Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

MIKAYIL MÜŞFIQIN ÜÇ CILDLIK ƏSƏRLƏRININ LATIN ƏLIFBASIYLA YENI NƏŞRI

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiq müasir Azərbaycan poeziyasının inkişafında mühüm rolu olan sənətkarımızdır. Bu yaxınlarda Gülhüseyn Hüseynoğlunun tərtibfnsylf Mikayıl Müşfiqin üç cildlik əsərləri latın əlifbasıyla yenidən, nəfis şəkildə çapdan çıxmışdır.
Mikayıl Müşfiq yaradıcılığının yenidən nəşrinə gərgin əmək sərf edən qələm sahibi Gülhüseyn Hüseynoğlu orijinal dəsti-xətti olan sənətkardır. Müşfiq taleyinin, Müşfiq dərdlərinin, ağrı-acılarını, həyatının bir sıra məqamlarını yaşamış insandır. O da bir zamanlar Stalinizm siyasətinin dəhşətlərini yaşamış, həbsxanaya atılmış, bəşəri fikirlərlə, amallarla yazıb yaradan Mikayıl Müşfiq kimi ölümə məhkum edilmiş, lakin Stalinin "humanizm"i sayəsində SSRİ-də güllələnmə cəzası müvəqqəti ləğv olunduğundan, iyirmi beş illik həbs cəzası almış təsadüfi sağ qalanlardan, "baxtı" gətirənlərdəndir. Rus imperiyasının siyasətinə qarşı çıxan, Azərbaycanın milli-müstəqilliyini istəyən, dilimizin dövlət dili kimi həyatımızın hər sahəsində möhkəmlənməsini arzulayan, bu sahədə mübarizə dolu yazıları ilə tanınan Gülhüseyn Hüseynoğlu M. Müşfiq, Ə. Cavad, H. Cavid və yüzlərlə digər şair və ədiblərimizin ictimai-siyasi baxışlarına görə təqib olunması, sürgünlərə göndərilməsi, güllələnməsi onların qəlbindəki azadlıq atəşini söndürə bilməzdi. Onlar xalqına, vətəninə bağlı sənətkarlardır. Az yaşadığı ömürdə elə əsərlər yazıb qoyub getmişdir ki, onların kiçik bir hekayəsi, balaca bir şeri xalqı azadlığa, istiqlaliyyətə çağırışdır. Hər biri millət, vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və adların çəkmədiyim neçə-neçə ədib və sənətkarlarımızın çox zəngin yaradıcılığı vardır. Onlar özlərinin şəxsi həyatlarını unudaraq xalqı düşünənlərdir. Onların öz amalları, öz yolları vardır. O yol yalanlardan, şöhrətdən uzaq yoldur. Onlar öz əsərlərində ancaq millətini düşünənlər, onu sevənlər, onun gələcəyi üçün narahatçılıq keçirənlərdir. G. Hüseynoğlu onların əqidələrinə dərindən bələd idi. Buna görə də o zamanın od-alovunda cismən əriyib, bişib, mənən polad kimi möhkəmlənmiş, dərin məzmunlu, xalqının istək və arzularını, sevinc və kədərini fədakar qəhrəmanının yüksək nəcib insanlıq keyfiyyətlərini özündə əks etdirən hekayələr, mənsur şerlər, novelllalar, povestlər yazmaqla bərabər, Azərbaycan ədəbiyyatının inkişafına yorulmadan çalışan, onun xoşbəxt gələcəyi naminə yazıb-yaradan, milli vətənpərvərlik duyğularının, amallarının qurbanı olanları da unutmayaraq, onların yorulmaz tədqiqatçısı olmuş, əsərlərini tərtib edərək nəşr etdirmiş, "Müşfiq" kimi samballı elmi monoqrafiyasını, " Mikayıl Müşfiqin yaradıcılıq yolu" dissertasiyasını yazmış, onun yaradıcılığından bəhs edən ilk dərs vəsaitinin müəllifi olmuş, bu günə qədər onun yaradıcılığına, sənətinə pərəstiş edən, onun vurğunu olan musfiqşünas kimi ədəbiyyat aləmimizdə tanınmaqdadır.
Tərtib etdiyi bu üç cildlik Müşfiq dünyasını özündə əks etdirən Gülhüseyn Hüseynoğlu kimi işinə məsul bir şəxsiyyətin əlindən çıxan, bədii tərtibatca gözəl kitablardır.
Kitaba yazdığı müqəddimə də Müşfiqin sənətkarlıq məharətinə məhəbbətinin canlı ifadəsidir: " M. Müşfiq itkisi xalq üçün ağırdan ağırdır. O, bizi həmişə yandırıb, yandırır, yandıracaq! Yeganə təsəllimiz şairin qoyub getdiyi və xalqımızın göz bəbəyi kimi qoruduğu zəngin ədəbi irsi olub həmişə".
Müqəddimədə verilən bu sözlər G. Hüseynoğlunun Müşfiq şəxsiyyətinə, sənətinə olan dərin məhəbbətinin yanğılı ifadəsidir. Şair bu müqəddimədə bir çox mətləblərə aydınlıq gətirir. Müşfiqi istəməyənlərin ocağını daha da alovlandıran bir sıra qələm sahiblərinin Müşfiq haqqında bir-birinə təzad təşkil edən fikirlərinə həm təəssüf, həm də qəzəblə yanaşır.
Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında qısa da olsa məlumat verir, onun tələbəlik illərindən, müəllimlik fəaliyyətindən, ilk kitabı "Küləklər"dən, ondan sonra yazdığı əsərlərdən, bədii tərcümə sahəsindəki uğurlarından danışır."lirika ustası" adlandırdığı şairin şerlərindəki lirik tutumu, poetik zənginliyi, məna dərinliyini, mövzu rəngarəngliyini, belə yüksək keyfiyyətlərin onun lirik əsərlərində, eləcə də epik-lirik, lirik poemalarında da mövcudluğunu araşdırır, təhlilini verir.
"Azadlıq dastanı"ndakı azadlığa, müstəqilliyə olan sonsuz sevgini şairin poemalarından gətirdiyi bəzi misralar üzərində dayanmaqla dəyərini, bədii cəhətdən təsirliliyini, mənalılığını, uşaqlar üçün yazdığı şerlərin ahəngdarlığını, şerlərindəki musiqi tutumunu açıqlayır
Əməyə, zəhmətə, torpağa bağlı M. Müşfiqin bu mövzudakı şerlərindən nümunələr gətirməklə fikrini bu sözlərlə yekunlaşdırır: "Əmək mövzusu demək olar ki, geninə-boluna onun poeziyasında öz əksini tapmışdır. Əməklə yanaşı, M. Müşfiq insanın böyüklüyünü, milli-musiqi alətlərimizin göz bəbəyi kimi qorunması, qaynar gənclik və onun düzgün tərbiyə olunması, vətən və onun tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı, vətəndaşlığı, aqibəti, maarif, təmiz, saf məhəbbətin ülviliyi və s. məsələlər haqqında tutarlı poetik sözünü demişdir".
Mikayıl Müşfiqin şifahi xalq ədəbiyyatına, eləcə də klassik ədəbiyyatımıza bəslədiyi sonsuz məhəbbət, onların yaxşı ənənələrindən sənətkarın bəhrələnməsi şairin bir sənətkar kimi sələflərinə hörmət prinsipləri üzərində kökləndiyi söylənilir. Müşfiq şerinin qayəsi olan, yazıçının özünün dediyi kimi "ədəbiyyatın, sənətin bitib-tükənməyən, tükənməyəcək, əzəli və əbədi mövzusunda, sənətkarların bütün zamanlarda, dönə-dönə müraciət etdikləri bəşəri mövzu, məhəbbət mövzusu M. Müşfiq qələmində başqə aləmdir. Bu mövzuda yazılan şeirləri ən nadir incilər kimi yüksək qiymətləndirilir. Və söylənilir ki, "Məhəbbətin sehri, ucalığı, sevdanın sərin atəşliliyi, ümid qapılarına dikilən baxışlar, sevən gəncin ürəyini dərindən tutub qoparan sevgilisinin gül əllərindən ərkyana giley-güzarı, şikayəti, "hicran ümidinə" qalmaq, hicrandan nicat gözləmək, qısqanclığın qəlbi yaxıb-yandırması,qəlbdə fırtınalar qopması, məhəbbətin neçə-neçə çaları, rəngi, acısı, şirini öz ifadəsini tapmamışdırmı?!
Gülhüseyn Hüseynoğlu Müşfiq yaradıcılığını bu formada tədqiq edir. Başdan-başa Müşfiq sənətinə, yaradıcılığına sonsuz hörmət və məhəbbətini ifadə edən yazıçı bir sinədə iki şair dünyasını yaşadır; birində öz lirik duyğularını, təsvir dünyasını G. Hüseynoğlu qələmində, digərini isə yarımçıq ömründə bütöv bir şair ömrünü tamamlayaraq, poeziyamızın möhkəm təməlini quraraq, poeziyaya yüksək bəşəri ideyaları gətirməklə ölməz sənət əsərləri yaradıb zəmanəsinin ən klassik sənətkarı kimi tanınıb sevilən, oxunan, öyrənilən Müşfiq dünyasının qoruyucusu, keşikçisi kimi.
Gülhüseyn Hüseynoğlu 80 illik ömrünün bir hissəsini Müşfiq sənətinə, yaradıcılığının təbliğinə, tədqiqinə, öyrənilməsinə həsr edib. Xoşbəxt sənətkarın bir ömürdə iki sənətkar dünyasını yaşatması sənətkardan çox, o sənətkarın mənsub olduğu xalqın ədəbiyyatının qüdrəti deməkdir. Sənətkar öz milli dəyərləri üzərində kökləməklə, ona hörmət və sədaqət prinsipləri üzərində fəaliyyət göstərməklə ədəbiyyatının dünəninə, bu gününə, sabahına, gələcəyinə xidmət etmiş olur. Müşfiqin bu misraları sənətkarlıq, sənət məsələlərində hər vaxt, hər zaman üçün müasirdir:
Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!
İlhamsız, sönük yazılan şerlər, onların müəllifləri "cızmaqaraçılar haqqında" yerində deyilmiş sözlər ədəbiyyatımızın zəngin gələcəyini qurmaq üçün hər zamanda, hər dövranda yerində deyilmiş sözlərdir.
Müşfiq haqqında tədqiqatçının dediyi bu sözlərə həmişə şərikik: " həmişə müasirdi Müşfiq poeziyası. Həmişə də qəlbləri ümidli bir işıqla doldurur, dolduracaq bu poeziya".
Mikayıl Müşfiqin üç cildliyinə daxil edilən əsərləri zəngin poetik tutuma, sənətkarlıq qüdrətinə malik olub, hər vaxt, hər zamanda necə sevilibsə, bundan sonra da seviləcək.
Azərbaycan ədəbiyyatında mənsur şeirin banisi, Mikayıl Müşfiq yaradıcılığının yorulmaz tədqiqatçısı, sevimli ədib Gülhüseyn Hüseynoğlunun əsərləri oxucunu necə düşündürübsə, yaratdığı sənət əsərləri ilə zövqləri necə oxşayıbsa, öz yazıçı ideyalarını, təxəyyülünü vətənə, xalqa sevgi üzərində necə kökləyibsə, Müşfiq sənətinə də belə doğmalıqla yanaşıb, özününkü kimi onu sevib, qoruyub, oxucu kütləsinə çatdırıb, ədəbiyyat, sənət aləmində öz fəxri kürsüsündə əbədilik qalması üçün tədqiq edib, sənət-ədəbiyyat-sənətkar nöqteyi-nəzərindən dərin elmi təhlilini, ədəbiyyat aləmində şəxsiyyətini təsdiq edən pasport verib:" Mikayıl Müşfiq Azərbaycan poeziyasının klassikidir. Bu poeziyanı onsuz təsəvvür etmək olmur heç" (Gülhüseyn Hüseynoğlu).

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah