Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

RÜSTƏM RÜSTƏMZADƏ FƏAL TƏNQİDÇİDİR


Rüstəm Rüstəmzadə folklorumuzun, ötən əsrlərdə yazıb yaratmış el sənətkarlarının yaradıcılığını toplayıb tərtib edib nəşr etdirməklə, onların adını yazılı ədəbi aləmdə də əbədiləşdirməklə yanaşı, dövrünün ədəbi mühitinə də diqqətli olmuş, ədəbi prosesi diqqətlə izləmiş, nəzər-diqqətini cəlb edən kitablar, əsərlər, elmi-tənqidi əsərlərlə bağlı ədəbiyyatşünas alim kimi sözünü deməyə çalışmışdır.
«Mənim sualım var» məqaləsində xalq şairi Nəriman Həsənzadənin 1987-ci ildə Azərnəşr tərəfindən buraxılmış «Seçilmiş əsərləri»nə daxil edilən poeziyası haqqında ədəbiyyatşunas alim fikirlərini bölüşür. Onun uşaqlıq, gənclik illəri ilə tanışlığı, uşaqlıq dostunun həyatı ilə bağlı xatirələri, şairin sənətkarlıq imkanları, istedadı, Azərbaycan poeziyasında xidmətləri, şeirlərindəki mövzu rəngarəngliyi, vətəndaş şairin elinə, yurduna, doğmalarına məhəbbətini ifadə edən əsərlərinin lirik-poetik tutumu, zəngin ifadələri, zəngin hiss və duyğuları, poetik təfəkkürün məhsulu olan zəngin iri həcmli əsərləri haqqında oxucularına geniş məlumat verir:
«Borsunlu Məzahir» məqaləsində adı qərb bölgəsində məhşur olan Azaflı Mikayılla yanaşı, şeirləri dillər əzbəri olan Borsunlu Məzahir haqqında məlumat verir. Gəncliyindən onun yaradıcılığına böyük hörmət və ehtiramla yanaşan tədqiqatçı alim durğunluq illərinin Məzahir Daşqın kimi istedad sahiblərinə vurduğu mənəvi zərbələri xatırladır. Eyni zamanda f.e.d. professor Babır Bağırovun tərtib etdiyi Borsunlu Məzahir Daşqının şeirlərindən ibarət olan «Bir zaman can deyib, can eşidərdik» kitabında toplanan şeirlər haqqında, kitabın bədii dəyəri haqqında tutarlı fikirlərini söyləyir. Məzahir Daşqının müxtəlif illərdə yazdığı bu şeirlər, bu şeirlərdə şairin vətən həsrəti, qəriblik taleyi ədəbiyyatşünasın diqqətindən yayınmır və bildirir ki, « Harada olmasından asılı olmayaraq Daşqın öz doğma yurdunu heç vaxt yaddan çıxarmamış, onun eşqilə yaşayıb yaratmışdır. Onun qoşmalarında vətən məhəbbəti, diyar həsrəti qüvvətli bir həyəcanla, vurğunluqla tərənnüm olunur. Dünyanı qarış-qarış gəzən şair gözəl-gözəl şəhərlər, məkanlar görsə də Azərbaycanı hamısından üstün tutur, ona bağlılığını ürək yanğısı ilə söyləyir.
Rüstəm Rüstəmzadə gözəl folklorşünas, bir ədəbiyyatşünas kimi ədəbiyyatın bir çox məsələlərinə biganə qalmadığını sübut edən ədəbi-tənqidi yazıların müəllifidir. Onun ədəbi-tənqidi məqalələrində gənc yazarların, dövrünün yaradıcı şəxslərinin əsərləri haqqında dəyərli fikirləri vardır və bunlar ədəbiyyatşünaslığın inkişafına kömək edir. «Vətən naminə» məqaləsində 50-ci illərdə ədəbiyyata gəlmiş Azad Talışoğlunun yaradıcılığının əsasını «vətənpərvərlik, beynəlmiləlçilik, hümanist ruhlu» şeirlərinin təşkil etdiyini açıqlayır. Əsərlərində iki mövzunun-vətən və xalq mövzusunun əsas mövzu olduğunu açıqlayır. Əsərlərindən götürdüyü mənbələr əsasında fikirlərini şərh edir. Onun «doğma yurdu, doğma vətəni, onun bərəkətli torpağı, gen dərələri, uca dağları, sıldırım qayaları, soyuq, qaynar bulaqları, təravətli, bol-bol meyvəli bağları ilə» fəxr etdiyini, zəngin lirik yaradıcılığını, bir şair kimi çap olunmuş əsərlərini yada salır.
Onun «Vətən eşqi» kitabı üzərində xüsusi olaraq dayanır. Bu kitabda toplanmış şeirlərin, asayişin keşiyində duran oğullarımızın, polis işçilərinin hər zaman «qarda, boranda, tufanda, çəndə xalqın keşiyini çəkdiyini, ay kimi şölələndiyini, gün kimi yandığını bədii dillə belə tərənnüm etmişdir:

Tufanda, çəndə, qarda
Növbədə dayanırsan.
Ay kimi şölələnib,
Günəş kimi yanırsan.
Vüqarla qoruyursan
Xalqın asayişini…».

Onun 80-ci illərdə Qulu Xəlilovun «Tənqidçilik çətin peşədir» kitabına münasibətini bildirən «Tənqid cəsarət tələb edir» yazısı bu cəhətdən xarakterikdir.
Bu tənqidi məqaləsində son zamanlar respublikamızın mətbuatında bir sıra diqqətəlayiq yazılar sırasında İsmayıl Şıxlının, Elçinin, Jabir Novruzun, Qulu Xəlilovun, Yaşar Qarayevin, Fərəməz Maqsudovun, Mirzə İbrahimovun, Bəkir Nəbiyevin çıxışlarının daha çox oxucuların diqqətini cəlb etdiyini qeyd edən Rüstəm Rüstəmzadə «həyatımızda, məişətimizdə və mədəniyyətimizdə olan müsbət keyfiyyətlərlə yanaşı, bu müvəffəqiyyətə «badalaq gəlmək istəyənlərə», əl-ayağa dolaşanlara «beş qramlıq yazısı» ilə öyünənələrə, bazarda alver eləyən tör-töküntülərə, yantar papaqlara, qiyməti özündən dəyərli olan şubalılara, nəşriyyatlarımızı zəhmətsiz gəlirlərə çevirmək istəyənələrə qarşı yazılmış, həm də aşkarcasına yazılmış» tənqidi məqalələrin müəlliflərini «böyük cəsarət sahibləri» adlandırır.
Belə cəsarətli tənqidi yazıların müəlliflərindən biri kimi tanınmış şəxsiyyətlərimizdən olan tənqidçi Qulu Xəlilovun «Tənqidçilik çətin peşədir» kitabı haqqında fikirlərini verir: «Yazıçı» nəşriyyatında 1986-cı ilin son ayında çapdan buraxılmış bu əsər demək olar ki, ziyalılarımızın, tələbələrimizin və həmçinin geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. Burada müəllifin uzun illərdən bəri böyük zəhmətlə yazmış olduğu məqalələri toplanmışdır. Burada Maksim Qorkidən, rus şairi Mayakovskidən, 18- ci əsrin realist sənətkarı Molla Pənah Vaqifdən, şair, dramaturq, nasir, filosof, tənqidçi, dövlət xadimi kimi tanıdığımız dahi mütəfəkkirimiz Mirzə Fətəli Axundovdan, inqilabi satiramızın banisi Sabirdən, gözəllik aləminin bədii şərhçisi və romantik şair-dramaturqumuz Hüseyn Javidin qadın dünyasından və nəhayət, «nəsrimizin artilleriyası», dağ görkəmli, dağ vüqarlı Süleyman Rəhimovdan söhbət açılır...».
1976-cı ildə yazdığı «Səməd Vurğun və xalq ədəbiyyatı» əsərində tədqiqatçı folklorun bütün sənətlərin «babası», xalqın istək və arzularının ifadəçisi kimi qiymətləndirir, onun qədim tarixə malik olduğunu bildirir.
Tədqiqatçı xalq şairi Səməd Vurğunun da folkloru dərindən bildiyini, öz yaradıcıılğında yeri gəldikcə xalq ədəbiyyatının bütün canrlarından–«o cümlədən, atalar sözü, zərb-məsəllərdən, rəvayət, əfsanə və bayatılardan, tapmaca və oxşamalardan dönə-dönə istifadə etdiyini qeyd edir. Böyük şairin aşıq sənətinin çox inkişaf etmiş Qazax bölgəsində dünyaya gəlməsini, toyda, mağarlarda aşıqları dinlədiyini, onların söylədikləri nağıl və dastanlara, oxuduqları mahnılara diqqətlə və maraqla qulaq asdığını, gözünü açandan zəngin xalq yaradıcılığını, onun rəngarəng nümunələrini dinlədiyini bildirir.
Tədqiqatçı onun bir sıra gözəl şeirlər, xalq əfsanələrindən istifadə edərək poemalar yazdığını bildirir və şairin «Qız qayası», «Aslan qayası», «Bulaq əfsanəsi», «Dar ağacı», «Ölən məhəbbət». «Ayın əfsanəsi» və başqa əsərlərini nümunə göstərir və onlardakı məhəbbət mövzusunu şairin şəxsi məhəbbət duyğularının nəticəsi kimi dəyərləndirir.
R. Rüstəmzadə onun folklordan istifadə formalarının müxtəlifliyindən danışarkən bunlardan biri kimi folklor nümunələrinin, əsasən, olduğu şəkildə işlənməsini götürür. Bu şəkildə istifadənin də məharət və ustalıq tələb etdiyini bildirir: «Yazıçı xalq poeziyasından aldığı motivləri öz əsərlərinin qanına, canına hopdurmalıdır. Bu nöqteyi-nəzərdən S. Vurğun əvəzsiz sənətkardır. O, el ədəbiyyatı nümunələrindən olduğu kimi istifadə zamanı da elə edir ki, xalq ədəbiyyatından götürülən motiv əsərin əsas ünsürünə çevrilir. Məsələn, «Bəsti» poemasında şair keçmişdə Azərbaycan toylarında gəlinə müraciətlə deyilən bir xalq bayatısını verir:

Anam, bacım qız gəlin.
Əl –ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.

«Bəsti» poemasının xalq poeziyasından, xalq dühasından təsirlənməyin ən gözəl nümünəsi» sayan tədqiqatçı Vurğunun əsərlərində xalq bayatılarının çoxunun müsbət obrazların dili ilə verilməsini açıqlayır, nümunə olaraq «Xanlar» pyesində Qızyetərin el mahnılarını, bayatılarını, ağıları, nağıl və dastanları əzbər bilən «bir sinədəftər» kimi ümumiləşdirilmiş obraz olduğunu bildirir.
S. Vurğunun yaradıcılığının folklorla bağlı ilişgilərindən biri kimi xalq ədəbiyyatında olan xeyirlə şərin əbədi mübarizəsi məsələsinin şairin yaradıcılığında əsas bədii keyfiyyətlərdən biri olmasını qeyd edən tədqiqatçı bu cəhətdən mövzusu «Avesta» əfsanələrindən götürülmüş «Hörmüz və Əhrimən» dramını götürür, tədqiq edir. Müharibə illərində müraciət etdiyi bu mövzuyla bağlı tədqiqatçı bu fikirdədir ki, «şairin bir sıra əsərlərinə səpələnən Zərdüşt fəlsəfəsi bu pyesin leytmotividir. Əsrlərdən bəri dildən-dilə, ağızdan-ağıza dolaşaraq yayılmış bu obrazlar xeyirlə şərin, yaxşılıqla pisliyin, zülmlə ədalətin, gecə ilə gündüzün simvolu kimi bədii obraz şəklinə düşmüşdür».
«Ellərə vurğun şair» əsərində tədqiqatçı qadın şairələrimizdən Mirvarid Dilbazi yaradıcılığı haqqında danışır. Onun istedadlı bir şair kimi yaradıcılığını araşdırır, insanpərvərlik hissinin yaradıcılığı üçün həmişə səciyyəvi olduğunu, «bu xüsusiyyətin şairənin bədii yaradıcılığının bütün dövrlərində –istər ədəbiyyatımızın təşəkkülü dövründə, istərsə də Böyük Vətən müharibəsi və istərsə də müharibədən sonrakı illərdə bu və ya digər formada təzahür etdiyini» söyləyir. Yaradıcılığında bəzi detallara toxunur. Onun yaradıcılığının mövzu dairəsinin genişliyi–ana və vətən məhəbbəti, övlad həsrəti, sülh, əmək, dostluq, beynəlmiləlçilik, uşaq dünyası ən çox müraciət etdiyi mövzular kimi dəyərləndirilir/ir.
«Şair –döyüşçü» məqaləsində Əhməd Jəmilin həyat və yaradıcılığı, «Qızıl torpaq» məqaləsində Oqtay Salamzadənin eyni adlı iri həcmli əsəri haqqında,
«Aynalı» məqaləsində Süleyman Rəhimovun yaradıcılğı haqqında dəyərli fikirlər söyləyən tədqiqatçı onun mövzusu xalq ədəbiyyatından götürülmüş əsərlərindən «Aynalı», «Pəri çınqılı». «Gülən balıq», «Güzgü göl əfsanəsi», «Kəsilməyən kişnərti» və sair əsərlərinin adını çəkir, S. Rəhimovun xalq yaradıcılığından əhəmiyyətli dərəcədə və müxtəlif şəkildə istifadə etdiyini, atalar sözlərini, zərb-məsəlləri, xalq mahnılarını, lətifələri yaxşı bildiyindən «yürütdüyü fikri daha da qüvvətləndirmək» üçün onları təkrarlamadığını söyləyir.
«Telli saz ustadları» tədqiqat işində R. Rüstəmzadə Əhliman Axundovun tərtib etdiyi klassik aşıqlardan ibarət «Telli saz ustadları» kitabında toplanmış aşıqlar haqqında öz bildiklərini bölüşür.
Kitaba qırxdan çox aşığın və el şairlərinin əsərlərinin daxil edildiyini bildirir və kitabın XVI əsrdə yaşamış aşıq şair Dirili Qurbanla başladığını söyləyir. Onun kitaba daxil edilmiş «Bəhanədir bu» və «Bənövşəni» nəğmələrinin üzərində xüsusi olaraq dayanır və dialoq şəklində qurulmuş birinci nəğmədən

Dedim: dilbər, getmə bir dəm danışaq,
Dedi: sözün yoxdu, bəhanədi bu!
Dedim: bir nəzər qıl aşıq halına,
Dedi: əcəb dəli, divanədi bu!

Dedim: Qurbanıyam yarın adına.
Dedi: elə sənsən düşən yadına.
Dedim: mən ha yandım eşqin oduna,
Dedi: şəmə yanan pərvanədi bu!

Tufarqanlı Aşıq Abbasın kitaba salınmış nəğmələrindən «Bəyənməz» nəğməsinin ideya, bədii keyfiyyətlərini araşdırır. Bu şeirdən:

Adam var dağları gəzər sər-səri,
Adam var, geyinər pustunan dəri.
Aldam var, mərfətdən yoxdu xəbəri,
Adam var, sultanı, xanı bəyənməz.

Adam var, çox işlər, eylər irada,
Adam var ki, yetə bilməz murada.
Adam var ki, çörək tapmaz dünyada,
Adam var, yağ yeyər, balı bəyənməz.

–«müxtəlif xasiyyətli insanların xüsusiyyətlərini» təsvir edən bu nəğmələri dəyərli və qiymətli nəğmələr adlandırır.
Gözəl ustadnamələr müəllifi kimi tanınan Xəstə Qasımın kitabda verilmiş «Olmaz», «Yaxşıdı» və «Deyərlər» ustadnamələrini diqqətəlayiq əsərlər kimi dəyərləndirən tədqiqatçı bu ustadnamələrdə «insanların əməyə, vətənpərvərliyə, qəhrəmanlığa və təvazökarlığa» ruhlandırıldığını bildirir.
«Təzə kitab, təzə söz» adlı əsəri Aslan Kəmərlinin yaradıcılığı haqqındadır.
R. Rüustəmzadə vətənpərvər şairin yurduna, elinə, Azərbaycanına sonsuz məhəbbətini, soy kökünə hörmətini, ehtiramını ifadə edən misralarını diqqətə çatdırır:

Vətən haray çəksə – ər var, ərən var,
Bir anda hoyuna yetməliyəm mən.
Mənə cığır açan, yol göstərən var,
Babəkin yoluyla getməliyəm mən.

Əlincə and yerim,
Daş bayrağımdır,
Qeyrətdir, vüqardır, başımın üstə.
Göy Xəzər laylamdır, Araz ağımdır,
Tökülür yaş kimi yaşımın üstə…

«O taylı bu taylı Azərbaycanı düşünən vətəndaş şairin keçirdiyi iztirabları» özündə əks etdirən

Ən böyük bir imperiya qoşun çəkib üstümüzə,
Silahımız-qeyrətimiz, qalib gəlmək olmaz bizə.

misraları yada salır.
«Səhnəmizdə yeni bir tarixi faciə» adlı əsərində tədqiqatçı tarixi mövzuda yazılmış səhnə əsərləri haqqında fikirlərini oxucularla bölüşür. İlk tarixi faciə canrının əsasını qoyan N. Nərimanov, Hüseyn Javid xatırlanır.
Bu cəhətdən Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş əməkdar incəsənət xadimi, şair, dramaturq Nəriman Həsənzadənin «Atabəylər» əsərinin «diqqətəlayiq» olduğunu, bu əsərin ədəbi mühitin, ictimaiyyətin nəzər-diqqətini cəlb etdiyini qeyd edən tədqiqatçı bu pyesin «çox maraqlı bir sücetə, kompozisiyaya, siyasi və ictimai, həm də tərbiyəvi bir mahiyyətə malik» olduğunu qeyd edir:
Bu kitabda Rüstəm Rüstəmzadənin xalq ədəbiyyatına dair, həm də ədəbi-tənqidi, bədii publisist əsərləri toplanmışdır.

F.e n. Gülxani Pənah

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah