Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Oğuz rayonundakı türkmənşəli toponimlər

Oğuz türkləri türk dünyasının çox böyük hissəsini təşkil edir. Onların tarixi çox qədimdir. Oğuz tayfaları, onların adlarıyla bağlı yer adları, toponimlər üstündən min illər keçsə də bu gün də yaşamaqdadır.
Qədim tarixə, böyük mədəniyyətə malik olan III-IV əsrlərdə Albaniyanın ən böyük vilayətləri olan Şəki-Qəbələ arasındakı ərazidə yerləşən Oğuz rayonu tarixin kəşməkeşli dövrlərini yaşamışdır.
Görkəmli tarixçimiz, həmyerlimiz İsrafil İsmayılov yazır ki, " Eramızdan əvvəl I əsrdə yaşamış, 17 kitabdan ibarət "Coğrafiya" əsərinin müəlifi, yunan tarixçisi Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar vermiş və göstərmişdir ki, indiki Şəki-Zaqatala zonası (Oğuz da bu bölgəyə daxildir, müəllifdən.) 20-25 əsr ondan əvvəl (deməli, 4500 il bundan əvvəl) abad və əhalisi sıx olan yaşayış yerləri olmuşdur. (1-4).
Qədim tayfa və birliklərin adları bu yerlərdə indi də qalmaqdadır. Hələ XI əsrdə Mahmud Kaşğarlı yazdığı "Livani-lüğəti-t-türk" əsərində Oğuz türklərinin gücündən, qüdrətindən bəhs edir və onların daha güclü boy olduğunu bildirirdi. Bu boyların hər birinin öz adı vardır və bu da göstərir ki, oğuz türkləri uzun əsrlər boyu öz tayfa adlarını qoruyub saxlamışlar. "İç ok" (İç Oğuz) və "Boz ok" (Taş Oğuz) deyilən iki qola ayrılaraq onların bir hissəsi dağətəyi, dağlıq ərazilərdə məskunlaşmışlar. Türklərin ən çox məskunlaşdığı Böyük Qafqaz dağlarının ətəklərində bir çox yer adları, yaşayış məskənləri bu yerlərdə ilk öncədən məskunlaşmış tayfa və birliklərin adlarını özündə yaşadır. Belə ki, Oğuz rayonunun ərazisində Daş üz adıyla tanınan yerdə 1953-1956-cı illərdə arxeoloji qazıntılar aparılmış, bir zamanlar buraların böyük bir yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Əraziyə yaxın yerlərdəki Qazan xan qalası, Vardan türbəsi və digər qala və qəsrlərin adları bir çox tarixi həqiqətlərin yenidən araşdırılması üçün gərəkli, dəyərli, elmi axtarışların, araşdırılmaların dərindən aparılmasınının vaxtının çatdığından xəbər verir. Təsadüfi deyil ki, əslən elə Oğuzda dünyaya göz açmış, bu yerlərin tarixinə dərindən bələd olan çox görkəmli arxeoloq-tarixçi alim Saleh Qazıyevin başçılığı altındakı ekspedisiya burada apardığı qazıntı işləri zamanı Daşüz və ona yaxın ərazidə apardığı tədqiqat işləri ilə, əldə etdiyi nəticələrə görə alimlərə-dilçilərə, tarixçilərə, etnoloqlara dəyərli, elmi yeniliklər bəxş etmişdir. Tədqiqatlar zamanı əldə edilmiş maraqlı, zəngin məlumatlar yer altından çıxan müxtəlif bəzək əşyaları, qab-qacaqlar, əmək alətləri, xüsusilə, Kərimli (keçmiş adı Vardanlı) və Qarabaldır kəndləri arasındakı qəbirstanlıqda aparılan tədqiqat işləri bir çox qaranlıq qalmış məsələlərin aşkarlanmasına, aydınlaşdırılmasına imkan yaradır. Min illərdən öncə bura gəlib məskən salmış saklar, skiflər, udilər, utilər və digər tayfaların soykökündə türkdilli tayfaların durduğu, burada lap qədimdən məskən saldığı sirr deyil.
Türk dillərinin, türk xalqlarının tarixinin, mədəniyyətinin araşdırıcısı Elməddin Əlibəyzadənin "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)" kitabında təxminən 8-10 min illik bir dövr tədqiq olunur, burada mənəviyyat tariximizin ilkin qaynaqları öyrənilir. Kitabda tarixi həqiqətlərin təsdiqi naminə 22 şəkil, kitabə, xəritə, sxem və yazı nümunələri verilir və bildirir ki, «mən Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm!!!»
Tədqiqatçının adlarını çəkdiyi bu tayfalar, bu yerlərdə məskunlaşmış, qaynayıb-qarışmış, çarpazlaşmış Azərbaycan xalqının, millətinin formalaşmasında həlledici rol oynamışdır. Sonralar bu yerlərə axışıb gəlmiş digər türk tayfaları yerli tayfalarla qaynayıb-qarışmışlar. Azərbaycan xalqının soykökündə duran bu tayfaların adlarıyla bağlı yer adları bu gün də Oğuz rayonunun ərazisində qalmaqdadır.
Mahmud Kaşğarlının öz əsərində adlarını çəkdiyi "Qınıq"lar, "Qaığ"lar, "Bayandur"lar, "İvfa"lar və ya "Yelfa"lar, "Salğur"lar, "Əfşar"lar, "Bəğti"lər, "Bəkdüz"lər, «Bayatı"lar, "Eymür"lər, "Qarabölük"lər, "Alqabölük"lər, "İkdir"lər, "Ürəgir"lər, "Tuturca"lar, "Tükər"lər, "Beçenek"lər, "Çuvaldar"lar, "Çəpki"lər, "Çarluq"lar Oğuz tayfalarıdır, boylarıdır. Bu boylar ən qədim və ən cəngavər türk tayfaları əsasında formalaşmışlar. Oğuz rayonunun ərazisində məskunlaşmış Bayat, Alpout, Quqarlar, Xələc və digər tayfaların oğuz tayfaları olduğunu bildirən tarixçimiz fikirlərində haqlıdır. Bu boylarla bağlı buradakı yer adları türk cəngavərlərinin, qəhrəmanlarının adlarını daşıyır. Məsələn, Vardanlı kəndinin adı tarixdə adı məşhur olan, soykökümüzün əsasında duran tayfa və qəbilələrin ilk dövləti olan Albaniya dövlətinin tarixi şəxsiyyətlərindən birinin adı ilə adlandığı şübhə doğurmur. Musa Kalankatuklunun "Albaniya tarixi" əsərinə əl gəzdirib "özününküləşdirmək" siyasəti yeridən ermənilərin fırıldaqçı tarixçilərinin, din xadimlərinin yalançı yazılarına baxmayaraq bu kitabda bir çox tarixi həqiqətlər yaşamış və bu günümüzə gəlib çatmışdır. Erməni sərkərdəsi kimi qələmə verilən Vardan Cəsur Vardan olub, bir zaman Alban dövlətinin möhkəmlənməsində mühüm rol oynayan, əski türk tayfalarına yaxın olan hunlarla əlaqələr yaradan, onların alban dövlətinin ərazisinə gəlməsind , buradakı yerli türk tayfalarla qaynayıb-qarışmasında mühüm rol oynayan əski soykökümüzə mənsub tarixi bir şəxsiyyət kimi qiymətləndirilməsi həqiqətdir. Kəndin ərazisində indi də qalmaqda olan "Vardan türbəsi" adlanan abidələrdən biri bu adla bağlı bəzi məsələlərə aydınlıq gətirmək baxımından qiymətlidir. Döyüşkənlik, cəsurluq, yenilməzlik Cəsur Vardana- bir türk oğluna məxsus keyfiyyətlərdir. "Albaniya tarixi" kitabında öz döyüşkənliyi, cəsarəti ilə tanınan "Vardanı hunlar ölkəsinə səfir göndərirdilər və ona hunlarla danışıqlar aparmaq və sarsılmaz ittifaq bağlamaq haqda tapşırıq verildi. Bütün baş verən hadisələr barəsində xəbərləri eşidən hunlar hər şeyi öz gözləri ilə görmək üçün oraya nümayəndə göndərirdilər və görəndən sonra səmalardan endirilmiş qanunlara əsasən and içdilər, xaçpərəstlərin möhkəm ittifaqı haqda anlayışlarını qəbul etdilər. Beləliklə, bütün arzularına nail oldular" (Ziya Bünyadov).
Yalnız öz soydaşlarına yaxşılıq edib hunlar sülh şəraitində Qafqaza gəlmişdilər. Böyük Hun imperiyası yaratmış, tarixdə ad almış həmişə gözəl təbiəti, iqlimi sevən türklər-hunlar bu yerlərdə məskən salmış yerli türk tayfalarının razılığı ilə bu yerlərə səfər etmiş və sonralar burada da məskunlaşmışlar. Vardan da onların layiqli elçisidir.
Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində Varaz Qriqorun babası Cavanşirin ulu babası Cəsur Vardan Mehranilər sülaləsindən olub, ilk dəfə olaraq xristianlığı qəbul etmişdir. O, Alban hökmdar sülaləsinin - Arranşahların 60 nümayəndəsini zəhərləyib və hakimiyyətin tamamilə Mehranilərin əlinə keçməsinə nail olmuşdur. Movses Kaqankatvatsi öz əsərində İgid Vardanı Aqyen dini yığıncağın iştirakçısı "Girdmanın hakimi" adlandırırdı.
Görkəmli tarixçi yazırdı ki, "Mehranın nəvəsi İgid Vardan Arranın Arranşahların sülaləsindən olan keçmiş hakimlərinin son 60 nümayəndəsinə yemək vaxtı "zəhərli çörək" verib məhv etdi və bundan sonra bütün Arran qəti olaraq yeni sülaləsinin əlinə keçdi. İgid Vardanın nəvəsi Varaz Qriqorun (628-636) hökmranlığında Mehranilər xristianlığı qəbul etmiş, hətta iki dəfə xaçaçuran edilmişdir. Birinci dəfə imperator İrakli, ikinci dəfə isə Katalikos Viro tərəfindən xaç suyuna salınmışdı. Mehranilər sülaləsinin görkəmli nümayəndəsi Varaz Qriqorun ikinci oğlu knyaz Cavanşir idi (638/7-680). Onun hökmranlığı dövründə ərəblər aranı istila etməyə başladılar.(2-80).
Söhbət heç də xristianlığın və ya islam dininin qəbul edildiyi tarixin deyil, Vardan kəndinin adı etimologiyası ilə bağlı aparılan işdən gedir.
Türk tayfalarında yer adları türk xalqlarının igid, cəsur oğullarının adıyla adlandırılması bizə məlumdur. Çünki bu xalqlar öz qəhrəmanlarını, onların sücaətini, adını əbədiləşdirmək ənənəsinə lap qədimdən malikdirlər və Vardan kəndinin adı da bu qəbildəndir.
Oğuz-türk tayfalarından birinin adı "Bayandur"lardır. Mahmud Kaşğarlı "Divan"ında "Bayandur"lar haqqında məlumat verilir. Oğuz rayonunun "Bayan" kəndinin adı bu tayfa, boyun adıyla ilişgəlidir. "Kitabi-Dədə Qorqud" dastanında Oğuz elinin xaqanı xanlar xanı Bayandır xandır. Oğuz rayonunda Oğuz qalası, Qazan xan qalası və digər qədim qala və abidələrin adları nəyi sübut etmir? "Bayan" kəndinin adı da Bayandurlar qəbiləsinə, oğuz-türk tayfasına aiddir. Bu adla bağlı yer adları respublikamızın digər ərazilərində də vardır. Şəmkirdə, Şamaxıda Bayan dağı, Türkiyədə Bayandur şəhəri, Bərdədə Bayandurlu kəndi, Laçında Bayandurlar çayı, Oğuzun Qumlaq-Bayan şosse yolunun kənarındakı Bayandır talası (bura Baydar talası da deyirlər) adlanan yer adları oğuzların "Bayandur"lar adlanan böyük tayfasının adıyla bağlı yer adları olduğuna şübhə edilmir.
Oğuz rayonunun ən qədim yaşayış məskənlərindən olan Daşağıl kəndinin adı da türkdillidir. "Daş" (dış) və "Oğuz" kimi eləcə də dışarı (kənar) kimi izah edənlərin fikriylə yanaşı bunu da nəzərə çatdırırıq ki, bu kənddə böyük ağıllar-qoyunçuluq üçün yararlı yerlər çoxdur. Hətta xalq arasında belə bir rəvayət də vardır ki, ölkənin hökmdarı təssərrüfatı, mal-qaranı yadellilərin işğalından qorumaq üçün Xalxalda, Daşağılda böyük ağıllar tikdirmişdilər. Bu ağılların qalıqları indi də qalmaqdadır. Daşağılda Qazanın ağlı deyilən ərazidə daşdan-çay daşlarından tikilmiş tikililərin qalıqları özünün tarixi araşdırmalarını gözləyir. "Daşağıl" sözü həm çoxlu daş yığının mövcud olduğu ərazi, həm də qoyunlar saxlanan ağılın (daş hasara alınmış ərazi) daşdan hörüldüyünə işarədir. Bu kənd coşqun dağ sellərinin yığıb gətirdiyi daşlarla zəngindir. Və bu kənddə evlərin əksəriyyəti çaylaq daşlarından tikilmişdir. Ərazidə mal-qara örüşü üçün əlverişli şərait vardır.
Oğuzun Qarabulaq, Qarabaldır kənd adları bir zaman yüksəklik, ucalıq rəmzi kimi götürülən dual təsəvvürlərdən əvvəl yaranmış "Qarabölük"dür. Bu kəndlərin adları da tayfa adlarıyla bağlı ola bilər. "Kitabi-Dədə Qorqud" dastanlarının qəhrəmanları Qarabudaq, Qaragünə kimi Qarabaldır, Qarabulaq kənd adları da türk mənşəli olub qədimdir.
Orta əsrlərdə Qafqaz Albaniyasında Xalxal adlı şəhərin mövcud olduğu söylənilir. Oğuzun Xalxal kəndi çox qədim kənddir. Bu kəndin dağılmış, sökük də olsa bu günə qədər mövcud olan qala divarları, bir sıra məhv olmuş qəsrlərin qalıqları onu deməyə əsas verir ki, bu yerlər Böyük Qafqazın ətəklərində yerləşmiş ən səfalı yerlərdən biri olmuş və buradan tapılan tarixi əşyalar onun qədim mədəniyyətə malik olduğunu göstərir. Əgər tarixçilərimiz, arxeoloqlarımız bu yerlərin zəngin qədim tarixini oyrənmək üçün tədqiqat işlərini genişləndirsələr, hələ çox açılmamış, elm aləminə qaranlıq qalmış mətləblərin də açılmasına, öyrənilməsinə imkan yaranmış olar. Xalxal tayfa adı da vardır. Bu yerlərdə irili-xırdalı iyirmiyə qədər azsaylı kiçik xalqların nümayəndələri bu gün də yaşamaqdadır və onlar dillərini, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. Çox qəribədir ki, bu yerlərdəki iyirmi iki kəndin hər birinin özünəməxsus adət-ənənəsi var və bunlar bir-birindən oyrənməklə, qaynayıb-qarışmaqla Vahid Azərbaycan dövlətinin yaranmasında və inkişafında iştirak etməklə yanaşı, öz əsillərinə, soyadlarına da sədaqətli qalmışlar.
Dəymədağlı//Dəymədərə kənd adlarının bir hissəsi, "dəymə" (bəlkə dəmyə? müəll.) sözü də maraq doğurur. Kəndin adı Demədağ, Dəmədərə şəklində də işlədilir. «Dəymədərə» deyilən ərazi bütünlüklə dərədən ibarətdir, kəndin yaxınlığında yerləşən Dəymədağlı onun əksinə olaraq bir qədər yüksəklikdə yerləşən ərazidir və türkmənşəli addır.
Qumlaq kəndinin ərazisi qumludur. Adının da buradan götürülməsi ehtimalı azdır. Belə ada Ucarda (Qazıqumlaq), Gədəbəydə (Qumluq kəndi), Balakəndə (Qum kəndi) rast gəlinir. Bu adda tayfanın (qumuqlar) olması da istisna deyildir. Belə ki, Qumlaq kəndinin yaxınlığında yerləşən Tayıflı kəndi Tayıf tayfasının, Hollavar kəndi hollavar tayfasının, Ərmənət -ərmənət türk tayfasının, Muxas//Muğas muğların, Xaçmas xaçmaz tayfasının adlarıyla bağlıdır. -Laq, -var,-lı, -az//as sözlərinə və onların şəkilçiləşmiş hissəsinə dilimizin qrammatikasında rast gəlirik. Çox maraqlıdır ki, bu yerlərdə məskunlaşan tayfaların indiki qalıqları və bu ərazidə yaşayan insanların bir çox adət-ənənələrində, inam və etiqadlarında oxşar və fərqli cəhətlər nəzərə çarpır. Belə ki, bu yerlərdə məskunlaşan insanların ətraf aləmə, təbiətə münasibətlərində bir fərdilik mövcuddur. Məsələn, Xaçmaz kəndinin sakinləri lap qədimlərdən öz ölülərini hər kəs öz bağında dəfn edərdi. Onların dəfn olunduqları ərazilər hasara alınar, müqəddəs bir yer kimi qorunardı. "Ailə qəbirstanlığı" bu kənddə bu gün də müqəddəs sayılır, xüsusi hörmət və ehtirama layiqdir. Adını çəkmək istəmədiyim, Qarabağda həlak olmuş şəhidlərimizdən biri Xaçmaz kəndində doğulub. Həmin igid ata-baba adətinə uyğun olaraq ananın istəyi ilə ailə qəbirstanlığında- həyətdə basdırılıb və bu o kənd əhli üçün təccüblü deyildir. Onlar üçün sonralar yaranmış "Ümumi qəbirstanlıq" məfhumu ilə yanaşı, "ailə qəbirstanlığı" ənənəsi indi də yaşayır.
Bu yerlərdə hər bir həftənin bir günü mütləq ocaq yandırılır, qazan asılır, ruhların adlarına qazana duz tökülür, ən hörmətli qonağa bişirilən yemək bişirilir. Hər ailə öz dədə-babalarının ruhunu əziz tutaraq adına qazana duz tökür, həmin süfrədə xörək ortalığa gətirilib, yeyilib qurtarana kimi kimsə kəlmə kəsmir, ruhlar kimi sakit, səssiz süfrəinin kənarında əyləşir, yeyir, yemək yeyilib qurtarandan sonra ruhların adına dualar oxunur, süfrə yığılandan sonra hər kəs öz sözünü deyə bilər. Bu da onları qoyub getmiş əzizlərin xatirəsinə hörmətin bir nişanəsidir. Çox zaman həmin gecə keçmişlərdən, olub keçənlərdən, yaxşı, xeyirxah el adamlarından söhbət açılırdı. Bu ənənəni hər yerdə hər kəs öz adətinə uyğun keçirsə də burada bir ənənə onları birləşdirir ki, bu da insanın ölüsünə, dirisinə, keçmişinə, əsil-nəslinə olan hörmətdir. Kimin bu adətə necə riayət etməsindən asılı olmayaraq onları ölülərinin ruhuna olan hörmət və ehtiram birləşdirir.
Xaçmaz kəndində VII əsrlərdə çay daşından tikilmiş Gavur qalası deyilən bir qala vardır. Bu qalaya su xüsusi kəmər vasitəsilə gətirilirmiş. Və XII əsrə qədər bu su kəməri fəaliyyət göstərmişdir. Böyük Qafqazın ətəklərində yerləşən bu kəndin adının sonluğundakı "az//as" sonluğu Qafqaz sözünün sonluğundakı "az"la eynidir. Muxas kəndinin adındakı as//az sonluğu da onlara oxşayır. Fikrimizcə, az tayfasıyla bağlı olmamış olmaz. Bu yerlərin əhalisinin inam və etiqadlarında digər türkdilli xalqlarda olduğu kimi şabalıd, zoğal, dağdağan, qoz, göyüş ağacları müqəddəs sayılır.
Muxas kəndində kirəc məhlulu ilə çay daşından tikilmiş IX əsrə aid bürc (qüllə) 12 m. oündürlükdə, üçmərtəbəli bir qala binasıdır. XIV əsrə qədər bu qaladan istifadə edilmişdir. Müdafiə sistemli bu qalalar həm tarixi memarlıq, həm də arxeoloji baxımdan maraq doğurur. Muxasla Daşağıl kəndləri arasındakı ibadətgah qədim Alban xristianlıq memarlıq abidəsi kimi də diqqəti cəlb edir. Bu ibadətgaha bənzər Muxasda, Caludda və digər yerlərdə də ibadətgahlar vardır ki, onların sayı 30-a qədərdir və bu da onu deməyə əsac verir ki, bunlar qədim Alban kilsələrinə məxsus olmuşdur. Bu yerlərdə harda ki, azərbaycanlılar sıxlıq təşkil etdiyindən ermənilər onları özününküləşdirməyə imkan tapmamış və yerli camaat onları qoruyub Alban kilsələri kimi saxlamışdılar. Lakin Calud ərazisində olan kilsələrdən birində adına Sınıx kilsə deyilir ki, burada ermənilər müasir kubik daşlardan birini onun tavanına qoyub özlərinin xaç işarəsinb ora həkk etsələr də tarix ləkə götürmədiyindən açıq-aydın seçilir. Bu kilsənin yanında yerlə yeksan edilmiş digər kilsə qfksuqları da mövcuddur. Onun qənşərindəki göyüşlük müqəddəs yer kimi saxlanılır. Uçulub tökülən və onunla qoşa olan ermənilərin öz adlarına çıxmaq istədikləri kilsənin də önündə eynilə o şəkildə bir-birindən seçilməsi qeyri-mümkün olan göyüşlük ağaca inam və etiqadın bir nümunəsi kimi türkdilli xalqlara mənsubdur. Ağac kultunun bu yerlərdə bu gün də mövcudluğu,onlara etiqad bu yerlərdə türk-alban xalqlarının mövcudluğunu, bu abidələrin də onlara məxsus odlduğunu göstərən dəlillər və sübutlardır.
Oğuzun Filfilli kəndinin yuxarısında-Yuxarı Filfilli düzündə Surxayxan qalası da öz memarlıq qabiliyyətinə görə diqqəti cəlb edir. Qalanın ətrafında planlı şəkildə binalar tikilmişdir ki, bunların qalıqları, xarabaları indiyə qədər qalmaqdadır. Həmin qala dağ yolu ilə -Dağıstana tərəf olan keçidin qarşısında tikilmişdir və görünür bu yerlərdə karvansaralar olmuş, qonşu ərazilərlə ticarət əlaqələri saxlanılmışdır..
Müxtəlif dilli tayfaların yaşadığı Oğuz rayonunda əhalinin 70 faizi azəri türkləridir, milli azlıqların əksəriyyətini də dağ yəhudiləri, ləzgilər, ruslar, tsaxurlar, osetinlər, ukraynalılar, belaruslar təşkil edir.
Oğuz rayonunun yuxarısında min illik tarixə malik olan Oğuz qalasının da böyük tədqiqata ehtiyacı vardır. Onu tədqiq etmək bir çox tarixi sirləri açacaq alimlərin, tarixçilərin, arxeoloqların yolunu gözləyir.
Rayonun mərkəzi xəstəxanasının həyətində mövcud olan abidə çox qədimdir və bu abidənin çardağında kök atmış ağacın yaşı yüzü keçib. Udinlərin müqəddəs ziyarətgahı olan bu abidəni ermənilər öz adlarına çıxmağa cəsarət etməmişlər. Yerli xalqların bir-birinin adət-ənənəsinə, inam və etiqadına dərindən bələd olmasının və burada qədimdən azəri türklərinin məskəni olmasının nəticəsidir ki, ermənilər udinlərin bu müqəddəs məbədgahına yaxın düşə bilməmişdilər. Qriqoryanlaşdırma siyasətinin burada baş tutmamasının əsas səbəbi burada udinlərin yerli türklərin əhatəsində yaşamasından, erməni nüfuzunun az olmasından irəli gəlir ki, yoxsa Qarabağın dilbər guşələrini öz adlarına çıxan erməni murdarları buranı da öz xəritələrinə salıb digər erməni lobbislərinə züy tutardılar.
Bununla belə onlar Calud kəndindəki ibadətgahlardan birinin tamamilə dağılmasına məhəl qoymamış, o birinin tavanına kubik daş hörüb üzərinə qriqoryan xaçını qoymuş, yamaq kimi görünən bu daşla öz içlərin açıb göstərmişlər. Həqiqətləri ört-basdır etməyə bu yerlərdə o qədər də gücləri çatmamışdır.
Calud kəndinin adı da çox maraqlıdır. Bu yerlərdə ud, saz üçün yararlı ağaclar çoxdur. Qədim mənbələrə görə bu yerdlərdə saklar daha çox yaşamışlar. Qəbirlərin çoxu skiflərin qədim adət-ənənələrindən xəbər verir. "Cal" sözü bu yerlərdə cəld, sürətli mənasında da işlədilir. Çal götür, çal gətir kimi ifadələr bu yerlərdə çox işlənir və sözün kökünün bununla bağlı olduğu da ehtimal olunur. Azərbaycan dilinin lüğət tərkibinin zənginliyinin nəticəsidir ki, sözlər, özü də ən çox fellər adların yaranmasında az rol oynamayıb.
Rayonun Tərkeş, Sincan kəndlərinin adları da türk mənşəlidir. Oğuzun Tərkeş kəndinin adına oxşar adlar Azərbaycanın digər böləgələrində də vardır. Naxçıvanın Şahbuz rayonunda Tırkeş adlı kənd də türk mənşəlidir. Bu sözlərin kökündə türk sözü "eş"lə birləşərək bəlkə də türkeş mənasında qəbul edilməlidir. Oğuzun görkəmli tarixçi alimi, proffesor İsrafil İsmayılov bu fikrində yanılmır. Bu ərazidən keçən Türyançay, Türkan qəsəbə və çay adları da öz kökünün türk mənşəli olduğuna əyani sübutdur.
Qafqaz dağlarının ətəyində, respublikamızın şimalında yerləşən Oğuz şimaldan Dağıstanla həmsərhəddir. Filfilli və Xaçmaz kəndlərindən lap qədimlərdən Dağıstana-Dərbəndə gediş-gəliş mövcud idi. Sonralar deyilənlərə görə sovetlər dövründə oradan gediş-gəliş qadağan edildi. Bəzi məlumatlara görə, Filfillidən Dağıstana o yolla gəlin aparılarkən həmin yolların birində qaya uçub yola düşmüş, faciə baş vermişdi. Bundan sonra o yollar sərhədçilərin nəzarəti altına götürüldüyündən gediş-gəliş qadağan edilmişdi. Bununla belə at-araba yollarından istifadə olunurdu.
Rayonun öz ərazisində on beş azsaylı xalqların nümayəndələri yaşayır. Əhalinin ən çox hissəsini azəri türkləri təşkil edir. Keçən əsrlərdə bu rayonun ərazisində şairlər, naqqaşlar, misgərlər, qabaqcıl görüşlü alimlər, üləmalar, ziyalılar yetişmişdir. Mücrim Kərim Vardani dövrünün qabaqcıl fikirli ziyalılarından biri olmuş, Azərbaycan xalq yaradıcılığı və klassik üslübda gözəl sənət əsərləri yaratmış, dünyanın bir çox yerlərini gəzmiş, uzun müddət Türkiyə sultanının sarayında yaşamış, əqli, zəkası, hazırcavablığı ilə hörmətini qazanmış, qələm dostları arasında yüksək hörmətə və sevgiyə layiq olmuşdu. Yaratdığı bayatılar, gəraylılar, qoşmalar, qəzəllər, qəsidələr və digər şer növləri onun sənətkarlıq məharətindən xəbər verir.
Şairin müasiri, yaxın dostu Padar kəndində dünyaya göz açmış Abdulla Padarlı dövrünün savadlı şəxsiyyətlərindən biri olmuş, Mücrim Kərim kimi ərəb və fars dillərini mükəmməl bilmiş, Şərqdə dini təhsil almış, Şirvan şairlərinin və digər bölgələrdə keçirilən ədəbi məclislərin iştirakçısı olmuş, sənətinə yüksək qiymət verilmişdir. Əlimizə gəlib çatan irsindən görürük ki, böyük tərbiyəvi, əxlaqi məzmunlu nəsihətləri ilə xalq içərisində xüsusi hörməti olmuş Mücrim Kərimin və Abdulla Padarlının irsi tədqiq edilib öyrənilmiş, görkəmli alim və tədqiqatçımız Əzizə Cəfərzadə onların əsərlərini 1978-ci ildə Mücrim Kərim Vardaninin əsərlərini ("Sünbülüstan") və Abdulla Padarlının "Seçilmiş əsərləri"ni toplayıb nəşr etdirmişdir.
Oğuz rayonunda X1X əsrdə Padarda Paşa Qaraqani, Qumlaq kəndində Məhəmməd Rəhim İltica, şair Cəbrayıl, Xaçmaz kəndində Manaf, Rövşən, Qarabaldır kəndində Əsgər Salami, Calud kəndində Molla Abbas adlı şairlər yetişmişdir. Məhəmməd İltica Seyid Əzim Şirvaninin yaxın dostu olmuş, Şərq ədəbiyyatına dərindən bələd olan bir sənətkar kimi və Azərbaycan ədəbiyyatının mahir bilicisi, yaradıcı insanlarından biri olmuşdur.
Paşa Qaraqani ərəb və fars dillərini mükəmməl bilməklə, klassik ədəbiyyata dərindən bələd olmaqla yanaşı Tiflisdə təhsil alarkən rus dilini də öyrənmiş, iki sinifli rus məktəbində Mücrim Kərim Vardaniylə birgə dərs demiş, xalqın maariflənməsinə çalışmışdır.
1883-cü ildə Padar və Xaçmaz kəndlərində, 1887-ci ildə Oğuzda ilk məktəb binaları tikilmişdir. Əvvəlki dövrlərdə isə mollaxanalarda və mədrəsələrdə təhsil alan xalq içərisindən öz elmi, biliyi, qabiliyyəti ilə seçilən böyük şəxsiyyətlər xalqın maariflənməsi naminə xeyli işlər görmüşlər. Onların gərgin əməyinin nəticəsidir ki, sonralar yerlərdə iki sinifli rus məktəbləri açılmışdır və bu məktəblərdə ana dili də tədris olunurdu. Azərbaycanın görkəmli maarifçisi Rəşid bəy Əfəndiyev 1890-1892-ci illərdə Xaçmaz kəndinin məktəbində müəllim işləmişdir.
Müəllim işlədiyi dövrlərdə bu yerlərdə baş verən hadisələr haqqında maraqlı məlumatlar əldə edən Rəşid bəy Əfəndiyev Mirzə Fətəli Axundova həsr etdiyi "Mirzə Fətəli haqqında bildiklərim və eşitdiklərim" adlı məqaləsində Xaçmaz kəndində baş verən hadisənin əsasında "Hekayəti-Molla-İbrahimxəlil kimyagər" komediyasının yazıldığını, bu əsərin süjetinin bu kənddə baş verən hadisədən götürüldüyünü yazır. Bu da təbiidir, çünki uzun müddət Oğuz Şəkinin tərkibində olmuş, elm, mədəniyyət, maarif, ədəbiyyat, iqtisadiyyat əlaqələri möhkəm olmuş, bir bölgə kimi mövcud olmuşdur. Şəkidə yetişən böyük mütəffəkirlər, o cümlədən, Mirzə Fətəli Axundov üçün də bu yerlər doğmadır və burada baş verən hadisələrdən xəbərdar olması, əsərləri üçün mövzu seçməsi də təbiidir.
Azərbaycan elə bir məmləkətdir ki, torpağının altı da, üstü də türk dünyasının bu yerlərdə əbədi varlığından xəbər verir. Qatı açılmamış sirlər məkanıdır bu yerlər və o sirlərin kökündə türk-azəri mədəniyyəti, türk-azəri mənəvi dəyərləri yaşayır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah