Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Səfurə Pirsultanlı

Səfurə Pirsultanlı istedadlı qadın şairlərimizdən biri idi. Amansız ölüm onu aramızdan çox erkən aparsa da, onun özündən sonra qoyub getdiyi misraları yadigar qalıb. Yazıçı-şair-ana –ziyalı insan Səfurə xanım «Səndən xatirədir qalan», «Ağ yağış» kitablarının müəllifidir. «Ay qara dənizim, ay qara gözlüm» kitabında şairənin son illərdə yazdığı əsərləri toplanıb, nəşr edilib. Əsərlərinin əksəriyyəti şerimizin ana vəzni olan heca vəznində yazılıb, romantik duyğuları su kimi axıdan, ahəngdar, ritmik keyfiyyətləri ilə zəngin heca vəznində ifadə edilib. Dili şirin, su kimi axıcı misraları var Səfurə xanımın:
Can yaxırsan, bu nə səsdi.
Yolunu hicranmı kəsdi?
Yandırma, gəl, bizi bəsdi,
Yetər, bülbül, yetər, bülbül.
Şeirlərindəki lirik tutum, ürəkdən gələn saf hissləri könülaçandır. Oxucu qəlbini titrədəndir, yerindən oynadandır.
Dünyadan vaxtsız gedəcəyini duymuş kimi könlündən keçənləri qələmə aldığı gəraylılarında nisgilli bir qəlbin sıxıntılarımı deyim, hüzn, kədərmi deyim nəsə bir qüssə yatır. «Xatırlarsan» şeiri Daşkəsən rayonundakı Pirsultanlı dağına müraciətlə yazılıb, hər daşına «nəğmə qondu»ğu Pirsultana «yaz yaddaşına» –deyir «bu nəğmələri». Torpağa, yurda məhəbbət dolu misralarda yaşayır xalqa, vətənə bəslənən əbədi sevgi:
Durnalar burdan keçəndə,
Soyuq suyundan içəndə,
El gələndə, el köçəndə
Yenə bizi xatırlarsan –deyir.
Yurdundan, elindən doymayan şairə üçün yurd, el, oba «gözlərində yanan rur»dur, «qənirsiz», gözəlliyinə məftun olduğu torpağının «gül bağından» çox gül dərdiyini, güllərə «könül verdiyi»ni, bütün varlığıyla bağının, bağçasının güllü-gülüstanlarına vurğunluğunu ifadə edir. «Göy yaylaqlar, buz bulaqlar», gözəlliyinə heyran olduğu Göy göl, Kəpəz şairənin qəlbinin ilham çeşmələridir.
Ay Səfurə, bu nə yazdı?
Xəyalım dağları gəzdi.
Ayrılmaram hələ tezdi,
Doymamışam, yurdum səndən.
Gördüyü səfalı obalar, ellər, hüsnünə heyran qaldığı füsunkar təbiət mənzərələri gəraylılarının əsas mövzularındandır. Ceyranlar, cüyürlər, kəkliklər, turaclar oylağı Ceyrançölə «yaraşıq» verən təbiətin məsum gözəllikləri gözdən qaçmır, vəsf olunur. Ceyrançölün gözəlliyini, ceyranlarının duruşunu, yerişini, baxışını lirik romantik boyalarla tərənnüm edir. Qaragözlü ceyranların gözlərinə vurğun şairə
Ceyranlar sürməmi çəkib?
Veriblər gözə yaraşıq-deyə sorur.
Kəklikləri «çolbasıynan», qırqovulları «balasıynan» Quba qazları sonasıynan söhbətə-sözə yaraşıq bilir. Kürün «yaxasını»-gül gülü, bülbül bülbülü çağıran gözəl mənzərəsini seyr edən zərif, incə qəlbli şairənin aldığı təəssürat, ona ilham verən anlar, qəlblərə, könüllərə yatımlı misralarında çox təsirli, gözəl bir dillə ifadə edilir. Ana təbiətin, vurğunu olduğu torpağının vəhşi gözəllərinin yanında gördüyü insan gözəllikləri gözündən qaçmır. Bir-biri üçün yaranmış ilahi möcüzələr, gözəlliklər qarşısında heyrətini gizlədə bilməyən, bu gözəllikləri tərənnüm edən romantik şairənin gözündən ən incə detallar belə qaçmır, poetik ifadəsini alır. Düzlərə yaraşıq verən ceyrangözlü qızlar, görüşünə gəldiyi «Ana Kəpəz», gözəlliklərin tacı Göy göl poetik boyalarla vəsf olunur. Seyrinə çıxdığı Kəpəz, Xanyurdu, Xanbulağı, Daşbulaq bahar fəslinin gözəllikləri, yağan yağış, saçını «darayan göy təpə», «kəklik kimi səkə»n nişanlı qızlar hər xalısı uçan quşa bənzədilən «naxış-naxış» çəmənlər vəsf olunur:
Sel çatarmı yaz selinə,
Axıb gəlir dağ gölünə.
Gül-çiçək düzüb telinə,
Ördəklər, qazlar nazlanır.
Bu gözəlliklər önündə düşüncələrə dalan şairə ömrün sürətlə ötməsindən, «axar sular kimi», «əriyib axan qar kimi» geri dönmədiyindən pərişan olur. Elə bil ürəyinə damıb bu ömür yolu onu da əlində əriyən qar kimi əridəcək. Ona görə də insan arzularının, sevgisinin, ülvi duyğularının əsrarəngizliyini ön plana çəkir, «çək nazını vədəsində» misrasında vaxtında insanlara gəncliyin qədr qiymətini bilməyi tövsiyə edir:
İtirərsən sirdaşını,
Salarsan üzük qaşını.
Axıdarsan göz yaşını,
Ölüncə «yar-yar» –deyərsən.
«Bülbül, «Kəklik», «Bənövşə», «Qaranquş» gəraylılarında hər məxluqu öz xarakterinə uyğun dilləndirir. Bağında, bağçasında axşam-səhər nalə çəkən, dil-dil ötən bülbülü Məcnundan, Xan Kərəmdən betər dərdi görüb:
Can yaxırsan bu nə səsdi.
Yolunu hicranmı kəsdi.
Yandırma, gəl, bizi bəsdi.
Yetər, bülbül, yetər, bəsdi.
Yanıq, kövrək ritmlər vəfa, sədaqət rəmzi olan bülbül səsində şairənin gəzdiyi, axtardığı, tapdığı qəm, hicran, həsrət duyğuları, vüsal çırpıntıları zəngin lirik, poetik bir dillə qələmə alınır:
Dəryadamı batıb gəmin,
Hardadır könül həmdəmin!?
Gəl, üstümə tökmə qəmin,
Dərd sinəmdə bitər, bülbül.
Bülbülün diqqətini həsrətindən yandığı qızılgülə yönəldir, nikbin fikirdədir şairə, «həsrətin sonu vüsaldı»-deyir.
Nigarançılıqda lirik qəhrəman heç kimdən geri qalmır. Yuva qurub, bala böyüdüb uçuran qaranqşuşların indi yuvasını tərk etməsi, köç götürməsi onu qəmləndirir: təlaş içindədir; «bizdən nə yamanlıq gördün, hara köçürsən, qaranquş»-sual verir, üz tutduğu üzü-gözü öyrəşdiyi qaranquşun doğma ellərini tərk etməməyə, belə gözəl, torpağı-daşı qızıl, qışı da bahar olan məkanda qalmağa səsləyir:
O sən gedən nə məkandı.
Burda yuvan bir cahandı.
Sənin ki dostun insandı,
Hara köçürsən, qaranquş?
«Qız kimi həyalı», «qəlbi şüşə», kol dibində ay işığı üzünə düşən bənövşənin gözəlliyi zərifliyi önündə düşüncələrə dalan şairə onun görkəmində həm sevinc, həm də qəm görür; «tez gəlib» tez də gedən, ancaq baharda gələn, «nərgizlə qoşa» bənövşəyə məhəbbət var bu misralarında:
Nə qəşəngsən, nə zərifsən.
Göz açıb kimi görübsən?
Sən kimə könül veribsən?
Bir yanı meşə, bənövşə.
Səfurə xanım şer–sənət aşiqi olduğu kimi, aşıq şerinə sönsuz məhəbbəti də gözümüz önündədir. Saz-söz vurğunu olduğu qələmə aldığı şeirlərinin, qoşmalarının, gəraylılarının canındadır. Aşıq Zülfiyyənin çaldığı sazın tellərində Ərzurumda qara düşən Dərdli Kərəm, lələ xatırlanır. Aşıq yaradıcılığına dərindən bələd olan Səfrurə xanım «Yanıq Kərəm» «Dilqəmi» kimi aşıq musiqilərinin sehrində əriyir. Aşıq Qəribi, Şahsənəmi xatırlayır. Bu dastanlarda yatan qəmi, həsrəti, vüsalı yaddaş notlarına köçürüb hafizəsində saxlayan aşıqlarımızın ənənələrinə, onları davam etdirən müasirlərimizin istedadına, çaldığı sazlarda ürəkləri riqqətə gətirən aşıqlıq sənətinə məhəbbəti, vurğunluğu, məftunluğu görürük:
Göynən gedən quşu saxlar,
O səni yüz yerdən oxlar.
Qışda qızılgül yarpaqlar,
Zülfiyyənin sazında.
Saza vurğun şairə «bir nəğməli dağ seli» duyduğu aşıq musiqisində «qəlbimin teli var», «sazıyla yatıb uyuyan, Səfurədi onu duyan»-deyir
Şeirlərində məhəbbət dastanları xatırlanır, xüsusilə «Arzu-Qəmbər» motivləri əsasında yazdığı gəraylısı da məzmun-ideya zənginliyi ilə diqqəti cəlb edir. Saf duyğular, ülvi məhəbbət üstündə köklənmiş misralarda xatırlanan dastan motivləri, Qəmbərin Arzuya bəslədiyi hisslər şerin bədii məziyyətlərini artırır. İnsan sevgisi üstün tutulan bu misralarda bir həyat eşqi yaşayır:
Hər kim ki, yara aşiqdi,
Bu dünyaya yaraşıqdı.
Bilərziyin bir işıqdı.
Bilərzik məndədi, Arzu.
Sevgin vətəndədi, Arzu.
Böyük məhəbbətlə tərənnüm etdiyi, üz tutduğu Pirsultan dağları, onu əzizlədiyi misralar saflıqdan, səmimiyyətdən doğur. «Tacsız göylərin dayağı», qoynu «ana qucağı», ürəyi bildiyi Pirsultan dağına-torpağa, yurda, elə-obaya əbədi bağılılğını ifadə edir.
Səfurə xanımın yaradıcılığı haqqında alimlərin, ziyalı ordunun dəyərli fikirləri oxucu kütləsinə tanışdır. «Səfurə Pirsultanlı bu torpağın saf təbiətli yetirməsi olan istedadlı şairədir, nasirdir. Torpağının, el-obasının, xalqının vurğunu, böyük vətəndaşdır. Səfurə Pirsultanlı Azərbaycan xalqının qadınlıq rəmzlərini-gözəlliyi, saflığı, abır-həyanı, qeyrəti, namusu, sədaqəti, vicdanı özündə birləşdirən Ana şairədir» (f. e. n. Azər Eyyublu)
«Dağlar» mövzusu Azərbaycan ədəbiyyatında ən geniş yayılımış mövzulardan biridir və aşıqlarımız, şairlərimiz bu mövzuda möhtəşəm bir ədəbiyyat yaratsalar da, yenə də həmişə dağlarla bağlı yaxşı bir əsər oxuyanda qəlbində bu mövzuya hələ aclıq çəkdiyiyni duyursan. Bitib-tükənməyən dağlara məhəbbət üstündə, vüqar, əzəmət, qürur üstündə köklənmiş ədəbiyyatımız üçün bu təbiidir. Hər cür dağlar mövzusunda yazılmış şeirlərin canında vətən məhəbbəti var. Özgə dağları öz dağlarım kimi sevə bilmərəm mənə elə gəlir. Nə qədər ki, hər səhər gözümü açanda dumanına, çəninə bürünmüşəm, indi də bürünürəm, arxasında boylanan, al şəfəqləri ilə köksümə süzülüb gələn günəş şüaları məni zərrə-zərrə, sonra bol-bol bürüyüb, bürüyür, kainatın bu möhtəşəm varlığını gözümüz önündə göylərdən də yüksəklərə qaldırmaq qanımızdadır, o, mənim üçün əbədi bir varlıqdır, İlahi bir qüdrətdir.O dağlar mənim üçün də, milyonlar üçün də, Səfurə xanım üçün də bütün vətənpərvər sənətkarlarımız üçün də əlçatmaz, ün yetməz, möhtəşəm, ulvi, müqəddəs varlıq kimi vəsf olunacaq. Necə ki, Səfurə xanımın «Dağlar» şeiri oxucu qəlbini oxşayan ən gözəl «dağlar» mövzusunda yazılmış şeirlərdən biri kimi yadda qalandır:
Eşitmədim nəğməsini,
Kəkliklərin hanay dağlar?
Sona kimi başı yaşıl
Ayaqları qan, ay dağlar.
Səfurə xanım gəraylılarında Azərbaycan təbiətinin bir çox möcüzələrinin, incilərinin adını ədəbiyyatda «pasportlaşdırıb». «Sarı bulaq», «Sinsar bulaq» «Levin qalası», «Sonalar çayı», «İncə çayı» kimi təbii gözəllikləri ilə könülləri fəth edən yurdun gözəl bulaqları, çayları su kimi saf, zərif qəlblərin poetik imkanlarından kənarda qalmayıb. Şəninə söylənən bu misralarda əbədiləşib.
Sənin anan Gəncə çaydı,
O gözəldən de, kim doydu?
Səni meşələrdə qoydu.
Boy atmısan, sinsar bulaq.
Və yaxud:
Gülün dərim əlçim-əlçim,
Körpü sal üstündən keçim.
Əyilib suyundan içim.
Qız hörüklü İncə çayım.
Həsrət qaldığı Qarabağ, Kəlbəcər, Ağdam, Zəngilan, Laçın yaylaqları yadına düşəndə qəlbi köz-köz olan şairə qaçqın-köçkün damğası altında inləyən həmvətənlərinin arzularını, könül çırpıntılarını qələm alır:
Yaz havası dərdə dərman,
Yaylaqlar yadıma düşdü.
Bulud keçdi karvan-karvan
Yaylaqlar yadıma düşdü.

Səsi gəldi torağayın,
Səsi gəldi Qaşqaçayın.
Gəldi, keçdi quzu-qoyun
Yaylaqlar yadıma düşdü…

Ay Səfurə, havalandım.
Dərdim vardı davalandım.
Keçən günlərimi andım.
Yaylaqlar yadıma düşdü…
Səfurə xanımın gəraylılarında vəsf etdiyi gəlin-qızlar, gözəlliklər öz tərənnümünü elə ifadələrlə alır ki, o dəqiqə duyursan ki, bu gözəllikləri elə özü kimi gözəl zərif barmaqlar sahibi qələmə ala bilər.
Gözəllikdə bir dənəsən.
İnci, sədəf, dürdanəsən.
Huri, pəri, bilməm nəsən?
Toğanadan gələn gəlin.
Səfurə xanımın ən gözəl, poetik cəhətdən tutumlu şeirlərindən biridir «Ağ yağış» şeiri:
Ağ buluddan ələnər,
Gör necə cərgələnər,
Göydə nura bələnər
İncitək səpələnər,
Düzə yağar ağ yağış,
Dağa yağar ağ yağış.
O yağar həzin-həzin.
Baxdıqca oxşar gözün.
Yağışların quzusudu,
Ağ yağış.
Demək olmaz göz yaşıdı
Ağ yağış.
Təbiətin alqışıdı,
Ağ yağış.
Mirvaritək başımızdan yağ, yağış!
Büllur yağış, nurlu yağış, ağ yağış
Əzizə Cəfərzadə fikirlərində haqlıdır ki, «Məncə Səfurə xanım Pirsultanlı özü də ağ yağış idi; ağ yağış misallı analar kimi yağdı dünyamıza, həzin-həzin, sakit-sakit, ağappaq… suvardı ANA TORPAĞI! … Özündən sonra həm də təkcə ana kimi övladlarını, yaradıcı kimi isə əsərlərini qoyub getdi bu AĞ YAĞIŞ! Tanrının, Göy türklərin ulu GÖY TANRISI kimi rəhmət yağdırdı dünyamıza bu AĞ YAĞIŞ. Ağ yağış- nemət yağışı, bərəkət yağışıdır. Yağış yağanda giley edənə, narazılıq bildirənə «Nə danışırsan? Sus! Nur yağır, nemət yağır» deyərlər aqillər. Səfurə xanım Pirsultanlı kimi ana yazıçılar da cəmiyyətdə nur kimi çilənən ağ yağış-nemət, bərəkət yağışıdır. Qızıl sünbüllər yetirən ana torpaq kimi onlar da cəmiyyətdə yalnız yaxşılıq, sülh, əmin-amanlıq yaradan ulu qüvvələrdirlər».
Səfurə xanımın qoşmaları da yaradıcılığında mühüm yer tutur. Bu kitabda toplanmış qoşmaları öz biçimi, bütövlüyü, sənətkarlıq imkanları cəhətdən diqqətəlayiqdir. Bu qoşmalarda başı müsibətlər çəkən torpağın, əldən gedən yurdların yaratdığı göynərtilər öz əksini tapıb. Vətənpərvər şairə gözü yaşlı «pərişan» Dəli dağı, Taxtalı düzü,»dərdli Kenyti»ni, «qəmli Ceyran bulağı»nı «dərdini dağlara danışan yurdu»nu, qanlar axıb tökülən Qanlı gölü, sarayları «uçub evləri» sökülmüş, igidlərin «qanı çilənmiş» Murovu, dağların başı çəkən belə «tufanları» qələmə alır. Vətəndə, eldə tökülən günahsız qanlar «Əylənmə, durnam» qoşmasında əsasdır:
Hayana baxırsan ölümdü, qandı,
Gəl, get, bizim yerdə əylənmə, durnam.
Uçdu ağ saraylar, binalar yandı,
Gəl, get, bizim yerdə əylənmə, durnam.
Nigaran qəlbli şairə üçün dərddir ki:
Yad əllərdə körpə balalar qalıb,
Ceyranlı-cüyürlü talalar qalıb.
Gör neçə alınmaz qalalar qalıb.
Gəl, get, bizim yerdə əylənmə, durnam.
Şairə yurdu talanandan könülaçıcı bir şey görmür. Qoynunda «ulduz-ulduz alaçıqlar» görmədiyi, «qoyunlar kəsilmədiyi», «ördəklər, qazlar» çəkilib gedən, başında qızlar gülüşməyən çeşmələr, çiçəyi dərilməyən, gülü biçilməyən çöllər, suyu içilməyən sərin bulaqlar, qışı yayı bir-birindən seçilməyən ana yurdun faciəsi onu dərdə salır:
Səfurə qarğıyar dava salana,
Dava deyib başladılar talana.
İnanmıram dünya belə dolana.
Gözəllər qoynunda hanı görünməz?
Erməni barbarları dünya mədəniyyətinə böyük xəzinə bəxş edən bir yurdun böyük mədəniyyət abidələrini dağıdır, böyük sənətkarlarımıza qarşı öz qısqanclıq hisslərini boğa bilməyib onların heykəllərini belə güllələməkdən çəkinmirlərsə, gör onların doğulub boya–başa çatdığı torpağın sinəsinə necə çalın-çarpaz dağlar çəkirlər.
Qarabağda törədilən faciələr Azərbaycan xalqının həyatındakı əzab və məşəqqətləri qat-qat artırıb, xalqımızın başına gətirilən müsibətlər Səfurə xanımın əsərlərində əsas mövzulardan biridir. Zalımlara, istismarçılara qarşı kin, nifrət, qəzəb şəxsi qayğıları üstələyib onun əsərlərində.
O, baharda-allı-güllü yazda bağçalarımızda, bağlarımızda ötən bülbüllərin şaqraq səsində dərin həyat sevgisini, heyranı olduğu gözəllikləri şair qəlbinin bütün incəlikləri ilə duyur, vəsf edir. Təbiətin gözəllikləri onun nəğməkar qəlbində özünəməxsus yer tutub. Qələmə aldığı mövzularda nə qədər saf, ülvi bir ana qəlbinin çırpıntılarını hiss edirik.
Səfurə xanım xalqının, millətinin sevincini duyduğu kimi ağır kədərlərini, qüssələrini də şeirlərində yaşada biləndir, Azərbaycan anaları kimi ürəyi öz qəhrəman oğulları üçün yanandır.
Onun şeirlərində tərənnüm etdiyi sevgi duyğuları niqab, həya pərdəsi çərçivəsi daxilində tərənnüm edilir. Dostuna, sevgilisinə qarşı nəhayətsiz sədaqət, dönməz, vəfa var.
Bəşəri kədər, ana məhəbbəti, sədaqət və vəfa ilə yanaşı, Səfurə xanımda təbiətə məhəbbət də güclüdür. Proffessor Abbas Səmədov yazır: «Vətənin cənnət guşələrini məhəbbətlə gəzib, onun təbii gözəlliklərindən estetik zövq alan Səfurə xanım mahir qələmini süngü kimi işlətmiş, xalq universiteti bitirmiş, xalqın mənəvi sərvətindən bəhrələnmişdir».
O, bu keyfiyyətlərinə görə bəzən Natəvana bənzəyir. Natəvan kimi çəmənliklərdə, dağların döşündə, kol dibində, yol kənarında boynu bükük dayanmış bənövşəni, nərgizi, onların qərib, kədər duyğuları yaradan görünüşünü öz duyğuları ilə vəhdətdə təsvir etməkdə Natəvan ənənələrinə yaxındır. Natəvan da qərənfilə, bənövşəyə müraciətində ürəyindən gələn hissləri təqdim edir. Onun "Bənövşə" şeirində:
Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hər su, bənövşə.
Neçin gülşənlərin tərkin qılırsan,
Düşübsən çöllərə dilçu bənövşə.
Hələ qəddin bükülmüş pirlər tək,
Deyirsən sübhü şam ahu, bənövşə.
Səni sövqi-bahar aşüftə qılmış,
Çəkər aşiq olan qayğu, bənövşə.
Dilər ətrin könül badi-səbadan,
O zülfü-yar tək xoşbu bənövşə.
Səfurə xanımın şeirlərində də bənövşəyə müraciətlə yazılan «Bənövşə» şeiri lirik tutumu, dili, bədiiliyi ilə yaddaqalandır. Görüşünə gəldiyi bənövşəyə müraciətində bir səmimilik, bir şuxluq var; «dara, saçlarını dara», «gül, ay bənövşə», «gözlərimin şəbnəmini sil, ay bənövşə» deyimlərində özünü də bənövşəyə tay bilir, elə bil bir qız rəfiqəsiylə danışır, könül isitdiyi bir ürəyə yaxın olmaq istəyir, kolların, yarpaqların arasında gizlənən, boynubükük bənövşəyə özünü daha yaxın, daha simsar bilir, ona ürək qızdırır:
Qız da qızdan gizlənərmi,
Öl, ay bənövşə, bənövşə.
Burada işlənən «öl» sözü yerində işlənib, misranın bədiiliyini artırıb, poetik deyimə çevrilib, itirib öz əvvəlki mənasını. Şerə bir şuxluq, təravət gətirib. Gözəl deyimdir, gözəl seçimdir.
Səfurə Pirsultanlının qoşmalarında bəşəri mövzu olan ana məhəbbəti də əsas mövzulardan biridir. Məhəbbəti «cəbhələrdə qalan» sevgilisi davadan qayıtmayan anasına müraciətlə yazdığı şeiri bu cəhətdən diqqətəlayiqdir. Əri cəbhədən geri dönməyən ananın gizlin-gizlin axıtdığı göz yaşları, bunu körpələrinə bildirməməsi, ana böyüklüyü, dəyanəti, müqəddəsliyi, uca tutulan ana zəhməti, ana qayğısı, namus, qeyrət, əxlaq mücəssəməsi olan ana vüqarı, əzəməti, dəyanəti yüksək tutulur. Yar əli dəyməyən ananın ağaran saçları kövrəldir incə qəlbli şairə balanı. Yalvarır elə bil o tellərə, «ağarmayın ay anamın saçları, sınıx könlü yaralıdır, yaralı»–dediyi bir qəlbin sıxıntılarını ümumiləşdirir, hicran, həsrət, əzab dolu biri insanın ömür yolunu mənən yaşayan zərif qəlb sahibi, özü də ana olandan sonra analıq borcunun, vəzifəsinin məsuliyyətini duyandan sonra daha ağırdır ona «bənövşə ətirli» ipək telli ananın ağarmış saçlarına baxmaq:
Görməyəydim, tellər, səni pərişan.
Üstündə qar gördüm, qəlbim oldu qan.
Bu cavan ömrümü eylərsən talan,
Ağarmayın, ay anamın saçları.
Səfurə xanım həyatın, yaşamağın mənasını sevməkdə, sevilməkdə-bəşəri sevgidə görür, «könülsüz yaşamaq yaşamaq deyil» –deyən şairə «saf duyğularla» yaşamağı yaşamaq sayır, «məhəbbət çeşməsinin gözündən içən, həyatda yaşamağın mənasını bilən əsil insan xoşbəxt taleli insandır. Səfurə xanım haqlıdır ki, heç kim düynyada əbədi deyil. Gələn köç bir gün geri dönəcək. Hər kəs öz köçünü sürüb başa vuracaq. Əsil sənət adamı kimi öz sözünü deyib getmiş şairə həyatda sevilən, sevən bir ömür sahibi olub.
«Gəlmişəm» qoşmasındakı bədii gözəllik könül oxşayır. Təbii boyalarla Fatma nənənin qurşağını –Qövsi –qüzehi görən, o gözəlliyə vurğunluğunu gizlətməyən romantik qəhrəman:
Meşə darağındı, Viləş göz yaşın,
Burda güzgülənən itirər huşun.
Yanardağda yozumu var hər daşın,
Möcüzəli həqiqətə gəlmişəm.
Qoşmalarının hər birində bir möcüzənin açmasını verir Səfurə xanım. Poetik bir dilli Çomadaş, Ziyarət dağı, Ağqaya, Zağalı, Balçılı dağları onun şeirlərində bəlkə də ilk dəfə bu qədər gözəl, şirin bir dillə poetik ifadəsini tapıb. Azərbaycan təbiətinin nadir möcüzələri olan bu gözəlliklərin təsvir və tərənnümü göstərir ki, şairə çalışır ki, vəsf olunmamuş yurdumuzun dilbər guşələrini vəsf eləsin, gördüyü gözəlliklərin qəlbində yaratdığı təəsüratı ilham çələngində boyasın, ötürsün oxuculara. İstədiyinə elə gözəl nail olub ki, haqqı var sənətkar keyfiyyətlərinə malik olmasıyla öyünməyə.
Başı ağ çalmalı, bəyaz cunalı,
Qayaları gəlin-qızdan həyalı.
Göz-göz bkulaqları süddən mayalı,
Möcüzəsən, ay Balçılı dağları.
«Nuh əyyamından» ziyaratına getdikləri, maralların «sağına» gəldiyi Ziyarat dağı, onun insanlara bəxş etdiyi şəfa, böyükdən kiçiyə hamının ibadət yerinə çevrilən bu dağın sinəsində yatan mömin möcüzələr hörmətlə xatırlanır. Gözəlliyi «insanın gözünə köçən», insanı ovsunlayan Ağqayada zalım ovçunun qana boyadığı təkə, ocaq çatılıb bişirilən kabab «qana çəkdi gülüstanı, Ağqaya»-deyir və böyük peşimançılıq hissilə:
Könül sevən gülüstandan doymazdım.
Ay Səfurə, gözəlliyə qıymazdım.
Mən bilsəydim, o ovçunu qoymazdım,
Qoparmağa bu tufanı, Ağqaya.
Səfurə xanımın «Azmı gəzmişəm» qoşmasına daxil edilmiş, «təbiətnamə» adlandırdığı misraları təbiət mövzusunda yazılmış öz bədii dəyərinə görə yüksək qiymətləndirilən iri həcmli kitablara bərabərdir. Gəzdiyi, gördüyü, gözəlliyinə valeh olduğu Azərbaycan təbiətinin füsunkar gözəlliklərinin tablosunu yaradıb bu misralarda. Ruhu, qəlbi, zövqü oxşayan misralarının oxucuya verə biləcəyi bədii estetik zövq göz önündədir.
«Yaşıl meşələrin», «zümrüd çöllərin», «şır-şır bulaqların, nazlı göllərin» gözəlliyini öz gözləri ilə görmüş şairə təbiətin hər gözəl guşəsinin misralarında bədii xəritəsini cızır. Təsvir, tərənnüm o qədər gözəl, bitkin verilir, mənzərələr o qədər real boyalarla qələmə alınır ki, gözünün önündə canlanır bütün bu dilbər guşələr. Nahaq yerə deməyiblər ki, «Səfurə xanım birinci növbədə Azərbaycan təbiətinin məftun aşiqidir. O, ana təbiəti elə ağız dolusu, elə ürəkdən, elə məftunluqla mədh edir ki!»…
Göy göldə enmişəm Ağsuyun üstə
Durnalar keçirdi bir zəncir dəstə.
Xan Kəpəz, verərəm, canımı istə,
Səfalı qoynunu azmı gəzmişəm?
Göygöl, təbiət haqqında düşüncələrində Göygölün hüsnünü, ecazkar gözəlliyini duyursan. Elə bil yenidən o yerləri gedib gəzirsən, təbiətin o ecazkar gözəlliklərindən aldığın təəssüratı yenidən yaşayırsan.
Yada Səməd Vurğunun «Azərbaycan» epopeyası düşür. Bir-birinə bənzər, bir-birinə yaxın ideyalar üstə köklənmiş, hər ikinsində ana yurda, torpağa, Vətənə bəslənən sonsuz məhəbbəti, bağlılığı duyuruq. Bir-birinə bənzəməyən misraların məzmunu başqa, ideyası birdir: vətən sevgisi. Səməd Vurğun Azərbaycanın hər bir dilbər guşəsinin adını çəkirsə, Səfurə Pirsultanlı bu dilbər guşələrdən çoxunun bütün gözəlliklərini gözümüzün qarşısında mənzərəsini canlandırır. Ötmür bir çayının, onu özünə məftun edən qayasının, dağının, gölünün üstündən, borc bilir gəzdiyi ana yurdun qarşısına çıxan hər qarışında gördüyü möcüzə dolu gözəllikləri qələm almağı.
«Tərlan təkin gəzdiyi» elləri-Tereki, Elburusu, Kazbeki, Bolqar ellərini, min hörmət gördüyü yerləri xatırlayır, amma «gəzmişəm, bənzəmir o yurd bu yurda»-deyir. «xəyal gözəlliyi Sənan dağını», ellərin «seyrəngahı Kür qırağını», «doğma Borçalının gül torpağını»,qədimdən ulularımızın uyuduğu Dilican dərəsini, İcevan bulaqlarını, «ulu Göyçə»ni «o qızıl torpaq»ın səfalı qoynunda gəzdiyini şirin, poetik bir dillə qələmə alır. Qonaqpərvər Azərbaycan ellərinin adlarını, gördüyü xətir-hörməti şairə ürəkdən gələn misralarla ifadə edir. Hər misrasında zəngin poetika var:
Göyçə göl sahilin ləpədöyəndə,
Çalmalıda bulud boynun əyəndə,
Şişqayada alma, armud dəyəndə,
Səfalı qoynunu azmı gəzmişəm?
Çoxlarını öz uzun, gözəl hörükləri ilə heyrətdə qoyan Səfurə xanım Tər-tərə müraciətində daha səmimidir:
Tər-tər hörüklərin qulac-qulacdı,
Hörüyüm yanında o saç nə saçdı.
O ceyran bulağın yadıma düşdü,
Səfalı qoynunu azmı gəzmişəm?
Bənzətmələri, oxşatmaları bədii cəhətdən qüvvətlidir, gözəldir. Adətən, şairlər öz bənzətmələrində poetik varlıqlara üstünlük verirlər. Səfurə xanım bu misralarında reallıqlara, real boyalara üz tutur.
Əsrarəngiz gözəlliyə malik Şuşa dağları, buzbulaqlar məskəni Şahbulağı gəzən şairə böyük heyranlıqla:
Murovdan çox baxdıq biz İncə çaya.
Ordan qonaq gəldik Ballıqayaya.
Təkcə Ağbulağı dəyər dünyaya.
Səfalı qoynunu azmı gəzmişəm?
Şair nəinki doğulub-böyüdüyü bir müddət qoynunda yaşadığı Qarabağ torpağını tərənnüm edir. Eyni zamanda gəzdiyi, gördüyü, gözündə daha möhtəşəm görünən qalalı, bəndli torpağı, behişt «Quba-Dərbəndi», sinəsi qonaqlı Qəşreşin «nazını» bülbüllər çəkən meşələrini, Oğuz ellərini, onun bahar fəslindəki qənirsiz gözəlliyini, ulularının sənət dünyasının yadigarı olan Şəki Xan sarayını, onun memarlıq quruluşunu, gözəlliyini, »Şəki dağlarının gül mənzərəsini» vəsf eləyir. Cənnət bildiyi qədim «Şirvan torpağı, Dədə Günəş, Diri Baba ocağı, Göyçayın, Ağsuyun qızıl nar bağı», «Alazan vadisi, Qıpçaq çölləri», «Gözəl Avey dağı, Damcılı bulaq». «Aldədə ocağı, Koroğlu dağı», «Gədəbəydə Turşsu, Gavalı bulaq», Tovuzun dilbər guşəsi «Kiraz», sinəsi hər «fəsil yaz» olan Göyyurd, suyu «can dərmanı, dəvalı» bulaqlar, pir, ocaq bildiyi, «çayırlı otları səməni», nəğməli Əməni bulaq vəsf olunur, bütün gözəllikləri bir Azərbaycan vətəni olan doğma torpağıyla ümumiləşdirir:
A mənim Qoşqarım, a Pirsultanım.
Səfurəyəm, sizi bir də dolanım,
Qadasın aldığım Azərbaycanım,
Səfalı qoynunu azmı gəzmişəm.
Hər incəlikdə bir gözəllik gəzən şairə şairlərin az müraciət etdiyi «hop-hop» quşunu elə şirin, incə bir dillə vəsf edir ki, poetik imkanlarına görə bülbülü, kəkliyi, turacı vəsf etdiyi misraları kimi dəyərlidir:
Onda bilərəm ki, meşədəyəm mən,
Yaşıl ormanlıqda səs eylər hop-hop.
Birisi susanda, o biri dinər,
Bilməm, hansı quşla bəhs eylər hop-hop.

Göy göl meşəsinin gül-bənövşəsi,
Ona yaraşıqdı Aysuyun səsi.
İnan ki, duymasa insan nəfəsi
Yəqin ki, oxumaz, yas eylər hop-hop.
İstedadlı qələm sahibi üçün mövzu çətinliyi ola bilməz, çünki duyumu, duyğusu, poetik, bədii gücü olan ürək həyatın qumlu səhrasında da yaşamaq, yaratmaq qüvvəsini, istedadının duyur.
Xalq ruhundan, canlı xalq dilindən gələn ifadələrlə zəngindir şairənin misraları. Bu ifadələr yerli-yerində, özü də məharətlə işlənmişdir.»Gülün dərim əlçim-əlçim», «çiçək dənizinə düşdüm», «Gözəllik insanın gözünə köçər» ifadələr kimi yüzlərlə ifadələr şeirlərinin ruhuna biçilib. Bahar sularınnı şırıltısını, meşələrin, çiçəklərin, güllərin rayihəsini duyuruq. Onda Azərbaycan təbiətinə misilsiz bir vurğunluq var və elə bu vurğunluq onun əsərlərinin leytmotivinə çevrilir. O, hər gördüyü otda, çiçəkdə, rəngdə, ətirdə bir həyat eşqi duyur, görür. Yosunlu qayalar, çiçəkli dağlar, ceyranlı düzlər, ayna bulaqlar, büllür bulaqlar, yaşıl çəmənlər ana təbiətə heyranlıq sadə, səmimi bir dillə ifadə edilir, o yağan yağışı bir rəssam kimi təsvir edir. Ana təbiətin bir möcüzəsi kimi yağan yağışın yaratdığı bu mənzərələr, təbiəti insanlara sevdirmək, insanın mənvi aləmini zənginləşdirmək, ətraf mühitə qarşı insanlarda olan biganəlikləri tərbiyə etmək, insani, bəşəri hissləri daha da inkişaf etdirilməsinə xidmət etmiş olur. Səfurə xanımın şeirləri səmimi duğularla zəngindir.
Onun rəvan bədii dili var. Şeirlərində bahar zəriflik, gözəllik rəmzi olan tər çiçəklərlə, məhəbbət, vəfa, gözəllik rəmzi olan kəklik, sona, bülbüllə qarşılıqlı şəkildə tərənnüm olunur. Şairə həyatda olduğu kimi şeirlərində də nəcib insan, ləyaqətli ana, qadın, həya, ismət vəfa sahibidir. Şeirlərində əsas mövzu, ideya gözəllik və qəhrəmanlıqdır. Gözəllik və qəhrəmanlıq olan yerdə də bəşəri duyğular güclü olur. Bəşəri duyğular isə insanlığın ən qiymətli zinətləridir. O əsil sənətkar idi, az sözü, az yazıları ilə dərin məzmunlu fikirləri, şer, sənət ədəbiyyat haqqında dərin bilgiləri ilə, bu bilgilərdə yaşayan insan-sənətkar keyfiyəytləri ilə əbədidir. Nahaq deməyiblər ki, «həqiqi sənətkar birinci növbədə özünü və mənsub olduğu xalqı ifadə edir. Ona görə də xalq onu sevir və yaşadır. Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşadan, birinci növbədə, onun əsərləri və xalqdır. Xalq onun qəlbinin, iztirablarının, böyük arzularının tərcümanı olan sənətkarı sevir və heç bir zaman unutmur. Belə sənətkarın mükafatlandırılması da xalqın ürəyindən olur. Xalq ürəyi çox həssasdır. O, saxta hissləri, saxta məhəbbəti, saxta yanmaları dərhal duyur».
Bu fikirləri, orada qoyulan məsələləri xanım yazar Səfurə Pirsultanlının yaradıcılığında görürük. Yazdıqları ürəkdən gələndir, təbiidir.
Səfurə xanımın özündən sonra qoyub getdiyi əsl sənət əsərləri, dəyərli olan gəraylı, qoşma, digər şeirləri, nəsr əsərləri, bir də dostları, rəfiqələri, ailəsi, övladları, böyük qələm sahiblərinin qəlbində qoyub getdiyi hörmət, ehtiram və məhəbbətdir. Onun yaradıcılığı bir çox alim, tənqidçi və şairlərin diqqətini cəlb etmiş, əsərləri haqqında dəyərli fikirlər söyləmişlər. Əzizə Cəfərzadə yazır:
«Səfurə xanımın yaradıcılığında üç aparıcı mövzu vardır. Birinci təbiət, ikinci ana, üçüncü övlad».
Səfurə Pirsultanlının şeirlərində Vətənə məhəbbət, yurda sevgi, təbiətə vurğunluq boğazdan yuxarı deyil. Qanına, canına hopmuş ülvi bir istək, vurğunluqdur. Bu da qandan gəlir. Səfurə Pirsultanlı Misgin Abdalın – Şah İsmayıl ətayi dövrünün tanınmış simalarından, sufi təriqətinin təbliğatçılarından biri olub, dövrünün tanınmış səntkarlarının nəslindəndir. Türk dünyasında tanınmış, bu gün də adı dillər əzbəri olan bu böyük şəxsiyyətin varisləri içərisində Səfurə Pirsultanlı da var. Dəyərli əsərləri ilə ədbiyyat aləmində əbədi yeri var.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah