Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

XX əsr sənətkar ömrü, sənətkar taleyi

XX əsrin yola saldığımızın bir ili tamam oldu. Arxasınca boylandı-ğımız yüz illik bir tarixə malik olan əsrin xalqımızın həyatında nə kimi rol oynadığı göz qabağındadır. Əvvəlki əsrlərdə biz tariximizin çox şanlı və eyni zamanda acınacaqlı taleyinin üstündən sükutla ötüb keçmişik. XX əsr isə bütün varlığıyla gözümüzün önündədir. Onun tarixini tarixçilər yazacaq. Özü də istədiyi kimi tam düzgün verməklə, bu şərəfli işin öhdəsindən inanıram ki, ləyaqətlə gələcəkdir.
Azərbaycan ədəbiyyatının tarixi də yazılacaqdır. Bu ədəbiyyatı yazan hər kəsin borcudur ki, şair-sənətkar-yazıçı ömrünə düşən qismətdən, baxtdan danışarkən XX əsrdə yaşamış-yaratmış qələm sahiblərinin çəkdiyi ağrıları, acıları, onların sənətin inkişafında bütün çətinliklərə mərdanəliklə sinə gərdiyini, göstərdikləri mənəvi və cismani qəhrəmanlıqları olduğu kimi verməkdən çəkinməsinlər. Sirr deyil ki, Azərbaycan ədəbiyyatı tarixi öz səhifələrində onsuz da bu millətin milli -mənəvi dəyərlərinin ən nadir nümunələrini yaradan, sənətkarın sənətin inkişafında hansı mərdanəliklərə dözməli olduğunu yazarkən bəlkə də bizim görə bilmədiklərimiz çox şeyləri qələmə alacaq, bu və ya digər məsələlər aspektindən onun dərin təhlilini verəcəkdir.
Bəşər tarixində bəlkə də XX əsr Sovet ədəbiyyatı deyilən bir ədəbiyyatın yaradıcılarının öz fikir və duyğularını ifadə etməkdə çəkdikləri çətinliklər göz qabağındadır. Lakin sovet ədəbiyyatı deyilən ədəbiyyatın yaradıcılarının gərgin əməkləri sayəsində yaratdıqları qüdrətli sənət əsərləri bir daha sübut edir ki, bu ədəbiyyatın nümayəndələri psixoloji və cismani gərginliklər içərsində yaşayıb–yaratmışsalar da ədəbiyyat aləmində öz sözlərini deməyi bacarmışlar. Milli-mənəvi sərvətlərimizin ən nadir nümunələrini yaratmış, yüksək bəşəri ideyaları tərənnüm etmiş və mənsub olduqları xalqlara da azadlıq, müstəqillik ideyalarının nə qədər şirin olduğunu anlada bilmişlər.
XX əsrin əvvəllərindən Sovetlər ölkəsində, eləcə də Azərbaycanda Kommunist Partiyası hegemon siyasətini yeridirdi. Xalqın bütün ideologiyasını özünə xidmətə yönəldən bu partiyanın 30-50-ci illər üçün göstərdiyi fəaliyyət onun taleyinə qara hərflərlə yazılmış illərdir. Əgər bu cinayəti törətmiş insanlar sağlıgında öz cəzasını alsaydı, hər biri üçün dar ağacı qurulardı. Çünki insanlığa qarşı yönəldilmiş bu qanlı siyasət Hitlerin faşist rejimi qədər çirkin və qəddar rejim idi. Hitlerizmin aqibəti necə olmuşdusa, onun da aqibəti elə olmalı, qanun qarşısında cavab verməli idi.
Neyləmək olar. Elə yaralar var ki, tarix özü sonralar onu sağaldır.
Bizim qismətimizə yazılanları tarix özü safçürük edəcəkdir. Çünki hər birimiz bu dövrdə müəyyən qədər o dövrün haqsızlıqları ilə rastlaşmışıq və bu əzabları yaşamışıq. Bəzilərimiz əsil həqiqətləri dərindən duya-duya, kimimiz də bu hadisələrin baş vermə səbəblərinin köklərini başa düşmədən.
Bəlkə də bir zaman mənim də gördüklərim belə baxanda müəyyən məna kəsb edən hadisələr imiş. Bu günün prizmasından o günlərə baxanda hiss edirsən ki, o dövrün bütün hadisələrini qələmə almaq, gələcək nəsillərə çatdırmaq borcumuzdur. Sənətkar ömrünə düşən anların, illərin onun yaradıcılığında nə kimi rol oynadığını gələcək nəsillər mütləq bilməlidir. O həyat hadisələrini ki sənətkar yaşayıb, onun köklərini araşdırmaq, səbəbini göstərmək zamanı gəlib çatmışdır. Qoy onu insanlar şahidlərin verdiyi faktlarla araşdırsınlar.
Dünya sirli möcüzəli hadisələrlə doludur. Ömrümuz-günümüz bu möcüzələr içərisində keçir. Hansısa bir hadisə bizə möcüzəli görünsə də elə hadisələr də vardır ki, bəlkə də o daha böyük möcüzələr külliyyatını özündə birləşdirir. Lakin biz bunu ötəri, adi bir hal kimi qarşılayırıq. Təbiidir, çünki insan o zaman hadisəyə möcüzə kimi baxır ki, ona çata bilmir. O zaman ki, o yolunda gördüyü hadisələrin daxilinə nüfuz edə bilir, bu onun üçün bir adi həyat hadisəsinə çevrilir.
İnsan şüuru, təfəkkürü inkişaf etdikcə fikirlər, araşdırmalar, maraqlar aləminə səyahət arzusu da artır.
Universitetdə oxuduğum illərdə Yazıçılar İttifaqında işləyirdim. O zaman Lətif Vəliyev Natəvan Yazıçılar klubunun direktoru, mən də oxu zalının müdiri idim. Hər səhər zala girib qapı - pəncərini açıb otağın havasını dəyişirdim. Stolun üstündəki süfrəni səliqəyə salırdım.
Bilirdim ki, bir az keçəcək həmişə hörmətlə qarşıladığım, əsərlərini donə-dönə oxuduğum sənət adamları bura gələcək, iki-bir, üç-bir oturub dərdləşəcək və mənim orada onlara necə diqqətlə qulaq asdığımdan xəbərləri belə olmadan içərilərini didib dağıdan haqsızlıqlara qarşı çıxaraq ürəklərini boşaldacaqlar. Yalnız daş tavanlar, məxmər döşəkçəli stollar, stolun üstünə hər gün su doldurub qoyduğum qrafinkalar, səhnədə sükuta dalmış görkəmindən ciddiyyət yağan qara Royal, O zaman «Ulduz», «Azərbaycan» və «Literaturnaya Azerbaydjan» jurnallarının redaksiyaları da Yazıçılar İttifaqının binasında yerləşirdi. İsmayıl Şıxlı «Azərbaycan» jurnalının baş redaktoru, Qabil müəllim onun müavini, Əmir Mustafayev isə məsul katibi idi. «Literaturnıy Azerbaydjan» jurnalının işçilərindən İvan Tretyakov, Aleksandr Xaldeyev yadımda qalıb, «Ulduz» jurnalının baş redaktoru isə, səhv etmirəmsə, mərhum sənatkarımız Yusif Səmədoğlu idi. Mən demək olar ki, hər gün bu böyük sənətkarlarla rastlaşırdım.
Onların qəzet və jurnallarını, bilmək istədikləri informasiyanı onlara çatdırırdım. Mətbuatda şeirlərimlə, hekayələrimlə, məqalərimlə çıxış edirdim.
Tez-tez kitabların, yeni nəşr olunmuş bədii əsərlərin ilk oxucuları məşvərətə yığışardı. Mən dinməz-söyləməz bir kənarda oturub o məclisləri diqqətlə izləyərdim.
O zamanlar mən yazıçıların -bu böyük sənət adamlarının həyəcanlarını, coşub-daşmalarının, qəzəblənmələrinin şahidi olurdum. Yadıma gəlir ki, bu dövrlər Sovet hakimiyyətinin dövlət quruculuğu sahəsində ən iri addımlarla irəlilədiyi zamanlar idi. Yazıçıların əsərlərində Kommunist Partiyasının irəli sürdüyü məsələlər, kommunist ideologi-yasına xidmət əsas tutulurdu. Əsərləri nəşrə hazırlanan yazıçıların, şairlərin kitabları burada təşkil olunan iclaslarda müzakirə edilirdi. Əslində bu əsil senzura idi. Senzurasız əsərlərin çapı, demək olar ki, qadağan idi. O zaman kitabların müzakirə obyektinə çevrilməsi onun müəllifi tərəfindən üzdə sakitliklə qarşılanırdı. Lakin əsərlərin çapı zamanı irəli sürülən tələblər onların heç bir zaman ürəyincə ola bil-məzdi. Çünki hər kəs öz zəhmətinin işıq üzü görməsinə çalışırdı. Yazdığı hər bir misra, cümlə onun üçün əziz idi. Çünki onun arzu və istəklərini, ideyalarını ifadə edirdi. «Cızığından çıxan», senzuranın tələblərini gözləməyən şairlərin əsərləri müzakirə zamanı çox qayçılanırdı. Bu qayçılanma çoxlarının hiddətinə, səbəb olurdu. Məmməd Arazın, Xəlil Rzanın, Asif Əfəndiyevin əsərlərinin müzakirəsi zamanı yaranan qalmaqallar, gənc yazarlar tərəfindən onların müdafiə edilməsi çox yaxşı yadımdadır. O illər əsil psixoloji mübarizə dövrü idi. İnsan-sənətkar-həyat, sənətkar-partiya, sənətdə azadfikirlilik bir-birinə qarşı rəqib cəbhəsində dayanmışdı. O zaman hiss edirdim ki, öz qəlbindən keçəni yazmaq istəyi bu böyük sənət adamlarını partiyanın hegemon siyasətinə qarşı çıxmağa məcbur edir və artıq yeni bir mübarizə forimasının bünövrəsi qoyulmaqdadır. Buna mən təbii baxırdım…
Sirr deyildir ki, uzun müddət Stalinin yeritdiyi siyasət nəticəsində Azərbaycan ədəbiyyatına öz dəyərli töhfələrini verən, yüzlərlə böyük sənət əsərləri yaradan şair və sənətkarlarımız faciəli taleyini yaşadı. Onların başına gətirilən müsibətlər xalqın artıq gözünü qorxutmuşdu. Qorxutmaya da bilməzdi. Çünki uzun illər Azərbaycan elminin, sənətinin nadir dühaları hər sahədə təqib edilmiş, onun fəaliyyəti nəzarət altında saxlanmışdır. Hegemon Moskvanın diktəsi ilə işləməli oldugunu unutmayan, dönə-dönə min cür alçaldıcı, təhqiredici üsullarla əzilən, mənən və cismən incidilən yazıçı, şair üçün bu senzura həbsxanalardan da dəhşətli idi. Yüksək bədii təfəkkür sahibləri öz qələmlərini bir partiya siyasəti daxilində işlətməkdən bezikmişdilər. Mən bunu yavaş-yavaş anlamağa başlamışdım. O zamanlar Yazıçılar Klubunda iki-bir, üç-bir oturub dərdləşən şairlərin, dramaturqların söhbətləri üzərində düşünərkən, onların dərdini duyurdum. Yazar insan qanadlı quş kimidir. Onun istəyinə, arzusuna qarşı çıxmaq onun qanadlarını qırmaq, onun ilhamını sərt, tikanlı məftillər arasında əsir saxlamaq kimi bir şeymiş. Yadıma Elçinin «Bülbülün nağılı» əsəri düşdü. Qızıl qəfəsdə öz şirin mahnılarını oxumayan, cəh-cəhi ilə, zəngulələri ilə insan qəlbini ehtizaza gətirən nəğmələr söyləyib könül oxşamaq əvəzinə susan bülbülü xatırlayıram. Bu gün mən onları, tikanlı kollar, çürük ağac koğuşunda azad nəğməsini oxuyub canını tapşıran o bülbülə bənzədirəm. Hər bir insana öz torpağı, o vətəni əziz olduğu kimi hər bir sənətkara da bunlarla birlikdə azadlıq da əzizdir. O zaman qəlbində azadlıq duyğuları tüğyan eyləyən neçə-neçə sənətkarlarımızın əsəbləşərək özündən çıxdıqlarının çox şahidi olmuşdum, lakin mən onları çox yaxşı başa düşürdüm. Çünki o zamanlar mən Cənub mövzusunda yazdığım on bəndlik bir şeirin yalnız üç bəndinin nəşrinə icazə verildiyini eşidəndə necə yanıb tökülmüşdüm. Axı niyə mən öz Güney Azərbaycanım üçün həsrət dolu göynərtilərimin hopduğu misraların nəşrinə nail ola bilmirdim? Çünki bildirirdilər ki, bu mümkün deyil. Cənubi Azərbaycan mövzusunda yazılan əsərlər mətbuata yol tapa bilmirdi.
O dövrlərdə baş verən bir hadisəni xatırlayıram…Dayım qızı Universitetin tarix fakultəsində oxuyurdu. Tələbə yataqxanasında qalırdı. Mən onların yanında çox olurdum. Bir gün universitetə yanına getdim.
Tələbələr karidorda gəzişirdi, auditoriyaya girməkdən imtina edirdilər. O zaman dayım qızı mənə bildirdi ki, onların azadfikirli, Azərbaycanı dərin məhəbbətlə sevən, Azərbaycanın müstəqilliyini istəyən və bu mövzuda tələbələrlə iş aparan müəllimlərindən birini həbs ediblər, tələbələr də onun buraxılmasını tələb edirlər. Əks təqdirdə dərsə girməyəcəklərini bildiriblər. O zaman tələbələrin keçir-diyi narahatçılığı da duyurdum. Üzlərdəki narahatçılığı da görürdüm. Bəs niyə belə qorxursunuz? -dedim. Güldü. Dedi ki, nə bilmisən, Kommunist Partiyasının siyasətinə qarşı çıxanların aqibətini bilmirsən, nə bilirsən bizim başımıza nə gətirəcəklər? Bəlkə elə bu işimizə görə bizi universitetdən qovacaqlar. Dedim:
-Bəs nə edəcəksiniz? Dayım bunu eşitsə səni öldürəcək.
Güldü:
-Öldürməkdən keçib. Biz bütün universitet tələbələrini bu işə cəlb edib müəllimimizin auditoriyaya qaytarılmasına nail olmalıyıq.
O zaman tələbələrdən biri gəlib xəbər verdli ki, universtietin rektorunu MK-ya çagırıblar. Mən universitet tələbələrinin fəallıgını gördükdə qəlbimdə özümdən asılı olmayaraq isti duyğular oyanırdı. Çox keçmədi ki, eşitdim bizim hökumət başçımız Heydər Əliyev tələbələrin arzusunu yerinə yetirmiş, müəllimin auditoriyaya qaytarılması haqqında sərancamını vermişdir. O zaman dayım qızı deyirdi ki, bütün türk televiziyası ADU-nun tələbələrinin bu fəaliyyətini yüksək qiymətlən-dirmiş, radio verilişlər təşkil etmiş, rus imperiyasının müstəmləkə zülümü altında əzilən Azərbaycan gənclərinin milli-azadlıq hərəkatını alqışlamış, onlarla birgə olduqlarını bəyan etmişlər.
Yadıma gəlir ki, Asif Əfəndiyevin səhv etmirəmsə «Müdriklik səlahiyyəti» əsərinin müzakirəsi zamanı o nə qədər əsəbləşdi, dili topuq vurdu. Su verib onu birtəhər özünə gətirdilər. O zaman mən çoxlarının Asif Əfəndiyevin sənətinə, fəlsəfi duyğularına böyük hörmətlə yanaşdığının da şahidi oldum. Hamı susurdu, üzdən hiss edirdim ki, bu insanların qəlblərində kommunist ideologiyasına qarşı sonsuz nifrət var. Bu susan ürəklərin hər birində misligörünməmiş nifrəti duymaq çətin deyildi. Bir-birinin ardınca çəkilən papirosun tüstüsündə insan boğulurdu, lakin onları boğan yaradıcılıqlarını dar çərçivə içərsinə salıb tərpənməyə imkan verməyən rəsmiyyətçilik idi.
Amma bununla belə o dövrlərdə elə əsərlər oxuyurduq ki, o sösializm cəmiyyətində mövcud olan eybəcərlikləri bütün çılpaqlığı ilə özündə əks etdirirdi.
Orada işlədiyim müddətdə keçirilən iclasların, kitabların müzakirələrinin sakitliklə başa vurulduğunu görmürdüm. Onlar qəfəsə salınmış quşcuğaz kimi çırpınırdılar. Onlar Azadlıq istyirdilər. Bir dəfə Məmməd Arazın kitabının müzakirəsi zamanı rəhmətlik İmran Qasımov ona dedi ki, sənin yazıların bizim hamımızı - bütün Yazıçılar İttifaqını pis vəziyyətdə qoyur. Sən o nəşrdən çıxarılan misralarının qayğısını çəkmə, bizim də vəziyyətimizi, orada oturanların da vəziyyətini düşünməlisən.
Məmməd Araz əsəbiləşdi, çox pis əsəbləşdi. Hətta mən qorxdum ki, yazıçını infarkt vurar. Hüseyn Abbaszadə ona yaxınlaşdı, əlini çiyninə qoydu və dedi:
-Ay Məmməd, bu tufan bir sənin başında deyil.
Lakin Məmməd Araz hirsindən partlayırdı. O zaman şair deyəsən kitabının o şəkildə nəşr edilməsinə qarşı çıxdı, deyəsən nəşrin dayan-dırılmasını da tələb etdi. Orada bir gənc yazar da vardı. O, Musa Yaqubdan Məmməd Arazın nə üçün özündən belə çıxdığını soruşdu. Dedi: Nə olacaq, iki yüz səhifəlik olmasın, yüz səhifəlik olsun. Təki kitab nəşr edilsin. Musa Yaqub güldü: -Bala, -dedi, -Məmməd Araz ruhu o çıxarılan yüz səhifədədir. O nəşrə icazə verilən yüz səhifəni də onun gözünə qatışdırmışdı ki, xala-xətrin qalmasın.
Bax, o zaman mən duydym ki, yarəb, bu yazanlar nə çəkir və bizi gələcəkdə hansı bəlalar gözləyir
Mən hər bir sənət adamının yaradıcılığını dərindən izləyirdim. Onların çoxu sənət aləmində öz sözlərini demiş adamlar idi. İsmayıl Şıxlı yaradıcılığına dərin hörmətim vardır. İclaslarda onun ağır, təmkinli, eyni zamanda siyasət-yazıçı məsələlərində etiraz çıxışlarını unutmuram.
Anarın «Beş mərtəbəli evin altıncı mərtəbəsi» əsərinin nəşrindən sonra eşitdiklərimi heç cür unuda bilmirəm. O, elə bil qaynayan qazana daş atmışdı. O daşı çıxarmağa çətinlik çəkənlərin təlatümlü çıxışlarını oxucu kütləsinin bu əsərə sonsuz marağı kölgədə qoydu. O zaman o əsəri əliçıraqlı gəzirdik. Oxuyurduq, o biri gün başqası oxuyurdu. Elə bil bu əsərə ehtiyac vardı, gözləyirdik və nəhayət, o gəlmişdir. Beləcə o dövrdə yazan sənətkarların çətin işinin qiyməti verilməlidir. Şimali azərbaycanlıları onun bir parası Güneydə, Türk dünyasında, İranda və digər ölkələrdə yaşayan əzizlərindən kənarlaşdırmaq üçün çalışan rus imperiyası müstəqillik kölgəsi altında torpağımızın nəinki varını-dövlətini, zəngin sərvətini talayırdı, eyni zamanda Nizami, Füzuli sənətinin davamçılarının gözünü kor qoymaq, azad düşünmə, öz istək-arzularını qələmə almaq meylini də məhv etmək üçün, hər cür vasitələrə əl atır, onların qəflət pərdəsini yırtıb əsil həqiqəti xalqına çatdırmasına imkan vermirdilər. Şaxtalı, buzlu Sibirin qarlı çöllərində dözməyib məhv olan Hüseyn Cavid taleyi, Əhməd Cavad göynərtisi, vətənindən didərgin salınan Almaz İldırımın «Azərbaycan, qara baxtım, anam oy!» - ağısı, naləsi, Mikayıl Müşfiq nisgili qorxudurdu. Çünki bir zaman dərisi diri–diri soyulan Nəsimi bu vətənin şairi idi; insanı ilahi istəyinin nəticəsi kimi qiymətləndirən, ona yüksək qiymət verən Nəimi də onun idi; Nargin adalarında şahidsiz-məhkəməsiz gülələnən Mikayıl Müşfiq və onun kimi minlərlə günahsız insan bu vətənin ovladları idi. Bununla belə bu insan deyilən məxluqat necə də məhkumluğa, əsarətə, fikir azadlığının boğulmasına qarşı çıxmaqda davam edirdi. Öz qələminin, ilhamının əsiri olan bu insanlar vətəninə, xalqına qəlbən necə də bağlı idilər. Azərbaycan Sovet Ensiklopediyasının On cildlik nəşri zamanı Rəsul Rzanın bu ensiklopediyada öz milli mənəvi varlıqlarımızın hüquqlarını müdafiə etməsi, bu yolda apardığı mübarizə, ümumiyyətlə, ensiklopediyanın nəşri zamanı rast gəldiyi digər haqsızlıqlara qarşı apardığı mübarizəsi və nəhayət, ona qarşı qaldırılan ittihamlardan qorxmadan işini davam etdirməsi, susdurulması mümkün olmadıqda Moskvaya çağırılması haqqında xalq içərsində yayılan söhbətlər bu gün də xatirimdədir. O zaman mənim yaxın rəfiqəm Esmira Ensiklopediyanın redaksiyasında makinaçı işləyirdi və mən tez-tez onun yanına gedirdim, deyilən, danışılan söhbətlərin şahidi olurdum. Bu zəhmli insanın işçilər arasında da necə sevildiyinin, xalq içərsində işinə verilən qiymətin canlı şahidlərindən biri idim. Bu qaraqabaq, zəhmli insanın qəlbində nə böyük bir ilahi eşq də varmış! Rəsul Rza Azərbaycan millətinə, mədəniyyətinə ziyalısına bəslədiyi məhəbbətin böyüklüyünü görürdü. Bəlkə də illərlə qəlbinə yığdığı nifrəti, qəzəbi açıb tökmək, bu çirkin siyasət aləminin sifətlərini faş etmək, artıq bu mənfur əməllərdən cana doyduqlarını demək vaxtı gəlib çatmışdı.
Xalqın səbir kasasının aşıb-daşdığını ilk duyan sənətkarlardır. Cəmiyyətin eybəcərlikləri, çatışmazlıqları onların nəzərindən heç bir zaman qaçmır. İnsan gözəlliyinə, insan xoşbəxtliyinə qələmiylə xidmət edən insanların əqli, zəkası, düşünən beyni, imkan verməz ki, onun gözlərindən nə isə yayınsın. Ona görə də əsrin əvvəllərində stalinizmin qurbanları olan Azərbaycan xalqının açıq sözlü, dərin düşüncəli insanları məhrumiyyətlərə məhkum edildi. Əyilməyən əqidəsi, sınmayan vüqarı qarşısında ancaq soyuq, şaxtalı Sibir çölləri, Qazağıstanın qumlu, insan ayağı dəyməyən vadiləri qisməti olan idi bu Rəsullar, bu Anarlar, Məmməd Arazlar, Elçinlər, Bəxtiyarlar, Nərimanlar… Onların yaddaşı özü bir tarixi xronologiyadır... Hər şey onların gözləri qarşısında baş vermişdi. Xalqın ziyalı ordusunun başına gətirilən müsibətlər yaddaşlarına nifrət, qəzəb hissiylə həkk olunmuşdu. Vaxtı çatanda o günahsız insanların intiqamını almaq, bu mənfur ideologiyanın xalqımızın başına gıtirdiüi fəlakətlərdə əli qanlıların haqq-ədalət qarşısında cavab verəcəkləri günü səbirsizliklə gözləyənlər az deyildi. Artıq böyük bir xalqın ələ etdiyi elmin, sənətin nailiyyətlərini gələcək nəsillərə ötürmək, onlar üçün əbədi bir ensiklopedik nəşrin təşkil edilməsi zamanı, ortalığa çıxan bir sıra haqsızlıqlara qarşı mübarizə aparmaq zamanı gəlib çatmışdı. İndi elə bir zaman idi ki, susmağın bizə verəcəyi acı nəticələrə göz yummaq olmazdı. Tarix bunu bizə bağışlamazdı. Bu millətin alimi, ziyalısı, professorunun, sənət, texnika, tibb elminin və digər sahələrdə misli görünməmiş əmək sərf edən, xarüqələr yaradan insanlarının, ziyalılarının yerini hansısa bir erməni dığası tutmasına göz yummaq mümkün deyildi. Əlində az da olsa səlahiyyəti olan Rəsul Rza kimi millətini sevən insanlar daxili üsyanını boğa bilmirdi. İlyas Əfəndiyev kimi sənətkarlar sənətdə səhnəmizi titrədən dram əsərləri ilə psixoloji bir duyum yolunu açmışdı. Nəriman Həsənzadə Azərbaycan xalqının dövlətçilik prinsiplərini özündə əks etdirən «Atabəylər» tarixi dramını, Ənvər Məmmədxanlı yadelli işğalçılara qarşı bütün ömrü boyu mübarizə aparan Babəkin Azərbaycanda ərəb xilafətinin sarsılmasında misli görünməmiş tarixi mübarizəsini əks etdirən «Babək» romanı, «Ənəlhəqq» deyərək oz ideyalarından əl çəkməyən Nəsiminin sözlə heykəlini yaradan Qabilin «Nəsimi» poeması artıq mübarizəni açıq şəkildə aparmaq zamanının gəldiyini sübut edirdi. Xalq düşməni damğasıyla Sibirin qarlı çöllərində öz ideyalarının, əqidəsinin qurbanı olmuş Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, öz ana Vətənində torpağa tapşırılması bir daha xalqın, başda oturan, elini vətənini sevən rəhbər insanlarımızın da öz xalqının arxasında durduğunu, sözün qüdrətinə, qüvvəsinə məhəbbət bəslədiyini sübut edirdi. Ədəbiyyata sel kimi, tufan kimi gələn ədiblər Məmməd Araz, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Mədinə Gülgün, Musa Yaqub, Anar, İsa Hüseynov, Elçin, Yusif Səmədoğlu, Mövlud Süleymanlı sənətlərində öz istədiklərini, arzuladıqları həqiqəti əks etdirirdilər. Oxucu kütləsi artıq görmək istədiyini, demək istədiyini onların yeni-yeni yaranan əsərlərində görmək isğtəyirdi. Bu istək sel kimi sənəti qoynuna alıb aparırdı. Bu selin önündə Ramiz Rövşən, Vaqif Bayatlı, Musa Yaqub, Zəlimxan Yaqub və neçə-neçə sənət yaşadıcıları gəlirdi. Ən böyük dahi sənətkar, ən böyük dramaturq, ən böyük təmsil ustadları Azərbaycan xalqının söykökündə duran xalqın yaratdığı milli mənəvi dəyərlərə tapınaraq bəşəri duyğuları təmsil etdiyi üçün əbədi sənət aləmində qalacaqlar. Bu xalqın öz tarixi, öz ədəbiyyatı, öz milli dəyərləri var.
Öz milli dəyərlərinə hörmətlə yanaşan hər bir qələm sahibi o zaman həyatının ən təlatümlü anlarını yaşayırdı. Onlar belə bir fikirdə idilər ki, insanlar nə üçün öz dünyasının, əqlinin, şüurunun, ürəyinin istədiyinə deyil, hansısa bir ideoloji siyasi bir qüvvənin istəyinə xidmət etməlidir. Bununla belə onlar ətrafda baş vermiş və verməkdə olan hadisələri gözəl anlayırdılar. Artıq hamının gözünün qabağında idi olub keçənlər…Sovet hakimiyyətinin hökmran olduğu bütün dövlətlərin ərazisində vahid bir qurum fəaliyyətdə idi. Onun fəaliyyətinin əsasında öz prinsip və maraqları dayanmışdı.
Hələ sovet hakimiyyətinin ilk quruculuq illərində leninizm siyasətinin məğlubiyyəti, hakimiyyətə gələn Stalin və onun pərəstişkarlarının rəhbərlik etdiyi faciəli dövrü bütün sovet adamları yaşayırdı. Hər yanı təhlükə, işgəncə, həbsxana sürgün deyilən bir kabus dolaşırdı. Ata anadan, qardaş bacıdan, qardaş qardaşdan, ata oğuldan ehtiyat edirdi. Bəşər tarixində misli görünməmiş vəhşiliklər baş alıb gedirdi. Leninizm pərdəsi altında Stalin və onun tərəfdarları ölkə daxilində ideoloji müharibə aparırdı. Xalq öz qanı bahasına əldlə etdiyi dövlətin başında kimlərin durduğunu, hansı əqidəyə qulluq etdiyini ayrıd edə bilmirdi. Əgər bu hökumət fəhlə-kəndli höküməti idisə, niyə bir qədər imkan tapıb öz güzəranını yaxşılaşdırmağa nail olan Azərbaycan kəndlisi ortabab, kulak adıyla məsuliyyətə cəlb olunur, varı-yoxu dövlət tərəfindən talan olunur, haqq səsini ucaldanları uzaq Sibirn, Orta Asiyanın insan ayağı dəyməyən çölləri gözləyirdi. Xalq içərsində öz ağlı, elmiylə çiçəklənən dövlətə, xalqa xidmət edən Azərbaycan ziyalısı xalq düşməni kimi damğalanıb məhv edilirdi. Bu çirkin niyyətlərin arxasında nələr dayandığını ayırd edə bilməyən xalq kütlələri hakimiyyətdə oturanların qardaşlıq, bərabərlik, beynəlmiləlçilik şüarları altında törətdiyi qanlı faciələri görsə də səbəbini aşkara çıxarmaqda aciz idi. Çünki onu eşidən yoxuydu. O, Kommunist Partiyasının ideologiyasını dəstəkləməyə, bu prinsip üzərində öz əməli fəaliyyətini qurmağa məhkum edilmişdi. İnsan azadlığı, ruhi azadlıq, söz azadlığı dəmir qayçıların arasında idi. O qayçı da rus imperiyasının istəyinə xidmət edirdi. Müstəqillik, müttəfiqlik pərdəsi altında min bir boyalarla boyanmış halda fəaliyyət göstərsə də xalqın ziyalısı, şairi, aliminin gözündən heç nə yayına bilmirdi, bilməzdi də. Riyyaziyyatçı, fizik, kimyaçı üçün bəlkə də, yenə deyirəm bəlkə də bu bir qədər asan idi. Lakin Mirzə Cəlil, Sabir, Axundov irsinin davamçıları üçün bu əsl fəlakət idi.
Şairəm, çünki vəzifəm budur əşar yazım
Gördüyüm nüki- bədi eyləyim izhar yazım.
Pisi–pis, əyrini əyri, düzü həmvar yazım

-deyən Sabirin məktəbindən dərs almış Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi, Hüseyn Cavid kimi şəxsiyyətlər üçün, onlardan dərs alan Rəsul Rza, İlyas Əfəndiyev, Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Fərman Kərimzadə, Fikrət Sadıq, Nəriman Həsənzadə, Abbas Abdulla kimi insanlar üçün insan azadlığından, xalqa, vətənə xidmət hissindən müqəddəs hisslər yox idi. Ona görə də qələm çaldığı, yazdığı yaratdığı sənət əsərlərində xalq mənafeyi, şəxsiyyət azadlığı əsas olduğundan insan duyğularının, ilhamıının onu səmtləndirdiyi istiqamətdə yazmaqdan başqa bir yol tanımırdılar. Onlar elə bilirdilər ki, bu yol düzgün yoldur və bu yol insan azadlığını, şəxsiyyətin mənəvi varlığını üzə çıxara bilər. Kommunist ideologiyası imperialist Rusiyanın müttəfiqləri adlandırdığı on beş respublika içərsində özünü hegemon sayması sözdə azadlıq, bərabərlik, qardaşlıq, beynəlmiləlçilik ideyalarını yayması, işdə isə öz istismarçı siyasətini həyata keçirməsi xalqın düşünən beyni, yazan əli olan şair-sənət adamları, xalqa xidmət edən siyasət adamları üçün aydın idi. Burada Azərbaycan ziyalısı daha çətin anlarını yaşayırdı. Çünki o çox gözəl başa düşürdü ki, bir milləti iki yerə parçalayan imperialist yırtıcıları o xalqın, millətin milli ləyaqətini tapdalamış, onların birliyini pozmuş, onların mənəvi, cismani azadlığını əlindən almış istismarçı qüvvələrdir. Arazın o tayı -Güney Azərbaycanın, Arazın bu tayı Qüzey Azərbaycanın, Ermənistanın tərkibinə zorla daxil edilmiş Qərbi Azərbaycanın, Gürcüstanın ərazisinə salınmış Şərqi Azərbaycanın hegemon Kommunist Partiyası kimi tanınan ikinci bir qatı cinayətkar düşməni ola bilməzdi. Çünki Rusiya-İran kimi irticaçı qüvvələrin XIX əsrdə yeritdiyi qanlı cinayətinin davamçısı olan Kommunist Rusiyası daha çirkin, daha məkrli idi. Çünki bərabərlik, qardaşlıq pərdəsi altında bu millətin nəinki varını, neftini, pambığını və digər zəruri, qiymətli xaammalını mənimsəyirdi, həm də bu millətin vuran ürəyini, düşünən beynini, nurlu zəkasını məhv edir, ayağa qalxmasına, öz haqlarını tələb etməsiinə imkan vermirdi. Bu bir həqiqət idi və 1990 - cı il 20 yanvar faciəsi rus imperiyasının iç üzünü dünyaya açıb göstərdi. Azərbaycanın ərazi bütövlüyüynə qəsd edən, bir milləti iki yerə parçalayan, doğma insanları bir-birinə həsrət qoyan, sinələri ayrılıq həsrəti ilə dağlayan rus imperiyasının iç üzü dünyaya agah olsa da, o, öz əqidəsindən əl çəkmədiyini bir daha öz murdar əməli ilə sübut etdi. Ata-baba torpaqlarımız Qarabağın işğal olunması ermənilərin iblisanə niyyətlərini bir daha bəyan etdi. Bir xalqın qan yaddaşına ancaq istismarçı, qaniçən, imperialist kimi yazılan Rusiya, İran kimi dövlətlər Qafqazda və Zaqafqaziyada ancaq öz istismarçı istək və arzularını həyata keçirmək marağındadırlar. İkiyə bölünmüş bir xalqın çəkdiyi iztirablar, onların taleyi istismarçı qüvvələri heç bir zaman maraqlandıra bilməz, çünki bir dövlətin, millətin məhv edilməsini, yer üzündən bir dövlət kimi silinməsini azsaylı xalqların sırasına salınmasını, bu xalqın yeraltı və yerüstü xammal mənbələrini zəbt etmək kim mənfur bir siyasəti həyata keçirmək istəyən şər qüvvələrdir. Onlar heç bir vaxt Azərbaycan deyilən bir dövlətin xalqına, ziyalısına imkan verməzdilər ki, o xalqın istək və arzularının ifadəçisi kimi çıxış etsin. Xalq öz müqəddaratını özü həll etmək üçün haqq səsini ucaltmaq istəyəndə boğazına kəndiri keçirirdilər. Sovet hakimiyyəti qurulandan sonra da öz havadarlarının köməyi ilə Azərbaycanda hakimiyyət kürsülərində oturan erməni millətindən olan daşnaksütun qüvvələr hakimiyyətdə real qüvvələrə çevriləndən sonra xalqımızın daha dəhşətli, faciəli günləri başlandı. Azərbaycan xalqının öz tarixinin yazılmasının qarısı alındı, fəaliyyət göstərmək istəyən insanlar məhv edildi; Milli mənəvi sərvətlərimizi toplayıb gələcək nəsillərə çatdırmaq istəyən ədəbiyyatşünaslarımız, folklorşünaslarımız aradan götürüldü, Azərbaycan xalqının xoşbəxt gələcəyini düşünən, onların səadəti uğrunda mübarizə aparan, bu xalqın savadlanması üçün gecəsini gündüzünə qatan qələm sahiblərimiz məhv edildi…
Bütün bunlar əsrin axırlarına doğru ədəbiyyat aləmində artıq tanınmış olan şair və ədiblərin yaddaşından silinməmişdi. Başlarına gələn fəlakətlərin səmtini də, məğzini də çox gözəl anlayırdılar. Artıq bıçaq sümüyə işləyirdi, sənətkarlarımızın səbir kasası daşmaqda idi. Rəsul Rzanın da, Məmməd Arazın da, Fikrət Qocanın da, Bəxtiyarın da və digər onlarla yüzlərlə sənət sahiblərinin qələmi süngüyə çevrilməkdə idi. Bu xalqın, millətin ədəbiyyatı, sənəti, tarixi mənfur ideologiyanın caynaqlarından xilas edilməliydi. Susmaq, dözmək mümkün deyildi.
30–50–ci illər arasında Azərbaycan ədəbiyyatına dəyən mənəvi zərbələrin ağrısını yaşayan, bu və ya digər formada bütün yaradıcılığı boyu izlənməklə 90–cı illərin əvvəllərinə qədər boyük bir dəhşət içərsində fəaliyyət göstərən hansı bir sənət adamı olur-olsun, nə vaxta qədər qorxu, dəhşət içərsində yazıb yaratmalıydı? Bu mümkün idimi? Əsla yox! Ola da bilməzdi. Çünki bu millət bəşər tarixində öz azadlığı, müstəqilliyi, uğrunda mübarizə aparmış bir millət kimi tarixin səhifələrində yaşayır. Onun bu günkü sənətkarı da belə olmalıydı. Çünki onun damarlarından Nəsimi, Babək, Müşfiq, Əhməd Cavad qanı axır. Ona görə də o öz haqqının bu gün də tapdanmasına dözə bilməzdi. Dözmədi də. Burulğanlar. təlatümlər içərsində keçdi çoxlarının günləri, Bəxtiyar Vahabzadə «Gülüstan»ına görə, Nəriman Həsənzadə «Zümrüd quşu»na, «Nəriman»ına görə, kimlər hansı əsərlərinə görə bu yolda olmazın əzablara düçar olmadı? Onlar həyatın hansı amansızlıqlarını yaşamadılar? Ev dustağına çevrildilər, haqsızlığa dözməyib sağlamlıqlarını itirdilər, ürəkləri dözməyənlər dünyasını dəyişdilər, dost deyib süfrəsində oturanlardan vəfa görmədilər, həqarətlərə sinə gərdilər, hər cür məhrumiyyətlərə dözdülər, yenə dediklərini dedilər, yazdıqlarını yazdılar, xalqa çatdırmaq istədikləri azadlıq, müstəqiilik hisslərini çatdıra bildilər, xoşbəxt gələcəyə inam eşqini yaşatdılar, yetişməkdə olan gənc nəslin azad, təmiz ideyalarla köklənməsinə yol açdılar və bu işığın açdığı yolla inamla irəliləyən bu günkü demokratik fikirli gənc yazarların gedəcəyi yolu onlara göstərdilər. Çünki onlar başa düşürdülər ki, bu yolu onlar açmalıdır. Bu qələmin işığında çox ürəklər isinib və bundan xalq nəticə çıxaracaq, özündə bir pərvəriş tapacaq, bu ideyalarla köklənərək istəyinə çatacaq, müstəqilliyinə, azadlığına qovuşacaq. Vaxt gələcək ki, Cənubi, Şimali, Qərbi, Şərqi Azərbaycanın vahid bir dövləti olacaq və əsrlərlə ayrılıq həsrəti ilə göynəyən ürəklər məlhəmini tapacaq. Onda Azərbaycanın hansısa bölgəsində Şəhriyar kimi ömrü boyu Bakını görmək arzusu ilə yaşayan, bu arzusunu özüylə məzara aparan şair, yazıçı, sənətkar olmayacaqdır. Sinəsi vətən dağlı Əli Tudə, Sörab Tahir, Mədinə Gülgün, Hökümə Büllüri, Balaş Azəroğlu ana Təbrizin həsrətini çəkməyəcək, göylərdə olan narahat ruhlar rahatlıq tapacaq. Cənubi Azərbaycandan pənah gətirən bu insanların qəlbində böyük bir həsrət vardı; Onların ömrü boyu çəkdikləri vətən həsrəti, Təbriz yanğısı ürəklərini bişirdi. Hökümə Bülluri Şəhriyar sənətini bu tayda öz sənəti kimi yaşatmağa, yaymağa böyük əmək sərf etdi. Sörab Tahir Cənubi Azərbaycan mövzusunu sənətində əbədi yaşatdı. O tayda yazıb yaradan sənətkarlarımızın sorağını eşitdikcə, mübarizə dolu nəğmələrini oxuduqca dikəldi, ümidlə irəliyə baxdı… Sevindi və inandı ki, Azərbaycanın təbiətinə, gözəlliyinə ürəkdolusu nəğmələr qoşan, onun tarixi, zəngin mədəniyyətiylə öyünənlər o tayda da, bu tayda da var, çoxalır. Bu bir millətin qələbə sorağıydı, çünki İkiyə bölünmüş Azərbaycan çox oğullarının ürəkdən keçən hisslərindən xəbərsiz olub. Çox yazan qələmlərin ucu dərddən korşalıb, sahibsiz qalıb. Şəhriyar onların canlı nümunəsi idi. Ömrü boyu Arazın bu tayında yazıb yaradan qardaşlarını, Bakını görmək arzusu ilə yaşayan, lakin arzusu ürəyində qalan Şəhriyarın kimliyini, böyüklüyünü bütün Azərbaycan duyurdu, şerləri ilə, əsərləri ilə onun səsinə səs verirdi. Lakin onların görüşünə nə rus, nə də İran irticaçıları imkan verirdi. Qorxurdular. Bəli, qorxurdular. Tikanlı məftillər arasından bir sahildən o bir sahilə həsrətlə baxan gözlərdəki intiqam hissini, qəzəbi duymuşdular. Artıq dərddən boğulan millətin şairi, yazıçısı Təbriz həsrətinə, Araz hicranına dözməyirdi. Ana balasını oxşayan kimi oxşayırdı onu. Qanlı göz yaşları şair, sənətkar qələmində köklənirdi. Araz şair qələmində ağlayırdı:
Araz ağlayır yenə,
Qara bağlayır yenə,
Qınamayın Arazı,
Çox dərindir yarası.
Araz! Araz! Can Araz
Nədir bu hicran araz?
(S. Rüstəm)
İki sahil boyu bir-birinə həsrət qalan bir-birinə doğma bu insanların ağrısını- acısını içində çəkən şairin fəryadı Arazın fəryadından da böyük idi. Bu fəryad içərsində bir üsyan vardı. Haqsızlığa qarşı, ədalətsizliyə qarşı üsyan. Qoy Araz öz dərdini dünyaya söyləsin. Qoy yırtıcı qüvvələrin mənfur siyasətini açıb töksün. Qoy dünyanın insansevər qüvvələri bəşəriyyətə yara olan qüvvələrin məhvinə öz fərmanını versin! Hər bədii sualda, bədii nidada nifrət, kin yaşayırdı. Azərbaycan ədəbiyyatı milli mübarizə yolunda idi. İlyas Əfəndiyev Azərbaycan dram teatrına «Şeyx Xiyabanı» pyesini çıxartdı. İran Azərbaycanında gedən milli-azadlıq hərəkatının davamçısı Xiyabanının timsalında, haqq-ədalət uğrunda mübarizə aparan Azərbaycan xalqının millətini sevən, imperialist dövlətlərinin çirkin siyasətlərinə qarşı çıxan oz ana dilinə hörmət bəsləyən, məktəblərdə dərslərin Azərbaycan dilində tədrisinə imkan yaradan, xalqının xoşbəxt, azad gələcəyi uğrunda çalışan, çarpışan igid, qorxmaz bir el oğlunun surətində umiumiləşdidi. Bu, ədəbiyyata yeni duyumların, yeni ideyaların, yeni qüvvələrin gəldiyini sübut edirdi.
Zaman artıq Kommunist ideologiyasının çürüklüyünü, əsassızlığını sübut edirdi. Doğrudan da, insan qəlbinin arzusunu, istəyini, ilhamını zəncirləyib saxlamaq qeyri-mümkün imiş. Yaxşı yadımda deyil, hansısa bir tarix dərsliyində verilmiş çox qüvvətli bir zəncinin gandallanmış, dəmir möhkəm halqalı zəncirlə zəncirlənmiş obrazı, bir az aşağıda isə qəzəbi, gücüylə o zəncirləri qırıb qandallardan azad olmuş bir surəti xatırladım. Və bu yazıçıları, şairləri o zəncirlənmiş zənci və artıq dözməyib o dəmir halqaları qırıb dağıtmış bir insanla müqayisə edirəm. Bu gün hər bir Azərbaycan vətəndaşı öz azadlığını, müstəqilliyini əldə etmiş böyük sənət yolunun davamçıları olan yazarlarımızı unutmamalıdır. Yadda saxlasınlar ki, onlar bizim bu gün əldə etdiyimiz azadfikirliliyin, müstəqil düşünmə, duyma, tərənnümetmə yolunu açanlardır və onların çoxu bu gün ədəbiyyat aləmində özünəməxsus yaradıcılıq yolunu davam etdirən sənətkarlardır. Azad, müstəqil bir dövlətdə öz fikrini, istəyini tərənnüm etmək, təsvür etmək o qədər çətin deyil. Biz bu dövrün çətin anlarını yaşamış, belə çətin bir dövrdə artıq öz sözünü demiş qələm sahiblərinin yaradıcılığına, şəxsiyyətinə hörmət prinsipini gözləməklə söz deməliyik. Həmişə bir şey yadımdan çıxmır. Yazıçılar İttifaqının koridorunda bir sınıq-sökük piano qoyulmuşdu. Həmişə o pianoya baxanda mənim xəyalım uzaqlara gedirdi. Fikirləşirəm ki, bu piano neçə-neçə şairin sözünə bəstələnmiş nəğmələri səsləndirmişdir. Dillərinə toxunduqca insan qəlbini ehtizaza gətirən barmaqların sahibləri kim idi, görən? Səməd Vurğun, Üzeyir Hacıbəyov? Kim idi görən? İndi artıq istifadəsiz, yararsız hala düşmüş bu royal ustasını tapsa, onun əllərinin ecazkar qüvvəsiylə yenidən yararlı hala salınsa, görən nədən danışacaq, gördükləri faciələrdənmi, qüdrətinə heyran olduğu, sənətkarların əsərlərindənmi, yoxsa ömrü zülm və əsarətə qarşı mübarizə şəraitində keçmiş qəhrəman xalqımızın şanlı tarixindənmi? Hər halda mən bu gün mənim üçün qaranlıq qalan mübahisəli məsələlərin həllini görməyə çalışan insanam.
70-ci illərdən üzü bəri tutmuş bütün şair və yazıçıların, tərcüməçilərin həyat və yaradıcılığını dərindən izləyən insan kimi deyə bilərəm ki, hər biri sənətdə hansısa bir əsəri ilə öz sözünü demişdir. İslam Səfərlinin, Tofiq Mütəllibovun, Əlağa Kürçaylının, Fikrət Qocanın, Nüsrət Kəsəmənlinin, Ələkbər Ziyatayın, Əli Kərimin və digər şairlərimizin şerləri, onlara bəstələnən mahnılar dillər əzbəriydi. S. Rəhimovun, M. Hüseynin, İsa Hüseynovun, Ə. Babayevanın, X.Hasilovanın, Elçinin, Anarın, H.Abbaszadənin və digər adlarını çəkmədiyim böyük sənət sahiblərinin nəsr əsərlərini oxucular gözünə təpirdi.
Hər yeni bir nəsr əsərində, lirik əsərlərdə elə bir hiss varıydı ki, gənclik bu hisslərin əsirinə çevrilmişdi. Oxucu yeni mövzular gözləyirdi. Milli ruhumuzu oxşayan, milli ideyalarımıza xidmət edən əsərlərin sorağındaydılar. Və istəklərinə çətinliklə də olsa nail olmaqda idilər. Bu millətin yaratdığı sənət əsərlərində siyasi motivləri beşiyindəcə boğmaq istəyən qüvvələrin gözü qabağında Xəlil Rza, Abbas Abdulla, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə və digər yüzlərlə yazarlarımız ürəyindən keçənləri deyirdi, yazırdı, Azərbaycan oxucusuna azadlığın nə olduğunu çatdırırdı, onu bu azadlığı əldə etməyə çağırırdı.
Mən XX əsr ərzində yazıb yaratmış şair, yazıçı və ədəbiyyatşünaslarımızın həyatından, sənətindən çox az miqdarda olsa da söhbət açdım. Bir əsr ərzində yazılan əsərləri tərəzinin bir gözünə qoysaq, onların bu sənət əsərlərini yazarkən başlarına gətirilən müsibətləri də bir gözünə qoysaq tərəzi öz tarazlığını itirməz. Hamımızın böyük hörmət və məhəbbətlə əsərlərini oxuduğmuz, tamaşalarına baxdığımız şairimiz, yazıçımız, tənqidçilərimiz bu əsrdə onların başına gətirilən əzablara, işgəncələrə mətanətlə dözərək ədəbiyyatımızın inkişafı üçün nələr etdiyi göz qabağındadır. Onlar ləyaqətlə sübut etmişlər ki, Nizami, Füzuli, Vaqif, Ələsgər kimi sənət dahilərindən dərs almışlar. Onlar böyük əqidə sahibləridir. Onlar qürbətin də acısını dadıblar, Onlar haqq sözünə görə Nəsimi tək diri–diri soyulublar, gördükləri dəhşətlər içərsində dəmir kimi döyülüblər, bərkiyiblər. Dünya ədəbiyyatında ən aparıcı mövzu olan bəşəri duyğuları tərənnüm ediblər, ədəbiyyat, sənət aləmində layiqli yerlərini tutublar, xalq içərsində seviliblər, sevilirlər. Azərbaycan ədəbiyyatı özündən əvvəlki sənətin özülü üzərində qurulub. Bunlar ədəbiyyatın, sənətin təməl daşını şifahi şəkildə qoyan Azərbacan xalqının övladlarıdır.
Onlar özlərindən əvvəlki irsi qoruyub saxlayan, bu irsə hörmətlə yanaşan, öz sələfləri olan Dədə Qorqud Nizami, Füzuli, Vaqif irsini dünya dövlətlərinə çatdıran, bu irsə böyük hörmətlə yanaşan, onların yubileylərinin dünya dövlətlərinin mədəniyyəti səviyyəsində təntənəli şəkildə qeyd edilməsinin təşkilatçılarıdırlar. Bu insanlar öz yaradıcılıqlarında dönə-dönə qələmiylə dünya mədəniyyətinə əvəzsiz töhfələr verən Nizami, Füzuli, Sabir sənətinə bağlı olan, bu yolda canını qurban verən Almaz İldırım, Əhməd Cavad, Hüseyn Cavid Mikayıl Müşfiq kimi şəhid sənətkarların sənəti, sözü, əqidəsi qarşısında baş əyən oğullardır.
Azərbaycanın qüdrətli qələm sahibləri Azərbaycan ədəbiyyatını XX əsrdə elə bir zirvəyə qaldırmışlar ki, artıq dünya Fikrət Qoca, Anar, Çingiz Abdullayev, Elçin, Xəlil Rza və digər sənətkarları tanıyır, sevir. Bu da bir daha sübut edir ki, bu millətin qələmi güclü, bədii təfəkkürü zəngin, ürəyi bütün azadlıq sevən insanlara açıqdır. Azərbaycan dilində yazılan əsərləri dünya dillərinə tərcümə edən Azərbaycanlı tərcüməçilərimizin əməyini yüksək dəyərləndirməliyik.
İllər ötəcək, nə vaxtsa XX1 əsrə də beləcə ötəri nəzər salınacaq, bu dövrdə yazıb yaradan şəxsiyyətlərdən, onların yaradıcılıq yolundan söhbət açacaq və fəxrlə deyəcəklər ki, XX əsr sənətinin davamçılarının belə uğurlu yolu olmalıydı. Hər kəsin öz fikrini azad surətdə ifadə etmək, könlü istəyəni yazmaq uğrunda onun ən çox qurbanları məhz XX əsrdə olub və onu da unutmayacaqlar ki, məhz elə bu əsrdə də söz azadlığı uğrunda mübarizədə əziliblər, təhqir olunublar, həm cismən, həm də mənəvi zərbələr alıblar və yenə bu yoldan çəkinməyərək qələbələr əldə ediblər. Azərbaycan Demokratik Respublikasının azadlıq, müstəqillik uğrunda apardığı mübarizəni tərənnüm edən ilk sənət əsərlərini də onlar yazıblar. Buna görə də onlar unutmayacaqlar ki, onlar da milli müstəqillik uğrunda mübarizə aparan sənət sahiblərinin bu yolda çəkdikləri əzab-əziyyətləri qiymətləndirməli, onların irsini gələcək nəsillərə çatdırmaq üçün göz bəbəyi kimi qoruyub saxlamalıdır.
Zaman öz axarındadır, onu geri qaytarmaq, tutub saxlamaq olmur. Ancaq zaman insan həyatında, taleyində elə şırımlar açır ki, tarix bunu özü də bilmədən öz dəftərinə yazır. XX əsrin şair, yazıçı, sənətkar taleyi də tarixin dəftərindədir. Bu da bir yazı, qismət idi. Yazıya isə pozu yoxdur. Bu gün sənətinə hörmət etdiyimiz, ideyalarını özümüzə doğma bildiyimiz şairlərimiz, sənətkarlarımız dönə-dönə yad edilir, dövlət onların əməyini yüksək qiymətləndirir, xalq onları sevir. Gələcəyə ümidlə baxa bilərik. Qoy dövlətimiz bu keçid dövründə ömrünü-gününü şeirə, sənətə həsr edən, xalqın, dövlətin istək və arzularını müdafiə edən, bəşəri duyğuları tərənnüm edən, insanlığa xidmət edən yazıları ilə şeir, sənət aləmində tanınan orta nəsl sənətkarlarına, yazıçılarına, şairlərinə də öz qayğısını unutmasın. XX1 əsrin ilk illərinin yazarlarının da bu gün dövlət qayğısına böyük ehtiyacı vardır. Keçid dövrünün çətinliklərini yaşayan orta nəsl sənətkarlarının əsərəlrinin işıq üzü görməsi üçün, onların az da olsa yaşayış imkanlarının yaxşılaşdırılması üçün görülə biləcək hər bir xeyirxah iş də tarixdə qalandır, unudulmayandır. Yazıçının, şairin, sənətkarın düşünən beyni, yazan qələmi ancaq xalqına, vətəninə xidmət edir.
Əlində yazan qələmi, ürəyində ilham olan insanın bu torpağa, bu vətənə, bu xalqa ancaq xoş məramlı niyyəti ola bilər. Azad, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyi naminə yazıb yaratmaq, qələmiylə, sözüylə bir ordu gücünə malik olduğunu unutmamaq! Öz vəzifəsini şərəflə, ləyaqətlə davam etdirmək, yüksək bəşəri ideyaları tərənnüm etmək, dünyanın əşrəfi insanın xoşbəxt gələcəyini düşünmək borcumuzdur!
Bu gün yazıçı, sənətkar, ziyalı Azərbaycan xalqının milli təfəkkürünün inkişafı yolunda əvəsiz xidmətləri olan qüvvədir. Zamanın o çətin anlarında da, bu gün də onlar zülmət qaranlığa nur ələyən işıqdırlar, gələcəyə doğru gedən yolda ömürlərini şama döndərən insanlardır.
Azərbaycan ziyalısı, alimi, şairi, yazıçısı heç bir zaman öz əqidəsini, amalını nəyəsə qurban verməməlidir. Deyilənə görə, Məhəmməd Peyğəmbərə sual verirlər ki, ən çox allaha yaxın insanlar kimdir?
Deyir:
-Birinci peyğəmbərlər, ikinci şairlər, üçüncü alimlər.
Bir halda ki, Allah yanında şair-sənətkar, alim yeri bu qədər müqəddəsdir, hər birimiz öz milli mənəvi keçmişimizin saflığını qoruyub saxlamaqla, onları yaşatmaqla bir ovuc vəzifə sahiblərinin deyil, əlli milyonluq Azərbaycan xalqının mənafeyini müdafiə edən ideyalarla köklənək və belə də yaşayaq, yaradaq! Qoy göylər dayağımız olsun, qüvvətli dövlətimiz, xoşbəxt xalqımız da ümid çırağımızı şölələndirsin. İlhamı elimizdən-obamızdan, xalqımızdan alaq. Dönə – dönə böyük sənət dühalarının parlaq həyat yoluna nəzər salaq, yaxşı insanları, xalq üçün ürəyi yananları, sənətimizi yaşadaq, əsil vətəndaş missisiyasından çıxış edək, gələcəyə alnıaçıq gedək ki, sabah kimsə bizi əqidəsini nəyəsə satan bir naxələf insan kimi ikrahla xatırlamasın. Mən inanıram ki, alimi, sənətkarı göndərən uca Xalıqdır. O da heç vaxt öz dərgahında yanında oturtduğu sənətkarın – şairin, alimin əqidəsiniə, nuruna saflıq, düzlükdən başqa heç nə verməz.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah