Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

İTİRDİKLƏRİMİZ, TAPDIQLARIMIZ

XX əsr Azərbaycan xalqının həyatında ən yüksək mərhələ təşkil edən əsrdir. Bu əsrdə baş verən tarixi hadisələrin məngənəsində Azərbaycan xalqı ən çətin, ən şərəfli illərini yaşadı. Dünyanı məhvərindən tərpədən sosializm quruculuğu ideyaları dünyanını bir çox ölkələrini tufan kimi qoynuna aldıqda Azərbaycanın da qismətinə 70 il sosialist ideologiyasına xidmət etmək düşdü. Nə qədər çətinlik içərsində yaşamış olsaq da, yenə qazandıqlarımızı da unuda bilmərik. Heç vaxt unutmamalıyıq ki, Azərbaycan 70 ildə böyük nailiyyətlər əldə etmişdir. Bu əsrdə Azərbaycanda boyük bir ziyalı ordusu yetişmişdir. Onun yüksək ixtisaslı kadrlarının səsi dünyanın beynəlxalq konqreslərindən gəlir. Hər bir sahədə olduğu kimi riyaziyyat sahəsində Azərbaycan alimləri böyük inkişaf yolu keçdilər. Hələ əvvəlki əsrlərdə bu sahədə öz sözünü demiş görkəmli alimlərimiz olmuşdur. Məsələn, Nəsirəddin Tusi sferik həndəsəni müstəqil elmə çevirmişdir. Onluq say sisteminin bu kəşflərdə böyük rolu olmuşdur.
XX əsrdə Azərbaycanda riyaziyyat elminin müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün çox iş görülmüşdü. Müasir dövr riyazi tədqiqatlarında funksional analiz üsulları geniş tətbiq olundu. Azərbaycanın özündə funksional analiz məktəbinin inkişafında Z.Xəlilov, İ. İbrahimov, F. Maqsudov, Y. Məmmədov, M. Rəsulov və digər adlarını çəkmədiyim görkəmli riyaziyyatçı alimlərimiz böyük əmək sərf etmişlər. SSRİ-də ilk funksional analiz kitabının müəllifi Z.Xəlilov olmuşdur ki, o da uzun müddət bu məktəbə rəhbərlik etmişdir. Funksional analizə aid ilk dərsliyin müəllifi olan Azərbaycanın istedadlı alimi Z.Xəlilovun Funksional analiz, onun inteqral və differensial tənliklərə tətbiqi, səlt mühit mexanikası, hidromexanika, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aid elmi araşdırmaları yüksək elmi nailiyyətlərin əldə edilməsinə imkan yaratmışdır.
Azərbaycanda kimya elminin inkişafında da XX əsrdə əldə edilən nailiyyətlərin sayı hesabı yoxdur. Kimya elminin inkişafında S.Hüseynov, Y.Məmmədəliyev, R.İsmayılov, M.Nağıyev, V.Əliyev, S.Mehdiyev, İ.Orucova, H.Şahtaxtinski və başqalarının xidmətləri böyükdür. Y.Məmmədəliyevin kimya sənayesinin inkişaf etdirilməsi səhəsində apardığı elmi-tədqiqat işləri və bunun kimya sənayesinin inkişafına verdiyi töhfələr misilsiz əhəmiyyətə malikdir.
Murtuz Nağıyev neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların genetika və termodinamikası sahəsində elmi araşdırmalar aparmış və onun işləyib hazırladığı resirkulyasiya prossesləri nəzəriyyəsi kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin əsasını təşkil edir.
Azərbaycanda fəaliyyət göstərən EA–nın nəzdindəki Coğrafiya institutu respublikamızın təbii ehtiyatlarından səmərəli istifadə etmək, bu təbii ehtiyatların mühafizə edilməsinin elmi əsaslarını işləyib hazırlamaqla bərabər, onun çoxlu şöbələri vardır və bunlar bu sahədə səmərəli elmi fəaliyyətini davam etdirir. Coğrafiyaçılar təbii şəraitin və ehtiyatların öyrənilməsi, həmçinin məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsi məsələləri ilə məşğul olur. B.Budaqov, R.Piriyev, A.Hüseynov kimi alimlərimiz coğrafiya elminə öz zəngin töhfələrini vermişdir.
Tibb elminin və digər elmlərin əldə etdiyi ən böyük müvəffəqiyyətlər məhz XX əsrdə əldə edilmişdir. XX əsrin qüdrətli ziyalı ordusu Azərbaycan elmini ən uca zirvələrə qaldırdı.
Bu gün elmin, iqtisadiyyatın inkişafında misli görünməmiş müvəffəqiyyətlər əldə edən kibernetikanın Azərbaycanda da inkişafında T. Hacıyev, K. Şirinov kimi neçə–neçə alimimizin misilsiz xidmətlərini də qeyd etməliyik. Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Kibernetika institutunun əldə etdiyi misilsiz nailiyyətlər, bu elm ocağının əvəzsiz xidmətləri tarixin səhifələrinə əbədi həkk olunmuşdur.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı XX əsrdə bir yüzillik ərzində elmin inkişafında misli görünməmiş nailiyyətlər əldə etmişdir. Dünyanın hansı elminə müraciət etsən, o elmin sirlərinin dərindən öyrənilməsində, bu sahədə öz elmi təkliflərini verməkdə Azərbaycan xalqının qüdrətli elm sahiblərinin az əmək sərf etmədiyini görərik. Baxmayaraq ki, hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq Azərbaycan xalqı hər cür çətin şəraitdə öz gərgin əməyi, elmi fəaliyyəti ilə seçilmişdir. Elmin inkişaf etdirilməsi, muasir texnalogiyaya təlabat nəticəsində yeni zavod və fabriklərin, elmi–tədqiqat müəssisələrinin tikilməsi və onların əməli işə keçməsi üçün həmişə Azərbaycan alimləri irəlidə olmuşdur.
Doğrudur, biz heç vaxt unutmayacağıq ki, XX əsrin Azərbaycan alimləri, ziyalıları çox faciəli günlərini də yaşamışdır. Ən qüdrətli zəka sahibləri Stalinin yeritdiyi siyasətin qurbanı oldu. Minlərlə bilikli, ağıllı, vətənpərvər insanlar Sibirin, Qazaxıstanın çöllərinə sürgün edildi. Ölkədə tikilən ən zəhərli istehsal sahələri Azərbaycanda inşa edildi. Bu ölkənin ən gözəl guşələri ölü zonaya çevrildi. Erməni və rus millətindən olan idarə başçıları elmin, texnologiyanın inkişaf etdirilməsi adıyla Azərbaycanda ən iri zavodların tikilməsinə sərəncam verirdilər. Bu zavodların buraxdığı tonlarla zəhərli maddələr havaya buraxılırdı və insanın həyatı üçün ən təhlükəli vəziyyətin yaranmasına baxmayaraq heç kim Azərbaycan xalqının nə həmin dövrdə yaşayan insanlarının, nə də onların gələcəyi olan günahsız körpələrinin taleyini fikirləşirdi. Öz suyu, havası, təbiəti ilə dünyanın ən böyük kurort zonalarını, sanatoriyalarını kölgədə qoya biləcək Azərbaycanın təbiətinə qarşı gizlin siyasi iş gedirdi. SSRİ kimya sənayesinin naziri olan milliyətcə erməni murdarları Sumqayıtda yeni bir kimya zavodunun inşa edilməsi üçün də əmr vermişdi. Əgər bu zavod da Sumqayıtda tikilsəydi və fəaliyyətə başlasaydı, Bakı, Sumqayıt əhalisini daha nə kimi müdhiş fəlakətlərin gözlədiyini təsəvvür etmək çətin deyil. Hər vəchlə Azərbaycan xalqının sağlamlığını əlindən almaq, onu əqli və fiziki cəhətdən məhv etmək missiyasından əl çəkməyən erməni daşnaklarının, onların havadarlarının bu sahədə misli gorünməmiş fəaliyyətinin məqsədi vardır. Dənizə tökülən zəhərli maddələr Xəzərin sinəsinə dağ çəkdi. Çeşid – çeşid salınan tütün plantasiyaları torpağın münbitliyinə balta çaldı. Əkin üçün yararsız şoran torpaqlara baxanda alimlərimizin ürəkləri göynəyir, düşmənlərimizin alimlərimizin aradan götürülməsi üçün qurulan böhtan dolu məhkəmələri onların məhvinə yönəldi və nəyahət, Azərbaycanın sabahını düşündüklərini deyənlərin də dili kəsildi, vətəndən didərgin düşdü, soyuğun, şaxtanın qurbanı oldu.
Azərbaycanın dilbər guşələrindən olan Şəki – Qəbələ zonası öz təbiətinin flora və faunası ilə seçilir. Qalın sıx meşələrlə örtülmüş bu gözəl məkanda misli görünməmiş zəngin meşə zolaqları vardır. Bu meşələrdə bitən ən nadir bitkilər, ağaclar palıd, fıstıq, şabalıd, dəmir ağac bu zonanın təbiətinə yaraşıq verir.
Bir zamanlar bu yerlərin zəngin təbiətindən, yeraltı mədən sularından, təbii palçıq vulkanlarından müalicə məqsədi ilə istifadə etmək ya kimsənin diqqətini cəlb etməmişdi, ya da bədxahlarımız buna imkan verməmişdir. Ölkənin iqtisadiyyatının, kənd təsərrüfatının inkişafında bu zonanın torpaqlarından ən çox tütün yetişdirmək üçün istifadə olunurdu. Ucu-bucağı görünməyən tütün sahələri özü elə bu yerlərin havasının zəhərlənməsinə təsir göstərməyə bilməzdi.
Elə bil SSRİ dövründə başda oturanlar, ölkədə sənayenin inkişaf etməsi sahələrinə əl gəzdirənlər sanki Azərbaycanın təbiətinə, torpağına, insanlarına divan tutmaq vəzifəsini qarşılarına qoymuşdular. Bu yerlərdə düzgün planlaşdırılmamış təssərüfat sahələrinin fəaliyyət göstərməsi azmış kimi, ona başqa bir sahədən də zərbə endirmək planları işlənib hazırlanırdı. Tütünçülüyü inkişaf etdirmək üçün torpaq sahələrinin olmadığı fakt olsa da, onlar ucu-bucağı görünməyən meşə zolaqlarını doğradıb, əkin üçün yararlı sahələrə çevirirdilər. Min hektarlarla meşə zolaqları məhv edilirdi. Bu meşə zolaqları məhv edildikdə bu yerlərdə meşələrdə yaşayan ən nadir qiymətli heyvanlar da məhv olurdu. Elə bil onların kökünü kəsməyə çalışanların gözləri kor, beyinləri şikəst idi. Belə nadir heyvanları, belə nadir meşələri, zəngin təbiəti olan zonada Qəbələ RLS – nin tikilməsi və istifadəyə verilməsi bu yerlərin həm təbiətinə, həm də insanlarının sağlamlığına vurulan öldürcü zərbə idi. Bu yerlərdə böyüyüb boya-başa çatan bir insan kimi deyə bilərəm ki, onun zərbəsi bütün Oğuz, Qəbələ, İsmayıllı bölgələrinin bütün canlılarının, meşələrinin, həm də sağlam iqliminin axırına çıxmaqdadır. Qəbələ RLS-nin istifadəyə verilməsindən bu günə qədər o yerlərin təbiətinə vurulan zərəri hesablayacaq elə bir meyar da yoxdur. Bir zamanlar gövdəsini 7 -8 nəfər insan qucaqlaya bilməyən palıd ağacları quruyub tökülmüş, yanında kök atanlar isə cılız, çəlimsiz ağaclardır. Ən qiymətli ağacların yerində xırda, zəif, çəlimsiz uşaqları xatırladan xəstə ağacları görən qocalardan eşitdiyim söhbətlər ürək dağlayır. Bir zamanlar hər bir ağacdan kəsib götürdükləri taxtadan bir evin içinin tavanını, döşəməsini taxtalamaq mümkün olduğu halda, indi belə ağacları əli çıraqlı gəzsən də tapmazsan.
Qəbələ təqribən 2500-3000 il bundan əvvəl salınmış bir şəhərdir. Qafqaz Albaniyasının paytaxtı olmuş, uzun müddət bir dövlətin paytaxtı kimi tarixdə məhşur olan Qəbələ haqqında yunan, roma, ərəb, türk və digər mənbələrdə zəngin mə'lumatlar var. Orada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət abidələri, antik dövrə aid binaların qalıqları bu yerlərin e.ə. 4-cü, eramızın birinci əsrlərinə aid olduğunu müəyyənləşdirmişdir. Qazıntı zamanı az-çox məlum olan tikililərin, qalaların qalıqları, ocaqlar, təndirlər, kərpic döşəmələr, gil qablar, tunc, gümüş, qızıl və sümükdən qayrılmış bəzək şeyləri bir daha sübut edir ki, bu yer soykökümüzün əsasında duran insanların qədim yaşayış məskənidir.
Bu yerlərin təbiəti misli görünməmiş gözəlliklərə, zənginliklərə malikdir. Bu yerlərin Qum, Qəmərvan kimi mineral bulaqları can dərmanıdır. Alp və subalp çəmənlikləri, seyrək və qalın meşələri, kserofit seyrək meşələri geniş əraziləri əhatə edir. Dağ meşələri palıd, fıstıq, vələslə zəngindir. 60 min ha-ya yaxın sahəsi meşəlikdir. Maral, vaşaq, tülkü, dələ, yenot, boz dovşan, çöldonuzu kimi heyvanları, qırqovul, gəklik, turac kimi quşları ilə zəngin olan bu yerlərdə çətin ki, indi belə qiymətli heyvanları görəsən. Əsasən qoz, fındıq, şabalıd, alma yetişdirilən bu yerlərdə artıq bu ağacların da kökü kəsilməkdədir. Bir zaman ən qiymətli alma növü olan Qızıləhmədi sortu əvvəlki keyfiyyətini o qədər itirmiş, cılızlaşmışdır ki, adamın ürəyi ağrayır.
Qəbələ bir tərəfdən İsmayıllı ilə, o biri tərəfdən isə Oğuzla qonşudur. Qəbələ RLS-i bu ərazinin təbiətinə, insanlarının sağlamlığına ağır zərbələr vurmuşdur. Artıq gizlədilə bilməyən faktlardır ki, bu yerlərdə hər kənddə bir qəbirstanlıq olardı. İndi o qəbirstanlıqların nə qədər artdıdığını demirəm, bircə faktı qeyd etmək lazımdır ki, RLS–nin fəaliyyətindən sonra burda doğulan uşaqların demək olar ki, əksəriyyəti şikəst və ya ölü doğulur. Hər kənddə demək olar ki, uşaq qəbirstanlıqları vardır və bu qəbirstanlıqları görəndə adamın tükləri biz–biz durur. Elmin, səhiyyənin bu qədər inkişaf etdiyi bir zamanda belə qəbirstanlıqların məhz bu zonada olması, insanların ölüm faizinin artması, bir zamanlar yaşı yüzdən ötmüş adamların sayına görə birinci yerlərdən birini tutmasına baxmayaraq burada indi əhalinin doxsan faizinin əlli - altmış yaşa çatmamış ürək xəstəliyindən və digər sağalmaz xəstəliklərdən əziyyət çəkməsi, vəfat etməsi, qəflətən ölüm hallarının adi bir hal alması əyani sübutdur. İllər öz sözünü deyib. Qəbələ RLS-i Oğuz-Qəbələ–İsmayıllı zonası üçün ölüm kabusudur. İllərlə səhlənkarlıq, laqeydlik göstərmişik, zaman isə öz sözünü deyib, hər şey göz qabağındaır; buralarda yaşayan insanların həyat şəraiti, qəbirstanlıqlar, şikəst körpələr, xəstəliklər, ölü təbiət buna sübutdur. İllərin, ayların verdiyi nəticəni nə kağız üzərində, nə laboratoriya şəraitində axtarmaq lazımdır, nə də müxtəlif ölkələrin mütəxəssislərinin çağırıb gətirməyə ehtiyac var. Əsil həqiqəti bu yerlərin yazla yayın ayrıcında xəstə kimi sapsarı saralmış meşələri, əqli, cismani şikəst övladları deyir, neçə–neçə evlərdə ürək xəstəliyindən qəflətən baş vermiş ölüm nəticəsində başsız qalmış ailələr deyir, bu yerlərin çarəsiz xəstəliklərinə tutulmuş insanlarının başqa yerlərə nisbətən çoxluq təşkil etməsi deyir.
Bu yerlərin günahsız heyvanları da eybəcər doğulur. Yayda bu yerlərin camaatının həyətlərində bəslənən tüksüz, ətcə toyuqları, cücələri görəndə adamın əti ürpəşir. Bu heyvanların yumurtasının sarısı da, ağı da illərlə isbat olunmamış məsələlərin açıq aydın göstəricisidir. Orta hesabla evlərdə bəslənən toyuq-cücənin minindən 60 –70 -i sağ qalır.
Bir hadisə heç vaxt yadımdan çıxmaz. 1983-84-cü illər idi. Yay tətili idi. İmtahanları verib kəndə getmişdim. Həyətdə alma ağacının altındakı taxtın üstündə uzanmışdım. Birdən necə oldusa gözüm fındıq topasının yanında topa oxşayan yumru bir şeyə sataşdı. Maraq üstün gəldi, durub getdim lap yaxına. Gördüm futbol topuna oxşar formada yerdə torpağın üstündədir, yanında da bir-iki dənə də belə balaca nəsə var. Tərpətdim, tərpənmədi. Hiss olundu ki, kökü var. Anamı çağırdım gəldi. Anam da baxanda təəccüb içərsində qaldı ki, bu nə ola bilər? Mən tənbəllik eləmədim, beli gətirib bunu iki yerə böldüm. Böldüm və təəccübüm yenə artdı. İçi şar kimi bomboş idi. Üstünü belin arxasıyla əzdim. Fikirləşdik bu da nəsə köbələyə oxşar şeydir yəqin. Amma bu boyda köbələk ola bilməzdi. Ömrümdə gördmədiyim bitkidir. Nə isə gəldim yerimdə uzandım. Nə qədər yatdım, bilmirəm. Oyandım. Ayağa durub təndirxanaya keçəndə gördüm toyuğun biri arxasıüstə yerdə çabalayır. Qaldırdım, toyuğun başı üstündə dayanmırdı. Yenə anamı çağırdım. Gəldi. Başına su tökdük, neylədik, dirildə bilmədik, suya salan kimi də öldü.
Anam qalxdı, o tərəfə, bu tərəfə boylandı, bir şey görmədik, çünki həyət yamyaşıl çəmənlik idi. Fikirləşdik ola bilər bunu ilan çalıb. Anam ağaclara tərəf getdi. Onda gördüm qışqırır ki, bura gəl. Qaçdım onun yanına. Fındığın dibində göbələyə oxşar şeyin yanında iki -üç toyuq ölüsü vardı və onlar onu dimdikləmişdilər. Ana-bala dəhşət içində qaldıq ki, bu nədir. Tez onu süpürüb yığdıq, gətirib tökdük ocağın içinə ki, yansın, kül olsun, aparıb başqa yerə atarıq. Yoxsa toyuqlar yenə eşələyib çıxararlar. Artıq tamamilə əmin idik ki, bu nəsə zəhərli bitkidir. Səhəri gün anam ocağın külünü təmizləyəndə dedi ki, ocaqdan daş kimi para-para şeylər çıxdı. O nə zibildisə yaxşı yanmaq da bilməyib.
O zamandan bəri həmişə düşünürdüm ki, bu nə ola bilərdi. Anam
O qədər də fikir vermədiyi bu bitkinin toyuqları necə öldürdüyünü qonşulara yana-yana danışırdı. Sən demə, o zaman həyəcan təbili çalınmalıydı.
O yerlərdə zəngin mineral bulaqlar var ki, dərdlərə məlhəmdir. 90-cı illərdə Oğuzda Kor dərə deyilən ərazidəki mineral bulağı 4 nömrəli xəstəxananın baş həkimi Əlfəddin Abdullayev üzə çıxardı. Deputat seçilərkən xalq doğrudan da ondan əsil bir millət vəkili kimi yaxşılıqlar gördü.
Orada yeni bir sanatoriyanın tikiləcəyini, insanların sağlamlığının keşiyində durulacağını gözləyən yerli camaatın ümidləri puça çıxdı. Maddi vəsait olmadığından Kor dərəyə gətirilən vaqon-evlər insanların tələbatını ödəyə bilmək imkanında deyildi. Sanatoriyaların tikilməsi məsələsi yarımçıq qaldı. Allah o kişinin canını sağ eləsin. O Kor dərənin kor gözünü açıb gələn-gedənin yolüstü də olsa istifadəsinə verilməsi üçün çox iş gördü. Onun müalicəvi əhəmiyyətini görən camaat oradan qab-qab su daşıyıb dərdinə məlhəm tapır. Amma bu yerlərin suyu kimi, havası da dərdlərə məlhəmdir. Azərbaycan o yerlərdə sanatoriyalar tikdirib, xaricdən gələn turistlərin diqqətini bu yerlərə cəlb etsə, bu sahədən gələn qazanc min dəfə RLS-dən gələn qazancdan həm üstün, həm də halal olar. Allah da halallıq sevir. Kiminsə göz yaşları üzərində qazanılan milyonlar kimsəyə xeyir verməz. Biz halal millətik. Özgə qazanında gözümüz yoxdur. Öz qazanımızın umacı bəsimizdir. Biz təbiətimizi qorumalıyıq.
Təbiətə laqeydlik hər şeydən dəhşətlidir. Müxtəlif illər ərzində meşələrə vurulan zərbələr sağalmazdır. Kökündən kəsib daşıdıqları, müxtəlif ölkələrə dekorativ ev əşyaları kimi aparılıb satılan bu zəngin təbiətin nadir incilərinin qayğısına qalmalıyıq. Öz içimizdən çıxan laqeyid insanların şəxsi mənfəət güdmək marağının çoxalmasının nəticəsidir ki, bu ağaclardan gözümüzün qarşısında neçə-neçə qoz ağaclarının kökünü torpaqdan çıxarıb maşınlara doldurub məlum olmayan istiqamətlərə aparılması bu zəngin təbiətə qarşı aparılan açıq-aydın qərəzli müharibədən xəbər verir. Bir zamalar Sovetin yeritdiyi siyasət nəticəsində sağlamlığını itirən, məhv olmaq təhlükəsi qarşısında qalan meşələrə, müstəqilliyimizi əldə etdikdən sonra belə ögey münasibət, özümüzün də qayğı göstərməməyimiz ürəyi vətənin, torpağın məhəbbəti ilə döyünənləri göynədir. Bu göynərti hər bir Azərbaycanlı balasının qəlbində olsaydı bəlkə də təbiətimiz bu amansızların amansız zərbələrinə məruz qalmazdı. Sirr deyil ki, bu gün Qəbələ-İsmayıllı-Oğuz zonasından talan edilmiş ağaclardan çəkilmiş taxtalardan düzəldilmiş qiymətli sayılan qapı-pəncərələr bəlkə də xaricdə də kiminsə evini bəzəyir. Amma bir şey unudulur ki, bu ölkənin istər yerüstü, istər yeraltı xammalı bu millətin sərvətidir, bu sərvəti talan edənlərə qarşı qanun işləməlidir. Əgər işlənmiş olsaydı bu gün Oğuzun, Qəbələnin meşələri belə zərbələrə məruz qalıb, bu qədər dəhşətli surətdə məhv edilməzdi. Bu işdə marağı olanların görünür arxası möhkəm imiş ki, indiyə qədər bu meşələrin ah-naləsi kimsənin qulağına çatmayıbdır. Unutmayaq ki, gələcək nəsillər təbiətə vurulan bu zərbələrə görə bizi bağışlamayacaq. Bizim israfçılığımız bu xalqın gələcək iqtisadi inkişafının qabağına kötük itələmək kimi bir şeydir. Bir zərbəni alandan sonra, onun əzabını çəkəndən sonra ayılırıq, öz işlərimizin başımıza gətirdiyi bəlaları görürük. Onda isə gec olur. Bir zamanlar Qarabağda Topxana meşəsinin qırılması haqqında xəbər alanda paytaxt əhli Azadlıq meydanında qan eyləyirdi. Üstündən az bir müddət keçdikdən sonra Azərbaycan müstəqil dövlət kimi fəaliyyətə başlayandan sonra fikirləşirdik, indi hər şey öz əlimizdədir, daha heç nədən qorxumuz yoxdur, biz istədiyimiz kimi qüvvətli bir dövlət yaradacağıq. Çox əfsuslar olsun ki, belə olmadı. Meşələrimiz bu gün də özümüz tərəfindən tarımar edilir, ağaclarımızın kökünə qədər (deyilənə görə xaricdə bu ağacların kökünün qiyməti, gövdəsinin qiymətindən on qat bahadır.) yerindən çıxarılıb satılır. Bir şeyi unutmaq olmaz ki, meşələr həm də odun, ocaq üçün istifadə edilən yerdir. Amma o meşələrdən odun üçün istifadə edən insanlar ancaq qurumuş ağacları kəsib, doğrayır aparırlar, o sağlam ağacları kəsib aparanlar ancaq ondan mənfəət götürmək, qazanmaq üçün istifadə edirlər və bu işdə onlara kömək edən inzibati orqanların nə qədər təqsirkar olduğunu göydəki Allah bilir.
Hər kəs öz vicdanı qarşısında cavab verir. Meşələr də insanlar kimi bu vətənindir. Lap qədim zamanlardan ulu babalarımız meşələrə canlı bir varlıq kimi baxmış, onların ruhuna hörmətlə yanaşmışlar. Meşə kultu müqəddəs kultdur. Onun belə məhv edilməsini göydə Allah də götürməz.
Biz onsuz da ən ağır işgəncələrin, mənəvi zərbələrin acısını yaşamış xalqıq. Keçdiyimiz həyat yolu bizə dərs olmalıdır. Biz innən belə bu vətənin qayğısını çəkməli, onun işıqlı gələcəyi naminə öz işimizi elə qurmalıyıq ki, bizdən sonra gələn nəsillər bizim işimizə qiymət verəndə ruhumuz utanmasın. Yer üzündə insanların bərabərliyini, hamının öz zəhməti ilə dolanmasını istəyən, dünyada bütün insanları bərabər, bir-birindən asılı olmadan yaşamasını istəyən bir insan nəslinin övladlarıyıq biz. Duz-çörəyi müqəddəs bilən, kəsdiyi duz - çörəyə əbədi sədaqətli qalan qəlbi təmiz, eşqi təmiz Azərbaycan övladıyıq biz. Başına gələn müsibətləri tez unutmağı bacaran, kin-küdrət bilməyən bir millətin varından bəhrələnən, lakin həmişə bu xalqa qarşı mənfi mövqe tutan böyük qardaş adlandırdığımız insanların çirkin niyyətlərinin ağrı-acısını çəkənlərik biz. XIX əsrdə yalnız varımız, əməyimiz tarımar olunurdusa, XX əsrdə beynəlmiləlçilik, qardaşlıq şuarları altında vüqarımız, torpağımız, milli sərvətlərimiz də talan olunub daşınırdı. Qızıldan yaranmış Kəlbəcərin qızıl yataqlarını erməni daşıdı, taladı, neftini rus daşıdı, təbiətini, flora və faunasını məhv etdilər.
Bununla belə unutmamalıyıq ki, innən belə nə kimi imkanlarımız var itirdiklərimizi qaytarmalıyıq. Bu gün bizim elə bir güclü elmi potensialımız var ki, onların fəaliyyətə cəlb edilməsi ilə əsrlərlə həll edilməmiş qlobal problemlərimizi həll edə bilərik. Azərbaycan xalqı güclü elmi potensialı olan kadrlara malikdir. Onlarla iş aparmaq, yeni demokratik islahatların həyata keçirilməsində onların əməyindən istifadə etmək ən gözəl nəticələr verə bilər. Bizim bu sahədə əldə etdiyimiz müvəffəqiyyətlər gələcək üçün böyük perespektivlər qazanmağımıza imkan yaradır. Lakin atılan səhv addımlarımız çoxdur və bir çox qabaqcıl fikirli ziyalılarımızın potensial qüvvəsindən, işindən, bacarığından istifadə etmək əvəzinə, onlara qarşı təqiblərin, dolayı yollarla maneələrin ağır nəticələrini görürük.
Xalqın hüquqlarını müdafiə edən dövlət insan haqqlarının pozulmasına imkan verməməlidir. Vəzifəsindən sui-istifadə edən rüşvətxorlar vaxtında aşkar edilməli, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan ən yüksək cəza növləri ilə təqsirli bilinib məsuliyyətə cəlb edilməlidir. Biz unutmamalıyıq ki, azərbaycanlıyıq, dövlətimiz Azərbaycan dövlətidir. O, inkişaf etmiş dövlətlər səviyyəsində dayana bilmək qüdrətinə malikdir. Çünki onun zəngin sərvəti, xammalı, elmli potensialı vardır. Ağrılı yerlərimizin müalicəsi isə öz əlimizdədir. Biz çevik olmalı, yüksək itellektual səviyyəli insanların imkanlarından yararlanmaqla qurub yaratmalıyıq. Bu gün rüşvət verən də, rüşvət alan qədər mə'suliyyət daşıyır. Buna görə də elə etməliyik ki, Ali Qanunlarımızı, Konstitutsiya aktlarımızı bütün vətəndaşlarımız dərindən bilməklə hüquqlarımızın pozulmasına qarşı ümumxalq mübarizəsinə qalxsınlar. Kimin artıq maddi imkanı varsa, onu iqtisadiyyatın inkişafına xərcləsin, çoxlu iş yerlərinin açılmasına çalışsın, yüksək ixtisaslı peşə sahiblərinin işlə tə'min olunmasına diqqəti yönəltsin. Həm bir sahibkar kimi yetişsin, həm də xalqın ümumi yaşayış səviyyəsini yüksəltməyə imkan yaratsın. Bir ovuc kapital yığıcılarına imkan verilməməlidir ki, külli miqdarda rüşvət verməklə hakimyyətə gəlsin, vəzifəyə yiyələnsin və marağını verdiyini çıxartmaq istiqamətində qursun. Bir şeyi unutmamalıyıq ki, elin gözü tərəzidir. O, hər şeyin çəkisini daha düzgün bilir,
Biz qardaşın – qardaşa, insanın – insana dost inamının olmasını unutmamalıyıq. Biz öz vətəni yolunda canını qurban verməyə hazır olan şəhid oğullarımızın qəhrəmanlığından dərs almalıyıq. Biz öz əqidəsi yolunda diri – diri dərisi soyulan Nəsimi kimi şəxsiyyətlərdən dərs almalıyıq. Biz öz xalqımızın azadlığı, müstəqilliyi, xoşbəxtliyi uğrunda illərlə mübarizə aparan Babək kimi qəhrəmanlarımızdan dərs almalıyıq, biz dost yolunda, düzlük, həqiqət uğrunda yüksək ideyalarla yaşayan insanlardan, onların keçdiyi həyat yollarından ibrət götürməliyik. Biz 1990–cı il 20 yanvar günündə öz milli müstəqilliyinin qorunması yolunda az bir zamanda yumruq kimi birləşib bir müqəddəs amal uğrunda şəhidliyə qovuşanların həyat yoluna nəzər salmalı, Azərbaycanın işıqlı gələcəyi, səadəti naminə şəxsi istək və arzularımızdan, vara-dövlətə hərisliyimizdən əl çəkib ümummilli mənafeləri əsas tutmalıyıq. Bəlkə bu yolla biz daha çox müvəffəqiyyətə nail ola bilərik, daha tez düzgün inkişaf yolu tutarıq. Vəzifə, prezident, başçı kürsüsünə yiyələnmək üçün illərlə çörək kəsdiyimiz dosta, bir yerdə böyüdüyümüz qardaşa, bütün ömrünü xalqa, vətənə xidmət edən böyük şəxsiyyətlərə qarşı kinlə, qəzəblə, şübhəli gözlə baxmamalıyıq.
İstər iqtidar olsun, istərsə müxalifət bunları birləşdirən bir qüvvə vardır ki, bu da onların bir soykökə bağlılığıdır. Onun naminə hər kəs bu soykökümüzün fövqündə duran Azərbaycanın gələcəyi naminə çalışmalıdır.
Bu gün Azərbaycan xalqı keçid dövrünün çətinlikləri ilə üz – üzə dayanıb. Demokratik yolla inkişaf etmək, sivil dövlətlər səviyyəsinə yüksəlmək və bu yolla gələcək inkişafını tə'mini etmək istəyən bir dövlətin vətəndaşlarıyıq biz. Sirr deyildir ki, bu gün Azərbaycan ziyalısı ağır günlərini yaşayır. Azərbaycan elminin, sənətinin inkişafına təkan verəcək elə bir yeniliklər də görünmür. Azərbaycan alimi, sənətkarı böyük çətinliklərlə üzləşməli olub. 90-cı illərdən üzü bəri bu illərə diqqət yetirdikdə öz-özümə düşünürəm ki, bu xalqın ziyalısı, elmi nəyi itirib, nəyi tapıb. Tapdığı azadlıq, müstəqillik olan, Demokratik Azərbaycanın vətəndaşı kimi tanınan Azərbaycan ziyalısının itirdiyi də az deyil.
Hələ 80-cı illərin axırlarında, 90-cı illərin əvvəllərində bütün xalq bir qüvvə kimi birləşərək müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Bu yolda yüzlərlə, minlərlə şəhid verdi, ruhdan düşmədi, istədiyinə nail oldu. Azadlığını, müstəqilliyini, qanı, canı bahasına əldə etdi. Qəlbi, əqidəsi, vicdanı saf, ömrünü əqlini, zəkasını milli – müstəqilliyini tə'min etmiş Azərbaycan dövlətinin şərəfli xoşbəxt gələcəyi naminə ziyalılarımız nəyə qadir olduqlarını göstərdilər. Bu xalqı yalnız güclü ziyalı ordusu iqtisadi çətinliklərdən çıxardar, qarşılaşdığımız problemlərin həllini tapmağa kömək edə bilər.
Millətin, xalqın gələcəyi olan gənc nəslin təlim tərbiyəsindəki, təhsil ocaqlarındakı, tədris edilən dərsliklərdəki çatışmamazlıqlar özü də ən ağır, yaralı yerlərimizdən biridir. Bu sahədə aparılan uğurlu işlər göz qabağındadır. Bacarıqlı, qabiliyyətli, təhsildə yeniliklər yaratmaq istəyən, yaradıcılıq imkanları aşıb daşan şəxslərin irəli çəkilməsi vacibdir. İqtisadi çətinlik, sosial şəraitin yaratdığı çətinliklər həyatımızın hər sahəsini çuğladığı kimi, təhsil sahələrində də hökm sürür. Bu vəziyyətin ağır nəticələrini birdən- birə, tez bir zamanda görmək mümkün olmur. Lakin onun ğeş-on ildən sonra bu xalqın taleyində oynayacağı rolun özünü büruzə verəcəyi acıları görəndə artıq gec olacaq. Azadfikirlilik, şagirdlərə verilən sərbəstlik ailə şagird-müəllim-cəmiyyət konsepsiyasında həll edilməlidir. Hər bir dərsin, təlimin tədrisində milli-mə'nəvi dəyərlərimiz əsas tutulmaqla işimiz qurulmalıdır. Unutmamalıyıq ki, bu Azərbaycan dövləti bizimdir. Onun ərazisinin 20%-ə qədəri düşmən əlindədir. On minlərlə qaçqınlarımız çadırlarda yaşayır. Biz əjdahalar ağzından gücüylə, mübarizəsi ilə, qanıyla, canıyla qurtulmuş gənc bir demokratik respublikayıq. Bizim gələcəkdə və bu gün iqtisadiyyatımızın çiçəklənməsi, inkişafı, ən yüksək sivilizasiyalı dövlətlər cərgəsinə çıxmağımız üçün gəncliyimizin sağlam ruhda tərbiyəsinə, təhsilinə ehtiyac hiss olunur. Bu gün hər sahədə geridə qalmış olsaq da, təhsil sahəsində və iqtisadiyyatımızın inkişafı sahəsində geridə qalmağımız bağışlanılmaz səhv olar. Bu səhvlərin tez bir zamanda aradan qaldırılması üçün təhsildə direktordan tutmuş müəllimə qədər hər bir kəs işinə yaradıcı yanaşmalıdır. Təhsil Qanununun qəbul edilməsi həm ali məktəblərdə, həm orta ixtisas, həm də orta təhsil ocaqlarında işlərin səmərəli, keyfiyyətli qurulmasına imkan yaratmalıdır. Hər bir müəllim zəhmətinə, işinə, peşəsinə hörmətlə yanaşmalı, bacarıqlı, qabiliyyətli, yaradıcı müəllimlərin iş təcrübəsinin yayılması üçün lazımi işlər görülməli, bu sahədə işlərin daha düzgün, daha məqsədəuyğun qurulmasına, təmin olunmasına imkan yaradılmalıdır. Təhsildə keyfiyyət, şəxsiyyətin bilik və bacarığının inkişafı bizə hava və su qədər lazımdır. Bu dövlətin təhsildə tə'məl daşını qoyan bir müəllim ordumuz vardır. Bu gün Azərbaycan xalqı fəxrlə deyə bilər ki, onun dünya dövlətlərinin institutları, təhsil ocaqları ilə yarışa girə biləcək çox savadlı, istedadlı alimləri, müəllimiləri, ziyalıları var. Onların çoxu maddi çətinliklər ucbatından ölkədən kənar təhsil müəssələrində çalışırlar. Dövlətimiz onların Azərbaycana qayıtması, öz təhsil ocaqlarımızda çalışması, Azərbaycan xalqının gənc nəslinin savadlanması yolunda öz əməyini, köməyini əsirgəməməsinə çalışmalıdır. Biz bu gün Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmalıyıq. Dilimizin, əlifbamızın qorunması, yayılması sahəsində hörmətli prezdentimizin qəbul etdiyi fərmanlar, qərarlar imkan verir ki, dilimizin saflığı, inkişafı naminə hər bir vətəndaş öz dilinin qorunması, saxlanması naminə fəaliyyət göstərsin.
Elm və texnikanın inkişaf etdiyi bir dövrdə kompüterləşdirmə mexanizminin işə salınması ləng getməməli, bu iş sürətləndirilməlidir. Milli dilimizdə komputerlərin işə başlanması təhsil sahəsində nə kimi müvəffəqiyyətlər əldə edəcəyimizi əvvəldən söyləməyə imkan verir. Dilimiz Azərbaycan dilidir, dövlətimiz Azərbaycan dövlətidir. Bu dövlətin elmi, sənayesi, texnikası çox inkişaf etmişdir. Bu sahədə çox görkəmli alimlərimiz, professorlarımız vardır ki, onlar dünya alimlərinin bir çoxları ilə əlaqə saxlayır, təcrübə mübadiləsi edirlər. Bu Azərbaycan dilində proqramlaşdırılmanın sürətləndirə bilər.
Çətinliklər çoxdur və biz bunlardan qorxmamalıyıq, çalışmalıyıq,
çıxış yollarını tapmalıyıq. Çünki biz bu Vətənin vətandaşlarıyıq. Bu bizim dövlətimizdir. Bura bizim torpağımızdır. Onun gələcəyi üçün bütün məsuliyyət bizim boynumuza duşür və biz bu məsuliyyətdən qaçmamalı, bütün imkanlarımızdan istifadə etməklə Azərbaycan Demokratik Respublikasının günü-gündən çiçəklənməsi üçün qüvvəmizi əsirgəməməliyik. XX1 əsrə müstəqil, azad bir ölkə kimi qədəm qoymuşuq və çalışmalıyıq ki, XX əsrdə əldə edə bilmədiyimiz problemlərimizi həll edək və ürəyimizdə olan arzuların həyata keçməsinə imkanlar yaradaq. Hər şey öz əlimizdədir. Zaman bizdən cəld və çevik olmağı tələb edir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah