət edən, onları yaşadan simvalik anadır-oddur. Burada ana obrazının bir çox keyfiyyətlərini də özündə cəmləşdirən Səməndər quşu göylərə yaxın, yaradıcı qüvvələrlə təmasda olan yarımilahi bir qüvvədir. Misir əfsanəlrində Ra qədim Misir mifologiyasında Günəş allahıdır. Bu əfsanə də öz qədimliyi ilə seçilir. Çünki Raya - Günəş allahına sitayiş Misirdə ən qədim dövrlərə təsadüf edir. E. ə. III minilliyin əvvəlində qədim Misir mifologiyasında öz əksini tapmış Ra məfhumu artıq e. ə. III minilliyin ortalarında Allahların padşahı kimi tanınmışdır. Bu da göstərir ki, insanlar həyat üçün, yaşayış üçün zəruri olan Günəşin qüvvəsinin elmi cəhətdən mənasını dərk et-mək iradəsinə malik olmadıqlarından onda bir ilahilik axtarmış və ona tapınmışlar. Günəşə tapınma türk xalqlarının mifologiyasında da lap qədimlərdən yaşayır. Və bu da belə bir fikir irəli sürməyə əsas verir ki, de-mək olar ki, bütün şərq xalqları odu, günəşi öz bədii təfəkküründə də yaşatmış, insanın həyatında, məişətində oynadığı rolu öz mifik təfəkkürünə uyğun olaraq ilahiləşdirmiş və onu əsatirlərində də əbədiləşdirmişdir.
Zoomorfik onqon kimi də ədəbiyyatımızda öz əksini tapması Zümrüd quşunda həyat üçün lazım olan keyfiyyətlərin olmasıdır. Zümrüd quşdur, onun qanadları vardır, istədiyi yerə uçub gedə bilir, istədiyi an uzaq məsafələri qanadlarının köməkliyi ilə qət edə bilir. Günəş öz şüalarını, "qanadlarını" göylərin qatından tez bir anda yerə çatdırdığı kimi Zümrüd də öz qanadları vasitəsi ilə istədiyini edə bilir. İnsan isə belə qüdrətdən məhrumdur. O, nə əldə edirsə öz qüvvəsiylə əldə edirdi. O istəyinə çox zaman çata bilmirdi, çünki onun şüuru, elmi dünyagörüşü o qədər inkişaf etməmişdi ki, həyatın reallıqlarını görə biləydi, istədiyinə çatmaq üçün elmlərin açarlarını əldə edəydi. Buna baxmayaraq Allah insanlara bir qüdrət vermişdi ki, bu da arzular, diləklər idi. Bunun qarşısını ala biləcək bir qüvvə yox idi. Bu insanın yaşadığı dünyasında yaşatdığı fikir dünyasıdır. İnsan düşünməyi, düşüncələrində, istəklərində arzularına çatmağı bacarırdı və bu da əli heç bir yana çatmayan insan üçün xəyallarında istədiyini yaşatmağa imkan verirdi. Çətinə düşən insan istəyi quş kimi göylərdə uçan xalçanı, yel qanadlı atları yaratdı, sonra bu istəklər yavaş-yavaş həyata keçdi, təyyarələr icad olundu, sonralar insan zəkası bu təyyarələrə Zümrüd quşu sürətini verməyə çalışdı və nəhayət bu gün insanların milyon illər ərzində ürəklərində yaşatdığı arzular çin oldu və bu gün insan ağlı misli görünməmiş xarüqələr yaratmağa qadirdir və buna baxmayaraq yenə də arzuların qoynunda yaşamaqdadır. Lakin bu gün dünyaya, təbiətə, ətrafda baş verən hadisələrə qədim insanların düşüncəsinin prizmasından yanaşdıqda bizə məlum olur ki, Zümrüd quşu və digər adlarla tanınan bu xeyirxah qüvvələr nəyə, hansı ideyalara xidmət etmək üçün yaranmışdır və ilk kökümüzdə duran qədim insanların mifoloci təsəvvürlərinin kökləri hara gedib çıxır. Dünya xalqlarının yaratdığı bu quşlarda bir keyfiyyət də vardır. Onların həm yaşayan insanlara, həm də dünyadan gedən əzizlərinə, onların ruhlarına hörməti vardır və zaman-zaman Zümrüd quşu bu işi təkrar edir və insanların yadına 500 ildən bir salır ki, diriniz kimi ölüləriniz də sizə əziz olmalıdır. Herodotun "Tarix" kitabında xalq içərsində yaşayan rəvayətlərin birində deyilir ki, 500 ildən bir o atasını Misirə gətirib orada onu mumiyalılıyır, yəni dədə-baba qaydasıyla doğmalarına öləndən sonra də olan ehtiram və hörmətini əsirgəmir. O, ancaq insanlığa xidmət edir. Ümumiyyətlə, Sümurğ-Səməndər-Zümrüd quşu milli adət-ənənələri özündə yaşatsa da bir ideologiyaya xidmət edən xeyirxahlıq hamisidir. Bu onqon odla, günəşlə, yaradıcı qüvvələrlə bağlı zoomorfik onqon olub dünyanın bir çox xalqlarının mifologiyasında yaşayır və mifoloci dünyamızın mifik qəhrəmanıdır. Bu quşun qanadlarının sehrinə, gücünə xalqın ehtiyacı vardır. Çətinə düşəndə, fəlakətə düçar olanda insan elə bir qüvvə axtarır, arayır ki, onu düşdüyü bu ağır vəziyyətdən çıxarda bilsin. O zamanlar baş verən hadisələri bütün reallığı ilə anlamaq, başa düşmək iqtidarında olmayan insan belə bir qüvvətli qanadlara malik olan, göylərdə uça bilən yel qanadlı atlara, xalçalara, zümrüd quşlarına ehtiyacı nağıllarında "reallaşdırır" və bu ehtiyacdan doğan istək və arzu insan təxəyyülündə real varlığa çevrilir və insan dünyasında, istəyində ona məhəbbət yaranırdı. Bu məhəbbət onları reallaşdırırdı, insanın mənəvi dünyasında əbədiləşirdi, yavaş-yavaş onun bədii dünyasının sakinlərinə çevrilirdi və getdikcə bir reallıq kimi nağıl və əfsanələrdə pasportunu alırdı. İnsan yaşadığı cəmiyyətdə onu axtarırdı, yaşadırdı, öz fantaziyasının məhsulu kimi yaradırdı və bu qüvvələrin ola bilməsinə inam hissini insanlar arasında yayırdı. Xalq onun sehrində əriyirdi və mənəvi ehtiyacını "ödəyirdi". Yaşamaq, azad, xoşbəxt, firavan, qayğısız həyat eşqi insan təfəkküründə bədii obrazlar yaradırdı. Bu obrazlar real həyatda olmasa da insanların yaşadığı nağıllar aləmində xeyirxah hami kimi hazır idi, Dara düşənlərin köməyinə çatırdı, insanın qüvvəsi çatmadıqda məhv olmaq təhlükəsi qarşısında qaldıqda o qüvvələr köməyə çatıb qəhrəmanı şərin pəncəsindən qurtarmalıydı, insanı xoşbəxtliyə qovuşdurmalıydı və belə də olurdu. Çünki insan dünyaya yaxşılıq üçün gəlmişdir, yaxşı qüvvələrin çoxluğu insanlığa xidmət edir və o çox olduğundan mütləq azlıq təşkil edən şər qüvvələr üzərində qələbə çala bilər. Ona lazım gələrsə ilahi qüvvələr də kömək edə bilər və belə qüvvələr də onlardan köməyini əsirgəməz. İnsan hələ elmin, texnikanın gücündən məhrum olduğundan bu dövrdə, yəni cəmiyyətin inkişafının primitiv dövründə bunları ancaq yaratdığı əfsanələrdə, əsatirlərdə yaşadırdı. Beləliklə, insan təxəyyülü o dərəcədə zəngin, o dərəcədə genişdir ki, o ilk əvvəl istədiyini nağıllarında axtarırdı, yaşadırdı, tapırdı və zaman keçdikcə onları reallığa çevirirdi. Bu reallıq elə bir vəziyyət yaradırdı ki, insan keçmişinə nəzər saldıqda o dövrün insanlarının nağıllarında yaşatdığı sehrindən bu günündə mənəvi zövq alır. Zümrüd quşu obrazı Nəriman Həsənzadə yaradıcılığında bir məqamı diqqəti cəlb edir ki bu qadın bütün milli mənəvi keyfiyyətlərimizi özündə yaşadan həm qəhrəman qadın, həm bir sənətkar, həm qonaqpərvər insan, həm evdar bir qadın, həm də qəlbində bütün insanlara hörmət və məhəbbət yaşadan insandır. Şair ona görə bu qadını Zümrüd quşuna bənzədir ki, onda bu quşda olan böyük xeyirxah keyfiyyətlər vardır. O, əsərin əvvəlində uzaq əyalətdən gələn bir insanı evində böyük qonaqpərvərliklə qarşılaya insandır. Azərbaycan xalqının ən qədim adətlərindən biri olan qonaqpərvərliyin ən yüksək keyfiyyətlərini bu qadın həyata keçirir. Eyni zamanda bu qadın qayğıkeş, qəlbi Zümrüd quşu kimi yaşatmaq, yaratmaq eşqi ilə yaşayan sənətkardır. Onun toxuduğu xalça, bu xalçanın üzərindəki zərif naxışlar hər biri mükəmməl bir sənət əsəri olub uzaq əyalətdən gəlmiş rus xalqının ən böyük, qüdrətli şairlərindən olan Puşkini heyrətə salır. Ömrü boyu barbar bir xalq kimi tanıdığı, haqqında ancaq pis şeylər eşitdiyi Qafqaz xalqının nümayəndəsi olan sadə, savadsız bir qadının yaratdığı əl işinin sehrində əriyən şairin bu xalqlara münasibəti büsbütün dəyişir və bu xalqın zəngin aləmə, yüksək mədəniyyətə, dünyagörüşə malik bir xalq olduğunu indiyə kimi bilmədiyi üçün, onlar haqqında belə ucuz fikirdə olduğuna görə özünü danlayır. Hətta bu sənət əsərini yaradan xalqın yüksək mədəniyyəti, incəsənəti qarşısında da diz çökür. Puşkin bu xalqın bir çox keyfiyyətləri qarısında da heyrət içərsində qalır. Evində qonaq olduğu, böyük qonaqpərvərliyini gördüyü, sənəti qarşısında diz çökdüyü bu qadının zərif vücudunda böyük bir ürək yaşayır. Bu ürək sahibi həm də öz ərinə sədaqətli bir qadındır. Zümrüd quşu həm də deməli, sədaqətli ailəsinin qayğıları ilə yaşayan bir qadındır. O, ərinin müharibədə həlak olduğunu eşitdikdə onun cəsədini götürüb aparmaq üçün uzaq qarlı-çovğunlu yolları qorxmadan qət edir. Rus zabitinin onun ərinin cəsədini verməyəcəyini eşitdikdə qadındakı cürət, qeyrət, əzmkarlıq da onu valeh edir. Və Qadın öz ərinin cəsədini aparmağa və el adətiylə dəfn etməyə nail olur. Zümrüd ananın bu keyfiyyəti bizə Herodotun tarix kitabında verdiyi əfsanədəki Sümurğ quşunu xatırladır. O da Misirə gəlib öz atasını ata-babadan qalma adət- ənənəyə uyğun olaraq mumiyalayıb gedirdi. Bu, insanların öləndən sonra da öz əzizləri tərəfindən hörmət və qayğıyla əhatə olunmasına işarədir. Zümrüd ana əri öldükdən sonra da evin, ailənin başçısı kimi ona qayğı göstərir, onun cəsədini el adətiylə torpağa tapşırmağı özü üçün borc bilir və bunu edir. Zümrüd ana ancaq qayğılarla əhatə olunub. O, zümrüd quşu kimi ancaq yaxşılıq etmək istəyi ilə yaşamır, bu onun qanındadır, canındadır, necə ki, Zümrüd quşu insanlara yardım göstərmək, onlara yaxşılıq etmək üçün necə yaranmışdırsa, Zümrüd ana da bu xüsusiyyətlər var və bu onun qanındadır, canındadır. Şair onu Zümrüd quşuna bənzətməklə yaratdığı obraza oxucu məhəbbətini artırmağa, bir xalqın əxlaqi keyfiyyətlərini özündə birləşdirən bu obraza məhəbbət bəsləməyə, onu daxili aləmini, yüksək insani keyfiyyətlərini daha təsirli, daha güclü şəkildə vermək üçün bu priyomdan, obrazdan yararlanmışdır.
N.Həsənzadə əsərində "Əsli və Kərəm" dastanının Puşkin tərəfindən dinlənilməsi səhnəsini lirik- real boyalarla verir. Şair Şərq xalqları arasında, xüsusilə Azərbaycan folklorunda geniş yayılmış məhəbbət dastanı olan "Əsli və Kərəm" hadisələrindən bir neçə epizodu verir.
Kərəmin Əslinin dalınca diyarbadiyar gəzməsi, onun eşqindən çöllərə düşməsi, Qara keşişin Əsliyə Kərəmin sevgisinə mane olması, Ərzurum dağlarında qara-borana- tufana düşməsi, Kərəmin dağa qarğaması, Kərəmin Əslini görmək həsrəti ilə çırpınması, Qara keşişin arvadının onun otuz iki dişini çıxarıb yerə qoyması, Əslinin Kərəmi tanıyıb nalə çəkməsi tərənnüm edilir.
Hər şeydən əvvəl onu qeyd etməliyik ki, şairin hekayət şəklində verdiyi Əsli və Kərəm məhəbbətindən bəhs edən dastanlar geniş yayılmışdır. "Əsli və Kərəm" dastanının sücetlərindən yaralanmağa çalışan şair əsərinin bədii təsir gücünü artırmış olur. Qafqaz haqqında az- çox məlumatı olan Puşkin Ərzurum dağında yerli əsgərlərdən Qafqaz həyatından bəhs edən bir dastan danışmasını xahiş edir. Gənc əsgər böyük məhəbbətlə "Əsli və Kərəm" dastanından bin neçə epizodu şairə danışır və Azərbaycan xalqının zəngin milli-mənəvi əxlaqi keyfiyyətlərini özündə yaşadan bu hadisələrdən aldığı təəsürat şairi bir an çətin vəziyyətdə qoyur, bu xalqın zəngin təfəkkürə, yüksək mədəniyyətə malik çox istedadlı bir xalq olduğunu görür.
Şairin əsərində yararlandığı yüksək bəşəri ideyaları özündə əks etdirən "Əsli və Kərəm" dastanı xalqımızın folklorunda geniş yayılmış məşhur dastanlardan biridir. Orta Asiya və Türk xalqları içərsində geniş yayılmış xalq dastanlarından gəlmə obraz və motivlərdən bəhrələnməklə, şair əsərində öz sevgisinə sadiq Ağa qızı Zümrüd quşu kimi insanların obrazını yaratmaqla xalqımızın milli-mənəvi cəhətdən zəngin bir xalq olduğunu, yüksək elmə, mədəniyyətə, incəsənətiə malik bir millət kimi lap qədimdən təşəkkül tapdığını, keçdiyi həyat yolunu yaratdığı nadir folklor nümunələrində yaşatdığını yüksək bir bədiiliklə təsvir etməyə nail olur. Qafqaz xalqlarının, eləcə də onlardan birinin - Azərbaycan xalqının yaratdığı zəngin mənəvi mirasa qarşı bəslədiyi duyğuları :
Puşkini bərk tutdu Kərəm söhbəti,
Qıvrım saçlarında əli dolandı,
Şair Əsli,- dedi,
Kərəm, - söylədi.
Bizim dilimizdə dili dolandı.
-misralarında tərənnüm edir və şair bir azərbaycanlı əsgərbalasından eşitdiyi bu qəmli hekayətin məzmununda, ideyasında yatan saf, bəşəri hissləri hər yerdə, hər xalqın qəlbində, hər insan arzusunda, əvəzi olmayan bir mənəvi xəzinə olduğunu və bu sevgini bütün dünyada yaşayanların və sevənlərin qəlbində eyni bir ülviyyəti özündə yaşatdığını etiraf etməli olur:
Poruçik…
Təşəkkür bu söhbət üçün,
Bütün sevənlərin birmiş adəti…
və şair özü də sevgiyə, məhəbbətə ülvi hisslərlə yanaşır, insan qəlbinin istək və arzularının boğulmasını, məhvini məhəbbətinin yetim qalmasını əsrlərin ağrısına çevrildiyini söyləyir və insan arzularını, insan sevgisini daşlara toxunarkən bir qəlbə verdiyi ağrıların bir əsrə bəs olduğunu, bu ağrıların sevənini ömründə, sonra da xalqın bədii təxəyyülündə misralara, dastanlara, nağıllara çevrilib yaşadığını və bundan hali olan hər bir insanın da qəlbinin ağrıtdığının, göynətdiyini və bu göynərtinin əsrlərlə davam etdiyini, unudulmadığını şair qəlbində çox aydın duyur. Hər bir insan arzusu, istəyi ötəri hisslər deyil, sevən üçün, sevilən üçün vüsala çatmadıqda faciədir, qüssədir, əzabdır.
Məhəbbət - rəngidir yazın, baharın,
Yanan ürəklərə sərin su olub.
Dünyada ən böyük sənətkarların,
Məhəbbət birinci mövzusu olub.
N. Həsənzadə "Əsli və Kərəm" dastanından gətirilmiş bu sücet obraz və motivlərdən istifadə etməklə həm Puşkinin qəhrəmanının daxili aləmini, əhval-ruhiyyəsii şair xəyalından keçirib poetik duyğuları yüksək sənətkarlıqla tərənnüm etməyə nail olur, həm də Azərbaycan folklorunun, xalq yaradıcılığının zənginliyini, xalqımızın yaddaşında yaratdığı dədə-babadanqalma milli-mənəvi sərvətlərə bəslənən məhəbbətin xalq içərsində yaşadığını, ondan sonra gələn nəsillərin buna eyni hörmət və ehtiramla yanaşdığını, xalqımızın yaratdığı mədəniyyəti qoruyub saxlamağa hazır olduğunu, lazım gəldikdə xalq sənətinin nadir incilərini yaradan aşıqlarımız kimi onların sənətini də yaşatdıqlarını tərənnüm edir. Puşkindən aldığı təşəkkür gənc azərbaycanlı əsgərin hisslərini coşdurur və əsgər "Əsli və Kərəm"dastanının şairi mütəəsir etdiyini görüb, bu xalqın daha böyük mədəniyyətə, incəsənətə malik olduğunu sübut etmək üçün, ona saz musiqi alətinin dillərinə də hopmuş bir "Kərəmi" çalır və o, sazı elə dindirir ki, özünün dediyi kimi bu bir taxta parçası olmasına baxmayaraq bu aləti yaradan xalqın qəlbi kimi onun da qəlbi var, dili var, ruhu var. O sazın telləri də Əsli-Kərəm məhəbbətindən danışır. Əvvəlcə danışdığı hekayəti indi sinəsində dindirdiyi saz danışırdı və o sazın sədaları altında sanki Ərzurumun çənli, boranı, dumanı qovulurdu. Əsgərin çaldığı sazın dillərində öz məhəbbəti üçün çöllərə düşən Kərəm Əsli üçün göynəyirdi:
P u ş k i n:
Kimin ürəyində bir duyğu varsa,
Deməz ürək səsi ötəri səsdir.
Məhəbbət dünyada yetim qalarsa,
Bir qəlbin ağrısı bir əsrə bəsdir.
Puşkinin daxili aləmini açmaq üçün, onun özünün də bir qızın eşqi ilə yandığını dıhı təsirli şəkildə təsvir etimək üçün "Əsli və Kərəm" süceti əsərə daxil edilir. Əsli və Kərəm məhəbbətinə mane olan şər qüvvələr, onların da məhəbbətinin, ülvi hisslərinin məhvinə bais olurlar. Cəmiyyətdə insan taleyi ilə, arzu və istəkləri ilə hesablaşmayan, öz şəxsi mənafeyini güdən qüvvələr Əsli ilə Kərəmin xoşbəxtliyinə necə mane olurlarsa, onların da xoşbəxtliyinə mane olurlar. Puşkinin taleyində də Kərəm baxtı, Kərəm taleyi vardır. Şair xalq ədəbiyyatından gələn bu priyomdanbənzətmədən istifadə etməklə güclü pafos yaradır, bəşəri duyğuların əbədi olduğunu, dinindən, dilindən asılı olmayaraq məhəbbətin bütün insanların həyatında oynadığı rolu daha qabarıq şəkildə verməyə nail olur. Hər ikisi müxtəlif şəkildə bir qəlbin göynərtilərini yaşayır, bir sevginin, saf duyğuların qurbanına çevrilirlər. Puşkinin də öz məhəbbəti var, lakin onu istəməyən qüvvələr şairi sarsıtmaq, onun şerlərində yaşatdığı alovlu, qaynar, odlu duyğuları söndürmək, məhv etmək üçün onun ən incə hisslərinə əl atırlar. Sevdiyi ailəsinə, məhəbbətinə ləkə vurmaq üçün böhtan yayırlar. Puşkin ailəsinə, özünə atılan bu böhtanlara dözməyib duelə çıxır və əvvəlcədən onun məhvi üçün hazırlanmış zəhərli odlu silahın qurbanı olur. Kərəm Qara Keşişin onun üçün hazırladığı öldürücü tilsimin alovunda necə külə dönürsə, Puşkin də onun üçün hazırlanmış o odlu silahın külünə çevrilir. Bu oxşar hadisələr xalq ədəbiyyatından gəlmə motivlərlə bəzənərək daha təsirli verilir. Puşkin Kərəm kimi saf duyğulara malik insandır. O, Kərəmin başına gələn müsibətlərin içərsində bütün varlığı ilə sevən və bu sevgi yolunda min bir əzab-əziyyətlərə, məhrumiyyətlərə dözən, öz eşqinə çatmaq üçün bütün qarşısına çıxan çətinliklərə mətanətlə dözən, öz sevgisinə sadiq, sədaqətli bir qəlb sahibini görür və onu qiymətləndirir, eşitdiyi bu hekayətdən təsirlənir və bu hekayəti danışan gənc poruçik Azərbaycanlı balası Kərəmin mənsub olduğu xalqın nümayəndəsi nəcib ülvi duyğularına görə şairin gözündə dağ kimi vüqarlı, əzəmətli görünür və ürəyində onun da sevib-sevilməyə layiq olduğunu söyləyir və onu döyüşə girişməməyə, topların, güllələrin qurbanı olmamağa çağırır. Onu sevib-sevilməyə layiq bilir. Burada şairin vətəninə, torpağına sevgisi, zəngin mənəviyyata malik xalqına bəslədiyi məhəbbəti görürük. Xəlqilik bu əsərin ruhunda, qayəsindədir.
Şair rus şairini burada gördüyü qeyri-adi gözəlliklərin, qəhrəmanlıqların içərsində heyrətdə qoyur. Hələ Qafqaza gələrkən Zümrüd quşu- ana adıyla tanıdığı qadının evində qonaq qalması, Qafqaz adət-ənənələrinə məxsus qarşılanması, onun əlləri ilə yaratdığı nadir sənət xalısının gözəlliyinin sehrində əriməsi, bu xalqın yüksək mənəvi zənginliyə malik olması inamını Puşkin ürəyində oyatmışdır. "Əsli və Kərəm" haqqında eşitdiyi məhəbbət hekayəsi şair üçün iki qəlbin saf duyğuları haqqında bir dastan idi. Lakin bu dastanın əfsanəvi incəlikləri içərsində uyuduğu, nağıl bilib xülyasına qapıldığı hisslərii bir anda gördüyü səhnə alt-üst edir və eşitdiklərinin nağıldan çox həqiqət olduğunu etiraf etməyə bilmir. Ərini döyüşdə itirmiş Zümrüd quşu -Zümrüd ana ərinin cəsədini geri verməyi mayordan tələb edir:
Ona çatdırın ki, hələ bir kəsin
Heç vaxt getməmişəm ayağına mən.
Məni başa düşmür, başa düşməsin,
Gəlmişəm qocamın sorağına mən.
"Ölən igidlərin xatirəsinə ona çatdırın ki, bu hörmət deyil" deyən qadın göz yaşı axıtmadan vüqarla, dəyanətlə öz qəlbinin ağrılarını bir kimsəyə açmadan cəsarətlə ərini tələb etməsi şairin qəlbini yandırır. Bir az əvvəl eşitdiyi Əsli-Kərəm məhəbbəti və bu məhəbbətin böyüklüyü onun qəlbini riqqətə gətirdiyi kimi, az keçmədən bir yaşlı qadının ərinin cəsədini axtarması üçün Ərzuruma gəlməsi, onu mayordan istəməsi və öz adət-ənənəsinə uyğun onu dəfn etmək arzusu, ərinə sadiq olan bu qadının vəfası, etibarı gözü ilə gördüyü, qulaqlarıyla eşitdiyini öz-özlüyündə tamamlayan bu hadisələr şairi duyğularının əsirinə çevirir:
Kərəm dastanını dedilər bu gün,
Gördüm bu torpaqda məhəbbət nədir.
Ərzuruma gəlib bir tabut üçün
Müsəlman qadını-
Bu möcüzədir.
Kərəm Xan Əslinin-
Qadın ərinin
Gəzir sorağında dünyası yaslı.
Qafqazın bu iki şah əsərinin
Əfsanə hansıdır, həqiqət hansı?
Puşkinin qarşılaşdığı real qəhrəmanlarla xalq yaradıcılığının məhsulu olan bu obrazlar arasındakı oxşarlığı, bu saflığı, sevgiyə sədaqəti lirik boyalarla verməklə N. Həsənzadə folklor nümunələrindən, sücet, obraz və motivlərindən bəhrələnməklə real qəhrəmanını daxili aləmini, qələmə aldığı hadisələri, əsərində irəli sürdüyü ideyaları bədii cəhətdən daha yüksək, daha qabarıq şəkildə verməyə nail olur. Xalqdangəlmə bu motivlər yaratdığı əsərin bədii təsir gücünü artırmaqla daha oxunaqlı, daha mənalı bir əsər kimi qiymətləndirilməsinə imkan yaradır. Millətimizin zəngin mənəviyyata, yüksək əxlaqi keyfiyyətlərə malik olan bir xalq olduğunu şairin qəhrəmanı etiraf etməli olur və "Sahibi olsaydı bu cür xilqətin, Adı tanınardı, dahiləşərdi" kəlməsi bir daha onu xalq haqqında yüksək fikirdə olduğunu sübut edir. Xalqımızın doğrudan da, baxmayaraq ki, ömrü boyu öz zəngin xammalına, təbətinə, varına görə başı çox müsibətlər çəkmişdir, yenə də öz milli varlığını, yüksək səviyyəsini qoruyub saxladığına, dünya xalqları içərsində yetişdirdiyi sənətkarlarına, intellektual səviyyəyə malik bir xalq olduğuna qəhrəmanın qəlbində tutarlı dəlillərlə inamı artırır.
N.Həsənzadə "Zümrüd quşu" əsərini xalq ədəbiyatından gətirdiyi boyalarla işləyir. O, dastan qəhrəmanlarından, əfsanə və əsatiri obrazlardan, mifologiyamızın mifik surətlərindən yararlanmaqla yanaşı, bu əsərdə bir zaman Şərq xalqları içərisində öz ağıl, fərasəti qabiliyyəti ilə yüksək ideyası ilə seçilən, prototipi olan, haqında yüzlərlə rəvayətlər söylənən Bəhlul Danəndə obrazından yararlanmaqla əsərlərini milli koloritini artırmağa nail olmuşdur. Danəndənin birinci hekayətindən məlum olur ki, bu torpağın misilsiz gözəlliyi, təbiəti meşələri gələn səyyahları heyran qoymuş bu torpaqda bitən çiçəklərin ətri heyranedici, otları xəstələrə məlhəm, turacının, bülbülünün şərqisi ürəklərə məlhəm, havası, suyu bir aləmdir.
İkinci hekayədə şair Bəhlul Danəndənin diliylə bu yerlərə yadelli hökmdarların basqın etməsindən, bu yerləri özünkiləşdirmək uçun əmr verməsindən, yerli xalqın silahlanıb ona qarşı mübarizəyə qalxmasından bəhs edir. Bu mübarizədə xalq yaralananda çiçəklər, otlar məlhəmə çevrilir. Yadelli hökmdar nə xalqın, nə də bu torpağın nemətlərinin ona qarşı bəslədiyi nifrətə dözmür. O, meşələri doğrayır, sular, çaylar yox olur. Dadlı-dadlı meyvələr uzaq ölkələrə daşınır. Bu ölkə yenə məhv olmur. Dahilərini, Babək kimi oğullarını qəhrəmanlarını yetişdirir. Həm qolundakı qüvvətinə, həm misralarındakı hikmətinə, həm ağlının qüdrətinə görə tarixdə ad aldı, yer qazandı.
Danəndənin üçüncü hekayətində yerin altının şəhər olduğundan, bu yerlərdə gəlinlərin, qızların da elin oğlanları kimi at sürən, oxatan olduğundan, gələn qonaqların hörmət və ehtiramla qarşılandığından, gələn elçilərin elin ağsaqqalı tərəfindən qəbul edilməsindən, düşmən gələndə igidliklə döyüşə qatılmasından bəhs olunur.
Yazıçı bu hadisələri Danəndənin -bir ağıllı qocanın diliylə verir. Danəndə bütün rəvayətlərdə, onun adı ilə bağlı lətifələrdə öz ağlı, qabiliyyəti ilə şahları geridə qoyan, düz əməlli, sözünün sahibi, folklor aləminin məşhur obrazlarında biridir. Şair onun diliylə mənsub olduğu xalqın tarixini, onun yaşadığı ərazi və bu ərazidə yaşayan tayfaların birgə amala, məqsədə xidmət etmələrini,torpaqlarını yadellilərdən necə qoruduğunu təsvir edir. Əsərdə Danəndə özü də xalqını sevən bir şəxsiyyətdir. Hər bir xalqın özünün başbiləni, Qorqudu, Danəndəsi olub, onların xalq ədəbiyyatında öz yeri var. Xalq onların adı ilə bağlı bütün rəvayətlərə hörmətlə yanaşır. Xalq içərisində tanınmış Danəndə obrazı şairin öz fikirlərini, duyğularını daha emosianal şəkildə verilməsinə şərait yaradan bir vasitədir. Bu priyom əsəri oxunaqlı etməklə yanaşı, onun bədii dəyərini də artırmış olur. Şair Danəndənin xalq içərisində həmişə doğru danışan, həqiqəti sevən bir obraz kimi tanıdığını, sevdiyini bildirir. Onun sözündə yalan ola bilməz. Əgər bu rəvayətlər Danəndənin diliylə verilirsə, deməli həqiqətdir. Danəndə həqiqəti söylədiyi üçün çox vaxt rəvayətlərdə ölümdən qurtulur. Həqiqət isə ört-basdır etmək olmaz. Danəndənin diliylə verilən hadisələrin bədii dəyəri daha güclüdür.
Əsərdə diqqəti cəlb edən surətlərdən biri də Zümrüd quşu adıyla tanıdığımız qadındır. O, xalqımızın milli keyfiyyətlərini özündə əks etdirən obrazdır. O, evinə gələn qonaqları hörmətlə qarşılayan evdar qadın, ərinə sədaqətli, cəsarətli bir Azərbaycan qadını olmaqla yanaşı, həm də əlləri ilə ən zərif, ən gözəl sənət əsərləri yaradan istedadlı bir insandır. Onun toxuduğu xalçalar nadi sənət inciləridir.
Xalçaçılıq sənəti Şərq xalqları içərisində geniş yayılmışdır. Türkiyə, İran, Türkmənistan və digər dövlətlərdə olduğu kimi Azərbaycanda da xalçaçılıq geniş yayılıb və onun əllərinin yaratdığı sənət əsərləri içərisində geniş yayılmışdır.
Əsərdə diqqəti cəlb edən xalqımızın nağıl və dastanlarında yaşayan qadınlarımızın qəhrəmanlığıdır.
Hacı qızını öz sevgilisindən-nişanlısından ayırırlar. Qız intiqamını plmaq üçün kişi paltarı geyinib, atlanır, ağzından yaşmaq, əlində tüfəng çöllərə düşür. Onun dəyanəti məğrurluğu rəfiqələrinə də siyarət edir. O, öz intiqamını alana kimi üsyanından əl çəkmir. Şair o qadının simasında oğul qeyrətli, bir qadının obrazını yaratmışdır. Bu obraz bizə Qazan xanın arvadı Burla xatunu, Qanturalın nişanlısı Selcan xatunu, Qaçaq Nəbinin Həcərini - xalqımızın yaratdığı şifahi xalq ədəbiyyatı nümunələrinin qəhrəmanlarını xatırladır. Həcər Qaçaq Nəbinin ölümündən sonra onun intiqamını almaq üçün mübarizəsini davam etdirir. Qaçaq Nəbin məzarı üstündə and içir və bu andına sadiq qalaraq onun ölümündə günahkar olanların canına vəlvələ salır. Şairin yaratdığı Ağa qızı obrazındakı bir sıra qəhrəmanlıq xüsusiyyətləri onun milli xüsusiyyətləridir və bu xalqımızın tarix boyu həyatında, adət-ənənəsində də öz əksini tapmışdır.
Nəriman Həsənzadə xalq ədəbiyyatından bu və ya digər formada yararlanmaqla yaratdığı sənət əsərinin milli koloritini saxlamağa nail olur. İstər poemaları olsun, istər tarixi dramaları olsun, istərsə də başqa əsərləri onların hamısında xəlqilik hissləri güclüdür. Bu əsərlərdə doğma vətənə, torpağa, azərbaycan xalqına dərin hörmət, məhəbbət yaşayır. Bu hörmət, sevgi xalq yaradıcılığında necə öz əksini tapmışdırsa, Nəriman Həsənzadə yaradıcılığında da o səpgidədir. Ona görə də şairin yaratdığı əsərlərin məzmunu, ideyası xalqının ruhunu oxşayır, şairi, onun əsərlərini oxucusuna sevdirir.

Gülxani Şükürova

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah