Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

RÜSTƏM RÜSTƏMZADƏ TARİXİ QƏHRƏMANLIQ DASTANLARININ TƏDQİQATÇISIDIR

Azərbaycan tarixi qəhrəmanlıq dastanları ilk dəfə Rüstəm Rüstəmzadə tərəfindən tədqiq olunub. Akademik Həmid Araslı: «Xalq ədəbiyyatına yaxşı bələd olması, toplama və araşdırma bacarığı, eləcə də nəzəri hazırlığı qəhrəmanlıq nəğmələrinin ilk elmi təsnifini verməsi, onun inkişaf mərhələlərini aydınlaşdırması, ümumiyyətlə, «Azərbaycan qəhrəmanlıq nəğmələri» haqqında bitkin və aydın təsəvvür verən ciddi məzmunlu əsərlər təqdim edə bilməsi göstərir ki, R.Rüstəmzadə istedadlı folklorşünas alimdir. XIX əsrin ikinci yarısında yaşamış kəndli hərəkatı qəhrəmanlarından Nəbi, Kərəm, Nağı, Dəli Alı haqqında tarixi sənədlər əsasında ətraflı məlumat vermiş, eləcə də aşıq və el şairləri tərəfindən bu qəhrəmanlar haqqında qoşulmuş dastanlar, müxəmməslər, təcnislər geniş təhlil olunmuşdur. Əsərin Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı haqqında olan hissələri xüsusilə diqqəti cəlb edir. Nəcəf bəy Vəzirovun «Keçmişdə qaçaqlar» adlı məşhur əsərinin Qaçaq Kərəmlə əlaqədar olması ilk dəfə Rüstəm Rüstəmzadə tərəfindən müəyyənləşdirilmişdir».
Onun «Azərbaycan tarixi qəhrəmanlıq dastanları» monoqrafiyası ən təqdirəlayiq monoqrafiyalardan biridir. Filologiya elmləri doktoru professor Bağır Bağırov yazır: «professor R. Rüstəmzadə şifahi xalq ədəbiyyatını öyrənmək, tədqiq etmək, bunları kitab şəklində geniş oxucu kütləsinin istifadəsinə verməklə işi bitmiş hesab etmir. O həm də belə zəngin irsin xalqın malı olması, təbliği sahəsində də narahatlıq keçirir, ən ümdəsi də budur ki, çoxlarına nəsib olmayan bir missiyanı yeninə yetirir. O da xalq ədəbiyyatı nümunələrini geniş tələbə kütləsinə necə mənimsətmək məsələsidir». Hələ 77-ci illərdə onun «Şifahi xalq ədəbiyyatına dair» adlı metodiki vəsaiti hazırlaması, tələbələrin istifadəsinə verməsi alimlərimizin diqqətindən yayınmır, göstərilir ki, «həmin metodik vəsaitdə ali məktəb proqramlarına uyğun olaraq xalq ədəbiyyatının mövzular üzrə tələbələr tərəfindən mənimsənilməsi yolları göstərilir. Ali məktəblərə yenicə qədəm qoymuş gənclərə bir sıra tövsiyələr verilir».
Tarixi qəhrəmanlıq dastanlarının mövzu-canr xüsusiyyətlərini və onların təsnifini verən tədqiqatçı alim dastan canrının Şərq xalqları arasında geniş yayıldığını, dünya xalqlarının nəzər-diqqətini cəlb etdiyini, bu dastanların Almaniya, İngiltərə, Fransa, İtaliya, Amerika və digər ölkələrdə tanındığını söyləyir. Bu cəhətdən «Dədə Qorqud» dastanlarının Drezden kral kitabxanasında hifz olunduğunu, 1815-ci ildə alman şərqşünası Dits tərəfindən əldə edilərək nəşr edildiyini, ən böyük qitələrdə bu qiymətli abidənin stolüstü kitaba çevrildiyini söyləyir, «Məsələn, mətbuatın verdiyi xəbərə görə, Amerikanın Texas Universiteti nəfis tərtibatla «Kitabi-Dədə Qorqud»un ingilis dilində çapdan buraxıldığını bildirir.
Tədqiqatçı bu qəhrəmanlıq dastanlarının yaranma səbəblərini, imkanlarını araşdırır, xalq ədəbiyyatı nümunələrinin «müəllifsiz» olduğunu, bununla belə, bu şifahi xalq ədəbiyyatı «hər millətin özünəməxsus ən böyük, ən poetik, ən şəffaf sərvət» olduğunu bildirir. Filologiya elmləri namizədi, dosent Tofiq Musayev yazır:
«Professor R. Rüstəmzadə məhsuldar bir tədqiqatçı, qayğıkeş müəllim, yaxşı insandır. Mən onun mətbuatda çap olunan əsərlərini izləyirəm. «Azərbaycan tarixi qəhrəmanlıq dastanları» adlı monoqrafiyasında dastanların canr xüsusiyyətləri və təsnifi ilk dəfə Rüstəm Rüstəmzadə tərəfindən nəşr etdirilmişdir. R.Rüstəmzadə respublikamızda tanınan görkəmli alimlərimizdəndir».
Xalq incilərinə qayğı ilə yanaşan alim söyləyir ki, « Hər bir xalq üçün bu incilər, bu mirvarilər, bu çələnglər ona görə əziz, ona görə doğmadır ki, həmin əsərlərin hamısının altında müəllif kimi o xalqın adı yazılır», Azərbaycan xalqının Azərbaycan torpağının sahibi olduğunu, onun rəsmi abidələrini, zirehli qalalarını, daşlarını adıyla nişanlandırmış Babək, Cavanşir, Koroğlu kimi igidləri ilə öyündüyünü, öz söz sərvətləri ilə daima qürrələndiyini xatırladır, xalqımızın canına, qanına hopmuş eyni hiss, eyni məhəbbət olduğunu söyləyir və yazır ki, «Bizim Qorqud timsallı dədələr, ozanlar düşmən qarşısına qopuzla, əmudla çıxmış, Koroğlu timsallı igidlər, ərənlər telli sazla, misri qılıncla at səyirtmişlər. Xalqımız öz igidlərini belə örnəklərlə ərsəyə çatdırmışlar. Ulu babalarımız, nənələrimiz yallısı butaya bənzəyən butayanaqlı qızlarımıza, atının yelli örpək uçuran igid oğlanlara təmiz sevgi dərsi də keçmişdir. Yəni, bu xalq təmiz, bakirə, sadiq, fədakar dastanlar-məhəbbət dastanları da yaratmışdır».
Ustadların bu dastanları yaradarkən xalq ədəbiyyatının bütün nümunələrindən –atalar sözləri, zərb –məsəllər, tapmacalar, əfsanə, rəvayət və lətifələr, bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, bağlama, deyişmə və sairə kimi incilərin Azərbaycan dastanlarının özülünü təşkil etdiyini bildirir.
Folklorşünas alim, professor M.Ə.Təhmasib yazır: «Xalqın mübarizə tarixilə daha sıx olan qəhrəmanlıq nəğmələrinin hər tərəfli öyrənilməsi, onun ideya bədii istiqamətinin, tematik canr xüsusiyyətlərinin ətraflı tədqiq və təhlili folklorşünaslığımızın qarşısında dayanan əhəmiyyətli məsələlərdən biri idi. Folklorşünas alim Rüstəmzadə bu vəzifənin öhdəsindən bacarıqla gəlmiş, şifahi xalq ədəbiyyatına yaxşı bir tədqiqat əsəri əlavə etmiş, bu ədəbiyyatın zəngin və rəngarəng gözəllikləri barədə aydın təsəvvür yarada bilmişdir».
Tədqiqatçı M.H. Təhmasibin Azərbaycan qəhrəmanlıq dastanlarını təsnif edərkən onları üç növə –qədim bahadırlıq, sehirli və əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanları; tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları; adi qəhrəmanlıq dastanlarına ayırdığını, hər üç növə aid dəqiq nümunələr verməklə tarixi qəhrəmanlıq dastanları haqqında konkret fikir yürütdüyünü söyləyir və tədqiqatçı alimin bu fikirləri ilə həmrəy olduğunu bildirir ki, «Qəhrəmanlıq dastanlarımızın ikinci növü tarixi qəhrəmanlıq dastanlarıdır. Bu baxımdan yanaşdıqda hər bir dastan, hətta ən kiçik məhəbbət dastanı da bir sıra xüsusiyyətlərinə görə tarixidir. Lakin biz bu qrupa elə dastanları daxil edirik ki, onlar müəyyən tarixi kəsimdə baş verən, xalqın, ölkənin həyatında az-çox görkəmli rol oynamış şəxsiyyətlərin başına gələn real –tarixi hadisələrlə səsləşsin».
Tədqiqatçı Azərbaycan qəhrəmanlıq dastanlarını tədqiq edir, Azərbaycan qəhrəmanlıq eposunun müəyyən bir qolunu təşkil edən tarixi qəhrəmanlıq dastanlarını «xarici və daxili düşmənlərə qarşı aparılan mübarizəni daha konkret şəkildə təcəssüm etdirən bədii sənət əsərləri» adlandırır. Professor Mir Cəlal Paşayev yazır: «Xalq ədəbiyyatı insan xəyalında, dünyagörüşünün formalaşmasında böyük rol oynamış, yadda qalan bitkin və parlaq qəhrəman tipləri xalqın yaradıcılıq məhsulu sayılmışdır. Xalq ədəbiyyatı xalqın ensiklopediyasıdır və onun hər sahəsini tədqiq edib öyrənmək bizim folklorşünas alimlərimiz qarşısında çox mühüm vəzifələr qoymuşdur. Xalq yaradıcılığının toplanması ilə məşğul olan alimlərimizdən biri də R.Rüstəmzadədir. Onun tədqiq etdiyi qəhrəmanlıq nəğmələri haqqında tək-tək məqalələr yazılmış olsa da demək olar ki, bu mövzunu şifahi və yazılı ədəbiyyatda yeni kəşf, yeni canr saymaq olar».
Azərbaycan tarixi qəhrəmanlıq dastanlarının əsas xüsusiyyətlərini aşağıdakı kimi xarakterizə edir.
«1. Hər bir dastanın əsasında müəyyən bir tarixi fakt durur.
2. Əsas aparıcı qəhrəman tarixi şəxsiyyətin prototipidir. Bu şəxsiyyət bilavasitə tarixdə və tarixi sənədlərdə öz əksini tapmışdır.
3. Aparıcı qəhrəmanın doğulduğu yer, mahal, ölkə, habelə, vuruş, döyüş əraziləri müəyyəndir.
4. Müxtəlif həcmə, müəyyən sücetə, kompozisiyaya və ictimai–siyasi məzmuna malikdir.
5. Epik-lirik canra mənsub olmaqla ümumi dastan canrının şərtlərinə müvafiq, nəsrlə nəzmin növbələşməsi prinsipinə əsaslanır.
6. Bu dastanların əsas qayəsi vətənə və xalqa məhəbbət hissini aşılamaqdan, insan heysiyyətini, şərəfini qorumaqdan ibarətdir. Predmeti isə, əsasən, siyasi bərabərsizliyə qarşı mübarizədir».
Ulularımızın ictimai həyatında baş verən bu hadisələr, ayrı-ayrı xalq qəhrəmanlarının göstərdikləri igidliklər xalq yaradıcılığında «silinməz izlər» buraxdığını, «min-min əsatirlər, əfsanələr, rəvayətlər, nağıllar və dastanların» bu «igidlikləri özündə əks etdirdiyini», xalqın mübarizə və qalibiyyət, dözümlülük ifadə edən «bu bədii sənət nümunələri»nin həmin ideyalar «əsasında yarandığını və inkişaf» etdiyini bildirir və qeyd edir ki, «Azərbaycan xalqının bu zəngin ədəbiyyatı, mədəniyyət abidələri, ədəbi materiallar, tarixi sənədlər və s. hələ islamiyyəti qəbul etməmiş olan xalqımızın ən müqəddəs yerlərində–atəşpərəst məbədlərində, atəşgədalarda saxlanılır və mühafizə olunurdu. Azərbaycanı zəbt etdikdə ərəblər islam dinini əsaslandırmaq üçün atəşpərəstliyin bütün nişanələrini məhv etməyə çalışmış, qədim Azərbaycan mədəniyyəti atəşpərəst məbədlərində, atəşgədaların alovları içərisində qədim mədəniyyət abidələri ilə birlikdə ədəbi materiallar, tarixi sənədlər də məhv edilmişdir. Lakin xalq öz hafizəsində bunların müəyyən qismini yaşadaraq nəsildən-nəsilə keçirmiş və zəmanəmizə qədər gəlib çıxarmışdır. Bu zəngin bədii materiallarda biz ilk növbədə xalqın yaradıcılıq istedadını, eyni zamanda xalqın mənəviyyatını təmsil edən qəhrəmanlarımızın fəaliyyətini, cəsarət və vətənpərvərliyini görürük»- deyən tədqiqatçı xalqın yaratdığı bu söz incilərinin tarixi inkişaf yoluna nəzər salır və bildirir ki, «Əsatirdən tutmuş nağıllara və dastanlara qədər bütün folklor nümunələri həmişə öz ideya-məzmununun bütün kökləri ilə xalqa bağlı olmuş və xalqımızın keçdiyi tarixi inkişafda həmişə onunla yol yoldaşı olmuşdur».
Akademik M.C. Cəfərov demişdir: «R. Rüstəmzadənin yaradıcılıq üslubu aydın, səlis və elmidir. Tarixi qəhrəmanlıq dastanları kimi gözəl tədqiqatın yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, metodoloci əsaslarını yerinə yetirilməsindən bəhs olunan spesfik əməyin nəticəsində əmələ gəlmişdir. «Tarixi qəhrəmanlıq dastanları» adlı əsəri ilə mədəniyyət və eposşünaslıq tariximizin öyrənilməsi sahəsində uğur qazanmış, R.Rüstəmin adına şöhrət gətirmişdir».
Tarixi qəhrəmanlıq dastanlarını təsnif edərkən tədqiqatçı bu dastanların ideya və kompozisiya cəhətdən eyni olsalar da, məzmun və mövzu cəhətdən müxtəlif olduğunu bildirir və bu mövzularla bağlı olaraq onları üç qrupa ayırır. Bunlar aşağıdakılardır:
1. Kəndli hərəkatı ilə bağlı dastanlar.
2. Azadlıq uğrunda mübarizə dastanları.
3. Hərbi dastanlar.
Kəndli hərəkatı ilə bağlı araşdırmalarında tədqiqatçı bu hərəkatların müxtəlif şəkildə olduğunu, bu hərəkatın bir qolu kimi qaçaqçılıq üzərində xüsusilə dayanır. «Hakimiyyətin zülm və ədalətsizliyinə dözməyərək bu və ya digər səbəblərə görə öz kəndindən, obasından uzaq düşən və hökümətdən gizlənən, əsasən, çöllərdə, meşələrdə, qərib kənd və şəhərlərdə yaşayan adamlar»ın xalq arasında «qaçaq» adlandırıldığını, onların tək-tək və böyük dəstələr halında hərəkət etdiklərini bildirir. Tək-tək gəzən qaçaqların haqqında yaranmış rəvayətlərin «yerliçilik, məhəlli» xarakter daşıdığını, iri regionlara çıxa bilmədiyini, lakin iri dəstələrlə hərəkət edən qaçaqlar haqqında olan rəvayət və dastanların məhəlliçilikdən çıxaraq iri regionlarda yayılıb «öz prototipinə böyük nüfuz» qazandırdığını söyləyir.
Qaçaqlarla bağlı xalq ədəbiyyatında atalar sözləri və zərb-məsəllər, nəğmələr və bayatılar, əfsanə və rəvayətlər, nağıllar və dastanlar olduğunu, «qaçaq folkloru»nun mövcudluğunu, onun lazımınca tədqiq edilmədiyini bildirən tədqiqatçı alim «Qara Məlik», «Molla Nur», «Qara Tanrıverdi», «Qaçaq Nəbi», «Qaçaq Kərəm», «Muxtar bəy», «Qandal Nağı», «Qaray Söyün», «Qaraxanlı Nəbi» kimi tarixi qəhrəmanlıq dastanlarının adlarını çəkir, bu dastanların qəhrəmanlarının dünyaya nəzir-niyazla gəlmədiyini, ərköyün böyümədiyini, əksəriyyətinin çoban, yoxsul balaları olub əziyyətlə böyüdüyünü, «zülmü, işgəncələri öz gözləri ilə» gördüyünü, «kirpikləri ilə od götürə-götürə» böyüdüyünü, bu «səbəbdən də zülmkarlara qarşı mübarizəyə» girişdiyini, «haqq-ədalət uğrunda ömürlərinin sonuna qədər» vuruşduğunu, bu yolda qurban getdiyini deyir.
Müxtəlif dastanlardan nümunə gətirir, qaçaq dastanlarının əksəriyyətinin kompozisiya, sücet cəhətdən bir-birinə yaxın olduğunu, bunların hamısında «aparıcı qəhrəmanın yoxsul kəndli balaları» olub onlarda uşaqlıqdan zalımlara və varlılara qarşı nifrət oyandığını bildirir.
Tarixi qəhrəmanlıq dastanlarının bir qisminin inqilablarla bağlı olduğunu araşdırarkən Qatır Məmməd, Təbriz inqilabının başçısı Səttarxanın adıyla bağlı «Səttarxan» və «Qatır Məmməd» dastanları üzərində dayanır: «Səttarxan» xalqımızda özünün qəhrəman keçmişinə artan marağını nümayiş etdirən tarixi hadisələrin bədii inikasıdır. Dastanda xalq kütləsinin rolu ön planda göstərilməklə, xalqın arzu və istəkləri, onun tarixdəki rolu çox düzgün əks olunmuşdur. Burada həmçinin hakim siniflə məhkum kütlələr arasında sosial antaqonizmlərin qeyri-adi dərəcədə kəskinləşməsi, kütlələrin siyasi fəallığının əhəmiyyətli dərəcədə yüksəlməsi, döyüş əhval-ruhiyyəsinin sürətlə artması, ehtirasların getdikcə qızışması və sairə də öz əksini tapmışdır».
Səttarxan dastanında əsas ideyanın «milli-azadlıq hərəkatı və despotizmə qarşı xalqın silahlı mübarizəsi» olduğunu söyləyir və «Burada verilmiş Səttarxan obrazı vətənin və xalqın səadətinə çalışan və bunun üçün qara qüvvələrlə üzləşən, despotizmə qarşı mübarizə aparan görkəmli bir sərkərdə kimi təsvir olunur»- deyən tədqiqatçı inqilabi dastanların başqa qəhrəmanlıq dastanlarından müəyyən fərqli cəhəti kimi bunu əsas götürür ki, «inqilabi dastanların əsas qayəsi xalqın azadlığa olan sonsuz məhəbbətini bədii bir şəkildə özündə əks» etdirməsidir.
Tarixi qəhrəmanlıq dastanlarının bir qismi olan hərbi dastanların «hərbi cəngavərliklə» bağlı təhlilini aparır. Bu dastanlarda əsas məsələ «xalqın daxili və xarici düşmənlərə qarşı aparılan silahlı mübarizə»sini tədqiq edərkən burada da aparılan silahlı mübarizənin və ya döyüşün xarakter və formasına diqqətimizi yönəldir. Kəndli hərəkatı ilə bağlı dastanlarda mübarizənin «pərakəndə» şəkildə, «həm də dövlətin daxilində» aparıldığını söyləyir və bildirir ki, «xüsusilə, qaçaq dastanlarında silahlı mübarizə leqal vəziyyətdə, heç bir təşkilatdan göstəriş almadan, partizan üsulunda təsvir edilir».
İnqilabi dastanlarda recimin dəyişdirilməsi naminə mübarizə getdiyini açıqlayır və hərbi dastanlarla bağlı olaraq bildirir ki, «tarix göstərir ki, dövlətlər arasındakı hərbi toqquşmaların mənbəyi ərazi, iqtisadi və siyasi ekspansiya, cəmiyyətdə hakim olan və öz sərvətlərini artırmağa can atan istismarçı siniflərin bu və ya digər xalqların milli süverenliyinə qəsd etmələri olmuşdur».
Çaldıran döyüşü ilə bağlı yaranmış «Şah İsmayıl və Taclı bəyim», Böyük Vətən müharibəsi illərində yaranmış «Pəhləvan İsrafil», «Əlimərdanlı Nəcəf», «Kamal» dastanlarının ən gözəl hərbi dastanlar olduğunu bildirir.
Qəhrəmanlıq dastanlarını tədqiq edən tədqiqatçı alim bu fikirdədir ki, «Hər dövrün ulu dədələri və ozanları, varsaqları və aşıqları …elin qorxmaz, cəsarətli, ağıl-kamal sahiblərini, mübariz ərlərini, alp qağanlarını dönə-dönə mədh edərək şöhrətləndirmişlər. Bu mədhnamələr eldən-elə ozanların ifasında geniş yayılaraq ağızdan-ağıza, dildən-dilə keçərək yaşamışdır. Bundan sonrakı əsrlərdə yaranan xalq dastanları, o cümlədən, tarixi qəhrəmanlıq dastanları da həmin zəmin əsasında meydana gəlmişdir. Dastan yaradıcıları öz dastanlarını yaratmazdan əvvəl həmin mənbələrdən qidalanmış və bu abidələrin formalarında öz epik yaradıcılıqlarını inkişaf etdirmişlər. Xüsusilə, Şərqdə çox geniş yayılmış bu forma elə indi də öz əhəmiyyətini itirməmişdir». Bunun hətta bir sıra xalqların, o cümlədən, özbək, türkmən, karakalpak, qırğız, qazax, fars, hind, türklərdə geniş yayıldığını bildirir və «Avesta», «Min bir gecə», «Pancatantra» əsərlərində bu formaya təsadüf edildiyini söyləyir. Burada maraqlı hekayətlər danışılarkən arabir ibrətamiz şeirlər söylənildiyini, «Avesta»nın müxtəlif canrların ünsürlərini özündə mühafizə edə bildiyini söyləyir. «Avesta»dakı rəvayətlərin VI əsrdə yazıya köçürülsə də onların bundan xeyli əvvəl təşəkkül tapdığını, bunların birdən-birə deyil, ilkin mifik inamların əsasında yarandığını deyir.
R. Rüstəmzadə eyni zamanda onu da bildirir ki, xalqımız iki yüzdən artıq xalq dastanına malik olsa da bunların içərisində «Kitabi –Dədə- Qorqud» və «Koroğlu» eposları daha çox şöhrət tapıb. Tədqiqatçı eposla dastanı bir-birinə qarışdırmamağı tövsiyə edir. «Çünki onların göründüyü kimi arasında müəyyən fərq vardır. Bizcə, epos özü də sözün əsl mənasında epik növün xüsusi bir canrıdır. Xalq yaradıcılığında biz eposdan böyük ikinci bir canr tanımırıq. Bunlar, əsasən, ən çox qəhrəmanlıqla bağlı olur».
Tədqiqatçı şumerlərin, akkadların «Bilqamış», rusların «İqor polku haqqında söz», karelofinlərin «Kalevalo», almanların «Ziqfrid», fransızların «Tristan və İzolda», qırğızların «Manas», özbəklərin «Rustamxan», yakutların «Olonxo», altayların «Maaday Qara», başqırdların «Ural batır», gürcülərin «Rusudanianin»i və s. geniş şöhrət tapmış eposlarını yada salır.
E. Əlibəyzadənin qəhrəmanlıq ənənələri ilə, şumer-türk mənəviyyatını özündə yaşadan «Bilqamıs» dastanıyla bağlı fikirləri burada yerinə düşür: «Bu qəhrəmanlıq ənənələri, tarixən ənənəvi olaraq davam edib gəlmişdir. Miladdan qabaqkı dövrdə Alp Ər Tonqanı, Tomris ananı… «Dədə Qorqud» qəhrəmanlarını, Gültəkini, Babəki, Koroğlunu və başqalarını bu ənənələr yetirmiş… Bu tarixi şəxsiyyətləri və ədəbi qəhrəmanları həmişə bir məslək, bir amal birləşdirib ana torpağın, vətənin, xalqın müstəqilliyi, «diriliyi» uğrunda döyüş meydanına çəkmişdi. Onların amal və istəkləri, apardıqları ölüm-dirim mübarizəsinin çıxış nöqtəsi, mayası «Bilqamıs» dastanındakı bu beytdə ifadə olunan ulu fikirlə üst-üstə düşür, bir-birini tamamlayır:
«Ölüyə bənzəmirmi, söylə, əsir olanlar,
Ölümün sifətini məgər göstərmir onlar?»
…Bu o deməkdir ki, müstəbid önündə diz çökməkdənsə, ölüm şərəflidir. Bizim qəhrəmanlar silsiləsinin-istər tarixi, istərsə də bədii əsərlər qəhrəmanları olsun, məhz bu amal birləşdirir… Bu qəhrəmanların adını mənsub olduqları xalqın tarixinə yazan insanın əsirliyinə, xalqın əsarəti və köləliyinə qarşı açıq döyüşdə mərdi-mərdanə çarpışmaları, ehtiyac duyulduqda ağlını, zəkasını işə salıb müşkül işləri yoluna qoymaları və s. olmuşdur».
R. Rüstəmzadə «epik əsərin ən böyük və monumental forması olan bu canr ən qədim dövrlərdə əsatiri və ayini görüşlərlə bağlı olmuşdur»-fikrində haqlıdır.
«Tədqiqatçılar təsdiq edir ki, qədim Şumerdə müxtəlif münasibətlər, inam və dünyagörüşləri ilə bağlı çoxlu şənliklər, yeni il, qurbanvermə, andiçmə və s. bayramlar var idi. Bunlar, adətən, mühüm hadisələri yadetmə, yolasalma və s. məzmunu daşıyırdı. Bu bayram şənlikləri gah bol məhsul, gah xüsusi tanrıların həyatına aid hadisə və əhvalatlarla bağlı idi. Yüz illər ərzində ənənəvi olaraq xalq tanrıların mifik toyları və qələbə yürüşlərini qeyd edirdi. Bayramlarda iştirak etmək, ləzzətli bayram yeməkləri yemək, içmək üçün tanrılar da yığışıb gəlirmiş…» (E. Əlizadə).
Bəşər sivilizasiyasının «ilk mənbəyi, çıxış nöqtəsi» hesab olunan Şumer-Babil mədəniyyətinin ilkin mifik təsəvvürlərinin mövcudluğu, «Kainatın və insanın yaranması» məsələsi ilə bağlı əsatiri görüşlər, hər bir xalqın əsatiri görüşlərini də özündə yaşadan eposlarda əbədi həyat, ölməzlik məsələləri, keçirilən müxtəlif ayinlər, inamların əksi, alimin bu faktlara əsaslandığı məlumdur.
Yunanların «İlliada», «Odisseya», hindlilərin «Mahabxarata», «Ramayana»larını eposun klassik nümunələri kimi qiymətləndirən tədqiqatçı Hömerin «İliada» və «Odisseya» əsəri üzərində xüsusilə dayanır, orada baş verən hadisələrin Homerdən 200 il əvvəl baş verdiyini, hafizələrdə yaşayaraq Homerin dövrünə gəlib çatdığını, Homerin isə «onları sistemləşdirərək hər bir rəvayəti dastan şəklinə salıb, epos yaratmağa müvəffəq» olduğunu açıqlayır. Belə bir nəticəyə gəlir ki, «Deməli, bir eposun daxilində bir neçə dastan olur ki, ulu babalarımız bunlara qol və yaxud səfər adı vermişdir. «Koroğlu» qolları və yaxud səfərləri hərəsi bir müstəqil bir dastan olsa da, hamısında aparıcı qəhrəman Koroğludur….».
Azərbaycanın tarixi qəhrəmanlıq dastanlarının türk xalqlarının epik-lirik canrına məxsus olduğunu, əsas hissəsinin nəsr təşkil etdiyini, qəhrəmanın uşaqlıq və gənclik illəri, fəaliyyəti, dastandakı hadisələrin şərhinin nəsrlə verildiyini, «düşmənlə üz-üzə gəldikdə, təhlükəli anlarda, düşmən üzərinə çağırış motivləri, hərbə-zorbalar, qəhrəmanın mədhi, əmrlər, nəsihətçilik və bu kimi amillər»in nəzmlə, şeirlə söyləndiyini, bu formanın şərqdə geniş yayıldığını, müasir dövrümüzdə də öz əhəmiyyətini itirmədiyini bildirir.
«Pəhləvan İsrafil», «Muxtar bəy», «Qaçaq Tağı» kimi dastanların «epos səviyyəsinə yüksəlməsələr də, bir növ öz həcmi ilə folklorun digər nümunələrindən» seçildiyini, «bunlarda da mürəkkəb kompozisiya, zəngin sücet, folklorun müxtəlif canrları (atalar sözləri və zərb-məsəllər, lirik mahnılar, əfsanə, rəvayət, lətifə və s) öz əksini tapdığı»nı qeyd edir.
Bunun qədim dastan yaradıcılığı ənənələrinə əsaslandığını, alimlərin diqqət mərkəzində olduğunu, bu məsələnin mübahislər doğurduğunu söyləyir, M.Y. Çikovani, N.V. Kidayş-Pokrovskaya, P.D. Uxov, A.Qvaxariya və başqalarının fikirlərini şərh edir və bildirir ki, «Maraqlı burasıdır ki, hər bir xalq və onların mütəxəssisləri iddia edirlər ki, müasir dövrdə epos və dastanları nə şəkildədirsə, ilk rüşeymləri də həmin formada meydana gəlmişdir. Çünki bunlar ümumi xalqların dastan yaradıcılığından deyil, hər kəsin öz milli dastanlarının ilk dəfə hansı formada yaradıldığından bəhs edir». Dünənin, bugünün epos və dastanlarının formasından söhbət getmədiyini bildirən tədqiqatçı onların hansı formada yaradıldığının səbəbini axtardığını, bəzi alimlərin onların ilk dövrdə nəsrlə (gürcülər), bəzi xalqların isə nəzmlə (rus, Ukrayna və s) başlandığını iddia etdiyini qeyd edir, digər tədqiqatçıların fikirlərinə şərik çıxır ki, «bu xalqların hamısında nə epos və nə də dastan eyni vaxtda yaranmamışdır. Belə ki, istər əsatirlərin çox yayıldığı dövrdə və istərsə də tarixi zəmində bir sıra xalqlarda tez, erkən, bəzilərində isə nisbətən gec yaranmışdır. Bundan əlavə, hər bir xalqın ilk söz sənəti, eyni vaxtda yaranmasa da, əmək nəğmələrindən ibarət olmuşdur. Nəğmələr təkmilləşərək özlərində ilk mifik görüşləri, inamları tərənnüm etmiş və beləliklə, əsatir meydana gəlmişdir».
Əsatiri «mifik ədəbiyyatın və incəsənətin ulu babası» adlandıran, digər növlərin «onun kökü üzərində yaranıb» inkişaf etdiyini bildirsə də bu fikrində də israrlıdır ki,, «lakin bu, heç də o demək deyildir ki, epos və yaxud da dastanlar əsatirin davamıdır. Bu o deməkdir ki, ibtidai insanın təsəvvüründə ilk anlayış məhz əsatir olmuşdur. Əsatir insanlara həm mənəvi və həm də iqtisadi cəhətdən kömək etmişdir. Odur ki, yer üzündə yaşayan bütün insanlar bu üsuldan əzəmi dərəcədə istifadə edir, öz mahnısını, rəqsini, öz əsatirini yaradırdı. Ta qədimdən bəri də hər xalqın incəsənəti məhz öz mifik təfəkkürünün əsasında yaranıb inkişaf etmişdir. Ən qədim tayfaların, o cümlədən, gürcülərin, rusların, misirlilərin, iranlıların, hindlilərin, çinlilərin, türk dilli tayfaların özünəməxsus əsatirləri olmuşdur».
Bu əsatirlərin müxtəlif məzmunda və formada yazıldığını bildirir və şumerlərin dövrümüzə gəlib çatmış «Lükəlbəndə və Enmerkar», «Bilqamış» dastanına diqqəti cəlb edir, onun maraqlı bir sücetə malik olduğunu, «Bilqamış»ın öz məzmununa görə Azərbaycan folkloruna, nağıl və dastanlarına yaxın olduğunu, bu dastanın çox qədim bir dövrə aid olduğunu və digər məsələləri araşdıran tədqiqatçı belə nəticəyə gəlir ki, «türkdilli xalqların, o cümlədən, azərbaycanlıların da ilk dastan yaradıcılığı nəsr və nəzmin birgə iştirakı ilə yaradılmış və sinkretik vəziyyətdə ifa olunmuşdur».
Tədqiqatçı eyni zamanda bu fikirdədir ki, «hər bir xalqın epos və dastanlara aid forma rüşeymi necə olmuşsa, onun əsasında da sonrakı dövrlərdə həmin ənənə davam və inkişaf etdirilmişdir. Ona görə də açıq şəkildə desək, gürcü xalqının epos və dastanları nəsrlə, rus və Ukrayna epos və dastanları nəzmlə, türkdilli xalqların (əksəriyyətində isə) nəsrlə nəzmin qarışıq formasındadır».
Həm də bu fikirdədir ki, «Siniflərin meydana gəlməsi və dövlətin yaranması ilə əlaqədar olaraq qədim arxaik eposların ənənə formasını saxlamaqla yeni canr, həyatı, hadisələri daha konkret şəkildə əks edən tarixi qəhrəmanlıq dastanları yaranır ki, bu dastanlar feodalizm dövründə daha da təkmilləşərək, öz siyasi-ictimai məzmunu ilə haqq-ədalət, daxili və xarici düşmənlərə qarşı xalqın nifrətini, azadlıq və səadətə olan sonsuz məhəbbətini epos və adi qəhrəmanlıq dastanlarına nisbətən daha konkret şəkildə əks etdirir. Buradakı aparıcı qəhrəman tarixi şəxsiyyətin prototipi olmaqla, xalqın ən gözəl, müsbət keyfiyyətlərini özündə cəmləşdirmişdir. Xüsusilə, xalqa arxalanmaq, xalqla hərəkət etmək, elin ağsaqqalını eşitmək, qorxmazlıq, hümanistlik bu qəhrəmanların ən ümdə və müqəddəs insani keyfiyyətləridir. Məhz buna görə də döyüşdə, mübarizədə həmişə cəsarətli və qalibdirlər… Şifahi ədəbiyyat nümunələrində, o cümlədən, tarixi qəhrəmanlıq dastanlarında xalqın əvəzsiz rolu həmişə ön planda təsvir və tərənnüm olunmuşdur».
Tədqiqatçı «Qaçaq Tanrıverdi» dastanında Tanrıverdinin, «Qaçaq Kərəm» dastanında Kərəmin, «Kamal» dastanında Kamalın və başqalarının həmişə xalqa arxalandığını, bəylərə, xanlara, pristavlara boyun əyməyən, onları lərzəyə salan bu igidlərin öz dostları, yoldaşları, kəndliləri arasında isə həmişə təvazökar olduğunu, onlara baş əydiyini bildirir.
İnsanların qılınc, qalxan, top, tüfəng və digər silahlarla yanaşı sazın və sözün qüvvəsindən də istifadə etdiyini bildirir. Yazının olmadığı dövrdə mərasim nəğmələrinin, bayatıların, dördlüklərin, beşliklərin böyük rol oynadığını, əsrlər boyu şifahi şəkildə yaşayıb zəmanəmizə qədər gəlib çatmış Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qasımın, Ələsgərin, Şəmkirli Hüseynin və başqalarının şeirlərinin heç bir «ciddi dəyişiklik olmadan öz təravətini, ustadların arzu və istəklərini, forma və məzmununu mühafizə» etdiyini söyləyir və eyni zamanda bildirir ki, «lakin onların şeirləri əsasında özlərindən sonrakı sənətkarların yaratmış olduqları rəvayətlər, yəni dastanın nəsr hissəsi dönə-dönə dəyişilmiş, artırılıb əksildilmiş, bir sıra variantlara ayrılmışdır».
«Qurbani», «Tufarqanlı Abbas», «Aşıq Qərib» kimi dastanlarda aşıqların şeirləri əsasında həmin dastanın yarandığını, onların müəlliflərinin qeyri-məlum qaldığını qeyd etməklə yanaşı, X1X - XX əsrdə və müasir dövrümüzdə yaranmış tarixi qəhrəmanlıq dastanlarının yaradıcılarının isə əsasən, bizə məlum olduğunu bildirir. Bu dastanlarda ilk başlanğıcda qəhrəmanın dünyaya gəlməsindən deyil, «onun uşaqlıq və gənclik illərindən, əsasən, fəaliyyətindən söhbət açıldığını, apardığı mübarizə, döyüş səhnələrindən danışıldığını, məhəbbət dastanlarında olduğu kimi tarixi qəhrəmanlıq dastanlarının da müəyyən bir sonluqla, duvaqqapma ilə bitdiyini söyləsə də, bildirir ki, «lakin məhəbbət dastanlarındakı duvaqqapmalar məhəbbəti və gözəlliyi tərənnüm etdiyi halda, tarixi qəhrəmanlıq dastanlarındakı duvaqqapma isə dastandakı qəhrəmanın, habelə onun yoldaşlarının fəaliyyətini, qəhrəmanlığını və bu qəhrəmanlığa aid nümunələri bədii bir dillə əks edir. Duvaqqapmalarda sonluq nikbinliklə bitir. Elə bil duvaqqapmalar insanı sevməyə, sədaqətə, igidliyə çağırır».
Duvaqqapmaların bəzən «dastan» adı almasını «şeirin uzun-uzadı qəhrəmanın fəaliyyətinin tərənnümünə həsr olunması ilə bağlı» olduğunu söyləyir və onu da bildirir ki, dastanda nəql olunan bütün hadisələr çox konkret şəkildə, yığcam vəziyyətdə yenidən nəzmlə təkrar olunur. Bir növ yazılı ədəbiyyatda proloqu əvəz edir. Həmçinin «duvaqqapma»larda ənənəvi bir qayda olaraq dastan yaradıcısının adı çəkilir ki, bununla da həmin dastanın kim tərəfindən yaradıldığı məlum olur». «Qandal Nağı» dastanından aşağıdakı «duvaqqapma»nı nümunə gətirir və sonuncu misrada dastanı yaradan Mirzə Növcanın adı çəkildiyini bildirir:

Nağı kimi igid olmaz.
Görün necə can kimidi!
Qıy vuranda nərəsi,
Koroğlu-Rövşən kimidi.
Rüstəmi-Zala bənzəyir,
Sami pəhləvan kimidi.
Pəncəsindən ov qurtarmaz,
Qızmış şir, aslan kimidi!
Onların dastanını
Mirzə Növcan eylədi.

Mirzə Növcanın xalq içərisində Xəyyat Mirzə adı ilə tanınan el şairi olduğunu söyləyən tədqiqatçı el ədəbiyyatındakı hər bir sənət əsərinin, eləcə də sənətkarın müəllif hüququnu qorumağa da çalışır. Professor F.Fərhadov: «R.Rüstəmzadə xalq ədəbiyyatının sirrinə sehrinə vurulmuş, ömrünü həmin ədəbiyyatın tədqiqinə həsr etmiş istedadlı alimdir. Rüstəmzadənin əsərlərində hadisə və həyat faktlarına təzə gözlə baxış ön plandadır. Əsərlərində qəhrəmanlıq nəğmələrinin təsnifatına geniş yer verilmiş, onun növləri, şeiriyyəti, bədii ifadə vasitələri qənaətbəxş şəkildə konkret nümunələr əsasında şərh edilmiş, Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı, Qara Məlik kimi el qəhrəmanlarının, Aşıq Ələsgərin, Aşıq Hüseyn Bozalqanlının, el şairi Xəyyat Mirzənin, Qəmli Hüseynin və əvvəl adı bizə məlum olmayan sənətkarların nəğmələri açıq şəkildə izah və təhlil olunmuşdur».
Məhəbbət dastanlarının əvvəlində ənənəvi olaraq didaktik mahiyyət daşıyan ustadnamələrin qəhrəmanlıq dastanlarında söylənmədiyini, tədqiqatçı dastanları məclislərdə söyləyən aşıqların özündən asılı olduğunu, bu ənənənin «şairin öz ixtiyarına» verildiyini söyləyir. Bu fikirdədir ki, «Azərbaycan tarixi qəhrəmanlıq dastanları öz quruluşuna, kompozisiyasına görə qəhrəmanlıq eposunun kompozisiya ənənəsinə əsaslanır. Onda təsvir edilən ideal xalqın idealıdır. Azərbaycanın, eləcə də bütün xalqların qəhrəmanlığını və tarixi hadisələri bədii cizgilərlə özündə əks etdirir».
Tədqiqatçı alimin tarixi qəhrəmanlıq dastanlarının mövzu-canr xüsusiyyətləri, tarixi qəhrəmanlıq dastanlarının təsnifi haqqında dəyərli fikirləri, araşdırmaları folklorşünaslıq elminə qiymətli töhfədir. Onun əhatəli, geniş, müqayisəli araşdırmaları, tədqiq və təhlil prinsipləri, tədqiqatçının elmi-nəzəri mülahizələri, xalqımızın qiymətli abidələrinə qayğı ilə yanaşması, «Kitabi-Dədə - Qorqud» dastanlarından üzü bəri bu günə kimi yaranmış epos və dastanlara, sonrakı dövrlərdə yaranmış «Şah İsmayıl və Taclı bəyim», «Qaçaq Nəbi», «Səttarxan» dastanlarına, sonrakı dövrlərdə, müasir dövrümüzə yaxın tarixdə yaranmış «Kamal», «Pəhləvan İsrafil» və digər qəhrəmanlıq dastanlarına diqqətlə yanaşması, tədqiqat obyekti kimi götürülərək onların yaranması tarixi, inkişafı haqqında söylənilən elmi mülahizələri, tədqiqatçı fikirləri folklorşünas alimin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilməlidir, çünki bunlar o sahənin sirlərinə dərindən bələd folklorşünasın potensial imkanlarından xəbər verir.
Professor Riza Mustafov Mollov yazır: «Folklorşünas alim Rüstəm Rüstəmzadə öz dəyərli fikirlərilə yaratdığı əsərlərində xalqın mübarizə tarixinə aid özünəməxsus parlaq səhifələr açmış, qaçaqçılıq hərəkatının önündə gedən, ictimai haqsızlığa qarşı mübarizə aparan Molla Nur, Qaçaq Kərəm, Qandal Nağı, Qara Tanrıverdi kimi el qəhrəmanlarını oxuculara tanıtdırmışdır. Mən bu igid ərənləri Türkiyədə Qara Feyzi, Eye Çakıcı, İngiltərədə Roben Hud, Almaniyada Hizel, İtaliyada Fra Diyavola, Serb-Horvarudda Yura Yonoşik və sair başqa xalq arasında nüfuza malik olan insanlarla müqayisə edirəm. Elindən, obasından, dinindən, milliyyətindən asılı olmayaraq bu folklor qəhrəmanları xeyirxah və ədalətlidir. Bu sahənin ən yaxşı mütəxəssisi kimi mən Rüstəm Rüstəmzadənin tədqiqat xarakterli bu əsərini yüksək qiymətləndirirəm».
Qaçaqçılığı kəndli hərəkatının «müəyyən bir forması» adlandıran, bu mübarizənin kortəbii və qeyri-mütəşəkkilliyini görən, qaçaqlar haqqında çoxlu əsərlər yaradıldığını söyləyən tədqiqatçı Şillerin «Qaçaqlar» əsərini yada salır, yazılı ədəbiyyatda ilk dəfə onun qələmə aldığını, V. Manuylov, Y. Xolşevnikovanın fikirlərini (onlar bildirirdilər ki, «qaçaqçılıq mövzusunda olan bir çox dram, poema, povest və romanların yaranması üçün başlanğıc olmuşdu. Azadlıq sevən, nəcib qaçaq obrazı bir çox yazıçı romantikləri cəlb etmişdi»), sonralar Avropada olduğu kimi bir sıra rus ədiblərinin (A.S. Puşkinin «Dubrovski», L.N. Tolstoyun «Hacı Murad», A.A. Bestucyev- Marlinskinin «Quba yolu», «Molla Nur», A.M. Qorkinin «Qafqazda qaçaqlar», Denis Kozlovskinin «Qaçaq Kərəm», V.Kazaçkovskinin «Qafqaz qaçaqları» əsərlərini xatırladır. Haqlı olaraq Məsud Əlioğlunun bu fikirlərinə şərikdir ki, «Xalqın qaçaqlara inamı və məhəbbəti ona görə dərin, dəyişilməz və möhkəm olmuşdur ki, qaçaqlar gözəl, müqəddəs və təmiz olan bütün insani keyfiyyətləri qorumaq uğrunda təmənnasız döyüşlərə atılmış və bu uğurda canlarını belə əsirgəməmişlər (M. Əlioğlu)».
Qaçaqlarla bağlı böyük rus ədiblərinin fikirlərini şərh edir, bunlardan, xüsusilə, Molla Nurla bağlı yaranmış dastanın variantının Azad Nəbiyev tərəfindən toplanmış «Azərbaycan dastanları» kitabına daxil edildiyini bildirir. Vətənpərvərlik hissi güclü olan «Qara Məlik» dastanı üzərində xüsusilə dayanan tədqiqatçı onun qısa məzmunu haqqında məlumat verir, qədim tarixə (XII əsr), maraqlı kompozisiyaya malik olduğunu, dastanda təsvir olunan bir sıra tarixi şəxsiyyətləri, XII əsrdə baş vermiş bir sıra tarixi, ictimai-siyasi hadisələri, həmçinin xalqın istək və arzularını özündə əks etdirən bu tarixi qəhrəmanlıq dastanı güclü vətənpərvərlik ideyasına malikdir» fikrini ümumiləşdirir.
Qara Məliklə bağlı dastan motivləri əsasında M. S. Ordubadinin qələmə aldığı «Qara Məlik» əsəri, dastanda öz əksini tapan vətənpərvərlik ideyasının burada da qorunması, qədim bir dastan kimi onun əhəmiyyəti, bu barədə M. H. Təhmasibin fikirləri ilə (M.H. Təhmasib yazır: «Tarixi hadisələrin və şəxsiyyət adlarının bu dərəcədə dürüst olması sübut edir ki, dastan ən uzağı, yəni bizə ən yaxını XIII əsrdən sonra yarana bilməzdi. Çünki bunların heç birisi bu dürüstlüklə XIII əsrdən sonralar yaddaşlarda yaşaya bilməzdi. Deməli, XIII əsrdə yaranmış dastanlardan zəmanəmizə qədər yaşayıb gələnlər də vardır. Aydındır ki, bu dastanı belə uzun müddət yaşadan amillərdən biri, bəlkə də ən əsaslısı Qara Məliyin belə şəkildə ölümü və həmin məhəllənin onun adı ilə adlandırılmasıdır» M. H. Təhmasib. «Azərbaycan xalq dastanları orta əsrlər» «Elm» nəşriyyatı. Bakı. 1972) şərik olan tədqiqatçının dastan haqqında elmi mülahizələri, araşdırmaları Qara Məlik kimi xalq qəhrəmanlarına bəslənən hörmət və məhəbbətin dastanda yaşaması, Qara Məliyin qaçaq həyatı, ona xalqın rəğbəti və s. məsələlər araşdırılır, tədqiq edilir.
İran, Türkiyə, tatar, özbək və bolqar folklorşünas alimləri Rüstəmzadənin yaradıcılığına yüksək qiymət vermişdir. Professor B. Nazarov yazır: «Heç şübhə etmirəm ki, Rüstəm Rüstəmzadənin yaratdığı tədqiqat əsəri Azərbaycan folklorşünaslığına layiqli hədiyyə olacaq, oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır. Xalqımızın mənəvi sərvətlərinin bu cür savadlı alimlər tərəfindən tədqiqi və təbliği xüsusi əhəmiyyət kəsb edəcək».
Dastanlarımızdakı xalqlar dostluğu və beynəlmiləlçiliyin xalqımızın ictimai-siyasi və mədəni həyatı ilə birgə inkişafı, bu ideyaların köklərinin çox qədimlərə bağlı olduğunu diqqətə çatdıran tədqiqatçı bunun XIX və XX əsrlərdə daha çox diqqət mərkəzində olduğunu bildirir və bunu da qeyd edir ki, «Kitabi-Dədə-Qorqud», «Koroğlu» kimi eposlarda, «Əsli-Kərəm», «Bəhram-Gülxəndan», «Qulam Kəmtər» kimi məhəbbət, «Qara Tanrıverdi». «Qaçaq Kərəm», «Qandal Nağı», «Kamal» kimi tarixi qəhrəmanlıq dastanlarında son dərəcə böyük məhəbbətlə tərənnüm edilmişdir». Burada Qandal Nağının tutulub sürgünə göndərilməsi, rus maşinistinin onu sürgündən qaçmasına yardımçı olması, ona Dərbənddə ləzgi Məhəmmədin göstərdiyi köməklik yada salınır, bu ideyaların «Qara Tanrıverdi» dastanında da daha qabarıq şəkildə özünü büruzə verdiyini, dastanda dövrün bir sıra ictimai-siyasi məsələlərinə toxunulsa da, aparıcı hissin xalqlar dostluğu, beynəlmiləlçilik olduğunu qeyd edir və bunun ictimai-tarixi səbəblərini çox əhatəli şəkildə araşdırır və bu qənaətə gəlir ki, «mürtəce qüvvələr həmişə öz mənafelərindən çıxış edərək xalqları bir-birinə qarşı qoymuş və onların arasında nifaq yaratmağa çalışmışlar. Xalq yaradıcıları isə belə siyasəti pisləmiş və xalqları dostluğa çağırmışlar». Filoloq alim Tofiq Abbasov yazır:
«Rüstəmzadə Rüstəmin əsərlərində əsas qayəni müasir əxlaq kodeksinin növləri: beynəlmiləlçilik, millətlərə hörmət, igidlik, məğrurluq, haqq-ədalət uğrunda mübarizə, ayrı-ayrı tarixi qəhrəmanlar, şəxsiyyətlər haqqında ilk dəfə deyilmiş fıkir və faktlar təşkil edir. Bunlar Rüstəm Rüstəmzadənin apardığı zəngin tədqiqatın və səmərəli əməyin məhsuludur».
Bu dövrlə bağlı tarixi qəhrəmanlıq dastanlarının da özünəməxsus yaranma səbəblərini araşdıran tədqiqatçı torpaqlarımızın Rusiya və İran arasında bölüşdürülməsini, rus burcua mənafeyinin əsas tutulmasını, öz hakimiyyətini Qafqazda möhkəmlədən çar Rusiyasının ölkənin idarə edilməsi zamanı xalqın milli maraqlarını nəzərə almamasını, hər yerdə rüşvətxorluğun və özbaşınalığın hökm sürməsini, apardığı siyasətin kəndlilərlə mülkədarlar arasındakı ziddiyyəti kəskinləşdirdiyini, Azərbaycan xalqının həm yerli, həm də çar məmurlarının zülmü altında əzilməsini, çarın verdiyi fərmanların ağırlığı, ictimai fikirli insanların xalqın amansızcasına istismar edilməsinə qarşı etirazı, çar və yerli xanların zülmündən cana doyub dağlara çəkilib xalqı müdafiə edən silahlı mübarizə dəstələrinin fəaliyyət göstərməsinə gəlib çıxması və s. məsələləri tədqiqatçı tarixi-müqayisəli şəkildə tədqiq edir, təhlilini verir.
Kəndli azadlıq hərəkatının ölkəni bürüdüyü bir zamanda yetişən qəhrəmanlar, xalqın onlara məhəbbəti, Tanrıverdi, Kərəm haqqında yaranan dastanlar barədə məlumat verir, «Qara Tanrıverdi» dastanının Hənəfi Zeynallının ilk toplayıcısı olduğunu, sonra bu dastanı onların Tovuz rayonunun «Bozalqanlı kəndində yaşayan Aşıq Qədirdən toplayıb ilk dəfə «Qaçaq Kərəm» və «Qandal Nağı» dastanları ilə birlikdə «Gənclik» nəşriyyatında çap etdirdiklərini qeyd edir. Bu dastanı «Azərbaycan, gürcü, kürd, Dağıstan xalqları arasında qardaşlığı, dostluğu tərənnüm edən ən yaxşı nümunə» kimi yüksək qiymətləndirir.
Bu mövzuda yaradılan dastan müəllifləri haqqında tədqiqatçının öz fikirləri vardır. Onun fikrincə, «Xalqlar dostluğu» mövzusunda xalqın istək və arzularını tərənnüm edən əsərlər yaratmaq hər sənətkarın xörəyi deyildir. Dostluğu tərənnüm etmək üçün uzaqdan-uzağa dost hesab etdiyi xalqın haqqında eşidib yazmaq çətin ki, baş tutar. Belə əsər meydana gəlsə də çox sönük və cılız olar, heç bir oxucunun zövqünü oxşamaz, maraqlı olmaz. Sahibinə də heç şöhrət gətirməz. Bunun üçün sənətkar gərək dostluğundan yazmaq istədiyi xalqın ruhunu, zövqünü, təbiətini, adət-ənənəsini, məişətini dərindən öyrənsin. Uzun illər həmin xalqın içərisində yaşamalı, mənəvi aləmi ilə, psixoloci dünyası ilə qaynayıb qarışmalıdır. Şübhəsiz, belə sənətkarlar olmuşdur». Tədqiqatçı Xəstə Qasımın, Bürüclü Aşıq Miskinin, Aşıq Ələsgərin, Şəmkirli Hüseynin, Aşıq Əsədin adlarını çəkir və bildirir ki, «onlar öz milli adət-ənənələri ilə yanaşı, Zaqafqaziyanın digər xalqlarının da ailə-məişət tərzini, təbiətini, ruhunu, mənəvi aləmini də öyrənir, bunları öz yaradıcılıqlarında əks etdirirdilər».
Dastanlarda zülm və ədalətsizliyə qarşı xalq etirazının təsvir və tərənnümünü də dərindən araşdırır, tədqiq edir, təhlilini aparır. Bu cəhətdən «Qaçaq Nəbi» dastanını əsas obyekt kimi götürür, əvvəlcə onun nəşri, toplanması, bu sahədə görülən işlər haqqında ətraflı məlumat verir, Qaçaq Nəbi haqqında nəğmələrin çox hissəsinin onunla eyni vaxtda yaşayan Aşıq Əhməd tərəfindən söylənildiyini Əhliman Axundovun dediyini bildirir: «Keçən əsrin aşıqlarından biri də Aşıq Əhməd olmuşdur. X1X əsrin ikinci yarısında yaşamış Aşıq Əhməd şeirinin çox hissəsini məşhur Qaçaq Nəbinin qəhrəmanlığına həsr etmişdir. Bunun üçün də təqiblərə məruz qalaraq neçə il qaçaqçılıq həyatı keçirmiş, nəhayət, Yerevanda çar polisi tərəfindən həbsə alınmışdır. Deyilənlərə görə, axtarış zamanı onun evindən Qaçaq Nəbi haqqında şeirlər tapılmış, buna görə Yerevan məhkəməsi ona səkkiz il həbs cəzası kəsmişdir».
Dastanın da birdən-birə yaranmadığını, əvvəlcə qəhrəmanlıq nəğmələrindən ibarət olduğunu, «az sonra isə xalq sənətkarları tərəfindən dönə-dönə işlənərək dastan şəklinə» salındığını söyləyir.
İnsanların təfəkkürünün inkişafı, həyat tərzinin dəyişməsi və bunun bədii yaradıcılığa da təsiri, «bədii yaradıcılıqda da yeni dönüş, yeni-yeni ədəbi növlər» yarandığını qeyd edir, orta əsrlərdə «Kitabi –Dədə Qorqud» və «Koroğlu» kimi eposlar yarandığı halda, X1X əsrdə və bundan sonra bu qəbil eposların yaranması»nı qeyri-mümkün sayır, bundan sonra yaranan dastan formalarının meydana gəldiyini və bunların «orta əsrlərdə yaranan dastanlara nisbətən həcmcə kiçik, eyni zamanda konkret hadisələrin bədii təsvir və tərənnümü» olduğunu deyir və onu da bildirir ki, «Real hadisələrin bədii təsvirindən ibarət olan bu dastanlar X1X əsrdə və XX əsrin əvvəllərində geniş vüsət tapır. Bunlar daha çox məhəbbətə və bir də qəhrəmanlığa həsr olunur. Bu dastanlar, əsasən, ictimai hadisələrlə bağlıdır. Bu hadisələrin ən əsası çarizmin ucqar rayonları ikiqat əsarətdə saxlamasında, bu xalqların iqtisadi çətinliklərdə əzab çəkmələrində, yerli bəy və mülkədar tərəfindən ciddi istismar olunmasında idi».
Zəhmətkeş xalqın zülmə və istismara qarşı müxtəlif formalarda üsyanlar etdiklərini, qaçaqçılıq formasının geniş vüsət aldığını bildirir və bu hərəkatın yetişdirdiyi cəsarətli qəhrəmanlar içində Qaçaq Nəbi xüsusilə qeyd edilir. Onun fəaliyyəti ilə bağlı el sənətkarlarının yaratdığı nəğmələri, dastanları, rəvayətləri xatırladan tədqiqatçı bunların epos səviyyəsinə «yüksələ bilmədiyini», lakin «dastan canrının bütün cəhətlərinə cavab verdiyini» bildirir. Dastanın yaranmasından artıq yüz il vaxt keçdiyini, bu dastan üzərində uzun «yaradıcılıq» prosesinin getdiyini, müxtəlif vaxtlarda toplanıb nəşr olunduğunu göstərir. Ən mükəmməl variantının folklorşünas Əhliman Axundov tərəfindən iyirmi altı qolunun toplandığını və «Nəbinin qaçaq düşməsindən ta ki ölümünə qədər olan dövrü» əhatə etdiyini söyləyir.
Eyni zamanda bunun kiçik bir fərqli variantının Azad Nəbiyev tərəfindən toplandığını, nəşr edildiyini göstərir .
«Qaçaq Nəbi» dastanının ən xarakterik cəhətlərindən biri kimi onun beynəlmiləl ruhda olmasını, Nəbinin xalqlar arasında fərq qoymadığını bildirir, dastanda xalqlar dostluğunun tərənnümünün qabarıq şəkildə öz əksini tapmasını tədqiqatçı onda görür ki, «Bu elə bir dövrə təsadüf edir ki, xalqlar həbsxanası olan çar Rusiyasında milli məsələ çox kəskin bir məsələ kimi qarşıya çıxmışdı. Ölkədə müxtəlif millətlərin vahid beynəlxalq ordu halında birləşəcəyindən qorxuya düşən çar hökuməti hər cür fitnəkarlığa əl atır, yeni-yeni vasitələr axtarıb tapırdı».
Dastanda əsas məsələ kimi götürülən «əsas ideyalardan olan zülm və ədalətsizliyə qarşı xalq etirazı, birlik, dosta sədaqət, düşmənə nifrət hissləri»nin olduğunu bildirir və qeyd edir ki, «Burada Nəbi zamanın iyrənc adətlərinə qarşı çıxır, ağaların, bəylərin, qoluzorluların kasıbların övrətlərinə, qızlarına əl atmağa, onların namusuna təcavüz etməyə imkan vermir, yoxsullardan vergi alınmasını qadağan edir, günahsız yerə həbs olunanları dardan qurtarır, yoxsullara pul verir, əl tutur, bəylərdən, hampalardan, pristavlardan zəhmətkeş adamların intiqamını alır. Bir sözlə, ictimai ədalətsizliyə qarşı siyasi və silahlı mübarizə aparır. Nəbi beynəlmiləlçidir. Onun dəstəsində müxtəlif millətlərin nümayəndələri vardır».
Tədqiqatçı eyni zamanda dostluq, beynəlmiləlçilik, zülm və ədalətsizliyə qarşı mübarizə aparmaq ideyasının «Koroğlu» eposundan bəhrələndiyini, bu dastanın xalq yaradıcılığına təsir qüvvəsi olduğunu, «istismar və zülmdən azad olmaq uğrunda zəhmətkeşlərin inqilabi mübarizəsi» «Koroğlu» dastanının təsiri ilə yaranmış qəhrəmanlıq dastanlarımızın əsas mövzuları olduğunu bildirir və bunun təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Zaqafqaziya xalqlarının ədəbiyyatında mövcudluğunu qeyd edir.
Dastanda qadınların silaha sarılıb mübarizəyə qalxması, bunun tarixi kökləri araşdırılır, təhlil edilir, yadelli işğalçılara qarşı mübarizə aparan Tomris, Atabəylər dövlətinin axırıncı xanı Özbəyin arvadı Mehrican xanım, Şah İsmayılın xanımı Taclı bəyim, Fətəli xanın arvadı Tuti Bikənin simasında Azərbaycan qadınlarının vətənpərvərliyi, igidliyi, qoçaqlığı təhlil edilir və bu qadınların sırasında Qaçaq Nəbinin arvadı Həcər xanımın da olduğunu, onun Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olduğunu, Nəbiyə ərə getdikdən sonra əlinə silah götürüb onunla qaçaqçılıq etdiyini, xalqın düşmənlərinə qarşı birlikdə mübarizə apardıqlarını göstərir və «ümumiyyətlə, qəhrəman qadınlarımızın igid ənənələrini davam etdirib ən yüksək zirvəyə qaldıran Həcərin adı Azərbaycan xalqı üçün bir cəngavər qadın simvoluna çevrilmişdir»,-deyir.
Qadın hüquqlarının tapdalandığı bir dövrdə xalq mənafeyi uğrunda düşmənləri ilə «kişi ləyaqəti ilə vuruşmuş», heç zaman təslim olmamış, «böyük əziyyətlərlə qarşılaşmış» Həcərin, dəfələrlə qazamata salınsa da, öz inadından dönməməsi qeyd edilir, tarixi faktlara üz tutulur, «məsələn, 1895-ci il 25 oktyabr tarixli «Qafqaz» qəzeti yazmışdı ki, Nəbi Gorusa gəlib Həcərin həbsdən azad edilməsini qəza rəisindən tələb edir. O bildirir ki, hərgah Həcər buraxılmasa, həbsxananı dağıdıb onu azad edəcəkdir. Həmçinin qəzet yazmışdır ki, Naxçıvan və Zəngəzur qəza rəisləri həbsxananın dağılmasından qorxub Həcəri buraxmağa məcbur olmuşdur».
Qəzetdə verilən bu məlumatın dastanda da öz əksini tapdığını tədqiqatçı dastandan götürdüyü faktlarla müqayisəli təhlilini verir.
Tədqiqatçı eyni zamanda Həcərin sərrast «atıcı olması barədə» söylənilən rəvayətləri qeyd edir, onun dəfələrlə mühasirəyə düşdüyünü, elə öz sərrast atıcılığı ilə döyüşlərdən qurtardığını, Nəbinin ölümündən sonra da mübarizədən əl çəkmədiyini, düşmənlərindən intiqam aldığını, 1919–cu ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində öz əcəli ilə vəfat etdiyini, orada dəfn olunduğunu, onun qəhrəmanlığının unudulmadığını, el sənətkarlarının onun adını həm yazılı, həm də şifahi ədəbiyyatda əbədiləşdirdiyini, bir çox yazıçı və şairlərimizin əsərlərində yaşadığını qeyd edir və göstərir ki «Azərbaycan dastanlarında bir tarixi şəxsiyyət kimi təqdim olunan qəhrəman qadınlar sırasında Həcərin özünəməxsus yeri, misilsiz mövqeyi vardır. «Kitabi-Dədə Qorqud», «Koroğlu» kimi dünya şöhrəti qazanmış eposlarımızda belə Həcər xanımın səviyyəsinə yüksələn ikinci bir cəngavər qadın yoxdur. Neçə illər at belində xalqın düşmənlərinə qarşı mübarizə aparan bu qadını biz həmişə ya qazamatda, ya da əlində silah döyüşlərdə, vuruşmalarda görürük».
Tədqiqatçı «Koroğlu» ilə «Qaçaq Nəbi» dastanının müqayisəli təhlilini verir, onların oxşar cəhətlərini araşdırır, təhlilini aparır, Koroğlunun osmanlı paşalara, xotkarlara, bəylərə, Qaçaq Nəbinin çarizmə, mülkədar, bəylər əleyhinə silahlı mübarizə apardığını, Koroğlunun Qıratı, Nəbinin Boz atı, Koroğlunun Misri qılıncı, Nəbinin Aynalısı, Koroğlunun dəliləri, Nəbinin silah yoldaşları, Koroğlunun Aşıq Cünun, Nəbinin Aşıq Əhmədlə yaxınlığı, Koroğluda «hərbə –zorba demək, igidləri döyüşə səsləmək, yardımçı qüvvələri tərif etmək», Qaçaq Nəbinin də öz silahdaşlarını döyüşə çağırması araşdırılır, tədqiqatçı tərəfindən müqayisəli şəkildə elmi-nəzəri təhlili verilir.
Nəbinin fəaliyyət göstərdiyi ərazilər tarixi faktlarla araşdırılır. Haqq- ədalət uğrunda vuruşduğunu, xalq qəhrəmanına xalqın bəslədiyi sonsuz məhəbbətin dastanda bədii inikasını tədqiq edir.
Dastanlarımızdakı tarixilik və müasirlik məsələləri də tədqiqatçının təhlil obyektidir. Burada tədqiqatçı, az da olsa, «Qaçaq Kərəm» dastanı üzərində işini aparır. Qaçaq Kərəm haqqında yazılmış oçerk, povest, dram, nəğmə, el sənətkarları tərəfindən yaradılmış qoşma, gəraylı, rəvayət və dastanlar yada salınır, onun haqqında azərbaycanlı sənətkarlarla yanaşı, «mütərəqqi fikirli gürcü, rus, Ukrayna və digər xalqların nümayəndələri-ədibləri» də olduğu qeyd edilir, onun igid, beynəlmiləlçi, ədalətli bir şəxsiyyət kimi təsvir və tərənnümü yada salınır: «Gürcü Purtseladzenin «Qaçaq Kərəm» operası, Vano Mçedlişvilinin «Qaçaq Kərəm» dramı, İlya Xonelinin «Qaçaq Kərəm» oçerki, curnalist Sulikonun Qaçaq Kərəmə həsr etdiyi oçerk və hekayələr, Denis Kozlovskinin «Qaçaq Kərəm» oçerki, polkovnik V. Kazaçkovskinin «Qafqaz qaçaqları», Maksim Qorkinin «Qafqazda qaçaqlar» oçerki, habelə N. B. Vəzirovun «Keçmişdə qaçaqlar» pyesi, Mirzə Camalovun «Qaçaq Kərəm» əsəri, H. Mehdinin «Kərəm əfsanəsi» hekayəsi, Fərman Eyvazlının «Qaçaq Kərəm» romanı və s. Qaçaq Kərəmə həsr olunduğunu bildirir.
Tədqiqatçı yazılan bu əsərlərin, onun müəlliflərinin Qaçaq Kərəmlə bağlı fikirlərini tutarlı dəlillərlə təhlil və tədqiqini verir.
Eyni zamanda el sənətkarlarından Göyçəli Aşıq Məhəmmədin «Kərəmxan Sərtib», şair Qul Vəlinin «Qaçaq Kərəmlə Zalı xan», Hüseyn Qəmlinin «Qaçaq Kərəm» dastanlarında onun fəaliyyətinin təsvir və tərənnüm olduğunu, onun haqqında bir çox digər ölkələrdə qəzet və curnallarda yazılar çap edildiyini bildirir. Qaçaq Kərəmin tarixi bir şəxsiyyət kimi həyatı haqqında məlumat verilir.
Dastanlarda öz əksini tapan hadisələrin bir çox dramaturqların, ədiblərin əsərlərindəki hadisələrlə səsləşən epizodların müqayisəli şəkildə təhlil və tədqiqini aparan tədqiqatçı N. B. Vəzirovun əsəri ilə Qul Vəlinin dastanında oxşar olan sücetlərə diqqəti yönəldir, yazıçının bir sıra incəlikləri dastanda olduğu kimi qoruyub saxlamasını təqdir edir: «Məsələn, Qul Vəlinin «Kərəm-Zalı xan» dastanında İrana keçən kimi Kərəm Zalı xanın adamları tərəfindən yaxalanır. Lakin burada Kərəm özünü tanıtmamaq üçün zəvvar olduğunu söyləyir:
Kərəm
Mən ki, gəldim bu dünyaya,
Aləmi saldım ah-vaya.
Səfərim var Kərbalaya,
İncitmə məni, Zalı xan!

Zalı xan
Namərd igiddə ar olmaz,
Qabax söyüddə bar olmaz.
Bu libasda zəvvar olmaz,
Söyləyirsən yalan, Kərəm!

Dramaturq Nəcəf Bəy Vəzirov öz əsərini yazarkən bu incəlikləri nəzərdən qaçırmamışdır. Budur, Camal bəy öz dəstəsilə İrana getmək istərkən Pirverdi kişinin dililə belə bir ifadə verilmişdir:
«-İşdir, yolda bizə rast gələn oldu, başımda əmmamə, başlayacağam guya çavuşam. Kərbalayı müəllaya züvvar aparıram»..
Tədqiqatçı eyni zamanda Qaçaq Kərəmin elindən, obasından didərgin düşməsində Qazax qəzasının varlı bəyi İsrafil ağanın və onun tərəfdarlarının səbəb olduğunun dastanda olduğu kimi, N.B. Vəzirovun əsərində də öz əksini tapdığını bildirir. «Mütləqiyyətin əsaslarına toxunmadan onun məmurlarını kəskin tənqid etmək» (Feyzulla Qasımzadə) böyük cəsarət tələb etməsinə baxmayaraq N.B. Vəzirovun bir dramaturq kimi fəaliyyətini gözdən qaçırmayan tədqiqatçı onun bəzi obrazların adlarını dəyişməsinin səbəblərinə də toxunur və yazıçının dünyagörüşü ilə bağlı məsələlərə də aydınlıq gətirir. Bununla belə, tədqiqatçı bildirir ki «bu oxşar cəhətlər bir daha sübut edir ki, N.B. Vəzirov Qaçaq Kərəmə və onun fəaliyyətinə böyük rəğbət bəsləmiş, hətta onunla görüşmüş, yaxın dost olmuşdur. Bu dostluq xalqımızın tarixində qılıncla qələmin çox qədim dostluğunun ənənəsidir.
Kökü real tarixi hadisələrlə bağlı olan «Keçmişdə qaçaqlar» əsəri xalqın mübarizə tarixini, XIX əsrin II yarısında Azərbaycanda baş qaldırmış kəndli azadlıq hərəkatını və onun baş vermə səbəblərini özündə əks etdirən tarixi qəhrəmanlıq pyesidir».
Kamran Məmmədovun bu fikirləri ilə –«Vəzirov heç bir pyesində çar üsul-idarəsindəki özbaşınalığa qarşı «Keçmişdə qaçaqlar»dakı qədər qəzəblə coşmamışdır» -həmrəy olduğunu bildirir.
Qaçaq Kərəmin xalq ədəbiyyatında çox parlaq bir şəkildə əks olunduğunu, xalq mahnılarında, aşıq qoşmalarında və dastanlarda əbədiləşdiyini, bunların bir qisminin toplanıb arxivlərə verildiyini, mahnı kitablarında dərc edildiyini qeyd edir, onun haqqında üç tarixi qəhrəmanlıq dastanı olduğunu açıqlayır. Bunlardan birinin Göyçəli Aşıq Məhəmmədin «Kərəm xan Sərtib», o birinin Poladlı (Qul) Vəlinin «Kərəmlə Zalı xan», üçüncüsünün isə Qazaxlı Qəmli Hüseynin «Qaçaq Kərəm» dastanı olduğunu söyləyir.
Qul Vəlinin yaratdığı dastanın müxtəlif variantı olduğunu və bunlardan hələlik bizə məlum olan iki variantın: «Kərəmlə Zalı xan», «El arxası Qaçaq Kərəm» üzərində dayanır. Bunların Qazax və Gəncə bölgəsində daha çox yayıldığını söyləyir. Dastandan bir parçanın folklorşünas Hümmət Əlizadə tərəfindən toplanaraq 1938-ci ildə çap edildiyini, dastanın ikinci variantı -«El arxası Qaçaq Kərəm»in Qərbi Azərbaycanın Basarkeçər rayonunun Haqqıxlı kəndində yaşayan 87 yaşlı Məhəmməd Həsən oğlundan toplandığını bildirir və dastan haqqında öz fikirlərini söyləyir: «Dastan çox maraqlı kompozisiyaya malikdir. Kərəmin uşaqlıq yoldaşı İsrafil ağanın xəyanəti, Kərəmin atasının ölümündən sonra qaçaq düşməsi, ellərə arxa olması, Ağ yolda bazar açması, Təbrizdə Zalı xanla döyüşməsi və onu öldürməsi dastanın əsas epizodlarını təşkil edir. Dastanın yurd hissəsi nəsrlə, müraciət və hərbə-zorbalar isə nəzmlə verilmişdir. Burada bir neçə qoşma və iki deyişmə vardır. Deyişmələrdən biri Qaçaq Kərəmlə çobanların arasında, o birisi isə Qaçaq Kərəmlə Zalı xan arasında gedir».
Bəylərin azğınlığı, onların itaətlərində olan zəhmətkeş qüvvələrə qarşı amansızlığı, Qaçaq Kərəmin onlara səmimi münasibəti, Kərəmin qəhrəmanlığı təsvir olunan bu dastanlardakı əsas yüksək keyfiyyətlərlə yanaşı, tədqiqatçı Azərbaycan tarixi qəhrəmanlıq dastanlarının əsas xüsusiyyətlərindən biri olan xəlqiliyi və reallığı da diqqətdən qaçırmır: «Burada təsvir edilən hadisələr o qədər realdır ki, hətta tarixçilər belə ondan tarixi sənəd kimi istifadə edirlər. Məsələn, «Qaçaq Kərəmlə Zalı xan» dastanında Qaçaq Kərəmin İrana keçməsi, orada Zalı xanı öldürməsi real tarixi hadisədir. Rəsmi sənədlərdə həmin hadisə belə təsvir olunur:
Qaçaq Kərəmi öz torpağında tuta bilməyən rus imperatoru İran şahına məktub göndərib Kərəmin tutulmasını və rus imperiyası orqanlarına verilməsini xahiş edir. İran şahı bütün valilərə bu minvalla göstəriş verir və Kərəmin həbs edilməsini tapşırır. Bu göstərişdən sonra başqa valilər kimi Təbriz valisi Zalı xan da canfəşanlıq göstərməyə başlayır.
Zalı xana xəbər verirlər ki, Kərəm öz dəstəsi ilə «Qara Məlik» qəhvəxanasındadır. Zalı xan bunu eşidən kimi özü ilə təcili bir neçə nəfər də götürüb həmin yerə gəlir. Qəhvəxanaya girən kimi göstəriş verir ki, Kərəmin qollarını bağlasınlar. Bu vaxt Kərəm öz yoldaşları ilə onların üstünə atılır. Zalı xanı və onun iki xidmətçisini öldürüb, qaçıb aradan çıxır» (TSİA Qruz, SSR, f.12, opis1, delo №341, str, 79-83, teleqramın fars dilindən tərcüməsi).
Göyçəli Aşıq Məhəmmədin yaratdığı «Kərəmxan Sərtib» dastanının forma və məzmun etibarı ilə daha çox diqqəti cəlb etdiyini, formaca belə bir ədəbi priyomdan istifadə edildiyini söyləyir: «Ərz olsun Qazaxdan, Qazaxda Qıraq Kəsəmən kəndindən. Qıraq Kəsəmən kəndində Kərəm İsrafil bəy adlı bir nəfərlə şah qardaşı imiş. Vaxt olur ki, Kərəmgilin bir qaramalı oğurlanır. Mal itəndən sonra Kərəm İsrafil bəyin yanına gəlib, maldan onun xəbəri olub-olmamasını soruşur. İsrafil bəyin isə buna bərk acığı tutur. Deyir ki, sən məni nə yerə qoymusan ki, oğurlanmış malı məndən soruşursan?!
Bu əhvalatdan sonra Kərəmlə İsrafil bəy küsüşürlər. İş o yerə çatır ki, onlar bir-birilərinə düşmən kəsilirlər, bərk atışma düşür. İsrafil bəyin bir gülləsi Kərəmin atası İsgəndərə dəyib onu öldürür».
Belə bir müqəddimədən sonra aşığın öz dastanını söyləməyə başlamasını, dastanın böyük bir müxəmməsdən ibarət olduğunu, müxəmməsin hər bəndində Kərəmin müəyyən bir fəaliyyətinin tərənnüm olunduğunu, hər bənddən əvvəl həmin hadisəni nəsrlə söylədiyini və bunun arxasınca müxəmməsin bir bəndini dediyini oxucunun nəzərinə çatdırır. Beləliklə, dastanda nəsr və nəzmlə Kərəmin qaçaq düşməsi, «Ağ yolda bazar» açması, təqib olunması, İrana keçməsi, Zalı xanla görüşməsi, onu öldürməsi, şahın xəzinəsini oğurlayanları tutması, nəhayət, şahın ona sərtiblik rütbəsi verməsi və s. kimi uzun bir dövr əhatə edilmişdir. Əlbəttə, Qaçaq Kərəm haqqında yaradılmış başqa dastanlardan fərqli olaraq, qısa, lakin məzmunlu olan bu dastanda uzun bir dövr təsvir və tərənnüm olunsa da, bizcə, bu, normal dastan səviyyəsinə yüksəlməmişdir. Və yaxud əksinə, X1X əsrdə yaradılmış bu dastan, xalq dastanlarının yeni formasıdır».
Bu dastanda digər dastanlardan fərqli olaraq iki xan surətinin qarşılaşdırılmasını, Zalı xanla Teymur xan arasındakı düşmənçilik, Kərəmin Teymur xanın əyalətində sığınacaq tapmasını, bu zaman şahın xəzinəsinin oğurlanması, oğruları Qaçaq Kərəmin tapması və qoçaqlığı Teymur xanın adına çıxmasını, lakin sonra bu məsələnin üstünün açılmasını, şahın Kərəmin bu təvazökarlığını görüb ona sərtiblik ixtiyarı verməsini, ətraf kəndlilərin bunu eşidib Qaçaq Kərəmə pənah gətirməsini, Kərəmin yoxsullardan vergi almamasını, yetim-yesirə əl tutmasını, onun sədasının hər yerə yayılmasını, Aşıq Məhəmməd Göyçəlinin Kərəmin kərəmliyini tərif etməsini, onun dediyinə görə, Qaçaq Kərəmin 1909-cu ildə Azərbaycanın Xoy şəhərində öz əcəli ilə vəfat etdiyini, orada dəfn olunduğunu qeyd edir.
Tədqiqatçı Qaçaq Kərəmin yüksək insani keyfiyyətlərinin dastanda təsvir və tərənnümünə xüsusi diqqət ayırır və fikirlərini belə ümumiləşdirir: «Dastanın əsas qəhrəmanı olan Qaçaq Kərəm igidlik, vətənpərvərlik, vətəninə sədaqətli, bir sözlə, ən yüksək insani xüsusiyyətləri özündə toplamış bir obrazdır. Onun cəngavərliyinin əsasını təşkil edən nə qarət həvəsi, nə hakimiyyət eşqi, nə də şəxsi şöhrətdir. Bunların heç birisi onun üçün məqsəd deyildir. O, xalqına və onun gücünə inanır, ona görə də əyilməz və məğrurdur. Vətəninə və xalqına sadiq olan Qaçaq Kərəm basılmaz və məğlubedilməzdir. Bəzən onun üstünə bir alay göndərirlər. O yenə də qalib çıxır».
Azərbaycan tarixi qəhrəmanlıq dastanlarını «sinfi mübarizələr tarixinin bədii əksi» adlandıran tədqiqatçı M.H. Təhmasibin, Vaqif Vəliyevin, professor Teymur Bünyadovun «Qaçaq Kərəm» dastanı haqqında yüksək fikirlər söylədiyini bildirir və fikrini belə yekunlaşdırır: «İstər Azərbaycan yazıçılarının və istərsə də qeyri -Azərbaycan ədiblərinin Qaçaq Kərəmə həsr etdikləri dərin ideya məzmuna və mükəmməl bədii formaya malik olan bu bədii əsərləri hər bir Azərbaycan vətəndaşının tərbiyəsində böyük rol oynamış və oynayacaqdır. Hər şeydən əvvəl bu əsərlər vətənə hədsiz məhəbbət hissindən, xalqlar dostluğu və beynəlmiləlçilik ideologiyasına adamlarımızın əməl etmələrindən ibarətdir. Azərbaycanın el şairlərinin və müasir yazıçılarının əsərlərində diqqəti cəlb edən başlıca cəhət xalq kütlələri içərisindən çıxmış ayrı-ayrı görkəmli şəxsiyyətlərlə xalqın sıx qarşılıqlı əlaqəsinin, bu şəxsiyyətlərin mənəvi inkişafının geniş kütlələrin mənəvi inkişafı ilə qırılmaz surətdə bağlı olmasının realist təsvirindən ibarətdir. Kərəmin mərdliyi, qoçaqlığı, kəndlilərə və şəhər yoxsullarına yaxşılığı, ədalətli olması… ədiblərə xoş gəlmiş və ona görə də bu maraqlı şəxsiyyət haqqında eşitdiklərini və bildiklərini öz əsərlərində tərənnüm etmişlər. Saz və söz ustalarımızın bu müsbət, cəsur qəhrəman obrazları heç də fövqəltəbii, müstəsnalıq təşkil edən şəxsiyyətlərdən ibarət olmayıb, öz xalqının oğlu, qorxmaz, cəsarətli, sədaqətli, həmçinin sadə, nəcib, milli və beynəlmiləlçi adamlardır. Tarix belə adamları öz səhifələrində daim yaşadır və başqalarına nümunə göstərir. El qəhrəmanlarının adlarını özündə əbədiləşdirmiş bu dastanlar sonrakı dövrlərdə yaranmış bir sıra qəhrəmanlıq dastanlarına da müəyyən təsir göstərmişdir».
Rüstəm Rüstəmzadə Qaçaq Kərəm haqqında bir çox dəyərli əsərlərin müəllifidir. Bu dəyərli tədqiqat işləri haqqında da fikirlərini oxuculara çatdırmaq yerinə düşər.
Qaçaq Kərəm haqqında apardığı araşdırmalarında tədqiqatçı X1X əsrin 2-ci yarısında Azərbaycanın ayrı-ayrı qəzalarında 100-dən artıq qaçaq dəstəsi olduğu fikrindədir. Burada xalq arasında hörmət qazanmış və tanınmış qaçaqlardan Dəli Alı, Bozalqanlı Tanrıverdi, Məşədi Yolçu, Moduşoğlu, Qaçaq Adıgözəl, Qaçaq Nağı, xüsusilə, Qaçaq Nəbi və Qaçaq Kərəm xatırlanır və bildirilir ki, «Onların üsyançı dəstələrinin çar çinovniklərinə, bəylərə və mülkədarlara qarşı silahlı mübarizəsi yerli istismarçı və hökumət orqanlarını təşvişə salmışdır. Bu üsyançı qaçaq dəstələri içərisində şöhrət qazanmış Qaçaq Nəbidən sonra Qaçaq Kərəmin dəstəsi olmuşdur».
Onun həyat və fəaliyyətini araşdırarkən qeyd edir ki, Qaçaq Kərəm (Mollazalov) Mollazaloğlu dövrünün gözüaçıq, qabaqcıl adamlarından olmuş, onun ərizə yazdırıb hökumət orqanlarından torpaq tələb etməsi yerli bəylərin xoşuna gəlməmiş, bunun nəticəsində ona böhtan atıb həbs etdirmişlər. Hökumət orqanları onu sürgünə göndərmişdir. «Lakin o, sürgündən qaçaraq Qazax mahalında qaçaqlıq edir. Az vaxtdan sonra isə yerli bəylərdən olan İsrafil ağa Kərbalayevin adamları tərəfindən atası 1884-cü ildə öldürülür. Bunun müqabilində Kərəm İsrafil ağanın iki əmisini öldürür. Bir daha kənddə qalmağın mümkün olmadığına və hökumət orqanları tərəfindən təqib edildiyinə görə qaçaqlıq etməyə başlayır.
Polis Kərəmi izləyir və onu həbs etməyə çalışır. Lakin elə ilk vuruşmada Kərəm onu təqib edən pristavı və polis nəfərlərindən bir neçəsini öldürür. Bu hadisədən sonra Kərəmin şöhrəti Qazax mahalına, Yelizavetpol quberniyasına və ətraf qəzalara yayılır. Onun şəxsi prinsipi sonradan ictimai xarakterə çevrilir».
Tədqiqatçı Maksim Qorkinin Qaçaq Kərəmin «yalnız Zaqafqaziyada deyil, Kuban kazakları arasında da öz mərdliyi və cəsurluğu ilə şöhrət tapmış, əfsanəvi hala salınmış qaçaq kimi məşhur» olduğunu söylədiyini bildirir. Qaçaq Kərəmi, onun dəstəsini ləzgi, gürcü və rus kəndlilərinin təqiblərdən qoruduğunu bildirir və bunu xalqlar arasında dostluğun ən sadə və aydın təzahürü kimi qiymətləndirir.
Tarix elmləri doktoru Teymur Bünyadov göstərir ki, «X1X əsrin 80-ci illərində yerli hökumət orqanları Qaçaq Kərəmin üsyançı dəstəsinin bəy və mülkədarlara qarşı amansız mübarizəsindən və bu dəstənin yoxsul kəndlilər arasında geniş şöhrət qazanmasından təşvişə düşərək, Kərəmə qarşı ciddi mübarizə aparmaq və ona birdəfəlik divan tutmaq üçün Şimali Qafqazdan Azərbaycana beş yüz nəfərlik atlı kazak dəstəsi gətirmişdilər. Lakin ələ keçirməyə və onun dəstəsini dağıtmağa müvəffəq olmamışdılar».
Qaçaq Kərəmin təkcə Qafqazda və Kubanda deyil, İran və Türkiyədə də məşhur olduğunu, İran Azərbaycanına keçdiyini, azərbaycanlıların öz azadlığı uğrunda apardığı mübarizəyə kömək etdiyini, kəndlilərə qarşı amansız olduğuna görə Zalı xanı öldürdüyünü, xalqın məhəbbətini qazanan Kərəm haqqında Cənubi Azərbaycanda bu hadisələri təsvir edən «Qaçaq Kərəm və Zalı xan» adlı dastan yarandığını qeyd edir.
Qaçaq Kərəmin həyatı haqqında əldə etdiyi dəlillərə əsasən onun Türkiyəyə keçdiyi vaxt sərhədçilər tərəfindən təqib olunarkən sərhəd rəisi Navim bəyi öldürməsini, yenidən öz torpaqlarına qayıdan Qaçaq Kərəmin günahsız kəndlilərin onun üstündə çar məmurları tərəfindən incidildiyini görüb, X1X əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana keçdiyini və orada–Xoy kəndində Həsən adlı bir nəfər kəndlinin Zəhra adlı qızı ilə evləndiyini, Kərəmin xalq arasında hörmət qazandığını görən İran məmurlarının da onu təqib etdiyini, həyat yoldaşı Zəhranın Kərəmlə evləndikləri ilk gündən etibarən heç zaman Kərəmin dəstəsindən ayrı yaşamadığını bildirir. Və bunu da bildirir ki «deyilənlərə görə, bir müddət çöldə yaşayan Kərəmin arvadı Zəhra xanım dəfələrlə uşaq xərc eləyir. Nəzərində müqəddəs bir xilqət hesab olunan qadının bu cür dözülməz vəziyyəti Kərəmə hədsiz dərəcədə təsir edir. Məhz bunun nəticəsində o, bağışlanılmasını arzu edir və yaxın dostlarının köməyi sayəsində üzə çıxır.
Bundan sonra onun dörd qızı və bir oğlu olmuşdur ki, bunlardan biri atasının ölümündən sonra 1912-ci ildə Cənubi Azərbaycandan öz ata yurduna gəlmiş, hal-hazırda Qazax şəhərində yaşayan 70 yaşlı Mollazalova Bahar Kərəm qızıdır. Kərəm bağışlanılmasına baxmayaraq, o, ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparmışdır. Qaçaq Kərəm təxminən 1909-cu ildə vəfat etmişdir».
Qaçaq Kərəm haqqında da çoxlu nəğmələrin, iki dram əsərinin, üç dastanın ( «Kərəm və Zalı xan», «Kərəm xan sərtib», və «Qaçaq Kərəm») və çoxlu rəvayətlərin olduğunu bildirən tədqiqatçı rus yazıçısı Maksim Qorkinin özünün «Qafqazda qaçaqlar» əsərini Qaçaq Kərəmə həsr etdiyini, onu «ədalət mücəssiməsi» adlandırdığını bildirir.
«Ədalət mücəssiməsi Qaçaq Kərəm haqqında nələri bilirik» məqaləsində «Qaçaq Kərəm haqqında son otuz ildə respublika mətbuatının əksəriyyətində xeyli yazılar» yazıldığını, «Azərbaycan Elmlər Akademiyasının xəbərləri»ndən tutmuş ta «Azərbaycan», «Literaturnı Azerbaydcan» curnallarında, «Ədəbiyyat və İncəsənət», «Azərbaycan gəncləri», hətta bir sıra şəhər və rayon qəzetlərində, «Şifahi xalq ədəbiyyatına dair tədqiqlər»də və s. mətbuat səhifələrində bu fədakar qəhrəman haqqında xeyli yazılar çap olun»duğunu, ayrı-ayrı monoqrafiyalarda belə Qaçaq Kərəm haqqında maraqlı yazılar verildiyini söyləsə də bu fikirdədir ki, «bununla yanaşı, deyə bilərik ki, Qaçaq Kərəm ayrıca bir mövzu obyekti kimi bu günə qədər lazımı səviyyədə işlənməmiş və tədqiq olunmamışdır. Bu yalnız şifahi ədəbiyyat mütəxəssisləri üçün deyil, eyni zamanda yazılı ədəbiyyat tədqiqatçıları üçün də çox maraqlı mövzudur».
Uzun müddət Zaqafqaziyada qaçaqçılığa qarşı mübarizə aparmış rus məmuru polkovnik V.Kazaçkovskinin 1913-cü ildə Vladiqafqazda çap etdirdiyi «Razboy na Kafkaze» adlı kitabına on yeddi nəfər Qafqaz qaçağı haqqında oçerk daxil etdiyini, onlardan on bir nəfərin azərbaycanlı qaçaqlar olduğunu, içərisində isə Qaçaq Kərəmə daha çox yer verildiyini bildirir.
Tədqiqatçı Nəcəf bəy Vəzirov, M.S.Ordubadi, Səməd Vurğun, Mehdi Hüseyn, Vano Mçedlişvili, Purtseladze, Suliko, Maksim Qorki, Denis Kozlovski və başqaları da Qaçaq Kərəm haqqında gözəl əsərlər yazdığını bir daha açıqlayır.
Tədqiqatçı rus ədəbiyyatının tanınmış simalarından biri olan Qorkinin folklorla bağlı dəyərli fikirlərinə münasibətini bildirən «Qorki və folklor» əsərində böyük rus yazıçısının gənc yaşlarından xalq yaradıcılığına maraq göstərdiyini, xalq ədəbiyyatını hafizələrində qoruyub saxlayan yaşlı nəsillə əlaqələr saxladığını, onların söylədikləri nağıllara, əfsanə və rəvayətlərə diqqətlə qulaq asdığını, bundan böyük həzz aldığını şərh edir:
«Xalq nağılları və mahnıları sizə nə vermişdir?» -sualına Qorki belə cavab vermişdir: «Söz sənətkarlığı ilə, zəhmətkeş xalqın qədim şeir və nəsri ilə,- onun ilk əvvəl yazının icadından qabaq yaranıb «ağızdan-ağıza» gəzdiyi üçün «ağız (şifahi) ədəbiyyatı adlanan ədəbiyyatı ilə,- bu ədəbiyyatla mən erkən, altı-yeddi yaşında ikən tanış olmuşdum. Məni bununla iki qarı: nənəm və dayəm Yevgeniya tanış etmişdilər».
Tədqiqatçı Qorkinin həyatında mühüm rol oynamış folklorun rolunu, onun bu materiallardan istifadə edərək yaradıcılığını zənginləşdirdiyini, digər sənətkarları da folklor mənbələrindən bəhrələnməyə çağırdığını, xalq yaradıcılığına, xalqın yaratdığı ədəbiyyata, incəsənətə yüksək qiymət verdiyini araşdırır. Tədqiqatçı onun əsərləri, fikirləri əsasında bu qənaətə gəlir ki, «Qorki yaxşı bilirdi ki, «xalq yaradıcılığını öyrənmədən əməkçi xalqın əsl tarixini öyrənmək olmaz». Axı «çox qədim zamanlardan bəri folklor yorulmadan öz xüsusi yolu ilə tarixə yoldaşlıq edir. XI Lüdovikin, İvan Qroznının fəaliyyəti haqqında onun öz mülahizəsi vardır, bu mülahizə mütəxəssislər tərəfindən yazılan tarix qiymətlərilə daban-dabana ziddir; mütəxəssis tarixçilər, monarxlarla feodalların mübarizəsindən əməkçi xalqın həyatına daxil olan yeniliklərlə o qədər də maraqlanmamışlar». Odur ki, bu «yeniliklər» xalqın özü tərəfindən yaradılmış söz sənətində daha aydın əks olunmuşdur və bu bizə daha çox material verir».
Qorkinin qurultayda söylədiyi («Təkrar edirəm: söz sənətinin ibtidası folklorda/xalq ədəbiyyatındadır. Folklorunuzu toplayınız, ondan öyrəniniz, üzərində işləyiniz. O sizə də, bizə də…çox material verər») fikirlərinə şərik olan tədqiqatçı onun xalq ədəbiyyatını təkcə dinləmədiyini, bunlar haqqında dəyərli fikirlər söylədiyini, folklor mənbələrindən tapmacalar, zərb-məsəllər, atalar sözləri, nağıllar, dastanlarda qoyulan tərbiyəvi məsələlər haqqında qiymətli fikirlər söylədiyini araşdırır, onun təkcə yazıçı kimi deyil, həm də folklorşünaslığın banisi kimi şöhrət tapdığını bildirir. Nağılların ona nə verdiyi barədə Qorkinin söylədiyi cavabları onun özündən gətirdiyi sitatlarla ümumiləşdirir: «Qorki nağılların insanlara nə öyrətdiyini, onlara nə verdiyini belə izah edirdi: «Bu nağıllarda biz heyvanların əhliləşdirilməsi, şəfalı otların tapılması, əmək alətlərinin ixtirası işlərinin inikasın eşidirik. Uzaq keçmişdə insanlar havada uçmağın mümkün olması haqqında düşünmüşlər. Bu barədə həmçinin «Uçan xalça» haqqındakı əfsanə bir misaldır. İnsanlar yer üzündəki hərəkətin sürətini artırmaq haqqında düşünmüşlər. «Sürətlə yürüyən çəkmə haqqında masal» atı mənimsəmişlər, çayda, onun təbii axınından daha sürətlə üzmək arzusu var və yelkən ixtirasına səbəb olmuşdur. Düşməni və yırtıcı heyvanları uzaqdan öldürmək arzusu nizə, ox və kaman ixtirasına səbəb olmuşdur».
***
İnqilabi dastanlar haqqında danışarkən «Səttarxan» dastanının yaranması, onun haqqında aşıqların külli miqdarda qoşmalar söylədiyini, mahnılar qoşduqlarını qeyd edir. Məşrutə inqilabının ən həyəcanlı dövrü, onun yüksək zirvəsi, onun demokratik mahiyyətini gücləndirən Təbriz hərəkatının olması, eyni zamanda Səttarxanın xalq hərəkatı sərkərdəsi kimi meydana çıxmasını, «təkmilləş»diyini, tam aydınlığı ilə görünməyə başladığını qeyd edir, fədailərin dəstəsinin günü-gündən gücləndiyini, Səttarxanın və Bağırxanın başçılığı ilə mühüm əyalətlərin yenidən inqilabçıların əlinə keçdiyini, xalqın qüdrətini qırmağın mümkün olmadığını, iyulun 3-də məclisdə Məmmədəli şahın devrildiyini, oğlu Sultan Əhmədi şah elan etməsini, 1911-ci ilin sonlarında İrana yenidən daxil olmuş rus və ingilis qoşunlarının inqilabçı cəbhənin müqavimətini qırmasını, həmin ilin dekabrında ikinci məclisin də buraxıldığını, dövlət çevrilişi elan edildiyini, inqilabın fəal üzvlərinin həbs edilməsini və bununla da altı ildən çox davam edən İran inqilabının yatırıldığını bildirir.
Demokratiya uğrunda aparılan bu mübarizənin təşkilatçılarından olan Səttar xanın fəaliyyətinin qiymətləndirilməsi, haqqında müxtəlif əsərlər yazıldığı, bir qəhrəman kimi təsvir və tərənnüm edildiyini, onun haqqında yaradılmış Aşıq Hüseyn Cavanın «Səttarxan» dastanını daha çox diqqətəlayiq bir dastan kimi araşdırır: «Lakin aşıq bu dastanı birdən-birə yaratmamışdır. O, əvvəlcə Səttarxan haqqında bir sıra qoşmalar demiş, sonra isə bu böyük sərkərdəyə olan sonsuz məhəbbətini bu iki qoşmada tərənnüm edə bilmədiyindən «Səttarxan» dastanı yaratmaq istəmişdir. Uzun müddət Səttarxan haqqında rəvayətləri, tarixi sənədləri öyrənmiş və nəhayət məqsədinə nail ola bilmişdir. Əslində Hüseyn Cavanla Səttarxan arasında son dərəcə mənəvi və ruhi bir yaxınlıq vardır. Çünki aşıq gözünü açandan həmişə və hər yerdə Səttarxan adını, onun fədakarlığını, əfsanəvi qəhrəmalıqlarını eşitmiş, xalqının belə böyük bir sərkərdəsi olduğu ilə fəxr etmişdir. Odur ki, Tufarqanlı Abbasın, Tikmədaşlı Qasımın şeirlərindən qidalanan şair-aşıq gəncliyinin ilk qızğın çağlarında məhəbbətin qüdrətinə həsr etdiyi şeirlərlə yanaşı, Səttar xanın haqqında da şeirlər qoşmuşdur».
Sücet və kompozisiya cəhətdən «Qaçaq Kərəm», «Qaçaq Tanrıverdi» kimi qəhrəmanlıq dastanlarına yaxın olduğunu, milli-azadlıq ideyaları, imperializmə qarşı, xüsusilə, İran şahı Məmmədəli şahın despotluğuna «qarşı mübarizənin dastanın əsas qayəsini, ana xəttini» təşkil etdiyini araşdırır.
Dastanın «Koroğlu» eposundan bəhrələnən, buradakı qoşmaları Koroğlu qoşmalarına çox yaxın olan keyfiyyətlərini göstərir: «Məsələn, Rəhim xana qarşı vuruşa hazırlaşan Səttarxan öz qoşununa belə bir göstəriş verir:
Qaniçən yağılar, quduz cəlladlar,
Azər ölkəsində tutulsun gərək.
Vətən xainləri, alçaq insanlar,
Bir yolluq vətəndən atılsın gərək!

Şirlər məskəninin böyükdür adı.
Sönməz azadlığın bu qızıl odu.
Qoy bilsin yurdumun hər bir övladı,
Düşmənlər qol-qola çatılsın gərək!

Tutun Rəhim xanı, qırın qoşunu,
Xaini, oğrunu, quldurbaşını,
Gətirin Sərdara düşmən başını,
O başlar torpağa qatılsın gərək!

Həmin qoşma Koroğlunun «Düratın itməsi» münasibətilə dəlilərinə dediyi qoşmaya bənzəyir. Daha doğrusu nəzirədir. Məsələn, Koroğlu üzünü öz igidlərinə tutaraq deyir:

Hoydu dəlilərim, hoydu oğullar,
Hardasa Düratım tapılsın gərək.
Aman çəksin əlimizdən yağılar,
Müxənnət obası çapılsın gərək!

Durub mərd meydanda göstərrəm hünər,
Qənimlər nərəmdən eyləyər həzər!
At üstə sağ-sola işlədək şeşpər,
Qoşun qayalara səpilsin gərək!

Qoç igid yalıyar özü öz qanın,
Koroğlu, hər yana işlər fərmanın,
İndi bəy, paşanın, xotkarın, xanın,
Dərisinə saman təpilsin gərək!»

Dastandakı xalq ruhu, canlı danışıq ifadələri tədqiqatçının gözündən yayınmır və müsbət keyfiyyətlər kimi xarakterizə edilir.
Dastanda Səttarxanın başına topladığı fədailərlə Məmmədəli şaha, mütləqiyyətə qarşı silahlı mübarizə aparmasından, hər yerdə onun qoçaqlığından, fədakarlığından söhbət açıldığını, xalqı işgəncələrdən qurtarmağa çalışdığı, onu müdafiə etdiyi, ona səadət gətirmək istəyən Səttarxan və Bağır xanı xalqın alqışladığı, dastanda verilən surətlərin tarixi şəxsiyyətlər olduğu, bütün hadisələrin Səttarxan ətrafında cərəyan etdiyinin tədqiqatçı dastandan gətirilən nümunələrlə ətraflı təhlil və tədqiqini verir. Səttarxan obrazının xüsusilə dərin təhlilini verir, onun bütün xarakterik xüsusiyyətlərini, dastan qəhrəmanlarına məxsus müsbət cəhətlərini araşdırır: «Səttarxanın döyüş meydanındakı fədakarlığı da məharətlə tərənnüm edilmişdir. O, müasir silahla, tüfənglə, tapança ilə düşməni yerə sərir, odlu silahdan məharətlə istifadə edir. O, eyni zamanda siyasəti, hiyləni yaxşı dərk edir, tez başa düşür və ağıllı tədbir görür. Xalqa azadlıq bəxş etməsilə fəxr edir, sevinir. Ancaq göstərdiyi fədakarlıqlar üçün xalq qarşısında qürrələnmir. Xalqın arzu və istəklərini özündə cəm edən Səttarxan oxucunun və dinləyicinin gözündə bir daha yüksəlir. Ona olan məhəbbət xalqın qəlbində dərin kök salır. Məhz bu fədakarlığının nəticəsidir ki, neçə-neçə analar öz övladlarına Səttarxan, Səttar, Sərdar adlarını vermişlər».
Özü kimi silahdaşlarının da qəhrəmanlıqlar göstərdiyini, lovğalanmadıqlarını, qələbələrini dostlarının, xalqının adı ilə bağladığını, Səttarxanın xalq qəhrəmanı kimi əsas xüsusiyyətlərini, dastan ənənələrinin, dastanlardakı nikbin sonluqların burada da gözlənildiyini açıqlayır. İnqilabın məğlubiyyətinin, Səttarxanın ölümünün dastanda verilmədiyini, dastanın Təbriz inqilabının qələbəsi ilə bitdiyini qeyd edir və bildirir ki, «Aşıq Hüseyn Cavan dastan ənənələrinə uyğun olaraq xalqın mübarizəsini haqq-ədalət mübarizəsi kimi vermiş və bu mübarizəni tarixi hadisələr əsasında Təbriz inqilabının qələbəsi ilə başa çatdırmışdır» (M. Həkimov).
Rüstəm Rüstəmzadə hərbi dastanların da dərin elmi təhlilini verir. Bu dastanlar içərisində Şah İsmayılla Taclı bəyimin qəhrəmanlığından bəhs edən müxtəlif adlarla ədəbiyyatımızda yaşayan dastanı tədqiqat obyekti kimi götürür. Bununla bağlı yaranan dastanı Həmid Araslı şərti olaraq «Şah İsmayıl dastanı», Əzizağa Məmmədov «Şah Xətayi dastanı», M. H. Təhmasibin isə «Şah İsmayıl-Taclı bəyim» dastanı adlandırdığını qeyd edir.
Rüstəm Rüstəmzadə dastan üzərində daha geniş araşdırmalar aparır. Bir çox tarixi məsələlərə, məqamlara aydınlıq gətirməyə çalışır.
Dastanın yaranması haqqında müxtəlif mülahizələrə nəzər salır, dastanın Şah İsmayıl Xətayinin şeirləri əsasında yaradıldığını iddia edənlərin fikirlərinə aydınlıq gətirməyə çalışır. Bu döyüşdə vuruşan el sənətkarları ilə yanaşı, Şah İsmayıl Xətayinin də iştirak etdiyini, onun özünün də nəğmələr qoşduğunu, şeirlər yazdığını, həmin qoşmaların «dövrün yanşaqları tərəfindən rəvayətlərlə birlikdə təfsilatı ilə söylənərək dastan şəklinə salındığını, bu fikri təsdiq edən tədqiqatçıların olduğunu bildirir. Azərbaycan Elmlər Akademiyasının 1958-ci ildə nəşr etdiyi «Azərbaycan tarixi»nin birinci cildində yazılan bu fikirləri yada salır ki, «İsmayılın (Xətayinin) şeirləri hələ XVI əsrin ortalarından başlayaraq «Şah İsmayıl» dastanında toplanmışdır. Zəmanəmizə qədər dastanın ancaq Səfəvilər dövlətinin Çaldıran vuruşmasından sonrakı vəziyyətini işıqlandıran hissəsi gəlib çatmışdır. Bu hissədə I İsmayıl tarixi bir şəxsiyyət, Türkiyəyə qarşı müharibələrin qəhrəmanı kimi göstərilmişdir».
Tədqiqatçı dastandakı qoşmaların Şah İsmayıl Xətayinin heca vəznində, qəhrəmanlıq ruhunda yazdığı şeirlərə yaxın olsa da, burada digər yanşaqların, ola bilsin ki, sarayda yaşayan digər yanşağın da varlığının inkar edilmədiyini bildirir. «Qoşmalardakı sadəlik, XVI əsr yanşağının üslubuna yaxın olması, hətta dastanın təhkiyə hissəsində işlədilmiş «Şah İsmayıl hələ bataqlıqda qalmaqda olsun, sizə kimdən xəbər verim...» və bu kimi ifadələr, bir sıra spesifik xüsusiyyətlər fikrimizin doğruluğuna yardım edir. Bizcə nə dastandakı qoşmaları, nə də dastanı Şah İsmayıl yaratmamışdır».
Tədqiqatçı Şah İsmayılın hökmdar olsa da, onun Çaldıran döyüşündən sonra belə özünü mədh edən şeirlər söyləyə biləcəyinə inanmır, onun bu döyüşdən sonrakı şeirlərinin «bədbinliklə yoğrulduğunu» bildirir. Eyni zamanda, bu döyüşdə Taclı bəyimin əsir düşməsini, kədər və iztirablar içində çırpınan şairin duyğularını oxucuya xatırladır. Onun aşağıdakı misralarını nümunə gətirir:

Dəmbədəm yol gözlərəm, sevgili yarım gəlmədi.
Qalmışam qış möhnətində, novbaharım gəlmədi.
Xeyli müddətdir ki, mən ta ayrı düşdüm yaridən,
Görmək üçün həddən ötdü intizarım gəlmədi.
Xəstədir Miskin Xətai, bir misali əndəli,
Hüsnü bağində cəmali güllüzarım gəlmədi.

Tədqiqatçı bu dastanda Taclı bəyimin əsir düşməsi ilə bağlı bəzi mübahisəli fikirlərə aydınlıq gətirməyə çalışır. Şah İsmayıl Xətayinin tədqiqatçılarından olan Əzizağa Məmmədovun yuxarıdakı misralardakı fikri təsdiq etdiyini söyləyir. Əzizağa Məmmədov yazır: «1514-cü ildə Çaldıran müharibəsindən sonra Şah İsmayılın bədbinləşməsi və bilavasitə bu müharibədə Taclı xanım adı ilə məşhur olan arvadının Osmanlı ordusuna əsir düşməsi tarixən məlumdur. Şair Taclı xanımın düşdüyü ağır vəziyyətdən kədərlənərək uzun müddət iztirab çəkmişdir. Bu əhvali-ruhiyyəni Xətai öz əsərlərində də yaşada bilmişdir».
Tədqiqatçı Əzizağa Məmmədovun fikirlərini inandırıcı saymır, bu mübahisəli məsələyə bir qədər aydınlıq gətirməyə çalışır.
Döyüş zamanı «üzü niqablı» bir qadının vuruşduğu barədə I Sultan Səlimə xəbər çatdıqda onun diri tutulması haqqında əmrinə əsasən böyük bir dəstənin bu üzü niqablı qadını mühasirəyə salıb əsir götürmələrini türk alimlərindən Şəmsəddin bəy Sami və Haqqı Uzunçarşılı xəbər verdiyini, «hətta Şəmsəddin bəy Sami bu döyüşdə Taclı xanımın əsir alınaraq Vidin bəyi Məsih Paşazadəyə, Haqqı Uzunçarşılı isə Vidin Sancaq bəyi Məsih bəyə təslim etdiklərini» göstərdiklərini, Hətta Uzunçarşılı Taclı xanımın üstündəki ləl-cəvahiratı Məsih bəyə rüşvət verməklə əsirlikdən azad olduğunu» qeyd etdiyini bildirən tədqiqatçı bu fikirlərin doğru olmadığı qənaətindədir. Bu cəhətdən Oqtay Əfəndiyevlə, Seyidağa Onullahi ilə həmfikir olduğunu, onların tamamilə haqlı fikirlərini dəstəkləyir: «Çünki dastanda da Taclı bəyimin əsir düşməsi barədə heç nə yoxdur. O, döyüşdə qəhrəmanlıqla vuruşarkən ağır yaralanır və yaralı vəziyyətdə geri dönür, öz sarayına, şahın yanına gəlir. Göstərdiyi fədakarlıq həm türk, həm Azərbaycan, həm də fars tarixçiləri tərəfindən dönə-dönə qeyd olunur. Məsələn, Azərbaycan tarixçisi Nadir Mirzə yazır:
«Mən dəqiq tədqiqat işi apardım və çox yəqinliklə yazıram ki, Taclı xanımın osmanlı ordusu tərəfindən əsir alınaraq Türkiyəyə aparılması osmanlı müəlliflərin uydurmasıdır».
Bəzi məqamlara yenidən qayıdan tədqiqatçı bu fikirdədir ki, «əslində türk müəllifləri də bu qadının kim olduğunu doğru müəyyən etməmişlər. Onlar da bu döyüşkən niqablı qadının gah Taclı xanım, gah Taclı bəyim, gah da Bəhruzə xanım olduğunu söyləyirlər. Lakin bildiyimiz kimi, Taclı xanım bu qəhrəman qadının əsil adı olmayıb, şah tərəfindən döyüşdə şahanə və hünərlə vuruşduğu üçün verilmiş tituldur, qəhrəmanlıq tituludur. Görünür, Çaldıran döyüşündə belə Taclı bəyimlər adına layiq görülmüşlər bir nəfər olmamışlar. Məsələn, şahın sevimlisi Bəhruzə xanım da Çaldıran döyüşündə böyük fədakarlıqla vuruşmuşdur. Bəlkə də bu «niqablı qadın» elə Bəhruzə xanım olmuşdur».
Türk müəlliflərinin onun da əsir düşdüyünü, «osmanlı qoşunu qazisi Tacizadə Cəfər paşaya ərə verildiyini», Bəhruzə xanımın da şahın zövcəsi olduğu üçün «Taclı xanım» adlandırıldığını, bu fərziyyələrin arxasındakı real həqiqətləri, xüsusilə, tarix elmləri doktoru Oqtay Əfəndiyevin bu fikri təsdiq etdiyini, «döyüş zamanı əsir düşən qadının Şahbəyim xanım deyil, məhz Bəhruzə xanım olduğunu» iddia etməsini dəstəkləyir.
Təhmasib də əslində dastandakı versiyanı, Taclı bəyimin əsir düşməməsi versiyasını maraqlı adlandırmışsa, o da deməli, Taclı xanımın əsir düşməsinə inanmamışdır. Nədənsə R. Rüstəmzadə onun adını Taclı bəyimin türklərə əsir düşdüyü versiyasını qəbul edənlər arasında adını çəkir.
M.H. Təhmasib «Azərbaycan xalq dastanları (orta əsrlər) adlı kitabında «Respublika Əlyazmaları Fondunda saxlanılan bir cüngdə bu dastanın məzmunu haqqında çox müxtəsər məlumat və bir neçə qoşmanın, deyişmənin bəzən ikişər misraları, bəzən də bir-iki» bəndi verildiyini, bunların hamısının «Mir İmadın xəttilə yazılmış olan «Vaqiatı-Şah Xətai»-dən eynilə» köçürüldüyünü, dastanın sücet ardıcıllığının köçürmə zamanı pozulduğunu, dastanın «xalq ədəbiyyatı ilə heç tanış olmayan bir katib tərəfindən yazıya» alındığını bildirir. Bununla belə, Təhmasibin diqqətini cəlb edən Taclı bəyimlə bağlı məsələdir:
«Məlum olduğu üzrə, Çaldıran müharibəsində Şah İsmayılın qadını əsir düşmüş, Sultan Səlim də insanlığa yaraşmayan bir şəkildə onu öz məmurlarından birinə güclə ərə verdirmişdi. Bəzi mənbələr şahın bu qadının Taclı bəyim olduğunu yazırlar. Bəzi mənbələr isə Çaldıran müharibəsində şahın iki qadınının iştirak etdiyini, əsir düşdüyünü, bunlardan Taclı bəyimin qaçıb qurtardığını yazırlar. Tarix elmləri namizədi Oqtay Əfəndiyevin bir sıra mənbələrə əsaslanaraq verdiyi məlumata görə əsir düşüb güclə ərə verilmiş qadın Bəhruzə xanım imiş. Diqqət edilsə, bizim dastandan da bu sonuncu versiyanın doğru olduğu görülməkdədir. Dastana görə, «Şah Təhmasibin anası olan Taclı bəyim Əbdi bəy qızı qəhrəman bir qadın kimi düşmənlə qarşılaşmış, bir neçə yerindən oxla, nizə ilə yaralanmış halda aradan çıxmış, qardaşı Durmuş xanla birlikdə «Qaradaş» qalasında gəlib şaha çatmışdır və s.
«Taclı xanım Şamlu» adlı məqaləsində də Rüstəm müəllim Azərbaycan xalqının milli qəhrəman qadınları sırasında adı çəkilən Taclı xanım haqqında məlumat verir. Onun tarixi şəxsiyyət olub, Mosullu Mehməddin bəyin qızı, Şah İsmayıl Xətayi ilə həmyaşıd olduğunu, 1540-cı ildə İranın Şiraz şəhərində vəfat etdiyini, «Bibi qızlar» qəbirstanlığında dəfn olunduğunu, xalq içində, Xətayi sarayında böyük nüfuz sahibi kimi tanındığını bildirir. Taclı xanımla bağlı qəhrəmanlıq nəğmələrinə, rəvayət və dastanlara toxunan tədqiqatçı onun milli qəhrəmanlıq keyfiyyətlərinin bu mənbələrdə əbədiləşdirildiyini söyləyir. Bu dastanlardan birinin XVI əsrdə yarandığını və yazıya alındığını, lakin dastanın adının qeyd edilmədiyini və buna görə də tədqiqatçılarımızın ona istədikləri kimi ad verdiyini bildirir, dastan haqqında müxtəlif fikirlər söyləndiyini və mülahizələrin reallıqlara bağlı tərəflərini təsdiqləyir. Həmid Araslının bu dastanın Ş. İ. Xətayi şeirləri əsasında yarandığını söyləməsinin səbəbsiz olmadığını bildirir. «Bizim fikrimizcə, döyüşdə iştirak edən, Vətən uğrunda vuruşmada igidlik göstərən, öz canlarından keçən əsgərlər haqqında el sənətkarları ilə yanaşı, Şah İsmayıl özü də bir şair kimi nəğmələr qoşmuş, şeirlər yazmışdır, həmin qoşmalar da dövrün yanşaqları tərəfindən rəvayətlərlə birlikdə, təfsilatı ilə söylənərək dastan şəklinə salınmışdır».
Tədqiqatçı tarixçilərin Birinci İsmayılın şeirlərinin XVI əsrin ortalarından «Şah İsmayıl» dastanında toplandığını bildirdiyini də yada salır. Bizə Səfəvilər dövlətinin «Çaldıran vuruşması»ndan «sonrakı vəziyyətinin dastanda işıqlandırılan hissəsinin» gəlib çatdığını, bu hissədə Birinci İsmayılın «tarixi bir şəxsiyyət, Türkiyəyə qarşı mübarizənin qəhrəmanı kimi» göstərildiyini söyləməklə yanaşı, tədqiqatçı özünün gəldiyi qənaəti oxucularıyla bölüşür. Qeyd edir ki, dastandakı qoşmalar Xətayinin heca vəznli, qəhrəmanlıq ruhlu şeirlərinə yaxın olsa da, «dastan Xətayinin öz dövründə və sağlığında sarayda yaşamış bir ustad-ozan–yanşaq tərəfindən yaradılmışdır». Qoşmalardakı sadəlik, «XVI əsr yanşağının üslubuna yaxın olması», hətta dastanın təhkiyə hissəsində işlədilmiş ifadələr və bir sıra spesifik xüsusiyyətlərə toxunan tədqiqatçı bu reallıqları gözdən qaçırmır. «Ümumiyyətlə, nə dastan, nə də ki, dastandakı qoşmaları Xətayi yaratmamışdır. Çünki Şah İsmayıl hökmdar olsa da, şair Xətayi heç zaman özünü, xüsusilə, 1514—cü ildən sonra bu qədər mədh etməzdi».
Tədqiqatçı dastanda öz əksini tapan, tarixə «Çaldıran döyüşü» kimi daxil olmuş Çaldıran yaxınlığında Sultan Birinci Səlimlə Şah İsmayıl arasındakı döyüşlərə toxunur, o döyüşdə İtaliya tarixçisi Saqredonun «Osmanlı İmperatorunun tarixi» adlı əsərində göstərdiyi həlak olanlar arasında kişi geyimində qadın meyitlərinin də olması haqqında fikirlərinə diqqətimizi cəlb edir və onun əsərindən aşağıdakı sitatı gətirir: «Onlar öz ərlərinin taleyinə və hərbi şərəfinə şərik olmuşlar. Səlim onların cürətinə afərin deyib, onların cəsədlərinin hərbi təşrifatla dəfn edilməsi barədə fərman vermişdir». Bu döyüşdə vuruşan qadınlardan ikisinin tədqiqatçıların diqqətini cəlb etdiyini, onlardan birinin Şah İsmayılın zövcəsi Əbdi bəy Şamlunun qızı Taclı olduğunu söyləyir. Onun Çaldıran döyüşündə əri, atası və qardaşıyla birgə türk əsgərləri ilə üzbəüz vuruşması, qəhrəmanlığı, sədaqəti, sarsılmış şaha verdiyi təskinliyin dastanda öz əksini tapdığını aşağıdakı misralarla yekunlaşdırır:

«İranın şahısan, Türküstan xanı,
Mürşidi-kamilsən, cahanın canı.
Əbdi bəyim oldu şahın qurbanı,
Taclı bəyim sənə qurban, ağlama».

Dastanda əri yaralanıb geri dönsə də, döyüş meydanından çıxmayan, yaralı vəziyyətdə belə ərinə təskinlik verən, onu qəm-qüssədən ayırmağa çalışan Taclının dastanda ön planda verilməsi, təsvir və tərənnümü tədqiqatçının diqqətindən yayınmır. Və dastanın Taclı bəyimin «şəninə» yaradıldığını söyləyir: «Xoşbəxtlikdən «Şah İsmayıl-Taclı bəyim» adlandırdığımız bu dastan vaxtında yazıya alındığından itib batmamış və mühafizə olunaraq «Çaldıran döyüşü»nün yadigarı kimi çox qiymətlidir. Dastandakı vətənpərvərlik, xüsusilə, qadın qəhrəmanlarımızın cəsarətini, qorxmazlığını, sədaqətini nümayiş etdirən sənəd kimi təqdirəlayiqdir».
Belə qadınların göstərdikləri rəşadət və onlardakı insani sifətlər, hünər və qəhrəmanlıqlar unudulmamış, el sənətkarları tərəfindən qəhrəmanlıq nəğmələrində, bədii ədəbiyyatda, əfsanələrdə və qəhrəmanlıq dastanlarında əbədiləşdirilmişdir.
Hərbi-vətənpərvərliyi tərənnüm edən dastanlar, əsərlər yaradıldığını diqqətə çatdıran tədqiqatçı «Pəhləvan İsrafil», «Kamal» dastanı üzərində də xüsusilə dayanır.
İsrafil Məmmədovun qəhrəmanlığını, döyüş məharətini özündə əks etdirən dastanın məzmunu ilə oxucunu tanış edir, bu dastanı Şəmkirli Aşıq Teymurun şagirdi Aşıq Çobanın yaratdığını, dastanın ilk variantının 1941-ci ildə çap olunduğunu göstərməklə yanaşı bildirir ki, «bu mükəmməl variantı isə biz Şəmkir rayonunun Keçili kəndində yaşayan Aşıq Çobanın özündən toplamışıq. Çox maraqlı sücetə, maraqlı məzmuna malik olan bu dastanın ən mühüm cəhəti onun hərbi vətənpərvərlik ruhunda olmasıdır. Döyüş vaxtı əsgərlərə sazla, sözlə göstəriş vermək, onları azğın faşistlərə qarşı amansız olmağa çağırmaq, vətən uğrunda lazım gələrsə canından keçmək, komandirin verdiyi tapşırığı alarkən daha da sevinmək, başqalarına bu cəhətdən nümunə olmaq, verilən sözlə əməl arasında müəyyən vəhdət təşkil etmək, bir komandir kimi cəsarətli, qorxmaz sifətlərə malik olmaqla tabeliyindəki əsgərlərə nümunə olmaq və s. kimi hərbi intizam bu dastanın əsas qayəsini təşkil edir. Həmçinin anaya məhəbbət, dosta, yoldaşa səmimi və sədaqətli olmaq kimi insani keyfiyyətlər də bu dastanda qabarıq bir şəkildə əks olunmuşdur».
Müharibə illərində yaranan bu dastanlardan tədqiqatçıların söylədiyi kimi «Koroğlu» ətri gəldiyini» (M.H. Təhmasib), həcmcə kiçik olsalar da məzmunca böyük, maraqlı sücetə malik olduğunu qeyd edir.
«Kamal» dastanının da qısa məzmunu ilə oxucunu tanış edən tədqiqatçı burada da «Kamal» dastanı müharibə illərində göstərdiyi rəşadətin simvolu olan Azərbaycan oğlunun öz xalqına, vətəninə olan sonsuz sədaqətinin təcəssümüdür»-deyir. Bu dastanı Aşıq Mirzənin müharibənin qızğın dövründə -1942-ci ildə yaratdığını, dastanın qəhrəmanının ulularımızın ənənələrinə sadiq qalaraq böyük hünər göstərən gənc döyüşçü Kamal olduğunu qeyd edir, «Burada rəşadəti tərənnüm olunan Kamal, şübhəsiz, real tarixi şəxsiyyətdir. Dastanda o özündən qabaqkı və sonrakı tarixi və əfsanəvi qəhrəmanların ən yaxşı, ən nümunəvi cəhətlərini-qorxmazlığı, dostluğu, vətənpərvərliyi özündə toplamış qəhrəmandır. Kamal faşizmin necə bir taun olduğunu yaxşı bilir. O, bu taunun Vətənimizə keçməsinə mane olmağa çalışır. O nə qədər sağdırsa, düşməni sərhəddən keçməyə qoymayacağına and içir»-deyir.
Dastanda adları çəkilməsə də müxtəlif millətlərin nümayəndələrinin birlikdə düşmənə qarşı cəsarətli döyüşü, onların mərdlikdə, igidlikdə Koroğlunun dəliləri ilə müqayisə edilməsi, bu dastanın «Koroğlu» eposunun təsirilə yarandığını, aşığın Kamalın özünü dəfələrlə Koroğluya bənzətməsini, dastanda təsvir olunan hadisələrin oxucuya təsiri, xalqların birlikdə mübarizəsi nəticəsində faşizm üzərində qələbənin əldə edilməsi və s. məsələlər təhlil edilir.
Aşıq yaradıcılığının müharibə dövründə inkişafını diqqətdən qaçırmayan tədqiqatçı «Xalqın həyatı, işi, mübarizəsi ilə yaxından bağlılıq, müharibənin irəli sürdüyü mürəkkəb spesifik mövzuları vaxtında yüksək keyfiyyətlə işləmək, dövrün qəhrəmanlıq pafosunu əks etdirmək nöqteyi-nəzərindən Azərbaycan aşıq yaradıcılığı günün tələblərinə müvəffəqiyyətlə cavab verirdi. Aşıqlarımızın əsas yaradıcılıq məqsədi aydın idi»,-deyir.
Müharibənin od alovundan çıxmış aşığın yaratdığı dastanın bəzi qüsurlarını da tədqiqatçı gözdən qaçırmır. Aşığın «dövrün böyük amalını, ideyasını hərtərəfli təcəssüm» etdirmədiyini, cəbhə həyatını bütün dolğunluğu ilə əks etdirmədiyini qeyd etsə də, bildirir ki, «bununla belə, dastan Böyük Vətən müharibəsinin yadigarı kimi həyatla daha yaxından bağlı olması, aktuallığı, siyasi kəskinliyi ilə aşıq yaradıcılığında nümunəvi bir addım olmuşdur».
Dastandakı qələbə ruhu, nikbinlik, xalq ədəbiyyatındakı şər qüvvələrə üstün gəlmək imkanları, gənc nəslin tərbiyə edilməsinə yönəlmiş dastanın məzmun və ideyası təhlil və tədqiq edilir.
Tədqiqatçı dastanlarımızın dili, semantik struktur tərkibi haqqında dəyərli fikirlər söyləyir. Fikirlərində tamamilə haqlıdır ki, «Azərbaycan tarixi qəhrəmanlıq dastanlarının dili xalq dilidir. Onların çoxu yarandığı əyalətin ləhcəsində qələmə alınmış, yerli xalqın şivə və dili vasitəsilə yayılmış, əsrdən-əsrə adlamışdır. Dil isə öz-özlüyündə yüksək ictimai fəallığa malik faktor olduğu kimi, həm də fəaliyyət göstərdiyi ərazi ilə həmin ərazidə yaşayan adamların gündəlik həyatı, ümumi səviyyəsi, tarixi keçmişilə əlaqədardır. Elə Azərbaycanın müxtəlif ərazilərində yaşayan yerli əhalinin şifahi dilindəki dialektik fərqlər olmasının səbəblərindən biri də budur. Tarixi qəhrəmanlıq dastanları da bu şifahi xalq dilinin məhsulu olduğu üçün onların dilinin poetikasında coğrafi ərazinin rolu böyükdür».
«Qaçaq Nəbi» və «Qaçaq Kərəm» dastanlarının leksikon tərkibini araşdırarkən Qaçaq Nəbi ilə Həcərin Qubadlı rayonunda anadan olduğunu, burada boya-başa çatdığını, dastanın da ilk dəfə bu zonada yarandığından «onun leksikon tərkibi həmin yerlərin dialekti və şivələrində işlənən spesifik sözlərlə zəngindir»-deyir. Dastandan aşağıdakı parçanı nümunə gətirir: «Nəbi yerində qup-quru quruyub dedi:
-A qız, mənim danışığım çobansayağıdır, gəl sən məndən incimə. Sənə bir söz demək istəyirəm, ta demirəm.
Həcər qulağına qədər qızarıb, ona cavab vermədi, quzunu kisləyib uzaqlaşdı».
Burada işlənən «ta», «kisləmək» kimi ifadələr, əsasən, Qubadlı və ona yaxın rayonlar üçün səciyyəvidir, respublikamızın digər zonalarının danışıq dilinə yaddır». Tədqiqatçı eyni əlamətlərin «Qaçaq Kərəm» dastanında da olduğunu bildirir. Bu dastandan da aşağıdakı nümunəni verir:
«Günlərin birində kənddə toy olur. Toya İsrafil ağanı da, Kərəmi də dəvət edirlər. Ara sakitləşən vaxt aşıq dillənir ki:
-İndi buyurun görüm, hansı söhbəti istəyirsiniz?
Kərəm görür heç kim dillənmir, deyir:
-Aşıq yaxşı olar ki, «Koroğlu»dan danışasan!
İsrafil ağa başa düşür ki, Kərəm bu sözü elə-belə demədi, öz mənliyinə işarə üçün «Koroğlu»nun adını çəkdi, odur ki, tez ayağa durub deyir:
-Aşıq, bura «Koroğlu» yeri deyil, «Şah İsmayıl»dan danış!
Söhbət uzanır, hər ikisi ayağa qalxır. Ağsaqqallar araya girib onları dalaşmağa qoymayırlar. Alır Kərəm bu yerdə görək İsrafil ağaya nə deyir:

Hər yetən özünə igidəm deyib,
De girməsin bu meydana, yaxşı döy!
Qoçla quzu döyüşməyi ayıfdı,
Danışmasın yekəxana, yaxşı döy!

İsrafil ağa da özünü sındırmır, görək Kərəmə nə cavab verir:

Qədəm qoydum bu meydana nər kimi,
Gəl danışma sən əfsanə, yaxşı döy!.
Sinə gərrəm maliki-əcdər kimi,
Gücün çatmaz pəhlivana, yaxşı döy…

Buradakı «Dastan» əvəzinə «söhbət», «nağıl», «Koroğlu»dan «de», «Şah İsmayıl»dan danış, «yaxşı deyil» əvəzinə isə «yaxşı döy» kimi ifadələr ədəbi dildən uzaqdır.
Burada belə dialekt sözlərin «dastanların poetikasına xələl» gətirmədiyini, əksinə, onların «leksik tərkibini, yeni, təbii kəlmələrlə» zənginləşdirdiyini, «milli koloritini» artırdığını bildirir.
Rüstəm Rüstəmzadə xalq yaradıcılığına, dastan qəhrəmanlarına, xalqın sevib-seçdiyi, qəhrəmanlığını tərənnüm etdiyi şeirlərə, aşıq yaradıcılığına, onların məclislərdə ifa etdikləri nəğmələrə, qəhrəmanlığını tərənnüm etdikləri tarixi şəxsiyyətlərə qayğı ilə yanaşır, bir forlklorşünas kimi tədqiqatında ciddidir. «Aşıq Murad Niyazlıya açıq məktub»unda tədqiqatçı aşıq yaradıcılığına, eyni zamanda dastanlarımıza aid materialları oxuyan, yeri gələndə fikrini də bildirən Aşıq Murada ünvanladığı məktubunda deyilir: «Bu çox yaxşı cəhətdir ki, indiki aşıqlarımız az-çox yazı-pozu bilir, müəyyən dərəcədə yaddaşlarına köçürməyi bacarırlar. Hətta respublikamızda elə aşıq və şairlər vardır ki, onlar orta, bəzən də ali təhsilə malikdirlər. Belə olduqda biz folklorşünaslar da o qədər əziyyət çəkməli olmuruq, çünki bir var gedib aşığı danışdırasan, danışdıqlarını yazıya alasan, sonra da onu nəşrə hazırlayasan, çap etdirəsən. Bir də var ki, aşıq özü savadlı ola, özü də yaratdığı şeir və yaxud dastanı yazıya köçürüb nəşriyyata təqdim edə. Bu, daha əlverişli olur, gileysiz-güzarsız xalqa çatdırılır. Əsas məqsəd odur ki, xalqın yaratmış olduğu şeir-sənət nümunələri itib-batmayır, yaddaşlarda qəbrə getməyir. Bununla həm yaradıcı aşıq əsrlər boyu həyatda yaşayır, yad edilir, həm də ədəbiyyat xəzinəmiz lazımınca zənginləşir, başqa xalqların alimləri ilə müsahibədə ağızdolusu, fəxrlə danışmağa imkan verir».
Bunun xalq ədəbiyyatının toplanıb yazıya köçürülməsinə «xeyiri çox böyük» olduğunu göstərir və iradlarını da bildirir.
«Lakin biz folklorşünaslara təsir edən odur ki, çox zaman kəndbəkənd, şəhərbəşəhər düşüb bu xeyirxah işi görmək istəyirik, bunun əzab-əziyyətini qiymətləndirməyən, toplamanın xeyirxah olduğunu duymayanlar bizə «sağ ol» demək əvəzinə, bəzən ağız büzür, üstəlik arxamızca danışmağa, gileylənməyə də vaxt tapırlar. Bəzən uzun yollar qət edib nişan verilmiş bir aşığın elinə, obasına gedirsən, ya evdə tapmırsan, ya da dastanını, qoşmalarını söyləməkdən imtina edir. Əlbəttə, məcbur edə bilməzsən, kor-peşiman geri qayıdırsan. Məsələn, yazırsınız ki, «otuz il bundan qabaq «Muxtar bəy» adlı bir dastan yaratmışdım. Dastan ötən yüzillikdə Şəmkir mahalında yaşamış mərd, igid bir adam olan Muxtar bəy haqqındadır. Dastanı mən özüm qoşduğumu, Gəncə, Şamxor, Tovuz aşıqları yaxşı bilir. Təqribən dörd-beş il bundan qabaq folklorçu Sədnik Paşayev və Rüstəm Rüstəmzadə evimə gəlib həmin dastanı məndən istədilər. Mən dastanı öz kitabımda çap etdirəcəyimi bildirib vermədim».
Əvvəla, bu hadisə dörd-beş il bundan əvvəl deyil, təxminən iyirmi il əvvəl həqiqətən Şəmkir kəndlərinə ekspedisiyaya gedərkən olub. Sizi də Şamxorda –bazar çayxanasında gördük. Hamı kimi Sizə də müraciət etdik. Siz də kobudcasına nalayiq bir ifadə ilə bildirdiniz ki, özümə nə olub, savadım da var, əlim də, aparıb özüm çap etdirəcəyəm. Biz də məhəl qoymadıq. Sonra görkəmli el sənətkarı Aşıq Teymur Şəmkirlidən öyrəndik ki, Aşıq Muradın «Muxtar bəy» dastanını mən eşitmişəm. Bir şey deyil. Lakin burada «Qaçaq Süleyman» adında gözəl bir dastan mövcuddur. Mən həmin dastandan ancaq parçalar bilirəm. Eşitdiyimə görə, həmin dastanı həmyerlimiz Uğurlu oğlu Cəfər yaratmışdır. Bunun ən yaxşı variantını Aşıq Məsimlə mənim şəyirdim Aşıq Çoban bilir. Görün onları tapa bilərsinizmi? Əldə etsəniz yaxşı olar. Hətta Aşıq Teymur əlavə etdi ki, «Muxtar bəy» dastanı ilə «Qaçaq Süleyman» dastanında xətt yaxınlığı var. Məncə, Uğurlu Cəfərin dastanı daha qabaq yaranıb. Muradınkı sonradan yaranmadı.
Sədnik müəllimlə məsləhətləşib «Qaçaq Süleyman» dastanının arxasınca düşdük. Bir-iki yarımçıq variant əldə etdiksə də bəyənmədik. Özünü, həm də bütöv şəkildə olanını axtarmağa başladıq. Əldə etdiyimiz dastanla sənin «yazmış» olduğun dastanı müqayisə etmək üçün istədik. Lakin vermədin ki, vermədin»
Rüstəm Rüstəmzadə daha qətiyyətlə, sərt bir dillə məktubunu davam etdirir, etirazlarını gizlətmir:
«Otuz il ərzində yaratdığın dastan hələ işıq üzü görməyib. Bir sətir şeiri çap olunmayıb, lakin özünü indiki aləmdə yaradıcı aşıq hesab edirsən. Mənə elə gəlir ki, doğrudan da, sizin yaratdığınız bir şey varsa, ya paxıllığınızdan, ya da tamah ucundan onları sandıqda saxlayırsınız. Bu isə el sənətkarına layiq iş deyil. Əsl sənətkarlar özləri bizi axtarır, gətirib akademiyanın folklor şöbəsinə, respublika aşıqlar birliyinə, onun zona təşkilatlarına verirlər ki, itib-batmasın, gec də olsa işıq üzü görsün, çap olunub xalqa çatdırılsın. Siz isə əksinə hərəkət edirsiniz. Axı, mən «Yeddi dastan» kitabında sizin adınızı da qeyd etmişəm (bax, səh.162), hətta orada dastanı kimdən topladığımızı da qeyd etmişik ki, bilsinlər (Aşıq Səttar Qəşəm oğlu Abuzərov). Gədəbəy rayonunun Çaldaş kəndində yaşadığını da göstərmişəm. Qısa tərcümeyi-halını da vermişəm. «Qaçaq Süleyman» dastanından həm də iki variantını əldə etmişik. Birini Qaçaq Süleymanın oğul nəvəsindən, o birisini isə Aşıq Səftərdən toplamışıq. Aşıq Səftərin variantı daha samballı olduğu üçün kitaba həmin variantı daxil etmişik, hətta kitabda göstərmişik ki, bu dastanın bir variantı da «Muxtar bəy» adı ilə məşhurdur və deyilənə görə, həmin dastanı Şəmkirdə yaşayan Aşıq Murad yaratmışdır.
Mən «Muxtar bəy» dastanının yaradıcısı, yaxud özünüz dediyiniz kimi yazanı Siz olduğunuzu qəti deyə bilmərəm. Çünki əlimizdə heç bir sənəd, sübut yoxdur. Ancaq eşitdiyimizi qeyd edə bilərik. Ümumiyyətlə, folklor aləmində qanun belədir. Dastan yazılmır, yaradılır, şifahi şəkildə yaşayır, yayılır. Onun otuz-qırx ildən sonra xalq arasında müəyyən vairantları yaranır və nəticədə bizim nəzərdə tutduğumuz əsil xalq dastanına çevrilir. Mən Sizin dastanı görməmişəm, eşitməmişəm, lakin deyilənə görə Sizdə belə bir şey var. Bu daha yaxşı. Lakin nə üçün çap etdirmirsiniz, bizə bəlli deyil.
Deyirsiniz ki, dastan da mənimdir, içindəki şeirlər də. Çox yaxşı, axı, onda nə üçün danırsınız ki, dastanın adı «Qaçaq Süleyman» deyil, «Muxtar bəy»dir. Axı dastandakı qoşmaların hamısının tapşırmasında Muxtar bəy deyil, Süleyman adı gedir. Bəs onda buna nə deyirsiniz? Məsələn:

Süleymanın könlü olur virana,
Mərd iyidi doğa bilməz hər ana.
Səs salıbdı hənuz Türkə, İrana,
Qafqaza uzanan yol yada düşdü (səh.81).

Yaxud:
Dost yolunda qoydu canı Süleyman,
Şəmkirin sultanı, xanı Süleyman.
Anam xəbər alsa, hanı Süleyman?
Axdı Yunis kimi sellərə, söylə. (bax. Səh. 90)

Hətta söyləyən Aşıq Səftər dastanın sonunda bir duvaqqapma da vermişdir. Duvaqqapmanın möhürbəndində deyilir:

Aşıq Səftər doğru danış,
Baxma döylət-vara sən.
İyid ölər, adı qalar,
Həsrət qalma yara sən.
Tay deyilsən, ay Süleyman,
Nə sara, şonqara sən.
Unutmadın dar gündə də
Yurdun Azərbaycanı. (bax. səh.95).

Dastanın başlanğıc hissəsində isə anası ilə hallallaşıb gedərkən açıq şəkildə deyir:

Yenicə yetişib mən cavan oldum.
Atama, anama mehriban oldum.
Gülsümüydüm, dönüb Süleyman oldum,
Südün halal eylə, ana, gedirəm.

Ümumiyyətlə, səni qınamıram, elə indi də bəzən aşıqlar çox populyar şeirlərin üstündə mübahisə aparır və sübut etməyə çalışırlar ki, bu şeir Şəmkirlinin deyil, Bozalqanlınındır, yaxud Ələsgərindir və s. Yaxşı olar ki, siz öz «yazdığınız» dastanı çap edəsiniz ki, görək fərqli cəhətləri nədədir? Bizim üçün bu daha əlverişlidir.
Mən folklorşünas olsam da, saz çalmağı yaxşı bacarmıram. Siz də tədqiqat işini görünür, yaxşı bilmirsiniz. Yazırsınız ki, tarixdə Qaçaq Süleyman olmayıb. Muxtar bəy adlı şəxs olub. Əksinə, tarixi sənədlərdə Qaçaq Süleyman çox fədakar bir şəxsiyyət kimi tanınmış qaçaqdır. Lakin tarixdə Qaçaq Muxtar bəy adlı şəxsə heç bir arxiv sənədində rast gəlmədik. Məsələn, tarixçilərimiz də qeyd edirlər ki, X1X əsrin son rübündə Gəncə rayonunda qaçaqlardan Dəli Alı, Qəmbər, Qarabağda Süleyman və Murtuza… və başqaları ad qazanmışdır. (Azərbaycan tarixi. II cild, səh. 209).
Və bizə də dastandan məlumdur ki, Qaçaq Süleyman Goranboy qaçaqlarına qoşularaq yerli bəylərə və zülmkarlara qarşı mübarizə aparmışdır. Hətta dastanda adı çəkilən Məşədi Yolçunun Qarabağda məşhur bir qaçaq kimi tanındığı hamımıza məlumdur. Əlbəttə, bu, həmin Qaçaq Süleymandır, ya yox, hələlik tam bizə bəlli deyildir. Çünki XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Süleyman adında bir neçə qaçaq olmuşdur. Lakin Muxtar bəy adında qaçaq o dövrdə bizə məlum deyidir.
O ki qaldı «Yeni fikir» qəzetinin Sizin məqalənizi çap etməsinə, qəzet düzgün hərəkət etmişdir. Qoy bilsinlər ki, Qaçaq Süleyman dastanının başqa adla yaşayan variantları da vardır. Bax, bu, xalqın xeyrinədir…».
Rüstəm Rüstəmzadə tarixin müxtəlif vaxtlarında yaşamış, mübarizə aparmış, adı dastanlarda əbədiləşmiş, xalq yaddaşına həkk olunmuş qəhrəman obrazlarını diqqətlə, mənbələr əsasında üzə çıxarmış, onların şəxsiyyəti, fəaliyyəti haqqında məlumat vermişdir.
Azərbaycanın qəhrəman qadınları silsilə tədqiqat işləri arasında Qaçaq Süleymanla bağlı fikirləri maraqlıdır. Tədqiqatçı fikirlərində haqlıdr ki, «qədim tarixə malik olan Azərbaycanın xarici və daxili düşmənlərə qarşı apardığı mübarizə və müharibələrdə qəhrəman kişi tinətli azərbaycanlı qadınların da əvəzsiz rolu olmuşdur. Onlar vətənin istiqlaliyyəti, namusu, şərəfi, xoşbəxtliyi uğrunda əsrlər boyu aparılan mübarizədə öz atalarından, ərlərindən və qardaşlarından heç də geri qalmamışlar. Feodal-patriarxal quruluşun hədsiz zülmünə, olmazın təzyiq, təhqir və sıxıntılarına baxmayaraq, Azərbaycan qadınları tariximizin ən uzaq keçmişindən bəri düşmənə qarşı həmişə inadla mübarizə aparmış, öz içərisində bir çox qəhrəman mübarizlər, ağıllı dövlət xadimləri, görkəmli sənətkarlar, alim və şairlər yetişdirib tarix səhnəsinə çıxara bilmişlər».
Tədqiqatçı bu fikrində də haqlıdır ki, «nənələrimiz öz sinələrində böyük məhəbbət və arzu ilə mərd oğullar bəsləyib böyütmüş və lazım gəldikdə silah götürüb kişilərlə birlikdə ana vətən uğrunda, yadelli qəsbkarlara, daxili zalımlara qarşı qəhrəmanlıqla vuruşmuşlar. Onlar həmişə sədaqətli, ismətli, şücaətli, cəsur, məğrur, qorxmaz və yenilməz igid olmuş və düşmənələrə, xainlərə, satqınlara, ikiüzlülərə, vətəni yadlara satanlara qarşı barışmaz və amansız olmaq nümunələri göstərmişlər.*******
Tədqiqatçı belə qəhrəmanlardan biri kimi Qaçaq Süleyman adı ilə xalq arasında tanınmış igid azərbaycanlı qızı Gülsüm Əmirqulu qızının da adını çəkir. Onun 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində yoxsul ailədə doğulduğunu, Atası Əmirqulu kişinin kasıb olsa da kəndin sayılan, seçilən hörmətli ağsaqqallardan olmasını, öz zəhməti ilə yaşadığını, altı oğlu, iki qızı olduğunu, kiçik qızının adının Zöhrə, böyük qızının isə Gülsüm olduğunu açıqlayır. Deyilənlərə əsasən söyləyir ki, «Gülsümün on səkkiz yaşı tamam olmuşdu. Gözəl-göyçəklikdə yaşıdları ona qibtə edirdilər. Amma onun qaş-qabağı açılmırdı. Evlərində qarındolusu çörək yemir, ürəyi istəyincə geyinib keçinməyi bacarmırdı. Kasıb olduqlarından əynindəki pal-paltar da yamaqlı olardı. Anası onu həmişə dilə tutardı ki, qəm-qüssədən üzaq olsun, lakin Gülsümə boş vədlər, aldadıcı sözlər təsir etmirdi. Böyük qardaşları Həsənlə Bayram hey çalışırdılar ki, Gülsümün üzü gülsün, qaş-qabağı açılsın, ancaq Gülsüm dillənmir, heç kimə də heç nə demirdi. O, öz qəlbində zəmanəsinə də, dolanacağına da nifrət edirdi. Güc-bəla ilə ailəsini dolandıran Əmirqulu kişiyə üstəlik hökumət də bir tərəfdən zülm edir, ona çoxlu vergi qoyulurdu. Düz iki ilə yaxın idi ki,Əmirqulu kişi bir şey artırıb vergini verə bilmirdi. Kəndxudanın adamları hər gün onun qapısını kəsdirib vergini tələb edirdilər. Amma nə fayda, söylənə-söylənə geri qayıdırdılar.
Varlı qızları geyinib-kecinib bulaq başına gələndə Gülsüm onlara baxıb, yamaqlı paltarlarından xəcalət çəkirdi. Yazığın işləməkdən də əlləri qabar-qabar olmuşdu. Gündə on-on iki adamın xörəyini bişirər, onların pal-paltarını yuyardı. Amma dost da, düşmən də onun qoçaqlığından, ismətli, namuslu bir qız olduğundan ağızdolusu danışardı. Qardaşları da el içində elə Gülsümün bu mərdliyinə, xasiyyətinə qürrələnir, sevinirdilər.
Günlərin birində Gülsüm həyətlərində ocaq çatıb çay qaynadırdı. Samovara yenicə qır-qımıx atırdı ki, qəflətən kənddə bərk səs-küy qopur. Sən demə qəza piristavı ilə kəndxuda vergi verməyənləri kəndin mərkəzinə toplatdırırdılar. Adam göndərib Əmirqulu kişini də çağırtdırırlar. Amma Əmirqulu kişi xəstə olduğundan özü gedə bilmir, arvadı Zeynəblə bərabər kiçik oğlu İsmayılı onların hüzuruna göndərir. Bundan pristavın və kəndxudanın bərk acığı gəlir. Öz adamları ilə birbaşa Əmirqulu kişinin həyətinə gəlir, kişini çağırtdırırlar.
Əlacsız qalan ev sahibi xəstə-xəstə yorğana bürünüb həyətə çıxır, pristavın ayaqlarına düşüb yalvarır ki, bir bölük külfətim var, rüsxət ver, sonra verərəm, imkansızam. Pristavın cin vurur təpəsinə, əmr edir ki, Gülsümün bayaqdan bəri qır-qımıx töküb qaynatdığı samovarı onun kürəyinə bağlasınlar, onda ağlı başına gələr. Pristavın adamları o dəqiqə qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyırlar. Yazıq kişi nə qədər qışqırırsa, köməyinə çatan olmur. Pristav əlavə edir ki, evini də axtarın. Əlisilahlı adamlar onun evinə soxulub axtarış apararkən əllərindəki silahı qapının ağzında qoyurlar. Amma içəridə gizlənən Gülsümü görmürlər. Gülsüm silahın birini götürüb yan otağa keçir, əvvəlcə pristavı vurur, sonra da kəndxudanı qətlə yetirir. Pristavın adamları silahları da qoyub qaçırlar. Heç kəsin ağlına gəlmir ki, gülləni Gülsüm atıb. Hər tərəfi gəzirlər. Amma heç kəsi tuta bilmirlər. Qonum-qonşu tökülüb samovarı Əmirqulu kişinin kürəyindən açır, onu evə aparıb yorğan-döşəyə yıxırlar. Aləm qarışır. Gəlib pristavın və kəndxudanın meyidlərini aparırlar. Ciddi axtarış gedir. Amma Gülsüm heç kimin ağlına gəlmir. Camaat məəttəl qalır ki, görəsən gülləni kim atıb. Bu işi bircə anası Zeynəb başa düşür. Amma fürsət tapıb qızına bir söz deyə bilmir. Şər qarpışanda Gülsümün qardaşları çöldən qayıdır, qaziyəni bilib Gülsümə təskinlik verirlər ki, qorxma, sənin yerinə cəzanı biz gedib çəkərik. Kənd Əmirqulu kişinin qapısına tökülmüşdü. Heç kim Gülsümü qınamırdı. Əksinə, onun cəsarətinə heyran qalmışdılar.
Bundan sonra Gülsüm qardaşlarından birinin paltarını geyinib evdən qaçır, əlində silah meşədə ağacların başında yuva salır. Gecə yarı meşədə bir xışıltı eşidəndə bir qədər vahimələnir, əlindəki tufəngə baxıb ürəklənir.
Nəhayət, iki gündən sonra hökümət adamları Əmirqulu kişinin qapısına tökülüb pristavı və kəndxudanı öldürəni tələb edirlər. Gülsümün kiçik qardaşı Həsən irəli yeriyib bildirir ki, mən öldürmüşəm. Onun əllərini qandallayıb atın qabağına salıb aparırlar. Gülsüm bundan xəbər tutur. Bir neçə dəfə gecələr gizlin evlərinə gəlir, təkcə anası ilə görüşüb deyir:

….yenicə yetişib mən cavan oldum.
Atama, anama mehriban oldum.
Gülsümüydüm, dönüb Süleyman oldum.
Südün halal eylə, mən gedər oldum.

Gülsümün səsi-sorağı rayonlara da yayılmışdı. Onun günün günorta çağında pristavı və kəndxudanı güllə ilə vurub öldürməsi hamını heyrətə salmışdı. Bu dövrdə Goranboyda ad çıxarmış Məşədi Yolçu ilə Bayramqulu bununla maraqlanır və Şəmkirə gəlirlər. Gülsümü kişi paltarında meşədə tapıb ondan adını soruşurlar. «Adım Süleymandı»,--deyib onları inandırır. Gülsüm barədə soruşurlar. O isə bildirir ki, Gülsüm mənim bacımdı.
Onlar Gülsümü öz dəstələrinə götürür və ona inanırlar. Onlarla qorxulu bir döyüşdə Süleyman igid bir şahin kimi böyük hünər göstərib dostlarını qara-qorxudan çıxarır. Bundan sonra onlar Süleymanı özlərinə başçı seçirlər. Süleyman artıq qaçaqçılıq sirrini onlardan öyrənir, daha heç nədən qorxmur. O gündən sonra meşələrə, dağlara çəkilib zalımlardan, çar candarmalarından, yerli satqınlardan, kasıb-kusubun heyfini alır, onlara əl tuturlar. Hətta Arazı keçib İrana adlayır, orada da xalq arasında xeyirxah adamlar kimi şöhrət qazanırlar. İran əsgərlərilə bir döyüşdə Süleyman əsir alınr. Onu zindana salırlar. Həmin vaxt Qaçaq Kərəm də İranda yaşayırdı. Məsələni ona danışırlar. Kərəm onun yanına gedir və onunla tanış olur. Bu çətin vəziyyətdən onu qurtarır. Hətta Kərəm də onun qadın olduğunu bilmir, bir azərbaycanlı, həmyerlisi kimi ona kömək edir. Kərəm Süleymanı azadlığa çıxartdıqdan sonra bütün dəstəni öz evinə dəvət edir. Qaçaqlar tələsir, Qaçaq Kərəm onları sərhədə qədər ötürür, onları Türkiyəyə keçirir. Türkiyədə qaçaqları Gəncəbasarlı bir zabit qarşılayır. Onlara xidmət göstərir, hətta Zabit paşanın gözəl qızı Süleymana vurulur. Onun da qız olduğunu bilmir. Bir müddət Bitlisdə yaşadıqdan sonra eşidirlər ki, Rusiyada çevriliş olub, Azərbaycanda da dəyişiklik var, evlərinə qayıdırlar. Qaçaq dostları ancaq bundan sonra Süleymanın Gülsüm olduğunu bilir, onun cəsarətinə, mərdliyiən heyran olurlar.
Gülsüm Sərxan kəndindən olan Əliyev İsmayıl adlı bir oğlanla ailə həyatı qurmuşdur. Onların altı oğlu, iki qızları olmuşdur. Deyilənə görə, o, yüz bir yaş ömür sürmüş, 1962-ci ildə dünyasınnı dəyişmişdir. Onun qəbri Şəmkirin Sarxan kənd qəbirstanlığındadır. Qaçaq Süleyman adı ilə tanınmış Gülsüm haqqında nəğmə, rəvayət və dastanlar yaranmışdır».
Tədqiqatçı Rüstəm Rüstəmzadə bu dastanlardan birini toplamış, 1989-cu ildə Azərnəşrdə çapdan çıxmış «Yeddi dastan» kitabına salınmışdır. Bu dastan indi də Gəncəbasar aşıqları tərəfindən məclislərdə oxunur.
«Tuti Bikə» məqaləsində də tədqiqatçı Rüstəm Rüstəmzadə Tuti Bikə haqqında məlumat verir. Onun «XVIII əsrin ikinci yarısında Azərbaycan torpaqlarını birləşdirib Vahid Azərbaycan yaratmaq kimi yüksək ideala malik olan Qubalı Fətəli xanın» arvadı, Qaraqaytaq hakimi Dağıstanlı əmir Həmzənin bacısı olduğunu bildirir: «1759-cu ilin noyabr ayında Fətəli xan Dərbəndi özünə tabe edərkən Tuti Bikə ilə tanış olub onunla evlənmişdir». Təxminən 1730-cu ildə anadan olmuş Tuti Bikənin «uşaq vaxtlarından at minməyi, qılınc oynatmağı, cəsarəti və hazırcavablığı ilə həmyerlilərinin diqqətini cəlb» etməsi, «böyüyüb, boya-başa çatdıqca öz yaşıdlarından bacarığı ilə seçilmə»si, «Dərbənd-Xaçmaz regionunda Tuti Bikə haqqında maraqlı əfsanə, rəvayət, nəğmə və lətifələr» olması haqqında məlumat verir.
Tədqiqatçı bu rəvayətlərdən birini qələm alır: «Dərbənd hökmdarı yox imiş. Şəhər ağsaqqalları toplaşıb məsləhətə gəlirlər ki, şəhərin Bayat qapısından bir papaq asaq. Kim at belində çaparaq oxla onu vurub yerə salarsa, sonradan atdan enmədən həmin papağı götürüb başına qoyarsa, qoy Dərbəndin xanı olsun.
Ətrafa səs yayılır. Dərbəndin xanı olmaq arzusu ilə yüzdən artıq gənc meydana gəlib at çapır, ox atır, amma nə fayda, heç birisi şərti yerinə yetirə bilmir. Lakin meydanda üzü niqablı bir gənc oxla papağı vurub yerə salır və sonra da geri qayıdıb atdan düşmədən papağı bir göz qırpımında götürüb başına qoyur. Hamını heyrətə gətirən üzü niqablı adamın kişi yox, qadın olması idi. Həmin qadın Əmir Həmzənin bacısı Tuti Bikə idi. Ağsaqqalların qərarı ilə Tuti Bikə həmin vaxtdan Dərbəndin xanı olur».
Tədqiqatçı onun ictimai fəaliyyətini, mədəni, iqtisadi sahədə keçirdiyi islahatları, küçələri abadlaşdırmasını, təcrübəli süvari dəstələr yaratmasını, Dərbəndətrafı kəndlərdə təsərrüfat işlərini genişləndirməsini, onun haqqında çoxlu sayda müxtəlif mövzuda rəvayətlərin söyləndiyini qeyd edir. Sədnik Paşayevin toplayıb nəşr etdirdiyi «Yaşayan əfsanələr» kitabında Tuti Bikə ilə bağlı olan əfsanənin də adını çəkir. Tarixçilərin Tuti Bikənin Quba xanlığının siyasi həyatında mühüm rol oynadığını, bunlardan Fətəli xanın 1759-cu ildə Dərbəndi özünə tabe etmək üçün nizami qoşunla Dərbəndə hücum etdiyini, Tuti Bikənin at belində «öz dəstəsi ilə Fətəli xanın qarşısına» çıxmasını, tək onun qarşısına çıxıb: «Nahaqdan qan tökmək nəyə lazımdır, nə üçün günahsız adamlar şəhid olsunlar? Gəl ikimiz döyüşək, kim üstün gələrsə, o, qalib hesab edilsin»- deməsini, Fətəli xanın bu gözəl və gənc bir qızın kəlamlarına heyran qalıb «mən Dərbəndi almağa gəlmişdim. Amma məğlub oldum. Çünki qabağıma kişi tinətli qız çıxdı»,-söyləməsini, bundan sonra Tuti Bikənin Fətəli xanı qalaya dəvət etməsini, böyük şənlik düzəltməsini söyləyir və onların evləndiyini, bir dəfə Dərbənd qalasının uca bürcündə qoşa dayanarkən Tuti Bikənin söylədiyi:

Dərbənd üstü barıdı,
Əl çatmaz yuxarıdı.
Düşmən gəlsə basılar,
Tək deyil, arxalıdı»

-bayatısını xatırladır: «İstər Fətəli xan və istərsə də onun həyat yoldaşı Tuti Bikə haqqında el sənətkarlarının, cürbəcür nəğmələri də mövcuddur. Hətta bunlardan bir qismi el şairi Müxtara məxsusdur. Həmin şeirlərdən bir qismini akademik Həmid Araslı əldə edərək geniş izahatla çap etdirmişdir. Fətəli xanın müasiri olan şair Muxtarın qoşmalarından göründüyü kimi, Tuti Bikənin və Fətəli xanın sağlığında onların haqqında rəvayət və dastanlar yaranmışdır. Təəssüflər olsun ki, xalq arasında yaşamaqda davam edən bu şifahi ədəbiyyat nümunələri lazımınca toplanmamış və çap edilməmişdir».
Tədqiqatçı tarixi mənbələrə istinadən bildirir ki, «Ümumiyyətlə, 1766-cı ildən sonra Dərbəndin idarəsini Fətəli xan Tuti Bikəyə tapşırmışdır. Hətta, 1774-cü ildə Azərbaycan tarixinə «Gavduşa vuruşması» kimi daxil olmuş döyüşdə Fətəli xan öz qaynı Əmir Həmzə ilə üz-üzə gəlir. Vuruşmada geri çəkilən Fətəli xanı Tuti Bikə əvəz edir. Tuti Bikə Dərbəndi məğlubiyyətdən xilas edir və Dərbəndin müdafiəsinə şəxsən özü rəhbərlik edir. Əmir Həmzə öz bacısını inandırmağa çalışır ki, Fətəli xan müharibədə həlak olmuşdur. Tuti Bikə bunun hiylə olduğunu duyur və öz qardaşına qarşı döyüşə girir. Nəhayət, o, döyüş libası geyərək qala müdafiəçilərini ruhlandırır, başçılıq etdiyi Dərbənd süvariləri ilə düşməni şəhərdən uzaqlaşdırmağa müvəffəq olur, ərinə, xalqına Vətəninə sadiq qalan Tuti Bikə öz doğma qardaşına belə güzəştə getmir, ona qarşı inadlı müqavimət göstərir. Fətəli xan Azərbaycanı birləşdirmək uğrunda otuz il yorulmadan mübarizə aparır və bu mübarizədə Tuti Bikə ona böyük köməklik göstərir».
Onun 1786-cı ildə vəfat etdiyini, igidliyini və tarixi xidmətlərini özündə əks etdirən xalq ədəbiyyatı nümunələrində qəhrəman qadınlar, onların şərəfli fəaliyyəti haqqında söylənilən fikirləri araşdırır.
«Qəhrəmanlıq unudulmur» məqaləsində Bozalqanlı Qaçaq Tanrıverdi haqqında məlumat verilir, «şücaəti və igidliyi ilə camaat arasında tanınan qaçaqlardan biri olduğu» bildirilir.
Bozalqanlı Qaçaq Tanrıverdinin təxminən 1837-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındakı Bozalqanlı kəndində yoxsul bir kəndli ailəsində anadan olduğunu, çox kasıb olduğundan atası İsmayıl kişinin onu doqquz yaşından nökərçilik etməyə verdiyini, bir neçə il ağır muzdurluq Tanrıverdiyə min bir əzab-əziyyət gətirdiyini, axırda ağasının zülmünə dözməyib onu öldürərək qaçdığını, 1857-ci ildə öz kəndlərinə – Bozalqanlıya qayıdıb burada çobanlıq etdiyini, sonralar Tovuzda Süleyman bəyə muzdur olduğunu, onun da Tanrıverdinin əməyini qiymətləndirmədiyini, çoban olmaqdan imtina etdiyi üçün Süleyman bəyin bundan qəzəblənib, onu həbs etdirdiyini, həbsxananın qıfılını sındırıb Gürcüstana qaçaraq orada bir gürcü knyazına muzdur olduğunu, bəylərin zülmünə dözməyib qaçaqçılığa başlaması haqqında maraqlı məlumatlar verir. Bundan sonra Tanrıverdinin öz düşmənlərinə qarşı mübarizə apardığını bildirən hadisələrə toxunur. Tanrıverdinin dəstəsinin ən çox Qazax, Yelizavetpol, Şuşa, Şamaxı, Naxçıvan, Zəngəzur qəzalarında fəaliyyət göstərdiyini söyləyir.
Onun sonrakı taleyi haqqında bunları bildirir: «Tanrıverdini tutmaq və həbs etmək üçün yerli bəylər nə qədər hiylə işlətmişlərsə də, baş tutmamışdır. Lakin 1885-ci il avqusun 13-də Tanrıverdinin dəstəsinin qəflətən üstünü almış, dörd tərəfini kəsmiş, təslim olmayacağını bildikdə axşam üstünə yaxın güllə ilə vurmuşlar. Onun dəstəsindən olanları isə həbs etmişlər».
Heç zaman bəyə, xana, koxaya, dövlət məmuruna baş əyməyən, həmişə xalqına arxalanan, istismarçıların zülmünə qarşı mübarizə aparan, xalqın mənafeyini müdafiə edən qəhrəmanlardan olan Tanrıverdi haqqında da dastan, çoxlu rəvayət, nəğmələr də yaradıldığını bildirir, bunların toplanıb nəşr olunmasını zəruri sayır.
«Koroğlu»ya əlavə» məqaləsində xalq qəhrəmanı Koroğlu haqqında söylənilən zəngin məlumatlara toxunur, bu qiymətli dastan haqqında «hər yeni söz, yeni axtarış, yeni tapıntı, yeni fikir hər halda işin xeyrinədir. Çünki «Koroğlu»nun açılmamış sirləri hələ çoxdur»,-deyir.
«Koroğlu»nun müxtəlif variantlarından, xüsusilə, gürcü variantının müxtəlif nüsxələrindən, arxivlərdəki əlyazmalardan, aparılmış tədqiqatlardan verilən maraqlı məlumatları dəyərləndirir.
«Erməni və gürcü variantları Azərbaycan «Koroğlu»sundan qopmuş qollardır»,-deyən tədqiqatçı, bir sıra kiçik fərqlər olmasına baxmayaraq «buradakı kompozisiya və sücet tamamilə Azərbaycan «Koroğlu»sunun eynidir. Bu barədə gürcü alimləri özləri də dəyərli fikirlər yürütmüş və həmin fikri təsdiq etmişlər. Məsələn, görkəmli gürcü alimi L.K. Çlaidze Gürcüstan Dövlət Arxivində saxlanan «Koroğlu»ya aid əlyazmanı araşdırdıqdan sonra demişdir: «Əlyazma dastanın məlum Azərbaycan versiyasının məzmununu, demək olar, tam əhatə edir».
X1X əsrin sonlarında David Kvişvilininin toplayıb gürcü dilində çap etdirdiyi kitabları «maraqlı mənbələr»dən hesab edir, bildirir ki,«Qaçaq Koroğlu» və «Koroğlu» adı ilə çap olunmuş bu kitablar da, əsasən, Azərbaycan «Koroğlu»sundan iqtibasdır. Bu barədə professor Fərhad Fərhadovun fikirlərinə şərik olur ki, «eposun Zaqafqaziya versiyasının əsasını Azərbaycan «Koroğlu»su təşkil edir».
«Koroğlu»nun toplanması, nəşri və tədqiqi məsələlərinə toxunan tədqiqatçı 1804-cü ildə şair Əndəlib Qaracadağinin yazıya aldığı bir neçə «Koroğlu» qoşmasını, ilk dəfə «Koroğlu» eposunun müəyyən qollarını yazıya alan, 1925-ci ildə onu Bakıda çap etdirən Vəli Xuluflunun əməyini yüksək qiymətləndirir və bildirir ki, «Məhz bundan sonra «Koroğlu»ya həvəs artmış və onun toplanması sistem şəklini almışdır. Bu sahədə Həmid Araslı, M. H. Təhmasib, Paşa Əfəndiyev, Fərhad Fərhadov, Vaqif Vəliyev və başqaları daha çox fəaliyyət göstərmişlər. Halbuki Azərbaycan «Koroğlu»su inqilaba qədər Asiyada və Avropada əldən-ələ gəzmiş, bir sıra dillərə, o cümlədən, ingilis, fars, fransız, alman, rus və başqa dillərə tərcümə olunmuşdur. Xaricdə «Koroğlu»nun tanınmasında görkəmli Belarus alimi Aleksandr Xodekonun çox böyük fəaliyyəti olmuşdur. İlk samballı kitab (1842) məhz ona məxsusdur. Azərbaycanlı alim Mirzə Cəfər Topçubaşovun tələbəsi olmuş A.Xodeko fars və Azərbaycan dillərini mükəmməl bildiyi üçün «Koroğlu»nu yazıya özü almış və ilk dəfə onu ingilis dilinə tərcümə edərək Londonda çap etdirmişdir. Bundan sonra epos fransız, alman və rus dillərinə tərcümə olunmuşdur. Bu tərcümələrdə görkəmli fransız yazıçısı Corc Sandın da əməyi vardır».
Tədqiqatçı fikirlərində haqlıdır ki, «Koroğlu»nun bir sıra sirləri hələ açılmamışdır. Onun şəxsiyyəti haqqında dəqiq məlumat yoxdur. Çənlibel hələ də vətən rəmzi kimi təsvir olunur. Tarixi qəhrəmanlıq dastanı kimi hələlik tam mənada pasport almamışdır». Xalqımızın mübarizə tarixinin müəyyən bir dövrünü əks etdirən abidə kimi qiymətləndirdiyi «Koroğlu»nun yeni sirlərini üzə çıxarmaq üçün onun öyrənilməsini, tədqiq edilməsini vacib sayır.
Xalq arasında «Koroğlu» ilə əlaqədar çoxlu rəvayətlər, mahnılar, dastanvari epizodlar, hətta dastanlar olduğunu bildirən R. Rüstəmzadə onların öyrənilməsi sahəsində ADU-nun professorlarından Vaqif Vəliyev və Azad Nəbiyevin fəaliyyətlərini diqqətəlayiq sayır. Tovuz rayonunda olarkən Xatınlı kənd sakini Göyçə Əmrah oğlundan əldə etdiyi «Koroğlu»ya dair maraqlı bir lirik epizod barədə məlumat verir: Epizodun qısa məzmunu belədir: «… Deyirlər günlərin birində Koroğlu yenə böyük bir vuruşmadan qələbəynən qayıdır. Həmişə belə vaxtlarda Çənlibeldə toy-bayram olar, şənlik düzəldər, yeyər, içər, oynarlarmışlar. İndi də böyük bir şənlik düzəldilir, yemək-içmək süfrəyə gətirilir, cəngi səsindən qulaq batır. Hamının kefi kök, damağı çağ imiş. Koroğlu məclisin başında əyləşibmiş. Koroğlunun sağında Nigar xanım, solunda Pərzad xanım, önündə isə Telli xanım əyləşibmiş. Məclisin şirin vaxtında xanımlar həmləşib Koroğluya deyirlər:
- A Koroğlu, de görək, bizim hansımız daha gözəlik, hansımızı daha çox istəyirsən?
Bu sual Koroğlunu xeyli düşündürür. Dönüb qızlara baxır, deyir:
- Elə üçünüzü də çox istəyirəm.
Qızlar razılaşmırlar. Pərzad xanım hamısından kiçik idi. Deyir:
- Yenə hansımızı daha çox istəyirsən, de!
Koroğlu fikirləşir ki, bunun hansını deyim, bunların üçü də bir-birindən gözəldir. Deyir:
- Yaxşı, onda mənim sazımı verin, sualınızın cavabını sazla, sözlə deyim.
Deyirlər, Koroğlu sazını əlinə alanda məclisdə bir dənə səs olmazmış. Hamı ona diqqətnən qulaq asarmış ki, görək nə göstəriş verir. İndi də sazını dəlilər Koroğlunun əlində görən kimi Koroğlunun başına cəm olub sakitləşirlər. Koroğlu sazı sinəsinə basıb üzünü qızlara tutub deyir:

Havalandı könlüm quşu,
Qalxdı Alvızın dağına.
Hər yana şikar eylədi,
Endi Niyarın bağına.

Koroğlu Nigar adını çəkən kimi görür, bayaqdan gözucu baxan Nigarın çatılmış qaşları açılır, qaymaq dodaqları aralanır, gözləri də gülür. Amma o biri xanımlar bulud kimi dolub, qaralıblar. Yenə sazı sinəsinə basır, alır gerisini, görək nə deyir:

Araz kimi mən axaram,
Düşmənə nizə çaxaram.
Qızıl üzüklər taxaram,
Pərzad xanım barmağına!

Adını eşidən kimi Pərzad xanımın rəngi tər qızılgül kimi açılır, üzü gülümsəyir.
Koroğlu görür Telli xanıma çırtaq vursan qanı sızar. Rəngi qara bulud kimi qaralıb, yağmağa bir şey qalmayıb. Tez sazını sinəsinə basıb ucadan bir nərə çəkir, alır gerisini, görək nə deyir:

Aləm bilir mən dəliyəm,
Qənimim qana bəliyəm!
Koroğluyam, müştəriyəm,
Telli xanım buxağına!

Xanımların üçünün də rəngi allanır, daha da gözəl görünürlər. Hər üçü Koroğluya razılıq edirlər. Koroğlunun sözləri məclisdəkilərin də xoşuna gəlir. O günü məclis daha xoş keçir. Yenə cəngi səsi ucalır, hamı yallı getməyə başlayırlar. Yeyir, içir, Koroğlunun ömrünə dua oxuyurlar».
İndiyə kimi Azərbaycan «Koroğlu»sunda Koroğlunun yalnız bir arvadı olduğu göstərilir. Lakin bir sıra variantlarda Koroğlunun üç arvadı (Nigar xanım, Telli xanım və Pərzad xanım) olduğu deyilir. Məsələn, o zaman «Kafkaz» qəzetində (№53, 22 iyun, 1853) «İz zapisok Kafkazskoqo starocila» başlığı altında dərc edilmiş bir rəvayətdə deyilir: «Provodnik moy İzmail Sultan rasskazıval mne, çto zdes, Ker-oqlı cil s svoeqo perelesnoyu Parizat xanum, poxicennoyu im v Tursii…» və s.
Tədqiqatçı «Koroğlu» eposunun müqayisəli tədqiqata böyük ehtiyacı» olduğu, «yalnız bu tədqiqat vasitəsi ilə «Koroğlu»nun sirlərini açmağın mümkün» olacağı fikrindədir.
«Qəhrəmanlıq dastanlarının yaranma tarixindən» adlı tədqiqat işində şifahi xalq ədəbiyyatının ən geniş, iri həcmli canrlarından biri olan dastanlar araşdırılır. Tədqiqatçı qəhrəmanlıq dastanları üzərində xüsusi olaraq dayanır.
Bu dastanların «mühüm bir hissəsi Azərbaycanın uzaq keçmişi ilə bağlı olub, yadelli işğalçılara və yerli feodal istibdadına qarşı zəhmətkeş xalqın tükənməz bir qəhrəmanlıqla apardığı mübarizənin bədii ifadəsi ikən, digər bir hissəsi X1X əsrdə və XX əsrin əvvəllərində baş vermiş məşhur tarixi hadisələrə, kəndli hərəkatına və bu hərəkatın adlı-sanlı qəhrəmanlarına həsr edilmişdir. Əlbəttə, bu qəhrəmanlar birdən-birə meydana gəlmədiyi kimi, onların adı ilə bağlı olan qəhrəmanlıq dastanları da birdən-birə yaranmamışdır»,-deyir. Bunların bir sıra səbəbləri araşdırılır.
X1X əsri «Azərbaycan xalqının tarixində yeni və mühüm bir dönüş mərhələsi» adlandıran tədqiqatçı «uzun əsrlərdən bəri xarici istismarçıların işğallarına məruz qalmış Azərbaycan»ın X1X əsrin birinci rübündə çar Rusiyası tərkibinə daxil edildikdən sonra da heç bir yenilik əldə etmədiyini bildirir. Rus çarizminin «kəndli kütləsinə heç bir azadlıq verə bilmə»məsi, ucqar ərazilərdə yaşayan kəndlilərin «daha çox zülmə məruz qalması», «Çar hökumətinin kəndli kütləsinə lazımı şərait yaratmaması, ona heç bir hüquq verməməsi nəticəsində Ümumrusiyada olduğu kimi, Azərbaycanda da kəndli hərəkatı»nın baş qaldırması məsələlərinə toxunan tədqiqatçı bildirir ki, «Bu hərəkat yerli bəyləri və torpaq sahiblərini, mülkədarları və polis işçilərini qorxuya salan bir sıra məşhur cəsarətli kəndli qəhrəmanlarını yetişdirmişdi ki, bunların sırasında Molla Nur, Qaçaq Adıgözəl, Qaçaq Yarəli, Borçalı Səməd bəy, Molla Yusif, Qara Tanrıverdi, Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı, Qandal Nağı və başqaları öz fəaliyyətlərilə xalq arasında daha çox şöhrət tapmış və hörmət qazanmışdılar. Onlar mütləqiyyətə qarşı çıxaraq dövlət nümayəndələrinin təqibləri nəticəsində öz kəndindən-kəsəyindən, elindən-obasından didərgin düşür, meşələrdə, dağlarda, dərələrdə və sair yerlərdə gizlənir, dövlət qanunlarından kənar gəzir, ona tabe olmadan müstəqil həyat keçirirdilər. Məhz buna görə də onlara çox vaxt qaçaq deyirdilər». Qaçaqçılıq hərəkatını «kəndli hərəkatının başqa bir forması» kimi xarakterizə edən tədqiqatçı onların «kəndli hərəkatından ancaq öz dəstələrindəki silahdaşlarının azadlığı ilə fərqlən»diyini, onlara münasibətlərin müxtəlif olduğunu, onların «yerli bəyləri, mülkədarları və çarizm üsul-idarəsini nə qədər narahat» etsə də, «bir o qədər də zəhmətkeş xalqın və mütərəqqi fikirli ziyalıların marağını artır»dığını, «hətta Zaqafqaziya xalqları ilə birlikdə bir sıra mütərəqqi fikirli rus ziyalıları bu kəndli qəhrəmanlarının fəaliyyətini alqışla»dığını, onların haqqında bir sıra dəyərli oçerklər də yazdıqlarını mənbələrə istinadən tədqiqini verir. Bunlardan Bestucev- Marlinskinin, Lev Tolstoyun, Maksim Qorkinin, V.Qazaçkovskinin, D.Kozlovskinin adlarını çəkir, Tədqiqatçının gəldiyi nəticəyə görə» «bunları təsadüf saymaq olmaz. Bizcə, dövrün ictimai quruluşundakı ziddiyyyətlər, əzilən kütlələrin acınacaqlı həyatı həmin müəlliflərin etirazlarına səbəb olmuş, xalq kütləsinin mənafeyini müdafiə edənlərə rəğbətini artırmışdır. Lakin bu cəsurlar haqqında əsərlər yazan yalnız ziyalılar deyildi. Geniş xalq kütləsi onların haqqında bir sıra gözəl nəğmələr, rəvayətlər, xatirələr, nağıllar, qoşmalar və dastanlar yaradırdılar. Çünki bu igidlər özləri xalq arasından çıxdıqları üçün birinci növbədə də zəhmətkeş xalqı, xüsusilə, kəndliləri müdafiə edir, onlara arxa olurdular. Xalq da öz qəhrəmanlarını hər cür təqiblərdən qoruyur və onları hər cür təchizatla təmin edirdilər. Bilavasitə, xalq sənətkarları öz ölməz xilaskarları haqqında nəğmələr qoşur, dastanlar yaradırdılar. Məhz «Qara Tanrıverdi», «Qaçaq Nəbi», «Qaçaq Kərəm», «Kərəm xan sərtib», «Qandal Nağı», «Qaraxanla Qaçaq Nəbi», «Qaray Söyün», «Hacı Tağı» və başqa bu kimi qəhrəmanlıq dastanları belə yaranmışdır». Bu dastanların ilk müəllifi kimi «xalq»ın, «el sənətkarları»nın adını çəkir. Bəzi dastanların müəlliflərinin adları «dəqiq» məlum olmasa da, tədqiqatçı bəzi dastanların sonunda duvaqqapmalarda öz adlarını söyləmiş müəlliflərə əsasən fikirlərində israrlıdır ki, «Qara Tanrıverdi» dastanını əməkdar İncəsənət xadimi Bozalqanlı Aşıq Hüseyn, «Qandal Nağı» dastanını el şairi Xəyyat Mirzə, «Qaçaq Kərəm» dastanını Aşıq Hüseyn Qəmli, «Hacı Tağı» dastanını isə Göyçəli Əşrəf yaratmışdır». «Bu dastanlarda xalqımızın vüqar, əzəmət, iradə və azadlıq uğrunda mübarizəsinin tərənnüm» olunduğunu bildirməklə yanaşı, fikirlərini N. V. Qoqolun sözləri ilə tamamlayır: Bunlar «həqiqət boyaları ilə dolu, xalqın bütün həyatını açıb göstərən xalq tarixidir, canlı, parlaq bir tarixdir» (N.V.Qoqol. Əsərləri, V1 cild, səh.67).
«Kitabi –Dədə Qorqud» Azərbaycan xalqının qəhrəmanlıq eposudur» adlı araşdırmasında min beş yüz ildən çox tarixi olan «Kitabi-Dədə Qorqud» dastanları araşdırılır. Bu dastanların dünya xalqalarının nəzər diqqətini cəlb etdiyini, sədasının «Almaniyadan, İngiltərədən, Fransadan, İtaliyadan, Amerika Birləşmiş Ştatlarından, İsveçrədən» və başqa ölkələrdən gəldiyini bildirir. Orta əsrlərdə «Kitabi-Dədə Qorqud»un «Almaniyaya aparılaraq Drezden şəhərindəki kral kitabxanasında mühafizə olun»duğunu, 1815-ci ildə Alman şərqşünası Fridrix Fon Dits tərəfindən elm aləminə tanıdıldığını», «bir müqəddimə və 12 boydan ibarət olan epos»un 1512-ci ildə kitabxananın kataloquna salın»dığını, «1815-ci ilə qədər dastan üzərində heç bir tədqiqat işi aparılma»dığını, «Fridrix Fon Dits eposun səkkizinci boyu ilə daha çox maraqlan»dığını, «həmin boyu- «Basatın Təpəgözü öldürdüyü boy»u alman dilinə tərcümə edərək nəşr etdir»diyini, bundan sonra eposun alimlərin diqqətini cəlb etdiyini açıqlayır. Dədə Qorqud dastanlarının tədqiqində akademik Bartoldun və professor Cirmunskinin xidmətlərini yüksək qiymətləndirir.
«XX əsrin əvvəllərindən başlayaraq «Kitabi-Dədə Qorqud»un Türkiyədə tədqiqi və nəşri məsələlərinə diqqəti cəlb edir. Dastanın Drezden nüsxəsinin «1916-cı ildə Gilisli müəllim Rifət» tərəfindən ərəb əlifbası ilə, «1938-ci ildə Orxan Şaiq Gökyay ətraflı müqqədimə ilə, həm də yeni türk qrafikası ilə «Kitabi-Dədə Qorqud»u bütövlükdə çap etdir»diyini, sornalar türk alimi Qırzıoğlunun və Pertov Nailinin bu sahədəki böyük xidmətlərini alqışlayır. «Məhərrəm Erkinin hər iki nüsxə ətrafında apardığı elmi tədqiqatlar çox dəyərlidir. Bir sıra digər ölkələrin alimləri də bu sahədə ciddi tədqiqatlar aparmışlar. Ən maraqlısı odur ki, Orxan Şaiq 1973-cü ildə Dədə Qorqud haqqında mülahizələrini daha da dərinləşdirərək öz əsərlərində dünya türkoloqlarının epos haqqındakı tədqiqatlarını ümumiləşdirib geniş bir fonda şərh etmişdir»,-deyir.
1928-ci ildən Azərbaycanda bu eposun tədqiqinə başlanıldığını bildirən tədqiqatçı A.Musaxanlının «Ədəbiyyatdan iş kitabı» adlı məcmuədə Dədə Qorqud haqqında qısa məlumat verdiyini, «1930-cu ildə Əmin Abidin «Əşrəf dövründəki ədəbiyyatımıza aid vəsiqələr» məqaləsində «Kitabi-Dədə Qorqud»u nisbətən geniş təhlil» etdiyini, akademik Həmid Araslı, professor Ə. Dəmirçizadə, professor Əli Sultanlı, professor M.H.Təhmasib, professor Şamil Cəmşidov və başqaları tərəfindən tədqiq olunduğunu, onların «eposun sırf Azərbaycana məxsus olduğunu» söylədiklərini, «onun mövqeyi, xalqımızın tarixinin öyrənilməsində, ədəbi dilimizin araşdırılmasında böyük əhəmiyyətə malik olması haqqında dəyərli mülahizələr yürüt»düklərini bildirir.
Hörmətli ümummilli liderimiz Heydər Əliyevin dastanın 1300 illik yubileyinin keçirilməsi barədə xüsusi fərmanını yüksək qiymətləndirən tədqiqatçı bildirir ki, «bu bizim hamımız- dünya azərbaycanlıları, türkdilli qardaşlarımız üçün çox vacib və qiymətlidir».
«Dünya alimlərinin nəzər-diqqətini cəlb etmiş bu qədim və hər cəhətdən qiymətli abidə»yə bu gün də maraq olduğunu, «Avropa, Asiya və Amerika qitələrində böyük şöhrət qazan»dığını və «stolüstü kitaba çevril»diyini faktlarla sübut edir: «Məsələn, Amerikanın Texas Universitetində nəfis tərtibatla «Kitabi-Dədə Qorqud» ingilis dilində çap edilmişdir. Kitabın əvvəlində bu abidənin əhəmiyyəti, təşəkkül tarixi, təsvir edilən hadisələrin, tarixi-əfsanəvi qəhrəmanların səciyyəsi, eləcə də dastanın bədii xüsusiyyətləri haqqında geniş müqəddimə, sonra isə biblioqrafiya və şərh verilmişdir.
Əsərin ingilis dilində başqa bir tərcüməsi isə 1974-cü ilin iyulunda Londonda kütləvi tiracla nəşr olunmuşdur.
Bu tərcümələrin müəllifi istedadlı ingilis alimi Corfey Lyuisdir. Tərcümənin orginalla müqayisəsi göstərir ki, C.Lyuis dastanların dilini və üslubunu diqqətlə tədqiq etmiş, əsərdə cərəyan edən hadisələrlə əlaqədar olaraq Azərbaycanın orta əsrlər tarixini öyrənmiş, dastanlar haqqında elmi-tədqiqat işlərinin bir çoxunu gözdən keçirmiş və tərcümə işinə böyük məhəbbətlə girişmişdir».
«Müxtəlif hadisələrdən və ayrı-ayrı oğuz igidlərinin qəhrəmanlıqlarından bəhs etsə də» alimin fikrincə, «Kitabi-Dədə Qorqud» boyları «obraz və qəhrəmanların ümumiliyi ilə bağlı olub vahid dastan təsiri bağışlayır: «Oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazlıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Qarabudaq, Əmrah) nəslə mənsub qəhrəmanlardan söhbət açılır. Dastanlarda igidlər yalnız şücaəti ilə ad-san qazanırlar. Dastanlarda xalq arasından çıxmış qəhrəmanlardan da (Dəli Domrul, Qaraca Çoban) rəğbətlə bəhs edilir. «Dədə Qorqud» qəhrəmanlıq ruhu, məhəbbəti ilə ayrılmaz vəhdətdir. Oğuz bəylərinin arasında doğma yurdlarını qorumaq naminə düşmənə qarşı birgə mübarizə ruhu hakimdir».
Eposda oğuz bəyləri ilə mübarizə aparan düşmən qəbilələrin də təsvir edildiyini, hər iki tərəfin bir-birinə basqınının da göstərildiyini qeyd edir və fikirlərində haqlıdır ki, «Lakin oğuzların hücumları çox vaxt təcavüzkarlardan intiqam almaq məqsədi daşıyır. Qazan vuruş meydanında «qaçanı qovmur», «aman diləyəni öldürmür».
«Kitabi-Dədə Qorqud» dastanıyla bağlı real, tarixi məqamlara toxunan R. Rüstəmzadə Qafqazda olmuş alim və səyyahların fikirlərini də şərh edir. «Adam Oleari 1638-ci ildə Dərbənddə azərbaycanlılardan Dədə Qorqud hekayələrini eşitdiyini Qazan xanın arvadı Burla Xatunun, eləcə də Dədə Qorqudun özünün burada qəbirləri olduğunu göstərmişdir. Övliya Çələbi isə «Səyahətnamə»sində Dərbənddə ustad Dədə Qorqudun qəbri olduğunu və şirvanlıların bu qəbrə böyük ehtiram və etiqad bəslədiklərini qeyd etmişdir.
«Dərbəndnamə»lərdə də Dədə Qorqudun qəbrinin Dərbənddə olduğu göstərilir. Böyük mütəfəkkirimiz M.F.Axundov isə Dədə Qorqudun adqoyma rəvayətini yazıya almışdır».
«Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanlarının poetik dili, bədii təsvir vasitələri ilə zənginliyi, «onlarda xalq dilinin incəliklərindən, atalar sözü, zərb-məsəllər və idomatik ifadələrdən bol-bol, məharətlə istifadə olunması» tədqiqatçının diqqətindən yayınmır: «Kitabi-Dədə Qorqud» Azərbaycan dilinin tarixini öyrənmək baxımından da zəngin mənbədir. Bu sahədə bir sıra alimlərimiz, o cümlədən, Dəmirçizadənin tədqiqi təqdirə layiqdir. Lakin bununla belə «Dədə Qorqud» boylarının dilinin tədqiqinə yenə də böyük ehtiyac vardır».
«Kitabi- Dədə Qorqud»un motivləri əsasında bir sıra yazıçı və şairlərin gözəl bədii əsərlər yazdığını, Anarın ssenarisi əsasında ikiseriyalı bədii film çəkildiyini bildirən tədqiqatçı arzu edir ki, «Dədə Qorqud»un qəhrəmanlığı, vətənpərvərliyi və saf məhəbbətini tərənnüm edən çoxseriyalı cizgi filmləri də çəkilsin. Tədqiqatçı, folklorşünas Gülxani Pənahın «Anar və folklor» monoqrafiyasında Anarın bu mövzuda on iki seriyalı cizgi filminin senarisini yazdığını bildirir və bunların dastanla ədaqəli geniş təhlilini vermişdir. Bunlar, şübhəsiz, bir sıra cizgi filmlərindən daha çox əhəmiyyət kəsb edər».

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah