Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Yunis İmrə yaradıcılığı


Türk xalqlarının ən görkəmli sənətkarlarından biri Yunis İmrədir. İlahi eşqi tərənnüm edən ədəbiyyatın ilk gözəl nümunələrini Yunis İmrə yaratmışdır. O, bütün türk ellərini demək olar ki, gəzmiş, ilahi eşqi və insana məhəbbəti təbliğ edən şerləri ilə tanınmışdır. Dövrünün, zəmanəsinin ən savadlı alimlərindən olan, islam elmini dərindən öyrənən, heca və əruz vəzninin incəliklərinə dərindən bələd olub, bu vəznlərdə gözəl əsərlər yaradan Yunis İmrə sənətindən, onun sənətkarlıq qüdrətindən uzun illər boyü ondan sonra gələn sənətkarlar, aşıqlar çox şeylər öyrənmişlər.
Yunis İmrə öz əsərlərində İlahi eşqi tərənnüm edir və bu eşq, məhəbbət insana, təbiətə, vətənin gözəlliklərinə olan eşq və məhəbbətdə birləşir. Sufi şair ətrafında baş verən həyat hadisələrində, hər bir canlı varlıqda Allahın varlığını duyur, Tanrının yaratdığı hər şeydə - Günəşdə, Ayda, ulduzda, güldə, çiçəkdə, quşların avazında bir gözəllik görür və bu gözəlliklərə vurğunluğunu poetik dillə vəsf edir.
Sufi təlimini öz yaradıcılığında yaşadan, sufizm ideyalarının tərənnümçüsü olan Yunis İmrə həyatın varlığında Tanrının varlığını qəbul edir.
Yunis İmrə yaradıcılığı zəngin bir yaradıcılıq olub, türk-Azərbaycan şerinin inkişafında misilsiz rol oynamışdır. Onun ədəbi irsi əsrlər keçməsinə baxmayaraq, həmişə, hər zaman sevilmiş, könülləri, ürəkləri oxşamışdır. Yunis İmrənin hər şeri, hər misrası qiymətli, zəngin məna dolğunluğuna malikdir. Onun heca vəznində yazıb-yaratdığı qoşmaları, gəraylıları, təcnisləri ayrı-ayrılıqda qiymətli sənət nümunələridir. Bu qoşmalar, gəraylılar hər biri bir ustadnamə, dərin məzmunlu məhəbbət dastanlarıdır. Onun əsərləri istər forma, istərsə də məzmun baxımından insan ağlının, zəkasının hüdudlarına sığmayan, ürəkləri ehtizaza gətirən sənət əsərləridir:
Məni məndə demə: məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri.
Süleyman quş dili bilir, dedilər,
Süleyman var, Süleymandan içəri.
Yunis İmrənin hər kəlməsi, hər misrası fəlsəfədir. Onun hər misrası bir dəryadır, onun dərinliklərinə baş vuran bu dəryadan nadir incilər tapıb üzə çıxarar. Bu dərya özü elə bir sənət dəryasıdır ki, onu insan ağlı, zəkası, insan istedadı yaratmışdır.
Xalq sufi ədəbiyyatının görkəmli nümayəndəsi, türk xalqlarının sevimli sənətkarı Yunis İmrə sənəti ulu ozanlardan dərsini almışdır. X111 əsrdə yaşamış, saz və söz sənətinin mükəmməl ustadı olan şair şifahi aşıq poeziyasının bütün incəliklərinə dərindən bələd olan sənətkar idi. Molla Qasım kimi Yunis İmrə Azərbaycan aşıq poeziyasının inkişafında mühüm rol oynamış və Nizami Xəlilovun dediyi kimi "bu bir həqiqətdir ki, tədqiqatçıların sırf Azərbaycan dili ləhcəsində yazdığı qənaətində olduqları Yunis İmrə eyni zamanda Azərbaycan aşıq şerinin yüksəlməsində, milli aşıq poeziyasının ənənələrinin formalaşmasında öncül və aparıcı mövqeyə malik olmuşdur".
Türk dünyasının qüdrətli sənətkarının zəngin yaradıcılığının aşıq poeziyamızın inkişafında oynadığı mühüm rol ondan sonra gələn və bu dövrdə yaşayıb, yazıb-yaradan aşıq sənətkarlarımızın yaradıcılığında aydın görünür.
Yunis İmrə aşıq şeri tərzində yazıb-yaratmış, aşıqlıq sənətinə dərindən bələd olmuş, öz əsərlərini sazda çalıb oxumuşdur. Onun əsərlərində ilahi eşq tərənnüm olunur. Əsərlərində eyni zamanda insan sevgisi, sadə xalqa məhəbbət, gördüyü haqsızlıqlara qarşı şikayət, tərki-dünyalığa qarşı etiraz motivləri güclüdür.
Yunis İmrə yaradıcılığı bir daha bizə bunu deməyə əsas verir ki, digər şifahi folklor nümunələri kimi aşıq poeziyası da çox - çox qədimlərdə təşəkkül tapmış, inkişaf etmişdir. H. Araslı yazırdı ki, "ən qədim aşıq şeri nümunələrini X1 əsrin yadigarlarında görürük. Bir çox ölkələri gəzib türk tayfalarının lüğətini yazmağa çalışan və nəhayət, "Divani-lüğət-it türk" adlı məşhur əsərini 1077-ci ildə Bağdadda bitirən Qaşqarlı Mahmud öz kitabında Azərbaycan xalqının etnik tərkibinə daxil olan oğuz, türkmən və qıpçaqların da şifahi və yazılı ədəbiyyatlarından da nümunələr yazmışdır. Bu nümunələr içərisində qoşma, qoşqu adlanan şeirlər qədim ozan şerimizin nümunələridir".
Yunis İmrə məhz o qədim ozan şerimizin yetişdirdiyi kamil sənətkar, aşıq-ozan olub, zəmanəsinin və sonrakı dövrlərdəki aşıq poeziyasının inkişafında mühüm rol oynamış şəxsiyyətdir.
Bəlkə də X111 əsrə qədərki dövrlərdə onlarla el aşıqları, ozanları olmuş, lakin onların əsərləri əlimizə gəlib çatmamışdır. Yunis İmrə yaratdığı əsərləri ilə zəmanəmizə qədər gəlib çatmış, özündən sonrakı aşıq poeziyasının heca vəznində yazılan gözəl əsərləri ilə bu sənətin inkişafında dərin izlər buraxmışdır.
Yunis İmrə yaradıcılığında həyat eşqi, yaşamağa, yaratmağa meyl güclüdür. Onun şerlərində canlı bir lirika vardır. O, xalqına, vətəninə bağlı sənətkardır:
Yunis deyər: el quluyam,
Elim varsa, mən uluyam!
Ərənlərin haqq yoluyam,
Xalq ucaldar tutduğunu.
Əsərlərindəki xəlqilik Yunis İmrəni sevdirir, şerlərindəki müasirlik şairin yaşadığı dövrdən əsrlər keçsə də öz təravətini saxlamışdır: "Elim varsa, mən uluyam"-misrasında sənətkar elinin cəfakeşi olmasıyla fəxr edir, çünki "qulu" olduğu vətən onun əbədiliyini, ululuğunu təmin edir. Vətənin, torpağın qayğıları ilə yaşayan, onun istək və arzularını, qəmini, sevincini onunla bölüşən sənətkarı xalq ucaldar, xalq yüksəkliklərə qaldırar, sənətinə, sənətkarlıq məharətinə qiymət verər, hörmət-izzət sahibi edər.
Yunis İmrə bir el aşığı, sənətkarı kimi xalqına, millətinə, gənc nəslə gözəl, əvəzsiz nəsihətlərini verir, onları ağıllı, vətəninin sevməyə, xalqına, mllətinə, onun kasıbına, xəstəsinə qayğı ilə yanaşmağı tövsiyə edir, pis əməllərdən uzaq olmağa çağırır. Eyni zamanda xalq qarşısında öz əməllərinin məsuliyyətini daha dərindən duyur:
Yanlarıma qona əlim
Söz söyləməz ola dilim,
Qarşıma gələ əməlim
Neyləmişəm-görəm bir gün.
"Beş qarış bezdəndir donum"- deyən şair bu dünyada öz yaxşı əməlləri ilə ad qoyub getməyi, dünyanın hər varından, dövlətindən üstün tutur. Çünki bilir ki, bu dünyanı tərk edib gedəndə, o var-dövlətdən ona ancaq beş metr bez düşəcək. Özündən sonra bu dünyada qoyub getdiyi yaxşı əməlləri qalacaq.
Yunis İmrə yaradıcılığında xalq ədəbiyyatıyla möhkəm tellərlə bağlıdır. Əsərlərində kainat, dünya, onun yaranması, onu yaradan, yaşadan, yaratdığı dünyada insan sevgisinin hər şeydən üstün tutulduğu vəsf olunur. Onun əsərlərində insan sevgisi Tanrı sevgisiylə birləşir. Ulu ozanın gözündə insan qəlbini almaq, könülləri sevindirmək bir Kəbə yapmaq qədər qiymətlidir, savabdır. Ona görə də şerlərində insanları bir-birini sevməyə, bir-birinin qayğısını yüngülləşdirməyə çağırır, ancaq humanist prinsipləri qoruyub saxlamağı tərənnüm edir. Ustadın fikrincə, qəlbində Allah sevgisi olan insani sevgini də yüksək tutmalıdır. Əks təqdirdə Allah da bu sevgini qəbul etməz. Çünki yer üzünün bütün canlı məxluqlarını Ulu Tanrı yaratmışdır. Dünyanın bütün nemətlərini bir olan o tək Tanrı insan həyatı, insan xoşbəxtliyi, onun firavan, şad yaşaması üçün əta etmişdir. Allah öz bəndəsini bu qədər sevirsə, onun yaratdığı bəndələr də bir-birinə belə ülvi hisslərlə, saf duyğularla yanaşmalıdır. Əgər belə etməzsə bir sınıq qəlbə məlhəm qılmazsa şairin dediyi kimi:
Bir yol könül yıxar olsan
bu qıldığın namaz deyil.
Yetmiş iki millət gələ
əlin-üzün yumaz deyil.

Bircə könül yapdın isə,
Əl-ətəyin tutdun isə,
Bir yol xeyir etdin isə,
Lap mində birsə, az deyil!
Şair insanları dünyanın zövq-səfasına uymamağa, qiyamət gününü unutmamağa, böyük qayğılarla yaşamağa, insan sevgisindən zövq almağa, könüllərdə öz işiylə, əməliylə qalmağa, insanlığa xidmət etməyə çağırır:
Çalış qazan, ye, yedir,
Bir könül ələ gətir.
Yüz Kəbədən yeyrəkdir,
bir könül ziyarəti.
Yunis İmrənin poeziyası humanist poeziyadır. O, öz hümanist duyğularını verərkən, öz fikir və duyğularını tərənnüm edərkən mifik obrazlardan, dini rəvayətlərdən, müqəddəs kitablardan, folklor obrazlarından, motivlərindən, əfsanə qəhrəmanlarıyla bağlı mövzulardan, süjetlərdən yararlanmışdır. Yunis İmrənin yaradıcılığında İsa, Musa, Xızır, Süleyman, Məhəmməd Peyğəmbər kimi müqəddəs şəxslərin adı çəkilir, onlarla bağlı xalq arasında geniş yayılmış əfsanələrin motivlərinə toxunulur:
Bir dəm gələr: İsa kimi,
Ölmüşləri diri qılar.
Bir dəm gələr kibr evinə,
Firounla haman olur.
Bu misralar aşığın "Haqq bir könül verdi mənə" misrasıyla başlanan şerindəndir. Şair bu şerində keçirdiyi hissləri, özünün daxili aləmini, əhval-ruhiyyəsini daha təsirli, bədii cəhətdən daha qüvvətli, mənalı, obrazlı şəkildə vermək üçün folklordangəlmə motivlərdən bəhrələnir. Qəlbindən keçən duyğuları daha emosionallıqla verir, bəzən İsa kimi ölmüşləri diriltməklə, yaşatmaq arzusuyla çırpınır. İsa dini rəvayətlərə görə ölümsüzlüyə qovuşmuş peyğəmbərdir. Dini kitablarda çarmıxa çəkilmiş İsa ölməmişdir, onun nəfəsi ilə ölünün dirilməsi, korların gözünün açılması haqqında dini rəvayətlər mövcuddur, xalqlar arsında geniş yayılmışdır və onun bu möcüzələrindən yararlanmaqla aşıq şair fikrini, könlündən keçən hissləri daha bədiiliklə, daha qüvvətli tərənnüm etməyə nail olur.
Yunis İmrənin şerlərində Mikayıl, Cəbrayıl, İsrafil və Əzrayılın adları çəkilir. Dini əfsanəvi görüşlərə görə onlar islamiyyətdə və monoteist dinlərdə Allaha yaxın olan dörd mələkdir. Cəbrayıl xristian dini mənbələrində Allahın dediklərini peyğəmbərə yetirmiş, Müqəddəs Məryəmə İsa peyğəmbərin doğulacağını xəbər vermiş, islam dinində isə Allahın iradəsini Quran şəklində, həm də ayrı-ayrı vəhylər şəklində Məhəmməd Peyğəmbərə çatdırmışdır. Əzrayıl vaxt yetişdikdə Allahın əmrinə, iradəsinə əsasən insanların canını alan, Mikayıl Allahın yaratdığı bəndələrə ruzi yetirən, İsrafil qiyamət gününü çatacağı anda öz şeypurunu-surunu çalıb, ölüləri qəbirdən qaldıracaq mələkdir. Xalq içərisində bunlarla bağlı yayılan mövzular, onların Allahın iradəsinə uyğun yerinə yetirdikləri işlər haqqında söylənilən rəvayətlərdən yararlanmaqla şair "Bilir" rədifli şerində öz dini-fəlsəfi fikirlərini poetik şəkildə verir. Dini -fəlsəfi və hümanist duyğularını tərənnüm etmək üçün o dini fikirlər şair üçün bir bədii vasitəyə çevrilmişdir:
İsrafil və Əzrayıl,
Mikayıl və Cəbrayıl,
Qiyamət nə gün qopar?
Sabah sur çalan bilir.
Və yaxud:
Adəmin torpağını
Dörd fəriştdən götürdü.
Suyunu nədən qatdı
Yapıb-yoğuran bilir.
-misralarında Allahın müxtəlif növ torpaqların hərəsindən bir az qarışdıraraq Adəm peyğəmbəri yaratması haqqında dini-mifik rəvayətlərə istinad edir. Bəşəriyyətin atası, ilk peyğəmbər, ilk insan Adəm obrazından və onunla bağlı motivlərdən yararlanmaqla şair dünya, həyat, kainat hadisələri, onun yaranması, Allah. insan, peyğəmbər, can, cism, bu dünya, o dünya haqqında düşüncələrini :
Ölməz dirilik verən,
övliya söhbətidir,
Yunis daha bilməsə
Oxunan Quran bilir.
-misralarında fəlsəfi-dini baxışlarını, Allaha inam və etiqadını ümumiləşdirir.
Əsərlərində islam dinini, dünya dinlərini, dörd müqəddəs kitabı, tək yaradanı-Ulu Tanrını, onunla bağlı dini görüşlərin fövqündə duran insanı yüksəkliklərə qaldırır. İnsanları sanki tanrılaşdırır. Böyük şairimiz Nəsimi kimi Allahı insanda görür. İnsanın surətində Allahın təcəlli tapdığını:
Adəmdə təcəlli qıldı Allah,
Qıl Adəmə səcdə, olma gümrah.
-deyən hürufi şair kimi sufi ədəbiyyatının görkəmli nümayəndəsi Yunis İmrə də insanda bir ilahilik görür:
Məna evinə daldıq,
Vücud seyrini qıldıq,
İki cahan xəbər aldıq,
Cümlə vücudda bulduq.

Gecə ilə gündüzü,
Göydə yeddi ulduzu,
Lövhdə yazılı sözü,
Cümlə vücudda bulduq.

Musa açdığı Turu,
Yoxsa beytül məmuru,
İsrafil çalan suru
Cümlə vücudda bulduq.

"Tövrat" ilə "İncil"i,
"Qur"an" ilə "Zəbur"u
Mə"nasındakı nuru
Cümlə vücudda bulduq.
Şair birinci bənddə varlıq, məxluq, cisim, bədən haqqında fəlsəfi düşüncələrini tərənnüm edərkən gözümüz qarşısında mükəmməl bir elm sahibi kimi canlanır.
"İki cahan xəbər aldı"- dedikdə insanın o dünyası və yaşadığı dünya haqqında mifik düşüncələri ümumiləşdirilir: insan yaşayır, yaradır və ölür. Öləndən sonra onun ruhu yaşayır. O dünyada hörmət, izzət sahibi olmaq üçün bu dünyada pak əməl sahibi olmalıdır. Hər bir insan dünyada xeyirxahlıq göstərməli, əsil insani əməllərə malik olmalıdır. Bu dünyada da, o dünyada da Yaradan üçün ən əziz varlıq insandır.
Qədim türk və Azərbaycan şairlərinin yaradıcılığında öz əksini tapan "yeddi" rəqəmlərinə müqəddəs baxışlar əsərin bədii gözəlliyini artırır:
Yeddi yer, yeddi göyü,
Dağ, dənizi, hər şeyi,
Uçmaq ilə tamuyu
Cümlə vücudda bulduq.
Göy Türk imperiyası dövründə türklər bəzi rəqəmlər kimi yeddi rəqəmini də sakrallaşdırmışlar. Məsələn, Orxon-Yenisey abidələrində tarixi faktlar əsasında yazılan rəqəmlər "yeddi" rəqəmi ilə yanaşı işlənilir. Məsələn "Gültikin qoyun ilinin 17-də vəfat etdi, 9-cu ayın 27-də dəfn etdik. Sərdabəsini, naxışını, yazılı daşını meymun ilinin 7-ci ayın 27-sində (27 avqust 732-ci il) bütünlüklə tamamladıq. Gültikin öləndə 47 yaşı oldu" (Bax. Rəcəbov Ə. Məmmədov Y. Orxon Yenisey abidələri, Bakı 1993. səh. 83).
Folklorun epik ənənəsində olduğu kimi, lirik ənənəsində də "yeddi" rəqəminə yaradıcı münasibət vardır. Xalq şeri üslubunda yazan Yunis İmrə öz şerində bütün kainatın yeddi qatlı modelini qurur. Mifik təsəvvürdə olduğu kimi burada da "yeddi" rəqəmi "göyün yeddi qatı", "yeddi planet", "yeddi iqlim ölkəsi" ilə bağlı şəkildə təsvir edilir. Y. V. Çəmənzəminli insanın yaşaması üçün, varlıq üçün zəruri olan və Zərdüşt fəlsəfəsində də öz əksini tapan yerə məxsus dörd (torpaq, od, hava, su) və göyə məxsus üç (günəş, ay, ulduz) ən əsas şeylərin birləşdiyini söyləyir.
Rus folklorşünası B. A. Frolov yazırdı ki, " sehirli yeddi" rəqəmi qədim insanın Ay təsviminə, yeddi iqlim ölkələrinə, ulduzlar sisteminə, böyük Ayı bürcünə mifik anlamından yaranmışdır. (Bax. Frolov B. A. Çislo i qrafiki paleolita. Novosibirsk 1974. str.192)
Yunis İmrə yaradıcılığında "yeddi" rəqəminə münasibət özü bir daha sübut edir ki, türkmənşəli tayfalarda da bu rəqəmə müqəddəs baxışların kökü qədimdir. Bu yeddi rəqəminin bədii imkanlarından bəhrələnərək, şair insan ağlını, insan idrakını yüksəkliklərə qaldırır. Şairin nəzərində insan ağlı, idrakı Tövratdakı, İncil, Qur"an və Zə"burdakı nuru görür, duyur, dərk edir, onlardan yararlanmaqla kamil insan kimi yetişir, bu kamillik, paklıq, ariflik bütünlüklə insanın vücudunda toplandıqda Musa, Məhəmməd Peyğəmbərlər, İbrahim kimi əqli, zəkasıyla Allahla insan arasındakı yaxınlığı təmin edən Ariflər mövcudlaşır:
Şair nəzərində insanların üstündə daima gözü olan, onların işindən, əməlindən xəbərdar olan, insanların ruhunda, canında mövcud olan Allah, ona bəslənilən sevgi - İlahi eşq insanın paklığında, əməlisalehliyindədir. Dünyada öz paklığı, saflığı ilə seçilən kamil insanlarda Allahın özünün təcəlli iapdığına şair əmindir. Yunis İmrə öz paklığıyla fəxr edir və öz-özlyündə harda dostluq, bərabərlik, səmimiyyət görür, orada haqqı dərk edir. Yaradan bütün yaratdığı insanların qəlbinə mərhəmət, dostluq, xeyirxahlıq, sevgi bəxş etmişdir.
Yunis İmrə paklığı, saflığı onun məhəbbət mövzulu şerlərində tamamilə açılır. Dosta könül verən aşıq İmrə eşq oduna yanmaqdan, qanlı göz yaşı axıtmaqdan, eşq odunda yanıb kül olmaqdan, onun rənginə boyanmaqdan qoxmur. Bu şerdə şair bir haqq aşığıdır. Özünü "məhəbbət bəhrinin qəvvası" bilir, Ulu Tanrıdan onu bu bəxşişdən məhrum etməyəməyi diləyir. Şairin nəzərində eşq varsa və belə bir qüvvəylə sevə bilirsə ölməzdir:
Dilərəm fəzlindən ayrılmayasan,
Xocam, səndən özgə sevməzəm artıq.
Söylə, Yunus, bunu aşiq dilindən
Əgər aşiq isəm -ölməzəm artıq.
Yunis Əmrə dostluğu, dostluqda sədaqəti haqq tutur. Bu misralarda dostluqda sədaqət simvoluna çevrilir.
Aşıq dörd müqəddəs kitabın-"Tövrat", "İncil, "Qur"an", "Zəbur" kimi dini müqəddəs kitabların bəşəriyyət üçün dəyərli olduğunu, insanı düzgün, nurlu saf yola çəkdiyini bildirir və onun "mənasındakı nuru", insan üçün qənirsiz qiymətini vurğulayır, Bu müqəddəs kitablar insanları ancaq əməllərində düzgün olmağa, haqq-ədaləti unutmamağa, qayğıkeş, xeyirxah, savab işlər görməyə, insanları bir-birinə qarşı mərhəmətli olmağa səsləyir, kini, qəzəbi, paxıllığı pisləyir, bəd niyyətlərin Allah tərəfindən lənətləndiyini, şeytan əməli olduğunu, insanları bu şeytan əməllərinə uymamağa, bir-birinə dost, mehriban olmağa çağırır və şair bu müqəddəs kitabların nurunda öz mənəvi saflığını qoruyub saxlayan insanları uca tutur.
Aşıq Musa peyğəmbər və onun Tur dağında Allahla olan söhbəti haqqında yayılan dini rəvayətlərdən bəhrələnməklə hər şeyin ancaq insanlığa, insan səadətinə, xoşbəxtliyinə xidmət etmək üçün olduğu qənaətində bulunur. Qədim dini rəvayətlərə görə Musa peyğəmbər Tur dağında Allahla danışarkən dağı nur bürüyurmiş və Allah ona işıq şəklində görünərmiş. Hətta bir gün yenə də Sina yarımadasındakı həmin Tur dağında Allahı görmək istədiyi zaman birdən qulağına gələn güclü səsdən, gözqamaşdıran işıqdan huşunu itirərək üç gün, üç gecə ayılmamışdır. Yunis İmrə insan, insanlıq, bəşərilik, insan duyğuları haqqında fəlsəfi fikirlərini, kamil düşüncələrini bu folklor və dini rəvayətlərdən yararlanmaqla əsaslandırmağa çalışır.
Yunis İmrənin şerlərində yararlandığı obrazlardan biri də Süleyman peyğəmbərdir. Bütün müqəddəs əməl sahiblərini, onların nəcib işlərini, tərənnüm edən şair Allah, insan sevgisində, duyğularını, hisslərini bərabərləşdirir, insanı yüksəkdə görür, insanı ilahiləşdirir. "Məni məndə dnmə" şerində insan mənəviyyatını, daxili hiss və həyəcanlarını tərənnüm edən aşıq böyük arzularla, fikirlərlə yaşadığını oxucular qarşısında lirik bir dillə tərənnüm edir:
Məni məndə demə: məndə deyiləm.
Bir mən vardır, məndə məndən içəri
-deyən şairin zahiri varlığından əlavə daxilində də bir varlığın olduğunu aşkarlayır. Bu, mənəvi varlıqdır və görkəmli şairimiz B. Vahabzadənin dediyi kimi "Yunis həmişə görünən "mən"inin dili ilə deyil, gözə görünməyən, içəridəki "mən"inin, yəni həqiqətin və mərifətin dililə danışıb, bizi də özü kimi düşünüb, özü kimi hikmət dili ilə danışmağa çağırır".
Şairin burada fikrini daha təsirli, qüvvətli şəkildə vermək üçün, şerinin bədii təsir qüvvəsini artırmaq üçün yararlandığı Süleyman peyğəmbər obrazı folklor obrazıdır. O:
Süleyman quş dilini bilir dedilər.
Süleyman var, Süleymandan içəri
-beytində Süleyman peyğəmbərin heyvanların, quşların dilini bilməsi haqqında xalq arasında yayılan əfsanəvi motivlərdən yararlanmaqla, fikirlərini daha qüvvətli tərənnüm etməyə nail olmuşdur. Aşıq bildirir ki, adi gözlə baxmaqla insan daxilində onun ikinci bir dünyası olan mənəvi dünyanı görmək mümkün deyildir. Bunun üçün insanın ağlı, zəkası, idrakı, duyum qüdrəti, insan qayğısı, insan sevgisini, kədərini, insan arzu-istəyini, könül yanğısını duymaq qüdrəti olmalıdır. Həmişə qəlbinin dərinliyində insanı haqqa, ədalətə, düzlüyə, saflığa çağıran, onu haqsızlıqdan qorumağa çalışan "mən"indəki "mən"in ülviliyinin nurunda yeriyən aşıq insanlarda bu həqiqəti görmək istəyir. Həqiqət aşığın amalıdır və o, bu həqiqəti gəzir:
Şəriət, təriqət yoldur gedənə,
Həqiqət meyvəsi ondan içəri.
Bu həqiqət nə təriqətlərdəndir, nə də insanın ideyalarla yaşamasındadır. Bu həqiqət mənalı ömür sürməkdədir. Həyatın mənasını başa düşməkdədir. Bütün heyvanların, quşların dilini bilən Süleymanın içərisində, daxilində bir Süleyman vardır ki, bu da həmin Süleymanın insani duyğuları, mənəviyyatıdır. Bu mənəviyyatı görmək üçün Yunis idrakı, Yunis zəkası, düşüncəsi lazımdır. Şair bu misrada onun quş dilini bilməsinə işarə etməklə, sətiraltı fəlsəfi fikirlərini daha qüvvətli verə bilir. O şəriətin getdiyi yolu, mənsub olduğu təriqəti bir gəmi, həqiqəti isə bu gəminin üzdüyü dərya bilir:
Şəriət bir gəmidir,
həqiqət dəryasıdır.
Yunis İmrə həqiqət aşiqi idi. O həqiqət ki, insanlığa, insan mənəviyyatına, səadətinə, saflığına xidmət etsin, insanları düşmənçiliyə yox, barışığa səsləsin, çünki insan gəldi-gedərdir, dünyaya gələn mərifət, elm, idrak sahibi olmalıdır. Anlamalıdır ki, bu dünya fanidir, gələn gedəcək, ona verilən ömürdən mənalı istifadə etməlidir, əsil insan, dost, millətini, xalqını, insanları sevən şəxsiyyət kimi tanınsın. Qəlbində Allah sevgisi olan, ilhamını ilahisindən alan Yunis İmrə ağıl, zəka sahibidir.
Yunis İmrə fəlsəfi fikirlərini, duyumlarını, düşüncələrini verərkən mifik obrazlardan məharətlə yararlanır. Bu mifik obrazlar şerlərinin zahiri gözəlliyini deyil, bədii estetik təsir gücünü artırır. O, "Kimi" şerində Xızır İlyas kimi folklor obrazından yararlanır. Xalq ədəbiyyatında Xızırla bağlı onun zülmətə getməsi, dirilik suyunu tapıb içməsi, ölümsüzlüyə qovuşması, onun əməllərini - gəncliyindən qocalana qədər əlindən ancaq yaxşılıq, xeyirxah işlər gəlməsi haqqında çoxlu rəvayətlər movcuddur. Xızır İlyas şairin şerlərində "haqq qapısını açmış" bir obraz kimi vəsf edilir. Ona dirilik suyu ona görə nəsib olur ki, o, mərifət, idrak sahibidir. Rvayətlərdə Xızır çox saf, momin, təmiz, ömrü boyu ancaq xeyirxah işlər görən, çətinliyə düşənlərə yardım edən, mənən saf bir insan, əsil insani duyğuların, ağıl və idrakın sahibi olduğundan qocalanda da dirilik suyunun məkanı ona göstərilir və o, bu sudan içib, ölümsüzlüyə qovuşur. Əslində isə Xızır sağlığında əməlləri ilə ölümsüzlüyə qovuşub, yaddaşlara həkk olunub. Ölümsüzlüyə qovuşandan sonra da xalq onu xeyirxahlıq, insanlara xoşbəxtlik gətirən, onların öz əməlləri ilə sevgisini qazanan qüdrət sahibi kimi yaşadır. Yunis İmrə Xızır kimi elə bir yolun yolçusu olmaq istəyir ki, ölümsüzlüyə qovuşsun. Buna isə ancaq öc yaxşı əməlləri ilə nail olmaq olar. Əməllərində doğru olmalı, Xıızır kimi haqqın qapısını açmaq xoşbəxtliyini qazanmaq üçün saf, düz, təmiz, sadə, qayğıkeş -haqq yolunun yolçusu olmalıdır:
Yunis İmrə adın qala,
Xidmət elə doğru yola.
Məgər Xızır İlyas ola
Haqq qapısın açmış kimi.
Yunis İmrəyə görə insan əməlinə, gördüyü işlərinə görə ad qazanır. Bu ada isə öz ağlının, zəkasının işığında nail ola bilər.
Yunis İmrə könüllərin dostudur. O insanlar arasında könül yaxınlığı, mehribanlıq, səmimiyyət axtarır. İnsanları bir-birinə münasibətdə varından, ad-sanından, şöhrətindən asılı olmayaraq sadə görmək istəyir. Başqalarına yuxarıdan aşağı baxmamağa çağırır. Könül qıran, qəlbə dəyən, acı sözüylə başqalarının qəlbini göynədən hər kəs yüz dəfə Həccə gedib tövbə etsə də, onun tövbələri Allah yanında qəbulediləmzdir, könülləri qıran günah sahibidir:
Saqqalı ağ bir qoca,
Heç bilməz ki, hal necə.
İstər yüz yol gedə Həccə…
Bir könül yıxar isə.
Buna görə də hər kəsə hörmətlə yanaşmaq, hamıya özünə arzuladığı xoş güzəran, firavanlıq diləmək lazımdır, çünki bu dünyaya kim gəlibsə getmişdir, dünyada isə ondan ancaq yaxşı və pis əməli qalmışdır.
Dünya mövzusu əzəl gündən bədii ədəbiyyatın ən öncül mövzularından biri olmuşdur. Xalq ədəbiyyatında da, eləcə də bu üslubda yazıb-yaradan sənətkarlarımızın hər birinin özünəməxsus dünyaya baxışları vardır. Yunis İmrənin qələmində dünya mövzusu rəngarəngdir, könül oxşayır, insanı düşündürəndir.. Yaşadığı dünyanın faniliyini dərindən duyan kamil ustad haqq aşığıdır. Bu yalan dünyanın çox şahları taxtından saldığını, onun əlindən bir kimsənin qurtula bilmədiyini, hətta göydə uçan quşu qanadsız qoymaq qüdrətinə malik olduğunu, Süleymana qalmayan dünya olduğunu, "məsumlar"ın "boynunu" vuran dünya olduğunu tərənnüm edir. Yunis İmrənin fikrincə, dolub boşalan bu dünya axırda "qəbrimizi qazan", "çarxımızı pozan" dünyadır. Dünya ilə üz-üzə duran aşıq sanki onunla "haqq-hesab" çəkir. Etibarı qalmadığı dünyanı aşıq belə qiymətləndirir:
İşin yoxdu bir mərd ilə.
Tutuldum mən bu dərd ilə.
Qiyamətə bir qurd ilə
Qalan dünya deyilmisən.
"Qiyamətə bir qurdla qalan bu dünya"da insan üçün mövcud olan "ölüm", "yoxluq" aşığın poetik təfəkküründə ömür bostanından istədiyini üzən, kiminin belini bükən, kiminin gözünün yaşını tökən, evini, ocağını kor qoyan, insanı əzizlərindən ayıran, könlünü od içində qoyan, cavan- qoca tanımayan "xeyir işdən bezar" bir məfhum kimi süzgəcdən keçirir, lirik bir dillə tərənnüm edir:
Hanı onun sadiq yarı?!
Yoxdu bircə dəqiq yeri.
Miskin Yunus, dinmə, kiri,
Əjdahalar əzər ölüm.
Ölüm insan həyatının sonu kimi əjdahalar belə qarşısında dayana bilməyən bir qüdrətdir. İnsan ömrü bu ölümlə sona yetir. Yunis İmrə yaşadığı ömrə, başa vurduğu illərə nəzər saldıqda ah-vayla keçən ömrünün necə gəlib keçdiyini bilmədiyini, ömrü yüksək qiymətləndirdiyini, onun "qeydinə qalmadı"ğını, ömrə vəfalı olmadığını , əldən gedən ömrün bir də geri qayıtmayacağından doğan təəssüfünü lirik boyalarla tərənnüm edir. Olumla ölüm arasındakı dolğun, mənalı və mənasız yaşantı aşığı narahat edir. Ömrü "bir əcəl" badəsi bilən aşıq bu dünyadan gedəcəyi günün məsuliyyətinin ağırlığını da duyur:
Yanlarıma qona əlim,
Söz söyləməz ola dilim.
Qarşıma gələ əməlim,
Neyləmişəm-görəm bir gün.
Qüdrətli sənətkar, adil insan, cahil insan öz əməlləri ilə dünyada ad qoyub gedir. Keçdiyi həyat yolunu, əməllərini "haqq-ədalət divanına" çəkən aşıq necə ad qoyub gedəcəyini sağlığında düşünür və özünün "haqq-ədalət tərəfdarı, şer, sənət aləmində sirli bir divan olduğunu söyləyir:
Öz işini bilir cahan,
Rəyimizcə dönməz dövran.
Miskin Yunus sirli divan,
Bu mənanı duyan gəlsin.
Yunis İmrə yaşadığı həyatı sevən, ölümündən qorxmayan, əksinə özündən sonra qoyüb getdiyi əməllərə veriləcək qiymətin, imtahanın qarşısında narahat olan həqiqət aşiqidir. O, hər kəsin bir gün əcəli çatacağının, bu dünyadan köçəcəyinin qaçılmaz olduğunu anlayır, çünki Tanrının insana verdiyi canın sahibi olduğunu:
Əmanətdir quşca canın
Sahibi var, alar bir gün.
-misralarında bildirən şair insanı yaşadığı müddətdə elm, təhsil almağa çağırır. Dünyada nə qazanıb yığsa da ona qalmayacağını bildirir və buna görə də haqq aşığı Yunis İmrə sevib-sevilməyi, ünsiyyəti, məhəbbəti hər şeydən uca olduğunu tərənnüm edir. Yerdə qalan nə varsa bir gün viran olacaq, dünyada əbədi qalan isə eşq olacaq. İnsan sevgisi əbədidir və şair də bu eşq dəryasını vəsf edir. Təmiz duyğulardan qaçanları, mala var-dövlətə hərisliyi, eqoistliyi, özünü düşünənləri, özündən başqa qeyrilərinin qayğısını çəkməyənləri düz yola səsləyən şair haqq, iman tərəfdarıdır; insana bu dünyada da, o dünyada da "iman yoldaş"dır-deyir, çünki qonaq oloduğumuz bu dünyaya çox "şirinsözlülər", "günəş üzlülər", bərli-bəzəkli "ceyran gözlülər", "köşkləri" bəyənməyib başı göyə dəyən imarətlər, saraylar ucaldanlar gəlib və bunlar bu dünyanı tutub durmayıb, torpaq çoxdan üzlərini örtüb". Şair ətrafında gördüyü, seyr etdiyi hadisələrdən insan oğlunu "ibrət" götürməyə, haqqa, düzlüyə çağırır. Yunis İmrə şeirlərində bizə Dədə-Qorqudu xatırladır. Dədə-Qorqud "Bəy ərənlər dünya mənimdir deyənlər; Ulu dünya, son ucu ölümlü dünya" deyirdisə, Yunis İmrə də:
Vaxtınıza hazır olun,
Əcəl vardır, gələr bir gün.
Əmanətdir quşca canın,
Sahibi var, alar bir gün
-deyir.
Yunis İmrə həqiqət aşiqidir. Onun nəzərində "bu gün yalan söyləyən, sabah utanasıdır". O, elm öyrənməyi hər şeydən üstün tutur. Onun nəzərində "elm özünü bilməkdir". O, "az sözü -ər " mülkü, çox sözü "heyvan yükü" bilir.
Yunis İmrə bəşəriyyətin şairidir. O, şeirlərində bəşəri duyğuları tərənnüm edir. Xeyirxahlığı, sevgini, ədəb-ərkanı, mərifəti, ləyaqəti, nəcibliyi, dostluğu vəsf edir və əsərlərində düzlük, həqiqət axtarışındadır. Əqli, zəkası ilə insanları yaşadığı dövrdən aslı olmayaraq ağıl-idrak sahibi olmağa səsləyir:
Yol odur ki-doğru vara,
Göz odur ki-haqqı görə,
Ər odur ki- alçaqda dura,
Ucadan baxan göz deyil.
Bütün ömrü boyu belə nəcib duyğuların tərənnümçüsü olan Yunis İmrə üçün ləyaqət insan həyatının qayəsidir:
Yunus üzünün nurundan,
Nurlanmışdır cümlə-cahan.
Sənə səs veribdir nihan
Göylərin sirli tağları.
Yunis İmrə cahilliyi, nadanlığı insanların faciəsi sanır. Kamillik zirvəsini fəth etmiş aşığın dərin fəlsəfi fikirlərini əks etdirən "Cahan məni görə bilməz" şe'rində sufi şair ilahi eşqi, gözəlliyi tərənnüm edir. Şair sufi mütəffəkkirlərdən biri olan Həllac Mənsuru zəmanəsinin ən ağıllı, fədakar bir təriqət sahibi kimi qiymətləndirir. Burada "Ənəlhəqq" ideyasına tərəfdar olduğunu, cəhalətə, nadanlığa qarşı mübarizədə sufizmi ürəkdən bəyəndiyini, cahillərin onların yaşatdığı dərin, bədii, ictimai fikri qiymətləndirmək qabiliyyətindən uzaq olduğunu bildirir. Sufi təriqətli şairin yazdığı bu şeirdə, eləcə də bu mövzuda yazılmış digər əsərlərin əsasında insan dayanır. Mənəvi, əxlaqi kamillik yolu keçən, ilahi eşqi və insan gözəlliyini tərənnüm edən şair ən böyük xoşbəxtliyi insanın Allahla vəhdətində görür.
Sufizmin ilahi eşq fəlsəfəsi üzərində köklənmiş Yunis İmrə mənəvi, əxlaqi kamillik zirvəsinə çatan insanın qəlbində üç pilləni əsas görür. Bunlar həqiqət, şəriət və təriqətdir:
Şəriət, təriqət-yoldur gedənə,
Həqiqət, mərifət ondan içəri.
Həqiqət və mərifət yolçusu olan şairin dünyagörüşü, bədii istedadı sufizmin təsiri altında kamala çatmışdır. O, bu təriqət yolu ilə gedərkən ilahi eşqin tərənnümçüsünə çevrilir və Allahla insannın birləşməsi, vəhdəti üçün dörd inkişaf mərhələsini sufizmdə olduğu kimi qəbul edir. Şəriət və təriqət yolu ilə getməklə insan "həqiqəti"-Allahı dərk etmə yoluna qədəm qoyur və özünü ilahi ruhla birləşdirməyə hazırlaşır. Mənən əxlaqi cəhətdən kamilləşmə dövrü keçirir, mərifət, elm sahibi olur, insan kamilləşdikcə kim olduğunu anlamağa başlayır, öz əqli düşüncəsi, duyumu, bacarığı, qabiliyyəti ilə bütün canlılardan yüksəkdə durduğunu anlayır, insanda Allaha məxsus sifətlər görür, insanı sevən aşiq Allahı da sevir. Ən uca varlığa yaxın olan kamil insan Yunis İmrənin qiymətləndirdiyi Həllac Mənsur kimidir:
Onun şəmi haqq şəmidir,
onun dəmi ənəl-həq dəmidir.
Həllaci - Mənsur kimidir,
Ən kəminə divanəsi.
Yunis İmrə öz əqidəsinə, etiqadına sədaqətli, mənəvi cəhətdən saf və təmiz, qorxmaz bir aşiq kimi məşhur olan, bu yolda həyatını qurban verən, Allahın insanda təcəlli etdiyinə inanan, "ənəlhəq" -deyərək insanı hər cür varlıqdan üstün tutan Həllac Mənsuru şeirində xatırlamaqla, öz fikir və əqidəsinin ona yaxın olduğunu cəsarətlə söyləyir:
Bir saqidən içdim şərab,
Ərşdən uca meyxanəsi.
O saqinin məstləriyik,
Canlar onun peymanəsi
-misralarında "o saqinin məstləriyik"- deyəkən "vəhdət şərabının" məstliyini nəzərdə tutur. Özünü o saqinin məstlərindən adlandıran Yunis İmrə Allahı ilkin yaradıcı qüvvə bilir. Allah şəklində insanda təcəlli edən ruhu insanı bilik və elmlə kamala çatdırır və bununla da özündə Allahın surətini tapır, Allah sevgisi ilə insan sevgisi birləşir. Həllac Mənsuru və özünü həqiqi aşiq və arif insan bilən şairin sözlərindəki məna dərinliyini hər cahilin görə bilməyəcəyini bildirir:
Yunis sənin sözün dərin,
Cahil görməz sahillərin.
Bilməzmisən cahillərin,
Necə keçir zəmanəsi.
Yunis İmrə yaradıcılığı özündən sonra gələn neçə-neçə sənətkarın həyatına, sənətinə dərin təsir göstərmişdir. Bu gün Azərbaycan aşıq poeziyasının və eləcə də digər xalq poeziyasının inkişafında mühüm rol oynayan ən qüdrətli saz və söz ustadları olan Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Veysəl və digər onlarla, yüzlərlə sənət dühaları Yunis İmrə kimi böyük sənətkarlarımızın yaradıcılından dərs almışlar. Üunis İmrə yaradıcılığı, sənətkarlığı araşdırılmalı, tədqiq edilməli, öyrənilməlidir.

Gülxani Pənah Şükürova

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah