Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

RƏSUL RZA POEZİYASI

Rəsul Rza Azərbaycan ədəbiyyatının inkişafında öz dəsti-xətti olan görkəmli sənətkarlardan biridir. Onun bir-birindən maraqlı, bədii cəhətdən qüvvətli, sənətkarlıqla yazılmış əsərləri vardır. Rəsul Rza xalqımızın ən böyük mənəvi sərvəti olan söz xəzinəmizin incəliklərindən yararlanmaqla qiymətli sənət əsərləri yaratmışdır.
Anadan olmasının 90 illiyi münasibəti ilə şairin əsərləri beş cilddə latın qrafikasıyla yenidən nəşr olunmuşdur. Bu cildlərdə onun lirik şerləri, poemaları, müxtəlif dövrlərdə yazdığı məqalələr, xatirələr toplanmışdır.
Rəsul Rzanın yaradıcılığı həm məzmun, həm də bədii forma cəhətdən zəngindir. Bir zamanlar Rəsul Rza sənətinə dərindən bələd olan azadlıq aşiqi, alovlu sənətkar Xəlil Rza Ulutürk "Zamanın adından danışan sənətkar" əsərində yazırdı:"R. Rzanın poeziyası-təfəkkür poeziyasıdır. Onun şerləri oxucunu düşünməyə, həm də dərindən düşünməyə, fəal idraka təhrik edir. Şairin bəzən aşkar demədiyini, açıb-ağartmadığını anlamağı, duymağı arif oxucunun öz öhdəsinə buraxır. Ona görə bu şerlər oxucudan mədəni səviyyə, müasir poetik üslubu qavrayan bədii zövq, hətta adi milli şüurdan doğan bir sıra başqa keyfiyyətlər tələb edir. Bu şerlər yalnız bədii zövq üçün meydana gəlməmiş, birinci növbədə, yeni insan tərbiyə etmək, vətənə, xalqa, insana bağlı könül sahibləri yetişdirmək üçün yazılmışdır."
Sərbəst şerin bədii imkanlarından sənətkarlıqla yararlanan Rəsul Rzanın hansı mövzuda yazmasından asılı olmayaraq bu mövzudakı təmkin, sərbəstlik, fikrin ifadəsi diqqətdən yayınmır. Onun əsərlərində qürur, mərdlik, prinsipiallıq, mübarizlik vardır. Yaradıcılığında bəşəriyyətin azad, sakit, xoşbəxt həyatı, üstündə dünyaya göz açdığı Yer kürəsi, burada baş verən hadisələr və onun bir kiçik hissəsi olan Ana Vətəni-Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, şərəfli tarixi, insan zəkası, insan əməyi, dünya xalqlarının inkişafı sülh, müharibə, fəlakətlər, şairin könül çırpıntıları, lirik duyğuları, nəcib insani hissləri əsas yer tutur. Hansı əsərinə diqqət yetirsək, ona tədqiqatçı, oxucu gözüylə baxsaq düşündürücü mövzularla, fikirlərlə, ideyalarla qarşılaşarıq. Şairin lirik şerləri bu cəhətdən diqqəti daha çox cəlb edir. Həcmcə kiçik bu lirik şerlərdə böyük fikirlər, arzular, həyati məsələlər ön plandadır.
Rəsul Rza yaradıcılığında ("Soruş" şerində) şair böyük sənətkarlarlıqla lirik düşüncələrini verir. Burada şairin fəlsəfi düşüncələri ilə poetik duyğuları birləşir. Şair gördüyü həyat hadisələrini, ətrafında baş verən reallıqları poetik bir dillə qələmə alır; odun nə çəkdiyini küldən, başın çəkdiyini dildən, nəğmələrin həsrətini bir qırıq teldən, zülmətin, qaranlığın verdiyi möhnəti kordan soruşmağı məsləhət bilən şairin qəlbində insani hisslər dolaşır. Dünya, həyat hadisələrinə açıq gözlə baxan, ətrafında baş verən hadisələri bütün incəlikləri ilə duyan şair:
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub açdım
Neçə dostu sağ görmədim.
-misralarında ən böyük dərdini- el dərdini göstərməklə yanaşı, gözünü açıb yumunca neçə dostunu itirdiyinidən doğan kədərini də ifadə edir..
Şerin ikinci hissəsində də şair lirik hisslərini tərənnüm etməklə yanaşı bir şair kimi narahatdır. "Hansı sözüm, hansı şerim yaşayacaq məndən sonra mən bilmirəm, eldən sonruş!"-deyən şair qələmiylə xalqa xidmət etdiyindən, onun mənafeyini müdafiə etdiyindən şerlərində xəlqilik prinsiplərini əsas tutduğundan hansı əsərinin yadda qalacağını eldən, xalqdan soruşmağı məsləhət bilir. Çünki şairin, sənətkarın yaratdığı əsər o zaman qüdrətli əsər olur ki, o əsərdə xalqın istək və arzuları, fikir və duyğuları yaşayır.
"Darısqallıq" şerində də fəlsəfi fikirlər əsasdır. Dünya, həyat, kainat, təbiət müəyyən bir ölçü, hədd daxilində fəaliyyət göstərir. Hər şeyin müəyyən ölçü, sərhədd daxilində olması, bu darısqalllıq lirik qəhrəmanı sıxır. Ancaq bu ölçü vaxt daxilində fəalliyyət göstərmənin özünün də müəyyən qanunauyğunluqlara tabe olduğunu şair çox gözəl başa düşür. Məsafənin metrlə ölçülməsi, işığın kilovatla verilməsi, xəstənin qızdırmasının dərəcəylə ölçülməsi, meyvələrin dənələri, üzümlərin gilələrdə olması, yayda günlərin uzanması, qışda gecələrin uzanması, dünya, həyat, təbiət, kainat hadisələrinin müəyyən ölçü, vaxt daxilində fəaliyyəti onun romantik qəhrəmanını açmır. O istəyir ki,
Öləndə atın
ən dərin dünyaya məni:
qaldırıb buludlardan yuxarı
son yolum uzun
son mənzilim geniş olsun barı.
Lakin burada da şair arzu və istəklərinin hüdudsuzluğunu tapa bilmədiyini anlayır, çünki dərin dəryalar da " sahillərin çənbəri" içindədir. Lirik qəhrəman başa düşür ki, deməli, bu həyat, hadisələr, hər şey müəyyən bir qanunauyğunluğa əsaslanır və bu "darısqallı"ğın səbəbi elə həyatın, təbiətin özündən doğur və insan da buna tabe olmalıdır, onu dəyişməkdə acizdir:
Görünür
Darısqallıq kənarda deyil,
Hər meyvənin tumunda
hər canlının hüceyrəsində,
hər binanın daşında, kərpicindədir.
Görününr yolumuz budur,
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
darısqallıqdan keçə-keçə.
"Dinmədik" şerində də şair "Darısqallıq" şerində həllini tapmaqda aciz qaldığı təbiət qanunları haqqında poetik düşüncələrini ifadə edir. Dayanmadan yağışların yağması, hər yanın suya qərq olması, "yazın oğlan çağında" yenidən qışın hökmranlıq etməsi, quraqlığın, susuzluğun yaranması, istidən təbiətin, meşələrin od tutub yanması, güclü küləkləri fəlakətlər törətməsi- bütün bunların "təbiətin şıltaqlığıdır" deyərək qəbul edilməsi lirik qəhrəmanı düşündürür. O bunların sakitliklə qəbul edilməsindən narahatdır. O, təbiətin, "dünyamızın bu bəd gücünə" qarşı çıxmaq, təbiətə, insanlara, kainata, həyata qarşı zidd olan təbii fəlakətləri aradan qaldırmaq üçün insanı oturmamağa, yollar axtarmağa çağırır. Bu gün susub oturaraq bütün bu fəlakətləri təbiətin qanunu kimi qəbul etmək məcburiyyətində qalan şair ümidini gələcəyə, "nəvə-nəticələrə" bağlayır:
Bəlkə nəvə-nəticələr
Dünyamızın bəd gücünə
bir gün olar qalib gələr.(səh.109-1)
"İnsan şəkli" şerində şairin hümanist duyğuları tərənnüm olunur. Şair tarixin bütün səhifələrinə əl gəzdirir. Dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, öz mübarizliyi, əqidə dönməzliyi, məğrurluğu, faciəsi ilə bəşəriyyətin yaratmış olduğu tarixdə, zamanın müxtəlif dövrlərində yaşayan, yaradan, fəaliyyət göstərən, dünyanın haqsızlıqlarının qurbanı olan, hegemonçuluq siyasəti yeridən dövlətlərin törətdikləri qanlı cinayətlər, faciələr zamanı başı müsibətlər çəkən İnsan Obrazından söhbət açmaq istəyir. Lirik qəhrəman bir sərgi salonu tələb edir və orada məhz bu İnsan şəklini asacağını bildirir. "Adi bir insan" şəkli asacığını bildirən lirik qəhrəman o şəkli kiçik bir sərgidə asmaq istəsə də, istəyir ki, o İnsan şəkli
Görünsün dünyanın hər yerindən
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən!
O İnsan şəklinin arxasında şair diri-diri dərisi soyulan Nəsimini, məşəl tək yanmış azəri qızını, öz idealarına sadiq qaldığı üçün tonqala atılıb yandırılan Cordano Brunonu, savadsızlığı ucbatından başı bəlalar çəkən Məmmədhəsən kişini, ikinci dünya müharibəsi zamanı atılmış bombadan darmadağın edilmiş, dəhşətli ölüm kabusunun qurbanı olmuş və bu gün də onun ağrı-acılarını, dəhşətlərini yaşayan Xirosimonun ölümə məhkum edilmiş sakinlərini, öz eşqi-məhəbbəti, saf duyğuları uğrunda çalışan, bu yolda canının qurban edən Fərhadı, Şirini, Əslini, Kərəmi, Böyük vətən müharibəsi illərində alman faşizminə qarşı mübarizədə qəhrəmanlıqla vuruşan İsrafili, Qafuru-insan səadətini, insan xoşbəxtliyini dünyada hər şeydən üstün tutan Prometeylər nəslini görür -zaman-insan məfhumunu ümumiləşdirir. İnsanlığın ömür yolu adlandırdığı bu şəklin müəllifinin "Zaman" olduğunu bildirir. Bütün dünyada insanpərvərlik, hümanist ideyalarla yaşayan, yaşamaq, yaratmaq eşqilə çırpınan insanın keçdiyi ömür-gün yolunu müxtəlif obrazların-tarixin səhifələrinə öz mübarizliyi, əzmkarlığı, mərdliyi, qəhrəmanlığı, dincliyi ilə əbədi həkk olunmuş insanların əməlini, "insanlığın ömür yolu" adlandıran şair onlara hümanistcəsinə yanaşır. Bu şerdə şair təkcə vətəndaş şair kimi çıxış etmir, eyni zamanda bəşəri duyğular bu şerdə güclüdür. Şairin fikrincə insan faciəsinə səbəb olan amillərin insanlığa vurduğu yaralar, tarixin sınaqlarına məruz qalmışlar bu şəkildə öz əksini tapmalıdır. Burada hümanist şair insan dözümünü, səbrini, mübarizliyini tərənnüm etməklə yanaşı, insana, insanlığa məhəbbətini lirik boyalarla verir. Fəlsəfi düşüncələrini, lirik duyğular üzərində kökləyən şair böyük sənətkarlıqla insan obrazını yaradır. O insan Obrazını ki, bu insan obrazı arxasında dözümü, səbri, mətanəti, insani duyğuları ilə bəşəriyyət tarixinə həkk olunmuş Nəsimilər, Cordano Brunolar, Xirosimo faciələrini yaşayan insanlar durur. Rəsul Rza bu şerlərində təkcə bir xalqın deyil, bütün dünyada yaşayan insanların şairi kimi çıxış edir. Onda xəlqiliklə yanaşı bəşərilik də güclüdür.
"Məndə ixtiyar olsa" şerində şairin bu hümanist duyğuları daha lirik boyalarla tərənnüm olunur. Lirik qəhrəman uşaqların ağlamasına, güllərin açılmasına, gözlərin "qapanmasın"a, ümidlərinin "sönməsin"ə dözmür. "Mən istəyirəm" deyərək öz arzu və istəklərini bildirən lirik qəhrəman meyvələrin öz fəslində dəyməsini istəyirsə, ürəklərə söz dəyməsini istəmir; çoxlu bar verməklə budaqların əyilməsini istəyirsə, insanların xəcalətdən, dərddən-qəmdən, gücsüzlükdən, qüvvəsizlikdən başının əyilməsini istəmir; göz yaşı kimi büllur bulaqların axıb getməsini istəyirsə, insanların göz yaşının axmasını istəmir. İnsanların ələ baxmasını istəməyən şair onlara dinclik, firavanlıq, sakit həyat, sevinc, səadət arzulayır. Bütün varlığıyla insanlara, insanlığa sevgi arzulayan, bu misralarda saf, təmiz qəlbli bir xeyirxah insanın arzu və istəkləri öz əksini tapmışdır.
Şair torpağa, vətənə bağlı fədakar insandır. O torpağının qədrini bilir, "bomboz", susuz, qumlu, qarlı bu torpağa bağlıdır. Çünki:
Torpaq həm çörək verir bizə,
həm su.
Həm son mənzilimsizə yer verir,
Nəsil-nəsil qəlbimizdə yaşayır
onu itirmək qorxusu.
Bu misralarda torpağına bağlı şair həm də babalardan onlara miras qalan bu torpağı qorumağı bir vətəndaş kimi borcu bilir və bu vətəndaşlıq borcunun məsuliyyətini duyur, özündən əvvəlki nəsillər kimi o da torpağın qorunması, saxlanılması yollarındakı qorxunu duyur. Üstüörtülü şəkildə torpağımıza göz dikənlərin olduğunu bildirir. Narahat şair vətəninə, torpağına bağlıdır. O, özünü vətənin, torpağın ("Mən torpağam" şerində) bir hissəsi bilir, dünyanın nemətini, varını insanlarla bölən torpaqla müqayisə edir.
"Mənim çağımdır" silsilə şerlərində şair zəmanəsinin şairi kimi dünyanın dərk edilə bilməyən çox işləri olduğunu söyləyir. Din, millət, torpaq, rütbə, qazanc davasına üstüörtülü şəkildə toxunan şair insan ağlının, zəkasının yaratdığı yenilikləri tərənnüm edir:
Fəzanın rahatsız
yeni sakinləri.
Yerdən aya yol.
Uşaq höcəti
Böyük ehtirası,
Yaxın gələcəkdə
yerdən planetlər yoluna qalxacaq.
Yer vətəndaşı adına layiq,
İnsanların fəza donanması.
Şair həm də zəmanəsində həlli tapılmayan dəhşətli xəstəliklərdən narahatdır. Xərçəng, şəkər, infarkt, sərxoşluq, polimelit kimi qarşısı alına bilməyən belə xəstəlikləri şair zəmanəsinin -həm də özünün qayğısı, sınağı bilir.
Şairin lirik qəhrəmanı gələcəyin də taleyini düşünür. Nigaran qəhrəman ("Nigaranlıq" şerində") şerində dünyada insanlarının sayının artmasıyla, təbii sərvətlərin tükənməsiylə əlaqədar olaraq gələcəkdə insanın yaşamasını təmin edəcək vasitələrin tükənə biləcəyindən də narahatdır:
Gələcək günün nigaranlığı
İnsanlara bir doyumluq çörək,
Bir içimlik su çatacaqmı?
Eyni zamanda lirik qəhrəman insanların xarakterindəki köhnəliyin, fənalığın, minlərlə xəstəliklərin müalicəsini təmin edə biləcək kəşflərin, ixtiraların nigarançılığını çəkən insandır. Çünki şairin nəzərində o bu günün, gələcəyin övladıdır. Çünki keçmiş də, bu gün də, gələcək də onundur. Keçmişi "ibrət, öyrənc" kitabı, bu günün, gələcəyin sorğusuna cavabı bilən şair bütün varlığıyla gələcəyə bağlı olduğunu bildirir. Dünya, kainat onun qayğıları, keçmişi, gələcəyi, bu günü lirik qəhrəmanın həyatının mənasıdır. Çünki: "dünya bütün varlığıyla, yoxuyla, azıyla, çoxuyla, dəhşətləri, sevincləri azadlığı, dustaqlığı ilə" şairin evidir:
Dindirin məni!
Yükü çiynimdə,
Qayğısı beynimdə,
Ümidi gözümdə
Həqiqəti sözümdə
Bu gün-
Çağımdır mənim.
Ömür sınağımdır mənim.
Vətəninə , torpağına, onun tarixinə, keçmişinə hörmət edən, onun bu günü, gələcək qayğılarıyla yüklənən şair ("Mənim arzum" şerində) "könüldolusu sevinc", təmiz hava, qəlbi açıq, yaxşı dost arzulayır. Dost istədikdə də elə dost arzulayır ki, yaman gündə ilqarında sınaqdan üzüağ çıxsın. Dostluğu, düşmənçiliyi bilinməyən, ikiüzlü "insandan həzər" deyən şair gül gülü, çiçək çiçəyi çağıran bahar fəslini arzulayır, bolluq arzulayır, dünyasına aydın gündüzlər diləyir.
Şair bu şerində sovet ədəbiyyatındakı senzuraya toxunur, açıq şəkildə bu senzuraya qarşı çıxır, şer, sənət aləmində azadlıq istəyir:
Mən nə istəyirəm?
Çinar ağacları
qarğasız olsun,
Bu mümkün deyilsə əgər,
heç olmazsa,
Şe'r, sənət darğasız olsun!
Şair burada yalnız kolxozdan, plandan və digər bəsit mövzulardan təngə gəlmiş bir sənətkar kimi çıxış etmir. O şe'rin, sənətin məzmun zənginliyini, müxtəlifliyini istəyir və yazılan şe'rlərdə insanların arzularının, istəyinin tərənnümünə qoyulan sədlərə qarşı çıxır. Bildiyimiz kimi, sovet dövründə hekemon Komminist partiyasının yeritdiyi xarici və daxili siyasət ədəbiyyat, incəsənət və mədəniyyətiimizin inkişafını da nəzarətdə saxlayırdı. Yazılan əsərlər senzuradan keçirilirdi. Partiyanın irəli sürdüyü prinsiplər, siyasət ədəbiyyatın mövqeyini həll edirdi. Bu da fikir və duyğularında sərbəst, azad, müstəqil olmaq istəyən Rəsul Rza kimi mübariz şairləri narahat edirdi və istər-istəməz bir çoxları kimi Rəsul Rza da istəyirdi ki:
Böyük arzular səslənsin
hər hüceyrəmizdə.
Həyatın nəbzi vursun,
Hər nəsrimizdə
Hər şeriimizdə.
Rəsul Rza sovet ideologiyasının hakim olduğu bir dövrdə öz sözünü deməyi bacaran, öz dəsti xətti olan şair idi. Onun şerlərini oxuduqda biz onu Xəlil Rza demişkən "Yaponiyadan bəhs edən şerlərini oxuyanda onu yapon şairi adlandırmaq istəyirsən. Dehlidə yaranmış misraların hərarətini duyanda sanırsan ki, qarşında Hind şairi dayanıb. Yan Qus, yaxud Kopernik kimi dahilər haqqında yazılmış unudulmaz şerini oxuyanda çex, yaxud leh şairini dinləmiş kimi olursan. Maraqlısı budur ki, bəşər şairi olmaq üçün ilkin şərt heç də uzun marşurutlu səyahətlərə çıxmaq deyil. Rəsul Rza birbaşa Bakıda, yaxud doğma Göyçayda qələmə aldığı misralarında da dürlü xalqların, millətlərin ən sağlam duyğularının, qızğın fikirlərinin tərcümanı kimi boy göstərə bilmişdir. Bəşər şairi olmağın ilkin şərti öz xalqının şairi olmaqdır". Rəsul Rza xalqının şairi idi. Qorxmadan, çəkinmədən cəmiyyətdə hökm sürən hakim partiyanın hekemonçuluq siyasətinə, onun prinsiplərinə qarşı çıxırdı. Sənəti də, sənətkarı da azad görmək istəyirdi və bunu şe'rlərində, əsərlərində açıq-aydın verirdi.
Rəsul Rza yaradıcılığında vətən mövzusu mühüm yer tutur. Onun üçün vətən geniş məfhumdur. Bu vətən onun üçün dünyanın bütün varından, dövlətindən qiymətlidir. O bu vətəndən yetərincə yararlanmışdır. Çünki onun baharında bənövşəni, nərgizi dərib, buz bulaqlarından doyunca içib, hər qarışını addım-addım gəzib, gözəlliyinə məftun olub, bu gözəlliklərdən aldığı mənəvi zövqü dünyanın hər nemətindən əziz, qiymətli bilib. Onun gözəlliklərini tərənnüm edən, doğma Bakısının xoş güzəranını, gəncliyini keçirtdiyi, yazıb-yaratdığı doğma küçəsini də əzizləməyi bacaran şair həm də onun qayğılarını yaşamağı, bu qayğılara məlhəm olmağı bacaran vətəndaşdır. Şair üçün Azərbaycanın hər bir guşəsi əzizdir. Vətən deyib müraciət etdiyi Bakı da, Təbriz də onundur. Vətən dedikdə şair torpağında bitən hər ağacı, hər çiçəyi, hər gülü, hər dağı, qayanı, hər şəhəri, hər eli-elatı nəzərdə tutur. Şair doğulub boya-başa çatdığı vətəninin tarixini dərindən bilən bir insandır. Onun hər gününün acısını, sevincini, kədərini ürəyində yaşadan vətənpərvər şairdir. Bakıda yaşayıb -yaradan şair sinəsində Təbriz həsrətinin yaşadır. Ürəkdolusu tamaşasına həsrət qaldığı Təbrizi yuxularında görür, onun nigarançılığını çəkir, yuxularında qəmli gördüyü üçün, Təbriz taleyinə həsrət, ayrılıq düşdüyü üçün şairn qəlbi də narahatdır. Bağlı yollar, tikanlı məftillər araya elə bir ayrılıq salmışdır ki. şair kimi neçə -neçə qüzeyli azərbaycanlı güneyli azərbaycanlılardan-doğmalarından ayrı düşüb, bir-birindən nigaran, həsrət girdabında çabalayır. Təbriz dərdi Bakının ən böyük dərdidir. Şair bu dərdi içində yaşadır. Narahatdır, ona görə ki, Təbriz yuxusuna hər gecə qəmli girir. Şair körpə bir uşağı dilə tutub, ovundurmaq istəyən, könlünü almağa çalışan, sinəsindən keçənləri bilmək istəyən bir ata kimi Təbrizini dindirir:
Tez-tez yuxuma girirsən,
Təbrizim.
Yoxsa incimisən
Uzun həsrət yorub səni?!
Yoxsa dözüb-dözüb
indi yaman qəribsəmisən.
İnanmıram.
Hələ ümidin var böyüyəsi,
arzun var boy atası.
Təbriz dərdli, Təbriz həsrətli şair ondan ayrılmaq istəməzdi. Onu da zülümnən ayırıblar. Bir zaman Təbrizdə olmaq onun qismətində imiş. O zaman Təbrizin bağ-bağçaları gül-çiçəklə dolu idi. O zaman qəhrəman Təbriz azadlıq uğrunda mübarizəyə qalxaraq öz sözünü deyirdi. Dodaqlarda "ey torpağı lə"l, mərcan Azərbaycan" mahnısı səslənirdi. Lakin şair bu bəxtiyar günlərin uzun sürmədiyindən azadlıq carçılarının faciəsindən, fəlakətindən ürəyi göynəyərək xoş günlərin qara günlərlə əvəz olunduğunu, Təbrizin bu görkəmlə viranəyə çevrildiyini ürək ağrısıyla bildirir.
Yaraların ağırdır.
Təbrizim!
Nigaranlıq qəlbimi
ağrıdır.
Təbrizim!
Şair bütünlüklə ümidsizliyə də qapılmamışdır. O inanır ki:
Açılacaq üfüqlər
Bir aydın səhərində.
çəkiləcək üstündən
o zəhərli buludlar,
Doğulacaq arzular
umudlar.
Şair inanır ki, təbrizin yeni səttarxanları ortaya çıxacaq, yenə azadlıq bayrağını yüksəklərə qaldıracaq, öz gücünə güvənən qüdrətli cavanlar Təbrizin üzünə, taleyinə xoş günlərin qapısını açacaq. Çünki Təbriz həmişə qəhrəmanlar şəhəri olmuşdur, son gülləsinə qədər vuruşan oğulları heç zaman döyüş meydanından qaçmamış, əksinə öz dözümü, mərdanəliyi ilə tanınmışdır. Döyüş meydanında cəngavərlik göstərən:
Yaralılar ufuldamadı,
Can verənlər inləmədi,
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
Qan hopmuş torpağı.
Yaralarına basdılar
Qan rəngli bayrağı.
Nə düşmən onlardan
Bir aman söz ala bildi,
Nə bu ölümü yağı duydu,
Nə qala bildi.
Düşmən onların cəsədlərini də ayaqlar altına sərilən görmədi. Qala divarlarına söykənərək bir-birinə dayaq verən, biri-birilə çiyin-çiyinə duraraq mərdlik nümayiş etdirən bu vətən igidləri "Ərk qalası" şerində əsil qəhrəmanlıq, qorxmazlıq simvolu kimi tərənnüm olunur. Bu vətən oğullarının ölümü də gözəl idi. Çünki şair demişkən "ölərkən ayaqlarının altında vətənin torpağı, "başlarının üstündə vətən ulduzları" dayanmışdı.
Şairin qəlbində Ana vətənin hər guşəsi tərif edilir. Onun "Şuşa"sı, "Şamaxı"sı, "Göyçay"ı lirik boyalarla tərənnüm edilir, çünki bu torpağın hər qarışı onun üçün doğmadır, əzizdir. O, vəsfinə nəğmə qoşduğu hər obadan, hər oylaqdan söz açanda onları bir-birindən ayırmır, Bütöv, Vahid Azərbaycan məhəbbəti sinəsində qol-budaqlanıb, kök atmışdır. O, Göyçayda oturub Ana Vətəninin hər qarışına olan məhəbbətini ifadə edir:
İstədim Göyçaydan yazam bu şeri,
Qarşımda canlandı vətən torpağı,
Bir kəndin. Bir elin, bir obanın yox
Azərbaycanımın bağçası-bağı.
Rəsul Rza başqa cür də ola bilməzdi. O, bütünlüklə vətəninə bağlı sənətkar idi. Onun qəlbində bu torpağa Güney, Qüzey -deyib ayıranlara, onun taleyinə bu ayrılıq səhifəsini açanlara qarşı sonsuz nifrəti vardır çünki vətənin parçalanması sənətkar üçün dəhşətdir:
Vətən torpağını ayırım necə,
Bu Şəki, bu Ərəş, bu şirvan deyə!
Bəs Gəncə, Qarabağ, bəs Naxçıvana
Nəğmə qoşmayımmı dur, dayan deyə?
Doğulub boya-başa çatdığı Göyçayı şair demişkən "ayırmıram böyük vətəndən".
Şair "Söz ver mənə" şerində də bu ideyanı -Vahid Azərbaycan ideyasını əsas tutur. Dünyanın müxtəlif nöqtələrinə səpələnmiş, otuz altı milyondan çoxu Güney Azərbaycanda qalmış, orada yaşayan həmvətənlərinin, millətinin taleyinin varlığını şerində yaşadır. Şimali Azərbaycanda yaşayan azərbaycanlıların yer kürəsinə səpələnmiş azərbaycanlılardan az olduğunu bilən, bu millətin sayca çoxluğunu gizlətməyə çalışanların, unudanların yaddaşını oyatmağı bir azərbaycanlı ziyalısı kimi şair müqəddəs vəzifəsi bilir. "Axı mənim çoxum o taydadır" ("Söz ver mənə" şerində) -deyərək kükrəyir və fikrini daha qabarıq, daha böyük sərtliklə həqiqəti üzlərə çırpmaqla söyləyir, yatmış yaddaşları titrədir.
Şair onların dilinin dilindən ayrı olmadığını, nəğmələrinin, musiqisinin, ahənginin, "bəstəsinin" bir olduğunu, gözü-gözündən, laylayı laylasından, şikəstəsi şikəstəsindən olduğunu söyləyir və dəmir sərhədləri heç sayır, bir millətin arasına çəkilmiş sərhədləri aşır:
Sən baxma sərhəd dirəyinə,
Qulaq as insan ürəyinə.
Mənim çoxum o taydadır.
Rəsul Rza onun azsaylı millət kimi qələmə verənlərə qarşı çıxaraq, əsil həqiqətin bir gün üzə çıxacağına, o əsarət zəncirlərindən bu millətin qurtulacağına və 60 milyonluq Azərbaycan xalqının varlığının həqiqət olduğunun sübut olunacağına inandığı üçün qarşısında bu millətin sayını dörd milyon göstərən "sədri" ittiham edir və ondan tələb edir ki:
Salma məni
siyahının axırlarına.
And olsun
qəlbimin həsrət ağrılarına!
Bu gün olmasa da sabah
qırılacıq zəncirlər!
Könüllər açılacaq,
Onda, özün deyəcəksən,
Gəl söz sənindir.
O gün gələcək!
Rəsul Rza uzaqgörənliklə, bu böyük həqiqətin gerçəkləşəcəyinə inanır, bu inamını lirik qələmində yaşadır. Rəsul Rza Azərbaycan xalqına, onun mədəniyyətinə, əhalisinin sayına, onun elmi-potensialına hörmətlə yanaşdığını, bu millətin alim və ziyalılarına məhəbbətini təkcə yaradıcılığında deyil, ictimai fəaliyyətində də sübut etmişdir. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru işlədiyi dövrlərdən məlumdur ki, ASE tərtib olunarkən o, bütün gücüylə mübarizə apararaq, Azərbaycan millətinə mənsub olan alimlərin o kitaba düşməsinə mane olan qüvvələrə qarşı çıxmış, bu yolda mübarizəsindən əl çəkməmiş, başı çox bəlalar çəksə də az da olsa istəyinə nail olmuşdur. Bir zamanlar mənim rəfiqəm o redaksiyada makinaçı işləyirdi və mən tez-tez onun yanına gedərdim, baş verən hadisələr, Rəsul Rzanın bu sahədə apardığı mübarizələr haqqında mən ancaq öz eşitdiyimi, bildiyimi söyləyə bilərəm.
Rəsul Rza vətəninə, xalqına, yurduna bağlı insandır. O, anasının öz dilində söylədiyi laylaların sehrində böyüyüb və o laylanı nə yuxusunda, nə də ahıl yaşında unuda bilməyən sənətkardır. Anasının laylasından gözəl, mənalı, ecazkar layla tanımır, tanımaq istəmir. Bu laylanın sehrində böyüyüb, qeyri laylalar onun qulaqlarını didir, ürəyini göynədir. Çünki yatdığı yuxudan ("Anamın laylası" şe'rində) başı üzərində bir qadının onun qəlbinə yad olan laylasından diksinib qalxır, öz anasının doğma laylasına ehtiyacı olduğunu bildirir:
Qışqırdım! Ana, ana!
Bu necə layladır!
Bu nədir?
Qulaqlarımı didir,
Qəlbimi göynədir.
Nə bəstəsi doğmadır mənə
Nə tanışdır sözləri.
Bu misralarda şairin doğma ana laylası kimi ümumiləşdirdiyi Azərbaycan anasının beşik başında öz azəri balasına söylədiyi laylaya olan məhəbbətinin tərənnümü ön plandadır. Çünki şair öz anansının laylasını unutmamışdır. Burada hər bir xalqın öz milli varlığını, ulularından ona miras qalan zənginliyi qoruyub saxlamaq fikri, ideyası əsasdır. Bəlkə də bir zamanlar vahid sovet ailəsi prinsiplərindən uzaqlaşma qorxusudur ki, bir azərbaycanlı vətəndaş şair kimi Rəsul Rza narahat edirdi. Hər sahədə olduğu kimi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq sahəsində də ayıq olmağımızı məsləhət bilir.
Rəsu Rza yaradıcılığında məhəbbət, əhd, vəfa, ləyaqət, dönüklük lirik bir dillə tərənnüm olunur. Bu məhəbbətin tərənnümündə Rəsul Rza sənətinə, lirik duyğularına uyğun tərənnüm var. O, məhəbbətin doğurduğu kədər, qüssə dəryasına baş vurub hüzn içərisində boğulmur, acı-acı göz yaşı tökmür, çəkdiyi cövr-cəfadan şikayətlənmir. Burada məhəbbət, sədaqət, vəfa, könül duyğuları tərənnüm olunur, əsas mövzu məhəbbətdir, sədaqətdir. Rəsul Rza yaradıcılığında məhəbbət poetikasının özünəməxsus gözəlliyi var:
Məhəbbət elə bir ismət evidir,
Onun qapıları bağlı gərəkdir.
Onun sığındığı etibarlı yer
İnsan sinəsində adi ürəkdir.
Şairə görə insan öz sevgisini, məhəbbətini kimsəyə açmamalıdır, "Yüz sözü, yüz sirri dosta desə" də "məhəbbətin sirrini özündə saxla"malıdır. Çünki bu məhəbbət şairin nəzərində geniş bir məfhum olub, tək bir insanın deyildir, tək o sevənin deyildir. Ona görə də məhəbbətin ismətli adı, qiyməti bu sevgini gizlin saxlamalıdır. Çünki məhəbbətin qərar tutduğu yer ürəkdir və şairin özü demişkən "ürək süfrə deyil, gəlib-gedənə açasan".
Şair saf məhəbbəti yüksək qiymətləndirir, onun nəzərində o, elə bir varlıqdır ki. ləkə götürmür, şübhələr, qısqanclıq məhəbbəti öldürə bilər, ona görə də sevən də, sevilən də məhəbbətini, səadətini ona düşə biləcək ləkələrdən qorumalıdır. Çünki məhəbbət də, elə sevgi də sevən lirik qəhrəmanın nəzərində bir imtahandır.
Rəsul Rzanın lirik qəhrəmanı sevgiyə, məhəbbətə münasibətdə Füzuli ruhunda köklənibdir. Bu eşq, məhəbbət dərsində əhd-vəfaya sədaqəti Füzulidən öyrənibdir. "Sən varsan" şerində lirik qəhrəman sevdiyi insanın varlığından ilham alaraq deyir:
Füzulidən soruş:
Məhəbbət nədir?
Leylanın göz yaşı,
Məcnunun ahı.
Hələ qəlbimizi necə göynədir?!
O sayıb keçdiyim dəcəllikləri,
Yuxusuz gecəni
yorğun səhəri, dolaşıq yolları
həsrəti, dərdi
sənsiz,
Hansı ürək qəbul edərdi!
Şair sevdiyi insana məftunluğunu gizlətmir. Dünyada nə qədər gözəllər, baxışlar görsə də öz sevdiyi gözəlin "qonur gözlərindən qəşəng"ini, onun qumral saçları kimi saçlar, ürəyi qədər saf ürək görmədiyini bildirir. Sevdiyi insanı hamıdan uca tutan qəhrəman açıq ürəklə etirf edir ki:
Ürəklərə baxdım
bir sərraf oldum.
Qəlbin kimi böyük ürək
görmədim.
Yer salıb könlümdə sağalmaz izi.
Varmı bir qüvvə ki,
ayırsın bizi?
Şair duyur ki, bütün varlığıyla bağlandığı, sevdiyi insanı ondan ayıra biləcək bir qüvvə yoxdur. Ürəkləri bir-birinə elə bağlanıb ki, sevən insan sərraf gözlüdür, o öz inamında, etibarında yanıla bilməz və yanılmamışdır da.
Çünki sevdiyi ürəyin, qəlbin sahibidir. Şairin lirik qəhrəmanı hicran, həsrət anlarından da narahatdır. Ortaya ayrılıq, hicran düşərsə belə anlarda da sevdiyi insana tövsiyələrini verir. Qəlbən ürəkdə bir-birinə bağlı olduqlarından lirik qəhrəman bu ayrılığın doğuracağı kədərdən, qüssədən narahatdır:
Ayrılıq dediyin duzlu bir sudur.
İçdikcə köz kimi yandıracaqdır.
Çünki bu ayrılıq onun özünün də könlünə qəm pərdəsi çəkər, onsuz bu cahanda, dünyada bir rahatlıq tapmaz, qəlbində, qanında, bütün duyğularında bu sevgi yaşayır və o da hər vaxt "dünyanın pərişan çağında" bir nəğməli bülbül, sevdiyi insan isə bahar olacaqdır. Bülbül necə gül, bahar həsrətlidirsə, sevən aşiq də canan həsrətli olacaqdır. Sevgilisindən ayrı düşən aşiq sevgidə dəyanətinə, vəfasına onu inandırmağa çalışır. Ortaya düşən ayrılıq- həsrətdə onu sevən aşiqi bağladığı əhdi-vəfaya sədaqətli olacağını bildirir və inanır ki, o eşqinə, əhdinə, vəfasına həmişə də sədaqətli qalacaqdır:
Hər zaman saçını darayan zaman,
Həsrət gözlərinə baxıb aynada,
Bil ki, səni sevən, sənə inanan
Könül ilqarını pozmaz dünyada.
Şair ayrılığın yetişdiyi bu son anlarda sevdiyi insandan könül oxşayan yaxşı bir söz istəyir, araya düşən ayrılıq əbədi olaraq bu az sürən ömrümüzdə, yaxşı günlərimizin çox olduğunu unutmamağı məsləhət bilir. Çünki lirik qəhrəman bilir ki, ona olan məhəbbəti hamıya əyandır. O, bu dünyada olmasa da inanır ki, hamı biləcək ki:
Kim görsə boyasız solğun dodağı
Onsuz da biləcək sən mənimkisən.
Rəsul Rza yaradıcılığında öz məhəbbətini yarada bilmişdir. Onun məhəbbəti "qonur göz"lü, xurmayı saçlı , "gözəl səs"li, şairin nəzərində "dünyada hamıdan gözəl" bir insandır. Bir zamanlar "nə rəng gözlər yaxşıdır?", "nə rəng saçlar yaxşıdır?", "hansı səsdir ürəyinə yatan səs?" kimi suallara cavabı "nə bilim" olmuşsa, bütün varlığıyla vurulduğu insana bəslədiyi sevgidən sonra bu suallara cavab tapdığını təmiz, açıq ürəklə etiraf edən səmimi bir insandır. Rəsul Rza sevdiyi insanın təbəssümündən, baxdığı gözəlin gözlərindən qeyri heç bir təbəssümlü gözlərə baxmaqda maraqlı deyil, çünki ürəyi ağrıyanda ("Təbəssüm" şerində) lampanı yandırıb divardan nəzərləri ona dikilmiş "dodağı gülüşlü" onun ağrılarına məlhəm olur:
Təbəssümün elə gözəldir,
elə şirindir.
Sinəm yüngülləşdi.
Ürəyimin ağrısı
tutmur neçə gündür indi.
Şairin lirik qəhrəmanı ürəyinin ağrısını demək ayrıldıqdan doğan ağrı kimi qəbul edir. Sevdiyi insandan ayrı düşmək könül narahatlığı yaradır. Bu narahatlıq ürəyi incidir, sevgilisinin bir xoş təbəssümünə həsrət aşiq onun divardan asılmış şəklindən, təbəssüm dolu baxışlarından mə"nən yüngülləşir. Lirik qəhrəman özü etiraf edir ki, ("Sənsiz" şerində) sevgilisindən ayrı günləri ağır keçir. Gördüyü həyat mənzərələri də sevgilisindən ayrı könül açıcı deyil. Romantik qəhrəmanın nəzərində dənizdən gələn dalğalar sahili onsuz görüb geri dönür, küləklər də çiçəklərə sığal çəkmir, nəğmələr də həzinliyini, kövrəkliyini itirir:
Günlər keçir ağır-ağır.
Səndən ayrı.
Yollarıma gecə-gündüz
Çiskin-çiskin kədər yağır
Səndən ayrı.
Rəsul Rzanı sevən lirik qəhrəmanı ən incə duyğularını sadə, açıq bir şəkildə bildirir; boyasız, bəzəksiz məhəbbbət bütün saflığı ilə oxucu qəlbini riqqətə gətirir. Gözlərimiz qarşısında bütün qəlbiylə, öz sevgilisinə bağlı, ona sədaqətli, təmiz , insani duyğulara sahib insan canlanır. Onun məhəbbətinin qarşısına çıxa biləcək maneələr azdır. O, Məcnun taleli, Kərəm qismətli deyildir. Füzulinin lirik qəhrəmanı - sevən aşiqi oxucu qəlbini necə özünə cəlb edirsə, Rəsul Rzanın sevən aşiqi də bir o qədər ürək oxşayan, könül açan ürək, hiss sahibidir.
Dünya, həyat, kainat mövzusu Rəsul Rza yaradıcılığında Rəsul Rza təfəkkürünə, dünyagörüşünə uyğun vəsf edilir. Bu tərənnümdə dünyanın dərdini şair öz dərdi kimi yaşayır. Şairin gözlərinə yuxu getmir: "nə başım ağrıyır, nə xəstəyəm" deyən şair yatağının rahat, otağın sakit guşəsində nigaran baxışlarala, fikirlə dünyanın ağrısını çəkir, bu dünyanın bir guşəsi də onun torpağıdır. Ancaq özünü deyil həm vətəninini, həm də dünyanını dərdini, ağrısını çəkən şair gözlərimiz qarşısında əsl vətəndaş, ziyalıdır. Böyük dünyanın bir zərrəsi olan insan, onun yaxşılarını, pislərini görür, eşidir, gələni qarşılayır, gedəni yola salır, gülə-gülə, qəmlənə-qəmlənə, arzularını, istəklərini həyata keçirmək uğrunda çalışaraq, bu yolda çətinliklərlə rastlaşanda bu çətinliyə qarşı mübarizə apara-apara yaşayır, işləyir, oxuyur, öyrənir, görür, götürür, gedəndə də şairin dediyi kimi "nə isə aparca"qdır özüylə!" Dünya elə dünyamızda qalır. Daima qayğılı, fikirli, qaşqabaqlı şair dünyanın qayğılarını çəkməyi özünün vəzifəsi, insani borcu bilir. Çünki:
Dünya insan evidir.
Necə yaşamaq olar,
dünyanın dərdlərinə
üzülüb dərdlənməsən,
acısına yanmasan
dünyanın sevinciylə
sevinib şadlanmasan.
Rəsul Rza belə şairdir. O, dünyanı öz evi bilir. Tək öz evini deyil, dünya evinin dərdini, qayğısını çəkən, onları yüngülləşdirməyə çalışan sənətkar ziyalı insanlara öz elmi kəşfləriylə onu məhvərindən qoparıb məhv etməyə deyil, onun dərdlərini yüngülləşdirməyə, onu qoruyub saxlamağa borclu olduğunu çatdırır. Hər bir insan insani keyfiyyətləri əsas tutumalıdır. Düny anın xoşbəxtliyi, sevinci ilə yaşamalı olduğunu, bu yolda imkanlarını bəşəri keyfiyyətlərin inkişafına yönəltməli olduğunu yada salır. Unudulmamalıdır ki, insan şəxsi istək və arzularını da dünya istək və arzuları üstündə kökləməlidir. Şairin nəzərində xoşbəxtlik, səadət içərisində yaşamaq elə insanların öz əlindədir:
Hamı adamlar insan olsaydı
Xoşbəxt yaşamağa nə var…
İnsan əlində namümkünsüz nə var!
İnsanlıq naminə dost olsalar.
Ürəklərdən keçən dostluq
əbədi səadətə yol salar
Şairin nəzərində insanlar arasında dostluq və səmimiyyət olsa zülmətləri işıq boğar, bolluq ehtiyacı aradan götürər, məhəbbəti özünə ideal bilən nifrəti qəlbində boğar, dünyada həsrət, nifrət, kin olmasa dünya dinc və firavan olar. Yaxşılar pislərin qəlbindəki nifrət toxumunu yox edə bilsə, insanlar yer üzərində bir-biriylə dost, qardaş olsa təbiət də dil açıb danışar, heyvanlar da, quşlar da yaşamaq naminə dünyanın bəzəyi olar.
Dünyanı ziddiyyətlər, müharibələr, kütləvi qırğın silahları ilə məhv etmək qorxusunu yaşayan insanların səadətini unudub dünyanın dincliyinin qayğısını çəkməsi, gözlərdəki nigarançılıq, təlaş bir çox ölkələrin ərazisində gedən müharibələrdən cana doyan insanların istəkləri şairin bu misralarında ümumiləşir:
Var elə gün olaydı ki, deyəydilər:
Dünya səsziz, dünya sakit,
Planetin heç yerində
Bir güllə də açılmadı.
Şair dünyanın bolluq, bərəkət içində görmək, istəyir və o eşitmək istəmir ki, kimsə deyər ki, " bircə yoxsul süfrəsi də açılmadı". Bir günün ilə, əsrə bərabər olmasını, mənalı ömrü, mənalı yaşayışı, insan üçün ən qiymətli günlərin mənalı keçməsini hər şeydən çox arzulayır. Bu şe'rlərdə insan səadəti, dinc həyat eşqi güclüdür.
Şairin yaradıcılığında mühüm yer tutan mövzulardan biri də səyahətləri, bu səyahətlər zamanı gördüyü tarixi yerlər, ölkələr, şəhərlər, müxtəlif görkəmli şəxsiyyətlər, onlarla arasında olan dostluq münasibətləri, şairin gördüyü, eşitdiyi hadisələrin poetik şəkildə tərənnümüdür. Nazim Hikmətin əziz xatirəsinə ithaf etdiyi "Burda bir insan ölüb" şe'rində şair ən əziz insanın itkisindən doğan kədərini ifadə edir:
Bir dostumuz öldü
Adamların yaxşısından idi.
Sözü, işi arzularıyla insan idi.
Bu ölümə yerin torpağı yandı,
Ağacın yarpağı yandı,
Göynədi qəlbim
Duz basılmış yara kimi.
Şerdə şair bu gözəl insanın ölümündən kədərlənir. Onun bu dünyada öləndən sonra işıqlı fikirlərinin, "böyük qəlbinin istisi"nin qaldığını ürək yanğısı ilə ifadə edir. Ona olan məhəbbəti, hörməti bu misralarda ümumiləşdirilir:
Ünvanı pasportdan məlum
Nə bir şəhər, bir küçə, bir tindədir,
Ünvanı
milyonlarla insanların qəlbindədir.
Böyük türk şairi alovlu, mübariz insan Nazim Hikmət sənətinə, şerinə, şəxsiyyətinə dərindən bələd olan Rəsul Rza bu şe'rdə ülvi arzu və istəklərə məxsus, böyük insan Nazim Hikmətin ölümündən, göz yaşları içərisində milyonların qəlbində özünə yer tutan bir insandan, bir türk oğlundan söhbət açır, onun insani keyfiyyətlərini tərənnüm edir. Şair şe'rlərində türk yazarlarından tanıdığı dostlarını, şe'rinə, sənətinə, yaradıcılığına bələd olduğu bu insanları:
Hanı Fikrət?
Hanı Namiq?
Əhməd Haşım,
Yəhya Kamal.
Rza Tofiq hanı?
-deyə sorur. Onların şe'r məclislərinə, şair taleyinə münasibətini ifadə edir.
Şair gəzdiyi, gördüyü yerlərdə rast gəldiyi həmvətənlərinin taleyinə, arzu və istəklərinə biganə qalmır. Vətən həsrətiylə, vətən yanğısıyla yanan insanların arzu və istəklərini nə qədər kədərləndirici olsa da şerlərində yaşadır. Çünki onlar hər jür yaxşı şərait içərisində yaşasa da Xəzərini unuda bilmir. Burda evi-eşiyi olsa da vətəndə qoyub gəldiyi "Ana beşiyi" ni istəyir:
Ürək dinj qoymur məni
Kəpəzi istəyir.
Sarı yalı,
Xəzəri istəyir -
-deyən Saleh Gənjərin fikrini bu misrasında yekunlaşdırır:
Bir söz:
Vətəni istəyir.
Bu vətənin sorağında, həsrətində qovrulan Saleh Gənjər
ürəyin istəyini yerinə yetirə bilmədiyi üçün ondan vəfa görmür. Az müddət keçəndən sonra Saleh Gənjərin ürək tutmasından vəfat etdiyini eşidən şair misralarında vətən həsrətinə tab gətirməyən bir ürəyin dərdini ümumiləşdirir:
Doktor yazıb: infark miokardo:
Doktor hardan bilsin, hardan
Saleh Gənjərin
ürəyinin elə bir yarası varmış
ki, onun nə təbibi,
nə çarası varmış.
Onun ürəyinin təbibi vətən, çarası onu görmək, ona qovuşmaq idi və Saleh Gənjərin bu arzularının nakamlığını şair poetik şəkildə misralarında əks etdirir. Çünki şair özü qürbətin ağrı-ajısını, göynərtilərini injə şair qəlbi ilə duymağı bajarırdı. Hind okeanı sahillərində dayanıb həsrətlə mavi Xəzərini, onun sərin havasını arzulayanda şair hiss edir ki, qürbətin ağrısı-ajısı dərddir:
Hind okeanı da duzludur
Amma!…
Xəzərin sərinliyi yoxdur
Bu duzda
Eh…
Burnumun uju göynəyir
Bakı üçün
onsuz da!
Şair "burnumun uju göynəyir Bakı üçün"misrasında öz həsrətini, qürbətdə çəkdiyi vətən ağrısını bədii şəkildə qüvvətli bir qələmlə verir.
Rəsul Rza Şərq dünyasının qəm-qüssəsini özünün qəmi-qüssəsi kimi qarşılayır. Yanıqlı nəğmələrindəki kədər, qüssə, ümidsizlik şairi hirsləndirir. Onu mübarizliyə, qətiyyətli olmağa, göz yaşları tökməməyə, qəzəblə, üsyanla öz haqqını tələb etmək üçün mübarizəyə qalxmağa səsləyir. Onu bu mütilikdən uzaq olmağa, çəkdiyi əzab-əziyyətlərdən, aldığı yaralardan göynəməməyə, yaralarına duz basıb ayağa qalxmağa sabahına ümidlə, inamla, qürurla baxmağa, inamlı gələjək naminə mübarizə meydanına atılmağa, iniltisini içində boğub xoş gələcək naminə birləşib üsyana qalxmağa çağırır:
Dişlərini qıca.
Get şimşəkli bahara kimi.
Görsünlər ki məhəbbbətin
Qəlbinin alovunda isinir.
Rəsul Rza dünyanın müxtəlif nöqtələrində gördüyü, eşitdiyi, rast gəldiyi hadisələrə biganə qalmamış, poetikasında onları yaşatmışdır. Bu şerlərdəki mütərəqqilik ondadır ki, o nə dərdli Hindistanı, nə azadlığı uğrunda mübarizəyə qalxan Yaxın Şərq xalqlarını, nə gördüyü gözəlliklər içərisində bütün varlığını çuğlayan vətənə dönmək istəyini, nə də gördüyü aləmdə insan üçün, canlı üçün ən əziiz, ən müqəddəs, ən qiymətli nemət olan azadlığa, ona olan sevgisini unudur. Raqurada qəfəsdə gördüyü ağ filin qəfəsə sığmayan arzularını, dustaq filin tökdüyü acı göz yaşlarını, "qəfəsssiz qardaşlarını haraya çağır"masını fillərin uzunömürlülüyünü poetik bir şəkildə oxucuya xatırladır və birdən-birə azadlığın, bir gün də olsa azad yaşamağın nə qədər böyük bir nemət olduğunu yada salır:
Deyirlər fillər uzun yaşayır,
Ağ fil, ağ fil!
Neyləyirsən uzun ömrü
Yerin qəfəs olacaqsa yüz ili,
Ağ fil, ağ fil!
Şair az yaşa, azad yaşa ideyasını şerdə əsas tutur, Dünyasına, canlılarına azad, müstəqil və xoşbəxt yaşamağı arzulayır. Onun nəzərində hər şey insan iztirabının aradan götürülmüsinə xidmət etməlidir. Dünyada insan qəlbinin çəkdiyi iztirabları heç nəylə müqayisə etmək mümkün deyil. Bir ürəyin qəm, möhnət yükünü çəkə biləcək bir mizan, tərəzi ola bilməz. İnsan qayğısının analoqu yoxdur, onu heç nəylə müqayisə etmək olmaz.
Rotterdamda meydanda qoyulmuş bir tunc heykəlin önündə dayanıb insan, onun taleyüklü məsələləri, kədəri haqqında düşüncələrini misralara çevirən Rəsul Rza heykəlin üzündəki fəryadı, əzabı, iztirabı, bütün çılpaqlığı ilə verməyə çalışan sənətkarı, onun yaratdığı bu dərdli insan obrazını, baca kimi açılmış kürəyindən dartılıb çıxarılmış insan ürəyinin çəkdiyi əzabları "ağrını tuncdan yoğur"muş sənətkarın sənətkarlıq məharətini yüksək qiymətləndirməklə yanaşı, bu tunc heykəlin arxasında dayanan canlı insanı xatırlayır və onun çəkdiyini, hisslərini, daxili əzab və iztirablarını vermək üçün heç nəyin gücü çatmadığı qənaətinə gəlir:
Bütün dünyanın tuncu çatarmı
Bir insan iztirabının heykəlinə?
Yüz belə heykəl əvəz olarmı
Bir körpənin qana boyanmış telinə?
İnsan elə bir məxluqdur ki, onun dərdini, iztirabını verə biləcək, bu dərdin çəkisini yarada biləcək qüvvə yoxdur. İnsanın hər şeydən qüvvətli, dözümlü, eyni zamanda bütün məxluqatlardan, varlıqlardan incə olduğu fikrində bulunan şair insan arzusu, kədəri önündə şair düşüncələri ilə tək qalıb "dərdləşir".
"Eyfel qülləsi", ""Luvr", "Cəbbəllütariq" və digər şerlərində şair öz fikir və düşüncələrini qələmə alır. Bu əsərlərdəki poetika, lirik qəhrəmanın düşüncələri hər biri bir mövzudur. Həm şair, həm səyyah düşüncələri birləşib poetik rəngarənglik yaratmış bu şerlər həm könülaçıcı, həm də düşündürücüdür. Bu şerlərdə dünyada nələr baş verdiyini, tarixdə nələr olduğunu, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq bəşəriyyətin bütün istək və arzularındakı ümumi baxışların, arzuların tərənnümü üçün qələmini kökləyən şairin də, bu duyğularla, arzularla həmrəy olduğunun şahidi oluruq.
"Əlcəzair meydanında" şerində şair bir əlcəzairli meydanında öldürülən insanın faciəsini qələmə alır. Ölən afrikalı -bu ölkənin övladı, öldürən onün torpağının varına göz dikən "avropalı-gəlmə"dir. Şair burada öldürülən bir müsəlmanın -dinində, imanında bir olduğu, özü kimi vətəninin azadlığını, müstəqilliyini istəyən bir müsəlman oğlunun arzularının tərənnüm edir. Xalqları istismar, əsarət altında saxlamaq istəyən qolu zorlu dövlətlərin çirkin siyasətinə qarşı çıxır. Əlcəzairli gənc kimi müsəlman olmasıyla fəxr edir. Onun fikirlərinə, arzu və istəklərinə həmdəm olduğunu bildirir:
Eşitsin yer kürəsi-
Böyük Anam!
Mən müsəlmanam!
Cənazəni sükutla
İzdihamlı küçələrdən keçirib aparan,
Min-min ürəkdən
Qəzəb qığılcımı qoparan,
İnsanlar sırasındayam.
Ömrümün vərəqlərində
Neçə əsrin dərdi,
Hər yəhudinini,
Xaçpərəstin,
Bütpərəstin,
Müsəlmanın
Qardaşıyam.
Azadlıq uğrunda
Mübarizə döyüşçüsünün cəbhədaşıyam.
Şair azadlıq, müstəqillik uğrunda mübarizə aşiqidir. Onun bu misralarının arxasında öz vətəninin, torpağının azadlığını hər şeydən üstün tutan bir insanın istək və arzusu öz əksini tapmışdır. O, bütün dünyanın insanlarının bu müqəddəs arzularını sinəsində yaşadır. Şairin incə qəlbi təbiətin yağan yağışlarını sevir, şimşəklərin çaxmasına, gur yağışların yağmasına, göylərin şaqqıldamasına sevinən şair birdən-birə nigarançılıq içərisində öz sevincini boğur, düşünəndə ki, bu leysan yağışlar hər yerə tökülür, hər yerə yağır və bu yağış küçələrdən cadar-cadar olmuş fələstinli didərginlərin çadırlarına da tökülür, hardasa ayağıyalın çılpaq uşaqların üstünə yağır, neçə -neçə məcrasından çıxan çayların törətdiyi təbii fəlakətlərə rəvac verir, bol məhsulları yerlə yeksan edir, bir tərəfdə bu yağan yağışlar o biri tərəfdə yağmır, bir yerdə bataqlıqlar, o biri yerdə quraqlıqlar yaradır, kədərlənir. İnsanların bu təbii fəlakətlər qarşısında aciz qalmasını istəmir. İstəyir ki, bu dünyada səadət gətirəcək nə varsa qoy insanın öz əlində, onun öz tabeliyində olsun. İnsan oğlunun pis gün görməsini istəməyən şairin hümanist duyğuları ifadə olunur:
Deyirəm:
-Nə yağışdan, nə şimşəkdən
insanlarda qorxu qalsın.
Nə arzular qırılsın,
nə ümid azalsın.
Dünyanın hər yerində
məhəbbət də, səadət də olsun
insan əmrində.
Şairin nəzərində insan səadətini, azadlığını ancaq öz gücüylə, mübarizliyi ilə əldə edə bilər. Oturub gözləməklə nə Prometey, nə nağıl qəhrəmanı, nə ilahi varlıqlar ona səadət, azadlıq bəxş etməyəcəkdir. Hər kəs əsarət zəncirini özü qırıb atmalı, buxovlardan azad olmalı, xoşbəxt həyatını qurmalıdır. Buna görə də insan
Heç gözləmə!
Diri-dir,
Qır, qolundan, at zənciri-deyir. "Vuruşlarda qazanacaq azadlığı insan oğlu" ideyasını əsas tutaraq hamını mübariz olmağa, kimdənsə kömək ummamağa, əsarətdən özü qurtulmalı olduğunu bildirir. Oxucunu mübarizliyə, döyüşkənliyə səsləyir. Onları xoşbəxt gələcəyi olacağı inamı üstündə kökləməyə çağırır, ümidsizliyə qapılmamağa, sabaha inamla baxmağa səsləyir.
Rəsul Rza yaradıcılığında təbiətin fəsilləri, onların hər birinin özünəməxsus gözəlliyi tərənnüm olunur. Şairin hər ötüb keçən qışdan, bahardan yaddaşında bir xatirə qalır, bu xatirələrin təbii lövhələrini şerlərində yaşadır. Şairin şerlərində qış fəsli, onun təbii görkəmi lirik bir dillə tərənnüm olunur. "Bakıda qar" əsərində yaş küçələrə, eyvanlara, damlara yağan qarı, əynində isti paltar, ayağında çəkmə olan insanları, qartopu oynayan uşaqları, şimal ölkəsinə bənzəyən bu qışın yaratdığı abı-havanı tərənnüm edir və bu zaman bir şair qəlbinin incəliklərinin yaratdığı kədəri də, bir qüssəni də şerə əlavə etməklə həm onun məzmunu gözəlliyini, həm də bədii gözəlliyini artırmış olur. Həyətdə hay-küylə oynayan isti geyimli, qarnıtox uşaqların yadına təbiətin ən zərif, aciz varlıqlarını salır, onları unutmamağa çağırır:
Uşaqlar, ay uşaqlar.
Qartopu oynayanda
Paltarsız, ayaqyalın,
Dən gəzən sərçələri
Bir anlıq yada salın.
Uşaqları belə qarlı-şaxtalı gündə heyvanlara qarşı qayğıkeş, mehriban olmağa səsləyir. Çünki qəlbi yaşatmaq eşqiylə yanan şair özü isti otaqda oturub ("Qış günü" şe'rində) çöldə üşüyüb bir-birinə qısılan çılpaq ağacların dərdini çəkir:
Gətirə biləydim onları otaqcığıma
qızınsınlar
Yarpaq naxışa dəymə, qızım, sınar!
Çağır gəlsin ağacları
qızışsınla(31)
Baharın gəlişi zamanı duyduğu könül rahatlığı da şairin misralarına çevrilir, qışın getməkdə, baharın gəlməkdə olduğu anları şair "bahar gəzir qışla nəfəs-nəfəsə" poetik misrasında verir. Şair sevinir ki:
Qəlbimdə bahar sevdası
bahar nəfəsi
Xatirimdə ala-çalpovun
mülayim küləyi.
Dilimdə novruz nəğməsi
axın-axındır
Şaxta neyləyəcək mənə
bahar yaxındır.
Bahar yaxındır.
Baharın gəlişini xəbər verən novruzgülünü vəsf eləyin şair, onu çöllərə, çəmənlərə baharın gəldiyini xəbər verən, baharın lap yaxında olduğunu söyləyən bahar müjdəli bir gül kimi tərənnüm edir.
Hələ "yerin canından" soyuqların qorxusu çıxmamış olsa da ( "Yaz gəlir" şe'rində) baharın ilıq nəfəsini duyan lirik qəhrəman pəncərədən içəriyə dolan küləkdən-mehdən baharın gəlişini duyduğunu bildirir. Bu duyumun artıq "Bahar" şe'rində həqiqətə çevrildiyini coşqun bahar fəsli kimi şair də coşqunlunqla vəsf edir:
Haray çəkib gəlir bahar,
Daşır sellər, daşır sular.
Şair təbiətin fəsillərinə maraq üçün baxmır, bu fəsillərdə bir gözəllik bir məna gəzir. Hər çiçəyin, hər yarpağın öz rəngi, hər ağacın öz görkəmi, təbiətin al-əlvanlığı "hər fəslin, hər iqlimin tükənməyən rənglər kotaloqu şairi düşündürür, heyrətə gətirir. Təbiətin özünün də şair demişkən "yeknəsəklikdən qaç"masından könül rahatlığı tapır, təbiətə rəssam fırçasının məhsulu kimi baxır: "Payız yarpaqlar"ının hər misrasında rəssam düşüncəsi, rəssam boyası var:
Sarısı, qırmızısı, solğun yaşılı var.
Elə bil
müxtəli rəssamların
fırçasından düşüb
yarpaqlar.
Şair istəmir ki, bu yarpaqlar tökülsün, meşələr çılpaq qalsın. Bu qızılı, zümrüdü, yaquta bənzər yarpaqlar, "payızın zərgər işi" könül oxşasın, ağaclar barsız qalıbsa, yarpaqsız qalmasın. Rəsul Rzanın qəlbində təbiəti yaşatmaq, yaratmaq eşqinin tərənnümü daha güclüdür. Soyuq asfaltı yarıb çıxan nərgizin gözəlliyi "eşq olsun həyatın gücünə" qənaətinə gələn şairi heyrətləndirir.
Şair şe'rlərində şe'r, onun formaları, vəzn qafiyə haqqında fikirlərini lirik bir şəkildə ifadə edir. Sərbəst şe'r, saf, aydın, qısa, oxucunu yormayan bir şe'r vəzni olduğunu bildirir.
"Şe'r, vəzn və məhəbbət haqqında dastan" şe'rində şair Azərbaycan şe'rinin ana vəzni olan heca vəzni və onun bölgüləri haqqında öz fikirlərini oxucuyla bölüşdürür. Şerin ikinci hissəsində isə sərbəst vəzndə yazdığı lirik bir şe'rini verir. Bu vəzndə yazılan şe'rdəki sözlərin, fikirlərin axıcılığı, düzümü, sərbəstliyi, lirizmi, ahəngi, intonasiyasını görürük və deməli, şair bu vəzndə yazılan şe'rlərin də qüvvətli olduğunu bildirir.
Rəsul Rza yaradıcılığında insan, onun adı, işi, əməli cəmiyyətdə yeri, həyatda yaşamaq prinsipləri də öz əksini tapır. Şair şe'rlərində təmiz əməyi ilə dolanan insanları yüksək qiymətləndirir, rüşvətlə özünə cah-cəlal quran, eyş-işrət içərisində yaşayan rüşvətxorları qamçılayır, ailəsinin, qohum-əqrabasının rüşvət hesabına firavan yaşamalarını tə'nə dolu sözlərlə ifşa edir, "rüşvət alıb saxlayırsan arvadını" deyərək onların iç üzünü, əməllərini açıb tökür, cəmiyyətin içərisində onları qara yara hesab edir, elələrini "dəyyus" adlandırır:
Yəni sən də kişisən?
Arvadın özgə puluna geyinir.
Yatdığın yorğan-döşək
yediyin xörək,
qızının başındakı örpək,
mənzilindəki limon ağacı,
içi büllur dolu servant,
dörd bir yana düzülüb,
qayırma çiçək,
Qapı-pəncərədəki pərdə-ipək,
Hamısı rüşvət pulundandır,
Sən də kişi qoymusan adnını
Rüşvət alıb saxlayırsan arvadını.
Rüşvət almaqla xalqın var-yoxunu talıyanları Rəsul Rza Sabiryana tənqid atəşinə tutur. Sabirin "ax necə kef çəkməli əyyam idi" misralarına nəzirən yazdığı "Rüşvətxorlar mərsiyəsi" şe'rində rüşvətxorluğa qarşı dövlət səviyyəsində aparılan mübarizədən, bunun nəticəsində rüşvət yoluyla pul toplayıb kef çəkən insanların bundan doğan hüzn-kədəri satirik dillə verilir. Onların mərsiyə qoşub ötən günlərin həsrətiylə yaşamasını, xoş günlərinin dərdli-dərdli xatırlamalarını hüzn-kədər içərisində keçmiş xoş günlərini arzulamalarını Sabir kimi tiplərin, rüşvətxorların öz dilləri ilə ifşa edir:
Hansı lağım qaldı ki, biz oymadıq?
Hansı soğan qaldı ki, biz soymadıq?
Çarçı, bazar, budka, dükan qoymadıq,
Aldıq, alınçı usanıb doymadıq,
Süfrə dolu gündə nahar, şam idi.
Ax neçə kef çəkməli əyyam idi.
Ümumiyyətlə, Rəsul Rza yaradıcılığında biz Sabir şe'rinə, sənətinə, yaradıcılığına yüksək qiymət verildiyini görürük. Sabir şerlərinə yazdığı nəzirələrdə Rəsul Rza yaşadığı çəmiyyətin eybəcərliklərini, öz şəxsi mənafeyini hər şeydən üstün tutan eqoist insanları, xalq-dövlət malına tamah salıb onu əyri yollarla mənimsəyən rüşvətxorları ifşa edir. Şair asan yolla pul qazanmaq üçün yollar axtaran müftəxorları, yerlipərəstliyin doğurduğu eybəcərlikləri tənqid edir. çünki daydayıların hesabına ağıllı, qabiliyyətli insanların layiq olduqları vəzifələrdən kənarda qalması, yerlipərəstlik nəticəsində səriştəsiz, qabiliyyətsiz insanların vəzifəyə çəkilməsi, onların bacarıqsızlığından cəmiyyətin, dövlətin ziyan çəkməsi, arxalı köpəklərin mikrob kimi günbəgün artması bir ziyalı kimi şairi narahat edir.
Paxıl, riyakar, yalançı, ikiüzlü yaltaq adamlar şairin şerlərində nifrət hədəfləridir. Şair öz təcrübəsi əsasında paxılların özünəməxsus mənfi keyfiyyətlərini pisləyir. Qonşusuna, qohumuna, dostuna hətta xəstəyə belə paxıllıq edənə qəlbixəbis hisslərlə dolu insanları cəmiyyət üçün yararsız, keyfiyyətsiz insan kimi qiymətləndirir, yaxşı, xeyirxah insanları onları bəd əməllərdən çəkindirməyə çağırır. Xeyirxah insanların zəngin aləminə, əqlinə, zəkasına, ürəkgenişliyinə araxalanaraq bu qənaətə gəlir ki, paxılların pis əməllərini onlara tərgitməyə "xeyirxah insanların gücü çatar". Şair "oğru, rüşvətxor kimi paxıllığın da pis ad" olduğunu bildirir. Qəlbi dar, ürəyi "xırda" paxılların çox yaşaya bilmədiklərini, bu paxıllıq hissləri ilə özlərini məhv etdiyini söyləyir.
Yaltaqlığı ("Yaltaq" şerində) özünə peşə bilənləri də şair cəsarətlə qamçılayır, onların çirkin sifətlərini, əməllərini bu misralarda ümumiləşdirir:
Zarafatdırmı, hər gün
nimdaş köynək kimi
üz-gözünün dəyişdir.
Lazım olan vaxt şən görün.
Lazım olan vaxt qaş-qabaq eylə,
Hər gün qarşıla müdirləri
gülə-gülə
əyilə-əyilə.
Onların yaltaqlıq peşəsini şair nifrətlə qarşılayır və ucuz təriflərə uyanların yaltaqları öz ətrafına yığmasa, onların yalançı təriflərinə uymasa belə yaltaqlar da cəmiyyətdə ola bilməz qənaətinə gələn şair fikrini belə ifadə edir:
Şübhəsiz, işsiz qalar yaltaq,
Biz ucuz təriflərə uymasaq.
Yaltaq, riyakar insanlar cəmiyyətə qara yaradır. Şair onları "mərdimazar", yaxşılara "quyuqazan", bədxah, murdar adlandırır və belələrinin aramızda olduğunu, cəmiyyətdə pis əməllərinə görə lənətləndiyini söyləyir.
Sabir ən"ənələrini ləyaqətlə davam etdirən Rəsul Rza Sabir vətəndaşlığı məktəbindən dərs almış, Sabir ruhunda köklənmiş saf bir insandır, sənətkardır.
Rəsul Rzanın şerlərindəki ahəngdarlıq könül oxşayır. Bunun nəticəsidir ki, bir çox şerlərinə yazılmış musiqi bu gün də dillər əzbəridir. Vasif Adıgözəlovun oratoriya bəslədiyi "Qəm karvanı" adlanan şerdə azadlıq uğrunda mübarizə aparan igid oğullarımızın fədakarlığından söhbət açılır:
Vuruşdular
Son gülləyə,
Son süngüyə
son qundağa qədər.
Vuruşdular,
Hər şey qırmızı geydi,
daşdan torpağa qədər,
son nəfəsə qədər.
Şair vətən torpağının azadlığı, müstəqilliyi, gələcəyi naminə canının fəda edən şəhidlərin qəhrəmanlığını tərənnüm edir. Bu azadlığı əldə saxlamaq, əsarət zəncirini qırıb məzlumluqdan qurtulmaq üçün igid oğulların "başını dik tut"masını, bayrağını, silahını möhkəm saxlamasını məsləhət görür. İndiyə qədər aparılan azadlıq uğrunda mübarizənin hələ gələcəkdə tarixin səhifələrinə şərəflə yazılacaq anlarını bu gündən görür şair:
Dünya sənə baxır,
Tarix sənə baxır,
Hələ çox bağlı qollar
zəncirlərini
həlqə-həlqə qoparasıdır.
Hələ bu harasıdır.
Rəsul Rza yaradıcılığında Qarabağ mövzusu özünə məxsus lirizmi ilə fərqlənir. Qarabağ- onun adıyla bağlı əfsanə və motivlər , rəvayətlər, fikirlər şairin şerlərində lirik don geyinir. Burada Qarabağ torpağına, adına məhəbbət yaşayır. İgid vətən oğullarının, qızlarının qeyrətindən, igidliyindən danışılır. Burada Qarabağ torpağına şairin məhəbbəti ümumiləşdirilmişdir:
Qəlbimdəsən, gözümdəsən
Hara gedim, hara baxım,
Mənim doğma Qarabağım.
Qarabağım!
Şair bu dağların, daşların üzərində köhlən atların dırnaq yerlərinin olduğunu, onun təbii gözəlliyini, Üzeyirin nəğməsini, Vaqifinin, Natəvanın ellərini yada salır, doğma diyarın torpağına məhəbbətini, Xan qızı Natəvanın Şuşaya çəkdirdiyi bulağı tərənnüm edir. Üzeyiri bəstəkar eyləyən xalq musiqisinin qaynaqlarını, bunlardan yararlanan onlardan mənəvi qida alan Üzeyirin uşaqlıq illəri göz önünə gətirilir. Onun yaratdığı "Koroğlu", "Arşın mal alan", "Sənsiz" musiqi əsərlərini yada salır. "Nəğmələr doğulanda" şerində şair məhz Qarabağ torpağında çoban bayatısının həzin sədaları, saf bulaq zümzümələri, quşların cəhcəhi altında böyüyən, yetişən böyük bəstəkarımız Üzeyirə, onuün musiqi istedadına, sənətinə, sənətkarlıq qabiliyyətinə, səhnələri lərzəyə gətirən böyük operalarına olan hörmət və məhəbbəti ifadə edir.
Şairin "Tonqal yerində çiçək" şerində Xankəndində vəhşicəsinə diri-diri yandırılmış üç azərbaycanlının başına gətirilən müsibətlər təsvir olunur. Bu qanlı cinayətin ört-basdır edilməsi şairi qəzəbləndirir, onu törədənləri, insan qanına, insan ətinə susayan erməni murdarlarının çirkin əməllərini gizlədənləri ittiham edir.
Şairin Şuşaya, qədim Qarabağ torpaqlarına bağlı sinəsində bir məhəbbət yaşıyır. Vətən məhəbbəti, çünki bu vətənə məhəbbətdə Cabbarın, Seyidin ürəkləri riqqətə gətirən mahnıları var. "Azərbaycan torpağının nur parçası" bildiyi Şuşa tarixin qanlı-qadalı səhifələrində öz igidliyi, mərdliyi ilə tanınır. Ən çətin, amansız döyüşlərdən şərəflə, sərt alovlardan salamat çıxdığını bildirən şair "nəğmələrin beşiyi", "muğamların keşiyi" Şuşanın tarixindən, igidliyindən, qürurundan fəxrlə söhbət açır:
Tarixdə baş əyməmisən
bir fatehə, müxənnətə.
Alqış sənə!
Bu qüdrətə!
Doğma yurdum
Gözəl Şuşa.
Əzəli, əbədi Aəzrbaycan torpağı olan Şuşanın hər daşında, qayasında onun tarixinin yaşadığını bildirən şair Şuşaya göz dikən bədnəfislərin gözlərini ovmağa hazırdır. Bu torpaqda gözü qalanları, vətənin bir hissəsi olan Qarabağdan, Şuşadan "pay uman"ları şair bağışlamır, çünki bu torpağın hər qarışı Azərbaycan övladının, Azərbaycan millətinin keçmişini, tarixini özündə yaşadır. Ona kəm baxanlara qarşı şair Şuşanı amansız olmağa çağırır:
Dost gözüylə sənə baxan
hər kəs əziz qonağındır.
Sənə əyri baxanları
qəzəbinlə külə döndər,
Yaxıb-yandır.
Rəsul Rza yaradıcılığında Qarabağ mövzusu bu günümüzün hadisələri ilə səsləşir. Şairin yaşadığı son on illiklərdə -80-90-cı illərin təlatümlü günlərini, Qarabağ faciələrini, onun başı üzərində dolaşan Qara buludları dinc dövrümüzdən görürmüş. Qorxmadan, çəkinmədən Kommunist ideologiyasının hakim olduğu bir zamanda Azərbaycan torpağının hər qarışını Qarabağ torpağının qədim Azərbaycan torpağı olduğunu öz əsərlərində yaşatmış, onun tarixi, mədəniyyəti ilə fəxr etdiyini əks etdirən neçə-neçə Qarabağ mövzusunda yazılmış qiymətli əsərlərin müəllifidir.
Rəsul Rza özündən əvvəl yazıb-yaratmış sənətkarlara, onların sənətinə, yaratdığı obrazlara öz sənətinin prizmasından yanaşır. Böyük sənətkarımız Mirzə Cəlilin millətin ağrı-acılarını ürəyində yaşadan İsgəndəri, Azərbaycan qızının ümumi faciəsini əks etdirən nazlıları, zeynəbləri şairin şerlərində yaşayır.
Rəsul Rza yaradıjılığında dünyanın müxtəlif ölkələri, hind, çin. ərəb, kərkük, ingilis, yapon və bu ölkələr haqqında gördüyü, bildiyi hadisələr təsvir olunur, şair öz düşüncələrini bölüşür.
Rəsul Rza yaradıcılığında Yer obrazı mühüm yer tutur. Yaşadığı aləmə, Yer kürəsinə olan məhəbbətini ifadə etdiyi əsərlərdə poetika, emosionallıq güclüdür. Yer oğlu yaşadığı dünyanı, torpağını sevir. Yer Yer oğlunun nəzərində "qoynu həyatla isinmiş məskən"dir. Şair etiraf ("Etiraf" şerində) edir ki, onun qucağında dünyaya gəlib, ana südünü əmib, suyundan içib, dadlı meyvələrindən yeyib, nemətlərindən bəhrələnib, sevincində də, kədərində də onunla birgə olub. "Yer oğlu " silsilə şerlərində məhz bu dünyanın, bu torpağın övladı olan Yer oğlu yaşadığı bu yeri öz "planetim mənim" deyərək əzizləyir:
Nə gözəlsən anam Yer.
Ayrıldığım bir saat deyil.
Həsrətinlə ürəyim yanır.
Burnumun ucu göynəyir.
Göyün mavi qatlarında, səmalarında, Yerin bütün gözəlliklərini görən şair onsuz yaşaya bilməyəcəyini, ondan ayrıldığı bu qısa müddətdə qoynuna, istisinə, soyuğuna həsrət çəkdiyini bildirir. Körpə anasından aayrı düşdükdə onu necə həsrətlə, intizarla arzulayırsa, anasını dünyanın bütün analarından necə gözəl bilirsə, şair də Yeri, torpağı özünə dünyada o qədər əziz, doğma, gözəl bilir. Bu mövzuda yazılmış şerlərindəki şeriyyət, poetika, rəngarəng düşündürücü mənzərələr, təsvirlər Rəsul Rza qələminin, yaradıcılığının qüdrətindən, həm də rəngarəngliyindən xəbər verir. Hansı mövzudan, hansı məsələdən bəhs etməsindən asılı olmayaraq Rəsul Rza o mövzunu bütün incəlikləri ilə verməyi bacarır. O, müraciət etdiyi mövzuda öz poetik imkanlarından məharətlə istifadə edir. Şair Yer oğlu olduğu üçün özünün dediyi kimi "qoynundan gələn insan səsi" ona doğmadır, əzizdir, çünki onu sevən, onu alqışlayan xalqı var, onun yaraşıqlı dünyası, çiçəkli, küləkli, qoynu nur çeşməli dünyası var. Şair Yer kürəsinin övladı olmasıyla fəxr edir:
Ulduzlar aləmində sorsalar məndən
Bütün insanlıq adından
İftixarla mən Yer oğluyam deyərəm.
Yerdə bir yerlər yeri var
ordanam, səhər oğluyam deyərəm.
Şair hər bir kəsi yerin övladı bilir və hər bir kəsin ömrünə düşən vaxtdan, zamandan səmərəli istifadə etməyə çağırır. Ona verilən ömrü mənalı yaşamağa, dünyanın gözəlliklərindən zövq almağa, sevilib-sevilməyə, qurub yaratmağa, görüləcək işləri görməyə səsləyir.
Ona görə vaxtdan səmərəli istifadə etməyə çağırır ki:
Bir gün sən olmayanda
Hər kəsə aydın görünsün
yerində qalan boşluq
Çünki insan özündn sonra yaxşı ad, yaxşı əməl qoyub getməlidir. O adı, o əməli ki, onda əsil insani keyfiyyətlər əsasdır.
Rəsul Rza yaradıcılığında müharibə mövzusunda yazılmış əsərlər də diqqətəlayiqdir. Bu şerlərdə cəbhə, müharibə mövzusu, döyüşkənlik ruhu, vətənə, torpağa məhəbbət, onun sabahı üçün narahatçılıq, düşmənə nifrət, azərbaycanlı oğullarının qəhrəmanlıq dolu həyatı öz əksini tapmışdır.
Müharibənin ilk günlərindən cəbhəyə getmiş Rəsul Rzanın gəncliyinə, taleyinə müharibənin dəhşətli illərini öz gözləri ilə görüb, onları yaradıcılığında yaşatmaq qisməti düşdü. Cəbhədə müharibə gedən yerlərdə gördüyü, şahidi olduğu həyat hadisələrini qələmə aldı. İgid oğullarımızın qəhrəmanlıq dolu döyüş səhnələrinin sözdən tablosunu yaratdı. "Azərbaycanlı döyüşçülərə" şerində o, igid azərbaycan övladlarının vətənə, torpağa məhəbbətə səsləyir. O torpağa, vətənə ki, onun qucağında böyüyüb, onun hər qarışı -Murovdağı, Qoşqarı ona necə doğmadırsa, qədim türk torpaqları olan Krımı da doğmadır. Vətənin hər qarışını özünə doğma, əziz bilən vətən oğullarını da bu çətin, dəhşətli illərdə faşist işğalçılarının ölkəmizə basqını dövründə də dözümlü olmağa, mübarizə aparmağa, onun yolunda canını belə lazım gəlsə qurban verməyə hazır olmağa səsləyir. Çünki o murdar düşmən ki, sənin torpağına, varına göz dikib, sənin qeyrətini, namusunu ayaqlar altına salıb tapdamaq istəyindədir, onlara qarşı vuruşmaq, döyüşmək lazımdır. İgid oğul kürəyini ana torpağa söykəməlidir. Çünki:
Torpaq ki, hər qarışı sulanmışdır tərinlə,
Hər otu, hər ağacı bəslənmiş əllərinlə.
Vətən tapşırdı sənə azadlıq bayrağını,
Verdi məhəbbətini, dedi: məhv et yağını!
Bu çətin sınaqlardan, imtahanlardan şərəflə çıxmalısan ki, gələcəkdə alnı açıq olasan:
Vuruş ki, bu gün sabah qalib gələndə yurdun
Hamı bilsin ki, sən də vətən qoruyurdun.
"Bəxtiyar" şeri qəhrəman azərbaycanlı döyüşçü Bəxtiyara müraciətlə yazılmışdır. Alman faşistlərinə qarşı vuruşda yaralı bəxtiyar düşmənin boğazını dişlərinə keçirir və onu məhv edir. Şair onun qəhrəmanlıq dolu həyatını tərənnüm edir. Ondan çox faşistin mühasirəsinə düşən Bəxtiyar son damla qanına qədər vuruşur:
Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
körpəsinə ad qoyar, Bəxtiyar.
Bəxtiyar alman faşistlərinə qarşı qəhrəmanlıq şücaəti göstərən on minlərlə igid vətənpərvər oğulların şairin yaradjıcılığında ümumiləşdirilmiş obrazıdır.
Şair ağır yaralanmış, əlləri və ayaqları qan içində olan qəhrəmanın alman faşistinin boğazını dişlərinə keçirərkən ona olan nifrətini bu sətirlərdə daha təsirli şəkildə verir:
Ellərimin qalası, Bəxtiyar!
Qəlbi vətən qalası, Bəxtiyar!
Məhv etdin on yağını qəhrəman!
Qan sızırdı sənin də yarandan
Boğazını zabitin gəmirdin
İradə qüvvətinlə dəmirdin.
Rəsul Rza belə igid oğulların ürəyindən keçən hissləri ümumiləşdirir. Ulu babalarımızdan miras qalan torpaqlarımızın azadlığını, müstəqilliyini hər şeydən, hətta canından belə əziz bilən oğullarımızın qanı bahasına əldə etdiyi müstəqillik bayrağını, ana kimi müqəddəs varlığın adına and içən oğulların saf duyğularını tərənnüm edir.
Ana vətənin etibarlı əllərdə olduğunu ifadə edən bu misralarda çətin şərəfli bir peşə olan vətəni qorumaq üçün həmişə hazır olan gənclərimizin ləyaqəti, saflığı, vətənə sədaqəti tərənnüm edilir:
Anamızın saf südünə and olsun!
Alqışına, öyüdünə and olsun!
Zəfər adlı böyük günə and olsun.
Azadlığın bayrağını hər zaman
Azərbaycan qoruyacaq yağıdan!
"416" şerində diviziyamızın alman faşist işğalına qarşı mübarizədə göstərdikləri misilsiz qəhrəmanlıqları tarixin səhifələrinə əbədi həkk olunub. Azərbaycanlılardan ibarət diviziyanın əsgərlərini:
Hər faşist qan udar vahiməsindən
Bundan sonra görsə bircə qaraltı.
Bağıracaq: odur, tanıyıram mən,
Tufan kimi gəlir, "dörd yüz on altı"-
-deyə tərənnüm edilir.
Alovlar, dəhşətli döyüşlər içində Berlinə qədər böyük bir döyüş yolu keçmiş "418" diviziyanın igid, mətin oğullarını şair düşmənin gözünə ox sancan, "lovğa düşməni" zərbələriilə sarsıdan, "düşmən səflərini vurub yıx"an, "Qafqaz torpağını qoru"yan mətin qəhrəmanlar kimi mədh edir.
Rəsul Rzanın cəbhə mövzusunda yazdığı şerlərində döyüş ruhu yüksəkdir. Düşmənə qarşı mübarizə hissi güclüdür. Şerlərindəki döyüşkənlik ruhu onu bir ordunun komandirinə bənzədir. Öz əsgərlərini düşmən üzərinə vuruşa aparan generalın əzmkarlığı, qətiyyəti duyulur bu şerlərdə:
Elə vurun, yer titrəsin zərbəsindən yarpaq kimi,
Vurun, faşist bayquşları düşsün yerə papaq kimi.
Rəsul Rza yaradıcılığında mehriban dostluq, sülh şəraitində yaşayan bir çox xalqların mədəniyyətinə, mənəvi sərvətlərinə hörmətlə yanaşır. O, müxtəlif ölkələrdə və müxtəlif millətlərdən olan insanlara, şəxsiyyətlərə, onların yaradıcılığına poetik şəkildə öz səmimi münasibətini bildirir. Beş cildlik əsərlərinə daxil edilmiş şerlərinin mövzusu rəngarəngdir. Bu şerlərdə şairin öz fikir və duyğuları öz bədii ifadəsini tapmışdır. O sanki şerlərində kommunist ideologiyasının əksinə çıxış edir. İnsanların dünyagörüşünü, fikirlərini dərindən duyub, sənətində yaşatmağa çalışır. Onun əsərlərindəki obrazlar müxtəlifdir. Bu obrazlar vətənini, Azərbaycanın müstəqilliyini, faşizm üzərində qələbəsini istəyən igid vətən oğul-qızları, qəhrəman Azərbaycan döyüşçüləri, vahid bir ailə kimi tanıfdığımız SSRİ xalqlarının nümayəndələri olmaqla yanaşı, okeanların o tayından sorağı gələn afrikalı, zənci, ərəb, hindli, meksikalı, avropalı və digər ölkələrdə gördüyü insanlar, şəhərlər, ölkələr, onların arasında tanıdığı şəxsiyyətlərdir. Onlar da öz millətinin övladları kimi vətənini, xalqını, azadlığını istəyir. Şairin beynəlxalq aləmdə baş verən hadisələrə həsr olunmuş şerlərinə nəzər saldıqda onu təkcə bir millətin şairi kimi qiymətləndirə bilmərik. O, yaşadığı dünyanın Yer kürəsinin oğlu kimi fəxr etdiyindən, Yer kürəsinin övladı kimi onun bütün qayğılarını da sənətində yaşada bilmişdir. Sülhün və təhlükəsizliyin qorxulu düşmənləri olan imperialistlərin təcəvüzkarlıq siyasətləri qəsbkar dövlətlərin Yaxın şərq ölkələrində apardıqları irticaçı müstmələkəçilik siyasəti, fələstin xalqının, ərəb dünyasının varına, Şərq xalqlarının milli-mənəvi dəyərlərini mənimsəmək üçün aparılan çirkin oyunlar və bu oyunların günahsız qurbanları olan sadə insanların faciələri Rəsul Rza qələmində həm tənqid edilir, həm də bu xalqların öz milli azadlıqlarını qoruyub saxlamaq uğrunda apardıqları mübarizə tərənnüm olunur, alqışlanır. Sülhün, əmin-amanlığın möhkəmləndirilməsi uğrunda aparılan hər cür yaxşı əməllər tərənnüm olunur. Şair dünyanın müxtəlif bölgələrində tökülən qanlardan, gedən ədalətsiz müharibələrdən, törədilən cinayətlərdən narahatdır. O elə bir gün arzulayır ki:
Bir elə gün olaydı ki, deyəydilər,
Dünya səssiz, dünya sakit.
Planetin heç yerində
Bir güllə də açılmadı.
Bir gün ilə, əsrə dönüb uzanaydı…
Şair bütün dünyasını firavan, süfrəsi bol, qulağı dinc, səadət, xoşbəxtlik içərisində yaşamasını istəyir. Hamının məhz xoş günlərlə öyünə-öyünə yaşamasını arzulayır.
Şair narahat dünyasını qarış-qarış gəzərkən onun başına gətirilən müsibətləri öz gözləri ilə gördükcə göynəyir, keçdiyi ölkələrdən, dənizlərdən ətrafa göz qoyur, başının üstü buludlu ölkələrin başına gələn faciələrdən sarsılır və poetik bir şəkildə gördüklərini, bildiklərini misralarda nizamlayır:
Keçirəm Tariq boğazını
Kürəyimdə Atlantik.
Qucağımda Aralıq dənizi,
Baxıram qəlbim qanaya-qanaya
Sağ yanım dərdli Əlcəzair,
Sol yanım qolu bağlı İspaniya.
Hindistanın həyatı, Suriya hadisələri, İraq xatirələri, Yaponiya motivləri, Praqa xatirələri, Qara dəniz sahilindəki düşüncələr şairin dünya, xalqlar, onların tarixi, məddəniyyəti, taleyi haqqında şair düşüncələrini özündə əks etdirən mövzularla zəngindir.
Şair bir ölkədən digər uzaq ölkəyə yol alarkən təyyarələrlə göydə uçarkən Yer kürəsinin üstündə dənizlərdən-dənizlərə, okeanlarlan-okeanlara yol aldıqca ürəyində yer kürəsinin dərdini, qayğısını yaşayan bir yer övladı kimi onun səadətini, dincliyini, varlığını qoruyub saxlanması üçün bütünlüklə şair yerin vətəndaşı kimi düşüncələrini ona həsr edir. Misralarında, sənətində doğulub böyüdüyü Yerin bir parçası olan vətəninin qayğısını çiyinlərində necə daşıyırsa, Yerin də qayğılarını eləcə çiyinlərində daşıyır:
Ala gözlü ərəb qızı!
Baxışında o qəm nədir?
Yoxsa ömrün səadəti
Əlçatmaz bir əfsanədir?
Və yaxud:
Bir "gümüş hasara" qısılıb ağlayan ananın göz yaşları da ərəb qızının göz yaşları kimi onu kədərləndirir. Ondan yana-yana ağlamasının səbəbini soruşur, onu gözlərini qaldırıb göyə, ətrafa, günəşə baxmağa çağırır:
Dünyada insan həvəsi
Könül arzusu var.
-deyərək onu göz yaşlarından uzaq olmağa, yaşamağa çağırır. Bu dünyanın sevincindən yararlanmağa, yaşamağa, yaratmağa, ümidsizlikdən uzaq olmağa səsləyir, onu insanlarla yaxın olmağa, dərd-sərini onlara bildirməyə, onlardan təsəlli, kömək almağa çağırır. Göz yaşlarının, ümidsizliyin qapılarından uzaqlaşmağa, öz əlləriylə hər dərdinə çarə tapa biləcəyinə inanmağa səsləyir.
"Xirosimonun iki yüz minlik qurbanı haqqında sətirlər"ində Yaponiyanın böyük şəhərlərinin başına gətirilmiş müsibətlər, İkinci Dünya müharibəsinin ən qanlı, qatı cinayətkar tarixinin səhifələrindən biri olan canlı şəhərin taleyini xatırlayır. Təbii gözəlliklərə, təbiətin varlığına vurulmuş bir zərbədən- atılmış atom bombasından sonra bu şəhərdən qalan şairin misralarında dediyi kimi "ölüm sükutu"olur:
bir gurultu…
günəşdən qopmuş işıq basqını…
qaldılar…
yerdən göyə sükut,
kömür, kül
tapdı: gündə-gündə
filiz, daş, torpaqdan yoğrulmuş
eybəcər sima
Xirosima.
Şair Xirosimanı insanların, vəhşi imperialist irticaçıların əməllərinin nəticəsi kimi eybəcər bir "sima"ya çevrilmiş, tarixin səhifələrinə insanların bəd əməllərini törətdiyi bir cinayətin canlı siması kimi təsvir edir. Müharibəyə, insanların, yer kürəsinin məhvinə yönəldilmiş atom silahlarına, hidrogen bombalarına nifrət hissimizi artırır. İnsanlığa, humanizmə qarşı yönəldilmiş bu çirkin niyyətlərə qarşı insanları barışmaz olmağa çağırır. Atom silahlarını icad edən, onların istehsalı ilə məşğul olanlara:
Kəsin, atom sınaqlarını kəsin!
Bir cüt gözün matəmi
Min-min gözə çökməsin! -deyir.
Bu silahları sınaqlardan keçirənlərə qarşı qəzəblə murdar əməllərinə son qoymağı tələb edir, insan səadətinə, işıqlı həyatına qarşı çıxanlara etirazını bildirir. "Bir yaponiyalı ananın insanlara məktubu" olan "Bombardman" şe'rini bu misralarla, ananın diliydə bitirir:
İnsanlar!
Yer üzünün taleyi,
sizin əlinizdə
insanlardadır!
Müharibə carçılarının
dilini kəsin.
Bir olmuş cinayət
Bir də baş verməsin.
Sülh, dinclik, həyat eşqi, insanların bəd əməllərinə nifrət hissi şe'rdə güclüdür.
Şair "Praqa xatirələri"ndə öz fikri, azadlıq düşüncələrinə görə mübarizələrdə yandırılıb kül olmuş Yan Qusu, Cordano Burunonu, Janna Darkı xatırlayır, öz dili, saflığı uğrunda mübarizələrdə yandırılan Yan Qusun heykəli önündə şair poetik düşüncələrini bölüşür, Nəsimini, Sabiri xatırlayır, onların tarixlərə həkk olunmuş işini, əməlini tərənnüi edir. İkinci Dünya müharibəsi zamanı Praqa uğrunda mübarizədə şəhid olmuş azərbaycanlı övladların məzarları önündə dayanıb "yurdumun qəhrəman oğulları"- deyərək salamladığı əzizlərinin gənc ikən dünyanın ədalətsiz müharibələrinin qurbanına çevrildiyindən kədərlənir, onların ümidlərinin, arzularının torpağa çevrildiyini ürək ağrısıyla xəyala gətirir. "Yer üzündə hərbin son gününə az qal"dığını bildirir, sülhsevər insanların, ölkələrin sayının artdığını söyləyir, dünyanın gələcək təhlükələrdən qorumaq imkanlarının çoxaldığını bildirir.
Alman faşistlərinin Çexoslovakiyada Lidiste9 adlı kəndində törətdiyi qanlı cinayət, kəndi və onun bütün əhalisinin yandırılmasını, indi bu yerlərdə salınmış xiyabanın önündə dayanıb düşünən şairin ürəyindən keçən fikirləri bu misralara hopub.
Yığcamlıq, fikrin sərrast ifadəsi Rəsul Rzanın şe'rlərinin əsas xüsusiyyətlərindəndir. Şair öz əsərlərində xalq ədəbiyyatından, klassiklərdən yaradıcı şəkildə bəhrələnir. O, qələmə aldığı mövzunu şe'rin sərbəst şəklində də gözəl işləmiş, yaddaqalan, maraqlı obrazlar, səhnələr yaratmışdır. Onun mövzu dairəsi geniş, bədii axtarışları zəngindir.
Onun yaradıcılığı Azərbaycan folkloru ilə sıx bağlıdır. Xalq yaradıcılığına dərindən bələd olan Rəsul Rza bu zəngin sənət xəzinəsindənq məharətlə yararlanmış, öz poetik imkanları daxilində onu zəngin dəyərlərindən bəhrələnməklə dərin məzmunlu əsərlər yaratmış, yaradığı əsərlərin bədii təsir gücünü, estetik duyumunu artırmaqda bu folklor xallarından istifadə etmişdir.
Şair şiyahi xalq ədəbiyyatının ən nadir inciləri olan bayatılardan yararlanmaqla şe'rlərinin bədiiliyini, lirik duyumunu zəncinləşdirmişdir. "Nigaran suallar" şe'rində Təbriz həsrətini, ayrılığın doğurduğu ağır nəticələri, hüzn, kədər motivlərini, Təbrizə olan məhəbbətini, bu millətin taleyinə qara hərflərlə yazılmış Təbriz-Bakı ayrılığının doğurduğu dərdi, hicranı şair xalqdan, folklordan gəlmə bir bayatının motivləri əsasında daha tə'sirli, bədii cəhətdən daha qüvvətli vermişdir:
İnanmıram,
Hələ ümidim var böyüyəsən,
Arzum var boy atası
Hardan düşdü yadıma
Anamın köynəkli bayatısı!
"Mən bütöv bir yuvaydım,
yel vurdu paralandım.
Mən səndən ayrılmazdım"
Zülümnən aralandım.
Şairin istifadə etdiyi bu bayatının xalq içərisində müxtəlif variantları vardır və bunların hamısında da ayrılıq, onun doğurduğu kədər, qüssə, dərd motivləri əsasdır. Şair bundan yararlanmaqla Təbrizə həsrət qalan azərbaycan övladlarının çəkdiyi həsrəti, qəmi ümumiləşdirir.
Şairin "Yaralı Kərkük bu günlü Xoyrat və maşiləri" şe'rindəki bayatı üstündə köklənmiş misraları şairin xalq ədəbiyyatına dərin köklərlə bağlı olduğunu, folklora məhəbbətinin əyani sübutudur. Rəsul Rzanın şe'rlərindəki xəlqiliyin gücü bu misralarda daha qabarıq görünür. Azərbaycan xalqının keşməkeşli taleyi, dünyanın bir çox nöqtələrinə sürgün edilmiş, qovulmuş, zorla aparılmış azəri övladlarının qəmli taleyi, Kərkükdə yaşayan vətən həsrətli, vətən nisgilli ata -babalarımızın, nənələrimizin öz ana dilində söylədiyii bayatılar, dağlar, dərələr aşaraq vətənimizə gəlib çatmışdır. Bu misralardakı doğmalıq, azərbaycanda yaşayan nənə-babalarımızın bayatılarının mövzusuyla həmahəngliyi, o yerlərdə yaşayn xalqımızın övladları ilə şairi görüşləri, onların söylədikləri bayatılardan təəsüratlanaraq şairin qələminə məxsus bayatılarda vətən həsrəti, millət dərdi, onun pərən-pərən düşmüş dünyası öz əksini tapmışdır. Bu bayatıları xalq ədəbiyyatına dərin köklərlə bağlıdır, ona çox yaxındır. Bu şerlərdə xəlqilik, realizm, milli-mənəvi sərvətlərə məhəbbət güclüdür. Bu bayatılarda bütöv bir millətin həyatı, keçmişi, dərdli taleyi tərənnüm olunur:
Dənizə,
Dolu düşdü dənizə.
Namərd əlin qurusun,
Necə qıydın Təbrizə?

Və yaxud:

Atlarım,
İlxı-ilxı atlarım.
Bir çətin günə düşdüm
Ağladı xoyratlarım.
Rəsul Rza yaradıcılığındakı bayatıların özünəməxsus zənginliyi göz oxşayır. Şair bayatı üzərində qurduğu misralarını, bayatılarını qələmə alarkən folklor nümunələri kimi dərin məzmunlu yarada bilmişdir. Bayatıları xalq bayatıları kimi sadə, axıcıdır.
Ağ dəvə düzdə qaldı,
Ovsarı bizdə qaldı,
Neçə arzum, həsrətim
Dərdli Təbrizdə qaldı.
Müharibə illərində Təbrizə getmiş, burada gedən milli-azadlıq hərəkatını öz gözləri ilə görmüş, onun işıqlı gələcəyinə, xoşbəxt günlərinə inanmış böyük arzuların gül açacağı arzusuyla yaşamış, lakin bu arzuların imperialist qüvvələr tərəfindən işıq üzü görməməsindən doğan həsrət, nisgil bu misralarda öz əksini tapmışdır. Şairin cinaslı bayatıları sənətkarlıq baxımından qüvvətli bayatılardır:
Dodoğımda qan qaldı,
Öpüşündən qan qaldı.
Mən nazik dodaqlıyam?
Ya dodağım qan qaldı.
Belə bayatılarda klassik ədəbiyyatımızın görkəmli nümayəndələri, bayatı ustaları, Sarı Aşıq, Xətai və digər sənətkarlarımız kimi Rəsul Rza da bayatının incəliklərini
qoruyub saxlamağa çalışmış, yüksək sənətkarlıqla yaratdığı bayatıların sənətkarlıq cəhətdən qüdrətli olmasına xüsusi fikir vermişdir. "Aşıq Yanıqlı"nın bayatılarından" şerində toplanan bayatılarda şair "namərd nəfəsi"indən köhnə yarasının yenidən közərdiyini, nəğməsinin susub "bəstəsi qala yada" deyərək nigaraçılıq çəkdiyini, illərlə bəslədiyi arzusunun, ümidinin bir gündə boşa çıxdığını, Arazın sinəsində çəkdiyi dərdi, əzabları, bir torpağı iki yerə bölüb sinələrə həsrət dağı çəkən Arazın o taylı-bu taylı dərdlərini ümumiləşdirir. Şair sovet dövründə rus imperiyasının hökmran olduğu bir zamanda qorxmadan, cəsarətlə bir bayatıda -dörd misrada xalqın başına gətirilən müsibətləri bildirir:
Araz axar, yan düşər,
Daşlar arxadan düşər.
Araz bildiyin gecə
Xata çıxar, qan düşər.
Şairin bayatılarında məhəbbət, saf duyğular da tərənnüm olunur:
Aşıqdır gündə sənə
Nur saçır gündə sənə.
Haçan qurbanın olum?
Bir vaxt,bir gün desənə!
Və yaxud:
Ağ bağçam, allı bağçam,
Mehi sığallı bağçam!
Əcəl qayıt! Yar bizə
Qonaq gəlir bu axşam.
Rəsul Rza bayatıları misralarının daxilində də işlətməklə şerinin məna tutumunu, ahəngdarlığını bədii təsir gücünü artırmağa çalışmışdır:
Yollar, dolayı yollar!
Gündüz nurlu, günəşli
Gecə ulduz çiçəkli
Sinəsi aylı yollar!
Niyə susub durdunuz
Kim küsdü getdi burdan
Küylü, haraylı yolar?
Şair bayatılarında nəsə ehtiyatlı olmağı da məsləhət bilir. Bu ehtiyatlanmada dərin məna, məzmun var.:
Bu dağlar bulaqlıdır.
Əməyi sulaqlıdır.
Elə danış, vay demə,
Divar da qulaqlıdır.
Bu bayatıdan sonra şair yavaş-yavaş Arazla bağlı bayatıları deyir. Gah Arazın qıraqlarıyla salınmış alma, armud bağlarını göz önünə gətirir, gah da "Arazın suyu varmı doyursun quraqları" deyərək üstüörtülü şəkildə Arazın bu taydan o taya həsrət qalan könüllərdəki yanğıya işarə vurur, sonrakı misralarda:
Araz arxadan gedər,
Gah çəp, gah da yan gedər,
Arazın qəlbi olsa
Gecə-gündüz qan gedər.
Açıq şəkildə bu torpağı, xalqı ikiyə bölmüş Arazın dərd-sərini, ağrı -acılarını verir. Çünki şairin nəzərində:
Araz yanıq dillidir,
Suyu necə lillidir.
Gah axır, gah dayanır,
Görünür nisgillidir.
Rəsul Rza yaradıcılığında xalq ədəbiyyatının bayatı şəkilli formalarında olan laylaylarından, oxşamalarından, əzizləmələrindən də yararlanmışdır. Laylalar, oxşamalar, nazlamalar ən qədim folklor nümunələridir. İlk nəğmələrin izləri bunlarda yaşayır. Bu laylalarda, nazlamalarda ananın övladına bəslədiyi sonsuz məhəbbəti, onun gələcəyinə bəslədiyi xoş ümid və arzuları öz əksini tapır. Rəsul Rza məhz bu laylaların, oxşamaların, əzizləmələrin işığında böyümüşdür. Bunlar onun ruhuna çöküb. Nağılların, şirin laylaların həzin sədaları altında böyüyən şair o nağıl dolu uşaq dünyasından ayrıla bilmir. Ana qayğısını, ana nəvazişini həmişə öz üzərində hiss edən şairin kövrək duyğuları, "ana, nağıl dünyasına apar məni" şerində ümumiləşdirilmişdir. Ata olandan sonra övlad nə olduğunu dərindən duyan şair balasının qayğıları ilə yaşadığını dərindən duyur ki, anası onun yolunda nələr çəkmişdir. Anasını nəvazişini bir-bir göz önünə gətirən şair kövrəlir, anasının "soyuqdur, qayıt pencəyini gey" deyərək onu soyuqdan qorumasını, xəstələnəndə təlaş içərisində əyilib nəfəsini yoxlayıb "qızdırması yoxdur ki" sözlərini yada salır. Ana qayğılarını, nəvazişlərini daha təsirli, bədii cəhətdən daha qüvvətli vermək üçün xalqdangəlmə bir misra bəs edir ki, şair fikrini təsirli, poetik cəhətdən qüvvətli ifadə etsin.
"Dağda darılar,
sünbülü sarılar" deyə
mənə qurban verirdin
qoca qarıları.
Şair bu misralarında folklor nümunələrindən olan əzizləmələrdən, oxşamalardan yararlanmış, anasının ona bəslədiyi məhəbbətin güclü, emosional cəhətdən qüvvətli vermiş, anasının daxili istəyini, sevgisini bariz şəkildə vermişdir:
Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar
Bu balama qurban
- əzizləməsindən şair yararlanır. Uşaqlıq günlərinə qayıdan şair anasının bayatılarını xatırladığı kimi, bu bayatılardan yararlanmaqla şair könlündən keçən hiss və duyğularını ümumidləşdirməklə, fikrini daha canlı, obrazlı verməyə nail olur.
Şair öz şe'rlərində lap uşaqlıqdan eşitdiyi "Cırtdan" nağıllarını xatırlayır.. o, Cırtdan obrazından, Cırtdanla anası arasındakı münasibətlərdən, ümumiylə Cırtdan nağıllarındakı motivlərdən yararlanmaqla şair fikirlərinin bədiiliyini, şe'riyyətini artırır.
Ayağına tikan necə batdı
Görəsən onun ayağı da,
tikandan
mənim ürəyim kimi ağrıyırdımı?
Nənəsi tikanı çıxartdı
atdı təndirə!
Ürəyin ağrısını da
çıxarıb atmaq olarmı
tikan çıxaran kimi?
Şair bura Cırtdanla bağlı nağıllardakı epizodları xatırlayır, onlardan yararlanır.
"Uşaq oyunları" silsilə şe'rlərində şair xalq içərisində geniş yayılmış, biçimlənmiş, düzümlənmiş uşaq oyunlarından bəhrələnməklə şerlərinin poetik təsir gücünü artırmışdır. Uşaq oyunları xalq içərisində geniş yayılmış ən qədim oyunlardandır.
"Kimin əli?" şerində şair uşaqlıqdan bildiyi bir oyunu xatırlayır. Bu oyuna görə uşaqlardan biri yerdə uzanır, bir neçə uşaq isə yumruqlarını onun kürəyinə üst-üstə qoyur. "Əl üstə kimin əli" -deyə soruşduqda uşaq əlin sahibini taparsa qalib olur, tapa bilmədikdə isə uşaqlar onu yüngülcə kötəkləyir. "Yalandı, yalandı. Vurun, vurun. Yalandı" sözləri ilə məzəli bir səhnə göstərirlər.
Uşaq oyunlarında şerlə musiqi birləşir. Şair bu oyunun motivlərindlən istifadə etməklə çox mənalı bir şer yaratmışdır. Uşaqlıqdan yadında qalan bu oyun uzun illər keçdikdən sonra lirik qəhrəmanın yadına düşür və onun həyatda gördüyü hadisələr, insanların bir-birinə yalan deməsi, ortada inamın itməsindən doğan təəssüfü xalq ədəbiyyatından gələn bu motivlə gücləndirir:
Günlər keçdi
İllər dolandı.
Tək yalanlar belə olaydı:
Bundan ağ
bundan iri yox,
Yalansız dolanaydı insanlar-
hamısı!
neçədən biri yox.
"Balbalacan" xalq uşaq oyunu da xalq içərisində geniş yayaılmış oyunlardan biridir.
İynə-iynə
Ucu düymə.
Bal ballıca
Ballı keçi.
Şam ağacı
Şatır keçi.
Qoz ağacı
Qotur keçi.
Hoppan, hoppan,
Yırıl, yırtıl,
Su iç, qurtul.
Şair "Balbalacan" şerlərində bu uşaq oyunundan yararlanmaqla fikrini daha tutarlı, daha məzmunlu, təsirli verməyə nail olur. Şair uşaq dünyasının, analı dünyasını, ona olan məhəbbətini, ana qayğılarını, onun yorğun-arğın qayğılı günlərini daha təsirli vermək üçün bu oyunun motivlərindən bəhrələnmişdir.
Rəsul Rzanın şerlərində yaradıcı şəkildə istifadə etdiyi andlar xalq içərisində geniş yayılmış andlardandır. Xalq içərisində "Allah haqqı", "Anamın südünə and olsun", "Çörək haqqı", "Gün haqqı" və s. andlar geniş yayılmışdır. Rəsul Rza da şerlərində belə andlardan yaradıcı surətdə istifadə etmişdir. Xalq dilinə dərin köklərlə bağlı olan şair bu andlardan istifadə etməklə həm fikrini qüvvətli vermiş, həm də şerlərinin şeriyyətini, poetikasını, bədii təsir gücünü artırmaqda bundan məharətlə yararlanmışdır:
Ana! Ana1!
And içirəm südünə!
Mən, qayıtmaram çobanın üstünə!
Demərəm çörəyimi qaytar!
"And" silsilə şerlərində şair "and içirik bu dərəyə, bu dağa", "And içirik şəfəq rəngli bayrağa", "And içirik azadlığın adına", "And içirik şirin ömrün dadına", "And içirik sənə, ana-qadına". "Anamızın saf südünə and olsun", "Alqışına, öyüdünə and olsun", "Zəfər adlı böyük günə and olsun" kimi ifadələr şerin məziyyətini qüvvətləndirir. İstifadə etdiyi atalar sözü və məsəllər də qədim folklor nümunələridir:
"Bu dünya beş gündür,
beşi də qara!"
kimdən qalıb,
hansı uğursuz idimdən qalıb.
Bu ağrılı,
Bu ümidsiz,
Bu yanıqlı sözlər.
Şair bu sözlərdəki həqiqətə inanmır. Onu söyləyənə qarşı, insanları ümidsizliyə aparıb çıxaran belə məsəllərə qarşı haqlı olaraq çıxış edir:
Dünya beş gün olsa da,
mənimçün,
Səninçün
Xalq üçün beş gün deyil!
Qaldı ki,
Günlərin rəngi
Günlər də, qara deyil
Babalar!
Şair dünyada yaşayıb bir iz qoyanları, gələcəyə ümidlə, arzuyla baxanları alqışlayır, qara günlərin ümidsizliyinə qapanmayıb ağ günlər üçün vuruşan, mübarizə aparan babəkləri. Koroğluları, nəsimiləri yada salır, "şükür", "Təvəkkül" deyə-deyə sabaha ümidlə baxanları yada salır. Onları fikirlərində alqışlayır:
Babək də siz oldunuz,
Nəsimi də, Koroğlu da.
Vətən İbrahim bıçağı altına düşən
Dilsiz-ağızsız toğlu da.
Şair burada yəhudi tayfalarının əfsanəvi əcdadı, mifik peyğəmbərlərdən biri olan İbrahimi xatırlayır. Qur"ana görə Məhəmməd peyğəmbərin sələflərindən olan İbrahim bir övlad arzulamış və Allah yolunda onu qurban kəsmək istəmiş, Allah bu sədaqətli bəndəsinə bir övlad vermiş və İsmayılın əvəzinə qurbanlıq bir qara qoç göndərmişdir. Rəvayətə görə İbrahim oğlu İsmayılı qurban kəsmək istəyərkən bıçağın ağzı kəsməmişdir. Bu motivlərdən istifadə etməklə şair ümid və arzularının insan xoşbəxtliyində oynadığı rolu daha qüvvətli, daha təsirli verməyə nail olmuşdur.
Şair atalar sözlərindən və məsəllərindən gah olduğu kimi, gah da yaradıcı surətdə istifadə etmişdir:
Atalar deyib:
"İgid başı qalda gərək" .
Gərək zamanın isti-soyuğu kişiyə dəysin-deyən şair burada kişini dözümlü, dəyanətli, hər çətinliyə sinə gərməyi bacarmağı, dözümlü olmasını istəyir. "Natiq dedi ki" şerində "Ayının yüz oyunu bir armudun başındadır" atalar sözünə yaradıcı yanaşmaqla bu atalar sözündəki mənanın qüdrətindən istifadə etməklə fikrini daha mənalı şəkildə ifadə etmişdir:
Bir armud üstündədir,
Deyib atalar,
Ayının yüz oyunu.
Sözün var, söz danış
arşın alıb ölçmə
sətirlərin boyunu.
Rəsul Rza ümumiyyətlə, öz əsərlərində xalq içərisində yayılmış əfsanə və rəvayətlərin motivlərindən istifadə etməklə gözəl sənət əsərləri yaratmışdır. Bəhlul Danəndə, "Min bir gecə" nağıllarının qəhrəmanlarıyla bağlı motivlər də şairə imkan vermişdir ki, fikrini, duyğularını oxuculara daha təsirli şəkildə çatdıra bilsin.
Şərq ölkələrində Molla Nəsrəddin kimi Bəhlul Danəndə də incə yumoru ilə xalq içərisində şöhrət qazanmış obrazdır. Rəvayətə görə Harun ər - Rəşidin qardaşı olan Bəhlul Danəndə siyasətdən və hakimiyyətdən üz döndərərək özünü dəliliyə vurmuş və xalq da onun adıyla bağlı çoxlu lətifələr uydurmuşdur və bu lətifələrdə həm də yüksək dərin məzmun vardır. Bəhlul Danəndə həm də xalq içərisində "bilici Bəhlul" kimi tanınır.Rəsul Rza da bu obrazdan bəhrələnməklə fikrini daha mənalı, təsirli verə bilmişdir.
Rəsul Rza İsgəndərlə bağlı "İskəndərin buynuzu var, buynuzu" rəvayətindən də yararlanmaqla bədii cəhətdən qüvətli əsər yaratmışdır. Deyilənə görə, İskəndərin buynuzu olduğundan o hər dəfə onun başını qırxan dəlləyi öldütdürürdü. Bir müddətdən sonra növbə bir dəlləyə çatır. O, İskəndərin buynuzunu görür. İşini qurtardıqdan sonra İskəndər onu öldürtmək istədikdə şahdan aman istəyir və and aman eyləyir ki, bu sirri bir kimsəyə açmayacaq. İskəndər də ona inanır və həm də fikirləşir ki, belə getsə ölkədə dəllək qalmayacaq, razı olur və onu bu sirri bir kimsəyə açsa məhv edəcəyi ilə hədələyir. Üstündən bir müddət keçir. Dəllək qorxusundan bu sirri kimsəyə danışmır, lakin içini bu hisslər diddiyindən rahatlıq tapa bilmir. Nəhayət, bir gün gəlir bir quyunun kənarına. Quyunun kənarında bir qaranlıqda oturub "İskəndərin buynuzu var, buynuzu" deyərək ürəyini boşaldır. Aradan bir müddət keçir, bir çoban orada bitən qarğıdan bir tütək düzəldir, çalanda " İskəndərin buynuzu var, buynuzu" deyə haray salır. Bu xəbər İskəndərə çatır. Şah çobanı gətizdirir, o da and aman eyləyir ki, bunda günahı yoxdur. İş İsgəndərə agah olur ki, bu dəlləyin işidir, bu sirri o açıb.
Şair bu rəvayətlə bağlı motivlərdən istifadə etməklə öz fikrini söyləyir. Ürək dolu olanda onu boşaltmaq, sözünü demək istəyi şairin qəlbində dolaşır. Burada şair azad fikirliyi, fikrini açıq şəkildə demək istəyəni müdafiyə edir.
Nə buynuzlu adam görmüşəm,
Nə danışan tütək.
Bəs neyləyək
Dolu olanda ürək?
"Cavabı müşkül suallar" şairi düşündürdüyü üçün o öz sözün demək istəyir.
Şair anaların beşik başında balasını yatırtmaq üçün ona çaldığı
Laylay dedim yatasan,
Qızıl gülə batasan,
Qızıl gülün içində
Şirin yuxu tapasan,
Laylay balam a laylay,
Körpə balam a laylay.
-Laylayından bəhrələnməklə şair "laylalar" şe'rində demək istədiyi sözü tə'sirli deməyə müvəffəq olmuşdur:
İndi nə çiçəkdən qorxuram
Nə qızılcadan,
Nə damdamacadan.
Ancaq qoruna bilim
Ucuz tə'rif laylasından,
Arxayınlıq pasından.
Ümumiyyətlə, Rəsul Rzanın əsərlərinin dili, üslubu, folklorla, xalq ədəbiyyatıyla bağlı məsələləri özü ayrıca bir mövzudur. Bu mövzunu geniş şəkildə işləməklə biz Rəsul Rza yaradıcılığı, onun əsərlərinin sənətkarlıq xüsusiyyətləri, bu əsərlərdəki folklor motivləri haqqında dəyərli sözlər deyə bilərik. İnanıram ki. bu mövzular üzərinə də qayıdacığıq. Hər bir xalq sənətkarının əsərlərinin sənətkarlıq məsələlərini təhlil etmək özü bir elmi axtarışdır. Bu da onu göstərir ki, Rəsul Rza dövrünün ən böyük sənətkarları kimi əsərlərində xəlqiliyi, realizmi əsas götürməklə dərin məzmunlu, yüksək ideyaları özündə yaşadan sənət əsərləri yaratmışdır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah