Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

SÖZ-ZAMAN-SƏNƏTKAR


Sənətkar o zaman sevilir, yazdığı, yaratdığı əsər dəyərləndirilir ki, xalq o yazılarda özünü, qayğısını, sevincini görür. O sətirlərdəki doğmalıq üzünə gülür və üzünə gülən o mehribançılıqdan qəlbi isinir. Özünə yabançı misraları, sətirləri görməyəndə o qələm sahibini də özünə o qədər doğma, yaxın bilir.
Hər xalqın sənətkarına qismət olan istedad deyil bu ki, xalqının, soyunun, kökünün bu qədər dərindən tarixini bilsin, onunla fəxr etsin, qara qüvvələrin caynağından onu qurtarmaq üçün yaralı qartala çevrilsin, qəzəbindən az qalsın ki, düşməninin düz görüb yalan söyləyən dilini kəssin. Var belə sənətkarlar və onların sırasında qəlbi ana Türküstanına bağlı, onun şöhrəti, şanı haqqında şərəfli dastanlar məskəninə məhəbbətlə dolu şair Əli Rza Xələfli var. O, çığırmır, bağırmır, içini yandıran alovun şöləsində damla-damla əriyir, hər damlası bir şer olur, bir əsər olur. O, yurd ağrısının nə olduğunu bilən qələm sahibidir. O, bu gün torpaqları murdar qonşu nəfsinə tuş gələn sənətkardır. Çəkir yurd yanğısını, yurd həsrətini. Ona görə də min illər boyu itirə-itirə gəldikləri ana Türküstanın-Amurun kimsəsiz sahillərində ruhunu çağıran boz qurd səsini eşidir, özü də bir şamana dönür. Darköksü Xəzərdir, Araldır, duyğuları coşğun ləpələrdir, çırpır özünü o dar qəfəsin sahillərinə, necə ki, dalğalar özünü sahilə, daşa-qayaya çırpır, öz məcrasından kənara çıxammır, özü öz içində çırpınır, çırpılır.
Sözümü Aralın duzlu suyuna
Əkirəm yuyula hisdən, qurumdan.
Bu misralarda yüksək poetik duyğular yatır, bu güllər, butalar rövnəq verir şerinə, eyni zamanda nə yoxdur bu misraların canında. Sözünü Aralın duzlu suyunda suya çəkən şair «hisdən, qurumdan»- deyəndə nəyi nəzərdə tutur görəsən? Düşündürür oxucusunu, düşündürür, özü də tarıma çəkib, çarmıxa çəkib düşündürür. Elini, elatını, nəslini, kökünü, soyunu görmək istəyir öz həndəvərində, xeyirində, şərində onları axtarır. Elə arzulayır ki, sinəsində toyunda qonağı olan bir Qaraqomlunu… Ucu-bucağı bilinməyən, tarixi qədər uzun, qədim köklü-köməcli olan bir türk nəslinin övladıdır o. O, bir oğul, vətəndaş kimi türkün, türk dünyasının ayıq-sayıq əsgəridir. Bu ayıqlıq, sayıqlıqdır onun qəlbini riqqətə gətirən, şərəfli keçmişinə üzüağ dönüb baxmağa imkan verən. Şumerdən bu yana tarixi yazası bir oğul gözləyir, elə bir oğul ki, bəzəksiz, boyaqsız tarixini yazsın. O tarixi ki, düşmən bildiyindən ''gözünə ox kimi batır''. Orxon-Yenisey, Qobustan, Azıx- adını çəkmədiyim Böyük Daşqın dövründən də əvvəlki türk dünyasının möhtəşəm tarixini bilir. O möhtəşəmlik qorxudur onun düşmənini. Şair bilir ki, türk türklə birləşəndə nələr olur. Şumer, İskit-sak, Atilla, Hun, Osmanlı birliyinin həsrətini çəkir. Bir dəniz gəzir arayır: '' Birlik dənizi''. Ümidi o dənizdən su içən atın yəhərində olduğunu xəyalən arzulayan şair bir gün səadət günəşinin üzünə doğacağını, ikiyə bölünmüş Azərbaycanın dərd cığırı, qəm mayalı Arazına qoyulan qadağanın götürüləcəyinə ümidlə baxır və o gün Qıratı onun körpüsünü keçəcək. Təbrizə, Ərdəbilə, neçə-neçə doğmasına qovuşacaq anları düşünür. O səadətə kölgə salan anlar da var. Oğuz övladlarının qəlb itiliyi, söz götürməməzliyi doğması olsa belə bir kiçik sözünü bir batman balla '' həzm '' edə bilməməsi salır bu kölgəni. Çünki bunun axırı ayrılığa gətirib çıxarır, qan-qada salır. Bu qan-qada Qazan-Aruz çəkişməsi, ədavəti yaratdı. Bir-birinə qarşı qoydu Oğuz oğlunu. Oğuz oğlu öz-özünə qarşı çıxanda düşmən sevinir, çünki türkün birliyi dünyanın özünü belə qorxudur. O, birləşəndə nələr olmur, düşmən qan dünyasına qərq olur. Ona görə də şair hər bir oğuz övladını dostunu, düşmənini tanımağa, bir-birinə dönük çıxmamağa səsləyir, özünə dönük çıxanı '' qamçılayır ''. O dönüklərin dərdini, hərəkətlərinin ağrısını indi düşmən tapdağı altında qalan torpaqda uyuyan babalarımızın narahat ruhları çəkir. O narahat ruhlar önündə '' baş əyən şair o vaxtdan üzü bəri türk elinin bir-biri ilə çəkişməsinin nələrə gətirib çıxardığını görən, o ağrı-acını yaşayan, bu gün ata yurduna həsrət
qalan insan övladının etiraz səsini eşitdirir.
Əli Rza Xələfli xalqının şairidir. Onun yaradıcılığında Müşfiq dərdini, Rəsulzadə böyüklüyünü, Nərmanov ömrünün təzadlı dünyasını, haqqı deyən, insan oğlunu yüksəklərə qaldıran, ən ali uca varlığı duyan, bu yolda diri-diri dərisi soyulan, əqidəsindən dönməyən Nəsimini, Üzeyirin bütün türk dünyasını birliyə, bu yolda mübarizəyə çağıran ''Uvertura''sındakı möhtəşəm birliyə çağıran motivlərini, Nizami böyüklüyünü, müdrikliyini görürük. O, elinin, yurdunun, vətəninin alimini, ziyalısını, tarixi şəxsiyyətlərini necə sevirsə, onun sərhədlərdə keşik çəkən əsgərini, torpaq yolunda can qoyan şəhidlərini elə sevir.
Öz yazı masası üzərindəki qarışıqlığı görüb ona ''irad '' tutan qələm dostunun şair lirik, poetik bir şəkildə ''cavabını '' verir. Onun yazı masasının üstünə neçə-neçə başa çatmamış yarımçıq əsərlər var. O əsərlərdə Aruz-Qazan ədavətinin qorxusu, bu gün üçün narahatçılıq, barışığa çağırış səsi var. Burada həqiqətin üzünə dik baxan, qorxu-hürkü bilməyən, Müşfiq yaşından yaşı ötüb keçən, artıq mübarizə dolu həyatda xalqının, onun gələcəyinin narahatçılığını çəkən misralar hopmuş ürək səsləri var. Eyni zamanda burada ''ürəyini yollara sərib şəhid bağçasından gül dərən'', inamının oduna yanıb qəlbinin qanıyla söz toxuyan bir sənətkar böyüklüyünü duyuruq.

 

Əli Rza Xələfli eyni zamanda boynuna düşən vəzifəni duyan, onun ağrılarını çəkən bir insandır. ''Kəndim borcun istəyir'' şerində onu narahat edən, tez-tez yuxusuna girən kəndindən çox vətəndaşlıq borcu, vicdan ağrısıdır. '' Boynunda haqqı -sayı'' duran kəndinin əsirlikdə qalması qara kösöv edib sinəsini. Ona görə də məhəbbətlə arzuladığı, ehtiyac duyduğu ana çöllərinə yaxın düşə bilməməsini, bunun üçün çəkdiyi ağrı-acıları elə bir tərzdə qələmə alır ki, bu cür üsulla ancaq Əli Rza çıxış edir və bu, onun özünəməxsusluğu, təkrarsız qələm sahibi olmasına sübutdur.
Ay kəndim, sən axı belə deyildin,
Yaman borclu kimi üzə durmusan….
Nələr yoxdur bu misralarda, bir Allah bilir… ''Borclu kimi üzünə durmuş'' torpağı qorumaq məsuliyyəti daha güclüdür bu misraların canında. Çünki bu kəndin-kəsəyin daşına ilişib yıxılanda, kənd ana kimi onun başına sığal çəkib, özünün yerini-yurdunu ''təpikləyib'', uzaq yollarının xeyir-duaçısı olub, çörəyilə, suyuyla böyüdüyü torpağın halallıq haqqını güdmədiyini, onunla qoşa dolaşanda həmişə doğmalığını duyub, ondan heç nəyini əsirgəmədiyini, qarşısında borclu qalmadığını kəndində-kəsəyində bir damla qədər özünə ögeylik hiss etmədiyini yadına salır, xəcalət çəkir və bu xəcalətin, vicdan ağrısının onu necə xəcil etdiyini, borcunu verə bilmədiyini, acizliyini dərd dolu sinəsində misralara çevirir. Şair yüz minlərlə qaçqın, köçkün, didərgin dərdlərini, o yerlərin ağrısını çəkən insanların, gecələr yuxusunda da ondan əl çəkməyən torpağın, daşın dərdlərini ümumiləşdirir. Hər bahar çərşənbə tonqalını öz ocağında qalaya bilməyənlərin dərdini yığır misralara. Bir Xələfli kəndini, onun dərdini, həsrətini, dağ boyda qayğısını tək oğul çiyninə götürüb nələr demir Əli Rza Xələfli Xələfli? Arxalı köpəklərin qurd basdığı dövranda gileyləndiyi o ''aciz'' kəlməsinin arxasında dünya, imperialist qüvvələrin çürük siyasətinə qarşı duyulan nifrət hissləri üzümüzə qəzəb üfürür.
Ə.Xələflinin yaylaqlı-aranlı dünyasına qonan dərd-səri «Sınmış güzgünn bəxti'' şerində daha təsirli, yandırıcı, göynərdicidir. Ananın həsrət qucan qolları onun oğul ''bağrının başını əzir''. Ana məhəbbəti, xoşbəxtliyə ümid torpaq sevgisi ilə vəhdətdə verilir. İnam və etiqadlara söykənən ananın qaçqınlıq dövründə yorğana büksə də yorğan arasında sınan güzgüsünün qismətində bir haray, nalə görür şair o dərdi də «göyərdir», «Bəxti yazılıbmış alnımın üstə'' deyən şair duyğuları, ananın daxili əhval-ruhiyyəsini, dərdi-əzabını, çəkdiyi qayğıları o qədər təsirli, dərdli verir ki, könülləri qana döndərir.
''Bənövşə'' mövzusu hər dövrdə saz-söz ustalarının ən çox müraciət etdiyi mövzulardan olsa da xalqın yaddaşında Qurbaninin ''Bənövşə»si, S.Vurğunun ''Bənövşə»si qalıb. Əli Rza Xələflinin «Bənövşə» şeri müasir dövrümüzün dərdi-səri ilə yüklənib. Onsuz da yollara boylanıb baxmaqdan, hicran, həsrət odundan ''boynu bükük bənövşə'' kimi tərənnüm və təsvir edilən Bənövşə də şairə imkan verir ki, dərdini-sərini bölüşsün. ''Məskəni kol dibi, meşə yolu'' olan ''bəxti kəm'', ''taleyi qara'' bənövşəni bir dostunun bağında görüb yadına eli-obası, lalası, bənövşəsi düşür və bənövşə baxışında, duruşunda vətən, torpaq dərdi, həsrəti duyur:
Dağını, dərəni kim aldı sənin,
Yerini, yurdunu taladı sənin.
Bəxtini odlara qaladı sənin
Başından çəkilmir qoğa, bənövşə!
Özünü bənövşə ilə müqayisə edən şair fələyin çərxini əyri görür, ömrün çəhrəsini zaman işlədir və bunları görən «Xələfli içində yağdı əriyir, özün bax cızdağa, dağa bənövşə'' deyir.
Dünya Əli Rza üçün də başaçıcı deyildir; ''sevinci az, qəmi çox'' dünya ''dolaylarda'' dumanı çox olan, ''ümmanlara üz tutası'' gəmisi olmayan dünyadır. Çünki dövranı, zəmanəsi elə zəmanədir ki, ondan gileylənməmək mümkün deyildir. Çünki bu dövranda Qarabağ boyda dərdin yükünü də çiynində daşıyır şair. ''Dövran mənim içimdi'' deyən şairə görə ''yaxşı tuş gəlibdir yamana'', ''Qarabağın qəbrini'' qazanlar var. Xələfli kimiləri yurdsuz qoyanlar var. Amma şair ümidini də üzmür:
Xələflini naçar qoyan qapılar,
Qaçqın əli pis üzünə çırpılar.
Xələflinin misraları o qədər mənalı, güllü, butalıdır ki, oxucunun diqqətini tarıma çəkir, onu özünə cəlb edir, yığır bütün fikirləri özünə, cəmləşdirir ətrafda nə varsa yanına. Özü kimi bir dərd bostanını zorla becərtdirir oxucularına, yana yana alağını-otunu arıtladır, böüyütdürür, bəslədir sinəsində ki, insan övladı bir gün qılıncının qəbzəsini itiləsin, düşsün döyüş meydanına. O bilir ki, bıçaq sümüyə dirənəndə insan oğlunun gözü qabağını görmür. O zamana kimi də itirdiyinin fərqinə varmadan düşür oda, bir də alır qismətini geri, bir də düşür oda, tonqallarda bişir, bərkiyir, amalından, məqsədindən dönmür və bir də görürsən nələr etmir insan oğlu? Xələfləi insanın o zərif damarını tutarkan ustalıqla tərpənir: qılınc götürüb düşmün üstünə getmir, «hoydu dəlilərim»- demir, amma elə deyir ki, «qızım sənə deyirəm, gəlinim sən eşit» məsəli düşür yada. Arif işarədən qanır.
Bu qayalar elə ağırdı
Fələyin əli ağırdı
Zaman-zaman döyür məni.
İnsan övladı onu döyən dərdin ağrısını canında hiss etməyə bilərmi? Bu da sənətkardan məharət tələb edir:
Dərddən bostan əkib, barın gözlədim,
Ömrün payızında dərdi dizlədim,
Sirrim bir cidadır necə gizlədim,
Daşlı yolda duyğularım kişnəyir.
Əli Rza Xələfli sözün dəyərini bilən sənətkar kimi qarşısına qoyduğu ən ali məqsədlərə xidmət edir. Öz qələmi ilə, sözü ilə təklikdə qalanda sinəsi döyüş meydanına da çevrilir. Özünün ''yazı masasını ''döyüş meydanı'', qələmini güllə, ilhamını ''öyünc meydanı'', ''hədəfə dəyən sözlərini'' sinayperə bənzədir və bu bənzətmə ustalıqla elə bəzədilib, sözlər elə sərrast, tutarlı seçilib ki, həm şerin məna tutumunu, həm də bədii dəyərini artırıb.
''Anama məktub'' şerinin məzmunu digər ana mövzusunda yazılmış şerlərdən fərqlidir. Burada yeni bir nəfəs, duyum var, şair etirafı var, həqiqət var, bəzəksiz-düzəksiz reallıq var və bu reallıq şerə şirinlik gətirir. ''Özgə qızlarına oğul böyütdün'' misrasındakı reallıq, etiraf özü yüksək poetikadan, bədiilikdən, yüksək məna tutumundan xəbər verir. Hər kəs anaya öz gözü ilə baxır. Hər şair onu bir cür tərənnüm edir. ''Anama məktub''-da hardasa bir qəlbin gizli qüssəsi, ''özgə qızlara oğul böyütdün, hərəsi birini çalıb apardı» misralarında yatır…
Real həyatımızın real varlıqları acı həqiqət olsa da misralarda şirinləşir, çünki o biri misralarda ana ülviləşir, ana müqəddəsləşir. Çünki onun çatdığı ocağın ''gözləndi qoru'', ''hərənin evində bir çıraq yandı''. Hər evdə bir çıraq yansa da ana böyüklüyü, ana qüdrəti ürəklərdə var, onun toxunulmazlığı var. Çünki o ürəklər ''süfrədə verdiyi halallıq payını» unudanın, namərd övladın ''haramın gözünə bir ox olar, ox''. Ana haqqı- Tanrı haqqı kimi əziz tutulur bu misralarda. Hər misradakı məna nələrdən xəbər vermir? Şair mənəviyyatı, saflığı misralarında canlanır. Bir ana zəhməti, ana qayğısı, övlad sevgisi, böyütmək, yaşatmaq, yaxşı günlərini görmək, bir ocağın min ocaq olmasını istəmək sevgisi var bu sətirlərdə. Ana saçlarını ağardan, bu istəyi, amalı qeyrətli övlad daha tez duyar. Nankorluqdan kənar insan bilər nədir ana saçlarına ağ əllər çəkən?!
Ağırlıq-uğurluq yükü daşıdım,
Əlinin duzunda bərəkət vardı.
Sormaram ömrünün neçə yaşıdı,
İllərin ağısı başında qardı.
Əli Rza Xələfli yaradıcılığında şair taleyi geniş və əhatəli mövzudur. Bu mövzuda dost sədaqəti, dosta məhəbbət, şair taleyindən yanğı var. Bəzən misraları görəndə fikirləşirsən ki, Əli Rza elə ithafla məşğul olub. Amma yox. Hər bir dost, şair, yoldaş, alimə ithaf olunan şeirlər bitkin bir mövzu, həqiqəti, varlıqları özündə əks etdirən, dərin məna tutumu olan, yüksək poetikliyə malik, zəngin bədii çalarlarla, tutumlarla əhatələnmiş şerlərdir. İttihafı yazmaq bacarığı da hər sənətkarda olmur. Ədəbiyyatımızda belə mövzulara çox rast gəlmişik, onların hamısı bədii cəhətdən dəyərli də deyil. Amma Əli Rzanın bu «ittihaf»ları bənzərsizdir. Bənzərsizliyinin bir cəhəti də onun ittihaflarında duyduğumuz bəşərilikdir, insanın insana qayğısı, məhəbbətidir. Bu ittihaflar dilucu deyilməyib, onlarda bir şair qəlbinin üzdə görünməyən, sətirlərin, sözlərin içində yatan dərya misallı xalları var. O «gül»lər, «buta»lar Əli Rzada olduğu qədər bir çox şairlərin yaradıcılığında görünmür.
Şahmar Əkbərzadənin yarımçıq şair taleyinin onu tanıyanların qəlbində yaratdığı ağrı-acıları ümumiləşdirən ''şairin taleyi'' şeri fəlsəfədir. Nədir şair taleyi?- İnsan övladı üçün ömrünü, həyatını təhlükədə qoyub ona od-həyat gətirdiyi üçün zəncirlənmiş Prometey taleyi, ''qisməti tənhalıq tamı'', qisməti, piri ''cəllad kötüyü'', ''sinəsi bir edam yeri'', meyvəsi doğmalaşan bar ağacı»dır. Şahmar Əkbərzadə ömrünün yarımçıqlığında bir insan yoxluğundan doğan dərd-qəm qalaq-qalaqdır.
Əli Rzanın tanıdığı bir ''bazar'' var. Dünyanın bu bazarında hərə bir şey satır, satsın cəhənnəmə, qoy dolandırsın özünü, şəxsi boğazını saxlasın, amma bu bazarda şairin qəzəbinə tuş gələnlər, dünyanın rahatlığını pozanlar bazar haqqını, nizamını pozanlardır. Onlar ki, dünyanın ''bazarını'' ''açıblar''- orda ''şıdırığı torpaq alveri gedir''.
Bir tərəfdə Kosova,
Bir tərəfdə Qarabağ satılır…
Yanıb ''kösövə'' dönmüş o Qarabağ şairin and yeri, yurd yeri, Məkkəsi, qibləsidir. Əlindən alınıb, satılıb, ''sahibinin sinəsinə dağ çəkilib, yüz min atlar içində seçilən Qarabağ atlarının sahibi başqa, satanı başqa, alanı başqadır''. Bu haqsız, ədalətsiz dünyada şair çox şey gözləyir. Nə qədər ki bu dünyada ''dostunu, arxadaşını, lap doğma qardaşını satanlar var'' tənəli baxışlardan utanmır, dərisi qızarmır, gönü qalındır, onun üçün bu dünyada hər şey pulla ölçülür, mənəviyyat kasaddır, onların əməlləri dünya bazarına da yol açır. O, murdar qəlblilər üçün nə insanlıq var, nə bəşər var. Öz çılğın, vəhşi arzularını, azğın nəfislərini cilovlaya bilməyənlər Fələstin, Kosova, Qarabağ faciəsini törətdi, İraqı cəhənnəmə çevirdi. Şairi narahat edən bunlardır, bunların axırı isə yoxdur. Çünki dünyada özünə ''bazar açanlar'' var, insanlıq deyilən bir varlığa qarşı çıxmaqla
Nələ bazara çıxarılmağa
Nə çox mallar var.
Nələ neçəsinin yalağına
tökülməyə dadlı yallar var.
Növbədə İran var,
Aldadıb tovlanan Turan var.
Bazardı da nə iman var
Nə Quran var.
Bəli, ən kiçik bazarda çəkidə aldadan-satan hətta çəki daşlarının içinə, çölünə əl gəzdirənlər elə dünyanın satılmasının təşkilində əlləri ''bulaşanlardır''. Ona görə də şair bazara etinasız yanaşır. Onun ''…Bazardı da nə iman var nə Quran var''misrasının canında nələr yoxdur? İlahi ''bazardı da….''o son nöqtələr hər biri çuqundan tökülmüş, qaldırılması, götürülməsi qeyri-mümkün olan insan dərdi, faciəsi, əzabı ilə doludur. Bunları şair görür, yaşayır. Ona görə gah hirslənir, gah laqeyidləşir, gah da sözaltı söz qılıncının tiyəsini elələrinin ürəyinə saplayır. ''Haqq ilə nahaqq kəllə-mayallaq olan'' bir dövrdə yaşayan şair doğrunu yalan yerinə, «yəhəri palan yerinə» «pulsuzu kalan yerinə» satan bu dünyanın bazarı ''hərracdır'',''hərənin canına dolub bir cür azar''-deyir.
''Yalançıya lənət'' şerində də şair yalançı insanlara, onların qeyri-insani əməllərinə nifrət üstündə köklənmişdir. Yalançıya nifrətlə dolu bu misralarda şair dözümsüzlüyü, qəzəbi misralara hopur:
Xələfli dözmür nazına,
İnanmaz kimsə sözünə,
Bir sözlə, sənin özünə,
Özünə lənət, yalançı.
Əli Rza Xələfli millətinin, xalqının başına gətirilən dərdlərin, faciələrin kökünü axtarır. Görür, görəndə göynəyir, göynərtisi şerə dönür, yana-yana bir üzü ümidsiz, bir üzü giley-güzar içində çırpınır. Bir yerə yığışmayan, ''hərəsi bir dildə danışan'' millətinin milli qeyrət çəkən oğulları arasında söz birliyinin, əməl birliyinin olmaması ucbatından ''tapammadıq dərdimizi'', ''yaxşı-yaman qarışdı, seçəmmədik mərdimizi'', ''sözümüzü zor elədik, acıtması qırdı bizi'', ''Vallah Allaha qardaşdı, qorumadıq yurdumuzu''- deyir. Bu deyimdə yenə günü-günə satmamağı, bir araya gəlməyi, birləşməyi, ''acı bağırsaq kimi'' uzanan bu yollarda, bu faciələr əlində məhv ola biləcək təhlükəni görməyə çağırır həmvətənlərini:
Sökməmiş indi sökək,
Əkməmiş indi əkək,
Deməmiş indi deyək,
Bəlkə bir gün sordu bizi.
-misralarında bu gün xalqın, əldən getmiş torpaqların, tale yüklü məsələlərin həlli naminə ortaq bir fikrə gəlməyin, birləşməyin, bir olub bizlərdən asılı olan məsələlərin həlli naminə hərəkət etməyin vaxtı çatdığını bildirir.
Əli Rza Xələfli şerlərində müxtəlif qələm dostlarına, şəxsiyyətlərə müraciətlə yazdığı əsərlərində də Vətən qeyrəti çəkmək, Azərbaycan xalqının yaralarına məlhəm olmaq istəyi, millətinin qeyrətini, təəssübünü çəkənlərə məhəbbət və hörmət daha lirik və təsirli bir dillə tərənnüm olunur.
«Sözümüzün, mədəniyyətimizin və mənəvityyatımızın böyük qayğıkeş insanı» kimi qiymətləndirdiyi Hüseynbala Mirələmovu - «işıq var Salam sözündə» misrasının işığında onun şəxsiyyətində, mənəviyyatında gördüyü «sipərləri hücumlara sipər, bu salamın ünvanı sizsiniz-vətən sarı könlü yaralı, ürəyi qubarlı kişilər»dən biri kimi millətin mədəniyyətinə, ədəbiyyatına yəqin ki qayğısını gördüyü, xeyirxahlığının şahidi olduğu bir insan kimi böyük səmimiyyətlə tərənnüm edir. Azərbaycan xeyirxah, millətini sevən şəxsiyyətlər diyarıdır və Hüseynbala Mirələmov da onların davamçılarından biridir və ədəbiyyatımız həmişə onların şərəfli ömür yollarından bəhs edən əsərlərlə zəngindir.
Əli Rza yaradıcılığı xalq yaradıcılığına dərin köklərlə bağlıdır. Aşıq Əhməd Sadaxlının sazının tellərində oynayan mizrabın dilləri «köksünə dağ boyda dağ basdı mənim» deyən şairin o tellərdə duyduğu vətən həsrəti, Araz dərdi, ikiyə bölünmüş Azərbaycanın faciəsini duyum, onun sənətkarlıq qabiliyyəti, çaldığı aşıq havalarının insan qəlbinin tellərini ehtizaza gətirməsi vəsf olunur. Aşıq Əhməd Sadaxlı dünyasına, qələminə vurğunluq duyulan misraları da xalq sənətinin ən nadir incilərindən biri kimi tanıdığımız aşıq yaradıcılığı-qoşma üzərində öz tərənnümünü tapır:
Arazın suları bulanıq axır.
Nisgili qəlbimi yandırıb yaxır.
Qürbətdən yurduna həsrətlə baxır.
Qarabağ elləri, ay Aşıq Əhməd.
Bu misralarda bütöv bir xalqın dərdi, həsrəti - Vətən dərdi, Qarabağ faciəsi şairin vətəndaş qəlbinə vurduğu zərbə, yurdu düşmən tapdağı olandan sinələrdə açılmış yara, göynərti ümumiləşdirilir. Bəlkə də Əli Rza elə saz aşığı olsaydı çoxdan bu kitabda toplanmı əsərləri Yunis İmrə əsərləri kimi dildən-dilə düşərdi. Min ildən sonra da Elçinin «Mahmud və Məryəm» əsərindəki Sazlı Abdullanın sazı kimi dərd-sərdən danışardı. Qələmə aldığı XX-XX1 əsr Azərbaycan övladının yaşadığı əzabı, qüssəni bəlkə XXX əsrin sonlarında da Azərbaycan övladı bu günün insanları kimi qəmsiz, qüssəsiz oxuya bilməyəcək. Çünki yüz il, min il keçsə də Azərbaycan övladı vətən deyiləndə-özünü görəcək, sevincinə sevinəcək, qəminə qəmlənəcək, vətən-xalq cütlüyündə öz varlığını dərk edəcək.
Şəhriyar həsrəti, nisgili, Əli Rza sənətində milli mənafeylə bağlıdır. Bu nisgil «Heydərbabaya salam» əsərində necə yaşayırsa, «Şəhriyarın ruhuna həsr olunan» misralarda da elə yaşayacaq, çünki mənəvi qidasını Şəhriyarın sözündən alıb şair Əli Rza Xələfli. «Şəhriyarın sözünü» öpüb gözünün üstünə» qoyub arzusunu, ürəyindən keçən hissləri, duyğuları verir.
O salamı sözə büküb öpürəm.
Yollarına sözdən çiçək səpirəm.
Ruhum acdı, gözlərimə təpirəm.
Bu yoxuşu bəlkə bu cür diklənəm.
O salamın ruhu üstə köklənəm.
Şair Əli Rza Şəhriyaın Heydərbaba dağına müraciətlə yazdığı misralarında necə qovrulursa, bağrı köz olursa, o şəkildə də «ürəyimi ürəyinə toxudum» –deyir. Çünki indi Əli Rza o iki Azərbaycanın dərdiylə yanaşı, dərdi üstünə dərd kimi qalanmış Qarabağ, Qərbi Azərbaycan dərdini də yığıb, çiyinləri o dağı saxlaya bilmir:
Bir düşəydim bu yolların ağına.
Bir çıxaydım Gordu baba dağına.
Qovrulaydım cızdağına, yağına,
Oxuyaydım dağlar sənə sözüm var.
Biləsən ki, məndə dərdə dözüm var.
Əli Rza Xələflinin-
Yəqin indi Xələf dağı qocalıb.
Dövran ondan lap nahaqdan bac alıb.
Həsrətindən bir közərmiş sac alıb.
Simsar olub Güneyində gəzən yox.
Bahar olcaq gül-çiçəyin əzən yox.
-misraları Şəhriyarın misralarındakı dərdi təzələyir:
Heydərbaba gün sinəni dağlasın,
Üzün gülsün buludların ağlasın.
Şəhriyarın ana yurdunda Heydər baba, Əli Rza Xələflinin yurdunda Xələf dağı, Məmməd Aslanda, Sücayətdə Dəlidağ, Murovdağ həsrəti göyərib, özü bir dağ olub. Zaman-zaman qıvrılan-açılan ilana da bənzəyir bu dərd ki, insan övladını çalır. Çalanda da, çalmayanda da ürəyinin sızıltılarında bu yaşanır və elə bil hardasa dayanıb vətən həsrətlinin sevincinə zəhər damızdırır və bu Xələflilərin misralarına, Məmmədlərin, Sücayətlərin dərdi üystünə bir dərd də yükləyir və deyir:- Gorun çatlasın baba, nə qoymusan, nə axtarırsan, nədi bu qəm-güdaza. Onu analar bayatılarında, Şəhriyarlar dastanlarında, Əli Rzalar dərdnamələrində, Sücaətlər ağılarında, Məmmədlər qınaqlarında yaşadır. Bax buna da şair qabiliyyəti lazımdlır ki, Xələfli kimi keçmişini unutmasın, deyənləri desin, bir az başqa tərzdə desin, vətəndaşlıq borcunu düşünsün, dediyini elə desin ki, batmış qulaqları açsın, yatmışları oyatsın və desin «a bədbəxt millət, bicarə vətən, sənin övladların niyə cəlayi -vətən olub bir tikə çörək üçün səfil-sərgərdan dolaşır Rusiyanın mığmığalı çöllərində, zəncilərin içində, ərəblərin kölgəsində? Axı, Tanrı sənə verən nazı- neməti kimsəyə verməyib. Və bilirsən zaman-zaman çalınıb talanırsan, birliyin lazımdır ki, evinə, ocağına, təhnəndəkinə sahib durasan. Qolunda gücü, dizində təpəri, sözündə gücü olanlar eşitməlidir şəhriyarların, Xələflilərin səsini. Allah göndərir bizə doğma olan o hissləri, ilhama çevirib, bir vətən qəlbli şairin misralarında dönə-dönə məmləkətimizə. Yararlan da, ay vətən oğlu. Eşit də bu sözləri. Oxu da bu misraları...
Şəhriyar ədəbi məktəbinin davamçısı Əli Rza əsil şagird, ustad Şəhriyar sənətinin incəliklərinə dərindən bələd bir sənətkar kimi oxucu önünə bu əsərlə elə bir ədəbi əsər qoymuşdur ki, tarix bəlkə də Əli Rza Xələfli kimi görüşlərini o qanlı –qadalı tarixi faciləri belə ümumiləşdirə bilməzdi. Hadisələri, bu günümüüzün reallıqlarını Şəhriyar kimi şirin, axıcı, könül oxşayan bir dillə vermək, belə sənətkarlıq qabiliyyətinə malik olduğunu göstərmək şairin imkanlarının- daxili imkanlarının zənginliyindən xəbər verir, Həsrət körpüsünün heykəlini sinəmizdə necə yaratdısa Əli Rza eləcə də bunu yaratdı.
Bir elin, elatın keçmişinə, gələcəyinə, bu günün ictimai, siyasi, tarixi hadisəlrinə poetik don geyindirən, onu poetika içərisində əridərək Şəhriyar poeziyasının dil- üslubuna yaxın, lakin orijinal bir şəkildə, özünəməxmsus bir yeniliklə «Heydərbabaya salam» poeması ruhunda- milli-mənəvi dəyərlərinə görə bir-birindən fərqlənməyən, eyni istək, amalla yazılan bir formada ruha, qəlbə könüllərə yaxın bu misralarda Əli Rza bir şair kimi Vətənsiz qalmış insanların qürbət ağrılarını, torpağı uğrunda vuruşan, şəhid olan oğulları, qəlbində «Vətən»- sözü dünyadan köçənləri, qeyrət hissi tapdandıqda canını fəda edib ölümlə qoşa dayanıb itkin düşən Müzəffər Rüstəmovları-elinin şəhidini, qəhrəman döyüşçüsünü, alimini, həkimini, zəngulələri ilə ürəkləri riqqətə gətirən sənətkarlarını, Üzeyir ruhunu, Dirili Qurban fəryadını və adını çəkmədiyi, amma ruhunda, qəlbində, yaddaşında hörmətlə xatırladığı bir elin say-seçmə vətənpərvərlərini misralarında xatırlayır. Dadı ağzında qalmış el bayramlarını, Novruzunu, o yerlərin buz bulaqlarını, dağıdılımış tarixi abidələrini, «özününküləşdirmək» siyasəti yeridən ermnilərin alban kilsələrinin başına açdıqları oyunları yada salır, taleyinə acıyır, ağrıyır. Şəhriyarın:
İldırımlar qəfil çaxdı neyləyək?
Bizi yaman qarsdı, yaxdı neyləyək?
Dünya etibarsız çıxdı, neyləyək?
-deyirsə, Əli Rza :
Dünya, axı neyləmişdi bu millət?
Taleyinə qismət oldu bu zillət.
Çarəsini haçan tapar bu illət
-deyəndə yenə Azərbaycan dərdi, həsrəti, siyasi qovğaları içində çırpınan vətəndaş şairin harayını, etiraz səsini eşidirik. Ümidini, arzusunu bir də torpağa, yurda qayıtmaq üstündə kökləyən, bu ümidin işığında yeriyən, gümanını itirməyən nikbin şairin səsini eşidirik.
O ümidsiz deyil, «daşları da dərd çəkən Xudafərin körpüsündən»-«Həsrət körpüsündən» keçəcək günü gözləyir. Şad xəbərlər gözləyən, o günə ümidini itirməyən şairin qəlbindən keçənləridir bu:
Fikir basan, həsrət çəkən dağların,
Dərd əlindən belin bükən tağların,
Vüsal dərdi Araz olan bağların,
Muştuluğun kor fələkdən qoparaq,
Qarabağdan Təbrizəcən aparaq!
Əli Rza döyüşür, mübarizə aparır. Bir qələm süngüylə əvəz olunsa, yenə belə mübarizə aparacaq. Qeyrət onu çəkib aparacaq alovların içinə, vətən həsrəti, Həsrət körpüsünün həsrəti çəkəcək onu o yurd yerlərinə. Bu misralardan təpədən dırnağa səmimiyyət tökülür.
Ədəbiyyatşünas, tənqidçi onun yaradıcılığını haradasa bir-iki yazıyla ümumiləşdirib söz deyə bilməz. Bunlar olsa-olsa, bir şair, vətəndaş, jurnalist əməyinə, sənətinə, mədəniyyətinə, istedadına verilən qiymətdir. İndi elə sənətkarlarımız var ki, səsi gəlmir, hayı-küyü yoxdur, şablon çığırtılarla mətbuatı başına alıb haray-qışqırıq salmır, yazır, yaradır, dünyanın dərdini, özünün vətən həsrətliylə ürəyində qoşalaşdırır. İnsan taleyini, insan qayğısıyla yüklənmiş, ancaq insanlığa xidmət edən, bəşəri narahatlıq keçirən Əli Rzalar az deyildir, var. Amma biz Əli Rzadan dedik, amma az dedik, qismət olarsa, vaxt imkan verərsə, yenə bu mövzuya qayıdacaq, bulaq kimi qaynayan yaradıcılığı haqqında bir qalın kitab da yazılacaq və Əli Rza yaradıcılığından bəhs edən monoqrafiyada üzə çıxaracağıq kimdir Əli Rza Xələfli?
Bu gün ədəbiyyatşünasların qarşısında çox böyük məsul vəzifələr durur. Ədəbiyyatın bu bulanıq burulğanında duruluğu göz oxşayan sənət, qələm sahiblərinin yaradıcılığı haqqında söz demək, onun bütöv yaradıcılığı haqqında ədəbi-tənqidi fikirlərini açıqlamaq, ədəbiyyatın inkişafında səmərəli xidmətləri ilə seçilənləri seçib «saf-çürük» edib, xalqına çatdırmaq özü də ədəbiyyatiın xeyrinədir. Sənətimizin milli-mənəvi kökləri üzərində inkişafına mayak olmaq lazımdır. Bəzən qələm sahibi azad sənət siyasətinin də nəyə xidmət etdiyini düzgün anlamalı, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün xalq, milli mənafe çərçivəsində yeriməlidir. Məqsədimiz dünyaya Nizami, Füzuli, Nəsimi, Vaqif, Vurğun, Rəsul Rza və adını çəkmədiyim neçə-neçə sənətkarlar vermiş Azərbaycan ədədbiyyatının XX-XX1 əsr də də öz yoluyla getməkdə olduğunu, hələ bundan sonra da bəşəri ədəbiyyatı öz zəngin əsərləri il zəngindləşdirəcəyini göstərməkdir.
Bu gün Əli Rzaların, Məmməd Aslanların, Sücayətlərin, Bəhmən Vətənoğullarının…., neçə-neçə sənətkarın öz layiqli qiymətini almamasında günahkarıq.

 

 

 

 

 

 

 

 


SƏNƏT UĞURLARI
Rəşad Məcid Azərbaycan ədəbiyyatına öz dəst-xəttilə gəlib. Özünəməxsus orijinal yaradıcılıq qabiliyyətinə məxsus insandır. İstər nəzm, istər nəsr əsərləri, istərsə də bədii publisist yazıları olsun, onlarda bir mövzu əsasdır; milli duyğulara, milli kökə bağlılıq. Elə bu bağlılıqda onun yaratdığı əsərlərin bədii dəyərini, bəşəriliyini görürük. Milli-mənəvi dəyərlərə hörmət prinsipləri üzərində köklənən əsərlərdə var bəşərilik də, zəngin məzmun da, ideya da. Rəşad Məcid bu cəhətdən gənc qələm dostlarına örnək ola bilər.
Onun son zamanlar işıq üzü görmüş «10 sentyabr» kitabı müasir oxucu kütləsini özünə cəlb edə bilən bir kitabdır. Burada diqqətimizi daha çox çəkən onun istedadının zəngin imkanlarıdır. Kitabdakı novellaları, şerləri, publisist yazıları bu günkü həyat hadisələrini özündə əks etdirir. İnsan hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq elə keyfiyyətlərə malik olur ki, bu keyfiyyətlər zaman və insan konteksində öz bədii həllini tapdıqda oxucu diqqətindən yayınmır. «10 sentyabr» novellasındakı kimi. Burada hadisələrə nə yazıçı münasibətini, nə əsərin ideyasına bir açıqlama, nə də zərrə qədər yazıçı müdaxiləsini görürük. Burada dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq insan taleyi, güzəranı, sosial məişət qayğıları, bir ölkə daxilində sosializmin dağılması, iqtisadiyyata dəyən zərbənin ağırlığının yaşayışa təsiri, gərgin psixoloji vəziyyət, qayğı və ehtiyacın insan mənəviyyatına dolayısı təsriri və bununla belə insanlığın qorunub saxlanması zamanın məhək daşına çırpılan başların ağrısı, düşüncələrin acısı. Əsasdır.
Körpəsini ağır xəstəlikdən xilas etmək istəyən ata maddi sıxıntı içərisindədir. Məcburiyyət qarşısında qalıb tanış-bilişə, özünə simsar adamlara üz tutur. Az da olsa müəyyən məbləğ tapır və tezliklə bu xəbəri özü kimi təlaş, həyəcan keçirən həyat yoldaşına çatdırmaq istəyir. Ali təhsilli bu şəxs dolanacaq xatirinə taksi şoferi işləyir. Gündəlik çörəyini qazanır. Və bu fikirlər içərisində çırpınarkən onun maşınına iki xarici vətəndaş əyləşir və onları kirayə yaşadıqları mənzilə aparmağı xahiş edir. Şofer onları mənzilinə qoyub qayıdarkən məlum olur ki, qadın əl çantasını maşında unutmuşdur. Şoferin daxili keyfiyyətləri burada üzə çıxır. Bir an o çantadakı pula nə qədər ehtiyacı olduğunu düşünür və daxili vicdani paklık hər şeyi üstələyir. Dostları bu işdən xəbər tutanda, ondan «qonaqlıq» istəyəndə də sakitliklə qəbul edir. Çantanı sahibinə çatdırır. İngilis vətəndaşlar ona öz təşəkkürünü bildirir. Dostları isə onun bunun müqabilində «mükafatlana»cağını düşündüyündən onların da «istəyini» yerinə yetirir.
Hadisələrin gözlənilməz sonluğu novellanın xüsusiyyətləridir. Rəşad Məcid bu hekayədə istədiyinə nail olub. İnsan övladı nəfsinin əsiri olmamalı, vicdanı keyfiyyətləri üstün tutmalıdır. Rəşad Məcidin müasir reallıqları özündə əks etdirən bu novellası çağdaş ədəbiyyatımızın ən nümunəvi əsərlərindəndir.
Rəşad Məcidin «Cənnət dərəsi» cəhənnəm dərəsini xatırladır. Bu günkü Azərbaycan kəndinin reallıqlarını özündə əks etdirir. Keçid dövrünün ağırlıqları altında əzilən Azərbaycan kəndinin kişiləri, əli bel tutanları bir tikə çörək qazanmaq-ailə saxlamaq üçün evindən-eşiyindən didərgin düşüb. Bir zamanlar kəndlərdə nə qədər cavanlar olduğunu, hətta «yığışanda beş-altı futbol komandası» yaratmağın da mümkün olduğunu bu gün ürək ağrısıyla xatırlayan gənc: «bu boyda kənddə bir tay-tuş da yoxdu gap eləməyə»-deyir: «İndi hamı çıxıb gedib. Bax orda, Ümidgildə beş uşaqdan bircə qızdı evdə, bizdən mənəm. Əmimgildən səkkiz uşaqdan biri də yoxdu. Bibim də məcbur olub bu yaşda gedib oturub şəhərdə. Yayda bir-iki aylığa gəlirlər, vəssalam. Sabirgildən bircə Asimdi, oxuyur hələ. Əhədgildən heç kim yox, Yaqub müəllimgildən heç kim yox, nə bilim ey, həyətlər bom-boş, kimsəsizdi. Bütün kənd belədi…»
Rəşad Məcidin kəndin, əyalətlərin elə bir ümumiləşmiş formasını yaradıb ki, hər hansı bir oxucu bu hekayədəki reallıqları özü bu gün öz kəndində görür, bu reallıqları yaşayır. Nə qədər cavanlarımız qarlı-şaxtalı Sibir çöllərində ağır işlərdə işləyir, vaxtından qabaq ağır xəstəliklərə düşür. İşsizlik, məişətin, güzəranın pisləşməsi, sosial şəraitin ağırlığı, müasir Azərbaycan kəndinin yaşayış tərzi, kəndlərdə iş yerlərinin olmaması, olanların da azlıq təşkil etməsi bir şəxsin nitqində, monoloqunda verilir. Bu əsər başdan başa bütün həyatından, yaşayışından narazılığını əks etdirən Azərbaycan övladının etiraz səsidir. Zamandan, dövrandan, cəmiyyətdən şikayət motivləri üzərində köklənib. Bu cümlələrdə Rəşad Məcidin jurnalist keyfiyyətləri nasirlik qabiliyyəti ilə birlikdə üzə çıxır. Ən yaxşı nəsr əsəri kimi qiymətləndirilməli bu əsər bu günün həyati səsidir. Bu hekayənin əsas ideyası insanın insan kimi yaşamaq arzusu, istəyi, bunların olmamasından doğan təəssüf, qəzəb, kədər, ümidsizlikdir. O monoloqun müəllifi nələri açıb tökmür; 90-cı illərdən üzə bəri Azərbaycan kəndinin boşalmasını, cavanların kənddən perik düşməsinə səbəb olan sosial şəraitin bərbadlığını, aylarla klub, kino, teat binalarının qapılarının açılmamasını, qaynayan-coşan gəncliyin kəndlərdən dərbədər düşməsinə əlac, çarə axtarılmasını.
«10 sentyabr» novellasında gecəqondular da yaşayan Ariflərin kənddə deyil, şəhərdə yaşasa da, onların da sosial şəraitinin kənd cavanlarının sosial şəraitindən yaxşı olmaması və bu məsələlərin yazıçı gözündən yayınmaması, onun bədii ədəbiyyatın əsas mövzusuna çevrilməsi, xalqın, millətin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı son illərdə dövlətimizin gördüyü xeyli işlərin; yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi və s. qədər əhəmiyyətlidir.
Vaqif Yusifli «10 sentyabr» hekayəsinin çox düzgün təhlilini verir: «hekayənin qəhrəmanı keçid dövrünün ağrı-acılarını öz taleyində yaşayan müasirimizdir, gecəqonduda yaşayır, gün-güzəranı ağırdır…»
Bu fikirləri «Cənnət dərəsi» hekayəsi haqqında da demək olar. Azərbaycan kəndi, onun gəncliyinin, insanlarının yaxşı, gözəl yaşamaq, günlərini mənalı keçirmək, insan kimi ömür sürmək arzusu içində boğulanların keçid dövrünün çətinlikləri, əzab-əziyyətləri qismətinə, baxtına yazılanların etiraz səsidir. O da deyir ki, çıxıb kənddən gedəcək, döyüşür, mübarizə aparır, amma gedə bilmir. Niyə? «Üəryi partlasa» da qoca ata-anasını tək dam altında qoyub getməyi vicdanına sığışdırmır. Deməli, Azərbaycan gəncinin istəyi öz doğma kəndində yaşayıb, işləmək, insan kimi ömür sürmək, kəndini abad və firavan görməkdir. Bütün bu çatışmazlıqları görən, etirazını bildirən gəncin arzusunu yerinə yetirmək üçün, Azərbaycan kəndinin sosial-mədəni inkişafını təmin etmək üçün birinci növbədə düzgün iqtisadi siyasət yeritmək lazımdır. İş yerləri açmaq, gənclərin marağını təmin etmək üçün bu əsas, vacib məsələdir.
Monoloqda kənd təsərrüfatının düzgün qurulmaması da kəndin vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. «Dedim, sədr, mənə bir mərsiyə deyən qadın lazımdı. Çıxardacam Qaratikan düzünə, səsini qoşacam dinamiklərə, ağlasın bu kəndə. Ağlamalı gündədir bu kənd, sədr, ağlamalı! Bax, dedim, mən getdim işlədim beş gün, on gün, sonra nə olsun. Yenə köhnə hamam, köhnə tas. On bir ay bardaş qurub oturum ki, ildə bir dəfə ot biçəcəm, kol qıracam. Bezmişəm…». Azərbaycan gənci işləmək, işinin müqabilində gözəl yaşamaq istəyindədir. Boş oturmamaq arzusundadır.
Hekayələrində, publisist yazılarında oxucunu necə düşündürə bilirsə, lirik əsərlərində də onların diqqətini özünə çəkə bilib. Özü də necə reallıqla, bəzəksiz-düzəksiz. Bu misraları oxuyan hər kəs bu hiss və duyğuların saflığına inanır. Hər bir qələm əhlinin daxili zənginliyi onun yaradıcılığında daha tez üzə çıxır.
Rəşad Məcid vətənpərvər şairdir. Vətən mövzusu onun sənətkar qələmində min bir rəngə boyanıb tərənnüm edilib. O çalarlar könül oxşayan, ürək isidən, insanda səmimi hisslər tərbiyə edən çalarlardır. Vətən şair ilhamının ocağı, piridir. Məhəbbətimizin mayasında bir məhəbbət də var ki, doğulduğu, boya-başa çatdığı yurda, elə, vətənə məhəbbətdir. Hər şair, sənətkar qələmində vətən öz poetik donunu geyinib tərənnüm olunur, vəsf edilir. Səməd Vurğunun «Azərbaycan», Süleyman Rüstəmin «Vətən» şerini oxuyursan, o misraların sehrində qanadlanıb uçursan, taxta sinən, köksün altı qavradığın, lakin dillə deyə bilməyəcəyin bir sevinci yaşadır sənə. O qədər bəxtiyar, o qədər xoşbəxt gördüyümüz bu Vətənin nisgili, dərdi-səri içinə çəkilib, görünməz edilib vəsf olunub şeirə çevriləndə də sevilir. Hər sənətkar qələmində bir vətən var, amma ona məhəbbət eynidir, bəşəri məhəbbətdir, insani məhəbbətdir, Allahamiz duyğulardır. Rəşad Məcidin «Vətən»in düşündürücü, qayğıları bol-bol, əzabları karvan çəkə bilməyən əzabla, qəmlə, qüssəylə doludur. Oğul istəyir o zülmün, əzabın, mənəvi sarsıntıların içindən özünün Vətən sevgisini çəkib çıxarsın, onun qayğılarını, dərdlərini bu şəkildə yaşadığı kimi oxucuya çatdırsın. Onun «Vətən»inin tərənnümü o qədər orijinaldır ki, o misralara, o ideyalara oxşarını son vaxtlar az görürəm ədəbiyyatda. Demək olar ki, heç belə ton, ritm, ahəng, məna tutumu görmürəm.
Üzümdə daşlaşıb, içimdə yanıb,
Qədim dərdlərimin od heykəliyəm.
Rəşadın bütöv bir qəlbin odu, şöləsi, dərdi, əzabı yüklənmiş bu misraları nələr demir bu günkü Azərbaycan vətəndaşına?
Hər irizində bir tarix yaşayan, hər qalasında, qəsrində min «tarix gizlən»ən Azərbaycan:
Bir vaxt var yığımı, var savaşında,
Sorulmuş nar kimi büzüşən Vətən?
«var» sözünün götürülmə məqamına bax, sözə geyindirilmiş bədii dona bax, sözün ayrılıqda pasportunu müəyyənləşdirmək, xalq dilindən ədəbi dilə-yazılı dilə gətirmək imkanlarına bax və bu «var» sözünün gizli bədii məqamlarına göz yetir, oxucu. «Var yığımı», «var savaşı» dil-üslub gözəlliyi, dilimizin bədii imkanlarının zənginliyindən xəbər verir. Deməli, leksikonumuzda nə qədər öz bədii yatarıının üzə çıxarılmasını gözləyən sözlər var.
Və yaxud:
Dərəsi, təpəsi, düzü, dağıyla
Köksümə, qəlbimə yerləşən Vətən.
Nə vaxtdı bölünən bölünməzliyi,
Bir namərd baxışlı göz deşən Vətən.
Min bir sətiraltı mənası var bu misraların. Deyilməsi qadağan edilən bir zaman vardı bu misraların, deyilən ağızlara daş basılardı; hayqıran, kükrəyən, odlu-alovlu sinələri Sibirin qarlı-çovğunlu çöllərində külə çevirdilər, amma susdura bilmədilər. Yüz illərin müstəmləkə zülmü altında altı da, üstü də talanan, daşınan, satılan, sovulan Azərbaycanın -o qəflə-qatarın çəkib apara bilmədiyi dərdlərini bir dar köksündə «sıxaraq köksünə genişliyini» «açıb qolları»nı «qucaqlayan», dərdini –sərini öz dərdi –səri bilən bir Vətən övladının- şairinin Azərbaycana məhəbbətinin ifadəsidir bu misralar. O misraların odu-közü qarsıyır onun düşməninin üzünü-gözünü, kinli, sərt, murdar sifətini. Çünki «Arazlaşan Vətən»in, «Kürləşən Vətən»in dikələn qayası, ucalan dağı «əyilməz bürcüdür, yanan çırağıdır» və onun övladı «çən kimi çökərəm, su tək hoparam, bu yurd sinəsində bitirər məni» -deyir. Milyonların yurda sevgisini ümumiləşdirən bu sətirlər bir şair könlündən, məsləkindən xəbər verir:
Tarixi gizlənib qala daşında.
Boylanır bu günə əli qaşında.
Bəli, bu gün e. ə. 111 minillikdən öncəki əsrlərdən gəlir səsimiz. Sal daşlar, qayalar, gil lövhələr üzərinə öz mədəniyyətini, tarixini, ululuğunu həkk etmiş şumer-türk soylu Azərbaycan hər qala daşında var. O misralarda mən iki məna tutdum; Şöhrəti, qədimliyi ilə öyünmə, bir də belə bir tarixə, qədim ulu mədəniyyətə, mənəviyyata malik, tarixə səs salmış qəhrəmanlıq səhifələri yazan bir məmləkət- yadellilərin əsarətinə qarşı çıxan Babəklər, Cavanşirlər, Qazanlar, Qorqudlar yetirən məmləkətin bu gün düşdüyü vəziyyət; məyusluq, uluların bu günə, nəslə qoyub getdikləri öyüd-nəsihətlər. Hanı Bilgə kağanın dedlikləri?
Rəşad Məcid Azərbaycanın övladıdır. O Azərbaycanın ki, ikiyə bölünüb bir adlanandı: Şimallı-Cənublu bir Azərbaycandı, övladı da azərbaycanlıdı, özü də Azərbaycandı.
200 illik bir müstəmləkə zəncirini qıraraq müstəqilliyini əldə edib öz dövlətini yaratmış Azərbaycanın- Şimali Azərbaycanımızın bir tayı «sevinci qanadlanan», o tayı da ki, «vuruşan, döyüşən vətən»dir. İran istibdadının boyunduruğuna dözmür, haqqını tələb edir, həbsxanalarda çürüyür, mühacirət qismətini, taleyini bıçaq kimi kəsib. Rəşad Məcid o qismətlərdən qorxur, bir vətən övladı kimi qorxur. Bu müqəddəs qorxudur. Bu qorxu sinəsində olmayan oğuldan Məmməd Araz demişkən: «olmaz ölkə vətəndaşı». Rəşad Məcid bu sözlərin işığında yol yeriyib, ona görə razıdır ki, «çən kimi çök»sün, «su tək höpsun» torpağa, inanır ki, «bu yurd sinəsində bitirər» onu. Çünki o da elinin şair oğludur. Qılıncı bir qələm olan vətən övladı kimi, qarşısındakı vətən borcunu duyur. O duyum, qeyrətdir, təpərdir, «qəlbinə sıxılıb qaynayan qanı»ndakı vətən sevgisidir, torpağı ona əmanət qoyub gedənlərin qınağıdır ki, bir «igid» qiyafəsində «tez-tez girir yuxularına. At belində-döşündə saz, əlində qılınc».
Tarix boyu xalqımız sözün qüdrətinə, bir qılınc gücünə bərabər olduğunu görüb, hikmətini, qüdrətini duyub sözün. Sazı qılınca qardaş edib. Döyüşdə qabağa birinci sözünü-sazını verib: «Ehey, bəy ərənlər», «Hoydu, dəlilərim, hoydu» –deyib. Bir səsin yüz vuran qılınca bərabər qüdrətini dünyaya bəyan edib. Övladına-özündən sonra gələn nəslinə ….belə-belə min illikləri yaşayıb, dünyanın qalın dəftərinə birinci öz adını, öz şücaətini yazıb və üstündən min illər keçəndən sonra dünyanın zəkasını, qüdrətini, tarixini arayıb–araşdıranları öz samballı, köklü-köməcli zəngin tarixi, zəngin mənviyyatı ilə heyrətdə qoyub və məcbur edib ki, desin: «dünyanın tarixi şumerlərdən gəlir». Türk-Azəri əcdadımız Şumerdən üzü bəri torpaq, yurd, vətən məhəbbəti göyərib qanımızda, kök atıb, şaxələnib, hər nəslin damarına düşüb, üzü bəri gəlir-gəlir. Haqqını özgəyə halal etməyən insan oğlu-ulusunun, əcdadının Rəşad Məcid səsini eşidir ki, bu xalqın söz deyən dili, qolunun gücünə də qardaşdır. Odur ki, Rəşad Məcid kökünə, əslinə, nəcabətinə, xalqına bağlıdır. Yazdığı onun aliminə də, qocasına, ahılına, lap balaca oğul balasına da tanışdır, doğmadır. Rəşad Məcid yazılarıyla yadda qalacaq, könüllərə girəcək. İllərlə yazıb, amma ortalığa çıxarda bilməyib, qərb oduyla Nobel mükafatı həsrətiylə aydan-arı, sudan duru poeziyamıza bulanıqlar qatan və gətirdiyini duymayan, yenilik oduyla yanıb külə dönən, işarmayan, közərməyən, ürəkləri isidə bilməyənlərin başının üstündə Dan ulduzu, Zöhrə ulduzu kimi parlayacaq, milyonların ulduzlarının içində öz işığı, öz şöləsi olacaq və o onun kitablarını açanda, misralarını oxuyanda insan qəlbinə işıq salacaq, seviləcək, əzizlənəcək, Vətənin şair balası kimi könüllərdə yeri olacaq, tənqidçisinin diqqətini cəlb edəcək, ədəbiyyatşünaslarına yeni mövzu, yeni söz demək imkanı yaradacaq və bir də görəcək ki, kitablarına xalqı hava-su kimi müntəzirdir.
Mənim dünənimin «yaddaşından” gələn”» bir igid”-at belində, döşündə saz-söz, əlində qılınc da olmağa layiq ola bilən şairi, nasiri, bəstəkarı olan oğullar yetirən bir vətən Rəşad Məcid də yetirir. Çünki özünün dediyi kimi «qan yaddaşı” od ələyib duyğular”ı”»na. O qan yaddaşı ki, «babalarım”»ız torpaq olub Vətən yaradıb”» və o «Vətən» əcdadların qanı hopan o yurd, vətən buradır və tarixinin hər qatında yaşayıb, yaşayır və yaşayacaq adı.
“Dünəninin yaddaşından“, “at bellində-döşündə saz, əlində qılınc gələn o oğuldur, o igiddir ki, “gecə-gündüz hey sayıq olub” “.
Min illərdir qanımdadı o sazın odu.
Qulağımda köhlənlərin kişnərtisi var.
Yaddaşımda qılıncların şaqqıltısı
Ürəyimdə bir yanğının göynərtisi var.
Ürəyindəki o yanğının göynərtisidir Rəşad Məcidi narahat edən, duyğularına əl qatan, keçmişinə qayıdıb, «kim olmuşuq, bu gün kimik» sualıyla «at belində, əlində qılınc» onu oyadan, onun da sazını-sözünü məhşər ayağına çəkib, yatmışları oyatmağa məcbur edən, qalın gönlüllərin dərisinə biz batıran, qəflət pərdəsini gözlərinin qabağından yırtmağa çağıran.
Bu gün Azərbaycan dərdi yerə-göyə sığmır. Bu gün Azərbaycan şairi, sənətkarı gördüklərini dərd edib ömrünə-gününə yazır, hər gün ömründən bir yox, min kərpic düşür, dərdi basıb köksünə çalır, çaldıqca göynəyir, göynərtisi çöllərə düşür. O çöllər ki, «Toğanaq» deyilən bir yerə çatanda -Kəlbəcərə gedən yola X bir nişan qoyub. Murovun ətəyinə qara bir pərdə çəkilib. Quşqonmaz zirvələrinə bizi həsrət qoyub. Zirvəsi qartalsız qalan Murovun sinəsinə çalın-çarpaz dağlar çəkilib. Bir zaman Daşaltı deyilən yerdə şəhidlərimizin tökülən qanı batır. Bu gün o yerlər istirahət zonalarına çevrilib, elimizin say-seçmə, bığıburma, yekəqarın, gövdəsi palıda bənzər oğulları o yerlərdə kef çəkmək üçün, gününü xoş keçirmək üçün, eyş-işrət naminə yanına xalası katyalar, Anuşlar olanları da qoyub BMV-lərdə yanından elə şütüyüb keçir ki, az qalırsan o daşlı-qayalı Daşaltının sınıq-salxaq, dərəli-təpəli cəngəlliklərində yox olasan. Onlar Toğanaq-Kəlbəcər yazılmış sükut-məzar görkəmi daşıyan bir sal daşına bənzəyən, ürəkləri göynədən o yazının yanında gur bir Avropa musiqisinin sədaları altında «Göygölə» tərəf elə keçir ki, o tərəfi, onu bir çürük qoz kimi də görmür.
Amma Rəşad Məcidlər günlərlə pəncərəsiz, qaranlıq otaqlarda gecəsini gündüzünə qatıb, qulağında saz səsinin harayını da, babalarımızın qılınclarının şaqqıltısını da eşidir, yuxularına at belində oğullar-igidlər girir. Çünki vicdan oyaqdır, vicdan səksəkədədir, məsuliyyət hissi böyükdür. Bir sözün, bir iti qılınc zərbəsinə bərabər olduğunu bilir, bildiyindən «yaddaşının buz layları sınır», «eşidir», köhlənlərin kişnərtisini, eşidir «qılıncların şaqqıltısını». Ümidləri, zəndi onu aldatmır, inanır, özünə, öz duyğularına, öz vicdanına inandığı kimi; Dünya belə getməz. Azərbaycan özünün kim olduğunu düşməninə göstərəcək. O gün uzaqda deyil. Azərbaycaınn qeyrətli oğulları da az deyil, çoxdur, çoxdan da çoxdur. Çünki onun Tomris qızları, Nüşabə ağıllı qadınları var və onlar da bu Vətənin gələcəyi naminə, o qılıncların şaqqıldaması, düşmənin başına od yağdırması üçün papaq altda oğullar böyüdür. Dünya yaxşılardan, igidlərdən xali deyil. Haqq nazilər, amma üzülməz. «Su gələn arxa bir də gələr» və zaman-zaman bu məmləkət talanıb, amma yenə qurtulub, azadlığını əldə edib. Azadlıq uğrunda aparılan mübarimzənin bəhrəsini bu gün biz yaşayırıq. Azərbaycan dünyada sivil dövlətlərdən biridir, öz dövləti, müstəqilliyi var. O düşməndə bir qarış torpağımızı qoymayacaq. Bunun üçün də mübarizə aparmaq lazımdır.
Rəşad Məcid «babalarım torpaq olub» kəlməsi altında tökülənləri yığır, o inciləri, mirvariləri sapa düzür, yenə boyunlara, ürəklərə bağlayır. Nağıla, əfsanəyə dönmüş qəhrəmanlıq dolu səhifələrimizi özündə yaşadan qayalara, daşlara yazılanları xalqın əfsanə və rəvayətlərə köçürdükləri yaddaşları çözələyir. Çözələdikcə şerləri daha mənalı olur, şöhrət gözündən düşür. Dədə Qorqudun dediyi tonda, qoyub getdiyi, yazdığı şəkildə sözünü deyir, nə postmodernizmə qaçır, nə də modernizmə qaçır. Bunların uğurlu, yaxşı keyfiyyətləri onun bəşərilikdən su içən, mayası, qayəsi oradan gələn misralarında elə əriyir ki, yazısız-pozusuz, böhtansız-ləkəsiz, çığır-bağırsız Rəşad Məcid Azərbaycan şairi olduğu kimi, bəşərin də şairi olur. Xoşbəxtlik özü qapıdan necə girirsə, onun girişini görmürük, yerişini görürük. Onun lirik sətirlərində dedikləri insanılığın zövqünə məlhəmdir, « çəmən zirvənin çiynində bəzəkli şaldı eləcə, gül-çiçəklər yaraşıqdı, lalələr xaldı eləcə».
Könlüm, düş bu alovda yan,
Gözüm, gözəllikdi hər yan.
Bir daş üstə heyran-heyran
Quruyub qaldım eləcə.
Nə təhlilə, nə izaha ehtiyacı var. Gözümüz önündə sözlə portret yaradılıb. Şəkildir, dur bax. Butaları zirvənin çiynində bəzəkli şala bənzəyən «çəmən», gülün-çiçəyin yaraşığı lalələrin xala bənzədilməsi də bir sənətkarlıq məharəti istəyir insandan. Hər adamın girdiyi kol deyil. İllah da ki, bir çox gənc yazarların.
Rəşad Məcid sazın, sözün vurğunudur. Bu da ondan irəli gəlir ki, dağlar övladıdır. Aşıq Ələsgər sazının, sehrinin işığında böyüyüb, göz açıb gördüyü məclislərin yaraşığı saz, söz, tar, kamança olub. Dədə Qorqud yadigarı saz, onun kökünə bağlılıq ona sazı belə sevdirib. Bu sevgi onun qanındadır. Elə at belində gördüyü, yuxularına girən igidin də əlində saz var. Saz döyüşə çağırış, mübarizəyə çağırış, əsarətə nifrət, sevgiyə səcdə simvoludur.
Qoşa Ədalətlərin əlindəki saz bu gün əslində öz qiymətini elə saxlayıb ki, Aşıq Ələsgər ruhuna gündə min dua oxunur, rəhmət dilənir. Dədə Qorqud şəxsiyyəti kürsüdən, lap yuxarı kürsüdən boylanır sazın bu gününə. Bu gün sazımız da cəsarətimiz kimi qaralanmaq istəmir. Saza, tara, xalq musiqisinə qarşı çıxanların şerlə, sözlə Rəşad Məcid kimilər cavabını verir. Yaramaz, səs-küylü şou musiqilərin qulaq batırıcı, can sıxıcı səsinin fövqündə könülə layla kimi yayılan ürəkləri oxşayan bir saz var. O saz ki, «bir payız gecəsi Filarmoniyanı öz sehrinə» daldırıb.
O sazın sehrində, möcüzəsində
Sanki əriyir daş, ovulur divar.
Ayrılıb, ayrılıb yer kürəsindən
Ovsuna düşübdür salondakılar.
Bu sazın sehrində uyuyan millət razıdır;
Filarmoniyanın sönsün işığı,
Olsun, o saz olsun yar-yaraşığı,
Yarsın bağrımızı bu haqq aşığı,
Sübhəcən bizimlə qalsın Ədalət.
Yada Koroğlunun Aşıq Cününu düşür. Ay Allah, o zamanda da, bu zamanda da, lap o dövrdə də –Dədə Qorqud zamanında da bu saz millətin könül ağacıdır, rişələri nə qədər dərinmiş bunun! Rəşad Məcid dediyi kimi:
Biz ona təşnəyik, o bizə təşnə.
Biz onssuz heç nəyik, o bizsiz heç nə.
Və yaxud:
Bu səsə sıxaraq göz yaşımızı,
Yaşarıq daşlaşan yaddaşımızı.
Kəsəmməz min cürə sədd qarşımızı,
Beləcə saz çalsa ovsun Ədalət.
Gendən gəlir, nəsildən gəlir bu hiss, bu duyğular. At belində, bir əldə qılınc, bir əldə saz tutan babalardan keçmədir bu xislət. O şair Rəşad Məcidin ruhuna hakimdir, xalqına, milli –mənəvi dəyərlərinə bağlılığın bir görüntüsü də budur. Bu görüntü «Bayatı deyəndə qarı nənələr» şerində nur selinə dönür. O işıqda bu xəlqilik daha böyük görünür. Bayatılarda- nənələrin söylədiyi bu el nəğmələrində nələr yoxdur və bunları belə ustalıqla duymaq kökü torpağa bağlı, onun şerinə, sənətinə dərindən bələd olan sənətkarın qüvvəsidir.
Bir nisgil duyular, bir ağrı qalxar,
Uçar küləklərin qanadlarında.
Bir durna qatarı boylanıb baxar,
Yaşarar gözləri buludların da
Bayatı deyəndə qarı nənələr.
Bu bayatılardan, bu qarı nənə söyləyən kövrək nəğmələrdən «gözə alov damar, qəlbə od düşər, dünya kövrəkləşər, mülayimləşər, acizləşər»….
«Yaylaq duyğuları» silsilə şerlərində də Vətən duyğuları yurd yerlərinin ağrıları, keçmiş xatirələr bu günün qəmi, həsrətiylə birləşib bir qəlbin daxili iztirablarını üzə çıxarır. Ötüb keçən illərin verdiyini itirən şair “Bir oğlan gəzəcək yurd yerlərini”“” şerində ümidini, arzularını nikbinlik üzərində kökləyir, ümumiləşdirir. Şair qəlbi tez duyur ki, “yaylaqlar təkliyi dərd eyləyəndə, dağlar çiçək boyu kiçilib, enib”.” “
Şairin “hüznlü ah kimi payız mehini çaylar dərələrə səpələyəndə” bir oğlan gəzəcək yurd yerlərini, qəlbində, könlündə gözündə bahar”“” misralarındakı poetik gücü görürük. Bu sətirlər ümidə, inama sarınmış şairin gələcəyə nikbin baxışlarının təcəssümüdür:
Axacaq Günəşin nuru torpağa,
Budaqlar titrəyib pıçıldaşacaq.
Bir oğlan gəzəcək–qəlbində bahar,
Saralan çəmənlər yaşıllaşacaq.
Rəşad Məcid “elə o qəlbində bahar gəzdirən“oğlana” bənzəyir. “Kürəyini yaşıl çəmənə”“ söykəyib, “bu torpağın istisiylə baba nəfəsi”nin qanına axmağını, bu yaşıl çəmənə qarışmağını” istəyən romantik qəhrəmanın könlündən nələr keçmir. “Gözünü yumub açıb”“ dumduru səmanı”, “yamyaşıl meşəni görüncə” qaçıb o dağ zirvəsindən atılmaq“ o an “qanadlanıb uçacağı””“”na “dəli bir ümid“ bəsləyən lirik qəhrəman elə bir torpaqdadır ki, orada “baba nəfəsi”“ var, doğmalıq var. Bu yaşıl çəmənlər, o zirvəli dağlar, torpaq ona qanad verib. Bu baba nəfəsli torpaqda özünü quş kimi yüngül qanadlı bilən vətəndaş şair “yalqız qalan yaylağının“ dərdini də çəkir. Sinəsində” “yurd yerləri” yara”“ olub dərd gətirir şairə. Saraldıb soldurur onu. O sarılıq onu qorxudur, necə ki:
Hər yay
yaz yaşılı solmamış
dördkünc-sarı düzlər sarır səni,
Bu sarılığı görüb
qorxu bürüyür.
Hələ yaşayası,
hələ yaşıl çəməni-deyir.
Bu sarılıq həsrətin, hicranın görüntüsüdür. Bu yaylağın insan kimi «ümidləri daralacaq». Payızdan bahara kimi ümidləri daralacaq, yalqız qalacaq yaylaq şairə imkan verir ki, qəlbini açıb töksün, daxili iztirablarına bir aydınlıq gətirsin. İçini didib-tökən hisslərini, qəm yükünü sözlə, misrayla yüngüllətsin.
Bu palıdın kölgəsinə
Dönən olacaqmı yenə?
Yurd yerləri sönə-sönə,
Nur yayacaq hara kimi?
Bu bədii suallar insan qəlbinin daxili narahatlığını daha təsirli şəkildə üzə çıxarır.
Rəşad Məcid şerlərinin birində Şuşalı günlərinin sevincini yaşayıb. Bu qədim sənət məbədinin nə vaxtsa düşmən əlinə keçə biləcəyini ağlına belə gətirmədən yazdığı bu misralarda gizlin bir həyəcan, təşviş var. Şuşalı-cah-cəllalı dövrümüzün məhsulu olan bu şeri şair o zaman yazıb ki, o zaman qəlbinin dərinliyində o tufanı duyub, nədənsə qorxub, «Burda daşları da qoruyaq, gəlin» deyib. Bu narahat qəlbin səsində vətənə məhəbbət motivi güclüdür.
Deyirəm, dünyada sevgi tapılmaz,
Övladın torpağa sevgisi kimi.
Bu yurd yaddaşımda qalacaq mənim
Tarixin möcüzə sərgisi kimi.
Əzəli, əbədi torpağımız olan Şuşa, Bülbülün səsindən sükuta dalmış «Cıdır düzü» «nə qədər zirvələr fəth etsə də, amma bu zirvəyə qalxa bilmə»yən Qacar, neçə-neçə tarix xatırlanır və «Bura yaddaşıdır obanın, elin, burda hər bir nəslin öz ünvanı var»,- deyən şairin könlündən keçən hisslər, duyğular bu gün də təzədir. Rəşad Məcidin ağlına gələrdimi ki:
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım,
Gözəllik önündə heç vaxt, heç vədə
Belə təzələnib durulmamışdım –
-dediyi Şuşa üçün, Qarabağ üçün bu gün şerlərində başqa cür göynəyəcək, sızıldayacaq, başqa cür gözkölgəliyini yaşayacaq, tənəli baxışlar altında o da vicdan ağrısını çəkəcək, əlindən heç nə gələ bilməyən milyonlarla Azərbaycan övladının qəzəbli səsinə səs verənlərdən olacaq.
O sənət dünyasının sirlərini açır, Nəsimi ideyalarına üz tutur. Onun «Ənəlhəqq» –«mənəm Allah»-duyğularını əks etdirən şerinin «işığında dünya»nın nura boyanmış olduğunu görür; bir əli qılınclı, bir əli qələmli Şah İsmayıl Xətayi ideyalarıyla köklənən Vətən oğullarnı görür.
Rəşad Məcid işinə, əməlinə sadiq insandır. O şeri, sənəti, təzə sözü, haqq sözü, yerinə düşən sözü, vaxtında deyilən sözü üstün tutur. Şair-söz-sənətkar üçlüyündə axtardığı, görmək istədiyi bir hikmət var: istedad. «Şeri özlərindən tez qocalanlar», «köhnə bayatını təkrarlayanlar», «yerindəcə sayan»lar, «şöhrətin ardınca çapan şairlər» gənc şairi «qorxudur». O, əsl sənətkar kimi şeirin, sənətin böyüklüyünü görür, məsuliyyətini duyur.
Otuz beş yaşında kürsüyə qalxıb, iyirmi bir yaşında yazdığı şeri «əgər soyuq-soyuq, hissiz-ürəksiz, təzə söz adına oxuyuramsa», «gəncliyin yarımçıq misralarını «yamayıb», közəyib «toxuyuramsa», «boyat şerlərimi» «candərdi alqışlar, yalan şöhrətlər, gül-çiçək yağışları», bürüyəcəksə, dost adlı düşmənlərim candərdi məni «öyəcəksə»:
Gəl öldür bu axşam,
sındır bu axşam,
Yaşımın yaşılı çağına baxma,
Şerin od qoxulu səltənətinə
Ey ilham pərisi, məni buraxma!-deyir.
Rəşad Məcidin şerlərində təbiətin elə mənzərələri, lövhələri var ki, sanki rəssam işləyib üstündə. Fırçalı-boyalı rəssamın yaratdığı mənzərəni Rəşad Məcid sözlə yaradıb. Zəngin bədii çalarlar var bu misralarda, bunlar da güclü müşahidəçilik qağbiliyyəti tələb edir:
Zirvəyə can atan o cığır, o iz,
Güneyə, Quzeyə sevinc çiləyəib.
Uzaqda qızaran lalə dənizi
Dağların qoynunu qana bələyib.
Təbiət varını yığıb elə bil.
Bu yerdə torpağa, daşa çiləyib.
Köçürüb heç yana aparmaq olmur,
Dağlar gözəlliyi əsir eyləyib.
Metaforik ifadələrin gözəlliyi oxucu qəlbini oxşayır, zəngin bir bədii təfəkkürdən xəbər verir, « uzaqda qızaran lalə dənizi dağların qoynunu qana bələyib».
«Kainatı göy xurcunda saxlayan göy üzü var başımızın üstündə». Bu dünyanı öz ovucunda saxlayan göy üzü var başımızın üstündə. Amma…
Bir iynəcə göy sinəsi yarılsa
neçə ümid, neçə tale qırılar.
Narahat dünyanın qayğıları var şair Rəşad Məcidin çiyinlərində. Göy üzü ömürləri karvan kimi daşıyır, min illərdir talelərlə baş-başa yaşayan göy üzünə bənzədilən «gözlərin sulu göyü gəzdir»ən, ürəklərə «işıq» yayan, «köz» verən «arzuların, ümidlərin, sevgilərin» göy üzünə bənzədilir şairlər. Bu dünyanın qayğılarını öz şəxsi qayğıları kimi daşıyan şairlərin dünya-kainat haqqında söylədikləri bir həqiqətdir.
«Başının altına yastıq qoymaq» ifadəsinin işlənmə məqamları çoxdur. Fikrin dərin, təsirli, bədii cəhətdən qüvvətli ifadəsinə xidmət etməklə yanaşı öz həqiqi mənası da var bu ifadənin. Rəşad Məcid bu ifadənin həm həqiqi, həm də məcazi mənası ətrafında düşüncələrini lirik misralarda tamamlayır. Doğulub başının altına yastıq qoyulub, oturmaq istəyəndə «böyrünə–başına yastıq qoyub»lar, sonra «yastıq»lar rəmzləşir, Rəşad Məcid misralarında ictimai-siyasi mənəvi, əxlaqi donunu geyinir…ürəklərdən xəbər verən misralardır. Həyati, fəlsəfi fikirlərlə də zəngindir:
Başı üşüyəndə papağı yastıq.
Əli üşüyəndə bayrağı yastıq.
Qəbri üşüyəndə torpağı yastıq.
Bu yastığa «öyrəncəlilik» nəyə gətirib çıxarıb?
Ağrıyan dişinə yastıq qoydular.
Ləngiyən işinə yastıq qoydular.
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Şairin «Kiprit qutusuna yazılan şeri» deyərdik öz lirik tutumu, məna zənginliyi ilə ən gözəl şerlərdən biridir:
Bir dolu ürəyin püskürmə çağı
Yolların darmacal vaxtına düşüb.
Bir ulu duyğunun şer olmağı
Kiprit qutusunun baxtına düşüb.
Kiprit qutusu üzərinə yazılan şer şairin fikrincə «sinədə boğulma»sı mümkün olmayan bir «qəfil hönküyrtü», kiminsə «qovub», «hürküdüb» «cilovunu yığmaq mümkün olmayan» köhlən atıdır. Kiprit qutusunun üstünə yazılmış şeri «köç yolunda, at yolunda» qəfil doğulan körpələrə oxşadılır. O körpələr doğulan zamanın ən böyük qəhrəmanı, Koroğlusu, Nəbisi oldular. O qəfil köç yollarında doğulanların tarixdə ad qoyduqları yada salınır. Deməli, kiprit qutusuna yazılan şeir də şeirin, sənətin ən nadir, ən gözəl nümunələri də ola bilər. Fərq yoxdur, harda yarandı, doğuldu, haraya yazıldı, nə cür məqamda yazıldı, məsələ onun mənasında, əməli nəticəsində, haqqın dərgahından göndərdiyi şəkildə istəydiyi vaxtda, məqamda yarananda daha gözəl, mənalı olur. Gəlişi gözəl olanda, səni hörümçək toru kimi bürüyəndə «yaz məni»-deyib «köhlən at» kimi şahə qalxanda kiprit qutusunun, hətta bir çubuğun üstünə də yazmaq olar…. «Kiprit qutusuna yazılan şer» kimi.
Rəşad Məcid kədərlənməyi də bacarır şerlərində, «payız bürümüş yayalağa» bənzədir özünü. Qəlbim «sapsarı saralıb»-deyən şair «tənhalığın ürəyimə saldığı xallar saralmış yurd yerləridi»-deyir. Bu kədər ictimai kədərdir, yaşadığımız reallıqların doğurduğu kədərdir. Rəşad Məcid ümidsiz insan da deyil. Bilir ki, «dünyaya ümidlə baxan kəslərin işləri qayadan, daşdan keçir». Bu inama poetik don geyindirmək, şair təfəkküründən keçirib insani duyğulara poetik məna verib şerə çevirmək, oxucuya «ötürmək» bu da şairdən istedad, qabiliyyət tələb edir. Ümid, inam həmişə şairlərin müraciət etdiyi mövzudur. Rəşad Məcid bu mövzuya oz orijinal duyğuları, fikirləri ilə yanaşır. Haqlı olaraq yazır ki, «sinədə göynəyən kövrək duyğular çevrilib xəyala başdan keçirmiş». Necə ki, «qəlbdəki ağrılar, qəlbdəki qəmlər süzülüb gözdəki yaşdan keçir».
Mövzu, məna, duyum, düşüncə eynidir, amma çatdırmaq imkanları başqadır, orijinaldır, bənzərsizdir. Rəşad Məcid şəxsiyyətinin, şair Rəşad Məcid qəlbinin düzümüdür, çatdırımıdır. Ruha yaxın, doğma, həzin, kövrək hissləri belə yığcam, belə poetik vermək onun imkanındadır.
«Göy üzü donunu çırpa bilmədi, bu qarı çiynində dəfn etdi otlar»-misraları Rəşad Məcidindir. Lirik, zərif, dolğun şair qəlbinin gördüyü mənzərədən aldığı təəssürat, bədii təfəkkürünün süzgəcindən keçirilmiş, bişmiş, bitkinləşmiş, zəngin poetik məna ifadə edən misralardır.
Rəşad Məcid şeirlərində bir saflıq, təmizlik duyulur; «nəmli gözlərinin «ağ varağına» nəmli xatirələr yazılacaqdır»; «qəlbin günahını yuyar bəlkə də, ağlın günahını yumaz göz yaşı» onun lirik duyğularının təcəssümüdür.
«Bir sevgi qoruyur» şeiri onun sevgi mövzusunda yazılmış ən gözəl lirik şeirlərindən biridir:
Sehirli baxışlar –zərif kəpənək,
Qonur sifətimə hey ürkək-ürkək.
Asılıb sinəmdən göz muncuğu tək
Bir sevgi qoruyur nə vaxtdı məni.
Bu sevgidə lirik qəhrəman bir «qəribə sehr», «bir qəribə sirr» görür. Amma bu «qəribə sirr» doğmalığını, məhrəmliyini sızır lirik qəhrəmanın qəlbinə. Bu sevgi onu «bəladan, qəza-qədərdən» hifz edir, lirik qəhrəman onun böyüklüyünü, ululuğunu duyur:
Nə qəribə sehr, nə qəribə sirr,
Ulu qayğıdımı mənimçün əsir.
Bir nurlu ümid tək üstümdə əsir,
Bir sevgi qoruyur nə vaxtdı məni.
«Roman» silsilə şerlərində də şerə sığmayan abı-hava var. Bəlkə Rəşad Məcid onlara roman kimi baxdı. O «uşaq, balaca uşaq» özü bir ömrün «romanı»dır. Nağıllar, romanlar, kinolar onun düşüncəsinə, ağlına, təfəkkürünə başqa dünya aşılayacaq.
Çünki:
Sən bu kinodan,
Sən bu romandan,
Sən bu nağıldan
Ağıllanacaqsan-
Ağlayacaqsan.
Ağladıqca, az-az güləcəksən.
Ağladıqca yekələcəksən
-dediyi uşaq hələ insan ömrünün enişli-yoxuşlu, təlatümlü, qasırğalı, ümidli, xəyallı anlarından xəbərsizdir. Hələ şair Rəşad Məcid üçün bu gün ağır olan insan ömrü, həyat, insan, dünya, kainat, çiçəklər, o «uşaq» üçün adidir. O hələ bu çələnglərin, çiçəklərin ətrindəki gözəlliyi duymur, aran-dağ nə olduğunu bilmir. Rəşad Məcid kimi bir parası qalmış Cənubi, Qərbi Azərbaycanının, dünyaya səpələnmiş, ancaq öz –özünə, öz gücünə güvənən Turan soyundan, Qarabağ dərdlərindən, Göyçə həsrətindən, Alagöz yanğısından xəbərsizdir. Dünyanın istisində əriməmiş, soyuğunda donmamışdır. Qayğı, məhəbbətlə əhatə olunmuş bu Balaca uşaq «yekələnəcək» və onda o bu dünyanın bir möcüzəsinin də şahidi olacaq:
Onda çələnglərin
Onda çiçəklərin
Qədrini biləcəksən.
Onda biləcəksən
Çarmıxa çəkilmək necə olur.
Uşaq, uşaq…..Balaca uşaq.
Elə bil şerin yəhərinin tərkində bir insan ömrü gedir. Rəşad Məcid üçün elə bil bir insan ömrü cildlərə sığmayan «roman»dır və onun şah əsərinin qəhrəmanı insandır. O insan bələkdə ana laylasının, qucaqda doğmalarının, ilk addımda əzizlərinin əzizlədiyi, böyütdüyü uşaqdır. O uşaq ömrünü Rəşad Məcid də keçib gəlib. Az yaşında az daşlara ilişməyib ayağı, az göynəməyib, az incik düşməyib bu dünyadan. Torpaq-Vətən itirb, itiyindən göyür-göyür göynəyən Rəşad Məcid elə dünyanı sevməyə başlayandan acısını da tez duyur. İnsan övladı kimdir Rəşad Məcid gözündə?
İnsan övladı ona doğma olan varlıqdır. Elə varlıq ki, nə qədər zülmə-əzaba qatlaşsa da bir gün çıxıb özündən, bu zülmə-əzaba baş əyməkdən «bezəcək», «yorulacaq» və «bir gün çərçivələri qırıb, bütləri yıxacaq», «relsdən çıxacaq». Rəşad Məcid:
Onda qorxma,
Hər müşkül asan olacaq.
Çünki yıxıldığın yerdə
əlini uzadan,
Köməyinə çatan
Ən doğma insan olacaq-
-deyir. Demək şair üçün bu dünyada insandır insana yaxın, doğma varlıq… İnsan sevilən, qiymətləndirilən sənət əsəri bəşəri olur, qiymətli olur.
Rəşad Məcid sənətinə, qələminə oxucu kütləsi öz münasibətini bildirib. Xalq şari Bəxtiyar Vahabzadə onun şairlik istedadını yüksək qiymətləndirir. Anar onun jurnalistik fəaliyyətinin ən yaxşı xarakteristikasını verir: «Müasir Azərbaycan jurnalistikasında obyektivliyi meyar götürməklə mətbuatın həqiqətən də dördüncü hakimiyyət olmağa qadirliyinə inam yaradılmasında Rəşadın və onun rəhbərliyi ilə işıq üzü görən «525-ci qəzet»in mühüm rolu olubdur. Baş redaktor kimi, mənim fikrimcə, Rəşadın bir xidməti də ictimai-siyasi yönlü qəzetdə ədəbiyyat səhifəsinin yaşamasına haqq qazandırması, söz sənətinin xüsusi ehtiyac duyulan təbliğinə əlavə imkan yaratması oldu».
Rəşad «yetkin bir kadr» (Anar), «istedadlı vətəndaş», xalqını təmsil edə biləcək istedadlı şəxsiyyət, hər şey bir yana, gözəl qələm sahibi, istedadlı sənətkardır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah