Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Elçinin "Mahmud və Məryəm" əsəri və folklor

Şifahi xalq ədəbiyyatı ən yüksək bəşəri keyfiyyətləri özündə yaşadan ədəbiyyatdır. Onun yaranma tarixi insan zəkasının, ağıl və təfəkkürünün yaşadığı dünyanın sirlərindən agah olmaq istədiyi dövrləri əhatə edir.
Azərbaycan şifahi xalq ədəbiyyatı ən qədim dövrlərdən-ilk insan icmasının təşəkkülü dövründən üzübəri zəmanəmizə qədər inkişaf etmiş və bu gün də inkişaf etməkdədir. Yazılı ədəbiyyatın meydana gəlməsindən sonra da onunla paralel şəkildə inkişaf etməkdə olan folklor ən zəngin, ən qiymətli mənbələri özündə qoruyub saxlamaqla bərabər onun dayaqları üzərində bu mə'nəvi irsimizi təkmilləşdirir, inkişaf etdirir, yaşadır, uzunömürlülüyünü tə'min edir.
Şifahi xalq ədəbiyyatının ən geniş, ən iri həcmli qollarından biri dastanlarımız türk-azəri bədii təfəkkürünün, ən qiymətli incilərindəndir. Bu dastanlarda bəşəri duyğular, ən yüksək insani hisslər tərənnüm olunur.
"Kitabi-Dədə Qorqud" dastanları, "Alp Ər Tonqa", "Yaradılış", "Oğuz xan" və digər ən qədim türk abidələri bu günümüzə qədər xalq içərsində yaşamış, epos şəklində dillərdən dilə keçərək səlisləşmiş, mükəmməl sənət əsərinə çevrilmişdir və bu dastanların yazılı ədəbiyyatımızda yaranan ən qüdrətli sənət əsərlərinə böyük tə'siri olmuşdur. Xalqımızın iste'dadlı sənətkarları həmişə xalqın yaratdığı bədii sənət əsərlərindən bəhrələnməklə, onlardan ilham almaqla gözəl sənət əsərləri yaratmışlar. Bu yaranan əsərlərin hansı sənətkara məxsus olmasına, kimin qələmindən çıxmasına baxmayaraq yaranma mənbələrində xalq ədəbiyyatının abı-havası duyulursa, xəlqilik güclüdürsə, oxucu qəlbində öz yerini tapa bilir. Hər bir sənətkar öz milli-mə'nəvi mədəniyyətinə bağlı olmalıdır və bizim hər birimiz sənətkarın yaratdığı əsərlərdə xalq ədəbiyyatıyla mütləq bu bağlılığı hiss ediriksə, bu da onun öz milli-mə'nəvi sərvətinə olan məhəbbətinin, doğmalığın təzahürüdür yaratdığı əsəri bizə sevdirir.
"Oğuznamələr"də, "Kitabi-Dədə Qorqud" boylarında, daş kitabələr üzərində həkk olunan yazılarda, ən qədim dövrlərdə yaşayan insanların istək və arzularını şifahi şəkildə özündə qoruyub saxlayan folklor nümunələrində yaşaması, nəsildən-nəsilə ötürülməsi, bu ötürülmə zamanı bə'zilərinin unudulmasıyla yanaşı çoxunun da daha da cilalanmaqla dövrümüzə qədər gəlib çatması sübut edir ki, bu ədəbiyyat ən qiymətli sənət abidələridir.
Bu sənət nümunələri içərsində əvvəlcə epos şəklində olan dastanlar çoxəsrlik tarixi olmaqla yanaşı zəngin məzmunu, qayəsi ilə seçilir. İstər qəhrəmanlıq, istərsə də məhəbbət dastanları şifahi xalq ədəbiyyatının qiymətli sənət inciləridir. Lap qədimdən və indi də onlar müxtəlif variantlarla xalq içərsində yaşayır. Böyük sənətkarlarımız onların süjetlərindən, obrazlarından və motivlərindən istifadə etməklə gözəl əsərlər yaratmışlar. Nizami yaradıcılığında xalq əfsanələrinin, rəvayətlərinin, dastanlarının yaradıcı surətdə qələmə alınması, dünya mədəniyyətinə qiymətli sənət əsərlərinin bəxş edilməsi və bu sənət aləmində belə əsərlərin dəyəri hamıya məlumdur. Müasir dövrümüzdə yazıçı və şairlərimizin də bu ən'ənələri davam etdirməsinin gözəl nəticələr verdiyini görürük.
Şifahi xalq ədəbiyyatı dünyanın bütün dahi sənətkarlarının diqqətini özünə cəlb etmiş və onlar yaratdıqları bir çox qüdrətli əsərlərin mövzusunu, süjetini bu numunələrdən götürmüşlər. Qorki, Puşkin, Tolstoy, Anatol Frans, Göte, Nizami, Füzuli, Nəvai, Cami və digər sənətkarlar müxtəlif nağıl və dastanların, əfsanələrin mövzusundan, süjetindən istifadə etməklə, obraz və motivlərindən bəhrələnməklə qiymətli sənət əsərləri yaratmışlar və bu əsərlər hər dövrdə, hər zamanda öz qiymətini saxlayır.
"Leyli və Məcnun" dastanının dillərdə dolaşması Nizami və Füzuli qələmində yazılı ədəbiyyatda da qiymətli bir əsərə çevrilməsi və tarixin minilliklərində əbədi ömür qazanması özü sübut edir ki, xalq yaradıcılığının yazılı ədəbiyyatın qiymətli incilərinin yaranmasında rolu əvəzsizdir.
Xalq dastanlarının süjet və obrazlarına müraciət edən və iri həcmli əsərlər yaradan görkəmli şair və yazıçılarımızdan biri də Elçindir və onun "Əsli və Kərəm" dastanı üzərində köklənmiş "Mahmud və Məryəm" əsəri samballı nəsr əsərlərindən biridir. Xalq ədəbiyyatından gələn süjet və obrazlar, hadisələr Elçin yaradıcılığında daha bitkin, daha mükəmməl, daha təfsilatıyla verilir. Burada zəngin xalq ədəbiyyatından bəhrələnmə, digər tərəfdən sənətkar təxəyyülündən bu əsərin cilalanmış şəkildə təzahürü bizə bunu deməyə əsas verir ki, hər hansı bir sənətkar öz ata-babalarından ona miras qalan mə'nəvi sərvətlərə daha dərindən bələd olduqda, ondan yaratdığı sənət əsərlərinin ruhuna və qayəsinə uyğun şəkildə istifadə etdikdə yaratdığı yeni sənət əsərinin ölməzliyinə, əbədiliyinə də inanmalıdır.
"Mahmud və Məryəm" əsərinin süjet və obrazları Əsli və Kərəm dastanın süjet və obrazlarıyla üst-üstə düşsə də burada sənətkar təfəkkürünün, təxəyyülünün yaratdığı və ortaya çıxartdığı, yüksək sənətkarlıq keyfiyyətlərinin ərsəyə gətirdiyi yeni bir əvəzsiz sənət nümunəsini görürük
Əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına bir-birindən məzmunlu, bir-birindən qiymətli gözəl əsərlər bəxş etmiş Səməd Vurğun ("Ayın əfsanəsi", "Qız qayası"), Məmməd Rahim ("Qırx qız"), Ə. Abbasov ("Məlikməmməd"), M.H. Təhmasib ("Çiçəkli dağ"), Ə. Vəliyev ("Madarın dastanı") xalq əfsanə və nağılları əsasında milli-mə'nəvi dəyərlərimizi özündə yaşadan gözəl əsərlərini yazdılar. Onların müraciət etdikləri bu folklor nümunələrində insanların arzuları, ideyaları, həyatda baş verən hadisələrə münasibəti, gələcəyə inam, yaşamaq, yaratmaq eşqi öz əksini tapmışdır və bu hisslər dövründən, zamanından asılı olmayaraq haqqa-ədalətə inamı özündə yaşadır. İnsan həyatının təməlini xoşbəxtlik, səadət üzərində qurulmasını arzulayan böyük sənətkarlarımız xalqdangələn bu motivlərin işığında böyümüşdü və bu ədəbiyyata ürəkdən bağlılıq vardı və hər hansı bir qüdrətli qələm sahibləri müraciət etdikləri həyat hadisələrin qələmə alarkən bu motivlərdən bəhrələnməkdə haqlı idi. Dövründən, zamanından asılı olmayaraq həmişə insan lap kiçik yaşlarından xalqın fantastik dünyagörüşünü özündə yaşadan nağıllara maraq göstərmişdir. Bu nağıllarda qoyulan problemlər, həyati arzular hər dövrdə insanların istək və arzularına çox yaxındır. Çünki o nağıllarda insanların arzuları, xeyirxahlıq, yaxşılıq kimi gözəl keyfiyyətlər təbliğ olunur, qeyri-insani keyfiyyətlər isə pislənir.
Xalqımızın həyatında baş verən hadisələrlə bağlı yaranan dastanlar öz yaranma tarixinə görə bəlkə də minilliklərə bağlıdır. XX əsrdə şair və yazıçılarımız xalq ədəbiyyatından yararlanmaqla, onun nadir nümunələrinin süjet və obrazlarından istifadə etməklə gözəl sənət əsərləri yaratdılar. Yazılı və şifahi xalq yaralıcılığını özündə birləşdirən bu əsərlər sənətkarlıq baxımından qüvvətli əsərlərdir. Onların süjet və obrazlarından, motivlərindən bəhrələnməklə XX əsrimizin sonlarında yeni bədii əsərlər meydana çıxdı. Ənvər Məmmədxanlı Azərbaycan xalqının tarixi simalarından biri olan Babəkin obrazını yaratdı.
Anar ən nadir xalq sənəti nümunəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının süjetləri əsasında yaratdığı əsərlə həm kino tarixində yeni bir səhifə açdı, həm də bir çox qüvvətli sənətkarlarımız kimi yazılı ədəbiyyatımızı xalq ədəbiyyatından gələn motivlərlə zənginləşdirdi. O, "Kitabi-Dədə-Qorqud" dastanlarında yaşayan mövzu və ideyalara müasirlik verdi.
Samballı sənət əsərləri yaradan sənətkarlarımızdan biri olan, XX əsrin ortalarından ədəbiyyata yeni bir hava gətirən Elçinin yaradıcılığında da xalq yaradıcılığına yeni bir baxış ortalığa çıxdı. Elçin Əfəndiyev yaradıcılığında əsas yer tutan "Mahmud və Məryəm" romanı bəlkə də "Əsli və Kərəm" dastanının yazıçının bədii təxəyyülündə yeni bir səpgidə nizamlanmış, cilalanmış formasıdır. Əsərdə "Əsli və Kərəm" dastanıyla səsləşən motivlər güclüdür və bu motivlər bəşəri duyğuları özündə yaşatdığı üçün həmişə sevilən, qiymətləndirilən, diqqəti cəlb edəndir.
Elçinin qəhrəmanları Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə Keşişin qızıdır. Hadisələrin mərkəzində duran Mahmudla Məryəmin bir-birinə olan məhəbbətidir və bu iki gəncin bir-birinə qovuşmasına mane olan, hadisələrin faciəvi sonluqla bitməsinə gətirib çıxaran din ayrılığıdır. Əsərdə iki gəncin sevgisinə mane olan mürtəce fikirli Qara Keşişdir. O, Məhəmməd ümməti Mahmudun qızıyla arasında olan məhəbbətinə qarşı çıxaraq gecəylə ailəsini götürüb eldən qaçır və sonrakı hadisələr onların başına gələn faciələrdən bəhs edir. Əsərdə el ədəbiyyatından gələn motivlər güclü olsa da burada sənətkar dəsti-xətti, onun özünəməxsus bədii qələmi diqqəti cəlb edir. Yalnız dastanın süjetindən bəhrələnməklə və bu süjetdən yararlanmaqla onu yeni məzmun, yeni ideyalarla zənginləşdirmiş, dastanda qoyulan problemləri, mövzuları genişləndirmiş, bədii cəhətdən daha qüvvətli, bəşəri ideyaları, milli-mənəvi əxlaqi görüşləri özündə əks etdirən yeni mövzuda bir əsər yaratmışdır.
Elçin əsərdə Mahmudla Məryəmin sevgisindən, onların bir-birinə olan məhəbbətindən söhbət açarkən tez-tez haşiyələrə çıxır. Müqəddəs Məryəm-İsayla bağlı, Qur'andan gətirdiyi ayələrlə əsəri daha rəngarəng, daha gözəl çalarlarla bəzəyir. "Əsli və Kərəm" dastanı da, "Mahmud və Məryəm" əsəri də iki gəncin nakam məhəbbətindən bəhs edir. Onlardakı süjet yaxınlığı özünü onda göstərir ki, dastanımızın qəhrəmanı Kərəm bir çox variantlarda Gəncə xanı Ziyad xanın oğludur, Mahmud da əsərdə Ziyad xanın oğludur və hadisələr Gəncədə baş verir. Hadisələrin belə real səpgidə verilməsi, Mahmud və Məryəm mövzusunun folklorda olduğu kimi bəşəri duyğularla köklənməsi əsərin bədii- estetik dəyərini artırır.
"Əsli və Kərəm" dastanı məhəbbət dastanları içərsində mühüm yer tutur və türk xalqları arasında geniş yayılmışdır. Aparılan tədqiqatlar nəticəsində mə'lum olmuşdur ki, "Əsli və Kərəm" dastanının bir neçə variantı vardır. Bu variantların demək olar ki, hamısında bu iki gəncin başına gələn müsibətlərin səbəbi din ayrılığıdır. M. H. Təhmasib yazır ki, "Dastanın türk variantında oğlanın adı Əhməd Mirzə, özü də İsfahan padşahının oğlu, türkmən variantına görə isə adı Mahmud, özü də Təbriz şahının oğludur, qızın adı isə Zöhrədir".
Yazıçı Azərbaycan xalqının milli dəyərləri üzərində köklənmiş, onun məhəbbət dastanlarının bəzəyi olan Gəncə variantından istifadə etmiş və əsərinin süjetini bu variant üzərində qurmuşdur. Əsli Qara keşişin qızıdır, Məryəm də Baba keşişin qızıdır. Bu iki insan arasında yaxınlıq vardır. Baba Keşiş öz doğma qızının səadətini bir xaçpərəstlə ailə qurmaqda, bir xristian övladının anası olmaqda görür. O, öz dininə sədaqətli bir dindardan çox, qızının xoşbəxtliyini öz şəxsi hisslərinə, daxili eqoizminə qurban verən qəddar insandır. Onun daxilində islam dininə qarşı bir kin vardır. Qulağına gələn səslər körpə ikən qoyub getdiyi Məryəmin anasının səsindən çox onun daxilində Məhəmməd ümmətli insanlara bəslədiyi kin, nifrət duyğularıdır. Müqəddəs Evdən qovulan Baba Keşiş oradan lənətlənərək qovulduqda öz əməllərindən çəkinməli idi. Əgər o doğrudan da Allah göndərən dinə məhəbbət bəsləyirsə, ora pənah gətirmişdirsə və o evin sahibi Müqəddəs Qoca "sən iki haqq aşiqini bir-birindən ayırırsan"- deyərkən ibrət dərsi götürməli, Məryəmlə Mahmudun sevgisinə mane olmamalı idi. Əksinə hərəkət edir ki, bu da insanların öz daxilində bəslədikləri şəxsi kin-küdurətin nəticələri kimi götürülməli və Baba Keşiş elə dəhşətli ölümlə cəzalanmalı idi. Baba Keşiş əməllərində düzgün deyildi. Bütün dini kitablar bir tək olan Allahın varlığını qəbul edir və yer üzündəki bütün canlıların onun tərəfindən yarandığını bildirirsə və dünyaya gələn insan yaşamaq üçün gəlibsə, Baba Keşiş kimi bir dindar onların faciəsini belə səbirsizliklə gözləməkdə haqsız idi. O, öz əməlinin acı nəticəsini "gecənin qaranlığında böyük tut ağacının dibində dayanıb gözlərini Süleyman paşanın sarayında Məryəmgil üçün ayrılmış otağın qaranlıqda güclə seçilən kiçik qoşa pəncərəsinə zilləmişdi və bütün həyatının ən böyük səbirsizliyi ilə gözləyirdi." 203.
"Əsli-Kərəm" dastanındakı Qara Keşiş obrazının M. H. Təhmasib belə təhlilini verir." Keşiş doğrudan da murdar simadır. Bu adam o qədər qansız, ürəksizdir ki, hər yerdən əli üzüldükdən sonra xüsusi bir gəlinlik paltarı hazırlatdırıb öz doğma balasının toyunu yasa döndərir."
Dastandakı Keşiş obrazı Kərəmin yanıb kül olmasını arzulayır:
"Keşiş arvadını çağırıb dedi:
-Get, Kərəmdən bir xəbər bil. Gərək o yanıb kül ola."
Dastanla səsləşən motivlərdən biri odla bağlı olan motivlərdir. Elçinin qəhrəmanı Mahmud uzun ayrılıqdan sonra Süleyman paşanın köməkliyi ilə Məryəmə qovuşmaq imkanı əldə edir.
Baba Keşiş qızına geyindirdiyi dörd düyməli toy paltarı isə tilsimlidir. Bu tilsim onun dörd düyməliliyindədir. Dördlük xaçın rəmzi mənasını da özündə əks etdirmiş olur. Mahmud Məryəmin paltarının düymələrini açmaqda aciz qalır və "bu dəli dünyanın əlacsızlığından" nə özünü, nə də Məryəmini qurtara bilməyəcəyini duyub dərindən bir ah çəkir və bu ah oda çevrilib qəhrəmanı ağuşuna alır: "Məryəm əvvəlcə başa düşmədi ki, birdən-birə gözlərinin qabağında bu məş'əl nədi belə, sonra başa düşdü ki, Mahmud alışıb- yanır və özünü bu yanan məş'əlin üstünə atdı".
Od motivi məhəbbət dastanlarımızdan gəlmədir. Yazıçı bu motivdən bəhrələnməklə qəhrəmanlarının ağrı-acılarını, könül çırpıntılarını, çəkdikləri iztirabları daha təsirli verməyə nail olur.
"Əsli və Kərəm" dastanının Gəncə variantında Əslinin geyindiyi toy paltarlarının düymələri də tilsimli olur. Kərəm bu düymələri açmaq istəyir və bir neçə dəfə buna cəhd edir. Nəhayət axırıncı cəhddə tilsimlənmiş son düymədən qalxan od Kərəmi oda qərq edir. "Kərəm bir bənd də oxudu ki, axırıncı düymə açılsın, iş tərsinə oldu. Söz qurtaran kimi yenə düymələr açıldı, bağlandı, axırıncı düymə açılanda bir od çıxıb Kərəmin sinəsinə düşdü. Kərəm başladı yanmağa... Alov təpədən-dırnağa Kərəmi bürüdü".
SMOMPK variantında Kərəm saz çalıb oxuyarkən ağzından od tökülür. Dastanın bir variantında od sazdan, digər bir variantda isə Kərəmin çəkdiyi ahdan törəyir.
Od motivləri digər məhəbbət dastanlarında, o cümlədən "Leyli-Məcnun" dastanında da vardır. Təmiz ülvi, saf məhəbbətlə sevən aşiqləri bir-birindən ayırmaq istəyən şər qüvvələr odun qarşısında acizdirlər. Odda bir ülvilik, tanrıistərlik də vardır. Sevgi yolunda min bir əzab-əziyyətlərə məruz qalan, iztirablara dözən haqq aşiqlərinin qəlbinə düşən sevgi atəşi onları külə döndərir.
Digər bir məhəbbət dastanımız olan "Leyli-Məcnun"da Məcnun Leylini sevir. Anası oğlunun pərişan, üzgün halına dözməyərək səbəbini soruşur. Məcnun isə dərdini söyləməkdə acizdir: "Qeys bu dəfə də anasına bir söz deməyib, dərindən elə bir ah çəkdi ki, ağzından od çıxdı. Sonra durub birnəfəsə yüyürdü məktəbə. Amma göz gəzdirib Leylini tapa bilmədi. Leylinin həmişə oturduğu yerə gəlib, üzü üstə yıxılıb ağlamağa başladı".
Məcnun atası Leyli üçün elçi gedir, qızın atası o zaman ona qız verməyə razı olur ki, Qeys üstündən məcnun adını götürsün. Məcnun:
Divanə əlində ixtiyar olsa,
Eşq dəminə heç giriftar olurmu?
Bir kimsənin kamalında, ağlında,
Kəm olmasa kəm aşikar olurmu?

Məcnunam, ay ata, eyləmə tədbir,
Tədbirin bugünə eyləməz tə'sir.
Leyli xəyalımı eyləyib təğyir,
Qeyridən qəmimə qəmxar olurmu?
Məcnun bu sözləri deyib səhraya dönmək istəyəndə atası onu bir otağa salır "qapıları üzünə bağlayıb çıxıb gedirdi ki, Qeys pəncərədən boylanıb elə bir qıy vurdu ki, ağzından od çıxdı, dağ, daş titrədi. Xacə Abdulla qulaq asmayıb, istədi çıxa gedə. Baxıb gördü ki, ayaqları quruyub."
Sevən aşiqin ağzından çıxan odda ilahilik, müqəddəslik vardır və yazıçı xalq ədəbiyyatından gələn bu motivdən yararlanmaqla real əsərində yaratdığı Mahmud obrazının daxili aləmini, ürək çırpıntılarını, sevgisi yolunda çəkdiyi hicran, həsrət ağrılarını, iztirablarını daha tə'sirli, bədii cəhətdən daha qüvvətli vermişdir.
Əsərdəki simvolik epiloq da xalq ədəbiyyatından gəlmədir. İki sevən aşiqi bir qəbirdə dəfn etmək motivləri dastanlarımızda öz əksini tapmışdır. Məhəbbət dastanları içərsində "Leyli-Məcnun" və "Əsli-Kərəm" dastanlarında uğursuz məhəbbətin faciələrini yaşayan hər iki aşiq bir məzarda dəfn olunur. Onların sevgisinə mane olan şər qüvvələr lə'nətlənir. Bunlar basdırılan qəbirlərdə də bir müqəddəslik vardır. "Mahmud və Məryəm" əsərində də yazıçı bu motivdən bəhrələnərək onların ölümündən doğan ümumxalq kədərini daha təsirli əks etdirə bilmişdir. Mahmudla Məryəmin basdırıldığı "Mücavir dərəsi"ndə" "birdən-birə günün günorta çağı göy qaraldı. Mücavir dərəsində tufan qopdu, göy guruldadı, hər tərəfə qapqara qar yağdı, zəlzələ oldu və Mücavir dərəsinin ortasında bir yarğan əmələ gəldi, yer iki yerə bölündü, sonra yenə birləşdi, tufan dayandı, qara qar əridi, bir azdan gül-çiçək baş qaldırdı." Kərəm kimi bir haqq aşığını tək qoyub Ziyad xandan oğluna miras qalan varidatı götürüb aradan çıxan, sonralar bu əzaba dözməyərək onun yanına qayıdan, Mahmudla Məryəmin məzarı üstündə qurulan məqbərədə ibadətə çəkilən Sofi lələ o yarğanın içinə düşüb qalır.
" Hərdən bu qədim məqbərənin qabağında havadan bir saz peyda olub öz-özünə çalır!"208. Tökülən nahaq qanlara, törədilən günahlara ağlayan bu sazdakı qüdrət də dastanlardan gəlmədir.
Əsərdə dastanlarımızla səsləşən lələ obrazı diqqəti cəlb edir. O da qəhrəmanın uğursuz məhəbbətinin canlı şahididir. "Lələlər tarixdə də olduqları kimi, son dərəcə vəfalı, sədaqətli fədakar verilirlər. Sofi də belə lələ surətlərindəndir".
Yazıçının yaratdığı lələ obrazı da xalq dastanlarında yaşayan motivlər üzərində köklənmişdir. O da Mahmudla Məryəmin arxasınca diyarbadiyar gəzir. Onun çəkdiyi əzablar Sofi lələnin ürəyini göynədir. Xəstələnəndə ana kimi qayğısını çəkir. Kərəmə qarşı insafsızlıq edəndə xalq ədəbiyyatından gəlmə motivlər üstündə yenidən bu obrazı kökləyən yazıçı dastanlarda lələlərə məxsus sədaqət, vəfa kimi yüksək keyfiyyətləri bu obrazda cəmləyir. O da dastandakı lələ kimi öləndən sonra Mahmudla Məryəmin qəbrinin yanında mücavir olur: "Sofi Mahmud ilə Məryəmin qəbrinin yanında mücəvir idi".
"Əsli_Kərəm"dastanında da belədir: "Kərəm ilə Əslinin külünü sandığa yığdılar. Hər ikisini birlikdə dəfn etdilər. Üstündə də bir günbəz tikdilər. Sofi də ölüncə bu günbəzdə mücəvür oldu.
Yazıçı Sofi lələ obrazından yararlanmaqla daha bitkin bir obraz yaratmışdır. Bu obraz Mahmudun səadətini istədiyi kimi özünü də düşünür Bu beşgünlük dünyada o da insan kimi yaşamaq istəyir. Bu fani dünyada Mahmudun artıq heç bir şey əldə edə bilməyəcəyini, onun məhvə məhkum olduğunu başa düşdükdə qəlbinin dərinliklərində başqa hisslər baş qaldırır. Ziyad xanın ona tapşırdığı əmanətləri götürüb qaçmaq və yerdə qalan ömrünü eyş-işrət içərsində keçirmək fikrinə düşür. İçində baş qaldıran bu hisslərdən bəzən qurtulmağa can atır və Mahmudun əzablarını görəndə içərsindəki o şeytani hissləri qovmağa çalışır: "Şeytan yoldan çıxarıb səni, Sofi. Tamam yoldan çıxarıb. Qov şeytanı ürəyindən, lənət denən şeytana. Əgər sən bu tifilə xainlik eləsən, deməli öz əllərinlə ona qəbir qazırsan, çünki bu qara dünyada ki, bu cür qara fikirlər sənin ürəyində özünə yuva salır, bu dünyada Mahmudun qisməti qara torpaqdan başqa nə ola bilər?".
Yazıçı Sofinin daxilində baş qaldıran bu istəkləri mifik obraz olan Şeytanla bağlayır. Bu Şeytan obrazından bəhrələnməklə insanların daxilindəki vara-dövlətə, eyş-işrətə olan hərisliyin törətdiyi faciələri, ədalətsizlikləri və bunlardan günahsız insanların necə əzab çəkdiklərini daha təsirli şəkildə verir.
Şeytan dünya xalqlarının, eləcə də Azərbaycan folklorunda pislik, fəlakət törədən, insanlar arasına nifaq salan, şər, böhtan xislətli bir obrazdır. Dini mifologiyamızda da o Allahın qoyduğu qanunları pozur və buna görə də dünyada insanlar arasında ancaq nifaq salmaqla məşğul olduğundan Allah tərəfindən də lənətlənir. Sofi də ürəyindən keçirdiyi hissləri Şeytanın əməlləri adlandırır və özündən bu şeytani hissləri qovmaq üçün çalışır və Sofi özü dediyi kimi çox gözəl başa düşür ki, "hamımızın qisməti bir qarış qara torpaqdı, amma sən öz əllərinlə başqasına qəbir qazsan, Sofi, onda qara torpağın da bağrı yarılar və bütün dünya alt-üst olar."
Yazıçının istifadə etdiyi Sofi lələ obrazı hadisələrin daha təsirli, bədii cəhətdən daha qüvvətli verilməsinə, Kərəm obrazının daha mükəmməl, bitkin bir obraz kimi yaradılmasına, insanların daxilindəki pis niyyətlərin başqalarının başına gətirdiyi fəlakətləri daha təsirli şəkildə qələmə alınmasına kömək edir. Ziyad xanın dünyada etibar etdiyi iki şəxs vardısa onlardan biri sağ əli olan Bayandur xan, o birisi isə bütün varidatını oğlunun gələcəyi üçün etibar etdiyi Sofi lələdir. Dünya varına, bər-bəzəyinə tamah salan Bayandur Ziyad xanı öldürüb taxtına sahib oldusa, Sofi də Mahmudun başına gələn sonrakı faciələrdə az günahkar olmadı. Lakin xalq ədəbiyyatındangəlmə vəfa, etibar, sədaqət, qayğıkeşlik rəmzi olan lələ obrazlarındakı müsbət keyfiyyətlərdən yazıçı onu məhrum etmədi, yenidən onu Mahmudun yanına qaytardı və Mahmudla Məryəmin məqbərəsi önündə onu mücavir eylədi, etdiyi günahın cəzasını isə Sofi ömrü boyu çəkdi. Mahmudla Məryəmin qəbrinin yanında mücavir olan "Sofi lələ hər gün allahdan ölüm istəyirdi, amma Sofi dünyadakı bütün insanlardan uzun ömür sürdü. Deyirdilər ki, haçansa Məhəmmədəli adlı bir kişi yaşayıb və o kişi Sofidən də artıq ömür sürüb. Görəsən Məhəmədəlinin günahı necə günah imiş?" Sofi lələ ondan da çox ömür sürürsə deməli, Allah tərəfindən etdiyi günahlara görə cəza çəkir. Bu yardımçı qüvvənin köməyi ilə, ondan bəhrələnməklə yazıçı xalq ədəbiyyatındakı məhəbbət aşiqləri kimi mükəmməl, yadda qalan Mahmud obrazının Allah yanında da sevildiyini, ona qarşı pislik edənlərin hər birinin cəzasız qalmayacağını, onun pak, təmiz obrazını yaratmağa nail olmuşdur. Mahmud və Məryəm obrazı Əsli və Kərəm obrazları qədər mükəmməl, dastan qəhrəmanları kimi əhdinə, vəfasına sədaqətli obrazlardır.
Əsərdə bir sıra epizodik hadisələrdən söhbət açılır və bu epizodik hadisələr "Əsli-Kərəm" dastanlarında da vardır. Yazıçı bunlardan dastanlarda olduğu kimi deyil, öz yaradıcılıq təxəyyülünə uyğun olaraq yararlanır. Dastanda Kərəm Əslinin arxasınca gedərkən yolları bir qəbirstanlıqdan düşür və bir köhnə qəbirdəki kəllə onun diqqətini cəlb edir. Kərəm bu "quru kəlləni dindirmək qərarına gəlir və ondan kim olduğunu, bu dünyada necə yaşadığını soruşur. Kəllə bir zamanlar malının hesabını bilməyən, axirət əzabını fikirləşməyən, dünya malını hər şeydən üstün tutan bir şah olduğunu bildirir. Kərəm ona bir neçə sual verir və kəllə ilə öz fəlsəfi fikirlərini bölüşür. Mahmudla Məryəm povestində yazıçı bu priyomdan istifadə etməklə dünya, həyat, ölüm haqqında suallarına cavab axtarmaqla bərabər bir qarış torpaq, qızıl üçün bir-birinin qanını töküb müdhiş bir faciəvi səhnə yaradan iki böyük türk xaqanının insan kəlləsindən yaratdığı ehrama diqqəti cəlb edir və bu dastandakı motivlərdən istifadə etməklə fikrini daha tutarlı, daha təsirli, emosional cəzətdən daha güclü verməyə nail olur. Çaldıran düzündə baş verən dəhşətli müharibə səhnəsi, başlardan düzəldilmiş ehramlar, və bu kəllə ehramının başındakı təkcə "başın sahibi qəlbgahda Sultan Səlimin çadırına hücum çəkəndə sinəsi top gülləsinə hədəf olmuş məşhur sərkərdə Xan Məhəmməd Ustaclı"nın olduğunu və bu səhnələrin hər iki ölkə padşahlarının səhv siyasətinin nəticəsi kimi qiymətləndirməklə bərabər müharibə, ölüm, fəlakət, səfalət deyilən məfhumlara insan qəlbində nifrət yaratmaq, bunlardan ibrət dərsi götürməyə çağırır. Mahmudun daxili aləmini, belə səhnələrə fəlsəfi baxışını, onun çəkdiyi dərdin, kədərin, qəm-qüssənin daha təsirli şəkildə verilməsi üçün yazıçı kəllə motivi əsasında Çaldıran düzündə törədilən dəhşətli səhnəni təsvir edir və bunu görən qəhrəmanın daxili-əhval ruhiyyəsini, fikirlərini daha mənalı, daha təsirli oxucuya çatdırılmasına imkan yaradır. Şərq fanatizminin törətdiyi bu cinayətləri görən Mahmud "EY müsəlmanlar, bizim dərdimizin dərmanı yoxdur" deyərək" atının başını döndərib çapdı. Çaldıran düzündən uzaqlaşdı, amma elə bil Dağlı Arvad dağlardan enib Çaldıran düzünə gəlmişdi. Sanki onun səsi Mahmudun səsini dağlarda əks elətdirir" .
Burada yazıçı Dağlı Arvad obrazından istifadə etməklə insanların başına gələn bu faciələrə Mahmud kimi acıyır, onun sözləri dağlarda da əks- səda verir və bu səsi dağlarda yaşayan məhz həmin qadın yayır. Qadının dağla ilişgəli olması əski mifologiyamızda yaşayır.
Azərbaycanda, eləcə də digər türk xalqlarında dağa inam, dağ ruhu haqqında çoxlu əfsanə və rəvayətlər vardır. Xalqlarımızın yaşadığı ərazilər dağların əhatəsində olduğundan qədim insanlar onları mifikləşdirmiş, öz mifik inamlarında dağ ruhunu, dağ kultunu yaşatmış, yaratdıqları milli-mənəvi dəyərlərimizdə onları qoruyub saxlamışlar. Qədim türk xalqları içərsində dağda analıq, atalıq ruhu vardır, o da yaradıcıdır Dağda ölkəni qorumaq ruhu olduğundan lap qədimlərdən türklər sülh müqavilələrini dağın zirvəsində bağlamaqla dağ kultuna inam və etiqadlarını qoruyub saxlamağa çalışmışlar. M. Seyidov göstərir ki, mifik baxışlara görə dağ göydən, günəşdən gəlmiş, elə buna görə də müqəddəs başlanğıcdır, qoruyucudur. Məsələn xalq arasında geniş yayılmış "Ağrıdağ" əfsanəsində deyilir ki, "yer üzünü su basacağını qabaqcadan bildiyi üçün Nuh Nəbi bütün canlılardan bir cüt götürüb gəmiyə minir. Yer üzünü su alanda gəmi suyun üzünə qalxır və 75 gün suda qalan Nuh Nəbi görür ki, bir dağın başı qaralır, gəmisini həmin dağa tərəf sürür. Dağın başı darısqallıq olduğundan hamıya yer çatmır. O zaman həmin başı görünən dağa Qısırdağ deyirlərmiş. Onun övladı olmur, qısır qalırmış. Nuhun yanında xəcalət çəkir ki, gəmidə olan insanları özündə yerləşdirə bilmir, niyə mənim övladım olmur. Nuh onun ürəyindən keçənləri, xəcalət çəkdiyini bilib onun övladı olacağını bildirir. Həmin gün Qısırdağ hamilə qalır, az sonra ağrı çəkir və onun bir oğlu olur və Nuh Nəbi onun adını Ağrıdağ, oğlunun adını da Bala Ağrı qoyur. Bala Ağrı da anasının yanında baş qaldırır və gəmidə olanlara yer verir, onlara hörmət edirlər. O zamandan da Ağrıdağ oğlu Bala Ağrı ilə yana-yana durub göylərə baş qaldırdı."
Buna görə də dağın insanların, yerin qoruyucusu olması və bununla bağlı fikirlər əfsanə və rəvaəytlərimizdə, nağıllarımızda yaşayır və yazıçı bu folklor nümunələrindən gələn motivlərdən istifadə edərək Dağlı Arvad- dağ ana, müqəddəs dağ ruhu, yaxşıistər obrazdan bəhrələnməklə Mahmudun gördüyü hadisələrdən təsirlənərək keçirdiyi sarsıntıları daha təsirli, qüvvətli vermişdir.
Əsərdə diqqəti cəlb edən obrazlardan biri Sazlı Abdulla obrazıdır. Bu obraz xalq içərsində geniş yayılmış, şöhrət qazanmış el aşıqlarının, ozanlarının ümumiləşmiş surətidir. Eyni zamanda bu obrazda Dəd Qorqud toxunulmazlığı, müqəddəsliyi vardır. Saz həmişə müqəddəs sayılıb. Aşıqlıq sənəti də haqqdangəlmə bir sənətdir. Ədəbiyyatımızda saz çalmaq, söz demək, mükəmməl qabiliyyətə, ağla, biliyə malik mömin, müqəddəs insanlara verilir. Sazlı Abdulla xalq içərsində yaşayır, xalqın başına gətirilən müsibətləri görür, Gəncə hökmdarı Qara Bəşirin törətdiyi faciələri, tökdüyü qanları görüb onun oğlunun toyunu çalmaqdan imtina edir və hökmdara bildirir ki, o özü istəsə belə sazı bu toyda çalınmayacaq. Qara Bəşir də buna görə onun ölümünə fərman verir və Sazlı Abdullanın başı kəsilir. Lakin o öləndən sonra da dünyanın dərdinə, hətta bu Sazlı Abdullanın günahsız edam edilməsinə də dözməyən saz öz-özünə çalmağa başlayır və onun səsindən göylər də lərzəyə gəlir və günün günorta çağı dəhşətli leysan yağır. Təhmasib yazırdı ki, "Azərbaycanda aşığa "xalq aşığı", "aşıq elin anasıdır", "aşıq elin yaraşığıdır," "aşığın sinəsi haqq bazarıdır"", "aşığın səsi haqqın səsidir", "aşıq haqqın aşığıdır", "aşıq Xudafərindən keçib" (yəni müqəddəsdir) və s. onlarca belə ifadə aşığın xalqa nə qədər bağlı olduğunu aydın göstərir."
Sazlı Abdullanın el içində hörməti, sazındakı bu qüdrət folklordangəlmə Tanrı qüdrətiylə bağlıdır. Onun başına gələn faciə Dədə Qorqudla bağlı əfsanələrə yaxındır. V. M. Jirmuniski yazdığı məqalələrindən birində P. S. Spiridonovun əldə etdiyi əfsanənin qısa məzmunun verir və bildirir ki, Dədə Qorqud su üzərindəki xalçanın üstündə bir həftə çalıb oxuyur və nəhayət əldən düşür, yatır. Ancaq bundan sonra ölüm ilan şəklinə girib onun canını alır. Həmin əfsanəyə görə Dədə Qorqud o sahildə dəfn edilir, qopuzunu da qəbrinin üstünə qoyurlar. Guya ki, o qopuz indi də hər cümə günü öz-özünə səslənir.
"Kitabi-Dədə Qorqud" dastanlarında Dədə Qorqud elin ağsaqqalı, bilicisi, çətin işlərini həll edən müqəddəs obrazdır, o toxunulmazdır.
Sazlı Abdullanın da sazı ondan sonra öz-özünə çalınır. Bu saz Dədə Qorqudun qopuzu kimi həm xalq aşığının faciəli ölümünə yas saxlayır, həm Mahmudla Məryəmin iki sevən haqq aşiqlərinin qəbri üzərində çalır, həm də təmiz, ülvi hisslərlə yaşayan Mahmudun pəncərəsi önündə çalır. Bu sazda həm xalqın, onu çalan sənətkarın dərdləri öz əksini tapırsa, həm də insanları yaşamağa, dünya nemətlərindən, həyatdan zövq almağa çağırır.
Sazın müqəddəsliyinə türk xalqları arasında inam yaşayır. Bir zamanlar hökmdarlar saraylarında qopuz çalan bacarıqlı sənətkarlar saxlayardılar. Əfsanələrdə görürük ki, hətta onlar döyüşə gedərkən özləri ilə qopuz da götürərdilər və bu qopuzda tanrı gücü, qüdrəti olduğunu bildirərdilər və o sazın insana güc, qüvvə, xeyir, qələbə gətirdiyinə inanırdılar. Deməli saz musiqisi ölümə, fəlakətə, uğursuzluğa qarşı mübarizədədir. Saz özü ağacdan düzəldilmişdir və ağac kultu da türk xalqlarının mifologiyasında yaradıcıdır. Əski mifologiyamızda ən çox mifikləşdirilmiş obrazlardan biridir.
Xalq içərsində sazın, sözün və musiqinin üçlüyündən yaranan e'cazkarlığın qarşısında insan duyğuları ehtizaza gəlir. Xalq içərsində buna hörmət vardır. Sazlı Abdulla da ona görə xalq içərsində bu qədər sevilir, sazına hörmət bəslənilir ki, o həmişə bu xalqın içərsindədir, onun nəğmələrində xalqın istək və arzuları, dərdi-səri, sevinci yaşayır. Ancaq insana xidmət edən bu saz, musiqi ona hörmət qam-şaman dövrlərindən bəlkə də çox-çox əvvəllər mövcud olmuşdur. Yazıçı mifoloji obrazlardan, süjet aə motivlərdən istifadə etməklə, onlardan bəhrələnməklə elə bir sənət əsəri yaratmışdır ki, bu əsərdə xəlqilik güclüdür.
Yazıçı Mahmudun həm ictimai-fəlsəfi baxışlarını, həm də onun Məryəmə bəslədiyi sonsuz məhəbbəti elə poetik, lirik bir şəkildə verir ki, bu əsərin dil, üslub gözəlliyyini daha da zənginləşdirmiş olur. Yazıçı təbiət hadisələrini yağışın yağmasını, buludun çökməsini, çiçəyin gözəlliyini, təndir çörəyinin ətrini, qəhrəmanın unuda bilmədiyi uşaqlıq xatirələrini bir-birilə bağlı şəkildə verir və bu bağlılıq, bu vəhdət onun əsərin bədii keyfiyyətini yüksəltmiş olur.
Yazıçı dastanda olduğu kimi əsərində Ziyad xanın varı-dövləti, adı-sanıyla tanınan, dünyanın xoşbəxt bir insanı sayılan, əslində isə övladı olmadığı üçün içində övlad həsrətiylə qovrulan, taxt-tacına varislik etmək üçün bir züryəti olmadığından daxilən min bir əzab çəkən Ziyad xan obrazını real tarixi bir şəxsiyyət kimi təsvir edir. Övladsızlıq yükü çiynindən götürüləndən sonra da Ziyad xan mənəvi sarsıntılar içərsində yaşayır. Çünki oğlu Mahmud onun arzularını həyata keçirə bilmək qabiliyyətindən məhrumdur. Onun yolu başqadır; Min bir nəzir-niyazla dünyaya gələn Mahmud ölkələr fəth etmək, taxta-taca sahib olmaq, döyüşlərdə ad-san qazanmaq, gücü, şücaəti ilə seçilmək, şöhrətlənmək ideyalarından tamamilə uzaq olan, bütün mehrini şahın kitabxanasındakı kitablara salan, dünyanın bir çox yerlərindən ata-anasının sifarişiylə gətirilən dürlü-dürlü, qüdrətli sənət əsərlərini əldə edib, bu kitabların işığında öz biliyini artıran bir ağıllı gəncdir. Onun qəlbində yaşayan hisslər zəmanəsinin, saray həyatı yaşayan yaşıdlarının arzu və istəklərindən seçilir. Öz hərəkəti, davranışıyla da ata-anası qarşısında qeyri-adi xarakterə malik insan təsəvvürü yaradır. Dastan qəhrəmanlarımıza xas olan müsbət keyfiyyətlər yazıçının qəhrəmanında çoxdur. Folklor nümunələrimizə nəzər salsaq onlarda da qəhrəmanlar, sevən aşiqlər ağlıyla, dediyi sözüylə, gözəlliyi ilə insanların sevgisini qazanan insanlardır. Yazıçının əsərində yaratdığı obrazda da öz əksini tapan bu keyfiyyətlər, ağıllı qəhrəman motivləri folklordan gəlmədir və yazıçı bu motivlərdən çox böyük incəliklə istifadə edir. "Əsli və Kərəm" dastanının qəhrəmanı Kərəmdəki müsbət keyfiyyətlərə yazıçı bir çox başqa keyfiyyətlər də aşılayır, bu surətin daha dolğun, daha bitkin bir obraz kimi yadda qalmasını tə'min edir və yazıçının sənətkarlıq imkanlarından məharətlə istifadə edə bilməsi qabiliyyətininin qiymətləndirilməsinə imkan yaradır.
Sarayın eyş-işrət məclislərindən uzaq olan, yaşıdlarının kef məclislərindən kənar gəzən, bütün gününü sarayda öz hücrəsində kitablar arasında keçirən Mahmudun yetginlik çağlarına qədəm qoymasını real boyalarla qələmə alan yazıçı onu öz yaşıdları arasında məhəbbətə, sevgiyə münasibətində də ülviləşdirir, müqəddəsləşdirir. Sevgisinə münasibətdə də Mahmud Kərəm obrazına bənzəyir. Məhəbbət dastanlarının qayəsi olan azad sevgi, bəşəri hisslər, ülvi məhəbbət motivləri Elçinin realist qələmində yeni bir formada, folklordan gələn motivlərə hörmət prinsipindən verildiyini xüsusilə qeyd etməliyik. Biz çox romanlar, povestlər oxumuşuq, orada əsərlərin qəhrəmanlarının həm müsbət, həm də çatışmayan cəhətlərinin real səpgidə təsvirini görmüşük. Elçin burada bir qədər ehtiyatlıdır. Dastanlarımızda gözlənilən prinsiplərə burada əməl olunur. Bu da bir növ xalq ədəbiyyatından gəlmə xüsusiyyətlərin yazılı nəsr əsərlərimizin xüsusiyyətləri ilə qaynayıb -qarışmasına rəvac verir və bu da Elçinin özünəməxsus yaradıcılıq görüşlərinin nəticəsidir və bədii sənətimizin inkişafına kömək edən müsbət haldır. Görünür ən incə detallara öz yaradıcılıq imkanlarından məharətlə istifadə etməklə yanaşan sənətkarın məqsədi var.
Elçinin yaratdığı Mahmud obrazı ülvi məhəbbətinin arxasınca ellər-obalar dolaşan haqq aşığıdır. Adətən dastanlarımızda qəhrəmanlar sevgililərini yuxuda görür, sonra isə qızın arxasınca gedir və səadətinə qovuşur.
Əsərdə bu iki gəncin ayrılmasında, başlarına gələn faciənin əsasında din ayrılığı durur. Elçinin yaratdığı keşiş obrazı öz dininə sadiq bir insanın obrazıdır. Onun yaratdığı keşiş xristian olsa da erməni keşişi deyildir. Xalqımızın soykökündə duran alban xristianlığının nümayəndəsidir. İslam dini xalqlarımız arasında yayılmamışdan əvvəl bildiyimiz kimi atəşpərəstlik, xristian dini də xalqlarımız arasında mövcud olmuşdur. Və o də bir həqiqətdir ki, islam dininin qəbul edilməsi özü də adamlar arasında fikir ayrılığına gətirib çıxarmışdır. O dövrdə xristian dinini atıb müsəlman dinini qəbul etmiş Ziyad xanla Qara keşiş arasında fikir ayrılığı mövcud idi. Qara keşiş xristianlığa sədaqətli insan olduğu üçün öz qızını Mühəmməd ümməti olan Mahmuda verməkdən boyun qaçırır. O, artıq müsəlmançılığın gücləndiyini görüb qızını götürüb qaçır və onun Mahmudla qovuşmasının əleyhinə çıxır və bununla da din, Allah qarşısında özünü saf olduğunu güman edir. Bəlkə də Alban xalqlarının bir çox anlarda öz dininə sədaqəti erməni qriqoryanlarına imkan vermişdir ki, onların kilsələrinə də, kilsələrə məxsus torpaqlarına da sahib olmuş və tariximizin təhrif edilməsində əllərinə bir kirəvə düşmüşdü. Bəlkə də "Əsli və Kərəm" dastanı məhz həmin dövrlərdə -qanı bir, canı bir xalqın iki gəncinin bir-birisinə bəslədiyi sonsuz məhəbbəti faciəyə çevirən dövrlərdə yaranmışdır. Qara keşiş ermənidən çox Elçinin əsərində Ziyad xana mənsub xalqın nümayəndəsidir. Sadəcə olaraq din dəyişmə prosesi ömrünü din məzhəb yolunda xidmətə həsr edən Qara keşiş kimi şüurunda, təfəkküründə yaşayan bir ideologiyaya sitayiş edən insanların qəlbində kin-nifrət toxumunu atmışdı. Qara keşiş Mahmuda Azərbaycanlı olduğu üçün deyil, Məhəmməd ümməti olduğu üçün qızını verməkdən imtina edir. Çünki qızını müsəlman oğluna vermək o dini qəbul etmək kimi bir dəhşətli fikir idi ki, Qara keşişin canında yaşayırdı və ona görə də o qızını götürüb diyarbadiyar qaçır, Mahmud onu harada tapırsa, ordan da qaçmağa müvəffəq olur. Allahın evinə-pənah apardığı o Xristian dünyasının başçısının görüşünə gəlib çatdıqda artıq dünyada din-allah yolunda öz borcunu vermiş mö'min bir insan kimi qəbul ediləcəyini düşündüyü halda bunun tamamilə əksini görür. O unutmuşdur ki, insanlar tək olan bir Allahın yaratdığı bəndələrdir. Göndərdiyi dinlər də həmişə insanlara xidmət etmişdir. Dinlər hamısı onu Tək bir Varlıq kimi qəbul etmişdir və onun yaratdığı və göndərdiyi din ancaq insanların xoşbəxtliyinə xidmət etməlidir və hər iki insan dinindən asılı olmayaraq bu dünyaya sevilmək, əzizlənmək, xoşbəx ömür-gün sürmək üçün gəlmişdir. İnsanların borcu bir-birisinə qayğı və mərhəmət göstərmək, bir-birini sevmək, ancaq xeyirxah işlər görmək, bir-birisinin dininə, dilinə hörmət etməkdir. Axı Tovratı da, İncili də, Qur"anı da Allah göndərmişdir. İsa da, Məryəm də, Məhəmməd peyğəmbər də və digər bütün tapındıqlarımız imam və peyğəmbərlər bir haqq yolunun-Allaha inamın çarçısıdırlar. Ona görə də Qara keşiş öz fəaliyyətində, dinə xidmətində haqsızlığa yol verdiyinə görə, Allahın yaratdığı saf bəndəsinə, haqq aşığına qarşı törətdiyi günahlarına, cinayətinə görə lə'nətlənir. Tanrı insana duyğu, hiss, arzu istək vermişdir. Bütün bunlar insanın ürəyindədir. Ürək isə insana tabe deyil. Bəlkə elə bu tabesizlikdə bir ilahiyyət var. İlahiliyə bağlılıq var. Bəlkə bütün bu çətinlikləri də isanların ürəkləri törədir. Axı Qara Keşiş öz əməllərinə görə özünə haqq qazandırmır. Onun fikirləriylə, ürəyi arasında nəsə bir uçurum var. Hansısa bir fikir onun ürəyini didir, parçalayır, axı o da insandır: "Məryəm Gəncədən çıxdıqları o gecədən sonra, bu uzun-uzadı qaçış ərzində atasının necə əzablar çəkdiyini hiss edirdi, görürdü, başa düşürdü. Baba Keşiş heç nə demirdi, amma Məryəm atasının demədiklərinin hamısını görürdü və burasını da yaxşı başa düşürdü ki, bütün iztirablar ona görədir; şüur bunu başa düşürdü, şüur bunu özünə dərd edirdi, amma ürəyə zor yox idi və ürək sözə baxmırdı. Məryəm bilirdi ki, atasını məngənə kimi sıxan təkcə Mahmudun məhəbbəti deyildi, bu məhəbbətin Məryəmin ürəyində özünə yer tapması idi, amma ürəyə zor yox idi, ürək sözə baxmırdı və Məryəm özü də heç nə edə bilmirdi" .
Məhəbbət dastanlarımızdan, nağıllarımızdan bilirik ki, çox vaxt aşiqlər sevdikləri qızı yuxuda görürlər və ürəklərinə bu sevgini onların iradəsindən asılı olmayan ilahi bir qüvvə salır. Burada da qəhrəmanların ürəklərini bir-birinə bağlayan ilahi bir sevgidir. Bu sevgi diyarbadiyar Məryəmin eşqilə yanan Mahmudun ürəyində sevgisinə dönük çıxmaq, onu axtarmaqdan yorulub geri qayıtmaq hissindən çox ona qovuşmaq hissini daha da gücləndirir. Bu ilahi eşqdir və bu iki gəncin sinəsində çırpınan ürək o sevginin həsrətilə yaşayır və qəhrəmanları onun qarşısında acizdirlər. Çünki onların saf duyğuları, təmiz, ülvi istəkləri elə Baba Keşişin özünü də cəlb edirdi: "Baba Kişiş nə qədər çalışırdısa da, özünü saxlaya bilməyib hərdən Mahmuda baxırdı; Müqəddəs Qoca Baba Keşişə kor demişdi, amma Baba Keşiş bu müsəlman törəməsinin özündə belə bir təmizlik görürdü və bu təmizlik Baba Keşişi sarsıdırdı". Bununla belə Baba Keşişin nəzərində Mahmud dinsizin biri idi və onun gözlərində belə saflıq ola bilməzdi, amma vardı və bu da Baba Keşişi sarsıdırdı. Əslində isə Mahmudun gözlərindəki o təmizlikdə bir müqəddəslik vardı. Mahmud yer üzündə yaşayan insanlara bir gözlə baxırdı, onların hamısında bir gözəllik görürdü. O, Məryəmi görən kimi sevdi, onun hansı dinə mənsub olmasıyla maraqlanmadı, onu ancaq Məryəmin məhəbbəti özünə bağladı. O, Allahın yaratdığı bir bəndənin məhəbbətini özündə yaşatdı. Baba Keşiş isə Müqəddəs Qocanın dediyi kimi "Təmizlik axtaran axmaq! Kor insan! Axmaq adam" idi və buna görə də Müqəddəs evdən də " iki haqq aşığını bir-birindən ayır"dığı üçün qovuldu. Müqəddəs evin sahibi də dinin insanlar arasında nə kimi fəlakətlər törətdiyini, insan qırğınına bais olan din uğrunda mübarizəyə öz şəxsi arzu və istəklərini də qatışdırıb günahsız insanların qanının töküldüyünü, fəryadların ərşə qalxdığını gizlətmir. Yaranan bu Müqəddəs Evlər insana xoşbəxtlikdən çox bədbəxtlik gətirir:
"Müqəddəs Qoca əlini uzadıb uzun barmağı ilə Müqəddə Evin darvazasını göstərdi:
-Elə bilirsən onlar kiməsə xoşbəxtlik gətirib?
Baba Keşiş dedi:
-Mən xoşbəxtlik axtarmıram, ata, mən təmizlik istəyirəm.
-Təmizlik, paklık istəyirsən? Axı sən korsan! Sən təmizliyi, paklığı necə görə bilərsən?"
Müqəddəs Qoca özü də fikirlərindəki həqiqəti görürdü. Onun nəzərində "dünyanın ən böyük günahkarı o kəsdir ki, dünyanın bu meşə gözəlliyi kimi adi gözəlliyini belə görə bilmir; günahkar o kəs deyil ki, yeyir, içir və kef edir, günahkar o kəsdir ki, günlərini boş və mə'nasız bir eyniyyətə döndərir, özü özünə divan tutur, özü öz hisslərini boğub öldürür və bütün bunları yalnız altmış dörd il, üç ay, yeddi gündən sonra başa düşür". O, yalnız ömrünün altmış dörd il, üç ay, yeddi gün tərəddüd etmədən ibadətə sərf etdikdən sonra "heç bir tərəddüdsüz bircə anın içində dərk etdi ki, bütün ömrü hədər gedib".
Elçinin əsərində din ayrılığının geniş şəkildə və xalqımızın həyatında böyük bir məna kəsb etməsi şəklində qoyulsa da burada bir gözəl ideya yaşayır. Bütün insanlar "bir bədənin üzvləridir" və onlar arasında olan bu din ayrı-seçkiliyi insanlar üçün həmişə faciələr törətmişdir, istər bu gün olsun, istər min illər əvvəl, fərqi yoxdur. Baba Keşişin əməlləri də bu iki gəncin faciəsi ilə bitdi. Əslində Məryəmin əyninə geydiyi toy paltarının tilsimi elə dinin özündə idi. Bu tilsim çox insanların, allahın əmriylə bir-birinə qovuşmalı olan gənclərin məhvinə bais olmuşdu. Baba Keşiş bu tilsimin köməyi ilə qızı Məryəmin də məhvinə bais oldu. Əməllərindən dəli olmaq dərəcəsinə gələn Baba Keşiş öz dininə sadiq qalmaqdan çox içini bürüdüyü dəhşətdən qorxub qaçırdı: "Baba keşiş bütün varlığı ilə qorxurdu ki, allahı danar, boynundakı xaça tüpürər" və buna görə də "belə lazım bilmisən və belə də eləmisən!" deyə-deyə qaçan Keşişə son anda "elə gəldi ki, Müqəddəs Qoca yarğanın dibində dayanıb, qollarını geniş açıb onu gözləyir və deyir:
-Gəl, ay axmaq insan, gəl!.."
Elçinin yaratdığı Baba Keşiş öz dininə müqəddəs baxan zavallı bir insandır və onun həyatının mə'nası bu inamdadır. "Əsli və Kərəm" dastanında da iki gəncin nakam məhəbbətinə bais din ayrılığı olduğundan görünür bu mövzu uzun əsrlər boyu xalq içərsində yaşayıb və dastanlarımızda da öz əksini tapıb. Burada erməni variantlarında və bir sıra bə'zi variantlarda Qara Keşiş xristian olub milliyyətcə erməni olduğu iddia edilsə də əslində bu din ayrılığının kökləri ən qədim dövrlərə gedib çıxır. Əslində ən qədim Azərbaycan dövlətinin formalaşmasında və bu dövlətin əsasında duran Alban dövlətində xristian dini əsrlərlə mövcud olmuşdur. Elçinin əsərində məhz Baba Keşiş (Qara keşiş) Müqəddəs İsa dininə sadiq qalan və həyatının mə'nasını, yeganə balasının xoşbəxtliyini bu dinə qulluqda, ona sədaqətdə görən qeyri -dinlərə qarşı qəlbində nifrət yaşadan və buna görə də balasının da, özünün də məhvinə bais olan obrazdır.
Elçin onu dastanlarımızdan tanıdığımız hiyləgər, sehrbaz, yalançı, ikiüzlü bir şəxs kimi deyil, öz dininə sadiq bir obraz kimi təqdim edir. O, islam dinini qəbul etmədiyindən qızını Məhəmməd ümməti olan şəxslərdən götürüb qaçırdı və onun nəzərində "dünyada hər şeyə dözmək olardı və Baba Keşiş də dünyada hər şeyə dözərdi, amma dinə xəyanətə dözmək mümkün deyildi" .
Ərəblər Azərbaycanı işğal etdikdən sonra bura islam dinini də gətirdilər:" Ərəb istilasına qədər Azərbaycan əhalisinin bir qismi (Cənubda yaşayanlar) atəşpərəst; digər qismi isə (şimalda yaşayanlar) xristian idi.
Cənubi Azərbaycanın işğal olunmuş əraziləri islam dinin qəbul etməyə məcbur idilər. Burada əhali can vergisindən də azad edildiyi üçün hamılıqla islamiyyəti qəbul etmişdi.
Ölkənin şimal hissəsində isə xristian əhalisi "əhl- əl-kitab" olduğu üçün islam dinini qəbul etməyə bilərdi.
Doğrudur, sonralar şimal əhalisi bunun müqabilində xəracdan əlavə "cizyə" də verməli olduqlarından-iqtisadi təzyiqə mə'ruz qaldıqlarından məcburiyyət qarşısında qalıb islam dinini qəbul edirdilər. Onların içərsində uzun müddət isə xristian dinini qoruyub saxlaya bilən insanlar var idi və sonralar onlar da alban və qriqoryan ruhaniləri arasında gedən mübarizədə qriqoryanların yeritdiyi siyasət nəticəsində "bu mübarizə mə'lum olduğu kimi qriqoryan kilsəsinin qələbəsi ilə qurtarmış və qriqoryan kilsəsi alban katalikosluğunun bütün kilsə camaatını xarici qüvvələrin köməyi ilə özünə tabe etmişdi.
Əlbəttə, bu mübarizə uzun illər davam etmiş, xristian-müsəlman aləmində yaşayan insanlar uzun müddət mənsub olduğu dinini qoruyub saxlamağa nail olmuş, öz dinini başqa dinlərdən üstün tutmuş, onu yaşatmağa çalışmış, bu mövzu bu və ya digər formada xalq kütlələrinin yaratdığı folklor nümunələrinin mövzusuna çevrilmiş və zaman-zaman yaşamış, bu günümüzə qədər az da olsa öz məzmununu, ideyasını saxlamaqla gəlib çatmışdır. Ərəblərin Azərbaycana gətirdiyi müsəlmançılığa Qara Keşiş kimi xaçpərəst xristianların nifrəti bu folklor nümunələrindən olan "Əsli və Kərəm" dastanında da öz əksini tapmışdır. İslam dinini qəbul edənləri dinsiz, imansız adlandıran xristianlar az deyildi. Elçinin qəhrəmanları Mahmudla Məryəm məhz həmin illərdə iki din çarpışmaları arasında gedən mübarizə dövrlərində yaşamışlar və "Əsli və Kərəm" dastanında bə'zi təhrif olunmuş hadisələrə Elçin yaradıcılığında müəyyən aydınlıq gətirilir. Baba Keşiş bir tərəfdən qriqoryanların yeritdiyi siyasət, digər tərəfdən ərəblərin yeritdiyi iqtisadi siyasət nəticəsində azalmaqda olan Alban xristianlığını qoruyub saxlamağa can atan din qoruyucusudur və yeganə ovladının da müqəddəs dini qoruyb saxlamasına çalışırdı. O, öz xaçpərəst dünyasının sədaqətli keşişidir. Baxmayaraq ki, o, Mahmudla Məryəmin başına gələn müsibətlərin bilavasitə iştirakçısıdır. O, burada başqa bir məqsəd güdməmişdir və yalnız və yalnız mənsub olduğu dinin pak və müqəddəsliyi naminə, özü tərəfindən də bu dinin təmiz və pak saxlanması naminə bu yolu tutur. "Dünyada hər şeyə dözmək olarda və Baba Keşiş də dünyada hər şeyə dözərdi, amma dinə xəyanətə dözmək mümkün deyildi. Məryəm ki, bu qədər təmiz idi, gərək bir xaçpərəsti xoşbəxt edəydi. Məryəm bir xaçpərəstin anası olmalı idi, çünki dünya elə bir dünya idi ki, xaçpərəstlərin öz arasında təmizlər az idi və Məryəm bu təmizlərin sayını artırmalıydı.
Eyni zamanda Qara Keşiş bu işə mane olmağı özünün vəzifəsi bilirdi və Baba keşişin belindən gəlmiş bir qız dinsiz bir oğlanı oxşasaydı bütün dünya od tutub yanardı. Hərgah Baba Keşiş də müqəddəs dinə xəyanət etsəydi, onda daha nə qalardı dünyada və insan necə yaşaya bilərdi? Hərgah Məryəm kimi bir təmizlik dinini yaddan çıxarıb özünü bir dinsizin qucağına atsaydı, onda deməli, onda deməli hər şey yalan idi .
Əslində Elçin burada dastanlarda gedən həqiqətə uyğun olmayan bə'zi hadisələrin gerçək təsvirini verirdi. Əsərdə folklorla səsləşən dinlə bağlı dastanda öz əksini tapan məsələlər bu və ya digər formada yazıçının nəsr əsərində öz əksini tapmışdır və bu motivlərdən istifadə etməklə yazıçı qəhrəmanlarının taleyinə mühüm rol oynayan bir sıra problemlərin daha bədii, daha emosional, daha güclü şəkildə verilməsinə nail olur. Qara keşiş obrazı Baba Keşiş obrazının daxili aləmini açmağa kömək edir. Bu obraz vasitəsilə yazıçı Mahmudla Məryəmin başına gələn müsibətlərin kökünü daha real, daha tə'sirli verir. Əsərdə dastanın süjeti elə bil gözlənilir. Hadisələr bir xətlə inkişaf edir. Xan oğlu Mahmudun xristian qızını sevməsinə qarşı çıxmır və bu işə mülayim yanaşır. Oğlunun xristian dininə mənsub olan bir qızı sevməsində elə bir qəbahət iş görmür və oğlunun onunla izdivacına razılıq verir. Burada da bəlkə də bizim görmədiyimiz, lakin duya bildiyimiz bə'zi məqamlar onu göstərir ki, görünür, Ziyad xan və Baba Keşiş bir elin sakinləridir və onlar arasında din ayrılığı olsa da yə'qin ki, milli varlıqda doğmadırlar.
"Mahmud və Məryəm" əsərində bir çox xalqlar arasında tanınan əfsanəvi, mifik obrazların adı çəkilir və onlarla bağlı xalq ədəbiyyatında yaşayan əfsanə və rəvayətlər xatırlanır. Onlar bu realist povestin bədiiliyini artırır. Bu obrazlar dünya ədəbiyyatında şöhrət qazanmış, insan zəkasının yaratdığı dərin məzmunlu, yüksək sənətkarlıq nümunəsi olan xalq yaradıcılığına rövnəq verən obrazlardır. Əsərdə dünya xalqları arasında tanınan əfsanəvi obrazlar çoxdur və onlar xalq yaradıcılığının əsas mövzularının qəhrəmanlarıdır. Elçinin qəhrəmanı tez-tez bu qəhrəmanları, onların başına gələn hadisələri xatırlayır.
Dünya ədəbiyyatında Adəm və Həvvayla bağlı müxtəlif variantda rəvayətlər, əfsanələr yaşayır. Adəm yəhudi sözü olub "insan" deməkdir. İudaizm, xristian, islam dinlərində ilk insan kimi qələmə verilən bu mifik obrazları guya Tanrı torpaqdan yaratmış və yer üzündə yaşayan bütün insanlar Adəmlə Həvvadan törəmişlər. Həvva da Bibliya əfsanələrinə görə Adəmin arvadı olmuşdur və guya Allah onu Adəmin qabırğasından yaratmışdır. İudaizm, islam və xristian mifologiyalarına görə bəşəriyyət tarixində ilk qadın kimi götürülən Həvva ilə Adəm Allah tərəfindən cənnətdən qovulmuşdur. Buna səbəb onların Tanrı tərəfindən yeyilməsi qadağan olan meyvədən dadmaları olmuşdur. Guya onları da Şeytan yoldan çıxarmışdı. Yazıçı əsərində bu obrazları xatırlamaqla əsərdə demək istədiyi fikri daha tə'sirli şəkildə oxucuya çatdırmağa çalışır. İnsanlar arasında baş verən çarpışmalar, tökülən nahaq qanlar, taxt-tac uğrunda mübarizə aparan yırtıcı qəlbli insanların qana olan ehtirası, insanların bir-birinə qarşı bəslədiyi paxıllıq, gözgötürməməzlik yazıçının ən ülvi qəlbə məxsus olan qəhrəmanın ətrafında baş verən hadisələr yazıçıya öz fikrini söyləməyə imkan verir. Adəmlə Həvvanın bətnindən yaranan bu insan məxluqatının bir-birinə zidd mövqeləri oxucunu düşündürür. Yazıçı mifoloji dünyamızın banisi Adəmlə Həvvanı xatırlayır. Sonra onların övladları Habillə Qabilin arasındakı münaqişələri və münaqişələr zamanı bir-birinə qarşı düşmən münasibət bəsləyən qardaş qatilinin çəkdiyi peşimançılıq hisslərini insanın qarşısına ibrət dərsi kimi çıxarır. Adəm və Həvvanın böyük oğlu Qabil Bibliya mifologiyasına görə əkinçi idi. Baş Allah Yəvva Qabilin töhfəsini qəbul etmir. Onun qoyun otaran qardaşı Habilin töhfəsini qəbul edir. Qardaşını gözü götürməyən Qabilin ona paxıllığı tutur və Habili öldürür. Qardaş qatili Habil sonradan etdiyi işə görə peşimançılıq çəksə də belə Tanrı onu "qardaş qatili" kimi lə'nətləyir. Yazıçı insanlar arasında gəzən bu pisliklərin, nifaqların törətdiyi faciələri pisləyir, insanları bir-birinə dost, yoldaş olmağa çağırır və dünya xalqları ədəbiyyatda yaşayan bu mifik obrazların simasında törədilən cinayətlərin, günahların insanlığa vurduğu zərbədən ibrət dərsi götürməyə çağırır: "Necə olurdu ki, bu torpaqda doğulan, eyni ayın, Günəşin, ulduzların altında bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, bir-birini döyə bilir, söyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu. Necə oldu ki, belə bir Günəşin altında belə bir torpağın üstündə qardaş qanı axıdan o paxıllıq əmələ gəldi? Şeytan Adəmlə Həvvanı aldatdı və onlar buğda yeyib cənnətdən qovuldu və Adəm ilə Həvvanın günahı təkcə bu oldu ki, buğda yedi, bəs nə üçün Adəm ilə Həvvanın törəmələri bu qədər günaha batdı, kəsdi, dağıtdı? (səh. 27) Yazıçı bu mifik obrazları əsərinə daxil etməklə, olardan bəhrələnməklə əsərinin bədii tə'sir gücünü artırır, hadisələri emosional hisslər üzərində kökləmək üçün bu motivlərdən istifadə edir, əsərinin bədii dəyərini, sənətkarlıq məsələləri baxımından qüvvətli olmasına çalışır.
Xalq ədəbiyyatında Tanrı özü Adəm övlədının düşməni deyildir. O, çətinə düşənlərə öz xeyirxah köməkliyini göstərən Xızır Nəbilərə, İlyaslara qüdrət verən güc sahibidir. "Əsli və Kərəm"də olduğu kimi Elçinin Mamuduna ən çətin məqamda Xızır İlyas özünü yetirir. Xızır Nəbi və Xıdır İlyas dini mifologiyamıza görə peyğəmbərdir. Onlar birlikdə zülmətə getmiş və abi-həyatdan içmişlər. Xızır peyğəmbər dirilik suyunun dalınca zülmətə gedirmiş. Yolda ağsaqqal, nurani bir kişi ilə rastlaşır. Hal-əhvaldan sonra mə'lum olur ki, bu kişinin adı İlyasdır. O da dirilik suyundan içmək üçün neçə vaxtdır zülmətə tərəf yol almışdır. Yollarına davam edirlər, aclıq onları lap təqətdən salanda bir bulağın başında əyləşib süfrə açırlar. Hərə öz boğçasındakı yeməkdən süfrəyə düzür, başlayırlar yeməyə. Onlardan biri əlindəki quru balığı bilmədən suya salır. Əyilib götürmək istəyəndə heyrətə gəlir. Quru balıq dirilib bulağın içində üzməyə başlayır. Başa düşürlər ki, axtardıqları dirilik suyu həmin bulağın özüdür. İkisi də bulaq suyundan içib geri qayıdırlar.
Xızırla İlyas zülmət dünyasından çıxandan sonra qucaqlaşıb öpüşürlər. Ayrılıb Xızır səhralara, İlyas da dənizlərə sarı üz tutur. (Əfsanələr. Gənclik. 1986.)
Bir çox nağıl və dastanlarımızda Xızır yol azan yolçuların, çətinə düşən qəhrəmanların köməyinə çatan müqəddəs bir varlıqdır. Onun gücü, qüdrəti bir çox peyğəmbərlərlə bağlı əfsanələrdə öz əksini tapmışdır. Müqəddəs kitablarda Musa peyğəmbərin səbir və dözümünü yoxlamaq üçün Tanrı onu Xızırla qarşılaşdırır. Xızırla yol yoldaşı olan Musa burada onun nə qədər dözümlü, səbirli və ağıllı bir varlıq olduğunu görür. Xızır folklorumuzda da mifik obraz kimi yaşayır və xalq yaratdığı folklor nümunələrində dara düşən qəhrəmanları onunla qarşılaşdırır.
"Əsli və Kərəm" dastanında "haqq aşığı" Kərəmlə lələ bir qarlı dağın ətəyinə çatırlar: "Yolu keçmək istəyəndə hava pozuldu, hər yeri duman-çiskin bürüdü, şiddətli qar yağmağa başladı,.. yolu itirdilər. Rüzgar elə bil Kərəmlə tərsə durmuşdu. Öz sərtliyini daha da gücləndirirdi. Kərəm sazı döşünə basdı:
Aman fələk budu səndən diləyim,
Qoyma məni yarı yolda qış günü.
Kərəm eylə, bircə yapış əlimdən,
Yetir muradına sən bu düşkünü.
Kərəm sözünü başa edən kimi gördü qabağında bir nurani kişi zahir olub dedi:
- Qəm eləmə Kərəm, darda qalmazsınız. Yumun gözünüzü! Kərəmlə Sofi gözlərini yumdular. Nə qədər keçdi bilmirəm, bir də nurani kişi dedi:
- -Açın gözlərinizi!
Kərəmgil gözlərini açıb gördülər ki, səfalı yerdədirlər. Nurani kişi-zad yoxdu.
Elçin "Mamud və Məryəm" əsərində xalq ədəbiyatından gəlmə bu epizoddan yararlanmaqla, onu öz təxəyyülünə uyğun şəkilə əsərinə daxil etməklə, qəhrəmanın çətin anda belə müqəddəs qüvvələrin köməyi ilə çətinlikdən qurtulmasına imkan yaradır, Mahmudun öz məhəbbəti yolunda çəkdiyi əzabları daha tə'sirli şəkildə vermək üçün, əsərin bədii-estetik qiymətini artırmaq üçün Xızır İlyas obrazından bəhrələnməklə onu ölümün pəncəsindən qurtarır. Folklor ənənələrindən, motivlərindən burada da yararlanmaqla yazıçı əsərinin bədii dəyərini artırmışdır. Xızır İlyas ancaq insanlara kömək etmək arzusundan doğaraq yaranan mifoloji obrazdır. O əfsanələrimizin, folklor nümunələrimizin bəzəyidir. Lakin yazılı ədəbiyyatda da qəhrəmanların daxili aləmini, mə'nəvi zənginliyin artırmaq üçün sənətkarın istifadə etdiyi yaxşı bir vasitədir.
Yazıçının "Mahmud və Məryəm" əsərində xalq yaradıcılığından, müqəddəs dini kitablarımızdan tanıdığımız Mikayıl obrazına da rast gəlirik. Ümumiyyətlə, bu mifik obrazlar bu və ya digər şəkildə əsərə daxil edilir və əsərin qəhrəmanlarının daxili aləmini açmağa, hadisələrin bədii cəhətdən qüvvətli verilməsinə xidmət edir. Yazıçı gördüyü cəmiyyətdə qəhrəmanının diliylə tapa bilmədiyi suallarına cavab axtarır: " Gözümüzün nuru elə sözlər deyir ki, qorxuram əstəğfürullah-allahın xoşuna gəlməyə. Belə deyir: -Niyə Mikayıl bu qədər ac camaata ruzi verir və niyə Mikayıl Allahın gözüylə bunu görmür! Niyə vəqf torpaqlarının barını camaata vermirlər ki, kasıbların əlindən tutsun və onları xoşbəxt etsin? Mən deyirəm ki, xoşbəxtlik- bədbəxtlik Allahın işidi və allahın işinə qarışmaq olmaz." Deyir: "Onda bəs nə üçün peyğəmbərlər həmişə dərdli-ələmli olub və nə üçün Cəbrayıl xoşbəxtliyin yolunu onlara göstərməyib. Çaryar Məhəmməd peyğəmbərin dediyini elədi, niyyətini həyata keçirdi, amma özləri nə oldu?
Bildiyimiz kimi, dini mifologiyaya görə Mikayıl Allahın yaratdığı insanlara ruzi yetirən mələk, Cəbrayıl Tanrının dediklərini peyğəmbərlərə çatdıran mələkdir. Yazıçının qəhrəmanı yaşadığı cəmiyyətdə ətrafında baş verən çirkinliklərə, ədalətsizliklərə dözə bilmir. Həyatda insanların başına gələn fəlakətlərin kökünü axtarır. Bu fəlakətlərin Qabil-Habil dövründən başlayaraq bu günə kimi və bundan sonra da davam edəcəyini düşündükdə dünya gözündə mə'nasız görünür. Yaşadığı cəmiyyətdə ağlı, zəkası, düşüncəsiylə zülmət dünyasında günəş kimi parlayan Mahmud insani duyğuları ilə möhtəşəm bir zirvəyə qalxır. Onun fəlsəfi duyğularında böyük bir hikmət yatır. O, Elçinin qələmində sevən aşiqdən başqa kamil bir insan zəka sahibi kimi diqqəti cəlb edir. Onun dünya, kainat, insanlar, cəmiyyət və həyatda baş verən hadisələr və onlar arasındakı uyğunsuzluqlar və bunun insan xoşbəxtliyinə mane olması, onu məhv edən ziddiyyətlər ətrafında düşüncələri imkan verir ki, Mahmudu kamil bir obraz adlandıraq. Onun nəzərində insan gözəlliklər aləmində Günəş kimi parlaq, çiçəklər kimi zərif və ətirli məxluqat, dünyaya ancaq yaşamaq-yaratmaq, arzulara qovuşmaq üçün gəlib. O düşünürdü ki, bu gün yaşadığı bu cəmiyyət qan içində çalxalanır, lap qədimdə də belə olub. Və yenə də belədir, gələcəkdə də belə olacaq. Çünki onun kimi Mahmudlar, onun sevdiyi Məryəm kimi məryəmlər olub və onların yolunda bütün gəncliyini, səadətini qurban verən sofilər olub və bunlar şər dünyasının əl oyuncaqlarına çevriliblər və bunu xatırladıqca canını qorxu bürüyür. Bu qorxuda qəhrəman tək özü üçün deyil, bəşəriyyət üçün yaşayan təhlükəni duyur, qəm dəryasına qərq olur: " bir vaxt yer üzündə heç kim yox idi, Sofi. İndi bu qədər adam var və min ildən sonra gör nə qədər adam olacaq. O zaman dünya nə olacaq? Çaylardan qan axacaq su yerinə. Qan içiləcək? Bu dünyanı ki, Qabil ilə Habil bölüşə bilmədi, qısqanclıq oldu, paxıllıq oldu, qardaş qardaşı öldürdü, min ildən sonra bu dünyada nə olacaq?
Qabil, Habil insan əqlinin, zəkasının mifik təzahürüdür. Dünya yaranandan baş verən ədalətsizliklər, qeyri -bərabərlik və bu qeyri-bərabərliyin insanların həyatında törətdiyi faciələr qəlbi ülvi duyğularla köklənmiş insanların mənsub olduğu insanlara bəslədiyi sonsuz məhəbbətindən yaranmışdır. Pis- Yaxşı, Xeyir-Şər dünyasında ancaq yaxşılıq, xeyirxahlıq hissləri ilə yaşayan müəyyən dövrlərdə baş verən hadisələrin səbəbini başa düşmək iqtidarında olmadığı bir zamanda yaratdığı bu obrazlar ancaq yaxşılıq hissilə yaşayan saf insanların xəyallarında yaratdığı mifik obrazlardır. Yaxşılıq istəyən mifik obrazlar yamanlıq istəyən mifik obrazların üzərində öz əməlləri ilə qalib gəlməlidirlər. Ona görə də ağıllı insanlar insan cəmiyyətində yaşayan, lakin nəyəsə görə müəyyən gücə, nəfisə, tamaha sahib olanların törətdikləri sonsuz faciələrin, fəlakətlərin kökünü axtarır, insan xoşbəxtliyinə mane olan hər cür pisliklərin sona yetməsini istəyir və istəyini yaratdığı folklor nümunələrində yaşadır. Hər şey insanlığa, onların səadətinə xidmətə yönəlməlidir. Əgər yer üzündə bütün insanları yaradan o Ulu Tanrıdırsa, nə üçün Mahmud müsəlman, Məryəm xristian dininin ayrılığının qurbanı olmalıdır. Nə üçün insanlar bu dinlərin müsbət mə'nəvi dəyərlərini görmürlər, özləri istədikləri kimi düşünürlər və öz istəklərini həyata keçirmək üçün bundan sui-istifadə etməlidirlər. Axı bu dinlərin dəyərli tərəfləri insanlığa xidmət üzərində qurulub. İnsanları ancaq yaxşılıq etməyə, bir-birinin qayğısına qalmağa, tək olan bir Allahın qoyduğu ədalətli qanunlara əməl etməyə çağırır. Şəxsi istək-arzular nə üçün bu gözəl dəyərləri üstələməli və ancaq tək-tək adamların mənafeyinə xidmət etməlidir? Yazıçının qəhrəmanı öz suallarına cavab axtarır. Çəkdiyi əzab-əziyyətlərin, məşəqqətlərin günahkarını gəzir: "Ey müsəlman Allahı! Ey Məhəmməd peyğəmbər! Əgər siz varsınızsa, əgər siz haqsınızsa mənə kömək edin! Kömək edin mənə! Mən xaçpərəstəm, amma mən də axı insanam və mən hər hansı bir xaçpərəst kimi, hər hansı bir müsəlmanın da burnunu qanatmağını istəmirəm. Əgər sən istəmirdin ki, Mahmudla biz bir yerdə olaq, onda bəs niyə Mahmudun ürəyində mənim üçün yer ayırdın. Ey İsa, ey Müqəddəs ana! Ey Allah! Axı siz hər şeyi bilirsiniz, siz hər şeyi görürsünüz, axı siz qadirsiniz! Bəs nə üçün siz mənim ürəyimi Mahmudun məhəbbəti ilə alışdırmısınız... Əgər siz bilirdinizsə Mahmud mənim olmayacaq və bu məhəbbət, bu istək bu qədər təhqirlərə dözəcək, bu qədər işgəncə görəcək, mənim atama bu qədər iztirablar gətirəcək, onda nə üçün bəndənizin ürəyini bu məhəbbətə düçar etdiniz?"
Əslində burada günahı insanlar öz içərsində axtarmalıdırlar. İnsan öz şəxsi istəklərindən kənar olsa dinlərdəki ancaq xeyirxahlıqdan bəhrələnər. Əgər belə olarsa mənsub olduğu dinin dəyərli, hikmətli ideyaları ilə köklənər və görər ki, bütün dinlərdə ancaq və ancaq yaxşılıq təbliğ olunur, pisliklərlə yaşayanların aqibəti göstərilir. İki sevən qəlbi bir-birindən ayıran Baba Keşiş qızını götürüb qaçarkən öz hərəkətində günahını görmür, dininə səadətini nümayiş etdirən bu insanın yollarda çəkdiyi o əzabların, məşəqqətli günlərin əvəzinin çıxılacağına, Müqəddəs Evdə özünə mərhəmət olunacağına böyük ümidlər bəsləsə də, etdiyi günahlarının yuyulacağına əmin olsa da, əslində tamamilə başqa bir mənzərə ilə rastlaşır. Müqəddəs evdə etdiyi işlərinə görə axmaq, kor kimi qiymətləndirilir. Doğrudan da, Baba Keşiş Müqəddəs Qocanın dediyi kimi kor idi. İnsan gözəlliyi, dünya gözəlliyi qarşısında ancaq özünü və mənsub olduğu dininə sədaqəti müqabilində xoşbəxtliyə çatacağına inam bəsləyən Baba Keşiş doğma övladına qarşı etdiyi cinayəti görmür. Allah yaratdığı insana ancaq bu dünyada yaxşı, xeyirxah əməllər arzulayırsa, insanları sevməyə, onların yaxşı arzularının həyata keçirilməsi naminə özünün müqəddəs qüvvələrindən istifadə edirsə, zaman-zaman onları insanların arasına göndərirsə və insanları pis əməllərdən uzaqlaşmağa çağırırsa, dünyaya yaşamaq, yaratmaq, yaxşılıq etmək, dünya ne'mətlərindən həzz almağa çağırırsa, onda Baba Keşiş Mahmudla Məryəm arasındakı sevgidə bir qəbahət görməməliydi. Əksinə, iki insanı xoşbəxt etmiş olsaydı Allah yanında da, onun göndərdiyi din-iman yanında da mərhəmət qazanardı. Axmaq, rəzil, kor adlandırılaraq müqəddəs evdən də qovulmazdı. Deməli, şər insanların öz içindədir, onu Allahda axtarmaq özü korluqdur. Bir qarışqanı yaratmaq qüdrəti verilməyən insana dağıtmaq, milyonlarla insanı məhv etmək qadağandır. Bunu insan özü başa düşməlidir. İnsan öz əməllərinin günahını çəkir. Ona öz hərəkətlərinə nəzarət etmək üçün ağıl, düşüncə verilmişdir və bununla o çox şeylər əldə edə bilər. İnsan ağlı, zəkası, xariqələr yaratmağa qadirdisə, öz tamahını, öz sinəsində gəzdirdiyi paxıllıq, pislik hisslərini də məhv etməyi bacarmalıdır. Özünə arzuladığı geniş, səadət və xoşbəxtlik dolu həyatı insanlıq naminə öz insanlarına arzulamalıdır. Bir ovuc insanların eyş-işrət içərsində yaşamasında, var-dövlət içərsində üzməsində, milyonlarla ac-yalavac insanların bir gözü tox, bir gözü ac dövran sürməsinin səbəbini insanlar özləri arasında axtarmalı, hər kəs öz günahını görməli, pis əməllərdən çəkinməli, haqq-ədalət naminə şəxsi arzu və istəkləri naminə yox, Allahın göstərdiyi ədalətli yolla hərəkət etməlidir. Baba keşiş Müqəddəs Qocanın dediklərindəki həqiqəti duyur, bununla belə öz əməllərindəki günahı görmür, özünü mənsub olduğu dinin təmizliyini qoruduğunu, əslində isə Məryəmin körpəlikdən itirdiyi anasının istəyi kimi özünün içərsində yaşatdığı fikirlərini həyata keçirmək arzusu onu öz quluna çevirir. Müqəddəs Qocanın sözlərindəki həqiqəti görməyən Baba Keşişi doğurdan da, öz əməlləri ilə minlərlə insanların sevincinə, səadətinə zəhər qatan kor, şikəst, insani hisslərdən uzaq bir məxluqdur:
"Müqəddəs Qoca bayaqki zənlə Baba Keşişə baxırdı.
Baba Keşiş soruşdu:
- Nə demək istəyirsən ata?
Müqəddəs Qoca zənlə baxan gözlərini qıyıb dedi:
- Görürsən o darvaza sənin üzünə açılır. Amma gərək açılmayaydı.
- Nə üçün ata?
- Sən iki haqq aşığını bir-birindən ayırırsan.
Müqəddəs Qoca əllərini uzadıb uzun barmaqları ilə Müqəddəs Evin darvazalarını göstərdi.
- Elə bilirsən onlar kiməsə xoşbəxtlik gətirib.
Baba Keşiş dedi:
- Mən xoşbəxtlik axtarmıram ata, amma təmizlik istəyirəm.
- Təmizlik, paklıq istəyirsən? Axı sən korsan! Sən təmizliyi, paklığı necə görə bilərsən?
- Mən səni görürüəm, ata.
- Yazıq insan, miskin insan! -Müqəddəs Qoca yaşına yaraşmayan bir cəldliklə ayağa sıçradı.- Ömrünü hədər keçirmiş axmaq bir qocanın simasında təmizlik görürsən, görmürsən, bu meşələri, bu günəşi görmürsən! Zavallı insan! Təbiət sənə iki göz verib, amma sən kor yaşayırsan və kor da öləcəksən!"
Mifologiyada Davud, Süleyman peyğəmbərlə bağlı çoxlu dini roəvayətlər vardır. Elçin bu peyğəmbərlərlə bağlı bə'zi əfsanə və rəvayətləri xatırlamaqla yaratdığı obrazın demək istədiyi fikrin, daha tə'sirli və qüvvətli ifadə olunmasına çalışmışdır. Sofi lələ ocağın gözündə isinə-isinə yaxınlıqdakı çayın şırıltısına qulaq asır. Zülmət gecədə bu çayın şırıltısından başqa bir səs eşidilmir. Birdən həmin şırıltıyla yanaşı, lap uzaqdan oxunan muğamın, oxuyan xanəndənin zəngulələri sofi Lələni heyrətə gətirir və "dalğa-dalğa bütün" burada yayılan səsin sahibini Davud peyğəmbərə bənzədir. Əfsanəyə görə yəhudi peyğəmbəri Davud gözəl səsə malik olub. İslam aləmində Məhəmməd peyğəmbərdən əvvəlki aləmdə peyğəmbərlərdən biri olan Davud peyğəmbər həm də heyvanların dilini bilən Süleyman peyğəmbərin atasıdır. Qədim dünya xalqlarının mifologiyasında yaşayan bu obrazlarla bağlı əfsanə və rəvayətlər yaranmışdır və Azərbaycan şifahi xalq ədəbiyyatında da belə əfsanələr vardır və Elçin xalq yaradıcılığından süzülüb gələn bu əfsanələri əsərə daxil etməklə bir yandan xalq ədəbiyyatına bağlılığını, bir yandan isə sənət aləmində qüvvətli yaradıcılıq imkanlarına malik olduğunu sübut etmiş olur. "Baba Keşiş deyirdi ki, bütün heyvanların öz dili var və Davud peyğəmbərin oğlu Süleyman heyvanların dilini bilirmiş, amma Baba Keşişin heç ağlına gələ bilməzdi ki, gün gələcək və Məryəm də heyvanların dilini başa düşəcək."
Əfsanələrdə Süleyman peyğəmbərlə bağlı müxtəlif rəvayətlər vardır və bunların hamısında biz Süleyman peyğəmbərin quşların, heyvanların dilini bildiyinin şahidi oluruq. "Süleyman peyğəmbər və Hüt-hüt" əfsanəsində belə söyləyirlər ki, Süleyman bütün quşların dilini bilirmiş və onun sarayında bütün quşlardan olarmış və hər quşun özünəməxsus yeri varmış. Günlərin bir günü Süleyman peyğəmbər bütün quşları nəzərdən keçirir görür ki, hüt-hüt quşunun yeri boşdur. Onun izin almadan getməsi onu bərk əsəbləşdirir. And içir ki, hüt-hüt qayıdanda ona ağır cəza versin.
Bir qədərdən sonra hüt-hüt qayıdır. Süleyman onun harada olduğunu soruşanda hüt-hüt cavab verir ki, Səba şəhərinə uçmuş və orada bir səltənət tapmışdır. Həmin səltənətin padşahı Bülqeys adlı gözəl bir qadındır. Camaatı da Günəşə sitayiş edir.
Süleyman peyğəmbər doğru danışdığına görə hüt-hütün günahından keçir. Sonra Bülqeys xanıma məktub göndərib günəşə sitayiş etməkdən əl çəkməsini və onun dinini qəbul etməsini istəyir. Bülqeys bu təklifi qəbul edib Süleyman peyğəmbər ilə evlənir.
Elçin Süleyman peyğəmbər və onun arvadı Bülqeyslə bağlı əfsanələrdən, ağıllı Bülqeys haqqında eşitdiyi rəvayətlərdən öz əsərlərində surətlərin daxili əhval-ruhiyəsini açmaq, yaratdığı müsbət obrazların daha mükəmməl obrazlar kimi təqdim etmək üçün yararlanır və bu da yaratdığı sənət əsərlərinin bədii dəyərini artırmış olur. "Qəmərbanu çox fikirləşdi və nəhayət Mirzə Salmandan xahiş etdi ki, gedib keşiş gilə yaxın olan savadlı xaçpərəstlərdən keşişin qızı barədə bir mə'lumat gətirsin. Bir müddətdən sonra Salman geri qayıtdı və uzun saqqalının nazik ucunu sol əlinin şəhadət barmağına dolaya-dolaya:
-Bilqeys kimi ağıllı qızdır-dedi."
Qəmərbanu oğlu Mahmudun keşişin qızı Məryəmə vurulduğunu eşitdikdə dərin narahatçılıq keçirir. O qızın kim olduğunu bilmək üçün Mirzə Salman kimi ağıllı bir insanı göndərib qız barəsində mə'lumat gətirməsinni tövsiyə edir. Mirzə Salman da Məryəmi ağıl və fərasətdə Süleyman padşahın sevimlisi Bülqeysə bənzədir. Xalq ədəbiyyatından gəlmə bu obrazla qəhrəmanın qarşılaşdırılması, bu bənzədilmə Məryəmin yüksək keyfiyyətlərinin daha qabarıq şəkildə verilməsinə imkan yaradır. Hüt-hüt quşu da Süleyman peyğəmbərə Bülqeys kimi ağıllı və qabiliyyətli bir qızın məmləkətindən xəbər gətirmiş və onların bir-birinə qovuşmasında mühüm rol oynamışdır. Əfsanə və rəvayətlərimizdə Bülqeys ağlı ilə hamını heyrətdə qoymuş və Süleyman peyğəmbərin ən yaxın sirdaşı olmuş və əfsanələrimizdə bu gün də ağıllı bir qadın obrazı kimi yaşayır. Elçinin Məryəm obrazı da ağılda ona bərabər tutulur. Məryəm oxucu qarşısında sadəlövh bir qız yox, həm sevgidə sədaqətli, həm də ağılda, kamalda Bülqeys kimi dərrakə sahibidir.
Adətən, böyük sənətkarlarımızın yazılı ədəbiyyata gətirdiyi xalq ədəbiyyatındakı süjet və obrazlarda reallıq əsas götürülür. Şifahi xalq ədəbiyyatının bir sıra özünəməxsus keyfiyyətləri vardır. Belə ki, nağıl və dastanlarımızda sehrli qüvvələr iştirak edir, qəhrəmanın çətin anlarında köməyinə çatır, qəhrəman bəzən dəhşətli, əcaib qüvvələrlə rastlaşır, dara düşəndə müqəddəs qüvvələr (Xızır İlyas, Cəbrayıl) köməyinə yetir. Realist əsərlərdə isə belə qüvvələrin köməyi ancaq arzu olunurdu. Yazılı ədəbiyyat nümunələrində qəhrəman çətinə düşəndə ilahi bir köməyi ancaq arzulayır, nağıl və dastanlarda eşitdiyi qəhrəmanları ölümün pəncəsindən qurtaran o qüvvələrin köməyinə yetişməsini istəyir və sehrli, e'cazkar qüvvələrin varlığı və onların həqiqətən mövcud olmasına inam isə realist əsərlərdə öz əksini tapmırdı. Realist sənət əsərlərində insanlar qeyri-real qüvvələrə, ilahi mö'cüzələrə rast gələ bilmir, hər hansı bir yazıçı bu mövzuda əsərlər yazarkən bu reallığı öz sənət əsərlərində bir qanun kimi gözləyir. Bu dar çərçivədən çıxıb qeyri bir qüvvənin onun köməyinə yetəcəyinə bel bağlamır. O, yalnız öz gücü, imkanı daxilində, real həyati qüvvələrin köməyi sayəsində nə isə əldə etməyə çalışır. Hadisələrin açılmasında ancaq həmin həyat hadisələrinin imkan və gerçəklərini bədii surətdə işləyir.
Elçin Əfəndiyev isə belə elə bir "reallığı", yaratdığı əsərlər üçün mövcud olan "qanunauyğunluqları gözləmir", qəhrəmanlarının daxili əhval-ruhiyəsinə uyğun olaraq hadisələri təsvir edir və bu hadisələrdə həm real, həm də həqiqətdə inana bilməyəcəyimiz mövzular da öz əksini tapırsa da, bu əsərin mə'nəvi dəyərinə xələl gətirmir, əksinə onun bədii tə'sir gücünü artırır, qüdrət və qüvvət sahiblərinə inamımızı artırmaqla yanaşı onları real yaşayışımıza, həyatımıza daxil edir və oxucu gördüyü haqsızlıqların, törədilən cinayətlərin haqq-ədalət naminə yerdə qalmayacağına inamını itirmir.
Baba Keşiş qızı Məryəmin Mahmuda aşiq olduğunu bildikdə gecə ilə ailəsini götürüb kənddən çıxır və Məryəmin sevimli Ağ keçisini - Mahmudla Məryəmin sevgi macərasının şahidi olan Ağ keçisini başsız qalmış həyətə yığışan "cın dırlarından cin ürkən" dilənçilər kəsib kababa çevirirlər. Gördüyü yuxunun təsiri altında Mahmud Məryəm gilə gəlir, dəhşətə gəlir, Ağ Keçinin kəsilmiş başını görür, sinəsində fəryad qoparır. Daməngir İsrail və onun ətrafındakılar bu Ağ Keçinin Mahmudun sevgisindən yeganə şahid qaldığından xəbərsizdirlər. Mahmud onun da bu səfil dilənçilər tərəfindən kəsildiyini gördükdə və Daməngir İsrail keçinin dilini çıxarıb kabab edəcəyini "dil kababının başqa aləm" olduğunu söylədikdə və vəhşicəsinə sevgilisinin yadigarı Ağ Keçinin "ənglərini güc verib qanırmağı başladı"qda sinəsindən bir fəryad qopdu və bu fəryaddan qırx altı illik ömrü boyu az fəryadlar eşitməmiş Sofinin belə tükləri biz-biz oldu; bu fəryad hətta Daməngir İsrailə də tə'sir etdi və onu mat qoydu:
"Sofi!.. Sofi!..
Mahmud başqa bir söz tapa bilmirdi və Mahmudun tərləyib bədəninə yapışmış ağ köynəyi yavaş-yavaş qızarmağa başladı və Sofi dəhşət içində başa düşdü ki, Mahmud qan tərləyir, bədənindən su əvəzinə qan çıxır" və o qan tər içində dəhşətli səhnəni görməmək üçün baş götürüb qaçır və elə bil Ağ keçinin ətinin kababının iyi "Mahmudun qıpqırmızı qızarıb bədəninə yapışmış gecə köynəyinin içinə dolmuşdu, bədəninə hopmuşdu" .
Qanlı tər, qanlı göz yaşları xalq ədəbiyyatında işlənən ifadələrdir və bununla əlaqədar olaraq bir sıra rəvayətlər, əfsanələr folklorumuzda yaşayır.
Daməngər İsrail və onun dostları gördüyü bu dəhşətli mənzərəni tez unudur və yenidən kefə başları qarışır. Mahmudun qarasınca "Axmaq oğlu, axmaq" deyərək onu söyüb belə bir ləzzətli təamdan imtina etməsini ancaq axmaq adamların işi kimi qəbul etməsini gördükdə yazıçı folklordangəlmə qeyri-adi bir mö'cüzəylə, onları daha bir dəhşətli səhnəylə qarşılaşdırır:
"Daməngir İsrail Ağ keçinin ağzını tamam qanırıb dilini özü yemək istədi və bu vaxt bütün Gəncə camatının heyrətinə səbəb olan hadisə baş verdi. Daməngir İsrailin əlləri sözünə baxmadı.
Daməngir İsrailin hər iki əli dirsəkdən aşağı qurumuşdu. Ocağın başında oturan dilənçi dostları qalxıb Ağ Keçinin başını Daməngir İsrailin qupquru quruyub tərpənməyən barmaqları arasından güclə çəkib çıxartdılar" .
Daməngir İsrail işlətdiyi günahının cəzasını Allah tərəfindən aldı. Onun qolu təkcə qurumaqla qalmadı; dilənçilərin, evsiz-eşiksizlərin gözünün odunu almış "İsrail elə bir rəzil günə qaldı ki, o, dilənçilərin ən əfəlinə çevrildi və onu öz zalımlığına görə allah elə bir günə qoydu ki, "O Keçi İsrail ləqəbi aldı, çünki İsrail durduğu yerdə birdən-birə keçi kimi mələməyə başladı, bazar başına çıxan küçələrdən birinin tinində oturub keçi kimi mələyə-mələyə dilənirdi və gəlib keçənlərin onun qabağına tulladığı mis pulları da pusquda durmuş uşaqlar gəlib qapıb qaçırdılar; bir qış gecəsi Keçi İsrail axşamdan səhərə kimi mələdi və öldü" .
Yazıçının işlədiyi bu səhnə o qədər real boyalarla verilir ki, onun qeyri-reallığı unudulur. Oxucu hadisələrin qeyri-reallığına fikir vermir, "haqq aşiqlərinə zülm eyləyənlərin cəzasını Allah verər" kəlamına inamımızı yönəldir. Əsərin bədii tə'sir gücünü artıran bu epizodun arxasında başqa bir məsələ durur ki, bu da folklordan bizə mə'lum olan, ən əski dünyagörüşümüzdə - mifologiyamızda yaşayan zoomorfik inamlardır.
Yazıçının qələmə aldığı Məryəmlə Mahmudun ilk görüşünün şahidi Ağ Keçidir. Bu dilsiz-ağızsız məsum heyvanda nağıllarımızda yaşayan bir qüvvə də var. Ağ Keçidə haqq aşiqlərinin bir-birinə bəslədiyi saf məhəbbəti duymaq, başa düşmək hissi güclüdür; "başqa adamlardan hürkən, Ağ Keçi başını aşağı salıb düz Mahmudun üstünə gəldi. Mahmud əlini uzadıb, Ağ Keçinin buynuzlarını tumarladdı. Ağ Keçi hürkmədi... Ağ Keçi başını döndərib Məryəmə tərəf baxdı və mələdi. Ağ Keçi Məryəmi çağırırdı. Ağ Keçi qorxma deyirdi, yaxın gəl, deyirdi. Ağ Keçi Məryəmi bu dünyanın ona mə'lum olmayan gözəlliyinə çağırırdı. Məryəm gəlib Mahmudla üzbəüz dayandı. Ağ keçi başını aşağı salıb aralandı" .
Keçi obrazı bu əsərdə Məhəbbət-iki sevən gəncin tale qovuşdurucusudur. Məryəm Ağ Keçinin dalınca qaça-qaça bu düzənliklərə gəlir və o, bu iki gəncin ilk tanışlığının şahidi olmaqla yanaşı, bu iki insanın bir-biri üçün yarandığını duyan və onları qovuşdurmağa can atan qüvvədir.
Yazıçı burada Ağ Keçinin obrazını yaratmaqla bizi əski inamlarımıza qaytarır. Keçi əski təfəkkürümüzün qaynaqlarında zoomorfik onqondur.
Keçinin ağ rəngdə olması əski dual təfəkkürün məhsuludur. Yazaçı burada Ağ Keçi obrazanı yaradır. Bu obraz bizə ən qədim mifologiyamızdan mə'lumdur. "Ağ rəngin bir çox xalqlarda matəm rəngi, bəlgəsi olduğu mə'lumdur. Qırğızlar, qazaxlar fədai ölərkən ağ bayraq asırlar, altaylılarda da ağ rəng matəm bəlgəsidir". Son zamanlara qədər Azərbaycanın bir çox bölgələrində yaslı adamlar ağ rəngli paltar geyinərmişlər.
Görkəmli tədqiqatçı M.Seyidov ağ rənglə bağlı mifoloji araşdırmalar apardıqdan sonra belə bir qənaətə gəlmişdir ki, ağ rəng əski dünyamızın yaradılış və kosmoqofik anlayışları ilə səsləşir. "Ağ doğruluğu, ədaləti, xeyri" təmsil etmiş əski türk xalqlarında "ucalıq" rəmzi kimi də işlənilmişdir.
Deyildiyi kimi, ağ-yaxşı, xeyir yer üzünün tanrısı Ülkenin timsalıdır. Ağ rəngin Tanrıya aid olması və bütün bu ağ rənglə bağlı bə'zi əski görüşlərdən irəli gələn Ağ keçi obrazı yaxşılıq, xeyirxahlıq rəmzidir. O, Mahmudla Məryəmin səadətin, xoşbəxtliyini istəyir. Eyni zamanda o Məryəmin ən sevimli dostudur. Eyni zamanda günahsız Mahmudla Məryəmin saf məhəbbətini gözlərindən oxumağı bacaran bir qüvvədir. Bu keçi iki gənci bir-birinə qovuşdurmağa can atan, onların ürəklərindən keçəni duyan və mələrtisi ilə göylərdən kömək diləyəndir. "Ağ keçi başını aşağı salıb bir az qabaqda gedirdi və birdən Ağ keçi dayandı, öküb altdan-yuxarı Məryəmlə Mahmuda baxdı, sonra başını yüxarı qaldırıb mələdi və Məryəmə elə gəldi ki, Ağ keçi onun dili ilə göylərdən sərinlik istədi. Necə oldu ki, boz buludlar topa-topa bu cür birdən-birə bir yerə toplandı. Göy guruldadı, şimşək çaxdı və həmin yay günü o kəhrəba sarılı düzənliyin sakitliyinə, genişliyinə, sərin yağış yağmağa başladı. Məryəmlə Mahmud bir də Ağ keçi yağışın altında tamamilə islandılar ".
Keçi həm də "bir çox əski xalqlarda, eləcə də türk xalqlarında yazın, artımın" "bəlgəsidir" eləcə də evlənməni, insan boyunun artmasını təcəssüm etdirir:
Yazıçı yaratdığı Keçi obrazıyla əski dünyamızın qaynaqlarından bəhrələnmiş, qəhrəmanların daxili əhval-ruhiyəsini, hadisələri bu obrazın köməyi ilə verməklə əsərin bədiiliyini, emosionallığını artırmışdır.
Elçin bir çox qüdrətli - ilahi qüvvəylə bağlı obrazlardan, onlarla bağlı əfsanəvi motivlərdən əsərini bədii təsir qüvvəsini artırmaq üçün istifadə etmişdir. Onun Mahmud və Məryəmi bu qüvvələr aləmiylə təmasda olur. Məryəm Süleyman peyğəmbər kimi heyvanların dilini qanan, onunla ünsiyyətdə olan qeyri-adi insan, Bilqeys kimi ağıllı qadın, Mahmud Musa peyğəmbər kimi nur ziyalı insandır.
Ağ Keçi yüksəkliyin, ucalığın, insan məhəbbətinin simvolik obrazıdır, bu iki gəncin saf eşqinin Allah tərəfindən də uca tutulduğuna işarədir. Belə bir müqəddəs varlığa qıyan əlləri Tanrı qurutmalıydı. Qolunun gücü ilə gücsüzlər önündə lovğalananı zəlil-şikəst qoymalıydı və Daməngir İsrail törətdiyi günahların güdazına getməliydi, Onların bir-birinə qovuşmasına maneçilik törədən şəxsi fikir və arzularının əsiri olanlar öz əməllərində qüsurları görmürlər. Tanrı yaratdığı bəndəsinin tanrısıdır. O, yer üzündə hansı dinə mənsub olmasından asılı olmayaraq yaratdığı bütün bəndələrin yaradıcısıdır. Tanrı istəkli Ağ Keçi onları bir - biriylə yaxınlaşdırır. Bu iki gəncin birləşməsinə mane olan Qara Keşişi məzəmət edən Müqəddəs Qoca da onun günah iş tutduğunu, Allah qarşısında günah sahibi olduğunu söyləyir. Müqəddəs Evin qarşısında Müqəddəs Qoca deyir: "Görürsən o darvaza sənin üzünə açılır. Amma gərək açılmayaydı.... Sən iki haqq aşiqini bir-birindən ayırırsan". Bu sözlərdən, ibrətamiz kəlmələrdən dərs götürməyən Qara Keşiş içində yaşatdığı arzularına çatmaq üçün Müqəddəs Evə girir, o tilsimli paltarı götürür və başa düşmür ki, sitayiş etdiyi dini də, onun övladı Məryəmi də, Mahmudu da bir olan Allah yaratmışdır və onların tale yazısını da o Allah yazmışdı və Müqəddəs Qoca da Tanrının demək istədiyini ona demişdisə də, "Təbiət sənə iki göz verib, amma sən kor yaşayırsan və kor da öləcəksən!" sözündən də nəticə çıxarmır. Müqəddəs Qoca onu Müqəddəs Evdən çıxandan sonra lənətləsə də Keşişin qəlbindəki şeytani hisslər onu iki günahsız aşiqin qatilinə çevirir. Mahmudla Məryəmin dəhşətli faciəsinə dözməyən Keşiş o səhnəni görməmək üçün etdiyi günahlardan baş götürüb qaçarkən dəhşətli bir qorxu keçirir.
Əsərdə Nuhun tufanının xatırlanması və qəhrəmanını düşdüyü vəziyyətin həmin tufana bənzədilməsi həm hadisələrin daha tə'sirli verilməsinə xidmət edir, həm də əfsanəvi qəhrəmanların xatırlanması əsərin bədii keyfiyyətini artırmış olur. Dünyanın məhv olacağı xəbərini alan Nuh peyğəmbər bütün canlıların hərəsindən bir nümunə götürüb gəmiyə minəndən sonra dəhşətli tufan qopmuş, bütün dünyanı su basmış və deyilənə görə Tanrısını tanımayanların hamısı məhv olmuşdu. Mahmudla Sofi çölün düzündə yağışa düşürlər. Bu iki günahsız insan daldalanmağa bir yer tapmırdılar və yağış onları tamamilə islatmışdı və "Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına düşmüşük". O dəhşətli səhnənin Nuhun tufanına bənzədilməsi əsərin bədii təsir gücünün artırılmasına xidmət edir.
Ziyad xanın Yaquba oxşadılması folklordan gəlmə bu ideyaların yazılı ədəbiyyatla qaynayıb-qarışması və bu oxşarlıq, bənzətmə əsərin bədii tə'sirini artırır. Ziyad xanın daxili sarsıntılarını, hicran və iztirablarını daha qabarıq şəkildə verilməsinə xidmət edir.
Elçinin qəhrəmanı Mahmudun düşüncələrində millilikdən çox beynəlmilləçiliyə münasibət güclüdür. Onun fəlsəfi düşüncələri həmsöhbət olduğu insanlarla münasibətdə ortalığa çıxır. "Bütün insanlar bir bədənin üzvləridir"-Sədinin "Gülüstan"ından gətirilən bu bir kəlmənin əleyhinə çıxan Süleyman paşanın düşüncələrində bir yeknəsənlik görən Mahmud zəmanəsinə görə haqsız idi. Çünki aclığa, səfalətə məhkum edilmiş bu xalqın çəkdiyi əzablarda günahkar məhz dili bir, dini bir millətlərin arasındakı daxili çəkişmələr yaradan dövlət başçıları idi. Milli mənəvi dəyərlər tapdalanırdı. Xalqı bu fəlakətdən qurtarmağın yegənə yolu türk dünyasının birləşməsində idi. Əsərdə Süleyman paşa öz fikir və ideyalarında türk dünyasının birliyində israrlı idi və bunu ancaq qılınc gücünə həlli olduğunu bildirirdi. Süleyman paşa dünyada öz millətindən, mənsub olduğu türk dünyasından başqa heç nə düşünmürdü. O ancaq yaşadığı zamanda türk dünyasının birliyini arzulayırdı. Vahid türk dövlətini yaratmaqla xalqını, millətini dünyanın şərindən xilas edəcəyiən əmin idi: "Süleyman paşanın bütün fikri-zikri, əməli və amalı yer üzündəki türkləri birləşdirmək və Böyük Türk dövləti yaratmaq idi. Yatanda da yuxuda bunu görürdü. Süleyman paşa qonşu hökmdarlarla danışıqlar aparanda da, əyninə dilənçi paltarı geyib idarə etdiyi Ərzurum torpağını qarış-qarış gəzəndə də, döyüş meydanında da bu məqsədi güdürdü və əslində bu məqsəd, amal naminə də yaşayırdı" .
Mahmud isə düşüncələrində tamamilə başqa idi. O istəmirdi ki, "bütün başqa xalqlar bizə "bəli-bəli" desinlər. Süleyman paşa yaşadığı dövr üçün Mahmudun ağlının, savadının heç bir rol oynaya bilməyəcəyini düşünürdü və onun nəzərində "zavallı idi, aciz idi, yazıq idi" və Mahmuddan törəyəcək "oğul da aciz olacaqdı, elini, torpağını, xalqının əlində tutduğu qılıncla qaldıra bilməyəcəkdi, yüksəldə bilməyəcəkdi və ağıl onun köməyinə gəlməyəcəkdi, ağıl yüz ildən, iki yüz ildən sonra lazım idi".
Amma onun sözlərindəki həqiqəti bir zamanlar Süleyman paşa bütün varlığı ilə duyacaq. O zaman ki, bütün ömrü at belində keçəcək, münaqişələr, tökülən nahaq qanlardan zinhara gələcək və nəhayət, kiçik bir döyüşdə xəyanət nəticəsində ölümcül yaralanacaq və o zaman gözlərindən, əməllərindən paklıq yağan Mahmud xatırlanacaq və sözlərindəki həqiqəti Süleyman paşa görəcək. Mahmudun "göy gözlərinin təbəssümü Süleymanın hədər getmiş ömründən danışacaq, nahaq axıdılmış qanlardan xəbər verəcək" və onda başa düşəcək ki. "gecdi daha, hər şey bitib".
Mahmud oxuduğu kitabların, gördüyü hadisələrin tə'siri altında bütün dünyada yaşayan insanların səadətindən, azadlığından yüksəkdə heç nəyin durmadığını fikirləşdiyi halda Süleyman paşa dünyada öz millətindən yüksəkdə heç kimin durmadığını bildirir. Mahmud da, Süleyman da bir məmləkətin övladıdır. Biri qılınc gücünə arzularının həyata keçməsini istəyən, o birisi isə ağlın qüdrətiylə hərəkət etməyi yüksək tutan insandır. Mahmud fikirlərində daha haqlı idi. Əgər yer üzündə bütün insanlar Mahmud kimi düşünsəydi dünyada nə müharibə olardı nə də bu hisslərlə yaşayan insanlar. Dünyada bütün insanlar dünyaya bir gözlə baxar gəldiyi həyatın gözəlliklərindən istifadə etmək üçün vaxtını sərf edərdi. Nə qara qəlblilər olardı, nə bir-birinə düşmən insanlar, nə də milləti pis gündə yaşayan süleymanlar. İnsan əqli, zəkası, ziyası dünyanın bütün ziddiyyətlərini qılınc gücünə deyil, ağlın, dərrakənin gücüylə həll edərdi və dünyaya gələn insan gedərkən Süleyman paşa kimi ömrünün sonlarında o cür aqibətin sahibi də olmazdı. Əgər yer üzündə yaşayan bütün millətlər içərsində Mahmud ürəkli, Mahmud qəlblilər daha çox olsa, onların dedikləri əsil həqiqəti hamı başa düşsə, doğru yolda olar və dünyaya gələn gedəndə də ömrünü mənasız yox, əsil insan kimi keçirə bilmədiyinə təssüf etməzdi. Süleyman paşa bunları duymur. O insani duyğularını, Xacə Nəsirəddin Tusiinin insani xeyirxahlıq ideyalarını "yalançı insanpərvərlik", "yalançı xeyirxahlıq" adlandıraraq rədd edir.
Mahmudda öz söykökündə duran mifik obrazlara bir yaxınlıq vardır. Əski mifoloji görüşləri özündə əks etdirən Oğuz kağan dünyada yeganə bir dövlət yaratmaq istəyən obrazdır. O təktanrıçılıq ideyalarını özündə birləşdirir. O, elə bir dövlət yaratmışdır ki, onun idarəçiliyində güc, zor, hiylə, yalan yoxdur. Onun düzlüyə, ədalətə əsaslanmış dövlətində cəmiyyət bərabər yaşayır. Xalq öz istək və arzularında belə bir dövləti arzulayır və ən qədim dövrlərdən belə bir istəyin arzusundadır. Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində azad və xoşbəxt yaşayan bir cəmiyyət var. Orada hamı bərabərdir. Bərabər işləyir, zəhmət çəkir, əldə edilən gəlir də onların arasında bərabər bölüşdürülür. Ən qədim miflərdə, əsatirlərdə öz əksini tapan azad və xoşbəx cəmiyyət arzusu, istəyi sonrakı dövrəlrdə də yaranan folklor nümunələrində öz əksini tapmışdır və bu da göstərir ki, ədalətsiz dünyanın ağrı-acılarını yaşayan insanlar hansı cəmiyyətdə, hansı zəmanədə yaşamasından asılı olmayaraq haqsızlıqları pisləmiş, haqqı -ədaləti, bərabərliyi, azadlığı arzulamışdır. Yaradılan böyük sənət əsərlərində, folklor nümunələrində bu müqəddəs hisslər yüksək tutulmuşdur. Elçinin yaratdığı Mahmud obrazı da bu paklığı, saflığı, insan səadətini hər şeydən üstün tutan obrazdır. O bütün yer üzündə yaşayan insanların bir bədənin üzvləri olduğu ideyasını qəbul edərək yaşadığı dövrün bütün insanlarını dünyanın dəhşətlərindən, əzablarından qurtulmaq üçün dilindən, dinindən asılı olmayaraq bir-birinin qayğısını çəkməyə, birliyə səsləyir.
Mahmud da dünya malına gözucu belə baxmayan, fikirləri kimi içi də pak və saf bir insan idi. Yer üzünün əşrəfi olan bütün insanlara bir gözlə baxırdı, kimsənin qanının tökülməsini istəmirdi. Çaldıran düzündə gördüyü dəhşətli səhnədən sarsılan kamil düşüncə sahibi Mahmudun nəzərində yer üzündə yaşayan insanların hamısı bir müqəddəs amala insanlığa hörmət etməlidir. O bunu görmür və ona görə də zəmanəsinin əzablarından içi göynəyir və bu göynərtilər onun Qoca ilə söhbətində daha təsirli bir dillə verilir: "Mahmud qocanın əlindəki bağlamaya işarə etdi:
-Bu nədi belə?
-Dörd kitabdı.
Sən kimsən?
-Musayam, Davudam, İsayaym, Məhəmmədəm.
-Allahsan?"
Mahmudun qarşılaşdığı bu qocanı Allaha bərabər tutması hər dörd müqəddəs kitabın (Musa peyğəmbərin kitabı "Tövrat"ı, Davud peyğəmbərin kitabı "Zəbur"u, İsa peyğəmbərin kitabı "İncil"i, Məhəmməd peyğəmbərin kitabı "Qur'an"ı) bir olan Allah tərəfindən insanlara göndərildiyinə işarədir. İnsanları paklığa, saflığa çağıran, dinclik, xoşbəxtlik üçün Allah tərəfindən nazil olunan bu müqəddəsliklərdən öz şəxsi mənafelərini həyata keçirmək üçün istifadə edənlərin Şeytani əməlləri zəmanənin düşünən, ağıllı Mahmud kimi insanlarını dərd içində boğur. Bu qoca da zəmanənin dərdləri içində göynəyən, Allahın müqəddəs dinlərinə bir gözlə baxan adamdır:
"- Yox, -dedi,- Adamam, Sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm...
Mahmud:
-Bəs... bəs dərd əlindən necə çatlamır sinən? - soruşdu".
Mahmud yalnız sevgi yolunda deyil, insanların başına gələn faciələrdən də əzab çəkirdi. Dünyaya yaşamaq üçün gələn insanların dünyanın gözəlliklərindən həzz almaması, bir qarış torpaq, bir kisə qızıl üstündə bir-birinin qanını tökməsi, ölkələri xarabazara çevirməsi, insan kəllələrindən ehram düzəltməsi dəhşətə salırdı.
Mahmud yaşadığı cəmiyyətin ədalətsizlikləri, eybəcərlikləri içərsində, aclıq və səfalət içərsində qalıb, dərddən-bəladan bircə anlıq fikrini, duyğusunu qoruyub məhv olmamaq üçün insan faciəsinə belə gülən Camaatı görüb dəhşətə gəlir və "Özünü dünyanın ən tənha, ən kimsəsiz və ən yazıq adamı hiss etdi və burasını da hiss etdi ki, həmin ölü gecə sakitliyində için-için ağlayır" .
Zəmanəsinin bütün göynərtilərini yaşamağa məcbur olan Mahmud ölümə məhkum idi. O, nəinki təkcə bir Məryəm eşqinə dərd çəkirdi, o həm də ətrafında gördüyü müdhiş eybəcərliklərin qurbanı olan insan deyilən məxluqatın da halına acıyıb göz yaşı tökürdü. Onu heç kim anlamırdı, o özü dünyanın ən bədbəxt insanıydı ki, kamil düşüncə sahibi idi, qaranlıqlar içərsində parlayan bir ulduz idi. O da insan idi, ömrü boyu bir toyuğun belə başının kəsilməsinə dözməyən, bir insanın belə xətrinə dəyməyən, kimsəyə xətər yetirməyən Mahmudun dünyada tək qaldığını duyduqda, baş verən hadisələrin, dərdin əlacını tapa bilmədikdə ətrafında gördüyü ədalətsizliklərin tüğyan etdiyini gördükdə bütün gücünü, qəzəbini öz yaradanına, Allahına qarşı çevirir. Və bütün kini, qəzəbi ilə boğduğu bir topa buludun da canı olduğunu duyduqda " Mahmudun əlləri boşaldı, Mahmud tamam gücsüzlədi".
Yazıçının yaratdığı obrazlar din, millət, insanlıq haqqında fikirlərində ziddiyyətli mövqe tutsalar da burada bir həqiqət var ki, heç biri insanın səfalət, dərd içində yaşamasını istəmir. Mahmud öz insanı keyfiyyətlərinə, dünyagörüşünə, əqil və zəka üstünlüyünə görə zəmanəsinin insanlarından fərqli idi. O dövrünün, zamanın adamı deyildi.
"Əsli və Kərəm" dastanında əsas mövzu iki gəncin nakam məhəbbəti və bu məhəbbətin faciə ilə qurtarmasına gətirib çıxaran din ayrılığıdır. "Mahmud və Məryəm" əsərində bir çox tarixi hadisələr fövqündə Mahmudla Məryəmin məhəbbəti verilir. Hadisələr tam real şəkildə təsvir edilir. Baş verən hadisələr Qarabağ bəylərbəyliyində baş verir. Onun xanı Ziyad xandır və bu Qarabağ bəylərbəyliyi Kür ilə Araz arasında yerləşən və Səfəvi dövlətinin mühüm inzibati vahidlərindən biridir. Səfəvilər dövlətinin ən e'tibarlı şimal istehkamı hesab edilən Qarabağ bəylərbəyliyinin hakimi-mütləqi Ziyad xandır.
Buradakı hadisələr Türkiyə Sultanı Səlimlə Şah İsmayıl arasında mübarizənin kəskinləşdiyi dövrlərdə baş verir. Dastanın süjetinə daxil edilən bu real tarixi hadisələr əsəri dastanlardan uzaqlaşdırır.
Yazıçının əsərə gətirdiyi reallıqlardan biri Mahmudun səfər zamanı Çaldıran düzündən keçməsi və onun bura gəlişindən beş gün əvvəl bu Çaldıran düzündə Osmanlı hakimi 1 Sultan Səlimlə Səfəvilərin başçısı Şah İsmayıl arasında olan qanlı döyüş səhnəsinin dəhşətlərinin təsvir edilməsidir. Yazıçı Əsli-Kərəm məhəbbətinin süjeti ətrafında daha bir kamil, bitkin süjet qurur və bununla əsərinin bədiiliyini, obrazların bitkinliyini artırmış olur.
Yazıçı burada XU1 əsrin məhşur türk tarixçisi Lütfi paşanı söylədiklərinə əsasən Sultan Səlimlə Şah İsmayılın yeritdikləri siyasət nəticəsində baş verən acınacaqlı tarixi hadisələrə bir aydınlıq gətirir. Sultan Bəyazidlə Şah İsmayıl arasında bir vaxtlar mövcud olan "ata-oğul münasibətləri"ndən söhbət açılır, Sultan Səlimin yeritdiyi siyasət nəticəsində taxta çıxıb Osmanlı imperiyasının dayaqlarını laxladan Şah İsmayıl qüdrətini zəiflətmək üçün apardığı işlərdən, bunun müqabilində Şah İsmayılın yeritdiyi xarici siyasət məsələlərinə toxunulur, Şah İsmayılın kövrək şairlik iste'dadından, sənətinin qüdrətindən söhbət açır.
Çaldıran döyüşünün tarixi məqamlarının bütün təffərrüatını bədii boyalarla qələmə alan Elçinin "Mahmud Və Məryəm" əsərində vətəninə, xalqına, torpağına, onun şanlı tarixi keçmişinə bəslənən böyük bir məhəbbət vardır. Burada eyni zamanda insanların törətdikləri vəhşiliklər təsvir edilir. Çaldıran döyüşündə həlak olmuş döyüşçülərin başlarının kəsilib onlardan ehram düzəldilməsi, minlərlə günahsız insanların şər qüvvələrin əlində oyuncağa çevrilməsi, tökülən qanlar, ədalətsizliklə saf ürəkli Sofiylə Mahmudu dəhşətə salır. Hərə bir cürə ədalətsizliklərin qurbanı olur, ömrünü fəna keçirir. "Elə o zaman Çaldıran düzünün o qarğa-quzğun səsi içindən Mahmudun fəryadı eşidildi:
"- Sofi! Sofi! Beş qarış torpaq üstə? Bir kisə qızıl üstə? Uşaq olmayıbmı bunlar? Göyü, ayı, ulduzları görməyibmi bunlar? Şümür olub bir-birinin başını kəsirlər, allah buna niyə dözür, Sofi?" .
Mahmud gördüyü dəhşətli səhnənin önündə sarsılır. Yazıçı nın hümanist qəhrəmanı yer üzünün bəzəyi olan insanların başına gələn faciələrin önündə sarsılır. Mahmudun diliylə bu hadisələrə qiymət verilir, onun vasitəsiylə bir-birinin qanına susayan bu türk qardaşlarının bir ovuc torpaq, var-dövlət naminə gördükləri işlər, onların vəhşi əməlləri pislənilir. Sultan Səlimin yürüşündən xəbər tutan gecə ən yaxın adam kimi özünü Ziyad xana sevdirən Bayandur xan onu yatağında qətlə yetirir. Yazıçı onun kimi sərkərdələrin öz qüvvəsindən, bacarığından vətənin, xalqın gələcəyi naminə deyil, taxt-tac ələ keçirmək, hökmranlıq iddiasında olmaq üçün istifadə etməsini, əl atdığı əməlləri pisləyir və onun tökdüyü qanlara görə axırda öz cəzasını aldığını təsvir etməklə bir ideyanı müdafiə edir; tökülən nahaq qanlar yerdə qalmır. Hər kəs öz əməlinin cəzasını alır, əli özgə qanına batan xəbis qəlbli, xəbis istəkli insanların xoşbəxtliyi uzun sürmür, mütləq özü də o qan çanağında boğulmalıdır.
Ziyad xanın bir hökmdar kimi ədalətsiz hərəkətləri olmuş, taxtda oturmaq naminə çox qanlar tökmüşdü. Buna görə də zaman keçdikcə, yaşlaşdıqca öz əməllərinin ağrısını çəkir, oğlu Mahmudun qəmli taleyi, sarayda taxt-tac uğrunda qohumlarının çəkişmələri onu artıq özündən də bezdirmişdi, lakin o, belə bir faciəli ölümünü istəməsə də "Mənim canımı qurtardın" deməklə yazıçı onun bütün gərgin daxili aləmini oxucu qarşısında açılmasına nail olur. Lakin həmişə oğlu Mahmud qədər əzizləyib sevdiyi, yanında oturtduğu bir insandan gördüyü bu dəhşətli xəyanəti unutmamaq üçün imkan tapır ki, "əlini sinəsinə sürtsün və öz qanına bulaşmış iri pəncəsini Bayandur bəyin sifətinə yapışdırsın: "Bayandur bəy möhür kimi sifətinə yapışdırılmış bu isti qanın təmini ağzında hiss etdi və qoxusunu duydu" və ömrünün axırına kimi "baş kəsdirəndə də, adam öldürəndə də, döyüş meydanında da həmişə ağzında belə bir təm hiss edirdi-yad adam qanının təmini".
Bayandurun simasında hər cür yaxşılıqları unudub öz şəxsi mənafeyini güdən taxt-tac uğrunda çarpışan, nahaq qanlar tökən qüvvələr pislənir. Yazıçı Ziyad xanın başına gələn dəhşətli faciələri ümumiləşdirməklə, onun simasında çirkin siyasətlərin qurbanına çevrilən dövlət xadimlərinin acınacaqlı taleyini, vəhşi ehtiraslı qaniçənlərin törətdiyi faciələrin insanlığa vurduğu ağır yaraları, bu yaraların cəmiyyətin ümimi bir dərdinə çevrilməsini, onların taleyinə, məişətinə gətirdiyi faciələri açıb göstərir və onun səbəblərini insan məxluqatının özündə axtarır. Qəhrəmanın düşdüyü aləmin fanatizmi içərsində məhvə məhkumluğunu bir hökmü-fərman kimi verir. Mahmud belə cəmiyyətin içərsində öz xoşbəxtliyini tapa bilməzdi. O zamanəsinin adamı deyildi. O, qaranlıqlar içərsində nur saçan bir işıqdır və o, bu zülmət içərsində mütləq əriyib yox olmalıdır. Çünki onun həyata baxışıyla zəmanəsi arasında bir kəskin təzad vardı. O, bu dünyada, bu insanların içərsində hər şeyə ümidini itirmiş bir insandır. O, verdiyi suallara bu dünyada cavab tapa bilmir, gördüklərinin həllini tapa biləcəyinə ümidsizdir, o artıq hər şeyə qarşı bigənədir, onu bir iynə ucu qədər yaşamağa səsləyən ancaq sevdiyi saf, mə'sum Məryəmin məhəbbətidir. Ətrafında baş verən dəhşətlərin qarşısında qəlbi saf, eşqi saf Mahmud sarsılır, şərqdə geniş yayılmış "Ey müsəlmanlar bizim dərdimizin dərmanı yoxdur" kəlamını "boğazının damarları şişə-şişə" qışqırır, tökülən bu nahaq qanlar, insan başından düzəldilən bu ehramlar, bu ədalətsizliklərin qarşısını ala biləcək qüvvəni göylərdə axtarması artıq onun gücsüzlüyünün bariz nümunəsidir. Onun öz dünyasına qarşı çıxmaqdan savayı əlindən bir iş gəlmir."-Mehdi Sahibi -əzzaman nəyi gözləyir, niyə zühur etmir, niyə bu zülmətə dözür, bundan artıq bir müsibət olarmı, niyə gəlib dünyanı düzəltmir? Bəlkə yoxdu, olmayacaq Sahibi-əzzaman, Sofi, ona görə? Bəlkə düzəltmək olmaz bu dünyanı, Sofi, ona görə gəlmir."
Mahmud qarşılaşdığı belə çətin zamanlarda düşüncələrində fanatiklərə bənzəyir. Mahmud kimi çoxları Sahibi-əzzamanın gəlişini gözləyir. Və Ayazla Aysulunun başına gətirilən müsibətlərin kökü də bu fanatizmdən doğurdu. Onlar da bir zaman Sahibi-əzzmanın gələcəyini həsrətlə gözləyirdilər və elə fikirləşirdilər ki, o bunları xoşbəxtliyə çatdıracaq və hətta Havalı İbrahimin sözlərində həqiqət axtaran, buna inanan avam kütlə "Mehdi Sahibi-əzzaman gələndən sonra bütün bu haqsızlığa son qoyulacaqdı və ədalət öz yerini tapacaqdı" qənaətində idi.. Elə əsl fəlakət də Havalı İbrahimin "Mehdi Sahibi-əzzaman sizin kənddə, Azərin evində zühur edəcək" deməsi ilə daha da artdı. Allahdan buyruq, ağzıma quyruq misalı burda yerinə düşərdi. Çünki o gündən "Sahibi-əzzaman"ı gözləyənlər əllərini ağdan qaraya vurmur, əkinləri əkmir, torpaqlar becərilmir, heç kim öz işinin dalınca getmir, bekarçılıqdan dedi-qodu başlanır, aralarına ədavət düşür, və nəticədə "bununla onun ədavəti düşdü, onunla bu qanlı oldu, qonşu-qonşunu xeyrinə-şərinə yaramadı, dayıoğlu bibioğluna fırıldaq gəldi, qız atanın üzünə ağ oldu, ana çörəyi oğuldan əsirgədi".
Bütün bunların nəticəsində kəndə düşən aclıq insanları elə bir vəziyyətdə qoydu ki, həsrətli baxışlar Azərlə Aysulun dünyaya gələcək övladına dikilmişdi. İş elə yerə çatmışdı ki, doxsan yaşlı Bayandur İxtiyarın ağsaqqal kimi öyüdünü də dinləyən yox idi. Camaatın bir havalının sözünə baxıb Sahibi-əzzamanı gözləməsinin nə kimi faciələrə gətirib çıxardığını görən qocanın "Camaat dəli olmusunuz? Ağlınızı başınıza yığın, Oyanın! Özünüz özünüzü tilsimə salmısınız"- deyərək onların gözlərini açmaq istəməsi, camaatın onu eşitmək istəməməsi, hətta onu kənddən qovması din-mövhumat ideyaları ilə köklənməsi Azərlə Aysulunun balalarının, özlərinin dəhşətli faciəsi ilə sona yetir. Onların onikinci övladının dünyaya gəlməsi xəbərini eşidən kənd camaatı uşağın qız olduğunu bildikdə başlarınə gələn fəlakətdə bu günahsız ailəni təqsirləndirir, onları iblis adlandırır: "Camaatın bütün içini bürümüş intiqam ehtirası çölə çıxıb dalğa-dalğa kəndin məhəllərinə, düzlərə, dağlara yayılır " və başlarına gələn faciələrin kökünü öz əməllərində axtarmır, əksinə, övladlarının adına imam övladlarının adını verən bu ailədə gəzir və onları iblis adlandırırlar: " Qəmərbanu arvad iki əli ilə də yuxarı qaldırıb saxladığı və kirimək bilməyən qırmızı ət parçasını var gücü ilə camaatın üstünə tulladı, əllər yuxarı qalxdı, o qırmızı ət parçasını göydə qapdılar, çığırtı kəsildi, qırmızı ət parçası yox oldu, əllər qıpqırmızı qana bulandı və camaat eyvana yeridi, Əlini boğub öldürdülər, Həsənlə Hüseynin başını daşla əzib öldürdülər, Zeynalabdin, Məhəmməd Bağır, Cəfər, Sadıq ayaq altında qalıb öldü, Musayi-Kazımın ayaqlarından tutub başını divara çırpıb öldürdülər, Rzanın dəhşətdən bağrı yarıldı öldü, Məhəmməd Təqinin boynunu vurub öldürdülər, Əli-Ənnəqini, Həsən Əsgərini ayaqlarının altına salıb tapdaladılar.." .
Bütün bu baş verən hadisələr Mahmudun zəmanəsində baş verir. Mahmudun yaşadığı zəmanədə dini ayrılıqların, fanatizmin törətdiyi, insanların başına gətirdiyi fəlakətlərə diqqət yetirdikdə bir şeyi deməyi lazım bilirik ki, din uğrunda aparılan mübarizələr heç bir zaman insanlara xoşbəxtlik gətirməmişdir, zaman-zaman insanlar onun vurduğu yaraların göynərtisini yaşamışlar. Mahmud kimi elmli, zəkalı bir insanın da məhvinə çalışan dini zəmində gedən münaqişələrdir. Baba Keşiş də öz fanatik inamına görə o kəndin avam camaatından geri qalmır. O da içərsində gəzdirdiyi ikinci bir səsin-şeytani səsin istəyində köklənərək iki gəncin məhv olmasına gətirib çıxaran əməlini həyata keçirir. O da, onun kimi milyonlarla kortəbii şəkildə müxtəlif dinlərə inam və e'tiqadı naminə qanlar tökənlər də Allah qarşısında günahkardırlar. Onlar məhvə məhkum idilər. Onlar acından qarnı şişən övləadlarına bir tikə çörək qazanmaq, "Sahibi-əzzaman gələnə qədər" özləri də bir işin qulpundan yapışıb günədlik dolanacaqlarını tə'min etmiş olsaydılar belə bir qanlı faciə də baş verməzdi və "Sahibi-əzzaman"ın gəlişinə də ehtiyac duyulmazdı. Dini rəvayətlərə görə, xalq içərsində yayılmış bir sıra əfsanələrə görə yeni bir peyğəmbər zühur edəcək və o dünyanı gözləyən fəlakətdən qurtaracaqdır. Belə bir əfsanədən gələn motivdən istifadə etməklə yazıçı qələmə aldığı cəmiyyətdə dini ideologiyanın insan həyatında nə kimi faciələr törətdiyini daha real, daha tə'sirli şəkildə vermək üçün istifadə etmişdir. Mahmudun yaşadığı cəmiyyətdəki insanlar boş, işsiz dayanmaqla bekarçılıqdan o qədər günah işlər tutdular ki, Allahın Sahibi-əzzamanı nə vaxtsa onlara köməyə göndərmək fikrinə inanmaq ancaq ağılsızlıq olardı.
"Mahmud və Məryəm" faciəsinin kökləri də dinlə bağlıdır. Əslində din pərdəsi altında çox dövlətlər qanlı müharibələr törətmişlər və bunlar bizə mə'lumdur.
Yazıçı xalq içərsində yayılmış mifik obraz olan Sahibi- Əz-Zaman obrazından istifadə etməklə, bu obrazdan bəhrələnməklə insan faciələrini, törədilən cinayətlərin, baş verən fəlakətlərin köklərini açır, din pərdəsi altında yeridilən qanlı siyasətlərin, çirkin arzuların, insanların savadsızlığının törətdiyi dərdlərə fikirləri yönəldir.
Yazıçının məqsədi də bu dini ideyalarla köklənmiş insanların insan taleyinə vurduğu ağır zərbələrdən ibrət dərsi götürməyə, insan səadətini, xoşbəxtliyini oyuncağa çevirənləri öz əməllərindən çəkinməyə çağırmaqdır. Sultan Səlimlə Şah İsmayıl döyüşlərində nə qədər vicdan əzabları çəkiblərsə, tökdükləri doğma xalqının qanına bais olduğuna görə daxildə o qədər sarsılıblar. Bayandur da Ziyad xanın ölümündə günahkar olduğunu ölənəcən unutmur və əzab çəkir. Baba Keşiş Məryəmlə Mahmudun birləşməsinə mane olduğu üçün Allah yanında böyük günah işlətdiyini başa düşüb ağlını itirir, özü-öz ölümünə bais olur. Əlbəttə, yazıçı Mahmud kimi insanların arzularını ümumiləşdirirdi. Əgər tökdüyü qanlara görə, etdiyi pisliklərə görə sonradan əzab çəkəcəksənsə, etdiyin günahlara görə bir zaman peşmançılıq odunda yanacaqsansa bəri başdan qılıncını yerə qoy və bil ki, tökdüyün bu günahsız qanların sahibləri olan insanları sən yaratmamısan!
Əsərdə real həyat hadisələri Mahmudla Məryəmin məhəbbətindən bəhs edən süjet daxilində elə boyalarla verilir ki, Əsli Kərəm məhəbbəti arxa plana çəkilir, unudulur, sanki hardasa doğrudan da ikinci bir Keşiş qızı Məryəm, xan oğlu Mahmud olub və onlar Əsli-Kərəm taleyini yaşayıblar. Xalqdangəlmə bu motivlərdə bir zəriflik, gözəllik vardır. Mahmudun da, Məryəmin də, Əslinin də, Kərəmin də xoşbəxtliyinə mane olan şər qüvvələrin əməlləri pislənilir. Yazıçı onların simasında xoşbəxtliyi faciəyə çevrilən günahsız insanların taleyinə acıyır və o da kütlənin fərdi kimi çıxış edir. Qələmə aldığı bu əsərdəki xalq ədəbiyyatından gələn ideyaların fonunda demək istədiyi sözü deyir, çatdırmaq istədiyi fikri xalqına çatdırır və hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq baş verən faciələrin kökündə nələrin durduğunu oxucuya çatdırmağa nail olur: Dünyada insan faciəsindən dəhşətli faciə ola bilməz. İnsanlığa qarşı çevrilən cinayətdən dəhşətli cinayət ola bilməz. Dünyada bütün canlılardan məhz bunları görən anlayan, bunu ürəyinə salıb Mahmud kimi nalə çəkən, Sofi kimi hönkürtüylə ağlayan insanlar qədər ikinci bir dərdli canlı ola bilməz. Məhz insandır ki, bu dəhşətləri ömrü boyu unutmur, onu sinəsində gəzdirdiyi bayatılarında, nağıllarında yaşadacaqdır: "Sofinin bundan da xəbəri yox idi ki, çapa-çapa Çaldıran düzündən qaçdıqları zamanda Gəncənin çöllərində, dağlarında bircə anın içində tamam-kamal qocalıb əldən düşmüş ayağı yalın, başı açıq havalı bir qarı dolaşırdı və o qarı gecə-gündüz ağaclar üçün, kol-kos üçün, dağlar üçün, daşlar üçün belə bir mahnı oxuyurdu:
Öldü Ziyad xanım, Mahmudum itdi,
O itkin Mahmudun anasıyam mən.
Sağalmaz dərdlərin binasıyam mən.
Qəmli hicranların dəryasıyam mən.
Əsərdə Dərdli ana obrazının motivləri əsasında yaratdığı Qəmərbanu obrazı daha tə'sirli, daha mükəmməl bir ana obrazı- dır. Burada ana məhəbbəti, onun ucalığı elə boyalarla verilir ki, bu boyalar təpədən-dırnağa qədər xalq yaradıcılığı üstündə köklənmişdir. Burada yazıçı yaddan çıxır. Bu əsər xalqın yaratdığı sənət əsəri kimi diqqəti cəlb edir; elə bil hansısa bir nağılı qoca bir qarıdan, ağsaqqal bir babadan eşidirsən, əsər reallıqdan uzaqlaşır, nağıl dünyasını çulğayırsa da burada bir həqiqət var ki, bəşəri duyğular, insanın istək və arzuları, ayrılıq və həsrəti, dərdi, kədəri daha canlı, daha qüvvətli, daha tə'sirli verilir: "Sofi burasını da bilmirdi ki, gecə-gündüz bu mahnını oxuya-oxuya dağları, daşları, meşələri dolanan bu havalı qarı biri dişi, birisi erkək iki canavara rast gələcəkdi və ac canavarlar bu qarını yeyəcəkdi və o vaxtdan da Gəncə meşələrində bu iki canavardan dünyanın ən qəribə canavar nəsli törəyəcəkdi: Həmin nəsildən olan canavarlar ulamaq əvəzinə gecə-gündüz adam səsi ilə ağlayacaqdı".
Belə rəvayət edirlər ki, yer üzündə yaşayan canlılardan olan canavarlar həmişə dovşan, tülkü və digər heyvanların ətiylə dolanarlarmış. Onlar heç bir zaman insan əti yeməzlərmiş. Bir il qış sərt gəlir. Heyvanlar yeməyə heç bir şey tapmır, insanlar yaşayan mağaralara qəfildən hücum edirlər. O qışı insan ətiylə qidalanan canavarlar qışı salamat çıxırlar. Lakin onların səsinə qəmli bir ahəng çökür. Buna dözməyən bütün canlılar onlardan uzaq gəzməyə çalışırlar. Bir gün tənha bir yalquzaq çöldə elə bir türkürpədici səslə ulayır ki, bunu görən heyvanların padşahı şir deyir:- Sən canavarsan, amma insan kimi ağlayırsan.
Yalquzaq deyir:
-Mən ağlamıram, təklik məni yaman sıxır. Yaxınlarımı gəzirəm.
Şir deyir:
- Bədbəxt heyvan, sənin səsində insan naləsi, insan kədəri var.
Yalquzaq üzünü göylərə tutub Yaradandan soruşur:
-Ey böyük Yaradan, Şirin dedikləri həqiqətdirmi?
Yaradan deyir :
-Mən sənin pəncələrinə qüvvət, dişinə itilik verdim. Sənin ətini insanlara haram buyurdum, insanın ətini isə sənə haram buyurdum. İnsanlar nə qədər aclığa mübtəla olsa da, sənin ətindən heç zaman yemədi. Amma sən aclığa tab gətiməyib dünyanın ən zəif, dərdli məxluqları ilə bir qışını keçirdin. Onların göylərə yüksələn ah- naləsi sənə çatmadı. Öz tamahını saxlamadın, insanın əti şirinsə də, o şirinlikdə bir can ağrısı, bir məzlumluq, yazıqlıq, kədər, qüssə yaşayır. Siz canlılar arasında yeganə canlı məxluqdur ki, bu duyumu mən ancaq onlara vermişdim və sənin kimi bir yırtıcıya da onun ətini haram buyurmuşdum. Get, artıq sən də nə qədər ki, yaşayacaqsan, insan kimi ağlamalı da olacaqsan. Sən elə ağlayacaqsan ki, səsin gələndə insanlar qulaqlarını tutacaq, sənə lə'nət yağdıracaqlar. Ancaq onlar da bilməyəcəklər ki, nə üçün sən ulayanda sənə belə nifrət edirlər.
Yazıçının qələmində insan faciəsi, balasının xoşbəxtliyini görməyən, başına gələ biləcək faciələri duyan, bu dərdləri yaşayan ananın -Qəmərbanunun bütün daxili iztirabları, sarsıntıları nağıl dünyamızın çalarları ilə bəzənərək, emosionallıqla, yüksək bədii təsir gücünə malik bir şəkildə təsvir edilir. Mahmud-Məryəm süjetinə daxil edilən bu priyomların obraz və motivlərin hər biri güclü, bədii cəhətdən yüksək, samballı olub, əsərin bütövlükdə bədii dəyərini artırmış olur: Canavarların adam səsi ilə ağlayacaqları bu əfsanəvi motiv Qəmərbanu ananın başına gələn fəlakətləri, balasına bəslədiyi sonsuz məhəbbəti, yolunda çəkdiyi əzab-əziyyətləri, başına gələn müsibətləri daha tə'sirli şəkildə oxucuya çatdırmağa imkan verir, Sazlı Abdullanın başı kəsiləndən sonra sazının öz-özünə çalınması tökülən nahaq qanlara qarşı Yaradanın da e'tirazı kimi xalqı pis əməllərdən çəkinməyə çağırır, Ağ keçinin ancaq yaxşılıq diləyən dilinin kökündən qoparıb kabab etmək istəyən Daməngir İsrailin əllərinin quruması iki sevən aşiqə qarşı edilən haqsızlığa etirazdır. Belə motivlər hadisələrin açılmasına, əsərin bədii təsir gücünün, emosionallığının artırılmasına xidmət edir. Dünyada insan faciəsi qədər ikinci bir faciənin olması mümkün deyil. Tanrı yaratdığı canlılar içərsində insana elə bir qüvvə vermişdir ki, bunun vasitəsi ilə dünyanın qəmini, sevincini duyur, onu özündə yaşadır; ağrısına ağrıyır, sevincinə sevinir. Ona görə də bəşər övladı elə etməlidir ki, insanlıq duyumuna görə ancaq yaxşılıq etsin, yaxşı işlər görsün ki, özü kimi başqalarının da qəlbinin ancaq sevinməsini istəsin və əməllərinə həmişə fikir versin; çünki insan dünyaya yaşamaq üçün gəlib. Onun xoşbəxtliyinə mane olan həyatda nə varsa, insan üçün ancaq faciədir. Bu faciənin köklərini Mahmud və Məryəm kimi zavallı insanlar gördükdə əzab çəkirlər. Dünyanın məşəqqətlərinə dözməyən Məryəm baxmayaraq ki, xaçpərəsdir, üzünü Məhəmməd peyğəmbərə də, İsa peyğəmbərə də, Müqəddəs Məryəm anaya da-bir Tək olan Allaha da tutaraq dünyanın bu ziddiyyətlərindən hali olmaq istəyir. O, xaçpərəst olsa da, bir müsəlmanın belə burnunun qanamasını istəmir, bir kimsənin dilindən, dinindən asılı olmayaraq pis gün yaşamasını arzulamır, o, ancaq öz məhəbbətinin əsiridir. Bu məhəbbəti onun ürəyinə salıb işgəncələrə mə'ruz qoyan səbəbi gəzir, çıxış yolu arayır, axtarır. Məryəm bununla belə onun sevgisinə qarşı çıxan Baba Keşişin əməllərində bir qəbahət görmür, ona yazığı gəlir. Məryəmin qəlbində İsa məhəbbəti də vardır. Ondan ümid, kömək gözləyir. Baba keşiş də qızını Müqəddəs evə çatdırmaqla onu bu məhəbbət girdabından xilas etmək ümidində idi. İsanın şəkli asılmış qaranlıq otaqda yatan Məryəm çox çətinliklə bu qaranlıq evdə divardan asılmış şəkli görür və o bir də diqqətlə baxanda görür ki, "O şəkildən baxan İsa deyildi, bu şəkildən baxan Mahmud idi və bu gözlər Mahmudun iri, göy gözləri idi".
Gəncədən çıxandan bəri ilk dəfə Mahmudun simasını İsanın divardan asılmış şəklində görmə xalqdangəlmə motivlərdir. Əsli və Kərəm kimi Mahmudla Məryəmdə haqq aşıqlarına məxsus keyfiyyətlər var. Onların sevgisində ilahi sevgiylə bağlılıq var. Haqq aşıqları kimi Mahmudla Məryəmə də ən çətin anda yarımtanrılar (Xızır İlyas. İsa) köməyə gəlir. Məryəmin bütün varlığı qüssə-kədər, əzab-əziyyət içərsində keçir, yollar yorğunu olan, diyarbadiyar gəzən yolçulara dönən, gündə bir qapıda, bir yad evdə gecələməli olan Məryəmin daxili iztirablarına İsanın şəklinə baxarkən orada Mahmudun simasını görməsi sanki məlhəm olur və bununla da onun bütün əzablarını unutması əsərə bir başqa abı -hava gətirir. Məryəm İsanın simasında gördüyü səhnədən qorxmur, xaç çevirib "üzrxahlıq" etmir, əksinə göy gözlərin baxışı altında "yuxuya gedir, bir rahatlıq tapır. Xalq ədəbiyyatında iki sevən aşiq həmişə ilahi bir qüvvə vasitəsilə himayə olunur, onlar "haqla bağlı" qüvvələrlə təmasdadırlar. Məryəmi yollara salan bu sevgi özü adi sevgilərə bənzəmir. Onların aşiqliyi "haqq aşiqliyidir" və bu motiv də əsərdə güclüdür. Bütün çəkdikləri bu sevgi yolundakı əzab-əziyyətlər içərsində üzülmüş Məryəm yarı yolda qala bilməzdi və mütləq onu bu mə'nəvi sarsıntılardan qurtarmaq üçün bir qüvvə ortalığa çıxarılmalıydı. Bu isə mütləq Mahmud olmalıydı. Necə ki, xalq ədəbiyyatında bir çox nağıl və dastanlarımızda qəhrəmanın köməyinə çatacaq qüvvələr ya yuxularda, ya hansısa bir priyom vasitəsi ilə qəhrəmanın çətin anında köməyinə çatır. Çöllərə düşən zərif məxluq Məryəmin artıq canında da qüvvə qalmamışdır. Bu yolçuluq onu elə bir vəziyyətə salmışdır ki, çıxış yolunu tapmayıb öz İsasına, sevdiyi Mahmudun Məhəmməd ümmətinə və bir Allaha üz tutur, düşdüyü əzabların səbəbini axtarır və əvəzində qaranlıqlar içərsində İsa peyğəmbərin şəklində Mahmudun gözlərini görür və bu məhəbbətdəki ilahilikdən yararlanır və bu Məryəmin ürəyində özünün də anlamadığı bir sevinci yaradır, ona rahatlıq gətirir. Bu motiv özü Məryəmin simasında sevgisinə sadiq, qəlbində Mahmudun eşqini yaşadan dastan qəhrəmanını xatırladır və bu motivlər qəhrəmanın daxili aləminə, arzu və istəklərini bədii cəhətdən qüvvətli verilməsinə imkan yaradır. Dastanlarımızın çoxunda aşiq və mə'şuq öz sevgisi yolunda olmazın əzab-əziyyətlərlə qarşılaşırlar və buna mərdliklə dözürlər və axırda istədiklərinə çatırlar. Əsli və Kərəm, Leyli və Məcnun isə başqa talelili məhəbbət aşiqləridir. Onların rastlaşdıqları çətinliklərin bir çox həlli tapılmayan anları vardır. Leyli elə bir dövrün məhəbbət aşiqi idi ki, onun istək və arzularını boğan ictimai bir bəla vardı və Leyli məhz həmin dövrdə sevən aşiq idi və onların məhəbbətini faciəyə çevirən onların həlli tapılmayan dilemmalar qarşısında qalmaları idi. "Əsli və Kərəm" dastanında, eləcə də "Mahmud və Məryəm" əsərində qəhrəmanların qarşılaşdığı ən böyük bəla insanlar arasında mövcud olan din ayrılığı idi.
Yazıçı əsərində bir-birindən maraqlı əfsanələrdən, əsatirlərdən tanıdığımız yerlərin adını çəkir. Hadisələri bunların fövqündə daha tə'sirli verilməsinə nail olur. Onun qəhrəmanı həmişə belə gözəl, cavan qalmaq üçün "Abi -Kövsər" suyu arzulayır. Mifoloji dünyamızda Abi Kövsər bir cənnət bulağının adıdır. Bu bulağın suyundan içən adam ölməzliyə qovuşur və həmişə cavan qalır. Bu su dirilik suyudur ki, ondan folklor nümunələrimizdə Xızır İlyas və Xızır Nəbi içib ölməzliyə qovuşmuşdur. Ölməzliyə qovuşmaq özü ilahiyə yaxınlaşmaq deməkdir. Çünki Xızır İlyas və Xızır Nəbi o suyu içəndən sonra gözəgörünməz bir varlığa çevrilir və həmişə dara düşənlərin karına gəlir. Rəvayətə görə bütün dünyanı fəth eləmiş, dünyanın bütün varidatına sahib olmuş İsgəndər də o bulağı axtarmış, Zülmət dünyasına səyahət etmiş və o suyu tapmamışdır. Əslində o bu suyu tapa da bilməzdi. Çünki bu, bir cənnət bulağıdırsa, allaha yaxındırsa İsgəndər o yüksəkliyə ucala bilməzdi. Çünki onda dünyaya hakim olmaq iddiası güclü idi və bunun üçün çox qanlar tökmüşdü, nahaq faciələr törətmişdi, apardığı işğalçılıq siyasəti insanlara-Allahın yaratdığı insanlara fəlakətlər gətirmişdi və ona görə də İsgəndər o sudan içib, cənnətdə məskən sala bilməzdi. Ona görə də haqq-ədalət sevgisini ürəyində gəzdirən xalq öz mifologiyasında İsgəndərə o sudan içmək nəsib etməzdi. Ancaq yaşamaq-yaratmaq, arzularını həyata keçirmək üçün dünyaya gələn insan doğulduğu torpağın, sərvətin sahibidir. İsgəndər isə bütün bunlara sahib olmaq iddiasıyla yaşayan, dünya malına tamah salan və bunun eşqilə qanlar tökən fatehdir və o cənnət bulağından da su içərsə, əbədi olarsa, ölümsüzlüyə qovuşarsa, onda dünyada zülm əbədi olacaq. Bunu isə xalq heç vaxt istəmədiyindən dünyaya hökmranlıq edən İsgəndərin zülmü əbədi ola bilməzdi və əməllərinə görə haqq dünyasında cavab verməlidir. Tanrı Xızır Nəbi kimi müqəddəs insanları, bir qarışqanı belə ömrü boyu tapdalamayan mö'minləri qoyub suyu İsgəndərə qismət edə bilməzdi. Çünki xalq ancaq gözəl arzularla, istəklərlə yaşayır, tökülən qanlar, aparılan ədalətsiz müharibələr xalqı cana doydurmuşdur. Eləcə də tarixdən İsgəndərin apardığı işğalçılıq siyasəti, qorxu hissi bir sıra İsgəndərlə bağlı rəvayətlərin yaranmasına gətirib çıxarmışdır və bunlardan biri də yazıçının qəhrəmanı kimi onun da Abı Kövsər arzulamasıyla bağlı yaşayan rəvayətlərdən biridir. Ceyran da Mahmudun arxasınca gedərkən ancaq mal-mülk ələ keçirmək, saraya daxil olub öz istəklərinə yol açmaq arzusuyla yaşayırdı və buna imkan verəcək qüvvə onun nə ağlı, nə də dərrakəsi idi. Sadəcə olaraq gözəlliyindən istifadə etməklə çox şey arzulayırdı və bu arzularından biri də "Qısır Qarı kimi bir gün qocalıb belə eybəcər vəziyyətə düşmək istəməməsi idi ki, onu Abı Kövsəri arzulamağa məcbur etdi.
Ceyran başa düşə bilməzdi ki, Mahmud dünyanın təzadları içərsində çırpınır və bu dünyanın öz aləmində qiymətini verir. Bir tərəfdə səfaləti, o biri tərəfdə mal-dövləti, bir tərəfdə Firdövsinin zəkasını, o biri tərəfdə Sultan Mahmudun nadanlığını görür. İnsanların içərsində baş qaldıran ikili duyğuların qəlbində yaratdığı qəmin, kədərin yaratdığı nigarançılığı yaşayır. Məryəmdə gördüyü saflığı öz gözəlliyindən istifadə etməklə hər şey əldə etmək istəyən Ceyranda görmür.
Yazıçı əsərində qəhrəmanın daxili aləmini, əhval-ruhiyyəsini daha qabarıq, tə'sirli şəkildə vermək üçün xalqdan gəlmə obraz və motivlərdən yararlanır. Sofi lələ ömrünü kef məclislərində keçirən insanlarla, özünün bu çətin yollarda keçən ömrünü gözlərinin qarşısına gətirir və Mahmudun arxasınca göndərilən Ceyranı xatırladıqca qəribə hallar keçirir. "Ceyran yenə Sofinin yadına düşdü və Sofinin tükləri ürpəşdi. Sofi bütün gücü ilə Ceyranı başından çıxarmaq istəyirdi, çünki Sofi qorxurdu, daha doğrusu, neçə gün idi ki, Sofi özü-özünü qorxudurdu ki, Bəl'əm kimi ləhləmək bəlasına tutular. Bəl'əm İbn Baurdur. O dini rəvayətlərə görə Musa peyğəmbərə yaxın adam olub. Dünya malına tamah saldığına görə Allah tərəfindən cəzalandırılıb, it kimi ləhləmək bəlasına tutulub. Yazıçı Ziyad xan tərəfindən oğlu Mahmud üçün saxladığı əmanətləri Sofi lələyə tapşırmışdı və onu qurşağına bağlayıb öz üzərində gəzdirir və Mahmudun həyatını fikirləşdikcə yanaşı tez-tez də üstündəki qiymətli varidatın ona gətirə biləcək xoş günləri xatırlayır və bu dünya malına sinəsində oyandığı tamah hisslərindən də qaça bilmir. Yazıçı Sofinin daxili hisslərini, üstündə gəzdirdiyi bu varidata bəslədiyi tamahın başına aça biləcək qorxu hisslərini daha canlı, daha tə'sirli vermək üçün Bəl'əm obrazını xatırlamaqla, onları bir-birilə qarşılaşdırmaqla obrazın daxili aləmini, daha qüvvətli, qabarıq şəkildə verməyə nail olur, hadisələrin emosional bədii təsir gücünü artırmış olur. Ceyran da bir gün qocalıb ifritə qarı şəklinə düşəcəyindən qorxaraq Abı-Kövsər arzulayır. Onların hər ikisində dünya malına hərislik var və əməllərində günahlarını görürlər.
Mahmud obrazı mükəmməl obrazdır. O, bu dünyada təkcə öz məhəbbətini düşünmürdü, başı fəlakətlər çəkən anasını-atasını, əzizlərini düşünüb onların halına yanmırdı. Onun qəlbindəki yanğı ümumbəşəri yanğı idi. O, yer üzündə yaşayan bütün insanların xoşbəxtliyini istəyirdi. Onun nəzərində nə xristian nə müsəlman, nə də qeyri din sahibləri vardı. Onun nəzərində bir ovuc xoşbəxt, milyonlarla isə aclıq, səfalət içərsində yaşayan kütlə vardı. Ona görə də insan taleyini düşünərkən nə anası Qəmərbanunu, nə taxt-tac qurbanı olan atası Ziyad xanı yadına salırdı" gündüz gördüyü tamam yad adamlar gecə-gündüz gözünün qabağından getmirdi; biri bədbəxt idi, biri ac idi, Mahmudun ürəyi yanırdı, çünki insan nə üçün bədbəxt olmalı idi, bu boyda dünyada ac olmalı idi? O biri qatil idi, xain idi, Mahmudun ürəyi yanırdı, çünki insan nə üçün qatil və xain olmalı idi. Mahmud belə düşünürdü".
Mahmud bu keyfiyyətlərinə görə haqq aşığı olmaqdan başqa bir sıra yüksək insani keyfiyyətləri özündə yaşadan hümanist bir insan obrazıdır. Onun qarşılaşdığı Cammaat-kütlə məhz onun ağrılarını ürəyində yaşadığı, həllini tapa bilmədiyi "ellərindən-obalarından didərgin düşmüş evsiz-eşiksiz səfillər dəstəsi idi". O, bütün dünyanın insanlarının dərdləri ilə, qayğıları ilə yaşadığı bir zamanda bu Camaat içərsində az da olsa ancaq Mahmudun qayğısına qalan, bəlkə də bu insan kütləsinin ölüm caynağından onu qoparıb çıxaran və ancaq türk dünyasının birliyini axtaran və bunun uğrunda döyüşməyə can atan Sarışın oğlanla qarşılaşır. Yazıçı onun simasında türk dünyasının birliyin arzulayan obrazı yaratmış olsa da, əslində əsərdə bu geniş bir mövzudur və onu da yazıçı ən əsas məsələ kimi ön plana çəkir. Sirr deyildir ki, ölkəni içindən didib parçalayan tayfabazlıq, dindaxili ayrı seçkilik salan çəkişmələr özü türk dünyasının birliyinə balta çalırdı. Türk dünyasını içərsindən parçalayan qanlı müharibələr, qırğınlar ölkədə bir səfillər ordusu yaratmışdı və yalnız bir qarın çörək üçün birləşmiş bu qüvvələrin içərsində insani hisslər artıq yox olurdu. Kədəri-qüssəni bir anlıq unutmaq üçün bu insanlar kiminsə gözünü töküb, kiminsə belini qırıb öz aləmində gülməli bir səhnə yaratmağa hazır idi, təki bir anlıq boş yerə öz şəxsi kədərini unutsun, gülsün. Çünki on iki övladı, ən çox sevdiyi Aysulusu bu fanatiklər dünyasının əlində öz gözü qarşısında məhv ediləndən sonra Ayaz üçün bu dünyada hər şey ölüb getmişdi və Mahmudun dedikləri heç kimə çatmırdı. Onların Mahmudun dərdlərinə gülməsi də həyati ziddiyyətlərdən doğurdu. Bu evsiz-eşiksiz insanlar müdhiş faciələrin qurbanlarıdır, onlar dəhşətli müharibələrin törətdiyi haqsızlıqlar içərsində bişib o cür bərkimişdilər və Mahmud onların həqiqətdən çox məzhəkəli söhbətlərə aludə olduqlarını, bununla az da olsa öz dərdlərini unutmağa çalışdıqlarını görürdü.. Onlar təbii ki, Mahmudun dərd-qəm qoxuyan kəlmələrinə ona görə laqeyd idilər ki, bu onların dərdlərinin qarşısında heç nə kimi görünürdü. Əslində bu Mahmudun da, onların da simasında dünyada gedən çəkişmələrin yaratdığı faciələri yaşamağa məhbur olan mə'nən ölmüş, cismən sağ qalmış insanları faciəsi kimi qiymətləndirilməlidir və Mahmud yazıçının öz sözünü deməsi üçün lazım gələn bir obrazdır. Burada səfalət içərsində gördüyümüz Camaat- kütlə daxili çəkişmələrin yaratdığı ordu idi. Qolunda güc olan taxt-taca can atırdı, yolundakı maneələri aradan götürmək üçün hər şeyə hazır idi. "Uzun Həsən osmanlılar əleyhinə yunanlarla ittifaq bağladı. Qaraqoyunlu ilə Ağqoyunlu bir-birini qırdı. Sultan Səlim taxta çıxan kimi qırx mindən çox qızılbaşı dar ağacından asdırdı. Qızılbaş sindromunu ortalığa atan, şiə qeyrəti çəkən Şah İsmayıl tərəfdarları türk qeyrətini çəkmək əvəzinə, şəxsi maraqlarından əl çəkmək əvəzinə bir-birinin qanına susadı, qardaş qanı axıdıldı. Ölkə qan içində çalxalandıqca və gedən bu qanlı, ədalətsiz müharibələr ölkəni səfalətə, aclığa sürüklədi. Nəticədə xalq-Camaat meydana gəldi. Bunlar işsizlər, aclar ordusu kimi ölkənin ağuşuna aldığı fəlakət idi, çünki onlar bir ovuc halal zəhmətlə yaşayan insanların da əlindən nə varsa oğurlayıb öynəsini ötürməklə başqalarının da dinc həyatına zəhər qatmışdı. Ölkədə bir kabus dorlaşırdı və bu, Mahmud kimi insanların carəsizlikdən qəmə düçar olmasına gətirib çıxarmışdı. Bu fəlakət Camaat içərsində öz xalqının taleyini düşünən Sarışın saçlının- gələcəkdə taxta oturub ölkəni bir müddət idarə edəcək Süleyman paşanın qəzəbinə səbəb olmuşdu. O Mahmud kimi başqalarının yox, yalnız mənsub olduğu türk xalqlarının xoşbəxtliyini istəyir. Din-şəriət pərdəsi altında hakimiyyət uğrunda mübarizə aparan qüvvələri pisləyir, türk xalqlarını yazıçı Sarışın oğlanın diliylə birliyə səsləyir, insanları baş verən hadisələrdən ibrət götürməyə çağırır. Fanatizmin Ayazın və onun ailəsinin simasında insanların başına gətirdiyi fəlakətlərin səbəbi kimi lə'nətləyir.
Mahmud bəşəriyyətin səadətini istəyirsə, Sarışın oğlan yaşadığı mühitdə ancaq mənsub olduğu xalqın səadətini istəyir. O yeri gələndə fəlsəfi fikirləri ilə Nəsirəddin Tusini, Mahmud kimi bəşəriyyətin dərdini düşünən xalqına məxsus ziyalıların hərəkətinə görə günahlandırır, xalqın bu vəziyyətə düşməsində onların da az günahı olmadığını söyləyir və bəşəri fikirlər yayan kitabları yandırmaqla hədələyir, Mahmudun bəşərilik fəlsəfəsini qamçılayır. O, dünyada olan hər cür xeyirxahlığı, insanpərvərliyi heç sayır, onun əsas fikri Çindən tutmuş Aralıq dənizinəcən, Sibirdən tutmuş Yəmənəcən bir ərazini -türk xalqlarının yaşadığı ərazinin bir yerdə olmasını, birləşməsini istəyir və qılıncını da bunun üçün qaldırır. Qəzəbindən çoşan, çoşduqca kəkələyən bu gənc türk dünyasının birliyini həyata keçirmək arzusuyla çarpışmağa hazırdır:" Mən bü-bü-bütün türk xalqlarını birləşdirəcəyəm. Mə-mə-mənim ömrüm çatmasa bu-bu-bunu oğlum edəcək! Onun öm-öm-ömrü çatmasa onun oğlu e-e-edəcək! Sonra o bi-bi-birisi!... Sonra o bi-bi-birisi!" Qəzəbindən dili topuq çalan bu insanın nəzərində onun milliyyətindən qeyri kimsə düşündürmür, o da öz sələfləri olan hökmdarlar kimi hökmranlıq istəyir, lakin özünə yox, türk xalqına bu dünyada hökmran bir millət kimi baxır və buna görə də bütün dünyanın insanlarının səadətini arzulayan, oxuduğu kitablarla kamillik zirvəsinə ucalan Mahmudun ağlına, kamalına heyran qalsa da, bu gəncin zəka sahibi olduğunu bilsə də öz inadında qalır. O bilir ki, duyur ki, saf, ülvi arzularla yaşayan, öz sevgilisinə qovuşmaq üçün çöllərə düşən və nəhayət hər cür imkanlardan məhrum olub bu səfillər ordusuna qoşulan Mahmud bu camaatın içərsində qaranlıqda parlayan bir nurdur. Lakin bu nur, işıq heç kimsəyə bu mühitdə kömək edə bilməz. O Nəsirəddin Tusinin "Əxlaqi-Nəsir"də birlik haqqında deyilən fikri stat gətirdikdə Mahmud "Tusi bütün insanları "birliyə" çağırır, amma sən təkcə türklərin birliyini arzulayırsan" dedikdə xalqı üçün bu birliyin daha gərəkli olduğunu bildirir və türk dünyasında baş verən ayrılıq prosesinin onun üçün nə kimi nəticələrə gətirib çıxardığını söyləyir.
Əslində Mahmud öz fəlsəfəsində haqlıydı. Dünyada sakitlik, əmin-amanlıq olmasa türk dünyası da əmin-amanlıq tapa bilməz. Dünyada nə qədər ki, insanlar arasında hegemonluq siyasəti hökm sürür, biri digərinin torpaqlarına, sərvətinə tamah salır heç bir dinc həyatdan, firavanlıqdan söhbət gedə bilməz. İsgəndərin fatehlik siyasəti, arasıkəsilməyən dünyada gedən müharibələr təkcə bir xalqın deyil, bütün dünyanın dincliyini pozur. Ərzurumun gələcək hakimi Süleyman paşanın-Sarışın Oğlanın səsindəki qəzəbin, mübarizliyin özündə olmadığını, bu hisslərlə yaşamadığını, dünyəvi duyğularla yükləndiyini və bunun öz zəmanəsində ona heç bir yaxşı gün ağlamadığını və ağlaya bilməyəcəyini duyan Mahmud bütün varlığıyla ümidsizliyə qapılır və özünü dünyanın "ən tənha, ən kimsəsiz və ən yazıq adamı hiss etdi və burasını da hiss etdi ki, həmin ölü gecə sakitliyində için-için ağlayır ". Çünki onun düşüncəsi, zəkası da qəddar dünyanın mənəm-mənəmliyi içərsində məhv olmaqdadır. Bir zaman bütün insanlardan təcrid olunub ömrünü kitabxanalarda keçirən, elmin sirlərinə yiyələnən, sonralar sevdiyi Məryəmin arxasınca diyarbadiyar gəzən Mahmud özünü həmişə tənha hiss edirdi və insanlardan qaçırdı. Lakin həyatının ən çətin anlarında Mahmud Camaata qoşulur və "gözlərini bu səfalətdən çəkə bilmirdi. Səfərə çıxdığı müddət ərzində Mahmud yaxşı başa düşmüşdü ki, dünya başqa dünyadı və bə'zən öz iztirabları qayğıları Mahmuda çox kiçik görünürdü, amma Mahmud ağlına gətirməzdi ki, bu başqa dünyanın özündə də bu dərəcədə bir səfalət dolaşır".
Onu içərsində dolaşdığı bu insanların əlacsızlığı əyirdi və özü də bu insanlar içərsində bəlkə də ən zəif məxluqat idi, zəmanəsinin ən aciz, yazıq insanıydı. O, hökmdar oğlu olsa da qan tökmək, qılınc qaldırmaq, nəyinsə uğrunda mübarizə aparmaq iqtidarından məhrumdur. Süleyman paşanın dediyi kimi "Ağıl onun köməyinə gəlməyəcəkdi; ağıl yüz ildən, iki yüz ildən sonra lazım idi". Deməli, zəmanəsinin adamı deyildi, Mahmud. Amma Mahmudun paklığını, təmizliyini görürdü. Süleymanın döyüşə və birliyə çağırışı önündə Mahmudun "Gülüstan"dan gətirdiyi "Bütün insanlar bir bədənin üzvləridir" kəlməsi aciz qalsa da Mahmudun sözlərindəki həqiqəti duyur və yazıçının dediyi kimi on doqquz il keçəndən sonra döyüş meydanında tək qalmış Süleyman Mahmudun dedikləri sözlərindəki, baxışlarındakı paklığı, təmizliyi xatırlayacaq və "o mavi boşluq içində paklıqdan, təmizlikdən baxan iri göy gözlərin təbəssümü Süleymanın hədər getmiş ömründən danışacaq, nahaq axıdılmış qanlardan xəbər verəcək və Süleyman gülümsəyəcək: gecdi daha hər şey bitib" deyərək onun sözlərindəki həqiqətin sehrində əriyəcək. Qanla, qılıncla xoşbəxtlik, səadət əldə etmək mümkün deyildir. Ağılla, biliklə dünyanın bütün çətinliklərini dəf etmək olar, hansı cəmiyyət, hansı dövran olur-olsun onun kamil insana ehtiyacı var. Kamil insan zəkasının işığında bütün zülmət qaranlıqları əritmək olar. Həlli tapılmayan bütün dünyanın sirlərinin həlli elmin açarını əldə etməkdir. Kamil insan yaxşı başa düşür ki, dünyanın əşrəfi insandır və bu dünyanın gözəlliklərindən zövq almaq üçün dünyaya gəlib. Dünya varına tamah salan insanın nə sakit həyatı, nə xoşbəxt ömrü ola bilər. Yer üzündə yaşapyan bütün insanlar bir-birinə gərəkdir, Onların bir-birinin qanını tökməsi, tikəsini əlindən almaq üçün törətdiyi cinayətlər, öz şəxsi istək və arzularını başqalarının istək və arzularından üstün tutmaq heç bir yaxşı işdən xəbər vermir, əksinə ziddiyyətləri yaranmasına gətirib çıxarır, haqsızlıqların olması özü insanların xoşbəxtliyinə mane olandır.
Kamil insanın zəkasının işığında bütün zülmət qaranlıqları işıqlandırmaq olar, keçilməz sədləri keçmək olar. Lakin Mahmud hər şeydən yaşadığı cəmiyyətdə məhrum olub, çünki təkdir, fanatizmin baş alıb getdiyi bir zamanədə, hər kəs öz tərəfinə çəkdiyi bir zamanda Mahmud cəmiyytin ədalətsizliklərindən, eybəcərliklərindən baş aça bilmir və zülmət dünyasında bir işıq kimi yanır və tez də sönür. Süleyman obrazı "Əsli və Kərəm" dastanından gəlmədir. O da Qara keşişi tapdırıb saraya gətizdirib Əsliylə Kərəmin qovuşmasına çalışan insandır. Elçinin Mahmuduna da Süleyman paşa kömək edir. Amma o bir çox keyfiyyətlərinə görə elə dastan qəhrəmanıdır. Aşiqlər çətinliyə düşəndə köməyə yetən belə obrazlar dastanlarda olur. Elçinin Süleyman paşası daha bitkin obrazdır, həyat hadisələri ilə səsləşir, real həqiqətlərin iştirakçısıdır və eyni zamanda o bir türk övladına da öz köməyini göstərə bilən, özünü xoşbəxt sanan qılınc sahiblərindən biridir. O, xalqını, millətini sevir. O, milli mə'nəvi dəyərlərinə də hörmətlə yanaşan insandır. Onun sarayında azərbaycanlı rəqqasə tapılmaz, çünki onun nəzərində azərbaycanlı qadınları öz südüylə oğullar böyüdüb tərbiyə etməli, babaların "qədim və şərəfli tarixlərinə hörmət, məhəbbət aşımalıdır".
Süleyman paşa sarayında başqa hökmdarlar kimi təlxək saxlamır. Çünki onun nəzərində "Azərbaycanlı balası başına təlxək papağı qoyub adamların gözü qabağında dombalaq aşanda, əslində öz xalqını təhqir edir. O, öz məclislərində ata-babadan qalma qədim xalq oyunlarının göstərilməsinə üstünlük verirdi və bu oyunlardan aldığı ləzzət onun üçün daha ürəkaçan idi.
Xalqımızın ən qədim milli oyunlarından biri olani Kosa-Kosa oyununu əsərinə daxil etməklə bu qədim oyunun incəliklərini təsvir etməklə yazıçı əsərin bədiiliyini, estetik duyumunu, mə'na çalarlığını artırmış olur. Çünki yazıçının qəhrəmanı Kosanın, Keçəlin hərəkətlərindəki yumorun onlara bəxş etdiyi sevincdən, gülüşdən sanki illərlə çəkdikləri əzab-əziyyəti unudurlar. Mahmud bu tamaşaya baxdıqca və güldükcə hiss edirdi ki, bütün bu müddət ərzində bədəni, ürəyi varlığı belə bir gülməyin həsrətində imiş, belə bir sadə və iddiasız zarafatın həsrətində imiş və güldükcə elə bil ki, Mahmudun ürəyi boşalırdı".
"Əsli və Kərəm" dastanındakı Süleyman paşa obrazından bəhrələnməklə Elçin özünəməxsus, bitkin bir hökmdar obrazı yaratmışdır və onun öz milli keyfiyyətlərinə məhəbbətini görürük. Onu öz milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, onları qoruyub saxlayan, adət-ən'ənələrinə hörmət edən, xalqının, millətinin şərəf və ləyaqətini qoruyan əsl dövlət başçısı kimi təsvir edir.
Elçin bu dastanın hansı obrazından, onun süjet və motivlərindən bəhrələnməsindən asılı olmayaraq xalqımızın yaratdığı sənət əsərlərinə hörmət prinsipindən yanaşmaqla yüksək bir sənət əsəri yaratmağa müvəffəq olmuşdur. Bu əsər öz psixoloji duyumuna, bədii dəyərinə görə qiymətli əsərdir. Xəlqilik folklor ən'ənələri üstündə köklənmiş bu əsərin canında, ruhundadır.
Məryəm obrazını yaradarkən, onun zəngin daxili aləmini açmaq üçün yazıçı dünya xalqları içərsində geniş yayılmış Müqəddəs Məryəm Ana obrazından istifadə edir. Məryəm ana mənsub olduğu dinin yaradıcısı İsa peyğəmbəri dünyaya gətirən anadır. Yazıçının yaratdığı Məryəm obrazı da Müqəddəs Məryəm kimi dünyanın ən təmiz, saf bir insanıdır. Dini rəvayətlərdən gəlmə motivlərdən istifadə etməklə yazıçı məryəm obrazını yüksək bədiiliklə verməyə çalışır. Məryəm Mahmudla qarşılaşmazdan əvvəl yuxusunda Müqəddəs Məryəm ananı görür və bir an onun simasında özünü görür. Beytül-Müqəddəsdən qaçan Məryəm ana Məryəmin yuxusunda elə onun özüdür,"çünki hərdən Müqəddəs Məryəmin sifəti Məryəmin sifətinə çevrilirdi." Məryəm obrazının daxili saflığını, təmizliyini oxucuya çatdırmaq, onu sevdirmək üçün yazıçı Müqəddəs məryəm obrazıyla onu qarşılaşdırır. Bu həm xalq ədəbiyyatından gəlmə motivlərdən bəhrələnmək üçün yazıçının dünya xalqlarının din və mifologiyasına dərindən bələd olduğunu göstərir, həm də əsərin bədii təsir gücünü artırır.
Əsərdə ən maraqlı motivlərdən biri xalq arasında geniş yayılmış, mifologiyasında özünə yer tapmış və eləcə də Azərbaycan mifologiyasının ən dərin qatlarında və və bu gün də inamlarımızda yaşayan ağaclara olan müqəddəs münasibətdir. Yazıçının bu motivlərdən istifadə etməsi yaratdığı bədii əsərin estetik duyumunu artırmaqla yanaşı onun bədiiliyinə, rəngarəngliyinə də xidmət etmiş olur.
Müqəddəs Məryəm ana İsanın dünyaya gətirərkən ən müqəddəs saf hisslərə bağlı idi. İlahi eşq, bəşəri duyğu onun simasında güclü olduğu kimi, Məryəm də onu qarşıda gözləyən çətinliklərə hazırlanırdı. O da İsa peyğəmbər dünyaya gələnə kimi az müsibətlər çəkmir, lakin dözür, Məryəm də. İsa və Məryəmlə bağlı əfsanə və rəvayətlərin motivlərindən, obrazlarından bəhrələnməklə yazıçı Müqəddəs Məryəm Ana kimi saf, dolğun, bitkin Məryəm obrazını yaradır.
Məryəm Ananın susuz səhrada rast gəldiyi qurumuş Xurma ağacı və yorulmuş Məryəmin həmin ağaca söykənərkən onun birdən birə yaşıllaşması, və ağacın dibindən qaynayan bulağın təsviri və dini rəvayətlərdən götürülən bu motivlər əsərin bədii təsir gücünü artırır. Dünya ədəbiyyatında, eləcə də Azərbaycan mifologiyasında totemist görüşlərdə ağac kultu mövcuddur. Yaranışların ilkini hansısa ağacla, bitkiylə və digər təbiət hadisələri, qüvvələri, təbii varlıqlarla bağlamaq totemizmin xüsusiyyətləridir. Dünya xalqları arasında işlənən bu termin C. Lonq tərəfindən elmi ədəbiyyata gətirilmişdir. C. Freyzer"Totemizm" məqaləsini yazmış və bu dünya xalqlarının mifologiyasına daxil olub beynəlxalq termin kimi bu gün də hər yerdə işlənir. Azərbaycan mifoloji sistemində də işlədilir və Azərbaycan mifologiyasında ağac totemi, ağac kultunun çox qədim mifoloji kökləri vardır.
Ağac, su, bulaq kultu folklor nümunələrinə nəzər salsaq, xalqımızın inam və etiqadlarına üz tutsaq görərik ki, hind, çin, misir, şumer, yunan və digər xalqlarda olduğu kimi Azərbaycan və digər türk xalqlarının mifologiyasında da lap qədimdən vardır. Nağıl və əfsanələrimizdə, ən iri eposlarımızda suyun, bulağın, ağacların müqəddəsliyi ilə bağlı mifik inamlar yaşayır. Məsələn, "Məlikməmməd" nağılında qocanı cavanlaşdıran, ölümsüzləşdirən alma və onun yetişdiyi ağac bir sıra nağıl və dastanlarımızda həm də nəsil yaradandır. Y. V . Çəmənzəminli "Məlikməmməd" nağılıyla bağlı yazdığı məqalələrində alma ağacını xalqımızın ən qədim dini kitabı olan "Avesta"dakı Naara ağacına bənzədir. Bu əsərdə bütün insanlar ağacdan yaranan kişi Martiya ilə qadın Martiyanağın törəmələri hesab olunur.
Ən qədim "Oğuznamə"lərdə də bunu görürük. "Kitabi-Dədə Qorqud" dastanlarında da (məsələn, " Basatın Təpəgözü öldürdigi boy") Basat Təpəgözə kim olduğunu söyləyərkən "Anam adın sorar olsan Qaba Ağac, Atam adım deirsən-Qağan Aslan"-deyir.
Moisey Kalankatuklu "Albaniya tarixi" əsərində palıd ağacına sitayiş edildiyini, atlardan onlara qurbanlar kəsildiyini, kəsilmiş qurbanın qanını o ağacın dibinə axıdıldığını, budaqlarından dərisinin asıldığını bildirir. Bu gün də dağdağan, əncir, xurma, zoğal və digər ağacların müqəddəsliyinə inam xalq içərsində yaşamaqdadır.
Mahmudu "təkliyin, yumşaqlığın, sadəliyin sehrindən çıxarıb başqa cavanlar kimi at belinə mindirməkdən ötrü, qılınc oynatdırmaqdan ötrü" Qəmərbanu qızıl gücünə məşhur seyid Əbülqasımı Ərdəbildən Gəncəyə gətizdirir. Seyid Əbülqasım ağa iki gün dayanmadan Qur'anı oxuyub əlinin göylərə qaldırıb dua edir və saqqalından qoparıb Qəmərbanuya verib Mahmudun başından çevirdiyi tükü götürüb bağçaya, mifologiyamızdan bizə tanış olan alma ağacına yaxınlaşır: " Seyid Əbülqasım Ağa bir alma ağacının altında dayanıb tükü yarısınacan yandırdı və qalanının da eşələyib ağacın dibində basdırdı, sonra çönüb Qəmərbanuya dedi:
- Qış ötər, yaz keçər, yay gələr. Bu ağac bir armud bar verər. O armud yetişəndə verərsən Mahmuda yeyər, həmən də sənin dərdinə əlac olar".
Qəmərbanu onun bu sözlərinə inanmayaraq sinəsindən qopub gələn bir nifrətlə və qəzəblə qışqırdı:
- Səfeh qoca! Sən hələ bilmirsən ki, bu ağac alma ağacıdı.
Həmin qarlı qış günü ağ əbalı, ağ saçlı, ağ saqqallı, ağ qaşlı ərdəbilli Əbülqasım Ağa iki günün aclığından, susuzluğundan sönükmüş dumanlı gözləri ilə Qəmərbanuya baxdı və heç nə demədi, bağça ilə düz gedib birdən-birə qarın içində yox oldu.
Kəniz-qaravaş hamısı heyrətdən donub qaldı və hamısı da bir ağızdan:
- -Bismillah!-dedi,- Harut-Marut əməlidi.
Yazıçı qələmə aldığı bu hadisələri reallıqlar içərsində elə əridir ki, onun qeyri-reallığı nəzərə çarpmır, əsərin bədiiliyini artırır. Xalq arasında bu gün də mö'min qüvvələrə olan inamı yaşadır və doğrudan da bu alma ağacının yanından bir müddət keçəndən sonra Əbülqasım ağanın dediyi bir zamanda Qəmərbanu qollu-budaqlı bu alma ağacının lap yuxarısında göy almaların arasında saralmağa başlayan bir armudu görür və yazıçı bu hadisələri elə bir reallıqla təsvir edir ki, bu əsərin daxilində biz nağıllarımızdan, dastanlarımızdan eşitdiyimiz bəzi məqamları xatırlayırıq. Folklor nümunələrində övladı olmayanlara övlad qismət eləyən, iki könlü birləşdirən meyvələr haqqında çox oxumuşuq.
Qəmərbanu yetkinlik yaşına çatmaqda olan Mahmudun hərəkətlərindəki süstlükdən narahatçılıq çəkərək oğlunun dərdinə tez əlac olmasını istəyirdi və Əbülqasım Ağanı da ona görə uzaq bir əyalətdən sarayına gətizdirmişdi. Lakin onun dediklərinə inanmadığından, lakin onun dedikləri həqiqətə çevriləndən sonra seyidin arxasınca adam göndərir, çapar qayıdıb "Yayın cırhacırında Qalxanlı dərəsinə qar yağıb və yaxın müddətdə bu dərəni keçib Ərdəbilə getmək mümkün deyil" xəbərini verməsi, Mahmudun o armudu yedikdən sonra daha da kövrək, insani hisslər üstündə köklənməsi, bir toyuq başının belə kəsilməsinə dözməyib göz yaşı tökməsi və Qəmərbanunun bu hadisələrdən sonra oğlunun dərdinə əlac üçün müqədddəs axtarmağın lüzumsuz olması və " bəlkə elə müqəddəs Mahmudun özüdür" qənaətinə gəlməsi, həm Mahmudun daxili saflığını, təmizliyini, hümanistliyinin daha qabarıq, daha mükəmməl üzə çıxarmağa imkan yaradır, həm də obrazın müsbət keyfiyyətlərinin, əsərin bədii dəyərinin daha da artmasına təsir göstərmiş olur. Burada artıq yazıçı Mahmudu bitkin, ülvi, müqəddəs insani hisslər sahibi kimi yüksəklərə qaldırır, ananı onun saf baxışları qarşısında aciz qoyur və Qəmərbanu bir ana kimi başa düşür ki, Mahmud heç bir vaxt Ziyad xanın varisi kimi taxta-taca sahib durmayacaq. Onun saflığı, təmizliyi çirkin saray qanunlarından, taxt-tac hərisliyindən uzaqdır.
Xalq içərsində mömin, ağsaçlı, ağsaqqallı nurani şəxslərə inam motivlərindən yararlanan yazıçı Əbülqasım ağa obrazından istifadə etməklə Mahmudun daxili aləmini yüksək hümanist duyğularını, saflığını daha qabarıq, daha təsirli şəkildə vermək üçün istifadə etdiyi bir piyomdur və o bu folklordan tanıdığımız Xızır xislətli mö'min qocaların ümumiləşdirilmiş obrazıdır. Xalq nağıllarında qəhrəmanlar çətinə düşəndə gözlənilmədən ağ əbalı, ağ saçlı, ağ saqqallı qocalarla qarşılaşır və onların köməyi sayəsində çətinliklərdən qurtulur.
Mahmud da Əbülqasım Ağanın dediyi armudu yeməklə daha da saflaşır və onların özləri kimi müqəddəsləşir, ülviləşir. O anasının və atasının arzu və istəklərindən çox Ulu Tanrının göstərdiyi düz yolla - haqq yolu ilə getməyə daha çox üstünlük verir. Nağıllarımızda insanlara düzgün və ədalətli işlərində kömək edən bu yardımçı müqəddəs qüvvələr işlərini yerinə yetirdikdən sonra bir göz qırpımında qəhrəmanın qarşısında yoxa çıxırlar. Əbülqasım Ağanın belə yoxa çıxması, obrazları təəccübləndirməsi epizodları nağıl və dastanlarımızda çoxdur. Əsərdə Harut-Marut kimi mələklərin xatırlanması obrazın müqəddəs keyfiyyətlərinin artırılmasına, əsərin bədii təsir gücünə yüksəldilməsinə xidmət etmiş olur. Harut və Marut kimi mələklər dini rəvayətlərə görə allahın qəzəbinə gəlmiş cadugər mələklərdir. Onların adlarının xatırlanması əsərin bədiiliyini artırır. Bir tərəfdən yaxşı insanları Allahın qoyduğu haqq yolundan ayırıb şeytan əməllərinə sövq edən cadugərlərə qarşı nifrəti artırır, o biri tərəfdən əsərin məzmun gözəlliyinə, bədiiliyinə rövnəq verir.
Folklor obraz və motivlərindən, süjetlərindən sənətkar yaratdığı əsərin həm bədii cəhətdən, həm mövzu, ideya cəhətdən, həm də kamil bir sənət əsəri kimi yaratmaq üçün bəhrələnir. Dünya ədəbiyyatına şah əsərlər bəxş etmiş Nizami, Füzuli, Cami və digər böyük sənətkarlar xalq ədəbiyyatından, onun süjet, obraz və motivlərindən yararlanmaqla kamil, öliməz sənət əsərləri yaratmışlar. Xəlqilik, bədiilik xalq ədəbiyyatı qaynaqları ilə qaynayıb qarışan, ilhamını xalq sənətindən almış əsərlərdə daha güclüdür. Xalqın adət-ənənələri, inam və etiqadları, mənəvi dəyərləri üstündə köklənən əsərlər sevilir, uzun ömürlü olur, yaratdığı sənətkarına da baş ucalığı gətirir. Əsər o zaman qüdrətli, dəyərli olur ki, bəşəri duyğuları özündə birləşdirsin, xalqın ruhunu oxşasın. Lap qədimdən xalqlar öz inam və etiqadlarını yaratdıqları əfsanə və əsatirlərdə yaşatmış və onu qoruyub saxlayaraq bu günümüzə qədər gətirib çıxarmışlar. Biz də bu mənəvi dəyərlər üstündə köklənmişik və yazıçılarımızın yaratdıqları əsərlərdə də bu mənəvi dəyərləri qiymətləndiririk.
Yazıçının qələmə aldığı əsərdə də Müqəddəs Məryəm Ana qurumuş Xurma ağacına söykənərkən dini mifologiyada olduğu kimi quru susuz səhrada Məryəmin yuxusuna girir və bu ağaca söykənən Məryəm "gördü ki, o səhra bozluğunda və sarısında yamyaşıl yarpaqlar açıldı, quru xurmanın budaqları yamyaşıl oldu və bu yaşıllıq günün altında gülümsədi. Sonra evlərinin qənşərindəki bulaq səhrədakı o tək xurma ağacının dibindən qaynadı" və bundan sonra Müqəddəs Məryəm ana İsanı dünyaya gətirmək üçün özündə sancılar hiss etdi. Yaşıllıq da, su da həyatverici qüvvə kimi ən qədim mifik inamlarımızın yaşartısıdır. Yazıçı bu folklor motivlərindən istifadə etməklə Məryəmin daxili aləmini, yaşıllıq kimi yaşatmaq eşqini, bulaq kimi saflığını, təmizliyini daha təsirli, daha qabarıq verməyə müvəffəq olur. Yaratdığı Məryəm obrazını dini mifologiyamızın Müqəddəs Məryəmi Ana obrazıyla qarşılaşdırmaqla onun kimi saf, təmiz, pak insanların hər zamanda olmasını bildirir. Ağaca totemist baxış ən qədim dövrlərə matriarxat (anaxanlıq) dövrünə aid olub, elə anaxanlıq dövrünün təsəvvürlərini də özündə yaşadır. Və yazıçı bu baxışlardan bəhrələnməklə yaratdığı əsərin daxilində bu inamları elə realist qələmlə işləyir ki, onu baş vermiş hadisələrin təsvirində əridir və oxucu eyni reallıqla bu hadisələri qəbul edir. Yazıçı mifik inamlara həqiqətin donunu geyindirməyi bacardığından bu inamlardan qəhrəmanlarının başına gələn hadisələri daha tə'sirli verməyə nail olduğundan yaratdığı obraz, yazdığı əsər yaddaqalandır. Məryəmdə Müqəddəs Məryəm saflığı var. O, yuxuda Müqəddəs Məryəmi görərkən eyni ilə onun yaşadığı həyatı yaşayır, çəkdiyi iztirabları çəkir və İsanı dünyaya gətirərkən necə sancılar keçirmişsə, "bu sancıları" Məryəm özündə hiss edir. Allah İsanı dünyaya gətirməklə insanlara bəslədiyi sevgisini bildirmişdir. Məryəmin qəlbinə saldığı Mahmud- Məhəmməd ümmətli bir gəncin sevgisində də bir ilahilik var və bəlkə də Məryəm bu sevgiyə hazırlanırdı. Məryəmin saflığında deməli Tanrıya yaxınlıq vardır. Tanrı saf insanları yaradarkən onların çəkdikləri əzablara da ortaq olur. Tanrının özünə də şeytan xislətli insan deyil, Məryəm kimi, Mahmud kimi saf insanlar daha yaxındır. Lakin bu insanlar yaşadığı cəmiyyətin ədalətsizlikləri, haqsızlıqları içərsində məhvə məhkumdur. Dünyada ancaq cənnət, bərabərlik, düzlük, bolluq saflıq istəyən Tanrı yuxuda Məryəmi Məsiha süfrəsinin kənarında o zaman otuzdurur ki, artıq o süfrə xeyrini-bərəkətini, bolluğunu itirib. O süfrəyə haram əllər çox uzanıb. Məsihanın süfrəsi dinə görə "allahın oğlu" İsa peyğəmbərin süfrəsidir. Dini mifologiyiya görə bu süfrənin üstündəki bütün yeməklər behiştdən göndərilmişdir. Bu süfrəyə qoyulan yeməklər qırx gün yeyilmiş, nə qədər yeyilmişsə də bir o qədər yenə də bollaşmış, süfrədən bu təamlar əskilməmişdir.
Məryəm isə bu süfrənin arxasında oturanda süfrəni boş görür. Sür-sümükdən, boş qablardan, çörək qırıntılarından başqa heç nə görmədiyi bu süfrənin kənarında onu otuzdurmaqla yazıçı gələcək hadisələrin təsvirinə zəmin hazırlayır. Məryəm həm də xaçpərəst qızı idi, dini İsa dini idi. Lakin İsa peyğəmbərin süfrəsində heç nə görmədi. Deməli, onun qismətində Məhəmməd ümməti Mahmud taleyi, müsəlman süfrəsi açılacaqdı. İsa peyğəmbərin süfrəsini də Tanrı behiştdən gələn təamlarla zənginləşdirir. Məryəm bu süfrədə oturub yemək istəyir, lakin boş görür, o oturmamalıydı, çünki onun yazısını, qismətini yazan Tanrı idi və yazıçı əsərində "Qur'an"dan gətirdiyi bir ayə ilə bunu yekunlaşdırmış olur: "Bizim başımıza ancaq o şey gəlir ki, onu allah bizim alnımıza yazıb" .
Bütün ömrünü xristian dininə bağlayan, onun xidmətində duran Baba Keşişin yeganə övladı "Məryəm, onun bu təmiz, bu saf Məryəmi, Müqədəs Məryəm ananı və İsanı yuxularda görən Məryəm, Müqəddəs Məryəm Ananın ağrılarını öz qarnında hiss edən Məryəm Məhəmməd hümmətinə könül bağlamaqda günahkar deyildi. Onu da, Mahmudu da bir tək olan Tanrı yaratmışdır. Yer üzündə yayılan dinlər ancaq insan səadətinə, istəyinə, insan zoşbəxtliyinə xidmət etməlidir, onu dərindən bilən, bu dinlərin ideologiyasına yaxından bələd olan hər kəs eləcə də Baba Keşiş əgər doğrudan da öz dinin yayıcısı idisə onu bütünlüklə bilməli, kor-koranə öz şəxsi istək-və arzularına uyğun hərəkət etməməli, onların məhvinə bais olmamalı idi. Müqəddəs Evə pənah apardığı zaman da Müqəddəs Qoca onu kor adlandırır və iki sevən gənci birbirindən ayırdığı üçün onu ordan qovur. Bununla belə yenə də Baba Keşiş öz şəxsi istəklərini üstün tutaraq əməllərindən əl çəkmir.
Yazıçının əsərlərində rəqəmlər də qəhrəmanların həyatında, taleyində mühüm rol oynayır. Azərbaycan folklorşünaslığında rəqəmlərə müqəddəs münasibətin kökləri qədimdir. Yazıçının əsərlərində də doqquz, qırx, yeddi, dörd rəqəmləri öz əksini tapıb və qəhrəmanların bu rəqəmlərə inamının da kökləri qədimdir. Xalq içərsində yaşayan bu inamlara "Mahmud və Məryəm" əsərində də rast gəlirik və onlar əsərin bədii təsir gücünün artırılmasına xidmət edir.
Ən qədim Azərbaycan adət-ənənələrində müqəddəs üçlüyə inam yaşayır. Məsələn ölüyə qüsl verilən yerdə üç gecə, üç gün şam yandırılır. Zərdüşt dininə görə üç gün, üç gecə ölünün ruhu tək qalır və onu himayəyə götürənə qədər ölü sahibi onu tək qoymur, onu fənalıqlardan qoruyur. Şər qüvvələrdən olan devlər bu üç gündə onları şər işlərə sövq etməyə çalışır, ancaq onlar işıqdan qorxduğu üçün ölü sahibi divlərin əlindən öz ölüsünü yuyulduğu yerdə yç gün şam yandırmaqla qoruya bilir. Dördüncü günə ədalətli günün üzə çıxarılacağı günə qədər ölüsünün ruhunu belə fənalıqdan qoruyur və istədiyi xeyri tapa bilir. Nağıllarımızda üç gün toy çaldırılır.
Yazıçının qəhrəmanlarının həyatında da üç rəqəmi müəyyən rol oynayır və bu qəhrəmanlar bu rəqəmin hökmünə inanırlar.
Qəmərbanu da "üç gün, üç gecə dalbadal Göyçə gölünün soyuq sularında" çiməndən sonra ona doqquz ildən sonra övladı olacağı bildirilir. Doğrudan da doqquz ildən sonra onların övladı Mahmud dünyaya gəlir.
Doqquz rəqəmi də xalq içərsində xeyirxahlıq, xoşbəxtlik rəmzidir. Folklor nümunələrində dünyaya gələcək uşaq doqquz ay, doqquz gün, doqquz dəqiqə tamam olanda dünyaya gəlir. Nağıl qəhrəmanlarının üzü doqquz gecəlik nurlu aya bənzədilir, doqquz dağ aşmaq, doqquz il qürbətdə qalıb, nəhayət öz ellərinə qovuşmaq haqqında çox rəvayətlər eşitmişik və bunların hamısında da doqquz rəqəminin ayağının uğurluğuna inam hissələrinin yaşadığını görürük. Yazıçını övlad həsrətiylə çırpınan qəhrəmanı Ziyad xana da bildirilir ki, "cəmi məxluqi-insanat doqquz aydan sonra doğur, sizinki doqquz ildən sonra doğacaq".
Doğrudan da, doqquz ildən sonra Ziyad xanın oğlu Mahmud dünyaya gəlir. Mahmud kimi ülvi, təmiz, nurlu, müqqəddəs duyğularla köklənmiş bir övlada qovuşmaq üçün bu uzaqlıq, əlçatmazlıq, eyni zamanda xoşbəxtlik doqquz rəqəmində öz əksini tapır və onun dünyaya gəlişində bu doqquz rəqəminin də öz əksini tapması dünyaya gələn körpənin gələcəkdə hadisələrin inkişafında nə kimi rol oynayacağını daha təsirli, bədii cəhətdən daha qüvvətli təsvir edilməsinə imkan yaradır. Doqquz rəqəmi nağıl diliylə boyananaraq təsvir edilir: " Doqquz il idi ki, Qəmərbanu ilə bir yastığa baş qoyurdular, doqquz il idi ki, təbib qalmamışdı-dərman istəmişdilər, ocaq qalmamışdı-əlac istəmişdilər, dərvişlərin verdikləri almaları iki bölüb yemişdilər, cəddi müqəddəslərin tüpürdüyü sularda çimmişdilər, sürü-sürü qoyunları, naxır-naxır heyvanları, karvan-karvan dəvələri qurban kəsib dünyanın ac-yalavacına paylamışdılar, amma heç nə hasil olmamışdı. İndi birdən-birə Ziyad xanın ürəyində bir ümid yarandı" .
Doqquz rəqəminə xalq içərsində yaşayan inam yazıçını qəhrəmanının da qəlbində ümid işığı yandırması xalq ədəbiyyatından, xalqdangəlmə motivlərdir.
Doqquz rəqəmi kimi dörd rəqəmi də folklordangəlmədir. Nağıl və dastanlarımızda, əfsanə və əsatirlərimizdə dörd yol ayrıcı, həyatın dörd ünsürdən ibrət olması, ilin dörd fəsilə bölünməsi və bütün bunlar dörd rəqəminin özündə yaşatdığı bütövlüyə inamın nəticəsidir.
Bildiyimiz kimi, dünyanın dörd tərəfi-şimal, cənub, qərb, şərqi, dörd istiqaməti, aşağı, yuxarı, sağı, solu, dörd fəsli -payızı, qışı, yazı, yayı, dünyanı yaradan dörd ünsürü-torpağı, suyu, havası, odu varır. Dörd rəqəmi həm də tamlıq, bütövlük rəmzi kimi götürülür. Keşiş baba Müqəddəs Evdən götürdüyü dörd düyməli gəlinlik paltarını qızı Məryəmə geyindirir. Xaçın dörd tərəfi olduğu kimi, bu tilsimli paltarın da dörd düyməsi var. Keşiş onu ancaq bir xristian qızı kimi dininə sədaqətli, bir dinə xidmət edən bütöv xaçpərəst kimi görmək istəyir. Onun ürəyindən Məhəmməd ümmətli Mahmudu çıxarmaq üçün onun ölümünə də razıdır, təki Baba keşiş ürəyində saxladığı din bütövlüyünün parçalanmasını görməsin.
Qırx rəqəmi də xalqın inamlarını özündə yaşadan müqəddəs rəqəmlərdən biridir. Qırx gün yas saxlamaq, qırx gün toy çaldırmaq, nağıllarımızda qırx bağlı qapını açmaq kimi məsələləri eşitmişik. "Koroğlu" dastanında dərya atlarını qırx gün qaranlıq yerdə saxlayırlar ki, gələcəkdə yenilməz qüdrətə malik olsun. Məlikməmmədə qırx gün toy çaldırılır. Ölən insanın ruhu qırx gündən sonra əzizlərindən, doğulduğu məkandan ayrılır.
Yazıçının qəhrəmanı Qəmərbanu da Əbülqasım ağanın dediyi kimi alma ağacındakı saralmaqda olan armudu qoparıb, diləyinin yerinə yetdiyinə görə "qırx qoyun kəsdirib Gəncənin bütün seyidlərinə paylatdı, qıx qoyun da kəsdirib məscidlərə göndərtdi, ac-yalavaclara paylatdı" .
Əsərdə ən maraqlı obrazlardan biri Sazlı Abdulla obrazıdır."Sazlı Abdulla o zamankı Gəncə hakimi Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmaqdan imtina etmiş, ona "Sənin sarayın qan çanağıdı və mənim sazımın simləri mən istəsəm də orada səslənməyəcək" demişdi. Buna görə də Sazlı Abdullanın boynunu vurdurmuşdu. Bu edam səhnəsinin özündə xalqdangəlmə motivlər güclüdür. "O zaman edam kötüyünün üstünə sərilmiş başsız cəsədin yanına düşüb qalmış saz birdən-birə öz-özünə dilə gəldi və dünyanın ən dərdli-ələmli nəğməsini çaldı."
El aşığının dərdli-dərdli çalan sazından göylər qara geyindi, günortanın yandırıcı istisi yoxa çıxdı, "göy kişnədi", bir leysan yağdı. O yağışın altında el aşığı Sazlı Abdullanın sazı da öz-özünə beləcə çaldı.
El aşığı həmişə xalqın xeyrində, şərində yaxından iştirak edən olmuşdu. Yazıçının Sazlı Abdulla ilə bağlı verdiyi hadisələrdə dastan motivləri güclüdür. Dastanlarımızda olduğu kimi burada da aşıq xalqın kədərini, sevincini nəğmələrində yaşadan Dədə Qorqüd misallı bir qüvvədir. Dastanlarımızda el aşığı, haqq aşığı toxunulmazdır, ona toxunan xeyir tapmır. Məsələn Qurbaninin öldürülməsini istəyən vəziri aşıq necə qarğıyırsa bir anın içində vəzirin xanimanı uçub başına tökülür, Öz hayına qalır, Qurbani yaddan çıxır. Deməli haqq aşıqlarında bir müqəddəslik vardır. Və bu müqəddəslik onun əlinə aldığı sazdadır. Qara Bəşir el aşığının başını vurdurur, lakin onun yanına düşüb qalmış sazı susdura bilmir.
Yazıçının yaratdığı Sazlı Abdulla Gəncədə yaşayan, elin-xeyir şərində həmişə başda olan, xalqının başına gətirilən müsibətləri öz gözələri ilə görüb qaniçən bir insanın toyunu çalmaqdan imtina edən bir el sənətkarıdır. Sazlı Abdulla obrazı xalq içərsində düz sözü, əməliylə tanınan xalqın başına gətirilən faciələrə dözməyən, tökülən nahaq qanlara göz yummağı bacarmayan elin dərdini öz dərdi bilən Dədə Qorqud timsallı el aşığıdır. Bu aşığın sazı ancaq insanlara səadət, xoşbəxtlik arzulayır. Ürəklərə könül rahatlığı istəyir. Onun Mahmudun pəncərəsi qarşısında Mahmuda görünməsində də bir ülvilik vardır. Qüdrətli bir sənət sahibinin Mahmuda arzuladığı ancaq səadət ola bilərdi. Onun sazı yaşatmaq eşqilə çalırdı. Mahmud ona görə də Sazlı Abdullanın "gözəgörünməz iplə göydən sallanmış" sazının dediklərini çox gözəl başa düşürdü, Çünki o özü də bu el aşığı kimi ancaq insan səadətinin, xoşbəxtliyinin, istəyicisi idi. Yaşamağa, yaratmağa çağırırdı: " bu başqa cür sazdı, bu saz başqa sözlər deyir. Bu saz o sözləri deyir ki, həmin sözləri yazda torpaq deyirdi, günəş deyirdi, ay işığı, ulduzlar deyirdi".
Elçinin əsərlərinin dili xalq danışıq dilinə yaxındır. Burada folklorumuzun ən nadir incilərindən olan bayatılar nəsrə çevrilmiş formada əsərə daxil edilmiş və bu şəkildə də əsərin bədiliyini artırmışdır. Obrazların dilindəki sadəlik, axıcılıq, şirinlik könül oxşayır. Xalq danışıqı üzərində köklənmiş obrazların dili bir daha bunu deməyə əsas verir ki, Elçinin əsərlərində xəlqilik güclüdür. Xalq ədəbiyyatına, xalq sənətinə hörmət və məhəbbətin ifadəsi Elçinin obrazlarının dilində yaşayır. Onun əsərinin dili axıcıl, sadədir. Xalq içərsində yayılmış bə'zi bayatılar oxşamalar, əzizləmələr onun qəhrəmanının dilindəki sözlərin şe'riyyətindədir. Qəmərbanunun oğluna baxan gözləri birinci dəfə idi ki, məzəmmət edirdi; hamını görən, anasını görməyən oğul, canım oğul, gözüm oğul, yaman yarası çıxarıb yaman bəlaya düşən oğul, bu vəfasız dünyada mən səndən ayrılmazdım, fələyin gücünü mənə göstərən oğul, demirsən qan olar?; yel əsər, fəqan olar?; bilmirsən bala gəzən yerlərə analar qurban olar?; niyə fələk elə elədi ki, deyə bilmədim ki, balamdı, xandı, xandı, bağçada quş qovandı, misri qılınc belində, vurmağa pəhləvandı və bu sözlər həmişəlik ürəyimdə qaldı mənim?
Qəmərbanu oğlunu belə oxşayanda yadımıza "Kitabi-Dədə Qorqud" dastanlarındakı ana obrazlarından Buğacın anası düşür. Onun çəkdiyi iztirablar Şöklü Məlik tərəfindən oğlu Uruzun ətindən qovurma edilməsi əmrini eşidən Boyu Uzun Burla xatunun iztirablarına bənzəyir:
Oğul, oğul. Ay oğul.
Dünlügi altun ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızımın-gəlinimün çiçəgi oğul!".
Xalq içərsində yayılmış bayatılardan
Ay gedər batan yerə
Mələklər yatan yerə.
Sinəmi nişan qoydum,
Yar oxun atan yerə
Və yaxud:
Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim,
Dindirmə qan ağlaram,
Yaman çağımdı mənim
kimi bayatılar ilk əvvəlllər hələ biçimlənməmiş, poetikləşməmişdi. Bu misralar qədim insanların qəlbindən, istəklərindən, çəkdiyi iztirablardan xəbər verirdi. Yazıçı sanki məhz o dövrdə hələ şer şəklinə düşməmiş halda deyilən ümuminsan kədərini, qüssəsini, həsrətini özündə yaşadan bu dərd qəm biçimli sözləri, misraları əsərinə daxil etməklə onun bədiiliyini, oynaqlığını artırmışdır:
"Məryəm hiss edirdi ki, atası otağın qaranlığında ona baxır. Yox Məryəm istəmirdi ki, Baba Keşiş bu dəm ona baxsın, yox, baxma, ata, çünki ay gedər batan yerə, ata, mələklər yatan yerə, ata, sinəmi nişan qoydum, ata, yar oxun atan yerə.
Baba Keşiş pıçıltı ilə qızını çağırdı:
-Məryəm...
Məryəm cavab vermədi. Məryəm ürəyində yalvardı Baba keşişə, dağlar dağımdı mənim, ata, dedi, qəm oylağımdı mənim, dindirmə, ata, qan ağlaram, yaman çağımdı mənim" . Qəhrəmanın ürək çırpıntıları ilə səsləşən bu sözlər sanki xalq içərsində geniş yayılmış
Ay gedər batan yerə,
Mələklər yatan yerə.
Sinəmi nişan qoydum,
Yar oxun atan yerə
məzmunlu bayatı deyildir, elə məhz Məryəmin könül çırpıntılarıdır, Məryəmin ahı-naləsidir.
Və yaxud:
Övlada məhəbbəti özündə əks etdirən əzizləmələrdən biri yazıçının əsərində poetik boyalarla verilir:" Özü uşaq olanda eşitdiyi sözlər birdən-birə Qəmərbanunun yadına düşdü: bala dadı bal dadı, bala adam aldadır, şirini şirin olur, acısı da bal dadır".
Yazıçı yuxarıda göstərdiyimiz bayatılardan,
Bala dadı, bal dadı,
Bala adam aldadı.
Şirin şirin olur,
Acısı da bal dadı.
kimi əzizləmələrdən nəsr şəklində bəhrələnməklə qəhrəmanını daxili iztirablarını, qəm və sevincini, dərdini, ürəyində gəzdirdiyi qüssəni, yar həsrətini daha emosional, daha tə'sirli verməyə nail olmuşdur.
Folklor nümunələrinin müxtəlif janrlarından istifadə yazıçıya qələmə aldığı dövrün həyat hadisələrinin bədii ifadəsini dolğun şəkildə vermək üçün dəyərli bir vasitə idi. O ana məhəbbətini, onun arzu və istəklərini, övlad yolunda çəkdiyi narahatçılıqları nəsr dilində elə sadə, obrazlı şəkildə ifadə edir ki, oxucu uzun müddət o ananın obrazını unuda bilmir.
Qəhrəmanın dilindəki bu sözlər folklor abı havası üstündə köklənmişdir. Bu köklənmədə bir sadəlik, güclü təbiilik, bədii gözəllik vardır. Bu könül çırpıntıları milyonlarla arzusu, sevgisi, istəyi gözündə qalmış məryəmlərin sinəsində yaşatdığı bayatılarda yaşayır:

Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Dindirmə qan ağlaram,
Yaman çağımdı mənim.
Və yaxud:
"Ceyranın içindən bir nalə qopdu: yol verməyin başı dumanlı dağlar! Gər əcəlim gəlsə ölləm, məzar qazanım getmiş, zalım fələk neylədi? Xəncər kimi bağrım başı teylədi: həkim yox, loğman yox, dərdimi qana, əriyibdi bağrım dönübdü qana, az qalıram odlanam, az qalıram yanam, od tutub bədənim, ağlaram; zalım dünya. Yudum dolbəndimi bəyaz eylədim. Sildim könlümün pasını ayaz eylədim. Qanlı fələyə niyaz eylədim, bəs nə oldu?; fələk mənə verdi çoxlu cəfa, hey!
Bayatılar xalq içərsində geniş yayılmış ən qədim folklor nümunələridir. Onlarda zəngin məna, bədii kolorit, emosional dolğunluq, lirizm vardır. Dörd misralı bu dərin mənalı sənət nümunələrində xalq məhəbbəti, vətən sevgisi, el-oba həsrəti, torpağa, əməyə vurğunluq, sevgidə sədaqət, əhdə vəfa, övlad məhəbbəti, fəlsəfi fikirlər, kamil düşüncələr yaşayır və bu onu yaradan xalqın zəngin mənəviyyatından xəbər verir. Yazılı ədəbiyyat məhz belə dəyərli sənət nümunələri üstündə kökləndiyindən, bəşəri duyğuları özündə yaşatdığından sevilir, qiymətləndirilir, qorunur:
Su gələr axar gedər,
Qayalar yıxar gedər.
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər
-məzmunlu bayatını yazıçı əsərin daxilində, qəhrəmanın sözləri içərsində əridir, onun arzu və istəklərini bu xalq sənətindən götürülmüş sənət qaş-daşıyla bəzəyir, bayatıda yaşayan axirət, dünya, ölüm, olum kimi fəlsəfi fikirlərdən yararlanmaqla əsərinə bədiilik, rövnəqliq verir:
"Əlbəttə Ziyad xan bütün vilayətin xəfiyyəsini ayağa qaldıracıqdı…, qoymayacaqdı Mahmudun başından bir tük əskik olsun, amma Mahmudun ki, gözlərini bağlaya bilməyəcəkdi və Mahmud bu dünyanı olduğu kimi görəcəkdi. Ziyad xanın ürəyinə bir xof düşmüşdü ki, Mahmud gördüklərinə dözə bilməsin, çünki Mahmud bu dünyanın əsl üzünü görüb dözməyə hazır deyildi, amma nə etmək olardı, su gələr, axar gedər, qayalar yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər" .
Yazıçı əsərində atalar sözlərindən də istifadə etməklə əsərinin bədii tə'sir gücünü artırmışdı. O, bu atalar sözlərini babalardan qalan miras kimi qəhrəmanın diliylə vermir və çox maraqlı haldır ki, sənətkarlar adətən atalar sözü və məsəllərdən istifadə edərkən əksər vaxtı "Atalar demişdir", "Məsəl var deyərlər" şəklindən istifadə etməklə istifadə edirlər. Yazıçı isə "babalardan belə bir miras qalmışdı ki, igid odu tə'nə oxun atmaya, halal mayasına haram qatmaya və bir oğul ki, ata sözünü tutmaya, o oğulda qeyrət, namus, ar olmaz" şəklində oxucuya çatdırır.
Və yaxud:
"Niyə yoxlayırdı? Sən də yıxıl yat bir tərəfdə, gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdı, yat bədbəxt Sofi, yat, miskin Sofi. Yat" (153.) şəklində oxucuya çatdırır.
Dəllək çarə bilsə öz başına eylər" ,
Niyyətin hara, mənzilin ora ,
və digər atalar sözləri və məsəllər əsərin bədii dəyərini artırır. Onun əsərlərinə daxil etdiyi atalar sözləri və məsəllər yazıçının sözləri içərsində əriyir, məsəlliyini itirir, obrazın öz sözünə çevrilərək əsərin bədii dəyərini artırmış olur və bu da sənətkarın folklor nümunələrinə yaradıcı yanaşmasının nəticəsi kimi sənətkarlıq baxımından qiymətləndirilməlidir.
Əsərdə Mahmudun səfalət içərsində qalan insanların bir anlıq qəmini-dərdini dağıtmaq üçün söylədiyi əhvalata nəzər salaq: "Ova çıxdım bir gün. Qabağımdan bir dovşan qaçdı, ayaqları yox idi.
Camaat bərkdən gülüşdü:
-Yay götürmüşdüm. Ox götürməmişdim. Oxu atdım, dovşanı yerə sərdim!
Camaat daha da bərkdən gülüşdü:
-Tiyəsi yox bıçağım var idi, cibimdən çıxartdım, dovşanı soydum.
Muxtar Bədheybət:
-Canım ay dovşan-deyib gülməkdən ayaq üstə dayana bilmədi…
-Altıyox bir qazan tapdım. Dovşanın ətini altıyox qazanda qovurdum.
Mahmud uğunub gedən bu adamlara baxa-baxa, ağlaya-ağlaya danışırdı
-Yeddi min yeddi yüz yetmiş yeddi ovçu dostumu çağırdım gəldi, hamımız yedik, hələ artıq da qaldı!…
Camaat gülməkdən dayana bilmirdi:
-Sonra nə oldu?
-Artığını bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi. Bu xoruza mindik, düzəldik yola…Qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan, palanı sökdük, içindən".
Bu əhvalat xalq içərsində ən geniş yayılmış "Hadı, Hudu, Kor oğlu Kosa, bir də mən" qaravəllilisi ilə səsləşir. Qaravəllilər xalq ədəbiyyatında yalanlar da adlanır. Azad Nəbiyev "yalanlarda olmamış və ya olması nəql edilən şəkildə mümkün olmayan hadisələrin söylənil"diyini bildirir və yazır ki" Ziddiyyətlərin, hadisələrin, faktların mümkünlüyü və təzadların qarşılaşdırılması, mümkün olmayan həyat faktını yalan donuna salıb həqiqət kimi təqdim etmək bu kiçik janrın başlıca tələb və xüsüsiyyətlərindəndir" .
Yazıçı da bu qaravəllilərdən birinin süjetindən istifadə etməsi hadisələrin açılmasına kömək etməklə yanaşı, əsərini xalqdangəlmə motivlərlə, fikir və ideyalarla zənginləşdirmiş olur. Bu isə yazıçının əsərinə xalq ruhu aşılamış olur. O, xalq yaradıcılığının, xalqın milli-mənəvi xəzinəsinin belə zənginliyindən yararlanmaqla süjetin mövzu dairəsini də genişləndirmiş olur, qələmə aldığı dövrün hadisələrini bədiilik üstündə kökləmiş olur. Xalq yaradıcılığından gələn bu motivlər əsərin məzmunu ilə elə qaynayıb-qarışır ki, əsərinin ruhuna hopmuş olur. Xalq yaradıcılığında yumor üstündə köklənmiş bu folklor nümunəsi xalqın çəkdiyi iztirabların, faciələrin mahiyyətini açıb göstərməyə xidmət edir. "Hadıydı, Huduydu, Kor oğlu Kosa idi, bir də mən. Ova çıxmışdıq. Qabağımızdan bir dovşan qaçırdı.
Hadıya dedim:
-Tüfəngin var?
Huduya dndim:
-Tüfəngin var?
Kor oğlu Kosaya dedim:
-Tüfəngin var?
Heç kimin tüfəngi olmadı. Özüm çaxmağıyox tüfəngi çiynimdən aşırdım. Hadıya dedim:
-Ata bilərsən?
Huduya dedim:
-Ata bilərsən?
Kor oğlu Kosaya dedim:
-Ata bilərsən?
Heç biri ata bilmədi. Özüm çaxmağıyox tüfənglə dovşanı yerə sərdim.
Hadıya dedim:
-Dovşanı soy….
Huduya dedim:
-Dovşanı soy.
Kor oğlu Kosaya dedim:
-Dovşanı soy.
Heç biri soymadı. Soymaq üçün bıçaq gərək idi.
Hadıya dedim:
-Bıçağın var?
Huduya dedim:
-Bıçağın var?…
Heç birində bıçaq olmadı. Özüm tiyəsiz bıçağın sapını cibimdən çıxartdım, dovşanı soydum. Hadıya dedim:
-Qazanın var?…
Heç birinin qazanı olmadı. Özüm altıyox bir qazan tapdım. Hadıya dedim:
-Bişirə bilərsən?…
Heç biri bişirə bilmədi. Özüm altıyox qazanda dovşanın ətini qovurdum. Hamımız yedik, doyduq, hələ artıq da qaldı. Artığını da bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi. Bu xoruzu mindik, yola düzəldik, qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan, palanı sökdük. İçindən bir kitab çıxdı. Oxuduq. Könlümüz açıldı.
Əsərin dili xalq ədəbiyyatının dili kimi sadə, rəvan, axıcıldır. Burada nağıllarda istifadə olunan "dərələrdən sel kimi, təpələrdən yel kimi", "qaşlar qaradı, gözlər şəvə kimidi, burun hind fındığı, sinə səmərqənd kağızıdı" , "hamını görən, anasını görməyən oğul, canım oğul, gözüm oğul, yaman yarası çıxarıb yaman bəlaya düşən oğul, bu vəfasız dünyada mən səndən ayrılmazdım, fələyin gücünü mənə göstərən oğul, demirsən qan olar?; yel əsər fəğan olar?; bilmirsən balalar gəzən yerə analar qurban olar, niyə fələk elə elədi ki, deyə bilmədim ki. balamdı, xandı, xandı, bağçada quş qovandı, misri qılınc belində, vurmağa pəhləvandı", "bəs bilmirdin ətdən olan divara etibar yoxdur? Bilmirdin ki, biz oyuncağıq, fələk oyunbaz, "fələk biçinçidi, bu dünya zəmi və biçilən zəmidən mürğzar olmaz", dünya bir bostandır pozular gedər, "Doqquz ildən sonra fələk məni bağa bağban elədi, bağban ağlar, gül ağlar", "kimi ifadələr əsərin bədiiliyini artırır, dilini canlı danışıq-xalq danışıq dilinə yaxınlaşdırır. Yazıçının yazılı nəsr dilinin dastan, aşıq, ozan dilinə yaxınlığı əsərin bədii gözəlliyini artırır. Bədii dil, üslub gözəlliyi, məna tutumu güclü olan əsərləri xalq sevir. Dil sadəliyi, təbiiliyi yaranan yeni sənət əsərinin şirinliyinə, məna gözəlliyinə xidmət edir. Nəsrlə yazılmış bu əsər ədəbi dillə canlı danışıq dili arasındakı məna fərqini özündə azaldır. Elçinin əsərinin dilindəki bu sadəlik həm də cazibədardır, fikir dolğunluğu, məna bitkinliyi kifayət qədərdir. Oxuduqda insanı zövqünü oxşayır. Folklor nümunələrinin zəngin mənbələrindən məharətlə istifadə etməklə fikrini obrazlı deməyə müvəffəq olur. O bu əsərində bədii ifadə vasitələrindən, xitablardan, mübaliğələrdən, atalar sözü və məsəllərdən bacarıqla, ustalıqla istifadə etmişdir. Əsərin dilində dastanlardan gəlmə bir şirinlik, sadəlik vardır. Məsələn, " fələk nədi Mirzə Salman, mənim xatam, nə mə'lulam, nə də şadam, Gündüz mənə axşam oldu, daha yoxdu sağlığıma güman hey!(58) kimi kiçik bir ifadədə ən incə mətləblərə toxunulur. Müəllifin obrazın dili ilə deyim tərzi xalq ədəbiyyatı tərzində deyimlə birləşir.
Yazıçı əsərində bir sıra bədii ifadə vasitələrdən, təşbehlərdən, idiomatik ifadələrdən istifadə etməklə əsərin daha oxunaqlı, daha axıcıl, dilinin daha rəvan olmasına nail olmuşdur. Əsərin dili "yastığı qan ağlamaq", "yorğanı yasda qalmaq", "dərdinə göylər ağlamaq", "gözlərindən qan tökülmək", "qan iyi gəlmək", "ürəyindən qara qanlar axmaq", "göy bağlayıb, qara sarınmaq" kimi ifadələrlə zəngindir.
Xalq içərsində "qaş qaralanda", "axşam düşəndə" ifadələrinin əvəzinə yazıçı xalq içərsində deyilən "itin qurddan seçilməyən vaxt" IFADƏSINI IŞLƏTMƏKLƏ ƏSƏRININ DILINI ZƏNGINLƏŞDIRIR.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah