Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Taleyin acığına…


Qarşımda bir kitab var, çəkisindən qat-qat ağır, dərin mənalı, hikmət dolu bu kitabın müəllifi qocaman söz ustadımız, Qorqud cöhrəli, Qorqud sözlü, Qorqud nəsihətli, su kimi saf, dəniz kimi coşqun, aydan arı, sudan duru, yalana düşmən, düzə dost Fikrət Sadıqdır. Misraları hikmət dünyamızdan xəbər verir. "Taleyin acığına" adlanan bu kitabda şairin şerləri, poemaları, nağılları, pyesləri, tərcümələri və digər yazılar toplanıb nəşr edilib. Kitabı oxuduqca qarşımda Fikrət Sadıq dünyasının gözümüzlə görə bilmədiyimiz zəngin bədiyyətinin bir çox məqamları canlanır. Hər bir səpgidə yazılmış, bu kitabda çap edilmiş yazılar həm ədəbiyyatşünaslıq, həm publisistik, həm sənətkarlıq məslələrinin tədqiqini verən tədqiqatçısını gözləyir. Bir-birindən dərin mənalı, fərdi, bənzərsiz poetik duyğular, bəşəri istəklər üzərində köklənib. Onun burada toplanmış əsərləri dünyanın hansı dilinə tərcümə edilib yayılsa, onu oxuyan insan olacaq və o insan özünün istəyinin, fikir və duyğularının təcəssümünü orada tapacaqdır. Hamı üçün aydın, dərin mənalı bu misralar, beytlər oxucu- cəmiyyət, insan-əxlaq, humanist- bəşəri duyğuları tərənnüm, təsvir edir.
Böyük sənətkarımızın "Taleyin acığına" kitabında toplanmış lirik əsərləri haqqında az da olsa söz deməyə çalışacığıq. Belə bir dərin məzmunlu əsəri tədqiq edib, haqqında söz demək bir yazı çərçivəsində qeyri-mümkündür. Hər bir sahə öz tədqiqini ayrıca almalıdır. Bu cəhətdən sənətkarımızın kitabda nəşr etdirdiyi şerlər bitkin, yüksək ideyaları, bəşəri fikirləri özündə əks etdirmək baxımından çox dəyərli, məzmunludur.
Fikrət Sadığın bu kitabda toplanmış lirik şerlərində məzmun zənginliyi çoxdur. Bu dünyada gördüyü, eşitdiyi, yaşadığı həyat hadisələri, dostlara, övladlara məhəbbət, insana dünyalar qədər əziz olan torpaq, vətən sevgisi, vətən qayğıları, dərdləri, cəmiyyətiə, insanlara səmimi münasibət, dünya-kainat, həyat, ölüm-olum, varlıq, yoxluq, mənəvi zənginlik, mənəvi yoxsulluq, insan əməlləri, yer-göy uyğunluğu tərənnüm obyektidir.
Fikrət Sadıq dünyaya baxışlarında bənzərsizdir. Onun dünyası insanların vətənidir, "insan diyarıdır". Buna görə də şair qələmiylə mübarizə meydanındadır. Çünki onun dünyasında azadlıqğın qolları "zəncirli"dir. Həqiqətin gözünə dik baxmaq qorxuludur. Pulun vicdandan üstün tutulduğu, çörək dərdinin insan üçün "ağır yük" olduğu bu dünya əsl döyüş meydanı olduğundan onun mübarizəsi davam edəcəkdir. "Yanacağam günəş kimi "şerində hamımızın müdrik, ağsaqqal, qələm ustadı kimi tanıdığımız Fikrət Sadıq mübariz bir cəngavərə bənzəyir. Mübarizə meydaına atılmış qəhrəman bəşəriyyətin, dünyanın gələcəyi üçün narahat olduğundan mübarizə meydanından çəkilmir:
Nə qədər ki, müharibə qorxusu var,
Nə qədər ki, gecə-gündüz silah artır,
Nə qədər ki, əsarət var yer üzündə,
yaraşmayır bu ad ona.
İnsanlığa layiq olan
dünya gərək
Yer oğluna.
Bu misralarda günəş kimi yanmağa, azadlıq, səadət, dinclik uğrunda mübarizə aparmağa hazır olan "Yer oğlu"nun narahatçılıqları ümumiləşdirilir. Nə qədər ki, insanlığa, dünyanın dincliyinə qarşı ölüm-dirim müharibələri gedir, dünyanın əşrəfi insanları əsarətdə saxlamaq üçün gecə-gündüz silah-sursat istehsal edilir, insanların başı üzərində müharibə, ölüm-itim burulğanı dolaşır, bu mübariz şair məqsədindən dönməyəcək. Odlarda yandırılsa da, tikə-tikə "doğranıl"sa da özünü "köhnəliyi dağıdacaq zəlzələ", "insanlığın baharı" adlandıran azadlıq aşiqi "bütün dünya azadlığa çıxanadək" çarpışacaq, od-alova dönəcək, günəş kimi yanacaq və mübarizə yolunda nə yorulacaq, nə soyuyacaq, nə də amalından dönəcək. Dərin mənalı hər misrada, hər beytdə humanist duyğular, arzular, saf əqidə, polad kimi möhkəm, əyilməz, qırılmaz iradə tərənnüm edilir. Narahat mübariz sənətkarın "bəşər üçün, dünya üçün bu dünyaya gələcək övladları" üçün narahatlıq keçirməsinə səbəb dünyanın bu gün əsl döyüş meydanına çevrilməsi, insanların arzu və istəklərinin boğulmasıdır. Şair özü kimi dünyanı, dincliyi, firavanlığı hər şeydən üstün tutan milyonlarla humanist insanların, əqidə sahiblərinin arzu və istəklərini, mübariz duyğularını tərənnüm edir. Fikrət Sadıq bu şeirində dünyanı əliylə, illərlə, min bir zəhmətlə qurub yaratdığı, ocağına, evinə sədaqətli ailə başçısını xatırladır. O insan qürurludur, dəyanətlidir. Bu dünyada qarşılaşdığı ədalətsizliklərin önündə əyilməzdir. Ömründə-həyatında gördüyü əzabların, dərdlərin əlində solub-saralsa da, qanadları qırılsa da vüqarlııdr, qürurludur. Bu qürur, vüqar ona düşmən qarşısında əyilməmək üçün güc, təpər verir. Bu gücün, təpərin, qürurun sahibi insanlığa layiq olan azad, xoşbəxt dünyanı qurmaq istəyən əsl yer oğludur. Bu yer oğlu şairin özüdür. O, dünyanın haqsızlıqları, ədalətsizlikləri içərisində körpəlikdən damla-damla əriyib. İyirmi il ata həsrətiylə yanan, "düşmən oğlusan" tə'nələri altında əzilən, döyülən, təhqir olunan, hər cür acılığa, səfalətə sinə gələrək bir gün haqq-ədalətin qalib gələcəyinə, təmiz keçmişinin, şaqraq uşaq gülüşlərinin "həbs edilmiş səadəti"nin qayıdacağına ümidini itirməyən Odur. Nəhayət, atasının qayıtmasıyla "arzum, muradım qayıtdı",- deyərək qəlbən sakitləşən şairin misralarının dünyanın azadlığa qovuşacağına inam üstündə köklənməsində bir təbiilik, bədii gözəllik vardır. O mübariz insan taleyin əksinə qarşı çıxmağa çağırdığı insanı əslində mübarizəyə səsləyir. Tale, alın yazısı məfhumlarına boyun əyib, "tale yastığına baş qoyub" yatmağı insan üçün fəlakət sayan şair ("Taleyin acığına") qədər-qismətə boyun əyməməyə, hər kəsin taleyinin öz əlində olduğuna inanmağa, ona verilən ömrü dara düşən anda taleyin ayağına yazıb onun müti quluna çevrilməməyə, hər şeyin insanının öz əlində olduğuna inanmağa, xoşbəxtliyi əldə etmək üçün mübariz olamağa səsləyir:
Tale ki var, o sənsən,
Çatdır işini sona.
Əgər gücün çatmırsa,
yalnız özünü qına.
İnsanı ona verilən ömürdən səmərəli istifadə etməli, "dünyanın taleli yazığına" dönməkdənsə, "ömrünün bu çağı"nın qədrini bilməyi daha üstün tutmalı olduğuna inandırmağa çalışır və bu poetik fikirlərdə böyük həqiqət yaşayır. Fikrət Sadığın insana, dünyaya, taleyə, həyata, ömrə fəlsəfi baxışlarındakı qəribəliklər bu mövzuda yazılmış şerlərin məzmunun bədii dəyərini artırır. Bu lirizmin poetik imkanları çoxdur. O, "taleyin acığına" insanı daima mübarizəyə, öz səadətini təmin etmək üçün fəaliyyətə, ömürdən gedən illəri ("Ötən ili qarğıma") qınamamağa çağırışında da zəngin poetik imkanlarından yararlanır.
Ömürdən gedən illəri şair bir dastan mövzüsuna çevirir. O, ömür dastanıdır ki, insan bu ömrün illərində ağlı-qaralı günlərini yaşayır.
İllər şairin şerində başımızın üstündən "keçən buluda bənzə"dilir. İlləri məhəbbətlə əzizləyən şair bir damla göz yaşı üçün ötən illərdə çəkdiyi qüssəyə görə illəri danlamamağı, onlardan inciməməyi məsləhət bilir. Şairin fikrincə:
Təbiət hər kəsə
ürəyincə verir, ürəyincə.
Ürəyincə verir qəmi,
Ürəyincə verir sevinci,
Ötən ildən əzizim,
nə küs, nə inci.
Şair eyni zamanda ömürdən keçən illəri qarğıyanların nəzər-diqqətini illərin qışı qarlı, yazı bənövşəli, yayı günəşli, payızı nemətli olduğuna cəlb edir. İllər şairin qələmində tarixə çevrilir, poetik donunu geyinir, "yerin boynunda mirvari boyunbağı"ya bənzədilir və bu qüvvətli bənzətmə şerin ahəngini, ritmini artırır, bədiiliyini zənginləşdirir. Şerə atılan hər bir bədii çalarlar "pis-yaxşı", "ağır-yüngül", "ağ-qara" illərə bəslənən məhəbbətin dəyərini artırmış olur. Bu illərə onun xeyrinə, yaxşısına qələm çalan insanlar 1914, 1941-ci illərin faciəsini törədibsə, daha bir qanlı nadan insan əli başqa yeni faciələr də törədər və bundan şair narahatçılıq keçirir və bu narahatçılığı ilin ağrıları kimi qəbul edir:
İl əzab çəkə bilirsə,
İlin də ağrıları,
sənin də ağrıların
bu gün dolanıb-gəlib
Mənim ürəyimdən keçir,
-deyir və ötən ili qarğıyanlara məsləhət görür ki:
Ötən ili qarğıma,
Yaşa mehr məhəbbətlə.
Elə yaşa ki,
səndən sonra gələnlərin
bəxtinə yazılmasın
sənin elədiklərin.
Qocaman ustad insanın əməllərində dünyanı başına götürən şübhələri, xəyanətləri, fəlakətləri, davaları salan iblis əməlləri görür. Şairin fikrincə, Tanrı Adəmi yerə göndərəndə iblis onu oğurlayıb, Adəmin əvəzinə öz adamını dünyaya göndərib. Sanki şair insanlıq adına ləkə gətirə bilən bu əməl sahiblərinin əvəzinə utandığından bu günahları Adəm övladının ayağına deyil, iblisin ayağına yazmaqla insanları islah etməyə çalışır.
Elə o vaxtdan
Çaş-baş salıb hamını.
Odur ki, hər birimizdə bir az iblis var.
Dünyada gördüyü bu qədər qan-qadalar şairi dəhşətə salır, o başqa cür düşünə bilmir.
Odur ki, hər birimizdə bir az iblis var,
Yoxsa nədir dünyanı bürüyən
bu şübhələr, xəyanətlər
fəlakətlər, davalar?
Şair bu fəlakətləri törədən insanların Allah tərəfindən cəzasız qala biləcəyindən də qorxur. İnsanlıq naminə, bəşəriyyətin gələcəyi, varlığı naminə qorxur. Çünki Allah insanı əməllərinə görə cəzalandırmaq üçün zəlzələ göndərdi. İnsan qorxub o anlarda ("Zəlzələdən sonra" şerində) haqq yoluna qayıtsa da, bir-birinə mehr məhəbbət göstərsə də, zəlzələnin dəhşətləri önündə qorxudan gündə yüz yol "bağışla bizi, Allah" -desə də tez bir zamanda zəlzələdən sonra Tanrının "xəbərdarlığını" unudur. Yenidən öz mənfəətlərini güdərək, bir-birinə kin-küdurət bəsləyərək, bir-birini didərək insanlığa yaraşmayan iblis əməllərindən əl çəkməmələri şairi kədərləndirir.
Şair insanları yalan danışmamağa, rüşvət almamağa, nəfsini saxlamağa, paxıl olmamağa, yerlibazlıq etməməyə çağırdığı "Yenidənqurma" şerində birinci növbədə insanı qəlbən yeniləşməyə, saflığa çağırır. Çünki şair eşidəndə ki:
Kimsə kimsənin
Kölgəsini belə qılınclayır,
onu heyrət bürüyür, şair ("Hirsli şer") suallarna cavab axtarır. İnsanların bir-birini sevməməyinə, bir-birinə kin-küdurət bəsləməyinə dözməyərək bu qədər nifrətin haradan yarandığını soruşur:
Atam, qardaşım, anam, bacım!
Hara qaçım
bu sualların əlindən.
Harda yuva qurub bu qədər acı?
Beyində, ürəkdə, yoxsa gözdə?
Bu kin-qəzəb, nifrət duyğuları insanları bir-birindən uzaqlaşdırır. Qəlbləri ancaq sevgi, qayğı, mehr-məhəbbətlə dolu olmasını istəyən şairin qəlbində insanlara, elinə, doğmasına, xalqına böyük məhəbbət yaşayır. O, milli birlik, bərabərlik, səadət istəyir. O, xalqı üçün narahatdır. Onun keçmişini, şanlı tarixini yada salır, ("Tanrı türkü qorusun" şeirində) öz gücü, qüvvəsi ilə " yeri-göyü fəth edib, ulduzlardan bac al"an, adını eşidəndə sarısını udan türk xalqına Tanrı köməyi arzulayır. Mənsub olduğu xalqın qalaq-qalaq köhnə dərdlərini yada salıb, Qarabağ, Zəngəzur, Gorus və digər türk torpaqlarının qisasını almağın zəruri olduğunu bildirir. Məhlələrə, tayfalara bölünən, dili bir, dini bir olan xalqına "əqidəcə bir gərək". Bu birlik vasitəsilə "Türkün açılan yarasın sarısın"-deyir. Bu birliklə:
Uşaq kimi aldanan, Qorqud kimi ağıllı,
Dili sərt-hünər dili, bayatılı, nağıllı,
Yer üzünə ulduz tək səpələnib, dağılıb,
Ana yurddu türklərə bu dünyanın yarısı,
Türk özünü qorumur, Tanrım türkü qorusun!
-deyən şair qəlbən narahatlığını verir. Azərbaycaın bütövlüyünü bütün varlığıyla arzulayan və bu arzu-istəkləri tərənnüm edən mahir ustad özü kimi milyonların arzusunu xalq şairi Söhrab Tahirə yazdığı "Qardaş ərki" şerində daha qabarıq şəkildə, poetik imkanları vasitəsi ilə ümumiləşdirir. Bu ümumiləşmə ilə bu istəklə yaşayanların səsinə səs verir:
Söhrab əmi!
Bilirəm,
dilin söz tutandan,
əlin qələm.
Sözlərini sap eləmisən,
qələmini iynə.
Tikmək istəyirsən hey.
İki Azərbaycanı
birbirinə.
Şair burada söz-qələm cütlüyünün kara gələ bilməyəcəyindən narahat olub, mübarizənin daha sərt yolunu tutmağı günün, zamanın ən vacib işi sayır. Dünəni bada verən sabahına ümidsiz baxır, "Nə gərəksə bu gün gərək, indi gərək"-deyərək qələm əvəzinə:
Tüfəng gərək,
Süngü gərək.
Güllə gərək
Pulemyot lenti gərək!- deyir.
"Vətən marşı" şerində şair bütün Azərbaycanın birliyini tərənnüm etməklə yanaşı, dünyanın diqqətini Azərbaycanın bu gününə yönəltməyə çalışır. Qarabağın, Şuşanın, Xankəndinin, Zəngilanın, Kəlbəcərin, İrəvanın, Zəngəzurun türk torpağı olduğunu diqqətinə çatdırmaqla gedən mübarizənin "Anayurd" davası olduğunu bildirir, Vətənə məhəbbət, onun dərdlərinə qayğı hissiylə yanaşır, başına gələn müsibətlərə dözməyir, düşmənə kini-nifrəti coşub çağlayır, millətin gözündəki qəflət pərdəsini yırtıb, günün, vaxtın, zamanın çatdığını, ağlayıb sısqamaqdansa qeyrətə gəlib, döyüşə qalxıb ya o torpaqları geri almağı, ya da o torpaqlara həsrətlə yaşamaqdansa bütünlüklə məhv olmağı daha üstün tutur. Bu şer əsl çağırışdır, hayqırtıdır, qəzəbdən, həsrətdən, qeyrət hissindən doğan yanğıdır, təəssüf dolu qəzəbdir:
Nə ağlayıb sıtqamaq,
nə də gülmək çağıdır.
Daha qeyrətə gəlmək,
kara gəlmək çağıdır.
Bunu bilmək çağıdır,
O doğma torpaqlara
həsrət yaşamaqdansa
ellik ölmək çağıdır!
Fikrət Sadıq bu mövzuda yazdığı şerlərində yalnız ümidsizliklərə qapılıb qalan şair deyil, əksinə, gözləmə mövqeyi tutmaqdansa hər dəqiqənin, hər anın qədrini bilib, ana vətənin əldən getmiş torpaqlarını azad edib, bütöv Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü naminə bu gün silahlanıb ölüm-dirim mübarizəsinə qalxmaq zamanının çatdığını çar çəkən alovlu mübarizdir. Bu gün torpaqları əldən getmiş milyonlarla qaçqın və didərginlərimizin qəlbində vətən həsrəti göz yarası kimi içləri göynədir. O yara bu gün sağaldılmalı, düşmənə bu gün qəlblərdə bəslənən kin, nifrət qəzəb hissindən yararlanıb, bu gün taleyüklü məsələlri həll etmək lazımdır. Bu çağırışdır:
Bunu bilmək çağıdı.
Günün də o günüdü.
Vaxtın da o vaxtıdı.
Üçrəngli bayraq altında müstəqil olan, Vətəniylə fəxr edən şair, eyni zamanda qüssəylə ondan ayrı düşən Dərbəndə, həsrətində olduğu Təbrizə, tapdaq altında qalan Zəngəzura, Dərələyəzə, Qarabağa nəzər salır, "biçildik və kiçildik ilbəil oraq altda" misrasında əldən gedən torpaqlar üçün göynəyir. Özünə gün ağlayan oğulların laqeydliyinin, milli birliyə mane olan qüvvələrin milləti çaş-baş salmasının çox pis nəticələr verəcəyindən, bölgələrə bölünməklə ayaqlar altında qalacağımızdan dəhşət hissiylə, qəzəblə, söhbət açır, sonda ("Qalar əl-ayaq altda") bir ata kimi nəsihətini, Dədə Qorqud kimi məsləhətlərini verir.
Bəsdir, ayılmaq gərək, bütöv ay olmaq gərək,
Bunları yığmaq gərək güclü bir dayaq altda.
Şair bu torpağın yaralarının tezliklə sağalacağına əmindir:
Gec-tec bitişəcəkdir yaraları vətənin,
Hələ var ər-igidlər, oğullar papaq altda.
F.Sadıq şeirləri içərisində hər qoşa misrada, cütlükdə hikmət dolu bir fikri verir və onun hər beyitində bir dünya yaşayır. Hər beyti yüksək ideyaları özündə cəmləşdirir:
Layiq olamyanlara ləyaqət paylanırsa,
Minnət ilə verilən ləyaqəti neynirəm.
Dərdlərimiz başına götürüb bu dünyanı
Ehtiyaca diz çökən əmniyyəti neynirəm.
Və yaxud:
Mətləb uzadılanda yaddaş döyənək olur,
Gülləsi qurtaranda tüfənk dəyənək olur,
Bütün bunlar təbiidir. Çünki F. Sadıq öz duyğularını misralara çevirəndən ilhamını gözəgörünməz varlıqdan alıb. Böyük istedada, saf qəlbə, ləyaqətə malik, böyük şəxsiyyət adına layiq F.Sadıq xalqının şair oğlu kimi doğulub, özünün dediyi kimi "quru dilmançı" deyildir:
Fələkdən sinə dağlıyam,
Bəndi-bərəsi bağlıyam,
Xalqımın şair oğluyam,
Quru dilmançı deyiləm.
Fikrət Sadığın bir sıra şeirlərində Yunis İmrə ruhu duyulur:
Göydən yerə baxılsa, mən
Kövrək samança deyiləm.
Gumanın ağ haləsiyəm,
Hətta gumança deyiləm.
F. Sadıq yaşadığı dünyanı sevən, həqiqət, mərifət sahibi Yunis İmrə kimi ətrafda, yaşadığı insanlar arasında tapa bilmədiyini özünün könül dünyasında axtarır:
Tanımadım dostu-yarı,
Tanıyan məni qınadı,
Bu dünya yalan dünyadı,
Özüm yalançı deyiləm.
Və yaxud:
Bir kimsəm yox çata dada,
Yerdə hamı-yerli adam.
Mən qəribəm bu dünyada
Mən bu zamanca deyiləm.
F. Sadığın şe'rlərində insanlıq ağrısından bezən bir şairin qəlb çırpıntıları yaşayır. Dünyanın hər cür əzablarını yaşamış şair insan olmaqdan çox ağac olmaq istəyir.
Dünyada yaşamaq üçün
Hər cür əzaba dözmüşəm.
Ağac olmaq istəyirəm
İnsan olmaqdan bezmişəm.
Torpaq sevgisi Fikrət Sadıq qələmində daha poetikdir.
Mehriban olmasaydı əgər insana torpaq,
Deyilməzdi heç zaman torpağa , ana torpaq.
-misralarıyla başlanan şeirində şair yaşayana yurd-yuva, ölənə yataq olan torpağın qoynundakı çeşmələri, ətirli çiçəkləri, bərəkətli çölləri, dağları, daşları, aylı, ulduzlu gecələri, günəşli gündüzləri tərənnüm edir. Eyni zamanda bu torpaq üstündə yaşayan şair üçün də doğmadır, müqəddəsdir, onu qorumaq borcudur:
Doğmadır ana torpaq,
Anadır, ana torpaq,
Gəlin onu qoruyaq,
Gəlin onu qoruyaq.
F.Sadıq şeirlərində sələflərinə böyük hörmətlə, izzətlə yanaşır. Sabirin yüz illiyi münasibətilə yazdığı "Ömrün bir günü" əsərində Sabir yaradıcılığına, Sabir şəxsiyyətinə, xalqının, vətəninin xoşbəxt günlərə qovuşmasını istəyən, gördüyü haqsızlıqlardan, dərdlərdən onları qurtarmaq üçün qələmini süngüyə, ürəyini məşələ döndərən, bu ədalətsiz dünyanın eybəcərlikləri içərisində çalışan, çabalayan xalqının ağrı-acılarını ürəyinə salıb xəstə düşən böyük sənətkarımızın haqq işinə, yaradıcılığına, sənətinə böyük məhəbbətinin ifadəsini görürük. Sənətə, sənətkara, onun şəxsiyyətinə hörmətlə yanaşan F.Sadıq kimi şairlərin yaradıcılıq yolu çoxlarına dərs olmalıdır.
Fikrət Sadıq şerlərində həm də bir "işıqçı"dır. Gördüklərini, sevdiklərini ruhunu oxşadıqlarını daha çox işıqlandırmaq, görmək istədiyi, lakin görə bilmədiyi, həllini tapmaq istədiyi qaranlıq qalmış məsələlərin yoluna işıq salmaq, onları gündəmə çıxarmaq, həllinin tapılmasına yardımçı olmaq istəyi əsərlərinin ruhundadır. Onun şerləri işıqla doludur. Özünün dediyi kimi uşaqlıqdan oda, günəşə vurğun olan, gözləri işıq axtaran şair bu işıqda bəşərin xoşbəxt gələcəyini axtarır:
Şerlər, nəğmələr işıqla dolu,
Bildiyim hər şirin nağıl işıqdır.
Bəşərin yoludur, işığın yolu,
Düşüncə işıqdır, ağıl işıqdır.
İnsan ağlı, düşüncəsi şairin əsərlərində dediyi kimi bəşəriyyəti səadətə, xoşbəxtliyə aparan nurdur, işıqdır. Şair o nuru, işığı yaşadığı dünyanın qatı zülmət anları ilə qarşılaşanda, dünyasını ədalətsiz, qanlı-qadalı, haqsızlıqlarla dolu zamanında "əli çıraqlı" gəzib. "Günəşə möhtac olan qüzey çəməni kimi" uşaqlıqdan ata sevgisinə həsrət qalandan, körpəlikdən özünün dediyi kimi " əlifba oxumamış ürəyində sükutla danışmağı öyrən"əndən çiynində bu dərdin ağır yükünü daşımağı öyrənib, özü də lap elə o balacalıqdan öyrənib. Yaşadığı qaranlıqlar içərisində mübarizə yolunu tutub, ümidsizliklərə qapanmayıb xoşbəxt günlərə onu aparacaq bu qatı zülmət dünyasından çıxıb işığa qovuşmaq üçün nə Məlikməmməd kimi Zümrüd quşu gəzib, nə nağıllar qoynunda uyuyub; gerçək həyatın acılıqları içərisində işıqçı olmaq istəyib. Həm evlərə, həm könüllərə işıq paylamaq eşqi onu həm işıqçı, həm də könüllər mülkünün şamına döndərib.
Vaxt-zaman baxımından şair istəyinə vaxtında nail olub. İlk öncə evlərə işıq gətirib, küçələri öz əli ilə "çıraqban" olanda, haradasa işığı sönmüş olanların qayğısını çəkib, işığı sönənləri anıb, özünü də bu anda qəlbinin "çırağı sön"ən sanıb, narahat dünyasının da misralarında xəritəsini cızıb.
Fikrət Sadıq şerlərində zamanı, vaxtı başqa cür tərənnüm edir. Vaxt- zaman onun lirik duyğularında başqa cür poetikləşir, o vaxtını xoş keçirmək, gəldiyi zamanda dövran sürmək istəyindən çox, vaxtın qədrini bilməyi ondan israfçılıqla istifadə etməməyi, vaxtında sevilib, sevməyi, hər işi vaxtında görməyi, vaxtı boş keçirməməyi məsləhət görür.
O, zamanın, vaxtın bir anını da boş keçirməməyi xalqına, millətinə də məsləhət bilir. O vaxt- zaman istəyidir ki, şair bu gün əldən getmiş torpaqlarımızın tezliklə geri qaytarılmasını xalqının qarşısına özünə bir vaxt vəzifəsi kimi qoyur. Sabah da, keçmiş də yalandır. Bu gün, bu saat həllinin tapmalı məsələləri sabaha saxlamaq şairə dərddir. Vaxt elə-belə keçməkdənsə:
Vaxt əriyib söz olur,
Dilimizin ucunda.
Vaxt axırsa qoy axsın
Gözəl əməl uğrunda.
Bu son iki misrada şairin vaxtdan gözlədiyi təmənnanın səbəbi aydınlaşır, Şairn fikir və arzuları son beytdə ümumiləşir, ülviləşir, şair qəlbinin saflığı üzə çıxır. Fikrət Sadıq şair qələmini bu mövzuda, bu ideya üzərində kökləyənlərin vurğunudur. Yaşayıb heç bir şeyə gərək olmamaq dərdi, şairin nəzərində "ölümdən də betərdir". Çünki insan daş deyil. Şairin misralarında daş özü belə divara hörülməyib qalanda, həyat üçün mənasız, lazımsız olduğunu söyləyir.
Fikrət Sadıq qələmində dünya, kainat ayaqlar altında olan torpaq, başımız üzərində ucaldan sonsuz səma, bütün dünyanın "sakin"lərinindir. Ona görə də insanları -o biri canlılardan öz şüurları ilə fərqlənən canlı düşüncəli məxluqatları əməllərinə nəzər salmağa çağırır; təbiətə ögey münasibət göstərənlər insanlardır; öz oturduğu budağı kəsənlərdir, zəhərli maddələri dənizlərə yönəldib sulardakı canlıların məhvinə səbəb olan əməl sahibləri insanlardır; zavod bacalarından "ilan kimi qıvrılıb", "burum-burum burulub" göyə qalxan tüstülərin atmosferə vurduğu ziyan, bundan təbiətin, canlıların nə kimi zərər çəkməsinin günahkarı insanlardır; meşələri doğrayıb, quşların, heyvanların kökünün kəsilməsində günahı olan və bütün öz əməlləri ilə qoca dünyanın axırına çıxan, onun canlılarını məhv edən, artıq flora və faunasının məhv olub qalanlarının "qırmızı kitab"a adı düşməsinin səbəbkarı insanlardır. Həqiqəti söyləyən şair fikrimizi bu məsələyə cəmləşdirir ki, axı dünya təkcə insanların deyil, hamınındır; "adi bir cücünün" də bu dünyada yaşamağa haqqı vardır və biz insanlar gəlin:
Adicə çiçəyin də
Burnunu qanatmayaq!
Torpaq yaşadır bizi,
Nankor övladıq, məgər
torpağı yaşatmayaq?
Fikrət Sadıq bəzən şerlərində nəsihət verən ağsaqqalı, adil bir qocanı, bəzən gördüklərindən inciyib-küsən uşağı, bəzən haqsızlıqlarına dözməyib qələmini qılınca çevirən mübariz bir qəhrəmanı, bəzən gördüklərinə dözməyib qəzəbini boğa bilməyən coşqun, üsyankar insanı, bəzən gördüklərindən, eşitdiklərindən məyus olub ruhdan düşmüş köməksiz bir qocanı xatırladır. Mənasız yazılarla, cızma-qara ilə bağıranları, gündə bir yazısını təqdimatla oxucuya sırımaq istəyənləri, özündən əvvəlki yazıb-yaratmışları, ədəbiyyatın bünövrəsinə öz dəsti xəttiylə daş qoyanları, öz kökünə balta çalan "budaq"ları görəndə ümidsizləşir. 60-70 səhifəlik yazıları kitabça şəklində nəşr etdirib hay küylə təqdimat mərasimi təşkil edənlərə, yazdıqlarını gözə soxmağa çalışanlara Fikrət Sadıq təmkinlə məsləhət verir və bu əqidənin sahibi hər kəs bu məsləhətlərdən ibrət dərsi götürməlidir:
Sən kimsən, sən nəsən
əsərindəsən.
Əsərin qədərcə
sən qiymətlisən….
Özündən ucaya tullansan da sən,
Sözündən yuxarı qalxa bilməzsən…
Əslində bu cürə
təqdimatların
Bir zərrə də dəxli yoxdur sənətə.
Deyilən sözləyə inanmayıb öz xudbin niyyətlərinə qapılanları Fıikrət Sadıq bir ata kimi məzəmmət etməkdə də haqlıdır:
Hay-küy salma bu qədər,
bir yorul, usan bala.
Şişirtmək nəyə lazım,
sən nəsən, osan, bala.
Fikrət Sadıq son illərdə ədəbiyyat aləmində gedən qalmaqalları, kürsü, vəzifə naminə ədəbiyyatın ömrünü "göy əskiyə" bürüyənləri, oxucu qarşısında dava-dalaşıyla özünü tanıtmaq istəyənləri, haqlı-haqsız 60-cılara böhtan atanları, özündən əvvəl ədəbiyyata xidmət edən qələm sahiblərini gözügötürməyənləri, onların yaradıcılığına barmaqarası baxanları, pis-əyrini yaxşı görən gözlərə kül üfürmək istəyənləri, bəzi qüvvələr əlində oyuncağa çevrilən 90-cıları "60-90" adlı minatür şerində çox böyük ustadlıqla yerində oturdur:
Ey Altmışı bəyənməyən
Cənab doxsan!
Əgər altmış yoxdursa
onda, sən də yoxsan!
Şair fikirlərində haqlıdır. Hər birimiz ədəbiyyata öz milli ədəbiyyatımızı öyrənə-öyrənə gəlmişik. Əgər bu gün oğul atanı, varisini bəyənmirsə, onun yazdıqlarından "bəhrələnənlər" yerli-yersiz Avropa - dünya ədəbi ənənələrinə üz tutursa, babalarımız demişkən: "həm əli, həm vəli aşından olur"sa, onların əsərlərindən kim nə götürəcək? Bu sönük rənglər ədəbiyyatımıza nə verəcək? Bu gün onlar ədəbiyyatımızı, sabah da milli mənəvi dəyərlərimizi o mənasız rənglərə boyayacaqlar. Fikrət Sadıq kimi sənətkarları narahat edən belə problemlər onun "Qocalar evi" şerində də qoyulur. O, "60-90" şerində özündən əvvəl yazıb-yaradan, ədəbiyyat aləmində iz qoyub gedən şəxsiyyətləri danan bugünkü bəzi yazarları məzəmmət edirsə, "Qocalar evi" şerində qocalarını, ata-anasını baxmayıb "qocalar evi"nə atanları, ata-anasından üzü dönük övladların "soyuq millətlərə" məxsus keyfiyyətləri, ənənələri içərimizə gətirilməsindən kədərlənir, onların yadına keçmişini daha sərtliklə salır:
Döyüşə gedəndə
Gözünün qabağında olsun deyə
qocasını-qarısını,,
döyüş arabalarında
özüylə aparan
Türkə yaraşmaz
bu vəhşi adət!
Bir millətin əgər
qocalar evi varsa,
Deməli, yoxdur o millət!
Eləcə də ədəbiyyatını altmışıncılarsız görən indiki bəzi yazarlar görəsən hansı kök üstündə qol -budaq atmışlar? Fikrət Sadıq onların layiqli cavabını verir.
Çünki o, öz sələfinə, soykökünə, millətinə, onun sənətkarına, milli dəyərlərinə hörmət ruhunda böyüyüb, dədəsindən-babasından bunu görüb götürüb, övladından bu ənənələri qoruyub saxlamağı, yüksək insani keyfiyyətləri ilə dünya xalqları içərisində şərəfli yer tutan türk-azəri görüşləri ilə köklənib fəaliyyət göstərməsini istəyir. İsətdiyini görməyəndə, məhz belə qeyri-adi görüntülərlə qarşılaşanda Fikrət Sadıq ümidsizləşir, məyus olur, gah sözünü kəskin deyir, gah gəncliyi islah etmək üçün Dədə Qorqud öyüdlərinə üz tutur, gah da elə öz içində misralarında daxili alovunu, içini yandırıb kabab edən közünün üstünə bəlkə də dediyi sözlərlə su səpir.
Dözümlü olum deyə-içimə çəkilirəm,
İçimi yeyə-yeyə içimə çəkilirəm.-
-deyən sənətkar "dərdin qurğuşun yükü" altında bütün bu gördüklərini, yaşadıqlarını, ağrılarını içində çəkə-çəkə yaşayan vətən övladı, onun ağsaqqalı, dürlü-dürlü məsləhət verəni, saz-söz ustadı Dədə Qorqud törəməsi, yadigarıdır.
"Şerində sısqanı ümman bilən" ləri sözünün yerini ("Bilir") bilməyə, ədəb-ərkan gözləməyə çağıran Fikrət Sadıq belə yüksək mənəvi - əxlaqi dəyərlər üzərində həyatını, yaradıcılığını qurduğundan bu gün kamil bir sənətkar səviyyəsinə qalxıb.
Fikrət Sadıq dünyası, istəyi, qüssəsi, qayğısı, arzusu tərənnüm, təsvir olunan bu kitabda toplanan şerlərdəki lirizm, təbiilik, onun bir sənətkar kimi yararlandığı xalq ədədbiyyatından gəlmə motivlər, bədii ifadə və təsvir vasitələri şairin sənətkarlıq imkanlarının, qüdrətinin dərin təhlilini vermək üçün tədqiqatçı qarşısında geniş imkanlar açır. Onun ("Nağıllar" silsiləsi) rəvayətləri, əfsanə və nağıl mövzularını poetik, lirik bir dillə təsvir və tərənnümü, bu əsərlərdəki dərin məzmun və ideya Fikrət Sadıq yaradıcılığına dönə-dönə qayıtmağımız üçün imkan yaradır. İnanıram ki, hansı alim, ədəbiyyatşünas, tənqidçi onun əsərlərini oxusa onun samballı yaradıcılığı haqqında dəyərli fikirlərini söyləyəcək. Şəxsi qəzet, jurnal açdırıb bir qəzetin on səhifəsinin beşində özü olanlar işlərini elə qursunlar ki, zaman gələndə bu ədəbiyyat sənət, poeziya, nəsr, ədəbiyyatşünaslıq mövzusunda nəşr olunan qəzet və jurnalları vərəqləyənlər onları qınamasınlar.
Qoy qəzet, jurnal açanlar Zərdabİ, Mirzə Cəlil, Şahtaxtınski ənənələrini yaşatsınlar. Mən həmişə öz yazılarımda sənətə, sənətkara hörmətlə yanaşıb, onun yaradıcılığında güclü və zəif cəhətləri üzə çıxarmağa, sənət-sənətkarlıq məsələlərinin tədqiqinə geniş yer vermişəm. Hər bir yazıçı- şair yaşadığı dövrdən, zamandan asılı olmayaraq əsl sənət əsəri ilə qarşımıza çıxırsa təqdir olunmalıdır. Hər bir kitabın, əsərin müəllifi əsəri haqqında deyiləsi sözü gözləyir. Deyilən söz də mətbuat orqanlarına gec yol tapır. Mən arzu edərdim ki, "Kredo", "525-ci qəzet" qəzetləri kimi digər qəzet və jurnallar tənqidi-publisist yazıları aylarla öz nəşriyyatlarında saxlamasınlar. Tənqidçilər, publisistlər ədəbiyyatımızın gələcəyi naminə daha çox işləsinlər. Onda hər bir sənət aləmində söz demiş, istedadlı, zəif yazarlar düzgün ədəbi istiqamət götürər, fəaliyyətini boş, mənasız dedi-qodulara deyil, ədəbiyyatımızın inkişafına yönəldər.Onda Fikrət Sadıq yaradıcılığında olduğu kimi, bütün qüvvətli yazarlarımızın yaradıcılığı bəşəri mövzuları, insani duyğuları, könülaçan hadisələri özündə əks etdirər. Bədii ədəbiyyatımızın məzmun zənginliyinə xidmət edər.
Fikrət Sadığın şerləri kimi pyesləri, nağılları, poemaları da gələn yazılarımızda öz ədəbi-bədii tənqidi həllini tapacaqdır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah