Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

RÜSTƏM RÜSTƏMZADƏ AŞIQ YARADICILIĞININ DƏYƏRLİ ARAŞDIRICISIDIR

Aşıq yaradıcılığı Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin, geniş, möhtəşəm bir qoludur. Ulu ozanımızdan, dədələrimizdən, varsaqlarımızdan, yanşaqlarımızdan üzü bəri həmişə inkişafda olan, ən qüdrətli, kamil söz ustadlarının adını əbədiləşdirən aşıq yaradıcılığı bineyi-əzəldən xalqımızın çox sevdiyi, dəyərini bildiyi folklor canrıdır.
Azərbaycan aşıq şeiri şəkilcə çox zəngin və rəngarəng olduğu kimi, bu şəkilləri yaradan, yaşadan sənətkarları ilə də zəngindir. «Öz vəzninə, təqtinə, qafiyələnən misraların növbələşməsi ənənəsinə, bəndlərdəki misraların miqdarına, nəqarat misralarının, vəzn, qafiyə və təqti xüsusiyyətlərinə» (M.H. Təhmasib) və eləcə də musiqiyə görə əllidən çox aşıq şeiri formasını yaradan məhz ulu Dədə Qorqudlardan üzü bəri gələn, yaradan, yaşadan, onları el içində yayan aşıqlarımız olmuş və xalq onları sevmiş, şeirlərini əzbərləmiş, yaddaşına həkk etmiş, özündən sonra gələn nəsillərə ötürmüş, həm o şeirləri söyləyən aşıqların adlarını, həm də onların nadir aşıq şeiri nümunələrini qoruyub saxlamağa çalışmış, yığıb toplamış, tədqiq etmiş, sənətkarlıq xüsusiyyətlərini araşdırmışdır.
Aşıq yaradıcılığı böyük bir inkişaf yolu keçmişdir. «Kitabi-Dədə Qorqud» dastanlarındakı söyləmələr, onların vəznləri, qafiyələnmə formaları ilkin aşıq yaradıcılığının sərbəst olması, sonrakı dövrlərdə yaşayan-yaradan dədələrin aşıq şeirini daha da inkişaf etdirməsi, cilalaması tədqiqatçı alimlərin elmi araşdırmalarında öz elmi, bədii təhlilini almışdır.
Həmişə el arasında olan aşıqlar məclislərin bəzəyi olmuş, xalqın xeyirində-şərində yaxından iştirak etmiş, sevincinə sevinmiş, kədərinə kədərlənmişdir. Xalqın keçdiyi həyat yolu, mübarizələrlə dolu ictimasi-siyasi hadisələr aşıqların diqqətindən yayınmamış, aşıqlıq sənətinin mövzusu olmuş, aşıqlar xalqın istək və arzularını ifadə etmiş, sadə, zəhmətkeş xalq içərisində öz qəhrəmanlarını axtarmış, ürəklərdə, hafizələrdə qalan xalq qəhrəmanlarının dastanlarını yaratmış, onlara mahnılar bəstələmiş, sözlər qoşmuşlar. Həmişə aşıq ənənələri onlardan sonra da yaşayıb yaradan sənətkarlarımızın yaradıcılığında qorunub saxlanmışdır.
Aşıqlar musiqi, söz, sənət yaşadıcıları olduğu kimi, xalqın mənəvi dayağı da olmuşlar. Diqqətlə nəzərdən keçirsək bunun kökünün qədimliyinin şahidi olarıq. Dədə Qorqud dastanlarında bütün məclisləri açan, bağlayan, elin dərdinə, qayğısına şərik olan el aşığı Dədə Qorquddur. Ağzı dualı, sözü müqəddəs, sazı müqəddəs tutulan Dədə Qorqudlar zaman–zaman dəyişmiş, inkişaf etmiş, aşıq sözünün, sazının qüdrət və qüvvəsi yüksək tutulmuş, Yunis İmrələr, Aşıq Veysəllər, Dədə Əmrahlar, Xəstə Qasımlar, Qurbanilər, Aşıq Abbas Tufarqanlılar yaşamış, daş üstünə daş qoymuş, bünövrəsi möhkəm qalalar üstündə öz minarələrini ucaltmış, özlərindən sonraya layiqli, ölməz bir sənət qoyub getmişlər.
Aşıq yaradıcılığı bir dərya olsa da, o dəryanın gözünü qurumağa qoymayan sənətkarlarımız, xalq içərisində yaşayan aşıqlarımız olmuşdur. Bu aşıqlar onları kitablara köçürməmişlər. Sinədəftər el sənətkarlarımız söylənənləri sinələrinə köçürmüşlər, onu zənginləşdirmişlər. İtib batanları, unudulanları, yaddaşlardan silinənləri də olmuşdur. Amma el ozanı, el aşığı hər vəchlə bacardığı qədər aşıq yaradıcılığını qoruyub saxlamağa çalışmışdır. P. Əfəndiyev bu fikirlərində haqlıdır ki, «Aşıq şeiri yazıya alınmadığı üçün ayrı-ayrı sənətkarların əsərləri əsrlər ötdükcə müəyyən dəyişikliyə uğramış, bəziləri isə itib batmış, yaxud başqaları ilə qarışıq düşmüşdür, hətta bir çox sənətkarların adları belə unudulmuşdur. Məşhur klassik aşıqlarımızın tərcümeyi-hallarının qalmaması da bu səbəb üzündəndir».
Çox şükürlər olsun ki, keçən əsrin əvvəllərindən aşıq poeziyası nümunələri toplanmağa başlamış, aşıq sənəti tədqiqata cəlb edilmiş, bir çox elm, sənət adamları, alim və tədqiqatçılar xalq yaradıcılığının hər sahəsində olduğu kimi, aşıq yaradıcılığının toplanıb yığılmasında, nəşr edilməsində gərgin əmək sərf etmiş, itib-batmaqda olan milli-mənəvi sərvətlərimizə məhəbbət və qayğıyla yanaşmışlar. Bütün bunların nəticəsidir ki, bu gün aşıq şeirinin ən görkəmli nümayəndələri, onların yaradıcılığını davam etdirən sonrakı dövr ustad sənətkarlar haqqında zəngin mənbələrə yiyələnmişik.
Keçən əsrlərdə müxtəlif cünglərdə bir sıra aşıqlarımız, Qurbani, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım və digərləri haqqında cüzi məlumatlar olsa da, onların da, digər böyük ustad aşıqların da yaradıcılığını tədqiq etmək, toplamaq, nəşr etdirmək, xalqa çatdırmaq sahəsində misilsiz işlər görülmüşdür. Bu sahədə böyük alim və tədqiqatçılarımız yetişmişdir. H. Araslı, F. Qasımzadə, M. H Təhmasib, Ə. Axundov, Ə. Qarabağlı, M. Seyidov, A. Nəbiyev, M. Həkimov, V. Vəliyev, S. Paşayev, M. Mürsəlov, Q. Namazov, H. İsmayılov və digərləri ilə yanaşı, Rüstəm Rüstəmzadənin də böyük rolu olmuşdur. Onların elmi, nəzəri fikirləri, tədqiqat işləri, yaşlı nəslin yaddaşında qalmış el sənətkarlarının zəngin irsini araşdırmaları, üzə çıxarmaları, sinədəftərlərini yazıya almaq təşəbbüsləri və bu sahədəki misilsiz fəaliyyətləri aşıq yaradıcılığına zəngin töhfələrdir.
Aşıqların həyat və yaradıcılığı ilə bağlı R. Rüstəmzadənin apardığı tədqiqat işləri Azərbaycan folklorşünaslığının inkişafına, aşıq yaradıcılğı haqqında verdiyi geniş və ətraflı müfəssəl məlumatlar şifahi xalq ədəbiyyatının zənginləşməsinə xidmət edir. Türk dünyasının möhtəşəm aşıq yaradıcılığı tarixi baxımdan çox qədimdir, kökü çox dərindir.
Professor Mürsəl Həkimov yazır: “İstedadlı alim Rüstəmzadənin əldə etdiyi tarixi sənədlər, yürütdüyü fikirlər, topladığı xatirələr, rəvayət və nəğmələr təkcə şifahi ədəbiyyatımızın tədqiqi sahəsində deyil, həm də gələcəkdə qardaş xalqlarımızın ədəbi əlaqələrini öyrənmək sahəsində də bir mənbə kimi qiymətlidir. Bunu alimin əsərlərinə bir sıra xarici ölkələrin görkəmli alimlərinin verdikləri rəylər də bir daha təsdiq edir".
Rüstəm Rüstəmzadə xalqının mədəni irsinə bağlı alim, tədqiqatçı kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilib. Özbəkistanın görkəmli alimlərindən professor B. Nazarov yazır: "Heç şübhə etmirəm ki, R.Rüstəmzadənin yaratdığı tədqiqat əsəri Azərbaycan folklorşünaslığına layiqli hədiyyə olacaq, oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır. Xalqımızın mənəvi sərvətlərinin bu cür savadlı alimlər tərəfindən tədqiqi və təbliği xüsusi əhəmiyyət kəsb edəcək".
Rüstəm Rüstəmzadənin bir tədqiqatçı alim kimi ən dəyərli fəaliyyətindən biri də «Aşıq rəvayətləri» kitabıdır. Klassik aşıq poeziyasının, xalq yaradıcılığının, xalq musiqisinin, ayrı-ayrı el sənətkarlarının həyat və yaradıcılığının öyrənilməsi sahəsində bu rəvayətlərin böyük əhəmiyyəti vardır.
Kitabı tərtib edən, bu rəvayətləri toplayan tədqiqatçı xalq incilərindən olan canr haqqında məlumat verir: «Dövlətin meydana gəlməsindən sonra rəvayətlər geniş şəkil alaraq tarixi hadisələri, tarixi şəxsiyyətlərin qəhrəmanlığını özündə əks etdirmişdir. Astiaq, Tomris, Keykavus, Cavanşir, Babək, İsgəndər Zülqərneyn, Nüşabə, Teymurləng, Şah İsmayıl Xətayi, Fətəli xan, Nadir şah, İbrahim xan, Cavad xan və başqaları haqqında xalq arasında rəvayətlər vardır. Əsasən, nəsr şəklində olan bu rəvayətlər bir canr kimi, nağıllara daha yaxındır». Bunların bir qisminin SMOMPK məcmuəsinin səhifələrində nəşr olunduğunu bildirən tədqiqatçı onu da bildirir ki, «Bir qrup rəvayətlər də vardır ki, onlar yalnız nəsrlə deyil, nəsrlə nəzmin növbələşməsi prinsipi əsasında yaradılmışdır. Bu qəbil rəvayətlər isə, nağıllardan uzaqlaşaraq forma etibarilə xalq dastanlarına yaxınlaşmışdır. Bunlar ustad sənətkarların, xalq aşıqlarının adı ilə bağlıdır».
Eyni zamanda belə rəvayətlərin toplanıb yazıya alınmasına maraq artırmaqla yanaşı, bu növ rəvayətlərin böyük ictimai-siyasi, eləcə də tərbiyəvi əhəmiyyəti olduğunu, bunlarda qəhrəmanlıq, vətənpərvərlik, beynəlmiləlçilik, dostluq və s. kimi ideyaların xüsusi yer tutduğunu qeyd edir. Bunların tarixi və elmi əhəmiyyəti də onunla izah olunur ki, «klassik aşıq poeziyasının, xalq yaradıcılığının, xalq musiqisinin ayrı-ayrı görkəmli el sənətkarlarının həyat və yaradıcılığının öyrənilməsində belə rəvayətlər əvəzsiz mənbədir».
Onlardan müəyyən qədər toplandığını, kitaba daxil edildiyini söyləyən tədqiqatçı Aşıq Ələsgərin, Göyçəli Aşıq Musanın, Dollu Mustafanın, Aşıq Bəhramın, Zərzəbilli Aşıq Məhəmmədin, Molla Cumanın, Hüseyn Şəmkirlinin, şair Cavadın, Qəmli Hüseynin, Bozalqanlı Aşıq Hüseynin yaradıcılığı ilə bağlı olan bu rəvayətlərin ilk dəfə nəşr olunduğunu da qeyd edir. Onlara xalq arasında, elm aləmində «söhbət», «əhvalat», bəzən də «dastanvari epizod», «dastanvari rəvayətlər» adı verildiyini bildirir.
Xalq yaradıcılığının yaranma tarixi, onları yaradanların kim olduğu dəqiq məlum olmadığından tədqiqatçı fikirlərində haqlıdır ki, «bu canrların ilk zəmininin kim tərəfindən yaradıldığı bizə məlum deyil. Lakin bundan sonra həmin canrın təkrarı məhz təqliddir. Bəlkə də xalq poeziyasının bugünkü təqlidçisi bununla daha oricinal əsər yaratmağa nail olmuşdur. Hər halda bugünkü dünənkinin təqlididir. Bu cəhətdən şifahi xalq yaradıcılığında təqlid daha geniş vüsət alaraq inkişaf edir və canrı, adət- ənənəni yaşadır. Lakin yeni dövr yeni də canr tələb edir. Bu canr isə müəyyən bir növün əsasında meydana gəlir. Məsələn, ilk dəfə qəhrəmanlıq dastanı yaranmışdır. Lakin siniflərin və dövlətlərin meydana gəlməsi ilə əlaqədar isə qəhrəmanlıq dastanlarının bir qolu olan tarixi qəhrəmanlıq dastanları yaranmışdır. Çünki qəhrəmanlıq dastanları, əsasən, əsatirlər, yaxud əsatiri hadisələrlə üzvi surətdə bağlı olur, deməli, onlar öz zəminini hələ siniflərin yaranmasından çox-çox əvvəllər götürmüşdür. Bu cəhətdən qəhrəmanlıq dastanlarının yaranması tarixi qəhrəmanlıq dastanlarına nisbətən çox qədimdir».
Tədqiqatçı eyni zamanda bu fikirlərini də bizə çatdırır ki, «xalq poeziyasının nümunələri forma cəhətdən bir-birini təqlid etsə də, məzmunca müxtəlif, rəngarəng və maraqlıdır». Aşıq poeziyasının çox qədimdən yarandığını, müasir dövrümüzə ənənə şəklində gəlib çatdığını söyləyən tədqiqatçı qeyd edir ki, «bu təqlid olsa da, hər bir sənətkar bu müsabiqənin oricinallığını gözləməklə, öz məzmunlu qoşmaları ilə dinləyicilərin nəzər-diqqətini cəlb edir. Burada yalnız forma təqlid olunur. Məzmun yenidir».
«Aşıq rəvayətləri» kitabına daxil edilən rəvayətlərin altısı Aşıq Ələsgərin adı ilə bağlıdır. Rüstəm Rüstəmzadə bu rəvayətlərin Aşıq Ələsgərin yaradıcılığının daha ətraflı öyrənilməsində rolunu vurğulayır, onları tərbiyəvi əhəmiyyətli sənət nümunələri kimi dəyərləndirir.
Kitaba daxil edilən «Şair Cavadın Aran səfəri», «Molla Qafar və Aşıq Musa», «Aşıq Musanın Qarabağ səfəri», «Aşıq Ələsgər və Həcər xanım», «Aşıq Ələsgər və Elçi», «Bəşirin toy əhvalatı», «Dəli Aşıq ilə Aşıq Ələsgərin ikinci görüşü», «Aşıq Ələsgərlə Kəsəmənli Aşıq Hüseynin rəvayəti», «Aşıq Ələsgərin Xınna dərəsi əhvalatı», digər dastan və rəvayətlər ilk dəfə onun tərəfindən oxuculara təqdim olunur.
Tədqiqatçı əldə etdiyi rəvayətləri kim tərəfindən topladığını da unutmur. Bu rəvayətlərin kimlər tərəfindən yaradıldığının da yeri gəldikcə şərhini verir. Məsələn, «Aşıq Hüseynlə Xan Çoban» rəvayəti XVIII əsrin görkəmli sənətkarı Molla Pənah Vaqifin bacısı oğlu, xalq şeirinin müxtəlif formalarında nəğmələr yaratmış Aşıq Hüseynlə bağlıdır. Tədqiqatçı bu rəvayəti 1974-cü ildə Aşıq Mikayıl Azaflıdan eşidib, qələmə almışdır.
Mikayıl Azaflı 1916-cı ildə Tovuzda, yoxsul bir kəndli ailəsində dünyaya gəlmiş, gözəl istedada malik, xalq arasında ustad bir sənətkar kimi sayılan, seçilən, aşıq sənətinə vurğun bir şairdir, aşıqdır. «Öz yaradıcılığı ilə yanaşı, klassik aşıq poeziyamızın görkəmli sənətkarlarının da yaradıcılığının gözəl bilicisi» kimi, Azərbaycan aşıq şeirini inkişaf etdirən, yaşadan sənətkardır.
«Aşıq Hüseynlə Cin Əlinin əhvalatı» Bozalqanlı Aşıq Hüseyn tərəfindən yaradılmış və həmin rəvayəti tədqiqatçı 1972-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində yaşayan Aşıq Qədir İsmayılovdan eşidib qələmə almışdır. «Aşıq Məhəmmədin Qars səfəri» və «Aşıq Məhəmmədin çuxa əhvalatı» rəvayətləri 1870-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş, «gözəl təbə, saz çalıb oxumaq qabiliyyətinə malik» olan, «bir sıra şeirləri ustadnamə kimi müasir aşıqlar tərəfindən» ifa edilən, Aşıq Ələsgərin kiçik qardaşı Aşıq Məhəmməd Alməmməd oğlundan bəhs edir. «Çuxa» əhvalatını Məhəmmədin özü yaratdığını, «məzhəkə kimi ifa» olunduğunu, bunun Bərdədə yaşayan, əslən göyçəli olan Aşıq Hüseyn Bayramovdan, «Aşıq Məhəmmədin Qars səfəri» rəvayətinin isə 1971-ci ildə Göyçə mahalının Subatan kəndində yaşayan, özünəməxsus yaradıcılıq qabiliyyəti olan Vəliyev Adıgözəl Süleyman oğlundan toplandığı bildirilir.
Azərbaycan folklorşünaslığının inkişafında əməyi az olmayan tədqiqatçılarımızdan biri kimi alimin folklorumuzun keçdiyi tarixi inkişaf yolundan bəhs edən «Azərbaycan folklorşünaslığı 60 ildə» məqaləsi diqqətəlayiqdir: «Başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqının da özünəməxsus, çox zəngin xalq yaradıcılığı vardır. Bunlar əsrlərdən bəri xalqın dilində, nəsildən-nəslə keçərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Lakin bunların yaranma tarixi nə qədər qədimdirsə, yazıya alınma tarixi bir o qədər yenidir»-deyən, şifahi xalq yaradıcılığını öyrənməyin və tədqiq etməyin vacib olduğunu açıqlayan tədqiqatçı bildirir ki, «bu məsələ ilə, əsasən, XIX əsrdən, Azərbaycanın Rusiya ilə birləşməsindən sonra maraqlanmışlar. XIX əsrin sonlarında toplama və nəşr etmə isə bir qədər sürətlənmiş və sistemləşmişdir». Bunların nəşriyyatların yaranması ilə əlaqədar olduğunu, XX əsrdə Qori müəllimlər seminariyasının məzunlarının da bu işdə xüsusi xidmətləri olduğunu, xalq ədəbiyyatının toplanmasında, mühafizəsində, nəşrində xeyli işlər gördüyünü bildirir. Firudin bəy Köçərlinin, P.Vostrikovun, Ağalar Bəy Qiyasbəylinin və başqalarının bu sahədə xidmətlərini yüksək qiymətləndirir.
XX əsrin ilk illərindən folklorun toplanmasının mütəşəkkil xarakter aldığını, əvvəlki illərdə tək-tək həvəskarlar tərəfindən toplanıb nəşr edildiyini, lakin sonrakı illərdə respublikanın ayrı-ayrı bölgələrinə ekspedisiyalar göndərildiyini bildirən tədqiqatçı «xalqdan toplanmış nəğmələr, qoşmalar, atalar sözləri və zərb-məsəllər, bayatılar, oxşama və laylalar, nağıllar, rəvayətlər, lətifələr və dastanlar respublikamızın qəzet və curnallarında, habelə ayrı-ayrı kitablarda nəşr edilir …1930-40-cı illərdə şifahi xalq yaradıcılığının toplanması və nəşrinə, həmçinin folklorşünaslığın nəzəri məsələlərinə, aşıq yaradıcılığının tədqiqinə və tənqidi surətdə öyrənilməsinə doğru mühüm addımlar atılır»,-deyir.
1926-cı ildə Bakı şəhərində Azərbaycan aşıqlarının Birinci qurultayının çağırılmasına, 1934-cü ildə çağırılan Yazıçıların Ümumittifaq qurultayında Qorkinin məruzəsində deyilən fikirlərə münasibətini bildirən tədqiqatçı Qorkinin fikirlərini yüksək qiymətləndirir. Folklorun toplanmasına folklorçularla yanaşı şairlərin, yazıçıların da mütəşəkkil şəkildə qoşulmasını yüksək qiymətləndirir, bu sahədə Hümmət Əlizadə, Vəli Xuluflu, Salman Mümtaz, Süleyman Rüstəm, Məmməd Rahim, Həmid Araslı, Səməd Vurğun, Məməmədhüseyn Təhmasib, Osman Sarıvəlli və başqaları xatırlanır, onların folklor nümunələrini toplayıb nəşr etdirməklə yanaşı, onun öyrənilməsinə və nəzəri məsələlərə dair elmi məqalələr yazdığı, dəyərli fikirlər söylədikləri qeyd edilir. «Məhz onların xalq yaradıcılığına, aşıq poeziyasına dair nəşr etdirdikləri elmi məqalələr Azərbaycan folklorşünaslığının inkişafına böyük yardım göstərmişdir»-deyən tədqiqatçı bu sahədə Səməd Vurğunun bu fikrinə diqqətimizi cəlb edir ki, «Azərbaycan şəraitində folklor ədəbiyyatı olduqca zəngin bir tarixə malikdir. Bu ədəbiyyatın öyrənilməsi, onun elmi surətdə işlənilməsi və bu canlı, səmimi el ədəbiyyatından istifadə» yazıçı və şairlər üçün ciddi bir əhəmiyyətə malikdir.
Sonrakı illərdə folklorşünaslığın nəzəri məsələlərinə, aşıq yaradıcılığının tədqiqinə dair atılan mühüm addımlar xatırlanır, gənc folklorşünaslarımızın yetişməsinə yaranan şərait tədqiqatçının diqqətindən yayınmır, folklora qayğı və münasibətin nəticəsi kimi folklorşünaslarımız M.H. Təhmasibi, Vaqif Vəliyevi, Paşa Əfəndiyevi, İmran Babayevi, Mürsəl Həkimovu, İsrafil Abbasovu, Təhmasib Fərzəliyevi və başqalarının fəaliyyətini nümunə gətirir və bildirir: «İndi onların sayəsində şifahi xalq yaradıcılığının daha aktual problemləri tədqiq olunur. Həmçinin bir sıra monoqrafiyalar dərc edilir. Akademik Mirzə İbrahimovun «Aşıq poeziyasında realizm», akademik Həmid Araslının «Aşıq yaradıcılığı», professor M.H. Təhmasibin «Azərbaycan xalq dastanları (orta əsrlər), Səfurə Yaqubovanın «Azərbaycan xalq dastanı «Aşıq Qərib», Təhmasib Fərzəliyevin «Azərbaycan lətifələri»ni buna misal göstərə bilərik».
Digər nəşriyyatlarla yanaşı, Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən çap edilmiş beşcildlik Azərbaycan nağılları, beş cilddə Azərbaycan dastanları, bundan əlavə, «Koroğlu»nun elmi nəşri, Aşıq Ələsgərin şeirlərinin elmi nəşri şifahi xalq ədəbiyyatı xəzinəmizi zənginləşdirən ən dəyərli kitablar kimi xüsusilə qeyd edilir.
1939-cu ildən şifahi xalq ədəbiyyatının bir fənn kimi tədrisi, dərsliyin hazırlanması, bu sahədə Vaqif Vəliyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» adlı dərsliyi, İmran Babayev və Paşa Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» adlı dərsliyini, ali məktəblərin ədəbiyyat fakültələrində folklor toplanmasına saatların ayrılmasını, bunun gözəl nəticələrini, toplanmış folklor nümunələrinin araşdırılması və tədqiq edilməsini, tələbələrin folklor toplama üsullarını mənimsəməsinin folklorumuzun inkişafına müsbət təsirini qeyd edir və bildirir ki, «Ali məktəblərimizin aspiranturalarında folklorşünaslıq sahəsində kadrlar hazırlanır və xalq yaradıcılığının açılmamış sirləri indi elm aləminə və geniş oxucu kütləsinə məlum edilir. İndi Azərbaycan nağıllarının, dastanlarının, əsatir və əfsanələrinin sədaları uzaq-uzaq ölkələrdən-Amerikadan, Fransadan, Almaniyadan, Polşadan, Bolqarıstandan və s. yerlərdən gəlir. Xalq ədəbiyyatı nümunələri indi dramaturqlarımız tərəfindən səhnələşdirilir, xalq dastanlarından istifadə edərək yazıçılarımız hekayə, roman, povest, bəstəkarlarımız opera, dramaturqlarımız pyes və ssenarilər yazırlar».
Tədqiqatçı bu cəhətdən xüsusi olaraq Üzeyir Hacıbəyovun «Koroğlu», «Əsli və Kərəm», Müslüm Maqomayevin «Şah İsmayıl», Qlierin «Aşıq Qərib» operalarını, Anarın «Dədə Qorqud», M.H. Təhmasibin «Nəbi», «Bir qalanın sirri» ssenarilərini qeyd edir.
Yazıçılarımızdan Süleyman Rüstəmin «Qaçaq Nəbi», xalq yazıçısı Süleyman Rəhimovun «Aynalı» povesti, «Qafqaz qartalı» romanı, yazıçı Həsən Qasımovun «Dağlara çəkildi» povesti və s. yüksək bədii dəyəri ilə seçilən əsərlər kimi tədqiqatçı tərəfindən yüksək qiymətləndirilir. Onların «xalq yaradıcılığı xəzinəsindən istifadə etmələri və bununla da yaradıcılıqlarını zənginləşdirmələri də mütəxəssislərimizin nəzər-diqqətindən yayınmamışdır»,-deyir.
Bununla əlaqədar bir sıra dissertasiyalar yazıldığını- Cəlal Abdullayevin «Səməd Vurğun və folklor» və Əli Saləddinin «Sabir və folklor» monoqrafiyalarının adlarını çəkir.
Tədqiqatçı «Folklor və Azərbaycan uşaq poeziyası» məqaləsində yazır: «1846-cı ildə böyük ingilis alimi Vilyam Toms tərəfindən ilk dəfə işlənmiş «folklor» istilahı iki sözdən (folk-lore) ibarət olmaqla xalq müdrikliyi, xalq yaradıcılığı mənasını verir. Ümumi beynəlxalq dildə xalq yaradıcılığı «folklor» kimi işlənməyə başlamışdır. Doğrudur, Vilyam Toms bu istilahı ən çox folklorun bədii söz sənətində işlətmişdir».
Bununla belə R.Rüstəmzadə «folklor dedikdə onun bir sıra növlərini nəzərə» almağı unutmur: «Çünki folklor istilahı yalnız söz sənətini təmsil etmir, o, eyni zamanda xalq musiqisini, xalq memarlığını, xalq mahnılarını, xalq təbabətini və sair sənətlərini də əhatə edir. Ona görə də folklorun söz sənətini təmsil edən hissəsi, xüsusilə, bizim xalqımız arasında ağız ədəbiyyatı, xalq ədəbiyyatı, şifahi ədəbiyyat və nəhayət, şifahi xalq ədəbiyyatı kimi işlədilir. Şübhəsiz, şifahi ədəbiyyatın yaranma tarixi yazılı ədəbiyyatınkından çox-çox qədimdir. Bizə belə gəlir ki, ünsiyyət vasitəsi olan dilin formalaşdığı vaxtdan şifahi ədəbiyyat yaranmışdır. Çünki dilin formalaşdığı dövrdə sözü tələffüz etmək heç cür mümkün olmadığı kimi, analar da öz körpələrinə layla çala bilməzdi. Elə ki, dil artıq formalaşıb insanlar arasında ünsiyyət formasına çevrilir, elə həmin vaxtdan da şifahi ədəbiyyat, söz sənəti yaranmağa başlayır. Ona görə də hələ heç bir alim dilin ünsiyyət vasitəsinə çevrilməsinin dəqiq tarixini müəyyən edə bilməmişdir. Bu ətrafda tədqiqat aparan dünya alimləri isə dilin tam ünsiyyət vasitəsinə çevrilməsinin tarixini təxmini olaraq söyləyirlər. Odur ki, biz folklorşünaslar da söz sənətinin tarixini dəqiq müəyyən edə bilməmişik. Çünki dilin formalaşmasının tarixini müəyyən etmək birinci növbədə dil alimlərimizin vəzifəsidir».
«Qədim tarixə malik olan Azərbaycan xalqının da digər xalqlar kimi çox zəngin folkloru-şifahi ədəbiyyatı», olduğunu, bu ədəbiyyatın «layla, oxşama, tapmaca, düzgü, yanıltmac, rəvayət, nağıl, lətifə, dastan, atalar sözü, zərb-məsəllər, əfsanə, nəğmə və sair kimi canrlar»ının varlığını, bunların bir qisminin «ulu nənələrimiz və babalarımız tərəfindən körpələr, yeniyetmələr üçün», bir qisminin isə «böyüklər üçün yaradıl»dığını bildirir: «Çünki dünyaya gəlmiş hər bir körpə üçün ana onun gələcək qayğısını da öz öhdəsinə götürmüş, onu əxlaqlı, sadiq, təvazökar və igid olmağa, cəsur olmağa, qeyrətli olmağa sövq etmişdir. Bunun üçün valideynlər müxtəlif üsullardan, o cümlədən, söz sənətindən geniş istifadə etmişlər. Yatızdırarkən layla çalmış, oynadarkən oxşama demiş, dilinin tez açılması, nitqinin inkişafı üçün düzgülərdən istifadə etmiş, zehninin inkişafı üçün tapmacalar öyrətmişdir. Böyüdükcə ona maraqlı nağıllar, lətifələr danışmış, qəhrəmanlıq motivli nəğmələrlə qidalandırmışdır».
Yazılı ədəbiyyat yarandıqdan sonra da uşaq ədəbiyyatının «onunla paralel şəkildə inkişaf» etməsini, şairlərimizin, ədiblərimizin «uşaq folkloru müqabilində gözəl əsərlər yarat»masını, Nizamidən üzü bəri müasir şairlərimizə qədər bir çoxunun «uşaqlar üçün didaktik xarakterli əsərlər yarat»dığını, bu əsərlərin onların tərbiyəsində xüsusi əhəmiyyətə malik olduğunu bildirməklə yanaşı, bunu da qeyd edir ki, «uşaq yazıçısı olmaq çox çətindir. Uşaq yazıçısı olmaqdan ötəri gərək birinci növbədə uşaq psixologiyasını yaxşı biləsən, onların daha çox hansı forma və məzmundan xoşları gəldiyini öyrənəsən, arzu və istəklərini nəzərə alasan, həm də o dildə danışmağı bacarasan. Bunun üçün uşaqlar arasında uzun illər olmaq, onlarla ünsiyyət bağlamaq ən başlıca şərtdir. Xüsusilə, bağça tərbiyəçiləri, müəllimlər sırasından gəlmiş yazıçı və şairlər bu sahədə daha çox müvəffəqiyyətlər qazana bilərlər. Bu cəhətdən klassik ədəbiyyatımızı nəzərdən keçirərkən S.Ə. Şirvani, Abbas Səhhət, M.Ə. Sabir, S.S.Axundov, Abdulla Şaiq, Firudin bəy Köçərli və başqaları uşaq ədəbiyyatının inkişafında çox böyük işlər görmüşlər. Onlar həmişə uşaqlar arasında olduqlarından onların psixologiyasını da yaxış mənimsəmiş və buna görə də öz maraqlı əsərləri ilə onların zövqünü oxşamağı bacarmışlar».
Həm folklorun və həm də yazılı ədəbiyyatın uşaqların təlim və tərbiyəsindəki əhəmiyyətindən də xeyli əsərlər yazıldığını və monoqrafiyalar nəşr olunduğunu bildirir və H.Zərdabi adına Gəncə Dövlət Pedaqoci Universiteti Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti, filologiya elmləri namizədi –şair Əli Mirzəyevin fəaliyyətini yüksək qiymətləndirir, «uşaq poeziyasından bəhs edən bir sıra elmi yazılar nəşr etdirdiyini, «onun 1991-ci ildə çapdan buraxılmış «Folklor və uşaq poeziyası» adlı dərs vəsaiti»nin xüsusi əhəmiyyət kəsb etdiyini açıqlayır: «Şübhəsiz, uzun illərin zəhməti sayəsində meydana gəlmiş və bu tədqiqat əsəri oxucular tərəfindən yüksək qiymətləndirilmişdir. Bu vəsait bir sıra maraqlı problemləri özündə əks etdirmişdir. Kiçik uşaq folkloru və uşaq poeziyasından bəhs edərkən müəllif haqlı olaraq qeyd edir ki, «uşağın fiziki inkişafı üçün ana südü nə qədər zəruridirsə, onun bədii-estetik və mənəvi inkişafı üçün də ana mahnıları o qədər əhəmiyyətlidir. Ona görə də Əli Mirzəyev kiçik uşaq folklorundan bəhs edərkən ilk növbədə beşik nəğmələrindən və oxşamalardan söhbət açır. O yaxşı bilir ki, uşaq folklorunun yaşa uyğunluğa görə ilkin növü beşik mahnılarıdır. Bu mahnılarda müəllifin dediyi kimi: «ana nəvazişi bədii sözün ahəngdarlığı, melodiyası, ritmi, musiqili tonu, mahnı avazı ilə birləşib, uşağın ruhunu, onun mənəvi aləmini oxşayır, əsəblərini sığallayır, onu sakitləşdirir, rahat yatmasına, normal böyüməsinə, inkişafına kömək edir. Belə mahnılar uşaqları gələcəyə hazırlayır. Böyük və geniş uşaq folkloruna keçid mərhələsi təşkil edir. Estetik zövqün, bədii tərbiyənin, gözəlliyə heyranlığın və gələcəkdə möhkəmlənəcək hümanist insani keyfiyyətlərin bünövrəsi məhz bu ana mahnıları, ana südü qədər əhəmiyyətli olan bu laylalarla, bu beşik mahnıları ilə qoyulur».
Uşaqların əqli inkişaf və nitq səlisliyi vasitələrindən danışarkən Əli Mirzəyevin «tapmacaları və yanıltmacları bir folklor nümunəsi kimi» götürdüyünün və «onu müəyyən dəlillərlə tədqiq» etdiyinin əhəmiyyətini gözdən qaçırmır: Ulu babalarımızdan miras qalmış bu metaforalar çox böyük didaktik materiallardır. Uşaqların əqli inkişafına kömək edən, bilik dairəsini genişləndirən tapmacalar çox geniş yayılmış şifahi ədəbiyyat nümunəsi olsa da, şairlərimiz bu canrdan istifadə edərək öz yaradıcılıqlarını zənginləşdirmişlər. Müəllifin Abdulla Şaiq və P. Əfəndiyevdən, Mirvarid Dilbazidən, Xanımana Əlibəylidən gətirdiyi «şeir-tapmaca» nümunələrindən danışarkən onların bu sahədə əməyini yüksək qiymətləndirir. Kiçik vətəndaşların nitqlərinin inkişafında onların yaratmış olduqları yanıltmaclar da az rol oynamır». Rüstəm Rüstəmzadənin bu fikirləri dəyərlidir.
«Xalq yaradıcılığının mühafizəsi uğrunda» məqaləsində də tədqiqatçı alim və tədqiqatçılarımızın əməyini yüksək qiymətləndirir. Bununla belə, folklorun toplanması və tədqiqi sahəsində qüsurların olduğunu gizlətmir. Bildirir ki, «xalq yaradıcılığını kağıza köçürərkən hər kəs bilməlidir ki, bu iş çox mürəkkəb və olduqca məsul bir iş, dövlət işidir. Bəzən görürsən bir nəfər həvəskar vətəndaş xalq nağıllarına, yaxud aşıq yaradıcılığına, məhəbbət və ya qəhrəmanlıq dastanlarına böyük zəhmət sərf edir, yazıya köçürür və gətirib xalq yaradıclığı ilə məşğul olan elmi müəssisələrə verirlər. Oxuyanda görürsən burada gözəl bir surət xətti var, lakin xalq dili pozulub, orta bir dillə yazılmışdır. Belə ki, nə tam ədəbi dildə, nə də sırf xalq dilindədir, yəni «həm Əli aşınnan, həm də Vəli aşınnan» olmuşdur.
Professor Vaqif Vəliyev fikirlərində haqlıdır ki, "Azərbaycan xalqının mənəvi sərvəti saydığımız tarixi qəhrəmanlıq və məhəbbət dastanlarının tədqiqi ilə professor R.Rüstəmzadə iyirmi ilə yaxındır ki, məşğul olur. Onun bu sahədə ciddi axtarışları, həmin dastanların toplanıb yazıya köçürülməsi böyük səy və bacarığı sayəsində mümkün olmuşdur. «Tarixi qəhrəmanlıq dastanlarının poetikası» Azərbaycan folklorşünaslığının bir obyekti kimi R.Rüstəm tərəfindən tədqiq olunmuşdur. R.Rüstəmzadə ədəbiyyatda öz sözünü demiş alimdir. O, öz qələmini xalq yaradıcılığının bütün sahələrində sınamış və xalqına bir-birindən gözəl töhfələr vermiş, dəsti-xətti ilə tanınmış filoloqdur».
Folklor yaradıcılığının toplayıcısı kimi tədqiqatçı folklor materialının dilini əsas götürür. Bu fikrində israrlıdır ki, folklor nümunələrinin növündən asılı olmayaraq onun dili xalq dili olmalıdır. Toplanan folklor nümunələrindəki dil nöqsanları onun gözündən yayınmır. «Elə ən mühüm nöqsan burasındadır ki, gətirilən əsərlərdə çox zaman «və» bağlayıcısı işlədilmişdir. Lakin nə nağıl, nə də dastan danışan heç zaman «və» işlətməmiş və xalq dilində belə bağlayıcı yoxdur. Burada fonetik, morfoloci və sintetik xüsusiyyətlər ədəbi dilimizdən fərqli olmalıdır.
Fonetik xüsusiyyətlərdə səslər bir-birinə təsir edir. Məsələn: «Gözəllər dəstəylə çıxır pişvaza» dedikdə «dəstəylə» əvəzinə bəzən «dəssəylə» və burada «t» səsi də əvvəlki «s» səsinin təsirilə «s»-yə çevrilir. Əlbəttə, buna bənzər yüzlərlə misallar göstərmək olar.
Yaxud, morfoloci xüsusiyyətlərdə ümumi kəlmələrdə bir qısaltma nəzərə çarpır, məsələn, «səninlə» əvəzinə «sənlə», «oynaya bilməz» əvəzinə «oynayanmaz» və yaxud mürəkkəb xəbər olan «qana bilmədim» əvəzinə «qanammadım», «gedə bilmədim» əvəzinə «gedəmmədim və s ».
Cümlələrin çoxu sadə olur. Bildiyimiz kimi, müasir Azərbaycan dilində xəbər əksərən ya mübtədadan, ya da ikinci dərəcəli üzvlərdən sonra gələr. Lakin xalq dilində əksərən tərsinə olur. Məsələn, «Gəldi şahın hüzuruna, getdi anasının yanına» və s».
Xalq yaradıcılığının əsas hissəsini yaşadan aşıqların əməyini unutmayan tədqiqatçı aşıqlıq sənətini «professional bir sənət» kimi qiymətləndirir. Aşıqların topladıqları folklor nümunələrində onları «leksik xüsusiyyətlərə» qarşı diqqətli olmağa, həm də aşıq ənənələrini unutmamağa, yazıya alarkən dilinə fikir verməyə çağırır.
Rüstəm Rüstəmzadə el sənətkarlarından toplayıb, tərtib etdiyi xalq nümunələrində bu məsələyə diqqətlə yanaşmışdır. Bu baxımdan XX əsr Azərbaycan dilçilik elminin ən görkəmli nüma-yəndələrindən biri, respublika dövlət mükafatı laureatı, əməkdar elm xadimi Məmmədağa Şirəliyev yazır: "Folklorşünas alim R.Rüstəmzadənin xalq yaradıcılığında və onun inkişaf etməsində xidmətlərini xüsusilə qeyd etmək lazımdır. H.Araslı, M.Təhmasib, P.Əfəndiyev, F.Fərhadov az-çox qəhrəmanlıq nəğmələri haqqında yazılar dərc etdirsələr də, R.Rüstəmzadə ilk dəfə olaraq "Tarixi qəhrəmanlıq nəğmələri"nin bir canr kimi geniş təsnifini vermişdir".
Dilçi alim, professor Şəfiqə Yusifli R.Rüstəmin yaradıcılıq xüsusiyyətlərinə belə qiymət vermişdir: "Rüstəmzadə Rüstəm tədqiq etdiyi əsərlərlə elm aləminə yeniliklər gətirmişdir. Xalq topluları kitablarda yazılarkən məntiqi ardıcıllıq gözlənilir. Əsərlərində hərbi-vətənpərvərlik, bahadırlıq, məhəbbətin tərənnümü yaratdığı dastanların əsas mövzusuna çevrilmişdir".
Bu sahədə böyük xidmətləri olan alim «Söz də, saz da döyüşürdü» əsərini müharibədən sonrakı illərdə yazmışdır. İkinci Dünya müharibəsi bəşəriyyətin ən dəhşətli ömür tarixindən səhifələrdir. Burada müharibə dövründə sözünü süngüyə çevirmiş böyük sənət aşiqləri xatırlanır. Bu dövrdə müharibə meydanlarında xalqı faşizmə qarşı mübarizəyə səsləyən söz xiridarları, saz ustadları ilə yanaşı, arxa cəbhədə bir qarnı ac, bir qarnı tox sadə zəhmətkeş xalqla birlikdə öz fəaliyyətini davam etdirən alim və tədqiqatçıların əməyini xatırlayan alim, tədqiqatçı R. Rüstəmzadə yazır: «Folklor həvəskarları əllərindən gələni əsirgəmir, el-el, oba-oba düşərək, böyük səylə bu el sənətkarlarının yaratdıqları nəğmələri yazıya köçürüb, toplayırdılar. Nəşriyyatlarımız Tomris, Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi, Səttar xan kimi el qəhrəmanları haqqında yaradılmış nəğmə, rəvayət və dastanları, habelə Böyük Vətən müharibəsində fədakarlıq göstərmiş igidlər haqqında el sənəkarlarının söylədikləri qoşmaları, nəğmələri dönə-dönə çap edir, xalqa çatdırırdılar».
Müharibə dövründə cəngilərindən döyüş ruhu axan, düşmənə qarşı nifrət hissini alovlandıran «Koroğlu», «Qaçaq Nəbi» dastanlarının çap edildiyini, döyüşçü həmvətənlərimizin Koroğluya, Nəbiyə, mətin qızlarımızın Həcərə bənzədildiyini xatırladır. Eyni zamanda müharibə dövründə Azərnəşr tərəfindən çapdan buraxılan «Aşıqlar Vətən müharibəsi haqqında» adlı kitabı təqdirəlayiq bilir, burada aşıqlarımızdan Aşıq Mirzə Bayramov, Aşıq Əsəd Rzayev, Aşıq İslam Yusifov, Aşıq Teymur Hüseynov, Aşıq Çoban Tağıyev, Aşıq Qara Mövlayev və digər aşıqların qoşmalarının toplandığını qeyd edir, burada ustadnamələri xatırladan nəsihətamiz müxəmməsləri, qoşma və gəraylıları məzmun və ideya cəhətdən yüksək qiymətləndirir. El aşıqları ilə bağlı araşdırmalarını qələmə alır.
Professor Sadıq Şükürov yazır: "El qaynaqları ilə ədəbiyyatımızı zənginləşdirən R.Rüstəmzadənin yaradıcılığı qaynar bir çeşmədir. Bu çeşmə saz və söz ustalarından "Xəyyat Mirzə"ni, "Əlimərdanlı Aşıq Nəcəf'i, "Aşıq Hüseyn Şəmkirli"ni, "Aşıq rəvayətləri"ndəki saz-söz sərvətinin sahiblərini Azərbaycan folkloruna daxil edən alimin yaradıcılıq bəhrələrini görürük. R.Rüstəmzadə görkəmli folklorşünas, fədakar maarifpərvər Ağalar bəy Qiyasbəylinin nəvəsidir. Onun sənətinin layiqli davamçısı olan R.Rüstəmzadə folklora qayıtmaq, onun bənzərsiz nümunələrini araşdırmaq, tarixi abidələrin poetikasını, bədii dəyərini, gözəllik və incəliklərini öyrənmək üçün el müdrikliyindən doğan söz sənətinin sehrinə, dərin qatlarındakı sirlərinə varmışdır. Bu narahat alim həmişə elmi axtarışda olmuş, şifahi xalq yaradıcılığının tədqiqi ilə məşğul olan mütəxəssis kimi ədəbiyyatımızda özü cığır açmış, tapdanmış yol ilə getməmiş, fədakar tədqiqatçı kimi tanınmışdır".
Bu el şairlərinin şeirlərindəki döyüş ruhunu, səmimiyyəti yüksək qiymətləndirməklə yanaşı, onların müharibənin od-alovuna atılaraq, «bir əlində saz, bir əlində də silah cəbhədə vuruş»duğunu, döyüşçüləri ruhlandıran mahnılarıyla ürəklərə yol tapdığını» bildirir. Belə aşıqlarımızdan Aşıq Qara Mövlayev və Əlimərdanlı şair Nəcəfin adını çəkir, onların cəbhəyə özləri ilə sazlarını da apardığını, «döyüş meydanlarında Koroğlu kimi əvvəlcə silaha» sarıldığını, faşistləri məhv etdiyini, faşist əleyhinə vuruşduğunu söyləyir. «Ara sakitləşəndə isə silahı yana qoyub sazı sinəsinə basdığını», təsirli mahnılar oxumaqla döyüşçülərin döyüş ruhunu artırmağa xidmət etdiklərini söyləyir: «Əlimərdanlı Nəcəfin döyüş vaxtı dediyi qoşmalar-ailəsindən ayrılıb cəbhəyə yola düşməsi, cəbhədə faşistlərlə vuruşduğu anlar, dostlarının köməyi, döyüşçü yoldaşlarının qüdrəti, cəbhədən öz sevgilisinə yazdığı namələr, yaralandığından qospitalda yatması və müalicə edilməsi, sağalıb evinə gəlməsi, sağ gözünü itirməsi və s. haqda yaratmış olduğu qoşmalar, təcnislər, müxəmməslər, divan və s. şeirlər sistemləşdirilərək sonrakı aşıqlar tərəfindən dastan şəklinə salınmışdır». Belə dastanlardan biri kimi Aşıq Mirzə Bayramın yaratdığı «Kamal» dastanını xüsusilə qeyd edir və bildirir ki, «Dastan Böyük Vətən müharibəsinin qəhrəmanı, siyasi rəhbər Kamal Qasımovun döyüş günlərində göstərdiyi fədakarlığa həsr olunmuşdur».
Dastandakı qoşmalardan, dastanın sənətkarlıq xüsusiyyətlərindən bəhs edən tədqiqatçının gözündən qoşmalardakı beynəlmiləlçilik ruhu da qaçmır. Eyni zamanda tədqiqatçı arxa cəbhədə o çətin sınaq illərində zəhmət adamlarıyla görüşən, ölkənin müxtəlif bölgələrinə gedən, məclislər təşkil edən, sazıyla, sözüylə xalqın inam və iradəsinin möhkəmlənməsi naminə, qələbəyə inam hissini artırmaq üçün qoşduqları qoşmaları yüksək qiymətləndirir. Fədakar əməyə ruhlandırma, qələbəyə inam, aşıq şeirinin məzmun və ideyaca xalqa məhəbbət üstündə köklənməsi, onların qayğılarına şərik olma bu kimi aşıqlarımızın yüksək dəyər verdiyi milli-mənəvi yaxınlaşma tədqiqatçının araşdırmalarındadır.
«Şair- dəmirçi» məqaləsi «Qalibiyyət bayrağı» qəzetində 1963-cü ildə nəşr olunmuşdur. Bu məqalədə tədqiqatçı Hüseyn Qəmli Ələsgər oğlu Muradovun həyat fəaliyyətini araşdırmış, onun 1895-ci ildə Qazax rayonunun Qıraxkəsəmən kəndində dəmirçi ailəsində anadan olduğunu, atası Ələsgərin dəmirçilik sənətini oğluna da öyrətməsini, onun gənc yaşlarından aşıqlıq sənətinə meylini, saz çalmağı həmkəndlisi Aşıq Əsgərdən öyrənməsini, gözəl səsə, zəngin yaradıcılığa malik olmasını, Azərbaycanda istedadlı sənətkarlardan biri kimi tanınmasını üzə çıxarır, onun « Aşıq Əsgərlə, Canallı Aşıq Məmmədlə, Göyçəli Aşıq Beybudla, Ağköynəkli Aşıq Məmmədyarla və başqaları ilə «yoldaşlıq etdiyini, məclislər apardığını» bildirir. Onun inqilabdan əvvəl söylədiyi:

…Qəmli Söyün bu dünyada
Qurtarmadı zülümdən,
Gah yaxın, gah aralı,
Sən salırsan elimdən;
Beymürvətsən, xoş günümü
Vurub aldın əlimdən.

Bəd gətirdin, daha neylim
Mənim ilmi ilimdən.
Əlindən nə gün gördüm,
Nə sürdüm dövran, fələk!

Tədqiqatçı alim onun «Ey kasıb» şeirində dövründən, zamanından, bəxtindən şikayət motivlərinin əsas olduğunu üzə çıxarır:

Heç çıxmır yadımdan nə gündüz gecə,
Sənin bu tənəzzül halın, ey kasıb!
Növcavan canımı eylədin qoca,
Bəd gətirən hər əhvalın, ey kasıb!

Namısın var, qeyrətin var, arın var.
Hayıf, hayıf nə dövlətin varın var.
Nə bir dam-daş, nə bir sərrast yarın var,
Daha yatıb bəxt yığvalın, ey kasıb!

Odunu olubdu çöllərin çöpü.
Bərkitmə şələni, qıracax ipi.
Gərmənin tüstüsü, durbadan təpi-
Bu da sənin cah-cəlalın, ey kasıb!

Tədqiqatçı haqlı olaraq bildirir ki, «burada şair öz həyatının nə qədər acınacaqlı olduğunu, tez qocaldığını, namuslu, zəhmətkeş olsa da, dolanacağının çətin olduğunu, yaşamaq üçün dam-daşının olmadığını, çətin həyat keçirdiyini, şələ ilə gətirib çöllərin çöpünü qaladığını, gərmənin acı tüstüsü ilə isindiyini açıq-aydın göstərmişdir. Bütün bu çətinlikləri kasıb üçün «cah-cəlal» adlandıran şair bu şeirlə müasirlərinin acınacaqlı həyatını öz şəxsində cəmləşdirə bilmişdir».
Eyni zamanda, onun 1920-ci ildə Aşıq Ələsgərlə Qərbi Azərbaycanın Simonovka kəndində görüşləri, onunla deyişmələri haqqında maraqlı məlumatlar verir. Bu məlumatlardan biri daha maraqlıdır: «Ələsgər bu gənc aşığı sınamaq üçün öz məşhur

Gözəl sənə məlum olsun,
Alışıban yanıram mən.
Ala gözlərin görəndə
Canımdan usanıram mən

-gözəlləməsini demişdir. Bunun qarşısında aşıq Hüseyn Qəmli:

Gözəl sənə bir sözüm var,
Deməyə utanıram mən.
Eşqindən də Məcnun olub,
Dağları dolanıram mən.

-bəndilə başlayan qoşmasını demiş və bundan başqa da bir neçə şeir oxuyub Aşıq Ələsgərin diqqətini cəlb etmişdir, halallaşıb gedən vaxt Aşıq Ələsgər ona:

Cavan aşıq, səd afərin,
Dil altında qalan döysən.
Sözdər desəm, dayaz, dərin,
Bil, altında qalan döysən.

-deyərkən Hüseyn ona cavabında:

Qoca dədə, çoxdu yaşın.
Əl altında qalan döysən.
Titrəməsin ayaq, başın,
Yol altında qalan döysən.

- bəndilə başlanan şeirini demişdir.
Aşığın Böyük Vətən müharibəsində dörd dəfə yaralanmasını, eşitmə qabiliyyətini itirməsini, gözəl səsindən məhrum olmasını söyləyir, onun gözəlləmələri, təcnisləri, dodaqdəyməzləri, diltərpənməzləri, qoşmaları, müxəmməsləri ilə yanaşı, gözəl dastanlar yazdığını, bu dastanlardan ən maraqlısı kimi, XIX əsrin II yarısında Qafqazda, İranda, Türkiyədə öz qəhrəmanlığı ilə böyük şöhrət qazanmış Kərəm İsgəndər oğlunun fəaliyyətindən bəhs edən «Qaçaq Kərəm» dastanını xüsusi qeyd edir və bildirir ki, «Bu dastan Qaçaq Kərəmin həyat, fəaliyyətindən, yerli bəylərə, pristavlara, çarizmə qarşı apardığı mübarizə səhnələrindən, qadına, uşağa, kasıblara göstərdiyi hörmətdən, düşmənə qarşı amansız və həm də mərdliyindən bəhs edir. Tarixi həqiqətlərə yaxın olan «Qaçaq Kərəm» dastanı ən qiymətli əsər kimi diqqətəlayiqdir».
Eyni zamanda onun «İran səfəri» dastanı, tərtib etdiyi maraqlı rəvayətləri, deyişmələri xalq ədəbiyyatı xəzinəmiz üçün «ən qiymətli əsər» kimi tədqiqatçı tərəfindən dəyərləndirilir.
«Abbas Tufarqanlı» yazısında aşıq ədəbiyyatının ən nadir incilərini yaratmış Abbas Tufarqanlı sənəti tədqiq edilir. Onun haqqında görkəmli folklorçu Hümmət Əlizadənin, professor M. Təhmasibin, Akademik Həmid Araslı və M. İbrahimovun apardığı tədqiqat işləri qeyd edilir, yaradıcılığına onların yüksək qiymət verdiyini söyləyən tədqiqatçı 1972-ci ildə Araz Dadaşzadə tərəfindən tərtib edilmiş, ön söz yazılmış «Abbas Tufarqan» kitabında toplanmış «xalq şeirinin müxtəlif formalarında gözəl nəğmələrini», yaratdığı rədifli qafiyələrdən düzəldilmiş qoşmalarının «təbii rəvanlığı, gözəlliyi və bədiiliyi, həm də dilinin səlisliyi etibarı ilə» diqqəti cəlb etdiyini söyləyir. Şairin şeirlərindən

Könül, Məcnun kimi yayın dağlara,
Əyil bu lalənin budağından öp!
Pərvanə tək dolan yarın başına,
Arala tellərin qabağından öp!

-misralarını nümunə gətirir və bildirir ki, «aşığın şeirlərindəki oynaqlıq bir tərəfdən onun stilindədirsə, o biri tərəfdən də məzmun və formasındadır. Məlumdur ki, gəraylı aşıq poeziyasının ən oynaq formasıdır. Şair bu formada da bir sıra şeirlər demişdir, xüsusilə, təbiət təsvirləri bu formada insan hissiyatına daha tez təsir edir, onu yaşamağa, yaratmağa, təbiətə vurğun olmağa sövq edir» və onun

Duman, gəl get bu dağlardan,
Dağlar taza bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qübar eyləsin.
Və:
Budur gəldi bahar fəsli,
Dağların lala vaxtıdır.
Açılıbdır qızıl güllər,
Bülbülün bala vaxtıdır.

-bəndlərini nümunə gətirir, onların «könül açan», «ruhu təzələyən» bədii keyfiyyətlərini açıqlayır.
Aşığın «müasirləri olmuş seyraqubları, ikiüzlü adamları, şöhrət xatirinə ağasına yaltaqlıq edənləri» tənqid atəşinə tutan, xalqını amansızlara qarşı üsyana çağıran əsərlərinin ideya-məzmun keyfiyyətləri ilə yanaşı, ibrətamiz şeirlərini, «ustadnamələri, didaktik fikirləri»ni də bədii cəhətdən yüksək dəyərləndirir.
Eyni zamanda kitabçada toplanmış şeirlərin digər məziyyətləri haqqında da dəyərli fikirlər söyləyən tədqiqatçı Abbas Tufarqanlı yaradıcılığına qayğıyla yanaşır.
Bu diqqəti biz Xəstə Qasım üçün yazılmış «Ustad sənətkar» məqaləsində də görürük: «Üç əsrə yaxın bir müddətdə öz xalqına mənəvi cəhətdən xidmət edən bu görkəmli sənətkar yaradıcı və ustad aşıq kimi tanınmışdır». Tədqiqatçıların qoşmalarının nəsihət xarakterli olması, ondan sonra gələn aşıqların ondan bəhrələnməsi haqqında H. Araslının, M. İbrahimovun, V. Vəliyevin, Paşa Əfəndiyevin qiymətli fikirlər söylədiyini, yaradıcılığına yüksək qiymət verdiklərini bildirir. Bu sahədə onun əsərlərini toplamağa, ayrıca nəşr etdirməyə təşəbbüs göstərmiş Sədnik Paşayevin əməyini yüksək qiymətləndirən tədqiqatçı bildirir ki, «aşıq yaradıcılığını mükəmməl bilən, onu toplayan və tədqiq edən S. Paşayev eyni zamanda Xəstə Qasımın yaradıcılğı ilə də maraqlanmış, onun qırx altı şeirini əldə edərək, 1975-ci ildə «Gənclik» nəşriyyatında çap etdirmişdir».
«Ustad aşıqlar» seriyasına məxsus olan bu kitabçanın yaxşı cəhətlərindən biri kimi, Xəstə Qasım haqqında müqqədimənin verilməsini qiymətləndirir və bildirir ki, « çünki aşıq haqqında məlumat az olduğundan oxucuların çoxu bu gözəl sənətkarın hansı əsrdə yaşayıb-yaratmasından xəbərsizdir. Məhz bu cəhətdən müqəddimənin verilməsi yerinə düşmüşdür».
Nikbin əhval-ruhiyyə daşıyan aşığın mahnıları, gəraylı, qoşma, təcnis, cığalı təcnis, qoşma-müstəzad, divani araşdırılır və bildirilir ki, «Əgər bu istedadlı sənətkar X1X əsrdə yaşamış olsaydı, şübhəsiz, tədqiqatçılar onun Vaqif qoşmalarından bəhrələndiyini söylər, Vaqif məktəbinin davamçısı hesab edərdilər. Lakin göründüyü kimi, Xəstə Qasım XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşayıb yaratmışdır. Ona görə də bu görkəmli aşığın yalnız özündən əvvəlki ustadlardan, xüsusilə, Qurbanidən və Tufarqanlı Abbasdan qidalandığını söyləyə bilərik».
Aşığın təcnis növünü xalq şeirinin digər formalarından üstün tutan aşağıdakı bəndini:

Xəstə Qasım, sözün yetdi tamama,
Gündoğan, günbatan gəlsin salama.
Nə alim işidir, nə də üləma.
Təcnis mənasının çox hünəri var.

-nümunə gətirir və tədqiqatçı fikirlərində haqlıdır ki, «yalnız orta əsrlərdə deyil, müasir dövrümüzdə də təcnis aşıq yaradıcılığında sənətkarlıq baxımından yüksək qiymətləndirilir. Çünki təcnisdə xalq dilinə, bədii irsə və çox söz ehtiyatına malik olmaq bacarığı tələb olunur ki, hər aşıq bunu bacarmır. Eyni şəkildə müxtəlif məna ifadə edən kəlmələri seçib qiymətləndirmək böyük məharət istəyir. Xalq şeirinin bu şəklində ancaq ustad sənətkarlar yazıb-yaratmışlar».
Tədqiqatçı kitabçada çap olunmuş əsərlərin aşığın yaradıcılığının çox az qismini təşkil etdiyini söyləməkdə haqlıdır. Aşığın yaradıcılığının bütünlüklə toplanıb nəşr edilməsinin tədqiqatçıların qarşısında bir vəzifə kimi durduğunu bildirir. Bu cəhətdən Sədnik Paşayevin ilk fəaliyyətini yüksək qiymətləndirir.
Aşıq Pənahın «Saz və söz» adlı nəğmələr kitabında toplanmış şeirlərində onun vətəninə hədsiz məhəbbət bəsləməsi, dağlarına, «səfalı yaylaqlarına, mənzərəli və görməli yerlərinə aşiq olduğunu» poetik bir dillə tərənnüm etməsi haqqında, onun aydın, səlis dili və yaradıcılığının bəzi məqamları barədə dəyərli fikirləri vardır.
«Ustadın ustadı» əsərində tədqiqatçı Aşıq Ələsgərin ustadı Qızılvəngli Aşıq Alının yaradıcılığını araşdırır. Onun XIX əsrdə tanınmış saz və söz ustadları Çıldırlı Aşıq Şənlik, Daşkəndli Məmmədhüseyn, Şəmkirli Aşıq Hüseyn, Şişqayalı Aşıq Aydın, Güvəndikli Aşıq Əhməd, Layisqili Molla Cüma, Zodlu Mirzə Bəylər kimi sənətkarlarla bir dövrdə yaşayıb yaratdığını, təxminən 1817-ci ildə Göyçə mahalının Qızılvəng kəndində kəndli ailəsində doğulduğunu, Vaqif məktəbinin davamçılarından olub XVIII əsrin sonu XIX əsrin birinci yarısında yaşayıb-yaratmış, şeirləri xalq arasında ustadnamələr kimi oxunan «Ağ Aşıq» təxəllüsü ilə tanınmış Aşıq Allahverdidən aşıqlıq sənətini öyrəndiyini bildirir. Aşıq Allahverdinin «ustadnamə»lərindən:

Dedim, könül, bacar yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Çox da bel bağlama dünya malına,
Nə mala, nə mülkə etibar olmaz.

Ey nazənin, sən geydiyin nə aldır?
Yenə başındakı hansı xəyaldır?
Birisi büdrəsə qolundan qaldır,
Hər zaman dost-dosta səbəbkar olmaz.

Aşıq oldun hər ağrıya dözəsən.
Sinən üstə odlu közlər əzəsən.
Gündoğanla, günbatanı gəzəsən,
Allahverdi kimi xiridar olmaz.

-misralarını nümunə gətirən tədqiqatçı belə bir ustaddan dərs alan Aşıq Alının erkən yaşlarından şeirə, sənətə həvəs göstərdiyini, «xalq şeirinin gəraylı, təcnis, qoşma, müxəmməs, bayatı, divani» və s. formalarında nəğmələr yaratdığını, 17-18 yaşlarından artıq müstəqil aşıq olub ellər dolaşdığını bildirir və tədqiqatçı yazır ki, «qoşmalar, ustadnamələr müəllifi kimi tanınmış Ağ Aşıq istedadı olmayan bir gənci heç zaman yanına şəyird götürməzdi. Çünki aşıqlıq etmək o qədər də asan iş deyildir. Bu sənətdə hafizə, yaddaş əsas rol oynayır. Odur ki, ustad birinci növbədə öz şəyirdinin hafizəsini, yaddaşını, sənətə olan sonsuz həvəsini, yaradıcılıq qabiliyyətini, mərifətini, təbini, səsini, nəfəsini yoxladıqdan sonra onu qəbul edir, sənətin başqa sirlərini əldə edir. Xüsusilə, saz çalmağı, ifa etməyi, bir sıra gözəl nağılları, ustadnamələri, dastanları ona mükəmməl şəkildə öyrədir, nəhayət, ona bütün bu şərtləri mənimsədikdən və mərəkə, məclislərdə sınaq «imtahanları» verdikdən sonra «aşıqlıq diplomu» təqdim edir. Bundan sonra onu müstəqil aşıqlıq etməyə buraxır. Məhz Aşıq Alı da öz ustadından bütün bu şərtləri öyrənmiş və müstəqil aşıqlıq etmək ixtiyarı almışdır».
Aşıq Alının şəyird yetişdirmək qabiliyyətini də ustadından aldığını söyləyən tədqiqatçı onun bir sıra şəyirdlər yetişdirdiyini, bunların arasında Aşıq Ələsgərin şöhrət qazandığını bildirir: «Bir məclisdə Alı Ələsgərə «Dal-dala» rədifi ilə müraciət etmişdir:

Şahmar zülfün çin-çin edib hörəndə,
Təbib deyər: «Qoy tökülsün dal-dala».
Bu dünyada şir də yalqız olmasın,
Qardaş kimi qoşa dursun dal-dala!

Ustadına cavabında Aşıq Ələsgər demişdir:

Gözəllər sultanı, mələklər şahı,
Şahmar zülfü töküb sanar dal-dala.
Boyun sərv üstündə budağa bənzər,
Mürği-ruhum uçar, qonar dal-dala…

Hətta belə rəvayət edirlər ki, böyük bir mərəkədə sonuncu dəfə Aşıq Alı öz şəyirdini sınaqdan keçirmək istəyir. Onunla qabaq-qabağa deyişir. Deyişmədə Ələsgər öz ustadına «qalib» gəlir. Bu, şübhəsiz, ustadı tərəfindən öz şəyirdinin, yəni Aşıq Ələsgərin xalq arasında daha da nüfuzunu qaldırmaq məqsədilə belə yaradılır, guya ustad «məğlub olur». Və şərtə görə Aşıq Alı elə mərəkədəcə öz sazını «məğlub olmuş aşıq kimi» gətirib qoyur Aşıq Ələsgərin qarşısına. Lakin hər şeyi başa düşən, anlayan Ələsgər elə bu zaman öz sazını sinəsinə basıb:

…Bir şəyird ki, usitadına gəc baxa,
onun gözlərinə ağ damar-damar…-

-qoşmasını deyir, ustadına təşəkkürünü bildirib, o gündən müstəqil aşıqlıq etməyə başlayır».
Filologiya elmləri doktoru İsrafil Abbasov yazır: «Mən Rüstəmzadəni səmimi dost, yaxşı, mehriban yoldaş, bacarıqlı alim kimi çoxdan tanıyıram. R.Rüstəmzadə əsərlərində xalqın real mübarizəsini, mənəvi aləmini, şifahi və yazılı ədəbiyyatla oxşar cəhətlərini, xalq yaradıcılığının özünəməxsus qanunauyğunluqlarını geniş şəkildə izah edir. l963-cü ildə Elmlər Akademiyası tərəfindən «Aşıq Ələsgər» haqqında kitabın nəşr olunmasında H.Araslı, Ə.Axundov, M.Təhmasib, Ə.Saləddin, xüsusilə, R.Rüstəmzadənin xidməti çox böyük olmuşdur. Aşıq yaradıcılığını, onların yaratdığı dastanları, deyişmələri araşdırıb xalqa çatdırmaq, şifahi xalq ədəbiyyatına daxil etmək çox məsuliyyətli işdir. Bu işin öhdəsindən R.Rüstəmzadə çox bacarıqla gəlmişdir. Folklorşünaslığın inkişafına təkan verən alimlərin cərgəsində R.Rüstəmzadənin adını xüsusi qiymətləndirmək olar».
Tədqiqatçı Aşıq Alının «gözəl təbə» malik olduğunu, xalq şeirinin müxtəlif forma və məzmununda nəğmələr yaratdığını söyləyir və eyni zamanda vaxtında toplanmadığından itib batdığından təəssüflənən alim Hüseyn Arifin «Alını axtarması» təşəbbüsünü «nəcib təşəbbüs» kimi alqışlandığının tərəfdarı olduğunu bildirir.
Şeirlərindən göründüyü kimi, güzəranı yaxşı keçməyən, zəmanədən şikayətlənən, lakin vətən vurğunu, humanist insan olan şair «öz şeirlərində vətən torpağını, onun uca dağlarını, sərin bulaqlarını, səsli-küylü çaylarını, zəhmət adamlarını, gözəllərini tərənnüm etmiş, mərəkə və məclislərdə onları təbliğ etmişdir» -deyir.

Bahar fəsli yaz ayları gələndə,
Dağlar damətindən qar istər könül.
Behişt əhli huriləri görəndə,
Xəstəyəm, onlardan nar istər könül…

-misralarını nümunə gətirir, gözünü açandan Göyçə ətrafındakı «dağlara dırman»dığını, «dağların ətəyindən qaynayan iri gözlü bulaqlarından su iç»diyini, «bu gözəllikləri yaradıcılıq dövründə öz istedadına xas olan bir xüsusiyyətlə təsvir və tərənnüm» etdiyini açıqlayır.
Tədqiqatçı onun gözəlləmələrində «oğrun-oğrun» baxan, durna kimi sığallanıb seyrəngaha çıxan, buxağı ətirli, ləbləri loğman şərbəti, gərdəni həmayilli Azərbaycan gözəllərini tərənnüm etdiyini əsərlərindən gətirdiyi misralarla tamamlayır:

Oğrun-oğrun daldalardan baxarsan.
Gərdəninə həmayillər taxarsan.
Durna kimi serəngaha çıxarsan,
Hərdəm ətir verir buxağın sənin.

Tədqiqatçı lirik əsərləri ilə yanaşı, Aşıq Alının Aşıq Ələsgərlə bağlı rəvayəti və Aşıq Alının Türkiyə səfəri haqqında maraqlı bir dastanı da olduğunu açıqlayır. «Aşıq Alı ilə Aşıq Ələsgərin rəvayəti»ndə Aşıq Alının Ağkilsəyə toya dəvət edilməsi, burada Aşıq Ələsgərin ona təqdim edilməsi, onun şəyirdliyə layiq olmasının yoxlanması, ustadın onu bəyənməsi, onunla el-el məclislərdə gəzməsi, deyişmələri araşdırılır.
«Aşıq Alının Türkiyə səfəri» adlı dastanını tədqiqatçı «Aşıq Qərib» dastanıyla müqayisə edir, oxşar paralellər tapır. Aşıq Qəribdən Şahsənəmlə evlənmək üçün qırx kisə qızıl başlıq tələb olunur, kasıb olan Qərib razılaşır, qərib ölkələrə gedir, aşıqlarla deyişir, qalib gəlir və nəhayət, o başlığı qazanıb gətirib öz sevgilisinə qovuşur. «Aşıq Alının Türkiyə səfəri» adlı dastanda da Alı öz sevdiyi Şəkər xanımı almaq üçün qızın atasına elçi göndərir. Atası Kalva Niftalı bəyin qapısına elçi gedərkən Niftalı bəy yüz tümən qızıl başlıq, yüz erkək, otuz inək, yüz tümən süd haqqı, gəlinə də əbri-ətlaz, tirmə, xara, qızıl yaxalıq, qızıl kəmər və sair tələb edir. Kalva Məhərrəm özünü sındırmır, razılaşır. Halbuki, onun bu qədər başlığa gücü çatmazdı. Alı bunu eşidən kimi atasından rüsxət istəyir, anası Zeynəb xanımı gözü yaşlı qoyub qərib ölkələrə səfər edir. Nəhayət, gəlib Türkiyəyə çıxır. İqdır paşası bir müddət onu yanında saxlayır. Aşıq Alı burada bir sıra türk aşıqları ilə deyişir, hamısına da qalib gəlir. Çox böyük hörmət qazanır. Onun sədasını İstanbullu şairə Əsmər xanım eşidir. Aşıq Alını hüzuruna gətizdirir. Deyişirlər. Şərtə görə, Əsmər xanım məğlub olarsa, ona ərə getməlidir. Qalib gələrsə, zindana saldırıb çürüdəcək. Bir neçə gün deyişmə davam edir. Axırda Aşıq Alı qalib çıxıb Əsməri bağlayır. Özünə yox, onu da dostu Səmədə alıb böyük sərvətnən geri qayıdır. Niftalı bəyin dediklərini artıqlaması ilə verib sevgilisi Şəkər xanıma qovuşur».
Dastandakı epizodlar, dialoqlar, deyişmələr, bağlamalar, adət-ənənə, dastanın kompozisiyası və sücet xətti haqqında tədqiqatçı dəyərli araşdırmalar aparır. Əsərin bədii estetik keyfiyyətlərini açıqlayır.
Aşıq Nəcəf (Nəcəf Alı oğlu Hüseynov) haqqında tədqiqatçı alim araşdırmalar aparır, onun həyat və yaradıcılığı haqqında geniş məlumat verir. Onun 1899-cu ildə indiki Tovuz rayonunun Əlimərdanlı kəndində kəndli ailəsində anadan olduğunu, yoxsul olduqlarından atasının onu uşaq yaşlarından «bir varlıya nökər, sonralar isə müəyyən bir sənət sahibi etmək məqsədilə öz kəndlərində dəmirçi yanına şagird» qoyduğunu, dəmirçilik sənətinə yiyələnməklə yanaşı, elə uşaqlıqdan saza, sözə böyük həvəs göstərdiyini qeyd edir. Aşığın Abbas Tufarqanlının, Xəstə Qasımın, M.P.Vaqifin, Şəmkirli Aşıq Hüseynin, Xəyyat Mirzənin, Aşıq Ələsgərin, Şair Vəlinin sənətinə vurğunluğunu, onları dərindən mənimsədiyini, onların şeirlərinə nəzirələr də yazdığını söyləyir. Bu cəhətdən Aşıq Ələsgərin «Ceyran» şeirinə həmqafiyə olan «Ceyran» gəraylısını müqayisəli şəkildə araşdırır. Məlahətli səsi və istedadı ilə Bozalqanlı Aşıq Hüseynin diqqətini cəlb etdiyini, Nəcəfi özünə şagird götürdüyünü, ona aşıqlıq sənətinin sirlərini öyrətdiyini, az müddət içərisində Nəcəfin «kamil bir sənətkar, istedadlı aşıq kimi şöhrət tapdığını», toy və məclislərdə öz ustadnamələri, deyişmələri ilə xalqın qəlbinə yol tapdığını söyləyir.
Öz yaradıcılığı ilə xalqın hörmətini qazanan Aşıq Nəcəfin əmək adamlarını öz nəğmələrində tərənnüm etdiyini, 1938-ci ildə Bakıda çağrılmış Azərbaycan Aşıqlarının II qurultayında iştirak etdiyini, burada istedadlı bəstəkarımız Üzeyir Hacıbəyovla, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli və başqa şair və yazıçılarla daha yaxından tanış olduğunu qeyd edir.
Böyük Vətən müharibəsi başlanarkən Aşıq Nəcəfin aşıqlıq etməklə yanaşı, Əlimərdanlı kəndində dəmirçiliklə də məşğul olmasını, 1942-ci il yanvar ayının əvvəllərində hərbi səfərbərliyə alınmasını, 26 –cı atıcı alayının tərkibində cəbhəyə getməsini və cəbhədə rəşadətlə döyüşməsini, dəfələrlə yaralanmasını, 1946–cı ilin sentyabr ayının 20-də Tovuz rayonunun Əlimərdanlı kəndində vəfat etdiyini və orada da dəfn olunduğunu söyləyir.
1926-cı ildən yaradıcılığa başlayan Aşıq Nəcəfin şeirlərinin müxtəlif mətbu orqanlarda nəşr edildiyini, «Aşıqlar», «Aşığın səsi» kitablarında da aşığın şeirləri verildiyini, müharibə illərində cəbhədən göndərdiyi məktublar əsasında aşıqların «Əlimərdanlı Nəcəf» adlı bir dastan yaratdığını bildirir.
Aşığın yaradıcılığının elmi-nəzəri təhlilini verir: «Vaqif məktəbinin davamçılarından olan Aşıq Nəcəf xalq şeirinin müxtəlif formalarında yazıb-yaratmışdır. Onun gəraylı, qoşma, təcnis, cığalı təcnis, nəfəsçəkmə təcnis, divani, müxəmməs, bayatı və s. formada gözəl şeirləri vardır. Bunların əksəriyyətində istəkli, qeyrətli, sədaqətli, şücaətli Azərbaycan gözəlləri tərənnüm olunur.

Kənar gəzmə, yar, otağa qədəm bas,
Asta-asta gəl, qadasın aldığım!
İnsaf eylə, məhəbbəti unutma,
Kəsmə bizdən yol, qadasın aldığım!

Axtarıb Nəcəfi eyləsin soraq,
Ələ düşməz azad dövran, bu növraq.
Sönməz nurdan gələn belə bir çıraq,
Tarix boyu bil, qadasın aldığım!

Aşığın şeirlərində rast gəlinən huri, pəri, mələkzadə və sair ifadələr simvolikdir. Xalq dilində işlənən idiomatik ifadələr aşığın yaradıcılığında daha çox nəzərə çarpır. Onun dili rəvan və müasirdir. Şeirlərində bəzən qeyri – Azərbaycan sözləri işlədilmişdir ki, bu da onun sənətilə bağlı olaraq, orta əsr dastanlarından gəlmişdir. Eyni zamanda bəzən yerli şivələrə də rast gəlirik...».
Bununla yanaşı, tədqiqatçı bütövlükdə aşığın ədəbi irsinin toplanıb nəşr edilmədiyini, aşığın yaxın qohumlarından, dostlarından və şagirdlərindən əldə edilən materialların mövcudluğunu qeyd edir, ədəbiyyat xəzinəmizi zənginləşdirən aşıq Nəcəf yaradıcılığı haqqında dəyərli fikirlərini oxucularına çatdırır.
Aşıq Ələsgərin anadan olmasının 150 illiyi ilə bağlı yazdığı «Ölməz sənətkar» əsəri də el sənətkarlarına, onların yaradıcılığının təhlil və tədqiqatına zəngin töhfədir.
«Öz yaradıcılığında xalqın arzu və əməllərini tərənnüm edən, xoşbəxtliyinə, tərəqqisinə sədaqətlə xidmət edən sənətkara ölüm yoxdur», -akademik Məmməd Arifin ölməz sənətkarlar haqqında dediyi bu dəyərli fikirlərin xalq poeziyasının görkəmli nümayəndəsi olan Aşıq Ələsgərə də aid olduğunu bildirir: «Çünki Aşıq Ələsgər elə bir sənətkardır ki, indiyə qədər hələ aşıq poeziyamızın qələbə bayrağını əlindən verməmişdir. Klassik aşıq şeirinin ənənələrini davam və inkişaf etdirən söz ustaları sırasında Aşıq Ələsgər xüsusi yer tutur. Aşıq öz dövründə zəngin yaradıcılığı ilə müasirlərindən fərqlənmiş, özündən sonrakı aşıq şeirinin inkişafına qüvvətli təsir göstərmişdir».
Ələsgərin xalq poeziyasının bütün növlərində – «bayatı, gəraylı, qoşma, təcnis, cığalı təcnis, zəncirləmə, müxəmməs, dodaqdəyməz, diltərpənməz və s. formalarda şeirlər yaratdığını», bu şeirlərdə «xalqın tarixi, mədəniyyəti, ümidləri, arzusu, kədəri və sevincinin əks olun»duğunu qeyd edir.
Ələsgərin həyatı haqqında Oğlu Talıbın dediklərini oxucuya çatdırır. Onun dediyinə görə, «13-14 yaşlarına çatanda atası Alməmməd kişi onu Kərbalayı Qurban adlı bir nəfər varlıya nökər verir. Kərbalayı Qurban Ələsgərlə çox mülayim və mehriban rəftar edir. Öz yeganə qızı Səhnəbanu ilə Ələsgərin sevişdiyini bildikdə daha da sevinir, «oğlum yoxdur, Ələsgər elə həm evimə sahib olar, həm də Səhnəbanunu göz bəbəyi kimi qoruyar, incitməz» -deyir. Lakin Kərbalayı Qurbanın qardaşı Məhərrəm bu hadisədən xəbər tutan kimi işə mane olur. Ələsgərin özgə qapılarında nökər olduğunu, əyninə geyməyə paltar tapmadığını söyləyir və Səhnəbanunun aşığa verilməsinə qəti etirazını bildirir. Beləliklə, Kərbalayı Qurban qardaşının sözünə baxır və öz əvvəlki fikrindən dönür. Dərdini heç kəsə aça bilməyən Ələsgər ürəyindən keçənləri şeirə düzür:

Gözü yaşlı ey füqarə Ələsgər,
Yetim qalan, bəxti qara Ələsgər.
Olmadı dərdinə çarə, Ələsgər.
Həsrət əlin o dildara yetmədi.

Səhnəbanu başqasına ərə köçdükdən sonra Ələsgər də Kərbalayı Qurbanın evində qala bilmir, öz ata ocağına qayıdır. Gününü şeir deməklə, saz çalıb-oxumaqla keçirir. Aşıq uzun müddət ilk eşqinin ağrısı ilə yaşayır, 40 yaşına qədər evlənmir. Sonralar Kəlbəcər rayonunun Yanşaq kəndində yaşayan Anaxanım adlı bir qızla ailə qursa da, ömrünün sonuna qədər öz sevgisini unutmur».
Aşıq Ələsgərin yaradıcılığında «dövrün haqsızlıqları, bəylər və mülkədarlar, ikiüzlü yaltaqlar, müharibə qızışdıranlar, aşıq adını ləkələyənlər, «namərdlər», «nakəslər» və başqalarının ciddi tənqid olunduğunu söyləyən tədqiqatçı onun «Görmədim», «Mollalar», «Gəlsin», «Danışma», «Şair Nağı», «Yaxşıdır», «Ad olmaz» və s. qoşmaları üzərində xüsusilə dayanır. Eyni zamanda bunu da bildirir ki, «Ələsgər öz əsərlərində təkcə xain və pis adamlardan söz açmır, o, eyni zamanda vətənin gözəl təbiətini, dağları, yaylaqları, aranı, habelə zəhmətkeş insanları, xeyirxah şəxsləri tərənnüm edir, alqışlayır». Aşığın şeirlərindən gətirdiyi nümunələrlə fikirlərini ümumiləşdirir. Aşıq Ələsgərin şeirlərinin öz sağlığında mətbuat üzü görmədiyini və heç yerdə çap olunmadığını, ölümündən sonra müxtəlif həvəskar və mütəxəssislər tərəfindən toplanaraq qəzet və curnal səhifələrində, «Aşıqlar» kitablarında çap edildiyini, daha sonralar ayrıca kitablarının nəşr edildiyini bildirir, «Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən Səməd Vurğun, Həmid Araslı, Mirzə İbrahimov, Feyzulla Qasımzadə, M.H.Təhmasib və başqaları Aşıq Ələsgərin qoşmalarından, onun yaradıcılığının bədii xüsusiyyətlərindən dönə-dönə söz açmış və sənətkarın poeziyasını yüksək qiymətləndirmişdir» -deyir.
Akademik Mirzə İbrahimovun aşıq haqqında söylədiyi bu fikirlərə şərikdir ki: «Aşıq Ələsgər poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin bədii səhnələri, Vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur».
«Qılınc və qələm» adlı tədqiqat işində Dəli Alı ilə Ələsgərin dostluğu araşdırılır. Böyük saz və söz ustadı ilə el qəhrəmanının dostluğunun «xalq arasında xatirə şəklində» geniş yayıldığını, zaman keçdikcə «Aşıq Ələsgərin Dəli Alı haqqında dediyi nəğmələrlə birləşərək maraqlı dastan» şəklinə düşdüyünü qeyd edir. «Bu dastan müasir aşıqlarımız tərəfindən çox geniş şəkildə danışılıb ifa olunur. Bəzən onu tam dastan adlandırmırlar. Lakin açıq deyək ki, bir gecəlik söhbət olan bu «nağıl» heç də bizim başqa dastanlarımızdan geri qalmır».
Professor M. Təhmasibin də məqalələrinin birində (Bax. «Ədəbiyyat və incəsənət» qəzeti, 21 avqust, 1971-ci il. səh. 11) həmin epizodları «dastan» adlandırdığını bildirir və alimin bu fikrini oxuculara çatdırır: «O, Aşıq Ələsgərin Səhnəbanu və Həcər xanımla olan rəvayətləri haqqında yazır: «Bunlardan sonra, bizcə, Ələsgər «Anaxanımın küsməyi» və «Ələsgərin Dəli Alıynan əhvalatı» adlı dastanlarını yaratmışdır ki, bunlardan birincisi qadına ehtiram, xüsusilə, ərin öz arvadına hörmətcil olması mövzusuna, ikincisi isə hakim üsul-idarəyə qarşı vuruşan Dəli Alıya həsr edilmişdir ki, hər biri öz – özlüyündə maraqlı məsələlərlə bağlıdır, buna görə də hər biri haqqında xüsusi danışmaq lazımdır».
Tədqiqatçı Dəli Alı haqqında araşdırmalarını davam etdirir, onun «XIX əsrin sonu və XX əsrin əvvəllərində öz fəaliyyəti ilə Zaqafqaziyada böyük şöhrət tapmış, uzun müddət yerli bəylərə, çar məmurlarına və zalımlara qarşı mübarizə aparan məşhur el qəhrəmanı» kimi tanındığını, Aşıq Ələsgərlə də görüşünün Alının bacısı oğlu Zeynalabdının toy mərasimi ilə bağlı olduğunu bildirir. Burada Aşıq Ələsgərin Dəli Alı tərəfindən toya dəvət edildiyini, Aşıq Ələsgər də dəvətnaməni alan kimi şəyirdi Aşıq Əsədi də götürüb Dəli Alının məskən saldığı Xaçbulaq yaylağına gəldiyini, yolda qaçaqlara, eləcə də Dəli Alıya rast düşməsini, qaçaqların aşıqlardan birinin Ələsgər olduğunu bilib onu sınamaq üçün oxutdurduqlarını, Ələsgərin də eşitdiklərini nəzmə çəkərək Dəli Alını tərif etdiyini-

Gün kimi aləmi tutubdu adın,
İgidlər sultanı, xanı, Dəli Alı

-beyti ilə başlayan qoşmasını dediyini qeyd edir.
Onlar yaxından tanış olduqdan sonra Dəli Alının təklifilə Aşıq Ələsgərin «Həcər xanımın əhvalatını» qaçaqlara nəql etdiyini söyləyir.
Toy məclisində Aşıq Ələsgərin burada «hər şeyə göz yetir»diyini, məclisdə gördüyü cah-cəlalı, meydanın aşıqlara verilməsini, aşıqların çalıb oxumasını, məclisdəkilərin arzularını yerinə yetirməsini, lakin Aşıq Ələsgərin həmin məclisdə Dəli Alıya heç bir tərif demədiyini, aşıqların hörmət – izzətlə evlərinə yola salınmasını, yolda onların qarşısına başqa qaçaqların çıxmasını, Aşıq Ələsgərin Dəli Alıya tərifi burada oxumasını bildirir.
Tədqiqatçı Aşıq Ələsgərin Dəli Alı ilə şəxsən iki dəfə görüşdüyünü, birinci dəfə görüşəndə «Kimi» müxəmməsini, ikinci dəfə isə «Deyin» müxəmməsini oxuduğunu, birincidə, əsasən, Zeynalabdı bəyin toyunda gördüklərinin, ikincidə isə Dəli Alının və onun yoldaşlarının fəaliyyətinin tərifləndiyini bildirir.
«Dastanda xalqımızın bir sıra adət–ənənələri də öz əksini tapmışdır. Məlumdur ki, dədə-baba adətinə görə, toya dəvət olunmuş şəxslər toy sahibinin hörməti müqabilində müəyyən hədiyyə, bəxşiş apararlar. Əlbəttə, vaxtilə bütün bunlar toy sahibinin xalq arasında nə kimi nüfuza malik olmasından çox asılı idi. Məhz Dəli Alının hörməti müqabilində Zeynalabdı bəyin toy məclisinə gətirilən nəmərləri və verilən şabaşları nəğmədə tərənnüm etməklə, aşıq onun xalq arasındakı nüfuzunu nəzərə çarpdırır:

Bir yanı Qavrı, Qanıq, bir yanı Qoşqarın dağı,
Aləm çıraqban göründü, xudədandı çil –çırağı.
Şəmkirdən düyü, Sarıyaldan gəldi yağı.
Neçə mücrülər açıldı sərrafın dükanı kimi.

Lakin aşıq bu müxəmməsdə yalnız toy məclisini tərif etmir, bununla yanaşı, Dəli Alının və onun yoldaşlarının fəaliyyətini də əks etdirir. Aşıq çox yaxşı bilir ki, evlənən Alının bacısı oğlu Zeynalabdı bəy olsa da, bütün qonaqlar Alının hörmətinə gəlir və gətirilən bəxşişlər də, verilən şabaşlar da ancaq onun hörməti müqabilində edilir. Odur ki, aşıq toy məclisinin tərifindən daha çox Dəli Alının fəaliyyətindən söz açır: onun bir igid kimi döyüş məharətini, qorxmazlığını tərif edir.
Ələsgərin Dəli Alıya verdiyi yüksək qiymət bir tərəfdən onun qonaqlığına valeh olduğunu göstərirsə, digər tərəfdən də kəndli hərəkatına öz müsbət münasibətini tərənnüm edir».
Dastanda Dəli Alı ilə yanaşı, onun silahdaşları haqqında da geniş məlumat verildiyini, «Koroğlu» dastanının özündən sonrakı qəhrəmanlıq dastanlarına təsirinin burada da hiss olunduğunu açıqlayır:
«Hətta aşıq öz müxəmməsində Dəli Alını Koroğluya, onların daimi məskəni olan Xaçbulaq yaylağını Çənlibelə, başına topladığı igidləri isə Koroğlu dəlilərinə oxşadır. Koroğlu dəliləri kimi Dəli Alının silahdaşları da qoçaq, qorxmaz və cəsurdurlar:

O ki, Məşədi Məməddi-
Bir nər oğlu, nər kimidi.
İşdərində bir Seyid var-
Onlara rəhbər kimidi.
Qızılhacılı Allahverdi-
Məliki – Əcdər kimidi.
Sağ olsun İsmayıl qardaş-
Nərəsi Heydər kimidi.
Xaçbulaqda meydan açdı,
Koroğlu meydanı kimi!».

Aşıq Ələsgərin Dəli Alıya ithaf etdiyi ikinci müxəmməsin «Deyin» rədifi ilə başladığını, «Kimi» rədifli müxəmməsə oxşadığını, «hər iki müxəmməsdə Qaçaq Dəli Alının və onun yoldaşlarının şücaətinin mədh olun»duğunu söyləyir və eyni zamanda tədqiqatçı bu fikirdədir ki, «Deyin» müxəmməsi «Kimi» müxəmməsinə nisbətən qəhrəmanlığın şərhi nöqteyi-nəzərindən daha qüvvətlidir. Çünki «Kimi» müxəmməsi, əsasən, Dəli Alının keçirdiyi toy məclisini, şan–şöhrətini, kütlə arasındakı hörmətini, izzətini tərif edirsə, «Deyin» müxəmməsi qaçaqların sırf şücaətini, igidliyini, fəaliyyətini tərənnüm edir. «Kimi» müxəmməsində Alının silah yoldaşları ümumi dairədə təriflənir, amma «Deyin» müxəmməsində isə onların hər biri ayrı-ayrı bəndlərdə, özünəməxsus şücaəti ilə verilir. Onlar nəinki vuruşda qoçaqdılar, hətta ağılda, kamalda da başqalarından üstündürlər. «Mərifətdən mətləb qanırlar», «həqiqətdən kəlmə kəsirlər», özləri də cavan, «hüsndə Yusif kimi gözəl», «Kamalda Loğmana bənzəyirlər». Nəğmədə adları çəkilən Məlikəlmot İsmayıl, İgid Aslan, Bala Məşədi və başqaları Koroğlunun silah yoldaşları olan Halaypozan, Tüpdağıdan, Dəmirçioğlu, Yolagəlməz, Tanrıtanımazı və s. xatırladır. Bunların arasındakı əsas fərqlərdən biri budur ki, Koroğlu və onun silahdaşları qılınc, qalxan, toppuz, nizə ilə vuruşurdularsa, Alı və onun yoldaşları beşaçılan, Firəng, Yapon tüfənglərilə, süzənlə vuruşurlar. Bu da öz –özlüyündə aydındır: Koroğlunun dövrünə nisbətən bu XIX əsrdə silah texnikasının inkişafı ilə əlaqədardır».
Nəğmələrdə xalq dilindən gələn bədii təsvir vasitələri, bənzətmələr də tədqiqatçı alimin diqqətindən yayınmır: «Dilinin gözəlliyi, sadəliyi və aydınlığı ilə Ələsgər fikrə və məcazlara elə bir forma verir ki, o, oxucunun həm şüuruna, həm də hiss və duyğularına güclü təsir göstərir».
Aşıq Ələsgərin Qaçaq Dəli Alı haqqında yaratdığı qoşma və müxəmməslərin yaranma dövrü araşdırılır, bu zaman çar hökümətinin Azərbaycanda torpaq islahatı haqqında yeni nizamnamə elan etsə də, bu islahatın həyata keçirilmədiyini, Azərbaycan kəndlisinə heç bir yenilik gətirmədiyini, belə bir dövrdə kəndlilər arasında siyasi məzmunlu nəğmələr yaymağın «kəndlini ayağa qaldırmaq, azadlıq hərəkatına qoşmaq, mübarizəyə ruhlandırmaq demək» olduğunu və bu qəbil nəğmələr yaratmağın, oxumağın böyük cəsarət tələb etdiyini nəzərdən qaçırmır:
«Aşıq Ələsgər məhz yerli bəylərə, mülkədarlara, çar üsul–idarəsinə qarşı mübarizə aparan qaçaqlar haqqında bu nəğməni bilavasitə həmin dövrdə yazmışdır:

«Min iki yüz doxsan dörddə,
Ələsgər düzdü əsəri…»

1294-cü il –hicri tarixidir. Miladi tarixə görə, 1875-ci ilə təsadüf edir ki, bu da çarizmin 1870-ci ildə Azərbaycanda keçirdiyi torpaq islahatı ilə, əsasən, eyni dövrə düşür».
Aşıq Ələsgərin cəsarəti, özünəməxsus keyfiyyətləri burada açıqlanır: «Məlum olduğu kimi, o, yanında həmişə iki–üç şagird gəzdirərmiş. Ustad həmin nəğməni məclislərdə oxumuş və bunu şagirdlərinə də tövsiyə etmişdir:

Dəli Alının tərifini
Yazmışam dastanə, deyin.
Afərin, şəyirdlərim,
Gedəndə hər yana, deyin,
Addayın Şahtaxtına,
Təbriz, Tehrana deyin,
Üz tutun Alosmanə,
Qarsa, Qağızmana deyin.
Qorxmayın, utanmayın,
Mərd durun, mərdanə deyin.
Kor olsun düşmənləri,
Qalsın yana-yana, deyin.

Həyatı dərindən dərk edən, dövrə açıq gözlə baxan Aşıq Ələsgər xalqın acınacaqlı vəziyyətini görərək, bütün əməkçi kütlələri mübarizəyə səsləmişdir».
Aşıq Ələsgərin qəhrəmanlıq haqqındakı qoşma və müxəmməslərini tədqiqatçı «xalqı azadlığa səsləyən, onları mübarizəyə hazırlayan bədii intibahnamələr», «bizim üçün, gələcək nəsil üçün ibrətamiz dəlillər və qiymətli poetik sənədlər» adlandırır.
Professor Davud Hacıyev yazır: «Rüstəmzadə Rüstəm öz üzərində məsuliyyətlə çalışan bir alim, elmi yazıları ilə qəzet və curnallarda nəzər-diqqəti cəlb edən curnalistdir. O, xalq ədəbiyyatını çox sevir və bir pedaqoq, müəllim kimi ali məktəb tələbələrinə xalq ədəbiyyatının zəngin bir irs kimi mənimsənilməsini tövsiyə edir. Professor şifahi xalq ədəbiyyatına dair əldə olunmuş materialları bir alim mütəxəssis kimi nəşr etdirir. Elmi ictimaiyyətə bəlli olan «Məhəbbət dastanları», «Yeddi dastan», «Azərbaycan tarixi qəhrəmanlıq dastanları», «El qəhrəmanları xalq ədəbiyyatında» kimi dəyərli kitabları var».
Rüstəm Rüstəmzadə hər bir sənətkarı, el şairini, aşığını xalqına tanıtdırmaqla yanaşı, onun sənətinin incəliklərini, sənətkarlıq imkanlarını da üzə çıxarmaq, xalqına sevdirmək üçün səylə çalışır.
Gözəl sənətkarlarımızı tanıtdırmaq, onlar haqqında ətraflı məlumatlar əldə etmək, onları xalqa çatdırmaq sahəsində R. Rüstəmzadənin bir tədqiqatçı kimi gərgin əməyi göz önündədir. Onun «Aşıq Alının həyat və yaradıcılığı». «Aşıq Valehin həyat və yaradıcılığı», «Abbas Tufarqanlı», Xəstə Qasımın fəaliyyətindən bəhs edən «Ustad Sənətkar», XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış el qəhrəmanı Dəli Alı qeyrətindən, onun xalq içərisində nüfuzundan bəhs edən «Qılınc və qələm» və adını çəkmədiyim onlarca aşıq və el şairlərinin həyatından bəhs edən əsərləri qiymətlidir.
«Aşıq Valehin həyat və yaradıcılığı» adlı tədqiqat işində Azərbaycan aşıq ədəbiyyatı haqqında məlumat verir. Aşıq ədəbiyyatının «yazılı ədəbiyyatla şifahi ədəbiyyat arasında müəyyən vəhdət təşkil» etdiyini bildirir: «Çünki aşıq ədəbiyyatı müəllifini əyan etməklə yazılı ədəbiyyata, şifahi şəkildə yaranıb, yaşayıb inkişaf etməkdə isə şifahi ədəbiyyata yaxınlaşır». Bununla belə «həm yazılı və həm də şifahi ədəbiyyatdan öz müəyyən xüsusiyyətlərinə görə fərqlən»diyini, «öz xüsusi yolu ilə inkişaf» etdiyini qeyd edir: «Onun dünyaya məhşur olan samballı abidələri, «Kitabi-Dədə Qorqud» və «Koroğlu» kimi qəhrəmanlıq eposları, «Aşıq Qərib», «Leyli-Məcnun», «Şah İsmayıl», «Tahir-Zöhrə» kimi məhəbbət dastanları, külli miqdarda qoşmaları, gəraylıları, təcnisləri, müxəmməsləri, onlarla aşıq havaları vardır».
Bu böyük ədəbiyyatın zəngin məxəzlərinin, onun inkişaf tarixinin, «ayrı-ayrı abidələrini elmi şəkildə qiymətləndirib mənşəyini, şəkli xüsusiyyətlərini, dil-ifadə zənginliklərini» lazımınca öyrənilməməsi alimi narahat edir.
«Klassik aşıq poeziyamızın ən görkəmli nümayəndələri»dən biri, «adlı–sanlı sənətkarlarımız»dan olan Aşıq Valeh haqqında alimlərimizin apardıqları tədqiqat işlərinə toxunur:
«Mütəxəssislər onun həyatı, dövrü və yaradıcılığı haqqında ciddi axtarışlar aparmış və ən nəhayət, müəyyən etmişlər ki, Aşığın əsl adı Səfi, atasının adı Məhəmməddir. Valeh isə onun təxəllüsüdür».
Aşıq Valehin 1722-ci ildə gözəl «Qarabağın ən vəfalı və mədəni guşələrindən olan Abdal Gülablı kəndində» doğulduğunu, «səkkiz yaşında ikən atası Məhəmməd kişi»nin onu dini təhsil almaq üçün «mollaxanaya» qoyduğunu, «üç il mollaxanada təhsil aldıqdan sonra molla olmaqdan imtina etdiyini», «on bir yaşında saza-sözə meyl göstər»diyini bildirir:
«Məhəmməd kişi oğlunun ürəyinə toxunmadan onu öz kəndlərində yaşayıb-yaradan məşhur Aşıq Səmədin yanına aparır. Və ondan təvəqqe edir ki, uşağın həvəsini qırmasın, ona sazın sirlərini, aşıqlıq sənətini dərindən öyrətsin. Bir müddət Aşıq Səməd oğlanın hafizəsini yoxlayır, davranışına göz qoyur, ləyaqətini izləyir. Hər cəhətdən onun qabiliyyətli bir cavan olduğunu görüb sənətinin sirlərini ona öyrətməyə başlayır. Az müddət içərisində ustadının təlimini mənimsəyir, hər şeylə maraqlanır, hər şeyi diqqətlə öyrənməyə çalışır. Aşıq Səməd görür ki, bu oğlan saza, sözə, təbiətin gözəlliyinə o qədər valehdir ki, bu gözəlliklərdən doymur, sazdan da, sözdən də ki əl çəkmir, gecə-gündüz görkəmli aşıq şairlərin şeirlərini əzbərləyir. Ona görə də ustad öz şəyirdinə «Valeh» təxəllüsünü verir. Elə həmin vaxtdan el-oba ona Səfi yox, «Valeh»- deyə müraciət edir. Bundan sonra ustad öz şəyirdini məclislərə aparır, mərəkələrdə çıxış etməyə icazə verir. Beləliklə, Valeh əvvəl ətraf kəndlərdə, daha sonralar isə, xüsusilə, yaşa dolduqca, öz ustadı ilə eldən-elə, obadan-obaya gəzdikcə uzaq-uzaq ellərdə də tanınmağa başlayır. Bir müddət öz ustadı ilə gəzib dolaşır, bir aşıq kimi püxtələşdikdən sonra Aşıq Səməd ona müstəqil aşıqlıq etməyə icazə verir. Bəziləri ustad ilə şəyird arasında ixtilaf olduğu üçün küsüb ayrıldıqlarını söyləyirlər. Əslində isə Valehin də, Aşıq Səmədin də bir-birilərinə dedikləri qoşmalardan, deyişmələrdən aydın olur ki, onlar ömürlərinin sonuna qədər bir-birilərinə sadiq olmuş, böyük-kiçiyin yerini bilmişlər. Valeh həmişə öz ustadını hörmətlə xatırlamışdır, hətta Valeh bir görüşə, bir məclisə belə gedərkən mütləq ustadı ilə məsləhətləşər, sonra uzaq yerlərə yol alar. Valeh 25 yaşında olarkən onun sorağı Gürcüstana, Dağıstana yayılmışdı».
Tədqiqatçı onun Zərnigar xanımla tanışlığı barədə qısa məlumat verir. Onun şəyirdlərindən birinin Dağıstanda olarkən Zərniyar xanımla deyişməsi, məğlub olması barədə məlumat verir. Zərniyar «onun ustadının kim olduğunu öyrənir və ona belə bir namə yazır:

Bizdən salam olsun, ay aşıq Valeh,
Əyər aşıq isən bu meydana gəl.
Ya aşıqlıq ismin götür üstündən,
Ya hünərin varsa, bu dövrana gəl!...

Bir neçə aşiqi eyləmişəm bənd.
Ayağında zəncir, boynunda kəmənd.
Adım Zərniyardı, məkanım Dərbənd.
Məni anar olsan bu məkana gəl!...

Məktubu alan kimi Valeh öz ustadının yanına gedir. Ustadı Səməd ondan haraya getdiyini soruşduqda Valeh ona bildirir ki:

Zərniyar Dərbənddə dönüb aslana,
Otuz doqquz aşıq salıb zindana.
Valehi çağırır deyiş meydana.
Canım ustad, o diyara gedirəm.

Öz şəyirdini yaxşı tanıyan ustad ona uğurlar arzulayır, bilir ki, heç kəs onun qabağına çıxa bilməz. Çünki ustad öz şəyirdinə mükəmməl təlim verib. Məhz Valeh özü də bunu inkar etmir, ustadına deyir:

Dərsimi vermisən Törət, Qurandan,
İncildən, Zəburdan külli-cahandan.
Yerdən, göydən, ərşdən, gürşdən, gümandan,
Onlar ilə zəncirdara gedirəm».

1747-ci ildə Dərbəndə gələn Aşıq Valehin Zərniyar xanımla görüşüb deyişməsi, ona qalib gəlib gəlməsi, «əhdinə sədaqətli» Zərniyar xanımın Aşıq Valehin qarşısında təslim olub sazı onun qarşısına qoyması, kəbin kəsdirmələri», Valehin «Zərniyar xanımı da götürüb gözəl Qarabağa, doğma kəndlərinə–Gülablıya qayıtması», «burada yaxşı bir toy eləyib onunla evlən»məsi, «ömürlərinin sonuna qədər canbir, qanbir yaşamaları» haqqında məlumat verir.
Tədqiqatçı Zərniyar xanımı təxminən 1730-cu ildə Dərbənddə anadan olmuş, «mükəmməl mədrəsə təhsili görmüş», «Şərq ədəbiyyatını və tarixini dərindən öyrənmiş», «dövrünün gözüaçıq, savadlı, bacarıqlı bir aşığı» olduğunu açıqlayır:
«Valehdən yeddi-səkkiz yaş kiçik olan Zərniyar xanım 1840-cı ildə Abdal-Gülablıda öz həyat yoldaşı Valehdən on səkkiz il sonra vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Onun baş daşında belə bir şeir həkk olunmuşdur:

Vəfayi-eşqdə düz ilqar mənəm.
Sadiqi-aşiqə vəfadar mənəm.
Məkanı Dərbəndəm, övrəti-Valeh,
Soraqi dastanlı Zərniyaram mən.

Təəssüflər olsun ki, dərin kamal sahibi, mütərəqqi bir ziyalı qadın –şairə Zərniyar xanımın da həyat və yaradıcılığı bu günə qədər öyrənilməmiş qalır».
Aşıq Valehin şeirlərinin çoxunun «onun həyatı ilə bağlı olan «Valeh-Zərniyar xanım» dastanında toplan»dığını bildirən alim qeyd edir ki, «həmin şeirlər və dastan hələ otuzuncu illərdə toplanıb nəşr edilmiş, Azərbaycan Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun folklor şöbəsi əməkdaşları tərəfindən Azərbaycan dastanlarının üçüncü cildinə daxil edilmişdir. Ayrıca kitabı aşığın həmyerlisi şair professor Famil Mehdi və Xaspolad Mirzəyev tərəfindən toplanıb tərtib edilmiş, «Gənclik» nəşriyyatında 1970-ci ildə çapdan buraxılmışdır. Hələ X1X əsrin sonlarında və XX əsrin əvvəllərində aşığın yaradıcılığı ilə maraqlanmış, şeirlərini çap etmişlər. Xüsusilə, Firidun bəy Köçərli Valeh haqqında tədqiqat aparmış, onun tərcümeyi-halından müəyyən parçalar çap etdirmişdir. Akademik Həmid Araslı, professor Təhmasib, Vaqif Vəliyev, Azad Nəbiyev, Paşa Əfəndiyev, Mürsəl Həkimov, Qara Namazov, Mahmud Allahcanov və başqaları Valeh haqqında dəyərli fikirlər söyləmiş, onun yaradıcılığına yüksək qiymət vermişlər».
Bununla belə tədqiqatçı «aşıqlarımızın, xanəndələrimizin repertuarından düşməyən bu istedadlı sənətkarın» «külliyatı»nın toplanıb nəşr edilməsini arzulayır.
Valehin şeirləri sırasında şairin özü tərəfindən yaradılmış «Vücudnamə»sini yüksək qiymətləndirir: «Bu şeir ona görə qiymətlidir ki, burada alimlərimizə qaranlıq olan bir sıra məsələlər aydınlaşdırılır. Xüsusilə, şairin uşaqlıq illərində harada oxuması, nə ilə daha çox maraqlanması, saza-sözə həvəsi, Aşıq Səmədin şəyirdi olması, müəyyən aşıqlarla, şairlərlə deyişməsi, görkəmli şairimiz Molla Pənah Vaqiflə, dövrünün görkəmli aşıqlarından Aşıq Calalla, Aşıq Feyzullayla, şair Abdulla Canızadəylə, Məsim Əfəndi ilə, Aşıq Qəmbər və başqaları ilə dostluğu məhz bu şeirdə öz əksini tapmışdır: hətta o, mahalın ağası İsgəndər bəyin zülmündən Qarabağın baş Vəziri olan dostu Molla Pənah Vaqifə şikayət edərək demişdir:

Molla Pənah, ərzim sizə söyləyim.
Mahallıqca biz düşmüşük dara, bil!
Şadlığı axtaran biçarə kəslər,
Həmdəm olub yenə ahu-zarə, bil!

Valehəm, bu dərdə varmı, de, çarə,
İskəndər bəy bizi salıb azarə,
Var-dövləti çəkib tökdü bazarə,
Biz rəiyyətin belə sitəmkarə, bil!...

Və yaxud, ölümündən sonra el sənətkarlarına, yaxın dostlarına öz münasibətini bildirərək demişdir:

Ustad Səməd-sənətdə bir dağ idi.
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var… və s.

Onun belə mötəbər sənətkarlarla dostluğu məhz Aşıq Valehin xalq arasında böyük nüfüz sahibi, qayğıkeş bir insan, hümanist bir vətəndaş və istedadlı aşıq-şair olduğunu söyləməyə bizə haqq verir».
«Türk aşıq ədəbiyyatının görkəmli nümayəndəsi» tədqiqat işində tədqiqatçı Qaracaoğlan adlı türk aşığı haqqında fikirlərini açıqlayır. 60-cı illərdə Bakıya gələrək Azərbaycan Dövlət Universitetində təhsil alan, Bolqarıstanlı Riza Mollovun 1958-ci ildə Sofiyada (türk dilində) nəşr etdirdiyi «Ədəbi məqalələr» adlı kitabında Qaracaoğlandan geniş bəhs etdiyini söyləyir: «Rizanın dediyinə görə, Qaracaoğlan XVII əsrdə yaşayıb yaradan görkəmli türk aşığıdır. Qaracaoğlan haqqında bir sıra türk alimləri tədqiqat aparmış, nəhayət, onlar da şairin öz əsərlərinə–qoşmalarına əsaslanaraq XVII əsrin əvvəllərində doğulduğunu, Şərqi Anadoluda yaşayıb yaratdığını təsdiq etmişlər. Bu sahədə, xüsusilə, Cahid Öztelli, Fuad Köprülü, Sadəddin Nüzət və başqaları bu şairin həyat və yaradıcılığına dair daha ciddi tədqiqat aparmışlar. Riza Mollov özü də Qaracaoğlanın həyatından bəhs edərək onun Şərqi Anadolunun köçəri türk tayfaları arasında yaşayıb yaratdığını qeyd etmişdir».
R. Rüstəmzadə Qaracaoğlanın Azərbaycanda da yaxşı tanındığını, folklorşünas Əhliman Axundovun 1964-cü ildə Azərnəşr tərəfindən çap etdirdiyi «Telli saz ustadları» adlı kitabına Qaracaoğlanın da bir sıra şeirlərini daxil etdiyini bildirir və onlardan nümunələr gətirir.
«Məsələn, onun:
Ala gözlü, nazlı dilbər,
Elindən xəbərin varmı?
Sevgilim, kəmər açılıb,
Belindən xəbərin varmı?
Yaxud:
Ala gözlü, nazlı dilbər,
Vaxtın keçər, demədimmi?
Qaşın cəllad, gözün yağı,
Qanım içər, demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə.
Yaxasız köynəyi bizə,
Fələk biçər demədimmi? və s.

«Qaracaoğlan haqqında Xalidə xanım Quliyevanın monoqrafiyası da diqqətəlayiqdir»-deyən tədqiqatçı bildirir ki, «xeyli zəhmətin məhsulu olan bu tədqiqat əsərində Qaracaoğlan haqqında deyilmiş, nəşr olunmuş Azərbaycan, bolqar, türk alimlərinin fikirləri, qeydləri də öz əksini tapmışdır».
Tədqiqatçı Qaracaoğlanın həyatı haqqında qısa məlumat verir: «Qaracaoğlan təxminən 1606–cı ildə İcellin Mut rayonunun Çuxur kəndində doğulmuş və 1679-cu ildə elə həmin kənddə də vəfat etmişdir. Cahid Öztellinin verdiyi məlumata görə, şairin məzarı Çuxur kəndində bir təpə üzərindədir. Həmin təpə yerli xalq tərəfindən «Ardıclı təpəsi» adlanır. Mut bələdiyyə rəisinin göstərişi ilə həmin təpəyə «Qaracaoğlan» təpəsi adı verilmişdir.
Dövrünün istedadlı saz şairi kimi şöhrət qazanmış Qaracaoğlanın çox zəngin yaradıcılığı vardır. Şeirlərinin əksəriyyəti heca vəznində, qoşma və gəraylı şəklində yaradılmışdır. Ən çox gözəlliyi, bəşəri məhəbbəti, habelə təbiəti təsvir edən şeirləri vardır. Didaktik xarakterli və ictimai ədalətsizliyi tənqid edən qoşmaları da az deyildir. Qaracaoğlan elə bir dövrdə yaşamışdır ki, bu dövrdə hakimiyyətdə olan İran hökmdarı ilə Türk sultanı dördüncü Sultan Murad arasında (1622-1639) ciddi toqquşmalar, müharibələr gedirdi. Xalqın böyük sənətkarı bu cür qırğınların qarşısını almaq üçün bir sıra qoşmalar yaratmışdır. O, yaxşı bilirdi ki, belə qırğınlarda, ələlxüsus, kasıb-kusub, zəhmətkeş əhali əzab çəkir, qırılır, məhv olur. Ona görə də şairin yaradıcılığında belə qırğınlara münasibəti öz əksini tapmışdır. Xüsusilə, onun İran şahına və Türk Sultanına müraciəti bu baxımdan ən gözəl nümunələrdir. Didaktik xarakterli şeirlərində də şair üzünü oxucusuna tutub deyir:

Yoldaş olma yolun bilməz yolsuza,
Qonşu olma sözün bilməz dinsizə,
Meyl vermə ədəbsizə, arsıza,
Aqibəd irzinə hiylə gətirər.

Belə adamlarla yoldaş olma, dostluq etmə. Çünki onlar axırda sənin namusuna, adına, şöhrətinə xələl gətirə bilər. O, öz şeirlərində həm də insanları səbirli, tutumlu olmağa çağırır:

İgid atdan düşər, yenə atlanar,
İgid olan hər cəfaya qatlanar…
Yaxud:
İgid güldürər də, namərd ağladar,
Pis adamda namus olmaz, ar olmaz… və s.

Şair hər cür əziyyətə dözməyi, dözümlü olmağı əsas həyati şərtlərdən hesab edir. Çünki belə gethagedin yəqinki bir gəlhagəli də olar.

Qəm qəsavət çəkmə, divanə könlüm,
Hər zamanda dünya başa dar olmaz.

Ümumiyyətlə, onun didaktik xarakterli öyüdləri, nəsihətnamələri geniş şöhrət tapmaqla uzaq-uzaq ellərə yayılmışdır. Bəzən aşıqlarımız Qaracaoğlanın öyüdlərindən ustadnamə kimi də istifadə edir, dastanların əvvəllərində mərəkələrdə oxuyurlar».
Tədqiqatçı Qaracaoğlanla bağlı bir sıra rəvayətlər, əfsanə və məhəbbət dastanların da olduğunu qeyd edir. «Qaracaoğlanla Bənli qız» dastanı üzərində dayanır: «Burada Qaracaoğlan öz əmisi qızı Zeynəblə göbəkkəsmə olur, böyüyüb bir-birlərini sevirlər. Uzun macəralardan sonra onlar öz muradlarına çatmadan dünyadan gedirlər. Görünür, bir sıra Azərbaycan dastanları kimi burada da aşığın öz sevgilisinə qoşduğu, onunla əlaqədar söylədiyi mahnılar –şeirlər sonrakı aşıqlar tərəfindən müəyyən kompozisiya əsasında düzülərək dastanlaşdırılmışdır. Ağızdan-ağıza, dildən –dilə keçərək geniş yayılmış və dövrümüzə qədər gəlib çatmışdır. Bu dastan bizə bir növ «Tahir–Zöhrə» dastanını xatırladır. Çünki, Zeynəbin atası, yəni Qaracaoğlanın əmisi uşaqları böyüyüb boya-başa çatdıqdan sonra öz qızını daha varlı bir şəxsə vermək, guya onu xoşbəxt etmək istəyir. Ona görə də qızı Qaracaoğlandan uzaqlaşdırmaq fikrinə düşür. Hətta əmisi Qaracaoğlana uzaqdan bir sifariş də göndərir ki, guya Zeynəb özgəsini sevir, ondan əlini üz. Lakin Zeynəb öz sevgisinə sadiq qalır, Qaracaoğlanın həsrətilə bir müddət yaşayır. Uzun müddət görüşmədiyindən xəstələnib ölür. Qaracaoğlan onun yaşadığı kəndə gəlir, Zeynəbin ölüm xəbərini eşidir, xəstələnir. Bir qocadan xahiş edir ki, əgər ölərsə, onu Zeynəbin məzarı yanında dəfn etdirsin. Və belə də olur, onu Zeynəbin məzarı yanında dəfn edirlər.
Xalq bu dastanı dinlədikcə Qaracaoğlanın əmisi İsmayıl bəyə dərin nifrət edir, belə rəzillərə qarşı mübarizə aparır».
Dastanın ilk dəfə Rasih Yukay tərəfindən toplanaraq İstanbulda nəşr edildiyini, qoşmalarının təkcə «Türkiyədə deyil, Bolqarıstanda, Yuqoslaviyada, Krımda, Zaqafqaziyada geniş yayıl»dığını qeyd edən tədqiqatçı fikirlərində haqlıdır ki, «XVII əsrin bu görkəmli el sənətkarı özündən sonrakı aşıq yaradıcılığına da xeyli təsir göstərmişdir. Özündən sonra yaşayan aşıqlarımızın yaradıcılığı bunu söyləməyə bizə haqq verir».«Məhəbbətin və gözəlliyin tərənnümü» adlı tədqiqat işində Rüstəm Rüstəmzadə yaradıcılığı az tədqiq olunmuş, haqqında az danışılmış Mustafa ağa Arif, Ordubadlı Qüdsi, Qulam Kəmtər, Dollu Mustafa, Kazım ağa Salik, Dibro Kamal, Aşıq İman, Şair Vəli, Şəmkirli Hüseyn, Bozalqanlı Hüseyn, Molla Cümə, Çoban Əfqan, Aşıq Şənlik kimi el sənətkarlarının sənətinə üz tutur. «Onların yaradıcılığında məhəbbətin tərənnümü ilə yanaşı, ictimai motivlər də xüsusi» yer tutduğunu, Vaqif ənənələrinin davamçıları olduqlarını bildirir. Firidun bəy Köçərlinin «Salikin mürəbbəat növündən yazılmış şeirləri lətafət və sadəlikdə Vaqifin və Vidadinin qafiyələrindən əskik deyil»,-fikirlərinin «adlarını çəkdiyimiz şairlərin hamısına aid etmək olar»,-deyir.
Tədqiqatçı bu el sənətkarlarının «yaradıcılığındakı ictimai-siyasi lirika»nı yüksək qiymətləndirir, öz dövründə olduğu kimi, bu gün də öz «təravətini» itirmədiyini söyləyir.
Bunlardan Bozalqanlı Xəyyat Mirzə üzərində xüsusi olaraq dayanır. Xəyyat Mirzənin «şeirləri ilk dəfə Hümmət Əlizadə, Vəli Xuluflu, Əhliman Axundov, Səttar Axundov və başqaları tərəfindən toplanaraq «Aşıqlar» kitabına daxil edilmiş, müxtəlif qəzet və curnal səhifələrində çap olunmuşdur»-deyən tədqiqatçı, «bu el sənətkarının da yaradıcılığı hələ bu günə qədər lazımınca öyrənilmə»diyindən narahatdır. «Onun xalq arasında məhəbbət və gözəllik aşiqi kimi tanın»dığını, bizə məlum olan «200-dən artıq gəraylı, qoşma, təcnis, cığalı təcnis, müxəmməs, divani, bağlama, deyişmə, habelə bir sıra gözəl dastanlar yarat»dığını, onlardan bir qisminin «müxtəlif illərdə toplanaraq müxtəlif mətbuat səhifələrində çap olun»sa da, hələ də çox hissəsinin xalqın hafizəsində qalmaqda olduğunu bildirir.
Mirzə Abbasqulu oğlu Mirzəyevin 1885-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dülgər ailəsində dünyaya gəldiyini, kiçik yaşlarında mollaxanada dərs aldığını, «sonra isə müstəqil mütaliə yolu ilə dünyagörüşünü artırdığını», eyni zamanda «gözünü açandan aşıq mühitində böyü»düyünü, onlara həvəslə qulaq asdığını, «bir sıra aşıq şeirlərinə nəzirələr yaz»dığını qeyd edir və bununla belə onun aşıq olmasına, bu sənətin arxasınca getməsinə atası özü aşıq olsa da mane olduğundan onu dərzi yanına şəyird qoymuş, «Mirzə də az müddət ərzində dərzilik sənətinə tamam-kamal sahib olmuş və xalq arasında «Xəyyat» (yəni dərzi) təxəllüsü ilə tanınmışdır. Bir müddət Tovuzda, Ağstafada dərziliklə» məşğul olmuşdursa da, tədqiqatçının araşdırmalarına görə, «öz yaradıcılığından da qalmamışdır».
Mollaxanada dərs alarkən öz mollasının qızı Sənubəri (ona özü Nazənin adını vermişdir) -Nazənini sevmiş və ilk şeirlərini ona həsr etmişdir. Apardığı araşdırmalar nəticəsində tədqiqatçı Xəyyat Mirzənin «lirik» şeirlər müəllifi, «xalq şeirinin bütün formalarında-gəraylı, qoşma, təcnis, müxəmməs, qoşayarpaq, dodaqdəyməz, diltərpənməz, divani və s. növlərdə yazıb yara»dan, «yaradıcılığında məhəbbət mövzusu daha mühüm yer tut»an el sənətkarı kimi xarakterizə edir. «Saf məhəbbəti tərənnüm edən bu aşiqanə qoşmaların əksəriyyəti»nin sevgilisi Sənubər xanımın adı ilə bağlılığını, «şairin ölümündən sonra el sənətkarları onun qoşmalarından istifadə edərək «Mirzə-Nazənin» adlı məhəbbət dastanı» yaratdığını, dastanın müasir aşıqlar tərəfindən bir neçə variantda məclis və mərəkələrdə ifa olunduğunu, burada «çox maraqlı epizodlar» olduğunu bildirən tədqiqatçı yazır: «Məsələn, bunlardan birində deyilir:
«Mirzə boya-başa çatmışdı. Dərzilik sənətini də mükəmməl öyrənmişdi. Atası onun əl-ayağın yığmaq üçün evləndirmək fikrinə düşmüşdü. Evinə gəlin gətirmək istədiyi qızların hansının adını onun yanında çəkirdisə, Mirzə heç birini bəyənmirdi.
Nəhayət, atası öyrənir ki, oğlu Ağ Axundun qızını istəyir. Dinməz-söyləməz kəndin bir neçə ağsaqqalını da özüylə götürüb elçiliyə gedir. Ağ Axund onların gəlişinin məqsədini anlayıb qabaqlarına çay qoydurur, «xoş gəldin»- söyləyir. Məsələni axunda açıb qızını dülgər Abbasqulunun oğlu Mirzəyə verməsini təvəqqe eləyirlər. Axund bu iki gəncin bir-birini istədiyini çoxdan duymuşdu. Ona görə də qızını bu yerlərdən gənitmək fikrinə düşmüşdü. Amma hara göndərəcəyini müəyyənləşdirməmişdi. Düşündü ki, bu dəfə bir təhər süyüşdürsəm, onatan işimi görərəm. Odur ki, elçiləri əliboş qaytarıb tədarük etməyə başladı. Arvadı bildirdi ki, «Qaraçöpdən qızı istəyirlər. Varlı-hallı adamlardı. Özüm sənə demədim ki, görək bu işin axırı nə olur. İndi isə özün bilən yaxşıdı». Axund arvadına bildirdi ki, «onları ismarla, qoy elçiliyə gəlsinlər. Qızı verək, bu lütlərin əlindən canımız qurtarsın».
Atasının əliboş qayıtdığını bilən Mirzə gecə səhərə qədər yatmayıb ağladı. Atasına belə bir şeir yazdı:

Pədəri-mehriban, incimə məndən.
Ölənədək işin ahu-zar olsun!
Yar fərağı möhkəm olsun sinəndə,
Yeyibnən içdiyin zəhirmar olsun!

Uca dağdan əridibsən qarımı,
Boxçalarda soldurubsan barımı.
Zülümnən əlimdən verdin yarımı,
Görüm yarın özgələrə yar olsun!

Alatorandan qalxıb naməni yastığının üstünə qoyur, kirimişcədən evlərindən çıxıb Eldar kəndinə gəlir».
Eldarda yaşayan dayısı Qəhrəman koxa onun göz yaşlarına qıymır, dərdinə çarə edəcəyinə söz verir. Nəhayət, bir neçə atlı ilə bərabər Bozalqanlıya gəlir, elçilik edib axundun qızını Mirzəyə alır.
Ümumiyyətlə, çox maraqlı bir sücetə, kompozisiyaya malik olan bu dastanda əsas motiv məhəbbətdir. İki gənc aşiq-məşuqənin bu məhəbbəti çox təmiz, səmimi, insana etiqad, sədaqət kimi hisslərlə yoğrulmuş bir məhəbbətdir. Şairin öz sevgilisinə müraciətlə dediyi qoşmalarda bu hiss daha aydın və diqqətəlayiqdir:

Bilməm gedən dilbər haçan qayıdar,
Canım o cananın fərağındadır.
Şevda bülbül bizim bağdan usanıf,
Görən hansı bağın budağındadı.

Şəmsi-qəmər üzlü, Sənubər xanım,
Sən oldun bil mənim dinim, imanım.
Məcnuntək çölləri dolanan canım,
O gedən Leylinin sorağındadı.

Şairin özünü Məcnuna, sevgilisini isə Leyliyə bənzətməsi də təsadüfi deyildir. Klassik ədəbiyyatı dərindən öyrənmiş Mirzə Füzuli yaradıcılığına pərəstiş etmiş, onun əsərlərinin qəhrəmanlarının, xüsusilə, Leyli ilə Məcnunun xalq arasında saf məhəbbətin simvolu kimi geniş şöhrət tapmış olduğunu bilmiş və onların bu məhəbbəti qarşısında baş əymişdir».
Xəyyat Mirzənin yaradıcılığında Vaqif qoşmalarına nəzirələr də tədqiqatçı tərəfindən araşdırılmışdır. Onun «Yoxdur» qoşmasını nümunə gətirir.

Aşıqlar çıxıbdı Kür qırağına,
Heyif kənarında sonası yoxdur!
Bahar fəsli yamyaşıla bürünər,
Üç ay zimistanın havası yoxdur!

Dərin-dərin dəryalarda yüz yaşa.
Əldə qələm, davat tutub yaz, yaşa!
İstər əlli yaşa, istər yüz yaşa,
Axır bu dünyanın vəfası yoxdur!

Olmuşam səhlənkar, düşmüşəm düzə,
Məcnunun Leylisi görünmür gözə.
Hicran xəstəsisən, Divanə Mirzə,
Sənin bu dərdinin davası yoxdur!

Tədqiqatçı bu fikirdədir ki, «Şairin məhəbbət lirikasının bir qismində gül yanaqlı, tər cığalı, ağ buxaqlı, ay qabaqlı, vəfalı gözəllər tərənnüm edilirsə, bir qismində isə bunun əksinə, ondan üz döndərən etibarsız sevgilisi, buna bais olan əğyar, məhəbbətinə qarşı duran zalım fələk, daş qəlbli insanlar, vəfasız zəmanə tənqid olunur. Onun qoşmalarında nifrətlə adı çəkilən əğyar hər yanda, hər yerdə əl-ayağa dolaşır, fitnəkarlıq edir, iki sevgi arasına ziddiyyət salır, ara vurur, Əhrimən kimi şər işlərlə məşğul olur. Lakin şair ruhdan düşmür, seyraqublara, əğyarlara qarşı mübarizə aparır:

Hicran dustağıyam, dərdə giriftar,
Bu dərdimi kimsə bilməz, əzizim!
Hərcayıdan mənə bir ox dəyibdi,
Ölənədək üzüm gülməz, əzizim!

Pozulubdur mən Mirzənin əsası,
Seyraqubla qurtarmayıb davası.
Deyərlər ki: «qabaq qoçun qisası,
Heç buynuzlu qoçda qalmaz», əzizim!».

«Şeirlərində canlı xalq dilindən, xalq –zərb-məsəllərindən yerində və məharətlə istifadə» etməsi, müasirlərindən Molla Cümə, Şair Vəli, Bozalqanlı Aşıq Hüseyn, İsmayıl Katib, Mirzə Səməd və başqa bu kimi görkəmli el şairləri ilə deyişməsi, Xəyyat Mirzənin öz sənət dostları arasında böyük nüfuza malik olduğunu, onlarla yaxından əlaqə saxladığını və tez-tez görüşdüklərini» «sənət ustalarının bir-biri ilə deyişmələrini hazırda təfsilatı ilə nəql edərək, poetik rəvayət və dastan şəklinə sal»ındığını nümunələrlə təhlil və tədqiq edir:

Xəyyat Mirzə
Yenə canım bir cananın ucundan,
Ahü-fəğan çəkib çürüyür, lələ!
Hələ əhvalına bələd deyiləm,
Görəndə üzünü bürüyür, lələ!

Aşıq Hüseyn
Yazıq canım bir gözəlin eşqindən,
Alışıb atəşə əriyir, lələ!
Hicranın sərdarı, qəmin sultanı,
Səf çəkib üstümə yeriyir, lələ!

Bu misralarda olan «bədiilik, oynaqlıq, ahəngdarlıq» tədqiqatçının diqqətindən yayınmır.
Xəyyat Mirzənin 1922-ci il dekabr ayının 25-də öz kəndlərində vəfat etdiyini və orada dəfn olunduğunu, Xalq yazıçısı Mirzə İbrahimov, akademik Həmid Araslı, professor M. H. Təhmasib, professor Paşa Əfəndiyev, professor Vaqif Vəliyev və başqalarının şairin yaradıcılığına yüksək qiymət verdiyini qeyd edir. Bu cəhətdən XX əsr aşıq poeziyasından bəhs edən Mirzə İbrahimovun aşağıdakı fikirlərini oxucuya çatdırır: «Təbii olaraq bu dövrdə aşıq poeziyasında sinfi mübarizə motivləri güclənir, qoşma və gəraylılarda açıqdan-açığa əzilən kəndli təbəqələrinin və ümumiyyətlə, yoxsulların mənafeyi müdafiə olunur. Bu cəhətdən Aşıq Ələsgərin yaradıcılığı və müəyyən dərəcədə onun təsirilə yetişmiş Çoban Əfqan, Aşıq Hüseyn Bozalqanlı, Şair Vəli, Xəyyat Mirzə kimi aşıqların gözəlləmələrlə yanaşı, dövrün ictimai-siyasi hadisələrini və sinfi mübarizələrini əks etdirən əsərləri səciyyəvidir, tənqidi realizmin müəyyən xüsusiyyətlərlə, lakin geniş planda aşıq poeziyasına da keçdiyini göstərir».
Xəyyat Mirzənin imperializm dünyasının fitnəkar siyasətini, müharibə tərəfdarlarını, xalqı acınacaqlı vəziyyətə salan kapital ağalarını, din xadimlərini kəskin tənqid atəşinə tutan, onları ifşa edən «Millət» şeiri tədqiqatçının diqqətindən yayınmır:

İbtida qülqülə düşdü xilqətə,
Şahlar ziddik saldı, cahana, millət!
Bəla nüzul oldu göydən zəminə,
O tərcih olundu insana, millət!

El aşığının «Zalımların fitnəkar və ədalətsiz işlərini tənqid edən» «Millət», «Qandal Nağı», «Əzizim», «Dağlar», «Yetişsin» və bu kimi şeirlərinin «sənətkarlıq» xüsusiyyətləri araşdırılır; «səlis və axıcı» dili, «əsərlərində çox zəngin epitetlər, bənzətmələr, istiarələr, təzadlar və mübaliğələr işlə»dildiyi, «sözdən müxtəlif mənalarda istifadə etmə» bacarığı üzə çıxarılır.
Tədqiqatçı yazır: «Öz müasirlərindən Molla Cümə, Şair Vəli, Bozalqanlı Aşıq Hüseyn, İsmayıl Katib, Mirzə Səməd və başqa bu kimi görkəmli el şairləri ilə deyişməsi Xəyyat Mirzənin öz sənət dostları arasında böyük nüfuza malik olduğunu, onlarla yaxından əlaqə saxladığını və tez-tez görüşdüklərini sübut edir. Muasir aşıqlar və ölməz sənət ustalarının bir-biri ilə deyişmələrini hazırda təfsilatı ilə nəql edərək, poetik rəvayət və dastan şəklinə salmışlar.
Aşıq yaradıcılığının ən çətin formalarından biri təcnis, cığalı təcnis və qoşayarpaq müxəmməsdir. Xəyyat Mirzə məhz bu formalarda da gözəl şeirlər qoşmuşdur. Məsələn, onun Layisqili Molla Cümə ilə deyişməsi hər iki el şairinin yüksək istedada, dünyagörüşə malik olduqlarını sübut edir. Məsələn, qoşayarpaq müxəmməsdə onların deyişməsi çox maraqlıdır:

Molla Cümə
Ay xocalar, bircə baxın görün necə yar oynayır.
Naz edir, süzür gedir, sevdiyim aşkar oynayır.
Al yanaq, büllur buxaq, zənəxdanı nar oynayır.
Əl vurun, cərgə durun, balaca dilbər oynayır.

Xəyyat Mirzə
Hazarat, bircə baxın gör necə dilbər oynayır.
Gül zərif, dəstə zərif, dəstində güllər oynayır.
Nazınnan, ağ üzünə düşübdü tellər oynayır.
Səsinə, həvəsinə car çəkib ellər oynayır.

Göründüyü kimi, hər beytdə qoşayarpaq qafiyə tapmaq, sənətkardan nə qədər böyük istedad, bədii söz zənginliyi tələb edir. Burada sənətkarlıqla yanaşı axıcılıq, bədiilik, az sözlə dərin məzmun, ictimai fikir də ifadə edə bilmək əsas rol oynayır. Klassik aşıq poeziyasının görkəmli nümayəndələrindən biri kimi şöhrət qazanmış Xəyyat Mirzə zəngin irs qoyub getmişdir. Onun bir sıra iri həcmli poetik rəvayətləri və dastanları da vardır ki, bunların sırasında «Xəyyat Mirzə-Nazənin», «Qandal Nağı» dastanları daha çox yayılmışdır».
Rüstəm Rüstəmzadə hər bir el sənətkarının həyatına, xalq içərisində yaşayan sənətinə qayğıyla yanaşır.
Xalq aşığı Xəyyat Mirzənin əsərlərini toplayıb nəşr etdirən Rüstəm Rüstəmzadə kitaba yazdığı ön sözdə də Xəyyat Mirzənin həyat və yaradıcılığını geniş tədqiq edir. Şairin el içində yaşayan əsərlərini toplayıb kitab şəklinə salıb çap etdirmişdir.
«İsmi Pünhanın aşiqi» tədqiqat işində tədqiqatçı el sənətkarı Layisqili Molla Cümənin həyat və yaradıcılığı haqqında məlumat verir.
«Molla Cümənin şeirləri XIX əsrin sonlarından başlayaraq bu günə qədər xanəndələrimiz və aşıqlarımız tərəfindən sevilə-sevilə yayılır və ifa olunur. O, lirik bir şairdir. Öz lirikası etibarilə Molla Cümə Molla Pənah Vaqif məktəbinin davamçılarından hesab edilir. O da Vaqif kimi mollalıq etməmiş, savadlı, elmli, bilikli olduğu üçün «molla» adlanmışdır. Nə də ki, əlinə saz götürüb məclislərdə ifaçılıqla məşğul olmamışdır. O, ancaq dövrünün lirik bir şairi kimi xalq şeirinin müxtəlif formalarında, o cümlədən, gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani, müxəmməs, müstəzad və sairə şəkillərində yazıb-yaratmışdır».
Tədqiqatçı onun əsil adının Süleyman, atasının adının Salah, «Cümə» isə şairin ədəbi təxəllüsü olduğunu bildirir.
Bu barədə Cümənin özü daha aydın bir şəkildə demişdir:

Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.

Binəm Layisqiyə düşübdür mehman,
Pədərim Salahdır, madərim Reyhan.
Vələdim Həsəndir, adım Süleyman,
Fəmlim Molla Oruc ədnasıyam mən.

R.Rüstəmzadə «Xalq ədəbiyyatımızın görkəmli toplayıcılarından Hümmət Əlizadənin, Əhliman Axundovun, Səttar Axundovun və başqalarının xidməti sayəsində şairin əsərlərinin bir qismi toplanılaraq müxtəlif illərdə, müxtəlif «Aşıqlar» kitabında çap edil»məsini, Paşa Əfəndiyev tərəfindən də bir hissəsinin toplanıb ayrıca kitabça şəklində 1966-cı ildə nəşr olun»duğunu təqdirəlayiq bilir.
Bununla belə, bunları Cümə yaradıcılığının «yalnız cüzi bir hissəsini təşkil etdiyini də qeyd edir: «Hələ çap olunmamış bir sıra lirik şeirlərindən başqa şairin «Səyyad–Səyalı», «Molla Cümə-Aşıq Könlü» adlı maraqlı dastanları, habelə, satirik mövzuda həm nəsr və həm də nəzmlə yaradılmış «Öküz əhvalatı» adlı maraqlı bir dastanvari epizodu da vardır».
Molla Cümənin 1854-cü ildə indiki Şəki şəhərinin Layisqi kəndində yoxsul bir kəndli ailəsində anadan olduğunu, mədrəsədə təhsil aldığını, burada ərəb, fars dillərini də mükəmməl mənimsədiyini, şərq ədəbiyyatına- Nizami, Füzuli, Firdovsi, Vaqif, Nəbati kimi böyük sənətkarların yaradıcılığına dərindən bələd olduğunu aşağıdakı misralarında mükəmməl ifadə etdiyini bildirir:

Oxuram, ustaddan alıram dərsi,
Oxumuşam ərəb, türkünü, farsi.
Fikrim seyr eləyir, ərşinən kürsi,
Dərin kitabların mənasıyam mən. -

Tədqiqatçının şairin şəxsi taleyi ilə bağlı araşdırmaları da maraqlıdır.
«Molla Cümə öz əvvəlki sələfləri kimi deyil, öz məhəbbətini, sevdiyi gözəlin adını pünhan saxlamış, aşkar etməmişdir. Məhz buna görə də tədqiqatçılarımızı bir qədər «çətinə» salmışdır. Demək olar ki, şairin yüzdən artıq qoşması, gəraylısı, təcnisi, divanisi, müxəmməsi İsmi Pünhanın adı ilə bağlıdır. Onlar hər hansı bir obyektə deyilmiş olsa da, yenə şeirin ya əvvəlində, ya ortasında və ya son bəndində İsmi Pünhanın adı çəkilir. Bu barədə bir sıra rəvayətlər nəql edilir ki, bunların birində deyilir:
«Molla Cüməni atası Göynük kəndində mədrəsəyə qoyan zaman mədrəsədə Hacı İbrahim Əfəndinin qızı da oxuyurmuş. Bir müddət onlar bir – birlərinə yaxın olub dərs öyrənir. Lakin yaxınlıq get-gedə məhəbbətə çevrilir. İbrahim Əfəndi bunu duyub Molla Cüməni mədrəsədən uzaqlaşdırır. Məhz buna görə də, Cümə mədrəsədə təhsilini başa vura bilmir. Lakin bundan sonra Cümə, qızın üzü danlanmasın deyə bu sirri gizli saxlayır».
Mədrəsədən uzaqlaşdıqda ayrılıq Cüməyə təsir edir. Görünür o, elə bu vaxtdan da öz qəmini, dərdini dağıtmaq məqsədilə sözə müraciət etmiş, öz mehrini şeirə salmışdır. Hətta o, özünün «Eylər» şeirində qeyd etdiyi kimi, gündə dörd dəfə Hacı İbrahim Əfəndinin yaşadığı Göynük kəndini «ziyarət edir, sevgilisini görməyə can atırmış:

Fələk məni döndəribdir Məcnuna,
İnsan salmaz insanı bu zuluma.
Göynüyün ətrafın bu Molla Cüma,
Hər gündə dörd yolla ziyarət eylər.

Molla Cümənin məhəbbətinin «qarşılıqlı» olması, aşiqin «məşuqəni sevdiyi kimi, məşuqə»nin də öz aşiqini «ürəkdən» sevməsi, «ona mehr salması», «hətta pünhan olsa belə, vaxtaşırı gəlib onu yoxlam»ası faktlarına toxunan tədqiqatçı yazır: «Əsərlərindən məlum olduğu kimi, bir dəfə Cümə bərk xəstələnir. Qasid bunu məşuqəyə bildirir. O, dayanmadan həmin gün üç dəfə öz aşiqini yoxlamağa, onun səhhəti ilə tanış olmağa gəlir:

İsmi Pünhan məndən xəbərdar olmuş,
Bu aşiqin rahində sərkərdan qalmış.
Cüməni görməyə üç kərə gəlmiş.
Dilərəm xudadan bir də gələydi.

Və yaxud:

Oğrun –oğrun daldalarda danışır,
Şirin canım eşq oduna alışır.
Molla Cümə hanı? –deyib soruşur,
Aman, görüm bu səs kimin səsidir!

Molla Cümənin qoşmalarının təhlil və tədqiqini verən tədqiqatçı bu fikirdədir ki, «əsas mövzu, təsvir hədəfi sevdiyi İsmi Pünhandır, kənd gözəlləridir. O, eşqin, saf məhəbbətin tərənnümçüsüdür. Onun lirik qəhrəmanı gözəl, cəlbedici sifətlərə malikdir. Həmçinin o, eşqində vəfalıdır, öz sevgisinə sədaqətlidir, fədakardır. Məhəbbət yolunda hər bir cəfaya dözməyə də hazırdır. Lakin bu gözəl Leyli kimi eşq atəşində yansa da, zəmanənin gərdişi, mənfur adətlər onu öz arzusuna çatmağa qoymur, sevgisindən ayrı salır. Molla Cümə isə heç bir təqsiri olmayan vəfalı gözəli əhdinə «vəfasız» çıxmasında təqsirləndirir:

İsmi Pünhan, bu dostluğu pozursan,
Saldın məni ahu-zara, çox sağ ol!
Xeyli vaxtdır yadlar ilə gəzirsən,
Bərəkallah, sən dilbara, çox sağ ol!

Sən namərdsən, mən Cüməni satarsan,
Özgə ilə sarmaşıban yatarsan.
Bir vaxt olar layiqinə çatarsan,
Dili şirin, qəlbi qara, çox sağ ol!

Əvvəllər öz sevgilisinin «al yanağını», «büllur buxağını», «şəkər dodağını», «ceyran yerişini» tərif edirdisə, o, ərə getdikdən sonra şair bunların heç birindən söz salmır, əksinə, «vəfasız sevgilisinə», «zəmanəyə», «seyraqublara», nadanlara, varı, dövləti, pulu hər şeydən üstün tutanlara qarşı çıxış edir, saf məhəbbətə biganə olanlara qarşı öz dərin nifrətini bildirir:

Fələk yıxsın seyraqubun öyünü,
Ürəyinə çəksin dağı, düyünü.
Üzü qara olsun qiyamət günü,
Yansın oda Şəddi Şəddad misilli!

Və yaxud, ayrılığın yaman dərd olduğunu sonra hiss edən şair deyir:

Mən görmüşəm, kafirim də görməsin,
Nə yaman dərd imiş zalım ayrılıq.
Əğyarları muradına irməsin,
Ölümdən betərmiş zülüm ayrılıq.

Molla Cümənin ilk şeirləri ilə sonrakı dövrdə qələm aldığı şeirlər arasındakı təzad təhlil və tədqiqat obyektidir. Molla Cümə «ömrünün gənc çağlarında məşuqəsinin eşqi ilə yaşadığı, onunla tez-tez görüşdüyü zaman özünü dünyanın xoşbəxt insanı hesab edirsə, məşuqəsi ərə verildikdən sonra özünü ən bədbəxt, kimsəsiz, bəxti qara, tənha hesab edir. Hətta, o, yenə Məcnun kimi öz sevgilisinin üzünü görməyə can atır, onun doqqazına gedir». Bunu tədqiqatçı Məhəmməd Füzulinin «Leyli – Məcnun» əsərindəki bir epizodla müqayisə edir, bildirir ki, bu «Leylinin İbn Səlama ərə verilməsindən sonra Məcnunun onun qapısına gəldiyi səhnəni xatırladır:

Yeri, qasid, deynən İsmi Pünhana,
Bu doqqaza bir biçarə gəlibdir.
Dərman üçün sən həkimi –loğmana,
Üçcə kəlmə xoş rəftara gəlibdir…

Cavan ikən düşdüm candan avarə,
Sirrim deyim sənə, aləm, aşkarə.
Yeri deynən o nainsaf dilbərə,
Molla Cümə, bəxti qara gəlibdir.

Molla Cümənin ayrılıqdan çəkdiyi iztirablar, «məhəbbət aləmində öz arzusuna çatmadığı üçün» «bədbinliyə» qapılması, şeirlərindəki bu bədbinlik diqqətdən yayınmır: «O, həyatda yaşamaq, həyatdan zövq almaq istəmir, öz sevgilisi ilə bir yerdə ölmək, bir yerdə dəfn olunmağı arzu edir:

Çünki görüşmədik, İsmi Pünhanım,
Qisas qiyamata qalsın səninən…

Hər namərdə canı verib neylərəm,
Müxənnətin üzün görüb neylərəm?!
Səndən ayrı ömür sürüb neylərəm?
Molla Cümə istər ölsün səninən.

Lakin əcəl aşiqə bu arzusuna da yetişməyə imkan vermir. İsmi Pünhan öz Məcnununun dərdi-qəmindən ah-nalə içində yanıb sönən Leyli kimi, baharın gözəl bir vaxtında, güllərin, bənövşələrin baş qaldırdığı, otların göyərdiyi bir dövrdə dünyadan köçür. Cümə isə dərd-qəm içində onun qəbri üzərində öz Leylisini itirmiş Məcnun kimi göz yaşları axıdır:

İsmi Pünhan köçdü fani dünyadan,
Qarışdı torpağa göz hayıf oldu!
Xudanın tədbiri beləymiş bizə,
Soldu yanaqları, üz hayıf oldu.

Əcəl çatıb nəfəs sana düzüldü,
Qəm, hicran tapdadı, bağrım üzüldü.
Yenə sevdiyimdən əlim üzüldü,
İxtilaf tükəndi, söz hayıf oldu.

Bu yazıq Cümənin dönübdür baxtı,
Əsdi əcəl yeli, sərvimi yıxdı.
Dedim ki, şad ollam, bu bahar vaxtı,
Töküldü burnumdan yaz, hayıf oldu!

Molla Cümə zəmanədən şikayət motivlərini, ictimai mövzulu şeirlərini də elə bu vaxtlar yazıb yaratmışdır. Artıq bu dövrdən o, bir növ ittihamçı kimi çıxış edir. Əlbəttə, bunu yalnız şəxsi məsələ kimi əlaqələndirmək olmaz. Onun «Eyləsin», «Çoxdur», «Ağlaram», «Canım», «Ay fələk», «Eylər», «Ağlasın», «Yoxdur» və sair qoşmalarında zəmanədən etdiyi narazılıqlar, inqilabdan əvvəlki ağır həyat şəraitləri, pulun hər şeyə üstün gəldiyi, həmçinin hakim siniflərin nakəsliyi, vicdansızlığı öz əksini tapmışdır».
Molla Cümənin şeirlərində sənətkarlıq məsələlərinə də diqqət yetirən tədqiqatçı əsərlərində aşıq şeirinin oynaq, sadə, səmimi ifadə formalarından, «klassik şeirin müvəffəqiyyətli ifadələrini» canlı danışıq dilini, şifahi xalq şeirinin xüsusiyyətlərinə uyğunlaşdırmasından da bəhs edir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah