Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ORTA NƏSLİN YAZARLARI, ƏDƏBİYYAT, PROBLEMLƏR, ZİDDİYYƏTLƏR

XX əsrin son onillikləri Azərbaycanda hər bir sahədə olduğu kimi ədəbiyyat sahəsində də gərgin, ziddiyyətli onilliklərdir. 60- cılar kimi 70-80-ci illərdə Azərbaycan ədəbiyyatına gələn yaradıcı qüvvələr də bu illərin qatı burulğanında yazıb yaratmış, ədəbi prosesdə öz dəsti-xətlərini qoymuşlar. Onların yaradıcılığında bu dövrün ən ağır, ən çətin, eyni zamanda ən şərəfli illəri əksini tapıb.
Azərbaycan ədəbiyyatında 60-lar, 90-cılar kimi 70-80-cilər də öz istedadına, yaradıcılıq imkanlarına məxsus nasirləri, şairləri, tənqidçiləri, ədəbiyyatşünasları özündə birləşdirir. Çox maraqlıdır ki, bu dövrün yaradıcıları 60-cılarla 90-cılar arasında gedən gərgin mübarizələri sanki görmürlər və görürlərsə də nədənsə susurlar.
80-cilərin çoxlarıyla apardığım müsahibələrdən belə qənaətə gəlmişəm ki, onlar bir zamanlar yaradıcılıqlarının çiçəkləndiyi bir dövrdə Qərbi Azərbaycanda gedən prosesləri, Sumqayıt hadisələrini, milli azadlıq uğrunda gedən mübavrizələri, iyirmi yanvar faciəsini, Qarabağ dərdlərini, Kəlbəcər, Şuşa, Şuşa, Zəngilan, Qubadlı, Ağdam, Cəbrayıl ağrılarını yaşamış, Azərbaycanın tam, müstəqil bir dövlət kimi bu gün mövcud olması üçün keçdiyi kəşməkeşli, lakin şərəfli yolu öz gözləri ilə görmüş, aylarla Azadlıq meydanlarında xalqla birgə olmuşlar və çətin və sıxıntılı günlər onların qələmə aldığı həyat həqiqətlərinin çoxunun bu və ya digər məlum səbəblər üzündən tez işıq üzü görməsinə imkan verməmişdir. Buna görə də bu gün onların yaradıcılığında Avropa və dünya ədəbiyyatına, modernist, postmodernist ideyalara dərindən yiyələnməmiş onları kürüyüb Azərbaycan ədəbiyyatına gətirmək və bununla ədəbiyyat aləmində yer tutmaq istəyi, dünya ədəbiyyatına ölməz sənətkarlar bəxş etmiş Azərbaycan ədəbiyyatını dovğa qazanına çevirib oxucu kütləsini çaşdırmaq istəyi, kürsü, vəzifə tutmaq istəklərindən çox gördükləri həyat həqiqətlərini bədiiləşdirib xalqa çatdırmaq istəkləri, maraqları, xalq mənafeyini üstün tutmaq ideyaları daha çoxdur.
60-cılarla 90-cılar arasında gedən gərcin mübarizələr söyüş, təhqir həddinə gedib çıxdı və bu mübarizələrin bir çox gizlin məqamları Azərbaycan yazıçılarının X1 qurultayından sonra keçirilən plenumda aşkara çıxdı. 90-cılar unutmamalıdırlar ki, Azərbaycan ədəbiyyatı dünya xalqları içərisində öz dəsti-xətti ilə tanınır və onun belə bir mərtəbəyə yüksəlməsində məhz 60-lara qədər yazarların, 60-ların, 70-80-cilərin rolu daha böyükdür. Bu gün hansısa kürsü uğrunda mübarizə aparmaqdansa, ədəbiyyatın qayğısına qalmaq, onun gələcək inkişafını təmin etmək daha məqsədəuyğundur.
90-cıların belə bir mövqe tutmasında 60-ların "günahları" daha böyükdür. Çünki 70-80-cilərin çoxu heç bir zaman hansısa mükafat, ad, vəzifə naminə mübarizə aparmadığından bu gün plenumda ədəbiyyatın gələcək inkişafı naminə onlar kölgədə qaldı. Bir və ya bir-iki yazarın bu prosesdə iştirakı nəzərə alınmazsa belə çıxır ki, bu gün bütün çətinliklərə sinə gərməklə oxucu üçün qarşıya yeni əsərlər qoyan, xalq içərisində tanınan, əsərləri sevilən, marağı, istəyi ancaq yazıb yaratmaq olan 70-80-cilər unuduldu. Hörmətli yazıçımız Anarın gənclərin ədalətsiz, mənasız hücumlarına, təzyiqlərinə qarşı belə addım atması, barışdırıcı mövqe tutmağa çalışması ədəbiyyatımızın kökünün baltalanmasına bənzəyir. Mən yazıçı Anarı qınamıram, çünki çox təhqirlərə, təqiblərə məruz qalan sədr çox çalışdı ki, ədəbiyyatımızda birliyi qoruyub saxlasın, lakin bu burulğandan ədəbiyyatımızı qorumaq üçün hər şeyi zamanın hökmünə buraxdı. Bir şeyi unutmamalıyıq ki, həyatımızın hər bir sahəsində müxalifət ola bilər, lakin təhsillə ədəbiyyat sahəsində müxalifət ola bilməz.
Doğrudur, 90-cılar içərisində istedadlı yazarlarımız var, lakin onlar çox deyildir. Onlar müxtəlif yollarla Yazıçılar Birliyinə, digər azad yazarlar birliyinə yol tapıbsa, bu gün ən böyük məsuliyyət nə birliklərin, nə də anarların üzərinə düşməməlidir. Çox təəssüf doğurur ki, mən bir ədəbiyyatşünas, folklor tədqiqatçısı kimi 90-cıların əsərlərinə nəzər salanda başıma daş düşür. Milli-mənəvi dəyərlərdən uzaq, nəyinsə, nə maraq naminəsə yazılan yazılar həftəbecərə bənzəyir. Çoxlarıyla mübahisəmdə belə məqamlarla da qarşılaşmışam ki, aldıqları mükafatları az qalırlar adamın gözünə dürtsünlər; mən filan mükafatı almışam, mən filan yeri qurtarmışam və sair, və sair. Mən çox xahiş edirəm ki, yazdıqlarım yazıdakı həqiqətlər bu millətin ədəbiyyatının gələcəyi naminə tənqidçilərimizi, böyük ədəbiyyatşünaslarımızı düşündürsün. Biz bu gün "dədəm mənə kor deyib, gələni-gedəni vur deyib" məsələsini əsas götürənlərin, gündə qəzet, mətbuat səhifələrində öz şəxsi maraqlarını yazmaqla ozucu kütləsini, ədəbiyyat, sənətsevərləri çaşdıranların yaradıcılığını tədqiq etməliyik. Onsuz da elin gözü tərəzidir. Bu bulanıqlıqların bir durulmağı da var. Vay o gündən. Onda 60-lar da, 80-lər də bu günahın əsl səbəbkarı kimi öz layiqli qiymətlərini alacaqlar. Milli-mənəvi dəyərlərə köklənmədən yazılan hər bir əsər zibil yeşikləri üçündür.
Bu gün Azərbaycan ədəbiyyatını dünyada tanıtmaq istəyən "Bayatı" jurnalı, dünya ədəiyyatından tərcümələr verən "Mütərcim" jurnalı, "525-ci qəzet" «Kredo», digər adlarını çəkmədiyim mətbu orqanların təqdirə layiq işləri qiymətləndirilməlidir və bunları da ərsəyə gətirən gənc yazarlardır. Lakin bir ovuc ədəbiyyatımızı çirkləndirən çirkli yazarların bu gün öz şəxsi kürsü, vəzifə, kabinet naminə mübarizəsini biz diqqətlə izləməli, böyük mirzə cəlillərin, sabirlərin ruhu naminə susmamalıyıq. Dilimizin, ədəbiyyatımızın saflığı, inkişafı naminə qoy tənqidçilərimiz işləsinlər. Üzümü tənqidçilərimizə, publisistlərimizə tutub deyirəm: yazdığını da başa düşülən dildə yaz. Allah tala sənə dil verib, elə bir dil ki, onun dəryasından xalqın başa düşəcək qədər nə qədər istəsən gövhər götürə bilərsən. Dilimizi mənasız elmi, yad terminlərlə doldurmayın, bu bizim ziyalılığımızı deyil, dilimizin incəliklərini pis bilməyimiz kimi qiymətləndirilir.
Gənclər şurası adlandırılan qurumun daxilində o qədər yaşı otuz beşdən keçmiş yazarlar vardır ki, mən onlara gənclər deməyə utanıram. Otuz beş yaşına qədər yazarları gənc saya bilərik. Bundan sonra yazan hər kəs artıq ortalığa sanballı əsərlər qoymuş (əgər qoyubsa) orta nəsil yazarları sayılmalıdır. Əgər onların yazdıqları maddi səbəblər üzündən işıq üzü görməyibsə bu problemləri həll etmək üçün yazıçılar Birliyində vəzifə tutmaq uğrunda qoç döyüşünə girmək lazım deyildir. Çünki 80-cilər içərisində əsərləri ilə sevilən, tanınan yazarlarımız çoxdur və mən onları bir-birindən ayırmıram və adlarını da çəkmirəm. Onların bu gün dərc olunmağa o qədər ehtiyacları vardır ki, bunların taleyinə göz yummaq olmaz. Yazıçılar birliyinin rəhbərliyi orta nəslin dəstəyini qazanmalıdır ki, gənclər adından öz şəxsi maraqlarını güdən zəif, istedadsızların öz-özündən ədəbiyyat aləmindən uzaqlaşmasına, ədəbiyyatımızın saflaşmasına imkan yaransın. Onda nə gündə bir qurum yaratmaq eşqinə düşən olmayacaq, nə modernist pərdəsi altında hələ o ədəbiyyat haqqında yetərincə məlumatı olmayan oxucu kütləsini aldatmaqla şöhrət qazanmaq istəyi baş tutmayacaq, xalq yavaş-yavaş o modernist, postmldernist baxışlara yiyələndikcə dünya ədəbiyyatına da gedib çıxacaq. Çünki bu gün bu modernist, postmodernist baxışlar 60-ların da, 70-80-cilərin də əsərlərində vardır və milli duyğularla bağlı olaraq öz əksini tapmaqdadır və və bu baxışları zəif, cılız əsərlərin fövqündə oxucuya sırımaq lazım deyildir. Onlarca, yüzlərcə oxucu maraqlarını nəzərdə tutub yazarlarımıza demək istəyirəm ki, tənqidçiləri hövsələdən çıxarmasınlar. Özlərini əsl sənətkar kimi qələmə verərək mətbuat səhifələrini korlamasınlar. Hər birimizin yazdığı şerlər, hekayələr, dram əsərləri, tənqidi yazılar birinci növbədə millətin qayğılarını, istək və arzularını ifadə etməlidir. Mən bir dəfə təsadüfən bir yazarın dediyi bu sözləri eşitdim ki, "mən yazıram oxuyan oxusun, oxumuyan oxumasın". Belə yazarlara üzümü tutub deyirəm ki, onda sən yaz, oxuyan oxusun, oxumuyan oxumasın, amma ədəbiyyatın inkişafına, hörmətli qələm sahiblərinə yalan və böhtanlar yağdırma. Bu gün mənəvi cəhətdən sərhədləri bilinməyən türk dünyasının dünya xalqları arasındakı sayını, mənəvi bağlılığını nəzərdə tutan hər bir türk-azəri yazarı yaratdığı əsərin ideya-məzmun məsələsini özü müəyyənləşdirməli olsa da, millətinin mənafeyi naminə arabir papağını qabağına qoyub fikirləşməlidir.
Ədəbiyyatımızın ünvanına söylənilən, yazılan sərsəm, mənasız, cılız
yazılara son qoymaq üçün tənqidçilərimiz yatdıqları yuxulardan oyanmalıdırlar. Onda nə Yazıçılar birliyinin sıralarında atestasiya keçirmək lazım gələcək, nə də onların sayını azaltmaq haqqında fikirlər səslənəcək. İstedadsız, bacarıqsız, təsadüyi yazarların sıralarına qəbul olunmuş şəxslər özləri bu birliyi qeydsiz-şərtsiz tərk edəcəklər. Azərbaycanı dünyada təmsil edən Yazıçılar birliyi də, digər istedadlı yazarlar qurumları da işini ədəbiyyatımızın inkişafı yönümündə təşkil edəcəklər.
Orta nəslin nümayəndələri də ədəbiyyatımızın işıqlı gələcəyi naminə gözləmə mövqeyi tutmamalı, təkcə öz yaradıcılığına qapılıb qalmamalı, ümumədəbiyyat mənafeyinin də qoruyucusu olmalıdır.
Yazıçılar birliyinin orqanları tənqidçilər üçün səhifələrini genişləndirməlidirlər. Aylarla mətbuata verilən samballı yazılar stolların üstündə yatıb qalır, əvəzində elə səviyyəsiz yazılar çap olunur ki, bu da qəzet və jurnallarımızın işini məqsədyönlü qurmamasından irəli gəlir. Qəzet və jurnallarda çox zaman həmin mətbu orqanlarda işləyənlərin yazıları çap olunur, başqaları isə aylarla növbə gözləyir. Özü də bunların əksəriyyəti özünü gənc adlandıranlardır. Belə çıxır ki, ağlamayana süd yoxdur?
Mətbu orqanların səhifələrində kiminsə kimisə təhqir etməsinə aid mövzuya yer ayırmaqdansa, nəşr olunan yazıçıların, şairlərin əsərləri haqqında söylənilən yazılara daha çox yer verilsə, bir çox qaranlıq məsələlərə aydınlıq gətirmək daha asan olacaqdır. Tənqidçiyə imkan verilməlidir ki, yazdıqlarını oxucuya çatdıra bilsin. Bədii əsərlər bu və ya digər yolla işıq üzü görür. Lakin tənqidçi yazdığını kitab kimi nəşr etdirməməlidir. Tənqidçilərin fikirləri üst-üstə düşməyə bilər. Qoy yeni yazılan, çapdan çıxan əsər haqqında fikirlər, rəylər işıqlandırılsın.
Yazıçılar birliyi tənqid və ədəbiyyatşünaslıq məsələlərinin inkişafına daha çox diqqət yetirsək, bir çox ziddiyyətli məsələlər, sənətkar ədəbiyyat problemləri öz həllini daha yaxşı, tez tapacaqdır.
Hər bir tənqidçi-publisist öz üzərinə düşən bir vəzifəni layiqincə bilməlidir ki, tədqiq etdiyi əsərə o da o əsəri yazan qədər məsuldur. Tənqidçi, ədəbiyyatşünas ədəbiyyatımızın inkişafı naminə şəxsi maraqlarını unutmalı, tədqiq etdiyi əsərdən maddi maraq gözləməməlidir. Sirr deyildir ki, bu gün hər bir qələm sahibi maddi çətinliklər içərisindədəir. Qoy onlara dövlət köməyini əsirgəməsin. Tənqidçi əlində qələm yeni bir nəşr olunan əsəri təhlil edib ortalığa qoysa onun sənətkarlıq məsələlərini açsa, hər bir yazar nəyə qadir olduğunu özü görəcək. Belə olan halda nə söyüş, nə döyüş, nə də təhqir olacaq, hər kəs peşəkar tənqidçinin köməyi ilə ədəbiyyatımızın inkişafı naminə gücünü səfərbər edəcək. Onda Yazıçılar Birliyi kimi bir ocağın istisi duyulacaq.
Hər kəs öz üzərinə düşən işi görməlidir.

80-cilər-orta nəslin yazarları.

Son günlər "Səhifələr" qəzetində çox maraqlı və həm də dəyərli bir başlıq altında 80-cilər kimi təqdim olunan yazarlarımız haqqında məlumat verilir, onların əsərlərindən nümunələr nəşr olunur. 60-cılarla 90-gılar arasında qalan, ictimai-siyasi həyatımızın ən gərgin dövrlərində ədəbiyyatımızın inkişafında mühüm rol oynayan orta nəslin bu nümayəndələrinin yaradıcılığına nəzər saldıqda daxili bir rahatlıq duyulur. Şükür olsun ki, ömrünü, həyatını yalnız ədəbiyyatımızın inkişafı naminə həsr edən yazarlarımız az deyildir. Onlar çağdaş ədəbiyyatımızın ən ağır yükünü çiyinlərində daşıyanlardır. Onlar danışmırlar, yazırlar, imkanları çatdıqca əsərlərini nəşr etdirirlər, oxucularla əlaqələr yaradırlar. 60-cılarla 90-cılar arasında gedən mübarizəni təhlil edirlər, bəzən yerində, bəzən mənasız, kürsü, vəzifə uğrunda gedən cansıxıcı bu mübarizələri onlar bir zamanlar milli azadlıq, müstəqillik uğrunda tüğyan edən mübarizələrin yanında çox mənasız, cılız sanırlar. Onların gəncliyi böyük əqidələr, amallar uğrunda mübarizə dövrünə təsadüf edib və bu da onlara elə bir ruh aşılayıb ki, onlar öz yazılarında milli- birliyə, Azərbaycan ədəbiyyatının saflığına, inkişafına xidmətdə daha maraqlıdırlar.
80-ci illərdə ədəbiyyatımızda elə bir gənc yazarlar nəsli yetişmişdi ki, onların səsi azadlıq meydanlarından gəlirdi. O dövrdə onların özlərini tərənnüm etmək üçün nə bu günkü qədər qəzet, nə efir, nə ekran vardı. Onlar tonqallara atılmış, mübarizə meydanlarında bərkimiş qəlbi vətənin işıqlı gələcəyi naminə arzu və ideyalarla dolu, lakin bu arzuları Qarabağ dərdləri içərisində saralanlar idi. Belə yazarlarımızdan biri istedadlı qələm sahibi şair, alim, publisist, tənqidçi Gülxani Pənahdır.
Gülxani Pənah öz qələm dostları ilə birlikdə taleyinə belə bir dövrdə yazıb-yaratmaq qisməti düşənlərdəndir. Milli-azadlıq hərəkatı, Qərbi Azərbaycandan gələn həyəcanlar, Qarabağ deyilən dərdin acısı 80-cilərin əsərlərində qələmə aldıqları əsas mövzular idi. Şəxsi xoşbəxtlik milli qayğıların, qüssələrin, həyəcanların içində əriyib gedirdi. Gülxani Pənah qarlı, şaxtalı, soyuq qış gecələrində bəzən əli yalın, bəzən ov silahları ilə silahlanmış kəndləri, eli-elatı erməni murdarlarından qoruyan, Xacalı, Kərkicahan, Zəngəzur, Laçın, Qubadlı və Azərbaycanın digər sərhəd rayonlarındakı narahat, qayğılı, həyəcanlı gecələri milli vətənpərvərlik, vətən sevgisi motivləri üzərində kökləməklə misralara çevirirdi: O, lirik şerlərində Azərbaycanın ərazi bütövlüyünü qoruyan oğulların anasının qayğı və həyəcanını, arzu və istəklərini tərənnüm edirdi:
Yerimin içində titrəyib canım
Səni düşünəndə, səni ananda.
Yaxına getməyib uzaq düşmüşəm
Soyuq qış gecəsi ocaq yananda.
Torpağa, oğula, Vətənə sevgi üstündə qurulan misralarda vətən şərəfi, torpaq qeyrəti oğul-ana-vətən üçlüyündə tamamlanır:
Qoru şərəfini doğma torpağın,
Onun pis günü, mənim pis günüm!
Onun xoş çağı mənim xoş çağım!
Qoru vətənini, ay ömrüm-günüm!
Gülxani Pənah həm şair, həm publisist, həm jurnalist kimi həmişə öz yaradıcılığında Azərbaycanda gedən ədəbi prosesləri əks etdirir. Qarabağ müharibəsi başlanandan o qaynar nöqtələri diqqətlə izləmiş, dəfələrlə cəbhə bölgələrində, sərhəd rayonlarında olmuş, o bölgələrdə gedən döyüşləri öz gözləri ilə görmuüş, kimsəsiz qalmış yurdların ağrısını yaşamış, xalqımızın qəhrəmanlıq dolu həyatını qələmə almışdır. O xalqımızın vətən, torpaq yolunda şəhid olmuş, itkin düşmüş övladlarımızdan bəhs edən "Oğuz şəhidləri, itkinləri" kitabında mərd, cəsur oğullarımızdan, bu yolda əbədiyyətə qovuşan igidlərin şanlı həyatından bəs edən şerləriylə, bayatılarıyla onların əbədiləşdirir:
Bu vətənin siz dik baxın gözünə,
Bir müqəddəs nur səpilib üzünə.
Səpələndiz vətənimin düzünə,
Zərrə-zərrə, damla-damla, Şəhidlər!
"Yurd yanğısı", "Bura Vətəndir", "Göydən ulduzları gözlə dərərdik", kitablarında Gülxani Pənahın bir arzusu, istəyi var; Azərbaycanı qayğısız, xoşbəxt, bütöv görmək. Xalq şairimiz Söhrab Tahir yazır: "Əgər sənətkar öz poetik duyğularında mənsub olduğu millətin, xalqın istək və arzularını, fikir və duyğularını bütün incəlikləri ilə əks etdirməyi bacarırsa, demək o xalqın qəlbinə yol tapan əsl sənətkardır. Gülxani Pənahın bütün əsərlərində bu xalq-şair istək və arzularının qoşalaşdığını görürük". ("Bura Vətəndir". Bakı 2003. səh.5).
Gülxani Pənahın həm dram əsərlərində, həm poemalarında, həm də lirik şerlərində Xocalı faciəsi özünün geniş əksini tapıb. Onun bü mövzuda yazılmış əsərlərini oxuduqda şairənin vətəninə, xalqına bağlı, onun dərdləriylə, qayğılarıyla yaşayan bir qələm sahibi olduğunu görürük.
Bütünlüklə əsərlərində talan olmuş ellərin, yurdların yanğısı, vətən məhəbbəti, torpağa bağlılıq, o taylı-bu taylı Azərbaycanın məhəbbəti, qayğıları, xalqının ziyalılarına, sənətkarına, qəhrəmanlarına, şəhidlərinə hörmət və məhəbbət, ana vətəninin təbiətinə vurğunluq, iyirmi yanvar faciəsi, milli azadlıq, müstəqillik sevgisi, milli birliyə çağırış, milli-mənəvi dəyərlərə hörmət, ana-ata məhəbbəti, övlad sevgisi, qadın ləyaqəti üzərində köklənib. Onun poetik qələmində bu duyğular daha da ülviləşir.
Gülxani Pənahın "El bir olsa", "Xocalı, ay Xocalı" faciəsi, "Sınaq" dram əsəri tamaşaya qoyulmaq üçün öz sponsorunu gözləyir. Bu dram əsərləri son onilliklərdə Azərbaycan xalqının həyatında baş vermiş bir çox tarixi həqiqətləri özündə yaşadır. Bu dram əsərləri tamaşaya qoyulmaq üçün baxışdan keçirilmişdir.
Gülxani Pənah Azərbaycan ədəbiyyatının inkişafını daima izləyir. Yeni yazılan əsərlər, ədəbiyyat, sənət məslələri ilə bağlı elmi, publisisit, tənqidi yazıları ilə mətbuatda tez-tez çıxış edir. X111-X1X əsrlərdə yaşayıb yaratmış Mücrim Kərim Vardaninin yaradıcılığını tədqiq etmiş, "Mücrim Kərim Vardaninin həyat və yaradıcılığı" monoqrafiyasını yazmışdır. "İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri" mövzusunda namizədlik dissertasiyasının və çoxlu elmi, ədəbi-tənqidi, publisist yazıların müəllifidir.
Bədii əsərləri kimi ədəbi, tənqidi, elmi-publisist əsərlərinin dili də Azərbaycan dilinin incəliklərindən yararlanma imkanları sayəsində sadə, rəvan axıcıldır. Azərbaycançılıq ideyaları onun əsərlərinin ruhuna, canına hopub. Gülxani pənah tək deyildir. Onun kimi neçə-neçə orta nəslin yazarlarının yaradıcılığını tədqiq etsək, onların bədii imkanlarını üzə çıxarsaq, onda görərik ki, bu gün hər cür dövlət qayğılarından kənarda qalmış, ancaq öz məhdud imkanları çərçivəsində ədəbiyyatımıza xidmət edən yazarlarımızı milli ədəbiyyatımızın inkişafından başqa heç nə düşündürmür. Kürsü, vəzifə, şəxsi məqsədləri, maraqları naminə ədəbiyyatımızın sıralarına daxil olmuş bəzi qüvvələr onların ənənələrindən bəhrələnsələr hələ bundan sonra Azərbaycanımızın ədəbiyyat aləmində şöhrəti qüvvədə qalacaq. Ulu Tanrı ədəbiyyatımızı pis üzlərdən qorusun, xalq, ədəbiyyat, millətin gələcəyi naminə yazan qələmləri, düşünən beyinləri bizə çox görməsin.

VÜQAR

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah