Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

"Kredo" zamanın mətbu orqanıdır

Bu yaxınlarda öz səhifələrində ictimi-siyasi-ədəbi-bədii-tarixi mövzulara yer ayıran "Kredo" qəzetinin beş yaşı tamam oldu. Bu beşillik dövründə "Kredo" bir çox mətbu orqanların görə bilmədiyi işləri elə şərəflə yerinə yetirdi ki, bu gün biz iftixarla deyə bilərik ki, "Kredo" zamanın qəzetidir.
İndiki dövrdə qəzetlər dərc etmək, onun uzunömürlülüyünü təmin edə bilmək çox çətindir. Sirr deyil ki, Azərbaycanın mətbuat aləmində xeyli sayda qəzetlər nəşr olunur. Lakin bu qəzetlərin heç də hamısı oxucu marağını, oxucu rəğbətini qazana bilmir. Elə qəzet və jurnallarımız var ki, aylarla işıq üzü görmür, içtimaiyyət arasında özünü doğrulda bilmir. Müxtəlif səbəblərdən nəşrini dayandırır, ya da nəşr azalır.
"525-ci qəzet", "Kredo", "Zerkalo", "Ədəbiyyat" və bəzi adlarını çəkmədiyim qəzetlər oxucu marağını üstələyib. Bu qəzetlər içərisində "Kredo" öz dəsti-xətti ilə seçilir. Bu gün "Kredo" mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var.
"Kredo" "Əkinçi", "Molla Nəsrəddin", "Açıq söz", "Azərbaycan" kimi böyük ideyaları özündə yaşadan mətbu orqanıdır. Bu qəzetdə dərc olunan yazılarda obyektivlik güclüdür.
Bu qəzetdə xalqımızın öz soykökünə bağlılığını, şərəfli tarixini, bəşəri dəyərlərini özündə yaşadan mövzular vardır. "Kredo" öz səhifələrində Azərbaycanın problemlərini, qayğılarını yaşadır. «Kredo»nu insana sevdirən nədir? Mən bu suala hörmətli xalq şairimiz SöhrabTahirin sözləri ilə cavab verəcəyəm: " Kredo" qəzeti şayiyəyə, böhtana, yalana getmir. Tiraj xatiri üçün, qondarma nüfuz xatiri üçün özündən sensasiya düzəldib, yalanlara bürüyüb, şayiələrə bələyib qəzetini hörmətdən salmır."
"Kredo" öz səhifələrində məmnunluqla bütün mövzulara yer ayıra bilir. O, təkcə sənət, ədəbiyyat aləmi deyil, müxtəlif digər sənət, peşə ilə əlaqədar olan mövzuları da öz səhifələrinə çıxarır. Bir-birindən maraqlı, oxunaqlı bu mövzular "Kredo"ya marağı artırır. "Kredo"nun səhifələrində nələr yoxdur, hansı problemlər açılmır, narahatlıq doğuran hansı problemlər yoxdur? Biz onun səhifələrində Azərbaycan xalqı üçün çox böyük maraq doğuran böyük ziyalılarının, tarixi şəxsiyyətlərinin keçdiyi həyat yolundan bəhs edən mövzuları, cəmiyyətin müxtəlif təbəqələrinin arzu və istəklərini əks etdirən problemləri və onun həlli yollarını özündə əks etdirən yazıları görürük.
Dünyanın bir çox tarixi şəxsiyyətləri, onların həyatı, fəaliyyəti ilə bağlı bir-birindən maraqlı yazılar da Azərbaycan oxucusunun dünyagörüşünü, biliyini artırır.
"Kredo" qəzetinin ucalığı, böyüklüyü, qərəzsiz və təmənnasızlığıdır.
"Kredo" sözə hörmətlə yanaşan, onun ədalət və kəsərliliyinə inanan, mənəvi dəyərlərimizə işıq tutan bir orqandır.
"Kredo"nun ən böyük xidmətlərindən biri də odur ki, o öz səhifələrində ədəbi proseslərə geniş yer ayırır. Onun səhifələrində gedən yazıların çəkimi, tutumu bunu da deməyə əsas verir ki, "Kredo" "Ədəbiyyat" qəzetinin, "Azərbaycan", "Ulduz" kimi ədəbi-bədii orqanların layiqli davamçısıdır. Əgər "Kredo" özündə bütün mövzuları kənara qoyub yalnız ədəbiyyatşünaslıq məsələlərindən və ədəbi-bədii əsərlərdən tərtib olunmuş olsaydı, o, bununla da geniş oxucu kütləsinin rəğbətini qazanmış olardı. Bir-birindən maraqlı, xalqımızın içtimai-siyasi həyatını, insan taleyini, cəmiyyətdə gedən prosesləri, Azərbaycan xalqının qayğılarını, dərdlərini, əldən gedən torpaqlarının geri qaytarılması uğrunda gedən siyasi mübarizələri özündə əks etdirən mənalı, gözəl hekayə, roman, poema, şer, oçerklər oxucu diqqətindən yayına bilməz. Ədəbiyyat-sənət haqqında söylənilən elmi-nəzəri mülahizələr ədəbiyyatın düzgün, saf inkişaf yolu tutmasına kömək edir.
"Kredo" zamanın qəzetidir. Hər gün cəmiyyətdə baş verən hadisələrə, içtimai proseslərə öz ziyalı münasibətlərini bildirən elm, sənət adamları, onların içtimai fəaliyyəti ilə bağlı yürüdülən fikirləri əhatə edən yazılar məzmun rəngarəngliyinə görə "Kredo"nun hörməti, marağı gündən-günə artır. Beş yaşlı "Kredo"-da nəinki Azərbaycanın beşillik içtimai fəaliyyəti, sənət adamlarının ərsəyə gətirdiyi dərin məzmunlu əsərlər, xalqımızın içtimai-siyasi-mədəni həyatında baş verən yeniliklər, dövlətçiliyimizin inkişafı yolunda aparılan məqsədyönlü işlər, elm-sənət yolunda əldə edilən yeniliklər, Azərbaycan gəncliyinin dünəni, bu günü Azərbaycanın iqtisadi məkanında gedən sürətli inkişaf, Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli məsələlər, cəmiyyətdə gedən prosesləri qərəzsiz və real müstəvi üzərində işıqlandırılması, böyük siyasi liderimiz olan H.Əliyevin Azərbaycanda yaratdığı iqtisadi-siyasi sabitlik, onun dünya arenasında yeri, dövlətimizin və xalqımızın dövlət-xalq münasibətlərinin, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsindəki əvəzsiz rolunu işıqlandırılmaqla yanaşı, unudulmaz sənət adamlarının, böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında yetişmiş tarixi şəxsiyyətlərin, represiya qurbanlarının acınacaqlı, faciəli taleyi, Azərbaycanın həm mədəni, həm siyasi, həm də içtimai inkişafında mühim rol oynayan dövlət başçılarının, xalq ədəbiyyatının inkişafında misilsiz rol oynayan sənətkarların, aşıqların, ozanların, uluların, dahi sənət adamlarının, ən böyük tarixi abidələrimizin, dil-dövlət, dilimizin inkişafında-Azərbaycan dilinin dövlət dili kimi inkişafında gedən müxtəlif dövrlərdəki hadisələri özündə əks etdirən yazılarla zəngindir.
"Kredo"-nun səhifələrində dünya ədəbiyyatından seçmələr, türk dünyasının zəngin mənbələrindən nümunələr, "Kitabi-Dədə Qorqud" kimi xalqımızın qiymətli sənət abidəsinin bu gün də elmin, ədəbiyyatşünaslığın diqqət mərkəzində olmasını, bu qiymətli mənbə, onun üzərində aparılan elmi araşdırmalar, qorqudşünaslığın verdiyi töhfələr Şərqin böyük klassiklərindən, klassik sənətkarlarımızın həyatından və yaratdığı bədii əsərlərdən nümunələr, müasir Azərbaycan ədəbiyyatının inkişafından, ədəbiyyatda, sənətdə gedən proseslərdən, cəmiyyətimizin çoxşaxəli sahələrindən bəhs edən yazılarında da Azərbaycan ədəbiyyatının, yorulmaz təbliğatçısı kimi çıxış edir.
Geniş, əhatəli, zəngin, ensiklopedik mövzuları özündə yaşadan "Kredo"-nun nəşrində böyük əməyi olan Əli Rza Xələfli, Elçin Kamal, Fariz Çobanoğlu və adlarını çəkmədiyim digər Azərbaycan ziyalılarının rolu, əməyi, fəaliyyəti əvəzsizdir. Onlar həm şair, həm yazıçı, həm də mükəmməl, istedadlı, vicdanlı, Zərdabi, Mirzə Cəlil ənənələrinə sədaqətli, onların işinin, yolunun davamçısı kimi gərgin əməkləri ilə sevilən, tanınan qələm sahibləridir. Onların gərgin əməyinə görə verilən ''Zərdabi '' diplomu, "Araz" ədəbi media mükafatı yorulmaz, öz işinə, sənətinə sədaqətli "Kredo"-nun işçilərinə halaldır. Onların məqsəd və məramları aydın və safdır. Qəzetdə xəlqilik, millilik, müasirlik, elmi-əxlaqi zənginlik, vətənə, xalqa xidmətdə təmənna güdməmək, mediyada öz şəxsi mənafelərini deyil, milli mənafelərin daha üstün tutmaq «Kredo»çuların qarşılarına qoyduqları vəzifədir.
"Əkinçi", "Molla Nəsrəddin" kimi böyük mətbu orqanlarının davamçısı olan "Kredo" milli dövlətçiliyimizin, milli mənəviyyatımızın müdafiəçisidir. Onun səhifələrini krassvordlar, parnoqrafik yazılar bəzəmir, əldən getmiş torpaqlara sevgi, həsrət dolu misralar, yurd yanğısı, torpaq həsrəti, qaçqınlıq damğası vurulmuş Azərbaycan vətəndaşının qayğıları, dərdləri, arzu və istəkləri çıxarılır. Çünki, kredoçular vətən, torpaq deyib nalə çəkənlərin harayına elə ilk səhifələrindəcə hay verdilər, dərdlərinə şərik oldular, öz yazıları ilə unutqanlığı kökündən baltaladılar, torpağa, vətənə dönmək, yurd yaralarını sarımaq prinsiplərini cəmiyyətin hər gün, hər an yadına saldılar. Sınıq könülləri alan, ürəklərə ümid, inam toxumu səpən "Kredo"-nu ocağa bənzədənlərin fikirlərinə şərik olaraq onların tutduğu yolu alqışlayıram və «kredo»çu Elçin Kamalın "Ocağa nəyə görə əl uzadırlar? Ona görə ki, ona uzanan əlləri isitmək qüdrətinə malikdir. Əgər bir ocaq olaraq kimlərinsə əlini qızdıra bilmişiksə, kimlərinsə könlünə hərarət verə bilmişiksə özümüzü xoşbəxt sayırıq" sözlərini yada salır və inanıram ki, «kredo»çular öz ocaqlarının işığına, istisinə yığışan xalqını, vətənini sevən, milli-mənəvi dəyərlərini yüksək tutan ziyalılarla daha yaxın olacaq, öz yolundan dönməyəcəkdir. Mən «kredo»çuların fikirlərinin ifadəçisi Elçin Kamalın bu sözlərinə bundan sonra da inanıram ki, "Kredo" dövlətçiliyə xidmət yolunu tutacaq, heç bir qrupla deyil, yalnız xalqını sevən adamlarla oturub-duracaqdır.
«Kredo»nun 100-cü sayının təqdimat mərasimində deyilən " Qəzetin fundamentini- əsasını qoyanların həyat kredosu müqəddəs bir yolda əqidə və inam uğrunda mübarizədə dönməzlik prinsipi olduğundan "Kredo" ilk saylarından başlayaraq milli dövlətçiliyin, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının yorulmaz mətbuatçısına çevrildi. Çox keçmədi ki, qəzetdə tutduğu mövqeyə, ədəbi xəttə görə hər yerdə ehtiramla qarşılandı və tanınmış Azərbaycan ziyalıları, alimləri, filosofları, tədqiqatçıları, şair və yazıçıları tərəfindən sevildi. Beləliklə, "Kredo" öz ətrafında nəhəng bir ədəbi və içtimai fikir dünyasının meyarları sayılan şəxsiyyətləri birləşdirə bildi" sözlərini bu gün də onun ünvanına daha ürəklə, daha da səmimiyyətlə deyə bilərik.
"Kedo" bu yolda o qədər də asan addımlamamışdır. O özünə marağı, sevgini qazananda əməyinə, ideyasına görə qazanmışdır. Bu yolda az əziyyət çəkməmişdir: "Çətin yollar gəlmişik. Qəzetin hər sayının doğuluşu bizim üçün körpə dünyaya gətirən ana əzablarına bərabər olub. Sözün üstündə əsmişik. Fikrin qaranlıqlarında dolaşmamaq, ziddiyyətlərin və təzadların arasından alnıaçıq çıxmaq üçün fikir döyüşlərinə çıxmışıq. Mübahisələrdən, haqqı nahaqdan ayırmaq uğrunda çarpışmalardan keçmişik. Fəqət bir-birimizi qoruya-qoruya haqqı deyənin, haqqın tərəfində duranın müdafiəsini özümüzə borc bilmişik." Öz prinsiplərinə sadiq qalan, dövlətçiliyi hər şeydən üstün tutan "Kredo"-nun taleyi etibarlı əllərdədir. Onlara bu yolda uğurlar arzulayırıq.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah