Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Şairlik alın yazısıdır

Mən görkəmli alimlərimizin və tədqiqatçılarımızın bu fikrinə qəlbən şərikəm ki, yer üzündə Azərbaycan xalqı qədər şeir, sənət sevən ikinci bir xalq yoxdur. Çünki bu xalqın hər sözü, hər kəlməsi şeiriyyətdir. Bu şeiriyyət onun qanındadır. Azərbaycan xalqının milli-mənəvi mədəniyyət tarixinin çox görkəmli tədqiqatçısı, onun tədqiqatında- milli mənəvi dəyərlərimizin üzə çıxarılmasında misilsiz rolu olan Elməddin Əlibəyzadə yazır:"Azərbaycan xalqının və ümumən türk xalqlarının "xəmiri" əzəldən şerlə yoğrulub. Ümumtürk kökündə "Göy Tanqrı dini"-"Avesta" müqəddəs dini kitabı və "Bilqamıs" // "Gilqamış" dastanı, türklərdə "Alp Ər Tonqa", azərbaycanlılarda "Dədə Qorqud", özbəklərdə "Alpamıs// Alpamış", qırğızlarda "Manas", başqırdlarda"Uralbatır" və s. dastanları məhz şeirlə nəsrin vəhdəti-növbələşməsilə yaranmış dünyəvi sənət inciləridir. Türk xalqları "bələkdə" ikən şeirlə nəfəs alıb, ona şeirlə ana laylası çalınıb, çox vaxt onun fəlsəfəsi şeirlə yazılıb". Qanımıza, canımıza hopmuş bu şeiriyyəti bizə Xaqani, Nizami, Füzuli, Nəsimi, Sabir kimi böyük dühalar bəxş etmiş, dünya mədəniyyətinin ən nadir incilərini məhz bizim xalqımızın bu övladları yaratmış və bununla özlərindən sonra ölməz sənət əsərləri qoyub getmişlər. Elə bir əsərlər ki, zaman keçdikcə bədii dəyəri artır, onun incəliklərindən bəhrələnilir, onların qoyub getdiyi bir məktəbin yetişdirmələri hər əsrdə, hər ildə bu kök üstündə qol-budaq atmaqla Azərbaycan poeziyasının zənginliyini, misilsiz bir qabiliyyətə malik olduğunu sübuta yetirir. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əhməd Cavad, Mikayıl Müşfiq və neçə -neçə adını çəkmədiyim şeir sənət xiridarları, bu gün bizimlə bir zamanda yaşayan-yaradan söz ustadlarımız Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Fikrət Sadıq, Qabil, Fikrət Qoca, Nəriman Həsənzadə, Məmməd Aslan, Oqtay Rza, Yusif Nəğməkar və başqaları bu şeiriyyət kökündən pöhrələnmiş şairlərdir. Hansı dövrdə, zamanda yaşamasından asılı olmayaraq xalqa miras qoyub getdiyi sənət əsəri bəşəri olan sənətkar sevilir və bu gün də, sabah da seviləcək.
Aylar, illər, qərinələr ötəcək, Azərbaycan poetikasının bulağının gözündən su içən şairlər yenə də yetişəcək, onların taleyinə şair həyatını yaşamaq düşəcək və onlar Yusif Nəğməkar kimi, bir qədər başqa formada, başqa məzmunda, lakin eyni ideyaya xidmət edən, könül dünyamızı özlərinə məftun edən bu sözləri misraların poetik rənglərinə çevirəcək və deyəcəkdir: "Şairin yaşı olmur, bir şair adı, bir də şair həyatı olur."
Yusif Nəğməkar da qismətinə bir şair ömrü düşən insandır. Onun fikrincə:
Dağ olan ürəklərin
mərhəmət cücərən
sevgi göyərən yamacında
şairlik boy göstərir.
Şairlik bir nəcabət,
bir əsil, soy göstərir.
Bu gün şer, sənət aləmində öz sözünü deyən Yusif Nəğməkar üçün söz çox qiymətlidir. Şair onu dünyaya tanıdan, onun varlığını aləmə bəlli edən sözə məsuliyyətlə və ehtiyatla yanaşır. Çünki bilir ki, sözün böyüyü, qüdrətlisi daha kəsərli olur və qüdrətli sənətkar da dediyi sözündə doğulur. Sözə öz daxili duyğularının prizmapsından baxan Yusif Nəğməkar sözünü deməyi bacarır və bu sözün kəsərini də görür. O, könlünün "min telini bir avaza" kökləməyi bacaran şairdir. Yusif Nəğməkar getdiyi yolun "haqq yolu" olduğunu, bu yoldan dönməzliyini daha qərarlaşdırıb və haqq eləyib. Söz deyən, özü də kəsərli sözlər deyən sənətkarlar həmişə cəllad baltası altından keçib:
Yolum haqq yoludur, özüm bilirəm.
Ondan dönən deyil, üzüm bilirəm.
Bir dağ zirvəsidir sözüm, bilirəm.
Yıxılsam sözümdən yıxılacağam.
Sözündən yıxıla biləcəyindən ehtiyatlanan şairin şeirlərində şəxsi mənafe deyil, milli mənafe əsasdır. Onun şeirlərində "Millətimi hifz elə, Allah" dərdi-diləyi yaşayır. Onun sinəsində yurd həsrəti, Göyçə ağrısı var. Bu ağrını çəkən şairin yuurdunun dərdinə ağlamaq üçün "iki Xəzər boyda göz axtar" ması təbiidir. Onun Koroğlu kimi bu gün də
Hey! Hey! Hey! heeeyyy!!!
Yeriyin düşmən üstünə…
Haydı, dəlilərim, haydı -deyib irəlidə gedəcək, xalqın taleyini öz şəxsi taleyi bilən sərkərdəyə, əli qılınc tutan, xalqının səsinə səs verən igidlərinə ehtiyacı var. Ona görə Koroğluları öyür və "ömrüm boyu da öyəsiyəm, öyəsi" deyir. Səbəbi isə budur ki:
Qoy deyim,
İstərəm ki, soyuq qəlblər
Günəş soylu
Əbədiyyət boylu
Xalq səsinə isinə.
Xalqın səsini Tanrı səsinə bərabər bilən şair haqqın-ədalətin pozulduğu məkanında, istəyinə, arzusuna qılınc çəkildiyi elində-obasında torpaq-yurd həsrətilə göynəyən həmvətənlərimizin gözlərində, qurban gedən şəhidlərimizin yarımçıq qalmış əməllərində azadlıq çağırışını duyur, o çağırış xalqın çağırışıdır və o apaydın "dilənc", dopdoğru "haraydı". Xalqın səsini tufandan, zamandan da güclü bilən şair onu "şər önündə qəfil qopan zəlzələ"yə bənzədir.
Yusif Nəğməkar narahat şairdir. Bu narahatçılıqda elə millət taleyi üçün narahatçılıq daha güclüdür. "Mənim millətimi hifz elə, Allah" yalvarışlarında "nə gəlsə başına imandan gəl"ən millətini həm içindən, həm çölündən dağıdan, yeyən qurdlarını gördüyündən əlini yerdən üzüb, üzünü göylərə tutur:
Bizə bəlli bütün dərdi-sərimiz.
Bizə bəlli xeyirimiz, şərimiz.
Bizə bəlli güclü, zəif yerimiz.
Allah bizi özümüzdən saxlasın.
"Bizə bəlli güclü, zəif yerimiz" misrasında toplanan dərin mənadan ibrət götürə biləcək bədxahlarımıza, yaltaqlarımıza ünvanlanan haqqına deyilmiş qiymətli fikirlər Yusif Nəğməkarın xalqının mənafeyini düşünən bir qələm sahibi olduğuna inamı daha da artırır.
"Papaqçıya" şerində Yusif Nəğməkar daha amansız, daha sərtdir. Torpaqlarımızın erməni işğalçıları tərəfindən talan olunmasına dözməyərək "itkin papaq"ların məzarını gəzir. Başına papaq qoyub bu torpaq üstündə gəzənləri sərt bir şair diliylə danlayır. Xankəndi, Şuşası əldən gedən bir elin papaq bazarı bağlanmalıdır; Xocalı dərdini düşünməyən, unudan başlara "papaq əvəzinə daş düşməlidir", namus gedən yerdə papaq əvəzinə başa "ləçək bağlan"malıdır. Ona görə də qeyrət sahiblərini, mərd oğulları "nər savaşı"na çağırır. Onların diqqətini qeyrəti, namusu uca tutub bu yolda canını belə qoyan başı papaqlı igidlərimizin əməllərindən ibrət dərsi götürməyə, birləşməyə, "papaq altdakı oğullarımız"ı düşünməyə, Kəlbəcəri, Laçını, Xaçını, Xocalı , Göyçə faciəsini unutmamağa, əldən gedən torpaqlarımızı geri qaytarmaq üçün baş işlətməyə çağırır:
Başa köklənibdir indi qəlbimiz.
Bir papaq altında bəlkə birləşək.
Bəs hardan tapaq ki, o papağı biz
Qoyub qarşımıza bir fikirləşək.
Əsl vətəndaş şair olmalısan ki, içini vətən dərdi, el dərdi bu qədər göynətsin ki, misraların, yazıb-yaratdığın da vətən həsrəti qoxusun. Yusif Nəğməkar kimi şairlərin belə əsərləri Cəngi havasını xatırladır.
Yusif Nəğməkar bəzən bir şeir içərisində bir neçə mövzunu, ideyanı yaşadır. Hər bir mövzu bitkin, hər ideya bəşəri, yüksək insani keyfiyyətləri özündə ümumiləşləşdirir. "Ətək" şeri bu cəhətdən diqqətə layiqdir. Gücsüz qalıb, ehtiyaca yıxılan "əl mənim, ətək sənin" deyilən ifadədən yararlanmaq istəyənlərə qarşı şair "amansız"dır. Şair "əl mənim, ətək sənin" ifadəsinin xeyirindən çox zərərini açaraq, "ətəyin yükü"nün "ağır"lığından nifrətlə danışır. Çünki ətəklərdə sürünənin nəsibi göz yaşı, əskiklik, ayaqlar altında qalmaq, mənliyi əzilməkdir. Ona görə də insanın alın yazısına ucalıq yazılmasını istəyir. Günəşi ətəklərdə doğulmayan, "saralan sünbülü başda dən tuta"n, tacın əllərə, ətəklərə deyil başa qoyulduğunu görən şair qənaətində haqlıdır ki, "başını itirən ətəkdən tutar". Buna görə də "ətəkdən sallana-sallana qal"maqdan, "sönmüş ocaqlara ətəklənməkdən" bezar şair:
Nə yarı bölünək təpə başında,
Nə də ki. ətəkdə qalsın yarımız.
Ya düzdə yurd salıb, ya dağ başında
Düşməyib ətəyə babalarımız.-
-deyir. Bu günümüzü şərəfli keçmişimizdən, dədə-babalarımızdan, onların qüdrətli əməllərindən dərs almağa, görüb -götürməyə, ətəklərdə sürünməməyə, kimdənsə kömək ummaqdansa, öz gücüylə problemlərini həll etməyə və bunun üçün bir olmağa, birliyə səsləyir. Ətəklərdə sürünməməyə çağırdığı xalqının ətəklərin qandalından, zəncirindən, buxovundan uzaq olmasını arzulayır. Bir zamanlar körpəliyində "əl tutalqaçı" bildiyi nənəsinin ətəyinə fəlsəfi-bədii don geyindirib, demək istədiyi fikirlərini, irəli sürdüyü ideyalarını, xalq-millət-birlik fəlsəfəsinin içində əridir və ətəklərdə sürünməyin nə kimi faciələrə gətirib çıxara biləcəyi önündə oxucunu düşündürür:
Böyüdüm, acını daddım şirində,
Sən demə ətəyin yükü ağırmış.
Kürlüyü olurmuş ətəklərin də,
Ətək zirvəsindən qandal yağırmış.
Hansı tərəfə çevirsən bu ətək ancaq əskiklik gətirə bilər qeyrətli insana da, qeyrətli xalqa da. Yusif Nəğməkar belə ətəkləri xalqına arzulamayan, onlardan hifz olunması üçün əli göylərdə qalan şairdir. Şair isə xalqın arzu və istəkləri üzərində öz misralarını kökləyən sənət aşiqidir, el nəğməkarıdır.
Xalqını sevən, millətinin sabahını düşünən, bu gününü görüb gələcəyi üçün narahat olan şairin qələmindən çıxan hər bir kəlam, ifadə onun qayğıları ilə köklənə bilər. Yusif Nəğməkarın "Alın yazım" kitabı belə fikirlər, ideyalar üzərində köklənib.
O insandır. Bir şair kimi, insan kimi bəzən öz dərdləri, nisgili, həsrətiylə "baş-başa oturub", " dərd dəyirmanı" olan ürəyindən keçənləri üyüdüb bir dəyirmançı kimi vərəqlərə tökür. O, üyütmələrdə yuxu nədir bilmədiyi gecələrində səhərə qədər həsrətiylə yandığı, göynədiyi, at çapdığı" çayır düzlər"in, yurddan nigarançılığın, oradan ona "bir cüt" baxan gözlərin həsrəti, ahları yaşayır:
Ata yerlər, nə var, söylə başında?
Nisgilimdir gözlərimin yaşında.
Ayağımın izi qalıb daşında
O izlərdən xəbərsizəm, haçandır.
"Dərd qollarını bağlayan" şair "mənə azadlıq verin"- deyib kükrəyəndə, daşanda da yurdu fikirləşir:
Andım nə surətdədir.
Yurdum xəsarətdədir.
Dünyam əsarətdədir,
Mənə azadlıq verin.
Yusifin sərbəst vəzndə yazdığı şerləri kimi aşıq şeiri üslubunda, milli heca vəznimizdə yazdığı şeirləri də könül oxşayır. Saz-söz sənəti Yusif Nəğməkarın şerlərinin mövzusunun bəzəyidir. Saz sənətinin incəliklərinə dərindən bələd olan bir insan kimi sazdan uzaq düşəndə onu arzulayır. Hər saz musiqisində bir insan taleyi, əzabı, sevgisi, həsrəti, arzusu var. Y. Nəğməkar bunu şair dostlarına nisbətən daha gözəl bilir. Hər bir saz havasında olduğu kimi "Yanıq Kərəmi"də də dərin bir məna vardır. Ziyadxan oğlunun öz saf məhəbbəti uğrunda çəkdiyi əzablar, zülümlər, dərdi, ürək ağrısı, mənəvi iztirabları üstündə köklənmiş "Yanıq Kərəmi"yə qol salıb oynayan hər kəs şairin təbirincə, alışıb-yanan, arzusu-muradı ürəyində qalmış bir insan övladının ruhuna toxunmuş olur. Kim ki onu duyur və bu
Yananlar oynamır, yaxılır elə,
Yanıb külə dönür, yıxılır elə, -deyir.
Çünki bu səsin, sədanın canına insan əzabı, yarımçıq qalmış arzuların göynərtisi çöküb. Bu elə bir yükdür ki, onu çəkib apara biləcək karvan gərək. Bu elə böyüklükdür ki, onündə diz çökmək gərək. Şair Kərəm kimi alışmağı, kişi kimi qürurunu yaşatmağı, ərkini qorumağı uca tutur, "nərd üstə fırlanan sürtük zər kimi" qol qanadını sındıra-sındıra oynayanlara" "əl vurma Kərəmin sönmüş külünə" -deyib yadına həsrət qaldığı eli-obanı salır, unutqanlığımızı "çarmıxa" çəkir. Şair üçün hər sevgidə bir ülvilik, müqəddəslik vardır. İstər insan sevgisi, istər torpaq sevgisi olsun, fərqi yoxdur. Vüsalına çatmayan ürək çəkir o dərdləri, yaranı da o alır, göynəyən də o olur. İnsan əzabına gülmək, oynamaq özü də bir qeyri-insanilikdir. Şair belə duyumu kəmləri qəflət yuxusundan oyatmaq istəyir, özü də elə-belə oyatmır, onu göynədə biləcək "telləri"nə toxunur, bir qədər qarsımış yarasının gözünü cırmaqlayır, bilərəkdən edir bunu:
Kökündən ayrılsan yarpaqla oyna.
Götür başındakı papaqla oyna.
Oyunda satılan torpaqla oyna…
"Yanıq Kərəmi"yə oynama, qardaş.
Yusif Nəğməkar üçün insan qiymətli varlıqdır. Canlıların ən alisi insan duymaq, düşünmək qüdrətinə malikdir. Alilərin alisi insan qiymətləndirilməlidir. Bir şəxsiyyət kimi, bir sənətkar kimi sağlığında insanlar tərəfindən də qayğını görməlidir. Şeirlərinin birində yoxsulluq, səfalət içərisində yaşayan Portuqaliyanın qüdrətli sənətkarı Luis Kamoensin faciəsini qələmə alır. Ömrü boyu kasıblıq içərisində yaşayan, ehtiyacı olsa da hörmətini, qayğısını görmədiyi insanların öləndən sonra ona sərdabə tikdirməsini pisləyir. Sağlığında möhtac qaldığı insanlardan kömək umanda unudulan, lakin öləndən sönra üstündə sərdabə tikilən bu sənətkar xalq, vətən, millət üçün yaşamış, yaratmış, ömrünü ancaq xalqının səadətinə həsr etmiş, çox vaxt unudulmuş milyonlarla insanın ümumiləşdirilmiş obrazıdır. Yusif Nəğməkar üçün Luis Kamoenslər dünyada, eləcə də onun vətənində az deyildir. Yusif Nəğməkar üçün sağlığında qiymət verilməyən, ölümündən sonra peşimançılıq hisslərindənmi, el qınağındanmı, müxalif-iqtidar tərəzisinin pərsənglərinin düzgün vurmamasındanmı, yaxud hansısa səbəbdənsə xatirəsi əbədiləşdirilənlər azmıdır vətənində? Budur onu göynədən:
Sağlığında çox ucuz
tutulan bir adama.
Çillə yuxusu kimi
unudulan adama,
Bahalı sərdabənin
peşimançılıqdır adı.
Yadıma böyük sənətkarımız Məhəmməd Füzulinin "Şikayətnamə"si, Firdövsinin həyatı haqqında söylənilən rəvayətlər düşür. İnsana qarşı laqeydlik özü elə insanlığa qarşı laqeydlikdir. Qulaqlarıma hörmətli şairimiz Cabir Növruzun tribunadan yanıqlı-yanıqlı, dərdli-dərdli oxuduğu misraları düşür:"Sağlığında qiymət verin insanlara". Yusif Nəğməkar sanki Cabir Novruzun ədalətli, haqlı səsinə səs verir; özünəməxsus, orijinal bir deyimlə, poetik bir zənginliklə. "Əlində imkanı olan adam"a işi düşəndə imkanından, möhüründən, yolundan, pulundan, "əlinə fürsət düşdüyündən" işini uzadan, bir kağıza qol çəkmək üçün onu get-gələ salanları, bu get-gələ düşən insanın pərtliyindən, qəzəbindən, mərdliyindən utanmayıb, öz cahil, nadan əməlindən, işindən əksinə, həzz alanları şair "zəmanə gədəsi" adlandırmaqla elə bil belələrinin çürük köksünü baltalayır, süründürməçilərin əbədi pasportunu əlinə verir.
Yusif Nəğməkarın şerlərinin mövzusu olan istedad və istedadsızlıq da bu günümüzlə səsləşən mövzudur. İstedad sahiblərinin, sənətin enişli-yoxuşlu yollarında başı bəlalar çəkənlərin elə biri də Yusif Nəğməkarın özüdür. A gidi dünya, elə döyülən, söyülən, dirçəlməsi, yazdıqları nəşr olunması, istedadı günəş kimi parlaması öldürdüyü istedadsızların qəfil, qəddar hücumlarını görən yazar bu misraları. Hirsini, qəzəbini, nifrətini istedadı olanların üstünə tökənləri, onlara qarşı törədilən təxribatları, atılan böhtanları, qılığına girib saflığından da istifadə etməklə öz şəxsi istəklərinə çatmaq üçün "üzünə öy, daldada söy" hiyləgər, şeytan sifətlərindən, iblis əməllərindən istifadə edənləri qılınclayır. Qamçıladığı o alçaq, murdar qəlblilərin istedadlıları məhv etməkdə qəsdləri var. Çünki o gözəl, istedad sahibindən "Nəsimi olar, Füzuli olar, Ələsgər olar". Eyni zamanda "heç bir qüvvəyə əyilməyən" basılmaz bir igid olar". Paxıl, riyakar, istedadsız şəxsin öz dililə əməllərini açan şair şerin sonunda yenə Yusif Nəğməkar kimi sözünü deyir:
Eheyy!
Əl saxlayın vuranlar bir az.
Özünü ötəni susdurmaq olmaz!
Başı buludlara dikələn dağlar
Vurula-vurula dağ olur elə.
İstedad ölməyən nəğmələr kimi
boğula-boğula doğulur elə!
İstedadsızın zərbəsini yeyən, əlinin, dilinin, əməlinin "daşı" sinəsinə dəyən yazar bu misraları. Öz qələminin gücüylə kəsərli, tutarlı sözləriylə, zərbi-məsəl timsallı kəlmələriylə, kəlamlarıyla nadanların iç üzünü açıb tökər.
Şairin silahı sözdür. Sözü yerində, məqamında işlətmək, az sözlə yüksək fikirləri, ideyaları verə bilmək, yaratdığı əsərin estetik-bədii dəyərini, poetik duyumunu, şair qələminin istedadının meyarını üzə çıxarmaq sözün əlindədir, gücündədir. Anadan "yadigar oxlov" şairə imkan verir ki, anasızlığın, yetimliyin ona verdiyi qəlb sızıltılarını, göynərtilərini onun ana həsrətindən doğan kədərini, qəmini ümumiləşdirsin. Ana itirən şair dünyadan gedəndən sonra ondan yadigar "yanıq yeri" üstündə qalan taxta oxlovu gördükdə keçirdiyi ağrılı, üzüntülü hissləri sadə, lakin təsiredici, ürəkləri riqqətə gətirə biləcək bir dillə misraya çevirir. Evin bir küncünə atılıb qalmış hələ də üstündə xəmir qırıntılarının qurusu olan oxlov şairin analı xoşbəxt günlərini yadına salır. O oxlov "həddini aşan", "qaynar yuxanı kəsmək istəyən"ə mehribanlıqla silkələnib, o oxlovla ocağın közü eşələnib. Xeyirdə-şərdə qonum-qonşulara yarıyan oxlov bir anasız qalmışın, analı dünyasına daş atılmışın xatirələrini dağlayır:
Oxlovu görüncə yandım, "ox" dedim.
Odlandım, qaraldım girdə sac kimi.
Ana həsrətimə əlac yox,-dedim.
Oxlovu köksümə sıxdım ac kimi.
Şair üçün analılar daha bəxtəvərdir, çünki:
Xoşbəxtdir analı oğullar hələ.
Yəqin çox acını duya bilməzlər.
Yüz qadın yüz oxlov götürüb gələ
Bir ana dərdimi yaya bilməzlər.
Yusif Nəğməkar anaları torpağa köçənlərin, köçməyilə "zamanı iki zamana böl"ənlərin, ana tapıb bəxtiyar olanların, ana itirib "anasızlıq" odunda əriyənlərin ülvi, ən müqəddəs, ən ali duyğusunu-Ana məhəbbətinin əbədiliyini ümumiləşdirir. Bu şerində qalaq-qalaq, qalın-qalın kitablarda yaşayan, neçə-neçə ürəklərdə əbədi qalan ana məhəbbətini elə təsirli, lirik bir dillə tərənnüm edir ki, onun bir "Anamdan yadigar oxlov" şeri "Anasız ürəyimdə ağrılar" silsilə yazılarının, eləcə də anaya bəslədiyi məhəbbətin qapılarının "açarıdır" desəm yanılmaram. Xəyalını min bir yerə çəkən ana yadigarı oxlov ona həm "kövrək təsəlli", "şirin xatirə", "həm də oxlov adlı hicran oxudur". Burada analı dünyanın şirin xatirələri anasız dünyasında onu kövrəldib göz yaşı tökən bir körpəyə döndərir:
Daha sınıq könlüm öyünməz, öyünməz!
Anasız bir dünya bir çöpə dəyməz.
-bu şəkildə Ananı zirvələrə qaldırır. İnsan övladı üçün dünyada ana qədər əziz, şirin, qiymətli bir varlıq görmədiyini, anasız bu dünyanın qiymətsiz olduğunu, ananın bu qədər uca, müqəddəs bir varlıq olduğunu tərənnüm edir. Öz dəsti-xəttinə uyğun, öz təbinə məxsus bir dillə. Böyük sənətkarımız Cəfər Cabbarlı ana adının qarşısında qul kimi həmişə səcdədə olmağı özünə fəxarət sayırsa, onun əlilə bəla bəhrinə yuvarlanarsa onu bəzmi-istirahət bilirsə- ana məhəbbətini bu deyimdə, bu tərzdə göylərə qaldırırdısa Yusif Nəğməkar da özünəməxsus bir dillə onu o zirvələrdə, ucalıqlarda saxlaya bilir:
Hayan olsun deyə ruhum ruhuna,
Üstünü şeirimlə örtmüşəm, ana!
"Anasız bu dünyanın" heç bir qiyməti olmadığını söyləyən şair dünyaya fəlsəfi baxışlarında da lirik bir dillə onun acısını-şirinini istedadlı bir qələm sahibi kimi tərənnüm edir. Dünya onun qələmində, onun aləmində "varlığıyla heç", "gerçək olan puç dünyadı". Çünki bu dünyanın dərdi çox, sevinci azdır. Dodaqlarda "gülüş"dən çox, yanaqlarda "yaş" var. Bu elə bir dünyadır ki:
Ya atəşə yaxar səni.
Ya xoş eylər, ya xar səni.
Ayağına yıxar səni.
"Baş" açmadığı, dolub-boşalan bu dünya Yusif Nəğməkarın şerində "ürəyini ha yumşaq tut"san da "qəlbidaş" dünyadı. Bu dünya şair Yusif Nəğməkarı şerlərində, həyatda anasız qoyub, dərdli qoyub, ata yurdundan, baba mülkündən didərgin salıb, gözündə Göçə həsrətini qoyub, ürəyinə Göyçə yarası vurub. Doğmaları qürbətə sürgün ediliən, övladları erməni və ermənisifət işğalçılara qarşı mərdliklə mübarizə aparan, torpaq uğrunda şəhid olduğu dünyadır bu dünya; "Yağılar əlində tarixlər boyu" qapısının iti də göz qırpmadığı igid millətinin, xalqının yaşadığı, varlı, ağıllı olduğu üçün çapılıb, talandığı dünyadır bu dünya. "Torpaq, el təəssübü vicdanında boy atan" vətən həsrətindən saçlarına dağların qarı ələnən Fərman Kərimzadəni öz ədalətsizlikləri ilə yandırıb yaxandı bu dünya. Yusif Nəğməkarı sinəsi sazlı, ürəyini sözlü, gözünü yaşlı qoyub bu dünya. Onu şair eyləyib. Əhli qələm sahibinə çevirib. Eyni zamanda ehtiyacın şələsini də çiyninə yükləyib ki, dediyini, söylədiyini işıq üzü görməsi üçün ayları deyil, uzun-uzun illəri gözləsin. O illəri ki, həsrət, nigarançılıq onları sanki qərinələrə çevirib və bu gün Yusif Nəğməkar o şeirləri iki cilddə nəşr etdirmək nəsibi olubsa, demək özünün dediyi kimi baş aça bilmədiyi bu dünyada bəzən onu "xoş" edə bilən də ola bilər bu dünya.
Yusif Nəğməkar üçün bu dünya dərdlidir. Kəlbəcərin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Arif Vəliyevin vaxtsız ölümündən doğan kədlərində şair dünyanın "dərdli"liyini də dilə gətirir:
Sənsiz dərdli dünya gör nə haldadır.
Doğmalar, əzizlər qeylü-qaldadır.
Bir el gözəlinin gözü yoldadır.
O da həsrətinlə solandı, Arif.
Əsiri olduğu, həsrətindən sinəsi od tutub yandığı "Cıdır düzü" də bu dünyadadır. Ona görə də dünya şairin həyatında, taleyində necədirsə şerlərində, onun poetikasında da o rənglərdədir. Ağlı-qaralı, acılı-şirinli dünya Yusif Nəğməkarın da yaşadığı dünyadır və onun hər üzünü görmüş bir sənətkardır və şeirlərində ona hansı formada müraciət etsə o onun daxili əhval-ruhiyyəsinə uyğun tərənnüm olunur, vəsf edilir. Çünki onun dünyası yaxşıların da "çiynində"dir. Yusif Nəğməkar dünyanın yaxşı insanlarını da tərənnüm etməyi bacarır. Onun özünün dediyi kimi " Yaxşı insanlara yaxşı əsər həsr edə bilmək də yaxşı bir duyğudur. Mənim adına söz yazdığım kəslər qəlbimdəki təbii və təmənnasız düzgünün az bir hissəsidir". Yaxşılara özünü borclu sayan, "dünya da Yaxşıların çiynindədir"-deyən şair üçün dil müəlliminin əməli, işi şeir dililə tərif olunmağa layiqdir:
Öyrətdin
yurdumuzun, elimizin dilini.
Bir sözlə,
Öyrətdin bizə
dilimizin dilini.
Gördük dilimiz kimi
dilimizin dili də
şipşirindi.
Bunlar sənin
sənin öyrətdiklərindi.
Bütün öyrətdiklərin
öyülməyə layiqdir.
Şeirimizin diliylə
deyilməyə layiqdir.
Yusif Nəğməkar yaxşı insanların verdikləri ağır itkiləri də öz şəxsi itkisi kimi qarşılayır. Bu da insan sərrafı olmağın bir nişanəsidir. Yurdun, elin, doğmanın dərdini, qəmini öz qəmi kimi qəbul etmək Yusif Nəğməkarın insanlığa sevgisindən, yaxşı insanlara hörmətindən doğur. Gənc yaşından ana itirən Yusif Nəğməkar anasızlıq yaralarının gözünün həmişə açıq qaldığının, soyuq küləklərin acı xatirələrin duzlu göz yaşından birər-birər göynərtisini duyduğundan qeyrisinin ana itirməsinə də dözmür. Özünə əziz bildiyi, istedadlı şairimiz söz sərrafı Məmməd Aslanın dərdlərinə ortaq olur:
Oğul uçun dağdı bu dərd.
Şair üçün sağdı bu dərd.
Mən itirdim, Dədə Məmməd
Dədə ana itirməsin.
Təhlilə ehtiyacı olmayan bu misralarda nələr yoxdur. Ana itirən insanlar üçün, eləcə də şair dostu Dədə Məmməd üçün də anasızlıq böyük dərddir. Bunu şair özünün şəxsi kədəri kimi qəbul edir. Hamımızın söz sərrafı kimi tanıdığımız, şöhrətdən, şandan uzaq, şöhrəti, şanı xalqın tərəzi olan gözündə tapan Məmməd Aslana nəsib olan bir varidatdır. O, "dərədən, təpədən" toplayıb gətirdiyi, cilalayıb əntiq nemətlərə çevirib bizə ötürdüyü misralarda, kəlamlarda nələr yoxdur; Dədə kimi öyüd, nəsihət, qınaq, giley-güzar, qəm-qüssə, inciklik, küskünlük. Bu xalqın ürəyindən keçən istək və arzular Məmməd Aslanın şerində, sözündədir. M. Aslan vətən, torpaq, xalq üçün, onun zəngin maddi və mənəvi ehtiyacları üstündə əsim-əsim əsən, onu qorumağa çalışan, onu qorumağa çağıran bir Qorquddur. Bütün türk dünyası Məmməd Aslan dünyasının içindədir. Onun yaradıcılığı, fəaliyyəti özü ayrıca bir mövzudur. Yusif Nəğməkarın yaxşı insan kimi öydüyü Məmməd Aslan doğrudan da, bu dünyanı çiyinlərində saxlayan "Yaxşılar"dandır. Belə bir insanın ən əziz adamını itirməsi Yüsif Nəğməkarın ürəyini göynədir. O tərənnüm etdiyi yaxşı insanların göz yaşlarını görmək istəmirsə bu da Yusif Nəğməkarın kövrəkliyindən, saflığındandır. Bu misralarda Yunis İmrə ruhu var:
Dərd çəkməyən dərdi bilməz.
O incidi, zərdi, bilməz.
Şair doğan ana ölməz.
Kimsə xəbər gətirməsin.

Yerin təki--sözün sirri
Söz de-çiyni tabut yeri…
Yeri, yer üstündən yeri.
Yer üzü şər götürməsin.
Yusif Nəğməkar yaxşı insan kimi tanıdığı, sevdiyi insanları, onların xeyirxah nəcib əməllərini, şəxsiyyətini vəsf edərkən sanki Cabir Novruzun "sağlığında qiymət verin insanlara" kəlamına əməl etmiş olur. Əsl şair yazıçı, sənətkar yaratdığı obrazlar aləmində yüksək insani keyfiyyətlərə malik olana daha çox "qələm çalır". Oxucusuna onu sevdirə bilmək üçün çoxları "dəridən-qabıqdan" çıxır. Çoxları isə sözünü elə bir nəni üstündə yatızdırır ki, ona təhlil lazım gəlmir. Şairin həkim-şair Paşa Qəlbinura həsr etdiyi şeri kimi:
Quşu cüt qanad yaşadır.
Bir kökdə budaq qoşadır.
Qəlbimdə iki Paşadır.
Göz Paşası, söz Paşası.
Onun qələm dostlarına, könül dostlarına, qəlbinə həmdəm yaşıdlarına həsr etdiyi misralar da səmimidir. Təmənnasız dostluğun kökləri dərin olur.
Yusif Nəğməkarın lirik şeirlərində bir axıcılıq, ahəng var. Bu ahəng onun şerlərinin notlarıdır. Notlarsız şeirlərimizin ruhundakı ahəng onları bizə sevdirir.
Yusif Nəğməkarın təcnisləri, dodaqdəyməzləri onun aşıq yaradıcılığına dərin bağlılığından xəbər verir:
Bir bax mənim sinəmdəki dağlara,
Dağ sərtliyi dağ qəlbimi dağlar a.
Zirvəsinə quş qonmayan dağlara
Səsim, ünüm bircə anda yeridi.
Təcnisləri, qoşmaları, gəraylıları, dodaqdəyməzləri Yusif Nəğməkarın saz üstündə köklədiyi misralardır.
Yusif Nəğməkar dostlara, insanlara, təbiətə, insan gözəlliyinə, əzizlərinə, vətənə, torpağa, baxışlarında aşıq-şairdir. Ümumiyyətlə, gördüyü, eşitdiyi əhvalatları, rast gəldiyi həyat hadisələrini nəzmə çəkməkdə mahirdir. Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin Yusif Nəğməkarın şəxsiyyəti və yaradıcılığı haqqında dediklərində böyük bir həqiqət var: "Bu şairi mənə sevdirən əsas cəhət ilk növbədə onun yaxşı müşahidə qabiliyyətidir. Hamının baxdığı, lakin hamının görə bilmədiyi həyat hadisəsini sənə mal edə bilmək ilk növbədə istedadın qüdrətidir. Bu varsa, demək sənət də var. Hamının bildiyini, eşitdiyini, gördüyünü elə eşitdiyi və gördüyü qədər də şer qəlibinə salmaq şer deyil, adicə nəzmdir. Nəzm isə oxucuda heç bir bədii emosiya yarada bilməz. İstedadı istedadsızdan ayıran əsas amil isə hamının müşahidə etdiyi həyat hadisəsinə öz gözü ilə baxıb qəlbinin istedaddan doğan həyəcanını ona qatıb, ona tamam başqa rəng vermək qabiliyyətidir".
İstedadlı şairimizin yaradıcılığından bir neçə mövzunu tədqiqat obyekti kimi götürdük. Həm iki cildlik "Alın yazım", həm də digər əsərlərindəki mövzu rəngarəngliyi şairin geniş və zəngin yaradıcılıq imkanlarından xəbər verir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah